Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
- XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
Xümsün ödənilməsində “təcili vacib” anlamı1. Xümsün ödənilməsi “təcili vacib”dirmi (yəni təxirəsalınmaz vacib əməldirmi)? Yəni şəxsin xüms ili tamamlananda malının xümsünü ayırdığı zaman onu elə həmin gün öz mərcəyi-təqlidinə təhvil verməlidirmi? Yoxsa xümsü ayırması ilə ödəməsi arasındakı zaman fasiləsi adi ölçüdə olarsa, bunun bir iradı yoxdur?
Cavab: Xüms təcili ödənilməlidir. Əgər xümsü təcili ödəmək çətindirsə, ödəmə imkanı yarananadək telefon əlaqəsi yaratmaqla icazə almaq olar.
Xümsün ödənişini gecikdirmək2. Xümsün ödənişini gecikdirib, onu gələn ildə ödəməyin hökmü nədir?
Cavab: Bu xüms ilinin xümsünün ödənişini gecikdirib, onu gələn xüms ilində ödəməyə icazə verilmir, baxmayaraq ki, mükəlləf xümsü nə zaman ödəsə, borcu boynundan götürülər.
3. Ödənişi gecikdirilən xümsə cərimə gəlirmi?
Cavab: Əgər ötən ilin xümsü cari ilin gəlirindən ödənilərsə, cari ilin gəlirinin də xümsü ödənilməlidir. (1)
(1) Yəni əgər şəxs bu ilin gəliri ilə ötən ilin xümsünü ödəmək istəsə, əvvəlcə bu ilin gəlirinin xümsünü verməlidir. Məsələn, əgər ötən ilin xümsü 20 manat olubsa və bu il qazandığı 25 manatla ötən ilin xümsünü ödəmək istəyirsə, əvvəlcə 25 manatın 5 manatını xüms olaraq verməli, sonra yerdə qalan 20 manatla ötən ilin xümsünü ödəməlidir.
- XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ
XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ
Xümsü təcili ödəmək
4. Xüms ili tamamlananda şəxs öz gəlirindən xümsü ayıra və qısa müddət (məsələn, iki həftə) ərzində müctəhidin nümayəndəsini görənədək onu öz yanında saxlaya bilərmi?
Cavab: Xüms ili tamamlananda xümsü ödəməlisiniz, amma müctəhidin nümayəndəsinə əlinizin çatmaması istisna haldır. Xümsü ayırıb kənara qoymaq ödənişi gecikdirməyə haqq vermir.
Kənara qoyulan xüms pulundan istifadə etmək
5. Xüms ilim tamamlananda xümsümü ayırıb kənara qoydum, amma sonradan yerinə qoymaq şərtilə onun müəyyən məbləğini xərclədim. Bu, “pulun həbsi” sayılırmı? Əgər pulun həbsi sayılırsa, mənim vəzifəm nədir?
Cavab: Bir qayda olaraq, xümsü ayırıb kənara qoymaqla şəri vəzifə mükəlləfin boynundan götürülmür. Deməli, xüms ünvanında kənara qoyulan puldan-maldan istifadə etmək elə gəlirin digər hissəsindən istifadə etmək hökmündədir. Xüms ili tamamlananda onu xümsün səlahiyyətlisinə (yəni xüms işlərini idarə edən şəxsə) və ya onun şəri əmlak vergiləri üzrə nümayəndəsinə ödəmək, yaxud da möhlət almaq lazımdır.
6. Ötən il müəyyən məbləğ pulu xüms ünvanında ayırıb kənara qoydum və Qum şəhərində Ali Dini Rəhbərin idarəsinə ödəməyi nəzərdə tutmuşdum. Lakin şəhərimizdə ev alğı-satqısı zamanı bu pulu beh ünvanında maklerə ödədim. Bu pul xümsü çıxarılmamış puldurmu? Bu alğı-satqının düzgünlüyü mərcəyi-təqlidin icazəsinə bağlıdırmı?
Cavab: Xüms ünvanında ayırılan pul mərcəyi-təqlidə və ya onun nümayəndəsinə ödənilməyənədək xüms pulu sayılmır.
- XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
Xüms ilinin sonuna yaxın ələ böyük məbləğdə pulun gəlməsi
7. Əgər xüms ilinin sonuna yaxın bir şəxsin əlinə (iş gəliri və ya icarəyə verdiyi evin girovu olaraq) böyük məbləğdə pul gəlsə və bu pula onun ehtiyacı olsa, bu pul üçün ayrıca xüms ili nəzərdə tuta bilərmi? Yoxsa elə həmin xüms ili tamamlananda onun xümsünü ödəməlidir?
Cavab: Bu pul həmin ilin gəlirindən sayılır və məişət xərclərindən artığına xüms düşür. Amma evin girovu ünvanında icarəçi şəxsdən aldığı pul, əslində, borcdur və ona xüms düşmür.
Hər gəlirin ayrıca xümsü
8. Hər gəliri üçün ayrıca xüms ili təyin edən şəxs “xüms ili tamamlanan gəlir”inin xümsünü, “xüms ili tamamlanmayan gəlir”lərindən ödəyə bilərmi? Bu gəlirlərə ilin sonunadək toxunulmayacağını və onların məişət xərclərinə sərf edilməyəcəyini bildiyi halda, bunun hökmü nədir?
Cavab: Əgər bir işin gəlirinin xümsünü digər bir işin gəlirindən ödəmək istəsə, ödəmək istədiyi məbləğin də xümsünü verməlidir. Məişət xərclərinə sərf edilməyəcək gəlirlərin xümsünü həm onları əldə etdiyi vaxt ödəyə bilər, həm də xüms ilinin tamamlanmasını gözləyib həmin vaxt ödəyə bilər.
Xümsünü mükəlləfin özü hesablaması
9. Mükəlləf öz malının xümsünü özü hesablayıb, onu sizin vəkillərinizə ödəyə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Xümsü verilməmiş gəlirdən torpaq sahəsinin xümsünü vermək
10. Bir şəxsin xüms düşən bir mülkü (evi və ya torpağı) var. Bu mülkün xümsünü ilin gəlirindən verə bilərmi? Yoxsa əvvəlcə ilin gəlirinin xümsünü verməli, sonra xümsü verilmiş gəlirdən mülkün xümsünü verməlidir?
Cavab: Əgər mülkün xümsünü ilin gəlirindən vermək istəsə, əvəlcə ilin gəlirinin xümsünü verməlidir.
Bir çeşiddən azalan mal ilə digər çeşiddən artan malın toplam dəyəri
11. Mən ötən il malımı hesablayıb özüm üçün xüms ili təyin etdim. Həmin vaxt xümsü verilmiş doxsan səkkiz baş qoyunum, bir qədər nağd pulum, bir də motorsikletim var idi. Qoyunları tədricən satdığım üçün onların sayı azalmış, əvəzində isə nağd pulum çoxalmışdır. Hal-hazırda altmış baş qoyunum, bir qədər də nağd pulum var. Bu pulun xümsünü ödəmək mənə vacibdirmi, yoxsa təkcə artan məbləğin xümsünü verməliyəm?
Cavab: Əgər hal-hazırda qoyunların və nağd pulun toplam dəyəri doxsan səkkiz baş qoyun və xümsü ödənilmiş əvvəlki nağd pulun toplam dəyərindən artıqdırsa, təkcə pulun artan məbləğinin xümsü var.
Xümsü verilmiş pul ilə yaşam ehtiyaclarını almaq
12. Əgər bir şəxs əldə etdiyi hər gəlirin xümsünü ödəsə və sonra bu pulla ərzaq, geyim, kitab və s. bu kimi yaşam ehtiyaclarını alsa, onları aldığı vaxtdan bir il ötdükdə onlara xüms düşürmü?
Cavab: Onlara xüms düşmür.
Birjada ucuzlaşmış səhmlər
13. Mən iki il öncə beş min manat pul krediti götürdüm və bu pulla səhmlər aldım. Səhmlərin qiyməti düşərək üç min manat dəyərində oldu. Digər tərəfdən də pul krediti ödənilib qurtardı. İndi mən beş min manatın xümsünü verməliyəm, yoxsa üç min manatın?
Cavab: Üç min manatın xümsünü vermək kifayət edir.
Xümsün hesablanmasında bu xüms ili ilə ötən xüms ilinin müqayisə edilməsi
14. Mən öz xümsümü indiyədək bu qaydada hesablamışam:
İlk gəlirimi əldə etdiyim günü xüms ilimin başlanğıcı təyin etmişəm. Sonra hər xüms ilim tamamlananda istifadə edilməyən nağd pulu, qida məhsullarını və s. hesablayıb ötən xüms ilim tamamlananda əlimdə qalan pul-mal ilə müqayisə etmiş, artan məbləğin xümsünü vermişəm. Bu qayda düzgündürmü?Cavab: Əgər ötən ilki nağd pul, qida məhsulları və s. bu il ərzində istifadə edilib qurtarıbsa, xümsün hesablanması üçün sizin qeyd etdiyiniz qayda düzgün deyildir. Bu xüms iliniz tamamlananda siz əlinizdə olan pulun-malın hamısını və ondan heç nəyi çıxmadan hesablamalısınız.
Torpaq sahəsinin xümsünü onun özündən ödəmək
15. Torpaq sahəsinin xümsünü ödəmək üçün onun satılmasını gözləmək istəmədim və torpağın bir hissəsini xüms olaraq ayırdım. Amma torpaq sahəsi satılan zaman qiymətlər qalxdı. Xüms olaraq ayırılan hissəni hansı qiymətlə hesablamalıyam?
Cavab: Siz mərcəyi-təqlidin nümayəndəsindən icazə alaraq, həmin hissənin özünü hazırkı alış qiymətinə xüms ünvanında hesablaya bilərsiniz.
Xümsün hesablandığı günə yazılan çek
16. Əgər bir şəxs xümsünü hesabladığı günə çek yazsa, çekdəki məbləği hansı ilin (sona çatan xüms ilinin, yoxsa qarşıda gələn xüms ilinin) hesabatına daxil etməlidir?
Cavab: Əgər onun borcu həmin ilin (sona çatan xüms ilinin) məişət xərclərindən ötrü olarsa, borc məbləğini həmin ilin gəlirindən çıxa bilər.
Dünyasını dəyişən şəxsin xümsünü hesablamaq
17. Əgər bir şəxs xüms ili əsnasında dünyasını dəyişsə, azyaşlı uşağı olmasına rəğmən, onun il ərzindəki (ölən gününədək olan) gəlirinin xümsü ödənilməlidirmi?
Cavab: Dünyadan köçdüyü gün onun üçün ilin sonu sayılır və həmin ilin gəlirinin xümsü verilməlidir.
Mağazadakı malların xümsünü hesablamaq qaydası
18. Xahiş edirəm, mağaza sahibinin öz xümsünü hesablaması üçün mümkün olan ən asan qaydanı açıqlayasınız.
Cavab: Xüms ili tamamlananda əlində olan malın və nağd pulun hamısını hesablayıb toplam qiyməti çıxarmalı, sonra toplam qiyməti əsas sərmayə ilə müqayisə etməlidir. Əgər sərmayədən artıq olsa, gəlir hesab olunur və gəlirin xümsü verilməlidir.
19. Xüms ilinin hesabatı zamanı mağazadakı malların qiymətini çıxarmaq çətindir. Onu necə hesablamaq lazımdır?
Cavab: İlin gəlirini hesablamaq üçün – məlum olduğu kimi, ilin gəlirinə xüms düşür – mağazadakı malların qiymətini mümkün olan hər surətdə, hətta təxmini olsa belə, çıxarmaq vacibdir.
20. Mən mağaza sahibiyəm və hər il nağd pulumun və mallarının hesabatını aparıram. Xüms ilinin sonunadək bəzi malların satılmadığını nəzərə alaraq, il tamamlananda satışından öncə onların xümsünü ödəmək mənə vacibdirmi? Yoxsa satıldıqdan sonra xümsü verilməlidir? Əgər malın xümsünü ödəyib sonra satsam, növbəti ildə necə hesabat aparmalıyam? Əgər malı satmasam və onun qiyməti dəyişsə, bunun hökmü nədir?
Cavab: İlin sonunadək satılmayan və müştərisi də olmayan malın qiymət artımının hal-hazırda xümsünü ödəmək vacib deyildir, əksinə, gələcəkdə onun satışından əldə ediləcək gəlir satış ilinin gəlirindən hesab ediləcəkdir. Ancaq qiyməti bahalaşan malın il boyu müştərisi olsa, amma siz daha çox gəlir əldə etmək məqsədilə ilin sonunadək onu satmasanız, xüms ili tamamlananda qiymət artımının xümsünü ödəməlisiniz. Bu halda, xüms ili tamamlananda qiyməti çıxarılaraq qiymət artımının xümsü ödənilən mal növbəti ildə hesabatdan çıxarılacaqdır.
21. Bir il üç aydır ki, ticarətlə məşğulam. Xüms ilə bağlı bir neçə sualım var:
1) Bir il öncə alınan və satılmadığına görə anbarda qalan, hətta alış qiymətindən də aşağı qiymətə satılacaq mala da xüms düşürmü? Bu, əslində, tacir üçün ziyan sayılır.
2) Əgər bu gün mal alsam və sabahısı gün xümsün hesablandığı günə təsadüf etsə, bu mala xüms düşürmü, yoxsa onun alışından bir il ötməlidir?
3) Əgər mal çek ilə alınsa – məsələn, çekdə qeyd edilən məbləğin nağdlaşma tarixi altı ay sonra olsa – hesabat necə aparılmalıdır? Bu halda sərmayə, əslində, başqa şəxsin malı hesab olunur.
4) Əgər əsas sərmayənin xümsünü vermişəmsə – məsələn, əsas sərmayə on min manatdır və bu pul xümsünü verdiyim məbləğdir, yaxud da hədiyyədir – və onu dövriyyəyə buraxmışamsa, xüms ili tamamlananda mövcud mala yenə də xüms düşürmü?Cavab:
1) Əgər mal iş gəlirindən alınıbsa, xüms ili tamamlananda mümkün olan satış qiymətinə xüms düşür.
2) Əgər mal iş gəlirindən alınıbsa, xüms ili tamamlananda onun xümsünü ödəməlisiniz.
3) Əgər xüms ilinin sonunadək malın pulundan heç nə ödənilməyibsə, malın xümsü yoxdur. Əks halda, ödənilən məbləğ qarşılığındakı malın xümsü var.
4) Suala əsasən, on min manat dəyərində olan mala xüms düşmürXüms düşməyən və sərmayəyə qarışan malın sərmayədən çıxılması
22. Əgər xüms düşməyən mal (məsələn, mükafat, hədiyyə və s.) sərmayəyə qarışsa, xüms ili tamamlananda onu sərmayədən çıxıb, qalan malın xümsünü ödəmək olarmı?
Cavab: Həmin malı sərmayədən çıxmağın maneəsi yoxdur.
Nisyə verilən mallar
23. Mən üç il öncə xümsü verilmiş mal ilə bir mağaza açdım. Xüms ilimin sonu Novruz bayramı axşamıdır. Bu üç il ərzində xüms ilim tamamlananda sərmayəmin hamısı camaatda borcda olub, eyni zamanda özümün də çoxlu borcum olub. Bu halda mənim şəri vəzifəm nədir?
Cavab: Əgər xüms iliniz tamamlananda sərmayə və gəlirdən sizin əlinizdə heç nə yoxdursa, yaxud sərmayənizdən gəlir olmayıbsa, xüms ödəmək sizə vacib olmur. Camaata nisyə mal satmağınız nəticəsində onların sizə olan borcu isə, onu alacağınız ilin gəlirindən hesab olunacaqdır.
Borcu sərmayədən çıxmaq
24. Mənim müəyyən məbləğ pulum var, belə ki, onun bir hissəsi öz əlimdədir, bir hissəsini isə bəzi şəxslərə borc vermişəm. Digər tərəfdən, ötən il ev tikmək üçün torpaq sahəsi aldığıma görə borcum vardır və bir neçə ay sonra borca görə yazdığım çeklərdən birinin pulunu ödəməliyəm. Torpaq sahəsinə görə olan borcumu sözügedən məbləğdən (yəni əlimdə olan pul və borc verdiyim pul) çıxıb, qalan pulun xümsünü verə bilərəmmi? Həmçinin ev tikmək üçün alınan torpağa xüms düşürmü?
Cavab: Əgər ilin gəlirindən bəzi şəxslərə borc verdiyiniz pul xüms ilinin sonunadək sizə qaytarılmasa, bu pul sizə qaytarılmayanadək onun xümsünü vermək vacib deyil. Bir neçə ay sonra ödəniş vaxtı çatacaq borcunuzu isə əlinizdə olan puldan xüms ilinin sonunadək ödəyə bilərsiniz. Amma əgər il ərzində gəlirinizi borcunuzu qaytarmağa sərf etməsəniz və xüms iliniz tamamlansa, daha borcunuzu bu məbləğdən çıxa bilməzsiniz, əksinə, onun hamısının xümsü verilməlidir.
Amma əgər yaxın gələcəkdə bu məbləğin hamısını və ya onun bir hissəsini borcunuzu qaytarmağa sərf etmək qərarındasınızsa, digər tərəfdən isə onun xümsünü ödəmək istədiyiniz təqdirdə yerdə qalan məbləğ borcunuzu ödəməyə çatmayacaq və buna görə də zəhmətə və böyük çətinliyə düşəcəksizinizsə, borcunuzu ödəməyə sərf etmək istədiyiniz məbləğin xümsünü ödəmək vacib deyildir.
Ehtiyac duyulan ev üçün ilin gəlirindən alınan torpaq sahəsinə isə xüms düşmürDaima borcu olan şəxsin xümsü
25. Bir şəxsin xüms üçün illik hesabatı olmayıb və hazırda isə illik hesabatını aparmaq qərarına gəlib. O, evləndiyi gündən indiyədək borclu olub. İndi o, xümsü necə hesablamalıdır?
Cavab: Əgər keçmişdən indiyədək məişət xərclərindən artıq gəliri olmayıbsa, keçmişlə bağlı onun öhdəsinə bir şey gəlmir.
Bir mala bir neçə dəfə xüms vacib olması
26. Əgər bir şəxsin xüms ili son çatıbsa və onun malı harama qarışıbsa, digər tərəfdən bu şəxsin gəliri də varsa, habelə, malının bir hissəsini digər işlər üçün ticarət sərmayəsi etmək istəyirsə, bu şəxs malının xümsünü üç dəfə verməlidirmi?
Cavab: Bir xüms halal malının harama qarışdığına görə verməlidir. Bir xüms də ilin məişət xərclərindən artıq qalan gəlirinə görə ödəməlidir. Əgər həmin malın xümsünü verdikdən sonra onu sərmayə edərsə, daha sərmayənin xümsü yoxdur.
Xüms düşən malın xümsünü digər maldan ödəmək
27. Əgər bir şəxsin “qərzül-həsənə” hesabına qoyduğu pula xüms düşürsə, amma o, bu pula toxunmayıb onun xümsünü əlində olan puldan ödəmək istəyirsə, bu halda vəzifəsi nədir?
Cavab: Əgər əlində olan pul da ilin gəlirindən olarsa, əvvəlcə onun xümsünü verməli, sonra xümsə görə olan borcunu ödəməlidir.
Ərzağın xümsünü pul ilə ödəmək
28. Ərzağın xümsünü onun qiymətini hesablayaraq pul ilə ödəmək olarmı, yoxsa məsələn, düyünün özündən xüms vermək lazımdır?
Cavab: Maneəsi yoxdur və ərzağın xümsünü onun özündən vermək vacib deyildir.
Xüms borcunu cari ilin gəlirindən ödəmək
29. Ötən ilin xüms hesabatında bir qədər xüms borcum oldu və cari ildə həmin borcun bir qismini ödədim. Qeyd edilən borc ilin məişət xərclərindən sayılırmı, yoxsa yox?
Cavab: Sözügedən borc cari ilin məişət xərclərindən sayılmır və cari ilin gəlirindən ötən ilin xüms borcuna ödədiyiniz məbləğin də xümsünü verməlisiniz.
Xümsün ilk dəfə hesablanması
30. Bir şəxs ilk dəfə olaraq malının xümsünü hesablamaq istəyir. Yaşadığı evi hansı pulla aldığını bilmir. Bu halda hökm nədir? Əgər evin neçə il ərzində yığılan pul ilə alındığını bilsə, hökm nədir?
Cavab: Əgər yaşadığı evin və ya digər məişət əşyalarının şəriətə görə xüms düşməyən maldan (irs və ya hədiyyə kimi maldan) alındığını ehtimal versə, onun boynuna xüms gəlmir. Amma əgər evi öz iş gəlirindən aldığına əmindirsə, amma iş gəlirini xüms ili ərzində, yoxsa xüms ili başa çatdıqdan sonra və gəlirin xümsünü ödəməmişdən öncə evin alışına sərf etdiyini bilmirsə, vəkillərimizdən biri ilə müsalihə etməlidir. Yox əgər evi öz iş gəlirini bir neçə il yığaraq və onun xümsünü ödəmədən aldığına əmindirsə, bu halda yığdığı iş gəlirinin xümsünü verməlidir. Əgər pulun dəyəri düşübsə, ehtiyata görə, mərcəyi-təqlidin vəkili və nümayəndəsi ilə müsalihə etməlidir.
Səhvən xüms ünvanında ödənilən məbləğin xüms borcu əvəzinə hesab edilməsi
31. İlin xümsünü hesablayarkən bu qənaətə gəldim ki, müəyyən məbləği xüms ünvanında ödəməliyəm. Malımın beşdə bir hissəsini xüms ünvanında ödədikdən sonra onun dörd hissəsini “qərzül-həsənə” hesabıma qoydum. Növbəti ilin hesabatında məlum oldu ki, ötən il mənə xüms düşmürmüş. Yuxarıda qeyd edilənləri və xüms ünvanında müəyyən məbləğin ödənildiyini nəzərə alaraq, ödənilən məbləğ xüms hesab olunurmu?
Cavab: Ödədiyiniz məbləğ xüms hesab olunmur. Əgər malın qalan hissəsinə növbəti xüms ili tamamlananda xüms düşərsə, xümsü verilməlidir. Suala əsasən, öncəki ödəniş sonrakı ödənişin əvəzi hesab olunmayacaqdır.
32. Mən xüms düşməyən mala görə xüms ünvanında ödədiyim məbləği hazırda borclu olduğum xümsün əvəzinə hesab edə bilərəmmi?
Cavab: Əgər ödədiyiniz məbləğ xümsün şəri istifadə yerlərinə xərclənibsə, hazırkı xüms borcunuzun əvəzində hesab edilməyəcəkdir. Amma əgər xərclənməyibsə, onu mərcəyi-təqlidin nümayəndəsindən geri ala bilərsiniz.
Xümsü artıq ödəmək
33. Əgər bir şəxs xüms ili tamamlananda xümsü artıq ödəyibsə, həmin artıq məbləği növbəti ilin xümsü ünvanında hesab edə bilərmi?
Cavab: Əgər xüms ünvanında ödənilən artıq məbləğ növbəti ildə xümsü təhvil alan şəxsin əlində mövcud olmazsa, onu növbəti ilin xümsü ünvanında hesab edə bilməz.
Xümsü verilmiş pulu xümsü verilməmiş pul ilə dəyişmək
34. Xüms ili çatmayan pulu xümsü verilmiş pul ilə niyyət vasitəsilə dəyişmək olarmı?
Cavab: Hər bir halda, əgər xümsü verilməmiş pul xüms ilinin sonunadək istifadə edilməsə, ona xüms düşür.
Müştərinin xüms verdiyinə şəkk etmək
35. Əgər mağaza sahibi ondan alver edən müştərinin öz malının xümsünü verib-vermədiyini bilməsə, ondan aldığı pulun xümsünü ödəməlidirmi?
Cavab: Satıcının öhdəsinə heç nə düşmür və bu barədə axtarış aparmaq kimi bir vəzifəsi yoxdur.
Xümsün ödənildiyinə şəkk etmək
36. Əgər bir şeyin xümsünü verib-vermədiyimizə şəkk etsək, amma xümsü verdiyimizə böyük ehtimal versək, bu halda vəzifəmiz nədir?
Cavab: Əgər həmin şeyə öncədən xüms düşürdüsə və hal-hazırda onun xümsünü verib-vermədiyinizə şəkk edirsinizsə, xümsünü verməlisiniz.
37. Mən Allahın lütfü sayəsində hər il malımın xümsünü verirəm, amma xüms verdiyim illər boyu onun hesabatına şəkk etmişəm. Bu şəkkin hökmü nədir? Bu il nağd malımın hamısını hesablamağım vacibdirmi, yoxsa bu barədə olan şəkkimə etina etməməliyəm?
Cavab: Əgər ötən illərin iş gəlirinin xüms hesabatını düzgün apardığınıza şəkk etsəniz, bu şəkkə etina olunmur və xümsü yenidən ödəməyiniz sizə vacib deyil. Amma əgər iş gəliri barəsində şəkk etsəniz, belə ki, görəsən, bu gəlir xümsünü ödədiyiniz ötən illərin, yoxsa xümsünü ödəmədiyiniz cari ilin iş gəliridir, bu halda ehtiyata görə, onun xümsünü ödəməlisiniz. Amma əgər onun xümsünü ödədiyinizi dəqiqləşdirsəniz, xümsü yoxdur.
- XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
Xümsü verilmiş malın xümsü verilməmiş mala qarışması
38. Əgər qərzül-həsənə hesabımda 1000 manat xümsü verilmiş pulum olsa, daha sonra onun üstünə 500 manat xümsü verilməmiş pul əlavə etsəm və il ərzində hesabımdakı ümumi puldan müəyyən məbləğ xərcləsəm, xüms ili tamamlananda bu pulun hamısının xümsünü hesablamalıyam, yoxsa sonradan əlavə etdiyim puldan artıq qalan məbləğin xümsünü verməliyəm?
Cavab: Əgər xümsü verilmiş pul növbəti ildə xərclənməsə və qalsa, ona yenidən xüms düşmür. Əgər həmin ilin gəliri xümsü verilmiş pul ilə müşərək şəkildə ilin məişət xərclərinə sərf edilərsə, xüms ili tamamlananda artıq qalan pulun xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində ödənilməlidir. (1)
39. Bu ilin martında xümsümü ödədikdən sonra hesabımda 5500 manat pul qaldı. Aylıq maaşlarım da onun üstünə gəldi. Belə ki, xümsü verilmiş pul ilə xümsü verilməmiş pul bir-birinə qarışdı. Bu pulları xərcləyərkən mənim vəzifəm nədir?
Cavab: Hesabınızdan çəkdiyiniz pulun xümsü verilmiş puldan, yoxsa cari ilin maaşından olduğunu öz niyyətinizlə təyin edə bilərsiniz.
40. Toy hədiyyəsi, yeni ailə quranlara verilən pul krediti və maaşdan ibarət müəyyən məbləğ pulum var idi. Əgər bu puldan əlimdə təkcə kredit və hədiyyə məbləğində qalarsa, ona xüms düşürmü?
Cavab: Əgər puldan xərcləyərkən maaşınızdan xərclədiyinizi niyyətdə tutmusunuzsa, əlinizdə qalan məbləğə xüms düşmür. Əks təqdirdə, əlinizdə qalan məbləğin xümsünü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində verməlisiniz.
41. Bir şəxsin “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un bir-birinə qarışdığı müəyyən məbləğ ehtiyat pulu var. O, məişət xərclərindən ötrü bəzən bu pulun üstündən götürür, bəzən də onun üstünə pul əlavə edir. Xümsü verilmiş pulun məbləğinin məlum olduğunu nəzərə alaraq, bu şəxs əlində qalan pulun hamısının xümsünü ödəməlidir, yoxsa təkcə xümsü verilməmiş pulun xümsünü ödəməlidir?
Cavab: Əlində qalan pulun xümsünü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində ödəməlidir.
Dövriyyədə olan pullar
42. Bank hesabımda müəyyən məbləğ pulum var idi və xüms günümdə onun xümsünü ödədim. Amma cari xüms ilimdə bir neçə dəfə o pulun üstünə əlavə etmiş, yaxud onun üstündən götürmüşəm. Hazırda xüms ilim başa çatıb. Mən bu pulun xümsünü necə ödəməliyəm? Pulun demək olar ki, dövriyyədə olduğunu nəzərə alaraq, onun hamısına xüms düşürmü? Yoxsa hal-hazırda bank hesabımda mövcud olan məbləğ ötən ilki məbləğdən çox olduğu halda, yalnız artan məbləğə xüms düşür?
Cavab: Əgər sözügedən pul sərmayə kimi dövriyyədə olubsa, artan məbləğin xümsünü vermək yetərlidir. Amma əgər ehtiyat pul kimi saxlanılıb və hamısı da xərclənibsə, onun yerinə qoyulan yeni ehtiyat pulun hamısına xüms düşür. Yox əgər əvvəlki ehtiyat pulun bir qismi xərclənibsə, bank hesabında mövcud olan məbləğin xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində hesablanacaqdır.
“Xüms düşməyən mal”ın “xümsü verilməmiş mal”a qarışması
43. Mən və həyat yoldaşım Təhsil Nazirliyində işləyirik. Həyat yoldaşım öz maaşını həmişə mənə hədiyyə edir. Mən Təhsil Nazirliyi İşçilərinin Əkinçilik Şirkətinin səhmlərindən alaraq şirkətin səhmdarı oldum. Amma səhmlərin alışına sərf etdiyim pulun öz maaşımdan, yoxsa həyat yoldaşımın maaşından olduğunu bilmirəm. Nəzərə alsaq ki, xüms ilim tamamlananda həyat yoldaşımın maaşından yığılan pul onun il boyu aldığı puldan az idi, sözügedən pula xüms düşürmü?
Cavab: Öz maaşınızdan yığılan və şirkətin səhmlərini almaq üçün ödədiyiniz pula xüms düşür. Həyat yoldaşınızın sizə hədiyyə etdiyi pula gəlincə, əgər hədiyyə etmək xümsdən yayınmaq məqsədilə olmasa və şənə uyğun olsa, bu pula xüms düşmür. Həmçinin öz maaşınızdan, yoxsa həyat yoldaşınızın maaşından olduğuna şəkk etdiyiniz pulun xümsünü vermək vacib deyil, baxmayaraq ki, onun xümsünü vermək və ya müsalihə etmək ehtiyata müvafiqdir.
“Xümsü verilmiş pul”u “xümsü verilməmiş pul”dan niyyət vasitəsilə ayırmaq
44. Sizin fətvanıza əsasən, bir bank hesabında mövcud olan “xümsü verilmiş pul”u “xümsü verilməmiş pul”dan niyyət vasitəsilə ayırmaq olar. Bu iş üçün ümumi niyyət kifayət edirmi? Məsələn, bir şəxs xümsü verilmiş pulunu saxlayıb, il boyu yalnız cari ilin gəlirindən istifadə etmək istəyir, amma bank hesabından hər dəfə pul götürəndə bunu niyyət etmir. Bu halda şəri vəzifəsi nədir?
Cavab: Əgər bankdan götürəcəyi hər pulun xümsü verilməmiş puldan olmasını əvvəlcədən niyyət etsə, niyyətini dəyişmədiyi müddətdə hər dəfə pul götürərkən bu niyyəti etməsinə gərək yoxdur.
(1) Sualdakı misala əsasən, cavabın izahı belədir:
“Xümsü verilmiş pul”un, yəni 1000 manatın “xümsü verilməmiş pul”a, yəni 500 manata nisbəti 2-nin 1-ə nisbətidir. Beləliklə, əgər xüms ilinin sonunda 600 manat qalarsa, onun 400 manatına xüms düşmür, amma 200 manatın xümsü verilməlidir. - XÜMS İLİ
XÜMS İLİ
Xüms ili
45. Xüms ili nədir və necə təyin edilir?
Cavab: Xüms ili şərti deyil, həqiqi prosesdir. Yəni ilk gəliri əldə etdiyiniz tarix sizin xüms ilinizin ilk günüdür və hər ilin həmin günü xüms ilinizin başlanğıcı sayılır. İl ərzində yaşam ehtiyaclarınıza şəninizə uyğun olaraq xərclənən pula xüms düşmür. Xüms ili tamamlananda artıq qalan pula, həmçinin düyü, noxud və bu kimi istifadə oluna bilən və ilin sonunadək istifadəsiz qalan ərzaq məhsullarına, habelə ehtiyac xaricində alınan və ya şəninizdən artıq olan mallara xüms düşür. Əlbəttə, mehriyyə, irs, hədiyyə, bayramlıq və mükafatın xümsü yoxdur. Əgər xümsün hesablanmasında çətinliyiniz varsa, xümsün hesablanması ilə bağlı mərcəyi-təqlidin idarəsinə və ya onun şəri əmlak vergiləri üzrə səlahiyyətli nümayəndələrindən birinə müraciət edin.
46. Xümsün ödənilməsi üçün ilin başlanğıcı necə təyin edilir?
Cavab: Xüms ilinin başlanğıcını mükəlləfin özü təyin etmir, əksinə, ilin gəlirinin əldə edilməsi əsasında təyin edilir. Deməli, fəhlə və işçilərin xüms ilinin başlanğıcı əmək qarşılığında ilk gəliri ala biləcəkləri gün, tacirlər və mağaza sahiblərinin xüms ilinin başlanğıcı alverə başladıqları gün, əkinçilərin xüms ilinin başlanğıcı əkinçilikdən ilk məhsulu götürdükləri gün olacaqdır.
47. Mən xüms ilimin başlanğıcını ötən ilin üçüncü ayının ilk günü təyin etdim. Bu il həmin tarixdə bank hesabımın gəlirinin xümsünü hesablamaq üçün banka müraciət etdim. Xüms ilinin gəlirinin hesablanmasında bu qayda düzgündürmü?
Cavab: Sizin xüms ilinizin başlanğıcı əldə edilə bilən ilk gəliri əldə etdiyiniz gündür. Xüms ilinin başlanğıcını həmin gündən geri çəkə bilməzsiniz.
48. Əgər bir şəxs xüms ili tamamlananda ilin gəlirindən heç nə artıq qalmayacağına və bütün gəlirinin il ərzində yaşam ehtiyaclarına sərf ediləcəyinə əmindirsə, bu halda özünə xüms ili təyin etməsi vacibdirmi? Əgər gəlirindən ilin sonunadək heç nə artıq qalmayacağına əmin olan şəxs özünə xüms ili təyin etməyibsə, hökmü nədir?
Cavab: Xüms ilinin başlanğıcı mükəlləf tərəfindən təyin edilmir, əksinə, bu, həqiqi və təbii bir prosesdir. Belə ki, xüms ili tacir üçün alverə başladığı, əkinçi üçün məhsul yığımının vaxtı çatdığı, fəhlə və işçi üçün ilk zəhmət haqqını aldığı gündən başlanır. Xüms ili tamamlananda hesabat aparmaq və ilin gəlirini hesablamaq “müstəqil vacib əməl” deyildir, əksinə, xümsün miqdarını bilmək üçün bir yoldur. Mükəlləf xüms verməyin ona vacib olduğunu bildiyi, amma xümsün miqdarını bilmədiyi halda hesabat aparmaq ona vacib olur. Əgər ilin gəlirindən heç nə qalmasa və gəlirin hamısı məişət xərclərinə sərf edilsə, xüms vermək ona vacib olmur.
49. Xüms ilinin başlanğıcı ilk iş günüdür, yoxsa ilk maaşın alındığı gün?
Cavab: Fəhlə və işçilər də daxil olmaqla maaş alanların xüms ilinin başlanğıcı ilk zəhmət haqqını və ya maaşı aldıqları, yaxud ala biləcəkləri gündür.
50. İlk çekin alındığı tarix xüms ilinin başlanğıcı hesab olunmalıdır, yoxsa çekdəki məbləğin nağdlaşdığı tarix?
Cavab: Nağd pulun əldə edilməsinin mümkün olduğu tarix xüms ilinin başlanğıcı hesab olunacaqdır.
Qəməri və şəmsi təqvim
51. Xüms ili şəmsi təqvimlə olmalıdır, yoxsa qəməri təqvimlə?
Cavab: Bu barədə mükəlləf seçim sahibidir.
Xüms ilini dəyişmək
52. Bir şəxs deyir ki, onun xüms ilinin başlanğıcı ilin onuncu ayı idi. Amma unutduğuna görə, onuncu ayda xümsü ödəməmiş və on ikinci ayda evə xalça, divar saatı və döşənəcək almışdır. İndi isə xüms ilini ramazan ayına salmaq qərarına gəlib. Alınan bu əşyaların “İmam (ə) payı və seyid payı” (yəni xüms) barəsində sizin rəyiniz nədir?
Cavab: Xüms ilini irəli və ya geri çəkməyə icazə verilmir. Yalnız mərcəyi-təqlidin nümayəndəsinin icazəsi ilə ötmüş müddəti hesabladıqdan sonra və “xüms sahibləri”nin (yəni İmam (ə) və seyidlərin) ziyana düşməsinə səbəb olmamaq şərtilə buna icazə verilə bilər. Qeyd edilən ev əşyalarının alışına ödənilən pul ötən ilin gəlirindən olduğu üçün onun xümsü verilməlidir.
Gəlir əldə edilən kimi onun xümsünü vermək
53. Gəlir əldə edən kimi onun xümsünü vermək niyyətindəyəm. Beləliklə də, xüms ili təyin etmək və artıq qalan pulu-malı hesablamaq kimi işlərdən azad olmaq istəyirəm. Bu iş düzgündürmü və xümsün ödənilməsi baxımından kifayət edirmi?
Cavab: Maneəsi yoxdur. Amma belə bir hesabatda gəlirlər müxtəlif və çoxsayda olduğuna görə çətinliklə üzləşə bilərsiniz, odur ki, bu işi görməyin. Bunun yerinə, əldə etdiyiniz ilk gəlirin tarixini xüms ilinizin başlanğıcı təyin edin və lazımi xərcləri gəlirinizdən götürün, xüms ili tamamlananda da gəlirdən artıq qalan məbləğin xümsünü ödəyin.
Müvəqqəti işçinin xüms ili
54. Mən tələbəlik illərində bir neçə yerdə müvəqqəti işləmiş və aldığım maaşı həmin il ərzində xərcləmişəm. Hal-hazırda da tələbəyəm. Görəsən, xüms ili təyin etməli idim?
Cavab: Xüms ili şərti deyil, əksinə, həqiqi və təbii bir prosesdir. Yəni ilk gəlirinizi əldə etdiyiniz tarix sizin xüms ilinizin başlanğıcı idi və hər ilin eyni günü sizin xüms ilinizin başlanğıcıdır.
Subay gəncin xüms ili
55. Ata-anası ilə yaşayan subay gəncin özünə xüms ili təyin etməsi vacibdirmi? Onun xüms ilinin başlanğıcı nə zamandır və xümsü necə hesablamalıdır?
Cavab: Əgər subay gəncin az da olsa şəxsi gəliri varsa, xüms ilinə sahib olmalı və ilin gəlirini hesablamalıdır. Əgər xüms ili tamamlananda gəlirindən artıq qalsa, onun xümsünü ödəməlidir. Xüms ilinin başlanğıcı isə ilk gəliri əldə etdiyi gündür.
Ortaq xüms ili təyin etmək
56. Maaşlarını müştərək şəkildə ev xərclərinə sərf edən ər və arvad müştərək xüms ilinə sahib ola bilərmi?
Cavab: Onlar öz şəxsi gəlirlərinə əsasən ayrı və müstəqil xüms ilinə sahib olmalı, hər biri öz maaşından və ilin gəlirindən artıq qalan məbləğin xümsünü verməlidir.
Evdar qadının xüms ili
57. Mən evdar qadınam. Ərimin xüms ili var və vaxtı çatanda o öz əmlakının xümsünü ödəyir. Bəzən mənim də gəlirim olur. Mən də xüms ödəməliyəm və mənim də ayrıca xüms ilim olmalıdır? Xüms ilimin başlanğıcını ilk gəliri əldə etdiyim gün – belə ki, bu gəlirin xümsünü hələ verməmişəm – təyin etməli, il tamamlananda da məişət xərclərini çıxdıqdan sonra qalan məbləğin xümsünü ödəməliyəm? İl ərzində ziyarətə, hədiyyə almağa və bu kimi işlərə sərf etdiyim məbləğə xüms düşürmü?
Cavab: İlin ilk gəlirini əlinizə aldığınız günü öz xüms ilinizin başlanğıcı təyin etməlisiniz. İl ərzində iş gəlirindən qeyd etdiyiniz şəxsi xərclərə sərf etdiyizin məbləğin xümsü yoxdur. İlin iş gəlirindən il tamamlananda məişət xərclərinizdən artıq qalan məbləğin xümsünü isə verməlisiniz.
Təlim kursu keçən işçilərin xüms ili
58. Mən təzəlikcə dövlət müəssisələrinin birində işə düzəlmişəm. Hicri-şəmsi1383-cü ilin aban (oktyabr) ayının əvvəlində təlim kursuna göndərildim və təlim kursu təxminən beş ay oldu. Bu müddətdə təlim kursunun maaşı ödənildi. Fərvərdin (mart) ayından etibarən isə maaş tam ödənildi. Sualım budur ki, mənim xüms ilim hansı tarixdən etibarən başlanır: ilk tam maaşı aldığım tarixdən, yoxsa təlim kursunun ilk maaşını aldığım tarixdən?
Cavab: Əgər təlim kursunun maaşı sizə zəhmət haqqı ünvanında verilibsə, təlim kursunun ilk maaşını aldığınız tarix sizin xüms ilinizin başlanğıcıdır. Amma əgər yardım və hədiyyə ünvanında sizə verilibsə, onun xümsü yoxdur və sizin xüms ilinizin başlanğıcı ilk rəsmi maaşınızı aldığınız gündür.
- XÜMSÜN SƏLAHİYYƏTLİSİ
XÜMSÜN SƏLAHİYYƏTLİSİ
Həyatda olan müctəhiddən yenidən icazə almaq
59. İmam Xomeyninin (r.ə) dövründə xümsü təhvil almağa icazəsi olan nümayəndələr Ayətullah Xameneinin dövründə yenidən icazə almalıdırlarmı?
Cavab: Bəli, icazə almalıdırlar.
Keçmiş mərcəyi-təqlidin fətvasına əsasən xüms düşən mallar
60. Əgər xüms məsələsində sizə təqlid edə bilərəmsə, bundan əvvəl Ayətullah Ərakiyə təqlid etdiyim üçün əvvəlki illərlə bağlı vəzifəm nədir? Belə ki, onun fətvasına əsasən, aldığım hədiyyə və mükafatlara xüms düşür. İndi onların xümsünü verməliyəm?
Cavab: Əgər onların xümsünü verməmisinizsə, həyatda olan müctəhidin fətvasına uyğun əməl edə bilərsiniz və bu halda hədiyyənin xümsünü vermək sizə vacib olmur.
61. İmam Xomeyninin (r.ə) nəzərinə əsasən, “məunə” (məişət xərcləri, yaşam ehtiyacları) satıldıqdan sonra onun xümsü dərhal ödənilməlidir. Onun müqəllidi olduğum illərdə bu məsələni bilməmişəm və ona əməl etməmişəm. Hal-hazırda bir neçə il olar ki, sizin müqəllidinizəm. Həmişə xüms ilim olub və indi də var. Malımın xümsünü tam ödəməyə çalışmışam. Buna görə də sizdən xahiş edirəm ki, əgər İmam Xomeyninin (r.ə) müqəllidi olduğum illərdə həmin şəri vəzifəyə əməl etməmişəmsə, məni borcdan azad edəsiniz.
Cavab: Hal-hazırda onlarla bağlı heç bir şəri vəzifəniz yoxdur.
Xümsün səlahiyyətlisindən qeyrisinə xümsün verilməsi
62. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin rəyinə əsasən, xüms işlərinin idarə edilməsi müsəlmanların rəhbərinə aiddir. Müsəlmanların rəhbərindən qeyrisinə xüms ödəməyin hökmü nədir?
Cavab: Əgər ayrı-ayrı mərcəyi-təqlidlərin müqəllidləri İmam (ə) payı və seyid payının (xümsün) ödənilməsində özlərinin mərcəyi-təqlidinin fətvasına uyğun əməl etsələr, şəri vəzifələrini yerinə yetirib və borcdan çıxıblar.
Xümsün səlahiyyətlisindən icazə almaq
63. Xümsün “İmam (ə) payı”nı xeyriyyə işlərinə, məsələn, təhsil ocağına və ya uşaq evinə xərcləməsi üçün müqəllid məhz öz mərcəyi-təqlidindən icazə almalıdır, yoxsa hər hansı bir mərcəyi-təqlidin icazəsi kifayət edir? Ümumiyyətlə, müctəhidin icazəsi zəruridirmi?
Cavab: Bir qayda olaraq, hər iki payın (İmam (ə) payı və seyid payının) ixtiyarı müsəlmanların rəhbərindədir. Hər kimin boynunda, yaxud malında İmam (ə) və ya seyid haqqı olarsa, onu xümsün səlahiyyətlisinə, yaxud onun səlahiyyətli vəkilinə təhvil verməlidir. Əgər onu qeyd edilən yerlərə xərcləmək istəsə, əvvəlcə bunun üçün icazə almalıdır. Amma eyni halda mükəlləf bu barədə öz mərcəyi-təqlidinin fətvasına uyğun əməl etməlidir.
Xüms işləri üzrə vəkilin qəbz verməsi
64. Sizin vəkilləriniz, yaxud şəri əmlak vergilərini təhvil almaqda vəkil olmayan şəxslər xüms ödəyən şəxslərə qəbz verməlidirlərmi, yoxsa belə bir vəzifələri yoxdur?
Cavab: Öz şəri əmlak vergilərini bizim hörmətli vəkillərə və ya idarəmizə çatdırmaları üçün müəyyən şəxslərə verən mükəlləflər onlardan bizim möhrümüz vurulan qəbzi tələb etsinlər.
Xümsü bağışlamaq
65. Hansı hallarda xüms verən şəxsə xümsü bağışlamaq olar?
Cavab: İmam (ə) payı və seyid payı bağışlanmır.
Şəri əmlak vergisini əmanət vermək
66. Mən öz bölgəmizdə şəri əmlak vergilərini təhvil alıram və buna icazəm var. Bəzən banklar bağlı olduğuna görə çeki nağd pula çevirmək istəyən bəzi şəxslər mənə müraciət edirlər. Mən nağd pula təcili ehtiyacı olan şəxsin çətinliyini həll etmək məqsədilə xüms pulunu verib əvəzində çek ala bilərəmmi?
Cavab: Siz şəri əmlak vergisi ünvanında təhvil aldığınız əmanətləri kiməsə verə bilməzsiniz. Yalnız sizə vəkillik verən mərcəyi-təqlidin icazəsi olduğu halda bunu edə bilərsiniz.
- XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
Xümsü ödəmək imkanına malik olmamaq
67. Bəzi şəxslərə xüms vacib olsa da, indiyədək onu ödəməyiblər. Hal-hazırda da xüms ödəmək imkanına malik deyillər, yaxud xümsü ödəmək onlara olduqca çətindir. Bu halda onların hökmü nədir?
Cavab: Xümsü ödəmək imkanına malik olmamaq, yaxud xümsü ödəməyin olduqca çətin olması borcdan çıxmağa və ya şəri vəzifənin mükəlləfin öhdəsindən götürülməsinə səbəb olmur. Əksinə, imkan daxilində xümsü ödəmələri vacibdir. Belə şəxslər xümsün səlahiyyətlisindən və ya onun vəkilindən möhlət alaraq onu tədricən və imkanları çatan məbləğdə ödəyə bilərlər.
68. Xaricdə yaşayan bir şəxs öz malının xümsünü ödəməyib, evini də xümsü verilməmiş pul ilə alıb. Hal-hazırda xümsü ödəməyə yetərli qədər pulu yoxdur, amma borclu qaldığı xümsü ödəmək üçün hər il xüms verərkən bir qədər artıq məbləğ ödəyir. Bu iş düzgündürmü?
Cavab: Sualda deyilənlərə əsasən, boynunda borc olan xümsü hesablamalı, sonra onu tədricən ödəməsi üçün möhlət almalıdır. İndiyədək ödədiyi məbləğə görə də vəkillərimizdən birinə müraciət etməlidir.
69. Bir şəxs neçə illərdir ki, ilin gəlirinin xümsünü ödəmir. İndi də nə qədər borclu olduğunu bilmir. Bu halda o, xüms borcundan necə çıxa bilər?
Cavab: Xüms düşən əmlakını hesablayıb xümsünü verməlidir. Xüms düşdüyünə şəkk etdiyi əmlak barəsində isə xümsün səlahiyyətlisi və ya onun vəkili ilə müsalihə etməlidir.
Dəstgərdan edilən məbləğin xümsü
70. Əgər xümsü dəstgərdan etsək, borclu olduğumuz məbləği növbəti ildə və ya illərdə o ilin gəlirindən ödədiyimiz zaman onun da xümsünü ödəməliyikmi?
Cavab: Qeyd edilən məbləğin də xümsünü verməlisiniz.
Dəstgərdan edilən məbləğin qaytarılmasında gecikmə
71. Yeddi il öncə mənə müəyyən məbləğ xüms vacib oldu və mən onu müctəhidlə dəstgərdan etdim. Sonra onun bir hissəsini ödədim, qalanı isə boynumda borc qaldı. O vaxtdan indiyədək borclu qaldığım məbləği ödəyə bilməmişəm. Mənim vəzifəm nədir?
Cavab: Xümsü ödəmək imkanına malik olmamaq şəri vəzifənin mükəlləfin öhdəsindən götürülməsinə səbəb olmur. Əksinə, xüms borcunuzu ödəməyə – hətta tədricən olsa belə – imkanınız olduğu vaxt onu ödəməlisiniz.
Depozit qoyulan pulun xümsünün müsalihəsi
72. Mən evlənmək qərarına gəlmişəm. Gəlir əldə etmək məqsədilə sərmayəmin bir hissəsini universitetin büdcəsinə depozit qoydum. Bu pulun xümsü barəsində müsalihə etmək mümkündürmü?
Cavab: Əgər qeyd edilən sərmayə sizin gəlirinizdəndirsə, xüms ili tamamlananda onun xümsünü ödəməlisiniz. Qəti olan (yəni barəsində şəkk və tərəddüd mövcud olmayan) xüms barəsində müsalihə edilmir.
Başqa mərcəyi-təqlidin vəkili ilə dəstgərdan etmək
73. Bir mərcəyi-təqlidin vəkili başqa mərcəyi-təqlidin müqəllidi ilə dəstgərdan edə bilərmi?
Cavab: Suala əsasən, bu dəstgərdan kifayət etmir.
İnflyasiyanı hesablayaraq dəstgərdan edilən məbləğin ödənilməsi
74. Hicri-şəmsi 1368-ci ildə xümsümün hesablanması üçün sizin nümayəndələrinizdən birinə müraciət etdim. Xüms borcumdan bir hissəsini həmin vaxt ödədim, qalanını hələ də ödəməmişəm. Digər tərəfdən mən bu il təməttö həccinə getməliyəm. İndi mən borclu qaldığım məbləği qaytarmalıyam, yoxsa günün məzənnəsi ilə hesablayaraq qaytarmalıyam? Mənim vəzifəm nədir?
Cavab: Pulun dəyəri düşdüyü halda şəri hakimlə müsalihə etmək ehtiyata müvafiqdir. Əgər xüms borcunuzu ilin gəlirindən vermək istəsəniz, ilin gəlirinin də xümsünü verməlisiniz.
Xümsün tədricən ödənilməsi
75. Əgər anbarda qabıqdan təmizlənməmiş bir miqdar düyü varsa və onun xüms ili də keçibsə, təkcə anbardan istifadə üçün çıxarılan düyünün xümsünü vermək olarmı?
Cavab: Sualda deyilənlərə əsasən, onun hamısının xümsünü vermək vacibdir.
Xüms borcunu ödəməyi gecikdirmək, amma eyni zamanda sədəqə vermək
76. Mənim müəyyən məbləğ xüms borcum var və bunun üçün sizin nümayəndəliyinizdən bir il möhlət almışam. Bu bir il ərzində bəzən sədəqə verə bilərəmmi? Yoxsa pullarımı yığıb tez bir zamanda xüms borcumu ödəməli, sonra sədəqə verməliyəm? Xüsusilə də əgər sədəqə vermək təyin edilən tarixdə xüms borcunu qaytarmaqda pulun çatmayacağı ehtimalını yaradırsa?
Cavab: Mükəlləfin öz şəninə uyğun həddə sədəqə verməsinin iradı yoxdur, amma bu şərtlə ki, vacib xümsün ödənilməsində səhlənkarlığa səbəb olmamalıdır.
Dəstgərdan edilən məbləğin ödəniş yeri
77. Deyilənə görə, xüms pulunu hansı nümayəndəlikdə dəstgərdan etmişiksə, borcu sonradan ora ödəməliyik. Bu, belədirmi? Yoxsa dəstgərdan etdikdən sonra borcu bölgələrdəki nümayəndələrinizdən birinə ödəməyə icazə verirsiniz?
Cavab: Dəstgərdan nəticəsində yaranan borc dəstgərdan edən şəxsə deyil, İmam (ə) payı və seyid payı büdcəsinə olan borcdur. Odur ki, Ayətullah Xameneinin səlahiyyətli nümayəndələrindən birinə ödəməyiniz kifayətdir.
Başqası üçün dəstgərdan etmək
78. Bir şəxs başqa bir şəxs tərəfindən xümsü dəstgərdən edə bilərmi?
Cavab: Pul sahibi tərəfindən vəkil olduğu təqdirdə, maneəsi yoxdur.
Xümsü ödəməklə həcc istitaətini itirmək
79. Bir şəxs müstəti olmuşdur (yəni həccə getməyə imkanı və şəraiti yaranmışdır), amma onun xüms ili təməttö həccinə yazılmamışdan öncə başa çatır. Əgər o öz malının xümsünü ödəmək istəsə, həccə yazılmağa pulu çatmayacaqdır. Bu halda xüms vermək ona vacib olurmu? Bu şəxs istitaətini itirirmi?
Cavab: Əgər əvvəlcə istitaət yaranıbsa, sualda deyilənlərə əsasən, xüms məbləğini xüms səlahiyyətilisinin vəkili ilə dəstgərdan etməli və borcunu tədricən ödəməlidir.
(1) Müsalihə etmək – razılığa gəlmək mənasını bildirir.
(2) Dəstgərdan etmək (bir əldən verib o biri əldən almaq) – fiqh alimləri arasında məşhur termindir. Mükəlləf xümsü hesabladıqdan sonra müəyyən səbəblərə görə onu ödəməyə imkanı çatmadığı halda mərcəyi-təqlidə və ya onun vəkilinə müraciət edir, ondan borc alıb elə oradaca xümsünü ödəyir və imkan olan kimi borcunu qaytarır. Mükəlləfə borc ünvanında verilən və xüms ünvanında alınan əmələ “dəstgərdan etmək” deyilir. - XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
Xüms pulunun aradan getməsi
80. Əgər bir şəxs öz xüms pulunu onun mərcəyi-təqlidinin nümayəndəliyinə çatdırması üçün başqa bir şəxsə versə və bu pul yolda itsə, yaxud oğurlansa, buna kim zamindir? Bu halda xüms vermək vəzifəsi xüms verən şəxsin boynundan götürülürmü?
Cavab: Sualda deyilənlərə əsasən, əgər vasitəçi şəxs onu qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyildir və əvəzini ödəməsi də vacib deyildir. Əgər mükəlləfdən pulu alan şəxs mərcəyi-təqlidin vəkili deyildisə, xüms mükəlləfin boynundan götürülmür və onu ödəməsi vacibdir.
Xümsü ödəməyə başqalarını vəkil etmək
81. Bir şəxs öz torpaqlarını övladları arasında bölmüş və onlara bu torpaqların xümsünü vermədiyini bildirmişdir. Buna görə də hər kəs öz payına düşən torpağın xümsünü ödəməli idi. Övladlar da bu şərtlə torpağa sahib olublar. Əgər övladlar torpağın xümsünü verməsələr, xüms borcu torpaq sahibinin boynunda qalırmı?
Cavab: Suala əsasən, övladlar atanın vəkili ünvanında xümsü ödəməyənədək ata xüms borcundan çıxmayacaqdır.
Xüms almağa haqlı olan şəxslərə xüms vermək üçün icazə almaq
82. İcazə verirsinizmi ki, bəzi şəxslər özləri seyid payını yoxsul seyidlərə versinlər?
Cavab: Öhdəsində seyid payı olan şəxs onu xüms almağa haqlı olan şəxslərə verməsi üçün icazə almalıdır.
83. Sizin müqəllidiniz özü seyid payını yoxsul seyidlərə verə bilərmi, yoxsa xümsün şəri istifadə yerlərinə sərf edilməsi üçün xümsün hamısını (həm İmam (ə), həm də seyid payını) sizin vəkilinizə verməlidir?
Cavab: Bu baxımdan İmam (ə) payı və seyid payı arasında fərq yoxdur (hər ikisi vəkilə verilməlidir).
84. Şəri əmlak vergiləri (xüms, rəddi-məzalim, zəkat) hökumət işlərindən sayılır, yoxsa yox? Boynunda xüms olan şəxsin özü seyid payını yoxsul seyidlərə verə bilərmi? Həmçinin onun özü rəddi-məzalimi və zəkatı lazımi şəxslərə verə bilərmi?
Cavab: Mükəlləfin özü zəkatı dindar və iffətli yoxsullara verə bilər. Rəddi-məzalimi vermək üçün ehtiyata görə, şəri hakimdən icazə almalıdır. Xümsü isə xümsün şəri istifadə yerlərinə sərf edilməsi üçün onun hamısını bizim nümayəndəliyimizə, yaxud səlahiyyətli vəkillərimizdən birinə verməlidir. Yaxud da xüms almağa haqlı olan şəxslərə vermək üçün icazə almalıdır.
- BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİŞİNƏ DAİR MƏSƏLƏLƏR
Xüms vacib əməllərdəndir və onun ödənilməsi “təcili vacib”dir. Əgər xümsü təcili ödəmək çətindirsə, ödəmə imkanı yarananadək mükəlləf mərcəyi-təqlidin idarəsindən və ya onun nümayəndəsindən icazə ala bilər.
Xüms pulunu ayırıb bir kənara qoymaqla şəri vəzifə mükəlləfin öhdəsindən götürülmür.
Xümsü ödəməyə imkanı olmayan şəxs mərcəyi-təqlidin vəkilindən möhlət almalı, mümkün olan ilk fürsətdə borcunu ödəməlidir.
Mükəlləf öz xümsünü hesablaya bilər. Amma xüms məsələlərinin incəliklərini nəzərə alaraq, yaxşı olar ki, mərcəyi-təqlidin idarəsinin “şəri əmlak vergiləri” (vücuhat) şöbəsi, yaxud mərcəyi-təqlidin nümayəndəsi, yaxud da xüms məsələlərini bilən alimlə məsləhətləşərək xümsünü hesablasın.
Əgər mükəlləf müəyyən bir malın xümsünü xümsü verilməmiş başqa bir maldan ödəmək istəsə, əvvəlcə ikinci malın xümsünü verməli, sonra xümsü verilən mal ilə birinci malın xümsünü ödəməlidir.
Əgər borc xüms ilinin yaşam ehtiyaclarına görə olsa, bu borc gəlirdən çıxılır.
Mükəlləf öldüyü gün onun xüms ilinin sonu sayılır və bu tarix əsasında onun malının xümsü hesablanıb ödənməlidir.
Mağaza sahibi xüms ili tamamlananda malının və nağd pulunun hamısını hesablayıb qiymətini çıxarmalı, sonra toplam qiyməti sərmayə ilə müqayisə etməlidir. Əgər sərmayədən artıq məbləğ varsa, bu, gəlir sayılır və ona xüms düşür.
Əgər mükəlləf bir pula-mala xüms düşdüyünü bilsə, amma daha öncə onun xümsünü ödəyib-ödəmədiyini bilməsə, onun xümsünü ödəməlidir.
Əgər xümsü verilmiş pul xümsü verilməmiş pula qarışarsa və bu qarışıq pulun bir hissəsi istifadə olunarsa, xüms ili tamamlananda mövcud pulun xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində hesablanacaqdır. Məsələn, əgər xümsü verilmiş pul 1000 manat, xümsü verilməmiş pul isə 500 manatdırsa, bu ikisinin nisbəti 2-nin 1-ə nisbətidir. Bu halda əgər xüms ili tamamlananda 600 manat qalıbsa, onun 400 manatının xümsü yoxdur, 200 manatının isə xümsü ödənilməlidir.
Əgər bir şəxs xümsü verilmiş pulu xümsü verilməmiş pul ilə eyni bank hesabında saxlayırsa, hesabdan pul götürdüyü zaman xümsü verilməmiş puldan götürdüyünü niyyət edə bilər.
Xümsü hesablamaq üçün mükəlləfin xüms ilinə sahib olması şərtdir. Xüms ili isə mükəlləfin niyyəti ilə təyin edilmir, əksinə, ilk maaşı aldığı gün, yaxud sərmayədən ilk gəliri əldə etdiyi gün, yaxud da ilk məhsulu götürdüyü gün onun xüms ilinin başlanğıcı olacaqdır.
Xüms ili qəməri və ya şəmsi təqvimlə hesablana bilər.
Xüms ilinə sahib olmaqda meyar, gəlirin olmasıdır. Deməli, əgər evdar qadının və ya valideynləri ilə birlikdə yaşayan övladın gəliri olsa, xüms ilinə sahib ola bilər.
Yalnız xüms səlahiyyətlisi tərəfindən icazəsi olan şəxslər xümsü təhvil ala bilərlər. Xümsü təhvil aldıqları halda xüms səlahiyyətlisinin möhürlü qəbzini təqdim etməyə borcludurlar.
Xüms bağışlanmır və vəkillərdən heç biri xümsü bağışlamaq səlahiyyətinə malik deyil.
Bəzi hallarda xümsün məbləğini dəqiqliklə təyin etmək mümkün olmadıqda, mərcəyi-təqlidin vəkilləri xüms verən şəxs ilə müsalihə edə bilərlər (razılaşma əldə edə bilərlər).
Mərcəyi-təqlid və ya onun vəkilinin icazəsi olmadan mükəlləf öz xümsünü yoxsul seyidə verə, yaxud xeyir işlərə xərcləyə bilməz.
-
- İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
- ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
- Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
- Altıncı fəsil: Xümsün müxtəlif məsələləri