NAMAZ VƏ ORUC RİSALƏSİ
- NAMAZ
- Vacib namazlar
Vacib namazlar
Məsələ 1. Vacib namazlar aşağıdakılardır:
1) Gündəlik vacib namazlar;
2) Kəbənin vacib təvafından sonra qılınan təvaf namazı;
3) Günəş və Ay tutulduğu, zəlzələ baş verdiyi və bu kimi bir sıra təbiət hadisələri baş verdiyi zaman qılınan ayat namazı;
4) Dünyasını dəyişən müsəlmanın cənazəsinə qılınan meyit namazı;
5) Atanın və ehtiyat-vacibə görə, ananın böyük oğula vacib olan qəza namazları;
6) Əhd, nəzir və and vasitəsilə, yaxud əcirlik vasitəsilə qılınması vacib olan namazlar[1].
[1] Bu, müstəhəb namazın nəzir, əhd, and və əcirlik vasitəsilə vacib namaza çevrilməsi anlamını daşımır. Əslində, nəzir, əhd, and və əcirliyə əməl etmək vacibdir.
- Gündəlik vacib namazlar
Gündəlik vacib namazlar
Məsələ 2. Gündəlik vacib namazlar İslam dininin çox mühüm vacib əməllərindəndir. Hətta namaz dinin sütunudur və heç bir vəziyyətdə tərk olunmamalıdır.
Məsələ 3. Gündəlik vacib namazlar on yeddi rəkətdir və aşağıdakılardan ibarətdir:
- Sübh namazı (iki rəkət);
- Zöhr namazı (dörd rəkət);
- Əsr namazı (dörd rəkət);
- Məğrib namazı (üç rəkət);
- İşa namazı (dörd rəkət). - Sübh namazının vaxtı
Sübh namazının vaxtı
Məsələ 4. Sübh namazının vaxtı “sadiq fəcr”[1] doğandan Günəş doğanadək olan müddətdir.
Məsələ 5. “Sadiq fəcr”in doğması (yəni sübh namazının vaxtının başlanması) baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr”[2] arasında fərq yoxdur. Amma “aylı gecələr”də sübhün işığı ayın işığını üstələyənədək gözləmək və bu zaman sübh namazını qılmaq daha yaxşıdır.
1. “Fəcr” sözü burada “işıq kütləsi” mənasında işlənir. Sübh vaxtı gündoğan tərəfdə iki növ işıq müşahidə olunur. Bunlardan biri “kazib fəcr”, digəri isə “sadiq fəcr” adlanır.
“Kazib fəcr” o işıqdır ki, “sadiq fəcr” doğmamışdan bir qədər əvvəl səmada əmələ gəlir və üfüq boyunca yayılmaq əvəzinə, şaquli şəkildə və üzü yuxarıya doğru saçır. Dəqiqələr sonra üfüq xəttində zəif bir ağ işıq əmələ gəlir və üfüq boyunca yayılmağa başlayır, getdikcə də işığın şiddəti artır. Bu işıq “sadiq fəcr” adlanır.
“Sadiq fəcr” doğarkən zəif bir işıq olduğuna görə, onu müşahidə edə bilmək üçün şərq tərəfin üfüqü tam açıq və qaranlıq olmalıdır. Şəhərlərin daxilində onu müşahidə etmək olduqca çətindir. “Sadiq fəcr”in doğduğunu dəqiqliklə müəyyən etməyin çətin olduğunu nəzərə alaraq, ehtiyata riayət etmək məqsədilə kütləvi informasiya vasitələrində azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazı qılınsın.2. Burada “aylı gecələr” dedikdə, nisbətən daha işıqlı gecələr nəzərdə tutulur. Belə ki, bu gecələrdə “sadiq fəcr” doğmağa başladığı zaman ayın işığı onu görməyə mane olur. Bu gecələrdə “sadiq fəcr”i bir qədər təxirlə (ayın işığının gücündən asılı olaraq təxminən on dəqiqə sonra) müşahidə etmək mümkün olur. Odur ki, ayın 13-cü gecəsindən 17-ci gecəsinədək olan gecələrə – belə ki, bu gecələrdə Ayın dairəsi təxminən tam görünür və ayın işığı da çox olur – “aylı gecələr” deyilir. Həmçinin ayın 17-ci gecəsindən sonra ayın axırınadək Ay tədricən şərq üfüqünə (yəni fəcrin doğduğu yerə) yaxınlaşdığına görə, bu gecələrə də “aylı gecələr” deyilir və ya “aylı gecələr” hökmü bu gecələrə də şamil edilir.
- Zöhr və əsr namazlarının vaxtı
Zöhr və əsr namazlarının vaxtı
Məsələ 6. Zöhr namazının vaxtı “şəri zöhr”ün əvvəlindən (Günəş səmanın ortasından qərbə tərəf keçdiyi vaxtdan)[1] başlanır və Günəşin qürub etməsinə yalnız əsr namazını qılmaq ölçüsündə vaxt qaldığı zaman başa çatır.
Məsələ 7. Əsr namazının vaxtı “şəri zöhr”dən zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başlanır və Günəş qürub edəndə başa çatır.
Məsələ 8. Zöhr və əsr namazlarının hər birinin xüsusi və müştərək vaxtları vardır.
Zöhr namazının xüsusi vaxtı “şəri zöhr” olduqda başlanır və zöhr namazını qılmaq ölçüsündə vaxt keçdikdə başa çatır.
Əsr namazının xüsusi vaxtı Günəşin qürub etməsinə əsr namazını qılmaq ölçüsündə vaxt qaldıqda başlanır və Günəş qürub etməyə başlayanda başa çatır.
Zöhr namazının xüsusi vaxtı ilə əsr namazının xüsusi vaxtı arasındakı müddət isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.Məsələ 9. Əgər mükəlləf[2] əsr namazının xüsusi vaxtınadək zöhr namazını qılmazsa, onun zöhr namazı qəza olur. O, həmin vaxt əsr namazını qılmalıdır.
[1] Günəş şərq tərəfdə doğduğu zaman əşyaların qərb tərəfə uzanan kölgələri əmələ gəlir. Günəş üfüqdən yuxarıya qalxdıqca kölgələr qısalmağa başlayır. Günəş səmanın ortasına gəldikdə isə, əgər Günəş şaquli şəkildə Yer üzünə saçarsa, kölgələr tamamilə aradan gedir. Yox əgər Günəş bir qədər mayili şəkildə Yer üzünə saçarsa, şimal və ya cənub istiqamətlərində əşyaların qısa kölgələri görünür. Günəş qərbə tərəf keçdikdə isə, aradan gedən kölgələr şərq tərəfdə əmələ gəlir, yaxud şimal və ya cənub istiqamətlərində qalan kölgələr şərqə tərəf uzanmağa başlayır. Bu zaman zöhr namazının vaxtıdır.
Həmçinin Günəşin doğması ilə batması arasındakı müddətin tam yarısı olan zaman “şəri zöhr”dür.
[2] Mükəlləf – şəri vəzifə daşıyan şəxsə deyilir.
- Məğrib və işa namazlarının vaxtı
Məğrib və işa namazlarının vaxtı
Məsələ 10. Günəş qürub etdikdən sonra Günəşin səmada yaranan qırmızılığı aradan getdikdə məğrib namazının vaxtı başlanır və “gecə yarısı”na yalnız işa namazını qılmaq ölçüsündə vaxt qaldığı zaman başa çatır.
Məsələ 11. İşa namazının vaxtı “şəri məğrib”dən məğrib namazını qılmaq ölçüsündə vaxt keçdikdə başlanır və gecə yarısı başa çatır.
Məsələ 12. “Gecə yarısı” Günəş qürub etdiyi vaxt ilə “sadiq fəcr”in doğduğu vaxt arasındakı müddətin tam yarısı olduğu zamandır.
Məsələ 13. Məğrib və işa namazlarının hər birinin xüsusi və müştərək vaxtları vardır.
Məğrib namazının xüsusi vaxtı “şəri məğrib” olduqda başlanır və üç rəkət namaz qılmaq ölçüsündə vaxt keçdikdə başa çatır.
İşa namazının xüsusi vaxtı gecə yarısına işa namazını qılmaq ölçüsündə vaxt qaldıqda başlanır və gecə yarısı olduqda başa çatır.
Məğrib namazının xüsusi vaxtı ilə işa namazının xüsusi vaxtı arasındakı müddət məğrib və işa namazlarının müştərək vaxtıdır.
Məsələ 14. Əgər mükəlləf işa namazının xüsusi vaxtınadək məğrib namazını qılmazsa, həmin vaxt əvvəlcə işa namazını, daha sonra məğrib namazını qılmalıdır.
Məsələ 15. Əgər bir şəxs günah edərək və ya hansısa bir üzrə görə məğrib və işa namazlarını gecə yarısınadək qılmazsa, ehtiyat-vacibə görə, bu namazları sübh namazınadək əda və qəza niyyəti etmədən (“ma fiz-zimmə” niyyətilə[1]) qılmalıdır.
- Namaz vaxtlarının hökmləri
Namaz vaxtlarının hökmləri
Məsələ 16. Namazı namaz vaxtının əvvəlində qılmaq müstəhəbdir. Bu məsələ İslam dininin təlimlərində təkidlə tövsiyə olunub. Əgər bir şəxs namazı vaxtın əvvəlində qıla bilməzsə, vaxtın əvvəlinə nə qədər yaxın bir vaxtda qılsa, bir o qədər yaxşıdır. Amma əgər namazı yubatmaq müəyyən səbəblərə görə daha üstün olarsa, bu hallar istisna təşkil edir. Məsələn, mükəlləf namazı camaatla qılmaq istəyir və camaat namazının təşkil olunmasını gözləyir.
Məsələ 17. Mükəlləf gündəlik namazların vaxtını təyin etmək üçün (hətta qütbə yaxın olan məntəqələrdə belə) öz yaşadığı yerin üfüqünə riayət etməlidir.
Məsələ 18. Mükəlləf namaz qılmaq üçün namaz vaxtının daxil olduğuna yəqin etməli və ya buna əmin olmalıdır. Yaxud iki ədalətli kişi namaz vaxtının daxil olduğunu xəbər verməlidir. Yaxud da etibarlı və namaz vaxtlarını tanıyan bir müəzzin azan deməlidir.
Məsələ 19. Əgər mükəlləf namaz vaxtının daxil olduğunu yəqin etsə və namaza başlasa, amma namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk etsə, onun namazı düzgün deyildir. Amma əgər namaz əsnasında namaz vaxtının daxil olduğuna yəqinliyi olsa, amma namazdan qıldığı hissənin namaz vaxtı daxilində qılınıb-qılınmadığına şəkk etsə, onun namazı düzgündür.
Məsələ 20. Əgər mükəlləf kütləvi informasiya vasitələri və ya namaz vaxtlarını elan edən digər vasitələrlə namaz vaxtının daxil olduğuna əmin olsa, namazını qıla bilər.
Məsələ 21. Əgər azan deyilməyə başladıqda mükəlləfdə namaz vaxtının daxil olduğuna əminlik yaransa, azanın başa çatmasını gözləmək lazım deyildir. O, azanın başlaması ilə namazını qıla bilər.[1]
Məsələ 22. Əgər borc verən şəxs namaz vaxtında öz pulunu geri istəsə, borcu qaytarmağa mükəlləfin imkanı olduğu təqdirdə, o, əvvəlcə borcu qaytarmalı, daha sonra namazını qılmalıdır. Həmçinin əgər başqa bir təcili vacib iş ortaya çıxsa, mükəlləf əvvəlcə o işi yerinə yetirməli, daha sonra namazını qılmalıdır. Amma əgər namaz vaxtı dar olsa, əvvəlcə namazı qılmalıdır.
Məsələ 23. Əgər namaz vaxtı çox dar olsa, belə ki, namazın bəzi müstəhəb əməlləri yerinə yetirildiyi təqdirdə namazın müəyyən hissəsi namaz vaxtı başa çatdıqdan sonra qılınarsa, bu müstəhəb əməllər yerinə yetirilməməlidir. Məsələn, əgər qunut tutulduğu təqdirdə namazın müəyyən hissəsi namaz vaxtı başa çatdıqdan sonra qılınacaqsa, namaz qılan şəxs qunut tutmamalıdır.
Məsələ 24. Əgər namazın yalnız bir rəkətini qılmaq ölçüsündə vaxt qalmış olsa, mükəlləf namazı əda niyyətilə qılmalıdır. Amma namazı həmin vaxtadək bilərəkdən yubatmamalıdır.
Məsələ 25. Əgər Günəşin qürubunadək beş rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, mükəlləf zöhr və əsr namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə əsr namazını qılmalı və zöhr namazının qəzasını qılmalıdır.
Əgər gecə yarısınadək beş rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, mükəlləf məğrib və işa namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə işa namazını qılmalı və sonra ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən, əksinə, “ma fiz-zimmə” niyyətilə məğrib namazını qılmalıdır.Məsələ 26. Əgər Günəşin qürubunadək üç rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, müsafir şəxs zöhr və əsr namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, təkcə əsr namazını qılmalı və zöhr namazının qəzasını qılmalıdır.
Əgər gecə yarısınadək dörd rəkət namaz qılmaq ölçüsündə vaxt qalsa, müsafir şəxs məğrib və işa namazlarını qılmalıdır. Əgər bundan az vaxt qalsa, o, əvvəlcə işa namazını qılmalı, daha sonra ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən, əksinə “ma fiz-zimmə” niyyətilə məğrib namazını qılmalıdır. Amma əgər işa namazını qıldıqdan sonra gecə yarısınadək bir rəkət və ya daha çox namaz qılmaq ölçüsündə vaxt qaldığı məlum olsa, mükəlləf dərhal məğrib namazını əda niyyətilə qılmalıdır.[1] Qeyd olunduğu kimi, sübh namazı ehtiyata riayət etmək məqsədilə azan başladıqdan təxminən on dəqiqə sonra qılınsın.
- Namazların ardıcıllığı
Namazların ardıcıllığı
Məsələ 27. Əsr namazı zöhr namazından sonra və işa namazı məğrib namazından sonra qılınmalıdır. Əgər namazlar bilərəkdən bu ardıcıllığa zidd şəkildə qılınsa, namaz düzgün deyildir.
Məsələ 28. Əgər bir şəxs səhvən və ya diqqətsizlik üzündən əsr namazını zöhr namazından qabaq, yaxud işa namazını məğrib namazından qabaq qılsa və namazı qılıb qurtardıqdan sonra bunu başa düşsə, onun namazı düzgündür.
Məsələ 29. Əgər bir şəxs zöhr namazını qıldığını düşünüb əsr namazını qılmağa başlasa, amma namaz əsnasında zöhr namazını qılmadığını başa düşsə, zöhr və əsr namazlarının müştərək vaxtı olduğu təqdirdə, o öz niyyəini dərhal zöhr namazına çevirməli və namazı başa çatdırmalıdır. Daha sonra əsr namazını qılmalıdır. Amma əgər bu hal zöhr namazının xüsusi vaxtında baş vermiş olsa, ehtiyat-vacibə görə, o öz niyyətini zöhr namazına çevirməli və namazı başa çatdırmalıdır. Sonra isə zöhr və əsr namazlarını ardıcıllıqla qılmalıdır.
Məsələ 30. Əgər bir şəxs məğrib namazını qıldığını düşünüb işa namazını qılmağa başlasa, amma namaz əsnasında səhv etdiyini başa düşsə, məğrib və işa namazlarının müştərək vaxtı olduğu, eləcə də bu şəxs dördüncü rəkətin rükusuna getməmiş olduğu təqdirdə, o öz niyyətini məğrib namazına çevirməli və namazı başa çatdırmalıdır. Daha sonra işa namazını qılmalıdır. Amma əgər o, dördüncü rəkətin rükusuna gedibdirsə, ehtiyata görə, namazı başa çatdırmalı, daha sonra məğrib və işa namazlarını ardıcıllıqla qılmalıdır. Həmçinin əgər bu hal məğrib namazının xüsusi vaxtında baş versə, şəxs dördüncü rəkətin rükusuna getməmiş olsa belə, ehtiyat-vacibə görə, o öz niyyətini məğrib namazına çevirməli və namazı başa çatdırmalıdır. Sonra isə məğrib və işa namazlarını ardıcıllıqla qılmalıdır.
Məsələ 31. Əgər mükəlləf zöhr namazının niyyətilə namaza başlasa və namaz əsnasında zöhr namazını qıldığını xatırlasa, o öz niyyətini əsr namazına çevirə bilməz. O, bu namazı kəsməli və əsr namazını qılmalıdır. Həmçinin əgər məğrib namazının niyyətilə namaza başlasa və namaz əsnasında məğrib namazını qıldığını xatırlasa, o öz niyyətini işa namazına çevirə bilməz. O, bu namazı kəsməli və işa namazını qılmalıdır.
- Müstəhəb namazlar
Müstəhəb namazlar
Məsələ 32. Müstəhəb namazlar, yəni nafilələr olduqca çoxdur. Nafilə namazları arasında gündəlik nafilələri qılmaq, xüsusilə də gecə namazını qılmaq çox tövsiyə olunub.
Məsələ 33. Gündəlik nafilələr bir gecə-gündüz ərzində qılınan müstəhəb namazlardır. Bu nafilələri qılmaq olduqca əhəmiyyətlidir və onun üçün böyük savab vəd olunub. Gecə yarısından sonra qılınan gecə namazı isə müstəhəb namazlar arasında xüsusi əhəmiyyətə malikdir. Gecə namazının çoxsayda xüsusi mənəvi təsirləri vardır və tövsiyə olunur ki, bu namazı qılmağa əhəmiyyət verilsin.
Məsələ 34. Gündəlik nafilələr aşağıdakılardan ibarətdir:
- Zöhr namazının nafiləsi zöhr namazından qabaq qılınır və səkkiz rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
- Əsr namazının nafiləsi əsr namazından qabaq qılınır və səkkiz rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
- Məğrib namazının nafiləsi məğrib namazından sonra qılınır və dörd rəkətdir (iki rəkət-iki rəkət olaraq qılınır);
- İşa namazının nafiləsi işa namazından sonra əyləşən halda qılınır və iki rəkətdir;
- Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və iki rəkətdir;
- Gecə nafiləsi gecə yarısından başlayaraq sübh azanınadək qılınır və on bir rəkətdir. Daha yaxşı olar, gecənin üç hissəsindən axırıncı hissəsində qılınsın və sübh azanına nə qədər yaxın bir vaxtda qılınsa, savabı bir o qədər çoxdur[1].Məsələ 35. Zöhr və əsr namazlarının nafiləsi cümə günü ümumilikdə iyirmi rəkətdir, yəni on altı rəkət nafiləyə dörd rəkət əlavə olunur. Yaxşı olar ki, bu iyirmi rəkət nafilə şəri zöhrdən qabaq qılınsın. Əgər şəri zöhrdən qabaq qılınmazsa, onları Günəşin qürubunadək qılmağın maneəsi yoxdur.
Məsələ 36. Əgər zöhr və əsr namazlarının nafiləsi “nafilənin vaxtı”nda[2], amma zöhr və əsr namazları qılındıqdan sonra qılınarsa, ehtiyat-vacibə görə, əda və qəza niyyəti etmədən (yəni “ma fiz-zimmə niyyətilə) qılınmalıdır.
Məsələ 37. Gecə namazı aşağıdakı qaydada qılınır:
Əvvəlcə “gecə namazı” niyyətilə səkkiz rəkət namaz (iki rəkət-iki rəkət olaraq) sübh namazı kimi qılınır. Sonra “şəf namazı” niyyətilə iki rəkət və “vətr namazı” niyyətilə bir rəkət namaz qılınır. Vətr namazının qunutunda dua kitablarında qeyd edilən ardıcıllıqla Allahdan bağışlanma diləmək, möminlər üçün dua etmək və Allahdan ehtiyacları diləmək müstəhəbdir.
Məsələ 38. Əgər səfərdə olan şəxsə və ya bir gəncə, yaxud da qocalıq və ya xəstəlik kimi bir üzrü olan şəxsə gecə namazını öz vaxtında qılmaq çətin olarsa, o, gecə namazını gecə yarısından qabaq qıla bilər.
Məsələ 39. Nafilə namazlarında “Həmd”dən sonra “Surə” oxumaq vacib deyildir və hər rəkətdə təkcə “Həmd”i oxumaq kifayət edir. Amma “Surə”ni oxumaq müstəhəbdir.
Məsələ 40. Vətr namazı istisna olmaqla, nafilələr iki rəkətdir. (Qeyd olunduğu kimi, “vətr namazı” bir rəkətdir.) Nafilələri əyləşən halda da qılmaq olar. Amma ayaq üstə qılmaq daha yaxşıdır. Əgər nafilə əyləşən halda qılınarsa, iki rəkəti bir rəkət hesab etmək müstəhəbdir. İşa namazının nafiləsi isə istisna təşkil edir. Belə ki, bu nafiləni ehtiyata görə, ayaq üstə deyil, əyləşən halda qılmaq lazımdır.
[1] Qeyd olunduğu kimi, işa namazının nafiləsi iki rəkətdir və əyləşən halda qılınır. Amma nəzərə alsaq ki, bu iki rəkət nafilə bir rəkət hesab olunur, gündəlik nafilələr ümumilikdə 34 rəkət, yəni gündəlik namazların iki misli qədər olacaq.
[2] Zöhrün nafiləsinin vaxtı şəri zöhrün əvvəlindən etibarən başlanır və “şaxis”in şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-ikisi uzunluğuna çatdığı zaman başa çatır. Məsələn, əgər şaxisin uzunluğu yeddi qarışdırsa, şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi iki qarışa çatdığı zaman zöhrün nafiləsinin vaxtı başa çatır. (Şaxis – şəri zöhrü təyin etmək üçün hamar yerə şaquli şəkildə sancılan düz bir çubuq və ya bu kimi bir vasitədir.) Əsrin nafiləsinin vaxtı isə şaxisin şəri zöhrdən sonra yaranan kölgəsi şaxisin yeddidə-dördü uzunluğuna çatdığı zaman başa çatır.
- Qiblə
Qiblə
Məsələ 41. Mükəlləf namazı üzü Kəbəyə tərəf qılmalıdır. Elə bu səbəbdən də, Kəbə istiqamətinə “qiblə” deyilir. Məlum məsələdir ki, Kəbədən uzaqda yaşayan insanlar üçün üzü tam olaraq Kəbəyə tərəf dayanmaq qeyri-mümkün olduğuna görə, onlar barəsində “üzü qibləyə tərəf namaz qılır” deyiləcək həddə üzü Kəbəyə tərəf dayanmaları kifayət edir.
Məsələ 42. Müstəhəb namazları piyada yol gedən halda və ya hansısa bir minikdə hərəkət edən halda qılmaq olar. Bu zaman üzü qibləyə tərəf olmaq vacib deyildir.
Məsələ 43. Ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüd üzü qibləyə tərəf dayanaraq qılınmalıdır. Səhv səcdəsi isə ehtiyat-müstəhəbə görə, üzü qibləyə tərəf dayanaraq qılınır.
Məsələ 44. Namaz qılan şəxsin qiblə istiqaməti barəsində yəqinliyi və ya əminliyi olmalıdır. Bu yəqinlik və ya əminlik düzgün və etibarlı qiblənüma vasitəsilə, yaxud Günəşin və ulduzların işıq saçması[1] yolu ilə (əlbəttə, bu yoldan istifadə edən şəxsin bu barədə məlumatı və bacarığı olmalıdır), yaxud da başqa yollar vasitəsilə yarana bilər. Əgər bir şəxs qiblənin hansı istiqamətdə olduğuna əmin ola bilməsə, böyük ehtimal etdiyi istiqamətə namaz qılmalıdır. Məsələn, məscidlərin mehrabına əsaslanaraq yaranan ehtimala müvafiq əməl edə bilər.
Məsələ 45. Əgər bir şəxsin qiblə istiqamətini təyin etmək üçün heç bir yolu olmazsa və heç bir istiqamət barəsində də ehtimalı olmazsa, ehtiyat-vacibə görə, o, dörd istiqamətə namaz qılmalıdır. Əgər dörd namaz qılmaq üçün kifayət qədər vaxt olmazsa, vaxt çatdığı qədər namazı təkrar qılmalıdır.
Məsələ 46. Əgər bir şəxs qiblə istiqamətini araşdırdıqdan sonra yenə də qiblə istiqamətini səhv təyin edərsə, qiblədən sağ və ya sol tərəfə yayınma doxsan dərəcədən az olduğu təqdirdə, bu şəxsin namazı düzgündür. Əgər o, namaz əsnasında bu səhvi başa düşərsə, namazın qalan hissəsini qiblə istiqamətinə qılmalıdır. Bu hökm baxımından namaz vaxtının geniş olub-olmamasının bir fərqi yoxdur.
Məsələ 47. Əgər bir şəxsin qiblə istiqaməti barəsində yəqinliyi yoxdursa, o, qiblə istiqamətinə tərəf yerinə yetirilən digər əməllərdə, məsələn, heyvan kəsimində öz ehtimalı əsasında əməl etməlidir. Əgər heç bir istiqamət barəsində ehtimalı olmazsa və bütün istiqamətlər onun üçün bərabər olarsa, bu işləri hansı istiqamətə tərəf yerinə yetirərsə, düzgündür.
1. Deyilənə görə, may ayının 28-i və iyul ayının 16-sı Günəş Məkkə üfüqü ilə zöhr vaxtı Kəbənin üstündə şaquli vəziyyətdə saçır. Əgər bir “şaxis”i, məsələn, düz bir çubuğu və ya dəmir bir mili hamar yerə şaquli vəziyyətdə sancsaq, Məkkə üfüqü ilə zöhr vaxtı şaxisin kölgəsinin istiqaməti qiblənin əks istiqaməti olacaqdır. Əgər bu yolla mükəlləfdə qiblə istiqaməti barəsində əminlik yaranarsa, bu əminliyə müvafiq şəkildə əməl etməyə icazə verilir.
- Namazda örtünmə
- Namaz qılınan məkanın şərtləri
- Məscidin hökmləri
Məscidin hökmləri
Məsələ 115. Məscidin yerini, tavanını, divarını və damını napak etmək haramdır. Əgər məscidin bu yerləri napak olubsa, oranı dərhal paklamaq lazımdır.
Məsələ 116. Məscidi paklamaq “kifayi-vacib”dir[1]. Belə ki, məscidi paklamaq yalnız oranı napak edən şəxsə və ya oranın napak olmasına səbəb olan şəxsə aid deyildir. Əksinə, məscidi paklamaq imkanına malik olan hər bir kəsə oranı paklamaq vacibdir.
Məsələ 117. Məsum İmamların (ə) hərəmini napak etmək haramdır. Əgər bu məkan napak olarsa, oranın napak qalması hörmətsizlik hesab olunduğu təqdirdə, oranı paklamaq vacibdir. Hörmətsizlik hesab olunmadığı təqdirdə isə, oranı paklamaq yaxşı bir əməl hesab olunur.
Məsələ 118. Məscidi qızıl ilə bəzəmək israfçılıq hesab olunduğu təqdirdə, bu iş haramdır. İsrafçılıq hesab olunmadığı təqdirdə isə, bu iş məkruhdur.
Məsələ 119. Məscdin şəni və mövqeyi qorunmalıdır. Məscidin şəni və mövqeyinə zidd olan işlərdən çəkinmək lazımdır.
Məsələ 120. Məsciddə tədris kursları və dərnəklər təşkil etmək və bu kimi başqa işlər görmək məscidin şəninə zidd olmadığı və ya camaat namazının təşkil olunmasına və namaz qılanlara maneəçilik törətmədiyi təqdirdə, bunun maneəsi yoxdur.
Məsələ 121. Məscid binasını bütünlüklə və ya onun bir hissəsini sökməyə icazə verilmir. Amma əhəmiyyət verilməməsi qeyri-mümkün olan bir məsləhətə görə bu işi görmək istisna təşkil edir.
Məsələ 122. Əgər bir məscid qəsb edilsə və ya sökülsə və onun yerində başqa bir bina inşa edilsə, yaxud bir məscid tərk edildiyinə görə məscidlikdən bir əsər-əlaməti qalmasa və oranın yenidən abadlaşdırılmasına əsla ümid olmasa, bu məkanı napak etməyin haram olduğu məlum deyildir. Amma oranı napak etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 123. Əgər bir məscid yeni yolun salınması ilə əlaqədar plana düşsə və məcburiyyət qarşısında onun bir hissəsi sökülsə və bu hissənin əvvəlki vəziyyətinə qaytarılması ehtimal edilməsə, bu məkan məscidin şəri hökmlərini daşımayacaq.
Məsələ 124. Əgər məscidin şəbistanında[2] bir küncdə muzey, kitabxana və s. yaratmaq məscidin şəbistanının vəqfinə zidd olsa və ya məscid binasının dəyişilməsinə səbəb olsa, buna icazə verilmir.
Məsələ 125. Əgər hərəkətdə olan və qeyri-sabit bir məkan, məsələn, nəqliyyat vasitəsi məscid ünvanında vəqf edilsə, ehtiyat-vacibə görə, bu məkan şəri məscid adlanır və məscidin hökmlərini daşıyır.
Məsələ 126. Məscidi təmizləmək və təmir etmək müstəhəbdir. Müstəhəbdir ki, məscidə getmək istəyən şəxs ətirlənsin, təmiz və yaxşı paltar geyinsin. Diqqətli olsun ki, ayaqqabısının və ya ayağının altı “nəcasət”ə və ya natəmiz bir şeyə bulaşmamış olsun. Hamıdan qabaq məscidə daxil olsun və hamıdan sonra məsciddən xaric olsun. Məscidə daxil olarkən və məsciddən xaric olarkən zikr desin və qəlbən Allaha əyilsin. Məscidə daxil olduqda məscidin təhiyyət namazı niyyətilə iki rəkət namaz qılsın. Başqa bir vacib və ya müstəhəb namaz qılmaq da kifayət edir.
Məsələ 127. Məsciddə yatmaq məkruhdur.
Məsələ 128. Hüseyniyyə və digər adlarla adlandırılan məkanlar məscid hökmündə deyildir.
[1] “Kifayi-vacib” – “eyni-vacib”in qarşısında dayanır. Kifayi-vacib ilk başda hər kəsə vacib olan bir işdir, amma əgər kimsə və ya kimlərsə bu işi yerinə yetirərsə, digərlərinin üzərindən vəzifə götürülür. Əgər şəri vəzifə daşıyan şəxslərin heç biri bu işi yerinə yetiməzsə, onların hamısı günahkardır. Məsələn, məscidi paklamaq, meyitə qüsl verib dəfn etmək “kifayi-vacib”dir. Amma “eyni-vacib”i bütün mükəlləflər, yəni şəri vəzifə daşıyan şəxslər yerinə yetirməlidirlər, məsələn, gündəlik namazları qılmaq, xüms və zəkat vermək və s.
[2] Şəbistan – böyük məscidlərin üstü tavanlı və kənarları örtülü hissələridir. Oxşar və bir-birinə paralel sütunlara malikdir və bir tərəfi məscidin daxilinə açılır. Şəbistan, qədim memarlıqda məscid binasının o hissəsi idi ki, insanlar orada ibadət edir və gecələr isə orada yatırdılar.
- Azan və iqamə
Azan və iqamə
Məsələ 129. Gündəlik vacib namazlardan qabaq azan və iqamə demək müstəhəbdir. Sübh və məğrib namazları, xüsusilə də, camaat namazı barəsində bu müstəhəb əməl daha da təkid olunub. Amma başqa vacib namazlarda, məsələn, Ayat namazında azan və iqamə demək şəriətdə gəlməyib.
Məsələ 130. Azan on səkkiz cümlədən ibarətdir və aşağıdakı ardıcıllıqla deyilir:
Əllahu əkbər (4 dəfə)
Əşhədu əlla ilahə illəllah (2 dəfə)
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə)
Həyyə ələs-səlah (2 dəfə)
Həyyə ələl-fəlah (2 dəfə)
Həyyə əla xəyril-əməl (2 dəfə)
Əllahu əkbər (2 dəfə)
La ilahə illəllah (2 dəfə)
İqamənin də cümlələri eynilə azan kimidir, bu fərqlə ki, əvvəldə iki dəfə “Əllahu əkbər”, deyilir. Həmçinin “Həyyə əla xəyril-əməl” cümləsindən sonra iki dəfə “Qəd qamətis-səlah” cümləsi deyilir. Axırda isə bir dəfə “La ilahə illəllah” deyilir.Məsələ 131. “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsini şiənin şüarı ünvanında demək yaxşı və mühüm əməldir, amma azan və iqamənin bir hissəsi deyildir. Bu cümlə “mütləq qəsdi-qürbət” ilə deyilməlidir.
Məsələ 132. Namaz vaxtının daxil olduğunu elan etmək üçün azan demək və azanı eşidənlərin onu təkrar etmələri təkid olunan müstəhəb əməldir.
Məsələ 133. Namaz vaxtının daxil olduğunu elan etmək üçün məscidlərdən və başqa məkanlardan səsucaldan vasitəsilə adi qaydada azan yayımlamağın maneəsi yoxdur. Amma əgər səsucaldan vasitəsilə Quran tilavətinin və duaların yayımlanması qonşuların əziyyət çəkmələrinə səbəb olarsa, buna icazə verilmir.
Məsələ 134. Əgər camaat namazı üçün azan və iqamə deyilsə, bu camaat namazını qılan şəxs öz namazı üçün azan və iqamə deməməlidir.
Məsələ 135. Azan deyərkən üzü qibləyə dayanmaq, dəstəmazlı və qüsllü olmaq, əlləri qulağın kənarına qoymaq, səsi ucaltmaq və uzatmaq, azanın cümlələri arasında bir qədər fasilə etmək və danışmamaq müstəhəbdir.
Məsələ 136. İqamə deyərkən bədənin hərəkətsiz olması müstəhəbdir. Həmçinin iqaməni azandan daha asta demək və cümlələri bir-birinə birləşdirməmək müstəhəbdir. Amma azanın cümlələri arasında verilən fasilə ölçüsündə iqamənin cümlələri arasında fasilə verilməsin.
Məsələ 137. Azan ilə iqamənin arasında bir qədər əyləşmək və ya səcdə etmək, yaxud “təsbih” demək (“Subhanəllah” zikrini demək), yaxud bir qədər sakit dayanmaq və danışmamaq, yaxud da iki rəkət namaz qılmaq müstəhəbdir.
- Namazın vacib əməlləri
- Qunut
Qunut
Məsələ 306. Bütün vacib və müstəhəb namazların ikinci rəkətində “Həmd” və “Surə”ni oxuduqdan sonra və rükuya getməmişdən qabaq əlləri qaldırıb dua etmək müstəhəbdir. Bu əməl “qunut” adlanır.
Məsələ 307. Cümə namazının hər rəkətində bir qunut vardır. Belə ki, birinci rəkətdə rükudan qabaq, ikinci rəkətdə isə rükudan sonra yerinə yetirilir.
Məsələ 308. Fitr və Qurban bayramı namazında birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut vardır.
Məsələ 309. Qunutda istənilən zikri, duanı və ya Quran ayəsini oxumaq olar. Hətta bir salavat, ya “Subhanəllah” zikri, ya “Bismillah” cümləsi və ya “Bismilləhir rahmənir rahim” ayəsi ilə kifayətlənmək olar. Amma Qurani-Kərimdə keçən duaları oxumaq daha yaxşıdır. Məsələn, “Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və-qina əzabən-nar” dua məzmunlu ayəsini oxumaq olar. Yaxud Məsumların (ə) buyurduqları zikr və duaları oxumaq olar. Məsələn, “La ilahə illəllahu əl-həlimul-kərim. La ilahə illəllahu əl-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəl-səb`i, və ma fihinnə və ma bəynəhunnə, və rəbbil-ərşil-əzim, vəl-həmdu lilləhi rəbbil-aləmin.”
Məsələ 310. Qunutda hər bir dildə dua etmək, Allahdan bağışlanma diləmək və ehtiyacları istəmək olar.
Məsələ 311. Qunutun zikrini ucadan oxumaq müstəhəbdir. Amma əgər camaat namazında imam-camaat məmumun səsini eşidərsə, bu əməl müstəhəb sayılmır.
- Namazın təqibatı
Namazın təqibatı
Məsələ 312. Namaz tamamlandıqdan sonra dua oxumaq, ya zikr demək və ya Quran oxumaq müstəhəbdir. Bu, “namazın təqibatı” adlanır. Yaxşı olar ki, namazın təqibatı namazdan sonra elə üzü qibləyə əyləşən halda, həmçinin dəstəmazlı və ya qüsllü və ya təyəmmümlü halda yerinə yetirilsin.
Məsələ 313. Namazın təqibatının ərəbcə olması vacib deyildir. Amma Məsumların (ə) buyurduqları dua və zikrləri oxumaq daha yaxşıdır. Ən üstün zikrlərdən biri isə “Xanım Fatimə Zəhra (s.ə) təsbihatı” adı ilə tanınan zikrdir. Bu təsbih 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “Əl-həmdu lilləh” və 33 dəfə “Subhanəllah” zikrlərindən ibarətdir. Dua kitablarında Məsumlardan (ə) ali məzmunlu və gözəl ifadələrlə zəngin təqibatlar qeyd olunub.
Məsələ 314. Namazdan sonra şükür səcdəsi yerinə yetirmək müstəhəbdir. Yəni bütün nemətlərə görə, eləcə də namaz qılmaq uğurunu tapmaq nemətinə görə şükür etmək məqsədilə alını yerə qoyursan. Daha yaxşı olar ki, şükür səcdəsində üç dəfə və ya daha çox “Şukrən lilləh” deyəsən.
- Namazın tərcüməsi
Namazın tərcüməsi
Məsələ 315. Yaxşı olar ki, insan namazın sözləri və zikrlərinin mənasına diqqət yetirsin və onları hüzuri-qəlb ilə dilə gətirsin. Bununla da ruhun paklanması və qəlbin Mütəal Allaha yaxınlaşması təsirinə malik olan namazdan bəhrələnsin.
Məsələ 316. “Həmd” surəsi yeddi ayədir və tərcüməsi budur:
1- Bismilləhir rahmənir rahim.
Rəhman (rəhməti dünyada bütün insanlara şamil olan) və rəhim (əbədi rəhməti möminlərə xas olan) Allahın adı ilə.2- Əl-həmdu lilləhi rabbil-aləmin.
Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.3- Ər-rahmənir-rahim.
(O Rəbb ki,) rəhman və rəhimdir.4- Məliki yəvmiddin.
Din gününün (Qiyamətin) ixtiyar sahibidir.5- İyyakə nə`budu və iyyakə nəstə`in.
Yalnız Sənə bəndəlik edir və yalnız Səndən kömək diləyirik.6- İhdinəs-siratəl-mustəqim.
Bizi düz yola yönəlt.7- Siratəlləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim və-ləz-zallin.
O kəslərin yoluna ki, onlara nemət vermisən (Səni tanımanın nurunu onların qəlbinə saçmısan). O kəslər ki, Sənin qəzəbinə düçar olmamış və düz yolu azmamışlar. (Yəni onlara böyük nemət verdikdən sonra onlar nankorluq və üsyan etməmiş, beləliklə də Sənin qəzəbini qazanmamış və düz yoldan azmamışlar.)Məsələ 317. “İxlas” surəsi 4 ayədir və tərcüməsi budur:
1- Bismilləhir rahmənir rahim. Qul huvəllahu əhəd.
Rəhman və rəhim Allahın adı ilə. De: Odur yeganə olan Allah.2- Əllahus-saməd.
Allah ehtiyacsızdır. (Hamı Ona möhtacdır.)3- Ləm yəlid və ləm yuləd.
Övladı yoxdur və heç kimin də övladı deyildir.4- Və ləm yəkun ləhu kufuvən əhəd.
Ona tay-bərabər yoxdur.
Məsələ 318. Rüku və səcdənin və bir sıra müstəhəb zikrlərin tərcüməsi:- Subhanəllah: Allah pak və eyibsizdir.
- Subhanə Rəbbiyəl-əzimi və bi-həmdihi: Əzəmətli Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
- Subhanə Rəbbiyəl ə`la və bi-həmdihi: Uca Rəbbim pak və eyibsizdir və mən Ona həmd-səna deyirəm.
- Səmiəllahu li-mən həmidəhu: Allahın lütfü Ona həmd-səna deyən kəsə şamil olsun.
- Əstəğfirullahə Rəbbi və ətubu iləyh: Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram.
- Bi-həvlilləhi və quvvətihi əqumu və əq`udu: Allahın güc-qüvvəsi ilə ayağa qalxır və əyləşirəm.
Məsələ 319. Qunutun zikrlərinin tərcüməsi:- Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və qina əzabən-nar.
Ey Rəbbim! Dünyada da, axirətdə də bizə xeyirlər əta et və bizi odun əzabından qoru.
- La ilahə illəllahu əl-həlimul-kərim. La ilahə illəllahu əl-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəl-səb`i, və ma fihinnə və ma bəynəhunnə, və rəbbil-ərşil-əzim, vəl-həmdu lilləhi rəbbil-aləmin.
Həlim və kərim Allahdan qeyri ilah yoxdur. Uca və əzəmətli Allahdan qeyri ilah yoxdur. Yeddi səmanın və yeddi yerin, onlarda olanların və onların arasında olanların və əzəmətli ərşin rəbbi olan Allah pak və eyibsizdir. Həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.
Məsələ 320. Təsbihati-ərbə`ənin tərcüməsi:Subhanəllah, vəl-həmdu lilləh, və la ilahə illəllah, vəllahu əkbər.
Allah pak və eyibsizdir. Həmd-səna yalnız Allaha məxsusdur. Allahdan qeyri ilah yoxdur. Allah ən böyükdür.
Məsələ 321. Təşəhhüdün və salamın tərcüməsi:- Əl-həmdu lilləh. Əşhədu ən-la ilahə illəllah, vəhdəhu la şərikə ləhu. Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Əllahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd. Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu.
Həmd-səna yalnız Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey Allahım, Muhəmmədə və Ali-Muhəmmədə salavat göndər. Onun şəfaətini qəbul et və dərəcəsini ucalt.- Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuhu. Əssəlamu ələyna və əla ibadillahis-salihin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu.
Salam və Allahın rəhməti və bərəkətləri olsun sənə, ey Peyğəmbər. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Salam və Allahın rəhməti və bərəkətləri olsun sizə (möminlərə, mələklərə). - Namazı pozan işlər
Namazı pozan işlər
Məsələ 322. Namazı pozan işlər aşağıdakılardır:
1- Namazda riayət edilməsi vacib olan şərtlərdən birinin aradan getməsi;
2- Dəstəmaz və ya qüslün pozulması;
3- Qiblədən dönmək;
4- Danışmaq;
5- Gülmək;
6- Ağlamaq;
7- Namazın surətinin aradan getməsi;
8- Yemək və içmək;
9- Namazı pozan şəklər[1];
10- Namazın “rükn”lərini azaldıb-artırmaq;
11- “Həmd”dən sonra “Amin” ifadəsini demək;
12- Əlləri bədənin önündə bir-birinin üstünə qoyub bağlamaq (təkəttuf).
Məsələ 323. Əgər namaz əsnasında namazda riayət edilməsi vacib olan şərtlərdən biri aradan getsə, məsələn, bir şəxs namaz əsnasında namaz qıldığı məkanın qəsbi olduğunu başa düşsə, onun namazı pozulur və namaz düzgün deyildir.Məsələ 324. Əgər namaz əsnasında dəstəmazı və ya qüslü və ya təyəmmümü pozan bir iş baş versə, məsələn, bir şəxs namaz qıldığı halda yatsa, yaxud ondan sidik və bu kimi bir şey xaric olsa, namaz pozulur.
Məsələ 325. Əgər üz və ya bədən qiblədən bilərəkdən döndərilsə, belə ki, sağ və ya sol tərəfləri asanlıqla görmək mümkün olsa, namaz pozulur. Əgər bu iş səhvən də görülsə, ehtiyat-vacibə görə, namaz pozulur. Amma əgər üz sağ və ya sol tərəflərə cüzi miqdarda döndərilsə, namaz pozulmur.
Məsələ 326. Namazda bilərəkdən danışmaq, hətta bir söz belə demək, namazı pozur.
Məsələ 327. Öskürən, asqıran və ya boğazı arıtlayan zaman insandan xaric olan səslər, hətta müəyyən hərflər yaratsa belə, namazı pozmur.
Məsələ 328. Əgər bir şəxs bir zikri zikr məqsədilə desə, məsələn, “Əllahu əkbər” desə və bunu deyərkən başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün səsini yüksəltsə, bu hərəkətin iradı yoxdur. Amma əgər başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün bir zikr desə, hətta zikr deməyi də nəzərdə tutmuş olsa belə, onun namazı pozulur.
Məsələ 329. Namaz qılmaqda olan şəxs başqa bir şəxsə salam verməməlidir. Amma əgər başqa bir şəxs ona salam verərsə, salamın cavabını verməlidir. Salamın cavabını verərkən “Salam” sözü əvvəldə işlənməlidir. Məsələn, “Səlamun ələykum” və ya “Əssəlamu ələykum” deməlidir. “Ələykumus-səlam” deyə bilməz.
Məsələ 330. Əgər bir şəxs bir dəstə insana salam deyərək “Əssəlamu ələykum cəmiən” desə və onlardan biri namazda olsa, başqa bir şəxs salamın cavabını verdiyi təqdirdə namaz qılan şəxs salamın cavabını verməməlidir.
Məsələ 331. Muməyyiz uşağın (yəni həddi-büluğa çatmayan, eyni zamanda yaxşı və pisi ayırd edən uşağın) salamının cavabını vermək, eynilə həddi-büluğa çatan şəxsin salamının cavabını vermək kimi vacibdir.
Məsələ 332. Salamın cavabı dərhal verilməlidir. Əgər bir şəxs hansısa bir səbəbə görə salamın cavabını verməyi yubatsa, belə ki, verilən cavab həmin salamın cavabı hesab olunmasa, bu şəxs namaz halında olduğu təqdirdə daha salamın cavabını verməməlidir. Qeyri-namaz halında olduqda da salamın cavabını vermək vacib deyildir. Həmçinin salamın cavabını çox yubadıb-yubatmadığına şəkk etdikdə, hökm eynidir. Əgər bir şəxs salamın cavabını verməyi bilərəkdən yubadarsa, günah etmişdir.
Məsələ 333. Əgər bir şəxs namaz qılmaqda olan bir şəxsə salam verərkən “Səlamun ələykum” ifadəsini deyil, sadəcə “Salam” ifadəsini istifadə edərsə, buna ürfdə (camaatın baxışında) salamlaşmaq deyildiyi təqdirdə bu salamın cavabını vermək vacibdir. Ehtiyat-vacibə görə, bir qədər əvvəlki məsələdə qeyd edilən şəkildə salamın cavabı verilməlidir.
Məsələ 334. Bilərəkdən ucadan gülmək (qəhqəhə ilə gülmək) namazı pozur. Amma səhvən gülmək və ya səssiz gülmək namazı pozmur.
Məsələ 335. Əgər bir şəxs namaz əsnasında gülməyinin qarşısını ala bilməsə və daxildə güldüyünə görə üzü qızarsa və ya bədəni titrəsə, namazın surəti aradan getmədiyi təqdirdə namaz düzgündür.
Məsələ 336. Dünya işləri üçün bilərəkdən səsli ağlamaq namazı pozur. Amma Allah qorxusundan ağlamaq və ya axirət işləri üçün ağlamağın iradı yoxdur, hətta ən yaxşı əməllərdən hesab olunur.
Məsələ 337. Namazın surətini aradan aparan işləri görmək, məsələn, əl çalmaq və ya atılıb-düşmək, istər bilərəkdən olsun, istərsə də səhvən olsun, namazı pozur.
Məsələ 338. Əgər bir şəxs namaz əsnasında başqa bir şəxsə hansısa məsələni anlatmaq üçün və ya onun sualına cavab olaraq əlini, ya gözlərini və ya qaşlarını cüzi miqdarda hərəkət etdirsə, bu hərəkət bədənin hərəkətsizliyinə xələl gətirmədiyi və ya namazın surətini aradan aparmadığı təqdirdə, namaz pozulmur.
Məsələ 339. Namazda gözləri yummağın maneəsi yoxdur və namazı pozmur, baxmayaraq ki, rükudan qeyri halda gözləri yummaq məkruhdur.
Məsələ 340. Qunutdan sonra əlləri üzə çəkmək məkruhdur, amma bu iş namazı pozmur.
Məsələ 341. Namazda yemək və içmək, istər az olsun, istərsə də çox olsun, namazı pozur. Amma ağızda qalan yemək qırıntılarını udmaq, yaxud ağızda qalan cüzi miqdarda qənd və şəkəri sovurmaq namazı pozmur. Həmçinin namazda səhvən və ya unutqanlıq üzündən nə isə yemək və içmək namazın surətini aradan aparmadığı təqdirdə namazı pozmur.
Məsələ 342. Əgər bir şəxs namazın hansısa bir rüknünü bilərəkdən və ya səhvən azaldıb-artırsa, yaxud namazın qeyri-rükn olan vacib bir əməlini bilərəkdən azaldıb-artırsa, onun namazı pozulur.
Məsələ 343. “Həmd”dən sonra “Amin” ifadəsini deməyə icazə verilmir və bu ifadəni demək namazı pozur. Amma əgər təqiyyə məqsədilə deyilərsə, iradı yoxdur. Əlləri bədənin önündə bir-birinin üstünə qoyub bağlamağa gəlincə, əgər bu əməl namazın tərkib hissəsi niyyətilə yerinə yetirilərsə, namazı pozur. Ehtiyat-vacibə görə, hətta bu niyyət olmadan belə, bu əməl yerinə yetirilməsin.
Məsələ 344. Üzrsüz yerə vacib namazı kəsmək olmaz.
Məsələ 345. Əgər qorunması vacib olan canı və ya malı qorumaq namazı kəsmədən mümkün olmazsa, namazı kəsmək lazımdır. Ümumiyyətlə, canı və ya malı hədələyən ciddi təhlükələrin qarşısını almaq üçün namazı pozmağa icazə verilir.
- Namazın şəkləri
- Səhv-səcdəsi
- Səhvən danışmaq
Səhvən danışmaq
Məsələ 390. Əgər bir şəxs namaz əsnasında istəmədən və ya namazı bitirdiyini düşünərək danışsa, iki səhv-səcdəsi yerinə yetirməlidir.
Məsələ 391. “Ah” çəkərkən və ya öskürərkən yaranan söz üçün səhv-səcdəsi yerinə yetirmək vacib olmur. Amma əgər bir şəxs istəmədən belə, “ax” və “ah” sözünü desə, səhv-səcdəsi yerinə yetirməlidir.
Məsələ 392. Əgər bir şəxs namazın sözünü səhv tələffüz etsə və sonra onu yenidən düzgün şəkildə tələffüz etsə, bu sözü yenidən dediyinə görə səhv-səcdəsi etmək vacib olmur.
Məsələ 393. Əgər bir şəxs namazda səhvən bir neçə söz desə, amma bu, bir dəfə danışmaq hesab olunsa, iki səhv-səcdəsi yerinə yetirmək kifayət edir.
- Yersiz salam demək
Yersiz salam demək
Məsələ 394. Əgər bir şəxs namazın salamını deməməli olduğu yerdə “Əssəlamu ələyna və əla ibadillahis-salihin” və ya “Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu” desə, ehtiyat-vacibə görə, iki səhv-səcdəsi yerinə yetirməlidir. Amma əgər səhvən salamın bir hissəsini desə, ehtiyat-müstəhəbə görə, iki səhv-səcdəsi yerinə yetirsin.
Məsələ 395. Əgər bir şəxs namazın salamını deməməli olduğu yerdə səhvən hər üç salamı desə, iki səhv-səcdəsi yerinə yetirməsi kifayət edir.
- Unudulan səcdə və ya təşəhhüd
Unudulan səcdə və ya təşəhhüd
Məsələ 396. Əgər bir şəxs bir səcdəni və ya təşəhhüdü unutsa və növbəti rəkətin rükusuna getməmişdən qabaq bunu xatırlasa, o, dərhal əyləşməli və səcdəni və ya təşəhhüdü yerinə yetirməlidir.
Məsələ 397. Əgər bir şəxs bir səcdəni və ya təşəhhüdü unutsa və növbəti rəkətin rükusunda və ya rükudan sonra bunu xatırlasa, namazın salamını dedikdən sonra səcdənin qəzasını və ehtiyat-vacibə görə, təşəhhüdün qəzasını yerinə yetirməlidir. Daha sonra təşəhhüd üçün iki səhv-səcdəsi və ehtiyat-vacibə görə, səcdəyə görə iki səhv-səcdəsi yerinə yetirməlidir.
- Səhv-səcdəsinin qaydası
Səhv-səcdəsinin qaydası
Məsələ 398. Səhv-səcdəsinin qaydası belədir:
Namazın salamını dedikdən sonra dərhal səhv-səcdəsi niyyətilə alını “üzərinə səcdə etməyin düzgün olduğu şey”ə qoyursan və ehtiyata görə, bu zikri deyirsən: “Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuhu”. Sonra səcdədən qalxır və yenidən səcdəyə gedib həmin zikri deyirsən. İkinci səcdədən qalxdıqdan sonra təşəhhüdü və salamı deyirsən.
- Səhv-səcdəsinin hökmləri
Səhv-səcdəsinin hökmləri
Məsələ 399. Əgər bir şəxs səhv-səcdəsini namazdan sonra bilərəkdən yerinə yetirməsə, günah etmişdir və vaxt itirmədən onu yerinə yetirməlidir. Əgər səhvən yerinə yetirməsə, xatırladığı vaxt dərhal onu yerinə yetirməlidir. Amma hər iki halda, namazı yenidən qılmaq lazım deyildir.
-
- Unudulan səcdə və ya təşəhhüdün qəzası
Unudulan səcdə və ya təşəhhüdün qəzası
Məsələ 400. Əgər namazın rükn olmayan vacib bir əməli səhvən yerinə yetirilməsə, namaz pozulmur və onun qəzasını yerinə yetirmək də lazım deyildir. Amma əgər səcdə və ehtiyat-vacibə görə, təşəhhüd səhvən yerinə yetirilməsə, namazdan sonra onların qəzası yerinə yetirilməlidir.
Məsələ 401. Əgər bir şəxs bir səcdəni səhvən yerinə yetirməsə və növbəti rəkətin rükusunda və ya rükudan sonra bunu xatırlasa, namazdan sonra səcdənin qəzasını yerinə yetirməlidir.
Məsələ 402. Əgər bir şəxs təşəhhüdü deməyi unutsa və növbəti rəkətin rükusunda və ya rükudan sonra bunu xatırlasa, onun namazı pozulmur. Amma ehtiyat-vacibə görə, namazın salamını dedikdən sonra təşəhhüdün qəzasını yerinə yetirməlidir.
Məsələ 403. Namazdan sonra səcdə və təşəhhüdün qəzasını yerinə yetirərkən namazın bütün şərtlərinə, o cümlədən bədən və paltarın pak olması, üzü qibləyə olmaq və s. riayət olunmalıdır.
Məsələ 404. Təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra daha salam demək lazım deyildir. Həmçinin səcdənin qəzasını yerinə yetirdikdən sonra təşəhhüdü və salamı demək lazım deyildir.
Məsələ 405. Əgər bir şəxs namazın salamını dedikdən sonra və səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməmişdən qabaq namazı pozan bir iş görsə, məsələn, üzünü qiblədən çevirsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirməlidir və onun namazı düzgündür.
Məsələ 406. Əgər bir şəxs səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməlidirsə, eyni zamanda ona başqa bir əmələ görə səhv-səcdəsi etmək də vacib olubsa, namazdan sonra əvvəlcə səcdənin və ya təşəhhüdün qəzasını yerinə yetirməli, daha sonra səhv-səcdələrini yerinə yetirməlidir.
- Müsafir namazı
- Qəza namazı
Qəza namazı
Məsələ 627. Əgər bir şəxs vacib gündəlik namazı öz vaxtında bilərəkdən, ya unudaraq, ya da bilmədən qılmasa, yaxud da namaz vaxtı keçdikdən sonra namazın düzgün olmadığını başa düşsə, bu namazın qəzasını qılmalıdır.
Məsələ 628. Əgər bir şəxs gündəlik namazlardan qeyri vacib bir namazı, məsələn, ayat namazını öz vaxtında qılmasa, onun qəzasını qılmalıdır.
Məsələ 629. Namazın qəzasını qılmaq o halda vacib olur ki, namazı qılmadığına və ya namazın düzgün olmadığına mükəlləfin yəqinliyi vardır. Amma əgər mükəlləf namazı qılmadığına və ya namazın düzgün olmadığına şəkk və ya güman etsə, namazın qəzasını qılmaq vacib deyildir.
Məsələ 630. Əgər mükəlləf namaz vaxtı ərzində huşsuz vəziyyətdə olsa, namazın qəzasını qılmaq ona vacib olmur. Amma əgər o, ixtiyari şəkildə huşsuz vəziyyətə düşsə, ehtiyat-vacibə görə, namazın qəzasını qılmalıdır.
Məsələ 631. İslam dinini qəbul edən qeyri-müsəlman şəxsə müsəlman olmamışdan qabaq qılmadığı namazların qəzasını qılmaq vacib deyildir. Amma əgər mürtəd şəxs (yəni İslam dinindən dönən şəxs) tövbə etdikdən sonra mürtədlik dövründə qılmadığı namazların qəzasını qılmalıdır.
Məsələ 632. Qadın hansı namazların vaxtında (namazın bütün vaxtı ərzində) heyzli və ya nifaslı olubsa, bu namazların qəzası yoxdur.
Məsələ 633. Boynunda qəza namazı olan şəxsə qəza namazlarını dərhal qılmaq vacib deyildir. Amma söz yox ki, qəza namazlarını qılmaqda səhlənkarlıq etməməlidir.
Məsələ 634. Əgər bir şəxs hökmü tətbiq etmədiyinə və ya hökmü bilmədiyinə görə namazı təharətsiz, yəni dəstəmazsız və ya qüslsüz qılsa, məsələn, bir şəxs cənabətli olduğunu bilməyib qüslsüz namaz qılsa, yaxud düzgün olmayan dəstəmaz və ya qüsl ilə namaz qılsa, bu namazın qəzasını qılmalıdır.
Məsələ 635. Vacib namaz hansı şəkildə qəzaya gedibsə, onun qəzası o şəkildə qılınmalıdır. Deməli, əgər bir şəxs namazı dördrəkətli olaraq qılmalıdırsa və o, namazı qəzaya veribsə, bu namazın qəzasını (hətta səfərdə qılsa belə) dördrəkətli olaraq qılmalıdır. Yaxud əgər səfərdə ikən dördrəkətli namazı qəzaya gedibsə, bu namazın qəzasını qəsr olaraq qılmalıdır, baxmayaraq ki, namazın qəzasını səfərdə qılmır.
Məsələ 636. Vacib namazın qəzasını günün istənilən vaxtında qılmaq olar. Yəni sübh namazının qəzasını sübh namazının vaxtında və ya zöhr namazının qəzasını zöhr namazının vaxtında qılmaq lazım deyildir.
Məsələ 637. Qəza namazında meyar namaz vaxtının axırıdır. Deməli, əgər bir şəxs qəzaya verdiyi namazın vaxtının axırında müsafir olubsa, namazın qəzasını qəsr olaraq qılmalıdır, baxmayaraq ki, namaz vaxtının əvvəlində o öz vətənində olubdur. Əgər bir şəxs namaz vaxtının axırında müsafir olmayıbsa, namazın qəzasını tam olaraq qılmalıdır, baxmayaraq ki, namaz vaxtının əvvəlində müsafir olubdur.
Məsələ 638. Qəza namazını qılarkən namazların ardıcıllığına riayət etmək lazım deyildir. Amma eyni günün zöhr və əsr namazlarının qəzasını, həmçinin məğrib və işa namazlarının qəzasını qılmaq istədikdə namazların ardıcıllığına riayət olunmalıdır.
Məsələ 639. Əgər bir şəxs öz qəza namazlarının sayını bilmirsə, qəza etdiyini yəqinliklə bildiyi namazların qəzasını qılmaqla kifayətlənə bilər.
Məsələ 640. Boynunda qəza namazı olan şəxs əda namazı qıla bilər. Amma əgər onun bir qəza namazı varsa – xüsusilə də qəza namazı həmin günə aiddirsə – ehtiyat-vacibə görə, əvvəlcə qəza namazını qılmalıdır.
Məsələ 641. Boynunda qəza namazı olan şəxs nafilə namazları və müstəhəb namazlar qıla bilər.
Məsələ 642. Gündəlik namazların nafiləsinin qəzasını qılmaq müstəhəbdir.
- Əcir namazı
Əcir namazı
Məsələ 643. Əgər dünyasını dəyişən bir şəxsin boynunda namaz, oruc və bu kimi ibadətlərin qəzası qalıbsa, mərhumun əvəzinə bu ibadətlərin qəzasını yerinə yetirmək üçün bir şəxsi əcir tutmaq (yəni ücrət verib bu ibadətləri yerinə yetizdirmək) olar. Həmçinin kim istəsə mərhumun əvəzinə bu ibadətlərin qəzasını ücrətsiz[1] yerinə yetirə bilər və bu halda mərhumun boynundan bu ibadətlər götürülür.
Məsələ 644. Mərhumun əvəzinə ücrətlə qılınan namaz əcir namazı adlanır.
Məsələ 645. Əgər mərhum qəza namazlarının qılınması üçün əcir tutulmasını vəsiyyət edibsə, onun irsinin üçdə biri bu iş üçün sərf edilməlidir. Əgər irsin üçdə birindən çox vəsait tələb olunarsa, bunun üçün varislərdən icazə alınmalıdır.
Məsələ 646. Mərhumun qəza namazlarını qılmaq üçün əcir tutulan şəxsin namazı qılarkən mərhumun xüsusiyyətlərini vurğulaması vacib deyildir. Əksinə, əgər ümumi şəkildə mərhumu müəyyən etsə, kifayət edir. Məsələn, əgər bir şəxs iki nəfərin qəza namazını qılmaq üçün əcir olubsa, birinci əcir olduğu mərhumun qəza namazını qıldığını niyyət etsə, bu, kifayət edir.
Məsələ 647. Əgər əcir namazı üçün xüsusi bir şərt qoyulmayıbsa (məsələn, namazın camaatla qılınması və ya məsciddə qılınması şərt qoyulmayıbsa), əcir şəxsə yalnız namazın vacib əməllərini yerinə yetirərək onu qılmaq vacibdir.
Məsələ 648. Mərhumun qəza namazlarını qılmaq üçün mərhumla eynicinsli olmaq şərt deyildir. Yəni kişi qadının qəza namazlarını və qadın kişinin qəza namazlarını qıla bilər, istər əcir olsun, istərsə də ücrətsiz qılsın.
Məsələ 649. Namazın ucadan və ya astadan qılınmasında isə əcir olan şəxs öz şəri vəzifəsinə əməl etməlidir. Deməli, əgər kişi qadının qəza namazlarını qılmaq üçün əcir olubsa, o, sübh, məğrib və işa namazlarının “Həmd” və “Surə”sini ucadan oxumalıdır.
Məsələ 650. Mərhumun qəza namazlarını qılmaq üçün əcir olan şəxs aşağıdakı şərtlərə malik olmalıdır:
1- Namazın hökmlərini düzgün bilməlidir, istər özü müctəhid olsun, istərsə də bir müctəhidə təqlid etsin;
2- Namazı düzgün qılacağına dair ona etibar edilsin;
3- Hansısa bir üzrü olmasın, məsələn, əyləşən halda namaz qılan şəxs mərhumun qəza namazlarını qılmaq üçün əcir ola bilməz.
- Ata və ananın qəza namazları
Ata və ananın qəza namazları
Məsələ 651. Atanın və ehtiyat-vacibə görə, ananın qəza namazlarını qılmaq böyük oğula vacibdir.
Məsələ 652. Əgər ata və ya ana əsla namaz qılmayıbsa, ehtiyat-vacibə görə, onların qəza namazlarını qılmaq böyük oğula vacibdir.
Məsələ 653. “Böyük oğul” dedikdə, ata və ana vəfat edərkən ailənin həyatda olan böyük oğlu (istər həddi-büluğa çatmış olsun, istərsə də çatmamış olsun) nəzərdə tutulur.
Məsələ 654. Əgər mərhumun böyük övladı qız və ikinci övladı oğlandırsa, ata və ananın qəza namazları ailənin ikinci övladı olan böyük oğula vacibdir.
Məsələ 655. Əgər böyük oğul deyil, başqa bir şəxs ata və ananın qəza namazlarını qılsa, bu namazlar böyük oğulun öhdəsindən götürülür.
Məsələ 656. Ata və ananın qılmadığını yəqinliklə bildiyi namazların qəzasını qılmaq böyük oğula vacibdir. Əgər o, ata və anasının qəza namazı olub-olmadığını dəqiq bilmirsə, onun üzərinə heç bir vəzifə düşmür. Bu barədə araşdırma aparmaq da lazım deyildir.
Məsələ 657. Böyük oğul mümkün olan hər hansı bir şəkildə ata və ananın qəza namazlarını qılmalıdır. Əgər o, ata və ananın qəza namazlarını qılmaqda acizdirsə, bu halda onun üzərinə heç bir vəzifə düşmür.
Məsələ 658. Əgər bir şəxsin özünün qəza namazı varsa, həmçinin ata və anasının da qəza namazı onun öhdəsindədirsə, hansını istəsə qabağa sala və birinci qıla bilər.
Məsələ 659. Əgər ata və ana vəfat etdikdən sonra böyük oğul dünyasını dəyişsə, ailənin digər övladlarına ata və ananın qəza namazlarını qılmaq vacib olmur.
- Ayat namazı
- Fitr və Qurban bayramı namazı
Fitr və Qurban bayramı namazı
Məsələ 681. Məsumun (ə) dövründə Fitr və Qurban bayramı namazları vacibdir və camaatla qılınmalıdır. İndiki dövrdə isə (böyük qeyb dövrü olduğuna görə) bu bayram namazlarını qılmaq müstəhəbdir.
Məsələ 682. Fitr və Qurban bayramı namazının vaxtı bayram günü Günəş doğandan zöhrədəkdir.
Məsələ 683. Qurban bayramı namazını Günəş üfüqdən qalxdıqdan sonra qılmaq müstəhəbdir. Amma Fitr bayramında Günəş üfüqdən qalxdıqdan sonra əvvəlcə yemək yemək və fitrə zəkatını vermək, daha sonra bayram namazını qılmaq müstəhəbdir.
Məsələ 684. Fitr və Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə “Həmd” və “Surə”dən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir. İkinci rəkətdə isə “Həmd” və “Surə”dən sonra dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir və səcdələrdən sonra təşəhhüd və salam deyilərək namaz tamamlanır.
Məsələ 685. Fitr və Qurban bayramı namazında “Həmd” və “Surə”ni ucadan oxumaq müstəhəbdir.
Məsələ 686. Bayram namazında “Həmd”dən sonra xüsusi bir “Surə”nin oxunması qeyd edilməyib. Amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms” surəsi və ikinci rəkətdə “Ğaşiyə” surəsi oxunsun. Yaxud birinci rəkətdə “Ə`la” surəsi və ikinci rəkətdə “Şəms” surəsi oxunsun.
Məsələ 687. Fitr və Qurban bayramı namazının qunutunda istənilən dua və zikr deyilə bilər və kifayət edir. Amma daha yaxşı olar ki, savab əldə etmək ümidilə bu dua oxunsun:
“Əllahummə əhləl-kibriyai vəl-əzəməti, və əhləl-cudi vəl-cəbəruti, və əhləl-əfvi vər-rəhməti, və əhlət-təqva vəl-məğfirəti. Əs`əlukə bi-həqqi hazəl-yəvmi, əlləzi cəəltəhu lil-musliminə i͠dən, və li-Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və Alə-Muhəmmədin, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və Alə-Muhəmmədin, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun, və əuzu bikə mimma istəazə minhu ibadukəl-muxləsun.”
Məsələ 688. Bayram namazının qunutunda uzun və ya qısa dua oxumağın maneəsi yoxdur. Amma qunutların sayını azaldıb-artırmağa icazə verilmir.
Məsələ 689. Əgər bir şəxs bayram namazının təkbirləri və ya qunutlarının sayında şəkk etsə, təkbir və ya qunutun yeri keçmədiyi təqdirdə, az sayı götürməlidir. Amma əgər sonradan məlum olsa ki, onu deyibdir, iradı yoxdur.
Məsələ 690. Əgər bir şəxs bayram namazında “qiraət”i (“Həmd” və “Surə”ni oxumağı), ya təkbirləri və ya qunutları deməyi unutsa, namaz düzgündür. Amma əgər rükunu, ya iki səcdəni və ya təkbirətul-ehramı unutsa, namaz düzgün deyildir.
Məsələ 691. Fitr və Qurban bayramı namazının qəzası yoxdur.
- Camaat namazı
- Cümə namazı
-
- ORUC