Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
        Çap versiyası  ;  PDF
         
        İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
        Namazda örtünmə
        1. Kişi namazda onu heç kim görməsə belə, “övrətəyn”i[1] örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər nahiyəni örtsün.
        2. Qadın namazda bədəninin hər tərəfini və başını (saçlarını) örtməlidir. Amma üzü dəstəmazda yuyulması vacib olan ölçüdə, həmçinin biləyə qədər əlləri və oynağa qədər ayaqları örtmək vacib deyildir. Qeyd edək ki, naməhrəm kişi qadını gördüyü təqdirdə, qadın oynağa qədər ayaqlarını da örtməlidir.
         
        Diqqət:
        • Çənə üzün bir hissəsi sayıldığına görə namazda onu örtmək lazım deyildir. Amma çənənin altını örtmək vacibdir.
        • Əgər bir şəxs namaz əsnasında başa düşsə ki, lazımi ölçüdə örtünməyibdir, ehtiyata görə, o, namazı başa çatdırmalı və sonra namazı yenidən qılmalıdır. Əlbəttə, əgər dərhal örtünərsə, namazının düzgün olması uzaq ehtimal deyildir.
        • Əgər bir şəxs namazdan sonra başa düşsə ki, namazda lazımi ölçüdə örtünməyibdir, onun namazı düzgündür.
         
        Namaz paltarının şərtləri
        Namaz paltarının şərtləri aşağıdakılardır:
        1. Pak olmalıdır;
        2. Qəsbi olmamalıdır (yəni mübah olmalıdır);
        3. “Murdar”ın[2] hissələ­rindən olmamalıdır;
        4. Əti haram heyvanın hissələrindən olmamalıdır;
        5. Kişinin paltarı qızıldan olmamalıdır;
        6. Kişinin paltarı xalis ipəkdən olmamalıdır.
         
        1. Pak olmalıdır
        1. Namaz paltarı pak olmalıdır.
        2. Əgər bir şəxs napak bədən və ya paltarla namaz qılmağın düzgün olmadığını bilməsə və napak bədən və ya paltarla namaz qılsa, onun namazı düzgün deyildir. Amma əgər diqqətsiz olsa və ya “qasir cahil”[3] olsa, yəni napak paltarla namaz qılmağın düzgün olmadığını ehtimal belə etməsə, onun namazı düzgündür.
        3. Əgər bir şəxs bədəninin və ya paltarının napak olduğunu bilməsə və namazı qılıb qurtardıqdan sonra bunu başa düşsə, onun qıldığı namaz düzgündür. Amma əgər bədəninin və ya paltarının napak olduğunu əvvəlcədən bilirdisə, amma bunu unudub, napak bədən və ya paltarla namaz qılıbsa, onun namazı düzgün deyildir.
        4. Əgər bir şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə və onun namazdan öncə napak olduğunu bilsə, namaz vaxtı geniş olduğu təqdirdə, namazı düzgün deyildir. O, bədənini və ya paltarını pakladıqdan sonra namazı yenidən qılmalıdır. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər bədəni və ya paltarı suya çəkib paklamaq, yaxud paltarı dəyişmək və ya əyindən çıxarmaq namazın surətini pozmazsa, bu şəxs namazda bu işləri görməli və sonra namazı davam etdirməlidir. Amma əgər bu işləri görmək namazın surətini pozarsa, həmin vəziyyətdə namazı davam etdirməlidir və onun namazı düzgündür.
        5. Əgər bir şəxs napak paltarını suya çəksə və paltarın paklandığına yəqin edib onunla namaz qılsa, amma namazdan sonra paltarının paklanmadığını başa düşsə, qıldığı namaz düzgündür. Amma sonrakı namazlar üçün paltarını paklamalıdır.
        6. Əgər bir şəxs paltarının napak olub-olmadığına şəkk etsə, paltarın pak olduğunu qəbul etməlidir. Bu paltarla namaz qılmaq düzgündür. Deməli, tərkibində spirt olan ətirlərin napak olduğunu bilmədiyimiz təqdirdə, bu ətirlərin dəydiyi paltarda namaz qılmağın maneəsi yoxdur. Həmçinin əgər bir şəxs çıxılmaz vəziyyətdə qalıb, sidiyin xaric olduğu yeri daş, çubuq və s. bu kimi şeylərlə paklasa və evə döndükdən sonra özünü su ilə paklasa, paltarının sidiyin yaşlığı ilə napak olduğuna əmin olmayanadək, namaz qılmaq üçün bu paltarı dəyişməsinə və ya onu paklamasına ehtiyac yoxdur.
         
        Namazda bədənin və ya paltarın pak olmasının vacib olmadığı hallar
        Aşağıdakı hallarda namazda bədənin və ya paltarın paklığı vacib deyildir:
        1. Bədən və ya paltar yara, çiban və ya bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda;
        2. Bədəndə və ya paltarda olan qan dirhəmin[4] ölçüsündən (işarə barmağının bir bəndinin ölçüsündən) kiçik olduqda;
        3. Corab və bu kimi övrəti örtmək üçün kifayət etməyən paltarlar napak olduqda;
        4. İnsan napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda.
         
        1. Bədən və ya paltar yara, çiban və bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda
        1. Əgər bir şəxsin paltarı və ya bədəni yara, kəsik və ya çiban qanına bulaşıbsa və bu, elə bir şəkildədir ki, bədəni və ya paltarı paklamaq, yaxud paltarı dəyişmək adətən çətindirsə və ya bu şəxs üçün çətindirsə, yara, kəsik və ya çiban sağalanadək bu şəxs qana bulaşan bədən və ya paltarda namaz qıla bilər. Həmçinin qanla xaric olan irin və ya yaranın üstünə qoyulan və napak olan dərman eyni hökmü daşıyır.
        2. Tez bir zamanda sağalan və yuyulması asan olan yara və ya kəsiklərin qanı yuxarıdakı məsələdəki hökmü daşımır. (Yəni bu qana bulaşan bədən və ya paltarla namaz qılmaq düzgün deyildir.)
         
        2. Bədəndə və ya paltarda olan qan dirhəmin ölçüsündən kiçik olduqda
        1. Əgər bir şəxsin bədəni və ya paltarı “birinci hal”da qeyd edilən qanlardan[5] qeyri bir qana bulaşsa, onun ölçüsü işarə barmağının bir bəndi ölçüsündən kiçik olduğu təqdirdə, (irəlidə qeyd ediləcək şərtlər daxilində) bu qanla namaz qılmağın maneəsi yoxdur. Amma əgər bu qan işarə barmağının bir bəndi ölçüsündə olsa və ya bundan daha böyük olsa, bu qanla namaz qılmağın maneəsi vardır.
        2. Ölçüsü dirhəmdən kiçik olan qanın şərtləri aşağıdakılardır:
        - Bu qan heyz qanı olmamalıdır. Əgər heyz qanı çox az miqdarda belə, namazda insanın bədənində və ya paltarında olsa, namaz düzgün deyildir. Ehtiyat-vacibə görə, nifas qanı və istihazə qanı da bu hökmdədir.
        - İt və donuz kimi nəcisul-eyn heyvanların (bu heyvanlar “nəcasət” hesab olunur), əti haram heyvanların, “murdar”ın (ölü və ya şəri qaydada kəsilməyən heyvanın) və kafir insanın qanı olmamalıdır.
        - Bu qana kənardan yaşlıq dəyməməlidir. Amma əgər qana dəyən yaşlıq qana tamamilə qarışsa və ümumi ölçü işarə barmağının bir bəndindən böyük olmasa, bu halda onunla namaz qılmaq düzgündür. Əks halda, ehtiyat-vacibə görə, onunla namaz qılmağın maneəsi vardır.
        3. Əgər bədən və ya paltar qana bulaşmasa, amma qanla təmasda olmaq nəticəsində napak olsa, məsələn, bir şəxsin yaş əli və ya paltarı quruyan qana dəysə və bunun nəticəsində əl və ya paltar napak olsa, amma ələ və ya paltara qan keçməsə, bu halda napak olan hissə işarə barmağının bir bəndi ölçüsündən kiçik olsa belə, onunla namaz qılmaq olmaz.
         
        3. Corab və bu kimi övrəti örtmək üçün kifayət etməyən paltarlar napak olduqda
        1. Əgər namaz qılan şəxsin corabı, əlcəyi, araqçını və bu kimi övrəti örtmək üçün kifayət etməyən kiçik paltarları, həmçinin üzük, qolbaq və bu kimi əşyaları “nəcasət”lə (məsələn, qan, idrar və s.) təmasda olub napak olsa, onunla namaz qılmağın maneəsi yoxdur.
        2. Əgər insanın üstündə gəzdirdiyi cib dəsmalı, çanta, bıçaq və bu kimi əşyalar napakdırsa, onunla namaz qılmağın maneəsi yoxdur.
         
        4. İnsan napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda
        Əgər insan havanın soyuq olması, suyun olmaması və bu kimi səbəblərə görə napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qalsa, qıldığı namaz düzgündür.
         
        2. Qəsbi olmamalıdır
        1. Namaz qılanın paltarı qəsbi olmamalıdır, yəni mübah olmalıdır.
        2. Əgər bir şəxs paltarının qəsbi olduğunu bilməsə və ya unutsa və bu paltarla namaz qılsa, onun namazı düzgündür. Həmçinin əgər bir şəxs qəsbi paltarı geyinməyin haram olduğunu bilməsə, qəsbi paltarla qıldığı namaz düzgündür. Əgər bir şəxs qəsbi paltarı geyinməyin haram olduğunu bilsə, amma qəsbi paltarla namaz qılmağın düzgün olmadığını bilməsə, bilərəkdən qəsbi paltarla namaz qıldığı təqdirdə, o, namazını mübah paltarla yenidən qılmalıdır.
         
        3. “Murdar”ın hissələrindən olmamalıdır
        1. Namaz paltarı qanı sıçrayışlı olan ölmüş bir heyvanın hissələrindən olmamalıdır. Ehtiyat-vacibə görə, qanı sıçrayışlı olmayan ölmüş bir heyvanın da hissələrindən olmamalıdır.
        2. Əgər “murdar”ın hansısa hissəsi namaz qılarkən insanın üstündə olsa, ehtiyat-vacibə görə, onun namazı düzgün deyildir. Amma əgər onun ruhsuz hissələri, məsələn, tükü, yunu və buynuzu namaz qılarkən insanın üstündə olsa və heyvan da əti halal heyvan olsa, namaz düzgündür.
        3. Qeyri-müsəlman ölkələrindən idxal edilən və şəri kəsim[6] olduğuna şəkk edilən əti halal heyvanın gön və dərisi paklıq-napaklıq baxımından “murdar” hökmündə deyildir və pak sayılır. Lakin onunla namaz qılmaq olmaz. Amma əgər bir şəxs bu hökmü bilmədiyinə görə əvvəllər belə bir paltarla namaz qılıbdırsa, onun namazı düzgündür. Əgər bu gön və dəriləri idxal edən şəxs müsəlman olsa və şəri kəsim barəsində onun araşdırma apardığı ehtimal edilsə, bu paltarla namaz qılmağın maneəsi yoxdur.
         
        4. Əti haram heyvanın hissələrindən olmamalıdır
        1. Namaz paltarı əti haram heyvanın hissələrindən olmamalıdır. Əgər namaz qılarkən insanın bədəninə və ya paltarına əti haram heyvanın tükü belə yapışmış olsa, namaz düzgün deyildir.
        2. Əgər pişik və bu kimi “əti haram heyvan”ın ağız və burun suyu və ya başqa bir yaşlığı namaz qılarkən insanın bədənində və ya paltarında olsa, onun namazı düzgün deyildir. Amma əgər bu yaşlıq quruyub tamamilə aradan gedərsə, bu halda namaz düzgündür. Həmçinin əgər əti haram quşların nəcisi namaz qılarkən insanın bədənində və ya paltarında olsa, onun namazı düzgün deyildir. Amma əgər bu nəcis quruyub tamamilə aradan gedərsə, bu halda namaz düzgündür.
        3. Namaz qılarkən insanın bədənində və ya paltarında insan tükü, təri və ağız suyunun, həmçinin arı pətəyi, mirvari və sədəfin olmasının iradı yoxdur.
        4. Əgər bir şəxs bir paltarın əti halal, yoxsa əti haram heyvanın hissələrindən olduğuna şəkk etsə, bu paltarda namaz qılmaq düzgündür.
         
        Suallar:
        1- Qadın namazda hansı ölçüdə örtünməlidir? Namazda qısaqol paltar geyinmək və corab geyinməmək olarmı?
        2- Əgər qadın namaz əsnasında saçının göründüyünü başa düşsə və onu dərhal örtsə, namazı yenidən qılmalıdırmı?
        3- Namaz paltarının şərtləri hansılardır?
        4- Əgər bir şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə, nə etməlidir?
        5- Hansı hallarda namazda bədənin və ya paltarın pak olması vacib deyildir?
        6- Əgər namazda insanın üstündə qana bulaşan cib dəsmalı və bu kimi bir şey olsa, onun namazı pozulurmu?
        7- Əgər namaz qılarkən insanın bədənində və ya paltarında pişiyin tükü və ya ağzının suyu olsa, namaz pozulurmu?
         

        [1] “Övrətəyn” dedikdə, cinsiyyət və arxa tərəf nəzərdə tutulur.
        [2] Ölü və ya şəri qaydada kəsilməyən heyvan
        [3] “Qasir cahil” o şəxsə deyilir ki, o, ümumiyyətlə, bilmədiyini bilmir, yaxud bilmədiyini bilsə belə, şəriəti öyrənmək imkanı əsla yoxdur.
        [4] Keçmişin gümüş pul vahididir. Müt.
        [5] Yəni təmizlənib paklanması olduqca çətin və əziyyətli olan yara, kəsik və ya çiban qanı
        [6] İslam dinində heyvanların ətinin halal olması və ya hissələrinin paklanması üçün bir sıra kəsim qaydaları müəyyən edilmişdir. Əti halal heyvanlar şəri kəsim olduğu zaman onun həm əti halal olur, həm də hissələri pak olur. Əti haram heyvanlar şəri kəsim olduğu zaman isə onun hissələri pak olur. Dəvə “nəhr” edilir, dəvədən qeyri heyvanların başı kəsilir və çöl heyvanları ov edilir.
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /