Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
    • XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ 
    • XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
      Çap versiyası  ;  PDF
       
       XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI

       

      Xüms ilinin sonuna yaxın ələ böyük məbləğdə pulun gəlməsi
      7. Əgər xüms ilinin sonuna yaxın bir şəxsin əlinə (iş gəliri və ya icarəyə verdiyi evin girovu olaraq) böyük məbləğdə pul gəlsə və bu pula onun ehtiyacı olsa, bu pul üçün ayrıca xüms ili nəzərdə tuta bilərmi? Yoxsa elə həmin xüms ili tamamlananda onun xümsünü ödəməlidir? 
      Cavab: Bu pul həmin ilin gəlirindən sayılır və məişət xərclərindən artığına xüms düşür. Amma evin girovu ünvanında icarəçi şəxsdən aldığı pul, əslində, borcdur və ona xüms düşmür.

       

      Hər gəlirin ayrıca xümsü
      8. Hər gəliri üçün ayrıca xüms ili təyin edən şəxs “xüms ili tamamlanan gəlir”inin xümsünü, “xüms ili tamamlanmayan gəlir”lərindən ödəyə bilərmi? Bu gəlirlərə ilin sonunadək toxunulmayacağını və onların məişət xərclərinə sərf edilməyəcəyini bildiyi halda, bunun hökmü nədir?
      Cavab: Əgər bir işin gəlirinin xümsünü digər bir işin gəlirindən ödəmək istəsə, ödəmək istədiyi məbləğin də xümsünü verməlidir. Məişət xərclərinə sərf edilməyəcək gəlirlərin xümsünü həm onları əldə etdiyi vaxt ödəyə bilər, həm də xüms ilinin tamamlanmasını gözləyib həmin vaxt ödəyə bilər.

       

      Xümsünü mükəlləfin özü hesablaması
      9. Mükəlləf öz malının xümsünü özü hesablayıb, onu sizin vəkillərinizə ödəyə bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Xümsü verilməmiş gəlirdən torpaq sahəsinin xümsünü vermək
      10. Bir şəxsin xüms düşən bir mülkü (evi və ya torpağı) var. Bu mülkün xümsünü ilin gəlirindən verə bilərmi? Yoxsa əvvəlcə ilin gəlirinin xümsünü verməli, sonra xümsü verilmiş gəlirdən mülkün xümsünü verməlidir?
      Cavab: Əgər mülkün xümsünü ilin gəlirindən vermək istəsə, əvəlcə ilin gəlirinin xümsünü verməlidir.

       

      Bir çeşiddən azalan mal ilə digər çeşiddən artan malın toplam dəyəri
      11. Mən ötən il malımı hesablayıb özüm üçün xüms ili təyin etdim. Həmin vaxt xümsü verilmiş doxsan səkkiz baş qoyunum, bir qədər nağd pulum, bir də motorsikletim var idi. Qoyunları tədricən satdığım üçün onların sayı azalmış, əvəzində isə nağd  pulum çoxalmışdır. Hal-hazırda altmış baş qoyunum, bir qədər də nağd pulum var. Bu pulun xümsünü ödəmək mənə vacibdirmi, yoxsa təkcə artan məbləğin xümsünü verməliyəm?
      Cavab: Əgər hal-hazırda qoyunların və nağd pulun toplam dəyəri doxsan səkkiz baş qoyun və xümsü ödənilmiş əvvəlki nağd pulun toplam dəyərindən artıqdırsa, təkcə pulun artan məbləğinin xümsü var.

       

      Xümsü verilmiş pul ilə yaşam ehtiyaclarını almaq
      12. Əgər bir şəxs əldə etdiyi hər gəlirin xümsünü ödəsə və sonra bu pulla ərzaq, geyim, kitab və s. bu kimi yaşam ehtiyaclarını alsa, onları aldığı vaxtdan bir il ötdükdə onlara xüms düşürmü?
      Cavab: Onlara xüms düşmür.
       
      Birjada ucuzlaşmış səhmlər
      13. Mən iki il öncə beş min manat pul krediti götürdüm və bu pulla səhmlər aldım. Səhmlərin qiyməti düşərək üç min manat dəyərində oldu. Digər tərəfdən də pul krediti ödənilib qurtardı. İndi mən beş min manatın xümsünü verməliyəm, yoxsa üç min manatın?
      Cavab: Üç min manatın xümsünü vermək kifayət edir.

       

      Xümsün hesablanmasında bu xüms ili ilə ötən xüms ilinin müqayisə edilməsi
      14. Mən öz xümsümü indiyədək bu qaydada hesablamışam: 
      İlk gəlirimi əldə etdiyim günü xüms ilimin başlanğıcı təyin etmişəm. Sonra hər xüms ilim tamamlananda istifadə edilməyən nağd pulu, qida məhsullarını və s. hesablayıb ötən xüms ilim tamamlananda əlimdə qalan pul-mal ilə müqayisə etmiş, artan məbləğin xümsünü vermişəm. Bu qayda düzgündürmü?
      Cavab: Əgər ötən ilki nağd pul, qida məhsulları və s. bu il ərzində istifadə edilib qurtarıbsa, xümsün hesablanması üçün sizin qeyd etdiyiniz qayda düzgün deyildir. Bu xüms iliniz tamamlananda siz əlinizdə olan pulun-malın hamısını və ondan heç nəyi çıxmadan hesablamalısınız.

       

      Torpaq sahəsinin xümsünü onun özündən ödəmək
      15. Torpaq sahəsinin xümsünü ödəmək üçün onun satılmasını gözləmək istəmədim və torpağın bir hissəsini xüms olaraq ayırdım. Amma torpaq sahəsi satılan zaman qiymətlər qalxdı. Xüms olaraq ayırılan hissəni hansı qiymətlə hesablamalıyam?
      Cavab: Siz mərcəyi-təqlidin nümayəndəsindən icazə alaraq, həmin hissənin özünü hazırkı alış qiymətinə xüms ünvanında hesablaya bilərsiniz.

       

      Xümsün hesablandığı günə yazılan çek
      16. Əgər bir şəxs xümsünü hesabladığı günə çek yazsa, çekdəki məbləği hansı ilin (sona çatan xüms ilinin, yoxsa qarşıda gələn xüms ilinin) hesabatına daxil etməlidir? 
      Cavab: Əgər onun borcu həmin ilin (sona çatan xüms ilinin) məişət xərclərindən ötrü olarsa, borc məbləğini həmin ilin gəlirindən çıxa bilər.

       

      Dünyasını dəyişən şəxsin xümsünü hesablamaq
      17. Əgər bir şəxs xüms ili əsnasında dünyasını dəyişsə, azyaşlı uşağı olmasına rəğmən, onun il ərzindəki (ölən gününədək olan) gəlirinin xümsü ödənilməlidirmi?
      Cavab: Dünyadan köçdüyü gün onun üçün ilin sonu sayılır və həmin ilin gəlirinin xümsü verilməlidir.

       

      Mağazadakı malların xümsünü hesablamaq qaydası
      18. Xahiş edirəm, mağaza sahibinin öz xümsünü hesablaması üçün mümkün olan ən asan qaydanı açıqlayasınız.
      Cavab: Xüms ili tamamlananda əlində olan malın və nağd pulun hamısını hesablayıb toplam qiyməti çıxarmalı, sonra toplam qiyməti əsas sərmayə ilə müqayisə etməlidir. Əgər sərmayədən artıq olsa, gəlir hesab olunur və gəlirin xümsü verilməlidir.

       

      19. Xüms ilinin hesabatı zamanı mağazadakı malların qiymətini çıxarmaq çətindir. Onu necə hesablamaq lazımdır?
      Cavab: İlin gəlirini hesablamaq üçün – məlum olduğu kimi, ilin gəlirinə xüms düşür – mağazadakı malların qiymətini mümkün olan hər surətdə, hətta təxmini olsa belə, çıxarmaq vacibdir.

       

      20. Mən mağaza sahibiyəm və hər il nağd pulumun və mallarının hesabatını aparıram. Xüms ilinin sonunadək bəzi malların satılmadığını nəzərə alaraq, il tamamlananda satışından öncə onların xümsünü ödəmək mənə vacibdirmi? Yoxsa satıldıqdan sonra xümsü verilməlidir? Əgər malın xümsünü ödəyib sonra satsam, növbəti ildə necə hesabat aparmalıyam? Əgər malı satmasam və onun qiyməti dəyişsə, bunun hökmü nədir?
      Cavab: İlin sonunadək satılmayan və müştərisi də olmayan malın qiymət artımının hal-hazırda xümsünü ödəmək vacib deyildir, əksinə, gələcəkdə onun satışından əldə ediləcək gəlir satış ilinin gəlirindən hesab ediləcəkdir. Ancaq qiyməti bahalaşan malın il boyu müştərisi olsa, amma siz daha çox gəlir əldə etmək məqsədilə ilin sonunadək onu satmasanız, xüms ili tamamlananda qiymət artımının xümsünü ödəməlisiniz. Bu halda, xüms ili tamamlananda qiyməti çıxarılaraq qiymət artımının xümsü ödənilən mal növbəti ildə hesabatdan çıxarılacaqdır.

       

      21. Bir il üç aydır ki, ticarətlə məşğulam. Xüms ilə bağlı bir neçə sualım var: 
      1) Bir il öncə alınan və satılmadığına görə anbarda qalan, hətta alış qiymətindən də aşağı qiymətə satılacaq mala da xüms düşürmü? Bu, əslində, tacir üçün ziyan sayılır.
      2) Əgər bu gün mal alsam və sabahısı gün xümsün hesablandığı günə təsadüf etsə, bu mala xüms düşürmü, yoxsa onun alışından bir il ötməlidir?
      3) Əgər mal çek ilə alınsa – məsələn, çekdə qeyd edilən məbləğin nağdlaşma tarixi altı ay sonra olsa – hesabat necə aparılmalıdır? Bu halda sərmayə, əslində, başqa şəxsin malı hesab olunur. 
      4) Əgər əsas sərmayənin xümsünü vermişəmsə – məsələn, əsas sərmayə on min manatdır və bu pul xümsünü verdiyim məbləğdir, yaxud da hədiyyədir – və onu dövriyyəyə buraxmışamsa, xüms ili tamamlananda mövcud mala yenə də xüms düşürmü?
      Cavab:
      1) Əgər mal iş gəlirindən alınıbsa, xüms ili tamamlananda mümkün olan satış qiymətinə xüms düşür.
      2) Əgər mal iş gəlirindən alınıbsa, xüms ili tamamlananda onun xümsünü ödəməlisiniz.
      3) Əgər xüms ilinin sonunadək malın pulundan heç nə ödənilməyibsə, malın xümsü yoxdur. Əks halda, ödənilən məbləğ qarşılığındakı malın xümsü var. 
      4) Suala əsasən, on min manat dəyərində olan mala xüms düşmür

       

      Xüms düşməyən və sərmayəyə qarışan malın sərmayədən çıxılması
      22. Əgər xüms düşməyən mal (məsələn, mükafat, hədiyyə və s.) sərmayəyə qarışsa, xüms ili tamamlananda onu sərmayədən çıxıb, qalan malın xümsünü ödəmək olarmı? 
      Cavab: Həmin malı sərmayədən çıxmağın maneəsi yoxdur.

       

      Nisyə verilən mallar
      23. Mən üç il öncə xümsü verilmiş mal ilə bir mağaza açdım. Xüms ilimin sonu Novruz bayramı axşamıdır. Bu üç il ərzində xüms ilim tamamlananda sərmayəmin hamısı camaatda borcda olub, eyni zamanda özümün də çoxlu borcum olub. Bu halda mənim şəri vəzifəm nədir?
      Cavab: Əgər xüms iliniz tamamlananda sərmayə və gəlirdən sizin əlinizdə heç nə yoxdursa, yaxud sərmayənizdən gəlir olmayıbsa, xüms ödəmək sizə vacib olmur. Camaata nisyə mal satmağınız nəticəsində onların sizə olan borcu isə, onu alacağınız ilin gəlirindən hesab olunacaqdır.
       
      Borcu sərmayədən çıxmaq
       24. Mənim müəyyən məbləğ pulum var, belə ki, onun bir hissəsi öz əlimdədir, bir hissəsini isə bəzi şəxslərə borc vermişəm. Digər tərəfdən, ötən il ev tikmək üçün torpaq sahəsi aldığıma görə borcum vardır və bir neçə ay sonra borca görə yazdığım çeklərdən birinin pulunu ödəməliyəm. Torpaq sahəsinə görə olan borcumu sözügedən məbləğdən (yəni əlimdə olan pul və borc verdiyim pul) çıxıb, qalan pulun xümsünü verə bilərəmmi? Həmçinin ev tikmək üçün alınan torpağa xüms düşürmü?
      Cavab: Əgər ilin gəlirindən bəzi şəxslərə borc verdiyiniz pul xüms ilinin sonunadək sizə qaytarılmasa, bu pul sizə qaytarılmayanadək onun xümsünü vermək vacib deyil. Bir neçə ay sonra ödəniş vaxtı çatacaq borcunuzu isə əlinizdə olan puldan xüms ilinin sonunadək ödəyə bilərsiniz. Amma əgər il ərzində gəlirinizi borcunuzu qaytarmağa sərf etməsəniz və xüms iliniz tamamlansa, daha borcunuzu bu məbləğdən çıxa bilməzsiniz, əksinə, onun hamısının xümsü verilməlidir. 
      Amma əgər yaxın gələcəkdə bu məbləğin hamısını və ya onun bir hissəsini borcunuzu qaytarmağa sərf etmək qərarındasınızsa, digər tərəfdən isə onun xümsünü ödəmək istədiyiniz təqdirdə yerdə qalan məbləğ borcunuzu ödəməyə çatmayacaq və buna görə də zəhmətə və böyük çətinliyə düşəcəksizinizsə, borcunuzu ödəməyə sərf etmək istədiyiniz məbləğin xümsünü ödəmək vacib deyildir. 
      Ehtiyac duyulan ev üçün ilin gəlirindən alınan torpaq sahəsinə isə xüms düşmür

