Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
        Çap versiyası  ;  PDF
         
        Əlli doqquzuncu dərs: Orucun niyyəti

         

        Orucun niyyəti
        1. Niyyətin mənası və vacibliyi
        Digər ibadətlərdə olduğu kimi, orucda da niyyət şərtdir. Belə ki, mükəlləf yalnız Mütəal Allahın əmrinə itaət niyyətilə yemək-içməkdən və orucu pozan digər işlərdən çəkinməlidir. Mükəlləfin bu niyyətdə olması kifayət edir və onu dilə gətirməsi lazım deyildir.
         
        2. Orucun niyyətinin zamanı
        Orucun niyyətinin zamanı müstəhəb oruclarda və vacib oruclarda fərqlidir.
         
        Müstəhəb orucların niyyətinin zamanı:
        Gecənin əvvəlindən etibarən şəri məğribədək “niyyət etmək ölçüsündə” vaxt qalanadək müstəhəb oruc üçün niyyət etmək olar.
         
        Vacib orucların niyyətinin zamanı:
        Vacib oruclar bir baxımdan 2 qismə ayrılır:
        1- Vaxtı müəyyən olan vacib oruclar (məsələn, Ramazan ayının orucu və ya tarixi müəyyən edilən nəzir orucu);
        2- Vaxtı müəyyən olmayan vacib oruclar (məsələn, Ramazan ayının orucunun qəzası).
         
        Vaxtı müəyyən olan vacib orucların niyyətinin zamanı:
        1. Fəcrin doğduğu anadək niyyət etdikdə, oruc düzgündür.
        2. Şəri zöhrədək bilərəkdən niyyət etmədikdə, oruc düzgün deyildir. Amma unutqanlıq və ya məlumatsızlıq səbəbilə niyyət etmədikdə, Ramazan ayının orucu istisna olmaqla, digər oruclarda niyyət edib oruc tutmaq düzgündür. Ramazan ayının orucunda isə ehtiyat-vacibə görə, niyyət edib oruc tutmaq, sonradan həmin günün orucunun qəzasını tutmaq lazımdır.
        3. Şəri zöhrdən sonra niyyət etdikdə, oruc düzgün deyildir.
         
        Vaxtı müəyyən olmayan vacib orucların niyyətinin zamanı:
        1. Şəri zöhrədək niyyət etdikdə, oruc düzgündür.
        2. Şəri zöhrdən sonra niyyət etdikdə, oruc düzgün deyildir.
         
        Orucun niyyətinin zamanı barəsində şəri hökmlər:
        1. Bildiyiniz kimi, oruc “sadiq fəcr”in doğduğu andan etibarən başlanır. Buna görə də “sadiq fəcr” doğanadək orucun niyyəti edilməlidir. Fəcr doğanadək olan geniş vaxtda orucun niyyətini etmək daha yaxşı olar.
        2. Əgər bir şəxs gecənin əvvəlində sabahkı gün oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yaxud hansısa bir işlə məşğul olduğuna görə sübh namazının vaxtının yaxınlaşdığının fərqinə varmasa və sübh namazının vaxtı daxil olduqdan sonra bunu başa düşsə, onun orucu düzgündür.
        3. Əgər bir şəxs Ramazan ayında sübh namazınadək qəsdən oruc niyyəti etməsə, gün ərzində niyyət etsə belə, onun orucu düzgün deyildir. Amma eyni zamanda o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir və Ramazan ayından sonra həmin günün orucu­nun qəzasını tutmalıdır.
        4. Əgər bir şəxs Ramazan ayında unutqanlıq və ya məlumatsızlıq üzündən oruc niyyəti etməsə və niyyət etmədiyini gün ərzində başa düşsə, orucu pozan işlərdən birini yerinə yetirdiyi təqdirdə – oruc niyyəti etmədiyini istər şəri zöhrdən qabaq başa düşmüş olsun, istərsə də şəri zöhrdən sonra başa düşmüş olsun – oruc niyyəti edə bilməz. Amma əgər orucu pozan işlərdən birini yerinə yetirməyibdirsə, oruc niyyəti etmədiyini şəri zöhrdən sonra başa düşdüyü təqdirdə, oruc niyyəti etməsi düzgün deyildir. Bu iki halda məğribədək orucu pozan işlərdən çəkinməlidir. Oruc niyyəti etmədiyini şəri zöhrdən qabaq başa düşdüyü təqdirdə isə ehtiyat-vacibə görə, niyyət edib oruc tutmalı, sonradan həmin günün orucunun qəzasını tutmalıdır.
        5. Ramazan ayının orucu istisna olmaqla, əgər bir şəxsə “vaxtı müəyyən olan oruc” vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutacağını nəzir etsə, sadiq fəcrədək bilərəkdən oruc niyyəti etmədiyi təqdirdə, onun orucu düzgün deyildir. Amma əgər oruc niyyəti etməyi unudarsa və niyyət etmədiyini şəri zöhrədək xatırlayarsa, o, oruc niyyəti edə bilər.
        6. Əgər bir şəxs “vaxtı müəyyən olmayan vacib oruc”da, məsələn, qəza və ya kəffarə orucunda şəri zöhrədək (istər bilərəkdən, istərsə də səhvən) niyyət etməzsə, şəri zöhrədək orucu pozan işlərdən heç birini yerinə yetirmədiyi təqdirdə, niyyət edib oruc tuta bilər və onun orucu düzgündür. Amma zöhrdən sonra oruc niyyəti etmək düzgün deyildir.
        7. Müstəhəb oruc üçün günün istənilən vaxtında niyyət etmək olar və oruc düzgündür, amma bu şərtlə ki, oruc tutmaq istəyən şəxs həmin vaxtadək orucu pozan bir işi yerinə yetirməyibdir.
        8. Əgər xəstə bir insan Ramazan ayında gündüz vaxtı sağalsa, həmin gün oruc niyyəti edib oruc tutması lazım deyildir. Amma əgər zöhrdən qabaq sağalarsa və bu vaxtadək orucu pozan bir iş görməyibdirsə, niyyət edib oruc tutması ehtiyat-müstəhəbə müvafiqdir. Ramazan ayından sonra isə bu orucun qəzasını tutmalıdır.
         
        3. “Şəkk günü”ndə niyyət
        Əgər şaban ayının axırıncı günü, yoxsa Ramazan ayının birinci günü olduğu məlum olmasa (bu gün “şəkk günü” adlanır), həmin gün oruc tutmaq vacib deyildir. Əgər bir şəxs həmin gün oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Şaban ayının axırıncı gününün müstəhəb orucu, yaxud qəza orucu və ya bu kimi oruc niyyəti edib, oruc tuta bilər. Amma əgər sonradan Ramazan ayı olduğu məlum olsa, bu oruc Ramazan ayının orucu hesab olunacaq və onun qəzasını tutmaq lazım deyildir. Əgər o, gün əsnasında Ramazan ayı olduğunu başa düşsə, həmin andan etibarən Ramazan ayının orucunun niyyətini etməlidir.
         
        4. Niyyətin davam etməsi
        1. Orucda niyyətin davam etməsi vacibdir. (Yəni oruc tutan şəxs günün sonunadək oruc niyyətində qalmalıdır.)
        2. Əgər oruc tutan şəxs gün ərzində oruc niyyətindən dönsə, belə ki, orucu davam etdirmək niyyətində olmasa, onun orucu pozulur və orucu davam etdirmək üçün onun yenidən oruc niyyəti etməsinin heç bir faydası yoxdur. Amma eyni zamanda o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir.
        3. Əgər oruc tutan şəxs orucunu davam etdirib-etdirməməkdə tərəddüd etsə, yəni orucunu pozmaq barədə hələ qəti qərara gəl­məyibdirsə, ehtiyat-vacibə görə, orucunu tutmalı və sonradan orucun qəzasını tutmalıdır.
        4. Əgər oruc tutan şəxs orucu pozan işlərdən birini yerinə yetirməyi qərara alsa, amma hələ o işi yerinə yetirməyibdirsə, ehtiyat-vacibə görə, orucunu tutmalı və sonradan orucun qəzasını tutmalıdır.
         
        Diqqət:
        • Yuxarıda deyilənlər “vaxtı müəyyən olan vacib oruc”a, məsələn, Ramazan ayının orucuna, günü müəyyən edilən nəzir orucuna aiddir. Odur ki, əgər “vaxtı müəyyən olmayan vacib oruc”da və ya müstəhəb orucda bir şəxs oruc niyyətindən dönsə, amma hələ orucu pozan işlərdən birini görməsə, daha sonra şəri zöhrədək yenidən oruc niyyəti etsə – müstəhəb orucda isə məğrib azanınadək oruc niyyəti etsə – onun orucu düzgündür.
         
        Suallar:
        1- Əgər bir şəxs gecənin əvvəlində sabahkı gün oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, həmin günün orucu düzgündürmü?
        2- Müstəhəb oruc üçün hansı vaxtadək niyyət etmək olar?
        3- Şəkk gününün hökmünü bəyan edin.
        4- Əgər bir şəxs Ramazan ayında orucunu pozmaq qərarına gəlsə, amma orucu pozan bir işi yerinə yetirməmişdən qabaq öz qərarından dönsə, onun orucunun hökmü nədir?
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /