Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
        Çap versiyası  ;  PDF
         
        Altmışıncı dərs: Orucu pozan işlər (1)

         

        Orucu pozan işlər aşağıdakılardır:
        1- Yemək və içmək;
        2- Cinsi əlaqə;
        3- İstimna (masturbasiya);
        4- (Ehtiyat-vacibə görə) Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan demək;
        5- (Ehtiyat-vacibə görə) qatı tozu boğaza çatdırmaq;
        6- (Ehtiyat-vacibə görə) başı bütünlüklə suya salmaq;
        7- Sübh azanınadək cənabətli, heyzli və nifaslı qalmaq;
        8- Maye ilə imalə etmək;
        9- Bilərəkdən qusmaq.
         
        1- Yemək və içmək
        1. Əgər oruc tutan şəxs qəsdən və bilərəkdən bir şey yesə və ya içsə – istər adətən yeyilən və içilən bir şey olsun, istərsə də kağız, parça və bu kimi adətən yeyilməyən bir şey olsun, yaxud istər çox olsun, istərsə də bir damla su və ya kiçik bir çörək ovuntusu qədər az şey olsun – onun orucu pozulur.
        2. Əgər oruc tutan şəxs dişinin dibində qalan yemək qırıntısını bilərəkdən udsa, onun orucu pozulur. Amma əgər dişinin dibində yemək qırıntısının qaldığını bilməsə, yaxud onu bilərəkdən udmasa, orucu pozulmur.
        3. Səhvən və unutqanlıq üzündən bir şeyi yemək və içmək orucu – istər vacib orucu, istərsə də müstəhəb orucu – pozmur.
        4. Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmur.
        5. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qidalandırıcı və qüvvətləndirici əzələ iynələrindən, damara vurulan iynələrdən, həmçinin hər növ sistemdən istifadə etməməlidir. Amma qidalandırıcı və qüvvətləndirici olmayan əzələ iynələrindən, məsələn, antibiotiklərdən, ağrıkəsicilərdən, keyidicilərdən, həmçinin yaranın üstünə qoyulan dərmanlardan istifadə edə bilər.
        6. Ehtiyat-vacibə görə, oruc tutan şəxs burun yolu ilə və ya dilin altına qoymaqla istifadə edilən narkotik maddələrdən çəkinməlidir.
        7. Əgər oruc tutan şəxs yemək yeyərkən sübh namazının vaxtının daxil olduğunu bilsə, ağzındakı tikəni çıxartmalıdır. Əgər bu tikəni bilərəkdən udsa, orucu pozulur. (Orucunu bilərəkdən pozan şəxsin üzərinə düşən vəzifə isə bir qədər irəlidə açıqlanacaqdır.)
        8. Əgər baş və sinədən gələn bəlğəm ağız boşluğuna daxil olmayıbsa, onu udmaq orucu pozmur. Amma əgər ağız boşluğuna daxil olubsa, ehtiyat-vacibə görə, onu udmaq olmaz.
        9. Əgər xəstəliyin müalicəsi üçün dərman içmək və ya bu kimi bir işi görmək zəruri olarsa, dərman içməyin və s. maneəsi yoxdur. Amma oruc pozulur və sonradan onun qəzasını tutmaq lazımdır.
        10. Uşaq üçün yeməyi ağızda çeynəmək, yeməyin dadına baxmaq və bu kimi işlər – belə ki, bu hallarda yemək adətən boğaza çatmır – orucu pozmur. Hətta əgər yemək qeyri-ixtiyari olaraq boğaza çatsa və boğazdan keçsə, yenə də oruc pozulmur. Amma əgər şəxs yeməyin boğaza çatacağını əvvəlcədən bilərsə, yemək boğazdan keçdiyi halda oruc pozulur.
        11. Əgər oruc tutan şəxs damaqdan gələn qanı udmazsa, orucu pozulmur. Əgər damaq və ya dişdən gələn qan ağız suyuna qarışıb tamamilə aradan getsə, ağız suyu pak hökmündədir və onu udmaq orucu pozmur. Həmçinin əgər ağız suyunda qanın olduğuna şəkk olunarsa, onu udmağın maneəsi yoxdur və oruc düzgündür.
         
        Diqqət:
        • Ağız daxilinin qanaması orucu pozmur. Amma qanın boğaza çatmasının qarşısını almaq lazımdır.
         
        2- Cinsi əlaqə
        1. Cinsi əlaqədə olmaq, hətta məni xaric olmasa belə, orucu pozur.
        2. Əgər bir şəxs oruc olduğunu unudub cinsi əlaqədə olsa, orucu pozulmur. Amma yadına düşdüyü anda dərhal cinsi əlaqədən xaric olmalıdır. Əks halda, orucu pozulacaqdır.
         
        3- İstimna
        1. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına səbəb olan bir işi bilərəkdən görsə, orucu pozulur.
        2. Gündüz vaxtı möhtəlim olmaq (yəni yuxuda ikən məninin xaric olması) orucu pozmur. Əgər oruc tutan şəxs bilsə ki, yatdığı təqdirdə möhtəlim olacaqdır, o, yata bilər.
        3. Əgər oruc tutan şəxs məni xaric olmaqda ikən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
         
        4- Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan demək
        1. Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək – hətta insan sonradan tövbə etsə və onların adından yalan dediyini etiraf etsə belə – ehtiyat-vacibə görə, orucu pozur.
        2. Əgər insan kitablarda yazılan hədislərin yalan olduğunu bilməsə və onları nəql etsə, iradı yoxdur. Amma hədisləri həmin kitablara istinadən nəql etməsi ehtiyat-müstəhəbə müvafiqdir. (Məsələn belə desin: “Filan kitabda yazılıb ki, Peyğəmbər (s) buyurdu...”)
         
        5- Qatı tozu boğaza çatdırmaq
        1. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qatı tozu (məsələn, torpaqlı yeri süpürərkən qalxan tozu) udmamalıdır. Amma ağız və ya buruna daxil olan toz boğaza çatmadığı təqdirdə, oruc pozulmur. Həmçinin siqaretin və digər tütün məhsullarının tüstüsü ehtiyat-vacibə görə, orucu pozur.
        2. Oruc tutan şəxs təngnəfəsliyə qarşı aerozol şəklində olan dərmandan istifadə edə bilər və onun orucu pozulmur.
         
        Suallar:
        1- Orucu pozan işləri sadalayın.
        2- Oruc tutarkən iynə vurdurmağın hökmü nədir?
        3- Oruc tutarkən qan təzyiqi üçün dərman qəbul etmək olarmı və bu halda orucun hökmü nədir?
        4- Gündüz vaxtı möhtəlim olmaq orucu pozurmu?
        5- Əgər bir şəxs hədis kitablarında yazılan bəzi hədislərin saxta və yalan olduğunu bilməsə, onu nəql edə bilərmi?
        6- Əgər oruc tutan şəxs siqaret çəksə, orucunun hökmü nədir?
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /