Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
Orucun mənası
Müqəddəs İslam şəriətində “oruc” odur ki, insan Mütəal Allahın əmrinə itaət niyyətilə gün ərzində sübh azanından məğrib azanınadək yemək və içməkdən, həmçinin bir qədər irəlidə açıqlanacaq bir sıra işlərdən çəkinməlidir.
Diqqət:
• Oruc “kazib fəcr”dən etibarən deyil, “sadiq fəcr”dən etibarən başlanır. Bunu təyin etmək isə mükəlləfin öhdəsindədir.
• “Sadiq fəcr”in doğması baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr” arasında fərq yoxdur.
• İmsak baxımından ehtiyata riayət etmək üçün informasiya vasitələrində sübh azanı verilməyə başlayanda oruc üçün imsak etmək lazımdır.
• Əgər oruc tutan şəxs əmin olsa ki, namaz vaxtı daxil olduğu zaman azan verilməyə başlamışdır, azan başlananda iftar edə bilər və azanın qurtarmasını gözləmək lazım deyildir.
Orucun qisimləri
Oruc bir baxımdan dörd qismə ayrılır:
1- Vacib oruc (məsələn, mübarək Ramazan ayının orucu);
2- Müstəhəb oruc (məsələn, rəcəb və şaban aylarında tutulan oruc);
3- Məkruh oruc (məsələn, əgər həcc ziyarətində olan şəxs “Ərəfə” günü oruc tutduğu təqdirdə zəif düşəcəkdirsə və bu səbəbdən Ərəfə gününün əməllərini yerinə yetirə bilməyəcəkdirsə, həmin gün onun oruc tutması məkruhdur);
4- Haram oruc (məsələn Fitr bayramı və Qurban bayramı gününün orucu).
Vacib oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir:
1. Mübarək Ramazan ayının orucu;
2. Qəza orucu;
3. Kəffarə orucu;
4. Etikafın üçüncü gününün orucu;
5. Təməttu həccində qurbanlığın əvəzi olan oruc[1];
6. Nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruclar[2];
7. Atanın və ehtiyat-vacibə görə, ananın qəza orucu böyük oğula vacibdir.
Orucun vacib olmasının şərtləri
Orucun vacib olmasının şərtləri aşağıdakılardır:
1- Şəri həddi-büluğa çatmaq;
2- Ağıllı olmaq;
3- Oruc tutmağa qadir olmaq;
4- Huşsuz vəziyyətdə olmamaq;
5- Səfərdə olmamaq;
6- Qadının heyzli və nifaslı olmaması;
7- Orucun ziyanlı olmaması;
8- Orucun əziyyətli olmaması.
Diqqət:
• Oruc tutmaq yuxarıdakı şərtlərə malik olan şəxslərə vacib olur. Deməli, həddi-büluğa çatmayan uşağa, dəli insana, huşunu itirən şəxsə, oruc tutmağa qüvvəsi çatmayan insana, səfərdə olan şəxsə, heyzli və nifaslı qadına, oruc tutmağın ona ziyanı və ya əziyyəti (çox böyük çətinliyi) olan şəxsə oruc tutmaq vacib deyildir.
• Mükəlləfdə halsızlıq yaratdığına görə, o, orucunu aça bilməz. Amma əgər halsızlıq adətən dözülməyəcək bir həddə olarsa, orucunu aça bilər. Həmçinin əgər orucun ona ziyanı olacağını bilsə və ya ziyanı olacağından qorxsa, orucunu aça bilər. Beləliklə, şəri büluğ yaşına yeni çatan qızlara (məşhur rəyə görə, qızlarda şəri büluğ yaşı qəməri təqvimi ilə doqquz yaşın tamamlanmasıdır) oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
• Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya ziyanı olacağından qorxsa, o, oruc tutmamalıdır. Əgər oruc tutsa, orucu düzgün deyildir. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur və orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
• İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır.
• Əgər bir şəxs orucun ona ziyanı olmadığını bilib oruc tutsa, amma məğribdən sonra orucun ona ziyanı olduğunu başa düşsə, onun orucu düzgün deyildir və orucun qəzasını tutmalıdır.
• Əgər həkim orucun ziyanı olacağını səbəb göstərib xəstəyə oruc tutmağı qadağan etsə, həkimin sözü orucun ziyanı olacağına dair xəstədə əminlik və ya qorxu yaratdığı təqdirdə, o, həkimin sözünü əsas götürə bilər. Əks halda, həkimin sözünü əsas götürə bilməz.
• Boynunda Ramazan ayının orucunun qəzası olan bir şəxs müstəhəb oruc tuta bilməz. Hətta əgər vacib orucun niyyətinin vaxtı keçdikdən sonra (yəni şəri zöhrdən sonra) müstəhəb oruc niyyəti etsə, yenə də onun orucu düzgün deyildir. Əgər bu şəxs boynunda vacib qəza orucu olduğunu unudub müstəhəb oruc tutsa, gündüz ərzində (istər şəri zöhrdən qabaq, istərsə də şəri zöhrdən sonra) bunu xatırladığı təqdirdə, onun müstəhəb orucu pozulur. Bu halda əgər zöhrdən qabaq bunu xatırlasa, Ramazan ayının qəza orucunun niyyətini edə bilər və onun orucu düzgündür. Amma əgər şəri zöhrdən sonra bunu xatırlasa, qəza orucu niyyəti də edə bilməz və oruc düzgün deyildir.
• Əgər boynunda Ramazan ayının orucunun qəzası olan şəxs müstəhəb oruc tutsa, bu oruc onun boynunda olan qəza orucunun yerinə hesab edilməyəcəkdir.
• Əgər bir şəxs boynunda qəza orucunun olub-olmadığını bilməsə və bu səbəbdən üzərinə düşən vəzifə (həm qəza, həm də müstəhəb oruc) niyyətilə oruc tutsa, amma əslində, onun boynunda qəza orucu olsa, tutduğu oruc qəza orucu hesab edilir.
Suallar:
1- Oruc nədir?
2- Vacib oruclar hansılardır?
3- Əgər həkim oruc tutmağı xəstəyə qadağan etsə, onun sözünə əməl etmək vacibdirmi?
4- Orucun vacib olmasının şərtləri hansılardır?
5- Əgər həddi-büluğa yeni çatan qızlara oruc tutmaq çətindirsə, onların vəzifəsi nədir?
6- Əgər boynunda qəza orucunun olduğunu bilməyən bir şəxs müstəhəb oruc tutsa, amma qəza orucunun olduğunu sonradan bilsə, bu oruc onun qəza orucunun yerinə hesab olunacaqdırmı?
[1] Əgər həcc ziyarətini yerinə yetirən hacının qurbanlıq almağa maddi imkanı olmazsa və borc da ala bilməzsə, o, qurbanlığın əvəzinə on gün oruc tutmalıdır. Belə ki, orucun üç gününü həcc səfərində və qalan yeddi gününü öz vətənində tutmalıdır.
[2] Burada müstəhəb oruc vacib oruca çevrilmir, əslində, vacib olan əməl nəzirə, əhdə və anda əməl etməkdir.
- Əlli doqquzuncu dərs: Orucun niyyəti
Əlli doqquzuncu dərs: Orucun niyyəti
Orucun niyyəti
1. Niyyətin mənası və vacibliyi
Digər ibadətlərdə olduğu kimi, orucda da niyyət şərtdir. Belə ki, mükəlləf yalnız Mütəal Allahın əmrinə itaət niyyətilə yemək-içməkdən və orucu pozan digər işlərdən çəkinməlidir. Mükəlləfin bu niyyətdə olması kifayət edir və onu dilə gətirməsi lazım deyildir.
2. Orucun niyyətinin zamanı
Orucun niyyətinin zamanı müstəhəb oruclarda və vacib oruclarda fərqlidir.
Müstəhəb orucların niyyətinin zamanı:
Gecənin əvvəlindən etibarən şəri məğribədək “niyyət etmək ölçüsündə” vaxt qalanadək müstəhəb oruc üçün niyyət etmək olar.
Vacib orucların niyyətinin zamanı:
Vacib oruclar bir baxımdan 2 qismə ayrılır:
1- Vaxtı müəyyən olan vacib oruclar (məsələn, Ramazan ayının orucu və ya tarixi müəyyən edilən nəzir orucu);
2- Vaxtı müəyyən olmayan vacib oruclar (məsələn, Ramazan ayının orucunun qəzası).
Vaxtı müəyyən olan vacib orucların niyyətinin zamanı:
1. Fəcrin doğduğu anadək niyyət etdikdə, oruc düzgündür.
2. Şəri zöhrədək bilərəkdən niyyət etmədikdə, oruc düzgün deyildir. Amma unutqanlıq və ya məlumatsızlıq səbəbilə niyyət etmədikdə, Ramazan ayının orucu istisna olmaqla, digər oruclarda niyyət edib oruc tutmaq düzgündür. Ramazan ayının orucunda isə ehtiyat-vacibə görə, niyyət edib oruc tutmaq, sonradan həmin günün orucunun qəzasını tutmaq lazımdır.
3. Şəri zöhrdən sonra niyyət etdikdə, oruc düzgün deyildir.
Vaxtı müəyyən olmayan vacib orucların niyyətinin zamanı:
1. Şəri zöhrədək niyyət etdikdə, oruc düzgündür.
2. Şəri zöhrdən sonra niyyət etdikdə, oruc düzgün deyildir.
Orucun niyyətinin zamanı barəsində şəri hökmlər:
1. Bildiyiniz kimi, oruc “sadiq fəcr”in doğduğu andan etibarən başlanır. Buna görə də “sadiq fəcr” doğanadək orucun niyyəti edilməlidir. Fəcr doğanadək olan geniş vaxtda orucun niyyətini etmək daha yaxşı olar.
2. Əgər bir şəxs gecənin əvvəlində sabahkı gün oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yaxud hansısa bir işlə məşğul olduğuna görə sübh namazının vaxtının yaxınlaşdığının fərqinə varmasa və sübh namazının vaxtı daxil olduqdan sonra bunu başa düşsə, onun orucu düzgündür.
3. Əgər bir şəxs Ramazan ayında sübh namazınadək qəsdən oruc niyyəti etməsə, gün ərzində niyyət etsə belə, onun orucu düzgün deyildir. Amma eyni zamanda o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir və Ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.
4. Əgər bir şəxs Ramazan ayında unutqanlıq və ya məlumatsızlıq üzündən oruc niyyəti etməsə və niyyət etmədiyini gün ərzində başa düşsə, orucu pozan işlərdən birini yerinə yetirdiyi təqdirdə – oruc niyyəti etmədiyini istər şəri zöhrdən qabaq başa düşmüş olsun, istərsə də şəri zöhrdən sonra başa düşmüş olsun – oruc niyyəti edə bilməz. Amma əgər orucu pozan işlərdən birini yerinə yetirməyibdirsə, oruc niyyəti etmədiyini şəri zöhrdən sonra başa düşdüyü təqdirdə, oruc niyyəti etməsi düzgün deyildir. Bu iki halda məğribədək orucu pozan işlərdən çəkinməlidir. Oruc niyyəti etmədiyini şəri zöhrdən qabaq başa düşdüyü təqdirdə isə ehtiyat-vacibə görə, niyyət edib oruc tutmalı, sonradan həmin günün orucunun qəzasını tutmalıdır.
5. Ramazan ayının orucu istisna olmaqla, əgər bir şəxsə “vaxtı müəyyən olan oruc” vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutacağını nəzir etsə, sadiq fəcrədək bilərəkdən oruc niyyəti etmədiyi təqdirdə, onun orucu düzgün deyildir. Amma əgər oruc niyyəti etməyi unudarsa və niyyət etmədiyini şəri zöhrədək xatırlayarsa, o, oruc niyyəti edə bilər.
6. Əgər bir şəxs “vaxtı müəyyən olmayan vacib oruc”da, məsələn, qəza və ya kəffarə orucunda şəri zöhrədək (istər bilərəkdən, istərsə də səhvən) niyyət etməzsə, şəri zöhrədək orucu pozan işlərdən heç birini yerinə yetirmədiyi təqdirdə, niyyət edib oruc tuta bilər və onun orucu düzgündür. Amma zöhrdən sonra oruc niyyəti etmək düzgün deyildir.
7. Müstəhəb oruc üçün günün istənilən vaxtında niyyət etmək olar və oruc düzgündür, amma bu şərtlə ki, oruc tutmaq istəyən şəxs həmin vaxtadək orucu pozan bir işi yerinə yetirməyibdir.
8. Əgər xəstə bir insan Ramazan ayında gündüz vaxtı sağalsa, həmin gün oruc niyyəti edib oruc tutması lazım deyildir. Amma əgər zöhrdən qabaq sağalarsa və bu vaxtadək orucu pozan bir iş görməyibdirsə, niyyət edib oruc tutması ehtiyat-müstəhəbə müvafiqdir. Ramazan ayından sonra isə bu orucun qəzasını tutmalıdır.
3. “Şəkk günü”ndə niyyət
Əgər şaban ayının axırıncı günü, yoxsa Ramazan ayının birinci günü olduğu məlum olmasa (bu gün “şəkk günü” adlanır), həmin gün oruc tutmaq vacib deyildir. Əgər bir şəxs həmin gün oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Şaban ayının axırıncı gününün müstəhəb orucu, yaxud qəza orucu və ya bu kimi oruc niyyəti edib, oruc tuta bilər. Amma əgər sonradan Ramazan ayı olduğu məlum olsa, bu oruc Ramazan ayının orucu hesab olunacaq və onun qəzasını tutmaq lazım deyildir. Əgər o, gün əsnasında Ramazan ayı olduğunu başa düşsə, həmin andan etibarən Ramazan ayının orucunun niyyətini etməlidir.
4. Niyyətin davam etməsi
1. Orucda niyyətin davam etməsi vacibdir. (Yəni oruc tutan şəxs günün sonunadək oruc niyyətində qalmalıdır.)
2. Əgər oruc tutan şəxs gün ərzində oruc niyyətindən dönsə, belə ki, orucu davam etdirmək niyyətində olmasa, onun orucu pozulur və orucu davam etdirmək üçün onun yenidən oruc niyyəti etməsinin heç bir faydası yoxdur. Amma eyni zamanda o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir.
3. Əgər oruc tutan şəxs orucunu davam etdirib-etdirməməkdə tərəddüd etsə, yəni orucunu pozmaq barədə hələ qəti qərara gəlməyibdirsə, ehtiyat-vacibə görə, orucunu tutmalı və sonradan orucun qəzasını tutmalıdır.
4. Əgər oruc tutan şəxs orucu pozan işlərdən birini yerinə yetirməyi qərara alsa, amma hələ o işi yerinə yetirməyibdirsə, ehtiyat-vacibə görə, orucunu tutmalı və sonradan orucun qəzasını tutmalıdır.
Diqqət:
• Yuxarıda deyilənlər “vaxtı müəyyən olan vacib oruc”a, məsələn, Ramazan ayının orucuna, günü müəyyən edilən nəzir orucuna aiddir. Odur ki, əgər “vaxtı müəyyən olmayan vacib oruc”da və ya müstəhəb orucda bir şəxs oruc niyyətindən dönsə, amma hələ orucu pozan işlərdən birini görməsə, daha sonra şəri zöhrədək yenidən oruc niyyəti etsə – müstəhəb orucda isə məğrib azanınadək oruc niyyəti etsə – onun orucu düzgündür.
Suallar:
1- Əgər bir şəxs gecənin əvvəlində sabahkı gün oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, həmin günün orucu düzgündürmü?
2- Müstəhəb oruc üçün hansı vaxtadək niyyət etmək olar?
3- Şəkk gününün hökmünü bəyan edin.
4- Əgər bir şəxs Ramazan ayında orucunu pozmaq qərarına gəlsə, amma orucu pozan bir işi yerinə yetirməmişdən qabaq öz qərarından dönsə, onun orucunun hökmü nədir?
- Altmışıncı dərs: Orucu pozan işlər (1)
Altmışıncı dərs: Orucu pozan işlər (1)
Orucu pozan işlər aşağıdakılardır:
1- Yemək və içmək;
2- Cinsi əlaqə;
3- İstimna (masturbasiya);
4- (Ehtiyat-vacibə görə) Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan demək;
5- (Ehtiyat-vacibə görə) qatı tozu boğaza çatdırmaq;
6- (Ehtiyat-vacibə görə) başı bütünlüklə suya salmaq;
7- Sübh azanınadək cənabətli, heyzli və nifaslı qalmaq;
8- Maye ilə imalə etmək;
9- Bilərəkdən qusmaq.
1- Yemək və içmək
1. Əgər oruc tutan şəxs qəsdən və bilərəkdən bir şey yesə və ya içsə – istər adətən yeyilən və içilən bir şey olsun, istərsə də kağız, parça və bu kimi adətən yeyilməyən bir şey olsun, yaxud istər çox olsun, istərsə də bir damla su və ya kiçik bir çörək ovuntusu qədər az şey olsun – onun orucu pozulur.
2. Əgər oruc tutan şəxs dişinin dibində qalan yemək qırıntısını bilərəkdən udsa, onun orucu pozulur. Amma əgər dişinin dibində yemək qırıntısının qaldığını bilməsə, yaxud onu bilərəkdən udmasa, orucu pozulmur.
3. Səhvən və unutqanlıq üzündən bir şeyi yemək və içmək orucu – istər vacib orucu, istərsə də müstəhəb orucu – pozmur.
4. Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmur.
5. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qidalandırıcı və qüvvətləndirici əzələ iynələrindən, damara vurulan iynələrdən, həmçinin hər növ sistemdən istifadə etməməlidir. Amma qidalandırıcı və qüvvətləndirici olmayan əzələ iynələrindən, məsələn, antibiotiklərdən, ağrıkəsicilərdən, keyidicilərdən, həmçinin yaranın üstünə qoyulan dərmanlardan istifadə edə bilər.
6. Ehtiyat-vacibə görə, oruc tutan şəxs burun yolu ilə və ya dilin altına qoymaqla istifadə edilən narkotik maddələrdən çəkinməlidir.
7. Əgər oruc tutan şəxs yemək yeyərkən sübh namazının vaxtının daxil olduğunu bilsə, ağzındakı tikəni çıxartmalıdır. Əgər bu tikəni bilərəkdən udsa, orucu pozulur. (Orucunu bilərəkdən pozan şəxsin üzərinə düşən vəzifə isə bir qədər irəlidə açıqlanacaqdır.)
8. Əgər baş və sinədən gələn bəlğəm ağız boşluğuna daxil olmayıbsa, onu udmaq orucu pozmur. Amma əgər ağız boşluğuna daxil olubsa, ehtiyat-vacibə görə, onu udmaq olmaz.
9. Əgər xəstəliyin müalicəsi üçün dərman içmək və ya bu kimi bir işi görmək zəruri olarsa, dərman içməyin və s. maneəsi yoxdur. Amma oruc pozulur və sonradan onun qəzasını tutmaq lazımdır.
10. Uşaq üçün yeməyi ağızda çeynəmək, yeməyin dadına baxmaq və bu kimi işlər – belə ki, bu hallarda yemək adətən boğaza çatmır – orucu pozmur. Hətta əgər yemək qeyri-ixtiyari olaraq boğaza çatsa və boğazdan keçsə, yenə də oruc pozulmur. Amma əgər şəxs yeməyin boğaza çatacağını əvvəlcədən bilərsə, yemək boğazdan keçdiyi halda oruc pozulur.
11. Əgər oruc tutan şəxs damaqdan gələn qanı udmazsa, orucu pozulmur. Əgər damaq və ya dişdən gələn qan ağız suyuna qarışıb tamamilə aradan getsə, ağız suyu pak hökmündədir və onu udmaq orucu pozmur. Həmçinin əgər ağız suyunda qanın olduğuna şəkk olunarsa, onu udmağın maneəsi yoxdur və oruc düzgündür.
Diqqət:
• Ağız daxilinin qanaması orucu pozmur. Amma qanın boğaza çatmasının qarşısını almaq lazımdır.
2- Cinsi əlaqə
1. Cinsi əlaqədə olmaq, hətta məni xaric olmasa belə, orucu pozur.
2. Əgər bir şəxs oruc olduğunu unudub cinsi əlaqədə olsa, orucu pozulmur. Amma yadına düşdüyü anda dərhal cinsi əlaqədən xaric olmalıdır. Əks halda, orucu pozulacaqdır.
3- İstimna
1. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına səbəb olan bir işi bilərəkdən görsə, orucu pozulur.
2. Gündüz vaxtı möhtəlim olmaq (yəni yuxuda ikən məninin xaric olması) orucu pozmur. Əgər oruc tutan şəxs bilsə ki, yatdığı təqdirdə möhtəlim olacaqdır, o, yata bilər.
3. Əgər oruc tutan şəxs məni xaric olmaqda ikən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
4- Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan demək
1. Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək – hətta insan sonradan tövbə etsə və onların adından yalan dediyini etiraf etsə belə – ehtiyat-vacibə görə, orucu pozur.
2. Əgər insan kitablarda yazılan hədislərin yalan olduğunu bilməsə və onları nəql etsə, iradı yoxdur. Amma hədisləri həmin kitablara istinadən nəql etməsi ehtiyat-müstəhəbə müvafiqdir. (Məsələn belə desin: “Filan kitabda yazılıb ki, Peyğəmbər (s) buyurdu...”)
5- Qatı tozu boğaza çatdırmaq
1. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qatı tozu (məsələn, torpaqlı yeri süpürərkən qalxan tozu) udmamalıdır. Amma ağız və ya buruna daxil olan toz boğaza çatmadığı təqdirdə, oruc pozulmur. Həmçinin siqaretin və digər tütün məhsullarının tüstüsü ehtiyat-vacibə görə, orucu pozur.
2. Oruc tutan şəxs təngnəfəsliyə qarşı aerozol şəklində olan dərmandan istifadə edə bilər və onun orucu pozulmur.
Suallar:
1- Orucu pozan işləri sadalayın.
2- Oruc tutarkən iynə vurdurmağın hökmü nədir?
3- Oruc tutarkən qan təzyiqi üçün dərman qəbul etmək olarmı və bu halda orucun hökmü nədir?
4- Gündüz vaxtı möhtəlim olmaq orucu pozurmu?
5- Əgər bir şəxs hədis kitablarında yazılan bəzi hədislərin saxta və yalan olduğunu bilməsə, onu nəql edə bilərmi?
6- Əgər oruc tutan şəxs siqaret çəksə, orucunun hökmü nədir?
- Altmış birinci dərs: Orucu pozan işlər (2)
Altmış birinci dərs: Orucu pozan işlər (2)
6- Başı bütünlüklə suya salmaq
1. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, ehtiyat-vacibə görə, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır.
2. Əvvəlki məsələni nəzərə alaraq, başı bütünlüklə suya salarkən bədənin də suda olmasının, yaxud bədənin sudan kənarda olmasının və təkcə başı suya salmağın fərqi yoxdur və hökm eynidir.
3. Əgər oruc tutan şəxs başının yarısını suya salsa və çıxarsa, sonra başın digər yarısını suya salsa, onun orucu pozulmur.
4. Əgər oruc tutan şəxs başını bütünlüklə suya salsa, amma saçlarının bir hissəsi sudan xaricdə olsa, ehtiyat-vacibə görə, orucu pozulur.
5. Əgər oruc tutan şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.
6. Əgər oruc tutan şəxs qeyri-ixtiyari olaraq suya düşsə və onun başı bütünlüklə suya daxil olsa, orucu pozulmur. Amma o, başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını suya salsa, orucu pozulmur. Amma oruc olduğunu xatırladığı an başını sudan dərhal çıxarmalıdır.
7. Əgər oruc tutan şəxs xüsusi bir paltar geyinsə (məsələn, dalğıcların geyimi) və bu geyimlə suya daxil olduqda bədəni əsla islanmasa, bu geyim onun başına tam yapışdığı təqdirdə, onun orucunun düzgünlüyü məhəlli-işkaldır. Ehtiyat-vacibə görə, orucun qəzasını tutmalıdır.
8. Başa su tökmək və ya hamamda duşun altında dayanmaq orucu pozmur.
7- Sübh azanınadək cənabətli, heyzli və nifaslı qalmaq
1. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa, sübh namazının vaxtı daxil olmamışdan qabaq (yəni sadiq fəcr doğanadək) qüsl etməlidir. Əgər o, sadiq fəcr doğanadək bilərəkdən qüsl etməsə, orucu düzgün deyildir. Bu hökm Ramazan ayının orucunun qəzasına da aiddir. Amma Ramazan ayında bu şəxs məğribədək orucu pozan işləri yerinə yetirməməlidir.
Diqqət:
• Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və qeyri-ixtiyari olaraq sübh namazının vaxtı daxil olanadək qüsl etməsə, məsələn, yuxuda ikən cənabətli olsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan ayılsa, onun orucu düzgündür. Amma qəza orucu tutmaq istəyən şəxs əgər səhvən sübh azanının vaxtı daxil olanadək cənabət qüslü etməsə, ehtiyata görə, orucu düzgün deyildir.
2. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unutsa və sübh namazının vaxtı daxil olduğu zaman o, cənabətli halda olsa, həmin gün onun orucu düzgündür. Amma əgər bu unutqanlıq bir neçə gün davam etsə, bu günlərin orucunun qəzasını tutmalıdır. Namazlar isə istənilən halda düzgün deyildir.
3. Əgər bir şəxs cənabətli halda qalmağın orucu pozub-pozmadığına şəkk etsə və cənabətli halda oruc tutsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir[1] və orucun qəzasını da tutmalıdır. Amma əgər cənabətli halda qalmağın orucu pozmadığına yəqinliyi olsa və buna görə də oruc tutsa, orucu düzgündür. Baxmayaraq ki, ehtiyata əsasən orucun qəzasını tutmaq yaxşı olar.
4. Əgər bir şəxs mübarək Ramazan ayında napak su ilə qüsl etsə və bir neçə gündən sonra o suyun napak olduğunu bilsə, tutduğu oruclar düzgündür.
5. Ramazan ayının gecəsində qüsl etməli olan şəxs əgər vaxt dar olduğuna və ya suyun ona ziyanı olduğuna və ya bu kimi başqa səbəblərə görə qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm etməlidir.
Diqqət:
• Vəzifəsi təyəmmüm etmək olan bir şəxs mübarək Ramazan ayının gecələrində cənabətə səbəb olan işi görə bilər. Amma bu şərtlə ki, cənabətli olduqdan sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olmalıdır.
• Əgər bir şəxs sübh azanından qabaq boynunda olan cənabət qüslünu versə və ya qüsl əvəzinə təyəmmüm etsə, sübh azanından sonra ondan qeyri-ixtiyari məni xaric olsa belə, onun orucu düzgündür.
6. Əgər bir şəxs sübh azanından qabaq yatsa və yuxuda ikən cənabətli olsa və sübh azanından sonra yuxudan oyansa, yaxud sübh azanından sonra yatsa və yuxuda ikən cənabətli olsa, cənabətli olmaq həmin günün orucuna xələl gətirmir. Əlbəttə, o, namaz üçün qüsl etməlidir və namaz vaxtınadək qüsl etməyi təxirə sala bilər.
Diqqət:
• Əgər oruc tutan şəxs Ramazan ayının və ya oruc tutduğu başqa günlərin gündüz vaxtı yatsa və yuxuda ikən cənabətli olsa, yuxudan oyandıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
7. Əgər oyaqlıqda cənabətli olan bir şəxs və ya yuxuda ikən cənabətli olduqdan sonra oyanan bir şəxs bilsə ki, yatdığı təqdirdə sübh azanınadək qüsl üçün oyana bilməyəcəkdir, o, qüsl etmədən yata bilməz. Əgər yatsa və sübh azanınadək qüsl edə bilməsə, orucu düzgün deyildir. Amma əgər sübh azanınadək qüsl üçün oyanacağını ehtimal etsə və qüsl etmək niyyətində də olsa, lakin oyana bilməsə, orucu düzgündür. Amma əgər o, oyandıqdan sonra yenidən yatsa və sübh azanınadək oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
Diqqət:
• Əgər bir şəxs Ramazan ayının gecəsində sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu başa düşməyib yenidən yatsa, amma sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucu düzgündür. Həmçinin əgər bir şəxs sübh azanından qabaq möhtəlim olub-olmadığına şəkk etsə və özündə möhtəlim olmağın bir əlamətini müşahidə etməsə, buna görə də öz şəkkinə etina etməyib yenidən yatsa, amma sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucu düzgündür.
8. Heyz və ya nifas qanından paklanan və qüsl etməli olan qadın əgər Ramazan ayında sübh azanınadək qüsl etməsə, onun orucu düzgün deyildir.
9. Əgər oruc olan qadın gündüz ərzində heyz və ya nifas qanı görsə, hətta şəri məğribə az qalsa belə, onun orucu pozulur.
Diqqət:
• “Vaxtı müəyyən olan nəzir orucu”nu tutan qadın əgər heyz olsa, onun orucu pozulur və paklandıqdan sonra orucun qəzasını tutmalıdır.
8- Maye ilə imalə etmək
1. Maye bir şeylə imalə etmək, hətta çarəsizlik üzündən və müalicə üçün olsa belə, orucu pozur.
2. Oruc tutanda bərk şamlardan istifadə etməyin maneəsi yoxdur və orucu pozmur.
9- Bilərəkdən qusmaq
1. Əgər oruc tutan şəxs bilərəkdən qussa, orucu pozulur. Baxmayaraq ki, xəstəliklə əlaqədar olaraq və ya başqa bir səbəbə görə qusmaq məcburiyyətində olmuşdur. Amma əgər səhvən və ya qeyri-ixtiyari olaraq qussa, orucu pozulmur.
2. Əgər gəyirərkən oruc tutan şəxsin ağzına bir şey gəlsə, onu ağzından çıxarmalıdır. Amma əgər onu qeyri-ixtiyari olaraq udsa, orucu düzgündür.
Orucu pozan işlər barəsində bir neçə şəri məsələ:
• Əgər oruc tutan şəxs bilərəkdən və ixtiyari olaraq orucu pozan işlərdən birini görsə, orucu pozulur. Amma əgər bilərəkdən etməsə, məsələn, ayağı sürüşüb çaya düşsə və başı bütünlüklə suya daxil olsa, yaxud oruc olduğunu unudub yemək yesə, yaxud da zorla onun boğazına yemək-içmək töksələr, orucu pozulmur.
• Əgər oruc tutan şəxsi orucunu pozmağa məcbur etsələr (məsələn, onu hədələsələr ki, yemək yeməyəcəyi təqdirdə onun canına və ya malına zərər yetirəcəklər və o da bu zərərin qarşısını almaq üçün özü yemək yesə), onun orucu pozulur.
• Əgər oruc tutan şəxs orucu pozan işlərdən birini səhvən yerinə yetirsə, daha sonra orucunun pozulduğunu düşünüb orucu pozan bir işi yenidən yerinə yetirsə, onun orucu pozulur.
• Əgər oruc tutan şəxs orucu pozan bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, məsələn, ağzına daxil olan qatı tozu udub-udmadığına və ya ağzına aldığı suyu ağzından xaric edib-etmədiyinə şəkk etsə, onun orucu düzgündür.
Suallar:
1- Əgər oruc tutan şəxs dalğıcların geyimi kimi su keçirməyən bir paltar geyinsə və bu geyimlə suya daxil olsa, onun orucunun hökmü nədir?
2- Duş altında və ya bir qab ilə su tökərək başı yumaq orucu pozurmu?
3- Günəş doğduqdan sonra cənabət qüslü edib, qəza orucu və ya müstəhəb oruc tutmaq olarmı?
4- Əgər bir şəxs Ramazan ayının orucunda və ya başqa oruclarda boynunda cənabət qüslü olduğunu gecədən sübh azanınadək unutsa və gündüz ərzində bunu xatırlasa, onun orucunun hökmü nədir?
5- Əgər bir şəxs Ramazan ayının gecəsində sübh azanından qabaq oyansa və möhtəlim olduğunu görsə və qüsl etmək üçün oyanacağını ehtimal edib yenidən yatsa, amma sübh namazının vaxtı daxil olduqdan sonra oyansa, onun orucunun hökmü nədir?
6- Əgər oruc tutan şəxs gəyirərkən ağzına bir şey gəlsə, nə etməlidir?
[1] Orucun “ehtiyat-vacibə görə” düzgün olmadığı hallarda mükəlləf orucu tutmalı və sonradan onun qəzasını da tutmalıdır.
- Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
1. Kəffarənin vacib olduğu hallar
1. Əgər bir şəxs mübarək Ramazan ayında bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzrü olmadan orucu pozan işlərdən birini yerinə yetirsə, orucun qəzasından əlavə, ona kəffarə də vacib olur. O, orucu pozan bir işi yerinə yetirərkən, istər kəffarənin vacib olacağını bilsin, istərsə də bilməsin, hökm dəyişmir.
Diqqət:
• Əgər bir şəxs şəri hökmü bilmədiyinə görə orucu pozan bir iş görsə, məsələn, başı bütünlüklə suya salmağın orucu pozduğunu bilməsə və başını bütünlüklə suya salsa, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır. Amma ona kəffarə vermək vacib olmur.
• Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və onu görsə, orucun qəzasından əlavə, ehtiyat-vacibə görə, kəffarə də verməlidir.
• Əgər hansısa bir səbəbə görə orucu pozmaq bir şəxsə icazəli və ya vacib olsa, məsələn, onu orucu pozan bir işi görməyə məcbur etsələr və ya suda boğulan bir nəfəri xilas etmək üçün suya atılsa, bu halda ona kəffarə vacib olmur, amma həmin günün orucunun qəzasını tutmalıdır.
2. Əgər oruc tutan şəxsin daxilindən (mədəsindən və ya qida borusundan) bir şey onun ağzına gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun həm qəzasını tutmalı, həm də kəffarə verməlidir.
3. Əgər Ramazan ayında sözünə etibar edilməyən bir şəxs şəri məğrib olduğunu desə və oruc tutan şəxs onun sözünə əsasən iftar etsə, sonra isə məğrib olmadığını başa düşsə, ona orucun qəzası və kəffarəsi vacib olur.
4. Cinsi əlaqədə hər iki tərəfin orucu pozulur və onların hər ikisinə orucun qəzası və kəffarəsi vacib olur.
2. Kəffarənin miqdarı və onu ödəməyin qaydası
1. Müqəddəs İslam şəriətində mübarək Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi aşağıdakı üç işdən biridir:
1- Bir qul azad etmək;
2- İki ay oruc tutmaq;
3- Altmış fəqirə yemək vermək.
Diqqət:
• Hazırkı dövrdə qul olmadığına görə, şəri vəzifə daşıyan şəxs digər iki kəffarədən birini verməlidir.
• Əgər bir şəxs Ramazan ayında haram cinsi əlaqə və ya haram yemək-içmək ilə orucunu pozarsa, üç kəffarədən birini verməsi kifayət edir. Baxmayaraq ki, hər üç kəffarəni verməsi (bir qul azad etmək[1], altmış gün oruc tutmaq, altmış fəqirə yemək vermək) ehtiyat-müstəhəbə müvafiqdir.
• Əgər bir şəxs orucu bilərəkdən pozmağın kəffarəsi olaraq qeyd edilən işlərin heç birini yerinə yetirə bilmirsə, imkanı çatdığı qədər fəqirə yemək versin və ehtiyata görə, Allahdan bağışlanma da diləsin. Əgər fəqirə heç bir vəchlə yemək verməyə maddi imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni dili və qəlbi ilə desin: “Əstəğfirullahə” (Allahdan bağışlanma diləyirəm).
• Oruc tutmağa və fəqirə yemək verməyə qadir olmadığına görə şəri vəzifəsi Allahdan bağışlanma diləmək olan bir şəxs əgər sonralar oruc tutmağa və ya fəqirə yemək verməyə qadir olsa, bu işi görməsi vacib deyildir, amma bu işi görmək ehtiyat-müstəhəbə müvafiqdir.
2. Ramazan ayının orucunun iki ay kəffarə orucunu tutmaq istəyən şəxs tam bir ayı və ikinci aydan ən azı bir günü ara vermədən oruc tutmalıdır. İkinci ayın orucunu fasilələrlə tutmağın maneəsi yoxdur.
3. Altmış gün oruc tutmaq istəyən şəxs əgər həmin müddətdə müəyyən bir üzrə görə, məsələn, xəstəliklə və ya heyz ilə əlaqədar oruc tuta bilməsə, üzrü aradan qalxdıqdan sonra orucu davam etdirə bilər və yenidən başdan başlamaq lazım deyildir.
4. Altmış fəqirə yemək vermək iki şəkildə yerinə yetirilə bilər:
Birincisi, hazır yemək verib, onları doyuzdurmaq;
İkincisi, hər bir fəqirə 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan vermək.
5. Orucu bilərəkdən pozmağın kəffarəsi olaraq altmış fəqirə (əvvəlki məsələdə qeyd edilən şəkildə) yemək vermək istəyən şəxsin əgər altmış fəqirə əli çatırsa, iki və ya daha çox fəqirin payını bir fəqirə verə bilməz. Əksinə, altmış fəqirin hər birinə ona düşən pay miqdarında yemək verməlidir. Amma fəqir bir şəxsin ailə üzvlərinin payını ona həvalə edə bilər ki, aparıb ailə üzvlərinə çatdırsın.
Diqqət:
• Fəqir şəxsin uşaq və ya böyük, yaxud kişi və ya qadın olmasının bir fərqi yoxdur.
3. Kəffarənin şəri hökmləri
1. Əgər oruc tutan şəxs gün ərzində orucu pozan bir işi bir dəfədən çox yerinə yetirsə, ona yalnız bir kəffarə vacib olur. Amma əgər cinsi əlaqə və ya istimna ilə orucu pozarsa, ehtiyat-vacibə görə, cinsi əlaqənin və ya istimnanın sayı qədər kəffarə verməlidir.
2. Əgər bir şəxs orucunu bilərəkdən pozsa, orucunu pozduqdan sonra səfərə getsə belə, kəffarə onun boynundan götürülmür. Beləliklə, əgər bir şəxs cənabətli halda yuxudan oyansa və boynuna cənabət qüslü gəldiyini bilsə, amma sübh namazının vaxtı daxil olanadək qüsl və ya təyəmmüm etməsə, eyni zamanda orucdan yayınmaq niyyətilə sübh namazı daxil olduqdan sonra səfərə getməyi qərara alsa və qərara aldığı kimi səfərə getsə, kəffarə onun boynundan götürülmür. Yəni səfərə getməyi gecə vaxtı qərara almaq və gündüz vaxtı da səfərə getmək, kəffarənin onun boynundan götürülməsi üçün kifayət etmir.
3. Əgər bir şəxsə kəffarə vacib olubsa, onu dərhal yerinə yetirməsi vacib deyildir. Amma kəffarəni verməyi o qədər yubatmamalıdır ki, vacib əməli yerinə yetirməkdə səhlənkarlıq hesab olunsun.
4. Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə heç nə əlavə olunmur.
5. Orucun qəzasını və kəffarəsini yerinə yetirməkdə xüsusi bir ardıcıllıq gözlənilmir, yəni hansını istəsən, birinci yerinə yetirə bilərsən.
Suallar:
1- Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və onu yerinə yetirsə, yalnız orucun qəzasını tutmalıdır, yoxsa kəffarə verməlidir?
2- Əgər Ramazan ayında oruc olan bir kişi öz zövcəsi ilə cinsi əlaqədə olsa və qadın da bu işə razı olsa, onların hökmü nədir?
3- Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsini açıqlayın.
4- Əgər bir şəxs orucunu haram cinsi əlaqə, ya istimna və ya haram bir şeyi yemək-içməklə pozsa, onun hökmü nədir?
5- Əgər oruc tutan şəxs gün ərzində bir dəfədən çox orucu pozan bir işi yerinə yetirsə, onun şəri vəzifəsi nədir?
6- Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə bir şey əlavə olunurmu?
- Altmış üçüncü dərs: Kəffarənin qisimləri
Altmış üçüncü dərs: Kəffarənin qisimləri
Ramazan ayının orucunun qəzasını bilərəkdən pozmağın kəffarəsi
1. Kəffarənin vacib olduğu hallar
Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhr azanından sonra orucunu poza bilməz. Əgər bilərəkdən orucunu pozsa, kəffarə verməlidir.
Diqqət:
• Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhr azanından qabaq orucunu aça bilər. Amma bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmamalıdır. Əgər vaxt dar olsa, məsələn, bir şəxsin boynunda beş gün qəza orucu varsa və qarşıdan gələn Ramazan ayınadək də beş gündən çox vaxt qalmayıbsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq da orucunu açmamalıdır.
• Əgər bir şəxs Ramazan ayının orucunun qəzasını tutmaq üçün əcir olubsa, o, zöhr namazının vaxtı daxil olduqdan sonra orucu açsa belə, ona kəffarə vacib olmur.
2. Kəffarənin miqdarı
Ramazan ayının orucunun qəzasını pozmağın kəffarəsi on fəqirə yemək verməkdən ibarətdir. Əgər bir şəxsin buna imkanı olmasa, üç gün oruc tutmalıdır.
Təxir kəffarəsi
1. Kəffarənin vacib olduğu hallar
1. Əgər bir şəxs Ramazan ayının orucunu şəri üzrü olduğuna görə tutmasa və gələn ilin Ramazan ayınadək səhlənkarlıq üzündən və heç bir şəri üzrü olmadan orucun qəzasını tutmasa, bu şəxs sonradan həm orucun qəzasını tutmalı, həm də qəza orucunu təxirə saldığına görə hər gün üçün “təxir kəffarəsi” verməlidir. Amma əgər gələn ilin Ramazan ayınadək mövcud şəri üzrü davam etsə, məsələn, səfər ilə əlaqədar oruc tuta bilməyibsə və il boyu da səfərdə olubsa, o, yalnız orucun qəzasını tutmalıdır, kəffarə ona vacib olmur. Baxmayaraq ki, bu halda təxir kəffarəsini vermək ehtiyat-müstəhəbə müvafiqdir. Amma xəstəliklə əlaqədar hökm bir qədər fərqlidir və qarşıdakı məsələlərdə izah olunacaqdır.
2. Əgər bir şəxs Ramazan ayının orucunu bilərəkdən tutmasa və orucun qəzasını da gələn Ramazan ayınadək heç bir üzrü olmadan tutmasa, orucun qəzasını tutmaq və orucu bilərəkdən tutmamağın kəffarəsini veməkdən əlavə, hər gün üçün bir təxir kəffarəsi (əvvəlki məsələdə qeyd olunduğu kimi) fəqirə verməlidir.
Diqqət:
• Əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmadığı halda onun boynuna təxir kəffarəsinin gələcəyini bilmirsə, bu hökmü bilmədiyinə görə təxir kəffarəsi onun boynundan götürülmür. Beləliklə, əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmağın vacibliyini bilmədiyinə görə Ramazan ayı çatanadək qəza orucunu tutmasa, o, hər gün üçün təxir kəffarəsi verməlidir.
• Ramazan ayının orucunun qəzasının təxir kəffarəsi bir neçə il verilməsə belə, yalnız bir dəfə vacib olur və illər keçsə də say artmır. Beləliklə, əgər bir şəxs Ramazan ayının orucunun qəzasını bir neçə il təxirə salsa və tutmasa, orucun qəzasını tutmalı və hər gün üçün bir təxir kəffarəsi verməlidir.
2. Kəffarənin miqdarı
Təxir kəffarəsi hər gün üçün “bir müdd təam”dan ibarətdir və fəqirə verilməlidir.
Diqqət:
• Hər gün üçün bir müdd təam kəffarə verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.
Fidyə
1. Fidyənin verildiyi hallar
Aşağıdakı hallarda fidyə verilir:
1- Oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətli olduqda;
2- Xəstəliyi ilə əlaqədar tez-tez su içən şəxsə oruc tutmaq olduqca çətin və əziyyətli olduqda;
3- Doğumuna az bir müddət qalan hamilə qadın orucun hamiləliyə ziyanı olacağından qorxduqda;
4- Süd verən qadının südü az olduqda və orucun südəmər körpəyə ziyanı olacağından qorxduqda;
5- Oruc tutmağın bir xəstə insana ziyanı olduqda və onun xəstəliyi gələn ilin Ramazan ayınadək davam etdikdə.
1. Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam (məsələn, buğda, arpa, düyü) fəqirə fidyə verməlidirlər. Əgər onlar oruc tutmağa əsla qadir deyillərsə, ehtiyata görə, fidyə verməlidirlər. Amma hər iki halda əgər Ramazan ayından sonra oruc tutmağa qadir olsalar, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsunlar.
2. Əgər bir şəxs xəstəliyi ilə əlaqədar tez-tez su içmək istəyirsə və susuzluğa əsla dözə bilmirsə, yaxud susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətlidirsə, ona oruc tutmaq vacib olmur. Amma ikinci surətdə (yəni susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətli olduğu təqdirdə) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-vacibə görə, birinci surətdə də (yəni susuzluğa əsla dözə bilmədiyi təqdirdə) bu fidyəni verməlidir. Əgər o, Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsun.
3. Doğumu yaxınlaşan hamilə qadın əgər orucun onun bətnindəki körpəyə və ya onun özünə ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. Birinci surətdə (yəni orucun onun bətnindəki körpəyə ziyanı olacağından qorxduğu təqdirdə) hər gün üçün bir müdd təam, yəni 750 qram buğda, arpa və s. bu kimi ərzaqlar fidyə ünvanında fəqirə verməlidir. Ramazan ayından sonra da bu orucun qəzasını tutmalıdır. İkinci surətdə (yəni orucun onun özünə ziyanı olacağından qorxduğu təqdirdə) tutmadığı orucların qəzasını tutmalı və ehtiyata görə, fidyə də verməlidir. Doğumu yaxın olmayan hamilə qadının isə fidyə verməsi ehtiyat-vacibdir.
4. Əgər südverən qadın (istər körpənin doğma anası olsun, istərsə də dayəsi olsun, dayə istər ücrət ilə süd versin, istərsə də ücrətsiz süd versin) südün azalacağından və ya quruyacağından qorxduğu üçün orucun uşağa ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. O, hər gün üçün fidyə verməli və sonradan orucun qəzasını tutmalıdır. Amma əgər orucun qadının özünə ziyanı olsa, ehtiyata görə, fidyə vacib olur.
5. Yuxarıdakı iki məsələni nəzərə alaraq, əgər bu qadın gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmasa, səhlənkarlıq etdiyi təqdirdə, orucun qəzasından əlavə, təxir kəffarəsi də verməlidir. Amma əgər hansısa bir üzrə görə orucun qəzasını tuta bilməyibsə, təxir kəffarəsi vacib olmur. Əgər bu üzr orucun onun övladına ziyanı olacağı qorxusu olsa, orucların qəzasını nə zaman tuta bilsə, tutmalıdır. Yox əgər bu üzr orucun onun özünə ziyanı olacağı qorxusu olsa, orucun qəzası onun boynundan götürülür. O, hər gün üçün fidyə verməlidir.
6. Əgər bir xəstə insan xəstəliyi ilə əlaqədar Ramazan ayının orucunu tuta bilməyibsə və onun xəstəliyi gələn Ramazan ayınadək davam edibsə, tutmadığı orucların qəzası onun boynundan götürülür və ona qəza orucu tutmaq vacib olmur. O, yalnız hər gün üçün fidyə verməlidir.
Diqqət:
• Qadının fidyə və ya kəffarəsi qadının öz öhdəsindədir və bunu ödəmək onun ərinə vacib deyildir, baxmayaraq ki, qadın hamiləliklə əlaqədar və ya süd verdiyinə görə oruc tutmamışdır. Həmçinin övladın kəffarəsi və ya fidyəsi atanın öhdəsində deyildir. Amma ər öz zövcəsinin və ya ata öz övladının yerinə onun fidyəsini və ya kəffarəsini ödəyə bilər.
2. Fidyənin miqdarı
Fidyənin miqdarı təxir kəffarəsinin miqdarındadır, yəni bir müdd təamdır (750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan biri ola bilər) və fəqirə verilməlidir.
Diqqət:
• Əgər bir şəxs müəyyən bir gün oruc tutacağını nəzir etsə və həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu pozsa, kəffarə verməlidir.
• Nəzirin kəffarəsi on fəqiri yedizdirmək və ya geyindirməkdən ibarətdir. Əgər mükəlləfin buna imkanı olmasa, üç gün oruc tutmalıdır.
Suallar:
1- Ramazan ayının orucunun qəzasını bilərəkdən pozmağın kəffarəsi hansı hallarda vacib olur və miqdarı nə qədərdir?
2- Ramazan ayının orucunun qəzasını təxirə salmağın kəffarəsi hansı hallarda vacib olur və miqdarı nə qədərdir?
3- Əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmağın vacibliyini bilmədiyinə görə Ramazan ayı çatanadək qəza orucunu tutmasa, ona təxir kəffarəsi vacib olurmu?
4- Hansı hallarda fidyə verilir?
5- Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin Ramazan ayınadək orucun qəzasını da tuta bilməsə, ona kəffarə vacib olurmu, yoxsa ərinə vacib olur?
- Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
Yalnız orucun qəzasının vacib olduğu hallar
1. Əgər bir şəxs Ramazan ayının orucunun niyyətini etməsə və ya riya ilə oruc tutsa, amma eyni zamanda orucu pozan işlərdən heç birini yerinə yetirməsə, yalnız orucun qəzasını tutmalıdır, ona kəffarə vacib olmur.
2. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü etməyi unudub cənabətli halda bir və ya bir neçə gün oruc tutsa, yalnız həmin günlərin orucunun qəzası ona vacib olur.
3. Əgər bir şəxs Ramazan ayında sübh namazının vaxtının daxil olub-olmadığını araşdırmadan orucu pozan işlərdən birini yerinə yetirsə, amma sonradan məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı daxil olmuşdur, həmin günün orucunun qəzasını tutmalıdır. Amma əgər araşdırdıqdan sonra sübh namazının vaxtının daxil olmadığını bilsə və buna görə də orucu pozan işlərdən birini yerinə yetirsə, amma sonradan məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı olmuşdur, onun orucu düzgündür və qəzası yoxdur.
4. Əgər bir şəxs Ramazan ayında havanın qaraldığını görüb şəri məğrib vaxtının daxil olduğuna yəqin etsə və ya sözü şəri baxımdan dəlil sayılan bir dəstə insan şəri məğrib vaxtının daxil olduğunu xəbər versələr, buna görə də bu şəxs orucunu açsa, amma sonradan məlum olsa ki, həmin vaxt şəri məğrib vaxtı daxil olmamışdır, o, həmin günün orucunun qəzasını tutmalıdır.
5. Əgər bir şəxs hava buludlu olduğuna görə məğrib namazının vaxtının daxil olduğunu güman edib iftar etsə, amma sonradan məlum olsa ki, həmin vaxt məğrib namazının vaxtı daxil olmamışdır, həmin günün orucunun qəzası ona vacib olmur.
6. Mükəlləf Ramazan ayında sübh namazının vaxtının daxil olduğuna yəqin etməyənədək orucu pozan işləri yerinə yetirə bilər. Amma əgər sonradan məlum olsa ki, orucu pozan işi yerinə yetirərkən sübh namazının vaxtı daxil olmuşdu, bunun hökmü 3-cü məsələdə açıqlandı.
7. Mükəlləf Ramazan ayında məğrib namazının vaxtının daxil olduğuna yəqin etməyənədək orucu aça bilməz. Əgər o, məğrib namazının vaxtının daxil olduğuna yəqin edib orucunu açsa, amma sonradan məlum olsa ki, həmin vaxt məğrib vaxtı olmamışdı, bunun hökmü 4-cü və 5-ci məsələlərdə açıqlandı.
8. Əgər oruc tutan şəxs suyun boğazdan keçməyəcəyinə əmin bir halda dəstəmaz alarkən ağzını yaxalasa (belə ki, dəstəmaz alarkən ağıza su alıb yaxalamaq müstəhəbdir), amma su qeyri-ixtiyari olaraq onun boğazına getsə, o, vacib namaz üçün dəstəmaz alarkən bu işi etdiyi təqdirdə, orucu düzgündür və qəzası yoxdur. Amma əgər vacib olmayan namaz üçün dəstəmaz alarkən və ya dəstəmazdan qeyri hallarda, məsələn, sərinlənmək üçün bu işi etsə və su qeyri-ixtiyari olaraq onun boğazına getsə, ehtiyata görə, həmin günün orucunun qəzasını tutmalıdır.
Qəza orucunun hökmləri
1. Əgər bir şəxs bir gün və ya bir neçə gün huşsuz vəziyyətdə olsa və vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzasını tutmaq lazım deyildir.
2. Əgər bir şəxs məst olduğuna görə vacib orucu tuta bilməyibdirsə, məsələn, oruc niyyəti etməyibdirsə, gün ərzində orucu pozan işləri yerinə yetirməsə belə, onun orucu düzgün deyildir və həmin günün orucunun qəzasını tutmalıdır.
3. Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst olubsa və bütün gün və ya günün bir hissəsini məst vəziyyətdə olubsa – xüsusilə də ağılın aradan getdiyi bərk məstlik vəziyyətində olduğu hallarda – ehtiyat-vacibə görə, həmin günün orucunun qəzasını tutmalıdır.
Diqqət:
• Yuxarıda qeyd edilən 2-ci və 3-cü məsələlərdə istər məstedici maddəni istifadə etmək bu şəxsə haram olsun, istərsə də xəstəliyi ilə əlaqədar və ya içdiyi mayenin şərab olduğunu bilmədiyinə görə bu maddəni istifadə etmək ona halal olsun, hökm dəyişmir.
4. Ramazan ayında qadın heyz və ya nifas günlərində tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır.
5. Əgər Ramazan ayında bir şəxs müəyyən üzrə görə bir neçə gün oruc tutmasa və günlərin sayını dəqiq bilməsə, üzrün hansı tarixdən etibarən başlandığını bilmədiyi təqdirdə (məsələn, bir şəxs Ramazan ayının 25-i, yoxsa 26-sı səfərə getdiyini bilmir və buna görə də altı gün, yoxsa beş gün qəza orucu tutmalı olduğunu müəyyənləşdirə bilmir), o, sayın azını götürüb, həmin sayda qəza orucu tuta bilər. Amma əgər üzrün hansı tarixdən etibarən başlandığını bilirsə, məsələn, Ramazan ayının 5-i səfərə getdiyini bilir, lakin ayın 10-u, yoxsa 11-i gecə qayıtdığını bilmir və buna görə də beş gün, yoxsa altı gün qəza orucu tutacağını müəyyənləşdirə bilmirsə, bu halda ehtiyat-vacibə görə, sayın çoxunu götürməli və həmin sayda qəza orucu tutmalıdır.
6. Əgər bir şəxsin boynunda ötən bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, maneəsi yoxdur. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
7. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutubsa, o, zöhrdən qabaq orucunu poza bilər, amma bu şərtlə ki, qəza orucu üçün vaxt dar olmamalıdır. Əgər vaxt dardırsa, yəni qarşıda gələn Ramazan ayınadək qəza oruclarının sayı qədər gün qalıbdırsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq orucunu pozmasın.
8. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməsə və onun xəstəliyi gələn Ramazan ayınadək davam etsə, orucların qəzasını tutmaq ona vacib olmur. Amma əgər xəstəlikdən qeyri bir üzrə görə (məsələn, səfərə getdiyi üçün) oruc tutmasa və onun üzrü gələn Ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır. Həmçinin əgər bir şəxs xəstəliklə əlaqədar olaraq oruc tutmasa, sonra sağalsa, amma qarşıya başqa bir üzr (məsələn, səfərə getmək) çıxsa və bu üzr gələn Ramazan ayınadək davam etsə, yaxud da Ramazan ayında xəstəlikdən qeyri bir üzrə görə oruc tutmasa və Ramazan ayından sonra bu üzr aradan qalxsa, amma gələn Ramazan ayınadək xəstəliklə əlaqədar olaraq oruc tuta bilməsə, tutmadığı orucların qəzasını Ramazan ayından sonra tutmalıdır.
Diqqət:
• Əgər bir şəxs fiziki gücü çatmadığına görə Ramazan ayında oruc tutmağa, həmçinin gələn ilin Ramazan ayınadək orucların qəzasını tutmağa qadir deyildirsə, orucların qəzası onun boynundan götürülmür. Orucların qəzasını tutmağa qadir olduğu zaman onları tutmalıdır. Deməli, şəri vəzifə yaşına çatan bir qız əgər fiziki baxımdan zəif olduğuna görə oruc tuta bilməsə və gələn ilin Ramazan ayınadək orucların qəzasını da tuta bilməsə, tutmadığı orucların qəzasını tutmalıdır. Həmçinin əgər bir şəxs bir neçə il oruc tutmayıbsa və indi tövbə edib, orucların qəzasını tutmağı qərara alıbdırsa, tutmadığı bütün orucların qəzasını tutmalıdır. Əgər bu orucları tuta bilməsə, onun boynundan götürülmür və boynunda qalır.
Ata-ananın qəza orucu
1. Əgər ata və ehtiyat-vacibə görə, ana öz oruclarını səfərdən qeyri bir şəri üzrə görə tutmasalar və orucun qəzasını tuta bilmələrinə rəğmən orucun qəzasını da tutmasalar, onlar dünyadan köçdükdən sonra böyük oğul onların qəza oruclarını tutmalı və ya əcir tutaraq onların qəza oruclarını tutdurmalıdır. Amma valideynlərin səfər ilə əlaqədar olaraq tutmadıqları oruclara gəlincə, onların bu orucları tutmağa fürsət və imkanı olmasa belə, bu orucları tutmaq böyük oğula vacibdir.
2. Ata və ananın bilərəkdən və heç bir şəri üzr olmadan tutmadıqları orucları, ehtiyat-vacibə görə, böyük oğul tutmalı və ya əcir tutub bu orucları tutdurmalıdır.
3. Əgər böyük oğulun boynunda ata və ananın həm qəza namazı, həm də qəza orucu varsa, namaz və orucdan hansı birini istəsə, birinci yerinə yetirə bilər.
Müsafir orucunun hökmləri
1. Əgər Ramazan ayında səfərə gedən şəxs bu səfərdə namazını qəsr qılmalıdırsa, səfərdə oruc tuta bilməz. Amma əgər səfərdə namazı dördrəkətli qılmalıdırsa (məsələn, müəyyən bir yerdə on gün qalmaq niyyətindədirsə və ya səfər etmək onun peşəsidirsə), orucunu tutmalıdır.
2. Əgər oruc tutan şəxs zöhrdən sonra səfər etsə, orucunu davam etdirməlidir. Amma əgər zöhrdən qabaq səfər etsə, burada iki hal yaranır:
- Əgər o, səfərə getməyi əvvəlki gecədən qərara alıbdırsa, orucu düzgün deyildir.
- Amma əgər gündüz vaxtı səfər etməyi qərara alıbdırsa, ehtiyat-vacibə görə, oruc tutmalı və Ramazan ayından sonra orucun qəzasını da tutmalıdır.
3. Əgər müsafir şəxs zöhrdən qabaq vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, orucu pozan bir iş görmədiyi təqdirdə, orucu tutmalıdır. Orucu pozan bir iş gördüyü təqdirdə isə sonradan orucun qəzasını tutmalıdır. Amma əgər zöhrdən sonra vətənə daxil olsa və ya on gün qalmağı qərara aldığı yerə çatsa, oruc tuta bilməz.
4. Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.
Diqqət:
• Əgər etikaf etməyi qərara alan müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara alsa, yaxud səfərdə oruc tutmağı nəzir etsə, o, səfərdə etikaf edə bilər. Amma əgər müəyyən bir yerdə on gün qalmağı qərara almayıbdırsa, yaxud səfərdə oruc tutmağı nəzir etməyibdirsə, səfərdə onun orucu düzgün deyildir. Oruc düzgün olmadıqda, etikaf da düzgün deyildir.
Suallar:
1- Əgər oruc olan şəxs ağzını yaxalasa və su qeyri-ixtiyari olaraq onun boğazına getsə, orucu pozulurmu?
2- Əgər bir şəxsin boynunda ötən bir neçə Ramazan ayının orucunun qəzası varsa, orucların qəzasını hansı şəkildə tutmalıdır?
3- Əgər şəri vəzifə yaşına yenicə çatan qız oruc tutmağa gücü çatmadığı üçün orucunu açsa, orucun qəzası ona vacib olurmu?
4- Atanın və ananın qəza orucunun hökmünü açıqlayın.
5- Əgər bir şəxs şəri zöhrdən qabaq öz vətəninə çatmaq niyyətində olsa, lakin yolda müəyyən səbəblərə görə ləngisə və zöhrdən qabaq çata bilməsə, onun orucu düzgündürmü?
6- Ramazan ayında orucu açmaq və orucdan yayınmaq məqsədilə bilərəkdən səfər etməyə icazə verilirmi?
- Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
Ayın əvvəlinin sübuta yetməsinin yolları
Ayın əvvəli beş yol ilə sübuta yetir:
1- İnsanın özü ayın hilalını görür;
2- İki ədalətli şəxs ayın hilalını gördüklərinə şahidlik edir, amma bu şərtlə ki, çoxsayda insan ayın göründüyünü inkar etməməli və o iki ədalətli şəxsin səhv etdiyinə güman artmamalıdır;
3- Bilik və ya əminliyə səbəb olan məşhur xəbər;
4- Əvvəlki ayın başlanmasından otuz günün keçməsi;
5- Şəri-hakimin hökmü.
1. Əsr çağı ayın hilalını görmək qəməri ayın çıxdığını sübuta yetirir və ayın hilalı göründükdən sonra həmin gecə ayın birinci gecəsidir.
Diqqət:
• Hilalı müəyyən cihazlar və vasitələrlə görmək və ya adi gözlə görmək arasında fərq yoxdur və etibarlı sayılır. Əsas odur ki, “görmək” adlansın. Deməli, gözlə görmək, eynəklə görmək, teleskopla görmək – bunların hamısı eyni hökmü daşıyır. Amma işığın əks olunmasının kompyuterdə qeydə alınması və bu yolla ayın hilalının şəklini görmək məsələsinə gəlincə, bunun “görmək” adlanması məlum olmadığına görə, məhəlli-işkaldır.
• Ayın hilalını görmək öz-özlüyündə şəri vacib əməl deyildir.
• Sırf hilalın kiçik və aşağıda olması, ya böyük və yuxarıda olması, ya da enli və ya nazik olması və s. həmin gecənin birinci və ya ikinci gecə olmasına şəri dəlil deyildir. Amma əgər mükəlləf hilalın bu xüsusiyyətlərindən hansısa bir nəticəyə gələrsə və onda yəqinlik yaranarsa, bu barədə öz yəqinliyinə müvafiq əməl etməlidir.
• Ayın əvvəli olduğu təqvimlər vasitəsilə və ya astroloqların elmi hesablamaları ilə sübuta yetmir. Amma əgər onların sözlərindən insanda yəqinlik yaranarsa, bu yəqinliyə müvafiq əməl etmək olar.
2. Əgər bir şəhərdə ayın əvvəli olduğu sübuta yetsə, bu, həmin şəhərlə eyni üfüqdə olan digər şəhərlər üçün kifayət edir.
Diqqət:
• “Üfüqün eyni olması” dedikdə, hilalı görməyin mümkün olub-olmaması baxımından bir regionun başqa bir regionla eyni olması nəzərdə tutulur.
3. Əgər şəri-hakim şəxsən ayın hilalını görsə, amma hilalın göründüyünə dair hökm verməsə, sırf şəri-hakimin ayın hilalını görməsi başqalarının ona tabe olmaları üçün kifayət etmir. Amma əgər bu yolla insanda ayın hilalının göründüyünə dair əminlik yaranarsa, bu əminliyə müvafiq əməl etmək olar.
Diqqət:
• Əgər ayın hilalını görən bir şəxs bilsə ki, ayı görmək müəyyən səbəblərə görə onun şəhərinin şəri-hakimi üçun mümkün olmayacaqdır, ayı gördüyünü şəri-hakimə xəbər verməsi vacib deyildir. Amma əgər bu barədə xəbər verməmək hansısa bir fəsada səbəb olacaqdırsa, bu halda xəbər verməlidir.
• Əgər şəri-hakim hökm versə ki, sabahısı gün ayın birinci günüdür və bu hökm bütün ölkəyə şamil olsa, onun hökmü şəri baxımdan bu ölkənin bütün şəhərləri üçün qüvvədədir.
• Əgər qeyri-islami bir dövlət ayın hilalının göründüyünü elan etsə və bu elan ayın əvvəli olduğuna dair insanda əminlik yaratsa, kifayət edir.
• Əgər bir şəhərdə ayın hilalını görməsələr, amma radio və televiziya vasitəsilə hilalın göründüyü xəbər verilsə, bu xəbər insanda hilalın göründüyünə dair əminlik yaratdığı təqdirdə, kifayət edir və araşdırma aparmağa da ehtiyac yoxdur.
4. Əgər şəvval ayının əvvəli olduğu ayı görmək, hətta qonşu və üfüqü eyni olan şəhərlərdə ayı görmək yolu ilə, yaxud iki ədalətli şəxsin şəhadəti yolu ilə, yaxud da şəri-hakimin hökmü əsasında sübuta yetməzsə, həmin günü oruc tutmaq lazımdır.
5. Əgər Ramazan ayının əvvəli olduğu sübuta yetməzsə, oruc tutmaq vacib deyildir. Amma əgər sonradan ayın əvvəli olduğu məlum olarsa, həmin günün orucunun qəzasını tutmaq lazımdır.
6. Əgər mükəlləf Ramazan ayının axırı, yoxsa şəvval ayının əvvəli olduğuna şəkk etsə, həmin gün oruc tutmalıdır. Amma əgər gün əsnasında şəvval ayının əvvəli olduğu sübuta yetsə, orucunu açmalıdır. Hətta məğribə çox az vaxt qalsa belə, orucunu açmalıdır.
Orucun müxtəlif məsələləri
1. Əgər bir məntəqədə əhalinin əksəriyyəti Ramazan ayının gecələrində Quran və dua oxumaq, dini mərasimlər keçirmək üçün oyaq qalırlarsa, sübhə yaxın hamının eşitməsi üçün məsciddən səsucaldan vasitəsilə səhər dualarını yayımlamağın maneəsi yoxdur. Amma əgər bu duaların yayımlanması məscidin qonşuluğunda yaşayan sakinlərə əziyyət versə, buna icazə verilmir.
2. Ramazan ayının gündəlik dualarını savab qazanmaq niyyətilə oxumağın maneəsi yoxdur.
3. Müstəhəb oruc tutan şəxs istədiyi vaxt orucunu aça bilər. Əgər mömin bir şəxs ona yemək təklif etsə, onun təklifini qəbul etməsi və orucunu açması şəri baxımdan bəyənilir.
4. Əgər oruc tutmuş şəxs şəri məğrib vaxtı bir ölkədə iftar etsə və sonra (təyyarə ilə) başqa bir ölkəyə səfər etsə, amma səfər etdiyi ölkəyə çatdıqda orada hələ şəri məğrib vaxtı daxil olmamış olsa, həmin günün orucu düzgündür. Şəri məğrib vaxtı öz ölkəsində iftar etdiyini nəzərə alaraq, o, səfər etdiyi ölkədə şəri məğribdən qabaq yeyib-içə bilər.
5. Bir şəxs Ramazan ayının əvvəlindən iyirmi yeddisinədək öz vətənində oruc tutmuş və iyirmi səkkizinci günün sübhündə onun şəhəri ilə üfüqü eyni olan başqa bir şəhərə səfər etmişdir. Ayın iyirmi doqquzuncu günü ora çatmış və həmin gün orada bayram elan edildiyini görmüşdür. Əgər ayın iyirmi doqquzuncu günü həmin bölgədə Fitr bayramının elan edilməsi şəri qaydada və düzgün olubdursa, həmin günün orucunun qəzası bu şəxsə vacib deyildir. Amma bu iki şəhərin (bu şəxsin vətəni olan şəhər ilə səfər etdiyi şəhərin) üfüqünün eyni olduğunu nəzərə alaraq, məlum olur ki, o, ayın əvvəlindən bir gün oruc tutmamışdır. Odur ki, tutmadığına yəqinliyi olan orucun qəzasını tutmalıdır.
Suallar:
1- Ayın əvvəlinin sübuta yetməsinin yollarını açıqlayın.
2- “İki şəhərin üfüqünün eyni olması” dedikdə, nə nəzərdə tutulur?
3- Əgər şəri-hakim ayı görsə, amma elan etməsə, bu, başqalarının ona tabe olmaları üçün kifayət edirmi?
4- Əgər mükəlləf Ramazan ayının axırı, yoxsa şəvval ayının əvvəli olduğuna şəkk etsə, vəzifəsi nədir?
5- Əgər Ramazan ayının gündəlik dualarının (1-ci günün duası, 2-ci günün duası və bu minvalla otuz günün duası) düzgünlüyünə şəkk olunarsa, onları oxumağın hökmü nədir?
6- Əgər oruc tutmuş şəxs şəri məğrib vaxtı bir ölkədə iftar etsə və sonra (təyyarə ilə) başqa bir ölkəyə səfər etsə, amma səfər etdiyi ölkəyə çatdıqda orada hələ şəri məğrib vaxtı daxil olmamış olsa, həmin günün orucunun hökmü nədir? O, səfər etdiyi ölkədə şəri məğribdən qabaq yeyib-içə bilərmi?
-
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-