Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
        Çap versiyası  ;  PDF
         
        Əlli üçüncü dərs: Müsafir namazı (3)

         

        Səfəri kəsən səbəblər:
        2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
        1. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün ardıcıl olaraq qalmağı qərara alsa və ya məcburi olaraq orada on gün qalacağını bilsə, namazı tam qılmalıdır. (Buna fiqh termini ilə “qəsdi-iqamət” deyilir.) Amma əgər on gündən az qalmaq niyyətində olsa, başqa müsafirlər hökmün­dədir. Beləliklə, əgər hərbi xidmətdə olan əsgərlər və ya hərbiçilər müəyyən bir məkanda (məsələn, hərbi hissədə, sərhəd bölgələrində və s.) on gün qalmaq niyyətində olsalar, yaxud məcburi şəkildə olsa belə, orada on gün və ya daha çox qalacaqlarını bilsələr, namazı tam qılmalıdırlar.
         
        Diqqət:
        • Müəyyən bir yerdə on gün qalmayacağını bilən bir şəxsin “on gün qalmaq niyyəti” etməsi mənasızdır və o, həmin yerdə namazı qəsr qılmalıdır. Məsələn, İmam Rzanın (ə) ziyarətinə gedən şəxs orada on gündən az qalacağını bilir, amma namazını tam qılmaqdan ötrü orada on gün qalmaq niyyəti edir. Bu niyyətin heç təsiri yoxdur və o, namazını qəsr qılmalıdır.
         
        2. On gün qalmaq qərarında yalnız müəyyən bir yer (məsələn, bir şəhər, bir kənd və s.) nəzərdə tutulmalıdır, iki yer nəzərdə tutula bilməz. Deməli, camaatın nəzərində iki ayrı məntəqə sayılan yerlərə ezamiyyətə göndərilən bir şəxs yalnız onların birində on gün qalmağı qərara ala bilər. Əgər o, bu yerlərin birində bir neçə gün, digərində də bir neçə gün qalmağı qərara alıbsa və ümumilikdə on gün qalacaqdırsa, müəyyən bir yerdə on gün qalmaq niyyəti gerçəkləşmir. O, hər iki yerdə namazı qəsr qılmalıdır.
         
        Diqqət:
        • Əgər bir şəhərin məntəqələri ürfə görə müstəqil məntəqələr sayılacaq ölçüdə bir-birindən ayrı olmazsa, müsafir şəxs bu şəhərin bir məntəqəsində on gün qalmağı qərara aldıqdan sonra şəhərin digər məntəqələrinə getdiyi təqdirdə – hətta qaldığı məntəqə ilə getdiyi məntəqələr arasındakı məsafə şəri məsafə ölçüsündə olsa belə – on gün qalmaq niyyətinə və onun hökmünə xələl gəlmir.
         
        3. Müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara aldığı zaman bu on gün əsnasında qaldığı yerdən xaric olmağı və dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyi də nəzərdə tutur[1]. Bu halda əgər o, ürfə görə “müəyyən bir yerdə on gün qalmağ”a zidd olmayan miqdarda, məsələn, on gün ərzində iki-üç dəfə və hər dəfə ən çoxu yarım gün oradan xaric olmağı nəzərdə tutubsa, onun “müəyyən bir yerdə on gün qalmaq” niyyətinə xələl gəlmir və namazı tam qılmalıdır.
        4. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara aldığı zaman bu on gün əsnasında qaldığı yerdən xaric olmağı və dörd fərsəx və ya daha uzaq məsafədə yerləşən başqa bir yerə getməyi – hətta bir dəfə və bir neçə dəqiqəliyə olsa belə – nəzərdə tutarsa, bu halda “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmir və o, namazı qəsr qılmalıdır.
        5. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara alsa və orada bir dördrəkətli namaz (zöhr, əsr və ya işa namazlarından birini) qılmamışdan qabaq öz qərarından dönsə və ya tərəddüd etsə, “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmir və orada qaldığı müddətdə namazı qəsr qılmalıdır. Amma əgər ən azı bir dördrəkətli namaz qılarsa, “müəyyən bir yerdə on gün qalmaq niyyəti” gerçəkləşmişdir və bundan sonra on gün qalmaq qərarından dönmək və ya tərəddüd etməyin heç bir təsiri yoxdur. Beləliklə, o, həmin yerdə qaldığı müddətdə (hətta bir gün qalsa belə) və yeni bir səfərə getməyənədək namazı tam qılmalıdır.
        6. Müəyyən bir yerdə on gün qalmaq niyyəti gerçəkləşdikdən sonra bu yerdən dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyin – hətta bir gün və ya daha çox müddət getməyin – maneəsi yoxdur və namaz tam qılınmalıdır. Bu halda müsafir şəxs istər ilk on gün ərzində oradan xaric olsun, istərsə də bundan sonra xaric olsun, fərqi yoxdur. Əgər o, qaldığı yerə yenidən qayıtmaq niyyətində olarsa, gediş-qayıdış yolunda, getdiyi yerdə və qaldığı yerdə namazı tam qılmalıdır. Amma əgər dörd fərsəx ölçüsündə oradan xaric olarsa, başqa müsafirlər hökmündə olacaqdır.
        Deməli, əgər müsafir şəxs on gün qalmağı qərara aldığı bir şəhərdən dörd fərsəx uzaqlıqda yerləşən başqa bir şəhərə getsə, onun “müəyyən bir yerdə on gün qalmaq niyyəti” pozulur və qaldığı şəhərə qayıtdıqdan sonra yenidən orada on gün qalmağı qərara almalıdır.
        7. Bir qədər əvvəldə “Vətən və ya vətənlikdən çıxarmaq baxımından zövcə və övladın tabeliyi” başlığı altında açıqladığımız məsələlər zövcə və övlad üçün “Müəyyən bir yerdə on gün qalmağı qərara almaq” mövzusuna da aiddir.
         
        Səfəri kəsən səbəblər:
        3- Müəyyən bir yerdə tərəddüdlə və on gün qalmağı qərara almadan otuz gün qalmaq
        1. Əgər müsafir şəxs səkkiz fərsəxi qət etdikdən sonra müəyyən bir yerdə qalsa, amma orada nə qədər (on gün, yoxsa daha az) qalacağını bilməsə, bir qərara gəlməyənədək namazı qəsr qılmalıdır. Amma otuz gün keçdikdən sonra, hətta həmin gün geri qayıtmaq istəsə belə, namazı tam qılmalıdır.
        2. Əgər müsafir şəxs müəyyən bir yerdə on gündən az qalmaq niyyətində olsa, amma bu müddət başa çatdıqdan sonra oradan getmək fikrindən dönüb, yenə də on gündən az olaraq (məsələn, bir həftə) orada qalmağı qərara alsa və bu minvalla orada qalmağı bir ayadək uzatsa, bu halda əvvəlki məsələdə qeyd olunduğu kimi, o, otuz birinci gündən etibarən namazı tam qılmalıdır.
         
        Böyük şəhər
        Müsafirin hökmləri, vətən seçmək və müəyyən bir yerdə on gün qalmaq niyyəti baxımından “böyük şəhər” ilə adi şəhərlər arasında fərq yoxdur. Bir şəxs böyük bir şəhəri vətən seçib, yaşayış üçün tələb olunan şəraiti orada qurduqdan və ya bir müddət orada yaşadıqdan sonra həmin şəhər bütün­lüklə onun vətəni sayılır. Həmçinin əgər müsafir şəxs böyük bir şəhərdə on gün qalmağı qərara alarsa, şəhərin bütün məntəqələrində namazı tam qılmalıdır. O, istər böyük şəhərin müəyyən bir məntəqəsini vətən seçməyi və ya orada on gün qalmağı qərara almış olsun, istərsə də müəyyən bir məntəqə barəsində bu qərarı almamış olsun, fərqi yoxdur.
         
        Müsafir namazının hökmləri:
        1. Əgər müsafir şəxs səfərdə namazın müəyyən şərtlər daxilində qəsr qılındığını bilsə, həmçinin onun səfərinin də bu şərtlərə malik olduğunu bilsə, amma namazı tam qılsa, onun namazı düzgün deyildir. İstər namazın vaxtı keçməmiş olsun, istərsə də keçmiş olsun, namazı qəsr olaraq yenidən qılmalıdır.
        2. Əgər müsafir şəxs səfərdə olan bir şəxsin namazı qəsr qılmalı olduğunu unutsa, yaxud özünün səfərdə olduğunu unutsa və buna görə də namazı tam qılsa, namaz vaxtı başa çatmamışdan qabaq bunu xatırladığı təqdirdə, namazı yenidən qəsr olaraq qılmalıdır. Əgər yenidən qılmazsa, sonradan onun qəzasını qılmalıdır. Amma əgər namaz vaxtı başa çatdıqdan sonra bunu xatırlasa, namazın qəzası yoxdur.
        3. Əgər müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilmirsə və vəzifəsinə zidd olaraq namazı tam qılsa, qasir-cahil[2] olduğu təqdirdə, hökmü bildikdən sonra namazı yenidən qılması və ya onun qəzasını qılması lazım deyildir. Amma əgər o, müqəssir-cahil[3] olsa, hökmü öyrənmədiyinə görə günah etmişdir və hökmü bildikdən sonra namaz vaxtı keçmədiyi təqdirdə namazı yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını qılmalıdır.
        4. Əgər müsafir şəxs səfərdə namazın hökmünü (yəni qəsr qılındığını) bilirsə, amma hökmün təfərrüatını bilmədiyinə görə namazı tam qılsa, ehtiyat-vacibə görə, namaz vaxtı keçməmişdən qabaq səhvini başa düşdüyü təqdirdə, namazı yenidən qılmalıdır. Namaz vaxtı keçdikdən sonra səhvini başa düşdükdə isə namazın qəzasını qılmalıdır. Məsələn, müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilir, amma bilmir ki, müəyyən bir yerdə on gün qalmağı qərara aldıqdan sonra və bir dördrəkətli namaz qılmamışdan qabaq orada qalmaq qərarından daşındığı halda namazı qəsr qılmalıdır. Bunu bilmədiyinə görə namazı tam qılır.
        5. Əgər vəzifəsi namazı tam qılmaq olan müsafir bir şəxs vəzifəsinə zidd olaraq namazı qəsr qılsa, onun namazı düzgün deyildir. İstər bilərəkdən, istər unutqanlıq üzündən, istərsə də məsələnin hökmünü və ya tətbiqini unutduğuna və ya bilmədiyinə görə belə etsin, fərqi yoxdur. Amma sonrakı məsələdə açıqlanan hal istisna təşkil edir.
        6. Əgər müsafir şəxs müəyyən bir yerdə on gün qalmaq istəsə, amma hökmü bilmədiyinə görə namazı qəsr qılsa, onun namazı düzgündür. Amma əgər hökmün tətbiqini bilmədiyinə və ya bunu unutduğuna görə namazı qəsr qılsa, onun namazı düzgün deyildir. Namazı yenidən tam olaraq qılmalıdır.
         
        Suallar:
        1- Əgər müəyyən bir yerdə qeyri-ixtiyari olsa belə, on gün qalacağını bilən əsgərin namazının hökmü nədir?
        2- Əgər İmam Rzanın (ə) ziyarətinə gedən şəxs orada on gündən az qalacağını bilsə, amma namazını tam qılsın deyə, orada on gün qalmağı niyyət etsə, onun bu əməlinin hökmü nədir?
        3- Müəyyən bir yerdə on gün qalmağı qərara alarkən oradan dörd fərsəxdən az bir məsafədə yerləşən başqa bir yerə getməyi də nəzərdə tutmaq olarmı?
        4- “Müəyyən bir yerdə on gün qalmaq niyyəti” hansı şərtlər daxilində gerçəkləşir? İzah edin.
        5- Əgər müsafir şəxs getdiyi yerdə nə qədər qalacağını – on gün, yoxsa daha az qalacağını – bilməsə, namazını necə qılmalıdır?
        6- Müsafirin hökmlərində böyük şəhər ilə adi şəhər arasında hansı fərqlər vardır?
         

        [1] Yəni müəyyən bir yerdə on gün qalmağı qərara alarkən, eyni zamanda oradan xaric olub, şəri məsafədən az olan bir məsafəni qət etməyi nəzərdə tutubdur.
        [2] Yəni hökmü bilməyən və bilmədiyini də bilməyən şəxs
        [3] Yəni hökmü bilmədiyini bilən, amma öyrənmək imkanı olsa da, öyrənməyən şəxs
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /