Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- İyirmi yeddinci dərs: Namazın qisimləri
İyirmi yeddinci dərs: Namazın qisimləri
Vacib və müstəhəb namazlar
Vacib namazlar aşağıdakılardır:
1. Gündəlik namazlar;
2. Təvaf namazı (Kəbə evinin vacib təvafından sonra qılınır);
3. Ayat namazı (Günəş və Ay tutulduqda, zəlzələ və bu kimi təbii fəlakətlər baş verdiyi zaman qılınır);
4. Meyit namazı (dünyasını dəyişən müsəlman şəxsin cənazəsinə qılınır);
5. Atanın və ehtiyat-vacibə görə, ananın qəza namazları (böyük oğula vacibdir);
6. Əhd, nəzir və and vasitəsilə, yaxud əcirlik vasitəsilə qılınması vacib olan namazlar[1].
Müstəhəb namazlar:
Məsələn, gündəlik nafilələr müstəhəb namazlardır.
Diqqət:
• Müstəhəb namazlar çoxdur və “nafilə” adlanırlar. Nafilə namazları arasında gündəlik namazların nafilələri, xüsusilə də gecə namazı təkidlə tövsiyə olunub.
Gündəlik namazların nafilələri
1. Gündəlik namazların hər birinin nafiləsi vardır. Bu nafilələri qılmaq olduqca mühümdür və onu qılanlara böyük savab vəd olunub. Bundan əlavə, gecənin ikinci yarısında gecə nafiləsi qılmaq müstəhəbdir. Gecə namazı böyük mənəvi təsirlərə malikdir və buna görə də onu qılmaq təkidlə tövsiyə olunub.
2. Gündəlik namazların nafilələri:
- Zöhr namazının nafiləsi: səkkiz rəkətdir və zöhr namazından qabaq qılınır;
- Əsr namazının nafiləsi: səkkiz rəkətdir və əsr namazından qabaq qılınır;
- Məğrib namazının nafiləsi: dörd rəkətdir və məğrib namazından sonra qılınır;
- İşa namazının nafiləsi: iki rəkətdir və işa namazından sonra oturan halda qılınır;
- Sübh namazının nafiləsi: iki rəkətdir və sübh namazından qabaq qılınır;
- Gecə nafiləsi: on bir rəkətdir və gecənin yarısından sübh namazınadək qılına bilər, amma gecənin axırıncı üçdə birində qılınması tövsiyə olunur, hətta sübh namazına nə qədər yaxın bir vaxtda qılınsa, savabı daha çoxdur.
Diqqət:
• Zöhr və əsr namazlarının nafiləsi cümə günü ümumilikdə iyirmi rəkətdir, yəni zöhr və əsrin nafiləsinə (on altı rəkət nafiləyə) dörd rəkət də əlavə olunur. Yaxşı olar ki, bu iyirmi rəkət nafilə şəri zöhrdən qabaq qılınsın. Amma əgər şəri zöhrdən qabaq qılınmazsa, onları Günəşin qürubunadək qılmağın maneəsi yoxdur.
• İşa namazının iki rəkət nafiləsi bir rəkət sayıldığı üçün gündəlik namazların nafilələri 34 rəkətdir (yəni gündəlik namazların iki misli qədərdir).
3. Əgər zöhr və əsr namazlarının nafiləsi “nafilənin vaxtı”nda[2], amma zöhr və əsr namazları qılındıqdan sonra qılınarsa, ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən (yəni “ma fiz-zimmə” niyyətilə) qılınmalıdır.
4. Gecə nafilələri on bir rəkətdir. Onun səkkiz rəkəti “gecə namazı” adlanır və iki rəkət-iki rəkət qılınır. Sonrakı iki rəkət “şəf” namazıdır və sübh namazı kimi qılınır. Axırıncı bir rəkət “vətr” namazı adlanır. Bu namazın qunutunda dua kitablarında qeyd olunan qaydada Allahdan bağışlanma diləmək, möminlər üçün dua etmək və Mənnan Allahdan istəklər diləmək müstəhəbdir.
5. Nafilə namazlarında “Həmd”dən sonra “Surə” oxumaq şərt deyildir, əksinə, hər rəkətdə təkcə “Həmd”i oxumaq kifayət edir. Amma “Surə”ni də oxumaq müstəhəbdir.
6. Gecə namazını qaranlıq və heç kimin olmadığı bir məkanda qılmaq şərt deyildir. Amma riyakarlıq da etmək olmaz.
Diqqət:
• Vətr namazı istisna olmaqla, nafilələri iki rəkət-iki rəkət qılmaq lazımdır. Vətr namazı isə bir rəkətdir. Odur ki, gecə namazını iki dördrəkətli namaz şəklində qılmaq düzgün deyildir.
• Nafilələri oturan halda qılmaq olar, amma ayaq üstə qılmaq daha yaxşıdır. Əgər nafilə əyləşən halda qılınarsa, iki rəkəti bir rəkət hesab etmək müstəhəbdir. İşa namazının nafiləsi isə istisna təşkil edir. Belə ki, bu nafiləni ehtiyata görə, ayaq üstə deyil, əyləşən halda qılmaq lazımdır.
• Namazın qəsr qılındığı səfərdə zöhr və əsr namazlarının nafilələrini (hətta qəsdi-rəca ilə) qılmaq olmaz.
• İşa namazının nafiləsini, (yəni “vuteyrə” namazını) səfərdə qəsdi-rəca ilə, yəni savab ümidilə qılmağın maneəsi yoxdur.
• Gündəlik namazların nafilələrinin öz xüsusi vaxtları vardır və “Şəriət hökmlərinin izahı” adlı kitablarda geniş şəkildə açıqlanmışdır.
Suallar:
1- Vacib namazlar hansılardır?
2- Gündəlik namazların nafilələri neçə rəkətdir? Açıqlayın.
3- Əgər zöhr və əsr namazlarının nafilələri “nafilənin vaxtı”nda, amma namazdan sonra qılınarsa, hansı niyyətlə qılınmalıdır?
4- Gecə namazının qaydası necədir?
5- Gecə namazını qaranlıq və heç kimin olmadığı bir məkanda qılmaq vacibdirmi?
6- Səfərdə hansı namazların nafilələri qılınmamalıdır?
[1] Burada müstəhəb namaz vacib namaza çevrilmir, əksinə, nəzir, əhd, and və əcirliyə əməl etmək vacib olur.
[2] Zöhrün nafiləsinin vaxtı şəri zöhrün əvvəlindən etibarən başlanır və “şaxis”in şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-ikisi uzunluğuna çatdığı zaman başa çatır. Məsələn, əgər şaxisin uzunluğu yeddi qarışdırsa, şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi iki qarışa çatdığı zaman zöhrün nafiləsinin vaxtı başa çatır. (Şaxis – şəri zöhrü təyin etmək üçün hamar yerə şaquli şəkildə sancılan düz bir çubuq və ya bu kimi bir vasitədir.) Əsrin nafiləsinin vaxtı isə şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-dördü uzunluğuna çatdığı zaman başa çatır.
- İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
Namazda örtünmə
1. Kişi namazda onu heç kim görməsə belə, “övrətəyn”i[1] örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər nahiyəni örtsün.
2. Qadın namazda bədəninin hər tərəfini və başını (saçlarını) örtməlidir. Amma üzü dəstəmazda yuyulması vacib olan ölçüdə, həmçinin biləyə qədər əlləri və oynağa qədər ayaqları örtmək vacib deyildir. Qeyd edək ki, naməhrəm kişi qadını gördüyü təqdirdə, qadın oynağa qədər ayaqlarını da örtməlidir.
Diqqət:
• Çənə üzün bir hissəsi sayıldığına görə namazda onu örtmək lazım deyildir. Amma çənənin altını örtmək vacibdir.
• Əgər bir şəxs namaz əsnasında başa düşsə ki, lazımi ölçüdə örtünməyibdir, ehtiyata görə, o, namazı başa çatdırmalı və sonra namazı yenidən qılmalıdır. Əlbəttə, əgər dərhal örtünərsə, namazının düzgün olması uzaq ehtimal deyildir.
• Əgər bir şəxs namazdan sonra başa düşsə ki, namazda lazımi ölçüdə örtünməyibdir, onun namazı düzgündür.
Namaz paltarının şərtləri
Namaz paltarının şərtləri aşağıdakılardır:
1. Pak olmalıdır;
2. Qəsbi olmamalıdır (yəni mübah olmalıdır);
3. “Murdar”ın[2] hissələrindən olmamalıdır;
4. Əti haram heyvanın hissələrindən olmamalıdır;
5. Kişinin paltarı qızıldan olmamalıdır;
6. Kişinin paltarı xalis ipəkdən olmamalıdır.
1. Pak olmalıdır
1. Namaz paltarı pak olmalıdır.
2. Əgər bir şəxs napak bədən və ya paltarla namaz qılmağın düzgün olmadığını bilməsə və napak bədən və ya paltarla namaz qılsa, onun namazı düzgün deyildir. Amma əgər diqqətsiz olsa və ya “qasir cahil”[3] olsa, yəni napak paltarla namaz qılmağın düzgün olmadığını ehtimal belə etməsə, onun namazı düzgündür.
3. Əgər bir şəxs bədəninin və ya paltarının napak olduğunu bilməsə və namazı qılıb qurtardıqdan sonra bunu başa düşsə, onun qıldığı namaz düzgündür. Amma əgər bədəninin və ya paltarının napak olduğunu əvvəlcədən bilirdisə, amma bunu unudub, napak bədən və ya paltarla namaz qılıbsa, onun namazı düzgün deyildir.
4. Əgər bir şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə və onun namazdan öncə napak olduğunu bilsə, namaz vaxtı geniş olduğu təqdirdə, namazı düzgün deyildir. O, bədənini və ya paltarını pakladıqdan sonra namazı yenidən qılmalıdır. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər bədəni və ya paltarı suya çəkib paklamaq, yaxud paltarı dəyişmək və ya əyindən çıxarmaq namazın surətini pozmazsa, bu şəxs namazda bu işləri görməli və sonra namazı davam etdirməlidir. Amma əgər bu işləri görmək namazın surətini pozarsa, həmin vəziyyətdə namazı davam etdirməlidir və onun namazı düzgündür.
5. Əgər bir şəxs napak paltarını suya çəksə və paltarın paklandığına yəqin edib onunla namaz qılsa, amma namazdan sonra paltarının paklanmadığını başa düşsə, qıldığı namaz düzgündür. Amma sonrakı namazlar üçün paltarını paklamalıdır.
6. Əgər bir şəxs paltarının napak olub-olmadığına şəkk etsə, paltarın pak olduğunu qəbul etməlidir. Bu paltarla namaz qılmaq düzgündür. Deməli, tərkibində spirt olan ətirlərin napak olduğunu bilmədiyimiz təqdirdə, bu ətirlərin dəydiyi paltarda namaz qılmağın maneəsi yoxdur. Həmçinin əgər bir şəxs çıxılmaz vəziyyətdə qalıb, sidiyin xaric olduğu yeri daş, çubuq və s. bu kimi şeylərlə paklasa və evə döndükdən sonra özünü su ilə paklasa, paltarının sidiyin yaşlığı ilə napak olduğuna əmin olmayanadək, namaz qılmaq üçün bu paltarı dəyişməsinə və ya onu paklamasına ehtiyac yoxdur.
Namazda bədənin və ya paltarın pak olmasının vacib olmadığı hallar
Aşağıdakı hallarda namazda bədənin və ya paltarın paklığı vacib deyildir:
1. Bədən və ya paltar yara, çiban və ya bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda;
2. Bədəndə və ya paltarda olan qan dirhəmin[4] ölçüsündən (işarə barmağının bir bəndinin ölçüsündən) kiçik olduqda;
3. Corab və bu kimi övrəti örtmək üçün kifayət etməyən paltarlar napak olduqda;
4. İnsan napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda.
1. Bədən və ya paltar yara, çiban və bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda
1. Əgər bir şəxsin paltarı və ya bədəni yara, kəsik və ya çiban qanına bulaşıbsa və bu, elə bir şəkildədir ki, bədəni və ya paltarı paklamaq, yaxud paltarı dəyişmək adətən çətindirsə və ya bu şəxs üçün çətindirsə, yara, kəsik və ya çiban sağalanadək bu şəxs qana bulaşan bədən və ya paltarda namaz qıla bilər. Həmçinin qanla xaric olan irin və ya yaranın üstünə qoyulan və napak olan dərman eyni hökmü daşıyır.
2. Tez bir zamanda sağalan və yuyulması asan olan yara və ya kəsiklərin qanı yuxarıdakı məsələdəki hökmü daşımır. (Yəni bu qana bulaşan bədən və ya paltarla namaz qılmaq düzgün deyildir.)
2. Bədəndə və ya paltarda olan qan dirhəmin ölçüsündən kiçik olduqda
1. Əgər bir şəxsin bədəni və ya paltarı “birinci hal”da qeyd edilən qanlardan[5] qeyri bir qana bulaşsa, onun ölçüsü işarə barmağının bir bəndi ölçüsündən kiçik olduğu təqdirdə, (irəlidə qeyd ediləcək şərtlər daxilində) bu qanla namaz qılmağın maneəsi yoxdur. Amma əgər bu qan işarə barmağının bir bəndi ölçüsündə olsa və ya bundan daha böyük olsa, bu qanla namaz qılmağın maneəsi vardır.
2. Ölçüsü dirhəmdən kiçik olan qanın şərtləri aşağıdakılardır:
- Bu qan heyz qanı olmamalıdır. Əgər heyz qanı çox az miqdarda belə, namazda insanın bədənində və ya paltarında olsa, namaz düzgün deyildir. Ehtiyat-vacibə görə, nifas qanı və istihazə qanı da bu hökmdədir.
- İt və donuz kimi nəcisul-eyn heyvanların (bu heyvanlar “nəcasət” hesab olunur), əti haram heyvanların, “murdar”ın (ölü və ya şəri qaydada kəsilməyən heyvanın) və kafir insanın qanı olmamalıdır.
- Bu qana kənardan yaşlıq dəyməməlidir. Amma əgər qana dəyən yaşlıq qana tamamilə qarışsa və ümumi ölçü işarə barmağının bir bəndindən böyük olmasa, bu halda onunla namaz qılmaq düzgündür. Əks halda, ehtiyat-vacibə görə, onunla namaz qılmağın maneəsi vardır.
3. Əgər bədən və ya paltar qana bulaşmasa, amma qanla təmasda olmaq nəticəsində napak olsa, məsələn, bir şəxsin yaş əli və ya paltarı quruyan qana dəysə və bunun nəticəsində əl və ya paltar napak olsa, amma ələ və ya paltara qan keçməsə, bu halda napak olan hissə işarə barmağının bir bəndi ölçüsündən kiçik olsa belə, onunla namaz qılmaq olmaz.
3. Corab və bu kimi övrəti örtmək üçün kifayət etməyən paltarlar napak olduqda
1. Əgər namaz qılan şəxsin corabı, əlcəyi, araqçını və bu kimi övrəti örtmək üçün kifayət etməyən kiçik paltarları, həmçinin üzük, qolbaq və bu kimi əşyaları “nəcasət”lə (məsələn, qan, idrar və s.) təmasda olub napak olsa, onunla namaz qılmağın maneəsi yoxdur.
2. Əgər insanın üstündə gəzdirdiyi cib dəsmalı, çanta, bıçaq və bu kimi əşyalar napakdırsa, onunla namaz qılmağın maneəsi yoxdur.
4. İnsan napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda
Əgər insan havanın soyuq olması, suyun olmaması və bu kimi səbəblərə görə napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qalsa, qıldığı namaz düzgündür.
2. Qəsbi olmamalıdır
1. Namaz qılanın paltarı qəsbi olmamalıdır, yəni mübah olmalıdır.
2. Əgər bir şəxs paltarının qəsbi olduğunu bilməsə və ya unutsa və bu paltarla namaz qılsa, onun namazı düzgündür. Həmçinin əgər bir şəxs qəsbi paltarı geyinməyin haram olduğunu bilməsə, qəsbi paltarla qıldığı namaz düzgündür. Əgər bir şəxs qəsbi paltarı geyinməyin haram olduğunu bilsə, amma qəsbi paltarla namaz qılmağın düzgün olmadığını bilməsə, bilərəkdən qəsbi paltarla namaz qıldığı təqdirdə, o, namazını mübah paltarla yenidən qılmalıdır.
3. “Murdar”ın hissələrindən olmamalıdır
1. Namaz paltarı qanı sıçrayışlı olan ölmüş bir heyvanın hissələrindən olmamalıdır. Ehtiyat-vacibə görə, qanı sıçrayışlı olmayan ölmüş bir heyvanın da hissələrindən olmamalıdır.
2. Əgər “murdar”ın hansısa hissəsi namaz qılarkən insanın üstündə olsa, ehtiyat-vacibə görə, onun namazı düzgün deyildir. Amma əgər onun ruhsuz hissələri, məsələn, tükü, yunu və buynuzu namaz qılarkən insanın üstündə olsa və heyvan da əti halal heyvan olsa, namaz düzgündür.
3. Qeyri-müsəlman ölkələrindən idxal edilən və şəri kəsim[6] olduğuna şəkk edilən əti halal heyvanın gön və dərisi paklıq-napaklıq baxımından “murdar” hökmündə deyildir və pak sayılır. Lakin onunla namaz qılmaq olmaz. Amma əgər bir şəxs bu hökmü bilmədiyinə görə əvvəllər belə bir paltarla namaz qılıbdırsa, onun namazı düzgündür. Əgər bu gön və dəriləri idxal edən şəxs müsəlman olsa və şəri kəsim barəsində onun araşdırma apardığı ehtimal edilsə, bu paltarla namaz qılmağın maneəsi yoxdur.
4. Əti haram heyvanın hissələrindən olmamalıdır
1. Namaz paltarı əti haram heyvanın hissələrindən olmamalıdır. Əgər namaz qılarkən insanın bədəninə və ya paltarına əti haram heyvanın tükü belə yapışmış olsa, namaz düzgün deyildir.
2. Əgər pişik və bu kimi “əti haram heyvan”ın ağız və burun suyu və ya başqa bir yaşlığı namaz qılarkən insanın bədənində və ya paltarında olsa, onun namazı düzgün deyildir. Amma əgər bu yaşlıq quruyub tamamilə aradan gedərsə, bu halda namaz düzgündür. Həmçinin əgər əti haram quşların nəcisi namaz qılarkən insanın bədənində və ya paltarında olsa, onun namazı düzgün deyildir. Amma əgər bu nəcis quruyub tamamilə aradan gedərsə, bu halda namaz düzgündür.
3. Namaz qılarkən insanın bədənində və ya paltarında insan tükü, təri və ağız suyunun, həmçinin arı pətəyi, mirvari və sədəfin olmasının iradı yoxdur.
4. Əgər bir şəxs bir paltarın əti halal, yoxsa əti haram heyvanın hissələrindən olduğuna şəkk etsə, bu paltarda namaz qılmaq düzgündür.
Suallar:
1- Qadın namazda hansı ölçüdə örtünməlidir? Namazda qısaqol paltar geyinmək və corab geyinməmək olarmı?
2- Əgər qadın namaz əsnasında saçının göründüyünü başa düşsə və onu dərhal örtsə, namazı yenidən qılmalıdırmı?
3- Namaz paltarının şərtləri hansılardır?
4- Əgər bir şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə, nə etməlidir?
5- Hansı hallarda namazda bədənin və ya paltarın pak olması vacib deyildir?
6- Əgər namazda insanın üstündə qana bulaşan cib dəsmalı və bu kimi bir şey olsa, onun namazı pozulurmu?
7- Əgər namaz qılarkən insanın bədənində və ya paltarında pişiyin tükü və ya ağzının suyu olsa, namaz pozulurmu?
[1] “Övrətəyn” dedikdə, cinsiyyət və arxa tərəf nəzərdə tutulur.
[2] Ölü və ya şəri qaydada kəsilməyən heyvan
[3] “Qasir cahil” o şəxsə deyilir ki, o, ümumiyyətlə, bilmədiyini bilmir, yaxud bilmədiyini bilsə belə, şəriəti öyrənmək imkanı əsla yoxdur.
[4] Keçmişin gümüş pul vahididir. Müt.
[5] Yəni təmizlənib paklanması olduqca çətin və əziyyətli olan yara, kəsik və ya çiban qanı
[6] İslam dinində heyvanların ətinin halal olması və ya hissələrinin paklanması üçün bir sıra kəsim qaydaları müəyyən edilmişdir. Əti halal heyvanlar şəri kəsim olduğu zaman onun həm əti halal olur, həm də hissələri pak olur. Əti haram heyvanlar şəri kəsim olduğu zaman isə onun hissələri pak olur. Dəvə “nəhr” edilir, dəvədən qeyri heyvanların başı kəsilir və çöl heyvanları ov edilir.
- İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
5. Kişinin paltarı qızıldan olmamalıdır
1. Kişinin qızıldan toxunan parçadan paltar geyinməsi və ya qızıl işləməsi olan paltar geyinməsi haramdır və bu paltarda qıldığı namaz düzgün deyildir. Amma qadının istər namazda, istərsə də qeyri-namazda belə paltar geyinməsinin iradı yoxdur.
2. Kişinin qızıl boyunbağı, qızıl üzük və qızıl saat taxması haramdır və ehtiyat-vacibə görə, qızıl zinət əşyaları ilə qıldığı namaz düzgün deyildir.
3. Əgər kişi barmağındakı üzüyün və ya əynindəki paltarın qızıldan olduğunu bilməsə və ya bunu unutsa və onunla namaz qılsa, namazı düzgündür.
Diqqət:
• Kişinin qızılla toxunmuş parçadan paltar geyinməsi və ya qızıl boyunbağı taxmasının haramlığının meyarı onların “zinət” adlandırılması deyildir. Əksinə, hər bir şəkildə və hər bir məqsədlə onlardan istifadə etmək haramdır. Məsələn, camaatın nəzərində zinət deyil, evlilik nişanəsi sayılan qızıl nişan üzüyü, qızıl saat və bu kimi əşyaları taxmaq kişiyə haramdır. Yaxud heç kim görməsə belə, yenə də onlardan istifadə etmək kişiyə haramdır.
Amma dişlərin düzəldilməsində və ya sümüyün cərrahiyyə əməliyyatında qızıldan istifadə edilməsinin maneəsi yoxdur.
• Qısa bir müddət üçün, məsələn, yalnız toy məclisində belə, kişilərə qızıl zinət əşyaları taxmaq haramdır.
• Əgər ağ qızıl adlanan metal elə sarı qızıl olub müəyyən bir kimyəvi maddənin təsiri nəticəsində rəngi dəyişibdirsə, bu, sarı qızıl hökmündədir. Amma əgər bu metalın tərkibində sarı qızıl çox az olduğu üçün ürfdə sarı qızıl adlandırılmırsa, kişilərin ondan istifadə etmələrinin maneəsi yoxdur.
• Platin qızıl sayılmır və qızıl hökmündə də deyildir. Odur ki, kişilərin ondan istifadə etmələrinin maneəsı yoxdur.
6. Kişinin paltarı xalis ipək olmamalıdır
Ümumiyyətlə, kişiyə xalis ipəkdən tikilmiş paltar geyinmək haramdır. Namazda da kişi xalis ipəkdən paltar geyinə bilməz, hətta onun araqçını, corabı, paltarının astarı belə xalis ipək olmamalıdır. Lakin xalis ipək parçadan olan cib dəsmalının və bu kimi şeylərin onun cibində olmasının maneəsi yoxdur və namaz düzgündür.
Suallar:
1- Kişilər qızıl zinət əşyalarından, zinət məqsədilə olmasa və heç kim görməsə belə, istifadə edə bilərlərmi?
2- Kişilər ağ qızıldan olan üzük taxa bilərlərmi?
- Otuzuncu dərs: Namaz məkanı (1)
Otuzuncu dərs: Namaz məkanı (1)
Namaz məkanının şərtləri
Namaz məkanının şərtləri aşağıdakılardır:
1. Mübah olmalıdır (yəni qəsbi olmamalıdır);
2. Hərəkətsiz olmalıdır;
3. Bu məkanda dayanmaq haram olmamalıdır;
4. Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə olmamalıdır;
5. Səcdə yeri pak olmalıdır;
6. Ehtiyat-vacibə görə, namaz qılarkən qadın ilə kişi arasında ən azı bir qarış məsafə olmalıdır;
7. Səthi düz olmalıdır.
1. Mübah olmalıdır
1. Namaz məkanı qəsbi olmamalıdır. Qəsbi məkanda qılınan namaz, hətta üstündə namaz qılınan xalça və taxt qəsbi olmasa belə, düzgün deyildir.
2. Əgər bir şəxs bir məkanın qəsbi olduğunu bilməsə və ya bunu unutsa və orada namaz qılsa, namazı düzgündür.
3. Əgər bir şəxs bir məkanın qəsbi olduğunu bilsə, amma qəsbi məkanda namaz qılmağın düzgün olmadığını bilməsə və orada namaz qılsa, onun namazı düzgün deyildir.
4. Əgər bir şəxs müəyyən bir mülkdə başqa bir şəxs ilə şərikdirsə və onların payı bir-birindən ayrı deyildirsə, bir şərik digər şərikin razılığı olmadan orada namaz qıla bilməz.
Diqqət:
• Bir ərazi əvvəllər vəqfi ərazi olmuş, amma sonradan dövlət bu ərazini öz balansına keçirərək orada məktəb tikdirmişdir. Əgər dövlətin bu ərazidən şəri icazə əsasında istifadə etdiyi məqbul bir əsasla ehtimal edilsə, bu məkanda namaz qılmağın maneəsi yoxdur. Həmçinin bəzi məktəblərin ərazisi sahiblərinin razılığı olmadan onlardan alınmışdır. Əgər aidiyyatı qurumların bu ərazilərdə rəsmi və şəri icazə əsasında məktəb tikdirdiyi məqbul bir əsasla ehtimal edilsə, orada namaz qılmağın maneəsi yoxdur.
• Bir şəxs dövlət müəssisəsinə aid bir evdə yaşayır və hazırda yaşayış üçün ona verilən müddət başa çatmışdır. Evin boşaldılması barədə ona xəbərdarlıq da edilmişdir. Əgər yaşayış üçün verilən müddət başa çatdıqdan sonra aidiyyatı qurum bu şəxsə orada yaşamaq üçün icazə verməyibsə, bu evdən istifadə etmək (o cümlədən orada namaz qılmaq) qəsbi məkandan istifadə etmək hökmündədir.
• Əvvəllər qəbiristanlıq olan bir ərazidə tikilən idarə binasında namaz qılmağın və digər istifadələrin maneəsi yoxdur. Amma əgər şəri yolla sübuta yetsə ki, bu ərazi ölüləri dəfn etmək üçün vəqf edilibmiş və qeyri-şəri şəkildə mənimsənilərək orada idarə binası tikilmişdir, bu binada namaz qılmaq qəsbi məkandan istifadə etmək hökmündədir.
• İndiki parklarda və bu kimi məkanlarda namaz qılmağın maneəsi yoxdur. Bu ərazilərin qəsb olması və onların sahibinin məlum olmamasına dair ehtimala etina edilmir.
• Əgər bir şəxs sahibi olduğu torpaq sahəsinin dövlət tərəfindən alınmasına razı olmasa və bu məkanda namaz qılınmasına və digər istifadələrə razı olmadığını bildirsə, bu torpaq sahəsi dövlət qanunlarına müvafiq şəkildə onun sahibindən alındığı təqdirdə, orada namaz qılmağın və digər istifadələrin maneəsi yoxdur.
• Dövlət tərəfindən məhkəmə yolu ilə sahibindən müsadirə edilən şirkət və müəssisələrə gəlincə, əgər ehtimal edilsə ki, hakim öz səlahiyyətləri çərçivəsində şəriət və dövlət qanunlarına müvafiq olaraq müsadirə hökmü çıxarmışdır, belə məkanlarda namaz qılmaq və digər istifadələr icazəlidir. Bu məkanlar qəsb hökmündə deyildir.
• Əgər zalım dövlətin mənimsədiyi məkanların, əslində, qəsb edildiyi məlum olarsa, bu məkanlar qəsbi məkan hökmündədir. (Odur ki, orada namaz qılmaq olmaz.)
Suallar:
1- Namaz məkanının şərtlərini sadalayın.
2- Əgər bir şəxs qəsbi məkanda səccadənin və ya taxta parçasının üstündə namaz qılsa, onun namazı düzgündür, yoxsa düzgün deyildir?
3- Əgər dövlət müəssisəsinə aid olan bir evdə yaşayan şəxsdən yaşayış üçün verilən müddət başa çatdığına görə evin boşaldılması tələb olunsa, bu evdə qılınan namazların hökmü nədir?
4- Əgər bir şəxs sahibi olduğu torpaq sahəsinin dövlət tərəfindən alınmasına razı olmazsa və həmin yerdən namaz qılmaq və ya digər məqsədlər üçün istifadə edilməsinə narazı olarsa, orada namaz qılmağın hökmü nədir?
5- Zalım dövlətin qəsb etdiyi yerlərdə namaz qılmaq və oradan keçib getmək olarmı?
- Otuz birinci dərs: Namaz məkanı (2)
Otuz birinci dərs: Namaz məkanı (2)
2. Hərəkətsiz olmalıdır
Namaz məkanı hərəkətsiz olmalıdır. Yəni elə olmalıdır ki, namaz qılan şəxs bədəni hərəkətsiz vəziyyətdə və tərpənmədən namaz qıla bilsin. Deməli, maşında, yaylı çarpayının üstündə və bu kimi bədənin qeyri-ixtiyari olaraq hərəkət etdiyi məkanlarda namaz qılmaq düzgün deyildir. Əlbəttə, namaz vaxtı dar olduğu zaman və ya bu kimi başqa hallarda insan bu məkanlarda namaz qılmaq məcburiyyətində qaldıqda, orada namaz qıla bilər.
Diqqət:
• Avtobusla uzaq şəhərlərə səfərə çıxan sərnişinlər namazlarının qəza olacağını ehtimal etdikləri təqdirdə, namaz qılmaq üçün sürücüdən avtobusu münasib bir yerdə saxlamağı tələb etməlidirlər. Sürücü də sərnişinlərin bu tələbini qəbul etməlidir. Əgər sürücü məqbul bir üzrə görə və ya səbəbsiz olaraq avtobusu saxlamasa, sərnişinlər namazın qəza olacağını ehtimal etdikləri təqdirdə, maşın hərəkətdə ikən namazlarını qılmalı və imkan daxilində qiblə, rüku, qiyam və səcdəyə riayət etməlidirlər.
• Əgər qayıqla ezamiyyətə göndərilən şəxslər namaz vaxtı daxil olduğu zaman namazı qılmadıqları təqdirdə namaz qəza olacaqdırsa, mümkün olan hər şəkildə, hətta qayıqda belə, namazı öz vaxtında qılmalıdırlar.
3. Bu məkanda dayanmaq haram olmamalıdır
Namaz məkanı elə bir məkan olmamalıdır ki, orada dayanmaq haram olsun. Məsələn, insan həyatı üçün ciddi təhlükə hesab olunan bir yerdə (məsələn, uçmaq üzrə olan bir divarın kənarında) namaz qılınmamalıdır. Həmçinin namaz məkanı üstündə əyləşmək və ya dayanmağın haram olduğu bir məkan olmamalıdır. Məsələn, hər tərəfində Allahın adı və ya Quran ayələri yazılan bir xalçanın üstündə namaz qılınmamalıdır.
4. Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə olmamalıdır
İnsan Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə dayanıb namaz qılmamalıdır. Lakin qəbirin bərabərində namaz qılmağın maneəsi yoxdur.
5. Səcdə yeri pak olmalıdır
Səcdə yeri pak olmalıdır. Səcdə yerindən qeyri yerlərin isə napak olmasının maneəsi yoxdur və namaz düzgündür, amma bu şərtlə ki, napaklıq namaz qılan şəxsin bədəninə və ya paltarına sirayət etməməlidir.
6. Ehtiyat-vacibə görə, namaz qılarkən qadın ilə kişi arasında ən azı bir qarış məsafə olmalıdır
Ehtiyat-vacibə görə, namaz qılarkən qadın ilə kişi arasında ən azı bir qarış məsafə olmalıdır. Bu halda əgər qadın ilə kişi yanaşı dayansalar, yaxud qadın kişidən öndə dayansa, hər ikisinin namazı düzgündür.
7. Səthi düz olmalıdır
Namaz qılan şəxsin səcdə yeri onun dizlərini və ayaq barmaqlarını qoyduğu yerdən dörd bağlı barmaqdan hündürdə və ya alçaqda olmamalıdır.
Namaz məkanı barəsində iki məsələ:
• Kəbə evinin daxilində vacib bir namazı qılmaq məkruhdur. Damında isə ehtiyat-vacibə görə, namaz qılınmasın.
• Şəkilli səccadənin üstündə namaz qılmağın, yaxud üzərinə yazı və ya şəkil həkk olunan möhürə alın qoymağın öz-özlüyündə maneəsi yoxdur. Amma əgər bu məsələ şiəliyə töhmət vuranların əlinə bəhanə verəcəkdirsə, belə səccadələri və möhürləri istehsal etmək və namazda onlardan istifadə etməyə icazə verilmir. Həmçinin əgər belə səccadə və möhürlər namaz qılan insanın fikrini yayındırarsa və hüzuri-qəlbə xələl gətirərsə, onlardan istifadə etmək məkruhdur.
Suallar:
1- Bədənin qeyri-ixtiyari olaraq hərəkət etdiyi məkanlarda, məsələn, hərəkət edən maşında namaz qılmağın hökmü nədir?
2- Əgər namaz məkanı pak olmasa və yalnız səcdə yeri pak olsa, namaz düzgündürmü?
3- Hər tərəfində Allahın adı və Quran ayələri yazılan xalçanın üstündə namaz qılmağın hökmü nədir?
4- Namazda kişilər qadınlardan öndə dayanmalıdırlarmı?
5- Vacib namazı Kəbə evinin daxilində qılmağın hökmü nədir?
6- Şəkilli səccadənin üstündə namaz qılmağın, yaxud üzərinə yazı və ya şəkil həkk olunan möhürə alın qoymağın hökmü nədir?
- Otuz ikinci dərs: Məscidin hökmləri (1)
Otuz ikinci dərs: Məscidin hökmləri (1)
Məscidə dair haram əməllər
Məscidə dair haram əməllər aşağıdakılardır:
1. Məscidi napak etmək;
2. İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək;
3. Məscidə qarşı hörmətsizlik olan işləri görmək;
4. Kafirlərin məscidə daxil olması;
5. Məscidin dağıdılması və sökülməsi;
6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək.
1. Məscidi napak etmək
Məscidin yerini, tavanını, divarlarını və damını napak etmək haramdır. Əgər napak olarsa, oranı dərhal paklamaq vacibdir.
Diqqət:
• Əgər qəsb edilən, tərk edilən və ya sökülən məscidin yerində başqa bir bina tikilibsə, yaxud tərk edildiyi üçün (məsələn, bir kəndin əhalisi oranı tərk edib başqa yerdə məskunlaşdığı üçün artıq oradakı məscid xarabalığa çevrilib) məscid kimi istifadəsi yoxdursa və yenidən bərpa olunacağına da ümid yoxdursa, o yeri napak etmək haram deyildir. Baxmayaraq ki, oranın napak edilməməsi ehtiyat-müstəhəbə müvafiqdir.
2. İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək
İsraf sayıldığı təqdirdə məscidi qızıl ilə zinətləndirmək haramdır. İsraf sayılmadığı təqdirdə isə bu iş məkruhdur.
3. Məscidə qarşı hörmətsizlik olan işləri görmək
Məscidin hörmətini və mövqeyini saxlamaq vacibdir. Məscidə qarşı hörmətsizlik sayılan və onun mövqeyinə zidd olan işlərdən çəkinmək lazımdır.
4. Kafirlərin məscidə daxil olması
Kafirlərin müsəlman məscidlərinə daxil olmasına, hətta tarixi abidələrin müşahidəsi məqsədilə olsa belə, icazə verilmir. Bu hökm baxımından məscidlər arasında fərq yoxdur, istər Məscidul-həram olsun, istərsə də digər məscidlər olsun. Həmçinin kafirlərin məscidə daxil olması istər məscidə qarşı hörmətsizlik sayılsın, istərsə də sayılmasın, onların məscidə daxil olmasına icazə verilmir.
5. Məscidin dağıdılması və sökülməsi
Məscid binasını bütünlüklə və ya onun bir hissəsini sökməyə icazə verilmir. Yalnız çox böyük əhəmiyyəti olan bir məsələ üçün buna icazə verilir.
Diqqət:
• Məscidin dağıdılması və sökülməsi onu məscidlikdən xaric etmir, odur ki, məscidin hökmləri onun üçün qüvvədədir. Amma əgər sökülən və ya tərk edilən məscidin yerində başqa bir bina tikilibsə, yaxud tərk edildiyi üçün məscid kimi istifadəsi yoxdursa və yenidən bərpa olunacağına da ümid yoxdursa, bu yer məscid hökmündə deyildir. Deməli, əgər yol çəkilərkən məscid binasının bir hissəsi məcburiyyətdən irəli gələn zərurətə görə sökülsə və o hissənin yenidən bərpa olunacağı ehtimal edilməsə, bu yer məscid hökmündə deyildir.
6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək
1. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək və ya vəqfin şərtlərini dəyişdirmək olmaz. Odur ki, məscidi kinofilmlərin yayımlanması məkanına (başqa sözlə, kinoteatra) çevirməyə icazə verilmir. Amma müəyyən əlamətdar günlərdə ehtiyac duyulduğu zaman və imam-camaatın nəzarəti altında dini filmlər kimi faydalı və tərbiyəvi əhəmiyyət daşıyan filmləri yayımlamağın maneəsi yoxdur.
2. Məscidin mövqeyinə zidd olmadığı və camaat namazının təşkil olunmasına və namaz qılanlara maneəçilik törətmədiyi təqdirdə, məsciddə tədris kurslarının təşkil edilməsi və bu kimi işlərin maneəsi yoxdur.
3. Yas və bu kimi məclislərin məsciddə keçirilərək oranın işıq, istilik, havalandırma sistemlərindən və başqa imkanlarından istifadə edilməsinə icazənin verilməsi məscidin vəqfinin şərtlərinə, habelə bu imkanlar məscidə nəzir olunduğu təqdirdə, nəzirin şərtlərinə bağlıdır.
4. Məscidin şəbistanının[1] bir guşəsində muzey, kitabxana və bu kimi məkanlar yaratmaq məscidin şəbistanının vəqfinin şərtlərinə müvafiq olmadığı və ya məscid binasının dəyişdirilməsinə səbəb olduğu təqdirdə, bu məkanları yaratmağa icazə verilmir. Yaxşı olar ki, məscidin yaxınlığında bu məqsədlər üçün yer alınsın.
5. Əgər məscidin suyunun yalnız namaz qılanların dəstəmaz alması üçün vəqf olunduğu məlum olmazsa və məscidin yerləşdiyi məhəllədə adətən məhəllə sakinləri və oradan ötüb keçənlər məscidin suyundan istifadə edirlərsə, bu sudan içmək, çay dəmləmək və bu kimi şəxsi istifadələrin maneəsi yoxdur. Amma bu məsələdə ehtiyata riayət etmək bəyənilir. Həmçinin əgər məscid qəbiristanlığın qonşuluğunda yerləşirsə və adətən məscidin ərazisindən kənarda yerləşən qəbirlərin üstünə su səpmək üçün məscidin suyundan istifadə olunursa və heç kim buna etiraz bildirmirsə, habelə məscidin suyunun yalnız dəstəmaz və təharət üçün vəqf olunduğuna dair sübut yoxdursa, bu qəbirlərin üstünə su səpmək üçün məscidin suyundan istifadə etməyin maneəsi yoxdur.
6. Əgər məscidin şəri hökmlərini bilməmək nəticəsində məscid binasında, başqa sözlə, məscidin damı altında otaqlar tikilsə, bu otaqları söküb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir. Həmçinin əgər məscidin şəri hökmlərini bilməmək nəticəsində məscid binasında çay hazırlamaq və bu kimi işlər üçün otaq tikilsə, onu söküb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir.
7. Məsciddə cənazə dəfn etmək olmaz və bu məsələdə mərhumun vəsiyyəti heç bir rol oynamır. Amma əgər vəqf zamanı məsciddə cənazənin dəfn edilməsi istisna edilibdirsə, bu halda orada cənazə dəfn etmək olar.
8. Məscidin zirzəmisini üç şərt daxilində kirayə vermək olar:
1- Zirzəmi məscid adını daşımasın;
2- Məscidin bu yerə ehtiyacı olmasın;
3- Oranın vəqfi “intifa vəqfi” deyil, “mənfəət vəqfi” olsun.
Suallar:
1- Məscidə dair haram əməllər hansılardır?
2- Məsciddə idman məşqləri etmək olarmı?
3- Məsum İmamların (ə) mövludu münasibətilə məsciddən səsucaldanlar vasitəsilə şən mahnıların yayımlanmasının şəri hökmü nədir?
4- Kafirlər müsəlmanların məscidlərinə, hətta tarixi abidələrin müşahidəsi məqsədilə olsa belə, daxil ola bilərlərmi?
5- Yas məclisini məsciddə keçirən şəxsin oranın işığından, istilik sistemindən və bu kimi imkanlarından istifadə etməsinin hökmü nədir?
6- Məscidin zirzəmisini onun şəninə uyğun bir iş üçün kirayə vermək olarmı?
[1] Şəbistan – böyük məscidlərin üstü tavanlı və kənarları örtülü hissələridir. Oxşar və bir-birinə paralel sütunlara malikdir və bir tərəfi məscidin daxilinə açılır. Şəbistan – qədim memarlıqda məscid binasının o hissəsi idi ki, insanlar orada ibadət edir və gecələr isə orada yatırdılar.
- Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
Məscidə dair müstəhəb əməllər
Məscidə dair müstəhəb əməllər aşağıdakılardır:
1. Məscidi təmizləmək və abadlaşdırmaq;
2. Məscidə gedəndə ətirlənmək, təmiz və gözəl paltar geyinmək;
3. Ayaqqabını və ya ayağı çirklənməkdən və nəcasətə bulaşmaqdan qorumaq;
4. Hamıdan qabaq məscidə getmək və hamıdan sonra oradan xaric olmaq;
5. Məscidə zikr deyərək və Allahı yad edərək daxil və xaric olmaq;
6. Məscidə daxil olduqda “məscidin təhiyyət namazı” niyyətilə iki rəkət namaz qılmaq.
Məscid barəsində bir neçə şəri məsələ:
1. İnsan çarəsiz qalmadığı təqdirdə, məsciddə yatmaq məkruhdur.
2. Namazı məsciddə qılmağın fəzilətli olması yalnız kişilərə deyil, qadınlara da şamildir.
3. Başqa bir məsciddə, xüsusilə də şəhərin cami məscidində camaat namazı qılmaq üçün məhəllə məscidində namaz qılmamağın maneəsi yoxdur.
4. Cami məscidi xas bir dəstəyə aid olmayıb, bütün şəhər əhalisinin cəm olması üçün tikilən məsciddir.
5. Əgər ilkin ödənişlərlə yaşayış kompleksi tikən şirkətlər məhəllədə məscid kimi ümumi məkanların tikilməsinə dair alıcılarla əvvəlcədən razılığa gəlsələr, amma mənzili təhvil alarkən bəzi alıcılar bu məsələdə öz fikirlərini dəyişsələr və desələr ki, “Biz məscidin tikilməsinə razı deyilik”, məscid tikilib vəqf edildiyi təqdirdə, onların fikir dəyişmələri daha rol oynamır. Amma əgər məscid şəri şəkildə vəqf edilməmişdən öncə bu alıcılar öz fikirlərini dəyişdirdiklərini bildirsələr, bütün alıcılara aid olan bu məkanda hamının razılığı olmadan onların sərmayəsi ilə məscid tikmək olmaz. Amma əgər şirkət alıcılarla imzaladığı müqavilədə (lazım əqddə) onların hamısı qarşısında şərt qoysa ki, bina tikilən ərazinin bir hissəsi məscidin tikintisinə ayrılacaqdır və alıcılar da bu şərti qəbul etsələr, bu halda alıcıların fikir dəyişdirmək haqqı yoxdur və onların sonradan fikir dəyişdirmələri rol oynamır.
6. Əgər təmirə ehtiyac duyulan bir məscid könüllü şəkildə və xeyriyyəçilərin pulu ilə təmir olunarsa, bu halda şəri-hakimin icazəsinə ehtiyac yoxdur.
7. Kafirlərin tikdiyi məsciddə namaz qılmağın, həmçinin kafirlərin könüllü şəkildə məscidə göstərdikləri maddi yardımları almağın maneəsi yoxdur.
8. Bir məsciddə istifadəsiz qalan bəzi əşyaları istifadə edilməsi üçün başqa bir məscidə aparmağın maneəsi yoxdur.
9. Məsumların (ə) və İmamzadələrin (ə) adına olan əzadarlıq məkanları, həmçinin hüseyniyyələr məscid hökmündə deyildir.
10. Düzgün şəri qaydada hüseyniyyə ünvanında vəqf olunan məkanı məscid etmək və ya onun bir hissəsini məscid ünvanında məscidə əlavə etmək olmaz.
11. İmamzadələrin ziyarətgahına nəzir olunan xalça-palaz, qab-qacaq və s. bu kimi əşyalara ziyarətgahda ehtiyac olmadığı halda onları məhəllənin cami məscidində istifadə etmək olar.
Suallar:
1- Məscidə dair müstəhəb əməlləri açıqlayın.
2- Məsciddə yatmağın hökmü nədir?
3- Qadınlar namazlarını evdə qılsalar yaxşıdır, yoxsa məsciddə?
4- Cami məscid hansı məscidə deyilir?
5- Təmirə ehtiyacı olan məscidi təmir etmək üçün şəri-hakimdən və ya onun vəkilindən icazə almaq lazımdırmı?
6- Həzrət Əbulfəzlin (ə) və ya başqa Kərbəla şəhidlərinin, həmçinin Məsum İmamların (ə) adına olan əzadarlıq məkanları məscid hökmündədirmi?
- Otuz dördüncü dərs: Qiblə
Otuz dördüncü dərs: Qiblə
Qiblənin hökmləri
1. Müsəlmanlar namazı üzü Kəbə evinə tərəf qılmalıdırlar. Buna görə də Kəbə evinə tərəf olan istiqamət “qiblə” adlanır. Təbii ki, Kəbə evindən uzaqda yaşayanlar üçün tam dəqiqliklə üzü Kəbə evinə tərəf dayanmaq qeyri-mümkündür. Bu baxımdan “üzü qibləyə tərəf namaz qılır” deyilməsi kifayət edir.
Diqqət:
• Üzü qibləyə tərəf olmaq odur ki, insan Yer səthində üzü Məkkə şəhərində yerləşən Kəbə evinə tərəf dayansın. Beləliklə, əgər insanın dayandığı nöqtədən Yer səthi ilə dörd istiqamətə Məkkəyə tərəf xəyali xətlər çəkilsə və bu xətlərin hamısı eyni uzunluqda olsa, insan bu istiqamətlərdən birini seçib o istiqamətə namaz qıla bilər. Amma əgər bəzi istiqamətlərə çəkilən xəyali xətlər digərləri ilə müqayisədə qısa olsa və bu səbəbdən ürfə görə üzü qibləyə dayanmağa dair fikirayrılığı yaransa, ən qısa xətt istiqaməti seçilərək o istiqamətə namaz qılınmalıdır.
• Müstəhəb namazları piyada yol gedərkən və ya minikdə hərəkət edərkən qılmaq olar. Bu zaman namazı üzü qibləyə qılmaq vacib deyildir.
2. Namaz qılan şəxsin qiblə istiqaməti barəsində yəqinliyi və ya əminliyi olmalıdır. Bu yəqinlik və ya əminlik düzgün və etibarlı qiblənüma vasitəsilə, yaxud Günəşin və ulduzların işıq saçması yolu ilə (əlbəttə, bu yoldan istifadə edən şəxsin bu barədə məlumatı və bacarığı olmalıdır), yaxud da başqa yollar vasitəsilə yarana bilər. Əgər bir şəxs qiblənin hansı istiqamətdə olduğuna əmin ola bilməsə, böyük ehtimal etdiyi istiqamətə namaz qılmalıdır. Məsələn, məscidlərin mehrabına əsaslanaraq yaranan ehtimala müvafiq əməl edə bilər.
3. Əgər bir şəxsin qiblə istiqamətini təyin etmək üçün heç bir yolu olmazsa və heç bir istiqamət barəsində də ehtimalı olmazsa, ehtiyat-vacibə görə, o, dörd istiqamətə namaz qılmalıdır. Əgər dörd namaz qılmaq üçün kifayət qədər vaxt olmazsa, vaxt çatdığı qədər namazı təkrar qılmalıdır.
4. Əgər bir şəxsin qiblə istiqaməti barəsində yəqinliyi yoxdursa, o, qiblə istiqamətinə tərəf yerinə yetirilən digər əməllərdə, məsələn, heyvan kəsimində öz ehtimalı əsasında əməl etməlidir. Əgər heç bir istiqamət barəsində ehtimalı olmazsa və bütün istiqamətlər onun üçün bərabər olarsa, bu işləri hansı istiqamətə tərəf yerinə yetirərsə, düzgündür.
Diqqət:
• Qibləni təyin etmək üçün “şaxis”ə və ya qiblənümaya əsaslanmaq insanda əminlik yaratdığı təqdirdə düzgündür. Bu halda o, öz əminliyinə müvafiq şəkildə əməl etməlidir. Əks halda, böyük ehtimal etdiyi istiqamətə namaz qılmalıdır.
• Qibləni təyin etməkdə şaxisdən istifadə etməyin qaydası belədir:
May ayının 28-i və iyul ayının 16-ı Günəş Məkkə üfüqü ilə şəri zöhr vaxtı (Məkkənin azan səsi ucaldığı vaxt) Kəbənin üstündə şaquli vəziyyətdə saçır. Əgər bir “şaxis”i (məsələn, düz bir çubuğu və ya dəmir bir mili) hamar yerə şaquli vəziyyətdə sancsaq, şaxisin kölgəsinin istiqaməti qiblənin əks istiqaməti olacaqdır (başqa sözlə, qiblə şaxisin kölgəsinin əks istiqamətidir).
Suallar:
1- “Üzü qibləyə dayanmaq” dedikdə, nə nəzərdə tutulur?
2- Əgər insan müstəhəb namazları piyada yol gedərkən və ya minikdə hərəkət edərkən qılarsa, üzü qibləyə dayanması şərtdirmi?
3- Əgər namaz qılan şəxs hansı istiqamətin qiblə olduğuna əmin ola bilməsə, nə etməlidir?
4- Əgər qibləni təyin etmək üçün heç bir yol olmasa və namaz qılan şəxs də heç bir tərəfi qiblə ehtimal etməsə, nə etməlidir?
5- Qiblənümaya hansı halda əsaslanmaq düzgündür?
6- Qibləni təyin etmək üçün şaxisdən istifadə etməyin qaydası necədir?
- Otuz beşinci dərs: Gündəlik namazlar
Otuz beşinci dərs: Gündəlik namazlar
Gündəlik namazların[1] əhəmiyyəti
1. Hər gün beş vaxtda qılınan “gündəlik namazlar” İslam dininin çox mühüm vacib əməllərindən biridir, hətta dinin sütunu hesab olunur. Bu namazları qılmamaq və ya onlara qarşı səhlənkar yanaşmaq şəri baxımdan haramdır və cəzası vardır.
2. Heç bir vəziyyətdə, hətta müharibə meydanında belə, namazı tərk etmək olmaz. Odur ki, əgər müharibə meydanında döyüşən döyüşçü “Fatihə” surəsini oxumağa və ya səcdə və rükunu yerinə yetirməyə qadir olmazsa, bacardığı şəkildə namazını qılmalıdır, məsələn, rüku və səcdəni işarə ilə yerinə yetirməsi kifayətdir.
Gündəlik namazların sayı
Gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1. Sübh namazı - 2 rəkət;
2. Zöhr namazı - 4 rəkət;
3. Əsr namazı - 4 rəkət;
4. Məğrib namazı - 3 rəkət;
5. İşa namazı - 4 rəkət.
Diqqət:
• Səfərdə dördrəkətli namazlar (zöhr, əsr və işa namazları) iki rəkət qılınır. Bu barədə bir qədər irəlidə məlumat veriləcəkdir.
Gündəlik namazların vaxtı
1. Sübh namazının vaxtı
1. Sübh namazının vaxtı “sadiq fəcr” doğandan Günəş doğanadəkdir.
2. Sübh namazının vaxtı “kazib fəcr”in deyil, “sadiq fəcr”in[2] doğduğu vaxtdır və bunu təyin etmək mükəlləfin öhdəsindədir.
3. “Sadiq fəcr”in doğması (yəni sübh namazının vaxtının başlanması) baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr”[3] arasında fərq yoxdur. Amma “aylı gecələr”də sübhün işığı ayın işığını üstələyənədək gözləmək və bu zaman sübh namazını qılmaq daha yaxşıdır.
2. Zöhr namazının vaxtı
Zöhr namazının vaxtı zöhrün əvvəlindən (yəni Günəşin səmaya qalxması nəticəsində əşyaların kölgəsi tam qısaldıqdan sonra yenidən şərq tərəfə doğru uzanmağa başladığı andan etibarən) başlanır və Günəşin qürubuna əsr namazını qılmaq ölçüsündə vaxt qaldıqda başa çatır.
3. Əsr namazının vaxtı
Əsr namazının vaxtı zöhrün əvvəlindən zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başlanır və Günəş qürub etdikdə başa çatır.
4. Məğrib namazının vaxtı
Günəş qürub etdikdən sonra səmada yaranan qırmızılıq şərq tərəfdən tamamilə çəkildikdə məğrib namazının vaxtı başlanır. Gecə yarısına işa namazını qılmaq ölçüsündə vaxt qaldıqda məğrib namazının vaxtı başa çatır.
Diqqət:
• Günəşin qürubu ilə şərq tərəfdən qırmızılığın çəkilməsi arasındakı vaxt fəsillərə görə dəyişir.
5. İşa namazının vaxtı
Məğrib namazının vaxtı daxil olduqdan sonra məğrib namazını qılmaq ölçüsündə vaxt keçdikdə işa namazının vaxtı başlanır və gecə yarısı olduqda başa çatır.
Diqqət:
• (Məğrib və işa namazları baxımından) “gecə yarısı” Günəşin qürub etdiyi an ilə sübh namazının vaxtının daxil olduğu an arasındakı müddətin yarısı götürülür. Bu hesabla şəri zöhrdən təxminən 11 saat 15 dəqiqə keçdikdə məğrib və işa namazlarının vaxtı başa çatır.
Suallar:
1- Namazı bilərəkdən qılmamağın və ya namaza səhlənkar yanaşmağın hökmü nədir?
2- “Aylı gecələr”də sübh namazını qılmaq üçün vaxt daxil olduqdan sonra on beş-iyirmi dəqiqə gözləmək lazımdırmı?
3- Əsr namazının vaxtı günəş qürub edənədəkdir, yoxsa məğrib namazının vaxtı daxil olanadək?
4- Günəşin qürubundan məğrib namazının vaxtı daxil olanadək zaman fasiləsi neçə dəqiqədir?
5- İşa namazı üçün şəri “gecə yarısı” nə vaxtdır?
[1] Gün ərzində beş vaxtda qılınan vacib namazlar fiqh terminilə “yovmiyyə namazlar” adlanır.
[2] “Fəcr” sözü burada “işıq kütləsi” mənasında işlənir. Sübh vaxtı gündoğan tərəfdə iki növ işıq müşahidə olunur. Bunlardan biri “kazib fəcr”, digəri isə “sadiq fəcr” adlanır.
“Kazib fəcr” o işıqdır ki, “sadiq fəcr” doğmamışdan bir qədər əvvəl səmada əmələ gəlir və üfüq boyunca yayılmaq əvəzinə, şaquli şəkildə və üzü yuxarıya doğru saçır. Dəqiqələr sonra üfüq xəttində zəif bir ağ işıq əmələ gəlir və üfüq boyunca yayılmağa başlayır, getdikcə də işığın şiddəti artır. Bu işıq “sadiq fəcr” adlanır.
“Sadiq fəcr” doğarkən zəif bir işıq olduğuna görə, onu müşahidə edə bilmək üçün şərq tərəfin üfüqü tam açıq və qaranlıq olmalıdır. Şəhərlərin daxilində onu müşahidə etmək olduqca çətindir. “Sadiq fəcr”in doğduğunu dəqiqliklə müəyyən etməyin çətin olduğunu nəzərə alaraq, ehtiyata riayət etmək məqsədilə kütləvi informasiya vasitələrində azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazı qılınsın.3. Burada “aylı gecələr” dedikdə, nisbətən daha işıqlı gecələr nəzərdə tutulur. Belə ki, bu gecələrdə “sadiq fəcr” doğmağa başladığı zaman ayın işığı onu görməyə mane olur. Bu gecələrdə “sadiq fəcr”i bir qədər təxirlə (ayın işığının gücündən asılı olaraq təxminən on dəqiqə sonra) müşahidə etmək mümkün olur. Odur ki, ayın 13-cü gecəsindən 17-ci gecəsinədək olan gecələrə – belə ki, bu gecələrdə Ayın dairəsi təxminən tam görünür və ayın işığı da çox olur – “aylı gecələr” deyilir. Həmçinin ayın 17-ci gecəsindən sonra ayın axırınadək Ay tədricən şərq üfüqünə (yəni fəcrin doğduğu yerə) yaxınlaşdığına görə, bu gecələrə də “aylı gecələr” deyilir və ya “aylı gecələr” hökmü bu gecələrə də şamil edilir.
- Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
Namaz vaxtlarının şəri hökmləri
1. Aşağıdakı yollarla namaz vaxtının daxil olduğunu bilmək olar:
1- İnsanın özü namaz vaxtının daxil olduğuna yəqin edir və ya əmin olur;
2- İki ədalətli kişi namaz vaxtının daxil olduğunu söyləyir;
3- Etibarlı və namaz vaxtlarını bilən bir azançı azan verir.
Diqqət:
• Qeyd olunan bu üç yoldan biri ilə namaz vaxtının daxil olduğu dəqiqləşməzsə, namaza başlamaq olmaz.
• Əgər bir şəxs namaz vaxtının daxil olduğuna yəqin edib namaza başlasa, amma namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk etsə, onun namazı pozulur. Amma əgər namaz əsnasında vaxtın daxil olduğuna yəqinliyi olsa, sadəcə namazdan qıldığı hissəni namaz vaxtında qılıb-qılmadığına şəkk etsə, onun namazı düzgündür.
2. Namaz vaxtının daxil olduğuna insanın əminliyi olmalıdır. Odur ki:
1- Əgər kütləvi informasiya vasitələrində sabahkı günün namaz vaxtının elan edilməsi insanda namaz vaxtının daxil olduğuna əminlik yaradarsa, ona əsaslana bilər.
2- Əgər azan çəkilən kimi insanda namaz vaxtının daxil olduğuna əminlik yaranarsa, azanın sonunadək gözləmək lazım deyildir və o, namaza başlaya bilər[1].
3. İnsan gündəlik namazların vaxtı barəsində yaşadığı məntəqənin üfüqünə (hətta qütbə yaxın məntəqələrdə belə) riayət etməlidir.
4. Əgər iki məntəqənin (məsələn) şəri zöhr vaxtı arasında 25 dəqiqə fərq varsa, bu o demək deyildir ki, bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxtı arasında da 25 dəqiqə fərq olacaqdır. (Başqa sözlə, bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxtı arasında 25 dəqiqədən az və ya çox zaman fasiləsi ola bilər). Sadiq fəcrin doğması, şəri zöhrün daxil olması və Günəşin qürub etməsi kimi şəri vaxtlar, adətən, müxtəlif məntəqələrdə fərqlidir.
5. Əgər namaz vaxtının başa çatmasına bir rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, namazı “əda” niyyətilə qılmaq lazımdır. Amma namazı qəsdən bu vaxta qədər yubatmaq olmaz. Əgər insan namaz vaxtının başa çatmasına bir rəkət namaz qılmaq ölçüsündə vaxt qalıb-qalmadığına dair şəkk etsə, namazı “ma fiz-zimmə” niyyətilə qılmalıdır.
6. Zöhr və əsr, həmçinin məğrib və işa namazlarının vaxtı daxil olduqdan sonra şəxs hər iki namazı həm fasiləsiz bir-birinin ardınca, həm də hər bir namazı öz fəzilətli vaxtında qıla bilər.
7. Namazı vaxtın əvvəlində qılmaq müstəhəbdir. İslam dinində namazı vaxtın əvvəlində qılmaq təkidlə tövsiyə olunmuşdur. Əgər namazı vaxtın əvvəlində qılmaq mümkün olmasa, namaz vaxtının əvvəlinə nə qədər yaxın bir vaxtda qılınsa, daha yaxşıdır. Yalnız o halda namazı yubatmaq olar ki, namazı yubatmaq onu vaxtında qılmaqdan müəyyən baxımdan daha yaxşıdır, məsələn, camaat namazı qılmaq üçün namazı yubatmaq.
8. Əgər borc verən şəxs borcu istəsə, borcu qaytarmağa insanın imkanı olduğu təqdirdə, əvvəlcə borcu qaytarmalı, sonra namazı qılmalıdır. Həmçinin başqa bir təcili iş qarşıya çıxdıqda, onu namazdan qabaq yerinə yetirə bilər. Amma əgər namaz vaxtı dar olsa, əvvəlcə namazı qılmaq lazımdır.
Namazların ardıcıllığı
1. Zöhr və əsr namazları ardıcıllıqla qılınmalıdır, yəni birinci zöhr namazı, sonra əsr namazı qılınmalıdır. Həmçinin məğrib və işa namazlarında ardıcıllığa riayət olunmalıdır, yəni birinci məğrib namazı, sonra işa namazı qılınmalıdır. Deməli, əgər bir şəxs bilərəkdən əsr namazını zöhr namazından qabaq və ya işa namazını məğrib namazından qabaq qılsa, namaz düzgün deyildir.
2. Əgər bir şəxs səhvən və ya bilmədiyinə görə sözügedən ardıcıllığı pozsa, məsələn, əsr namazını zöhr namazından qabaq qılsa və namazı qılıb qurtardıqdan sonra səhvini başa düşsə, qıldığı namaz düzgündür.
3. Əgər bir şəxs zöhr namazını niyyət edib namaza başlasa və namaz əsnasında zöhr namazını qıldığını xatırlasa, namazı kəsməli, sonra əsr namazını qılmağa başlamalıdır. Məğrib və işa namazlarında da hökm eynidir.
4. Əgər bir şəxs zöhr namazını qıldığını düşünüb əsr namazını qılmağa başlasa və namaz əsnasında zöhr namazını qılmadığını xatırlasa, zöhr və əsr namazlarının müştərək vaxtı olduğu təqdirdə, o, dərhal niyyətini zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Sonra əsr namazını qılmalıdır. Amma əgər bu hal zöhr namazının xüsusi vaxtında qarşıya çıxsa, ehtiyat-vacibə görə, o, niyyəti zöhr namazına dəyişib namazı tamamlamalı, sonra hər iki namazı (zöhr və əsr namazlarını) ardıcıllıqla qılmalıdır.
5. Əgər bir şəxs məğrib namazını qıldığını düşünüb işa namazını qılmağa başlasa və namaz əsnasında məğrib namazını qılmadığını xatırlasa, məğrib və işa namazlarının müştərək vaxtı olduğu, habelə dördüncü rəkətin rükusuna getmədiyi təqdirdə, o, dərhal niyyətini məğrib namazına dəyişməli və namazı tamamlamalıdır. Sonra işa namazını qılmalıdır. Amma əgər dördüncü rəkətin rükusuna gedibdirsə, ehtiyat-vacibə görə, o, namazı tamamlamalı, sonra məğrib və işa namazlarını ardıcıllıqla qılmalıdır. Həmçinin əgər bu hal məğrib namazının xüsusi vaxtında və dördüncü rəkətin rükusuna getməmişdən qabaq qarşıya çıxsa, ehtiyat-vacibə görə, o, niyyətini məğrib namazına dəyişməli və namazı tamamlamalı, sonra hər iki namazı ardıcıllıqla qılmalıdır.
Suallar:
1- Namaz vaxtının daxil olduğunu hansı yollarla bilmək olar?
2- Azan çəkilməyə başladıqda namaz vaxtı da başlanırmı, yoxsa azan qurtaranadək gözləmək və sonra namaza başlamaq lazımdır?
3- Əgər iki məntəqənin zöhr namazının şəri vaxtı arasında 25 dəqiqə fərq olarsa, bu o deməkdir ki, bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxtları arasında da 25 dəqiqə fərq vardır?
4- Namazın hansı miqdarı namaz vaxtında qalınacağı təqdirdə “əda” niyyəti etmək düzgündür? Əgər bu miqdarın namaz vaxtında qılınıb-qılınmadığına şəkk edilsə, vəzifə nədir?
5- Əgər bir şəxs zöhr namazını niyyət edib namaza başlasa və namaz əsnasında zöhr namazını qıldığını xatırlasa, nə etməlidir?
6- Əgər bir şəxs işa namazını qılarkən məğrib namazını qılmadığını xatırlasa, nə etməlidir?
[1] Əvvəldə qeyd olunduğu kimi, sübh namazı barəsində ehtiyata riayət etmək məqsədilə azan başlanandan təxminən on dəqiqə sonra sübh namazı qılınsın.
- Otuz yeddinci dərs: Azan və iqamə
Otuz yeddinci dərs: Azan və iqamə
Azan və iqamə
1. Gündəlik vacib namazlardan qabaq azan və iqamə oxumaq müstəhəbdir. Sübh və məğrib namazlarında, xüsusilə də camaatla qılındığı halda azan və iqamə oxumağın müstəhəbliyi təkidlə vurğulanmışdır. Amma digər vacib namazlarda, məsələn, Ayat namazında azan və iqamənin oxunması fiqhi mənbələrdə qeyd olunmamışdır.
2. Azan 18 cümlədən ibarətdir və aşağıdakı ardıcıllıqladır:
Əllahu Əkbər (4 dəfə)
Əşhədu ən la ilahə illəllah (2 dəfə)
Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə)
Həyyə ələs-səlati (2 dəfə)
Həyyə ələl-fəlahi (2 dəfə)
Həyyə əla xəyril-əməl (2 dəfə)
Əllahu Əkbər (2 dəfə)
La ilahə illəllah (2 dəfə)
Tərcüməsi:
Allah vəsf olunmaqdan ucadır.
Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur.
Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın elçisidir.
Namaza tələs!
Nicata tələs!
Yaxşı əmələ tələs!
Allah vəsf olunmaqdan ucadır.
Allahdan qeyri ilah yoxdur.
3. İqamə isə 17 cümlədən ibarətdir və aşağıdakı ardıcıllıqladır:
Əllahu Əkbər (2 dəfə)
Əşhədu ən la ilahə illəllah (2 dəfə)
Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə)
Həyyə ələs-səlati (2 dəfə)
Həyyə ələl-fəlahi (2 dəfə)
Həyyə əla xəyril-əməl (2 dəfə)
Qəd qamətis-səlah (2 dəfə)
Əllahu Əkbər (2 dəfə)
La ilahə illəllah (1 dəfə)
Tərcüməsi:
Allah vəsf olunmaqdan ucadır.
Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur.
Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın elçisidir.
Namaza tələs!
Nicata tələs!
Yaxşı əmələ tələs!
Namaz quruldu.
Allah vəsf olunmaqdan ucadır.
Allahdan qeyri ilah yoxdur.
İqamə ilə azan arasındakı fərqlər aşağıdakılardır:
1- Əvvəldə 4 dəfə deyil, 2 dəfə “Əllahu Əkbər” deyilir;
2- Sonda 2 dəfə deyil, 1 dəfə “La ilahə illəllah” deyilir;
3- “Həyyə əla xəyril əməl” cümləsindən sonra 2 dəfə “Qəd qamətis-səlah” cümləsi əlavə olunur.
Azan və iqaməyə aid bir neçə şəri məsələ:
• “Əşhədu ənnə Əliyyən vəliyyullah” (yəni “Şəhadət verirəm ki, Əli (ə) Allahın vəlisidir”) cümləsi azan və iqamənin tərkib hissəsi deyildir. Amma şiəliyin şüarı ünvanında bu cümləni azan və iqamədə demək bəyənilir, hətta mühüm sayılır. Bu cümlə “mütləq qəsdi-qürbət”[1] ilə deyilməlidir.
• Gündəlik vacib namazların vaxtının daxil olduğunu elan etmək üçün azanın çəkilməsi və azanı eşidənlərin onu təkrar etmələri təkid olunan müstəhəb əməldir.
• Namaz vaxtının daxil olduğunu elan etmək üçün məscidlərdən və başqa məkanlardan səsucaldan vasitəsilə adi qaydada azan yayımlamağın maneəsi yoxdur. Amma əgər səsucaldan vasitəsilə Quran tilavətinin və duaların yayımlanması qonşuların əziyyət çəkmələrinə səbəb olarsa, buna icazə verilmir.
• Qadının çəkdiyi azanla kişinin kifayətlənməsi məhəlli-işkaldır.
Suallar:
1- Azan və iqamənin hökmü nədir?
2- İqamə ilə azan arasındakı fərqlər hansılardır?
3- Azan və iqamədə İmam Əlinin (ə) vəliliyinə şəhadət vermək vacibdirmi?
4- Qadının çəkdiyi azanla kişi kifayətlənə bilərmi?
[1] Vacib və ya müstəhəb niyyəti etmədən müəyyən bir əməli Mütəal Allahın razılığını qazanmaq üçün yerinə yetirmək
- Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
Namazın vacib əməlləri
Namazı təşkil edən vacib əməllər aşağıdakılardır:
1- Niyyət; 2- Təkbirətul-ehram; 3- Qiyam; 4- Qiraət; 5- Rüku; 6- Səcdə; 7- Zikr; 8- Təşəhhüd; 9- Salam; 10- Tərtib; 11- Muvalat.
Diqqət:
• Namazın vacib əməllərindən bəzisi “rükn” sayılır. Belə ki, əgər bu əməllər namazda yerinə yetirilməsə, yaxud vacib saydan artıq yerinə yetirilsə, hətta səhv və ya unutqanlıq üzündən olsa belə, namaz düzgün deyildir. (Amma namazın qeyri-rükn olan vacib əməlləri bilərəkdən azaldılıb-çoxaldıldığı halda namaz düzgün deyildir. Səhvən olduğu halda isə namaz düzgündür.)
• Namazın “rükn”ləri aşağıdakılardır:
1-Niyyət; 2- Təkbirətul-ehram; 3- Qiyam (təkbirətul-ehramı deyərkən, həmçinin rükuya getməmişdən qabaq olan qiyam); 4- Rüku; 5- İki səcdə.
Niyyət
1. Niyyətin mənası və şəri hökmü
“Niyyət” namazın vacib əməllərindəndir. “Niyyət” dedikdə, müəyyən bir namazı Allahın əmrinə itaət məqsədilə qılmaq nəzərdə tutulur.
Diqqət:
• Namazda vacib olan niyyət, elə namazı Allaha xatir qılmaq niyyətində olmaqdır. Ürəkdə və ya dildə, məsələn, “dörd rəkət zöhr namazı qılıram qürbətən iləllah” deməyə ehtiyac yoxdur.
• İnsan hansı namazı qıldığını bilməlidir. Beləliklə, əgər insan niyyətində dörd rəkət namaz qılmağı tutsa, amma zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etməsə, onun namazı düzgün deyildir.
• İnsan namazı aləmlərin Rəbbinin əmrinə itaət məqsədilə qılmalıdır. Beləliklə, əgər riyakarlıq, yəni özünü dindar kimi göstərmək məqsədilə və ya bu kimi başqa məqsədlərlə namaz qılsa, o, haram iş görmüşdür və namazı düzgün deyildir. Əgər bir şəxs namazın bəzi əməllərində riyakarlıq etsə, ehtiyat-vacibə görə, namazı yenidən qılmalıdır.
2. Niyyəti döndərmək
Aşağıdakı hallarda niyyəti döndərmək vacibdir:
1- Niyyəti əsr namazından zöhr namazına döndərmək: Mükəlləf əsr namazının xüsusi vaxtı olmamışdan qabaq əsr namazını qılarkən zöhr namazını qılmadığını xatırladıqda, niyyəti əsr namazından zöhr namazına döndərməlidir;
2- Niyyəti işa namazından məğrib namazına döndərmək: Mükəlləf işa namazının xüsusi vaxtı olmamışdan qabaq işa namazını qılarkən məğrib namazını qılmadığını xatırladıqda, niyyəti dəyişməyin yeri keçmədiyi təqdirdə, yəni dördüncü rəkətin rükusuna getməmişdən qabaq niyyəti işa namazından məğrib namazına döndərməlidir;
3- Qəzaya gedən iki namazı qılarkən namazların ardıcıllığına riayət etmək şərt olduqda (məsələn, zöhr və əsr namazlarının qəzasını qılarkən): Bu halda insan unutqanlıq üzündən birinci namazı qılmamış ikinci namazı qıldıqda, niyyətini birinci namaza döndərməlidir.
Aşağıdakı hallarda niyyəti döndərmək müstəhəbdir:
1- Niyyəti əda namazından vacib namazın qəzasına döndərmək (əlbəttə, əgər insanın boynunda yalnız bir qəza namazı olarsa, xüsusilə də qəza namazı həmin günə aid olduğu təqdirdə, ehtiyat-vacibə görə, niyyəti qəza namazına döndərməlidir);
2- Niyyəti vacib namazdan müstəhəb namaza döndərmək: Camaat namazının savabını əldə etmək üçün (yəni namazı camaatla qılmaq üçün) mükəlləf qıldığı vacib namazın niyyətini müstəhəb namaza döndərir;
3- Cümə gününün zöhründə niyyəti vacib namazdan nafilə namazına döndərmək: Belə ki, mükəlləf unudaraq “Həmd”dən sonra “Cümə” surəsinin əvəzinə başqa bir “Surə”ni yarıyadək və ya daha çox hissəsini oxuduqda, vacib namazın niyyətini nafilə namazına döndərməsi müstəhəbdir.
Suallar:
1- Namazın vacib əməllərini sadalayın.
2- Namazın rüknləri ilə qeyri-rüknləri arasında fərq nədir?
3- Namazın rüknləri hansılardır?
4- Niyyəti ürəkdə və ya dildə demək vacibdirmi?
5- Hansı hallarda namazın niyyətini döndərmək vacibdir?
6- Hansı hallarda namazın niyyətini döndərmək müstəhəbdir?
- Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
Təkbirətul-ehram
1. Təkbirətul-ehramın mənası və şəri hökmü
Təkbirətul-ehram namazın vacib əməllərindən olub, namazın başlanğıcında deyilən “Əllahu əkbər”dir.
Diqqət:
• Əgər təkbirətul-ehram səhvən və ya qəsdən deyilməzsə, namaz düzgün deyildir. Həmçinin əgər insan namaza başlayarkən təkbirətul-ehram niyyətilə düzgün şəkildə “Əllahu əkbər” desə və bir qədər ara verdikdən sonra (əlbəttə, muvalat pozulmayacaq ölçüdə) və ya fasiləsiz olaraq yenidən təkbirətul-ehram niyyətilə “Əllahu əkbər” desə – istər səhvən desin, istərsə də qəsdən desin – namaz düzgün deyildir.
2. Təkbirətul-ehramın vacibatları
1. Təkbirətul-ehram “tələffüz” edilməlidir. Başqa sözlə, insanın qulağı ağır eşitmədiyi və ya ətrafda səs-küy olmadığı təqdirdə, o, dediyi və dilə gətirdiyi sözü eşitməlidir.
2. Təkbirətul-ehram ərəbcə düzgün deyilməlidir. Əgər ərəbcə səhv deyilərsə (məsələn, “Əllahu” əvəzinə “Əllahə” deyilərsə), yaxud başqa bir dildə tərcüməsi deyilərsə, namaz düzgün deyildir.
Diqqət:
• Əgər namaz qılan şəxs təkbirətul-ehramın düzgün tələffüzünü bilmirsə, onu öyrənməlidir.
3. Təkbirətul-ehramı deyərkən bədən hərəkətsiz olmalıdır. Deməli, əgər bir şəxs bədəni hərəkət etdiyi vəziyyətdə bilərəkdən və ixtiyari şəkildə təkbirətul-ehramı deyərsə, namaz düzgün deyildir.
3. Təkbirətul-ehramda şəkk etmək
Təkbirətul-ehramda şəkk iki surətdə ola bilər:
1- İnsan təkbirətul-ehramı deyib-demədiyinə şəkk edir:
- Əgər zikrləri deməyə və “qiraət”ə başlayıbdırsa, öz şəkkinə etina etməməli və namazı davam etdirməlidir.
- Əgər zikrləri deməyə və “qiraət”ə başlamayıbdırsa, təkbirətul-ehramı deməlidir.
2- İnsan təkbirətul-ehramı dedikdən sonra onu düzgün deyib-demədiyinə şəkk edir:
Bu halda o, öz şəkkinə etina etməməlidir.
Qiyam
1. Qiyamın qisimləri
Vacib qiyam iki qisimdir: rükn və qeyri-rükn.
Rükn olan qiyam aşağıdakılardır:
1- Təkbirətul-ehramı deyərkən;
2- Rükuya gedərkən.
Qeyri-rükn olan qiyam isə aşağıdakılardır:
1- Qiraət edərkən;
2- Rükudan sonra.
1. Namazı ayaq üstə qıla bilən və heç bir üzrü olmayan şəxs namaza başlayandan etibarən rükuya gedənədək ayaq üstə dayanmalıdır. Həmçinin rükudan qalxdıqdan sonra və səcdəyə getməmişdən qabaq ayaq üstə dayanmalıdır. Bu iki halda qiyamı bilərəkdən tərk etmək namazın pozulmasına səbəb olur.
2. Təkbirətul-ehramı deyərkən, həmçinin “qiraət” başa çatdıqdan sonra və rükuya getməmişdən qabaq ayaq üstə dayanmaq (qiyam etmək) rükndur. Yəni əgər bu iki halda qiyam səhvən və unutqanlıq üzündən yerinə yetirilməzsə, namaz pozulur.
Diqqət:
• Əgər bir şəxs rükunu yerinə yetirməyi unutsa və “Həmd” və “Surə”ni oxuduqdan sonra əyləşsə, bu vaxt rükunu yerinə yetirmədiyini xatırlasa, o, ayağa qalxıb dayanmalı və ayaq üstə olduğu vəziyyətdə rükuya getməlidir. Deməli, əgər o, ayağa qalxıb dayanmadan və elə əyləşdiyi yerdən rüku vəziyyəti alsa, namazı düzgün deyildir.
2. Qiyamın vacibatları
Namaz qılan şəxs qiyamda olarkən bədənini hərəkət etdirməməli, heç bir tərəfə aydın bir şəkildə əyilməməli və heç yerə söykənməməlidir. Amma əgər çarəsizlikdən, yaxud səhvən, yaxud da unutqanlıq üzündən bunu etsə, iradı yoxdur.
Diqqət:
• Həmd” və “Surə”ni oxuyarkən, yaxud üçüncü və dördüncü rəkətlərdə təsbihati-ərbə`əni deyərkən namaz qılan şəxsin bədəni hərəkətsiz olmalıdır. Deməli, əgər o, bir qədər irəli və ya geri getmək istəsə, yaxud bədənini sağ və ya sol tərəflərə bir qədər hərəkət etdirmək istəsə, deməkdə olduğu ayə və ya zikrləri hərəkət zamanı dayandırmalıdır.
3. Qiyamın müstəhəb əməlləri
Qiyamın müstəhəb əməllərindən bəzisi aşağıdakılardır:
1- Qaməti düz saxlamaq;
2- Çiyinləri aşağı salmaq;
3- Əlləri budların üstünə qoymaq;
4- Barmaqlarını bitişik saxlamaq;
5- Səcdə yerinə baxmaq;
6- Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq;
7- Xüzu və xüşu halında olmaq;
8- Ayaqları bir-birindən arxaya və ya qabağa qoymamaq.
4. Qiyamın şəri hökmləri
1. Namazı ayaq üstə dayanıb qılmağa qadir olmayan şəxs əyləşən halda namaz qılmalıdır. Amma əgər o, nəyəsə söykənib ayaq üstə dayana bilərsə, ayaq üstə dayanaraq namaz qılmalıdır.
2. Əyləşən halda namaz qılmağa qadir olmayan bir şəxs uzanan halda namaz qılmalıdır. Ehtiyat-vacibə görə, o, imkan daxilində sağ tərəfi üstə uzanmalı və onun üzü və bədəni qibləyə tərəf olmalıdır. Sağ tərəfi üstə uzanmaq mümkün olmadığı halda sol tərəfi üstə uzanmalı və onun üzü və bədəni qibləyə tərəf olmalıdır. Əgər sol tərəfi üstə də uzanmaq imkanı yoxdursa, arxası üstə uzanmalı və ayaqlarının altı qibləyə tərəf olmalıdır.
3. Əyləşən halda namaz qılan şəxs əgər “Həmd” və “Surə”ni oxuduqdan sonra ayağa qalxa və rükuya gedə bilərsə, o, ayağa qalxmalı və ayaq üstə olan vəziyyətdə rükuya getməlidir.
4. Əgər uzanan halda namaz qılan bir şəxs namaz əsnasında əziyyət çəkmədən əyləşə və ya ayağa qalxa bilsə, namazın hansı miqdarını əyləşən halda və ya ayaq üstə qıla bilərsə, bu miqdarı əyləşən halda və ya ayaq üstə qılmalıdır. Həmçinin əgər əyləşən halda namaz qılan bir şəxs namazın hansı miqdarını əziyyət çəkmədən ayaq üstə qıla bilərsə, bu miqdarı ayaq üstə qılmalıdır.
5. Namazı ayaq üstə qılmağa qadir olan bir şəxs əgər ayaq üstə dayanmaq nəticəsində xəstələnəcəyindən və ya başqa bir ziyan görəcəyindən qorxarsa, o, əyləşən halda namaz qıla bilər. Əgər namazı əyləşən halda qıldıqda da belə bir qorxu yaranarsa, o, namazı uzanan halda qıla bilər.
6. Əgər bir şəxs namaz vaxtı başa çatmamış ayaq üstə dayanaraq namaz qıla biləcəyini ehtimal edirsə, ehtiyat-vacibə görə, o vaxtadək gözləməlidir. Amma əgər bir şəxs namaz vaxtının əvvəlində müəyyən bir üzrə görə namazını əyləşən halda qılsa və namaz vaxtı başa çatanadək onun üzrü aradan qalxmasa, qıldığı namaz düzgündür və namazı yenidən qılmaq lazım deyildir.
7. Əgər bir şəxs namaz vaxtının əvvəlində ayaq üstə dayanıb namaz qılmağa qadir olmasa, eyni zamanda namaz vaxtı başa çatanadək ayaq üstə dayanıb namaz qıla bilməyəcəyini də yəqin bilsə, o, namazını əyləşən halda namaz vaxtının əvvəlində qıla bilər. Amma əgər namaz vaxtı başa çatmamış ayaq üstə dayanıb namaz qılmaq imkanı yaransa, namazı ayaq üstə yenidən qılmalıdır.
Suallar:
1- Əgər təkbirətul-ehram ərəbcə düzgün və tam tələffüz edilməsə, namaz düzgündürmü?
2- Əgər bir şəxs təkbirətul-ehramı deyib-demədiyinə şəkk etsə, nə etməlidir?
3- Vacib qiyam neçə qismə ayrılır?
4- İnsan namazda bir qədər irəli və ya geri, sağa və ya sola hərəkət edə bilərmi?
5- Qiyamın müstəhəb əməllərini sadalayın.
6- Namaz vaxtının əvvəlində ayaq üstə namaz qılmağa qadir olmayan bir şəxs namazını əyləşən halda qıla bilərmi?
- Qırxıncı dərs: Qiraət (1)
Qırxıncı dərs: Qiraət (1)
Qiraət
1. “Qiraət”də oxunan surələr və zikrlər
Gündəlik namazların “qiraət”ində aşağıdakı surələr və zikrlər oxunur:
- Birinci və ikinci rəkətlərdə “Həmd” və ehtiyat-vacibə görə, tam bir “Surə” (yəni Quran surələrindən biri) oxunur;
- Üçüncü və dördüncü rəkətlərdə yalnız “Həmd” və ya bir dəfə “təsbihati-ərbə`ə” oxunur, “təsbihati-ərbə`ə”ni üç dəfə oxumaq isə ehtiyat-müstəhəbə müvafiqdir.
1. Gündəlik namazların birinci və ikinci rəkətlərində təkbirətul-ehramdan sonra “Həmd”, ardınca isə ehtiyat-vacibə görə, Qurani-Kərimin tam bir surəsi oxunmalıdır. Surənin bir və ya bir neçə ayəsini oxumaq kifayət etmir.
2. Gündəlik namazların üçüncü və dördüncü rəkətlərində yalnız “Həmd” və ya “təsbihati-ərbə`ə” (Subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllah, vəllahu əkbər) oxunur.
2. Birinci və ikinci rəkətlərdə qiraətin şəri hökmləri
1. “Əl-Fil” və “Qurəyş” surələri bir surə hökmündədir. “Həmd”dən sonra onlardan birini oxumaq kifayət etmir. “Əz-Zuha” və “Əş-Şərh” surələri də eyni hökmü daşıyır.
Diqqət:
• Əgər bir şəxs hökmü bilmədiyinə görə “Həmd”dən sonra “Əl-Fil” və ya “Əş-Şərh” surələrini təklikdə oxusa, hökmü öyrənməkdə səhlənkarlıq göstərmədiyi təqdirdə, onun qıldığı namazlar düzgün hökmündədir.
2. Gündəlik namazlarda “Həmd”i və tam bir “Surə”ni oxuduqdan sonra Quran oxumaq niyyətilə bir sıra ayələri oxumağın maneəsi yoxdur.
3. Əgər namaz vaxtı dar olsa və ya insan “Surə”ni oxuyacağı təqdirdə oğrunun, yaxud yırtıcı bir heyvanın, yaxud da başqa bir şeyin ona ziyan verəcəyindən qorxsa, “Surə”ni oxumamalıdır.
4. Əgər bir şəxs səhvən “Surə”ni “Həmd”dən qabaq oxusa və rükuya getməmişdən öncə bu səhvini başa düşsə, “Həmd”i oxuduqdan sonra “Surə”ni yenidən oxumalıdır. Amma əgər “Surə”ni oxuduğu zaman səhvini başa düşsə, “Surə”ni kəsməli və “Həmd”i oxuduqdan sonra “Surə”ni əvvəldən oxumalıdır.
5. Əgər bir şəxs “Həmd” və “Surə”ni və ya onlardan birini oxumağı unutsa və rüku etdikdən sonra bunu başa düşsə, onun namazı düzgündür.
6. Əgər bir şəxs rükuya getməmişdən qabaq “Həmd” və “Surə”ni və ya təkcə “Surə”ni oxumadığını başa düşsə, onu oxumalı və sonra rükuya getməlidir. Əgər təkcə “Həmd”i oxumadığını başa düşsə, “Həmd”i oxumalı, sonra “Surə”ni yenidən oxumalıdır. Həmçinin əgər rüku həddində əyilməmişdən qabaq “Həmd”i və ya “Surə”ni və ya onların hər ikisini oxumadığını başa düşsə, ayağa qalxıb eyni qaydada əməl etməlidir.
7. Vacib namazlarda vacib səcdəsi olan ayələrin yerləşdiyi surələri oxumağa icazə verilmir. Əgər bir şəxs bilərəkdən və ya səhvən bu surələrdən birini oxusa və səcdə ayəsinə çatsa, ehtiyat-vacibə görə, tilavət səcdəsini yerinə yetirməli və ayağa qalxmalıdır. “Surə” başa çatmadığı təqdirdə, onu başa çatdırmalı və namazı qılıb qurtardıqdan sonra onu yenidən qılmalıdır. Amma əgər bir şəxs səcdə ayəsinə çatmamışdan qabaq bunu başa düşsə, ehtiyat-vacibə görə, bu “Surə”ni kəsməli və başqa bir “Surə” oxumalıdır. Namazı qılıb qurtardıqdan sonra onu yenidən qılmalıdır.
8. Əgər bir şəxs namaz qıldığı əsnada səcdə ayəsini eşidərsə, onun namazı düzgündür. O, səcdə ayəsini eşitdikdən sonra səcdə etmək əvəzinə səcdəyə işarə etməli, sonra namazını davam etdirməlidir.
9. Əgər bir şəxs “Həmd”i oxuduqdan sonra “İxlas” və ya “Kafirun” surələrini oxumağa başlasa, onu kəsib başqa bir “Surə” oxuya bilməz. Amma əgər bir şəxs cümə namazında unutqanlıq üzündən “Cümə” və “Munafiqun” surələrinin yerinə bu surələrdən birini oxusa, onu kəsib “Cümə” və “Munafiqun” surələrini oxuya bilər.
10. Əgər bir şəxs namazda “İxlas” və “Kafirun” surələrindən qeyri bir surəni oxusa, bu surənin yarısını keçmədiyi təqdirdə, onu kəsib başqa bir surə oxuya bilər.
11. Əgər bir şəxs oxumaqda olduğu surənin bir hissəsini unutsa, yaxud vaxtın darlığına və ya başqa bir səbəbə görə surəni oxumağı başa çatdıra bilməsə, həmin surəni kəsməli və başqa bir surəni oxumalıdır. Bu halda surənin yarısını keçib-keçməməyin, yaxud bu surənin “İxlas” və “Kafirun” surələri olub-olmamasının bir fərqi yoxdur.
12. Müstəhəb namazlarda “Surə” oxumaq vacib deyildir. Hətta əgər bir müstəhəb namaz nəzir etmək nəticəsində vacib olsa belə, bu namazda “Surə” oxumaq vacib deyildir. Amma xüsusi bir surənin oxunması vurğulanan müstəhəb namazları (məsələn, valideyn üçün olan namazı) qaydası üzrə qılmaq istədikdə, həmin surə oxunmalıdır.
3. Üçüncü və dördüncü rəkətlərdə qiraətin şəri hökmləri
1. Namazın üçüncü və dördüncü rəkətlərində təsbihati-ərbə`əni bir dəfə demək kifayətdir, baxmayaraq ki, üç dəfə demək ehtiyat-müstəhəbə müvafiqdir.
2. Əgər bir şəxs “təsbihati-ərbə`ə”ni üç dəfə, yoxsa üç dəfədən çox və ya az dediyini bilməsə, onun üzərinə heç bir vəzifə düşmür. Amma rükuya getməmişdən qabaq ən az sayı götürə bilər və “təsbihati-ərbə`ə”ni üç dəfə dediyinə yəqin etmək üçün onu təkrar edə bilər.
3. Əgər bir şəxs adəti üzrə namazın üçüncü və dördüncü rəkətlərində “təsbihati-ərbə`ə”ni deyirsə, amma “Həmd”i oxumağı qərara alarsa, buna baxmayaraq, bu qərarına diqqət etməyib öz adəti üzrə “təsbihati-ərbə`ə”ni deyərsə, onun namazı düzgündür. Həmçinin əgər bir şəxs adəti üzrə namazın üçüncü və dördüncü rəkətlərində “Həmd”i oxuyursa, amma “təsbihati-ərbə`ə”ni deməyi qərara alarsa, buna baxmayaraq, bu qərarına diqqət etməyib öz adəti üzrə “Həmd”i oxuyarsa, onun namazı düzgündür.
4. Əgər bir şəxs namazın üçüncü və dördüncü rəkətlərində diqqətsizlik üzündən “Həmd” və “Surə”ni oxusa və bunu namazdan sonra başa düşsə, onun namazı düzgündür və namazı yenidən qılmaq lazım deyildir.
5. Əgər bir şəxs ayaq üstə ikən “Həmd”i və ya “təsbihati-ərbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, o, “Həmd”i və ya “təsbihati-ərbə`ə”ni oxumalıdır. Amma əgər müstəhəb istiğfarı (yəni “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” cümləsini) deyərkən “təsbihati-ərəbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, onu oxuması lazım deyildir.
6. Əgər bir şəxs üçüncü və dördüncü rəkətlərin rükusunda “Həmd”i və ya “təsbihati-ərbə`ə”ni oxuyub-oxumadığına şəkk etsə, o öz şəkkinə etina etməməlidir. Amma əgər rükuya gedərkən və rüku həddində əyilməmişdən qabaq bu şəkki etsə, ehtiyat-vacibə görə, ayağa qalxıb “Həmd”i və ya “təsbihati-ərbə`ə”ni oxumalıdır.
Suallar:
1- Gündəlik namazların “qiraət”ində hansı surələr və zikrlər oxunur?
2- Əgər bir şəxs hökmü bilmədiyinə görə “Həmd”dən sonra “Əl-Fil” və ya “Əş-Şərh” surələrini təklikdə oxusa, nə etməlidir?
3- Vacib namazlarda vacib səcdəsi olan surələri oxumağın hökmü nədir?
4- Müstəhəb namazlarda “Həmd”dən sonra “Surə” oxunmalıdırmı?
5- Əgər bir şəxs “təsbihati-ərbə`ə”ni üç dəfə, yoxsa üç dəfədən çox və ya az dediyini bilməsə, hökmü nədir?
6- Əgər bir şəxs namazın üçüncü və dördüncü rəkətlərində diqqətsizlik üzündən “Həmd” və “Surə”ni oxusa və bunu namazdan sonra başa düşsə, namazı yenidən qılmalıdırmı?
- Qırx birinci dərs: Qiraət (2)
Qırx birinci dərs: Qiraət (2)
4. “Qiraət”də surələrin və zikrlərin ucadan və ya astadan oxunması
1. Sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni ucadan oxumaq kişiyə vacibdir. Amma zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni astadan oxumalıdır. Qadın da zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni astadan oxumalıdır. Amma sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində “Həmd” və “Surə”ni ucadan və ya astadan oxuya bilər. Əgər naməhrəm kişi qadının səsini eşidirsə, onu astadan oxuması daha yaxşıdır.
2. Namazın üçüncü və dördüncü rəkətlərində həm kişi, həm də qadın “təsbihati-ərbə`ə”ni və ya “Həmd”i astadan oxumalıdır. Əgər “Həmd”i oxuyursa, ehtiyata görə, “Bismilləhir rahmənir rahim”i də astadan deməlidir.
Diqqət:
• Sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində ucadan oxumağın, zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində isə astadan oxumağın vacibliyi “Həmd” və “Surə”nin qiraətinə aiddir. Həmçinin məğrib və işa namazlarının üçüncü və dördüncü rəkətlərində astadan oxumağın vacibliyi “Həmd”in və ya təsbihati-ərbə`ənin qiraətinə aiddir. Amma rüku və səcdənin zikrlərini, təşəhhüdü və salamları, həmçinin gündəlik namazların digər vacib zikrlərini həm ucadan, həm də astadan oxumaq olar.
• Gündəlik namazlarda ucadan və ya astadan oxumağın vacibliyi baxımından əda namazı ilə qəza namazı arasında – hətta ehtiyat qəza namazı olsa belə – fərq yoxdur.
• Astadan oxumağın meyarı “səsin cövhərinin əsla mövcud olmaması” (yəni səsin heç çıxmaması) deyildir, əksinə, səsin cövhərini aşkar etməməkdir (yəni səsi ucaltmamaq və bir növ pıçıltı ilə oxumaqdır). Bunun əksi olaraq, ucadan oxumağın meyarı səsin cövhərini aşkar etməkdir (yəni səsi ucaltmaqdır).
• Əgər bir şəxs namazın ucadan oxunan “qiraət”ini bilərəkdən astadan oxusa və ya astadan oxunan “qiraət”ini bilərəkdən ucadan oxusa, onun namazı düzgün deyildir. Amma əgər unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə belə etsə, onun namazı düzgündür. Əgər o, “Həmd” və “Surə”ni oxuyarkən səhvini başa düşsə, səhvən ucadan və ya astadan oxuduğu hissəni yenidən oxuması lazım deyildir.
• Əgər bir şəxs səsini adi həddən çox qaldıraraq “Həmd” və “Surə”ni oxusa, məsələn, fəryad çəkərək oxusa, onun namazı pozulur.
5. Qiraətin vacibatları
1. Qiraət zamanı sözləri tələffüz etmək, başqa sözlə, dildə demək vacibdir. Odur ki, sözləri tələffüz etmədən ürəkdə oxumaq, yəni sözləri ürəkdən keçirmək kifayət etmir. Namazın sözlərini tələffüz etməyin göstəricisi isə odur ki, əgər bir şəxs ağır eşitmirsə və ya ətrafda səs-küy yoxdursa, o öz dediyini eşitsin.
Diqqət:
• Lal insan, yəni danışmaq qabiliyyətinə malik olmayan, amma başqa cəhətlərdən sağlam olan bir şəxs əgər namazı işarə ilə qılsa, namazı düzgündür və kifayət edir.
2. Namazın sözləri düzgün və səhvsiz tələffüz edilməlidir. Əgər bir şəxs namazın sözlərini düzgün tələffüz etməyi heç bir vəchlə öyrənə bilmirsə, bacardığı şəkildə tələffüz etsin. Ehtiyat-müstəhəb odur ki, bu şəxs namazını camaatla qılsın.
Diqqət:
• Əgər bir şəxs “Həmd” və “Surə”ni, yaxud namazın digər sözlərini və zikrlərini yaxşı bilmirsə, amma onları öyrənə bilərsə, namazın vaxtı geniş olduğu təqdirdə onları öyrənməlidir. Amma əgər namazın vaxtı dardırsa, namazı camaatla qılmaq mümkün olduğu təqdirdə, ehtiyat-vacibə görə, namazını camaatla qılmalıdır.
• Ümumiyyətlə, qiraətin (yəni oxunuş və tələffüzün) düzgünlüyü meyarı hərflərin hərəkələrini düzgün oxumaq və sükuna riayət etmək, həmçinin hərfləri öz məxrəcindən tələffüz etməkdir, belə ki, ərəbdillilər başqa bir hərfin deyil, məhz həmin hərfin tələffüz edildiyini söyləsinlər.
• Qiraətdə təcvid qaydalarına riayət etmək vacib deyildir.
• Əgər bir şəxs “Həmd” və “Surə”nin hansısa bir kəlməsini bilmirsə, yaxud bilsə də, bilərəkdən onu demirsə, yaxud hansısa bir hərfin yerinə bilərəkdən başqa bir hərfi deyirsə, məsələn, “ض” hərfinin yerinə “ز” hərfini deyirsə, yaxud kəlmələrin “hərəkələr”ini dəyişirsə və ya təşdidə riayət etmirsə, onun namazı düzgün deyildir.
• Əgər bir şəxs “Həmd” və “Surə”ni və ya namazın digər zikrlərini səhv tələffüz edibdirsə, məsələn, “yuləd” sözünü “yulid” olaraq tələffüz edibdirsə, “müqəssir cahil”[1] olduğu təqdirdə, ehtiyat-vacibə görə, onun namazı düzgün deyildir. Amma əgər “qasir cahil”[2] olubsa və həmin tələffüzün düzgün olduğunu düşünübsə, onun namazı düzgündür.
• “Maliki yəvmiddin” ayəsində “maliki” sözü “məliki” kimi də oxunmuşdur. Odur ki, ehtiyat ünvanında bu sözün iki şəkildə oxunmasının maneəsi yoxdur.
• Əgər bir şəxs “Həmd” və “Surə”ni oxuyarkən bir ayəni digər ayəyə birləşdirərsə, əvvəlki ayənin axırıncı hərəkəsini tələffüz etməsi vacib deyildir. Məsələn, əgər o, “Maliki yəvmiddin” ayəsində “yəvmiddin” kəlməsinin axırıncı hərəkəsini deməsə və fasiləsiz olaraq “İyyakə nə`budu və iyyakə nəstə`in” desə, bunun iradı yoxdur. Bu, “sükunlu vəsl” adlanır. Ayənin təşkil olunduğu kəlmələrin axırıncı hərəkəsi barəsində də hökm eynidir, baxmayaraq ki, burada “sükunlu vəsl” etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
• Əgər bir şəxs “Ğəyril məğzubi ələyhim” ifadəsindən sonra bir qədər dayanıb, daha sonra “Vələzzallin” ifadəsini desə, bu, cümlənin bütövlüyünə xələl gətirmədiyi təqdirdə, iradı yoxdur.
• Əgər bir şəxs bir ayəni oxumağa başladıqdan sonra əvvəlki ayəni düzgün oxuyub-oxumadığına şəkk etsə, o öz şəkkinə etina etməsin. Həmçinin əgər bir ayənin bir cümləsini deyərkən əvvəlki cümləni düzgün deyib-demədiyinə şəkk etsə, məsələn, “İyyakə nəstə`in” cümləsini deyərkən “İyyakə nə`budu” cümləsini düzgün deyib-demədiyinə şəkk etsə, o öz şəkkinə etina etməsin. Əlbəttə, düzgün tələffüz edib-etmədiyinə şəkk etdiyi kəlmə və ifadəni ehtiyat üzrə yenidən desə, bunun maneəsi yoxdur.
3. “Həmd” və “Surə”ni oxuyarkən və ya “təsbihati-ərbə`ə”ni deyərkən bədən hərəkətsiz olmalıdır. Əgər şəxs bir qədər irəli və ya geri hərəkət etmək istəsə, yaxud bədənini bir qədər sağa və ya sola hərəkət etdirmək istəsə, deməkdə olduğu zikri hərəkət zamanı dayandırmalıdır.
6. Qiraətin bir sıra müstəhəb və məkruh əməlləri
Qiraətin müstəhəb əməllərindən bəzisi aşağıdakılardır:
1. Birinci rəkətdə “Həmd”dən qabaq “Ə`uzu billahi minəş-şəytanir-rəcim” demək;
2. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Bismillahir rahmənir rahim”i ucadan demək;
3. “Həmd” və “Surə”ni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni əvvəlki ayəni sonrakı ayəyə birləşdirməmək;
5. “Həmd” və “Surə”ni oxuyarkən ayələrin mənasına diqqət yetirmək;
6. “Həmd”i oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək, istər camaat namazında olsun, istərsə də tək halda (furada) qılınan namazda olsun, həmçinin namaz qılan şəxs istər imam-camaat olsun, istərsə də iqtida edən olsun, fərqi yoxdur;
7. “İxlas” surəsini oxuduqdan sonra bir, ya iki və ya üç dəfə “Kəzalikəllahu Rəbbi” cümləsini demək;
8. “Həmd”i, həmçinin “Surə”ni oxuduqdan sonra bir qədər dayanmaq, sonra namazı davam etdirmək;
9. Üçüncü və dördüncü rəkətlərdə təsbihati-ərbə`əni dedikdən sonra Allahdan bağışlanma diləyərək bu cümləni demək: “Əstəğfirullahə Rəbbi və ətubu iləyh”, yaxud “Əllahummə iğfir li”.
Qiraətin məkruh əməllərindən bəzisi aşağıdakılardır:
1. Gündəlik namazlarda “İxlas” surəsini bir dəfə belə oxumamaq;
2. “İxlas” surəsi istisna olmaqla, eyni bir “Surə”ni hər iki rəkətdə təkrar oxumaq.
Suallar:
1- Qadınlar sübh, məğrib və işa namazlarının “Həmd” və “Surə”sini ucadan oxuya bilərlərmi?
2- Sübh namazının qəzasını qılan şəxs namazı ucadan qılmalıdır, yoxsa astadan?
3- Əgər sübh, məğrib və işa namazlarının “Həmd” və “Surə”si ucadan oxunmazsa, hökm nədir?
4- Namazın sözlərini ata-anasının və ya müəlliminin öyrətdiyi kimi tələffüz edən bir şəxs əgər sonradan bu sözləri səhv tələffüz etdiyini bilsə, qıldığı namazların hökmü nədir?
5- Qiraətin düzgünlüyünün meyarı nədir?
6- “Sükunlu vəsl” nə deməkdir və hökmü nədir?
[1] Müqəssir cahil – o şəxsdir ki, öz cəhalətini, yəni “bilmədiyi”ni bilir və bu cəhaləti aradan qaldırmağın yollarını da bilir, amma şəriəti öyrənməyə səhlənkar yanaşır.
[2] Qasir cahil – o şəxsdir ki, ümumiyyətlə, öz cəhalətindən xəbərsizdir, yəni bilmədiyini bilmir, yaxud da öz cəhalətindən xəbərdar olsa da, onu aradan qaldırmağa bir yolu yoxdur.
- Qırx ikinci dərs: Rüku
Qırx ikinci dərs: Rüku
Rüku
1. Rükunun mənası və şəri hökmləri
Hər rəkətdə “qiraət”dən sonra bir rüku yerinə yetirmək vacibdir. Rüku – əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilməkdir.
Diqqət:
• Əgər bir şəxs rüku həddində əyildikdən və bədəni hərəkətsiz olduqdan sonra qalxsa və rüku niyyətilə yenidən əyilsə, namazı pozulur. (Çünki rüku rükndür və onu artırmaq namazın pozulmasına səbəb olur.)
2. Rükunun vacibatları
Rükunun vacib əməlləri aşağıdakılardır:
1- Əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilmək;
2- Zikr demək;
3- Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olması;
4- Rüku etdikdən sonra qalxıb ayaq üstə dayanmaq;
5- Rükudan qalxdıqdan sonra bədənin hərəkətsiz olması.
1- Əlləri dizlərə qoymaq mümkün olan bir həddə əyilmək
1. Hər rəkətdə “qiraət”dən sonra o həddə əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun. Əgər əl barmaqlarının ucu dizlərə çatarsa, bu da kifayət edir.
2. Ehtiyat-vacibə görə, rüku halında əllər dizlərə qoyulmalıdır.
3. Əyilmək rüku niyyətilə olmalıdır. Beləliklə, əgər bir şəxs başqa bir iş üçün, məsələn, bir həşəratı öldürmək və ya yerdən nəyisə götürmək niyyətilə əyilsə, bunu rüku hesab edə bilməz. Əksinə, o, ayağa qalxmalı və rüku niyyətilə yenidən əyilməlidir. Bu halda “rükn” artırılmış hesab olunmur və namaz pozulmur.
4. Əgər bir şəxs rükunu əyləşən halda yerinə yetirirsə, kifayət edir ki, o, üzü dizlərinin müqabilinə çatacaq həddə əyilsin. Əlləri dizlərə qoymaq isə lazım deyildir.
2- Zikr demək
1. Rükunun vacib zikri bir dəfə “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” və ya üç dəfə “Subhanəllah”dan ibarətdir. Əgər “Subhanəllah” zikrinin yerinə (səcdənin xüsusi zikrindən qeyri) başqa bir zikr, məsələn, “Əl-həmdu lilləh”, “Əllahu əkbər” və s. üç dəfə deyilərsə, kifayət edir.
2. Əgər bir şəxs səhvən rükunun zikrinin yerinə səcdənin zikrini desə, iradı yoxdur. Həmçinin əgər bunu Mütəal Allahın ümumi zikri niyyətilə desə, iradı yoxdur, amma rükunun xüsusi zikrini də deməlidir.
3- Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olması
Rükunun vacib zikri deyildiyi zaman bədən hərəkətsiz olmalıdır. Hətta rüku zikri müstəhəb niyyətilə deyildiyi zaman, məsələn, “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” zikri və ya başqa bir zikr təkrar edildiyi zaman, ehtiyat-vacibə görə, bədən hərəkətsiz olmalıdır.
Əgər rükunun vacib zikrini deyərkən bədən qeyri-ixtiyari olaraq hərəkət etsə, belə ki, vacib olan hərəkətsizlik aradan getsə, bədən hərəkətsiz vəziyyətə gəldikdən sonra vacib zikr təkrar deyilməlidir.
3. Rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər rüku həddində əyilməmişdən və bədəni hərəkətsiz vəziyyət almamışdan qabaq bilərəkdən rükunun zikrini desə, onun namazı pozulur. Amma əgər səhvən rükunun zikrini desə, rüku həddində əyildikdən və bədəni hərəkətsiz vəziyyət aldıqdan sonra vacib zikri yenidən deməlidir.
4. Rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər rükunun vacib zikrini tamamlamamışdan qabaq bilərəkdən rükudan qalxsa, onun namazı pozulur. Amma əgər səhvən rükudan qalxsa, rüku həddindən xaric olmamışdan qabaq səhvini başa düşdüyü təqdirdə, həmin vəziyyətdə dayanmalı və rükunun zikrini deməlidir. Rüku həddindən xaric olduğu təqdirdə isə onun namazı düzgündür.
5. Əgər bir şəxs xəstəliklə və ya bu kimi başqa bir səbəblə əlaqədar olaraq üç dəfə “Subhanəllah” zikrini demək ölçüsündə rükuda qala bilmirsə, onun bir dəfə “Subhanəllah” deməsi kifayət edir. Əgər o, yalnız bir an rükuda qala bilirsə, ehtiyat-vacibə görə, həmin an zikri deməyə başlamalı və rükudan qalxa-qalxa zikri tamamlamalıdır.
4 və 5- Rüku etdikdən sonra qalxıb ayaq üstə dayanmaq və bədənin hərəkətsiz olması
zikrini dedikdən sonra qalxıb ayaq üstə dayanmaq və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra səcdəyə getmək lazımdır. Əgər bir şəxs bilərəkdən qalxıb ayaq üstə dayanmadan və ya bədən hərəkətsiz vəziyyət almadan səcdəyə gedərsə, onun namazı pozulur.
3. Rükunu unutmaq
1. Əgər bir şəxs rüku etməyi unutsa və birinci səcdəyə getməmişdən qabaq bunu xatırlasa, o, ayağa qalxıb dayanmalı və ayaq üstə dayandığı halda rükuya getməlidir. Əgər o, tam ayağa qalxmamış və əyilmiş vəziyyətdə ikən rükuya gedərsə, bu, kifayət etmir. Belə rüku ilə kifayətləndiyi təqdirdə, onun namazı düzgün deyildir. Amma əgər o, ikinci səcdəyə getdikdən sonra bunu xatırlasa, namazı pozulur. (Çünki namazın bir rüknünü yerinə yetirməmişdir və digər rüknə daxil olmuşdur.)
2. Əgər bir şəxs ikinci səcdəyə getməmişdən qabaq (yəni birinci səcdədə ikən və ya birinci səcdədən sonra və ikinci səcdəyə daxil olmamışdan qabaq) rüku etmədiyini xatırlasa, ayağa qalxıb dayanmalı və rüku etməlidir. Rükudan sonra iki səcdəni yerinə yetirməlidir. Namaz tamamlandıqdan sonra isə artıq səcdə üçün iki səhv-səcdəsi yerinə yetirmək ehtiyat-müstəhəbdir.
4. Rükunun müstəhəb əməlləri
Rükunun müstəhəb əməllərindən bəzisi aşağıdakılardır:
1. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (yəni “Əllahu əkbər”) demək;
2. Əgər namaz qılan şəxs kişidirsə, dizlərini geriyə versin, yox əgər qadındırsa, dizlərini geriyə verməsin;
3. Başı aşağı salmamaq və bədən səviyyəsində saxlamaq;
4. Əlin içini dizlərin üstünə qoymaq;
5. İki ayağın arasına baxmaq;
6. Rükunun zikrindən qabaq və ya sonra salavat demək;
7. Rükudan qalxıb ayaq üstə dayandıqdan və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra “Səmi`əllahu li-mən həmidəh” demək;
8. Əgər namaz qılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.
Suallar:
1- Rükunun vacib əməlləri hansılardır?
2- Rükuda əlləri dizlərə qoymaq vacibdirmi?
3- Əyləşən halda namaz qılan şəxs rüku edərkən nə qədər əyilməlidir?
4- Əgər rükunun vacib zikrini deyərkən bədən qeyri-ixtiyari hərəkət etsə və vacib olan hərəkətsizlik aradan getsə, nə etmək lazımdır?
5- Rükunu unudan şəxs əgər ikinci səcdəni yerinə yetirməmişdən öncə rüku etmədiyini xatırlasa, nə etməlidir?
6- Rükunun müstəhəb əməllərindən beşini sadalayın.
- Qırx üçüncü dərs: Səcdə (1)
Qırx üçüncü dərs: Səcdə (1)
Səcdə
1. Səcdənin mənası və şəri hökmləri
Vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirmək vacibdir. Səcdə – təvazökarlığı bildirmək niyyətilə alını yerə qoymaqdır.
Diqqət:
• Bir rəkətdə iki səcdə birlikdə “rükn” sayılır. Yəni əgər bir şəxs istər bilərəkdən, istərsə də səhvən səcdənin ikisini də yerinə yetirməsə və ya iki səcdə artıq yerinə yetirsə, namazı pozulur.
• Əgər bir şəxs bilərəkdən bir səcdə az və ya çox yerinə yetirsə, onun namazı pozulur. Amma əgər bunu səhvən etsə, namazı pozulmur. Bunun özünəxas hökmü vardır ki, bir qədər irəlidə açıqlanacaqdır.
2. Səcdənin vacibatları
Səcdənin vacib əməlləri aşağıdakılardır:
1- Bədənin yeddi üzvünü yerə qoymaq;
2- Zikr demək;
3- Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olması;
4- Zikri deyərkən yeddi üzvün yerdə olması;
5- Birinci səcdədən qalxıb əyləşmək və bədən hərəkətsiz olduqdan sonra ikinci səcdəyə getmək;
6- Səcdə üzvlərinin qoyulduğu yerlərin biri-digərindən dörd bağlı barmaqdan hündürdə və ya alçaqda olmaması;
7- Alının qoyulduğu yerin pak olması;
8- Üzərinə səcdə edilən şey ilə alın arasında bir maneənin olmaması;
9- Alının “üzərinə səcdə etməyin düzgün olduğu şey”in üzərinə qoyulması;
10- Ehtiyat-vacibə görə, təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək.
1- Bədənin yeddi üzvünü yerə qoymaq
1. Səcdə edərkən bədənin yeddi üzvü yerə qoyulmalıdır: alın, iki əlin içi, iki dizlər və ayağın iki baş barmağının başı.
Diqqət:
• Səcdə edərkən əlləri xırda dəlikləri olan döşəmə daşlarının üstünə qoymağın maneəsi yoxdur.
• Səcdədə ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymağın maneəsi yoxdur.
2. Əgər bir şəxs alnını bilərəkdən və ya səhvən yerə qoymasa, səcdə etməmişdir, baxmayaraq ki, digər altı üzv (yəni iki əlin içi, iki diz və iki ayağın baş barmağının başı) yerə qoyulubdur. Amma əgər alnını yerə qoysa, digər üzvləri isə səhvən yerə qoymasa, yaxud səcdənin zikrini səhvən deməsə, səcdə düzgündür.
3. Əgər bir şəxs əyilib alnını yerə qoya bilmirsə, bacardığı qədər əyilməli və möhürü və ya üzərinə səcdə etməyin düzgün olduğu başqa bir şeyi hündür bir əşyanın üstünə qoymalı və alnını möhürə elə bir şəkildə qoymalıdır ki, ətrafdakılar onun səcdə etdiyini söyləsinlər. Amma mümkün olduğu təqdirdə əllərin içini, dizləri və ayağın baş barmağının başını adi qaydada yerə qoymalıdır. Əgər möhürü qoymaq üçün bir əşya tapılmazsa, möhürü əli ilə yuxarı qaldırmalı və alnını ona qoymalıdır.
4. Əgər bir şəxs əsla əyilə bilmirsə və hündür bir yerə də səcdə edə bilmirsə, səcdə etmək əvəzinə başı ilə səcdəyə işarə etməlidir. Əgər bunu da edə bilmirsə, gözü ilə səcdəyə işarə etməlidir.
Diqqət:
• Əlil arabasından istifadə edən və vəziyyətinə görə yeddi səcdə üzvünü yerə qoya bilməyən bir şəxs əgər möhürü arabanın dəstəyinə və ya balış və s. vasitələrin üstünə qoyub səcdə edə bilirsə, bu qaydada səcdə etməlidir. Qıldığı namaz da düzgündür. Əgər bu qaydada namaz qılmaq mümkün deyildirsə, bacardığı şəkildə, hətta başın işarəsi ilə və ya başın işarəsi ilə mümkün olmadığı halda gözün işarəsi ilə səcdə və rükunu yerinə yetirsin. Onun namazı düzgündür.
5. Əgər bir şəxs palçıqlı yerdə namaz qılırsa və səcdə etdiyi təqdirdə bədəninin və paltarının palçığa bulaşması onu böyük çətinliyə salacaqdırsa, o, ayaq üstə dayandığı vəziyyətdə başı ilə səcdəyə işarə edə bilər və təşəhhüdü də ayaq üstə oxuya bilər.
2. Zikr demək
1. Səcdənin vacib zikri bir dəfə “Subhanə Rabbiyəl-ə`la və bi-həmdihi” və ya üç dəfə “Subhanəllah”dan ibarətdir. Əgər “Subhanəllah” zikrinin yerinə (rükunun xüsusi zikrindən qeyri) başqa bir zikr, məsələn, “Əl-həmdu lilləh”, “Əllahu əkbər” və s. üç dəfə deyilərsə, kifayət edir.
2. Əgər rüku və səcdənin zikri bir-birinin yerinə deyilsə, bu, səhvən olduğu təqdirdə, iradı yoxdur. Həmçinin əgər bilərəkdən belə deyilsə, amma izzətli və cəlalətli Allahı ümumi zikr etmək niyyətilə deyilsə, iradı yoxdur, lakin rüku və ya səcdənin xüsusi zikri də deyilməlidir.
3. Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olması
Səcdənin vacib zikri deyilən zaman bədən hərəkətsiz olmalıdır. Həmçinin ehtiyat-vacibə görə, müstəhəb zikr niyyətilə hansısa bir zikr deyilərkən, məsələn, “Subhanə Rabbiyəl-ə`la və bi-həmdihi” və ya başqa bir zikr təkrar edilərkən bədən hərəkətsiz olmalıdır.
2. Səcdənin zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər alnını yerə qoymamışdan və bədəni hərəkətsiz olmamışdan qabaq bilərəkdən zikr desə, onun namazı pozulur. Amma əgər səhvən zikr desə, səcdə zamanı səhvini başa düşdüyü təqdirdə, bədəni hərəkətsiz olduqdan sonra zikri yenidən deməlidir. Səcdədən qalxdıqdan sonra səhvini başa düşdüyü təqdirdə isə onun namazı düzgündür.
3. Səcdənin zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən bir şəxs əgər zikr tamamlanmamışdan qabaq bilərəkdən başını səcdədən qaldırsa, onun namazı pozulur. Amma əgər səhvən başını səcdədən qaldırsa, onun namazı düzgündür.
4. Əgər döşəyin və ya bu kimi bir şeyin üstündə dayanaraq səcdə yerinə yetirilsə (belə ki, döşəyin üstündə dayanaraq səcdə etdikdə bədən əvvəlcə hərəkət edir və sonra dayanır), bədən hərəkətsiz olduğu zaman zikr deyildiyi təqdirdə, namaz düzgündür.
4. Zikri deyərkən yeddi üzvün yerdə olması
1. Əgər səcdənin zikri deyilərkən yeddi üzvdən biri bilərəkdən yerdən qaldırılsa, namaz pozulur. Amma zikr deyilməyən zaman alından başqa üzvlər yerdən qaldırılsa və yenidən yerə qoyulsa, bunun iradı yoxdur.
2. Əgər səcdənin zikri tamamlanmamışdan qabaq alın səhvən yerdən qaldırılsa, alını yenidən yerə qoymaq olmaz. Bu, bir səcdə hesab olunmalıdır. Amma əgər digər üzvlər səhvən yerdən qaldırılsa, onları yenidən yerə qoymaq və zikri demək lazımdır.
3. Əgər səcdə edərkən alın səcdə yerinə dəyib qeyri-ixtiyari olaraq yerdən qalxsa, alını yenidən yerə qoymaq və zikri demək lazımdır. Bu, birlikdə bir səcdə hesab olunur.
5. Birinci səcdədən qalxıb əyləşmək və bədən hərəkətsiz olduqdan sonra ikinci səcdəyə getmək
Birinci səcdənin zikri tamamlandıqdan sonra əyləşmək və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra ikinci səcdəyə getmək lazımdır.
6- Səcdə üzvlərinin qoyulduğu yerlərin birinin-digərindən dörd bağlı barmaq ölçüsündən hündürdə və ya alçaqda olmaması
Səcdə edərkən alının qoyulduğu yer dizlərin və ayaq barmaqlarının başının qoyulduğu yerdən dörd bağlı barmaq ölçüsündən hündürdə və ya alçaqda olmamalıdır (başqa sözlə desək, namaz məkanı düz və hamar yer olmalıdır).
7. Alının qoyulduğu yerin pak olması
Möhür, ümumiyyətlə, üzərinə səcdə edilən şey pak olmalıdır. Amma möhürü napak xalçanın üstünə qoyub səcdə etməyin, yaxud bir tərəfi napak olan möhürün pak tərəfinə alını qoyub səcdə etməyin maneəsi yoxdur.
8. Üzərinə səcdə edilən şey ilə alın arasında bir maneənin olmaması
Üzərinə səcdə edilən şey ilə alın arasında heç bir maneə olmamalıdır. Beləliklə, əgər saç, papaq və ya möhürün üzərini örtən çirk qatı “üzərinə səcdə edilən şey” ilə alın arasında maneə əmələ gətirərsə, namaz düzgün deyildir. Amma əgər möhürün sadəcə rəngi dəyişmiş olarsa, bunun iradı yoxdur.
Diqqət:
• Əgər bir şəxs səcdə zamanı başa düşsə ki, alnı hansısa bir maneəyə görə, məsələn, çadraya görə möhürə dəymir, o, başını yerdən qaldırmadan alnını hərəkət etdirməli və alnını möhürə qoymalıdır. Əgər başını yerdən qaldırsa, bu hərəkət məsələni bilməmək və ya unutqanlıq üzündən olduğu, habelə bir rəkətin iki səcdəsindən yalnız birində baş verdiyi təqdirdə, namaz düzgündür və namazı yenidən qılmaq vacib deyildir. Amma əgər məsələni bilərək bu hərəkəti edərsə və ya bir rəkətin hər iki səcdəsində bunu edərsə, namaz düzgün deyildir və namazı yenidən qılmalıdır.
9. Alının “üzərinə səcdə etməyin düzgün olduğu şey”in üzərinə qoyulması
Alın “üzərinə səcdə etməyin düzgün olduğu şey”in üzərinə qoyulmalıdır.
10. Ehtiyat-vacibə görə, təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək
Ehtiyat-vacibə görə, bütün namazların birinci rəkətində və dördrəkətli namazların üçüncü rəkətində ikinci səcdədən sonra əyləşmək, daha sonra növbəti rəkət üçün ayağa qalxmaq lazımdır. Əlbəttə, əgər mükəlləf bir qədər əyləşmədən sonrakı rəkət üçün ayağa qalxarsa, onun namazı pozulmur.
Suallar:
1- Namazda bir səcdəni artırıb-azaltmağın hökmü nədir?
2- Səcdə edərkən ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymaq olarmı?
3- Alnını yerə qoya bilməyən şəxs nə etməlidir?
4- Döşək və s. bu kimi yumşaq əşyaların üstünə möhür qoyub səcdə etmək olarmı?
5- Üzəri qaralmış və çirk tutmuş möhürün üzərinə səcdə etmək olarmı?
6- Təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək vacibdirmi?
- Qırx dördüncü dərs: Səcdə (2)
Qırx dördüncü dərs: Səcdə (2)
3. Üzərinə səcdə etməyin düzgün olduğu şeylər
Yerin və Yerdən çıxan şeylərin üzərinə üç şərt daxilində səcdə etmək düzgündür:
1- Yeyilən olmamalıdır;
2- Geyinilən olmamalıdır;
3- Mədəndən çıxarılmamalıdır.
1. Namazın səcdəsində alın Yerə və ya Yerdən çıxıb yeyilməyən və geyinilməyən bitkilərin üzərinə qoyulmalıdır, məsələn, daş, torpaq, çubuq, ağacların yarpağı və s. Amma Yerdən çıxmasına baxmayaraq, yeyilən və geyinilən bitkilərin, məsələn, buğda və pambığın üzərinə səcdə etmək düzgün deyildir. Həmçinin Yerin tərkibindən sayılmayan qazıntıların, məsələn, metalların və şüşənin üzərinə səcdə etmək düzgün deyildir.
2. Binaların tikintisində və ya dekorasiyasında istifadə edilən mərmər daşının və bu kimi başqa daşların üzərinə səcdə etmək düzgündür. Həmçinin əqiq, firuzə, dürr və bu kimi daşların üzərinə səcdə etmək düzgündür, amma bu daşların üzərinə səcdə etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
3. Yerdən çıxan və yalnız heyvan yemi olan bitkilərin, məsələn, ot və samanın üzərinə səcdə etmək düzgündür.
4. Çayın yaşıl yarpağı üzərinə səcdə etmək, ehtiyat-vacibə görə, düzgün deyildir. Amma qəhvə yarpağının üzərinə səcdə etmək – onun yarpağı qida kimi istifadə edilmədiyinə görə – düzgündür.
5. Qida kimi istifadə edilməyən güllərin, həmçinin yalnız xəstəliklərin müalicəsində istifadə edilən bitki dərmanlarının, məsələn, gülxətminin və bənövşə gülünün üzərinə səcdə etmək düzgündür. Amma tibbi xassələrinə görə müalicədən əlavə, qida kimi də istifadə edilən bitkilərin, məsələn, kətan toxumunun üzərinə səcdə etmək düzgün deyildir.
6. Bəzi məntəqələrdə və ya bəzi toplumlarda yeyilən, amma başqalarının qida kimi istifadə etmədikləri bitkilər yeyilən bitkilər sayılır. Belə bitkilərin üzərinə səcdə etmək düzgün deyildir.
7. Kərpic, saxsı, tabaşir, əhəng və sementin üzərinə səcdə etmək düzgündür.
8. Çubuqdan və bitkidən (kətan və pambıq istisna olmaqla) hazırlanan kağızın üzərinə səcdə etmək düzgündür.
9. Əgər bir şəxsin ixtiyarında “üzərinə səcdə etməyin düzgün olduğu bir şey” yoxdursa, yaxud soyuq və ya istiliklə, yaxud da başqa bir səbəblə əlaqədar onun üzərinə səcdə edə bilmirsə, onun paltarı pambıqdan və ya kətandan olduğu, yaxud pambıq və ya kətandan olan başqa bir şey onun ixtiyarında olduğu təqdirdə, onların üzərinə səcdə etməlidir. Ehtiyat-vacibə görə, pambıq və ya kətandan olan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda başqa bir şeyin (yəni pambıq və ya kətandan olan başqa bir şeyin üzərinə) səcdə etməsin. Amma əgər onun ixtiyarında bu kimi paltar və ya başqa bir əşya yoxdursa, ehtiyat-vacibə görə, o, əlinin üstünə səcdə etməlidir.
10. Əgər namaz əsnasında üzərinə səcdə edilən şey itərsə və üzərinə səcdə etməyin düzgün olduğu bir şey insanın əli altında olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsmək lazımdır. Namaz vaxtı dar olduğu təqdirdə isə əvvəlki məsələdə qeyd edilən ardıcıllığa riayət edərək səcdəni yerinə yetirmək lazımdır.
11. Təqiyyə etməyin vacib olduğu yerdə xalçanın və bu kimi əşyanın üzərinə səcdə etmək olar. Namaz qılmaq üçün başqa yerə getmək vacib deyildir. Amma əgər həmin yerdə zəhmətə düşmədən həsirin, daşın və ya bu kimi əşyaların üzərinə səcdə etmək mümkündürsə, ehtiyat-vacibə görə, bu əşyaların üzərinə səcdə etmək lazımdır.
12. Əgər birinci səcdəni yerinə yetirərkən möhür alına yapışsa, ikinci səcdəni yerinə yetirmək üçün möhürü alından qoparmaq lazımdır. Əgər bir şəxs belə bir hal ilə qarşılaşdığı zaman möhürü alnından qoparmasa və möhür alnında ikən səcdəyə getsə, bunun iradı vardır.
Diqqət:
• Ən yaxşı səcdə torpağın və Yerin üstünə edilən səcdədir, çünki Mütəal Allah qarşısında xüzu və xüşu əlamətidir. Səcdə üçün heç bir torpaq fəzilətdə Seyyidüş-şühəda İmam Hüseynin (ə) türbətinə çatmır.
4. Səcdənin müstəhəb əməlləri
Səcdənin müstəhəb əməllərindən bəzisi aşağıdakılardır:
1. Səcdədən əvvəl və sonra bədən hərəkətsiz vəziyyətdə ikən “təkbir” demək;
2. İki səcdə arasında bədən hərəkətsiz vəziyyətdə ikən“Əstəğfirullahə Rabbi və ətubu iləyh” demək;
3. Səcdəni uzadıb zikrlər demək, dünya və axirət hacətlərini istəmək, salavat demək;
4. Səcdədən qalxıb sol bud üstündə əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq.
Diqqət:
• Səcdədə Quran oxumaq məkruhdur (yəni savabı azdır).
Səcdəyə aid iki şəri məsələ:
• Mütəal Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Məsum İmamların (ə) hərəminin girişində alınlarını yerə qoyan şəxslər əgər Mütəal Allaha şükür etmək niyyətilə səcdə edirlərsə, bunun maneəsi yoxdur. Əks halda, bu iş haramdır.
• “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq” surələrinin hər birində bir vacib səcdəsi olan ayə vardır. Əgər bir şəxs bu ayəni oxusa və ya onu dinləsə, ayə tamamlanandan sonra dərhal səcdə etməlidir. Əgər səcdə etməyi unudarsa, yadına düşdüyü vaxt səcdəni yerinə yetirməlidir.
Diqqət:
• Səcdə ayələri aşağıdakılardır:
1. “Səcdə” surəsi, 15-ci ayə;
2. “Fussilət” surəsi, 37-ci ayə;
3. “Nəcm” surəsi, 62-ci ayə;
4. “Ələq” surəsi, 19-cu ayə.
• Əgər bir şəxs radio, televiziya və ya disk oxuducu və bu kimi vasitələrlə yayımlanan səcdə ayəsini dinləsə, səcdə etməlidir.
• Quranın vacib səcdəsində o şeylərin üzərinə səcdə etmək lazımdır ki, namazda onların üzərinə səcdə etmək düzgün hesab olunurdu. Amma namazın səcdəsinin digər şərtlərinə riayət etmək, məsələn, üzü qibləyə tərəf olmaq, dəstəmazlı olmaq və s. vacib deyildir.
• Quranın vacib səcdəsində alını səcdə məqsədilə yerə qoymaq kifayət edir və zikr demək vacib deyildir, amma zikr demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin: “La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu imanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi tə`əbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir”.
Suallar:
1- Hansı şeylərin üzərinə səcdə etmək düzgündür və hansı şərtləri vardır?
2- Kağızın üzərinə səcdə etmək olarmı?
3- Əgər namaz əsnasında üzərinə səcdə edilən şey itərsə və üzərinə səcdə etməyin düzgün olduğu bir şey insanın əli altında olmazsa, nə etməlidir?
4- Hansı torpağın üzərinə səcdə etmək daha fəzilətlidir?
5- Məsum İmamların (ə) hərəmlərinin qapısı ağzında səcdə etməyin hökmü nədir?
6- Əgər bir şəxs radio, televiziya və ya disk oxuducu və bu kimi vasitələrlə yayımlanan səcdə ayəsini dinləsə, dərhal səcdə etməlidirmi?
- Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
Zikr
1. Zikrin mənası
İzzətli və cəlalətli Allahın yad edilməsini ehtiva edən hər bir ifadə “zikr” sayılır (məsələn, Əllahu əkbər, Əl-həmdu lilləh, Subhanəllah). Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (s) salavat ən yaxşı zikrlərdəndir. Amma rüku və səcdənin vacib zikri rükuda bir dəfə “Subhanə Rabbiyəl azimi və bi-həmdih” və səcdədə bir dəfə “Subhanə Rabbiyəl ə`la və bi-həmdih” zikrini demək, yaxud da üç dəfə “Subhanəllah” zikrini deməkdən ibarətdir. Əgər “Subhanəllah”ın yerinə başqa zikrlər, məsələn, “Əl-həmdu lillah”, “Əllahu əkbər” və s. zikrlər eyni sayda deyilərsə, kifayət edir.
2. Zikrin vacibatları
1. Namazın zikrlərini tələffüz etmək lazımdır. Tələffüz etməyin göstəricisi isə odur ki, əgər bir şəxs ağır eşitmirsə və ya ətrafda səs-küy yoxdursa, o öz dediyini eşitsin.
2. Namazın bütün vacib zikrləri ərəbcə düzgün tələffüz edilməlidir. Əgər namaz qılan şəxs ərəb sözlərinin düzgün tələffüzünü bilmirsə, bunu öyrənməlidir. Amma əgər öyrənməyə qadir deyildirsə, üzrlü hesab olunur.
3. Namazın bütün vacib və müstəhəb zikrlərini deyərkən bədən hərəkətsiz olmalıdır. Əgər namaz qılan şəxs bir qədər irəliyə və ya geriyə, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi zaman dediyi zikri kəsməlidir. Bəli, hərəkət edə-edə “mutləq zikr” niyyətilə (yəni namazın zikrini niyyət etmədən və sadəcə zikr deməyi niyyət edərək) zikr deməyin maneəsi yoxdur.
Zikrə aid bir neçə şəri məsələ:
• Əgər rüku və səcdənin zikri bir-birinin yerinə deyilsə, bu, səhvən olduğu təqdirdə, iradı yoxdur. Bilərəkdən deməyə isə icazə verilmir. Amma əgər bilərəkdən deyilsə də, izzətli və cəlalətli Allahı ümumi zikr etmək niyyətilə olsa, iradı yoxdur. Bu halda rüku və ya səcdənin xüsusi zikri də deyilməlidir.
• Əgər bir şəxs rüku və ya səcdəni yerinə yetirdikdən sonra zikri səhv dediyini başa düşsə, namazı düzgündür.
• Səcdə və rükunun vacib zikrini dedikdən sonra həmin zikri təkrar etməyin savabı vardır və yaxşı olar ki, tək sayda (məsələn, 3, 5 və ya 7 dəfə) deyilsin. Səcdədə bu deyilənlərdən əlavə, salavat demək, dünya və axirət hacətləri üçün dua etmək müstəhəbdir.
• Rükuya getməmişdən qabaq və hər səcdədən əvvəl və sonra “təkbir” demək müstəhəbdir. Bu təkbir rükuya və ya səcdəyə gedərkən, yaxud rükudan və ya səcdədən qalxarkən (yəni bədən hərəkət edərkən) deyilməməlidir. Amma namazda istənilən halda, o cümlədən rükuya və səcdəyə gedərkən və ya rükudan və səcdədən qalxarkən “mutləq zikr” niyyətilə hər bir zikri, eləcə də təkbir demək olar.
• “Bihəvlilləhi və quvvətihi əqumu və əq`udu” (Allahın güc- qüvvəsilə oturub-qalxıram) zikrini sonrakı rəkət üçün ayağa qalxarkən demək müstəhəbdir.
Təşəhhüd
1. Təşəhhüdün mənası və şəri hökmü
Bütün namazların ikinci rəkətində, həmçinin məğrib namazının üçüncü rəkətində və zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra əyləşmək və bədən hərəkətsiz olduqdan sonra “təşəhhüd” adlanan zikri demək vacibdir. Bu əməl “təşəhhüd” adlanır.
2. Təşəhhüdün sözləri
Təşəhhüdün vacib zikri belədir:
“Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu, Əllahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd”.
Diqqət:
• Təşəhhüdün vacib zikrindən qabaq “Əl-həmdu lilləh” və ya “Bismilləhi və billəhi, vəl-həmdu lilləhi, və xəyrul-əsmai lilləhi” cümləsini demək müstəhəbdir. Həmçinin təşəhhüdün salavatından sonra bu cümləni demək müstəhəbdir: “Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu”.
• Təşəhhüdün salavatını deyərkən “Əllahummə salli əla Muhəmmədin”ə çatdıqda vəqf edib “Muhəmməd” demək, sonra salavatın ardını, yəni “və Ali-Muhəmməd”i demək cümlənin bütövlüyünə xələl gətirmədiyi təqdirdə, düzgündür.
3. Təşəhhüdü unudan şəxsin vəzifəsi
1. Əgər bir şəxs üçüncü rəkət üçün ayağa qalxsa, amma rükuya getməmişdən qabaq təşəhhüdü oxumadığını xatırlasa, o, əyləşməli və təşəhhüdü oxumalı, sonra ayağa qalxaraq üçüncü rəkətin təsbihati-ərbə`əsini yenidən deməli və namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra artıq yerə ayağa qalxdığı üçün ehtiyat-müstəhəbə görə, iki səhv-səcdəsi də yerinə yetirsin.
2. Əgər bir şəxs təşəhhüdü deməyi unutsa və üçüncü rəkətin rükusunda və ya rükudan sonra bunu xatırlasa, o, namazı başa çatdırmalı və salamdan sonra unudulan təşəhhüd üçün iki səhv-səcdəsi yerinə yetirməlidir. Ehtiyat-vacibə görə, səhv-səcdəsindən qabaq unudulan təşəhhüdün qəzasını da deməlidir.
Salam
1. Salamın mənası və şəri hökmü
Salam – namazın axırıncı hissəsidir və onu dedikdən sonra namaz başa çatır. Namazın vacib salamı budur: “Əssəlamu ələykum”. Daha yaxşı olar ki, bu ifadə də ona əlavə olunsun: “Və rəhmətullahi və bərəkatuhu”. Yaxud salam ünvanında bu cümlə deyilsin: “Əssəlamu ələyna və əla ibadillahis-salihin”.
Diqqət:
• Bu iki salamdan qabaq “Əssələmu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuhu” demək isə müstəhəbdir.
2. Namazın salamını unudan şəxsin vəzifəsi
Əgər bir şəxs namazın salamını deməyi unutsa, amma namazın surəti pozulmamışdan qabaq bunu xatırlasa, yaxud namazı pozan bir işi – istər bu işi bilərəkdən görmək namazı pozsun, istərsə də onu səhvən görmək namazı pozsun, məsələn, qiblədən dönmək – yerinə yetirməyibsə, o, namazın salamını deməlidir və namazı düzgündür.
Suallar:
1- Zikrin mənası nədir? Həzrət Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat demək zikr hesab olunurmu?
2- Rüku və səcdənin zikrini bilərəkdən bir-birinin yerinə deməyin iradı varmı?
3- Rüku və səcdənin vacib zikrini dedikdən sonra hansı zikri demək daha yaxşıdır?
4- “Bihəvlillahi və quvvətihi əqumu və əqu`du” zikrini ayağa qalxarkən demək olarmı?
5- Təşəhhüdün salavatını oxuyarkən “Allahummə salli əla Muhəmmədin”ə çatdıqda vəqf edib “Muhəmməd” demək, sonra salavatın ardını, yəni “və Ali-Muhəmməd” demək hansı halda düzgündür?
6- Namazın salamını unudan şəxs nə etməlidir?
- Qırx altıncı dərs: Tərtib və muvalat
Qırx altıncı dərs: Tərtib və muvalat
Tərtib
1. Tərtib və onun şəri hökmü
Namaz qeyd edilən tərtib və ardıcıllıqla qılınmalı və onun hər bir hissəsi öz yerində yerinə yetirilməlidir. Deməli, əgər namazın tərtibinə bilərəkdən riayət olunmazsa, məsələn, “Surə” “Həmd”dən qabaq oxunarsa, yaxud səcdə rükudan qabaq yerinə yetirilərsə, namaz pozulur.
2. Tərtibin səhvən pozulması
Tərtibin səhvən pozulmasının aşağıdakı surətləri vardır:
1- Namazın bir rüknünü digər rüknündən qabaq yerinə yetirmək, məsələn, iki səcdəni unudub yerinə yetirməmək və sonrakı rəkətin rükusuna getdikdən sonra iki səcdənin yerinə yetirilmədiyini xatırlamaq:
Bu halda namaz pozulur.
2- Namazın qeyri-rüknünü rükndən qabaq yerinə yetirmək, məsələn, iki səcdəni unudub yerinə yetirməmək və təşəhhüdü oxuyarkən iki səcdənin yerinə yetirilmədiyini xatırlamaq:
Bu halda unudulan rükn yerinə yetirilməli, sonra səhvən yerinə yetirilən hissə yenidən yerinə yetirilməlidir.
3- Namazın rüknünü qeyri-rükndən qabaq yerinə yetirmək, məsələn, “Həmd”i unudub oxumamaq və rükuya getdikdən sonra “Həmd”in oxunmadığını xatırlamaq:
Bu halda namaz düzgündür.
4- Namazın bir qeyri-rüknünü digər qeyri-rüknündən qabaq yerinə yetirmək, məsələn, “Həmd”i unudub “Surə”ni oxumağa başlamaq, amma rükuya getməmişdən öncə “Həmd”in oxunmadığını xatırlamaq:
Bu halda unudulan qeyri-rükn yerinə yetirilməli (məsələn, “Həmd” oxunmalı), sonra səhvən yerinə yetirilən hissə yenidən yerinə yetirilməlidir (məsələn, “Surə” yenidən oxunmalıdır.)
Muvalat
Namazın hissələri, məsələn, rüku, səcdələr, təşəhhüd və s. fasiləsiz yerinə yetirilməli və onların arasında böyük və normal hesab olunmayan fasilə edilməməlidir. Deməli, əgər namazın hissələri arasında o qədər fasilə edilsə ki, ətrafdakı insanların nəzərində bu, namazın surətindən çıxmaq hesab olunsa, namaz pozulur.
Diqqət:
• Əgər bir şəxs namazın sözləri və ya bir sözün hərfləri arasında səhvən normal olmayan fasilə etsə, amma bu, namazın surətinin aradan gedəcəyi bir tərzdə olmasa və bunu növbəti rüknə daxil olduqdan sonra başa düşsə, namaz düzgündür. Həmin sözləri və cümlələri təkrar etmək lazım deyildir. Amma əgər bunu növbəti rüknə daxil olmamışdan qabaq başa düşsə, geri qayıdıb onları yenidən deməlidir.
Qunut
1. Qunutun mənası və şəri hökmü
Bütün vacib və müstəhəb namazların ikinci rəkətində “Həmd” və “Surə”ni oxuduqdan sonra və rükuya getməmişdən qabaq əlləri qaldırıb dua etmək müstəhəbdir. Bu əməl “qunut” adlanır.
Diqqət:
• Cümə namazında qunut birinci rəkətdə rükudan qabaq və ikinci rəkətdə rükudan sonra yerinə yetirilir.
• Fitr və Qurban bayramlarının namazında birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut yerinə yetirilir.
2. Qunutun zikrləri
Qunutda istənilən zikri, duanı və ya Quran ayəsini oxumaq olar. Hətta bir salavat, ya “Subhanəllah” zikri, ya “Bismillah” cümləsi və ya “Bismilləhir rahmənir rahim” ayəsi ilə kifayətlənmək olar. Amma Qurani-Kərimdə keçən duaları oxumaq daha yaxşıdır. Məsələn, “Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və-qina əzabən-nar” dua məzmunlu ayəsini oxumaq olar. Yaxud Məsumların (ə) buyurduqları zikr və duaları oxumaq olar. Məsələn, “La ilahə illəllahu əl-həlimul-kərim. La ilahə illəllahu əl-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəl-səb`i, və ma fihinnə və ma bəynəhunnə, və rəbbil-ərşil-əzim, vəl-həmdu lilləhi rəbbil-aləmin.”
Təqibat
Namazın təqibatını[1] ərəbcə oxumaq şərt deyildir. Amma Məsum İmamlardan (ə) nəql olunan duaları və zikrləri oxumaq tövsiyə olunur. O cümlədən “Xanım Zəhranın təsbihi” adlı zikri deməyin çox böyük savabı vardır. Bu zikr belədir: 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “Əlhəmdu lilləh” və 33 dəfə “Subhanəllah”.
Diqqət:
• Dua kitablarında Məsum İmamlardan (ə) ali məzmunlu və çox dəyərli dualar mövcuddur.
• Namazdan sonra şükür səcdəsi etmək müstəhəbdir. Yəni bütün nemətlərə görə, həmçinin namazı bizə nəsib etdiyinə görə Allaha şükür etmək niyyətilə alını yerə qoymaq müstəhəbdir. Yaxşı olar ki, bu səcdədə üç dəfə “şukrən lilləh” cümləsi də deyilsin.
Suallar:
1- Əgər namaz qılan şəxs səhvən namazın bir rüknünü digər rüknündən qabaq yerinə yetirsə, namazın hökmü nədir?
2- Tərtib ilə muvalatın fərqi nədir?
3- Əgər namazda muvalata riayət olunmasa, namazın hökmü nədir?
4- Fitr və Qurban bayramları namazının neçə qunutu var?
5- Qunutda bir salavat deməklə kifayətlənmək olarmı?
6- Namazın təqibatında hansı dua və zikrləri oxumaq daha yaxşıdır?
- Qırx yeddinci dərs: Namazın tərcüməsi
Qırx yeddinci dərs: Namazın tərcüməsi
Namazın tərcüməsi
Yaxşı olar ki, insan namazın sözləri və zikrlərinin mənasına diqqət yetirsin və onları hüzuri-qəlb ilə dilə gətirsin. Bununla da ruhun paklanması və qəlbin Mütəal Allaha yaxınlaşması təsirinə malik olan namazdan bəhrələnsin.
1 “Həmd” surəsinin tərcüməsi
1- Bismilləhir rahmənir rahim.
Rəhman (rəhməti dünyada bütün insanlara şamil olan) və rəhim (əbədi rəhməti möminlərə xas olan) Allahın adı ilə.
2- Əl-həmdu lilləhi rabbil-aləmin.
Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.
3- Ər-rahmənir-rahim.
(O Rəbb ki,) rəhman və rəhimdir.
4- Məliki yəvmiddin.
Din gününün (Qiyamətin) ixtiyar sahibidir.
5- İyyakə nə`budu və iyyakə nəstə`in.
Yalnız Sənə bəndəlik edir və yalnız Səndən kömək diləyirik.
6- İhdinəs-siratəl-mustəqim.
Bizi düz yola yönəlt.
7- Siratəlləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim və-ləz-zallin.
O kəslərin yoluna ki, onlara nemət vermisən (Səni tanımanın nurunu onların qəlbinə saçmısan). O kəslər ki, Sənin qəzəbinə düçar olmamış və düz yolu azmamışlar. (Yəni onlara böyük nemət verdikdən sonra onlar nankorluq və üsyan etməmiş, beləliklə də Sənin qəzəbini qazanmamış və düz yoldan azmamışlar.)
2. “Tövhid” surəsinin tərcüməsi
1- Bismilləhir rahmənir rahim. Qul huvəllahu əhəd.
Rəhman və rəhim Allahın adı ilə. De: Odur yeganə olan Allah.
2- Əllahus-saməd.
Allah ehtiyacsızdır. (Hamı Ona möhtacdır.)
3- Ləm yəlid və ləm yuləd.
Övladı yoxdur və heç kimin də övladı deyildir.
4- Və ləm yəkun ləhu kufuvən əhəd.
Ona tay-bərabər yoxdur.
3. Rüku və səcdənin və bir sıra müstəhəb zikrlərin tərcüməsi
1- Subhanəllah.
Allah pak və eyibsizdir.
2- Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi.
Əzəmətli Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
3- Subhanə Rabbiyəl ə`la və bi-həmdihi.
Uca Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
4- Səmiəllahu li-mən həmidəhu.
Allahın lütfü Ona həmd-səna deyən kəsə şamil olsun.
5- Əstəğfirullahə Rabbi və ətubu iləyh.
Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram.
6- Bi-həvlilləhi və quvvətihi əqumu və əq`udu.
Allahın güc-qüvvəsi ilə ayağa qalxır və əyləşirəm.
4. Qunutun zikrlərinin tərcüməsi
1- Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və qina əzabən-nar.
“Ey Rəbbim! Dünyada da, axirətdə də bizə xeyirlər əta et və bizi odun əzabından qoru.”
2- La ilahə illəllahu əl-həlimul-kərim. La ilahə illəllahu əl-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəl-səb`i, və ma fihinnə və ma bəynəhunnə, və rəbbil-ərşil-əzim, vəl-həmdu lilləhi rəbbil-aləmin.
“Həlim və kərim Allahdan qeyri ilah yoxdur. Uca və əzəmətli Allahdan qeyri ilah yoxdur. Yeddi səmanın və yeddi yerin, onlarda olanların və onların arasında olanların və əzəmətli ərşin rəbbi olan Allah pak və eyibsizdir. Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.”
5. Təsbihati-ərbə`ənin tərcüməsi
Subhanəllah, vəl-həmdu lilləh, və la ilahə illəllah, vəllahu əkbər.
“Allah pak və eyibsizdir. Həmd-səna yalnız Allaha məxsusdur. Allahdan qeyri ilah yoxdur. Allah ən böyükdür.”
6. Təşəhhüd və salamın tərcüməsi
Təşəhhüdün tərcüməsi:
Əl-həmdu lilləh. Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Əllahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd. Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu.
“Həmd-səna yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey Allahım, Muhəmmədə və Ali-Muhəmmədə salavat göndər. Onun şəfaətini qəbul et və dərəcəsini ucalt.”
Salamların tərcüməsi:
Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuhu. Əssəlamu ələyna və əla ibadillahis-salihin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu.
“Salam və Allahın rəhməti və bərəkətləri olsun sənə, ey Peyğəmbər. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Salam və Allahın rəhməti və bərəkətləri olsun sizə (möminlərə, mələklərə).”
Suallar:
1- “Həmd” surəsinin tərcüməsini deyin.
2- “Tövhid” surəsinin tərcüməsini deyin.
3- “Səmiəllahu limən həmidəhu” zikrinin mənası nədir?
4- “Bihəvlillahi və quvvətihi əqumu və əq`udu” zikrinin mənası nədir?
5- “Və təqəbbəl şəfaətəhu vərfə dərəcatəhu” cümləsinin mənası nədir?
6- Namazın salamlarının tərcüməsini deyin.
- Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər aşağıdakılardır:
1- Namazda riayət edilməsi vacib olan şərtlərdən birinin (məsələn, namaz məkanının qəsbi olmaması) aradan getməsi;
2- Dəstəmazın, qüslün və ya təyəmmümün pozulması;
3- Qiblədən dönmək;
4- Danışmaq;
5- Əlləri bədənin önündə bir-birinin üstünə qoymaq (təkəttuf);
6- “Həmd”dən sonra “Amin” ifadəsini demək;
7- Gülmək;
8- Ağlamaq;
9- Namazın surətinin aradan getməsi (məsələn, əl çalmaq, atılıb-düşmək);
10- Yemək və içmək;
11- Namazı pozan şəklər[1];
12- Namazın “rükn” olan vacib əməllərini bilərəkdən və ya səhvən azaldıb-artırmaq (məsələn, rükunu azaldıb-artırmaq), həmçinin namazın “qeyri-rükn” olan vacib əməllərini bilərəkdən azaldıb-artırmaq.
1- Namazda riayət edilməsi vacib olan şərtlərdən birinin aradan getməsi
Əgər namaz əsnasında “namazda riayət edilməsi vacib olan şərtlər”dən biri aradan getsə, məsələn, bir şəxs namaz əsnasında namaz qıldığı məkanın qəsbi olduğunu başa düşsə, onun namazı pozulur və namaz düzgün deyildir.
2- Dəstəmazın, qüslün və ya təyəmmümün pozulması
Əgər namaz əsnasında dəstəmazı və ya qüslü və ya təyəmmümü pozan bir iş baş versə, məsələn, bir şəxs namaz qıldığı halda yatsa, yaxud ondan sidik və bu kimi bir şey xaric olsa, namaz pozulur.
3- Qiblədən dönmək
Əgər bir şəxs namazda bilərəkdən üzünü və bədənini, yaxud onlardan birini qiblədən döndərsə, belə ki, sağ və ya sol tərəfini asanlıqla görə bilsə, onun namazı pozulur. Əgər bu işi səhvən etsə belə, ehtiyat-vacibə görə, namazı pozulur. Amma üzü sağ və ya sol tərəflərə cüzi miqdarda döndərmək namazı pozmur.
4- Danışmaq
Namazda bilərəkdən danışmaq, hətta bir söz belə demək, namazı pozur.
Diqqət:
• Əgər bir şəxs bir zikri “zikr” məqsədilə desə, məsələn, “Əllahu əkbər” desə və bunu deyərkən başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün səsini yüksəltsə, bu hərəkətin iradı yoxdur. Amma əgər başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün bir zikr desə, hətta zikr deməyi nəzərdə tutmuş olsa belə, onun namazı pozulur.
• Namaz qılmaqda olan şəxs başqa bir şəxsə salam verməməlidir. Amma əgər başqa bir şəxs ona salam verərsə, salamın cavabını verməlidir. Salamın cavabını verərkən “salam” sözü əvvəldə işlənməlidir. Məsələn, “Səlamun ələykum” və ya “Əssəlamu ələykum” deməlidir. “Ələykumus-səlam” deyə bilməz.
• Əgər bir şəxs bir dəstə insana salam deyərək “Əssəlamu ələykum cəmiən” desə və onlardan biri namazda olsa, başqa bir şəxs salamın cavabını verdiyi təqdirdə namaz qılan şəxs salamın cavabını verməməlidir.
• Namaz qılarkən “salam” ifadəsi ilə deyil, başqa bir ifadə ilə (məsələn, “sabahınız xeyir” ifadəsilə) görüşən şəxsin cavabını vermək olmaz. Amma namazdan qeyri hallarda əgər bu ifadə ürfdə (camaatın nəzərində) görüşmək sayılırsa, ehtiyat-vacibə görə, həmin şəxsin cavabını vermək lazımdır.
Salama aid bir neçə şəri məsələ:
• Muməyyiz uşağın (yəni həddi-büluğa çatmayan, eyni zamanda yaxşı və pisi ayırd edən uşağın) salamının cavabını vermək, eynilə həddi-büluğa çatan şəxsin salamının cavabını vermək kimi vacibdir.
• Salamın cavabı dərhal verilməlidir. Əgər bir şəxs hansısa bir səbəbə görə salamın cavabını verməyi yubatsa, belə ki, verilən cavab həmin salamın cavabı hesab olunmasa, bu şəxs namaz halında olduğu təqdirdə daha salamın cavabını verməməlidir. Qeyri-namaz halında olduqda da salamın cavabını vermək vacib deyildir. Həmçinin salamın cavabını çox yubadıb-yubatmadığına şəkk etdikdə, hökm eynidir. Əgər bir şəxs salamın cavabını verməyi bilərəkdən yubadarsa, günah etmişdir.
• Əgər bir şəxs namaz qılmaqda olan başqa bir şəxsə salam verərkən “Səlamun ələykum” ifadəsini deyil, sadəcə “Salam” ifadəsini istifadə edərsə, buna ürfdə (camaatın nəzərində) görüşmək və salamlaşmaq deyildiyi təqdirdə bu salamın cavabını vermək vacibdir. Ehtiyat-vacibə görə, bir qədər əvvəlki məsələdə qeyd edilən şəkildə salamın cavabı verilməlidir.
• Əgər bir şəxs eyni vaxtda bir neçə dəfə “salam” desə, bir cavab vermək kifayətdir. Həmçinin əgər bir neçə şəxs eyni vaxtda salam versələr, onların hamısına şamil olacaq bir ifadə ilə və onların hamısına cavab vermək məqsədilə ümumi bir cavab vermək (məsələn, “Səlamun ələykum” demək) kifayətdir.
5- Əlləri bədənin önündə bir-birinin üstünə qoymaq (təkəttuf);
Əlləri bədənin önündə bir-birinin üstünə qoyub bağlamağa gəlincə, əgər bu əməl namazın tərkib hissəsi niyyətilə yerinə yetirilərsə, namazı pozur. Ehtiyat-vacibə görə, hətta bu niyyət olmadan belə, bu əməl yerinə yetirilməsin.
6- “Həmd”dən sonra “Amin” ifadəsini demək
“Həmd”dən sonra “Amin” ifadəsini deməyə icazə verilmir və bu ifadəni demək namazı pozur. Amma əgər təqiyyə məqsədilə deyilərsə, iradı yoxdur.
7- Gülmək
Bilərəkdən ucadan gülmək (qəhqəhə ilə gülmək) namazı pozur. Amma səhvən gülmək və ya səssiz gülmək namazı pozmur.
8- Ağlamaq
Dünya işləri üçün bilərəkdən səsli ağlamaq namazı pozur. Amma Allah qorxusundan ağlamaq və ya axirət işləri üçün ağlamağın iradı yoxdur, hətta ən yaxşı əməllərdən hesab olunur.
9- Namazın surətinin aradan getməsi (məsələn, əl çalmaq, atılıb-düşmək)
Namazın surətini aradan aparan işləri görmək, məsələn, əl çalmaq və ya atılıb-düşmək, istər bilərəkdən olsun, istərsə də səhvən olsun, namazı pozur.
Diqqət:
• Əgər bir şəxs namaz əsnasında başqa bir şəxsə hansısa məsələni anlatmaq üçün və ya onun sualına cavab olaraq əlini, gözlərini və ya qaşlarını cüzi miqdarda hərəkət etdirsə, bu hərəkət bədənin hərəkətsizliyinə xələl gətirmədiyi və ya namazın surətini aradan aparmadığı təqdirdə, namaz pozulmur.
10- Yemək və içmək
Namazda yemək və içmək, istər az olsun, istərsə də çox olsun, namazı pozur. Amma ağızda qalan yemək qırıntılarını udmaq, yaxud ağızda qalan cüzi miqdarda qənd və şəkəri sovurmaq namazı pozmur. Həmçinin namazda səhvən və ya unutqanlıq üzündən nə isə yemək və içmək, namazın surətini aradan aparmadığı təqdirdə, namazı pozmur.
Bir neçə şəri məsələ:
• Namazda gözləri yummağın maneəsi yoxdur və namazı pozmur, baxmayaraq ki, rükudan qeyri hallarda gözləri yummaq məkruhdur.
• Namazda qunutdan sonra əlləri üzə çəkmək məkruhdur, amma bu iş namazı pozmur.
• Həsəd aparmaq, kin və ədavət bəsləmək olmaz, amma bu işlər namazın pozulmasına səbəb olmur.
Suallar:
1- Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər hansılardır?
2- “Səlamun ələykum” ifadəsi ilə görüşməyən şəxsin cavabını vermək vacibdirmi?
3- Uşaqların verdiyi salama cavab vermək vacibdirmi?
4- Əgər bir nəfər eyni vaxtda bir neçə dəfə salam desə, bir cavab vermək kifayət edirmi?
5- Hansı tərzdə gülmək namazı pozur?
6- Namazda qunutdan sonra əlləri üzə çəkməyin hökmü nədir?
- Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
Namazın şəkkiyatı
Namazın şəkkiyatı 23 qisimdir, bunlardan:
- 8 qismi namazın pozulmasına səbəb olur;
- 6 qisminə etina olunmamalıdır;
- 9 qismi namazın düzgünlüyünə xələl gətirmir.
1- Namazın pozulmasına səbəb olan şəklər
Namazın pozulmasına səbəb olan şəklər aşağıdakılardır:
1. İkirəkətli vacib namazların, məsələn, sübh namazı və ya müsafir namazının rəkətlərinin sayında şəkk etmək (amma iki rəkət qılınan ehtiyat namazının rəkətlərinin sayında şəkk etmək namazı pozmur);
2. Üçrəkətli namazların (məğrib namazının) rəkətlərinin sayında şəkk etmək;
3. Dördrəkətli vacib namazların rəkətlərinin sayında şəkk etdikdə və şəkkin bir tərəfi “bir rəkət” olduqda, məsələn, şəxs bir rəkət, yoxsa üç rəkət qıldığına şəkk edir;
4. Dördrəkətli vacib namazlarda ikinci səcdə tamamlanmamışdan qabaq rəkətlərin sayında şəkk etdikdə və şəkkin bir tərəfi “iki rəkət” olduqda, məsələn, şəxs iki rəkət, yoxsa üç rəkət qıldığına şəkk edir;
5. İki və beş rəkət arasında, yaxud beşdən çox rəkət arasında şəkk etmək;
6. Üç və altı rəkət arasında, yaxud altıdan çox rəkət arasında şəkk etmək.
7. Dörd və altı rəkət arasında, yaxud altıdan çox rəkət arasında şəkk etmək;
8. Namazın rəkətlərinin sayında şəkk etmək, belə ki, şəxs neçə rəkət qıldığını ümumiyyətlə bilmir.
Diqqət:
• Əgər bir şəxs namazın rəkətlərinin sayında şəkk etsə, məsələn, üç rəkət, yoxsa dörd rəkət qıldığını bilməsə, o, ilk öncə bir qədər fikirləşməlidir. Əgər onda şəkkin bir tərəfinə yəqin və ya güman hasil olarsa, bu yəqinə və ya gümana müvafiq olaraq namazı davam etdirməlidir və namaz düzgündür. Amma əgər şəkkin heç bir tərəfinə yəqin və ya güman hasil olmazsa, şəkk barəsində açıqlanan qaydalar üzrə əməl etməlidir.
• Əgər namaz əsnasında insanda “namazın pozulmasına səbəb olan şəklər”dən biri yaransa, ehtiyata görə, namazı dərhal kəsməməlidir. Əksinə, bir qədər fikirləşməlidir ki, onda şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsun. Əgər şəkkin bir tərəfinə yəqin və ya güman hasil olmazsa, bu vaxt namazı kəsə bilər.
2- Etina olunmayan şəklər
Etina olunmayan şəklər aşağıdakılardır:
1. Yeri keçdikdən sonra şəkk etmək, məsələn, rükuya getdikdən sonra “Həmd” və “Surə”ni oxuduğuna şəkk etmək;
2. Namazın salamından sonra şəkk etmək;
3. Namazın vaxtı keçdikdən sonra şəkk etmək;
4. Çox şəkk edən şəxsin şəkki;
5. İmam-camaatın və məmumun şəkki;
6. Müstəhəb namazlarda şəkk etmək.
Müxtəlif məsələlər:
1. Əgər bir şəxs qıldığı namazların düzgün olub-olmadığına bir neçə ildən sonra şəkk etsə, o öz şəkkinə etina etməməlidir. (Çünki yeri keçdikdən sonra yaranan şəkkə etina edilmir.)
2. Əgər çox şəkk edən şəxs müəyyən bir əməli yerinə yetirib-yetirmədiyinə şəkk etsə, bu əməli yerinə yetirdiyini qəbul etməlidir. Amma bu şərtlə ki, bu əməlin yerinə yetirilməsi namazın pozulmasına səbəb olmamalıdır. Əgər bu əməlin yerinə yetirilməsi namazın pozulmasına səbəb olarsa, onu yerinə yetirmədiyini qəbul etməlidir. Burada rəkətlərin sayı, yaxud namazın hərəkətləri və ya sözləri eyni hökmü daşıyır. (Məsələn, əgər bir şəxs səcdə və ya rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Amma əgər şəkk etsə ki, sübh namazını iki rəkət qılıb, yoxsa üç rəkət, bu halda iki rəkət qıldığını qəbul etməlidir.)
3. Nafilə namazının sözlərində və hərəkətlərində şəkk etmək, eynilə vacib namazın sözlərində və hərəkətlərində şəkk etməyin hökmünü daşıyır. Yəni əgər barəsində şəkk edilən əməlin yeri keçməyibdirsə, şəkkə etina olunmalıdır. Əks təqdirdə, ona etina olunmamalıdır. (Məsələn, əgər bir şəxs “Həmd”i oxuyub-oxumadığına və ya rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, yeri keçmədiyi təqdirdə bu əməli yerinə yetirməlidir. Əks təqdirdə, öz şəkkinə etina etməməlidir).
3- Namazın düzgünlüyünə xələl gətirməyən şəklər
Dördrəkətli namazların rəkətlərinin sayında yaranan şəkk doqquz halda namazın düzgünlüyünə xələl gətirmir:
1. İkinci səcdədən qalxdıqdan sonra iki rəkət və üç rəkət arasında şəkk etmək;
2. İkinci səcdədən qalxdıqdan sonra iki rəkət və dörd rəkət arasında şəkk etmək;
3. İkinci səcdədən qalxdıqdan sonra iki rəkət, üç rəkət və dörd rəkət arasında şəkk etmək;
4. İkinci səcdədən qalxdıqdan sonra dörd rəkət və beş rəkət arasında şəkk etmək;
5. Yerindən asılı olmayaraq, üç rəkət və dörd rəkət arasında şəkk etmək;
6. Ayaq üstə ikən dörd rəkət və beş rəkət arasında şəkk etmək;
7. Ayaq üstə ikən üç rəkət və beş rəkət arasında şəkk etmək;
8. Ayaq üstə ikən üç rəkət, dörd rəkət və beş rəkət arasında şəkk etmək;
9. Ayaq üstə ikən beş rəkət və altı rəkət arasında şəkk etmək.
Namazın şəkkiyatına aid bir neçə şəri məsələ:
• Ehtiyat namazının neçə rəkət qılınması rəkətlərin sayında yaranan şəkdən asılıdır. Belə ki, iki rəkət və dörd rəkət arasında şəkk etdikdə, iki rəkət ehtiyat namazı qılınır. Üç rəkət və dörd rəkət arasında şəkk etdikdə, bir rəkət ayaq üstə və ya iki rəkət əyləşən halda ehtiyat namazı qılınır.
• Əgər namazın zikrlərindən, Quran ayələrindən və ya qunutun dualarından bir söz səhvən yanlış oxunarsa, səhv-səcdəsi yerinə yetirmək vacib olmur.
Suallar:
1- Namazın düzgün olmamasına və pozulmasına səbəb olan şəklər hansılardır?
2- Hansı şəklərə etina olunmur?
3- Nəzərə alsaq ki, çox şəkk edən şəxs öz şəkkinə etina etməməlidir, əgər o, namazda şəkk etsə, nə etməlidir?
4- Əgər bir şəxs nafilə namazlarında rəkətlərin sayında yaranan şəklərdən qeyri bir şəkk etsə, məsələn, şəkk etsə ki, bir səcdə, yoxsa iki səcdə yerinə yetiribdir, o öz şəkkinə etina etməlidirmi?
5- Namazın düzgünlüyünə xələl gətirməyən şəklər hansılardır?
6- Mükəlləf neçə rəkət ehtiyat namazı qılacağını necə təyin etməlidir?
- Əllinci dərs: Cümə namazı
Əllinci dərs: Cümə namazı
Cümə namazı
1. Cümə namazının şəri hökmü
1. Cümə günlərində zöhr namazının yerinə qılınan cümə namazı hazırkı dövrdə (yəni İmam Zamanın (ə.f) qeyb dövründə) “təxyiri-vacib əməl”dir.
Diqqət:
• Burada “təxyiri-vacib əməl” dedikdə, bu nəzərdə tutulur ki, mükəlləf cümə günü cümə namazını və ya zöhr namazını qılmaqda seçim edə bilər.
• Baxmayaraq ki, hazırkı dövrdə cümə namazı təxyiri-vacib əməldir və bu namazda iştirak etmək vacib deyildir, amma cümə namazında iştirak etməyin fayda və təsirlərini nəzərə alaraq, möminlərin bir sıra qeyri-məqbul əsaslarla bu namazda iştirak etməməyi bəyənilmir.
• Qadınların cümə namazında iştirak etməklərinin heç bir maneəsi yoxdur və camaat namazının savabına malikdir.
• Cümə namazında iştirak etməmək əgər bu namaza əhəmiyyət verməməkdən qaynaqlanarsa, şəri baxımdan bəyənilmir.
• Cümə namazında iştirak etməyən şəxs zöhr və əsr namazlarını namaz vaxtının əvvəlində qıla bilər və cümə namazının qurtarmasını gözləmək vacib deyildir.
• Cümə günü cümə namazının qılındığı yerə yaxın bir yerdə zöhr namazının camaatla qılınmasının öz-özlüyündə maneəsi yoxdur. Çünki hazırkı dövrdə cümə namazı təxyiri-vacib əməldir. Amma nəzərə alsaq ki, bu iş möminlər arasında təfriqə yarada, yaxud cümə namazına etinasızlıq hesab oluna, yaxud da imam-cüməyə qarşı hörmətsizlik sayıla bilər, bu camaat namazını təşkil etməmək daha yaxşıdır. Əksinə, əgər bu işin hansısa bir fəsadı olarsa və ya haram bir işlə yanaşı olarsa, bu camaat namazı təşkil edilməməlidir.
2. Cümə namazı zöhr namazını əvəz edir.
Diqqət:
• Baxmayaraq ki, cümə namazı zöhr namazını əvəz edir, amma ehtiyat ünvanında cümə namazından sonra zöhr namazını qılmağın – hətta imam-cümə cümə namazından sonra zöhr namazını qılmasa belə – maneəsi yoxdur. Əgər ehtiyata riayət edərək cümə namazından sonra zöhr namazını qılan bir şəxs əsr namazını camaatla qılmaq istəsə, kamil ehtiyat budur ki, ehtiyat ünvanında cümə namazından sonra zöhr namazını qılan bir şəxsə iqtida etsin.
• Avropa ölkələrində və ya başqa ölkələrdə universitet tələbələrinin dini birlikləri tərəfindən təşkil olunan cümə namazlarında namaz qılanların əksəriyyətinin, həmçinin imam-cümənin əhli-sünnə olmalarına baxmayaraq, müsəlmanların vəhdətini qorumaqdan ötrü bu cümə namazlarında iştirak etməyin maneəsi yoxdur. Bu halda da cümə namazından sonra zöhr namazını qılmaq vacib deyildir.
• Səfərdə olan məmumun (yəni imam-camaata iqtida edən şəxsin) cümə namazı düzgündür və zöhr namazını əvəz edir.
• Bədənin beldən aşağı hissəsi amputasiya edilən və sidiyini saxlaya bilməyən müharibə əlilləri cümə namazında iştirak edə bilərlər. Lakin onların şəri vəzifəsi dəstəmaz alan kimi yubanmadan namaz qılmaq olduğuna görə, cümə namazının xütbələrindən öncə aldıqları dəstəmaz pozulmadığı təqdirdə bu dəstəmazla namaz qıla bilərlər.
2. Cümə namazının şərtləri
Cümə namazının şərtləri aşağıdakılardır:
1- Cümə namazı camaatla qılınmalıdır;
2- Namazda iştirak edənlərin sayı ən azı beş nəfər olmalıdır – bir nəfər imam-cümə və dörd nəfər məmum olmalıdır;
3- Camaat namazının bütün şərtləri, məsələn, cərgələrin bir-birinə birləşməsi cümə namazında da riayət olunmalıdır;
4- Təşkil edilən iki cümə namazı arasındakı məsafə ən azı bir fərsəx[1] olmalıdır.
1- Cümə namazı camaatla qılınmalıdır
Cümə namazının düzgün olmasının şərtlərindən biri budur ki, cümə namazı camaatla qılınmalıdır. Hətta cümə namazını camaatla qılanların kənarında dayanıb furada, yəni tək halda cümə namazı qılmaq düzgün deyildir.
3- Camaat namazının bütün şərtlərinə riayət olunmalıdır
Camaat namazının bütün şərtləri, məsələn, cərgələrin bir-birinə birləşməsi cümə namazında da riayət olunmalıdır.
Diqqət:
• İmam-cümə ədalətli şəxs olmalıdır. Odur ki, əgər bir şəxs imam-cüməni ədalətli şəxs hesab etmirsə və ya onun ədalətli olmasına şəkk edirsə, ona iqtida etməsi düzgün deyildir, qıldığı cümə namazı da düzgün deyildir. Amma vəhdəti qorumaq məqsədilə cümə namazında iştirak etməyin maneəsi yoxdur. Hər bir halda – istər cümə namazında iştirak etsin, istərsə də etməsin – başqalarını cümə namazında iştirak etməkdən çəkindirməyə heç kimin haqqı yoxdur.
• Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya onun ədalətsizliyinə yəqin etsə, qıldığı namazlar düzgündür və onları yenidən qılmaq vacib deyildir.
• Əgər bir şəxsin imam-cümə təyin edilməsi onun ədalətli bir şəxs olduğuna dair məmumda əminlik yaradarsa, bu, ona iqtida etməyin düzgün olması baxımından kifayət edir.
4- Təşkil edilən iki cümə namazı arasındakı məsafə ən azı bir fərsəx olmalıdır
İki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olmamalıdır. Əgər təşkil edilən iki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olsa, daha tez qılınan namaz düzgündür, digər namaz isə düzgün deyildir. Amma əgər hər ikisi eyni zamanda qılınarsa, heç biri düzgün deyildir.
3. Cümə namazının vaxtı
Cümə namazının vaxtı şəri zöhr daxil olduqda başlanır. Ehtiyat-vacibə görə, cümə namazı zöhr namazının ürfə görə əvvəl vaxtı sayılan vaxtda qılınmalı və yubadılmamalıdır.
4. Cümə namazının qaydası
1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu fərqlə ki, cümə namazından qabaq imam-cümə iki xütbə (nitq) söyləməlidir.
2. Ehtiyata görə, cümə namazının “Həmd” və “Surə”si uca səslə oxunmalıdır. Birinci rəkətdə “Həmd”dən sonra “Cümə” surəsini, ikinci rəkətdə isə “Həmd”dən sonra “Munafiqun” surəsini oxumaq müstəhəbdir. Həmçinin iki qunut tutmaq (bir qunut birinci rəkətdə rükudan qabaq, digər qunut ikinci rəkətdə rükudan sonra) müstəhəbdir.
Diqqət:
• Ehtiyata görə, cümə namazında iştirak edənlər imam-cümənin xütbələrinə qulaq asmalı və sakit dayanıb danışmamalıdırlar.
• Əgər bir şəxs xütbələri dinləməyə yetişməsə, amma cümə namazını qılsa, onun namazı düzgündür. Hətta cümə namazının axırıncı rükusunda namaza qatılsa belə, onun namazı düzgündür.
• İmam-cümə cümə namazının xütbələrini şəri zöhrdən qabaq söyləyə bilər.
Cümə namazına aid bir neçə şəri məsələ:
• Möminlər arasında təfriqə yaradan və onların vəhdətini pozan bir işə əsla icazə verilmir. Cümə namazı müsəlmanların vəhdətini təmin edən ibadətlərdən biri olduğuna görə bu ibadətin yerinə yetirilməsində vəhdətin qorunmasına daha çox diqqət olunmalıdır.
• Cümə günü əsr namazını imam-cüməyə deyil, başqa bir şəxsə iqtida edib qılmağın maneəsi yoxdur.
• Cümə namazında imam-cüməyə başqa bir vacib namazı iqtida edərək qılmağın düzgünlüyü məhəlli-işkaldır.
Suallar:
1- Cümə namazının təxyiri-vacib əməl olması nə deməkdir?
2- Cümə namazının təşkil olunduğu məkana yaxın bir məkanda zöhr namazını camaatla qılmaq olarmı?
3- Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya onun ədalətsizliyinə yəqin etsə, qıldığı namazlar düzgündürmü? Bu namazlar yenidən qılınmalıdırmı?
4- Bir şəxsin imam-cümə təyin olunması onun ədalətliliyinin sübuta yetməsi üçün kifayət edirmi?
5- Xütbələri dinləməyə yetişməyib cümə namazını qılan şəxsin namazı düzgündürmü?
6- Cümə namazının xütbələrini zöhr namazının vaxtı daxil olmamışdan öncə söyləmək olarmı?
- Əlli birinci dərs: Müsafir namazı (1)
Əlli birinci dərs: Müsafir namazı (1)
Müsafir namazı və onun şərtləri
1. Səfərdə dördrəkətli namazların qəsr qılınması
Səfərdə dördrəkətli namazlar müəyyən şərtlər daxilində “qəsr”, yəni iki rəkət qılınmalıdır.
Diqqət:
• Səfərdə yalnız dördrəkətli namazlar, yəni zöhr, əsr və işa namazları qəsr qılınır. Sübh və məğrib namazları qəsr olmur.
2. Müsafir namazının şərtləri
Müsafir şəxs, yəni səfərdə olan şəxs səkkiz şərt daxilində dördrəkətli namazları iki rəkət qılmalıdır:
1- Səfər “şəri məsafə” ölçüsündə olmalıdır. Yəni müsafir şəxsin getdiyi və ya qayıtdığı və ya gedib-qayıtdığı məsafə ən azı səkkiz fərsəx olmalıdır. (Qeyd edək ki, gediş-qayıdış məsafə birlikdə səkkiz fərsəx olduğu təqdirdə, gediş istiqamətindəki məsafə ən azı dörd fərsəx olmalı, başqa sözlə, dörd fərsəxdən az olmamalıdır).
2- Səfər edən şəxs əvvəlcədən səkkiz fərsəx məsafəni qət etmək niyyətində olmalıdır. Beləliklə, əgər bir şəxs əvvəlcədən səkkiz fərsəx məsafəni qət etmək niyyətində olmasa və ya səkkiz fərsəxdən az bir məsafəni qət etmək niyyətində olsa, amma getmək istədiyi yerə çatdıqdan sonra başqa bir yerə səfər etməyi qərara alsa və həmin yerədək məsafə şəri məsafədən az olsa, amma özünün yaşadığı yerdən həmin yerədək məsafə şəri məsafə ölçüsündə olsa, bu halda o, namazı tam qılmalıdır.
3- Müsafir şəxs yol əsnasında şəri məsafəni qət etmək niyyətindən dönməməlidir. Beləliklə, əgər səfər edən şəxs yol əsnasında dörd fərsəxə çatmamışdan qabaq öz niyyətindən dönsə və ya tərəddüd etsə, bu andan etibarən o, müsafir hökmündə deyildir. Əgər o, tərəxxüs-həddini keçdikdən sonra və niyyətindən dönməmişdən qabaq namazını qəsr qılıbdırsa, ehtiyat-vacibə görə, namaz vaxtı keçmədiyi təqdirdə, o, namazı yenidən tam qılmalı və namaz vaxtı keçdiyi təqdirdə, namazın qəzasını tam qılmalıdır.
4- Səfər edən şəxs səfərin əvvəlindən bu niyyətdə olmamalıdır və ya səfər əsnasında bu qərara gəlməməlidir ki, o, şəri məsafəyə çatmamışdan qabaq öz vətənindən keçəcək və ya müəyyən bir yerdə on gün qalacaqdır.
5- Səfər edən şəxs üçün səfər şəri baxımdan icazəli olmalıdır. Beləliklə, əgər səfər edən şəxsin səfəri günah və haram olsa – istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, məsələn, oğurluğa getmək – bu səfər şəri baxımdan səfər hökmündə deyildir və namaz tam qılınmalıdır.
6- Səfər edən şəxs “evi kürəyində olan” şəxslərdən olmamalıdır, məsələn, sabit yaşayış yeri olmayan və səhralarda dolaşıb su, bitki və otlaq yeri tapdıqda orada köç salan insanlar kimi olmamalıdır.
7- Səfər edən şəxsin peşəsi səfər etmək olmamalıdır, məsələn sürücü, gəmiçi və s. bu kimi peşələrin sahibi olmamalıdır. İşi səfərdə olan şəxs də bu hökmü daşıyır.
8- Səfər edən şəxs “tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi o məkana deyilir ki, şəhərdə səsucaldandan istifadə edilmədən adi səslə çəkilən azan səsi bu məkanda daha eşidilmir.
Birinci şərt: Şəri məsafə (səkkiz fərsəx)
1. Əgər səfər edən şəxsin gediş istiqamətindəki yolu dörd fərsəxdən az olsa və qayıdış istiqamətindəki yolu da şəri məsafə ölçüsündə olmasa, onun namazı tamdır. Deməli, əgər bir şəxsin vətəni ilə iş yeri arasındakı məsafə – hətta gediş-qayıdış birlikdə – şəri məsafə ölçüsündə olmasa, o, müsafir hökmündə deyildir.
2. Əgər bir şəxs müəyyən bir yerə getmək niyyətilə öz şəhərindən xaric olsa və getdiyi yerdə gəzintiyə çıxsa, bu gəzintidə qət etdiyi məsafə “yaşadığı şəhərdən həmin yerədək qət etdiyi məsafə”nin bir hissəsi hesab olunmayacaqdır.
3. Şəri məsafə, yəni səkkiz fərsəx şəhərin axırından hesablanır. Şəhərin axırını təyin etmək isə ürfə (camaatın nəzərinə) həvalə olunur. Əgər camaatın nəzərində şəhərin ətrafında yerləşən zavod və fabriklər, qəsəbələr şəhərdən sayılmazsa, şəri məsafə şəhərin sonuncu evlərindən hesablanmalıdır.
4. Əgər bir şəxs şəhərin özünə deyil, əksinə, şəhərin ətrafında yerləşən müəyyən və müstəqil bir məkana – məsələn, şəhərdən kənarda yerləşən bəzi universitetlər, hərbi hissələr, xəstəxanalar və bu kimi məkanlara – getmək niyyətindədirsə, belə ki, ürfə görə şəhərə çatmaq şəxsin getmək istədiyi məkana çatmaq hesab olunmursa və şəhərə daxil olub, oradan keçmək sadəcə şəxsin getmək istədiyi məkana çatmaq üçün bir yol qismindədirsə, bu halda şəri məsafənin hesablanması üçün şəhərin başlanğıcı deyil, həmin xüsusi məkana qədər olan yol hesablanacaqdır.
İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
1. Əgər bir şəxs üç fərsəxlikdə yerləşən bir yerə səfər etmək niyyətindədirsə, amma əvvəlcədən nəzərdə tutubdur ki, müəyyən bir işlə əlaqədar olaraq yol əsnasında əsas yoldan xaric olub qeyri-əsas bir yol ilə bir fərsəx məsafə qət edəcək və sonra yenidən əsas yola daxil olub səfərini davam etdirəcəkdir, bu halda o, müsafir hökmündədir. Əsas yoldan xaric olub, yenidən bu yola daxil olmaqla qət edilən məsafənin ümumi yola əlavə edilməsi şəri məsafənin tamamlanması üçün kifayət edir.
2. Əgər bir şəxs yaşadığı yerdən şəri məsafə ölçüsündən az olan başqa bir yerə səfər etsə və həftə ərzində həmin yerdən bir neçə dəfə başqa yerlərə getsə, belə ki, qət edilən ümumi məsafə səkkiz fərsəxdən çox olsa, bu şəxs əvvəlcədən şəri məsafəni qət etmək niyyətində olmadığı və səfər etdiyi birinci yer ilə başqa yerlər arasındakı məsafə də şəri məsafə ölçüsündə olmadığı təqdirdə, o, müsafir hökmündə deyildir.
Beşinci şərt: Səfərin şəri baxımdan icazəli olması
1. Səfərin şəri baxımdan icazəli olması şərti yalnız səfərin başlanğıcına aid deyildir, əksinə, səfər boyunca bu şərt mövcud olmalıdır. Beləliklə, əgər səfər əsnasında şəxsin niyyəti günah səfərinə çevrilsə, səfər haram olur və namaz tam qılınmalıdır, baxmayaraq ki, o, şəri məsafə ölçüsündə yol qət etmişdir.
2. Əgər bir şəxs şəri baxımdan icazəli bir səfərə çıxsa və səfər əsnasında (səkkiz fərsəxə çatmamışdan qabaq) öz vəzifəsinə müvafiq olaraq namazı qəsr qılsa, amma sonradan onun niyyəti haram səfərə çevrilsə, qəsr olaraq qıldığı namazı namaz vaxtı keçmədiyi təqdirdə, tam olaraq yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını tam olaraq qılmalıdır.[1]
3. Əgər səfərin özü və ya hədəfi günah olmasa, amma səfər əsnasında haram bir iş görülsə (məsələn, qeybət edilsə və ya şərab içilsə), bu səfər “günah səfəri” hökmündə deyildir və namaz qəsr qılınmalıdır. Amma əgər haram iş (az bir müddət istisna olmaqla) səfər boyunca yerinə yetirilsə, belə ki, səfərin günahla keçdiyi deyilsə, bu halda ehtiyata görə, namaz həm qəsr, həm də tam qılınmalıdır.
4. Əgər bir şəxs müəyyən bir səfərdə namazın vacib əməllərindən bəzisini tərk edəcəyini bilsə, ehtiyat-vacibə görə, həmin səfərə getməməlidir. Amma əgər səfərə getməməyin ona ziyanı olarsa və ya səfərə getmədiyinə görə böyük çətinliyə düşərsə, bu hallarda səfərə gedə bilər. Ümumiyyətlə, heç bir halda namazı tərk etməyə icazə verilmir.
Yeddinci şərt: Səfərin peşə olmaması
1. Səfərdə namazın qəsr qılınmasının daha bir şərti səfərin peşə olmamasıdır. Beləliklə, əgər səfər etmək bir şəxsin peşəsi olsa, istər səfər etmək müəyyən bir peşənin əsasında dayansın (məsələn, sürücülük və pilot kimi peşələr), istərsə də səfər etmək müəyyən bir peşənin müqəddiməsi olsun (məsələn, peşəsi ilə əlaqədar səfər edən həkim və müəllim kimi), bu səfərdə namaz tamdır və oruc düzgündür.
Diqqət:
• Yuxarıdakı məsələdə işin pul və qazanc əldə etmək üçün olub-olmamasının bir fərqi yoxdur.
• Namazın tam qılınması və orucun düzgün olması üçün səfər ürfə görə insanın işi-peşəsi hesab olunmalıdır. Bu, istər bir neçə səfər nəticəsində gerçəkləşsin, istərsə də bir uzun səfər nəticəsində gerçəkləşsin (məsələn, bir şəxs peşəsi ilə əlaqədar uzun bir dəniz yolunu qət edir), fərqi yoxdur.
• Səfərin ürfə görə “iş səfəri” hesab olunması üçün üç məsələ əsas götürülür:
1- İş səfərinə getmək niyyətində olmaq;
2- İş səfərinə getmək;
3- İş səfərini davam etdirmək niyyətində olmaq.
• Səfərin “iş səfəri” adlanması barədə şəkk-şübhə mövcud olduğu hallarda namaz qəsrdir və oruc düzgün deyildir.
• Əgər elm öyrənmək üçün səfər etmək işin-peşənin tərkib hissəsi sayılarsa – məsələn, bir işçi üçün kurs qoyulur və o, bu kursu keçmək üçün səfər etmək məcburiyyətindədir – bu halda onun səfəri iş səfəridir.
• Elm öyrənmək və bu yolla gələcəkdə bir peşə sahibi olmaq üçün səfər edən şagird və tələbə, ehtiyat-vacibə görə, təhsil səfərində namazı həm tam, həm də qəsr qılmalı, həmçinin orucu tutmalı, sonradan orucun qəzasını da tutmalıdır.
• Əgər elm öyrənmək hansısa bir təbəqəyə daxil olmaqla yanaşı olarsa və bu təbəqənin adı müəyyən bir peşə adıdırsa – məsələn, dini hövzə tələbəsi elə təhsilə başladığı ilk vaxtlarda “ruhani” adlanır, yaxud hərbi məktəbə daxil olan tələbələr bir neçə ay təlim gördükdən sonra onlara dərəcə verilir və hərbiçi adlanırlar – bu növ təhsil peşənin tərkib hissəsi hesab olunur. Odur ki, bu təhsil səfərində onlar namazı tam qılmalı və orucu tutmalıdırlar.
• Bir şəxsin işi ildə bir dəfə bir ay davam edir, məsələn, həcc ziyarətində qrup rəhbəri olur. Əgər o, hər il bu işlə məşğul olmaq niyyətindədirsə, birinci səfərdə belə, onun namazı tamdır. Amma əgər bu işi davam etdirmək niyyətində deyildirsə, onun səfəri iş səfəri hökmündə deyildir.
• Əgər bir şəxs ilin müəyyən bir fəslində iş səfərinə getsə və hər il bu işlə məşğul olmaq istəsə, yaxud da bu işlə bir dəfə, amma uzun müddət, məsələn, ən azı üç ay adi şəkildə və davamlı olaraq məşğul olsa və yalnız tətil günlərində işləməsə, onun səfəri iş səfəri hökmündədir və hətta birinci səfərdə belə, namazı tamdır. Amma əgər işin müddəti uzun olmasa, məsələn, bir ay bu işdə işləmək istəsə, bu səfərin ürfə görə iş səfəri adlanması məlum deyildir. Məsələ şübhə altında olduqda isə namaz qəsr olur.
• Bir şəxsin işi (məsələn, bəzi taksi sürücüləri kimi) şəhər ətrafına şəri məsafədən az olaraq gedib-qayıtmaqdır. Əgər bu şəxs bu işdə təsadüfən şəhər ətrafına şəri məsafə ölçüsündə səfər etsə, bu səfər iş səfəri hesab olunmayacaq və onun namazı qəsrdir. Amma əgər işi ilə əlaqədar uzun bir müddət şəri məsafədən çox olaraq səfər etmək niyyətində olarsa, bu halda elə birinci səfərdə onun səfəri “iş səfəri” hökmündə olacaqdır və namazı tamdır.
• Əgər peşəsi səfər etmək və vəzifəsi namazı tam qılıb, oruc tutmaq olan şəxs vətəndə və ya qeyri-vətəndə istər məqsədli şəkildə olaraq, istərsə də məqsədli şəkildə olmayaraq on gün qalsa, bu on gündən sonra getdiyi birinci səfərdə namazı qəsrdir.
• Əgər peşəsi səfər etmək olan şəxs vətəndə və ya qeyri-vətəndə on gün qalsa, sonra qeyri-iş səfərinə, məsələn, ziyarətə getsə, daha sonra müəyyən bir yerdə on gün qalmadan iş səfərinə getsə, ehtiyat-vacibə görə, bu iş səfərində namazı həm tam, həm də qəsr qılmalıdır.
• Əgər “gediş və qayıdış” ürfə görə “bir səfər” hesab olunarsa (məsələn, bir müəllim tədris məqsədilə öz vətənindən başqa bir şəhərə səfər edir və axşam vaxtı, yaxud sabahısı gün öz vətəninə qayıdır, yaxud bir sürücü yalnız bir ünvana səfər edir və bir şəhərə yük aparıb geri qayıdır), bu halda “gediş və qayıdış” birinci səfər hesab olunacaqdır. Amma əgər “gediş və qayıdış” ürfə görə “bir səfər” hesab olunmazsa (məsələn, bir sürücü sərnişin və ya yük daşımaq məqsədilə bir şəhərə hərəkət edir, sonra həmin şəhərdən başqa bir şəhərə sərnişin və ya yük daşımaq məqsədilə səfər edir, daha sonra öz vətəninə qayıdır, yaxud da o, elə əvvəlcədən bu niyyətdə olubdur), bu halda birinci şəhərə çatdıqda “birinci səfər” başa çatır.
• Namazın tam qılındığı və orucun düzgün olduğu “iş səfəri”nin hökmünün icra olunması baxımından yolun, ya peşənin, ya da miniyin əvvəlki yol, peşə və minik olması və ya onların dəyişməsinin bir fərqi yoxdur.
• Əgər bir şəxsin peşəsi səfər etmək deyildirsə, o, çoxsayda səfər etsə belə, namazı qəsrdir, istər əvvəlcədən çoxsayda səfər etmək niyyətində olmuşdur, istərsə də sonradan bu qərara gəlmişdir.
• Əgər peşəsi səfər etmək olan bir şəxs qeyri-iş səfərinə getsə, namazı qəsrdir. Məsələn, bir şəxsin peşəsi sürücülükdür və o, bir şəhərdən başqa bir şəhərə sərnişin daşıyır. Əgər o, Həcc ziyarətinə və ya İmamların (ə) ziyarətinə getsə, namazı qəsr qılmalıdır. Amma əgər o, iş səfəri əsnasında şəxsi bir işini görsə, məsələn, ziyarət etsə – istər onun əsas məqsədi öz şəxsi işini görmək olsun və sərnişin daşımaq əsas məqsədin kənarında olsun, istər əsas məqsədi sərnişin daşımaq olsun və şəxsi işi görmək əsas məqsədin kənarında olsun, istərsə də hər iki məqsəd bərabər həddə olsun – onun namazı tamdır.
• Əgər bir şəxs peşəsi ilə əlaqədar səfər etsə və bu səfər əsnasında, yaxud səfərdən sonra (yəni işi başa çatdıqdan sonra) bəzi müəyyən işləri görsə, məsələn, qohumların və ya dostların görüşünə getsə, hətta bəzən bir və ya bir neçə gün də orada qalsa, bu müddət ərzində onun peşə səfərinin hökmü dəyişmir və namazı tamdır.
• Əgər peşəsi səfər etmək olan bir şəxs işi başa çatdıqdan sonra dərhal öz yaşadığı yerə qayıtsa, qayıdış istiqamətindəki yolda onun namazı tamdır. Amma əgər işi başa çatdıqdan sonra peşəsindən qeyri bir iş üçün, məsələn, ziyarət və ya gəzinti üçün bir neçə gün (on gündən az olaraq) orada qalıb sonra qayıtsa, ehtiyat-vacibə görə, qayıdış istiqamətindəki yolda namazı həm qəsr, həm də tam qılmalıdır.
• Əgər səfər bir şəxsin peşəsi və ya onun peşəsinin tələbidirsə, bu şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə çıxdığı zaman, hətta özünün iş yerinə səfər etsə belə, namazı qəsrdir.
• Əvvəlki məsələni nəzərə alaraq, əgər bir şəxs peşəsi ilə əlaqədar olmayan bir iş üçün özünün iş yerinə səfər etsə, amma işinə görə orada qalmağı qərara alsa, işə gedənədək orada qaldığı müddət ərzində ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır, baxmayaraq ki, namazı tam qılmaq hökmü uzaq ehtimal deyildir. Amma iş zamanı və işdən geri qayıdarkən namazı tamdır.
• Əgər peşəsi səfər etmək olan bir şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə, hətta işlədiyi yerə getsə, onun namazı qəsrdir.
• Əvvəlki məsələni nəzərə alaraq, əgər o, işlədiyi yerə səfər etsə, amma işi ilə əlaqədar orada qalmağı qərara alsa, işinə gedənədək orada qaldığı müddət ərzində ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır, baxmayaraq ki, namazın tam qılınması uzaq ehtimal deyildir. Amma bundan sonra, yəni iş yerində və geri qayıdarkən yolda onun namazı tamdır.
• Əgər peşəsi səfər etmək olan bir şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə getsə, onun namazı qəsrdir. Amma əgər o, həmin yerdən işlədiyi yerə və iş məqsədilə səfər etsə, orada on gün qalmadığı təqdirdə (istər on gün qalmamağı əvvəlcədən qərara almışdır, istərsə də qərara almamışdır), iş yerinə etdiyi səfərdə onun namazı tamdır.
• Əgər peşəsi sürücülük olan bir şəxsin avtomobili peşə səfəri əsnasında xarab olsa və o, avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə ölçüsündə yerləşən bir yerə səfər etsə, bu səfər peşə səfəri hesab olunur və bu şəxsin namazı tamdır.
• Əvvəlki məsələni nəzərə alaraq, əgər peşə səfərinə getməmişdən öncə bu şəxsin avtomobili xarab olsa və o, avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə ölçüsündə yerləşən bir yerə səfər etsə, bu şəxsin namazı qəsrdir.
• Əgər peşəsi səfər etmək olan şəxs axırıncı iş səfərinə getsə və ya yol əsnasında işi davam etdirməkdən daşınsa, bu halda əgər səfər etmək onun peşəsinin əsasında dayanırsa, məsələn, bu şəxs sürücüdürsə, axırıncı iş səfərindən qayıdarkən sərnişin aparmadığı təqdirdə, geri qayıdarkən onun səfəri iş səfəri hesab olunmur və namazı qəsrdir. O, istər öz maşını ilə qayıtsın, istərsə də başqa bir nəqliyyat vasitəsilə qayıtsın, hökm dəyişmir. Amma əgər səfər etmək onun peşəsinin müqəddiməsi olarsa, axırıncı iş səfərindən qayıdarkən, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır.
• Əgər maarifləndirmə və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” işi ürfə görə bir şəxsin işi-peşəsi hesab olunarsa, bu işləri görmək üçün etdiyi səfərdə o öz işinə-peşəsinə görə səfər edən müsafir hökmündədir. Amma bu işindən qeyri bir iş üçün səfər etdiyi zaman həmin səfərdə başqa müsafirlər kimi namazı qəsrdir.
Səkkizinci şərt: Tərəxxüs həddinə[2] çatmaq
1. Tərəxxüs-həddini müəyyən etmək üçün meyar budur ki, şəhərin axırıncı evindən o hüdudda uzaqlaşırsan ki, şəhərdə səsucaldandan istifadə edilmədən adi səslə çəkilən azan səsini eşitmirsən. Bu yerdə istər şəhərin divarları görünsün, istərsə də görünməsin, rol oynamır.
2. Tərəxxüs-həddini müəyyən etmək üçün qədim məscidlərdə azan deyilən minarələr kimi adi həddə uca bir məkanda və şəhərin axırında deyilən azanın səsini eşitmək meyar götürülür.
3. Əgər müsafir şəxs şəhərdən xaric olduqdan sonra azan səsini eşitsə və onun azan olduğunu müəyyən etsə, amma azanın cümlələrini müəyyən edə bilməsə, bu yerdə namaz qılmaq istədiyi təqdirdə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Amma azan səsini əsla eşitmədiyi yerədək şəhərdən uzaqlaşdıqda namazı qəsr qılacaqdır.
4. Vətənindən yola düşən və şəri məsafəni qət etmək niyyətində olan müsafir tərəxxüs-həddinə çatdıqda onun namazı qəsrdir. Həmçinin səfərdən qayıdarkən tərəxxüs-həddinə çatdıqda namazı tam qılmalıdır. Amma səfərdən qayıdarkən tərəxxüs-həddi ilə şəhərin girişinədək olan məsafədə namazı həm qəsr, həm də tam qılmaq ehtiyat-müstəhəbə müvafiqdir.
5. Bir şəxs on gün qalmaq istədiyi yer ilə bu yerin tərəxxüs-həddi arasındakı məsafədə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da bu yerə çatanadək gözləməli, sonra namazını qılmalıdır və ya bu yerdən xaric olarkən oranın tərəxxüs-həddinə çatanadək gözləməli, sonra namazını qılmalıdır. Həmçinin otuz gün tərəddüdlə qaldığı bir yerdən xaric olarkən bu yerin tərəxxüs-həddinədək olan məsafədə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da oranın tərəxxüs-həddinə çatanadək gözləməli, sonra namazını qılmalıdır.
Suallar:
1- Müsafir namazının səkkiz şərtini açıqlayın.
2- Haram səfər hansı səfərə deyilir?
3- Səkkiz fərsəx olan şəri məsafənin hesablanması üçün “şəhərin axırı” dedikdə, hara nəzərdə tutulur?
4- “Peşəsi səfər etmək olan şəxs” dedikdə, kimlər nəzərdə tutulur?
5- Müsafirin “birinci səfər”i səfər etdiyi ünvana çatdıqda tamamlanır, yoxsa vətəndən xaric olub vətənə geri döndükdə tamamlanır?
6- Tərəxxüs-həddi necə müəyyən edilir?
- Əlli ikinci dərs: Müsafir namazı (2)
Əlli ikinci dərs: Müsafir namazı (2)
Səfəri kəsən səbəblər
Aşağıdakı səbəblər səfəri kəsir (yəni bu səbəblərdən biri baş verdikdə səfər başa çatır və namazı tam qılmaq lazımdır):
1- Vətəndən keçmək;
2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək;
3- Müəyyən bir yerdə tərəddüdlə və on gün qalmağı qərara almadan otuz gün qalmaq.
Diqqət:
• Əgər müsafir şəxs öz vətənindən çıxdıqdan sonra elə bir yol ilə hərəkət etsə ki, bu yolda onun vətənində çəkilən azan səsi eşidilir, o öz vətənindən keçməyənədək şəri məsafəyə xələl gəlmir və səfəri kəsilmir (yəni onun qət etdiyi məsafə şəri məsafədən hesab olunur). Amma o öz vətəni ilə tərəxxüs-həddi arasındakı məsafədə olduğu zaman müsafir hökmündə deyildir.
Səfəri kəsən səbəblər:
1- Vətəndən keçmək
1. Vətən iki qismə bölünür:
1- Əsl vətən: Əsl vətən o yerdir ki, insan öz ömrünün ilkin dövrünün böyük hissəsini (uşaqlıq və yeniyetməlik illərini) orada yaşayıb boya-başa çatmışdır.
2- Seçilən vətən: Seçilən vətən o yerdir ki, insan oranı vətən və yaşayış yeri olaraq seçir, halbuki o yer əvvəllər onun vətəni olmayıbdır. Bu şəxs istər öz əsl vətənini vətənlikdən çıxarsın, istərsə də çıxarmasın, bunun fərqi yoxdur. Əgər bir şəxs müəyyən bir yerdə təxminən on il yaşamaq niyyətində olsa, uzaq ehtimal deyildir ki, ürfə görə bu yerin onun üçün seçilən vətən sayılmasında kifayət etsin.
2. Bir şəxsin bir-iki il yaşamaq üçün seçdiyi yer ürfə görə vətən sayılmır, amma bu şəxs burada müsafir də sayılmır. Odur ki, on gün qalmağı niyyət etmədən belə, onun namazı tamdır.
3. Hansısa bir şəhərdə sadəcə dünyaya gəlmək və doğulmaq, bu şəhərin insanın “əsl vətən”i olmasına səbəb olmur. Əksinə, ömrün ilkin dövrünün böyük hissəsini (uşaqlıq və yeniyetməlik illərini) orada yaşayıb boya-başa çatmaq tələb olunur. Məsələn, əgər bir şəxs hansısa bir yerdə dünyaya gəlsə, amma doğulduqdan sonra həmin yerdə böyüməsə, bu yer onun əsl vətəni hesab olunmur. Əksinə, onun əsl vətəni doğulduqdan sonra aparıldığı və ömrünün ilkin dövrünün böyük hissəsini orada yaşayıb boya-başa çatdığı yerdir.
4. Müəyyən bir yerin “seçilən vətən” hesab olunması üçün üç şərt tələb olunur:
1- İnsan o yerdə daimi olaraq, yaxud uzun müddət olaraq (hətta ilin bir neçə ayı orada qalsa belə), yaxud da müddət təyin etmədən yaşamağı qəti surətdə qərara alır.
2- İnsan müəyyən bir şəhərdə və ya qəsəbədə məskunlaşmağı və oranı özünə vətən seçməyi qərara almalıdır. Odur ki, məsələn, bütöv bir ölkəni özünə vətən seçə bilməz.
3- İnsan o yerdə vətənliyi gerçəkləşdirən işləri görməlidir. Məsələn, müəyyən bir yerdə məskunlaşmaq üçün insanın adətən gördüyü işləri (o cümlədən ev almaq və ya kirayələmək, iş qurmaq kimi işləri) görür. Bu halda o, hətta o yerdə bir müddət qalmasa belə, ora onun vətəni hesab olunur. Amma əgər vətənliyi gerçəkləşdirən işləri görməzsə, o yerin onun vətəni hesab olunması üçün orada bir müddət (bir-iki ay) qalmalıdır.
5. Yeni vətəndə ev-mülk sahibi olmaq şərt deyildir.
6. İnsanın iki “əsl vətən”inin olması mümkündür. Məsələn, bəzi köçəri tayfalar daimi olaraq və ya uzun illər boyunca yaylaqdan qışlağa, yaxud əksinə, qışlaqdan yaylağa köç edirlər. Onlar ilin bir hissəsini yaylaqda, bir hissəsini də qışlaqda yaşayırlar. Belə ki, hər iki məkanı özlərinin daimi və ya uzun müddət üçün yaşayış yeri seçirlər. Bu halda bu iki məkanın hər biri onların vətəni hesab olunacaq və bu iki məkanda onlar üçün vətən hökmü icra olunacaqdır. Amma əgər bu iki məkan arasındakı yol şəri məsafə qədər olarsa, bunların birindən digərinə səfər etdikləri zaman müsafir hökmündədirlər.
7. İnsanın eyni vaxtda iki və ya üç vətəni ola bilər və bunun maneəsi yoxdur. Belə ki, bu yerlərin hər birində onun evi və yaşayışı vardır və il ərzində bir neçə ay bu yerlərdə yaşayır. Amma eyni vaxtda üç vətəndən artıq vətənin olması iradlıdır.
2. Vətənlikdən çıxarmaq
1. Vətəni vətənlikdən çıxarmaq o deməkdir ki, insan yaşayış üçün bir daha vətəninə qayıtmamağı qərara alaraq, həmçinin vətənə qayıtmağın qeyri-mümkün olduğunu bilərək və ya buna əmin olaraq vətəni tərk edir.
2. Əgər bir şəxs çox uzun müddət, məsələn, qırx-əlli il öz vətənindən çıxsa və bu müddət ərzində ora qayıtmaq onun zehnindən keçməsə, bu halda uzaq ehtimal deyildir ki, uzun müddət vətəndən çıxmaq oranı vətənlikdən çıxarmaq hökmündə olsun və orada on gün qalmaq niyyətində olmadığı təqdirdə bu şəxsin namazı qəsr olsun.
3. İnsan öz vətənini vətənlikdən çıxarmayanadək ora onun üçün vətən hökmündədir və orada namazı tamdır. Amma vətənini vətənlikdən çıxardıqdan sonra daha ora onun üçün vətən hökmündə deyildir. Yalnız o halda yenidən vətən hökmündə ola bilər ki, bu şəxs daimi və ya uzun müddət yaşamaq üçün (hətta ilin bir neçə ayını orada qalsa belə), yaxud da müddət təyin etmədən yenidən ora geri qayıtsın. Bu şərtlə ki, yaşayış üçün lazım olan şəraiti orada yaratsın və ya orada bir müddət qalsın.
3. Vətən və ya vətənlikdən çıxarmaq baxımından zövcə və övladın tabeliyi
1. Ər-arvadlıq münasibəti məcburi tabeliyə səbəb olmur, başqa sözlə, qadın vətən seçməkdə və ya vətəni vətənlikdən çıxarmaqda öz ərinə tabe olmaya bilər. Beləliklə, əgər bir yer ərin vətəni olarsa, bu o demək deyildir ki, həmin yer zövcənin də vətəni olmalı və orada onun üçün vətən hökmü icra olunmalıdır.
2. Qadının ailə qurması və ərinin başqa şəhərdə olan evinə köçməsi onun öz əsl vətənini vətənlikdən çıxarması demək deyildir. Beləliklə, başqa şəhərdən olan bir kişi ilə ailə quran bir qadın atası evinə getdikdə, öz əsl vətənini vətənlikdən çıxarmadığı təqdirdə, orada namazı tam qılmalıdır.
3. Əgər qadın vətən seçməkdə və ya vətəni vətənlikdən çıxarmaqda öz ərinin istəyinə tabedirsə, ərin qərarı onun üçün kifayət edir. Beləliklə, daimi yaşayış və məskunlaşma məqsədilə öz əri ilə birlikdə getdiyi şəhər onun da vətəni hesab olunur. Həmçinin ərin onların müştərək vətənini vətənlikdən çıxarması və həmin yerdən çıxıb başqa bir yerə getməkləri qadının da həmin yeri vətənlikdən çıxarması hesab olunur.
4. Əgər övlad öz həyatı üçün qərarlar almaqda və yaşayışda müstəqil deyildirsə, yəni təbii olaraq atanın istəyinə tabedirsə, əvvəlki vətəni vətənlikdən çıxarmaq və yeni vətən seçməkdə – belə ki, o, ata ilə birlikdə daimi yaşayış üçün oraya getmişdir – övlad ataya tabedir. Beləliklə, əgər bir şəxs ataya tabe olaraq öz vətənindən başqa bir şəhərə köçsə və ata yaşayış üçün əvvəlki yerə qayıtmamaq niyyətində olsa, əvvəlki yer daha onun üçün vətən hökmündə deyildir. Əksinə, atanın yeni vətəni onun vətənidir.
5. Əgər övlad öz həyatı üçün qərarlar almaqda və yaşayışda müstəqil olsa, vətənin hökmlərində ata və anaya tabe olmayacaqdır.
Suallar:
1- Səfəri kəsən səbəblər hansılardır?
2- Əsl vətən və seçilən vətənin hansı fərqləri vardır?
3- Seçilən vətənin şərtlərini sadalayın.
4- İnsanın birdən artıq vətəni ola bilərmi? Nümunə çəkərək izah edin.
5- Vətəni vətənlikdən çıxarmaq nə deməkdir?
6- Ailə qurub başqa şəhərə gəlin köçən qız öz atası evinə getdikdə namazını qəsr qılmalıdır, yoxsa tam?
- Əlli üçüncü dərs: Müsafir namazı (3)
Əlli üçüncü dərs: Müsafir namazı (3)
Səfəri kəsən səbəblər:
2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
1. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün ardıcıl olaraq qalmağı qərara alsa və ya məcburi olaraq orada on gün qalacağını bilsə, namazı tam qılmalıdır. (Buna fiqh termini ilə “qəsdi-iqamət” deyilir.) Amma əgər on gündən az qalmaq niyyətində olsa, başqa müsafirlər hökmündədir. Beləliklə, əgər hərbi xidmətdə olan əsgərlər və ya hərbiçilər müəyyən bir məkanda (məsələn, hərbi hissədə, sərhəd bölgələrində və s.) on gün qalmaq niyyətində olsalar, yaxud məcburi şəkildə olsa belə, orada on gün və ya daha çox qalacaqlarını bilsələr, namazı tam qılmalıdırlar.
Diqqət:
• Müəyyən bir yerdə on gün qalmayacağını bilən bir şəxsin “on gün qalmaq niyyəti” etməsi mənasızdır və o, həmin yerdə namazı qəsr qılmalıdır. Məsələn, İmam Rzanın (ə) ziyarətinə gedən şəxs orada on gündən az qalacağını bilir, amma namazını tam qılmaqdan ötrü orada on gün qalmaq niyyəti edir. Bu niyyətin heç təsiri yoxdur və o, namazını qəsr qılmalıdır.
2. On gün qalmaq qərarında yalnız müəyyən bir yer (məsələn, bir şəhər, bir kənd və s.) nəzərdə tutulmalıdır, iki yer nəzərdə tutula bilməz. Deməli, camaatın nəzərində iki ayrı məntəqə sayılan yerlərə ezamiyyətə göndərilən bir şəxs yalnız onların birində on gün qalmağı qərara ala bilər. Əgər o, bu yerlərin birində bir neçə gün, digərində də bir neçə gün qalmağı qərara alıbsa və ümumilikdə on gün qalacaqdırsa, müəyyən bir yerdə on gün qalmaq niyyəti gerçəkləşmir. O, hər iki yerdə namazı qəsr qılmalıdır.
Diqqət:
• Əgər bir şəhərin məntəqələri ürfə görə müstəqil məntəqələr sayılacaq ölçüdə bir-birindən ayrı olmazsa, müsafir şəxs bu şəhərin bir məntəqəsində on gün qalmağı qərara aldıqdan sonra şəhərin digər məntəqələrinə getdiyi təqdirdə – hətta qaldığı məntəqə ilə getdiyi məntəqələr arasındakı məsafə şəri məsafə ölçüsündə olsa belə – on gün qalmaq niyyətinə və onun hökmünə xələl gəlmir.
3. Müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara aldığı zaman bu on gün əsnasında qaldığı yerdən xaric olmağı və dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyi də nəzərdə tutur[1]. Bu halda əgər o, ürfə görə “müəyyən bir yerdə on gün qalmağ”a zidd olmayan miqdarda, məsələn, on gün ərzində iki-üç dəfə və hər dəfə ən çoxu yarım gün oradan xaric olmağı nəzərdə tutubsa, onun “müəyyən bir yerdə on gün qalmaq” niyyətinə xələl gəlmir və namazı tam qılmalıdır.
4. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara aldığı zaman bu on gün əsnasında qaldığı yerdən xaric olmağı və dörd fərsəx və ya daha uzaq məsafədə yerləşən başqa bir yerə getməyi – hətta bir dəfə və bir neçə dəqiqəliyə olsa belə – nəzərdə tutarsa, bu halda “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmir və o, namazı qəsr qılmalıdır.
5. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara alsa və orada bir dördrəkətli namaz (zöhr, əsr və ya işa namazlarından birini) qılmamışdan qabaq öz qərarından dönsə və ya tərəddüd etsə, “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmir və orada qaldığı müddətdə namazı qəsr qılmalıdır. Amma əgər ən azı bir dördrəkətli namaz qılarsa, “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmişdir və bundan sonra on gün qalmaq qərarından dönmək və ya tərəddüd etməyin heç bir təsiri yoxdur. Beləliklə, o, həmin yerdə qaldığı müddətdə (hətta bir gün qalsa belə) və yeni bir səfərə getməyənədək namazı tam qılmalıdır.
6. Müəyyən bir yerdə on gün qalmaq niyyəti gerçəkləşdikdən sonra bu yerdən dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyin – hətta bir gün və ya daha çox müddət getməyin – maneəsi yoxdur və namaz tam qılınmalıdır. Bu halda müsafir şəxs istər ilk on gün ərzində oradan xaric olsun, istərsə də bundan sonra xaric olsun, fərqi yoxdur. Əgər o, qaldığı yerə yenidən qayıtmaq niyyətində olarsa, gediş-qayıdış yolunda, getdiyi yerdə və qaldığı yerdə namazı tam qılmalıdır. Amma əgər dörd fərsəx ölçüsündə oradan xaric olarsa, başqa müsafirlər hökmündə olacaqdır.
Deməli, əgər müsafir şəxs on gün qalmağı qərara aldığı bir şəhərdən dörd fərsəx uzaqlıqda yerləşən başqa bir şəhərə getsə, onun “müəyyən bir yerdə on gün qalmaq niyyəti” pozulur və qaldığı şəhərə qayıtdıqdan sonra yenidən orada on gün qalmağı qərara almalıdır.
7. Bir qədər əvvəldə “Vətən və ya vətənlikdən çıxarmaq baxımından zövcə və övladın tabeliyi” başlığı altında açıqladığımız məsələlər zövcə və övlad üçün “Müəyyən bir yerdə on gün qalmağı qərara almaq” mövzusuna da aiddir.
Səfəri kəsən səbəblər:
3- Müəyyən bir yerdə tərəddüdlə və on gün qalmağı qərara almadan otuz gün qalmaq
1. Əgər müsafir şəxs səkkiz fərsəxi qət etdikdən sonra müəyyən bir yerdə qalsa, amma orada nə qədər (on gün, yoxsa daha az) qalacağını bilməsə, bir qərara gəlməyənədək namazı qəsr qılmalıdır. Amma otuz gün keçdikdən sonra, hətta həmin gün geri qayıtmaq istəsə belə, namazı tam qılmalıdır.
2. Əgər müsafir şəxs müəyyən bir yerdə on gündən az qalmaq niyyətində olsa, amma bu müddət başa çatdıqdan sonra oradan getmək fikrindən dönüb, yenə də on gündən az olaraq (məsələn, bir həftə) orada qalmağı qərara alsa və bu minvalla orada qalmağı bir ayadək uzatsa, bu halda əvvəlki məsələdə qeyd olunduğu kimi, o, otuz birinci gündən etibarən namazı tam qılmalıdır.
Böyük şəhər
Müsafirin hökmləri, vətən seçmək və müəyyən bir yerdə on gün qalmaq niyyəti baxımından “böyük şəhər” ilə adi şəhərlər arasında fərq yoxdur. Bir şəxs böyük bir şəhəri vətən seçib, yaşayış üçün tələb olunan şəraiti orada qurduqdan və ya bir müddət orada yaşadıqdan sonra həmin şəhər bütünlüklə onun vətəni sayılır. Həmçinin əgər müsafir şəxs böyük bir şəhərdə on gün qalmağı qərara alarsa, şəhərin bütün məntəqələrində namazı tam qılmalıdır. O, istər böyük şəhərin müəyyən bir məntəqəsini vətən seçməyi və ya orada on gün qalmağı qərara almış olsun, istərsə də müəyyən bir məntəqə barəsində bu qərarı almamış olsun, fərqi yoxdur.
Müsafir namazının hökmləri:
1. Əgər müsafir şəxs səfərdə namazın müəyyən şərtlər daxilində qəsr qılındığını bilsə, həmçinin onun səfərinin də bu şərtlərə malik olduğunu bilsə, amma namazı tam qılsa, onun namazı düzgün deyildir. İstər namazın vaxtı keçməmiş olsun, istərsə də keçmiş olsun, namazı qəsr olaraq yenidən qılmalıdır.
2. Əgər müsafir şəxs səfərdə olan bir şəxsin namazı qəsr qılmalı olduğunu unutsa, yaxud özünün səfərdə olduğunu unutsa və buna görə də namazı tam qılsa, namaz vaxtı başa çatmamışdan qabaq bunu xatırladığı təqdirdə, namazı yenidən qəsr olaraq qılmalıdır. Əgər yenidən qılmazsa, sonradan onun qəzasını qılmalıdır. Amma əgər namaz vaxtı başa çatdıqdan sonra bunu xatırlasa, namazın qəzası yoxdur.
3. Əgər müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilmirsə və vəzifəsinə zidd olaraq namazı tam qılsa, qasir-cahil[2] olduğu təqdirdə, hökmü bildikdən sonra namazı yenidən qılması və ya onun qəzasını qılması lazım deyildir. Amma əgər o, müqəssir-cahil[3] olsa, hökmü öyrənmədiyinə görə günah etmişdir və hökmü bildikdən sonra namaz vaxtı keçmədiyi təqdirdə namazı yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını qılmalıdır.
4. Əgər müsafir şəxs səfərdə namazın hökmünü (yəni qəsr qılındığını) bilirsə, amma hökmün təfərrüatını bilmədiyinə görə namazı tam qılsa, ehtiyat-vacibə görə, namaz vaxtı keçməmişdən qabaq səhvini başa düşdüyü təqdirdə, namazı yenidən qılmalıdır. Namaz vaxtı keçdikdən sonra səhvini başa düşdükdə isə namazın qəzasını qılmalıdır. Məsələn, müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilir, amma bilmir ki, müəyyən bir yerdə on gün qalmağı qərara aldıqdan sonra və bir dördrəkətli namaz qılmamışdan qabaq orada qalmaq qərarından daşındığı halda namazı qəsr qılmalıdır. Bunu bilmədiyinə görə namazı tam qılır.
5. Əgər vəzifəsi namazı tam qılmaq olan müsafir bir şəxs vəzifəsinə zidd olaraq namazı qəsr qılsa, onun namazı düzgün deyildir. İstər bilərəkdən, istər unutqanlıq üzündən, istərsə də məsələnin hökmünü və ya tətbiqini unutduğuna və ya bilmədiyinə görə belə etsin, fərqi yoxdur. Amma sonrakı məsələdə açıqlanan hal istisna təşkil edir.
6. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmaq istəsə, amma hökmü bilmədiyinə görə namazı qəsr qılsa, onun namazı düzgündür. Amma əgər hökmün tətbiqini bilmədiyinə və ya bunu unutduğuna görə namazı qəsr qılsa, onun namazı düzgün deyildir. Namazı yenidən tam olaraq qılmalıdır.
Suallar:
1- Əgər müəyyən bir yerdə qeyri-ixtiyari olsa belə, on gün qalacağını bilən əsgərin namazının hökmü nədir?
2- Əgər İmam Rzanın (ə) ziyarətinə gedən şəxs orada on gündən az qalacağını bilsə, amma namazını tam qılsın deyə, orada on gün qalmağı niyyət etsə, onun bu əməlinin hökmü nədir?
3- Müəyyən bir yerdə on gün qalmağı qərara alarkən oradan dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyi də nəzərdə tutmaq olarmı?
4- “Müəyyən bir yerdə on gün qalmaq niyyəti” hansı şərtlər daxilində gerçəkləşir? İzah edin.
5- Əgər müsafir şəxs getdiyi yerdə nə qədər qalacağını – on gün, yoxsa daha az qalacağını – bilməsə, namazını necə qılmalıdır?
6- Müsafirin hökmlərində böyük şəhər ilə adi şəhər arasında hansı fərqlər vardır?
- Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
Qəza namazı
1. Əgər bir şəxs vacib namazı öz vaxtında qılmasa, onun qəzasını qılmalıdır, baxmayaraq ki, namaz vaxtı ərzində yatıb yuxuya qalmış, yaxud xəstəliklə əlaqədar olaraq namazı qıla bilməmiş, yaxud da məst vəziyyətində olmuşdur. Amma əgər bir şəxs namaz vaxtı ərzində qeyri-ixtiyari olaraq huşsuz vəziyyətdə olubsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlmanlığı qəbul edən kafirin kafirlik dövründə və namaz vaxtı ərzində heyz və nifas vəziyyətində olan qadının qılmadığı namazların qəzası yoxdur. Amma əgər mürtəd, yəni İslam dinindən dönən müsəlman şəxs yenidən İslam dininə gəlsə, mürtədlik dövrünün namazlarının qəzasını qılmalıdır.
2. Əgər bir şəxs qıldığı namazın düzgün olmadığını namaz vaxtı keçdikdən sonra bilsə, bu namazın qəzasını qılmalıdır. Məsələn, bir şəxs qüslün hökmlərini bilmədiyinə görə düzgün qaydada qüsl etməyibdir. Bu şəxs düzgün olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.
3. Namazın qəzasını qılmaq o halda vacib olur ki, namazı qılmadığına və ya namazın düzgün olmadığına mükəlləfin yəqinliyi vardır. Amma əgər mükəlləf namazı qılmadığına və ya namazın düzgün olmadığına şəkk və ya güman etsə, namazın qəzasını qılmaq vacib deyildir.
4. Qəza namazını qılarkən namazların ardıcıllığına riayət etmək vacib deyildir. Amma eyni günün zöhr və əsr namazlarının qəzasını, həmçinin eyni günün məğrib və işa namazlarının qəzasını qılmaq istədikdə namazların ardıcıllığına riayət olunmalıdır. Beləliklə, bir ilin qəza namazlarını qılmaq istəyən şəxs onları aşağıdakı ardıcıllıqla qıla bilər:
Məsələn, əvvəlcə iyirmi sübh namazı, sonra iyirmi zöhr namazı, sonra iyirmi əsr namazı, sonra iyirmi məğrıb namazı, sonra iyirmi işa namazı qıla bilər. Bir ilin namazları tamamlananadək bu şəkildə davam edə bilər. Yaxud da bir namazdan başlayıb gündəlik namazların ardıcıllığı ilə davam edə bilər.
5. Qəza namazlarının sayını bilməyən, (məsələn) iki, yoxsa üç qəza namazı olduğunu bilməyən şəxsin az olan sayı götürüb, həmin sayda qəza namazını qılması kifayət edir. (Başqa sözlə desək, yəqin bildiyi sayda qəza namazı qılması kifayət edir.)
6. Əgər bir şəxs üç cənabət qüslü etsə, məsələn, ayın 21-i, 25-i və 27-si qüsl etsə, amma sonradan bu qüsllərdən birinin düzgün olmadığına yəqin etsə, ehtiyat-vacibə görə, o, boynunda olan qəza namazlarını qıldığına yəqin edəcəyi sayda qəza namazı qılmalıdır.
7. Nafilələr və müstəhəb namazlar qəza namazını əvəz etmir. Əgər bir şəxsin boynunda qəza namazı varsa, onu qəza namazı niyyətilə qılmalıdır.
8. Qəza etdiyi namazların hamısını qılmağa qadir olmayan bir şəxs bacardığını qılmalı, qıla bilmədiyini isə vəsiyyət etməlidir.
9. Boynunda qəza namazı olan şəxs əda namazı qıla bilər. Amma əgər onun bir qəza namazı varsa – xüsusilə də qəza namazı həmin günə aiddirsə – ehtiyat-vacibə görə, əvvəlcə qəza namazını qılmalıdır.
Əcir namazı
1. Həyatda olan bir şəxsin qəza namazını heç kim qıla bilməz, baxmayaraq ki, o öz qəza namazlarını qılmağa qadir deyildir. Amma insan dünyasını dəyişdikdən sonra onun qəza namazlarını qılmağın maneəsi yoxdur. Hər bir kəs həyatda ikən öz vacib namazlarını bacardığı şəkildə özü qılmalıdır. Başqa bir şəxsin onun yerinə qıldığı namaz – istər zəhmət haqqı alaraq qılsın, istərsə də zəhmət haqqı almadan qılsın – kifayət etmir.
2. Əcir namazını qılarkən mərhumun xüsusiyyətlərini vurğulamaq lazım deyildir. Həmçinin yalnız eyni günün zöhr və əsr namazlarının, eləcə də eyni günün məğrib və işa namazlarının ardıcıllığına riayət etmək şərtdir. Əgər əcirlik müqaviləsində əcir namazını qılan şəxsin qarşısında heç bir şərt qoyulmazsa (məsələn, namazı məsciddə və ya filan saatda qılması deyilməzsə), əcir namazını qılan şəxsə yalnız namazın vacibatlarını yerinə yetirərək qəza namazını qılmaq vacib olur.
Ata və ananın qəza namazları
1. Ata və ana dünyasını dəyişdikdən sonra atanın və ehtiyat-vacibə görə, ananın qəza namazlarını qılmaq böyük oğula vacibdir.
2. Əgər ata və ya ana əsla namaz qılmayıbsa, ehtiyat-vacibə görə, yenə də onların qəza namazlarını qılmaq böyük oğula vacibdir.
3. “Böyük oğul” dedikdə, ata və ana vəfat etdikdən sonra həyatda olan böyük oğul övladı nəzərdə tutulur. Deməli, əgər ailənin böyük oğlu ata və anadan qabaq vəfat etsə, istər həddi-büluğa çatmış olsun, istərsə də çatmamış olsun, ata və ana vəfat etdikdən sonra onların qəza namazları həyatda olan böyük oğula vacib olur.
4. “Böyük oğul” dedikdə, mərhumun oğlan övladları arasında ən böyüyü nəzərdə tutulur. Deməli, əgər mərhumun böyük övladı qız və ikinci övladı oğlandırsa, valideynlərin qəza namazı ailənin ikinci övladı, eyni zamanda böyük oğul sayılan oğlana vacibdir.
5. Ata və ananın qəza namazları böyük oğula vacib olsa da, başqa bir şəxs bu namazları qıldığı təqdirdə böyük oğulun boynundan götürülür.
6. Ata və ananın qılmadığını yəqinliklə bildiyi namazların qəzasını qılmaq böyük oğula vacibdir. Əgər o, ata və anasının qəza namazı olub-olmadığını dəqiq bilmirsə, onun üzərinə heç bir vəzifə düşmür. Bu barədə araşdırma aparmaq da lazım deyildir.
7. Böyük oğul mümkün olan hər hansı bir şəkildə ata və ananın qəza namazlarını qılmalıdır. Əgər o, ata və ananın qəza namazlarını qılmaqda acizdirsə, bu halda onun üzərinə heç bir vəzifə düşmür.
8. Əgər bir şəxsin özünün qəza namazı varsa, həmçinin ata və anasının da qəza namazı onun öhdəsindədirsə, hansını istəsə qabağa sala və birinci qıla bilər.
9. Əgər ata və ana vəfat etdikdən sonra böyük oğul vəfat etsə, heç kimin üzərinə bir vəzifə düşmür. Deməli, ata-ananın qəza namazları böyük oğulun oğluna (yəni nəvəyə) və ya qardaşına vacib olmur.
Suallar:
1- Müsəlmanlığı qəbul edən kafirə kafir olduğu dövrdə qılmadığı namazların qəzasını qılmaq vacibdirmi?
2- Boynunda qəza namazı olan şəxs əgər müstəhəb namaz qılsa, qəza namazını əvəz edirmi?
3- Əcir namazında mərhumun xüsusiyyətlərini vurğulamaq şərtdirmi?
4- Ömür boyu namaz qılmayan atanın qəza namazını qılmaq böyük oğula vacibdirmi?
5- Böyük oğul kimə deyilir?
6- Əgər böyük oğulun özünün qəza namazı olsa və ata-anasının da qəza namazı ona vacib olsa, hansını birinci qılmalıdır?
- Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
Ayat namazı
1. Ayat namazını vacib edən şəri səbəblər
Ayat namazı dörd halda vacib olur:
1- Günəş tutulduqda (küsuf), hətta Günəşin çox az hissəsi tutulsa belə;
2- Ay tutulduqda (xüsuf), hətta Ayın çox az hissəsi tutulsa belə;
3- Zəlzələ baş verdikdə;
4- İnsanların əksəriyyətinin qorxmasına səbəb olan göy hadisəsi baş verdikdə, məsələn, qara və ya qırmızı küləyin əsməsi, şimşəyin çaxması və s.
Diqqət:
• Günəş və Ay tutulması və zəlzələ istisna olmaqla, digər göy hadisələri insanların əksəriyyətinin qorxmasına səbəb olmalıdır. Əgər baş verən hadisə insanların qorxmasına səbəb olmazsa və ya bəzi insanların qorxmasına səbəb olarsa, Ayat namazı vacib olmur.
• Ayat namazını qılmaq o şəxslərə vacib olur ki, hadisə zamanı həmin məntəqədə olublar.
• Əgər Seysmoloji Xidmət Mərkəzi müəyyən bir məntəqədə zəif yeraltı təkanların baş verdiyini elan etsə, belə ki, bu yeraltı təkanlar yalnız cihazlar vasitəsilə müəyyən edilir və həmin məntəqədə yaşayan insanlar onları əsla hiss etmirlər, bu halda Ayat namazı vacib olmur.
• Hər bir zəlzələ üçün (istər güclü olsun, istərsə də zəif olsun), hətta zəlzələdən sonrakı yeraltı təkanlar ayrıca bir zəlzələ sayıldığı təqdirdə, onlar üçün ayrıca olaraq Ayat namazı qılınmalıdır.
2. Ayat namazının vaxtı
1. Günəş və Ay tutulmasında Ayat namazının vacib olması vaxtı Günəş və Ay tutulmağa başladığı andan etibarən başlanır. Ehtiyat-vacibə görə, namaz o qədər yubadılmamalıdır ki, Günəş və Ay açılmağa başlasın.
2. Əgər bir şəxs Ayat namazını qılmağı yubatsa və Günəş və ya Ay açılmağa başlasa, namazı qəsdi-qürbət ilə, yəni əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır. Amma əgər Günəş və ya Ay tam açılarsa, namazı qəza niyyətilə qılmalıdır.
3. Zəlzələ baş verdikdə, göy gurultusu və şimşək çaxdıqda və ya bu kimi hadisələr (yəni baş vermə müddəti az olan hadisələr) baş verdikdə, ehtiyata görə, şəri vəzifə daşıyan şəxs Ayat namazını dərhal qılmalıdır. Əgər namazı qılmağı yubatsa, ömrünün axırınadək bu Ayat namazını əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır.
4. Əgər bir şəxsin Günəş və ya Ay tutulduğu zaman bu hadisədən əsla xəbəri olmayıbsa və Günəş və ya Ay açıldığı zaman bunu başa düşübsə, tutulma tam olduğu təqdirdə, o, Ayat namazının qəzasını qılmalıdır. Amma əgər tutulma qismən olubsa, ona Ayat namazının qəzası vacib olmur.
5. Əgər bir şəxs Günəş və ya Ay tutulduğu zaman bu hadisədən xəbərdar olubsa, amma Ayat namazını (hətta unutqanlıq üzündən) qılmayıbsa, namazın qəzasını qılmalıdır, baxmayaraq ki, tutulma qismən olubdur.
6. Günəş və Ay tutulması istisna olmaqla, əgər bir şəxs digər təbiət hadisələri baş verdiyi zaman hadisədən xəbərdar olubsa və Ayat namazını, hətta unutqanlıq üzündən qılmayıbsa, o, Ayat namazını qılmalıdır. Əgər bu hadisələr baş verdiyi zaman hadisədən xəbərdar olmayıbsa və sonradan bunu başa düşübsə, ehtiyat-vacibə görə, Ayat namazını qılmalıdır.
3. Ayat namazının qılınma qaydası
Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku və iki səcdə yerinə yetirilir. Ayat namazı bir neçə surətdə qılına bilər:
Birinci surət: Hər rəkətdə beş dəfə “Həmd” və “Surə” oxunur.
Niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və tam bir “Surə” oxunur və rükuya gedilir. Daha sonra rükudan qalxıb, “Həmd” və tam bir “Surə” oxunur və ikinci rükuya gedilir. Bu qaydada beş rüku yerinə yetirilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
İkinci surət: Hər rəkətdə bir dəfə “Həmd” və “Surə” oxunur. “Surə” beş hissəyə (bu hissə bir ayə, yaxud bir ayədən çox və ya az ola bilər) bölünür.
Niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və “Surə”nin bir hissəsi oxunur və rükuya gedilir. (Qeyd edək ki, ehtiyat-vacibə görə, “Bismilləhir rahmənir rahim” ayəsi “Surə”nin bir hissəsi kimi götürülə bilməz və onu dedikdən sonra rüku edilə bilməz.) Rükudan qalxdıqdan sonra “Həmd”i oxumadan “Surə”nin ikinci hissəsi oxunur və ikinci rükuya gedilir. Namaz bu qaydada davam etdirilir. Beşinci rükudan qabaq “Surə”nin beşinci hissəsi oxunur və rükuya gedilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
Üçüncü surət: Birinci rəkəti yuxarıda izah olunan iki surətdən biri şəklində, ikinci rəkəti isə digər surətdə qılmaq olar.
Dördüncü surət: Birinci rükudan qabaq bir hissəsi oxunan “Surə” ikinci, üçüncü və ya dördüncü rükudan əvvəl tamamlanır. Bu halda rükudan qalxdıqdan sonra qiyamda “Həmd” surəsi yenidən oxunur, ardınca tam bir “Surə” və ya “Surə”nin bir hissəsi oxunmağa başlanır, belə ki, beşinci rükudan qabaq bu “Surə” tamamlanmalıdır.
• Diqqət:
Gündəlik namazlarda vacib və ya müstəhəb olan əməllər Ayat namazında da eyni hökmü daşıyır. Amma Ayat namazında azan və iqamənin yerinə savab əldə etmək ümidilə üç dəfə “Əs-səlah” deyilir.
Fitr bayramı və Qurban bayramının namazı
1. Hazırkı dövrdə (yəni İmam Zamanın (ə.f) qeyb dövründə) Fitr bayramı və Qurban bayramının namazı vacib deyildir, əksinə, müstəhəbdir.
2. Fitr bayramı və Qurban bayramının namazı iki rəkətdir. Birinci rəkətdə “Həmd” və “Surə”dən sonra beş “təkbir” (Əllahu əkbər) deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir.
İkinci rəkətdə isə “Həmd” və “Surə”dən sonra dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir və səcdələrdən sonra təşəhhüd və salam deyilərək namaz tamamlanır.
3. Bayram namazının qunutunda uzun və ya qısa dua oxumağın maneəsi yoxdur və namazın düzgün olmamasına səbəb olmur. Amma qunutların sayını azaldıb-artırmağa icazə verilmir.
4. Bayram namazında “iqamə” yoxdur. Əgər imam-camaat bayram namazında iqamə oxusa, onun və ona iqtida edənlərin namazının düzgünlüyünə xələl gəlmir.
5. Vəliyyi-fəqih tərəfindən bayram namazı qılmaq səlahiyyəti verilən nümayəndələr, həmçinin vəliyyi-fəqihin təyin etdiyi imam-cümələr hazırkı dövrdə (İmam-Zamanın (ə.f) qeyb dövründə) bayram namazını camaat namazı şəklində qıla bilərlər. Lakin ehtiyat-vacibə görə, onlardan qeyriləri bayram namazını furada (tək halda) qılsınlar. Amma bayram namazını “qəsdi-vurud”[1] ilə deyil, “qəsdi-rəca”[2] ilə camaat namazı şəklində qılmağın maneəsi yoxdur. Əgər bir şəhərdə bayram namazı qılınarsa, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi imam-camaat dayanmasın.
6. Bayram namazının qəzası yoxdur.
7. Bayram namazına yetişməyən namaz qılanlar üçün bu namazı ikinci dəfə camaat namazı şəklində qılmağın maneəsi yoxdur.
Suallar:
1- Ayat namazı neçə halda vacib olur? İzah edin.
2- Bir məntəqədə baş verən zəlzələnin ardınca adətən az bir müddət ərzində onlarca nisbətən zəif yeraltı təkanlar baş verir. Bu yeraltı təkanlar baş verdikdə Ayat namazının hökmü nədir?
3- Ayat namazının qılınma qaydasını açıqlayın.
4- İmam Zamanın (ə.f) qeyb dövründə Fitr bayramı və Qurban bayramının namazının hökmü nədir?
5- Hazırkı dövrdə imam-camaat Fitr bayramı və Qurban bayramının namazını camaat namazı şəklində qıla bilərmi?
6- Fitr bayramı namazının qəzası varmı?
- Əlli altıncı dərs: Camaat namazı (1)
Əlli altıncı dərs: Camaat namazı (1)
Camaat namazının əhəmiyyəti
1. Camaat namazı çox mühüm müstəhəb əməldir və ən azı iki nəfər (biri imam-camaat, digəri isə iqtida edən şəxs) ilə qılınır.
2. Əgər imam-camaat “imam-camaat dayanmaq niyyəti” etmədən namaza başlasa, onun namazının, eləcə də başqalarının ona iqtida etmələrinin iradı yoxdur. Başqa sözlə desək, camaat namazının gerçəkləşməsi üçün yalnız məmumun iqtida niyyəti etməsi kifayət edir. İmam-camaatın “imam-camaat dayanmaq niyyəti” şərt deyildir. Əlbəttə, imam-camaat “imam-camaat dayanmaq niyyəti” etdiyi təqdirdə, camaat namazının fəzilətini əldə edə bilər.
3. İmam-camaatın “ehtiyat qəza namazı” niyyəti edib imam-camaat dayanması düzgün deyildir. Əgər imam-camaat öz namazını ehtiyat üzrə ikinci dəfə qılarsa, məmum yalnız o halda ona iqtida edə bilər ki, o da öz namazını ehtiyat üzrə ikinci dəfə qılmaq istəyir və onun ehtiyat etdiyi səbəb imam-camaatla eynidir. Beləliklə, eyni bir namaz üçün müxtəlif yerlərdə imam-camaat dayanan şəxs “ehtiyat qəza namazı” niyyəti edə bilməz.
4. İqtida etməyin düzgünlüyü üçün imam-camaatın razılığı şərt deyildir. Beləliklə, əgər bir şəxs ona iqtida edilməsinə razı olmasa belə, ona iqtida etməyin maneəsi yoxdur.
5. Camaat namazı qılmaqda olan bir məmuma iqtida etmək düzgün deyildir. Amma əgər bir şəxs onun məmum olduğunu bilməsə və ona iqtida etsə, rüku və səcdələrdə namazı furada qılan şəxsin vəzifəsinə əməl etdiyi, yəni bilərəkdən və ya səhvən namazın rüknünü azaldıb-çoxaltmadığı təqdirdə, bu şəxsin namazı düzgündür.
6. Gündəlik namazlarda bir imam-camaatın eyni namaz üçün ikinci dəfə imam-camaat dayanmasına icazə verilir, amma bu şərtlə ki, ikinci camaat namazının məmumları birinci camaat namazının məmumları olmamalıdırlar. Beləliklə, bir imam-camaat iki məsciddə imam-camaat dayana və namazı ikinci dəfə qıla bilər.
7. Gündəlik namazlarda hər bir namazı hər bir namaza iqtida etmək olar. Məsələn, işa namazını qılmaq istəyən bir şəxs, məğrib namazını qılan bir şəxsə iqtida edə bilər.
8. Qadınların camaat namazında iştirak etmələrinin maneəsi yoxdur və camaat namazının savabını əldə edirlər.
9. Əgər imam-camaat namazın axırındakı təşəhhüdü oxuyarkən bir şəxs camaat namazına yetişsə və camaat namazının savabını qazanmaq istəsə, o, niyyət etməli və təkbirətul-ehramı deməli, sonra əyləşib imam-camaatla birgə təşəhhüdü oxumalıdır. Amma salamı deməməli və imam-camaat namazın salamını deyib qurtaranadək əyləşən vəziyyətdə gözləməlidir. İmam-camaat salamı deyib qurtardıqdan sonra ayağa qalxmalı və namazını davam etdirməlidir. Yəni “Həmd” və “Surə”ni oxumalı və bu rəkəti öz namazının birinci rəkəti hesab etməlidir. (Bu, yalnız camaat namazının savabını qazanmaq üçün namazın axırında oxunan təşəhhüdə aiddir. Üçrəkətli və dördrəkətli namazların ikinci rəkətində oxunan təşəhhüddə bunu etmək olmaz.)
10. İmam-camaatın və məmumun müxtəlif mərcəyi-təqlidlərə təqlid etmələri iqtidanın düzgünlüyünə xələl gətirmir. Beləliklə, “Müsafir namazı” mövzusunda hansısa bir müctəhidə təqlid edən məmum, bu mövzuda başqa bir müctəhidə təqlid edən imam-camaata iqtida edə bilər. Amma əgər məmumun mərcəyi-təqlidinin rəyinə görə qəsr qılınan, amma imam-camaatın mərcəyi-təqlidinin rəyinə görə tam qılınan, yaxud da əksinə, məmumun mərcəyi-təqlidinin rəyinə görə tam qılınan, amma imam-camaatın mərcəyi-təqlidinin rəyinə görə qəsr qılınan müəyyən bir namazda iqtida etmək düzgün deyildir.
Diqqət:
• Əgər camaat namazı təşkil edildiyi zaman furada namaz qılmağa başlayan şəxslərin bu hərəkəti camaat namazını dəyərsizləşdirmək və camaatın ədalətli bir şəxs bildiyi imam-camaata qarşı ehtiramsızlıq sayılsa, buna icazə verilmir.
• Məntiqi bir səbəbə görə, məsələn, ittihamı dəf etmək üçün zahirdə camaat namazına qatılmağın maneəsi yoxdur. Amma imam-camaata iqtida edildiyini zahirdə göstərmək üçün məğrib və işa namazları kimi “Həmd” və “Surə”nin ucadan oxunduğu namazlarda “Həmd” və “Surə”ni astadan oxumaq düzgün deyildir və kifayət etmir.
• Əgər dövlət idarələrinin namazgahlarında təşkil edilən camaat namazından qabaq, sonra və ya iki namaz arasında müstəhəb ibadətlərin yerinə yetirilməsi, məsələn, müstəhəb namazların qılınması, “Təvəssül” duasının və ya başqa uzun duaların oxunması camaat namazından daha uzun çəksə və iş saatı vaxtında olub vacib idarə işlərinin təxirə salınmasına səbəb olsa, bunun iradı vardır.
• Vacib işlərin yerinə yetirilməsi, həmçinin camaat namazı qılmaq üçün zəhmət haqqı almağın maneəsi yoxdur.
• Camaat namazının salamından sonra “salavat” ayəsini oxumaq və Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat deməyin maneəsi yoxdur, hətta bəyənilən bir əməldir və savabı vardır.
• Dövlət idarələrində və digər müəssisələrdə iş saatının elə bir şəkildə tənzimlənməsi tövsiyə olunur ki, çox mühüm ibadət olan gündəlik namazları camaat namazı şəklində, həmçinin namaz vaxtının əvvəlində az bir müddət ərzində qılmaq imkanı yaransın.
Suallar:
1- Camaat namazı ən azı neçə nəfərlə təşkil olunur?
2- İmam-camaat eyni bir namazı iki məsciddə iki dəfə qıla bilərmi?
3- İşa namazını qılmaq istəyən bir şəxs, məğrib namazını qılan bir şəxsə iqtida edə bilərmi?
4- Bəzi şəxslər camaat namazı təşkil edildiyi zaman furada halda namaz qılmağa başlayırlar. Onların bu hərəkətinin hökmü nədir?
5- İmam-camaat namaz üçün zəhmət haqqı ala bilərmi?
- Əlli yeddinci dərs: Camaat namazı (2)
Əlli yeddinci dərs: Camaat namazı (2)
Camaat namazının şərtləri
Camaat namazının şərtləri aşağıdakılardır:
1- Hail[1] olmamalıdır;
2- İmam-camaatın dayandığı yer məmumun dayandığı yerdən hündürdə olmamalıdır;
3- İmam-camaat ilə məmum arasında məsafə olmamalıdır;
4- Məmum imam-camaatdan öndə dayanmamalıdır.
1- Hail olmamalıdır
1. Əgər camaat namazının cərgələrinin birində məmumların hamısının namazı qəsr olsa, amma onların arxasında dayanan cərgədəki məmumların hamısının namazı tam olsa, namazı qəsr qılan məmumlar iki rəkət namazı qıldıqdan sonra dərhal növbəti iki rəkəti qılmaq üçün iqtida etdikləri təqdirdə, camaat namazının davamı üçün maneə yaranmayacaqdır.
2. Əgər camaat namazına həddi-büluğa çatmayan uşaq vasitəsilə birləşmək mümkün olarsa, uşağın namazı düzgün qıldığı məlum olduğu təqdirdə, imam-camaata iqtida etmək və camaatla namaz qılmaq olar.
3. Əgər camaat namazında kişilər qadınların vasitəsilə namaza birləşə bilirsə (məsələn, İmam Rzanın (ə) hərəmində təşkil edilən camaat namazında və ya bəzən cümə namazlarında bu hal baş verir), bu, heç bir maneə yaratmır. Amma ehtiyat-vacibə görə, qadınlar ilə kişilər arasında ən azı bir qarış məsafə olmalıdır. Onların arasında pərdə və ya bu kimi bir şey mövcud olduğu halda isə bir qarış məsafənin olması vacib deyildir.
Diqqət:
• Əgər camaat namazında qadınlar kişilərin arxasında dayansalar, hətta arada məsafə olmasa belə, bir arakəsməyə və ya pərdəyə ehtiyac yoxdur. Amma əgər qadınlar kişilərlə yanaşı dayansalar, onların arasında bir arakəsmənin olması yaxşıdır. Bununla da, namazda qadın ilə kişinin yanaşı dayanmasının məkruhluğu aradan qalxar. “Namazda qadınlar ilə kişilərin arasında bir arakəsmə yaratmaq qadınların şəxsiyyətinə və şəninə qarşı təhqir və hörmətsizlikdir” düşüncəsinə gəlincə, bu, əsası olmayan bir düşüncədir.
2- İmam-camaatın dayandığı yer məmumun dayandığı yerdən hündürdə olmamalıdır
Əgər imam-camaatın dayandığı yer məmumların dayandığı yerdən şəriətdə icazə verilən ölçüdən çox (bir qarış və ya daha çox) hündürdə olarsa, camaat namazı düzgün deyildir.
3- İmam-camaat ilə məmum arasında məsafə olmamalıdır
1. Ehtiyat-vacibə görə, məmumun səcdə məkanı ilə imam-camaatın dayandığı yer arasındakı məsafə, həmçinin qabaq cərgənin dayandığı yer ilə arxadakı cərgənin səcdə yeri arasındakı məsafə bir böyük addımdan (təxminən bir metrdən) çox olmamalıdır.
2. Əgər bir məmum qabaq tərəfdən imam-camaata birləşməsə və yalnız sağ və ya sol tərəfində dayanan məmum vasitəsilə imam-camaata birləşsə, onun namazı düzgündür.
3. Əgər namazda məmum ilə imam-camaat arasında, yaxud bir məmum ilə digər məmum (belə ki, bu məmum vasitəsilə imam-camaata birləşir) arasında bir böyük addımdan çox məsafə yaranarsa, camaata bağlanma kəsilir və onun namazı furada namaza (yəni tək halda qılınan namaza) çevrilir.
4. Əgər bir məmum birinci cərgənin sağ və ya sol tərəfinin axırında dayansa və onunla imam-camaat arasında dayanan məmumlar imam-camaat namaza başladıqdan sonra namaza başlamaq və təkbirətul-ehramı demək üzrə olsalar, bu məmum camaat namazı niyyətilə namaza başlaya bilər.
Camaat namazının hökmləri
1. Ehtiyat-vacibə görə, məmum zöhr və əsr namazlarında, hətta fikrini cəmləmək məqsədilə olsa belə, “Həmd” və “Surə”ni oxuya bilməz. “Həmd” və “Surə”nin yerinə zikr deməsi müstəhəbdir.
2. Əgər məmum sübh namazında, həmçinin məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində imam-camaatın “Həmd” və “Surə”sini eşidərsə, surələrin sözlərini ayırd edə bilməsə belə, “Həmd” və “Surə”ni oxumamalıdır. Həmçinin əgər imam-camaatın “Həmd” və “Surə”sinin bəzi sözlərini eşidərsə, ehtiyat-vacibə görə, “Həmd” və “Surə”ni oxumamalıdır. Amma əgər imam-camaatın səsini eşitmirsə, “Həmd” və “Surə”ni astadan oxuması müstəhəbdir. Əgər səhvən ucadan oxusa, iradı yoxdur.
3. Əgər imam-camaat işa namazının üçüncü və ya dördüncü rəkətində olsa, məmum isə ikinci rəkətində olsa, məmum “Həmd” və “Surə”ni astadan oxumalıdır.
4. Əgər bir şəxs camaat namazının ikinci rəkətinə çatsa və məsələni bilmədiyi üçün öz namazının ikinci rəkətində (belə ki, bu vaxt camaat namazının üçüncü rəkəti olacaqdır) qunutu və təşəhhüdü oxumasa, onun namazı düzgündür. Amma ehtiyata görə, təşəhhüdün qəzasını yerinə yetirməli, həmçinin iki səhv-səcdəsi də yerinə yetirməlidir. Ehtiyat-vacibə görə, unudulmuş təşəhhüdün qəzasını səhv-səcdəsindən qabaq yerinə yetirsin.
5. Əgər bir şəxs camaat namazının üçüncü rəkətinə çatsa, amma namazın birinci rəkəti olduğunu düşünüb heç nə oxumasa, səhvini rükudan qabaq başa düşdüyü təqdirdə, “Həmd” və “Surə”ni oxumalıdır. Əgər vaxt azdırsa, təkcə “Həmd”i oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır. Amma rükuya getdikdən sonra səhvini başa düşsə, onun namazı düzgündür və heç nə ona vacib olmur. Baxmayaraq ki, “qiraət”i səhvən tərk etdiyi üçün iki səhv-səcdəsi yerinə yetirməsi ehtiyat-müstəhəbə müvafiqdir.
6. Əgər imam-camaat təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni “Həmd” və “Surə”ni oxumadan rükuya getsə), məmum camaat namazına başladıqdan və rükuya getməmişdən qabaq imam-camaatın səhvini başa düşdüyü təqdirdə, o, furada namaz niyyəti etməli, “Həmd” və “Surə”ni oxumalıdır.
7. Əgər məmum imam-camaatın üçüncü və ya dördüncü rəkətlərində ona iqtida etsə, “Həmd” və “Surə”ni oxumalıdır. Əgər “Surə”ni oxumağa vaxt çatmazsa, təkcə “Həmd”i oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır.
8. Əgər məmum bilsə ki, “Surə”ni oxuduğu təqdirdə rükuda imam-camaata çatmayacaqdır, “Surə”ni oxumamalıdır. Əgər oxusa və rükuda imam-camaata çatmasa, onun namazı furada namaza çevrilir.
9. Əgər imam-camaat namaz əsnasında bir sözü tələffüz etdikdən sonra onu düzgün tələffüz edib-etmədiyinə şəkk etsə və namazdan sonra həmin sözü səhv tələffüz etdiyini başa düşsə, onun və ona iqtida edən məmumların namazı düzgündür.
10. Məmum namazın hərəkətlərini imam-camaatla eyni vaxtda və ya imam-camaatdan bir qədər sonra yerinə yetirməlidir. Əgər o, bilərəkdən imam-camaatdan qabağa keçərsə və ya namazın hərəkətlərini imam-camaatdan çox gec olaraq (yəni imam-camaata tabe olmaq hesab olunmayacaq bir şəkildə) yerinə yetirərsə, onun namazı tək halda qılınan namaz olacaqdır.
11. Əgər məmum səhvən imam-camaatdan qabaq rükuya getsə, rükudan qalxmalı və yenidən imam-camaatla birlikdə rükuya getməli, namazı onunla birlikdə tamamlamalıdır. Bu halda onun camaat namazı düzgündür. Amma əgər o, rükudan qalxmazsa, onun namazı furada namaz olaraq düzgündür.
12. Müsəlmanların vəhdətini qorumaqdan ötrü əhli-sünnə olan imam-camaata iqtida etmək olar. Əgər vəhdəti qorumaqdan ötrü onların yerinə yetirdikləri işləri yerinə yetirmək gərəkdirsə, hətta xalçanın üzərinə səcdə etmək olsa belə, namaz düzgündür və kifayət edir. Amma zərurət yaranmayanadək (məsələn, təqiyyə etmək zəruri olmayanadək) əli bağlı namaz qılmaq olmaz.
13. Yaxşı olar ki, imam-camaat cərgənin ortasında dayansın və elm, kamal və təqva əhli birinci cərgədə dayansınlar.
İmam-camaatın şərtləri
1- Ehtiyata görə, həddi-büluğa çatan bir fərd olmalıdır;
2- Ağıllı olmalıdır;
3- Ədalətli olmalıdır;
4- Halalzadə olmalıdır;
5- On iki imam şiəsi olmalıdır;
6- Namazı düzgün qılmalıdır;
7- Kişi olmalıdır (məmum kişi olduğu təqdirdə).
3- Ədalətli olmalıdır [2]
1. Əgər imam-camaat xoşagəlməyən və din aliminə yaraşmayan bir söz desə və ya bir zarafat etsə, onun bu sözü şəriətə zidd olmadığı təqdirdə, ədalətə xələl gətirmir.
2. İmam-camaatın “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməməsi onun ədalətinə xələl gətirmir və ona iqtida etməyə maneə yaratmır, çünki bunu etməməkdə onun məqbul bir üzrü ola bilər.
3. Bir şəxs bir imam-camaatı ədalətli bilir, amma bəzi hallarda onun tərəfindən zülm və haqsızlığa məruz qaldığını düşünür. Əgər bu şəxsin zülm və haqsızlıq hesab etdiyi həmin əməli imam-camaatın bilərəkdən və ixtiyari olaraq, habelə heç bir şəri üzr olmadan yerinə yetirdiyi onun üçün dəqiqləşməyənədək, o, imam-camaatın ədalətsizliyinə hökm verə bilməz.
Diqqət:
• Bir imam-camaata iqtida etmək üçün onu həqiqətən tanımaq şərt deyildir. Əgər imam-camaatın ədalətli olduğu hər hansı bir yolla məmum üçün sübuta yetsə, ona iqtida edə bilər və camaat namazı düzgündür.
6- Namazı düzgün qılmalıdır
1. Əgər mükəlləf namazın sözlərini düzgün tələffüz edə bilmirsə və düzgün tələffüzü öyrənməyə də qadir deyildirsə, onun namazı düzgündür. Amma başqaları ona iqtida edə bilməzlər.
2. Əgər məmum imam-camaatın qiraətini düzgün hesab etmirsə və nəticədə, onun namazının düzgün olmadığını hesab edirsə, ona iqtida edə bilməz. Əgər iqtida etsə, namazı düzgün deyildir və namazı yenidən qılmalıdır.
7- Kişi olmalıdır (məmum kişi olduğu təqdirdə)
Qadın yalnız qadınlar üçün imam-camaat dayana bilər.
İmam-camaatın şərtlərinə aid bir neçə şəri məsələ:
• Əgər din aliminə iqtida etmək mümkündürsə, din alimi olmayan şəxsə iqtida etməkdən çəkinilsin.
• Əgər bir şəxs namazda ayaq üstə təbii surətdə dayana bilirsə, “Həmd” və “Surə”ni oxuyarkən, namazın zikrlərini deyərkən və namazın hərəkətlərini yerinə yetirərkən bədənin hərəkətsizliyini qoruya bilirsə, həmçinin rüku və səcdələri yerinə yetirməyə qadirdirsə və düzgün qaydada dəstəmaz ala bilirsə, bu şəxsin imam-camaatın digər şərtlərinə malik olduğu aydın olduqdan sonra başqalarının ona iqtida etməsi düzgündür.
Əgər bir şəxsin əli və ya ayağı bütünlüklə kəsilibsə, yaxud əli və ya ayağı tamamilə iflicdirsə, onun imam-camaat dayana bilməsi məhəlli-işkaldır. Amma ayağının baş barmağı kəsilən şəxsin imam-camaat dayanması düzgündür.
• Ayaq üstə namaz qılan şəxs əyləşən və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Amma əyləşən halda namaz qılan şəxs əyləşən halda namaz qılan şəxsə iqtida edə bilər.
• Müəyyən bir şəri üzrə görə təyəmmümlə, yaxud cəbirə dəstəmazı ilə, yaxud da napak bədən və ya paltarla namaz qılan şəxsə iqtida etmək olar.
• Əgər bir şəxs şəri üzrü olduğuna görə qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm edib imam-camaat dayana bilər və ona iqtida etməyin maneəsi yoxdur.
• Əgər bir şəxs şəri məsələləri bilmədiyinə görə əvvəllər elə bir şəxsə iqtida etmiş olsa ki, ona iqtida etmək şəri baxımından düzgün deyilmiş, məsələn, sağ əli olmayan bir əlilə iqtida etmişdir, onun qıldığı namazlar düzgündür və namazları yenidən qılmaq lazım deyildir.
Namazın müxtəlif məsələləri:
1. Müstəhəbdir ki, uşaqlar yaxşı və pisi ayırd edə bildikləri bir yaşa çatdıqda uşaqların başçısı onlara şəriət hökmlərini və ibadətləri öyrətsinlər.
2. Hədisdə qeyd olunub ki, şərab içən şəxsin namazı qırx gün qəbul olunmur[3]. Amma bu o demək deyildir ki, namaz şərab içən şəxsin üzərindən qırx gün götürülür və o, sonradan namazların qəzasını qılmalıdır. Yaxud bu qırx gün ərzində həm namazlarını qılmalı, həm də sonradan onların qəzasını qılmalıdır.
3. Namazın salamından sonra əl-ələ görüşməyin maneəsi yoxdur. Ümumiyyətlə, möminlərin əl-ələ görüşməsi müstəhəbdir.
4. Bir şəxs görür ki, başqa bir şəxs namazın bəzi əməllərini səhv yerinə yetirir. Əgər bu səhv hökmü bilməməkdən irəli gələrsə və bilmədən bu əməlləri səhv yerinə yetirmək namazın düzgünlüyünə xələl gətirməzsə, səhvini ona demək vacib deyildir. Amma əgər bilmədən olsa belə, bu əməlləri səhv yerinə yetirmək namazın düzgünlüyünə xələl gətirərsə (məsələn, dəstəmaz, qüsl, namazın vaxtı, rüku, səcdələr və s.) və namazı yenidən qılmaq vacib olarsa, bu halda düzgün qaydanı ona demək lazımdır.
Suallar:
1- Əgər camaat namazında qadınlar kişilərin arxasında dayansalar, pərdə və arakəsməyə ehtiyac varmı?
2- Məmum zöhr və əsr namazlarında fikrini cəmləmək üçün “Həmd” və “Surə”ni oxuya bilərmi?
3- Əgər imam-camaat təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni “Həmd” və “Surə”ni oxumadan rükuya getsə), bu halda məmumun vəzifəsi nədir?
4- Əgər imam-camaat xoşagəlməyən və din aliminə yaraşmayan bir söz desə və ya bir zarafat etsə, onun ədalətinə xələl gəlirmi?
5- Əgər mükəlləf namazın sözlərini düzgün tələffüz edə bilmirsə və düzgün tələffüzü öyrənməyə də qadir deyildirsə, onun namazının hökmü nədir? Bu halda başqaları ona iqtida edə bilərlərmi?
6- Qadın qadınlar üçün imam-camaat dayana bilərmi?
[1] “Hail” sözünün lüğəvi mənası “iki şeyin arasındakı sədd və maneə”dir. Burada isə xüsusi məna ifadə edir ki, bir qədər irəlidə şəri hökmlərin izahında aydınlaşacaqdır. Müt.
[2] “Ədalət” və “ədalətli şəxs” ifadələrinin mənası üçün “Mərcəyi-təqlidin şərtləri” başlığı altında olan mətnə müraciət edin.
[3] “Namazı qəbul olunmur” dedikdə, bu şəxsin namazına savab verilmədiyi nəzərdə tutulur. Amma əgər bu şəxs namazı düzgün şəkildə qılarsa, namazı tərk edənlərdən sayılmır və namazı tərk edənlərə şamil olan cəza ona şamil olmur. Baxmayaraq ki, onun namazına savab və mükafat da yazılmır.
-
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-