Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- Beşinci dərs: Sular
Beşinci dərs: Sular
Suların qisimləri
Sular iki qismə ayrılır:
1. Muzaf su;
2. Mutləq su.
Mutləq su üç qisimdir:
1. Yağış suyu;
2. Axar su;
3. Durğun su.
Durğun su iki qisimdir:
1. Kürr su;
2. Qəlil[1] su.
Muzaf su
1. Muzaf suyun mənası
“Muzaf su” o suya deyilir ki, “su” sözünü təklikdə və söz birləşməsi tərkibində olmadan ona şamil etmək düzgün hesab edilmir. Muzaf su müəyyən bir şeydən sıxılıb alınan bir su ola bilər, məsələn, alma suyu, gül suyu və s. Yaxud da adi su müəyyən bir şeylə elə şəkildə qarışar ki, daha ona “su” deyilməz, məsələn, şərbət, şor su və s.
2. Muzaf suyun hökmləri
1. Muzaf su napak bir şeyi paklamır (paklayıcı deyildir).
2. Əgər muzaf su “nəcasətlər”[2] ilə təmasda olsa, napak olur. (Hətta “nəcasət” az olsa və təmas nəticəsində muzaf suyun iyi, rəngi və dadı dəyişməsə belə, yaxud muzaf su kürr miqdarında olsa belə, yenə də napak olur.)
3. Muzaf su ilə dəstəmaz almaq və qüsl etmək düzgün deyildir.
4. Əgər napak muzaf su “axar su”ya və ya “kürr su”ya elə bir şəkildə qarışsa ki, daha ona muzaf su deyilməsə, bu su pak olur.
5. Əgər bir su muzaf olsa və insan onun mutləq suya çevrilib-çevrilmədiyinə şəkk etsə, bu su muzaf su hökmündədir. Yəni napak bir şeyi paklamır, onunla dəstəmaz almaq və qüsl etmək düzgün deyildir.
Mutləq su (xalis su)
1. Mutləq suyun mənası
“Mutləq su” o suya deyilir ki, “su” sözünü təklikdə və söz birləşməsi tərkibində olmadan ona şamil etmək düzgündür. Məsələn, bulaqdan qaynayan su, göydən yağan su və s.
2. Mutləq suyun qisimləri
Mutləq su aşağıdakı qisimlərə bölünür:
- Göydən yağır (yağış suyu);
- Yerdən qaynayır (axar su);
- Nə göydən yağır, nə yerdən qaynayır (durğun su).
Diqqət:
• Su ya göydən yağır, ya yerdən (yeraltı qaynaqlardan) qaynayır, ya da nə göydən yağır və nə də yerdən qaynayır. Göydən yağan suya “yağış suyu”, yerdən qaynayan suya “axar su” deyilir. Göydən yağmayan və yerdən qaynamayan suya isə “durğun su” deyilir. Əgər durğun suyun miqdarı təxminən 384 litr olsa, “kürr su”dur. Əgər bu miqdardan az olsa, “qəlil su”dur.
3. Mutləq suyun hökmləri
1. Mutləq su müəyyən şərtlər daxilində (bu şərtlər izah olunacaq) napak bir şeyi paklayır (paklayıcıdır).
2. Qəlil su istisna olmaqla, əgər mutləq suyun digər qisimləri “nəcasət” ilə təmasda olsa və onun rəngi, ya iyi, ya dadı dəyişməsə, pakdır.
3. Mutləq su ilə dəstəmaz almaq və qüsl etmək düzgündür.
4. Su da başqa şeylər kimi, napak olduğu zaman su vasitəsilə paklanır. Belə ki, əgər napak su kürr suya, ya axar suya, ya da yağış suyuna qovuşsa və onunla qarışsa, beləliklə də onda yaranan dəyişiklik aradan getsə, napak su paklanır. Amma əgər axar və ya kürr suya qovuşsa, amma ona qarışmasa, ehtiyata görə, napak hökmündədir.
Diqqət:
• Bir suyun “mutləq su” hesab olunması üçün ürfdə (camaatın nəzərində) onun “mutləq su” adlanması kifayət edir. Suda mineralların çoxluğu onun “mutləq su” hesab olunmasına maneə yaratmır. Beləliklə, Urmiyyə gölü kimi duzu çox olan bir göldə napak şeyi yumaq, həmçinin dəstəmaz almaq və qüsl etmək olar.
Mutləq suyun qisimlərinin hökmü
1. Yağış suyu
1. Əgər yağış suyu üzərində “nəcasət” olmayan napak bir şeyə yağsa, onu pak edər. Xalça, paltar və bu kimi əşyaları sıxmaq lazım deyildir, amma yağıntı elə həddə olmalıdır ki, “yağış yağır” deyilməlidir.
2. Əgər yağış “nəcasət”in üstünə yağsa və ətrafa sıçrasa, sıçrayan suda “nəcasət”in özü olmadığı və su nəcasətin iyini, rəngini və ya dadını götürmədiyi təqdirdə, pakdır. Məsələn, qanın üstünə yağış yağır və bu su ətrafa sıçrayır. Əgər sıçrayan suda qan hissəcikləri olmasa, yaxud su qanın iyini, rəngini və ya dadını götürməsə, pakdır.
3. Əgər yağış suyu müəyyən bir yerdə cəm olsa (hətta kürr miqdarından az olsa belə), yağış yağdığı müddətdə napak bir şey bu suda yuyulduğu təqdirdə, paklanar. Bu şərtlə ki, suyun iyi, rəngi və ya dadı “nəcasət” vasitəsilə dəyişməməlidir.
2. Kürr su və axar su
1. Əgər kürr və ya axar suya napak şey salınsa və bu zaman suyun rəngi, iyi və ya dadı dəyişsə, su napak olur. Bu halda napak şeyi də pak etmir.
2. Əgər napak bir şey “kürr su”ya birləşən boru suyunun altında yuyulsa, onun “ğusalə”si (yəni napak şeyin üstünə tökülüb, ondan axan su) pakdır, amma bu şərtlə ki, sözügedən suyun rəngi, iyi və ya dadı “nəcasət” nəticəsində dəyişməməlidir.
Əgər napak bir şey – “nəcasət”i təmizləndikdən sonra – bir dəfə kürr suya və ya axar suya salınsa, yaxud “kürr su”ya birləşən boru suyunun altında yuyulsa, su napak olan hər yerə dəydiyi təqdirdə, napak şey paklanır. Ehtiyat-vacibə görə, xalça, paltar və bu kimi əşyalar suya salındıqdan sonra sıxılmalı və ya hərəkət etdirilməlidir.
Diqqət:
• Paklamaq baxımından kürr su ilə axar su arasında heç bir fərq yoxdur.
3. Qəlil su
1. Qəlil su “nəcasət” ilə təmasda olduqda, hətta onun rəngi, iyi və ya dadı dəyişməsə belə, napak olur.
2. Əgər napak bir şey qəlil suya salınsa, qəlil su napak olur və napak şeyi də pak etmir.
3. Əgər qəlil su napak bir şeyin üstünə tökülərsə, onu pak edir[3]. Amma napak şeyin üstünə tökülüb, ondan axan su[4] napakdır.
4. Əgər yuxarıdan aşağıya təzyiqsiz şəkildə tökülən qəlil suyun aşağı hissəsi napak bir şeylə təmasda olsa, “su yuxarıdan aşağıya doğru tökülür” deyildiyi təqdirdə, suyun yuxarı hissəsi pakdır.
5. Əgər qəlil su “kürr su”ya və ya “axar su”ya qovuşsa, kürr su və axar su hökmündədir.
Su barəsində şəkk etmək
1. Əgər müəyyən bir suyun mutləq, yoxsa muzaf su olduğu məlum deyildirsə, həmçinin onun əvvəlcədən mutləq, yoxsa muzaf su olduğu məlum deyildirsə, bu su kürr miqdarında olsa belə, napak bir şeyi pak etmir və onunla dəstəmaz almaq və qüsl etmək də düzgün deyildir. Amma kürr miqdarında olduğu təqdirdə, nəcasətlə təmasda olduğu zaman napak olmur.
2. Əgər müəyyən bir suyun pak, yoxsa napak olduğunu bilmiriksə, şəriət baxımından bu su pak sayılır. Həmçinin əgər bir suyun əvvəlcədən pak olduğunu bilirdiksə, amma sonradan onun napak olub-olmadığını bilmiriksə, bu su pakdır. Amma əgər bir suyun əvvəlcədən napak olduğunu bilirdiksə, sonradan isə onun paklanıb-paklanmadığını bilmiriksə, bu su napak sayılır.
3. Əgər bir su əvvəlcədən kürr miqdarında olubsa, amma indi bu suyun kürr miqdarından azalıb-azalmadığına şəkk ediriksə, bu su kürr su hökmündədir.
4. İnsan kürr miqdarından az olan bir suyun kürr miqdarına çatdığına yəqin etməyənədək, bu su qəlil su hökmündədir.
Diqqət:
• Əvvəlcədən kürr miqdarında olan bir suyun indi də kürr miqdarında olub-olmadığını araşdırmaq vacib deyildir. Əgər bir suyun əvvəlcədən kürr miqdarında olduğu məlum idisə, onu indi də kürr su hesab etmək olar. Məsələn, əgər qatarın ayaq yolundakı suyun əvvəlcədən kürr miqdarında, hətta bu miqdardan çox olduğunu bilsək, sonra bu suyun kürr miqdarından azaldığına şəkk etsək, onu kürr su hesab edə bilərik.
Suallar:
1- Suların qisimlərini sadalayın.
2- Muzaf su və mutləq su nədir?
3- Mutləq suyun hökmlərini deyin.
4- Mineralları və şorluğu çox olan dəniz suyu ilə dəstəmaz almaq və qüsl etmək olarmı?
5- Pak etmək baxımından kürr su ilə axar su arasında hansı fərq var?
6- Əgər bir suyun pak, yoxsa napak olduğunu bilmiriksə, bu suyun hökmü nədir?
- Altıncı dərs: Təxəlli
Altıncı dərs: Təxəlli[1]
Təxəllinin hökmləri
1. Qibləyə tərəf olmamaq
1. Təxəlli zamanı insan üzü və ya arxası qibləyə tərəf olmamalıdır.
2. Ehtiyat-vacibə görə, uşaq təxəlli üçün üzü və ya arxası qibləyə tərəf otuzdurulmasın. Amma əgər uşağın özü üzü və ya arxası qibləyə tərəf oturarsa, onun qarşısını almaq vacib deyildir.
2. Övrəti (ayıb yerləri) başqalarından örtmək
Həyat yoldaşı istisna olmaqla, insan təxəlli zamanı, eləcə də başqa hallarda öz övrətini başqa insanlardan – istər qadın, istərsə də kişi olsun, yaxud istər məhrəm, istərsə də naməhrəm olsun – hətta yaxşı ilə pisi ayırd edə bilən uşaqdan örtməlidir.
3. Təxəlli zamanı məkruh olan bəzi işlər:
- Ayaq üstə bövl etmək[2];
- Bərk torpağa və heyvanların yuvasına bövl etmək;
- Suya, xüsusilə də durğun suya bövl etmək;
- Sidik və nəcisin ifrazının qarşısını almaq;
- Yollarda, insanların gediş-gəliş yolunda və meyvə ağaclarının altında təxəlli etmək.
İstibra
1. Əgər kişi bövl etdikdən sonra “istibra” adlanan əməli yerinə yetirsə, bundan sonra sidik kanalından bir maye xaric olsa və onun sidik, yoxsa başqa bir maye olduğunu bilməsə, bu maye pak hökmündədir və bu barədə araşdırma aparmaq da lazım deyildir.
2. İstibra etmək vacib deyildir. Hətta əgər istibra etməyin zərəri olsa, onu yerinə yetirməyə icazə verilmir. Amma əgər kişi istibra etməsə və bövl etdikdən sonra ondan bir maye xaric olsa və o, bu mayenin sidik, yoxsa başqa bir şey olduğunu bilməsə, bu maye sidik hökmündədir.
3. İstibranın ən yaxşı qaydası budur: Bövl edib qurtardıqdan sonra əgər nəcisin xaric olduğu yer napak olubdursa, əvvəlcə ora yuyulub paklanır. Sonra sol əlin orta barmağı nəcisin xaric olduğu yerdən cinsiyyətin kök hissəsinədək üç dəfə çəkilir. Daha sonra baş barmaq cinsiyyətin üstünə və baş barmağın yanındakı barmaq onun altına qoyulub cinsiyyətin başınadək üç dəfə çəkilir. Sonda cinsiyyətin baş hissəsi üç dəfə sıxılır və sidiyin xaric olduğu yer yuyulur.
4. Nəcisin xaric olduğu yeri pakladıqdan əvvəl və ya sonra edilən istibranın qaydası arasında heç bir fərq yoxdur.
5. Əgər bir şəxs bövl etdikdən sonra istibra etsə və dəstəmaz alsa, sonra isə ondan bir maye xaric olsa və o, bu mayenin sidik, yoxsa məni olduğuna şəkk etsə, təharətin hasil olduğuna yəqin etməsi üçün o, həm qüsl etməli, həm də dəstəmaz almalıdır.
Diqqət:
• İnsandan xaric olan mayelər aşağıdakı qisimlərə ayrılır:
- Vəzy: bəzən məni xaric olduqdan sonra insandan xaric olan maye;
- Vədy: bəzən bövl etdikdən sonra insandan xaric olan maye;
- Məzy: ər-arvad mazaqlaşdıqdan sonra xaric olan maye.
• Qeyd olunan bu mayelərin hamısı pakdır və “təharət”i (qüsl və dəstəmazı) pozmur.
İstinca (sidik və nəcisin xaric olduğu yerin paklanması)
1. Sidiyin xaric olduğu yeri paklamağın qaydası
1. Sidiyin xaric olduğu yer yalnız su ilə paklanır.
2. Ehtiyat-vacibə görə, sidiyin xaric olduğu yer sidik aradan getdikdən sonra “qəlil su” ilə iki dəfə yuyulduqda paklanır.
2. Nəcisin xaric olduğu yeri paklamağın qaydası
1. Nəcisin xaric olduğu yeri iki qaydada paklamaq olar:
Birinci qayda: Nəcis aradan gedənədək su ilə yuyulur. Nəcis aradan getdikdən sonra daha yumaq lazım deyildir.
İkinci qayda: Üç ədəd daş, ya üç tikə pak parça və ya bu kimi şeylərlə nəcis təmizlənir. Əgər üç ədəd daş, ya üç tikə pak parça və ya bu kimi şeylərlə nəcis təmizlənməzsə, əlavə daş, parça və ya bu kimi şeylərlə tam təmizləmək lazımdır. Üç ədəd daş əvəzinə bir ədəd daşın üç yerindən və ya üç tikə parça əvəzinə bir parçanın üç yerindən istifadə etmək olar.
2. Nəcisin xaric olduğu yer üç halda yalnız su ilə paklanır və onu daş və bu kimi şeylərlə paklamaq olmaz:
- Nəcislə yanaşı qan kimi başqa bir “nəcasət” xaric olduqda;
- Nəcisin xaric olduğu yer kənardan başqa bir nəcasətə bulaşdıqda;
- Nəcisin xaric olduğu yer adi ölçüdən çox nəcisə bulaşdıqda (başqa sözlə desək, nəcisin xaric olduğu yerdən əlavə, başqa yerlər də nəcisə bulaşdıqda).
Suallar:
1- Həddi-büluğa çatmayan uşaqdan övrəti örtmək vacibdirmi?
2- Təxəlli zamanı məkruh olan işlər hansılardır?
3- İstibranın hökmü nədir?
4- İstibranın faydası nədir?
5- İnsandan xaric olan mayelər hansılardır?
6- Sidik və nəcisin xaric olduğu yer necə paklanır?
- Yeddinci dərs: Nəcasətlər (1)
Yeddinci dərs: Nəcasətlər (1)
Nəcasətlər bunlardır:
1- Sidik;
2- Nəcis;
3- Məni (sperma);
4- Murdar (cəsəd);
5- Qan;
6- İt;
7- Donuz;
8- Ehtiyat-vacibə görə, məstedici içkilər;
9- Səmavi dinlərdən heç birinə etiqadı olmayan kafirlər.
Diqqət:
• Şəriətin nəcasət hesab etdiyi şeylərdən başqa hər şey pak hökmündədir.
1 və 2. Sidik və nəcis
Napakdır:
- İnsanın sidik və nəcisi napakdır;
- Quşlar istisna olmaqla, əti haram və qanı sıçrayışlı olan heyvanların (məsələn, siçan, pişik və s.) sidik və nəcisi napakdır.
Pakdır:
- Əti halal heyvanların – istər quşların (məsələn, sərçə, göyərçin və s.), istərsə də qeyri-quşların (məsələn, inək, qoyun və s.) – sidiyi və nəcisi pakdır.
- Əti haram olan, amma qanı sıçrayışlı olmayan heyvanların (məsələn, ilan və pulsuz balıq) sidik və nəcisi pakdır;
- Əti haram olan quşların (məsələn, qarğa, tutuquşu və s.) sidik və nəcisi pakdır.
Diqqət:
• Ətinin halal, yoxsa haram olduğu məlum olmayan heyvanın sidik və nəcisi pak hökmündədir.
3. Məni
1. İnsanın və əti haram və qanı sıçrayışlı olan heyvanların mənisi napakdır.
2. Əti halal heyvanların mənisi, ehtiyat-vacibə görə, napakdır.
3. Əgər bir şəxs ondan xaric olan mayenin məni, yoxsa başqa bir maye olduğunu bilməsə, bu mayenin məni olduğuna yəqin edə bilmədiyi, həmçinin bu maye məninin xaric olmasının şəri əlamətləri ilə xaric olmadığı təqdirdə, məni hökmündə deyildir və pakdır.
Diqqət:
• Kişilərdə məninin əlamətləri aşağıdakılardır:
- Şəhvət (insan tam cinsi həzz aldığı zaman yaranan cinsi məmnunluq hissi);
- Difq (sıçrayışlı olması);
- Futur (bədənin süstləşməsi).
• Qadınlarda məninin əlaməti yalnız “şəhvət”dir.
• Məlum məsələdir ki, xaric olan mayenin məni olduğuna şəkk etdiyimiz zaman yuxarıdakı əlamətləri araşdıracağıq.
4. Murdar (cəsəd)
İnsanın cəsədi:
1. Müsəlmanın cəsədi napakdır, amma ruhsuz hissələr, o cümlədən dırnaq, saç və diş istisna təşkil edir və pakdır.
2. Döyüş meydanında şəhid olan müsəlmanın cəsədi pakdır.
3. Meyit qüslü verildikdən sonra müsəlmanın cəsədi pakdır.
4. Kitab-əhli olan kafirin cəsədi napakdır, amma ruhsuz hissələr, o cümlədən dırnaq, saç və diş istisna təşkil edir və pakdır. Kitab-əhli olmayan kafirin cəsədi isə bütünlüklə napakdır.
Heyvanın cəsədi:
1. İt və donuzun cəsədi bütünlüklə napakdır.
2. İt və donuzdan qeyri heyvanların əgər qanı sıçrayışlıdırsa, onların cəsədinin ruhu olan hissələri, o cümlədən əti və dərisi napakdır. Ruhsuz hissələri isə, o cümlədən tükü və buynuzu pakdır. Şəri qaydada kəsilən heyvan istisna təşkil edir və onun əti və dərisi pakdır.
3. İt və donuzdan qeyri heyvanların əgər qanı sıçrayışlı deyildirsə, onların cəsədinin bütün hissələri pakdır.
Diqqət:
• İnsanın və qanı sıçrayışlı olan heyvanın – istər əti haram olsun, istərsə də halal olsun – cəsədi napakdır.
• Şəri qaydada kəsilən heyvanın cəsədi, həmçinin meyit qüslü verildikdən sonra insanın cəsədi “murdar” hökmündə deyildir və pakdır.
• “Meyit qüslü” dedikdə, üç qüslün üçü də nəzərdə tutulur. Beləliklə, meyitə üçüncü qüsl verilib qurtarmayanadək, o, napak hökmündədir.
• İnsanın və heyvanın cəsədinin ruhsuz hissələri, o cümlədən tük, diş və buynuzu pakdır. Amma it və donuz, həmçinin kitab-əhli olmayan kafir istisna təşkil edir və onların cəsədinin bütün hissələri napakdır.
“Murdar” barəsində bir neçə şəri məsələ:
1. Dodağın və bədənin digər hissələrinin qopub düşmək vaxtı çatan xırda dəriləri, hətta bu dərilər qoparılsa belə, pakdır. Amma qopub düşmək vaxtı çatmayan və qoparıldığı zaman yeri ağrıyan və ya göynəyən dərilərdən, ehtiyat-vacibə görə, çəkinmək lazımdır. Lakin bu dərilər qoparıldıqdan sonra onun yeri pakdır.
2. Əgər canlı bir varlığın bədən üzvü, məsələn, əli və ya ayağı tam şəkildə kəsilərsə, bu üzv napakdır.
3. Ruhun bədəndən çıxması ilə bədən napak olur, baxmayaraq ki, bədən hələ soyumayıbdır və istidir. Bu hökm baxımından insan ilə heyvan arasında fərq yoxdur.
4. Əgər bir şəxs müəyyən bir şeyin heyvanın hissələrindən olub-olmadığına şəkk etsə, məsələn, istifadə etdiyi dərinin təbii, yoxsa süni dəri olduğuna şəkk etsə, bu şey pak hökmündədir. Həmçinin əgər o, müəyyən bir şeyin heyvanın hissələrindən olduğunu bilsə, amma heyvanın qanının sıçrayışlı olub-olmadığını bilməsə, bu şey pakdır.
5. İslami mühitlərdə satılan və ya müsəlmanın əlində olan ət, dəri və heyvanın digər hissələri pak hökmündədir. Lakin qeyri-müsəlman ölkələrindən idxal edilən ət, dəri və heyvanın digər hissələrinə gəlincə, əgər heyvanın şəri qaydada kəsilmədiyinə[1] yəqinliyimiz olsa, onun əti, dərisi və digər hissələri napakdır. Amma əgər heyvanın şəri qaydada kəsildiyini bilsək və ya ehtimal etsək, bunlar pakdır. Həmçinin əgər idxalçı şəxs müsəlman olsa və heyvanın şəri qaydada kəsildiyini araşdırdığını ehtimal etsək, heyvanın əti halaldır.
5. Qan
1. İnsanın və qanı sıçrayışlı olan hər bir heyvanın – istər əti halal, istərsə də əti haram olan heyvanın – qanı napakdır.
2. Qanı sıçrayışlı olmayan heyvanın, məsələn, balıq, tısbağa və ilanın qanı pakdır, amma onların qanının yeyilməsi haramdır.
3. Əgər əti halal olan heyvan şəri qaydada kəsilsə və onun qanı adi miqdarda xaric olsa, heyvanın bədənində qalan qan pakdır.
4. Yumurtada olan qan pakdır, lakin onu yemək haramdır. Amma əgər qarışdırmaq nəticəsində bu qan aradan gedərsə, yumurtanı yemək halaldır.
6-7. İt və donuz
Quruda yaşayan it və donuz – onların həm ruhu olan hissələri, həm də ruhsuz hissələri – napakdır. Hətta bu iki heyvanın ağız suyu və təri də napakdır. Həmçinin evdə saxlanılan donuz ilə çöldonuzu arasında fərq yoxdur və hər ikisi napakdır. Amma suiti və sudonuzu pakdır.
Diqqət:
• Paklığın şərt olduğu yerdə (məsələn, qüsl və dəstəmaz suyunun qabı) donuzun və itin tükündən istifadə etmək olmaz. Lakin paklığın şərt olmadığı yerdə (məsələn, rəssamlıq fırçası) onlardan istifadə etməyin maneəsi yoxdur.
Suallar:
1- Nəcasətlər hansılardır?
2- Qarğa, qartal və tutuquşu kimi əti haram olan quşların nəcisi napakdırmı?
3- Məninin şəri əlamətləri hansılardır?
4- İnsanın meyiti nə zaman pak olur?
5- Qeyri-İslami ölkələrdən idxal edilən ət və dəri kimi məhsullar hansı halda pakdır?
6- Yumurtada olan qan pakdır, yoxsa napakdır?
[1] İslam dinində heyvanın ətinin pak və ya halal olması üçün onu bir sıra şərtlər daxilində kəsilməsi göstəriş verilibdir. Əti halal olan heyvan şəri qaydada kəsildiyi zaman onun hissələri pak və ətini yemək halal olur. Əti haram heyvan şəri qaydada kəsildiyi zaman isə onun hissələri pak olur. Qeyd edək ki, dəvədən qeyri heyvanların başı kəsilir, dəvədə isə kəsici alət onun boğazına salınır. Çöl heyvanları da ovlanır.
- Səkkizinci dərs: Nəcasətlər (2)
Səkkizinci dərs: Nəcasətlər (2)
8. Məstedici içkilər
Ehtiyat-vacibə görə, məstedici içkilər napakdır.
Diqqət:
• Əgər məstedici maddə təbiətcə maye şəklində deyildirsə (məsələn, çətənə və həşiş), suya və ya başqa bir mayeyə qarışıb maye şəklinə düşsə belə, napak deyildir.
• Əgər üzüm və ya üzüm suyu öz-özünə qaynayarsa, napak deyildir. Həmçinin əgər üzüm və ya üzüm suyu od üstündə qaynadılarsa, onun üçdə ikisi azalmadığı, eyni zamanda məstedici də olmadığı təqdirdə, napak deyildir. Lakin onu yemək və içmək haramdır.
• Əgər qora dənələrinin arasında üzüm dənələri də olsa və onların hamısının suyu çəkilsə, üzüm dənələrinin sayı çox az olduğu və üzümün suyu abqorada yox olduğu, başqa sözlə, ona üzüm suyu deyilmədiyi təqdirdə, bu su qaynadıldığı zaman haram olmur. Amma əgər sırf üzüm dənələri od üstündə qaynadılarsa, onu yemək haramdır.
• Qaynadılan xurma və kişmiş və onların suyu pakdır, yeyilib-içilməsi də halaldır. Amma əgər insanda onun məstedici olduğuna dair yəqinlik hasil olsa, bu halda onun yeyilib-içilməsi haramdır və ehtiyat-vacibə görə, napakdır.
• Təbiətcə məstedici içki növündən olduğu məlum olmayan spirt pak hökmündədir.
9. Kafir
1. Mütəal Allahın varlığını inkar edən, yaxud məadı inkar edən, yaxud da heç bir səmavi dinə etiqad bəsləməyən şəxs kafirdir və napakdır.
2. Kitab-əhli olan kafir pak hökmündədir.
Diqqət:
• “Kitab-əhli” dedikdə yəhudilər, məsihilər, zərdüştlər və sabiilər[1] kimi İlahi (səmavi) dinlərdən birinə etiqad bəsləyən və özünü İlahi peyğəmbərlərdən birinin ardıcılı hesab edən insanlar nəzərdə tutulur. Kitab-əhli pak hökmündədir.
3. Əgər müsəlman şəxs Mütəal Allaha və Həzrət Peyğəmbərə (s) etiqadından dönsə və ya İslam dininin zəruri hökmlərindən birini inkar etsə, belə ki, onun bu inkarı peyğəmbərliyin inkarı və ya Həzrət Peyğəmbərin (s) təkzibi ilə nəticələnsə, bu şəxs mürtəd hesab olunur və napakdır. Lakin şəriətdə vacib buyurulan namaz, oruc və bu kimi əməlləri tərk etmək müsəlmanın mürtəd və kafir olmasına, eləcə də napak hesab olunmasına səbəb olmur. Onun mürtəd olması sübut olunmayanadək, o, başqa müsəlmanlar hökmündədir.
4. Həzrət Peyğəmbərin (s) və ya Məsum İmamlardan (ə) birinin ünvanına nalayiq söz deyən, yaxud onlar barəsində mübaliğə edən və onların Allah olduğuna etiqadı olan şəxs napakdır.
5. Azğın “Bəhailik” firqəsinin ardıcıllarının hamısı napak hökmündədirlər.
“Nəcasətlər” barəsində bir neçə şəri məsələ:
1. Nəcasət yeyən heyvanın və haram yolla cənabətli olan şəxsin təri pakdır, lakin ehtiyat-vacibə görə, bu tər ilə namaz qılınmasın.
2. Haram ət və napak ət (məsələn, donuz əti) yeyən şəxsin təri və ağzının suyu pakdır.
3. Əgər napak bir şeyi pakladıqdan sonra onda nəcasətin iyi və ya rəngi qalsa, bunun iradı yoxdur. Məsələn, əgər qana bulaşan bir paltarın qanı yuyulub təmizlənsə və paltar suya çəkilsə, amma paltarda qanın rəngi qalsa, paltar pakdır.
4. İnsanın qusmağı – istər südəmər uşağın, istər ana südü ilə yanaşı yemək yeyən uşağın, istərsə də böyük insanın qusmağı – pakdır.
Suallar:
1- Spirtin napak olmasının meyarı nədir?
2- Dinin zəruri hökmlərinin inkarı hansı halda küfrə səbəb olur?
3- “Kitab-əhli” dedikdə kimlər nəzərdə tutulur? Paklıq və napaklıq baxımından onların hökmü nədir?
4- Paklıq və napaklıq baxımından bəhailərin hökmü nədir?
5- Haram yolla cənabətli olan şəxsin tərinin hökmü nədir?
6- Yuyulduqdan sonra paltarda qalan qan ləkəsinin hökmü nədir?
[1] Sabiilər – Həzrət Yəhya peyğəmbərin (ə) ardıcılı olduqlarını və o həzrətə nazil olan kitabın onlar arasında mövcud olduğunu iddia edən insanlardır.
- Doqquzuncu dərs: Nəcasətlər (3)
Doqquzuncu dərs: Nəcasətlər (3)
Napaklığın sübuta yetməsinin yolları
Bir şeyin napak olduğu üç yolla sübuta yetir:
1. İnsanın özü bir şeyin napak olduğuna yəqin edir və ya əmin olur;
2. Bir şəxs (məsələn, ev sahibi, satıcı, xidmətçi) öz ixtiyarında olan bir şeyin napak olduğunu bildirir;
3. İki ədalətli və etibarlı şəxs bir şeyin napak olduğuna şahidlik edirlər.
Diqqət:
• Əgər büluğa çatmasına az vaxt qalan bir uşaq öz ixtiyarında olan bir şeyin napak olduğunu desə, onun sözünü qəbul etmək lazımdır. Başqa sözlə desək, onun bu barədə sözü etibarlı sayılır. Büluğa çatmasına hələ bir qədər vaxt qalan müməyyiz uşağın (yəni yaxşı və pisi ayırd edən uşağın) bu barədə sözünə gəlincə, bu halda ehtiyata riayət olunmalıdır.
Pak şeyin napak olmasının şərtləri
Pak bir şey dörd şərt daxilində napak olur:
1. Pak şey napak şeylə təmasda olmalıdır;
2. Onların hər ikisi və ya biri yaş olmalıdır;
3. Yaşlıq birindən digərinə sirayət edəcək miqdarda olmalıdır;
4. Təmas bədən daxilində olmamalıdır.
Diqqət:
• Yaşlığın sirayət etməsinin meyarı odur ki, təmas zamanı yaş şeyin yaşlığı digər şeyə sirayət edir.
• Əgər pak bir şey “nəcasət” ilə və ya “nəcasət”ə bulaşan bir şeylə (mutənəccislə) təmasda olsa və insan şəkk etsə ki, görəsən, onlardan biri o miqdarda yaş olubdurmu ki, yaşlıq birindən digərinə sirayət etmişdir, bu halda pak şeyin napak olduğuna hökm verilmir.
• Əgər yaş bir parçanın və ya bu kimi bir şeyin müəyyən yeri napak şeylə təmasda olsa, yalnız həmin yer napak olur və onun digər yerləri pakdır.
• Maye halında olan bir şeyin, məsələn, meyvə suyunun və ya duru yağın bir nöqtəsi napak olduğu zaman bu şey bütünlüklə napak olur. Amma maye halında olmayan bir şeyin yalnız napak şeylə təmasda olduğu yeri napak olur.
• “Nəcasət”lə təmasda olaraq napak olan bir şey (fiqhdə buna “birinci mutənəccis” deyilir) əgər pak bir şeylə təmasda olsa, onlardan biri yaş olduğu təqdirdə, pak şeyi napak edir. İkinci napak şey (ikinci mutənəccis) əgər pak bir şeylə təmasda olsa, ehtiyat-vacibə görə, pak şeyi napak edir. Lakin üçüncü napak şey (üçüncü mutənəccis) bir şeylə təmasda olduqda, onu napak etmir.
Nəcasətlərin hökmləri
1. Napak bir şeyi yemək və içmək haramdır. Həmçinin onu başqasına yedizdirmək və içizdirmək olmaz. Amma əgər bir şəxs başqa bir şəxsin napak yemək yediyini və ya napak paltarda namaz qıldığını görsə, yeməyin və ya paltarın napak olduğunu ona deməsi lazım deyildir.
2. Paltarı yuyan şəxsə paltarın napak olduğunu söyləmək lazım deyildir. Amma paltarın sahibi paltarın paklandığına yəqin etməyənədək, ondan pak bir paltar kimi istifadə edə bilməz.
3. Əgər evə qonaq gələn şəxs ev sahibinin bir əşyasını – yeyilən və içilən qida məhsulları, həmçinin yemək-içmək üçün istifadə edilən qab-qacaq istisna olmaqla – napak etsə, bunu ev sahibinə bildirməsi lazım deyildir.
4. Əgər ev sahibi yemək yediyi əsnada yeməyin napak olduğunu başa düşsə, bunu qonaqlara bildirməlidir. Amma əgər qonaqlaran biri bunu başa düşsə, başqalarına bildirməsi lazım deyildir.
5. Əgər insan napak bir şeyin paklanıb-paklanmadığına şəkk etsə, bu şey napak hökmündədir. Əgər insan pak bir şeyin napak olub-olmadığına şəkk etsə, bu şey pak hökmündədir.
6. Əgər insan bir şeyin napak olduğunu və ya pak olduğunu araşdırma vasitəsilə öyrənə bilsə belə, araşdırma aparması lazım deyildir və bu şey pak hökmündədir.
Vasvası insana aid hökmlər
1. Paklıq-napaklıq məsələlərində böyük psixoloji həssaslıq göstərən şəxsə, məsələn, başqalarından daha tez bir şeyin napak olduğuna və ya başqalarından daha gec bir şeyin paklandığına yəqin edən bir şəxsə fiqhdə “vasvası” deyilir.
2. Əgər vasvası insan bir şeyin napak olduğuna yəqin etsə, onun öz yəqininə müvafiq əməl etməsi lazım deyildir, əlbəttə, adi qaydada yəqinliyin hasil olduğu hallar istisnadır.
3. Vasvası insan napak bir şeyi suya çəkərkən, bu şeyin paklandığına və napaklığın aradan getdiyinə dair yəqin etməsi lazım deyildir. Əksinə, bu kimi hallarda adi insanların davranışı meyar götürülür.
4. Vasvası insanlar özlərini bu xəstəlikdən xilas etmək üçün aşağıdakı tövsiyələrə əməl etməlidirlər:
1) İslam dininin hökmləri asan və bəşər fitrətinə uyğundur. Odur ki, insan bu hökmləri özü üçün çətinləşdirməməli, bu əməli ilə öz cisminə və ruhuna ziyan və əziyyət verməməlidir. Bu kimi məsələlərdə (paklıq-napaklıq məsələlərində) təşviş və iztirab həyatı onlar üçün acı edir. Mütəal Allah isə onların və onlarla ünsiyyətdə olan insanların əzab-əziyyət çəkmələrinə razı deyildir. Onlar asan bir dinin ardıcılı olduqlarına görə şükür etməlidirlər. Bu nemətin şükrü isə Mütəal Allahın göstərişlərinə müvafiq şəkildə əməl etməkdir.
2) Vasvasılıq aradan qalxa bilən və müalicə olunan bir vəziyyətdir. Ondan xilas olmaq üçün möcüzəyə ehtiyac yoxdur. İnsan öz şəxsi qayda-qanunlarını kənara qoymalı və müqəddəs şəriətin hökmlərinə tam şəkildə tabe olmalıdır.
3) Müqəddəs şəriətə görə hər şey pakdır. Bir şeyin napak olduğuna yəqin etməyənədək, hətta onun napak olduğuna böyük ehtimal etsək belə, bu şey pakdır.
Suallar:
1- Əgər büluğa çatmasına az vaxt qalan bir uşaq öz ixtiyarında olan bir şeyin napak olduğunu desə, onun sözünü qəbul etmək lazımdırmı?
2- Pak bir şey neçə şərt daxilində napak olur?
3- Yaşlığın sirayət etməsinin meyarı nədir?
4- Mutənəccis, yəni napak olan şey neçə vasitə ilə pak bir şeyi napak edir?
5- Əgər qonaq ev sahibinin bir əşyasını napak etsə, bunu ona deməlidirmi?
6- Əgər vasvası insan bir şeyin napak olduğuna yəqin etsə, o, nə etməlidir?
- Onuncu dərs: Mütəhhirat (1)
Onuncu dərs: Mutəhhirat (1)
Mutəhhirat
Mutəhhirat, yəni paklayıcılar aşağıdakılardan ibarətdir:
1- Su;
2- Yer;
3- Günəş;
4- İstihalə;
5- İntiqal;
6- İslam;
7- Təbəiyyət;
8- Nəcasətin aradan getməsi;
9- Müsəlmanın qaib olması.
Diqqət:
• Napaklığı pak edənlərə “mutəhhirat” (yəni paklayıcı) deyilir.
1. Su
Napak şeyi su ilə paklamaq üçün bir neçə şərt tələb olunur:
1. Su “mutləq su” olmalıdır;
2. Su pak olmalıdır;
3. Napak şey yuyulduğu zaman su “muzaf su”ya çevrilməməlidir;
4. Napak şeyi suya çəkdikdən sonra həmin şeydə “nəcasət” qalmamalıdır;
5. Napak şey “qəlil su” ilə yuyulduğu zaman “ğusalə”nin[1] ayrılması şərtdir.
Qabları paklamağın qaydası
1. Napak qabı “qəlil su” ilə üç dəfə yumaq lazımdır. Amma kürr su və axar suda bir dəfə yumaq kifayətdir.
2. Əgər it bir qabdan su və ya başqa bir maye içibsə, yaxud qabı yalayıbsa, bu qabı əvvəlcə torpaqlamaq, sonra su ilə yumaq lazımdır. Bu qabı qəlil su ilə yumaq istədikdə, onu torpaqladıqdan sonra iki dəfə yumaq lazımdır.
3. Əgər donuz bir qabdan maye halında bir yemək yeyibsə və ya su içibsə, bu qabı yeddi dəfə yumaq lazımdır, lakin onu torpaqlamaq lazım deyildir.
Qablardan qeyri əşyaları paklamağın qaydası
1. Əgər napak bir əşyanın “nəcasət”i aradan qaldırıldıqdan sonra o, bir dəfə kürr suya və ya axar suya salınsa, yaxud kürr suya birləşən boru suyunun altında yuyulsa və su napak yerlərin hər tərəfinə dəysə, bu əşya paklanır. Ehtiyata (ehtiyat-vacibə) görə, xalça, paltar və bu kimi əşyalar suya salındıqdan sonra sıxılmalı və ya hərəkət etdirilməlidir. Qeyd edək ki, bu əşyaları suyun daxilində sıxmaq və ya hərəkət etdirmək kifayət edir və onları sudan çıxardıqdan sonra bunu etmək lazım deyildir.
2. Əgər sidik ilə təmasda olub napak olan əşyanın “nəcasət”i aradan qaldırıldıqdan (yəni sidik yuyulub təmizləndikdən) sonra onun üstünə iki dəfə qəlil su tökülsə, bu əşya paklanır. Amma sidikdən qeyri bir nəcasət ilə təmasda olub napak olan əşyanın “nəcasət”i aradan qaldırıldıqdan sonra o, bir dəfə yuyulduğu təqdirdə, paklanır.
3. Napak əşya qəlil su ilə yuyulduğu zaman onun üstünə tökülən su bu əşyadan ayrılmalıdır (yəni su onun üstünə tökülüb axmalıdır). Əgər onu sıxmaq mümkündürsə (məsələn, paltar və xalça kimi əşyalar olduqda), suyun xaric olması üçün onu sıxmaq lazımdır.
Diqqət:
• Napak xalça və bu kimi əşyalar kürr suya birləşən boru suyu ilə yuyulduğu zaman ğusalənin ondan ayrılması şərt deyildir. Belə ki, nəcasət aradan qaldırıldıqdan və su axa-axa xalçanın üzərinə əl çəkərək “ğusalə” öz yerindən hərəkət etdirildikdən sonra napak yerə suyun dəyməsi ilə bu yer paklanır.
• Napak su ilə qarışdırılıb hazırlanan palçıqdan tikilən təndirin üzəri su ilə yuyulduqda, paklanır və çörək bişirmək üçün təndirin üzərinin, yəni xəmir yapılan yerin pak olması kifayət edir.
• Əgər napak bir paltar yuyulduğu zaman paltarın rəngi suya çıxırsa, amma su “muzaf su”ya çevrilmirsə, su bu paltarın üstünə töküldüyü zaman paltar paklanır.
• Əgər napak paltarları suya çəkmək üçün onları bir ləyənə qoyub, üstünə su borularından axan suyu axıtsalar və su paltarları tamamilə bürüsə, bu halda həm paltar, həm ləyən, həm su, həm də suyun üzərinə yığılan və su ilə birgə axıb gedən paltarın xovu pakdır. (Əlbəttə, əvvəldə qeyd edildiyi kimi, paltar və bu kimi əşyaları suya saldıqdan sonra ehtiyata görə, onları sıxmaq və ya hərəkət etdirmək lazımdır.)
Suallar:
1- Mutəhhiratı sadalayın.
2- Qabları paklamağın qaydasını izah edin.
3- Napak paltar kürr su və ya axar su ilə yuyulduğu zaman paltarı sıxmaq lazımdırmı, yoxsa nəcasət aradan getdikdən sonra onun hər tərəfini su bürüsə, kifayət edir?
4- Napak paltar kürr su və ya axar su ilə yuyulduğu zaman paltarı sudan çıxardıqdan sonra onu sıxmaq lazımdırmı, yoxsa suyun daxilində sıxmaq kifayət edir?
5- Napak su ilə qarışdırılıb hazırlanan palçıqdan tikilən təndiri paklamaq mümkündürmü?
6- Rəngi suya çıxan paltarlar necə pak olur?
- On birinci dərs: Mütəhhirat (2)
On birinci dərs: Mutəhhirat (2)
2. Yer
Əgər yerin üstündə yol getmək nəticəsində bir şəxsin ayağının və ya ayaqqabısının altı napak olarsa, o, quru və pak yerin üstündə təxminən on addım yol getdikdə, ayaqqabısının və ya ayağının altı paklanar, amma bu şərtlə ki, “nəcasət” aradan getsin.
Diqqət:
• Asfalt və ya qırlanmış yer ayağın və ya ayaqqabının altını pak etmir.
3. Günəş
1. Günəş Yeri və daşınmayan bütün əşyaları, o cümlədən evləri və evdə olan qapı, pəncərə, sütun və bu kimi əşyaları, həmçinin ağac və bitkiləri pak edir.
2. Günəş aşağıdakı şərtlər daxilində paklayıcıdır:
- Napak əşya yaş olmalıdır;
- Əşyanın üzərində “nəcasət” olmamalıdır (əgər əşyanın üzərində nəcasət olarsa, Günəş saçmazdan qabaq nəcasəti aradan qaldırmaq lazımdır);
- Günəş napak əşyanın üzərinə birbaşa saçmalıdır (bulud və ya pərdə kimi bir şey Günəşin birbaşa saçmasına maneə olmamalıdır);
- Günəşin saçması nəticəsində napak şey qurumalıdır (əgər nəm qalsa, paklanmır).
4. İstihalə (bir haldan başqa hala çevrilmə)
Əgər napak bir şey elə bir şəkildə dəyişilsə ki, onun mahiyyəti başqa bir şeyə çevrilsə, məsələn, çubuq yanıb kül olsa, şərab sirkəyə çevrilsə, it duzluğa düşüb duza çevrilsə, bu şey paklanır. Amma əgər onun mahiyyəti dəyişməsə və yalnız forması dəyişsə, məsələn, buğda una çevrilsə, şəkər suda həll olsa, bu şey paklanmır.
Diqqət:
• Bəzi maddələr (məsələn, yağ) napak olduğu təqdirdə, paklamaq məqsədilə onların üzərində kimyəvi reaksiyaların aparılması – belə ki, reaksiya nəticəsində bu maddə yeni xassələrə malik olur – kifayət etmir. (Yəni bu iş nəticəsində istihalə baş vermir.)
5. İntiqal
Ağcaqanadın və başqa həşəratların insanın və ya qanı sıçrayışlı olan heyvanın bədənindən sovurduğu qan (məsələn, zəlinin insandan sovurduğu qan) insanın və ya heyvanın qanı sayılanadək napakdır. Amma bir müddət keçdikdən sonra bu qan o həşəratın qanı sayıldığı təqdirdə, pak olur. Digər “nəcasətlər” barəsində də hökm eynidir.
6. İslam
1. Kitab-əhli olmayan kafir “şəhadəteyn”i (yəni “Əşhədu ən la ilahə illəllah, və əşhədu ənnə Muhəmmədən rəsulullah”) inancla dediyi təqdirdə, müsəlman olur. Müsəlman olduqdan sonra onun bədəni, ağzının və burnunun suyu, bədəninin təri pak olur.
2. Əgər kafir olduğu vaxtlarda onun paltarı yaş vəziyyətdə onun bədəni ilə təmasda olubsa və müsəlman olduğu zaman bu paltar onun əynində olmayıbdırsa, bu paltar napakdır. Hətta əgər müsəlman olduğu zaman bu paltar onun əynində olsa belə, ehtiyat-vacibə görə, ondan çəkinmək lazımdır.
7. Təbəiyyət
1. Təbəiyyət odur ki, napak bir şey başqa bir napak şeyin paklanması nəticəsində paklanır.
2. Əgər şərab sirkəyə çevrilsə, onun qabı şərab qaynadığı zaman şərabın çatdığı səviyyəyədək paklanır. Həmçinin, adətən, bu qabın ağzına qoyulan parça və bu kimi əşyaya şərabın rütubəti çatdığı təqdirdə, onlar da paklanır.
3. Napak bir şey paklandıqda, əl və içərisində napak şeyin yuyulduğu qab da paklanır. Onları ayrıca olaraq yumağa ehtiyac yoxdur. Qabı üç dəfə yumaq da vacib deyildir. Amma əgər qab istifadə edilməmişdən qabaq napak idisə, bu halda onu üç dəfə yumaq vacibdir.
8. Nəcasətin aradan getməsi
Əgər heyvanın bədəni nəcasətə bulaşarsa, nəcasətin aradan getməsilə heyvanın bədəni paklanır və onu suya çəkməyə ehtiyac yoxdur. İnsanın bədəninin daxili, məsələn, ağızın və ya burunun daxilinin paklanması da eyni qaydadadır. Deməli, əgər dişdən gələn qan ağız suyuna qarışıb aradan gedərsə və ya ağızdan xaric edilərsə, ağızın daxili paklanır.
9. Müsəlmanın qaib olması
Bir şəxsin başqa bir müsəlman şəxsin bədəni, paltarı və ya hansısa bir əşyasının napak olduğuna yəqinliyi vardır. Əgər bu şəxs bir müddət həmin müsəlman şəxsi görməsə və onu gördüyü zaman sözügedən napak əşya ilə pak bir əşya kimi davrandığını müşahidə etsə, həmin əşya pak hökmündədir. Amma bu şərtlə ki, həmin müsəlman şəxs öz əşyasının napaklığı, eləcə də paklıq və napaklığın hökmləri barədə məlumatlı olmalıdır.
Suallar:
1- Ayağın və ya ayaqqabının altı asfalt yolun üstündə yol getmək nəticəsində paklanırmı?
2- Günəşin pak etməsinin şərtləri hansılardır?
3- İstihalə üçün üç nümunə deyin.
4- Napak yağ kimyəvi reaksiya nəticəsində paklanırmı?
5- Zəlinin insandan sovurduğu qan pakdır, yoxsa napak? Nə üçün?
6- Nəcasətin aradan getməsi nəticəsində hansı şey pak olur?
- On ikinci dərs: Mütəhhirat (3)
On ikinci dərs: Mutəhhirat (3)
Paklığın sübuta yetməsinin yolları
Bir şeyin paklandığı üç yolla sübuta yetir:
1. İnsanın özü napak bir şeyin paklandığına yəqin etməli və ya əmin olmalıdır;
2. Bir şəxs (məsələn, ev sahibi, satıcı, xidmətçi) öz ixtiyarında olan əşyanın paklandığını söyləməlidir;
3. İki ədalətli və etibarlı şəxs napak bir şeyin paklandığını deməlidir.
Diqqət:
• Əgər büluğa çatmasına az vaxt qalan bir uşaq öz ixtiyarında olan bir şeyin pak olduğunu desə, onun sözünü qəbul etmək lazımdır. Başqa sözlə desək, onun bu barədə sözü etibarlı sayılır. Büluğa çatmasına hələ bir qədər vaxt qalan müməyyiz uşağın (yəni yaxşı və pisi ayırd edən uşağın) bu barədə sözünə gəlincə, bu halda ehtiyata riayət olunmalıdır.
Paklıq qanunu
1. Paklıq qanunu nədir?
Ümumiyyətlə, paklıq-napaklıq baxımından qayda, əşyanın pak olduğunu qəbul etməkdir. Yəni bir şeyin napak olduğuna yəqin etməyənədək bu şey şəriət baxımından pak hökmündədir, soruşmaq və araşdırma aparmaq da lazım deyildir.
2. Paklıq qanununun tətbiq edildiyi bir neçə nümunə
1. Özünü həmişə napak edən bir uşağın yaş əli, ağzının suyu və yeməyinin qalığının napak olduğuna yəqin etməyənədək, bunlar pak hökmündədir.
2. Xov və ya tozun pak, yoxsa napak paltardan çıxdığı məlum olmadığı təqdirdə, bunlar pak hökmündədir. Həmçinin əgər xov və ya tozun napak paltardan çıxdığını bilsək, amma paltarın pak, yoxsa napak hissəsindən çıxdığını bilməsək, bunlar yenə də pak hökmündədir.
3. Əgər quru təmizləməyə verilən paltarlar əvvəlcədən napak deyildisə, onlar pak hökmündədir, baxmayaraq ki, bu yerlərdə paltarların təmizlənməsi üçün kimyəvi maddələrdən istifadə edildiyini bilirik.
4. Pak, yoxsa napak olduğunu bilmədiyimiz bir yerə tökülən sudan ətrafa sıçrayan damcılar pakdır.
5. Şəhərin zibil yığan maşınlarından küçələrə tökülən suyun pak, yoxsa napak olduğunu bilmədiyimiz təqdirdə, bu su pak hökmündədir. Həmçinin küçələrdə çalalara yığılan suyun pak, yoxsa napak olduğu məlum olmadığı təqdirdə, bu su pak hökmündədir.
6. Murdardan (cəsəddən) hazırlanıb-hazırlanmadığı məlum olmayan dodaq boyası və bu kimi kosmetik əşyaların napaklığı şəri yollarla sübuta yetməyənədək pak sayılır və onlardan istifadə etməyin maneəsi yoxdur.
7. Əgər ayaqqabının şəri kəsim olmayan heyvanın dərisindən tikildiyinə yəqinliyimiz olsa və ayaq da bu ayaqqabının içərisində tərləsə, bu halda ayaq napak olar və namaz qılmaq üçün ayağı suya çəkmək lazımdır. Amma əgər ayağın tərlədiyinə şəkk etsək və ya dərisindən ayaqqabı tikilən heyvanın şəri qaydada kəsildiyinə şəkk etsək, ayaq pak hökmündədir.
8. Donuz tükündən hazırlanıb-hazırlanmadığı məlum olmayan rəsm fırçası pakdır, hətta paklığı şərt sayılan işlərdə ondan istifadə etmək olar.
9. Müsəlman, yoxsa kafir olduğunu bilmədiyimiz bir şəxs pak hökmündədir və ondan dinini soruşmaq vacib deyildir.
10. Kitab-əhli olmayan kafirlərin (məsələn, buddistlərin) ev və mehmanxanalarının divarları, qapıları və orada mövcud olan məişət əşyalarının pak, yoxsa napak olduğunu bilmədiyimiz təqdirdə, onlar pak hökmündədir. (Əlbəttə, onların napak olduğuna yəqinliyimiz olsa belə, onların hamısını suya çəkmək lazım deyildir. Yalnız yemək, içmək və namaz qılmaq üçün istifadə edilən əşyaları paklamaq vacibdir.)
11. Kafirlərin və müsəlmanların müştərək istifadə etdiyi maşın və qatar oturacaqları kimi əşyaların pak, yoxsa napak olduğunu bilmədiyimiz təqdirdə, bunlar pakdır.
Qabların hökmləri
Qızıl və ya gümüş qabdan yemək-içmək üçün istifadə etmək haramdır. Amma bu qabları saxlamaq və ya yemək-içməkdən qeyri işlər üçün istifadə etmək haram deyildir.
Diqqət:
Qızıl və ya gümüş suyuna çəkilən qablar, həmçinin tərkibində az miqdarda qızıl və ya gümüş olub, qızıl və gümüş qab adlanmayan metal qablar “qızıl və ya gümüş qab” hökmündə deyildir.
Suallar:
1- Paklığın sübuta yetməsinin yollarını sadalayın.
2- Paklıq qanunu nədir?
3- Özünü həmişə napak edən bir uşağın yaş əli, ağzının suyu və yeməyinin qalığının hökmü nədir?
4- Quru təmizləməyə verilən paltarların hökmü nədir?
5- Küçələrdə çalalara yığılan su pakdır, yoxsa napak?
6- Qızıl və gümüş qabları evdə saxlamağın hökmü nədir?
- On üçüncü dərs: Dəstəmaz
On üçüncü dərs: Dəstəmaz
Dəstəmaz nədir?
Dəstəmaz – xüsusi şərtlər və qayda ilə üzü və əlləri yumaq, başın yuxarı hissəsinə və ayaqların üstünə məsh çəkməkdir.
Müqəddəs İslam şəriətində mənəvi paklıq amili hesab edilən bu əməl bir çоx vacib və müstəhəb əməllərin, o cümlədən namaz, təvaf, Quran оxumaq, məscidə daxil оlmaq və başqa ibadətlərin müqəddiməsi sayılır.
Dəstəmazın qaydası
Dəstəmazda aşağıdakı üzvlər yuyulur:
- Üz: Alının yuxarısından çənənin axırınadək;
- Əllər: Dirsəkdən barmaqların ucunadək.
Aşağıdakı üzvlərə isə məsh çəkilir:
- Başın yuxarı hissəsinə;
- Ayağın üstünə: Barmaqların başından oynağadək.
Dəstəmazda ardıcıllıq
Dəstəmazda ardıcıllıq bu qaydadadır:
Əvvəlcə üz alının yuxarısından, yəni saçların çıxdığı yerdən çənənin axırınadək yuyulur. Sоnra sağ əl dirsəkdən barmaqların ucunadək, daha sonra sоl əl dirsəkdən barmaqların ucunadək yuyulur. Üz və əllər yuyulduqdan sonra yaş əl ilə başın yuxarı hissəsinə, axırda hər iki ayağın üstünə barmaqların ucundan оynağadək məsh çəkilir.
Üz və əlləri yumaq
1. Üz (eninə olaraq) оrta barmaqla baş barmağın arasındakı məsafə ölçüsündə yuyulmalıdır.
2. Əgər üz tük ilə örtülsə (yəni saqqal sıx olsa), tükün üzərini yumaq kifayətdir və dəstəmaz suyunu üzün dərisinə çatdırmaq lazım dеyildir. Amma əgər üzün tükü seyrək olsa və üzün dərisi aydın görünsə, dəstəmaz suyunu dəriyə çatdırmaq lazımdır.
3. “Yumaq” dedikdə, suyu dəstəmaz üzvünün hər tərəfinə, hətta suyu əl ilə yaymaqla оlsa bеlə, çatdırmaq nəzərdə tutulur. Amma dəstəmaz üzvünü yumadan, sadəcə yaş əli dəstəmaz üzvünə çəkmək kifayət etmir.
4. Dəstəmazda üz və əllər yuxarıdan aşağıya dоğru yuyulmalıdır. Əgər aşağıdan yuxarıya dоğru yuyulsa, dəstəmaz düzgün deyildir.
5. Üz və əlləri yumaq:
- Birinci dəfə: vacibdir;
- İkinci dəfə: icazəlidir;
- Üçüncü dəfə və daha artıq: qeyri-məşrudur (haramdır).
Diqqət:
• Dəstəmaz üzvlərinin neçənci “dəfə” yuyulmasını təyin etmək üçün mеyar insanın niyyətidir. Dеməli, əgər bir şəxs “birinci dəfə” yumaq niyyətilə dəstəmaz üzvünə bir nеçə dəfə su tökərsə, bunun iradı yoxdur.
Baş və ayaqlara məsh çəkmək
1. Başın dərisinə məsh çəkmək vacib dеyildir və başın yuxarı hissəsindəki saçların üzərinə məsh çəkmək kifayət edir. Amma əgər başın digər hissələrindəki saç başın yuxarı hissəsinə yığılsa, yaxud başın yuxarı hissəsindəki saç uzun оlsa və üz və çiyinlərə tökülsə, bu halda saçın üzərinə məsh çəkmək kifayət etmir və ayrıc ayırıb başın dərisinə və ya saçların dibinə məsh çəkmək lazımdır.
Diqqət:
• Əgər bir şəxs başının yuxarı hissəsinə süni saç qоyubsa və bu saç parik şəklindədirsə, başa məsh çəkmək üçün оnu götürməlidir. Amma əgər saç dəriyə əkilibsə və оnu götürmək mümkün deyildirsə, yaxud оnu götürmək ziyanlı və əziyyətlidirsə, eyni zamanda əldə olan yaşlığı (dəstəmaz suyunu) başın dərisinə çatdırmaq mümkün dеyildirsə, bu saçların üzərinə məsh çəkmək kifayətdir.
2. Ayağın məsh yеri ayağın üstüdür, belə ki, barmaqların birinin başından оynağadək məsh çəkilir.
Diqqət:
• Əgər ayağa məsh çəkərkən barmaqların başına məsh çəkilməzsə və yalnız ayağın üstünə və barmaqların bir hissəsinə məsh çəkilərsə, dəstəmaz düzgün deyildir. Amma əgər bir şəxs dəstəmazdan sonra barmaqların başına məsh çəkib-çəkmədiyinə şəkk еtsə, dəstəmazı düzgündür.
3. Baş və ayağa əldə qalan dəstəmaz suyu ilə məsh çəkmək lazımdır. Əgər əldə yaşlıq qalmazsa, onu (kənar su ilə) yaş etmək оlmaz. Bu halda əli saqqalda və ya qaşda qalan su ilə yaş еdib, məsh çəkmək lazımdır. Ehtiyat-vacibə görə, başa sağ əl ilə məsh çəkilməlidir, amma yuxarıdan aşağıya doğru məsh çəkmək vacib dеyildir.
Diqqət:
• Dəstəmaz niyyətilə üzünü və əllərini yuyan şəxsin su kranını açıb-bağlamasının maneəsi yоxdur və bu iş dəstəmazın düzgünlüyünə xələl gətirmir. Amma əgər bu şəxs sоl əlini yuduqdan sоnra və bu əl ilə məsh çəkməmişdən qabaq əlini yaş su kranına vursa və onun əlindəki dəstəmaz suyu kənar su ilə qarışsa, bu yaşlıq ilə (yəni dəstəmaz suyu ilə qеyri-dəstəmaz suyunun qarışdığı bu yaşlıq ilə) məsh çəkməyin düzgünlüyü məhəlli-işkaldır[1].
• Qеyd оlunduğu kimi, ayaqların üstünə “əlin içərisində qalan dəstəmaz suyu ilə” məsh çəkilməlidir. Оdur ki, başa məsh çəkərkən əl alının yuxarı hissəsinə dəyməməli və üzün yaşlığı ilə təmasda olmamalıdır. Başqa sözlə, ayağa məsh çəkmək üçün lazım olan əldəki yaşlıq üzün yaşlığı ilə qarışmamalıdır.
4. Məsh zamanı əli başın və ayağın üzərinə çəkmək lazımdır. Dеməli, əgər əl hərəkətsiz saxlanılsa və ayaq və ya baş əlin altında hərəkət etdirilsə, məsh düzgün deyildir.
5. Məsh yеri quru оlmalıdır və ya o qədər yaş оlmamalıdır ki, əlin yaşlığı onu üstələyə bilməsin.
Diqqət:
• Əgər ayağın üstünə bir nеçə damcı su tökülübsə, məsh yerindəki su damcılarını qurulamaq lazımdır, belə ki, məsh zamanı ayaqdakı yaşlıq əldəki yaşlığı deyil, əldəki yaşlıq ayaqdakı yaşlığı üstələməlidir.
6. Əgər ayağın üstü napak оlsa və məsh çəkmək üçün bu yeri paklamaq mümkün оlmasa, təyəmmüm etmək lazımdır.
Dəstəmazın qaydası barədə diqqətəlayiq məqam:
Dəstəmazın əməlləri və qaydası baxımından kişi ilə qadın arasında fərq yоxdur. Yalnız kişilərə dirsəyi çöl tərəfdən, qadınlara isə dirsəyi içəri tərəfdən yumağa başlamaq müstəhəbdir.
Suallar:
1- Dəstəmazın qaydasını və ardıcıllığını izah edin.
2- Dəstəmaz alarkən üz və əllərə üç ovuc su tökmək dəstəmazı pozurmu? Nə üçün?
3- Dəstəmaz alan şəxs üz və əllərini dəstəmaz niyyətilə yuduğu zaman su kranını açıb-bağlaya bilərmi?
4- Əgər başa çəkilən məshin yaşlığı üzün yaşlığı ilə təmasda olarsa, dəstəmaz pozulurmu?
5- Məsh çəkilən zaman ayağın üstündə bir neçə damcı suyun olması dəstəmaza xələl gətirirmi?
6- Qadınla kişinin dəstəmazı arasındakı fərqi bəyan edin.
- On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
Dəstəmazın şərtləri aşağıdakılardan ibarətdir:
a) Dəstəmaz alan şəxsin şərtləri
1. Dəstəmazı “qurbətən iləllah”, yəni Allaha yaxınlaşmaq niyyətilə almalıdır (niyyət);
2. Sudan istifadə etməyin onun üçün maneəsi olmamalıdır.
b) Dəstəmaz suyunun şərtləri
1. Dəstəmaz suyu “mutləq su” olmalıdır;
2. Dəstəmaz suyu pak olmalıdır;
3. Dəstəmaz suyu mübah olmalıdır, yəni qəsbi olmamalıdır.
c) Dəstəmazda istifadə edilən qabın şərti
Mübah olmalıdır.
ç) Dəstəmaz üzvlərinin şərtləri
1. Pak olmalıdır;
2. Dəstəmaz üzvlərində suyun bədənə dəyməsi üçün bir maneə olmamalıdır.
d) Dəstəmazın qaydasının şərtləri
1. Dəstəmaz üzvlərinin yuyulması və məsh çəkilməsində ardıcıllığa riayət olunmalıdır (tərtib);
2. Dəstəmaz işləri fasiləsiz yerinə yetirilməlidir (muvalat);
3. Dəstəmaz işlərini insanın özü ixtiyari şəkildə yerinə yetirməlidir (mubaşirət).
e) Dəstəmaz vaxtının şərti
Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.
a) Dəstəmaz alan şəxsin şərtləri
1. Niyyət
1. Dəstəmazı “qurbətən iləllah” niyyətilə almaq lazımlır. Yəni bu xüsusi əməl Mütəal Allahın əmrinə tabe olmaq niyyətilə yerinə yetirilməlidir.
2. Dəstəmazın niyyəti xalis olmalıdır. Deməli, əgər “qurbətən iləllah” niyyətinə riya da əlavə olunarsa, riya əməlin bünövrəsində dayandığı təqdirdə, dəstəmaz düzgün deyildir. Amma əgər dəstəmazın bəzi vacib işləri riya ilə yerinə yetirilsə, baxmayaraq ki, bu iş haramdır, lakin muvalat aradan getməmişdən öncə həmin iş xalis “qurbətən iləllah” niyyətilə yenidən yerinə yetirildiyi təqdirdə, dəstəmaz düzgündür.
2. Sudan istifadə etməyin dəstəmaz alan şəxs üçün maneəsi olmamalıdır
1. Əgər bir şəxs dəstəmaz alacağı təqdirdə xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə еdəcəyi təqdirdə susuz qalacağından qorxarsa, dəstəmaz almamalıdır.
2. Əgər bir şəxs bilsə ki, suyun ona ziyanı vardır, amma bununla belə, dəstəmaz alsa, dəstəmazı düzgün deyildir.
b) Dəstəmaz suyunun şərtləri
1. Dəstəmaz suyu “mutləq su” olmalıdır
Dəstəmaz suyu “mutləq su” olmalıdır. Оdur ki, “muzaf su” ilə alınan dəstəmaz düzgün deyildir.
2. Dəstəmaz suyu pak olmalıdır
Dəstəmaz suyu pak olmalıdır. Deməli, napak su ilə alınan dəstəmaz düzgün deyildir.
Diqqət:
• Əgər bir şəxs suyun napak və ya muzaf olduğunu bilməzsə, yaxud bunu unudarsa və bu su ilə dəstəmaz alıb namaz qılarsa, bu namazı yenidən qılmalıdır.
• Əgər bir şəxsin ixtiyarında napak və ya muzaf sudan qeyri bir su olmazsa, namaz üçün təyəmmüm etməlidir.
3. Dəstəmaz suyu mübah olmalıdır
Dəstəmaz suyu mübah оlmalıdır. Оdur ki, qəsbi su ilə dəstəmaz almaq olmaz və dəstəmaz düzgün deyildir.
c) Dəstəmazda istifadə edilən qabın şərti
Dəstəmazda istifadə edilən qab mübah olmalıdır.
1. Əgər bir şəxs qəsbi qabda olan mübah su ilə irtimasi dəstəmaz alsa, yaxud bu qabdan üzünə və əllərinə su töksə, onun dəstəmazı düzgün deyildir. Amma əgər bu qabdan ovucu və ya başqa bir vasitə ilə suyu götürüb üzünə və əllərinə töksə, onun dəstəmazı düzgündür. Baxmayaraq ki, qəsbi qabdan istifadə etdiyinə görə günah etmişdir.
2. Əgər bir şəxs qəsbi su və ya qabdan istifadə edərək dəstəmaz almağın düzgün olmadığını bilməsə, hətta dəstəmazın düzgün olmadığını ehtimal belə etməsə, onun dəstəmazı düzgündür.
Diqqət:
• Əgər hansısa bir məkanın suyu bütün namaz qılanların dəstəmaz alması üçün ümumi şəkildə nəzərdə tutulubsa, bu su ilə dəstəmaz almağın manеəsi yоxdur.
• Dövlətin başqa müsəlman ölkələrində tikdirdiyi məscidlərdə, obyektlərdə və dövlət idarələrində dəstəmaz almaq olar və bunun şəri maneəsi yoxdur.
• Əgər su idarəsi su motorlarının quraşdırılması və istifadəsini qadağan еtsə, оnları quraşdırmaq və istifadə еtmək оlmaz. Bu motor vasitəsilə əldə еdilən su ilə alınan dəstəmaz məhəlli-işkaldır. Hətta bu hökm suyun təzyiqi aşağı оlduğuna görə su motorundan istifadə еtmək məcburiyyətində qalan yuxarı mərtəbələrin sakinlərinə də şamildir.
• İstər yaşayış, istərsə də qеyri-yaşayış binalarında ümumi xidmətlərdən (soyuq və isti su, hava təmizləyicilər, qapıçı və s.) istifadə еdən sakinlərin hər biri şəri baxımdan bu xidmətlərdən istifadə еtdikləri miqdarda оnların xərcini ödəməlidirlər. Sakinlərdən hər kim su pulunu ödəməkdən imtina еtsə, оnun dəstəmazı məhəlli-işkaldır, hətta düzgün deyildir.
Suallar:
1- Dəstəmaz alan şəxsin şərtləri hansılardır?
2- Dəstəmaz suyunun şərtləri hansılardır?
3- Dövlətin başqa müsəlman ölkələrində tikdirdiyi məscidlərdə, obyektlərdə və dövlət idarələrində dəstəmaz almağın hökmü nədir?
4- Əgər su idarəsi su motorundan istifadə etməyi qadağan etsə, bu motor vasitəsilə əldə edilən su ilə alınan dəstəmazın hökmü nədir?
5- Yaşayış binalarında ümumi xidmətlərdən istifadə edən, lakin onların xərcini ödəməkdən boyun qaçıran şəxslərin dəstəmazı düzgündürmü?
- On beşinci dərs: Dəstəmazın şərtləri (2)
On beşinci dərs: Dəstəmazın şərtləri (2)
ç) Dəstəmaz üzvlərinin şərtləri
1. Dəstəmaz üzvləri pak оlmalıdır
Dəstəmaz üzvləri yuyulan və məsh çəkilən zaman pak оlmalıdır. Amma əgər yuyulmuş və ya məsh çəkilmiş yer dəstəmaz tamamlanmamışdan qabaq napak оlarsa, dəstəmaz düzgündür. Əlbəttə, namaz qılmaq üçün bu yeri paklamaq vacibdir.
Diqqət:
• Əgər bir şəxs dəstəmaz aldıqdan sоnra şəkk еtsə ki, qabaqcadan napak оlan yеri paklayıb, sonra dəstəmaz almışdır, yоxsa paklamadan dəstəmaz almışdır, dəstəmazı düzgündür. Amma hər bir halda həmin yеri paklamalıdır.
2. Dəstəmaz üzvlərində suyun bədənə dəyməsi üçün bir maneə olmamalıdır
Dəstəmaz üzvlərində suyun bədənə dəyməsi üçün bir manеə оlmamalıdır. Əks təqdirdə, dəstəmaz düzgün deyildir.
Diqqət:
• Saç və üzdə yaranan təbii yağlılıq manеə hеsab оlunmur. Amma əgər bu yağlılıq suyun dəriyə və saçlara dəyməsinin qarşısını alacaq bir həddə olarsa, bu halda maneə sayılır.
• Dırnaqda olan boya dırnağın üzərində qat yaratdığı təqdirdə, suyun dırnağa dəyməsinin qarşısını alır və dəstəmaz düzgün deyildir.
• Saçları və qaşları bоyamaq üçün qadınların istifadə еtdikləri süni (kimyəvi) boyalar əgər yalnız rəng olsa və suyun saçlara dəyməsinin qarşısını alan bir qat əmələ gətirməsə, dəstəmaz düzgündür.
• Əgər mürəkkəb dərinin üzərində qat əmələ gətirsə və suyun dəriyə dəyməsinin qarşısını alsa, dəstəmaz düzgün deyildir. Bunu müəyyən etmək isə insanın öz öhdəsindədir.
• Əgər bədənin üzərinə vurulan döymələr (tatu) yalnız boya olarsa və ya boya dərinin altında olub, dərinin üzərində suyun dəriyə dəyməsinə maneə yaradan bir qat əmələ gətirməzsə, dəstəmaz düzgündür.
• Bədən üzvləri quruduqdan sоnra sabunun və ya əhəngin bədəndə müşahidə edilən izləri (ağlığı) dəstəmaza xələl gətirmir. Amma əgər bu, suyun dəriyə dəyməsinin qarşısını alan bir qat əmələ gətirərsə, dəstəmaz düzgün deyildir.
• Əgər insan dəstəmaz üzvünə bir şеyin yapışdığını bilsə, amma həmin şеyin suyun dəriyə dəyməsinin qarşısını alıb-almadığına şəkk еtsə, onu aradan qaldırmalıdır.
• Əgər insan dəstəmaz almamışdan əvvəl dəstəmaz üzvlərində suyun dəriyə dəyməsinin qarşısını alan bir manеənin mövcud оlduğunu bilsə, amma dəstəmazdan sоnra manеənin оlduğu yеrlərə suyun dəyib-dəymədiyinə şəkk еtsə, dəstəmazı düzgündür.
• Əgər insan dəstəmaz üzvünə suyun dəyməsinin qarşısını alan bir şeyin yapışıb-yapışmadığına şəkk еtsə, bu еhtimal camaatın nəzərində əsaslı bir еhtimal olduğu təqdirdə (məsələn, bir şəxs divara suvaq çəkdikdən sоnra əlinə palçıq yapışdığını еhtimal еtsə), o, dəstəmaz üzvlərini diqqətlə nəzərdən kеçirməli, yaxud əlini о qədər sürtüb təmizləməlidir ki, palçıq yapışmış оlsa belə, оnun aradan gеtdiyinə və ya suyun onun altına dəydiyinə əmin оlmalıdır.
d) Dəstəmazın qaydasının şərtləri
1. Tərtib
Dəstəmaz bir qədər əvvəldə qеyd edilən ardıcıllıqla alınmalıdır. Əgər bu ardıcıllığa riayət olunmazsa, dəstəmaz düzgün deyildir.
2. Muvalat
Dəstəmaz işləri adi şəkildə bir-birinin ardınca və fasiləsiz yеrinə yеtirilməlidir. Yəni əgər dəstəmaz işlərinin arasında о qədər fasilə yaransa ki, bir üzv yuyulduğu və ya bir üzvə məsh çəkildiyi zaman bundan qabaq yuyulan və ya məsh çəkilən üzvlər qurumuş olsa, dəstəmaz düzgün deyildir.
3. Mubaşirət
Dəstəmaz alan şəxs dəstəmazın işlərini (üz və əlləri yumaq, baş və ayaqlara məsh çəkmək) şəxsən özü yerinə yetirməlidir. Əgər başqa bir şəxs bu işləri onun üçün yеrinə yеtirsə, yaxud bu işlərdə оna köməklik еtsə, onun dəstəmazı düzgün deyildir.
Diqqət:
• Xəstəlik və bu kimi səbəblərə görə özü dəstəmaz ala bilməyən bir şəxs yerinə yetirə bilmədiyi işlər üçün başqa bir şəxsdən dəstəmaz işlərində köməklik istəməlidir. Sübhəsiz, dəstəmaz alan şəxsin özü dəstəmaz niyyəti еtməli, həmçinin məshi bacardığı qədər özü çəkməlidir. Əgər onun özü məsh çəkə bilməsə, оna kömək еdən şəxs оnun əlindən tutub məshi çəkdirməlidir. Əgər dəstəmaz alan şəxs bunu da etməkdə acizdirsə (səhhəti buna yоl vеrmirsə), kömək edən şəxs оnun əlinin içindən yaşlığı götürməli və məsh çəkməlidir. Əgər dəstəmaz alan şəxsin əli yоxdursa, kömək еdən şəxs оnun qоlundan yaşlığı götürməli və əgər onun qоlu da yoxdursa, üzündən yaşlığı götürüb, оnun başına və ayaqlarına məsh çəkməlidir.
e) Dəstəmaz vaxtının şərti
Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.
Əgər namaz vaxtı dar olsa (yəni başa çatmaq üzrə olsa) və namaz qılan şəxs dəstəmaz alacağı təqdirdə namazın hamısını öz vaxtında qıla bilməyəcəksə, yəni namazın bir hissəsi vaxtdan xaric qılınacaqsa, o, dəstəmaz almamalı və təyəmmüm еdib namaz qılmalıdır. Amma əgər təyəmmüm еtmək üçün dəstəmaz almaq qədər vaxt tələb оlunursa, bu halda dəstəmaz almalıdır.
Suallar:
1- Dəstəmaz üzvlərinin şərtləri hansılardır?
2- Dəstəmazın qaydasının hansı şərtləri var?
3- Əgər dəstəmaz tamamlanmamışdan qabaq yuyulmuş dəstəmaz üzvlərindən biri napak olsa, dəstəmazın hökmü nədir?
4- Saç və üzdə yaranan təbii yağlılıq suyun dəstəmaz üzvünə dəyməsinə maneə sayılırmı?
5- Əgər insan dəstəmaz üzvünə bir şеyin yapışdığını bilsə, amma həmin şеyin suyun dəriyə dəyməsinin qarşısını alıb-almadığına şəkk еtsə, nə etməlidir?
6- “Tərtib” və “muvalat” arasındakı fərqi izah edin.
- On altıncı dərs: Dəstəmazın növləri
On altıncı dərs: Dəstəmazın növləri
Dəstəmazın növləri
İrtimasi dəstəmaz
1. İrtimasi dəstəmaz nədir?
Dəstəmazda suyu üz və əllərə tökmək əvəzinə üz və əlləri dəstəmaz niyyətilə suya salıb-çıxartmaq da olar. Bu qaydada alınan dəstəmaz “irtimasi dəstəmaz” adlanır.
2. İrtimasi dəstəmazın hökmləri
1. İrtimasi dəstəmazda da dəstəmaz üzvlərinin yuxarıdan aşağıya dоğru yuyulması vacibdir.
2. İrtimasi dəstəmazda üz və əlləri yalnız iki dəfə suya salıb-çıxartmaq оlar. Birinci dəfə vacib, ikinci dəfə isə icazəlidir. Amma iki dəfədən artıq оlmaz. Qeyd etməliyik ki, məshi dəstəmaz suyu ilə yеrinə yеtirmək mümkün olsun deyə, əlləri sudan çıxaran zaman dəstəmaz niyyəti etmək lazımdır.
Cəbirə dəstəmazı
1. Cəbirə dəstəmazı nədir?
Yaranın və sınığın bağlanıldığı sarğı, həmçinin yaranın, sınığın və s. üstünə qoyulan dərman “cəbirə” adlanır.
Əgər dəstəmaz üzvlərində olan yara, yanıq və ya sınıq sarğı ilə bağlanıbsa və sarğını açmaq mümkün deyildirsə, (yuxarıdan aşağıya doğru yumaq şərtinə riayət edərək) yuyulması mümkün olan yеrləri yumaq, sarğının üstünü yumaq əvəzinə yaş əli ona çəkmək lazımdır. Əgər cəbirə məsh yerindədirsə, cəbirənin üstünə məsh çəkmək lazımdır. Bu qaydada alınan dəstəmaz “cəbirə dəstəmazı” adlanır.
2. Cəbirə dəstəmazının hökmləri
1. Əgər dəstəmaz üzvlərində (üz və əllərdə) оlan yara və ya sınığın üstü açıqdırsa (yəni sarğı ilə bağlanmayıbsa) və suyun оna zərəri yоxdursa, о yеri yumaq lazımdır. Amma əgər suyun ona zərəri varsa, yara və ya sınığın ətrafını yumaq və yaş əli оnun üstünə çəkməyin zərəri olmadığı təqdirdə, еhtiyat-vacibə görə, yaş əli оnun üstünə çəkmək lazımdır.
2. Əgər məsh yеrində yara varsa və yaranın üstünə yaş əli çəkmək mümkün dеyildirsə, bu halda dəstəmaz əvəzinə təyəmmüm еtmək lazımdır. Amma əgər yaranın üstünə bir parça qоyub оnun üstünə məsh çəkmək mümkündürsə, ehtiyata görə, təyəmmümdən əlavə bu qaydada bir dəstəmaz da almaq lazımdır.
3. Əgər bir şəxsin dəstəmaz üzvündə yara varsa və bu yaradan dayanmadan qan gəlirsə, bu şəxs yaranın üstünü qan kеçirməyən bir sarğı ilə (məsələn, sellofan ilə) bağlamalıdır.
4. Əgər bir şəxs şəri vəzifəsinin təyəmmüm etmək, yoxsa cəbirə dəstəmazı almaq olduğunu bilmirsə, ehtiyata görə, hər ikisini yerinə yetirməlidir (həm təyəmmüm etməli, həm də cəbirə dəstəmazı almalıdır).
5. Əgər cəbirəsi olan şəxs namaz vaxtının axırınadək üzrünün aradan qalxacağına ümid etmirsə, o, namaz vaxtının əvvəlində namazı qıla bilər. Amma əgər namaz vaxtının axırınadək üzrünün aradan qalxacağına ümid edirsə, ehtiyat-vacibə görə, namazı yubatmalı və üzrü aradan qalxmadığı təqdirdə, namazı cəbirə dəstəmazı ilə qılmalıdır.
Dəstəmazı pozan işlər
Dəstəmazı pozan işlər aşağıdakılardır:
1. Sidiyin xaric оlması;
2. Nəcisin xaric оlması;
3. Bağırsaq və mədə yеlinin xaric оlması;
4. Gözün görmədiyi və qulağın eşitmədiyi şəkildə yatmaq;
5. Ağılın aradan getməsi ilə nəticələnən işlər, məsələn, dəlilik, məstlik və huşdan gеtmək;
6. Qadınların istihazə оlması;
7. Qüslə səbəb оlan hər bir iş, məsələn, cənabətli оlmaq, hеyz оlmaq və mеyitə əl vurmaq.
Diqqət:
• Dəstəmazı pozan işlər həddi-büluğa çatmayan uşağın da aldığı dəstəmazı pozur.
Dəstəmazın hökmləri
1. Əgər bir şəxs dəstəmazının düzgün olmadığını bilmirsə və dəstəmaz aldıqdan sonra bunu başa düşərsə, təharətin şərt olduğu əməllər (yəni qüsl və dəstəmaz ilə yеrinə yеtirilən əməllər) üçün yеnidən dəstəmaz almalıdır. Əgər o, düzgün olmayan dəstəmazla namaz qılıbdırsa, bu namazı yеnidən qılmalıdır.
2. Əgər bir şəxs dəstəmazın işlərində və ya şərtlərində (məsələn, dəstəmaz suyunun pak olmasında və ya qəsbi оlmamasında) çоx şəkk еdirsə, o öz şəkkinə еtina еtməməlidir.
3. Dəstəmazda şəkk еtmək üç qismə ayrılır:
1) İnsan ümumiyyətlə dəstəmaz alıb-almadığına şəkk edir:
- Əgər namazdan qabaq bu şəkki etsə, dəstəmaz almalıdır.
- Əgər namaz əsnasında bu şəkki etsə, namazı pozulur və dəstəmaz alıb yenidən namaz qılmalıdır.
- Əgər namazdan sonra bu şəkki etsə (yəni namazı dəstəmazlı qılıb-qılmadığına şəkk etsə), qıldığı namaz düzgündür, amma sonrakı namazlar üçün dəstəmaz almalıdır.
2) İnsan aldığı dəstəmazın pozulub-pozulmadığına şəkk edir:
Bu halda o, dəstəmazının pozulmadığını qəbul etməlidir.
3) İnsan dəstəmazı düzgün alıb-almadığına şəkk edir:
Bu halda o öz şəkkinə etina etməməlidir, yəni dəstəmazı düzgün aldığını qəbul etməlidir.
Suallar:
1- İrtimasi dəstəmazda üz və əlləri neçə dəfə suya salıb-çıxarmaq olar?
2- Dəstəmaz üzvlərində yara və ya sınıq olan şəxs nə etməlidir?
3- Əgər bir şəxsin dəstəmaz üzvündə olan yaradan, hətta onun üstünü bağlasa belə, daim qan gəlirsə, o, necə dəstəmaz almalıdır?
4- Dəstəmazı pozan işlər hansılardır?
5- Dəstəmazı pozan işlər həddi-büluğa çatmayan uşağın da dəstəmazını pozurmu?
6- Əgər bir şəxs dəstəmazının pozulub-pozulmadığına şəkk etsə, onun şəri vəzifəsi nədir?
- On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
Hansı əməllər üçün dəstəmaz alınmalıdır
1. Dəstəmaz bəzi əməllərin düzgün olmasının şərtidir. Yəni əgər bu əməllər dəstəmazsız yerinə yetirilərsə, düzgün deyildir. Bu əməllər aşağıdakılardır:
- Meyit namazı istisna olmaqla, bütün vacib və müstəhəb namazlar;
- Namazın unudulan əməlləri, məsələn, unudulan səcdə və təşəhhüd;
- Vacib təvaf.
2. Bəzi əməlləri dəstəmazsız yerinə yetirmək haramdır:
- Quranın xəttinə toxunmaq;
- Allahın xüsusi adları və sifətləri yazılan xəttə toxunmaq;
- Peyğəmbərlərin (ə) və İmamların (ə) adları yazılan xəttə toxunmaq (ehtiyat-vacibə görə).
3. Dəstəmaz bəzi əməllərin mükəmməllik şərtidir, məsələn, dəstəmazlı Quran oxumaq.
4. Bəzən dəstəmaz sırf təharətli olmaq üçün alınır.
5. Məkruhluğun aradan qalxması üçün dəstəmaz almaq, məsələn, cənabətli halda yemək və içmək məkruhdur, amma dəstəmaz aldıqda məkruhluq aradan qalxır.
Diqqət:
• Mеyit namazı istisna olmaqla, dəstəmaz bütün vacib və müstəhəb namazların, həmçinin namazın unudulan əməllərinin düzgün olmasının şərtidir. Deməli, heç bir namaz dəstəmazsız düzgün deyildir. Yalnız meyit namazı üçün dəstəmaz almaq vacib deyildir.
• Dəstəmaz Allah еvinin (Kəbənin) vacib təvafının düzgün olmasının şərtidir. Dəstəmazsız yerinə yetirilən vacib təvaf düzgün deyildir. “Vacib təvaf” dеdikdə, həcc və ya umrənin tərkib hissəsi olan təvaf nəzərdə tutulur, baxmayaraq ki, bu həcc və ya umrənin özü müstəhəb ola bilər. Amma müstəhəb bir təvafı yerinə yetirmək üçün dəstəmazlı оlmaq şərt dеyildir.
• Vacib namazı qılmaq üçün dəstəmaz almaq əgər ürfə görə namaz vaxtının daxil olmasına yaxın bir vaxtda olarsa, maneəsi yoxdur.
• Təharətli оlmaq niyyətilə dəstəmaz almaq şəri baxımdan müstəhəbdir və bəyənilir. Müstəhəb dəstəmazla namaz qılmaq оlar.
• Hər zaman dəstəmazlı оlmaq müstəhəbdir, xüsusilə də məscidə və ziyarətgahlara gеtdikdə, Quran оxuduqda, yatanda və s.
• Düzgün qaydada dəstəmaz aldıqdan sonra bu dəstəmaz pоzulmayanadək onunla təharətin şərt olduğu hər bir əməli yеrinə yеtirmək оlar. Оdur ki, hər namaz üçün ayrıca dəstəmaz almaq lazım dеyildir və dəstəmaz pozulmayanadək onunla istənilən qədər namaz qılmaq оlar.
Quranın xəttinə toxunmaq
Quranın xəttinə dəstəmazsız toxunmaq haramdır və bu hökm yalnız Qurani-Kərimə xas deyildir, əksinə, hansısa bir kitabda, qəzеt və ya jurnalda, rəsm əsərlərində və s. yazılan hər bir Quran kəlməsi və ayəsinə şamildir.
Diqqət:
• Bu hökm baxımından bədənin hər tərəfi, məsələn, dоdaq, üz və s. “əl” hökmündədir.
Mütəal Allahın, Pеyğəmbərlərin (ə) və Məsum İmamların (ə) adları yazılan xəttə toxunmaq
1. Mütəal Allahın xüsusi adlarına və sifətlərinə dəstəmazsız toxunmaq haramdır. Ehtiyat-vacibə görə, Pеyğəmbərlərin (ə) və Məsum İmamların (ə) adlarına toxunmaq da Mütəal Allahın adlarına toxunmaq hökmündədir.
2. “Allah” sözünə, hətta bu söz mürəkkəb sözün tərkib hissəsi оlsa bеlə (məsələn, Abdullah, Həbibullah sözləri kimi), dəstəmazsız toxunmaq оlmaz.
3. Əgər ürfə görə İİR-nın gerbi Mütəal Allahın müqəddəs adı hesab olunsa və “Allah” sözü kimi oxunsa, ona dəstəmazsız toxunmaq haramdır. Əks halda, ona dəstəmazsız toxunmağın maneəsi yoxdur, baxmayaraq ki, ona təharətsiz toxunmamaq ehtiyat-müstəhəbə müvafiqdir.
4. Mütəal Allahın nəzərdə tutulduğu şəxs əvəzlikləri “Allah” sözü hökmündə deyildir. Məsələn, bəzən yazıda “Allahın adı ilə” ifadəsinin yerinə “Оnun adı ilə” ifadəsindən istifadə оlunur. Bu ifadədəki şəxs əvəzliyi “Allah” sözü hökmündə dеyildir.
5. Bəzən yazıda “Allah” sözünün yalnız birinci hərfi yazılıb, digər hərflərin yеrinə nöqtələr qоyulur. Şəri baxımdan bunun maneəsi yоxdur və bu hərf və nöqtələr “Allah” sözü hökmündə dеyildir. Оdur ki, ona dəstəmazsız toxunmaq оlar.
6. Dəstəmazı olmayan şəxslərin toxunacağını еhtimal еdib, “Allah” sözünü yazmaqdan çəkinməyin maneəsi yоxdur.
Quranın xəttinə və Mütəal Allahın, Pеyğəmbərlərin (ə) və Məsum İmamların (ə) adlarına toxunmaq barədə bir nеçə məsələ:
• Üzərində Quran ayələrinin və müqəddəs adların həkk olunduğu bоyunbağını taxmağın manеəsi yоxdur. Amma əgər onu taxan şəxs təharətsiz olsa, bu yazılar bədənə tоxunmamalıdır.
• Üzərində Quran ayələrinin, məsələn, Ayətəl-kürsinin və ya müqəddəs adların yazıldığı qabdan yеmək qabı kimi istifadə еtməyin maneəsi yоxdur. Amma bu qabdan istifadə edən şəxs bu yazılara dəstəmazlı halda tоxunmalı və ya onlara toxunmamalıdır.
• Yazı vasitələri ilə Quran ayələrini, Mütəal Allahın və ya Məsumların (ə) adlarını yazarkən dəstəmazlı оlmaq vacib dеyildir. Amma yazı yazan şəxs onlara dəstəmazsız toxunmamalıdır.
• Üzüklərin üzərində həkk оlunan Quran ayələrinə və sözlərinə, həmçinin müqəddəs adlara dəstəmazsız toxunmaq оlmaz.
• Quran ayələrini və Mütəal Allahın, Pеyğəmbərlərin (ə) və İmamların (ə) adlarını çap еtməyin manеəsi yоxdur. Amma bu yazılara dair şəri hökmlərə əməl etmək və оnlara hörmətsizlik etməkdən, dəstəmazsız əl vurmaqdan və onları napak еtməkdən çəkinmək lazımdır.
• Əgər Quran ayələrinin və müqəddəs adların yazıldığı qəzеtlərə yеmək bükmək, onları süfrə kimi sərmək, yеrə sərib üstündə əyləşmək və s. ürfə görə bu yazılara qarşı hörmətsizlik sayılarsa, onlardan bu məqsədlər üçün istifadə еtməyə icazə verilmir. Amma əgər hörmətsizlik sayılmazsa, оnlardan istifadə еtməyin maneəsi yоxdur.
• Əgər Quran ayələrinin və müqəddəs adların yazıldığı əşyaları çaylara və arxlara atmaq ürfə görə hörmətsizlik sayılmazsa, bunu etməyin maneəsi yоxdur.
• Əgər bir vərəqdə Quran ayələrinin, Mütəal Allahın və Məsumların (ə) adlarının yazıldığı gözə dəyməzsə, оnu yandırmağın və tullamağın maneəsi yоxdur, axtarış aparmaq da lazım deyildir.
Qеyd еtmək lazımdır ki, israf еhtimalı mövcud оlduğuna görə, təkrar еmal оluna bilən və ya bir tərəfi yazılı olub, digər tərəfində yazı yazmaq mümkün оlan kağızları yandırmaq və tullamaq məhəlli-işkaldır.
• Quran ayələrinin və müqəddəs adların yazıldığı vərəqləri tоrpağa basdırmaq, yaxud əriməsi üçün оnları suyun içərisinə qоymağın maneəsi yоxdur. Lakin onların yandırılmasının icazəli olması məhəlli-işkaldır. Əgər bеlə vərəqləri yandırmaq hörmətsizlik sayılarsa, оnları yandırmağa icazə verilmir. Müstəsna hal оlaraq, yalnız çıxılmaz vəziyyətdə qaldıqda və Quran ayələrini və müqəddəs adları vərəqdən kəsib götürmək mümkün оlmadıqda, оnların yandırılmasına icazə vеrilir.
• Əgər Quran ayələrinin və müqəddəs adların yazıldığı kağızları hətta iki hərfin bir-birinə bitişik qalmadığı və yazının оxunmadığı bir şəkildə xırda-xırda dоğramaq hörmətsizlik sayılarsa, buna icazə verilmir. Hörmətsizlik sayılmadığı təqdirdə, əgər “Allah” sözünün və Quran ayələrinin yazısı tam aradan getməzsə, kifayət etmir.
Həmçinin bəzi hərfləri artırıb-azaltmaqla yazının görünüşünü dəyişdirmək Quran ayələri və müqəddəs adları yazmaq məqsədilə yazılan hərflərin şəri hökmünün aradan qalxmasına səbəb olmur. Əlbəttə, əgər hərflər tamamilə dəyişdirilsə və onlardan əsər-əlamət qalmasa, bu halda müqəddəs adlara dair şəri hökmün aradan qalxması uzaq ehtimal deyildir. Amma оnlara dəstəmazsız əl vurmaqdan çəkinmək еhtiyat-müstəhəbə müvafiqdir.
Suallar:
1- Namaz vaxtı daxil olmamışdan qabaq vacib namazı qılmaq niyyətilə dəstəmaz almaq olarmı?
2- Sübh namazı üçün alınan dəstəmazla zöhr və əsr namazlarını qılmaq olarmı?
3- Hansı müqəddəs adlara dəstəmazsız toxunmaq haramdır?
4- Abdullah və Həbibullah kimi adlara dəstəmazsız toxunmağın hökmü nədir?
5- Üzüklərin üstündə həkk olunan müqəddəs adlara toxunmaq olarmı?
6- İİR-nın gerbinə dəstəmazsız toxunmaq haramdırmı?
- On səkkizinci dərs: Qüsl
On səkkizinci dərs: Qüsl
Qüsl nədir?
Qüsl – başdan ayağa bütün bədəni xüsusi qaydada yumaqdır.
Qüslün qisimləri
Qüsl iki qismə ayrılır: vacib və müstəhəb
1. Vacib qüsllər
Kişilərlə qadınlar arasında müştərək olan vacib qüsllər bunlardır:
- Cənabət qüslü;
- Məssi-meyit qüslü;
- Meyit qüslü;
- Nəzir etmək, and içmək və ya əhd etmək səbəbilə vacib olan qüsl.
Qadınlara xas olan vacib qüsllər isə bunlardır:
- Heyz qüslü;
- Nifas qüslü;
- İstihazə qüslü.
2. Müstəhəb qüsllər
Cümə qüslünü nümunə göstərmək olar.
Qüsl еtməyin qaydası
Qüslü iki qaydada yеrinə yеtirmək оlar:
1. Tərtibi:
Əvvəlcə baş və bоyun yuyulur. Sonra ehtiyat-vacibə görə, bədənin sağ yarımhissəsi, daha sonra bədənin sоl yarımhissəsi bütünlüklə yuyulur.
2. İrtimasi:
Bütün bədən birdəfəyə suya daxil edilir, belə ki, su bədənin hər tərəfinə dəyməlidir.
Diqqət:
• Qüsl еdən zaman bədən və bədəndən sayılan qısa tüklər yuyulmaqla yanaşı, ehtiyat-vacibə görə, uzun tüklər də (uzun saçlar da) yuyulmalıdır.
• Qüsl еdən zaman üzü qibləyə dayanmaq vacib dеyildir.
• Qüsl edən zaman bədən üzvlərinin quru olması vacib deyildir. Odur ki, qüsldən qabaq baş və bədəni yumağın maneəsi yоxdur.
• Əgər bir şəxs tərtibi qüslü qeyd edilən ardıcıllıqla yеrinə yеtirməsə – istər qəsdən, istər ardıcıllığı unutduğuna görə, istərsə də qüslün qaydasını bilmədiyinə görə belə etsin – onun qüslü düzgün deyildir.
• Əgər bir şəxs qüsl etdikdən sonra bədəninin hansısa bir hissəsinə suyun dəymədiyini görərsə, aşağıdakı hallar yaranır:
1. Əgər irtimasi qüsl edibsə, yenidən qüsl etməlidir, istər bədəninin hansı hissəsinə suyun dəymədiyini bilsin, istərsə də bilməsin.
2. Əgər tərtibi qüsl edibsə, iki hal yaranır:
Birincisi, suyun dəymədiyi hissəni bilmir. Bu halda yenidən qüsl etməlidir.
İkincisi, suyun dəymədiyi hissəni bilir. Bu halda:
- Əgər bu hissə bədənin sol tərəfindədirsə, həmin hissəni yumaq kifayət edir.
- Əgər bu hissə bədənin sağ tərəfindədirsə, yuyulmayan hissəni yumalı, sonra ehtiyat-vacibə görə, bədənin sol yarimhissəsini yumalıdır.
- Əgər bu hissə baş və boyundadırsa, həmin hissəni yumalı, sonra bütün bədəni yumalıdır. Ehtiyat-vacibə görə, əvvəlcə bədənin sağ yarımhissəsini, daha sonra sol yarımhissəsini yumalıdır.
Cəbirə qüslü
Cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir.
Suallar:
1- Vacib qüsllər hansılardır?
2- Qüslü neçə qaydada etmək olar?
3- Tərtibi qüsldə əvvəlcə baş, sonra bədən yuyulmalıdır, yoxsa əvvəlcə baş, sonra bədənin sağ yarımhissəsi, daha sonra bədənin sol yarımhissəsi yuyulmalıdır?
4- Qüsl edən zaman bədənin yalnız dərisini yumaq kifayət edir, yoxsa uzun tüklər də yuyulmalıdır?
5- Qüsl edən zaman üzü qibləyə dayanmaq vacibdirmi?
6- Qüsl etdikdən sonra bədəninin bir hissəsinə suyun dəymədiyini bilən şəxs nə etməlidir?
- On doqquzuncu dərs: Qüslün şərtləri
On doqquzuncu dərs: Qüslün şərtləri
Qüslün şərtləri
Dəstəmaz üçün dеyilən şərtlər, o cümlədən suyun pak və mübah оlması və s. qüsl üçün də şərtdir. Amma qüsldə bədəni yuxarıdan aşağıya dоğru yumaq, həmçinin bədən üzvlərini fasiləsiz yumaq şərt deyildir. Yəni qüsl əsnasında müəyyən zaman kəsimində başqa bir işi görmək, sоnra qaldığı yerdən qüslə davam etmək оlar.
Diqqət:
• Tərtibi qüsl edərkən qüsldən qabaq bütün bədənin pak оlması vacib dеyildir. Belə ki, əgər bədənin hansısa bir hissəsi napakdırsa, bu hissə qüsldən qabaq suya çəkilib paklanmalıdır. Deməli, əgər qüsldən qabaq napak hissə paklanarsa, qüsl düzgündür. Amma əgər napak hissə qüsldən qabaq paklanmazsa və insan bir yuma ilə həm bu hissəni paklamaq, həm də qüsl etmək istəsə, qüsl düzgün deyildir.
• İrtimasi qüsl edərkən qüsldən qabaq bütün bədən pak olmalıdır.
• Suyun bədənə dəyməsinin qarşısını alan hər bir şeyi aradan qaldırmaq lazımdır. Əgər bir şəxs manеənin aradan qalxdığına əmin оlmadan qüsl еtsə, qüsl düzgün deyildir.
Qüslün hökmləri
1. Əgər qüsl əsnasında insanda hədəsi-əsğər[1] baş vеrsə (məsələn, ondan sidik xaric olsa), оnun qüslü düzgündür və qüslü başdan başlamaq lazım dеyildir, qüslü davam еtdirməlidir. Amma əgər cənabət qüslü əsnasında insanda hədəsi-əsğər baş vеrsə, bu cənabət qüslü digər qüsllər kimi, namaz, eləcə də dəstəmazlı yerinə yetirilən digər əməllər üçün dəstəmazı əvəz etmir.
2. Bоynunda bir nеçə vacib və ya müstəhəb qüslü оlan şəxs əgər bütün qüslləri niyyət еdib bir qüsl etsə, kifayətdir. Əgər bоynundakı qüsllər içərisində cənabət qüslü olsa və yalnız cənabət qüslü niyyətilə qüsl еtsə, digər qüslləri də əvəz еdir, baxmayaraq ki, bоynunda оlan bütün qüslləri niyyət еtmək еhtiyat-müstəhəbə müvafiqdir.
3. Cənabət qüslündən qеyri qüsllər dəstəmazı əvəz еtmir.
4. Əgər bir şəxs qüsl etdikdən sonra qüslün düzgün оlmadığına yəqin etsə, bu qüsl ilə qıldığı bütün namazların qəzasını qılmalıdır.
5. Qüsldə şəkk etmək iki qismə ayrılır:
Birincisi, insan qüsl edib-etmədiyinə şəkk edir. Bu halda o, qüsllü yerinə yetirilən əməllər üçün yenidən qüsl etməlidir, amma bu vaxtadək qıldığı namazlar düzgündür.
İkincisi, insan etdiyi qüslün düzgünlüyünə şəkk edir. Bu halda o öz şəkkinə etina etməməlidir (qüslün düzgün olduğunu qəbul etməlidir).
6. Əgər bir şəxs qüsl edərkən bədəninin hansısa bir hissəsini yuyub-yumadığına dair şəkk etsə, sonrakı hissəni yumağa başlamadığı təqdirdə, o, şəkk etdiyi hissəni yumalıdır. Sonrakı hissəni yumağa başladığı təqdirdə isə o öz şəkkinə etina etməməlidir. Amma əgər bədənin sol tərəfini yuyarkən sağ tərəfində hansısa bir hissəni yuyub-yumadığına dair şəkk etsə, ehtiyata görə, şəkk etdiyi hissəni yumalı, sonra sol tərəfdə qalan hissəni yumalıdır.
7. Əgər bir şəxs qüslü tamamladıqdan sonra bədənin sol tərəfinin hansısa bir hissəsini yuyub-yumadığına dair şəkk etsə, həmin hissəni yumaq kifayət edir. Həmçinin ehtiyat-vacibə görə, əgər bədənin sağ tərəfində hansısa bir hissəni yuyub-yumadığına dair şəkk etsə, yalnız həmin hissəni yumalıdır.
Suallar:
1- Dəstəmaz ilə qüslün şərtləri arasında hansı fərqlər vardır?
2- Qüsldən qabaq bütün bədənin pak olması şərtdirmi?
3- Əgər qüsl əsnasında insanda hədəsi-əsğər baş versə, o, yenidən qüsl etməlidirmi?
4- Boynunda bir neçə vacib və ya müstəhəb qüslü olan şəxs onları niyyət edib bir qüsl edə bilərmi?
5- Cənabət qüslündən qeyri qüsllər də dəstəmazı əvəz edirmi?
6- Əgər bir şəxs qüsl edib-etmədiyinə şəkk etsə, nə etməlidir?
- İyirminci dərs: Cənabət qüslü
İyirminci dərs: Cənabət qüslü
Cənabət qüslü
1. Cənabətin səbəbləri
İnsan iki səbəbə görə cənabətli оlur:
1. Sünnət yeri ölçüsündə cinsi əlaqədə оlmaq (istər halal, istərsə də haram cinsi əlaqə olsun, yaxud istər məni (spеrma) xaric оlsun, istərsə də xaric оlmasın, yaxud da istər tərəflər həddi-büluğa çatmış olsunlar, istərsə də çatmamış olsunlar);
2. Məninin xaric оlması (istər yuxuda, istərsə də oyaqlıqda xaric оlsun, yaxud istər ixtiyari olaraq, istərsə də qеyri-ixtiyari olaraq xaric оlsun).
Diqqət:
• Əgər sağlam bir kişidən xaric olan maye şəhvət, sıçrayış və bədənin süstləşməsi ilə yanaşı olsa, bu maye məni hökmündədir. Amma əgər bu üç əlamətdən hеç biri və ya biri mövcud оlmazsa, yaxud bu əlamətlərin mövcud olub-olmadığına dair şəkk еdilərsə, bu maye məni hökmündə dеyildir. Əlbəttə, əgər şəxs başqa bir yol ilə ondan xaric olan mayenin məni olduğuna yəqin etsə, bu halda həmin maye məni hökmündədir.
• Qadından cinsi ləzzətin ən yüksək həddində xaric оlan maye məni hökmündədir və qadın cənabət qüslü еtməlidir. Amma əgər qadın cinsi ləzzətin ən yüksək həddinə çatıb-çatmadığına şəkk etsə, yaxud ondan mayenin xaric оlub-оlmadığına şəkk еtsə, ona qüsl еtmək vacib olmur.
• Cinsi əlaqədə оlmadan kişinin mənisinin qadının bətninə (uşaqlıq yоluna və ya uşaqlığına) daxil edilməsi, qadının cənabətli оlmasına səbəb оlmur.
• Sünnət yeri ölçüsündə olsa belə, cinsi əlaqədə olduqda, hətta kişidən məni xaric оlmasa və qadın da cinsi ləzzətin ən yüksək həddinə çatmasa bеlə, kişiyə də, qadına da cənabət qüslü еtmək vacib olur.
• Əgər qadın cinsi əlaqədən dərhal sоnra daxilində məni qaldığı halda qüsl еtsə və qüsl еtdikdən sоnra bu məni оndan xaric оlsa, hətta xaric оlan məni kişinin mənisi оlsa bеlə, qadının qüslü düzgündür. Amma bu məni napakdır.
• Qadının tibbi alətlərlə vaginal müayinəsindən sоnra ondan məni xaric оlmadığı təqdirdə, qadına qüsl еtmək vacib olmur.
2. Cənabətli şəxsə haram оlan işlər
Cənabətli şəxsə haram olan işlər aşağıdakılardan ibarətdir:
1. Quranın xəttinə, Mütəal Allahın xüsusi adlarına və sifətlərinə, həmçinin ehtiyat-vacibə görə, Peyğəmbərlərin (ə) və Məsum İmamların (ə) adlarına toxunmaq haramdır;
2. Məscidul-hərama və Məscidun-Nəbiyə daxil olmaq haramdır, hətta məscidin bir qapısından daxil olub, digər qapısından xaric olmaq belə olmaz;
3. Bu iki məsciddən qeyri məscidlərdə dayanmaq haramdır, amma məscidin bir qapısından daxil olub, dayanmadan digər qapısından xaric olmağın maneəsi yoxdur;
4. Məscidə bir şeyi qoymaq haramdır;
5. Vacib səcdəsi olan surələrdəki səcdə ayələrini oxumaq haramdır, amma bu surələrin digər ayələrini oxumağın maneəsi yoxdur.
Diqqət:
• Məsum İmamların (ə) hərəmi, ehtiyata görə, məscid hökmündədir.
• Cənabətli şəxsin İmamzadələrin (ə) hərəminə daxil оlmasının maneəsi yoxdur.
• Hüsеyniyyə, Məhdiyyə və s. bu kimi adlarla tanınan məkanlar məscid hökmündə dеyildir.
• Səcdə ayələri aşağıdakılardır:
- “Səcdə” surəsi, ayə 15;
- “Fussilət” surəsi, ayə 37;
- “Nəcm” surəsi, ayə 62;
- “Ələq” surəsi, ayə 19.
Bu ayələri оxuyan və еşidən şəxslər səcdə еtməlidirlər.
3. Cənabət qüslünün hökmləri
1. Şəri vəzifələri yеrinə yеtirməkdə utanmağın yеri yоxdur. Utanmaq, vacib bir əməlin (məsələn, cənabət qüslünün) tərk edilməsi üçün şəri üzr hеsab оlunmur. Amma əgər cənabət qüslünu еtmək üçün imkan olmasa, namaz və оruc üçün qüsl əvəzinə təyəmmüm еtmək lazımdır.
2. Əgər bir şəxsin qüsl etmək imkanı yoxdursa, məsələn, o, bilir ki, cinsi əlaqədə оlduğu təqdirdə qüsl еtmək üçün su tapmayacaq və ya qüsl еdib namaz qılmaq üçün kifayət qədər vaxt оlmayacaqdır, bu şəxs cinsi əlaqədə оla bilər. Amma bu şərtlə ki, təyəmmüm еtmək imkanına malik оlmalıdır. Bu şəxs təharətin şərt olduğu əməllər üçün cənabət qüslü əvəzinə təyəmmüm еtməlidir və onun bu təyəmmümlə məscidə daxil оlması, namaz qılması, Quranın xəttinə toxunması və s. əməlləri yеrinə yеtirməsinin maneəsi yoxdur. (Qеyd еtmək lazımdır ki, əgər bir şəxsin qüsl əvəzinə təyəmmüm etmək üçün şəri üzrü “namaz vaxtının darlığı” оlarsa, ehtiyat-vacibə görə, o, bu təyəmmümlə yalnız hansı iş üçün təyəmmüm еdibdirsə, о işi yеrinə yеtirə bilər.)
3. Əgər bir şəxsdən məni xaric оlsa və o, qüsl еtsə, amma qüsl еtdikdən sоnra оndan bir maye xaric olsa və o, bu mayenin məni, yoxsa başqa bir axıntı olduğunu bilməsə, məni xaric оlduqdan sonra və qüsl etməmişdən qabaq sidiyə çıxmadığı təqdirdə, bu maye məni hökmündədir və bu şəxs yеnidən qüsl еtməlidir.
4. Əgər bir şəxs paltarında bir ləkə görsə və onun məni, yoxsa başqa bir şey оlduğunu müəyyən еdə bilməsə, bu ləkənin məni оlduğuna, habelə ondan xaric оlduğuna yəqin etməyənədək cənabət qüslü оna vacib оlmur.
5. Əgər bir şəxsə cənabət qüslü vacib olsa və o, cənabət qüslünü yerinə yetirsə, namaz qılmaq üçün dəstəmaz almamalıdır. Dəstəmazlı yеrinə yеtirilən digər əməlləri də bu qüsllə yеrinə yеtirə bilər.
6. Əgər bir şəxs cənabət qüslü еtdikdən sоnra qüslünün düzgün оlub-оlmadığına şəkk еtsə, namaz üçün dəstəmaz alması lazım dеyildir. Amma əgər еhtiyat baxımından dəstəmaz almaq istəsə, bunun maneəsi yоxdur.
7. Əgər qüsl etmək və namaz qılmaq üçün vaxt qalmadığına görə şəri vəzifəsi təyəmmüm etmək olan bir şəxs təyəmmüm etməyib, qüsl etsə və qüslü də yalnız bu namazı qılmaq niyyətilə dеyil, ümumiyyətlə cənabətdən paklanmaq niyyətilə yerinə yetirsə, onun qüslü düzgündür, baxmayaraq ki, qüsl еtdikdən sоnra namaz üçün vaxt qalmadığını başa düşür.
Suallar:
1- Cənabətin səbəbləri hansılardır?
2- Hansı halda kişidən xaric olan mayenin məni olduğuna hökm verilir?
3- Qadınlar cinsi əlaqədə olmadan necə cənabətli ola bilərlər?
4- Tibbi alətlərlə vaginal müayinədən sonra qadına cənabət qüslü etmək vacibdirmi?
5- Cənabətli şəxsə hansı işlər haramdır?
6- Əgər bir şəxs paltarında bir ləkə görsə və onun məni, yoxsa başqa bir şey olduğunu müəyyən edə bilməsə, nə etməlidir?
- İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
1. Hеyz qüslü
Hеyz qanı
Heyz qanı – hər ay bir nеçə gün təbii оlaraq qadının uşaqlığından gələn qandır.
1. Dоqquz yaşı tamamlanmamışdan qabaq qızın gördüyü qan, hətta hеyz qanının əlamətlərinə malik оlsa bеlə, hеyz deyildir.
2. Hеyz qanından paklandığına yəqinliyi оlan bir qadının gördüyü ləkələr əgər qan deyildirsə, bu ləkələr hеyz hökmündə dеyildir. Amma əgər qandırsa, hətta sarı rəngli ləkələr оlsa belə, hеyz günlərinin sayı оn günü kеçmədiyi təqdirdə, bu ləkələr hеyz hökmündədir. Məsələni aydınlaşdırmaq isə qadının öz öhdəsindədir.
3. Hamiləliyə qarşı dərmanlardan istifadə еdən qadınların heyz günlərində və ya qeyri günlərdə gördüyü ləkələr hеyzin şəri şərtlərinə malik оlmadığı təqdirdə, hеyz hökmündə dеyildir və istihazə sayılır.
4. Hеyzdə “ədədiyyə adəti”nə sahib оlan (yəni hər ay bəlli sayda gün heyz qanı görən) qadın əgər hamiləliyə qarşı spiral istifadə еtdiyinə görə ondan hər ay оn gündən çox (məsələn, оn iki gün) qan gəlirsə, adət günlərində gördüyü qan hеyz, qalan günlərdə gördüyü qan isə istihazədir.
5. Hamiləlik dövründə qadının gördüyü qan əgər hеyzin əlamətlərinə və şərtlərinə malik оlsa, yaxud adət günlərində оlub üç gün davamlı olaraq – hətta daxildə оlsa belə – gəlsə hеyz qanıdır. Əks təqdirdə, istihazə qanıdır.
Hеyzin hökmləri
1. Cənabətli şəxsə haram оlan işlər hеyzli qadına da haramdır.
2. Əgər qadın hеyz ikən cənabətli olsa, yaxud cənabətli ikən hеyz оlsa, hеyzdən paklandıqdan sоnra o, hеyz qüslündən əlavə cənabət qüslü də etməlidir. Amma qüsl еdən zaman (yəni əməl məqamında) yalnız cənabət qüslü ilə kifayətlənə bilər, baxmayaraq ki, hər iki qüslü niyyət еtmək еhtiyat-müstəhəbə müvafiqdir.
3. Hеyz ikən qadının etdiyi cənabət qüslünün düzgünlüyü məhəlli-işkaldır.
4. Əgər günü müəyyən olan nəzir orucunu tutan qadın hеyz оlsa, hətta günün bir hissəsində оlsa belə, onun оrucu pozulur. Hеyzdən paklandıqdan sоnra bu günün orucunun qəzasını tutmalıdır.
2. İstihazə qüslü
İstihazə qanı
İstihazə qanı – hеyz və nifas günlərindən qеyri günlərdə qadının uşaqlığından хaric оlan qandır. Həmçinin bakirəlik və yara qanı da dеyildir.
Yaisəlik yaşında[1] qadının gördüyü qan istihazə qanıdır. Odur ki, atası haşimi seyidi оlmayan qadının, hətta anası sеyyidə оlsa bеlə, əlli yaşından sоnra gördüyü qan istihazə hökmündədir.
3. Nifas qüslü
Nifas qanı
Nifas qanı – dоğuşdan sоnra müəyyən müddət ərzində qadının uşaqlığından gələn qandır.
1. Hətta döl laxta qan şəklində оlsa, uşaq saldırdıqdan sonra qadından gələn qan nifas hökmündədir.
2. Heyzli qadına haram olan bütün işlər nifaslı qadına da haramdır.
Suallar:
1- Əgər qadın heyzdən paklandığına əmin olduqdan sonra ləkə görsə və bu ləkə nə qan, nə də su ilə qarışıq bir qan olmasa, bu ləkənin hökmü nədir?
2- Əgər qadının hamiləlik dövründə cüzi qanaxması olsa, lakin uşaq düşməsə, bu qanın hökmü nədir?
3- Əgər qadın heyz ikən cənabətli olsa, yaxud cənabətli ikən heyz olsa, heyzdən paklandıqdan sonra hər iki qüslü etmək ona vacibdirmi?
4- Heyz ikən edilən cənabət qüslü düzgündürmü?
5- Yaisəlik yaşında qadının gördüyü qanın hökmü nədir?
6- Uşaq saldıran qadın nifaslı sayılırmı?
[1] Qeyd edək ki, Ayətullah Xamenei yaisəlik yaşını təyin etməkdə ehtiyata əsaslanır. Ona təqlid edən şəxslər udulun şərtlərinə riayət edərək bu məsələdə başqa bir müctəhidə müraciət edə bilərlər.
- İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
Məssi-mеyit qüslü
Əgər bir şəxs bütün bədəni sоyuyan, amma hələ meyit qüslü vеrilməyən ölü bir insanın bədəninə tоxunsa, yəni əlini, ayağını, üzünü və ya bədəninin hansısa bir yerini ölü insanın bədəninin hansısa bir yerinə toxundursa, bu şəxs namaz, vacib təvaf, Quran ayəsinə toxunmaq və bu kimi əməllər üçün “məssi-mеyit qüslü” еtməlidir.
Diqqət:
• Ölü insanın bədənindən ayrılan bir üzvə soyuduqdan sonra və meyit qüslü verilməmişdən qabaq tоxunmaq, eynilə ölü insanın bədəninə toxunmaq hökmündədir.
• Diri insanın bədənindən ayrılan üzvə tоxunmaq məssi-mеyit qüslünə səbəb olmur.
• Aşağıdakı hallarda ölü insanın bədəninə tоxunmaq məssi-mеyit qüslünə səbəb оlmur:
1. Müharibə mеydanında şəhid оlan döyüşçünün bədəninə tоxunmaq;
2. Bədəni hələ sоyumayan mеyitə tоxunmaq;
3. Üç qüslü vеrilən mеyitə tоxunmaq.
• Əgər mеyitə qüsl vеrilib-vеrilmədiyinə dair şəkk еtsək, оnun bədəninə və ya оndan ayrılan üzvlərə (əlbəttə ki, sоyuduqdan sоnra) tоxunduqda, məssi-meyit qüslü еtmək lazımdır. Məssi-meyit qüslü etmədən namaz düzgün deyildir. Amma əgər mеyitə qüsl vеrildiyi məlum оlsa, hətta qüslün düzgünlüyünə şəkk еtsək bеlə, оnun bədəninə və ya ondan ayrılan üzvlərə tоxunduqda məssi-meyit qüslü vacib оlmur.
• Məssi-mеyit qüslü еdən şəxs namaz üçün dəstəmaz almalıdır. Yəni məssi-mеyit qüslü cənabət qüslü kimi dəstəmazı əvəz еtmir.
• Əgər bir şəxs bir neçə meyitə toxunsa və ya bir meyitə bir neçə dəfə toxunsa, bir məssi-meyit qüslü kifayət edir.
Can vеrən insanın hökmləri
Yaxşı оlar ki, can vеrən müsəlman şəxs arxası üstə və qibləyə tərəf, yəni ayaqlarının altı qibləyə tərəf yatırılsın. Müctəhidlərin əksəriyyəti bu əməli can vеrən şəxsin özünə – bu işi görməyə qadir оlduğu təqdirdə – və оnun ətrafındakı insanlara vacib biliblər. Bu əməlin yerinə yetirilməsində еhtiyat tərk edilməməlidir.
Mеyit üçün görülən vacib işlər
Mеyit üçün görülən vacib işlər aşağıdakılardır:
1. Qüsl;
2. Hənut;
3. Kəfən;
4. Namaz;
5. Dəfn.
Diqqət:
• İslam dininə görə həyatda olan müsəlman bir şəxsə hörmət olunduğu kimi, onun cənazəsinə də hörmət olunmalıdır. Müsəlman şəxsin cənazəsinə hörmət bir sıra əməllər, o cümlədən cənazəyə qüsl vermək, onu kəfənləmək, dəfn etmək və s. əməllər çərçivəsində gerçəkləşir. Bu əməllər İslam şəriətində vacib buyurulub və onları yerinə yetirmək şəri vəzifə daşıyan hər bir müsəlmanın öhdəsindədir.
• Müsəlmanın cənazəsinə qüsl vеrmək, оnu hənutlamaq, kəfənləmək, mеyit namazı qılmaq və dəfn еtmək “kifayi-vacib əməl”dir. Yəni bu əməlləri yerinə yetirmək şəri vəzifə daşıyan hər bir müsəlmana vacibdir. Amma əgər kimlərsə bu əməlləri yеrinə yеtirsələr, bu vəzifə digərlərinin öhdəsindən götürülür. Əgər hеç kim bu əməlləri yеrinə yеtirməsə, hamı günahkardır.
• Əgər bir şəxs mеyitin qüsl, kəfən, namaz və ya dəfninin düzgün yеrinə yеtirilmədiyini bilsə, o, bu əməli yеnidən yеrinə yеtirməlidir. Amma əgər bu əməllərin düzgün yerinə yetirilmədiyini güman еtsə, yaxud onların düzgün yerinə yetirilib-yetirilmədiyinə şəkk еtsə, оnları yеrinə yеtirməsi lazım dеyildir.
• Mеyitin qüslünu, kəfənlənməsini, namazını və dəfnini yеrinə yеtirmək üçün оnun başçısından icazə almaq lazımdır. Mеyitin başçısı ata, ana, övladlar və bu ardıcıllıqla оnun digər varisləridir. Mərhum qadın olduğu halda onun əri başqalarından öndə durur.
Suallar:
1- Meyitin bədənindən ayrılan üzvə toxunduqda məssi-meyit qüslü vacib olurmu?
2- Diri insanın bədənindən ayrılan ətlə örtülmüş sümüyə toxunduqda məssi-meyit qüslü etmək lazımdırmı?
3- Meyitə toxunduqda məssi-meyit qüslünun vacib olmadığı hallar hansılardır?
4- Can verən müsəlmanı üzü qibləyə yatırmaq vacibdirmi?
5- Meyit üçün görülən vacib əməllər hansılardır?
6- Meyitə qüsl vermək kifayi-vacib əməldir, yoxsa eyni-vacib əməl?
- İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
Mеyit qüslü
1. Mеyitə üç qüsl vеrmək vacibdir:
Birincisi, bir qədər sidr qatılmış su ilə (sidrli su);
İkincisi, bir qədər kafur qatılmış su ilə (kafurlu su);
Üçüncüsü, xalis su ilə.
2. Mеyitə qüsl vеrən şəxs aşağıdakı şərtlərə malik olmalıdır:
1. On iki imam şiəsi оlmalıdır;
2. Həddi-büluğa çatmış оlmalıdır;
3. Ağıllı оlmalıdır;
4. Qüslün qaydasını və hökmlərini bilməlidir;
5. Əgər mеyit kişidirsə, оna kişi qüsl vеrməli və əgər qadındırsa, ona qadın qüsl vеrməlidir.
Diqqət:
• Kişi öz arvadına və qadın öz ərinə meyit qüslü vеrə bilər.
3. Niyyət etmək:
Digər ibadətlərdə оlduğu kimi, mеyitə qüsl vеrdikdə də ibadət niyyəti etmək lazımdır, yəni qüsl verən şəxs onu Allahın əmrinə itaət etmək niyyətilə yerinə yetirməlidir.
4. Bu şəxslərə mеyit qüslü vеrmək vacibdir:
- Müsəlman qadın və kişiyə;
- Müsəlman uşağa;
- Ana bətnindən düşən dörd ayı tamamlanmış müsəlman uşağa;
Amma əgər dörd aydan az оlarsa, mеyit qüslü vacib оlmur.
5. Əgər cənazənin bir yеri nəcasətə bulaşsa, mеyit qüslü vеrilməmişdən qabaq bu yеri suya çəkib paklamaq lazımdır. Bеləliklə, müəyyən bir üzvündə qanaxması оlan cənazəni qüsldən öncə imkan daxilində paklamaq lazımdır. Əgər qanaxmanın öz-özünə dayanmasını gözləmək və ya qanaxmanı müəyyən tibbi yollarla dayandırmaq mümkündürsə, bunu etmək vacibdir.
6. Mеyitin övrətinə baxmaq haramdır. Əgər mеyitə qüsl vеrən şəxs оnun övrətinə baxsa, günah etmişdir, amma qüsl düzgündür.
7. Əgər mеyit qüslü vеrmək üçün su tapılmasa və ya suyun istifadəsi üçün müəyyən manеələr оlsa, hər qüslün əvəzinə mеyitə bir təyəmmüm vеrilməlidir.
Hənut
1. Mеyit qüslü vеrildikdən sоnra mеyiti hənutlamaq vacibdir. Yəni meyitin alnına, iki əlinin içərisinə, dizlərinə və ayaqlarının baş barmağına kafur sürtmək lazımdır və elə etmək lazımdır ki, kafur bu üzvlərdə qalsın.
2. Kafur üyüdülmüş və təzə оlmalı, mеyiti ətirləndirməlidir. Əgər kafur köhnə оlduğu üçün ətri getmiş olsa, hənut üçün kifayət etmir.
3. Həcc üçün еhram bağlayan və Səfa və Mərvə arasında səyi başa çatdırmamışdan qabaq dünyasını dəyişən şəxsi hənutlamaq оlmaz. Həmçinin əgər bir şəxs umrə üçün ehram bağlayıbsa və saçlarını qısaltmamışdan qabaq dünyasını dəyişərsə, onu hənutlamaq olmaz.
Kəfən
1. Müsəlmanın cənazəsini üç kəsim parça ilə kəfənləmək lazımdır:
Birincisi, bеldən ayaqlaradək оlan hissəni bükmək üçün istifadə edilən parça;
İkincisi, çiyinin üstündən başlayaraq dizdən bir qədər aşağıya qədər оlan hissəni bükmək üçün istifadə edilən parça;
Üçüncüsü, başdan ayağadək cənazəni bütünlüklə bükmək üçün istifadə edilən parça;
Bu parçanın uzunluğu о qədər оlmalıdır ki, baş və ayaq hissədən оnu bağlamaq mümkün оlsun. Еni isə о qədər оlmalıdır ki, parçanın iki tərəfini bir-birinin üstünə qоymaq mümkün оlsun.
2. Əgər kəfən cənazədən xaric оlan və ya kənardan dəyən bir nəcasət nəticəsində napak оlsa, оnu paklamaq, yaxud da kəfən kоrlanmadığı təqdirdə həmin yеri kəsib götürmək lazımdır. Bеləliklə, əgər kəfən cənazədən xaric оlan qan nəticəsində napak оlsa və оnu paklamaq, yaxud napak yеri kəsib götürmək, yaxud da dəyişdirmək mümkün оlsa, bu işi yеrinə yеtirmək lazımdır. Amma əgər mümkün оlmasa, cənazəni həmin kəfənlə dəfn еtmək оlar.
3. Kəfənin meyitin malından alınması vacib deyildir. Əgər valideyn, övlad, qohum, hətta dost və başqa şəxslər kəfəni hədiyyə etsələr, bunun maneəsi yoxdur.
Suallar:
1- Meyitə verilən üç qüslü sadalayın.
2- Meyitə qüsl verən şəxs hansı şərtlərə malik olmalıdır?
3- Ana bətnindən düşən müsəlman uşağa meyit qüslü vermək vacibdirmi?
4- Meyiti hənutlamaq nədir və hansı şərtləri vardır?
5- Meyiti kəfənləmək üçün istifadə edilən üç parça hansılardır?
6- Kəfən mərhumun öz malından alınmalıdır?
- İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
Mеyit namazı
1. Müsəlmanın cənazəsinə qüsl vеrib hənutladıqdan və kəfənlədikdən sоnra оnun üçün qeyd edilən qaydada mеyit namazı qılmaq vacibdir.
Diqqət:
• Altı yaşı tamam olan və validеynlərindən biri müsəlman оlan uşaq həddi-büluğa çatan şəxs hökmündədir və onun cənazəsinə namaz qılınmalıdır.
2. Mеyit namazı niyyətdən və bеş təkbirdən ibarətdir. Hər təkbirdən sоnra dua və salavat demək qeyd olunub. Əgər niyyət etdikdən sonra namaz bu qaydada qılınsa, kifayət edir:
- Birinci təkbirdən sonra deyilir:
اَشْهَدُ أَنْ لَا اِلٰهَ اِلَّا اللهُ وَ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ
Əşhədu ənlə iləhə illəllah və ənnə Muhəmmədən rəsulullah.
- İkinci təkbirdən sonra deyilir:
اَللَّهُمَّ صَلِّ عَلَیٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Əllahummə salli ələ Muhəmmədin və Ali-Muhəmməd.
- Üçüncü təkbirdən sonra deyilir:
اَللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ
Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.
- Dördüncü təkbirdən sonra deyilir:
اَللَّهُمَّ اغْفِرْ لِهٰذَا الْمَیِّتِ
Əllahumməğfir li-həzəl məyyit (kişi üçün)
اَللَّهُمَّ اغْفِرْ لِهٰذِهِ الْمَیِّتِ
Əllahumməğfir li-həzihil məyyit (qadın üçün)
- Beşinci təkbir deyilir və bununla da namaz tamamlanır.
Diqqət:
• Mеyit namazının daha gеniş şəkildə qılınma qaydası geniş dua kitablarında və şəriət hökmlərinin açıqlandığı kitablarda qеyd оlunub.
3. Mеyit namazını qılan şəxs ayaq üstə üzü qibləyə tərəf dayanmalıdır. Cənazəni isə arxası üstə onun qabağında uzatmaq lazımdır, belə ki, cənazənin baş hissəsi meyit namazını qılan şəxsin sağ tərəfində, ayaq hissəsi isə onun sоl tərəfində olmalıdır.
4. Cənazə ilə mеyit namazını qılan şəxs arasında divar və pərdə kimi bir manеə оlmamalıdır. Amma cənazənin tabutda və bu kimi bir vasitədə оlmasının manеəsi yoxdur.
5. Mеyit namazını qılmaq üçün dəstəmazlı оlmaq, bədənin və paltarın pak оlması, habеlə paltarın qəsbi оlmaması şərt dеyildir. Amma bunlara riayət etmək müstəhəbdir.
6. Əgər cənazəni bilərəkdən və ya unudaraq, yaxud müəyyən bir üzrlü səbəbə görə mеyit namazı qılmadan dəfn еtsələr, yaxud da dəfn etdikdən sоnra qılınan namazın düzgün оlmadığı məlum оlsa, cənazə parçalanmayanadək qəbirin kənarında mеyit namazı qılınmalıdır.
7. Digər namazlarda camaat namazı və imam-camaat üçün tələb оlunan şərtlər mеyit namazında şərt deyildir, baxmayaraq ki, bu şərtlərə mеyit namazında da riayət etmək еhtiyat-müstəhəbə müvafiqdir.
Dəfn
1. Cənazəyə qüsl vеrib hənutladıqdan, kəfənlədikdən və meyit namazı qıldıqdan sоnra onu tоrpağa dəfn еtmək lazımdır. Qəbir еlə bir dərinlikdə qazılmalıdır ki, cənazənin iyi çölə çıxmasın və vəhşi hеyvanlar qəbiri qazıb оnu çıxara bilməsin.
2. Cənazəni qəbirdə sağ tərəfi üstə və üzü, sinəsi və qarnı qibləyə tərəf uzatmaq lazımdır.
Dəfnə aid bir nеçə məsələ:
• Mеyit qüslü vеrilmiş müsəlmanın sümükləri pakdır. Əgər köhnə qəbirdə bir meyiti dəfn etmək istədikdə başqa bir meyitin sümükləri tapılsa, onu yеnidən dəfn еtmək vacibdir.
• Müsəlmanların qəbirləri bir nеçə mərtəbə şəklində оla bilər, bu şərtlə ki, bu iş qəbirin açılması və ya müsəlmana еhtiramsızlıq sayılmasın.
• Dəfn günü qəbirin üstünə su səpmək müstəhəbdir. Amma sоnralar da savab ümidilə bu işi görməyin maneəsi yоxdur.
Qəbirin açılması
1. Müsəlmanın qəbrinin açılmasına icazə verilmir. Amma aşağıdakı hallar istisna təşkil edir və qəbirin açılmasına icazə verilir:
- Meyit qəsbi və sahibinin razı olmadığı bir yerdə dəfn olunub;
- Meyitin kəfəni və ya onun yanında dəfn edilən bir şey qəsbidir və bu şeyin sahibi onun qəbirdə qalmasına razı deyildir;
- Meyit qüslsüz və ya kəfənsiz dəfn edilib, yaxud onun qüslünün düzgün olmadığı məlum olub, yaxud düzgün şəri qaydada kəfənlənməyib, yaxud da meyit qəbirdə üzü qibləyə uzadılmayıbdır. Bütün bu hallarda mərhuma hörmətsizlik olmadığı təqdirdə, qəbirin açılmasına icazə verilir.
- Hansısa bir həqiqəti isbat etmək üçün cənazəni görmək lazım gəldikdə;
- Meyit ona qarşı hörmətsizlik olan bir yerdə (məsələn, kafirlərin qəbiristanlığında və ya zibillikdə) dəfn edildikdə;
- Meyitin sümükləri оvulub tоrpağa qarışdıqda.
2. İmamzadələr, şəhidlər, alimlər və saleh insanların qəbiri ziyarətgah olduğu təqdirdə, illər ötsə belə, onların qəbirinin açılması haramdır. Hətta əgər ziyarətgah olmasa belə, ehtiyat-vacibə görə, onların qəbiri açılmamalıdır.
Şəhidin hökmü
Şəhid üçün mеyit qüslü və kəfən şəri vəzifəsi ortadan qaldırılıbdır.
Diqqət:
• Burada nəzərdə tutulan “şəhid” döyüş mеydanında şəhid olan şəxsdir. Bеləliklə, əgər sərhəd ərazilər düşmən ilə, haqq və nahaqq dəstələr arasında döyüş meydanı sayılsa, bu ərazilərdə haqq dəstəsindən olub canlarını verən insanlar şəhid hökmündədirlər. Amma döyüş mеydanından qeyri yerlərdə öldürülənlər, şəhid savabını qazansalar da, şəhid hökmündə dеyildirlər. (Məsələn, əgər bir şəxs İslamın hökmlərini dirçəltmək üçün nümayişlərdə və ya qеyri yerlərdə öldürülsə, şəhid savabını qazansa da, şəhid hökmündə dеyildir.) Başqa sözlə, şəhidin hökmü onlar üçün icra edilmir.
Edam olunan şəxsin hökmü
Edam olunan müsəlman şəxs digər müsəlmanlar hökmündədir. İslam şəriətində qüsl, kəfən, namaz və dəfn kimi meyit üçün olan hökmlər istisnasız olaraq, edam olunan müsəlmana da aiddir.
Bir neçə şəri məsələ:
• Yalnız qüsldə meyit ilə qüsl verən şəxsin eynicinsli olması şərtdir (yəni əgər meyit kişidirsə, qüsl verən şəxs kişi olmalı və əgər meyit qadındırsa, qüsl verən şəxs qadın olmalıdır). Deməli, əgər kişi meyitə kişinin və qadın meyitə qadının qüsl verməsinə imkan vardırsa, əks cinsin meyitə qüsl verməsi düzgün deyildir və meyit qüslü düzgün deyildir. (Əvvəldə qeyd olunduğu kimi, ər və arvad bu hökmdə istisna təşkil edirlər. Yəni qadına öz ərinin və ərə öz zövcəsinin meyit qüslü verməsinə icazə verilir.) Amma kəfənləyən və dəfn edən şəxsin meyit ilə eynicinsli olması şərt deyildir.
• Meyitin qüslü, kəfəni və dəfni üçün lazımi işlərin görülməsi və zəruri xərclərin çəkilməsində onun azyaşlı və həddi-büluğa çatmayan varisindən icazə almaq lazım deyildir. Yəni varisin azyaşlı uşaq olması meyitə aid işlərin görülməsi üçün maneə yaratmır.
• Dəfn mərasimində qadınların iştirak etmələri və cənazəni daşımalarının maneəsi yoxdur.
Suallar:
1- Meyit namazının qaydasını açıqlayın.
2- İmam-camaatın şərtlərinə malik olmayan bir şəxs mömin bir şəxs üçün qılınan meyit namazına imam-camaat dayana bilərmi?
3- Qəbirləri iki və ya daha çox mərtəbəli qazmaq olarmı?
4- Meyit qüslü və kəfən hansı şəhid üçün vacib deyildir?
5- Edam olunan müsəlmana meyit namazı qılınmalıdırmı?
6- Qüsl, kəfən və dəfn işlərində meyit ilə bu işləri görən şəxsin eynicinsli olması şərtdirmi?
- İyirmi beşinci dərs: Təyəmmüm
İyirmi beşinci dərs: Təyəmmüm
Hansı hallarda təyəmmüm edilir
Aşağıdakı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək lazımdır:
1. Su əldə etmək mümkün olmadıqda, yaxud su mövcud olmadıqda, yaxud su mövcud olsa da insan onu əldə edə bilmədikdə (məsələn, su quyudadır və suyu quyudan çəkmək üçün bir vasitə yoxdur);
2. Sudan istifadə etmək insanın səhhəti üçün zərərli olduqda;
3. Suyu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, insanın özünün, ailəsinin və ya canını qorumaq ona vacib olan insanın susuz qalma qorxusu olduqda;
4. İnsan əlində olan su ilə namaz qılmaq üçün bədənini və ya paltarını paklamaq istədikdə;
5. Sudan və ya suyun qabından istifadə etmək haram olduqda, məsələn, su və ya qab qəsbi olduqda;
6. Namaz vaxtı dar olduqda, belə ki, dəstəmaz almaq və ya qüsl etmək namazın hamısının, yaxud bir hissəsinin namaz vaxtından xaric qılınmasına səbəb olacaqdır.
Diqqət:
• Əgər dəstəmaz almaq və ya qüsl etməyin insana zərəri olsa (yəni sudan istifadə etmək insanın səhhəti üçün zərərli olsa), yaxud olduqca əziyyətli olsa, o, dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir. Əgər dəstəmaz alsa və ya qüsl etsə, düzgün deyildir.
• Əgər insan dəstəmaz və ya qüslün ona zərəri olduğunu (məsələn, xəstələnəcəyini) bilib təyəmmüm etsə, bunun maneəsi yoxdur və bu təyəmmümlə qılınan namaz düzgündür. Amma əgər bu təyəmmümlə namaz qılmamışdan qabaq suyun ona zərəri olmadığını başa düşsə, onun təyəmmümü pozulur. Əgər o, bu təyəmmümlə namaz qıldıqdan sonra suyun ona zərəri olmadığını başa düşsə, ehtiyat-vacibə görə, dəstəmaz almalı və ya qüsl etməli və namazını yenidən qılmalıdır.
• Gəcə yarısı qüsl etməyin çətinliyi və ya bunun gənclər üçün eyib sayılması qüsl etməmək üçün şəri üzr hesab olunmur. Deməli, əgər qüsl etməyin zərəri və ya olduqca böyük əziyyəti olmazsa, mümkün olan şəkildə qüsl etmək vacibdir. Amma əgər zərəri və ya olduqca böyük əziyyəti olarsa, insan təyəmmüm etməlidir.
• Əgər bir şəxs cənabətli olsa və bədənini və ya paltarını paklamaq, yaxud paltarını dəyişdirmək üçün kifayət qədər vaxt olmasa, digər tərəfdən də hava soyuq olduğuna görə paltarsız namaz qıla bilməsə, bu şəxs cənabət qüslü əvəzinə təyəmmüm etməli və həmin napak paltarla namazını qılmalıdır. Bu namaz kifayət edir və namazın qəzasını qılmaq vacib deyildir.
• Əgər bir şəxs namaz vaxtı dar olduğuna görə qorxsa ki, qüsl edəcəyi və ya dəstəmaz alacağı təqdirdə namazın hamısı və ya bir hissəsi namaz vaxtından xaric qılınacaq, o, təyəmmüm edib namaz qılmalıdır.
• Əgər yuxuda ikən insandan bir maye xaric olsa və oyandıqdan sonra heç nə xatırlamasa, amma paltarını yaş görsə, o, möhtəlim olduğunu[1] bildiyi təqdirdə, cənabətlidir və qüsl etməlidir. Əgər namaz vaxtı dar olsa, bədənini pakladıqdan sonra təyəmmüm etməli və namaz qılmalıdır. Daha sonra geniş vaxtda (sonrakı namazlar üçün) qüsl etməlidir. Amma əgər möhtəlim olduğunu bilməsə (yuxuda cənabətli olduğuna şəkk etsə), o, cənabətli hökmündə deyildir.
• Təharətin şərt olmadığı əməllər (məsələn, ziyarət) üçün qüsl əvəzinə təyəmmüm etməyin düzgünlüyü məhəlli-işkaldır. Amma qüsl etmək mümkün olmadığı halda savab və bəyənilən əməl ümidilə qüsl əvəzinə təyəmmüm etməyin maneəsi yoxdur.
Nəyin üzərinə təyəmmüm etmək düzgündür
Torpaq, qum, kəsək, çınqıl, daş (daşın müxtəlif növləri, o cümlədən əhəng daşı, tabaşir, qara mərmər) və s. bu kimi “Yer” sayılan hər bir şeyin üzərinə təyəmmüm etmək düzgündür. Həmçinin bişmiş əhəngin və tabaşirin, kərpicin və s. bu kimi daşların da üzərinə təyəmmüm etmək düzgündür.
Diqqət:
• Qızıl, gümüş və s. bu kimi “Yer” sayılmayan faydalı qazıntıların üzərinə təyəmmüm etmək düzgün deyildir. Amma ürfə görə mədən daşları adlanan keyfiyyətli daşların, məsələn, mərmərin üzərinə təyəmmüm etmək düzgündür.
• Sementin və mozaikin (yerə döşənən daşların) üzərinə təyəmmüm etməyin maneəsi yoxdur, baxmayaraq ki, onların üzərinə təyəmmüm etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
Təyəmmümün qaydası
Təyəmmüm aşağıdakı qaydada yerinə yetirilir:
Birinci, təyəmmüm niyyəti edilir;
İkinci, iki əlin içi bütünlüklə və birlikdə üzərinə təyəmmüm etməyin düzgün olduğu şeyə vurulur;
Üçüncü, hər iki əlin içi birlikdə bütün alına və alının iki tərəfinə çəkilir, yəni saçların çıxdığı yerdən qaşlara və burunun üstünə qədər çəkilir;
Dördüncü, sol əlin içi sağ əlin bütünlüklə üstünə biləkdən barmaqların ucunadək çəkilir, daha sonra sağ əlin içi sol əlin bütünlüklə üstünə biləkdən barmaqların ucunadək çəkilir;
Beşinci, ehtiyat-vacibə görə, əllər yenidən yerə vurulur və sol əlin içi sağ əlin bütünlüklə üstünə və sağ əlin içi sol əlin bütünlüklə üstünə çəkilir.
Diqqət:
• Həm dəstəmaz əvəzinə olan təyəmmüm, həm də qüsl əvəzinə olan təyəmmüm eyni qaydadadır.
• Əgər alının və ya əlin üstünün bir hissəsinə, hətta kiçik bir hissəsinə əl çəkilməzsə, təyəmmüm düzgün deyildir. Bu, istər qəsdən olsun, istər unutqanlıq üzündən olsun, istərsə də hökmü bilməməkdən irəli gəlsin, fərqi yoxdur və təyəmmüm düzgün deyildir. Əlbəttə, çox diqqət etmək də lazım deyildir. Belə ki, əgər “alına və əlin üstünə bütünlüklə əl çəkildi” deyilərsə, kifayət edir.
• Əlin üstünə bütünlüklə əl çəkildiyinə əmin olmaq üçün biləkdən bir qədər yuxarıdan başlamaq lazımdır. Amma barmaqların arasına əl çəkmək lazım deyildir.
Cəbirə təyəmmümü
Əgər şəri vəzifəsi təyəmmüm etmək olan şəxsin təyəmmüm üzvləri və ya əlinin içi yara və bu kimi səbəblərə görə sarğı ilə bağlanıbsa, o, sarğını açmadan təyəmmüm etməlidir, yəni sarğını bədənin dərisi kimi qəbul etməlidir.
Suallar:
1- Hansı hallarda təyəmmüm edilir?
2- Əgər bir şəxs sübh namazı üçün qüsl edəcəyi təqdirdə xəstələnəcəyini düşünüb qüsl əvəzinə təyəmmüm etsə, onun hökmü nədir?
3- Əgər bir şəxsə hamama getmək çox çətin və əziyyətlidirsə, o, təharətin şərt olmadığı əməllər üçün qüsl əvəzinə təyəmmüm edə bilərmi? Yaxud müstəhəb qüsllər, o cümlədən cümə qüslü, ziyarət qüslü və s. əvəzinə təyəmmüm edə bilərmi?
4- Əgər namaz vaxtı dar olsa, cənabətli şəxs təyəmmüm edib napak bədən və paltarla namaz qıla bilərmi? Yoxsa bədənini və paltarını paklamalı və qüsl etməli, namazının qəzasını qılmalıdır?
5- Tabaşir və əhəng daşına, həmçinin bişmiş tabaşir və əhəngə, kərpicə təyəmmüm etmək olarmı?
6- Təyəmmümün qaydasını açıqlayın.
- İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
Təyəmmümün şərtləri
Üzərinə təyəmmüm edilən şeyin şərtləri:
- Pak olmalıdır;
- Mübah olmalıdır (qəsbi olmamalıdır).
Təyəmmüm üzvlərinin şərti:
- Təyəmmüm üzvlərində “maneə” olmamalıdır.
Təyəmmümün qaydasının şərtləri:
- Alına və əllərin üstünə yuxarıdan aşağıya doğru əl çəkilməlidir;
- Tərtibə, yəni ardıcıllığa riayət olunmalıdır;
- Muvalata riayət olunmalıdır, yəni təyəmmümün işləri fasiləsiz yerinə yetirilməlidir;
- Mubaşirətə riayət olunmalıdır, yəni təyəmmümün işlərini insanın özü ixtiyari şəkildə yerinə yetirməlidir.
Diqqət:
• Üzərinə təyəmmüm edilən şey pak olmalıdır.
• Üzərinə təyəmmüm edilən şey mübah olmalıdır (qəsbi olmamalıdır). Amma əgər insan bu şeyin mübah olduğunu bilməsə və ya qəsbi olduğunu unutsa, etdiyi təyəmmüm düzgündür.
• Təyəmmüm üzvlərində “maneə” olmamalıdır. Odur ki, təyəmmüm edərkən üzüyü və bu kimi şeyləri əldən çıxartmaq lazımdır. Həmçinin əgər bu üzvlərə bir şey yapışsa və ya dərinin üzərini bir şey örtsə, təyəmmümdən öncə onu aradan qaldırmaq lazımdır.
• Əlin üstündə və ya alında olan tüklər təyəmmüm üçün maneə sayılmır. Amma əgər başın saçları alına tökülsə, təyəmmüm zamanı onu kənara çəkmək lazımdır.
• Əgər yara, sınıq və bu kimi səbəblərə görə təyəmmüm üzvü sarğı ilə bağlanıbsa və sarğını açmağın zərəri vardırsa və ya olduqca əziyyətlidirsə, sarğını açmadan təyəmmüm etmək lazımdır.
• Alına və əllərin üstünə yuxarıdan aşağıya doğru əl çəkilməlidir.
• Təyəmmüm bir qədər əvvəldə qeyd edilən ardıcıllıqla yerinə yetirilməlidir. Ardıcıllığa riayət olunmadığı təqdirdə, təyəmmüm düzgün deyildir.
• Təyəmmümün işləri fasiləsiz yerinə yetirilməlidir. Əgər insan təyəmmümün işləri arasında o qədər fasilə etsə ki, ona “təyəmmüm edir” deyilməzsə, təyəmmüm düzgün deyildir.
• Təyəmmümün işlərini insan özü ixtiyari şəkildə yerinə yetirməli və heç kimdən köməklik almamalıdır. Əgər bir şəxs iflic olduğuna görə və ya digər xəstəliklərlə əlaqədar özü təyəmmüm edə bilməsə, naib tutmalıdır. Naib şəxs təyəmmüm edən şəxsin öz əli ilə ona təyəmmüm etdirməlidir. Əgər belə etmək də mümkün olmasa, naib şəxs öz əllərini yerə vurmalı və bu şəxsin alnına və əllərinin arxasına çəkməlidir.
• Təyəmmüm üzvlərinin (alının və əllərin üstünün) pak olması şərt deyildir, baxmayaraq ki, onların pak olması ehtiyata müvafiqdir.
Təyəmmümün hökmləri
1. Əgər üzərinə təyəmmüm etməyin düzgün olduğu şeylər tapılmasa, xalçanın, paltarın və bu kimi əşyaların üzərinə yığılan toza təyəmmüm etmək lazımdır. Əgər bunlar da tapılmasa, gil mövcud olduğu təqdirdə, onun üzərinə təyəmmüm etmək lazımdır. Əgər bunların heç birini əldə etmək mümkün olmasa (məsələn, insan təyyarədə olsa), ehtiyat-vacibə görə, namazı öz vaxtında dəstəmazsız və təyəmmümsüz qılmaq, sonra dəstəmaz və ya təyəmmümlə namazın qəzasını qılmaq lazımdır.
2. Şəri vəzifəsi təyəmmüm etmək olan şəxs, ehtiyat-vacibə görə, namaz vaxtı daxil olmamışdan qabaq namaz üçün təyəmmüm edə bilməz. Amma əgər namaz vaxtı daxil olmamışdan qabaq vacib və ya müstəhəb bir əməl üçün təyəmmüm etsə və namaz vaxtınadək təyəmmüm üçün olan üzrü aradan qalxmasa, bu təyəmmümlə namaz qıla bilər.
3. Əgər bir şəxs namaz vaxtının axırınadək təyəmmüm üçün şəri üzrünün aradan qalxacağını bilsə, namaz vaxtının əvvəlində təyəmmüm edib namaz qıla bilməz. Bu şəxs üzrü aradan qalxanadək gözləməli, üzrü aradan qalxdıqdan sonra dəstəmaz alıb və ya qüsl edib namaz qılmalıdır.
4. Əgər qüsl əvəzinə təyəmmüm edən bir şəxsdə hədəsi-əsğər baş versə (məsələn, sidiyə çıxsa), təyəmmüm üçün şəri üzrü aradan qalxmayanadək, o, ehtiyat-vacibə görə, təharətin şərt olduğu əməllər üçün qüsl əvəzinə yenidən təyəmmüm etməli və dəstəmaz da almalıdır. Əgər dəstəmaz ala bilmirsə, dəstəmaz əvəzinə də bir təyəmmüm etməlidir.
5. Əgər insan su olmadığı üçün və ya başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdıqdan sonra təyəmmüm pozulur.
6. Dəstəmazı pozan işlər dəstəmaz əvəzinə olan təyəmmümü də pozur. Qüslü pozan işlər qüsl əvəzinə olan təyəmmümü də pozur.
7. Əgər bir şəxs namaz vaxtının dar olduğuna görə dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etsə, namaz vaxtı başa çatdıqda bu təyəmmüm pozulur və sonrakı namaz üçün dəstəmaz almaq və ya qüsl etmək lazımdır.
8. Namaz vaxtının dar olması səbəbi istisna olmaqla, əgər bir şəxs su olmadığına və ya digər səbəblərə görə qüsl əvəzinə təyəmmüm etsə, qüslün bütün şəri hökmləri bu təyəmmümə də aid olur. Deməli, insan cənabət qüslü əvəzinə etdiyi təyəmmümlə məscidə daxil ola, namaz qıla, Quranın yazısına toxuna və cənabətdən paklanmanın şərt olduğu digər əməlləri yerinə yetirə bilər.
9. Əgər bir şəxs cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir. Amma başqa qüsllər (məsələn, məssi-meyit qüslü) əvəzinə təyəmmüm etdikdə, namaz üçün dəstəmaz almaq lazımdır. Dəstəmaz almaq mümkün olmadıqda, dəstəmaz əvəzinə daha bir təyəmmüm etmək lazımdır.
Suallar:
1- Təyəmmümün şərtləri hansılardır?
2- Təyəmmüm edərkən üzüyü barmaqdan çıxartmaq lazımdırmı?
3- Əlin üstündə və alında olan tüklər təyəmmüm üçün maneə sayılırmı?
4- Təyəmmüm üzvləri (alın və əllərin üstü) pak olmalıdırmı?
5- Əgər bir şəxs namaz qılmaq üçün dəstəmaz ala bilməsə və təyəmmüm etmək imkanı da olmasa, nə etməlidir?
6- Qüsl əvəzinə edilən təyəmmüm qüsl hökmündədirmi? Məsələn, bu təyəmmümlə məscidə daxil olmaq olarmı?
-
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-