       

      Daima borcu olan şəxsin xümsü
      25. Bir şəxsin xüms üçün illik hesabatı olmayıb və hazırda isə illik hesabatını aparmaq qərarına gəlib. O, evləndiyi gündən indiyədək borclu olub. İndi o, xümsü necə hesablamalıdır?
      Cavab: Əgər keçmişdən indiyədək məişət xərclərindən artıq gəliri olmayıbsa, keçmişlə bağlı onun öhdəsinə bir şey gəlmir.

       

      Bir mala bir neçə dəfə xüms vacib olması
      26. Əgər bir şəxsin xüms ili son çatıbsa və onun malı harama qarışıbsa, digər tərəfdən bu şəxsin gəliri də varsa, habelə, malının bir hissəsini digər işlər üçün ticarət sərmayəsi etmək istəyirsə, bu şəxs malının xümsünü üç dəfə verməlidirmi?
      Cavab: Bir xüms halal malının harama qarışdığına görə verməlidir. Bir xüms də ilin məişət xərclərindən artıq qalan gəlirinə görə ödəməlidir. Əgər həmin malın xümsünü verdikdən sonra onu sərmayə edərsə, daha sərmayənin xümsü yoxdur.

       

      Xüms düşən malın xümsünü digər maldan ödəmək
      27. Əgər bir şəxsin “qərzül-həsənə” hesabına qoyduğu pula xüms düşürsə, amma o, bu pula toxunmayıb onun xümsünü əlində olan puldan ödəmək istəyirsə, bu halda vəzifəsi nədir?
      Cavab: Əgər əlində olan pul da ilin gəlirindən olarsa, əvvəlcə onun xümsünü verməli, sonra xümsə görə olan borcunu ödəməlidir.

       

      Ərzağın xümsünü pul ilə ödəmək
      28. Ərzağın xümsünü onun qiymətini hesablayaraq pul ilə ödəmək olarmı, yoxsa məsələn, düyünün özündən xüms vermək lazımdır?
      Cavab: Maneəsi yoxdur və ərzağın xümsünü onun özündən vermək vacib deyildir.

       

      Xüms borcunu cari ilin gəlirindən ödəmək
      29. Ötən ilin xüms hesabatında bir qədər xüms borcum oldu və cari ildə həmin borcun bir qismini ödədim. Qeyd edilən borc ilin məişət xərclərindən sayılırmı, yoxsa yox?
      Cavab: Sözügedən borc cari ilin məişət xərclərindən sayılmır və cari ilin gəlirindən ötən ilin xüms borcuna ödədiyiniz məbləğin də xümsünü verməlisiniz.

       

      Xümsün ilk dəfə hesablanması
      30. Bir şəxs ilk dəfə olaraq malının xümsünü hesablamaq istəyir. Yaşadığı evi hansı pulla aldığını bilmir. Bu halda hökm nədir? Əgər evin neçə il ərzində yığılan pul ilə alındığını bilsə, hökm nədir?
      Cavab: Əgər yaşadığı evin və ya digər məişət əşyalarının şəriətə görə xüms düşməyən maldan (irs və ya hədiyyə kimi maldan) alındığını ehtimal versə, onun boynuna xüms gəlmir. Amma əgər evi öz iş gəlirindən aldığına əmindirsə, amma iş gəlirini xüms ili ərzində, yoxsa xüms ili başa çatdıqdan sonra və gəlirin xümsünü ödəməmişdən öncə evin alışına sərf etdiyini bilmirsə, vəkillərimizdən biri ilə müsalihə etməlidir. Yox əgər evi öz iş gəlirini bir neçə il yığaraq və onun xümsünü ödəmədən aldığına əmindirsə, bu halda yığdığı iş gəlirinin xümsünü verməlidir. Əgər pulun dəyəri düşübsə, ehtiyata görə, mərcəyi-təqlidin vəkili və nümayəndəsi ilə müsalihə etməlidir.

       

      Səhvən xüms ünvanında ödənilən məbləğin xüms borcu əvəzinə hesab edilməsi
      31. İlin xümsünü hesablayarkən bu qənaətə gəldim ki, müəyyən məbləği xüms ünvanında ödəməliyəm. Malımın beşdə bir hissəsini xüms ünvanında ödədikdən sonra onun dörd hissəsini “qərzül-həsənə” hesabıma qoydum. Növbəti ilin hesabatında məlum oldu ki, ötən il mənə xüms düşmürmüş. Yuxarıda qeyd edilənləri və xüms ünvanında müəyyən məbləğin ödənildiyini nəzərə alaraq, ödənilən məbləğ xüms hesab olunurmu?
      Cavab: Ödədiyiniz məbləğ xüms hesab olunmur. Əgər malın qalan hissəsinə növbəti xüms ili tamamlananda xüms düşərsə, xümsü verilməlidir. Suala əsasən, öncəki ödəniş sonrakı ödənişin əvəzi hesab olunmayacaqdır.
       
      32. Mən xüms düşməyən mala görə xüms ünvanında ödədiyim məbləği hazırda borclu olduğum xümsün əvəzinə hesab edə bilərəmmi?
      Cavab: Əgər ödədiyiniz məbləğ xümsün şəri istifadə yerlərinə xərclənibsə, hazırkı xüms borcunuzun əvəzində hesab edilməyəcəkdir. Amma əgər xərclənməyibsə, onu mərcəyi-təqlidin nümayəndəsindən geri ala bilərsiniz.

       

      Xümsü artıq ödəmək
      33. Əgər bir şəxs xüms ili tamamlananda xümsü artıq ödəyibsə, həmin artıq məbləği növbəti ilin xümsü ünvanında hesab edə bilərmi?
      Cavab: Əgər xüms ünvanında ödənilən artıq məbləğ növbəti ildə xümsü təhvil alan şəxsin əlində mövcud olmazsa, onu növbəti ilin xümsü ünvanında hesab edə bilməz.

       

      Xümsü verilmiş pulu xümsü verilməmiş pul ilə dəyişmək
      34. Xüms ili çatmayan pulu xümsü verilmiş pul ilə niyyət vasitəsilə dəyişmək olarmı?
      Cavab: Hər bir halda, əgər xümsü verilməmiş pul xüms ilinin sonunadək istifadə edilməsə, ona xüms düşür. 

       

      Müştərinin xüms verdiyinə şəkk etmək
      35. Əgər mağaza sahibi ondan alver edən müştərinin öz malının xümsünü verib-vermədiyini bilməsə, ondan aldığı pulun xümsünü ödəməlidirmi?
      Cavab: Satıcının öhdəsinə heç nə düşmür və bu barədə axtarış aparmaq kimi bir vəzifəsi yoxdur.
       
      Xümsün ödənildiyinə şəkk etmək
      36. Əgər bir şeyin xümsünü verib-vermədiyimizə şəkk etsək, amma xümsü verdiyimizə böyük ehtimal versək, bu halda vəzifəmiz nədir?

      Cavab: Əgər həmin şeyə öncədən xüms düşürdüsə və hal-hazırda onun xümsünü verib-vermədiyinizə şəkk edirsinizsə, xümsünü verməlisiniz.

       

      37. Mən Allahın lütfü sayəsində hər il malımın xümsünü verirəm, amma xüms verdiyim illər boyu onun hesabatına şəkk etmişəm. Bu şəkkin hökmü nədir? Bu il nağd malımın hamısını hesablamağım vacibdirmi, yoxsa bu barədə olan şəkkimə etina etməməliyəm? 
      Cavab: Əgər ötən illərin iş gəlirinin xüms hesabatını düzgün apardığınıza şəkk etsəniz, bu şəkkə etina olunmur və xümsü yenidən ödəməyiniz sizə vacib deyil. Amma əgər iş gəliri barəsində şəkk etsəniz, belə ki, görəsən, bu gəlir xümsünü ödədiyiniz ötən illərin, yoxsa xümsünü ödəmədiyiniz cari ilin iş gəliridir, bu halda ehtiyata görə, onun xümsünü ödəməlisiniz. Amma əgər onun xümsünü ödədiyinizi dəqiqləşdirsəniz, xümsü yoxdur.

       

       

    • XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
    • XÜMS İLİ
    • XÜMSÜN SƏLAHİYYƏTLİSİ
    • XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
    • XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
    • BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /