Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
      Çap versiyası  ;  PDF
       
      10. Borc

       

      Pul krediti götürmək
      257. Bir neçə il öncə bankdan pul krediti götürdüm və onu bir il müddətinə öz bank hesabıma qoydum. Amma həmin pulu lazım olan yerə sərf edə bilmədim, buna baxmayaraq, hər ay kreditini ödəyirəm. Bu pula xüms düşürmü? 
      Cavab: Xüms ilinizin sonunadək həmin pul kreditindən ilin gəliri ilə ödədiyiniz məbləğə xüms düşür.  

       

      Uzunmüddətli pul krediti
      258. Mən evimi tikmək üçün bankdan müəyyən məbləğ pul krediti götürmüşəm və bu pulu on iki il ərzində ödəməliyəm. Bilmək istəyirəm ki, bu borc ilin gəlirindən çıxılırmı?
      Cavab: Ev tikmək və bu kimi işlərə görə ötən ilə aid olan kredit borcları ötən ilin iş gəlirindən ödənilə bilər. Amma ödənilmədiyi halda həmin ilin gəlirindən çıxılmır, əksinə, xüms ilinin sonunda gəlirdən artıq qalan məbləğin xümsü verilməlidir.

       

      İpoteka kreditləri
      Ev almaq və ya tikmək üçün götürülən pul kreditinin xümsü
      259. Mən pensiyaya çıxmış müəlliməyəm. Bir neçə il öncə yaşayış kompleksindəki binaların birində bir mənzil aldım. Bu mənzilin pulunun yarısını pensiyaya çıxanlara dövlət tərəfindən verilən mükafat ilə ödədim. Mükafat olduğu olduğu üçün bu pula xüms düşmürdü. Mənzilin pulunun digər yarısını isə bankdan ipoteka krediti götürərək ödədim və on il ərzində hər ay müəyyən məbləğ kredit ödəməliyəm. Mən bu evi övladlarım üçün almışam və hazırda da övladlarımdan biri bu evdə yaşayır. Bu evə görə hər ay banka ödədiyim pula xüms düşürmü? Əgər xüms düşürsə, pulun xümsünü hər ay ödəməliyəm, yoxsa xüms ilinin sonunda birdəfəyə ödəməliyəm? 
      Cavab: Əgər dediyiniz evi övladlarınıza hədiyyə etmisinizsə, ödədiyiniz aylıq kreditlərin xümsü yoxdur. Yox əgər evi övladlarınıza hədiyyə etməmisinizsə, habelə bu ev sizin “məunə”niz sayılmırsa, ödədiyiniz aylıq kreditlərin xümsünü hər xüms ilinin sonunda verməlisiniz.

       

      Borcu olan şəxsin sərmayəsinin gəliri
      260. Bir şəxs xümsünü verdiyi sərmayə ilə özünə iş yeri açıb və bu iş yerindən hər ay gəliri vardır. Amma özünün maddi durumu belədir ki, həm onun kimlərəsə borcu var, həm də kimlərinsə ona borcu var. Həmçinin özünün şəxsi evi yoxdur. Bundan əlavə, başqalarına maddi köməklik də edir. Bu şəxsin aylıq gəlirinə xüms düşürmü?  
      Cavab: Bu şəxs xümsünü verdiyi sərmayədən əldə etdiyi gəliri yaşayış xərclərinə, sədəqəyə və xeyir işlərə xərclədikdən sonra xüms ilinin sonunda artıq qalan və ehtiyat pul ünvanında yığılan məbləğin xümsünü verməlidir. Əgər onun borcu işi ilə, yaxud hazırkı ilin məişət əşyalarını almaqla bağlı olarsa, bu borc onun iş gəlirindən çıxılacaqdır. Amma əgər borcu ötən illərə aid olarsa, hazırkı ilin gəlirindən çıxılmayacaqdır. Başqalarına verdiyi borca (yəni alacaqlarına) gəlincə isə, əgər bu, camaata nisyə mal satdığına görə olubsa, borc verdiyi məbləğ onu geri aldığı ilin gəlirindən hesab ediləcəkdir.

       

      Kreditlə aldığı maşın ilə taksiçilik edən şəxsin xümsü
      261. İşi taksiçilik olan şəxsin xüms ilinin sonunda vəzifəsi nədir? Əgər onun xüms ili yoxudursa, xüms barəsində vəzifəsi necə olacaqdır? Taksiçilik etmək üçün kreditlə aldığı maşına xüms düşürmü?
      Cavab: Əgər xüms ilinin sonunadək maşın üçün ödədiyi kreditlərin xümsünü verdiyi halda dolanışığını idarə edə bilməyəcəksə, onun xümsü yoxdur. Əks halda, həmin məbləğin (yəni xüms ilinin sonunadək maşın üçün ödədiyi kreditlərin) xümsünü verməlidir. Həmçinin əgər xüms ilinin sonunda onun gəlirindən artıq qalarsa, bu məbləğə də xüms düşür. 

       

      Başqa şəxsdən torpaq sahəsi almaq
      262. Mən ev növbəsində olan bir şəxsə veriləcək torpaq sahəsini ondan 1200 manata almışam. Bu məbləğin 600 manatını borc alıb ödəmişəm. Nəzərə alsaq ki, mənim xüms ilim sona çatıb və mən hələ sözügedən torpaq sahəsini təhvil almamışam, bu torpaq sahəsinə xüms düşürmü?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, əgər torpaq sahəsini ehtiyacınız olan evi tikmək üçün almısınızsa, ona xüms düşmür. Borc aldığınız pulun da xümsü yoxdur. 

       

      İcarə pulu əvəzinə borc almaq
      263. Bir şəxsin iki mərtəbəli evi vardır. O özü ikinci mərtəbədə yaşayır, birinci mərtəbəni isə başqa bir şəxsə yaşayış üçün vermişdir. Yaşayış üçün evinin birinci mərtəbəsini verdiyi şəxsdən icarə pulu almır, amma borcu olduğuna görə ondan müəyyən məbləğ pul borc almışdır. Borc aldığı bu pula xüms düşürmü? 
      Cavab: Aldığı borc qarşılığında evi yaşayış üçün havayı olaraq başqa bir şəxsə verməyin şəri surəti yoxdur. Amma hər bir halda, borc aldığı pulun xümsü yoxdur.

       

      Həcc üçün borc alınan pulun xümsü 
      264. Bilmək istəyirəm ki, “təməttö həcci” üçün borc aldığım pulun xümsünü verməli, sonra xümsü ödənilmiş pulu həcc üçün xərcləməliyəm?
      Cavab: Sualda deyilənlərə əsasən, borc aldığınız pulun xümsü yoxdur. Amma əgər borcu hissə-hissə qaytarırsınızsa, xüms ilinin sonunadək ödədiyiniz, eyni zamanda yaşam ehtiyaclarınıza sərf etmədiyiniz həmin məbləğin xümsünü verməlisiniz. 

       

      Ev almaq üçün borc alınan pulun xümsü
      265. Mən ev tikmək üçün torpaq sahəsi almaqdan ötrü beş ildir “Mənzil Fondu”na pul ödəyirəm. Amma indiyədək bu fond tərəfindən mənə torpaq verilməsi barədə qərar çıxarılmayıb. Buna görə də həmin pulu “Mənzil Fondu”ndan geri almaq istəyirəm. Nəzərinizə çatdırmalıyam ki, bu fonda ödədiyim pulun bir hissəsini borc almışdım, bir hissəsini evimin xalçalarını sataraq əldə etmişdim, qalan hissəsini də müəllimə olan həyat yoldaşımın maaşından vermişdim. İndi bilmək istəyirəm ki, əgər “Mənzil Fondu” mənim pulumu geri qaytarsa və mən bu pulu yalnız ev almağa, yaxud da ev tikmək üçün torpaq sahəsi almağa sərf etsəm, bu pula xüms düşəcəkmi? Əgər xüms düşəcəksə, onun hansı hissəsinə düşəcək?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, siz bu pulu borc alaraq, yaxud məişət əşyalarınızı sataraq, yaxud da sizə edilən hədiyyə ilə əldə etdiyinizə görə, bu pulun xümsü yoxdur.

       

      Borcu olan şəxsin xüms verməsinin vacibliyi
      266. Borcu olan şəxsin xüms verməsi vacibdirmi?
      Cavab: Əgər xümsün vacib olmasının şərtləri mövcud olarsa, borclu olmaq xümsün vacib olmasına mane olmur.

       

      Hər ay ödənilən kreditin ilin gəlirindən çıxılması
      267. Mən kreditlə maşın almışam. İndi də xüms ilim sona çatıbdır. Mən borclu olduğum məbləği sərmayəmdən çıxa, sonra sərmayəmin xümsünü hesablaya bilərəmmi? Qeyd etməliyəm ki, maşının krediti bir ildən çox müddətdə ödəniləcəkdir.
      Cavab: Yalnız xüms ilinin sonunadək ödədiyiniz kreditlər həmin ilin gəlirindən çıxılır (və məişət xərclərindən sayılır).
       
      Çekdə qeyd edilən məbləğin borc hesab edilməsi
      268. Orta məktəbdə oxuyan övladımın təhsil haqqının ödənişi üçün müdiriyyətdən möhlət aldım və həmin məbləği 4 və 6 ay müddəti olan iki ədəd çek şəklində ödədim. Bilmək istəyirəm ki, xüms ilinin sonunda bu çeklərdə qeyd edilən məbləğ borc olaraq sayılacaq, yoxsa bu məbləği gələn ilin gəlirindən ödəməliyəm?
      Cavab: Sualda deyilənlərə əsasən, bu borc gələn ilin məişət xərclərindən hesab edilir. Amma əgər bu xüms ilinizin sonunadək onu ödəmiş olsanız, bu ilin məişət xərclərindən hesab ediləcəkdir.

       

      Qadının mehriyyəsinin borc olaraq hesablanması
      269. Nəzərə alsaq ki, qadın öz mehriyyəsini istədiyi zaman tələb etmək hüququna malikdir, mehriyyə xüms ilinin sonunda kişinin borclarından hesab edilirmi?
      Cavab: Mehriyyəni ilin gəlirindən ödəmək olar. Amma xüms ilinin sonunadək ödənilmədiyi təqdirdə, ilin gəlirindən çıxılmır və ilin gəlirindən artıq qalan məbləğin hamısının xümsü verilməlidir.

       

      Nağd və kredit borcu olan işçi
      270. Bəzən xüms ilinin sonunda işçinin illik gəliri onun illik məişət xərclərindən bir qədər artıq qalır, amma eyni zamanda onun nağd və ya kredit borcları olur. Onun artıq qalan gəlirinə xüms düşürmü?
      Cavab: Əgər o, il ərzində həmin ilin məişət xərcləri üçün borc alıbsa, yaxud ehtiyacı olan malı nisyə aldığına görə borclu qalıbsa, borcunu həmin ilin gəlirindən vermək istədiyi təqdirdə, borc məbləğini xüms ilinin sonunda ilin gəlirindən artıq qalan məbləğdən çıxa bilər. Əks halda isə, xüms ilinin sonunda ilin gəlirindən artıq qalan məbləğin hamısının xümsünü verməlidir.   

       

      Borcu ilin gəlirindən çıxmaq
      274. Əgər pul krediti götürsəm və onun ödənişi bir neçə il davam etsə, hər ildə ödədiyim aylıq kreditlərə xüms düşürmü?
      Cavab: Əgər pul kreditini yaşam ehtiyacı üçün götürmüsünüzsə və hər xüms ilində həmin ilin gəlirindən borcunuzu ödəmisinizsə, ödənilən kreditlərin xümsü yoxdur. Amma əgər götürdüyünüz pul krediti əlinizdə isitfadəsiz qalıbsa, iş gəlirindən ödədiyiniz kreditlər məbləğində həmin pulun xümsünü verməlisiniz.

       

      Borcu olan şəxsin əmlakı
      275. Bir şəxsin başqa bir şəxsdən müəyyən məbləğdə alacağı vardır və eyni məbləğdə də borcu vardır. Əgər alacağı pulu borcuna verərsə, bu pulun xümsünü verməlidirmi?
      Cavab: Əgər borcu həmin xüms ilinin məişət xərclərinə görədirsə və sualda deyildiyi kimi alacağını borcuna verərsə, borc ilin gəlirindən çıxılacaqdır (və bu pulun xümsü yoxdur).

       

    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /