Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
      Çap versiyası  ;  PDF
       
      9. “Məunə”yə sərf edilən vəsait

       

      “Məunə”yə xümsün vacib olmamasında meyar
      196. “Məunə”yə xümsün vacib olmamasında meyar, onu il əzrində istifadə etməkdir? Yoxsa il ərzində ona ehtiyacın olması kifayət edir, baxmayaraq ki, onun istifadəsi üçün bir durum qarşıya çıxmamışdır? 
      Cavab: Geyim, xalça-palaz və bu kimi “istifadəsi zamanı aradan getməyən əşyalar”da il ərzində onlara “ehtiyacın olması” meyar götürülür. (Yəni əgər bir xalça yalnız qonaq üçün istifadə edilirsə, xüms ilinin sonunadək qonaq gəlsə də, gəlməsə də həmin xalça hər ilin ehtiyacından sayılır.) Amma düyü, yağ və bu kimi “istifadəsi zamanı aradan gedən əşyalar”da “istifadə etmək” meyar götürülür. Deməli, əgər xüms ilinin sonunda bunlardan artıq qalarsa, xümsü verilməlidir.

       

      197. Bir şəxsin öz şəninə və ictimai mövqeyinə uyğun olan, habelə ailəsinə ev tikmək üçün ehtiyacı olan ikinci torpaq sahəsi vardır. Amma xüms ili ərzində evi tikməyə və ya bir il ərzində tikintini tamamlamağa imkanı yoxdur. Belə olan halda həmin torpaq sahəsinin xümsünü verməlidirmi?
      Cavab: Yaşayış evi tikmək üçün insanın ehtiyacı olan torpaq sahəsinə xüms vacib olmur və bu məsələdə bir və ya bir neçə torpaq sahəsinə, yaxud bir və ya bir neçə evə sahib olmaq arasında fərq yoxdur. Bu məsələdə meyar, həmin torpaq sahəsinin və ya evin şəxsin şəninə və ictimai mövqeyinə uyğun olmasıdır.

       

      198. Evdə bir qab-qacaq dəsti vardır. Onun bəzi parçalarından istifadə etmək həmin dəstə xümsün düşməməsi üçün kifayət edirmi?  
      Cavab: Əgər bu qab-qacaq dəsti şəxsin ictimai mövqeyinə və ürfü şəninə uyğundursa, habelə ona ehtiyacı varsa, il ərzində ondan istifadə etməsə belə, xümsü yoxdur.

       

      Xümsü verilməmiş pul ilə tikilən ev
      199. Xümsü verilməmiş pul ilə illər öncə tikilən bir evə xüms düşürmü? Əgər bu evə xüms düşürsə, xüms onun indiki qiyməti ilə hesablanacaq, yoxsa tikildiyi vaxtın qiyməti ilə? 
      Cavab: Əgər ev il ərzindəki gəlirdən yaşayış üçün tikilibsə, xümsü yoxdur. Amma əgər xüms ili tamamlanan gəlirdən tikilibsə, evin tikintisində xərclənən pulun xümsü verilməlidir.

       

      Öncədən alınıb saxlanılan kəfən
      200. Bir şəxs kəfən alıb və neçə illər saxlayıb. Bu kəfənin xümsünü verməlidirmi? Onun indiki qiymətinin xümsünü verməlidir, yoxsa alış qiymətinin?
      Cavab: Əgər kəfəni xümsü verilmiş pul ilə alıbsa, (neçə il saxlasa da,) xümsü yoxdur. Yox əgər xümsü verilməmiş pul ilə alıbsa, kəfənin alış qiymətinin xümsünü verməlidir. Əgər kəfəni aldığı vaxtdan indiyədək pulun dəyəri düşübsə, ehtiyat-vacibə görə, bu barədə öz mərcəyi-təqlidinin vəkili ilə müsalihə etməlidir.

       

      Xümsdən yayınmaq məqsədilə pulu-malı xərcləmək
      201. Əgər bir şəxs xümsdən yayınmaq məqsədilə xüms ili tamamlanmamış əmlakını xərcləməyə başlasa, məsələn, ziyarətlərə və müstəhəb həccə getsə, yaxud ehtiyacı olmayan ev əşyaları alsa, yaxud avtomibilini dəyişsə və s., bu işlər nəticəsində xüms bu şəxsin üzərindən götürülürmü? Bu işin hökmü nədir? 
      Cavab: Məişət xərclərinə sərf etdiyi pulun, hətta sualda qeyd edildiyi kimi olsa belə, xümsü yoxdur. Amma əgər ehtiyacı olmayan əşyalar alıbsa, xümsün vacibliyi onun üzərindən götürülmür. 

       

      Məişət və ev əşyalarının xümsünün hesablanması
      202. Məişət və ev əşyalarının xümsü necə hesablanır?
      Cavab: İstifadəsi zamanı aradan getməyən əşyaların, məsələn, xalça-palaz və s., xümsü yoxdur. Amma əgər düyü, yağ və bu kimi gündəlik istifadəyə ehtiyac olan ərzaqlar xüms ilinin sonunda artıq qalarsa, xümsü verilməlidir.
       
      203. Əgər döşənəcək (xalça, kilim, palaz) və qab-qacaq il ərzində təsadüfən istifadə edilməzsə, amma qonaq gəldiyi vaxtlarda ona ehtiyac vardırsa, bu əşyaların xümsünü vermək vacib olurmu?
      Cavab: Sualda deyilənlərə əsasən, xüms vacib olmur.

       

      Maşını növbəti xüms ilində təhvil almaq
      204. Əgər xüms ilim başa çatmamış il ərzindəki gəlirim ilə maşının pulunu ödəsəm, amma maşını növbəti xüms ilində təhvil alsam, maşının puluna xüms düşürmü?
      Cavab: Əgər maşın almaq sizin ürfi şəninizə uyğun olubsa və onu almısınızsa, həmçinin ödənilən pul maşının pulunun bir qismi ünvanında olubsa, xümsü yoxdur. Əks halda isə, xümsü var.
       
      Ev almaq üçün ilkin ödəniş
      205. Mən bir şirkətə on min manat ilkin ödəniş etmişəm, belə ki, bu şirkət yaxın gələcəkdə mənə ev üçün torpaq sahəsi verəcəkdir. Ödəniş etdiyim tarixdən bir il ötmüşdür. Digər tərəfdən də ödədiyim pulun bir qismi özümünkü idi, digər qismini isə borc almışdım. İndi borcun da bir hissəsini qaytarmışam. İlkin ödəniş etdiyim pula xüms düşürmü? Əgər düşürsə, məbləği nə qədərdir? 
      Cavab: Əgər ehtiyacınız olan evi tikmək üçün torpaq sahəsi almaq ilkin ödəniş etməyə bağlıdırsa, hətta bu pul sizin il ərzindəki gəlirinizdən olsa belə, ödənilən məbləğin xümsü yoxdur.

       

      Şəxsi kitablar
      206. Tehranın beynəlxalq kitab sərgisindən kitab almaq üçün öncədən ödənilən pula xüms düşürmü? Nəzərə almaq lazımdır ki, kitablar hələ göndərilməyib?
      Cavab: Əgər qeyd edilən kitablara ehtiyacınız varsa və sizin ürfi şəninizə uyğundursa, ödənilən pulun xümsü yoxdur.

       

      207. “Vəsailuş-Şiə” kimi çoxcildli kitabların bir cildini istifadə etməklə digər cildlərdən xüms götürülürmü? Yoxsa hər cilddən bir səhifə oxunmalıdır?
      Cavab: Əgər çoxcildli kitabın bütün cildlərinə ehtiyac varsa, yaxud lazım olan cildi əldə etmək üçün bütün cildləri almaq məcburiyyəti mövcuddursa, belə kitabın xümsü yoxdur. Əks halda isə, istifadə edilməyən cildlərin xümsü verilməlidir. Hər cilddən bir səhifə oxumaq xümsün vacibliyinin aradan qalxması üçün kifayət etmir.

       

      208. Tələbələrin sonrakı illər üçün aldığı dərsliklərə ilin sonunda xüms düşürmü?
      Cavab: Əgər bu kitablara ehtiyacları varsa və onların ürfi şəninə uyğundursa, xümsü yoxdur.

       

      Ərin öz arvadına aldığı qızıl
      209. Ərin öz arvadına aldığı qızıla xüms düşürmü?
      Cavab: Əgər adi həddə və qadının şəninə uyğun olarsa, ilin məişət xərclərindən hesab edilir və xümsü yoxdur.

       

      Uşağa hədiyyə edilən pulun hökmü
      210. Əgər uşaq üçün müəyyən məbləğ pul kənara qoyulsa, ümumiyyətlə hədiyyə olaraq ona bağışlansa, bu pula xüms düşürmü?
      Cavab: Əgər hədiyyə şəri baxımdan düzgün qaydada olarsa və xümsdən yayınmaq məqsədilə olmazsa, hədiyyə edilən pula xüms düşmür.

       

      Sovqat
      211. Ziyarət səfərlərində geyim və ya başqa şeylər sovqat alırıq, amma bəzən elə olur ki, onlardan artıq qalır və başqa vaxtlarda pay vermək üçün saxlayırıq. Onların xümsünün hökmü nədir?
      Cavab: Əgər qeyd edilən əşyalar ilin gəlirindən alınıbsa və xüms ilinin sonunadək pay verilərsə, xümsü yoxdur. Əks halda, xümsü verilməlidir.

       

      Xümsdən yayınmaq məqsədilə həyat yoldaşına pul bağışlamaq
      212. Əgər ər və arvad ev almaq üçün yığdıqları pula xüms düşməsin deyə öz pullarını bir-birinə bağışlasalar, bunun şəri baxımdan iradı varmı? 
      Cavab: Deyilən qaydada xümsdən yayınmaq mükəlləfin üzərindən şəri vəzifənin götürülməsinə səbəb olmur.

       

      213. Mənim xüms ilim təqvim ilinin onuncu ayının son günü başa çatır. Onuncu ayın axırlarında aldığım maaşa xüms düşürmü? Əgər maaşı alıb xərclədikdən sonra ondan artıq qalan məbləği – belə ki, bu məbləğ adəti üzrə növbəti maaşadək xərclik kimi kənara qoyulur – həyat yoldaşıma hədiyyə versəm, ona xüms düşürmü?  
      Cavab: Xüms ili başa çatmamış və ya xüms ilinin sonuna bir gün qalmış ala biləcəyiniz maaşdan əgər xüms ilinin sonunda məişət xərclərindən artıq qalarsa, həmin məbləğin xümsünü verməlisiniz. Amma həmin məbləği öz həyat yoldaşınıza və ya başqa bir şəxsə hədiyyə verməyiniz formal və xümsdən yayınmaq məqsədilə olmazsa, habelə ürfi şəninizə uyğun olarsa, xümsü yoxdur.
       
      214. Əmlak və gəlirlərinə xüms düşməsin deyə ər və arvad xüms ili başa çatmamışdan öncə ilin gəlirinin məişət xərclərindən artıq qalan hissəsini bir-birinə hədiyyə edirlər. Xahiş edirəm, onların xüms hökmünü açıqlayın.  
      Cavab: Xümsdən yayınmaq məqsədilə olan belə formal hədiyyə nəticəsində vacib xüms onların boyunundan götürülmür.

       

      Cehizlik üçün uşağın adına açılan bank hesabına pul köçürmək
      215. Mənim doqquz yaşında bir qızım var və mən indidən onun adına bankda hesab açdırmış, hər ay bu hesaba müəyyən məbləğ pul köçürürəm. Məqsədim, bu pul ilə gələcəkdə ona cehiz almaqdır. Bu pula xüms düşürmü?
      Cavab: Əgər bu pulu öz övladınıza həqiqətən hədiyyə etmisinizsə və bu hədiyyə sizin şəninizə uyğundursa, xümsü yoxdur. Amma əgər pulu ona hədiyyə etməmisinizsə və sırf onun adına ehtiyatda yığırsınızsa, xümsü var.
       
      Cehizlik məqsədilə alınan əşyanın başqa məqsədlə istifadə edilməsi
      216. Əvvəldə cehizlik məqsədilə alınan bir əşya bir neçə ildən sonra başqa məqsədlə istifadə edilə bilərmi? Bu əşyaya xüms düşürmü?
      Cavab: Əgər başqa məqsədlə istifadə edilərsə, cehizlik hökmündə deyildir.
       
      Cehizlik əşyanı daha yaxşısı ilə dəyişmək
      217. Bir şəxs tədricən cehizlik əşyalar alıb, amma indi həmin əşyalar dəbdən düşüb. Buna görə də onları daha yaxşısı ilə dəyişmək (yəni onları satıb puluna daha yaxşısını almaq) istəyir. Dəbdən düşmüş cehizlik əşyaları satarkən onların xümsünü verməlidirmi, yoxsa yox? 
      Cavab: Əgər satıb eyni əşyalardan dəbdə olanını alarsa, xümsü yoxdur. Amma satıb başqa bir şey alarsa, yaxud onun pulunu öz məişət xərclərinə istifadə edərsə, (cehizlik əşyanın xüms ili tamamlandığı təqdirdə) xümsün vacibliyi hökmü ona aid olur.
       
      218. Əgər qızın atası qızının dəbdən düşmüş cehizlik əşyalarını götürüb istifadə edərsə və yerinə daha yaxşısını alarsa, bunun (xüms baxımından) hökmü nədir? 
      Cavab: Əgər həmin əşyaları ata öz qızına bağışlayıbsa və ona veribsə, indi də qızı atasına geri verirsə, xümsü yoxdur. Əks halda, xümsü vardır.

       

      Cehizliyin pulunu qıza vermək
      219. Əgər özünə cehiz alsın cehizliyin pulunu qıza versək, bu pula xüms düşürmü?
      Cavab: Əgər hədiyyə etdiyiniz məbləğ sizin ürfü şəninizə uyğundursa və pulu xüms iliniz başa çatmamışdan öncə hədiyyə etmisinizsə, xümsü yoxdur.

       

      Cehizlik əşyaları hədiyyə etmək 
      220. Əgər cehizlik əşyaların alındığı vaxtdan bir neçə il ötdükdən sonra bunlar qıza verilməsə, əksinə, kasıb bir insana bağışlansa, bu əşyalara xüms düşürmü?
      Cavab: Sualda deyilənlərə əsasən, xümsü var.
       
      Oğlanın cehizliyi
      221. Bəzi regionlarda adətdir ki, oğlanın da ailəsi ev əşyaları alıb oğlana cehizlik verirlər. Əgər oğlanın ailəsi bu əşyaları tədricən alıb yığsa və əşyaların alındığı vaxtdan bir il keçsə, bu əşyaların hökmü nədir? 
      Cavab: Əgər gələcək üçün məişət əşyalarını öncədən alıb yığmaq ürfə görə məişət xərclərindən sayılırsa, xümsü yoxdur. 
       
      Zinət əşyaları və kolleksiyalar
      222. Əgər bir şəxs hər ay öz gəlirindən ürfi şəninə uyğun olan qızıl alırsa, bu qızıla xüms düşürmü?
      Cavab: Sualda deyilənlərə əsasən, əgər qızıl bəzək əşyaları onun ürfi şəninə uyğun olan bəzək üçün olarsa, xümsü yoxdur.
       
      223. Evdə (qəfəsdə) saxlanılan quşlara və akvarium balıqlarına xüms düşürmü? Xüsusilə də, əgər bahalı quşlar və balıqlardırsa, yaxud dekorosiya məqsədi daşıyırsa? 
      Cavab: Əgər şəxsin məunəsindən və ürfi şənindən artıq olarsa, habelə xüms ili ərzindəki gəlirdən alınarsa, xümsü vardır. Əks halda, xümsü yoxdur.

       

      Sədəqələr və yardımlar
      224. Şəxsin məktəb tikintisinə, seldən zərər çəkmişlərə yardım və başqa xeyriyyə işlərinə xərclədiyi pullar ilin “məunə”sindən (məişət xərclərindən) sayılırmı? Bu pullara xüms düşmürmü? 
      Cavab: Bu kimi işlərə xərclənən pullar ilin məişət xərclərindən, yəni “məunə”sindən sayılır və xümsü yoxdur.
       
      Dövlət vergilərinin ilin gəlirindən çıxılması
      225. Mən hicri-şəmsi 1382-ci ildə mağazamın sərmayəsinin illik xümsünü hesabladım. Növbəti il, yəni hicri-şəmsi 1383-cü ildə illik xümsümü hesablayarkən 1381 və 1382-ci illərin dövlət vergilərini də ödəməli olduğumu başa düşdüm. Nəzərə alsaq ki, mən vergilərə borcum olduğundan xəbərsiz idim, 1383-cü ilin xümsünü hesablayarkən 1381 və 1382-ci illərin dövlət vergilərini sərmayədən çıxa bilərəmmi? 
      Cavab: Hər ilin borcu həmin ilin gəlirindən çıxılmalıdır və yerdə qalan gəlir “məunə”dən artıq qaldığı təqdirdə, onun xümsü verilməlidir. Həmçinin əgər əvvəlki illərin vergi borclarını bu il xüms iliniz başa çatmamışdan öncə ödəsəniz, “məunə”nizdən sayılır.
       
      Həcc ziyarəti üçün öncədən ödənilən pul
      Mərhumun həcc ziyarəti üçün pulun köçürüldüyünü təsdiq edən qəbz
      226. Bir şəxs müstəhəb həcc ziyarətinə getmək üçün öncədən Həcc Təşkilatının bank hesabına pul köçürüb, amma həccə getməmişdən öncə vəfat edib. Bu pulun hökmü nədir? Bu pul ilə mərhumun əvəzinə ziyarət yerinə yetirməsi üçün naib tutmaq vacibdirmi? Bu pula xüms düşürmü?  
      Cavab: Öncədən Həcc Təşkilatının bank hesabına köçürülən pul mərhumdan qalan irs sayılır. Əgər mərhumun boynunda vacib həcc yoxdursa və onun əvəzinə həcc yerinə yetirilməsini də vəsiyyət etməyibsə, onun əvəzinə ziyarət yerinə yetirməsi üçün naib tutmaq vacib deyil. Əgər həmin pulun xümsü öncədən verilməyibsə, sualda deyilənlərə əsasən, xümsü verilməlidir. 

       

      Qonaqlıq xərclərinin xümsü
      227. Bir şəxs qonaqdır və onun bütün xərcləri də başqa bir şəxs tərəfindən ödənilir. Bu halda ev sahibi xərclərin xümsünü verməlidirmi?  
      Cavab: Sözügedən xərclər adi həddə olduğu təqdirdə, xümsü yoxdur.
       
      Az istifadə edilən mülk
      228. Mən pensiyaya çıxmış bir işçisiyəm. Pensiyaya çıxmamışdan öncə bankdan və bir neçə müəssisədən pul krediti götürüb Məşhəddə ev aldım. Məqsədim pensiyaya çıxdıqdan sonra bu evdə yaşamaq idi. Həmçinin həmkarlarımla birlikdə ölkənin şimalında ev tikmək üçün bir torpaq sahəsini kreditlə almışdıq. Pensiyaya çıxdıqda qanunlar əsasında dövlət mənə müəyyən məbləğ pul verdi və mən bu pul ilə Məşhəddəki evim üçün bankdan götürdüyüm pul kreditini, həmçinin şimaldakı torpaq sahəsinin satıcısına olan borcumu tam ödədim. Yalnız evi almaq üçün bəzi müəssisələrdən götürdüyüm borcum qaldı və buna görə bir neçə il hər ay 150 manat ödəməliyəm. Digər tərəfdən iş qabiliyyətim olduğuna görə hələ də işləyirəm. Qeyd etməliyəm ki, hələ Məşhəddəki evə köçüb yaşamıram, sadəcə il ərzində özüm, ailəm və bəzən də qohumlarım o evdən bir neçə dəfə istifadə edirik. Həmçinin şimaldakı torpaq sahəsi də şəriklər arasında bölündükdən sonra olduğu kimi qalıb və orada ev tikib istifadə etməyə maddi imkanım yoxdur. Sualım budur ki, mənim əmlakıma xüms düşürmü, yoxsa yox? Əgər düşürsə, indiki qiymətlə hesablamalıyam, yoxsa alış qiymətilə?  
      Cavab: Əgər Məşhəddə evinizin olması sizin ürfi şəninizə uyğundursa, evin xümsü yoxdur. Əks halda, Məşhəddəki eviniz, həmçinin digər mülkünüz üçün gəlirinizdən ödədiyiniz məbləğin xümsünü verməlisiniz. Hansı qiymət əsasında xümsü hesablamalı olduğunuza gəlincə isə, əgər siz həmin mülkü qiymətlər bahalaşdıqda satıb gəlir əldə etmək məqsədilə almamısınızsa, mülkə xüms düşdüyü halda onu satmayanadək yalnız alış qiymətinin xümsünü verməlisiniz. Satdıqda isə, alış və satışın qiymət fərqi satış ilinin gəliri sayılır və xüms ilinin sonunadək məunəyə sərf edilmədiyi halda ona xüms düşür.
       
      İstirahət məqsədli torpaq sahəsi və ya bağ almaq
      229. Ailəmin istifadəsi və istirahəti üçün (bağ salmağa və əkinə yararlı olan) bir torpaq sahəsi almışam. Bu torpaq sahəsinə xüms düşürmü? Əgər xüms düşürsə, ona çəkdiyim xərclərə, məsələn, hasar çəkilməsi, ağac əkilməsi və s. bu kimi işlər üçün çəkdiyim xərclərə də xüms düşürmü? Qeyd etməliyəm ki, bu torpaq sahəsinin pulunun bir qismini bankdan götürdüyüm pul krediti ilə, digər qismini də xüms ili tamam olmayan ilin gəlirindən ödəmişəm.
      Cavab: Əgər sizin bu torpaq sahəsinə ehtiyacınız olubsa, hətta istirahət, gəzinti və dincəlmək məqsədilə olsa belə, həmçinin onu ilin gəliri ilə almısınızsa, xümsü yoxdur.
       
      230. Bağ salmaq üçün bir torpaq sahəsi almışam, amma indiyədək orada bağ sala bilməmişəm. Xüms ili tamamlandıqda bu torpaq sahəsinə xüms düşəcəkmi? Əgər xüms düşəcəksə, xümsünü necə hesablamalıyam? 
      Cavab: Əgər sözügedən torpaq sahəsini şəxsi ehtiyacınız və istirahət üçün ilin gəlirindən almısınızsa, həmçinin sizin ürfi şəninizdən və ictimai mövqeyinizdən artıq deyilsə, xümsü yoxdur.
       
      Evin həyətində olan mağazanı ev ilə birlikdə almaq
      231. Bir şəxs həyətində mağaza olan bir ev almışdır və mağazanın qapısı küçəyə açılır. Alıcının məqsədi isə mağazanı deyil, evi almaqdır. Bu halda həmin mağazaya xüms düşürmü, yoxsa yox?
      Cavab: Əgər mağazanı işlətmək məqsədilə almayıbsa və hazırda da həmin mağazadan gəlir əldə etmirsə, habelə mağaza evin tərkib hissəsi sayılırsa, bu mağazanın müstəqil hökmü yoxdur və evin tərkib hissəsi sayılır.
       
      Yaşayış evi tikmək üçün alınan torpaq sahəsi
      232. Şəxsi yaşayış evi olmayan bir şəxs ev tikmək üçün torpaq sahəsi alıb. Amma evi tikməyə kifayət qədər pulu olmadığına görə torpağı aldığı vaxtdan bir il ötüb, həmçinin torpağı da satmayıb. Bu torpağa (bir il istifadəsiz qaldığına görə) xüms düşürmü? Əgər xüms düşürsə, onun alış qiymətinin xümsünü verməlidir, yoxsa indiki qiymətinin?
      Cavab: Əgər torpaq sahəsini ilin iş gəlirindən ehtiyacı olan evi tikmək üçün alıbsa, xümsü yoxdur.
       
      233. Əvvəlki sualı nəzərə alaraq, əgər bu şəxs evi tikməyə başlayıbsa, amma evin tikintisini tamamlamamış onun xüms ili başa çatıbsa, bu halda evin tikintisinə işlətdiyi materialların xümsünü verməlidirmi? 
      Cavab: Sualda deyilənlərə əsasən, xümsü yoxdur.
       
      Övladların gələcəyi üçün alınan ev
      234. Evinin birinci mərtəbəsində yaşayan bir şəxs övladlarının gələcəyini nəzərə alaraq evin ikinci mərtəbəsini də tikmişdir. Əgər evin ikinci mərtəbəsinə hələ qarşıda gələn bir neçə il onun ehtiyacı olmayacaqsa, onu tikmək üçün xərclədiyi vəsaitə xüms düşürmü?
      Cavab: Əgər övladlarının gələcəyi üçün ikinci mərtəbəni tikmək hal-hazırda onun ürfi şəninə və ictimai mövqeyinə uyğun xərclərdəndirsə, bunun üçün xərclədiyi vəsaitin xümsü yoxdur. Amma əgər belə deyilsə, habelə nə özünün və nə də övladlarının buna ehtiyacı yoxdursa, xümsünü verməlidir.
       
      235. Sizin fətvanıza əsasən, ilin xərclərindən hesab olunan vəsaitin xümsü yoxdur. Şəxsi yaşayış evi olmayan bir şəxs gələcəkdə ev tikmək üçün bir torpaq sahəsi almışdır, amma onu aldığı vaxtdan bir neçə il keçməsinə baxmayaraq, imkansızlıqdan evi tikə bilməmişdir. Elə isə nə üçün bu torpaq sahəsi ilin xərclərindən hesab olunmur? Zəhmət olmasa, izah edin.  
      Cavab: Əgər torpaq sahəsini ehtiyacı olan evi tikmək üçün ilin gəlirindən alıbsa, bu, onun hazırkı xərclərindən hesab olunur və xümsü yoxdur.
       
      Artıq qalan dərmanlar
      236. İl ərzindəki gəlirdən alınan və xüms ilinin sonunadək istifadəsiz qalan dərmanlara xüms düşürmü?
      Cavab: Əgər dərmanlar lazım olan zaman onlardan istifadə etmək məqsədilə alınıbsa, həmçinin ehtiyac yaranan dərmanlardandırsa, xümsü yoxdur.
       
      Şəxsi istifadə üçün alınan maşın
      237. Bir şəxs ailəsinin rahatlığı və ehtiyaclarını ödəmək üçün il ərzindəki xümsü verilməmiş gəliri ilə maşın alıb. Bu maşının xümsünü verməlidirmi? Əgər maşını iş və peşəsi ilə əlaqədar alıbsa, hökmü necə olacaqdır?  
      Cavab: Əgər maşını peşəsi ilə əlaqədar olan işlər üçün alıbsa, bu maşın iş aləti hökmündədir və xümsün vacibliyi hökmü ona şamil olur. Amma əgər yaşam ehtiyaclarını ödəmək üçün alıbsa və onun ürfi şəninə uyğun olan ehtiyaclardandırsa, xümsü yoxdur. Söz yox ki, əgər maşının alış pulunun xüms ili tamamlanmış olubsa, bu pulun xümsünü verməlidir. 
       
      Gələcəkdə istifadə etmək üçün alınan əşyalar
      238. Mən tələbəyəm və evlənmək niyyətindəyəm. Buna görə də gələcək həyatım üçün məişət əşyaları almaq istəyirəm. Əgər mən indidən bu əşyaları almağa başlasam və onları aldığım vaxtdan bir il ötsə, amma onlardan istifadə etməsəm, bu əşyaların xümsünü verməliyəmmi? 
      Cavab: Əgər gələcək üçün məişət əşyalarını almaq sizin ürfə görə məunənizdən sayılırsa, həmçinin gələcəkdə onları birdəfəyə almaq imkanınız yoxdursa, bu halda onların xümsü yoxdur.
       
      239. Bəzən müəyyən ev əşyaları, məsələn, soyuducu bizə bazar qiymətindən aşağı qiymətə satılır. Bu əşyalara gələcəkdə, yəni ailə qurduğumuz vaxt ehtiyacımız olacaq və həmin vaxt onları bir neçə dəfə bahasına almaq məcburiyyətində olacağıq. Əgər biz bu əşyaları alıb gələcəyimiz üçün saxlasaq və indi onlardan istifadə etməsək, onlara xüms düşəcəkmi?
      Cavab: Əgər siz bu əşyaları gələcəkdə istifadə etmək üçün il ərzindəki gəlirinizdən almısınızsa və aldığınız ildə sizin onlara ehtiyacınız olmayıbsa, xüms ilinin sonunda onların alış qiymətinin xümsünü verməlisiniz. Amma əgər bu əşyalara ehtiyacınız yarandığı zaman onları birdəfəyə almaq imkanınız yoxdursa və tədricən alıb ehtiyac yaranan zaman istifadə etmək üçün saxlamaq məcburiyyətindəsinizsə, habelə sizin ürfi şəninizə uyğun olan miqdardadırsa, bu halda onlar sizin məişət xərclərinizdən sayılır və xümsü də yoxdur.
       
      Bir il üçün öncədən alınan yaşam ehtiyacları
      240. Hər il Novruz bayramı öncəsi təşkil edilən yarmarkalarda qiymətlər münasib olduğu üçün biz bir ilin ehtiyaclarını, xüsusilə də uşaqların yay və qış geyimlərini alırıq. Bunlara xüms düşürmü?
      Cavab: Əgər qeyd etdiyiniz geyimlərə ehtiyacınız olduğu üçün onları almısınızsa və ailənizin ürfi şəninə uyğundursa, xümsü yoxdur.
       
      İcarəyə verilən ev
      241. Mənim kiçik bir evim var idi. Sonra işlədiyim idarənin mənzil kooperativi vasitəsilə kreditlə yeni bir ev aldım. Əvvəlki evimi icarəyə verdim və icarə pulu ilə yeni mənzilin kreditlərini ödəyirəm. Bilmək istəyirəm ki, mənim bu iki evimə xüms düşürmü? 
      Cavab: Əgər əvvəlki evinizi il ərzindəki gəliriniz ilə almışdınızsa və ən azı xüms ilinin sonunadək o evdə yaşamışdınızsa, xümsü yoxdur. İkinci evinizə hazırda yaşamaq üçün ehtiyacınız olduğuna görə onun da xümsü yoxdur.
       
      Lazımlı əşyalar
      242. Evdə bəzi əşyalar lazımlıdır, amma bəzən il ərzində istifadə edilmir. Belə hallarda bu əşyalara xüms düşürmü? 
      Cavab: Əgər həmin əşyalara ehtiyacınız olursa və pulunu da ilin gəlirindən vermisinizsə, il ərzində istifadə etməsəniz belə, xümsü yoxdur.
       
      Dəftərxana ləvazimatı
      243. Dəftərxana və yazı ləvazimatına xüms düşürmü?
      Cavab: Əgər ürfi şən həddində onlara ehtiyac varsa, həmçinin il ərzindəki gəlirdən alınıbsa, xümsü yoxdur. Amma əgər istifadə üçün alınan yazı ləvazimatları il ərzindəki istifadədən artıq qalıbsa və ürfə görə “mal” hesab olunursa (yəni bazarda dəyəri varsa və satışa yararlıdırsa), xümsü verilməlidir.
       
      İstifadədən artıq qalan istehlak malları
      244. Qələm, kosmetik əşyalar, ətir və s. bu kimi əşyalar istifadə edildikdən sonra bəzən onların bir hissəsi artıq qalır və üzərindən il keçir. Onların hökmü nədir?  
      Cavab: Əgər onlar il ərzindəki gəlirdən alınıbsa və artıq qalan hissəsi də ürfə görə “mal” hesab olunursa (yəni bazarda dəyəri varsa və satışa yararlıdırsa), xümsü verilməlidir.
       
      Simkart nömrə almaq üçün ödənilən pul
      245. Mən mobil telefonuma simkart nömrə almaq üçün aidiyyatı üzrə idarənin bank hesabına pul köçürmüşəm. Mənim xüms ilimin sonuna az qalıb, amma mən hələ də simkart nömrəni təhvil almamışam. Simkart nömrə üçün ödədiyim pula xüms düşürmü? 
      Cavab: Əgər ödədiyiniz pul ilin gəlirindəndirsə və bu pulu simkart nömrəni almaq üçün ödəmisinizsə (başqa sözlə, sərmayə kimi yatırım etməmisinizsə), habelə sizin ona ehtiyacınız varsa və ürfi şəninizə uyğundursa, xümsü yoxdur.
       
      246. Xüms ili başa çatmamış mobil nömrəmin balansına pul yükləmişəm. Xüms ili başa çatdıqda həmin puldan müəyyən məbləğ nömrəmin balansında qalmışdır. Bu pula xüms düşürmü?
      Cavab: Əgər il ərzindəki gəlirdən mobil nömrənizin balansına pul yükləmisinizsə, xüms ili başa çatdıqda nömrənizin balansında qalan pula xüms düşür.
       
      Ev heyvanları və onların artımı
      247. Kəndçinin öz dolanışıq xərclərini təmin etmək üçün inək, qoyun və bu kimi heyvanları saxlamağa ehtiyacı vardır. Belə ki, bu heyvanlardan götürdüyü mənfəəti, məsələn, ət, süd, yun, bala və s. öz yaşam ehtiyaclarına sərf edir. Bu heyvanlara və onlardan götürülən mənfəətə xüms düşürmü? 
      Cavab: Əgər bu heyvanlar kəndçinin ürfi şənindən artıq olmazsa və onlara ehtiyacı olarsa, xümsü yoxdur. Amma əgər bu heyvanlardan götürülən mənfəət (yun, yağ və s.) xüms ilinin sonunadək istifadə edilməzsə və artıq qalarsa, ona xüms düşür.
       
      “Məunə”nin satışı
      248. Əgər bir şəxs öz evini satsa və pulun gəlirindən istifadə etmək üçün onu banka qoysa, sonra onun xüms ili başa çatsa, bu pulun hökmü nədir? Əgər bu pulu ev almaq üçün yığarsa, hökm nədir?  
      Cavab: Əgər evi il ərzindəki iş gəlirindən və ilin məişət xərclərindən olaraq yaşayış üçün tikibsə və ya alıbsa və onu xüms ilindən sonra satıbsa, bu pulun heç bir halda xümsü yoxdur.
       
      Xümsü verilməmiş pul ilə alınan “məunə”nin satılması
      249. Əgər maşın, motosiklet, döşənəcək və s. bu kimi məişətdə ehtiyacımız olan əşyaların xümsü verilməmiş olsa və biz bu əşyaları satsaq, satışdan əldə edilən pulun xümsü dərhal verilməlidirmi? 
      Cavab: Əgər qeyd edilən əşyalar yaşam ehtiyaclarından olub il ərzindəki gəlirdən alınıbsa və sonrakı xüms ilində satılıbsa, satışdan əldə edilən pulun xümsü yoxdur. Amma əgər bu əşyalar xüms ili tamamlanan və xümsü verilməyən pul ilə alınıbsa, şəxs onları satmasa belə, onların alış qiymətinin xümsünü verməlidir. Əgər şəxsin xüms ili hesabatı yoxdursa və ehtiyacı olan əşyaların alışına ödədiyi pulun xüms ilinin tamamlanıb-tamamlanmadığını bilmirsə, bu pul barəsində bizim nümayəndələrdən biri ilə müsalihə etməlidir.  
       
      Maşının satışından əldə edilən pul
      250. Neçə il öncə bir maşın almışdım və hazırda onun qiyməti alış qiymətinin bir neçə misli qədər olub. İndi bu maşını satıb pulu ilə yaşayış evi almaq istəyirəm. Maşını aldığım zaman ödədiyim pulun xümsünü verməmişdim. Bilmək istəyirəm ki, maşını hazırkı qiymətinə satdıqda əldə etdiyim pulun hamısının xümsünü dərhal verməliyəmmi, yoxsa təkcə maşının alış qiymətinə xüms düşür? Alış-satış qiymətlərinin fərqi isə, satış ilinin gəlirindən hesablanır və ilin sonunadək məişət xərclərinə sərf edilmədiyi təqdirdə ona xüms düşəcəkdir?
      Cavab: Əgər maşın sizin yaşam ehtiyaclarınızdan olubsa və onu şəxsi istifadəniz üçün il ərzindəki gəliriniz ilə almısınızsa, onun satış pulunun xümsü yoxdur. Amma əgər maşını işləmək üçün almısınızsa (və sizin iş və gəlir alətinizdirsə), onun alışına ödədiyiniz pulun xümsünü verməlisiniz. Əlbəttə, pulun dəyərinin düşməsi barəsində şəri hakimlə müsalihə etməyiniz ehtiyata uyğundur. Qiymət artımı isə, satış ilinin gəliri hesab edilir.
       
      “Məunə”nin satışından əldə edilən pulun istifadəsiz qalması
      251. Bildiyimiz kimi, ev əşyaları və ya qadının ürfi şənində olan qızıl zinət əşyaları xüms ilindən sonra satıldığı təqdirdə, satışdan əldə edilən pulun xümsü yoxdur. Əgər bu ev əşyaları və ya qızıl zinət əşyalarının satışından əldə edilən pul bir neçə il istifadə edilməzsə, bu pula xüms düşürmü?
      Cavab: Xümsü yoxdur.
       
      Məunənin sərmayəyə çevirilməsi 
      252. Əgər yaşam ehtiyacı sayılan bir mal-mülk, məsələn, ev xüms ilindən sonra müəyyən bir iş üçün sərmayə edilərsə, ona xüms düşürmü?
      Cavab: Sualda deyilənlərə əsasən, ona xüms düşmür. 
       
      Torpaq sahəsinin satışından əldə edilən pul
      253. Mən xümsü verilmiş pul ilə bir torpaq sahəsi almışdım. Məqsədim də bu idi ki, əgər imkanım olarsa, bu yerdə ev tikib yaşayaram, yox əgər imkanım olmazsa, onu satıb pulu ilə ev alaram. Bir neçə ildən sonra torpaq bahalaşdı və mən bu torpağı satıb, üstünə də öncədən yığdığım pulu əlavə edərək bir ev aldım. Bu evin alış puluna xüms düşürmü?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, bu evə xüms düşmür. Yığdığınız ehtiyat pula gəlincə isə, əgər bu pul ilin gəlirindən olubsa və onun xüms ili tamamlandığı halda siz onun xümsünü verməyibsinizsə, bu halda yalnız həmin pula xüms düşür. 
       
      Şəxsi kitablar
      254. Bir şəxsin evində şəxsi kitabxanası var və müəyyən müddət bu kitabxananın kitablarından istifadə edib. İndi bir neçə ildir ki, həmin kitablardan istifadə etmir, amma gələcəkdə onlardan istifadə edəcəyini ehtimal verir. Bu kitablardan istifadə etmədiyi müddətdə həmin kitablara xüms düşürmü? Xümsün düşməsi baxımından onun özünün aldığı kitablar ilə atasının aldığı kitablar arasında fərq varmı?
      Cavab: Əgər kitabları aldığı zaman mütaliə və araşdırma üçün onlara ehtiyacı olubsa, habelə kitabların sayı onun ürfi şəninə uyğundursa, onlara xüms düşmür, baxmayaraq ki, kitabları aldığı birinci ildən sonra onlardan istifadə etməmişdir. Həmçinin əgər kitabları ona valideyni və ya başqaları hədiyyə edibsə, yaxud ona irs çatıbsa, bu kitablara xüms düşmür.  
       
      Övladların adına tikilən evi icarəyə vermək
      255. Yaşadığımız evin yuxarı iki mərtəbəsini gələcəkdə övladlarımızın yaşaması üçün tikmişik. Amma hazırda bu mərtəbələri icarəyə vermişik. Bu mənzillərin xümsünü necə hesablamalıyıq?
      Cavab: Əgər hazırda övladlarınız üçün yuxarı mərtəbələri tikmək sizin ürfi şəninizə uyğun xərclərdəndirsə, onun xümsü yoxdur. Yox əgər belə deyilsə, həmçinin hazırda nə sizin və nə də övladlarınızın bu evə ehtiyacı yoxdursa, bu evin tikintisinə xərclənən məbləğin xümsünü verməlisiniz.
       
      İstifadə edildikdən sonra bir kənara qoyulan əşyalar
      256. Xüms ili başa çatmamışdan bir neçə gün öncə ev üçün yeni bir xalça aldım, köhnə xalçanı isə yığışdırıb bir kənara qoydum. Bir kənara qoyduğum köhnə xalçaya xüms düşürmü? 
      Cavab: Əgər yeni aldığınız xalçaya sizin ehtiyacınız varsa, xümsü yoxdur. Həmçinin öncəki illərdə evinizdə işlətdiyiniz və indi bir kənara qoyduğunuz köhnə xalçaya da xüms düşmür.

       

    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /