Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
        Çap versiyası  ;  PDF
         
        Əlli yeddinci dərs: Camaat namazı (2)

         

        Camaat namazının şərtləri
        Camaat namazının şərtləri aşağıdakılardır:
        1- Hail[1] olmamalıdır;
        2- İmam-camaatın dayandığı yer məmumun dayandığı yerdən hündürdə olmamalıdır;
        3- İmam-camaat ilə məmum arasında məsafə olmamalıdır;
        4- Məmum imam-camaatdan öndə dayanmamalıdır.
         
        1- Hail olmamalıdır
        1. Əgər camaat namazının cərgələrinin birində məmumların hamısının namazı qəsr olsa, amma onların arxasında dayanan cərgədəki məmumların hamısının namazı tam olsa, namazı qəsr qılan məmumlar iki rəkət namazı qıldıqdan sonra dərhal növbəti iki rəkəti qılmaq üçün iqtida etdikləri təqdirdə, camaat namazının davamı üçün maneə yaranmayacaqdır.
        2. Əgər camaat namazına həddi-büluğa çatmayan uşaq vasitəsilə birləşmək mümkün olarsa, uşağın namazı düzgün qıldığı məlum olduğu təqdirdə, imam-camaata iqtida etmək və camaatla namaz qılmaq olar.
        3. Əgər camaat namazında kişilər qadınların vasitəsilə namaza birləşə bilirsə (məsələn, İmam Rzanın (ə) hərəmində təşkil edilən camaat namazında və ya bəzən cümə namazlarında bu hal baş verir), bu, heç bir maneə yaratmır. Amma ehtiyat-vacibə görə, qadınlar ilə kişilər arasında ən azı bir qarış məsafə olmalıdır. Onların arasında pərdə və ya bu kimi bir şey mövcud olduğu halda isə bir qarış məsafənin olması vacib deyildir.
         
        Diqqət:
        • Əgər camaat namazında qadınlar kişilərin arxasında dayan­salar, hətta arada məsafə olmasa belə, bir arakəsməyə və ya pərdəyə ehtiyac yoxdur. Amma əgər qadınlar kişilərlə yanaşı dayansalar, onların arasında bir arakəsmənin olması yaxşıdır. Bununla da, namazda qadın ilə kişinin yanaşı dayanmasının məkruhluğu aradan qalxar. “Namazda qadınlar ilə kişilərin arasında bir arakəsmə yaratmaq qadınların şəxsiyyətinə və şəninə qarşı təhqir və hörmətsizlikdir” düşüncəsinə gəlincə, bu, əsası olmayan bir düşüncədir.
         
        2- İmam-camaatın dayandığı yer məmumun dayandığı yerdən hündürdə olmamalıdır
        Əgər imam-camaatın dayandığı yer məmumların dayandığı yerdən şəriətdə icazə verilən ölçüdən çox (bir qarış və ya daha çox) hündürdə olarsa, camaat namazı düzgün deyildir.
         
        3- İmam-camaat ilə məmum arasında məsafə olmamalıdır
        1. Ehtiyat-vacibə görə, məmumun səcdə məkanı ilə imam-camaatın dayandığı yer arasındakı məsafə, həmçinin qabaq cərgənin dayandığı yer ilə arxadakı cərgənin səcdə yeri arasındakı məsafə bir böyük addımdan (təxminən bir metrdən) çox olmamalıdır.
        2. Əgər bir məmum qabaq tərəfdən imam-camaata birləşməsə və yalnız sağ və ya sol tərəfində dayanan məmum vasitəsilə imam-camaata birləşsə, onun namazı düzgündür.
        3. Əgər namazda məmum ilə imam-camaat arasında, yaxud bir məmum ilə digər məmum (belə ki, bu məmum vasitəsilə imam-camaata birləşir) arasında bir böyük addımdan çox məsafə yaranarsa, camaata bağlanma kəsilir və onun namazı furada namaza (yəni tək halda qılınan namaza) çevrilir.
        4. Əgər bir məmum birinci cərgənin sağ və ya sol tərəfinin axırında dayansa və onunla imam-camaat arasında dayanan məmumlar imam-camaat namaza başladıqdan sonra namaza başlamaq və təkbirətul-ehramı demək üzrə olsalar, bu məmum camaat namazı niyyətilə namaza başlaya bilər.
         
        Camaat namazının hökmləri
        1. Ehtiyat-vacibə görə, məmum zöhr və əsr namazlarında, hətta fikrini cəmləmək məqsədilə olsa belə, “Həmd” və “Surə”ni oxuya bilməz. “Həmd” və “Surə”nin yerinə zikr deməsi müstəhəbdir.
        2. Əgər məmum sübh namazında, həmçinin məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində imam-camaatın “Həmd” və “Surə”sini eşidərsə, surələrin sözlərini ayırd edə bilməsə belə, “Həmd” və “Surə”ni oxumamalıdır. Həmçinin əgər imam-camaatın “Həmd” və “Surə”sinin bəzi sözlərini eşidərsə, ehtiyat-vacibə görə, “Həmd” və “Surə”ni oxumamalıdır. Amma əgər imam-camaatın səsini eşitmirsə, “Həmd” və “Surə”ni astadan oxuması müstəhəbdir. Əgər səhvən ucadan oxusa, iradı yoxdur.
        3. Əgər imam-camaat işa namazının üçüncü və ya dördüncü rəkətində olsa, məmum isə ikinci rəkətində olsa, məmum “Həmd” və “Surə”ni astadan oxumalıdır.
        4. Əgər bir şəxs camaat namazının ikinci rəkətinə çatsa və məsələni bilmədiyi üçün öz na­mazının ikinci rəkətində (belə ki, bu vaxt camaat namazının üçüncü rəkəti olacaqdır) qunutu və təşəhhüdü oxumasa, onun namazı düzgündür. Amma ehtiyata görə, təşəhhüdün qəzasını yerinə yetirməli, həmçinin iki səhv-səcdəsi də yerinə yetirməlidir. Ehtiyat-vacibə görə, unudulmuş təşəhhüdün qəzasını səhv-səcdəsindən qabaq yerinə yetirsin.
        5. Əgər bir şəxs camaat namazının üçüncü rəkətinə çatsa, amma namazın birinci rəkəti olduğunu düşünüb heç nə oxumasa, səhvini rükudan qabaq başa düşdüyü təqdirdə, “Həmd” və “Surə”ni oxumalıdır. Əgər vaxt azdırsa, təkcə “Həmd”i oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır. Amma rükuya getdikdən sonra səhvini başa düşsə, onun namazı düzgündür və heç nə ona vacib olmur. Baxmayaraq ki, “qiraət”i səhvən tərk etdiyi üçün iki səhv-səcdəsi yerinə yetirməsi ehtiyat-müstəhəbə müvafiqdir.
        6. Əgər imam-camaat təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni “Həmd” və “Surə”ni oxumadan rükuya getsə), məmum camaat namazına başladıqdan və rükuya getməmişdən qabaq imam-camaatın səhvini başa düşdüyü təqdirdə, o, furada namaz niyyəti etməli, “Həmd” və “Surə”ni oxumalıdır.
        7. Əgər məmum imam-camaatın üçüncü və ya dördüncü rəkətlərində ona iqtida etsə, “Həmd” və “Surə”ni oxumalıdır. Əgər “Surə”ni oxumağa vaxt çatmazsa, təkcə “Həmd”i oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır.
        8. Əgər məmum bilsə ki, “Surə”ni oxuduğu təqdirdə rükuda imam-camaata çatmayacaqdır, “Surə”ni oxumamalıdır. Əgər oxusa və rükuda imam-camaata çatmasa, onun namazı furada namaza çevrilir.
        9. Əgər imam-camaat namaz əsnasında bir sözü tələffüz etdikdən sonra onu düzgün tələffüz edib-etmədiyinə şəkk etsə və namazdan sonra həmin sözü səhv tələffüz etdiyini başa düşsə, onun və ona iqtida edən məmumların namazı düzgündür.
        10. Məmum namazın hərəkətlərini imam-camaatla eyni vaxtda və ya imam-camaatdan bir qədər sonra yerinə yetirməlidir. Əgər o, bilərəkdən imam-camaatdan qabağa keçərsə və ya namazın hərəkətlərini imam-camaatdan çox gec olaraq (yəni imam-camaata tabe olmaq hesab olunmayacaq bir şəkildə) yerinə yetirərsə, onun namazı tək halda qılınan namaz olacaqdır.
        11. Əgər məmum səhvən imam-camaatdan qabaq rükuya getsə, rükudan qalxmalı və yenidən imam-camaatla birlikdə rükuya getməli, namazı onunla birlikdə tamamlamalıdır. Bu halda onun camaat namazı düzgündür. Amma əgər o, rükudan qalxmazsa, onun namazı furada namaz olaraq düzgündür.
        12. Müsəlmanların vəhdətini qorumaqdan ötrü əhli-sünnə olan imam-camaata iqtida etmək olar. Əgər vəhdəti qorumaqdan ötrü onların yerinə yetirdikləri işləri yerinə yetirmək gərəkdirsə, hətta xalçanın üzərinə səcdə etmək olsa belə, namaz düzgündür və kifayət edir. Amma zərurət yaranmayanadək (məsələn, təqiyyə etmək zəruri olmayanadək) əli bağlı namaz qılmaq olmaz.
        13. Yaxşı olar ki, imam-camaat cərgənin ortasında dayansın və elm, kamal və təqva əhli birinci cərgədə dayansınlar.
         
        İmam-camaatın şərtləri
        1- Ehtiyata görə, həddi-büluğa çatan bir fərd olmalıdır;
        2- Ağıllı olmalıdır;
        3- Ədalətli olmalıdır;
        4- Halalzadə olmalıdır;
        5- On iki imam şiəsi olmalıdır;
        6- Namazı düzgün qılmalıdır;
        7- Kişi olmalıdır (məmum kişi olduğu təqdirdə).
         
        3- Ədalətli olmalıdır [2]
        1. Əgər imam-camaat xoşagəlməyən və din aliminə yaraşmayan bir söz desə və ya bir zarafat etsə, onun bu sözü şəriətə zidd olmadığı təqdirdə, ədalətə xələl gətirmir.
        2. İmam-camaatın “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməməsi onun ədalətinə xələl gətirmir və ona iqtida etməyə maneə yaratmır, çünki bunu etməməkdə onun məqbul bir üzrü ola bilər.
        3. Bir şəxs bir imam-camaatı ədalətli bilir, amma bəzi hallarda onun tərəfindən zülm və haqsızlığa məruz qaldığını düşünür. Əgər bu şəxsin zülm və haqsızlıq hesab etdiyi həmin əməli imam-camaatın bilərəkdən və ixtiyari olaraq, habelə heç bir şəri üzr olmadan yerinə yetirdiyi onun üçün dəqiqləşməyənədək, o, imam-camaatın ədalətsizliyinə hökm verə bilməz.
         
        Diqqət:
        • Bir imam-camaata iqtida etmək üçün onu həqiqətən tanımaq şərt deyildir. Əgər imam-camaatın ədalətli olduğu hər hansı bir yolla məmum üçün sübuta yetsə, ona iqtida edə bilər və camaat namazı düzgündür.
         
        6- Namazı düzgün qılmalıdır
        1. Əgər mükəlləf namazın sözlərini düzgün tələffüz edə bilmirsə və düzgün tələffüzü öyrənməyə də qadir deyildirsə, onun namazı düzgündür. Amma başqaları ona iqtida edə bilməzlər.
        2. Əgər məmum imam-camaatın qiraətini düzgün hesab etmirsə və nəticədə, onun namazının düzgün olmadığını hesab edirsə, ona iqtida edə bilməz. Əgər iqtida etsə, namazı düzgün deyildir və namazı yenidən qılmalıdır.
         
        7- Kişi olmalıdır (məmum kişi olduğu təqdirdə)
        Qadın yalnız qadınlar üçün imam-camaat dayana bilər.
         
        İmam-camaatın şərtlərinə aid bir neçə şəri məsələ:
        • Əgər din aliminə iqtida etmək mümkündürsə, din alimi olmayan şəxsə iqtida etməkdən çəkinilsin.
        • Əgər bir şəxs namazda ayaq üstə təbii surətdə dayana bilirsə, “Həmd” və “Surə”ni oxuyarkən, namazın zikrlərini deyərkən və namazın hərəkətlərini yerinə yetirərkən bədənin hərəkətsizliyini qoruya bilirsə, həmçinin rüku və səcdələri yerinə yetirməyə qadirdirsə və düzgün qaydada dəstəmaz ala bilirsə, bu şəxsin imam-camaatın digər şərtlərinə malik olduğu aydın olduqdan sonra başqalarının ona iqtida etməsi düzgündür.
        Əgər bir şəxsin əli və ya ayağı bütünlüklə kəsilibsə, yaxud əli və ya ayağı tamamilə iflicdirsə, onun imam-camaat dayana bilməsi məhəlli-işkaldır. Amma ayağının baş barmağı kəsilən şəxsin imam-camaat dayanması düzgündür.
        • Ayaq üstə namaz qılan şəxs əyləşən və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Amma əyləşən halda namaz qılan şəxs əyləşən halda namaz qılan şəxsə iqtida edə bilər.
        • Müəyyən bir şəri üzrə görə təyəmmümlə, yaxud cəbirə dəstəmazı ilə, yaxud da napak bədən və ya paltarla namaz qılan şəxsə iqtida etmək olar.
        • Əgər bir şəxs şəri üzrü olduğuna görə qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm edib imam-camaat dayana bilər və ona iqtida etməyin maneəsi yoxdur.
        • Əgər bir şəxs şəri məsələləri bilmədiyinə görə əvvəllər elə bir şəxsə iqtida etmiş olsa ki, ona iqtida etmək şəri baxımından düzgün deyilmiş, məsələn, sağ əli olmayan bir əlilə iqtida etmişdir, onun qıl­dığı namazlar düzgündür və namazları yenidən qılmaq lazım deyildir.
         
        Namazın müxtəlif məsələləri:
        1. Müstəhəbdir ki, uşaqlar yaxşı və pisi ayırd edə bildikləri bir yaşa çatdıqda uşaqların başçısı onlara şəriət hökmlərini və ibadətləri öyrətsinlər.
        2. Hədisdə qeyd olunub ki, şərab içən şəxsin namazı qırx gün qəbul olunmur[3]. Amma bu o demək deyildir ki, namaz şərab içən şəxsin üzərindən qırx gün götürülür və o, sonradan namazların qə­zasını qılmalıdır. Yaxud bu qırx gün ərzində həm namazlarını qılmalı, həm də sonradan onların qəzasını qılmalıdır.
        3. Namazın salamından sonra əl-ələ görüşməyin maneəsi yoxdur. Ümu­miyyətlə, möminlərin əl-ələ görüşməsi müstəhəbdir.
        4. Bir şəxs görür ki, başqa bir şəxs namazın bəzi əməllərini səhv yerinə yetirir. Əgər bu səhv hökmü bilməməkdən irəli gələrsə və bilmədən bu əməlləri səhv yerinə yetirmək namazın düzgünlüyünə xələl gətirməzsə, səhvini ona demək vacib deyildir. Amma əgər bilmədən olsa belə, bu əməlləri səhv yerinə yetirmək namazın düzgünlüyünə xələl gətirərsə (məsələn, dəstəmaz, qüsl, namazın vaxtı, rüku, səcdələr və s.) və namazı yenidən qılmaq vacib olarsa, bu halda düzgün qaydanı ona demək lazımdır.
         
        Suallar:
        1- Əgər camaat namazında qadınlar kişilərin arxasında dayansalar, pərdə və arakəsməyə ehtiyac varmı?
        2- Məmum zöhr və əsr namazlarında fikrini cəmləmək üçün “Həmd” və “Surə”ni oxuya bilərmi?
        3- Əgər imam-camaat təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni “Həmd” və “Surə”ni oxumadan rükuya getsə), bu halda məmumun vəzifəsi nədir?
        4- Əgər imam-camaat xoşagəlməyən və din aliminə yaraşmayan bir söz desə və ya bir zarafat etsə, onun ədalətinə xələl gəlirmi?
        5- Əgər mükəlləf namazın sözlərini düzgün tələffüz edə bilmirsə və düzgün tələffüzü öyrənməyə də qadir deyildirsə, onun namazının hökmü nədir? Bu halda başqaları ona iqtida edə bilərlərmi?
        6- Qadın qadınlar üçün imam-camaat dayana bilərmi?
         

        [1] “Hail” sözünün lüğəvi mənası “iki şeyin arasındakı sədd və maneə”dir. Burada isə xüsusi məna ifadə edir ki, bir qədər irəlidə şəri hökmlərin izahında aydınlaşacaqdır. Müt.
        [2] “Ədalət” və “ədalətli şəxs” ifadələrinin mənası üçün “Mərcəyi-təqlidin şərtləri” başlığı altında olan mətnə müraciət edin.
        [3] “Namazı qəbul olunmur” dedikdə, bu şəxsin namazına savab verilmədiyi nəzərdə tutulur. Amma əgər bu şəxs namazı düzgün şəkildə qılarsa, namazı tərk edənlərdən sayılmır və namazı tərk edənlərə şamil olan cəza ona şamil olmur. Baxmayaraq ki, onun namazına savab və mükafat da yazılmır.
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /