Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
- İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
- 1. İLİN MƏİŞƏT XƏRCLƏRİNDƏN ARTIQ QALAN GƏLİR
- 2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
115. Sərmayəyə və onun gəlirinə xüms düşürmü?
Cavab: Əgər bir şəxs sərmayənin xümsünü verdiyi halda əlində qalan məbləğ ilə öz ürfi şəninə və ictimai mövqeyinə münasib olan məişət xərclərini təmin edə bilməyəcəksə, sərmayənin xümsü yoxdur.
Qiymətli kağızlar
116. Birjada olan qiymətli kağızların xümsü necə hesablanmalıdır? Nəzərə almaq lazımdır ki, xüms ili tamamlananda şəxs bir neçə şirkətin səhmdarıdır və adətən, şirkətlərdən bir neçəsinin səhminin alğı-satqısı mühasibat kimi məlum səbəblərdən dayandırılmış olur, nə zaman və hansı qiymətlə satışa çıxarılacağı da məlum olmur. Yaxud da səhmin günün məzənnəsi ilə alıcısı yoxdur, bu səbəbdən də gələcək günlərdə qiymətlərin aşağı düşməsini və alıcı tapılmasını (qanuna əsasən, hər gün qiymət 2% dəyişə bilər) gözləmək lazımdır ki, səhmin həqiqi qiymətini hesablamaq mümkün olsun.
Cavab: Xüms ili başa çatdıqda sözügedən səhmlərin qiymətini çıxarmaq lazımdır və bu işi görmək nə zaman mümkün olarsa, xüms hesablanmalıdır.
Sərmayə edilən şəri əmlak vergisi ilə ticarət etmək
117. Bir mədəniyyət müəssisəsi gələcəkdə öz maliyyə ehtiyaclarını qarşılamaqdan ötrü ticarət şöbəsi yaradıb. Onun sərmayəsi isə şəri əmlak vergiləridir. Bu sərmayədən əldə edilən gəlirin xümsü vacibdirmi? Onun xümsünü müəssisəyə sərf etmək olarmı?
Cavab: Mərcəyi-təqlidin və ya onun vəkilinin icazəsi olmadan şəri əmlak vergiləri ilə ticarət etməyin, hətta əldə edilən gəlir mədəniyyət müəssisəsinə xərclənsə belə, maneəsi vardır. Çünki şəri əmlak vergiləri şəriətdə müəyyən edilən yerlərə xərclənməlidir. Şəri əmlak vergiləri ticarət sərmayəsi edildiyi halda, əldə edilən gəlir sərmayəyə tabe olur və sərmayənin xərcləndiyi yerlərə sərf edilməlidir, xümsü də yoxdur. Əlbəttə, müəssisəyə bağışlanan hədiyyələrlə ticarət işi qurmağın iradı yoxdur və sərmayə müəssisənin əmlakı olduğu halda onun gəlirinin də xümsü yoxdur.
118. Kreditlərini ödədiyim bir evim və işlətdiyim bir ticarət obyektim var. Şəri vəzifəmə əməl etməkdən ötrü xüms ilinə sahibəm. Lütf edib, evin xümsünü ödəməkdən məni azad edin, amma ticarət obyektinin xümsünü hissə-hissə ödəməyə imkanım var.
Cavab: Suala əsasən, yaşadığınız və nisyə aldığınız evin xümsü yoxdur. Amma ticarət obyektinizin xümsünü ödəməlisiniz. Amma əgər xümsü ödədiyiniz halda əlinizdə qalan pulla məişət xərclərinizi qarşılayacaq və ürfi şəninizə (cəmiyyətdəki mövqe) uyğun bir işlə məşğul ola bilməyəcəksinizsə, xümsü ödəməkdən azadsınız.
119. Ötən il Həcc Təşkilatı həcc karvanına lazım olan əşyaları məndən satın aldı. Amma satdığım əşyaların pulunun 200 manatını cari ilin yayında aldım. Ötən il isə 800 manatını almışdım. Nəzərə alsaq ki, mən xüms ilinə sahibəm və hər il “məunə”dən artıq qalan gəlirin xümsünü verirəm, həmçinin həcc karvanına rəhbərlik etdiyim vaxtlarda hacıları idarə etmək üçün mənim sözügedən əşyalara ehtiyacım var idi və onları satdığım zaman qiyməti alış qiymətindən baha oldu, onların satışından əldə etdiyim pulun və ya qiymət fərqinin xümsünü verməliyəmmi?
Cavab: Əgər sözügedən əşyaları xümsü verilmiş pulla almısınızsa, onların satışından əldə etdiyiniz pulun xümsü yoxdur. Əks halda, onun xümsünü ödəməlisiniz. Hər iki halda isə, inflyasiya məbləğini çıxdıqdan sonra satış zamanı olan qiymət fərqi “satış ilinin gəliri”ndən hesab olunur.
Xümsü verilməmiş pul ilə alınan mağaza
120. Təxminən iyirmi il öncə bir mağaza almışam, amma xüms ilim olmayıb. Mağazanın alışına ödədiyim məbləğin xümsünü vermək kifayət edirmi, yoxsa mağazanın indiki qiymətinin xümsünü verməliyəm?
Cavab: Mağazanı satmayanadək onun alışına ödədiyiniz pulun xümsünü verməyiniz kifayət edir. Amma suala əsasən, pulun dəyərinin düşməsi barəsində mərcəyi-təqlidin vəkillərindən birinə müraciət və onunla müsalihə etməlisiniz.
İcarəyə verilən mənzil
121. Üç qardaş üç mərtəbəli ev alıb onun bir mərtəbəsində məskunlaşmış, digər iki mərtəbəni isə icarəyə veriblər. İcarəyə verilən mənzillərə xüms düşürmü? Bu, onların məişət xərclərindən sayılırmı?
Cavab: Əgər evi ilin gəlirindən yaşayış üçün alıb, amma hazırda yaşam ehtiyaclarını qarşılamaq üçün onun iki mərtəbəsini icarəyə veriblərsə, ona xüms düşmür. Amma əgər bəzi mərtəbələri icarəyə vermək və icarə pulu ilə yaşam ehtiyaclarını təmin etmək məqsədilə alıblarsa, evin həmin hissəsi sərmayə hökmündədir və xümsü var.
Xümsü verilmiş puldan əldə edilən gəlir
122. Əgər xümsü verilmiş pul ilə, məsələn, 100 manata bir xalça alsam və müəyyən vaxtdan sonra onu 150 manata satsam, xümsü verilmiş pula əlavə olan 50 manat gəlir sayılırmı və ona xüms düşürmü?
Cavab: Alış qiymətindən artıq olan məbləğ gəlir sayılır və ilin məişət xərclərindən artıq qalanına xüms düşür.
Banka depozit qoyulan pul
123. Banka depozit pul qoymağın belə bir üsulu da var ki, pul heç vaxt hesab sahibinin əlinə verilmir, amma onun bank hesabına müəyyən seriya ilə köçürülür. Bu pula xüms düşürmü?
Cavab: Əgər bu pul ilin gəlirindən olsa və bankdan onu almaq mümkün olsa, xüms ili tamamlananda onun xümsü verilməlidir.
İcbari depozit
124. Mən bankda işləyirəm. İşə düzəlmək üçün banka 5000 manat icbari depozit qoymuşam. Bu məbləğ öz adıma açılmış uzunmüddətli hesabdadır və hər ay pulun gəliri mənə ödənilir. Bank hesabına qoyduğum pulun xümsü mənə vacibdirmi? Qeyd etməliyəm ki, sözügedən məbləğ dörd ildir bankdadır.
Cavab: Əgər hal-hazırda həmin məbləği bankdan götürmək mümkün deyilsə, geri götürənədək onun xümsünü verməyiniz vacib deyil. Amma pulun illik gəliri məişət xərclərindən artıq qaldığı təqdirdə, onun xümsü vardır.
Qızıl sikkə
125. Əgər bir şəxsin qızıl sikkəsi varsa, onun xümsünü verməlidirmi?
Cavab: Əgər iş gəlirindən sayılsa, xümsün vacibliyi baxımından digər iş gəlirləri hökmündədir.
Qızıl sikkənin xümsünü onun özündən ödəmək
126. Qiymətlər artacaq deyə bir neçə qızıl sikkə aldım. Əgər xüms ili tamamlananda həmin sikkələrin beşdə birini xüms olaraq vermək istəsəm və niyyətim də bu olsa ki, sikkələrin özündən xüms verdiyimə görə daha gələcək illərdə sikkələrə və onların qiymət artımına xüms düşməsin, bu iş düzgündürmü?
Cavab: Sikkələrin xümsünü onun özündən vermək onların il ərzindəki qiymət artımına xüms düşməməsinə səbəb olmur. Əksinə, onların il ərzindəki qiymət artımına xüms düşür.
Qızılı yığmaq və ya banka qoymaq
127. Əgər bir şəxs qızılı sərmayə kimi yığsa və ya banka qoysa, hökmü nədir?
Cavab: Suala əsasən, onun xümsünü vermək vacibdir.
Boş və istifadə edilməyən torpaqları becərmək
128. Bir şəxs boş və istifadə edilməyən torpağı becərmək və meyvə ağacları əkib barından istifadə etmək məqsədilə orada dərin quyu qazıbdır. Nəzərə almaq lazımdır ki, əkilən ağaclar bir neçə ildən sonra bar verəcək və xərci də çoxdur. Bu şəxs bağa on min manatdan çox pul xərcləyib. Amma indiyədək onun xüms ili olmayıb və əmlakının xümsünü ödəməyib. Hal-hazırda isə xümsünü ödəmək üçün əmlakını hesablamaq qərarına gəlib. İndi görür ki, inflyasiya ilə əlaqədar olaraq quyu, torpaq və bağın qiyməti çəkilən ilkin xərclərin bir neçə misli qədər olmuşdur. Əgər onların indiki qiymətinin xümsünü vermək istəsə, buna maddi imkanı çatmaz. Yox əgər xümsü torpağın, bağın və s. özündən vermək istəsə, çətinliyə düşəcək. Çünki zəhmət çəkmiş və bağın barından özünün və ailəsinin məişət xərclərini təmin etmək ümidilə böyük xərclərə, çətinliklərə qatlaşmışdır. Əmlakının xümsünə dair onun vəzifəsi nədir? Xümsü rahat ödəyə bilsin deyə, xümsünü necə hesablamalıdır?
Cavab: Bağ salmaq üçün iş gəlirindən xərclədiyi pula xüms düşür. Əlbəttə, pulun dəyərinin fərqi barəsində mərcəyi-təqlidin vəkillərindən biri ilə müsalihə etməlidir.
Maşın növbəsini başqasına vermək
129. Maşın almaq üçün beh ünvanında müəyyən məbləğ pul ödəmişdim. Amma maşın təhvil verilən zaman əlimdə pul olmadığına və pulun qalanını ödəyə bilmədiyimə görə növbəmi atama verdim. O da maşını aldı. Həmin vaxtdan bir il keçmişdir və mənim beh ünvanında ödədiyim pulu atam mənə indi qaytarır. Əgər sözügedən pulu mənzil girovu olaraq ev sahibinə vermək istəsəm, xümsünü ayrıca ödəməliyəm?
Cavab: Əgər sözügedən pul il ərzindəki gəlirinizdən olubsa və xüms ilinin vaxtı keçibsə, xümsü var.
İş avadanlıqları
130. İş yerində istifadə olunan avadanlıqlara xüms düşürmü?
Cavab: İş alətləri və avadanlıqları sərmayə hökmündədir. Əgər iş gəlirindən alınıbsa, xümsü var.
131. Klinikada mövcud avadanlıqlara, o cümlədən, masa, oturacaq, şkaf, tablo və başqa əşyalara xüms düşürmü?
Cavab: Onlar sizin sərmayənizdir və xümsü var.
Ədalət səhmləri
132. Ədalət səhmlərinin xümsü varmı?
Cavab: Əgər dövlət tərəfindən paydırsa, xümsü yoxdur. Amma əgər kredit kimi verilibsə, xüms ilinin sonunadək iş gəlirindən ödənilən kreditlərin xümsü var.
Mağazadakı mallar
133. Mağazada satışa qoyulan malların xümsünü vermək vacibdirmi?
Cavab: Əgər iş gəlirindən alınıbsa, xümsü vacibdir.
Kənara qoyulan “rəddi-məzalim” (1)
134. “Rəddi-məzalim” ünvanında müəyyən məbləğ pul kənara qoymuşdum. Üzərindən bir il ötməsinə rəğmən, hələ də onu əlaqədar mərcəyi-təqlidə təhvil verə bilməmişəm. İndi ona xüms düşürmü? Əgər bu pulu banka qoysam, onun gəlirinə də xüms düşürmü?
Cavab: Əgər sözügedən pul ilin gəlirindəndirsə, xüms ili tamamlananda onun, həmçinin ondan əldə edilən gəlirin xümsünü ödəməlisiniz.
Həcc pulu
135. Həcc və Ziyarət Təşkilatının bankla razılaşması əsasında təməttö həccinə getmək istəyən şəxs banka müraciət edib müzaribə(2) müqaviləsi ünvanında öz adına olan bank hesabına, məsələn, 1000 manat köçürür və qəbz alır. Bu məbləğ həcc səfərinə gedənə kimi həmin şəxsin bank hesabında qalır. Yazılı müqaviləyə əsasən, hər ilin sonunda müzaribənin gəliri onun hesabına köçürülür. Həcc və Ziyarət Təşkilatı həcc ziyarətinə ad yazdıranların növbəsini qorumaq şərtilə, təxminən üç ildən sonra müraciət edənlərin növbəsini onlara bildirir və həccə getmək istədikləri halda onları həccə göndərir. Həcc növbəsi çatan şəxs bank hesabında müzaribə ünvanında olan məbləği geri alıb, qalan xərclərlə birlikdə sözügedən təşkilatın hesabına köçürür və həccə yollanır. Nəzərə alsaq ki, qeyd edilən müqavilə yazılıdır və pul sahibi ilə bank arasında şifahi danışıq olmur, şəxsin müzaribə gəliri ünvanında aldığı məbləğin hökmü nədir?
Cavab: Yuxarıda qeyd edildiyi şəkildə yazılı müqavilə əsasında olan bank əməliyyatlarının iradı yoxdur və müzaribə müqaviləsindən əldə edilən gəlir yatırımçı şəxsə halaldır. Hesaba qoyulan məbləğin özünə gəlincə, əgər xümsü verilməmiş iş gəlirindən olarsa, xümsü var. Əldə edilən gəlirə gəlincə isə, əgər həcc səfərinə getməmişdən öncə onu bankdan götürmək mümkün olmasa, əlinə aldığı ilin gəlirindən sayılacaqdır və həmin ildə həcc səfərinin xərclərinə sərf etdiyi təqdirdə xümsü yoxdur.
136. Həcc və ya ümrə ziyarətinin xərcləri üçün kənara qoyulan pula xüms düşürmü?
Cavab: Əgər il ərzindəki iş gəlirindən olarsa və xüms ilinin sonunadək xərclənməzsə, xümsünü vermək vacibdir.
Şərikli sərmayə və onun gəliri
137. Bir neçə şəxs şərikli şəkildə özəl orta məktəb açmaq qərarına gəldilər. İxtiyarlarında olan kiçik sərmayəni istifadə etdikdən sonra xərcləri qarşılamaqdan ötrü bankdan kredit götürməyi qərara aldılar. Həmçinin qərara aldılar ki, sərmayənin tamamlanması və bank kreditlərinin ödənilməsi üçün şəriklərin hər biri hər ay müəyyən məbləğ pul ödəməlidir. Sözügedən müəssisə hələ gəlirvermə mərhələsinə çatmayıb. Bu halda şəriklərin hər ay ödədikləri məbləğə xüms düşürmü? Müəssisənin dəyəri olan ümumi sərmayəyə xüms düşürmü?
Cavab: Hər bir şərik sərmayə ünvanında hər ay ödədiyi məbləğin, həmçinin başlanğıcda ortaq sərmayə ünvanında qoyduğu məbləğin xümsünü verməlidir. Hər bir şərik sərmayədən öz payının xümsünü verdikdən sonra ümumi sərmayəyə yenidən xüms düşmür.
138. Bir neçə ildir ki, mədəniyyət işçilərindən bir qrupu “Mədəniyyət İşçilərinin Əməkdaşlığı” adlı şirkət açmışdır. Başlanğıcda şirkətin sərmayəsi bir neçə mədəniyyət işçisinin qoyduğu məbləğdən – belə ki, onların hər biri 1000 manat qoymuşdu – ibarət idi. İlkin səmrayə az olsa da, səhmdarların sayının artması ilə hazırkı sərmayə təxminən 800000 manatdır və bundan əlavə, şirkətin maşınları da var. Şirkətin gəliri səhmdarlar arasında hər birinin səhmi nisbətində bölünür. Onların hər biri öz səhmini rahatlıqla götürüb, şirkətlə hesablaşa bilər. İndiyədək sərmayənin və gəlirin xümsü ödənməyib. Mən şirkətin idarə heyətinin sədri olaraq şirkətin sərmayə və gəlirinə xüms düşdüyü halda onu ödəyə bilərəmmi? Bu barədə səhmdarların razılığı şərtdirmi?
Cavab: Şirkətin sərmayəsinin və əldə edilən gəlirin xümsünü ödəmək sərmayədəki səhmi nisbətində hər bir səhmdarın vəzifəsidir. Əgər idarə heyətinin sədri bu işi görmək istəsə, şirkətin səhmdarlarından icazə və vəkalət almalıdır.
“99 illik layihə”nin satışından gələn gəlir
139. “99 illik layihə”nin satışından gələcəkdə mənim səhmim olacaq pula xüms düşürmü?
Cavab: Ondan gələn gəlir xüms ili tamamlananda ilin məişət xərclərinə sərf edilmədiyi təqdirdə, xümsü var.
İş üçün nəqliyyat vasitəsi
140. Bir şəxs illər sonra böyük səy və zəhmət hesabına bir yük maşını alıb və onunla işləyib pul qazanır. Amma maşının xümsünü verə bilməyibdir. Hazırda maşının kredit borcu bitsə də, köhnə model olduğuna görə cari qanunlar ondan köhnəni dəyişib yeni model maşın almağı tələb edir. Bu da öz növbəsində xərc tələb edir. Bu üzdən o, yeni kredit borclarını ödəmək məcburiyyətindədir. Nəzərə alsaq ki, maşının gəliri məişət xərclərini, kreditləri və xümsü ödəməyə çatmır, xüms borcunu ödəmək barəsində onun vəzifəsi nədir?
Cavab: Əgər maşının xümsünü ödədiyi təqdirdə onun satışdan qalan pul ilə öz ürfi şəninə uyğun məişət xərclərini təmin edə bilməyəcəksə, maşının xümsü yoxdur.
Torpaq sahəsinin qiymət artımı
141. İyirmi il öncə aşağı qiymətə alınan və hazırda qiyməti təxminən iyirmi dəfə artan, eyni zamanda xümsü ödənməyən torpaq sahəsinin xümsü barəsində hökm nədir?
Cavab: Əgər şəxs torpaq sahəsini iş gəliri və ya maaş ilə alıbsa, onun alışına ödədiyi məbləğin xümsünə zamindir. Amma alış qiyməti ilə hazırkı qiymət arasında böyük fərq olduğunu nəzərə alaraq, qiymət fərqi barəsində mərcəyi-təqlidin vəkili ilə müsalihə etməlidir.
Torpaq sahəsini alıb bahalaşması üçün saxlamaq
142. Bir şəxs əkin yeri və ya torpaq sahəsi alıb və qiymətlər bahalaşanda satmaq istəyir. Xüms ili başa çatdıqda onun xümsünü verməlidirmi? Halbuki onu hələ satmaq niyyətində deyildir? Əgər xümsünü verməlidirsə, alış qiymətinin xümsünü hesablamalıdır, yoxsa hazırkı qiymətin?
Cavab: Əgər torpaq sahəsini xümsü verilməmiş pul ilə alıbsa, xüms ili tamamlananda onun xümsünü ödəməlidir. Amma əgər xümsü verilmiş pul ilə alıbsa, xüms ili tamamlananda qiymət artımı və satış imkanı olduğu təqdirdə, xüms ilinin sonundakı qiymət artımının xümsünü ödəməlidir.
Səhmlərin satış pulu
143. Mən bir istehsal şirkətinin səhmdarı idim. Hər il şəri əmlak vergilərimi sizin nümayəndənizə ödəyirdim. Hazırda isə səhmimi satmış və şirkətlə hesablaşmışam. Aldığım məbləğə xüms düşürmü?
Cavab: Əgər şirkətdəki səhminizi xümsü verilmiş pul ilə, yaxud hədiyyə, irs və bu kimi xüms düşməyən pul ilə almışdınızsa, şirkətlə hesablaşdıqdan və səhminizin pulunu aldıqdan sonra həmin pula xüms düşmür. Amma alış və satış qiymətləri arasındakı fərq səhminizi satdığınız ilin gəlirindən sayılır və xüms ilinin sonunadək ilin məişət xərclərinə sərf edilmədiyi təqdirdə, xümsü var.
Xümsü verilmiş pul ilə alınan torpaq sahəsi
144. Bir şəxs xümsü verilmiş pul ilə torpaq sahəsi alıb və bir neçə ildən sonra onu satıb. Həmin pulun üstünə il ərzindəki gəlirindən müəyyən məbləğ pulu qoyaraq, başqa bir torpaq sahəsi alıb. İndi o, bu torpaq sahəsini də satmaq istəyir. Onun xümsü varmı?
Cavab: Əgər ticarət məqsədilə, yəni qiyməti bahalaşdıqdan sonra satıb gəlir əldə etmək məqsədilə alıbsa, xümsü verilmiş pulu çıxmaq şərtilə onun hazırkı qiymətinin xümsü var.
İstifadə məqsədi dəyişdirilən məkan
145. Bir obyekt başlanğıcda maşın duracağı məqsədilə tikilib, amma sonradan plan dəyişib və icarəyə verməkdən ötrü ticarət obyektinə çevrilib. Onun tikintisinə sərf edilən pula xüms düşürmü? Əgər xüms düşürsə, xümsü nə zaman ödənilməlidir?
Cavab: Əgər qeyd edilən məkan başlanğıcda duracaq məqsədilə tikilib və ən azı xüms ilinin sonunadək şəxsi duracaq kimi istifadə olunubsa, istifadəsi dəyişdirildiyinə görə xümsü yoxdur. Amma tikildiyi ilin ortalarında duracağı ticarət obyektinə çeviriblərsə, bu məkan sərmayə hökmündədir və xümsü var.
Yeni salınan bağ
146. Bir şəxs bir torpaq sahəsində ticarət məqsədilə bağ salıb. Xüms ili başa çatdıqda ağacların hələ bar vermədiyini nəzərə alaraq, təkcə torpağın xümsü verilməlidir, yoxsa ağacların da xümsü verilməlidir?
Cavab: Əgər meyvələrini satmaq məqsədilə bağ salıbsa, ilin gəlirindən ona xərclədiyi məbləğin hamısının xümsünü verməlidir. Əgər torpaq sahəsinə xüms düşmürdüsə və ya öncədən xümsü verilibsə, xümsü yoxdur. Əgər bağı satmaq istəsə, bağın satışa çıxarılması mümkün olduğu təqdirdə, xüms ili tamamlananda ona xərclənən məbləğin xümsündən əlavə, qiymət artımının da xümsünü ödəməlidir.
Pul şəklində qalan və ya mala çevirilən müzaribə pulu
147. Əgər müəyyən məbləğ pul bir il müddətinə müzaribəyə verilsə, digər tərəfdən xüms ilinin başlanğıcı müqavilə müddətinin əvvəlinə təsadüf etsə, habelə sərmayə qoyan şəxs istədiyi vaxt pulu geri almaq icazəsinə malik olsa, bu halda sərmayə qoyan şəxs müqaviləni dayandırmalı və pulun xümsünü ödəməlidirmi?
Cavab: Əgər müzaribəyə verdiyi pul il ərzindəki gəlirindən olsa, xüms ili tamamlananda bu pulun xümsünü ödəməlidir, baxmayaraq ki, həmin gün müzaribə müqaviləsinin əvvəlinə və ya ortasına təsadüf edir.
148. Əgər bir şəxs iş görülməsi üçün öz pulunu müzaribə ünvanında banka, yaxud şəxsə versə və xüms ili tamamlananda həmin pul iş görən tərəfin əlində mala çevirilmiş (mal şəklində) olsa, bu şəxs öz pulunun xümsünü verməlidirmi?
Cavab: Əgər banka qoyulan pul iş gəlirindən olub xümsü verilməmiş pul olsa və xüms ili tamamlananda geri alına bilsə, yaxud iş görən tərəfin aldığı mal satıla və pulu geri qaytarıla bilsə, xüms ili tamamlananda bu pulun xümsü verilməlidir.
Ticarət işi üçün xərclənən pul
149. Ticarətdən gəlir əldə etmək üçün çəkilən xərclərə xüms düşürmü?
Cavab: Ticarətdən gəlir əldə etmək məqsədilə ticarətlə əlaqədar işlərə, o cümlədən anbar tutulması, yükün daşınması və qapanda çəkilməsi, satış vasitəçiliyi kimi işlərə ilin gəlirindən xərclənən pul həmin ilin gəlirindən çıxılır və xümsü yoxdur.
Xüms düşən gəlirdən inflyasiyanı çıxmaq
150. İşim tikinti və satışdır. Xüms də verirəm. Torpaq sahəsi alıb orada bina tikir və satıram. Satışdan gələn pul üç qismə bölünür: əsas sərmayə, inflyasiya və gəlir. Nəzərə alsaq ki, mənim işim bina tikintisi və satışından ibarətdir və işin davamı üçün satılmış binanın (qeyd etməliyəm ki, xümsü verilmiş pulla tikilərək satılıb) yerinə başqa bir bina tikmək üçün əsas sərmayəni və inflyasiyadan irəli gələn xərcləri sərf etməliyəm, bu halda xümsü necə hesablamalıyam?
Cavab: Xümsü verilmiş sərmayənin xümsü yoxdur. Amma camaatın nəzərində gəlir sayılan məbləğin xümsü verilməlidir. Amma inflyasiyadan irəli gələn qiymət artımının – pulun dəyəri aşağı düşdüyünə görə bütün materiallar baha qiymətə alındığına görə – xümsü yoxdur.
Malın qiymətinin artması
151. İnflyasiya nəticəsində malın qiymətinin artması bazar qiymətinin qalxması hesab olunurmu?
Cavab: Əgər qiymətin artması inflyasiya, yəni pulun dəyərdən düşməsi nəticəsində olsa və hər şey baha qiymətə alınıb-satılsa, bazar qiymətinin qalxması hesab olunmur və bazar qiymətinin qalxmasının hökmləri ona aid edilmir.
İnflyasiyanı nəzərə alaraq bank gəlirləri
152. İnflyasiya olduğuna görə bankların depozitçilərə ödədiyi faiz (gəlir), əslində, pulun dəyər itkisinin qarşılığı olur. Bu halda bu gəlirə xüms düşürmü?
Cavab: Xüms ilinin sonunda gəlir sayılan məbləğə xüms düşür.
Borc sərmayə və onun gəliri
153. Həyat yoldaşım xalça toxuyur və sərmayəsi bizə aiddir. Biz sərmayəni borc almışdıq. Hazırda xalçanın bir hissəsi toxunub, yarısı isə qalır. Xüms ilimin sona çatdığını nəzərə alaraq, xalça toxunub qurtardıqdan sonra onu yaşam ehtiyaclarının təmini üçün satdığımız zaman xüms ilinin sonunadək toxunan hissəyə xüms düşəcəkmi, yoxsa yox? Sərmayəmizin xüms baxımından hökmü nədir?
Cavab: Xalçanın satış pulundan borc olan sərmayəni çıxdıqdan sonra qalan pul satış ilinin gəlirindən sayılır və məişət xərclərinə sərf edilmədiyi halda xüms ili tamamlananda xümsü var.
Xümsü verilməmiş toxum
154. Əkinçi xümsünü vermədiyi toxumla əkin əkib. Məhsul yığıldıqda təkcə məhsula xüms düşür, yoxsa toxumun da xümsü hesablanmalıdır?
Cavab: Toxumun xümsünə zamindir. Xüms ili tamamlananda məhsuldan və ya onun pulundan artıq qalanına da xüms düşür.
(1) Rəddi-məzalim – sahibi məlum olmayan və ya sahibi ilə əlaqə yaratmaq mümkün olmayan maldır və sahibi tərəfindən yoxsula sədəqə verilir.
(2) Müzaribə – ticarət məqsədilə iki şəxs arasında bağlanılan müqavilədir. Burada tərəflərdən biri sərmayə verir, digəri isə iş görür və gəlir əldə edildiyi halda müqaviləyə müvafiq olaraq bölünür.
- 3. HARAMA QARIŞMIŞ HALAL MAL
3. HARAMA QARIŞMIŞ HALAL MAL
Harama qarışmış malın halal olmasının yolu
155. Əgər haram bir mal insanın halal malına qarışarsa, bu malın hökmü nədir və necə halal ola bilər? Malın haramlığını bildikdə və ya bilmədikdə insanın vəzifəsi nədir?
Cavab: Əgər bir şəxs öz əmlakında haram malın olduğuna əmin olsa, lakin onun dəqiq miqdarını və sahibinin kimliyini bilməsə, onu halal etməyin yolu xümsünü verməkdir. Amma əgər malına haram malın qarışdığına şəkk edirsə, bu halda onun öhdəsinə heç nə düşmür.
Haram sərmayədən qazanılan malın halal edilməsi
156. Əgər sərmayəsi haram olan bir şəxs öz həyatını halallaşdırmaq istəsə, vəzifəsi nədir?
Cavab: Əgər haram malların sahibi məlumdursa, onların razılığı əldə edilməlidir. Amma əgər malların sahibini tanımırsa və ya onlarla əlaqə saxlamaq mümkün deyilsə, eyni halda malın miqdarı məlumdursa, “məchulul-malik”(1) hökmündədir və sahibi tərəfindən şəri yoxsula(2) sədəqə verilməlidir. Burada ehtiyata əsasən, şəri hakimdən(3) icazə alınmalıdır. Əgər haram malın həm miqdarı və həm də sahibi məlum olmasa, bu halda malın xümsünü verməlidir.
(1) Sahibi məlum olmayan mal.
(2) Şəri yoxsul o şəxsdir ki, özünün və ailəsinin il ərzindəki məişət xərclərini öz şəninə uyğun təmin edə bilmir.
(3) Mərcəyi-təqlid və ya mərcəyi-təqlid ilə əlaqə saxlamaq mümkün olmadığı halda onun vəkili.
- 4. MƏDƏN
4. MƏDƏN
Sual 157. Çıxarılan mədənin xümsünü verməyin vacib olduğunu nəzərə alaraq, dövlətə də çıxardığı mədənlərin xümsünü vermək vacibdirmi?
Nəzərinizə çatdırım ki, dövlət tərəfindən mədənlərin çıxarılması aşağıdakı üç surətdən xaric deyil:
1) Dövlət mədəni müstəqil şəkildə çıxarır və onun gəlirini xalqa xərcləyir. Bu surətdə dövlət mədəni çıxarıb onu başqa şəxsə bağışlayan və ya sədəqə verən hüquqi şəxs kimi olur. Qeyd etmək lazımdır ki, bu surətdə çıxarılan mədənə xüms düşür və xümsün vacibliyi dəlilləri ona da şamil olur.
2) Bütün xalq mədənin sahibi sayılır və dövlət xalqın vəkili olaraq mədəni çıxarır. Bu surətdə xüms xalqın hər bir fərdinə vacib olur, çünki mədəni çıxaran, əslində, xalqdır və xümsü ödəmək vəkilə deyil, müvəkkilə (vəkil tutana) vacibdir.
3) Dövlət xalqın başçısı olaraq mədəni çıxarır. Bu surətdə mədəni çıxaran ya başçının özüdür, ya da dövlət yalnız bir yardımçıdır və mədəni çıxaran xalqın özüdür. Bu surətdə də xümsü ödəmək vacib olur.
Digər tərəfdən də deyə bilmərik ki, dövlət çıxarılan mədənləri xalqa xərcləmək və ya hədiyyə etməklə xümsdən azad olur, çünki mədən nisab həddinə (lazımi miqdara) çatdıqda xüms vacib olur. Sizin bu mühüm məsələ barəsində nəzəriniz nədir?Cavab: Bir və ya bir neçə şəxsin şərikli şəkildə çıxardığı mədənə xüms vacib olur, əlbəttə, bu şərtlə ki, çıxarılan faydalı qazıntıdan şəxsin payı və ya şəriklərdən hər birinin payı çıxarma və saflaşdırma xərclərini çıxdıqdan sonra iyirmi dinar qızıl və ya iki yüz dirhəm gümüş dəyərində, yaxud da bu ikisindən birinin qiymətinə bərabər olmalıdır.
Bundan əlavə, xümsün vacib olmasının digər bir şərti çıxarılan faydalı qazıntının onu çıxaran şəxsin və ya şəxslərin əmlakı hesab olunmasıdır. Halbuki dövlətin çıxardığı mədən şəxs və ya şəxslərin əmlakı deyildir, əksinə, “cəhət əmlakı”dır(1). Bu səbəbdən xümsün vacib olmasının şərtinə malik deyildir. Nəticədə, dövlət və hökumətə xümsün vacib olmasına əsas qalmır. Bu isə, mədənə xümsün vacibliyinə dair bir istisna deyildir.(1) Hüquqi mülkiyyətdir, məsələn, dövlət, məscid və ya hüseyniyyənin bir şeyə malik olması.
- 5. TAPILAN XƏZİNƏ
5. TAPILAN XƏZİNƏ
158. Şəxsin malik olduğu ərazidən tapdığı xəzinə haqqında sizin nəzəriniz nədir?
Cavab: Bu kimi məsələlərdə İslam Respublikasının qanunları icra olunur.
- İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
XÜMSÜN VACİB OLDUĞU HALLAR
1) İlin məişət xərclərindən artıq qalan gəlir
• Xüms ili tamamlananda gəlirdən artıq qalan məbləğin xümsü verilməlidir və bu, ehtiyat saxlanılan pul, yaxud istifadə edilməyən mal şəklində ola bilər.
• Xüms ili tamamlananda əldə edilməsi mümkün olmayan gecikmiş maaş və ya əlavə iş saatlarının əmək haqqı hansı ildə əldə edilərsə, həmin ilin gəlirindən sayılacaqdır. Həmin ilin məişət xərclərinə sərf edildiyi halda xümsü yoxdur. Xüms ili tamamlananda əldə edilməsi mümkün olan gecikmiş maaş və ya əlavə iş saatlarının əmək haqqının isə xümsü vacibdir, baxmayaraq ki, şəxsin əlinə hələ çatmamışdır.
• Xüms ili tamamlanmamışdan öncə görəcəyi iş üçün beh ünvanında pul alan şəxs behin hansı miqdarı qarşılığında iş görübsə, həmin miqdara xüms düşəcəkdir.
• Əgər pensiya pulu və ya istifadə edilməyən məzuniyyət müqabilində ödənilən pul xüms ili tamamlananadək istifadəsiz qalarsa, xümsü vacibdir.
• Hər ay işçininin maaşından tutulan və pensiyaya çıxdığı zaman iki misli qaytarılan məbləğ əgər xüms ili tamamlananadək geri alına bilərsə, xümsü var və onu aldıqda xümsü dərhal ödənilməlidir. Amma əgər geri alına bilməzsə və maaşdan işçinin icazəsi ilə tutulmayıbsa, xüms ili tamamlananadək istifadəsiz qaldığı təqdirdə xümsü vardır.
• Xüms ili tamamlananda artıq qalan pulu mala və ya qızıl sikkəyə çevirmək, hətta onu yeni xüms ilində satıb məişət xərclərinə sərf etmək məqsədilə olsa belə, xümsün vacibliyini aradan qaldırmır. Qarşıdakı bir neçə günün məişət xərclərinə sərf etməli olduğu və xümsü verdikdə ehtiyaclarını qarşılaya bilməyəcəyi təqdirdə isə, artıq qalan pulun xümsü yoxdur və bu hal istisnadır.
• Əgər bir şəxs başqa bir şəxsə pul borc versə və xüms ili tamamlananda onu geri ala bilsə, xümsünü ödəməlidir. Amma əgər borcunu geri ala bilməsə, geri aldığı vaxt xümsünü ödəməlidir.
• Borc pul və ya pul krediti xərclənmədiyi təqdirdə ona xüms düşmür. Amma əgər borcdan müəyyən məbləğ qaytarılıbsa, qaytarılan məbləğin xümsü verilməlidir.
• Əgər banka qoyulan depozit ilin gəlirindən olarsa, hətta “qərzül-həsənə” (sələmsiz borc) ünvanında olsa belə, xümsü vacibdir.
• Bankdan pul krediti götürüldüyü zaman bankın dondurduğu pul ilin gəlirindən olduğu təqdirdə xümsü var və bu pul geri alındığı zaman xümsü ödənməlidir.
• İcarəçinin girov ünvanında eh sahibinə verdiyi pul əgər iş gəlirindən olsa, onu ev savibindən geri aldıqda xümsünü dərhal verməlidir. Amma əgər ev icarəyə götürmək üçün bu pula ehtiyacı varsa, mərcəyi-təqlidin vəkilindən icazə almaq şərtilə ehtiyacını aradan qaldırdıqdan sonra xümsünü verməlidir. Bu pulun xümsü onu borc ünvanında alan ev sahibinin öhdəsində deyildir.
• Ev tikintisi üçün şəxsin kooperativ mənzil şirkətinə verdiyi pul – belə ki, nəzərdə tutulan məbləğ yığıldıqdan sonra ev tikintisinə xərclənəcəkdir – ilin gəlirindən olduğu və tikinti işlərinə xərclənənədək şəxsin mülkiyyətində qaldığı təqdirdə, xümsünü ödəməlidir. Amma əgər şirkətin mülkiyyətinə keçərsə, xümsü yoxdur.
• Tanışlar arasında təşkil edilən “qərzül-həsənə” büdcəsinin hər bir üzvü öz xümsünü ayrıca hesablamalıdır.
Belə ki, hər bir üzv büdcəyə hər ay müəyyən məbləğ pul verir və yığılan pul püşk vasitəsilə hər ay üzvlərin birinə borc verilir. Beləliklə, əgər şəxsin borc şəklində götürdüyü pulun müəyyən məbləği öncədən verdiyi puldursa və əvvəlki ilin gəlirindəndirsə, onun xümsünü verməlidir. Amma əgər cari ilin gəlirindəndirsə, xüms ili tamamlananadək istifadəsiz qaldığı halda xümsü vacibdir.2) Sərmayə
• Sərmayə – o pula-mala deyilir ki, onun vasitəsilə gəlir əldə edilir. Deməli, aşağıdakı hallarda xümsü ödəmək vacibdir:
1. Banka qoyulan depozit;
2. Müzaribəyə verilən pul;
3. İş görmək üçün alınan maşın, məsələn, yük maşını, avtobus, taksi və s.;
4. İş alətləri və avadanlıqları, ticarət yerində lazım olan əşyalar, məsələn, masa, oturacaq və s.;
5. İcarəyə vermək üçün alınan yaşayış və ticarət məkanları;
6. Sərmayə qoymaq və gəlir əldə etmək məqsədilə ehtiyat saxlanılan torpaq sahəsi;
7. Əkinçilik məqsədilə alınan bağ və torpaq ərazisi;
8. Gəlir əldə etmək məqsədilə torpağın əkilməsinə çəkilən xərc;
9. Satmaq üçün alınan mal.
* İki mühüm məsələ:
1. Əgər yuxarıda qeyd edilən hallarda xümsü ödənilmiş puldan, yaxud xüms düşməyən puldan istifadə edilibsə, xüms vacib olmur.
2. Əgər şəxs əsas sərmayənin xümsünü verdiyi təqdirdə yerdə qalan məbləğ ilə öz ürfi şəninə və ictimai mövqeyinə münasib olan məişət xərclərini təmin edə bilməyəcəksə, sərmayənin xümsü yoxdur.
• Axırıncı bənd istisna olmaqla, əgər yuxarıdakı səkkiz bənddə sadalananlar xümsü verilməmiş pul ilə alınıbsa, alış pulunun xümsü verilməlidir. Qiymət artımı isə satış ilinin gəlirindən sayılır və xüms ili tamamlananadək istifadəsiz qaldığı təqdirdə, xümsü verilməlidir. Amma satmaq üçün alınan malların qiymət artımına xüms ili tamamlananda xüms düşür, əlbəttə, bu şərtlə ki, satışı mümkün olduğu halda malın bahalaşmasını gözləmiş və onu satmamışdır.
• Əgər ilin gəliri ilə şəxsi istifadə üçün ev və ya digər əşyalar alınsa və xüms ilinə sahib olanlar xüms ili tamamlananadək, xüms ilinə sahib olmayanlar isə bir ilədək ondan istifadə etsələr, sonra yaşam ehtiyaclarından ötrü onu icarəyə versələr, bu evin və ya əşyaların xümsü yoxdur.
• Ticarətdən gəlir əldə etməkdən ötrü ticarətlə əlaqədar işlərə, o cümlədən, anbar tutulması, yükün daşınması və qapanda çəkilməsi, satış vasitəçiliyi kimi işlərə ilin gəlirindən sərf edilən məbləğ həmin ilin gəlirindən çıxılır və xümsü yoxdur.
• Xümsü verilmiş sərmayənin xümsü yoxdur. Həmçinin inflyasiyadan, yəni pulun öz dəyərini itirməsindən irəli gələn qiymət artımının – belə ki, hər şey daha artıq pulla alış-veriş edilir – xümsü yoxdur.
• Borc alınmış sərmayənin xümsü yoxdur.
3) Harama qarışmış mal
Əgər bir şəxs öz əmlakında haram malın olduğunu bilirsə, bu, bir neçə qismə ayrılır:
1. Haram malın dəqiq miqdarını və sahibinin kimliyini bilmir. Bu halda malı halal etməyin yolu onun xümsünü verməkdir. Amma əgər əmlakına haram malın qarışdığına şəkk edirsə, öhdəsində heç nə yoxdur.
2. Haram malın sahibləri məlumdur. Bu halda onların razılığı əldə edilməlidir.
3. Haram malın sahibi məlum deyildir və ya onunla əlaqə saxlamaq qeyri-mümkündür, amma haram malın miqdarı məlumdur. Bu halda bu mal onun sahibinin adından şəri yoxsula sədəqə verilməlidir. Burada ehtiyata görə, şəri hakimdən icazə almalıdır.
4) Mədən
Bir və ya bir neçə şəxsin şərikli şəkildə çıxardığı mədənə xüms vacib olur, əlbəttə, bu şərtlə ki, çıxarılan faydalı qazıntıdan şəxsin payı və ya şəriklərdən hər birinin payı çıxarma və saflaşdırma xərclərini çıxdıqdan sonra iyirmi dinar qızıl və ya iki yüz dirhəm gümüş dəyərində, yaxud da bu ikisindən birinin qiymətinə bərabər olmalıdır.
Bundan əlavə, xümsün vacib olmasının digər bir şərti çıxarılan faydalı qazıntının onu çıxaran şəxsin və ya şəxslərin əmlakı hesab olunmasıdır. Halbuki dövlətin çıxardığı mədən şəxs və ya şəxslərin əmlakı deyildir, əksinə, “cəhət əmlakı”dır. Bu səbəbdən xümsün vacib olmasının şərtinə malik deyildir. Nəticədə, dövlət və hökumətə xümsün vacib olmasına əsas qalmır. Bu isə, mədənə xümsün vacibliyinə dair bir istisna deyildir.5) Xəzinə
Xəzinənin tapılması barədə qanunlar olduğunu nəzərə alaraq, bu kimi məsələlərdə İslam Respublikasının qanunları əsas götürülür.
-
- ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
- Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
- Altıncı fəsil: Xümsün müxtəlif məsələləri