Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
        Çap versiyası  ;  PDF
         
        Əlli birinci dərs: Müsafir namazı (1)
        Müsafir namazı və onun şərtləri
        1. Səfərdə dördrəkətli namazların qəsr qılınması
        Səfərdə dördrəkətli namazlar müəyyən şərtlər daxilində “qəsr”, yəni iki rəkət qılınmalıdır.
         
        Diqqət:
        • Səfərdə yalnız dördrəkətli namazlar, yəni zöhr, əsr və işa namazları qəsr qılınır. Sübh və məğrib namazları qəsr olmur.
         
        2. Müsafir namazının şərtləri
        Müsafir şəxs, yəni səfərdə olan şəxs səkkiz şərt daxilində dördrəkətli namaz­ları iki rəkət qılmalıdır:
        1- Səfər “şəri məsafə” ölçüsündə olmalıdır. Yəni müsafir şəxsin getdiyi və ya qayıtdığı və ya gedib-qayıtdığı məsafə ən azı səkkiz fərsəx olmalıdır. (Qeyd edək ki, gediş-qayıdış məsafə birlikdə səkkiz fərsəx olduğu təqdirdə, gediş istiqamətindəki məsafə ən azı dörd fərsəx olmalı, başqa sözlə, dörd fərsəxdən az olmamalıdır).
        2- Səfər edən şəxs əvvəlcədən səkkiz fərsəx məsafəni qət etmək niyyətində olmalıdır. Beləliklə, əgər bir şəxs əvvəlcədən səkkiz fərsəx məsafəni qət etmək niyyətində olmasa və ya səkkiz fərsəxdən az bir məsafəni qət etmək niyyətində olsa, amma getmək istədiyi yerə çatdıqdan sonra başqa bir yerə səfər etməyi qərara alsa və həmin yerədək məsafə şəri məsafədən az olsa, amma özünün yaşadığı yerdən həmin yerədək məsafə şəri məsafə ölçüsündə olsa, bu halda o, namazı tam qılmalıdır.
        3- Müsafir şəxs yol əsnasında şəri məsafəni qət etmək niyyətindən dönməməlidir. Beləliklə, əgər səfər edən şəxs yol əsnasında dörd fərsəxə çatmamışdan qabaq öz niyyətindən dönsə və ya tərəddüd etsə, bu andan etibarən o, müsafir hökmündə deyildir. Əgər o, tərəxxüs-həddini keçdikdən sonra və niyyətindən dönmə­mişdən qabaq namazını qəsr qılıbdırsa, ehtiyat-vacibə görə, namaz vaxtı keçmədiyi təqdirdə, o, namazı yenidən tam qılmalı və namaz vaxtı keçdiyi təqdirdə, namazın qəzasını tam qılmalıdır.
        4- Səfər edən şəxs səfərin əvvəlindən bu niyyətdə olmamalıdır və ya səfər əsnasında bu qərara gəlməməlidir ki, o, şəri məsafəyə çatmamışdan qabaq öz vətənindən keçəcək və ya müəyyən bir yerdə on gün qalacaqdır.
        5- Səfər edən şəxs üçün səfər şəri baxımdan icazəli olmalıdır. Beləliklə, əgər səfər edən şəxsin səfəri günah və haram olsa – istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, məsələn, oğurluğa getmək – bu səfər şəri baxımdan səfər hökmündə deyildir və namaz tam qılınmalıdır.
        6- Səfər edən şəxs “evi kürəyində olan” şəxslərdən olmamalıdır, məsələn, sabit yaşayış yeri olmayan və səhralarda dolaşıb su, bitki və otlaq yeri tapdıqda orada köç salan insanlar kimi olmamalıdır.
        7- Səfər edən şəxsin peşəsi səfər etmək olmamalıdır, məsələn sürücü, gəmiçi və s. bu kimi peşələrin sahibi olmamalıdır. İşi səfərdə olan şəxs də bu hökmü daşıyır.
        8- Səfər edən şəxs “tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi o məkana deyilir ki, şəhərdə səsucaldandan istifadə edilmədən adi səslə çəkilən azan səsi bu məkanda daha eşidilmir.
         
        Birinci şərt: Şəri məsafə (səkkiz fərsəx)
        1. Əgər səfər edən şəxsin gediş istiqamətindəki yolu dörd fərsəxdən az olsa və qayıdış istiqamətindəki yolu da şəri məsafə ölçüsündə olmasa, onun namazı tamdır. Deməli, əgər bir şəxsin vətəni ilə iş yeri arasındakı məsafə – hətta gediş-qayıdış birlikdə – şəri məsafə ölçüsündə olmasa, o, müsafir hökmündə deyildir.
        2. Əgər bir şəxs müəyyən bir yerə getmək niyyətilə öz şəhərindən xaric olsa və getdiyi yerdə gəzintiyə çıxsa, bu gəzintidə qət etdiyi məsafə “yaşadığı şəhərdən həmin yerədək qət etdiyi məsafə”nin bir hissəsi hesab olunmayacaqdır.
        3. Şəri məsafə, yəni səkkiz fərsəx şəhərin axırından hesablanır. Şəhərin axırını təyin etmək isə ürfə (camaatın nəzərinə) həvalə olunur. Əgər camaatın nəzərində şəhərin ətrafında yerləşən zavod və fabriklər, qəsəbələr şəhərdən sayılmazsa, şəri məsafə şəhərin sonuncu evlərindən hesablanmalıdır.
        4. Əgər bir şəxs şəhərin özünə deyil, əksinə, şəhərin ətrafında yerləşən müəyyən və müstəqil bir məkana – məsələn, şəhərdən kənarda yerləşən bəzi universitetlər, hərbi hissələr, xəstəxanalar və bu kimi məkanlara – getmək niyyətindədirsə, belə ki, ürfə görə şəhərə çatmaq şəxsin getmək istədiyi məkana çatmaq hesab olunmursa və şəhərə daxil olub, oradan keçmək sadəcə şəxsin getmək istədiyi məkana çatmaq üçün bir yol qismindədirsə, bu halda şəri məsafənin hesablanması üçün şəhərin başlanğıcı deyil, həmin xüsusi məkana qədər olan yol hesablanacaqdır.
         
        İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
        1. Əgər bir şəxs üç fərsəxlikdə yerləşən bir yerə səfər etmək niyyətindədirsə, amma əvvəlcədən nəzərdə tutubdur ki, müəyyən bir işlə əlaqədar olaraq yol əsnasında əsas yoldan xaric olub qeyri-əsas bir yol ilə bir fərsəx məsafə qət edəcək və sonra yenidən əsas yola daxil olub səfərini davam etdirəcəkdir, bu halda o, müsafir hökmündədir. Əsas yoldan xaric olub, yenidən bu yola daxil olmaqla qət edilən məsafənin ümumi yola əlavə edilməsi şəri məsafənin tamamlanması üçün kifayət edir.
        2. Əgər bir şəxs yaşadığı yerdən şəri məsafə ölçüsündən az olan başqa bir yerə səfər etsə və həftə ərzində həmin yerdən bir neçə dəfə başqa yerlərə getsə, belə ki, qət edilən ümumi məsafə səkkiz fərsəxdən çox olsa, bu şəxs əvvəlcədən şəri məsafəni qət etmək niyyətində olmadığı və səfər etdiyi birinci yer ilə başqa yerlər arasındakı məsafə də şəri məsafə ölçüsündə olmadığı təqdirdə, o, müsafir hökmündə deyildir.
         
        Beşinci şərt: Səfərin şəri baxımdan icazəli olması
        1. Səfərin şəri baxımdan icazəli olması şərti yalnız səfərin başlanğıcına aid deyildir, əksinə, səfər boyunca bu şərt mövcud olmalıdır. Beləliklə, əgər səfər əsnasında şəxsin niyyəti günah səfərinə çevrilsə, səfər haram olur və namaz tam qılınmalıdır, baxmayaraq ki, o, şəri məsafə ölçüsündə yol qət etmişdir.
        2. Əgər bir şəxs şəri baxımdan icazəli bir səfərə çıxsa və səfər əsnasında (səkkiz fərsəxə çatmamışdan qabaq) öz vəzifəsinə müvafiq olaraq namazı qəsr qılsa, amma sonradan onun niyyəti haram səfərə çevrilsə, qəsr olaraq qıldığı namazı namaz vaxtı keçmədiyi təqdirdə, tam olaraq yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını tam olaraq qılmalıdır.[1]
        3. Əgər səfərin özü və ya hədəfi günah olmasa, amma səfər əsnasında haram bir iş görülsə (məsələn, qeybət edilsə və ya şərab içilsə), bu səfər “günah səfəri” hökmündə deyildir və namaz qəsr qılınmalıdır. Amma əgər haram iş (az bir müddət istisna olmaqla) səfər boyunca yerinə yetirilsə, belə ki, səfərin günahla keçdiyi deyilsə, bu halda ehtiyata görə, namaz həm qəsr, həm də tam qılınmalıdır.
        4. Əgər bir şəxs müəyyən bir səfərdə namazın vacib əməllərindən bəzisini tərk edəcəyini bilsə, ehtiyat-vacibə görə, həmin səfərə getməməlidir. Amma əgər səfərə getməməyin ona ziyanı olarsa və ya səfərə getmədiyinə görə böyük çətinliyə düşərsə, bu hallarda səfərə gedə bilər. Ümumiyyətlə, heç bir halda namazı tərk etməyə icazə verilmir.
         
        Yeddinci şərt: Səfərin peşə olmaması
        1. Səfərdə namazın qəsr qılınmasının daha bir şərti səfərin peşə olmamasıdır. Beləliklə, əgər səfər etmək bir şəxsin peşəsi olsa, istər səfər etmək müəyyən bir peşənin əsasında dayansın (məsələn, sürücülük və pilot kimi peşələr), istərsə də səfər etmək müəyyən bir peşənin müqəddiməsi olsun (məsələn, peşəsi ilə əlaqədar səfər edən həkim və müəllim kimi), bu səfərdə namaz tamdır və oruc düzgündür.
         
        Diqqət:
        • Yuxarıdakı məsələdə işin pul və qazanc əldə etmək üçün olub-olmamasının bir fərqi yoxdur.
        • Namazın tam qılınması və orucun düzgün olması üçün səfər ürfə görə insanın işi-peşəsi hesab olunmalıdır. Bu, istər bir neçə səfər nəticəsində gerçəkləşsin, istərsə də bir uzun səfər nəticəsində gerçəkləşsin (məsələn, bir şəxs peşəsi ilə əlaqədar uzun bir dəniz yolunu qət edir), fərqi yoxdur.
        • Səfərin ürfə görə “iş səfəri” hesab olunması üçün üç məsələ əsas götürülür:
        1- İş səfərinə getmək niyyətində olmaq;
        2- İş səfərinə getmək;
        3- İş səfərini davam etdirmək niyyətində olmaq.
        • Səfərin “iş səfəri” adlanması barədə şəkk-şübhə mövcud olduğu hallarda namaz qəsrdir və oruc düzgün deyildir.
        • Əgər elm öyrənmək üçün səfər etmək işin-peşənin tərkib hissəsi sayılarsa – məsələn, bir işçi üçün kurs qoyulur və o, bu kursu keçmək üçün səfər etmək məcburiyyətindədir – bu halda onun səfəri iş səfəridir.
        • Elm öyrənmək və bu yolla gələcəkdə bir peşə sahibi olmaq üçün səfər edən şagird və tələbə, ehtiyat-vacibə görə, təhsil səfərində namazı həm tam, həm də qəsr qılmalı, həmçinin orucu tutmalı, sonradan orucun qəzasını da tutmalıdır.
        • Əgər elm öyrənmək hansısa bir təbəqəyə daxil olmaqla yanaşı olarsa və bu təbəqənin adı müəyyən bir peşə adıdırsa – məsələn, dini hövzə tələbəsi elə təhsilə başladığı ilk vaxtlarda “ruhani” adlanır, yaxud hərbi məktəbə daxil olan tələbələr bir neçə ay təlim gördükdən sonra onlara dərəcə verilir və hərbiçi adlanırlar – bu növ təhsil peşənin tərkib hissəsi hesab olunur. Odur ki, bu təhsil səfərində onlar namazı tam qılmalı və orucu tutmalıdırlar.
        • Bir şəxsin işi ildə bir dəfə bir ay davam edir, məsələn, həcc ziyarətində qrup rəhbəri olur. Əgər o, hər il bu işlə məşğul olmaq niyyətindədirsə, birinci səfərdə belə, onun namazı tamdır. Amma əgər bu işi davam etdirmək niyyətində deyildirsə, onun səfəri iş səfəri hökmündə deyildir.
        • Əgər bir şəxs ilin müəyyən bir fəslində iş səfərinə getsə və hər il bu işlə məşğul olmaq istəsə, yaxud da bu işlə bir dəfə, amma uzun müddət, məsələn, ən azı üç ay adi şəkildə və davamlı olaraq məşğul olsa və yalnız tətil günlərində işləməsə, onun səfəri iş səfəri hökmündədir və hətta birinci səfərdə belə, namazı tamdır. Amma əgər işin müddəti uzun olmasa, məsələn, bir ay bu işdə işləmək istəsə, bu səfərin ürfə görə iş səfəri adlanması məlum deyildir. Məsələ şübhə altında olduqda isə namaz qəsr olur.
        • Bir şəxsin işi (məsələn, bəzi taksi sürücüləri kimi) şəhər ətrafına şəri məsafədən az olaraq gedib-qayıtmaqdır. Əgər bu şəxs bu işdə təsadüfən şəhər ətrafına şəri məsafə ölçüsündə səfər etsə, bu səfər iş səfəri hesab olunmayacaq və onun namazı qəsrdir. Amma əgər işi ilə əlaqədar uzun bir müddət şəri məsafədən çox olaraq səfər etmək niyyətində olarsa, bu halda elə birinci səfərdə onun səfəri “iş səfəri” hökmündə olacaqdır və namazı tamdır.
        • Əgər peşəsi səfər etmək və vəzifəsi namazı tam qılıb, oruc tutmaq olan şəxs vətəndə və ya qeyri-vətəndə istər məqsədli şəkildə olaraq, istərsə də məqsədli şəkildə olmayaraq on gün qalsa, bu on gündən sonra getdiyi birinci səfərdə namazı qəsrdir.
        • Əgər peşəsi səfər etmək olan şəxs vətəndə və ya qeyri-vətəndə on gün qalsa, sonra qeyri-iş səfərinə, məsələn, ziyarətə getsə, daha sonra müəyyən bir yerdə on gün qalmadan iş səfərinə getsə, ehtiyat-vacibə görə, bu iş səfərində namazı həm tam, həm də qəsr qılmalıdır.
        • Əgər “gediş və qayıdış” ürfə görə “bir səfər” hesab olunarsa (məsələn, bir müəllim tədris məqsədilə öz vətənindən başqa bir şəhərə səfər edir və axşam vaxtı, yaxud sabahısı gün öz vətəninə qayıdır, yaxud bir sürücü yalnız bir ünvana səfər edir və bir şəhərə yük aparıb geri qayıdır), bu halda “gediş və qayıdış” birinci səfər hesab olunacaqdır. Amma əgər “gediş və qayıdış” ürfə görə “bir səfər” hesab olunmazsa (məsələn, bir sürücü sərnişin və ya yük daşımaq məqsədilə bir şəhərə hərəkət edir, sonra həmin şəhərdən başqa bir şəhərə sərnişin və ya yük daşımaq məqsədilə səfər edir, daha sonra öz vətəninə qayıdır, yaxud da o, elə əvvəlcədən bu niyyətdə olubdur), bu halda birinci şəhərə çatdıqda “birinci səfər” başa çatır.
        • Namazın tam qılındığı və orucun düzgün olduğu “iş səfəri”nin hökmünün icra olunması baxımından yolun, ya peşənin, ya da miniyin əvvəlki yol, peşə və minik olması və ya onların dəyişməsinin bir fərqi yoxdur.
        • Əgər bir şəxsin peşəsi səfər etmək deyildirsə, o, çoxsayda səfər etsə belə, namazı qəsrdir, istər əvvəlcədən çoxsayda səfər etmək niyyətində olmuşdur, istərsə də sonradan bu qərara gəlmişdir.
        • Əgər peşəsi səfər etmək olan bir şəxs qeyri-iş səfərinə getsə, namazı qəsrdir. Məsələn, bir şəxsin peşəsi sürücülükdür və o, bir şəhərdən başqa bir şəhərə sərnişin daşıyır. Əgər o, Həcc ziyarətinə və ya İmamların (ə) ziyarətinə getsə, namazı qəsr qılmalıdır. Amma əgər o, iş səfəri əsnasında şəxsi bir işini görsə, məsələn, ziyarət etsə – istər onun əsas məqsədi öz şəxsi işini görmək olsun və sərnişin daşımaq əsas məqsədin kənarında olsun, istər əsas məqsədi sərnişin daşımaq olsun və şəxsi işi görmək əsas məqsədin kənarında olsun, istərsə də hər iki məqsəd bərabər həddə olsun – onun namazı tamdır.
        • Əgər bir şəxs peşəsi ilə əlaqədar səfər etsə və bu səfər əsnasında, yaxud səfərdən sonra (yəni işi başa çatdıqdan sonra) bəzi müəyyən işləri görsə, məsələn, qohumların və ya dostların görüşünə getsə, hətta bəzən bir və ya bir neçə gün də orada qalsa, bu müddət ərzində onun peşə səfərinin hökmü dəyişmir və namazı tamdır.
        • Əgər peşəsi səfər etmək olan bir şəxs işi başa çatdıqdan sonra dərhal öz yaşadığı yerə qayıtsa, qayıdış istiqamətindəki yolda onun namazı tamdır. Amma əgər işi başa çatdıqdan sonra peşəsindən qeyri bir iş üçün, məsələn, ziyarət və ya gəzinti üçün bir neçə gün (on gündən az olaraq) orada qalıb sonra qayıtsa, ehtiyat-vacibə görə, qayıdış istiqamətindəki yolda namazı həm qəsr, həm də tam qılmalıdır.
        • Əgər səfər bir şəxsin peşəsi və ya onun peşəsinin tələbidirsə, bu şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə çıxdığı zaman, hətta özünün iş yerinə səfər etsə belə, namazı qəsrdir.
        • Əvvəlki məsələni nəzərə alaraq, əgər bir şəxs peşəsi ilə əlaqədar olmayan bir iş üçün özünün iş yerinə səfər etsə, amma işinə görə orada qalmağı qərara alsa, işə gedənədək orada qaldığı müddət ərzində ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır, baxmayaraq ki, namazı tam qılmaq hökmü uzaq ehtimal deyildir. Amma iş zamanı və işdən geri qayıdarkən namazı tamdır.
        • Əgər peşəsi səfər etmək olan bir şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə, hətta işlədiyi yerə getsə, onun namazı qəsrdir.
        • Əvvəlki məsələni nəzərə alaraq, əgər o, işlədiyi yerə səfər etsə, amma işi ilə əlaqədar orada qalmağı qərara alsa, işinə gedənədək orada qaldığı müddət ərzində ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır, baxmayaraq ki, namazın tam qılınması uzaq ehtimal deyildir. Amma bundan sonra, yəni iş yerində və geri qayıdarkən yolda onun namazı tamdır.
        • Əgər peşəsi səfər etmək olan bir şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə getsə, onun namazı qəsrdir. Amma əgər o, həmin yerdən işlədiyi yerə və iş məqsədilə səfər etsə, orada on gün qalmadığı təqdirdə (istər on gün qalmamağı əvvəlcədən qərara almışdır, istərsə də qərara almamışdır), iş yerinə etdiyi səfərdə onun namazı tamdır.
        • Əgər peşəsi sürücülük olan bir şəxsin avtomobili peşə səfəri əsnasında xarab olsa və o, avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə ölçüsündə yerləşən bir yerə səfər etsə, bu səfər peşə səfəri hesab olunur və bu şəxsin namazı tamdır.
        • Əvvəlki məsələni nəzərə alaraq, əgər peşə səfərinə getməmişdən öncə bu şəxsin avtomobili xarab olsa və o, avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə ölçüsündə yerləşən bir yerə səfər etsə, bu şəxsin namazı qəsrdir.
        • Əgər peşəsi səfər etmək olan şəxs axırıncı iş səfərinə getsə və ya yol əsnasında işi davam etdirməkdən daşınsa, bu halda əgər səfər etmək onun peşəsinin əsasında dayanırsa, məsələn, bu şəxs sürücüdürsə, axırıncı iş səfərindən qayıdarkən sərnişin aparmadığı təqdirdə, geri qayıdarkən onun səfəri iş səfəri hesab olunmur və namazı qəsrdir. O, istər öz maşını ilə qayıtsın, istərsə də başqa bir nəqliyyat vasitəsilə qayıtsın, hökm dəyişmir. Amma əgər səfər etmək onun peşəsinin müqəddiməsi olarsa, axırıncı iş səfərindən qayıdarkən, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır.
        • Əgər maarifləndirmə və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” işi ürfə görə bir şəxsin işi-peşəsi hesab olunarsa, bu işləri görmək üçün etdiyi səfərdə o öz işinə-peşəsinə görə səfər edən müsafir hökmündədir. Amma bu işindən qeyri bir iş üçün səfər etdiyi zaman həmin səfərdə başqa müsafirlər kimi namazı qəsrdir.
         
        Səkkizinci şərt: Tərəxxüs həddinə[2] çatmaq
        1. Tərəxxüs-həddini müəyyən etmək üçün meyar budur ki, şəhərin axırıncı evindən o hüdudda uzaqlaşırsan ki, şəhərdə səsucaldandan istifadə edilmədən adi səslə çəkilən azan səsini eşitmirsən. Bu yerdə istər şəhərin divarları görünsün, istərsə də görünməsin, rol oynamır.
        2. Tərəxxüs-həddini müəyyən etmək üçün qədim məscidlərdə azan deyilən minarələr kimi adi həddə uca bir məkanda və şəhərin axırında deyilən azanın səsini eşitmək meyar götürülür.
        3. Əgər müsafir şəxs şəhərdən xaric olduqdan sonra azan səsini eşitsə və onun azan olduğunu müəyyən etsə, amma azanın cümlələrini müəyyən edə bilməsə, bu yerdə namaz qılmaq istədiyi təqdirdə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Amma azan səsini əsla eşitmədiyi yerədək şəhərdən uzaqlaşdıqda namazı qəsr qılacaqdır.
        4. Vətənindən yola düşən və şəri məsafəni qət etmək niyyətində olan müsafir tərəxxüs-həddinə çatdıqda onun namazı qəsrdir. Həmçinin səfərdən qayıdarkən tərəxxüs-həddinə çatdıqda namazı tam qılmalıdır. Amma səfərdən qayıdarkən tərəxxüs-həddi ilə şəhərin girişinədək olan məsafədə namazı həm qəsr, həm də tam qılmaq ehtiyat-müstəhəbə müvafiqdir.
        5. Bir şəxs on gün qalmaq istədiyi yer ilə bu yerin tərəxxüs-həddi arasındakı məsafədə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da bu yerə çatanadək gözləməli, sonra namazını qılmalıdır və ya bu yerdən xaric olarkən oranın tərəxxüs-həddinə çatanadək gözləməli, sonra namazını qılmalıdır. Həmçinin otuz gün tərəddüdlə qaldığı bir yerdən xaric olarkən bu yerin tərəxxüs-həddinədək olan məsafədə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da oranın tərəxxüs-həddinə çatanadək gözləməli, sonra namazını qılmalıdır.
         
        Suallar:
        1- Müsafir namazının səkkiz şərtini açıqlayın.
        2- Haram səfər hansı səfərə deyilir?
        3- Səkkiz fərsəx olan şəri məsafənin hesablanması üçün “şəhərin axırı” dedikdə, hara nəzərdə tutulur?
        4- “Peşəsi səfər etmək olan şəxs” dedikdə, kimlər nəzərdə tutulur?
        5- Müsafirin “birinci səfər”i səfər etdiyi ünvana çatdıqda tamamlanır, yoxsa vətəndən xaric olub vətənə geri döndükdə tamamlanır?
        6- Tərəxxüs-həddi necə müəyyən edilir?
         

        [1] Amma əgər səkkiz fərsəxi keçdikdən sonra onun niyyəti dəyişərsə, qəsr olaraq qıldığı namazlar düzgündür.
        [2] Aparılan araşdırmalara əsasən, tərəxxüs-həddi şəhərin axırıncı nöqtəsindən 1350 metr uzaqlıqda yerləşir.
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /