Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- BİRİNCİ DƏRS: Təqlid (1)
BİRİNCİ DƏRS: Təqlid (1)
Müqəddimə
Mükəlləf namaz, oruc, təharət, bəzi alğı-satqılar və s. bu kimi gündəlik həyatda yerinə yetirilən şəri vəzifələrin hökmünü öyrənməlidir. Əgər bu hökmləri öyrənməmək vacib bir əməlin tərk olunması və ya haram bir əməlin yerinə yetirilməsi ilə nəticələnərsə, mükəlləf günahkardır.
Şəri vəzifənin şərtləri
Mükəlləf – şəri vəzifənin şərtlərinə malik olan şəxsə deyilir. Bu şərtlər aşağıdakılardır:
1. Həddi-büluğ;
2. Əql;
3. Qüdrət (qadir olmaq).
Həddi-büluğun əlamətləri
• Həddi-büluğun əlamətləri aşağıdakı üç əlamətdən biridir:
1. İnbat (qarının altında və cinsiyyətin yuxarı hissəsində qalın tüklərin çıxması);
2. İhtilam (məninin xaric olması);
3. Yaş həddi (qəməri ili ilə oğlanlarda 15 yaş və qızlarda 9 yaşın tamam olması).
• Bir şəxsdə həddi-büluğun əlamətlərindən biri görünməyənədək o, şəri baxımdan həddi-büluğa çatmış hesab olunmur və şəriət hökmlərini yerinə yetirmək vəzifəsini daşımır. (Başqa sözlə, bu əlamətlərdən biri göründüyü təqdirdə, oğlan və ya qız şəri baxımdan həddi-büluğa çatmışdır.)
• Qeyd olunduğu kimi, həddi-büluğ yaşı “qəməri ili” ilə hesablanır. Doğum tarixi “şəmsi ili” ilə məlum olduğu təqdirdə, qəməri il ilə şəmsi il arasındakı fərqi hesablayaraq həddi-büluğ yaşını əldə etmək olar. (Bir qəməri ili şəmsi ilindən 10 gün, 21 saat, 17 saniyə azdır.)
Şəriət hökmlərini əldə etməyin yolları
Şəriət hökmlərini əldə edib onlara əməl etmək üçün mükəlləfin qarşısında üç yol vardır:
1. İctihada çatmaq;
2. Ehtiyat etmək;
3. Təqlid etmək.
1. İctihada çatmaq
İctihada çatmaq – şəriət hökmlərini və İlahi qanunları fəqihlərin qəbul etdikləri etibarlı mənbələrdən əldə etmək deməkdir.
2. Ehtiyat etmək
Ehtiyat etmək – elə bir şəkildə əməl etməkdir ki, mükəlləf öz şəri vəzifəsini yerinə yetirdiyinə əmin olur. Məsələn, mükəlləf bəzi müctəhidlərin haram bildikləri, bəzi müctəhidlərin isə haram bilmədikləri müəyyən bir işi yerinə yetirmir. Digər tərəfdən, bəzi müctəhidlərin vacib bildikləri, bəzi müctəhidlərin isə vacib bilmədikləri müəyyən bir işi yerinə yetirir.
3. Təqlid etmək
Təqlid etmək – şəriət hökmlərində “camiuş-şərait müctəhid”ə (yəni mərcəyi-təqlidin şərtlərinə malik olan müctəhidə) müraciət etməkdir. Başqa sözlə, şəri vəzifələri camiuş-şərait müctəhidin rəyinə və fətvalarına müvafiq olaraq yerinə yetirməkdir.
Diqqət:
• Təqlid etmək barədə həm “nəqli dəlillər” (hədislər) mövcuddur, həm də ağıl və məntiq hökm edir ki, şəriət hökmlərini bilməyən bir şəxs camiuş-şərait müctəhidə müraciət etməlidir.
• Əgər mükəlləf şəriət hökmlərində müctəhid deyildirsə, o, bir müctəhidə təqlid etməli və ya ehtiyat etməlidir.
• Ehtiyata əməl etmək üçün ehtiyatın yerlərini və qaydasını bilmək tələb olunduğuna, həmçinin bu iş çox vaxt tələb etdiyinə görə yaxşı olar ki, mükəlləf şəriət hökmlərində camiuş-şərait müctəhidə təqlid etsin.
• Aşağıdakı üç şərtə malik olan şəxs təqlid etməlidir:
1. Mükəlləfdir;
2. Müctəhid deyildir;
3. Ehtiyat etmir.
Təqlidsiz yerinə yetirilən əməllərin hökmü
Təqlid etməyən və ya düzgün qaydada təqlid etməyən şəxsin əməlləri aşağıdakı hallarda düzgün hesab olunur:
1. Ehtiyata müvafiqdir;
2. Keçmişdə təqlid etməli olduğu müctəhidin nəzərinə müvafiqdir;
3. Hal-hazırda təqlid etməli olduğu müctəhidin nəzərinə müvafiqdir.
Suallar:
1- Adətən ehtiyac duyulan şəri hökmləri öyrənməkdə səhlənkarlıq göstərən şəxs günahkardırmı?
2- Həddi-büluğun əlamətləri hansılardır?
3- Şəriət hökmlərini əldə etmək üçün mükəlləfin qarşısında neçə yol vardır?
4- Ehtiyat etmək tövsiyə olunur, yoxsa təqlid etmək? Nə üçün?
5- Təqlidsiz yerinə yetirilən əməllərin hökmü nədir?
- İkinci dərs: Təqlid (2)
İkinci dərs: Təqlid (2)
Mərcəyi-təqlidin şərtləri
Diqqət:
• Aşağıdakı şərtlərə malik olan bir müctəhidə təqlid etmək lazımdır:
1. Həddi-büluğa çatmış olmalıdır;
2. Ağıllı olmalıdır;
3. On iki imam şiəsi olmalıdır;
4. Halalzadə olmalıdır;
5. Ehtiyat-vacibə görə, həyatda olmalıdır;
6. Ədalətli olmalıdır;
7. Ehtiyat-vacibə görə, “ə`ləm” olmalıdır.
Ədalətli olmaq
1. Ədalət – mənəvi bir xüsusiyyətdir və insanın daim təqvalı olmasına, yəni vacib əməlləri tərk etməməsi, haram əməlləri isə yerinə yetirməməsinə zəmin yaradır.
2. Ədalətli şəxs o şəxsdir ki, təqvası nəticəsində bilərəkdən heç bir günah etmir (vacib əməlləri tərk etmir və ya haram əməlləri yerinə yetirmir).
3. Bir şəxsin ədalətli hesab edilməsi üçün onun ədalətli olduğuna (hansısa bir yolla) yəqin etmək və ya əmin olmaq lazımdır, yaxud da iki ədalətli şəxs buna şahidlik etməlidir. Həmçinin onun zahirdə yaxşı insan kimi tanınması[1] – hətta bu, əminliyə səbəb olmasa belə – kifayət edir.
Ehtiyat-vacibə görə, “ə`ləm” olmaq
1. Ə`ləm müctəhid – başqa müctəhidlərlə müqayisədə şəriət hökmlərini dini mənbələrdən əldə etməkdə daha bacarıqlı olan müctəhiddir. Belə ki, onun üstünlüyü bu sahənin mütəxəssisləri üçün tam aydındır. Həmçinin o, dövrün şəriət hökmlərinin tətbiqində və fətva verməkdə təsirli olan tələblərini daha yaxşı bilir.
2. Ə`ləm müctəhidə təqlid etməyin vacibliyi ağıllı insanların nəzərinə və ağlın hökmünə əsaslanır.
3. Ə`ləm müctəhidin fətvası ilə qeyri-ə`ləm müctəhidin fətvası fərqli olan məsələlərdə ə`ləm müctəhidə təqlid etmək, ehtiyat-vacibə görə, vacibdir.
4. Əgər iki və ya bir neçə müctəhid elm baxımından eyni səviyyədə olsalar, yaxud onlardan hansı birinin daha elmli olduğu məlum olmasa, bu halda mükəlləf onlardan hansı birinə istəsə, təqlid edə bilər. Amma əgər mükəlləf onlardan birinin daha elmli olduğunu ehtimal etsə, ehtiyat-vacibə görə, həmin müctəhidə təqlid etməlidir.
Mərcəyi-təqlidin şərtləri barədə bir neçə məsələ:
• Əgər mükəlləf bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğuna şəkk etsə, araşdırma aparmalıdır. Qeyd edək ki, əgər mükəlləf bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğunu bilsə və ona təqlid etsə, amma sonradan onun bu şərtlərdən birini itirdiyinə şəkk etsə, bu məsələ məlum olmayanadək, mükəlləf həmin müctəhidə təqlid edə bilər.
• Camiuş-şərait bir müctəhidə təqlidin düzgün hesab edilməsi üçün onun mərcəyi-təqlid olması və ya “Risalə” (şəriət hökmlərinin izah olunduğu kitab) qələmə alması şərt deyildir. Odur ki, əgər mərcəyi-təqlid olmayan və “Risalə”si də olmayan bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğu mükəlləf üçün dəqiqləşərsə, o, həmin müctəhidə təqlid edə bilər.
• Müctəhid elmi əhatəsi baxımından iki qismə ayrılır:
1. Fiqhin bütün bölmələrində fətva vermək və rəy bildirmək bacarığına malikdir. Bu müctəhidə “mutləq müctəhid” deyilir.
2. Fiqhin bəzi bölmələrində, məsələn, namaz və oruc bölmələrində fətva vermək və rəy bildirmək bacarığına malikdir. Bu müctəhidə “mutəcəzzi müctəhid” deyilir.
Mutəcəzzi müctəhidin fətvası özü üçün hüccətdir. Mutəcəzzi müctəhid fiqhin hansı bölümlərində mütəxəssisdirsə, başqaları bu bölümlərdə ona təqlid edə bilərlər. Amma mutləq müctəhidə təqlid etmək ehtiyat-müstəhəbə müvafiqdir.
• Yenicə mükəlləf olan və təqlid məsələsini dərk etmək çətin olduğu üçün bu barədə öz şəri vəzifəsini müəyyənləşdirə bilməyən övladlarını məlumatlandırmaq və onlara yol göstərmək ata-ananın vəzifəsidir.
Suallar:
1- Mərcəyi-təqlidin şərtləri hansılardır?
2- Ədalət nədir? Ədalətli şəxs hansı şəxsdir?
3- Mutəcəzzi müctəhidin fətvası özü və başqaları üçün hüccətdirmi?
4- Nə üçün ə`ləm müctəhidə təqlid etməliyik?
5- Risaləsi olmayan bir müctəhidə təqlid etmək olarmı? Nə üçün?
[1] Yəni bu şəxslə ünsiyyətdə olan insanlar onun əməllərini şəriət qayda-qanunlarına müvafiq bilsinlər və onun günah etdiyini görməsinlər.
- Üçüncü dərs: Təqlid (3)
Üçüncü dərs: Təqlid (3)
Camiuş-şərait müctəhidi tanımağın yolları
Camiuş-şərait müctəhidi iki yolla tanımaq olar:
1. Elm və ya əminlik hasil olmalıdır: Bu, müctəhidin camaat arasında camiuş-şərait bir müctəhid kimi məşhurluğu və ad çıxarması ilə, yaxud insanın öz şəxsi təcrübəsi ilə (mükəlləf bu sahədə mütəxəssis və fəqihşünas olduğu təqdirdə), yaxud da digər yollarla hasil ola bilər;
2. İki ədalətli mütəxəssis şəxs şahidlik etməlidir, baxmayaraq ki, əminliyə səbəb olmur.
Diqqət:
• Əgər bir müctəhidin camiuş-şərait olması barədə şəri dəlil mövcud olarsa (məsələn, iki ədalətli mütəxəssis şəxs şahidlik edərsə), bu dəlilə zidd olan başqa bir şəri dəlil mövcud olmayanadək həmin dəlil “şəri hüccət”dir və ona müvafiq şəkildə əməl etmək olar. Bu halda həmin dəlilə zidd olan bir dəlilin mövcud olub-olmadığını araşdırmaq lazım deyildir.
Müctəhidin fətvasını əldə etməyin yolları
Şəriət məsələlərində müctəhidin rəy və göstərişini bir neçə yolla əldə etmək olar:
1. Müctəhidin özündən eşitmək;
2. Bir ədalətli şəxsin və ya bir etibarlı şəxsin müctəhidin fətvasını müctəhidin özündən və ya onun etibarlı risaləsindən nəql etməsi;
3. Müctəhidin etibarlı risaləsinə müraciət etmək.
Diqqət:
• Əgər bir şəxs müctəhidin fətvasını başqa bir şəxsə desə, müctəhidin fətvası dəyişdiyi təqdirdə, bu barədə həmin şəxsə məlumat verməsi vacib deyildir[1]. Amma əgər müctəhidin fətvasını səhv deyibdirsə, imkan daxilində səhvi düzəltməlidir.
Qeyri-ə`ləm müctəhidə təqlid etmək
Aşağıdakı hallarda qeyri-ə`ləm müctəhidə təqlid etməyə (ehtiyat-vacibə görə, “ə`ləm fəl-ələm”, yəni “elmli-daha elmli” prinsipinə riayət edərək[2]) icazə verilir:
1. Ə`ləm müctəhidin “ehtiyat-vacib” dediyi, amma qeyri-ə`ləm müctəhidin birbaşa fətva verdiyi məsələlərdə;
2. Qeyri-ə`ləm müctəhidin fətvası ə`ləm müctəhidin fətvasına zidd olmadığı məsələlərdə;
3. Ə`ləm müctəhidin fətvası ehtiyata zidd olduğu, qeyri-ə`ləm müctəhidin fətvası isə ehtiyata müvafiq olduğu məsələlərdə;
4. Ə`ləm müctəhidin fətvası olmadığı və ya araşdırma aparmaqla belə, onun rəyini əldə etmək mümkün olmadığı bir məsələdə qeyri-ə`ləm müctəhid bu məsələnin hökmünü bəyan etdikdə.
Təqlidi bölmək
1. Əgər bir müctəhid fiqhin bəzi bölümlərində, məsələn, “İbadətlər” bölümündə ə`ləm olsa, başqa bir müctəhid isə başqa bölümlərdə, məsələn, “Sövdələşmələr” bölümündə ə`ləm olsa, ehtiyat-vacibə görə, mükəlləf hər bir bölümə aid şəriət hökmlərində həmin bölümdə daha bilikli və məharətli olan müctəhidə təqlid etməlidir. Buna fiqhdə “təqlidi bölmək” deyilir.
2. Əgər iki müctəhid bütün şəriət hökmlərində eyni səviyyədə bilikli və məharətli olsalar, onlar arasında təqlidi bölməyin maneəsi yoxdur. Amma əgər mükəlləf müəyyən bir məsələdə onlardan birinə təqlid etsə, ehtiyat-vacibə görə, həmin məsələdə digərinə udul edə bilməz[3].
Bir müctəhiddən digər müctəhidə udul etmək
1. Əgər ikinci müctəhid birinci müctəhiddən ə`ləm olsa, iki müctəhidin fətvası bir-birinə zidd olduğu təqdirdə, ikinci müctəhidə udul etmək, ehtiyata görə, vacibdir.
2. Ə`ləm müctəhidin fətvalarına əməl etməyin çətinliyi bu müctəhiddən başqa bir müctəhidə udul etməyi icazəli etmir.
Dünyasını dəyişmiş müctəhidə təqlid etmək
1. Əgər mərcəyi-təqlid dünyasını dəyişsə, ona təqlid edənlər yenə də ona təqlid edə bilərlər, yəni onun fətvalarına və risaləsinə müvafiq əməl edə bilərlər. Buna fiqhdə “dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq” deyilir.
2. Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq, hətta bu müctəhid ə`ləm olsa belə, vacib deyildir. Amma dünyasını dəyişmiş ə`ləm müctəhidin təqlidində qalmaq ehtiyatını əldən verməmək tövsiyə olunur.
3. Dünyasını dəyişmiş müctəhidə təqlid etməyə başlamaq (ibtidai təqlid) və ya onun təqlidində qalmaq və bunun hüdudları həyatda olan müctəhidə təqlid əsasında olmalıdır.
4. Əgər camiuş-şərait bir müctəhidin sağlığında həddi-büluğa çatmayan bir fərd bu müctəhidə düzgün şəkildə təqlid edibdirsə, həmin müctəhid dünyasını dəyişdikdən sonra onun təqlidində qala bilər.
5. Bir müctəhidə təqlid edən və bu müctəhid vəfat etdikdən sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid edən bir şəxs ikinci müctəhid də vəfat etdiyi təqdirdə, ikinci müctəhidə udul etmədiyi məsələlərdə əvvəllər olduğu kimi birinci müctəhidin təqlidində qala bilər. Eləcə də ikinci müctəhidə udul etdiyi məsələlərdə ikinci müctəhidin təqlidində qala bilər, yaxud da həyatda olan başqa bir müctəhidə udul edə bilər. Amma əgər üçüncü müctəhid dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağı vacib bilərsə, bu şəxs birinci müctəhidin təqlidində qalmalıdır.
6. Əgər bir şəxs öz mərcəyi-təqlidi vəfat etdikdən sonra bəzi məsələlərdə və ya bütün hökmlərdə həyatda olan bir müctəhidə təqlid etsə, ehtiyat-vacibə görə, həyatda olan müctəhidə təqlid etdiyi məsələlərdə yenidən dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz.
Təqlidin müxtəlif məsələləri
1. Şəri hökmü bilməyən şəxslər iki qismə ayrılır:
Qasir cahil: Bilmədiyini bilməyən və ya bilmədiyinə diqqət etməyən, eyni zamanda biliksizliyini aradan qaldırmağa bir yolu olmayan şəxsə deyilir.
Müqəssir cahil: Bilmədiyini bilən və biliksizliyini aradan qaldırmağın yolunu da bilən, amma şəri hökmləri öyrənməkdə səhlənkarlıq göstərən şəxsə deyilir.
2. “Fətva” odur ki, müctəhid şəri hökmü qətiyyət və yəqinliklə bəyan edir. Mükəlləf bu hökmə əməl etməlidir.
3. “Ehtiyat-vacib” odur ki, müctəhid müəyyən bir məsələdə birbaşa fətva vermir, amma ehtiyat olaraq müəyyən bir əməlin yerinə yetirilməsi və ya tərk edilməsinin vacibliyinə hökm verir. Mükəlləf bu məsələdə öz mərcəyi-təqlidinin ehtiyatına əməl edə, yaxud öz mərcəyi-təqlidindən sonrakı pillədə dayanan ə`ləm müctəhidə müraciət edə bilər.
4. “Ehtiyat-müstəhəb” odur ki, müctəhid fətvadan qabaq və ya sonra ehtiyat olan əməli qeyd edir[4]. Bu halda mükəlləf fətvaya və ya ehtiyat-müstəhəbə əməl edə bilər. O, bu məsələdə başqa müctəhidin fətvasına əməl edə bilməz.
Suallar:
1- Müctəhidin fətvasını hansı yollarla əldə etmək olar?
2- Təqlidi bölmək nə deməkdir? Onun hökmü nədir?
3- Hansı hallarda qeyri-ə`ləm müctəhidə udul etməyə icazə verilir?
4- Hansı halda udul etmək vacibdir?
5- Şəri hökmü bilməyən şəxslər neçə qismə ayrılır?
6- Təqlidin növlərini izah edin.
[1] Qeyd edək ki, əgər yeni fətvanı həmin şəxsə çatdırmamaq onun əməlinin düzgün olmaması və onu yenidən yerinə yetirməsi ilə nəticələnərsə, yeni fətvanı ona deməlidir.
[2] Yəni öz mərcəyi-təqlidindən sonra ə`ləm (daha elmli) olan bir müctəhidə müraciət edir.
[3] “Udul etmək” fiqh termini olub, “başqa bir müctəhidə müraciət etmək” deməkdir. Müt.
[4] Qeyd edək ki, əgər fətvanı dedikdən sonra “ehtiyat tərk edilməsin” ifadəsini qeyd edərsə, bu, “ehtiyat-vacib” mənasını bildirir.
- Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
Vilayəti-fəqihin mənası
Vilayəti-fəqih – ədalətli və dinşünas fəqihin hakimiyyəti deməkdir.
Diqqət:
• Müsəlman cəmiyyətinə rəhbərlik etmək və onların ictimai işlərini idarə etməkdə “vilayəti-fəqih” məsələsi hər bir dövrdə şiə məzhəbinin əsaslarındandır və “İmamət” əqidəsindən qaynaqlanır.
• İmam Zamanın (ə.f) qeybi dövründə vilayəti-fəqihə etiqad etməmək – istər ictihad, istərsə də təqlid əsasında olsun – mürtədliyə və İslam dinindən çıxmağa səbəb olmur. Hər kim dəlil-sübut əsasında vilayəti-fəqih məsələsinə etiqad etməmək qənaətinə gələrsə, üzrlü sayılır. Lakin müsəlmanlar arasında ixtilaf və təfriqə salmasına icazə verilmir.
Vilayəti-fəqihin zəruriliyi
Sonuncu səmavi din olan və qanunları Qiyamətədək qüvvədə olan müqəddəs İslam dini ictimai dindir və cəmiyyətin idarəçiliyinə dair qanunları vardır. Elə bu səbəbdən müsəlman cəmiyyətini və İslam hakimiyyətini düşmənlərdən qoruyan, ictimai ədaləti bərqərar edən, zülm və zorakılığın qarşısını alan, mədəni-ictimai-siyasi tərəqqini təmin edən ədalətli bir rəhbərin olması zəruridir.
Diqqət:
• Vilayəti-fəqih məsələsi “təəbbudi şəri hökm”[1] olmaqla yanaşı, əql də onu təsdiqləyir.
Vəliyyi-fəqihin hakimiyyətinin hüdudları
1. Vəliyyi-fəqihin əmrləri
Bütün müsəlmanlar vəliyyi-fəqihin hökumət əmrlərinə tabe olmalı, onun göstəriş və qadağalarına əməl etməlidirlər. Bu hökm həm böyük din alimlərinə, həm də onlara təqlid edənlərə aiddir.
2. Vəliyyi-fəqihin fərmanları
Əgər vəliyyi-fəqihin fərmanı ilə müəyyən şəxslər müəyyən vəzifələrə müvəqqəti təyin edilməyiblərsə, yeni vəliyyi-fəqih bu qərarı ləğv etməyənədək əvvəlki vəliyyi-fəqihin fərmanı qüvvədədir.
3. Cəzaların icrası
Cəzaların icrası (məsələn, zina və oğurluq üçün nəzərdə tutulan cəzalar) İmam Zamanın (ə.f) qeybi dövründə də vacibdir və buna müsəlmanların rəhbəri hökm verir.
4. Vəliyyi-fəqihin qərarları cəmiyyətin qərarlarından öndədir
İslam dininin və müsəlmanların ümumi mənafeyi istiqamətində vəliyyi-fəqihin aldığı qərarlar ümumi xalq kütləsinin istəyinə zidd olduğu təqdirdə, vəliyyi-fəqihin qərarı xalqın qərarından öndə dayanır.
5. Kütləvi informasiya vasitələrinə nəzarət
Kütləvi informasiya vasitələri vəliyyi-fəqihin nəzarəti altında olmalı və İslam dininə və müsəlmanlara xidmət göstərməlidir. O cümlədən dini maarifin yayılması, müsəlmanların dünyagörüşünün artması, cəmiyyətin çətinliklərinin həlli, müsəlmanlar arasında vəhdət və qardaşlıq bağlarının yaranması və s. bu kimi məqsədlərə xidmət etməlidir.
Vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı
Əgər kafirlər və təcavüzkar dövlətlər qarşısında dinin və ümmətin müdafiəsi kimi İslam hökumətinin idarəçiliyinə və müsəlmanların ümumi mənafeyinə aid məsələlərdə vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı yaranarsa, bu halda vəliyyi-fəqihin rəyinə tabe olmaq lazımdır. Amma əgər fərdi şəriət məsələlərində fikirayrılığı olarsa, hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına əməl etməlidir.
Suallar:
1- Vilayəti-fəqih nə deməkdir və nə üçün zəruridir?
2- Vəliyyi-fəqihin əmrləri qarşısında müsəlmanların şəri vəzifəsi nədir?
3- Dünyasını dəyişmiş vəliyyi-fəqihin fərmanları yeni vəliyyi-fəqihin icazəsi olmadan qüvvədə qalırmı?
4- İmam Zamanın (ə.f) qeybi dövründə camiuş-şərait bir müctəhid şəriətdə müəyyən edilən cəzaların icrasına dair hökm verə bilərmi?
5- Əgər hansısa bir məsələdə vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı olarsa, mükəlləf nə etməlidir?
-
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-