Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
      Çap versiyası  ;  PDF
       
      Namazı pozan işlər

       

      Məsələ 322. Namazı pozan işlər aşağıdakılardır:
      1- Namazda riayət edilməsi vacib olan şərtlərdən birinin aradan getməsi;
      2- Dəstəmaz və ya qüslün pozulması;
      3- Qiblədən dönmək;
      4- Danışmaq;
      5- Gülmək;
      6- Ağlamaq;
      7- Namazın surətinin aradan getməsi;
      8- Yemək və içmək;
      9- Namazı pozan şəklər[1];
      10- Namazın “rükn”lərini azaldıb-artırmaq;
      11- “Həmd”dən sonra “Amin” ifadəsini demək;
      12- Əlləri bədənin önündə bir-birinin üstünə qoyub bağlamaq (təkəttuf).

      Məsələ 323. Əgər namaz əsnasında namazda riayət edilməsi vacib olan şərtlərdən biri aradan getsə, məsələn, bir şəxs namaz əsnasında namaz qıldığı məkanın qəsbi olduğunu başa düşsə, onun namazı pozulur və namaz düzgün deyildir.
      Məsələ 324. Əgər namaz əsnasında dəstəmazı və ya qüslü və ya təyəmmümü pozan bir iş baş versə, məsələn, bir şəxs namaz qıldığı halda yatsa, yaxud ondan sidik və bu kimi bir şey xaric olsa, namaz pozulur.
      Məsələ 325. Əgər üz və ya bədən qiblədən bilərəkdən döndərilsə, belə ki, sağ və ya sol tərəfləri asanlıqla görmək mümkün olsa, namaz pozulur. Əgər bu iş səhvən də görülsə, ehtiyat-vacibə görə, namaz pozulur. Amma əgər üz sağ və ya sol tərəflərə cüzi miqdarda döndərilsə, namaz pozulmur.
      Məsələ 326. Namazda bilərəkdən danışmaq, hətta bir söz belə demək, namazı pozur.
      Məsələ 327. Öskürən, asqıran və ya boğazı arıtlayan zaman insandan xaric olan səslər, hətta müəyyən hərflər yaratsa belə, namazı pozmur.
      Məsələ 328. Əgər bir şəxs bir zikri zikr məqsədilə desə, məsələn, “Əllahu əkbər” desə və bunu deyərkən başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün səsini yüksəltsə, bu hərəkətin iradı yoxdur. Amma əgər başqa bir şəxsə hansısa bir məsələni başa salmaq üçün bir zikr desə, hətta zikr deməyi də nəzərdə tutmuş olsa belə, onun namazı pozulur.
      Məsələ 329. Namaz qılmaqda olan şəxs başqa bir şəxsə salam verməməlidir. Amma əgər başqa bir şəxs ona salam verərsə, salamın cavabını verməlidir. Salamın cavabını verərkən “Salam” sözü əvvəldə işlənməlidir. Məsələn, “Səlamun ələykum” və ya “Əssəlamu ələykum” deməlidir. “Ələykumus-səlam” deyə bilməz.
      Məsələ 330. Əgər bir şəxs bir dəstə insana salam deyərək “Əssəlamu ələykum cəmiən” desə və onlardan biri namazda olsa, başqa bir şəxs salamın cavabını verdiyi təqdirdə namaz qılan şəxs salamın cavabını verməməlidir.
      Məsələ 331. Muməyyiz uşağın (yəni həddi-büluğa çatmayan, eyni zamanda yaxşı və pisi ayırd edən uşağın) salamının cavabını vermək, eynilə həddi-büluğa çatan şəxsin salamının cavabını vermək kimi vacibdir.
      Məsələ 332. Salamın cavabı dərhal verilməlidir. Əgər bir şəxs hansısa bir səbəbə görə salamın cavabını verməyi yubatsa, belə ki, verilən cavab həmin salamın cavabı hesab olunmasa, bu şəxs namaz halında olduğu təqdirdə daha salamın cavabını verməməlidir. Qeyri-namaz halında olduqda da salamın cavabını vermək vacib deyildir. Həmçinin salamın cavabını çox yubadıb-yubatmadığına şəkk etdikdə, hökm eynidir. Əgər bir şəxs salamın cavabını verməyi bilərəkdən yubadarsa, günah etmişdir.
      Məsələ 333. Əgər bir şəxs namaz qılmaqda olan bir şəxsə salam verərkən “Səlamun ələykum” ifadəsini deyil, sadəcə “Salam” ifadəsini istifadə edərsə, buna ürfdə (camaatın baxışında) salamlaşmaq deyildiyi təqdirdə bu salamın cavabını vermək vacibdir. Ehtiyat-vacibə görə, bir qədər əvvəlki məsələdə qeyd edilən şəkildə salamın cavabı verilməlidir.
      Məsələ 334. Bilərəkdən ucadan gülmək (qəhqəhə ilə gülmək) namazı pozur. Amma səhvən gülmək və ya səssiz gülmək namazı pozmur.
      Məsələ 335. Əgər bir şəxs namaz əsnasında gülməyinin qarşısını ala bilməsə və daxildə güldüyünə görə üzü qızarsa və ya bədəni titrəsə, namazın surəti aradan getmədiyi təqdirdə namaz düzgündür.
      Məsələ 336. Dünya işləri üçün bilərəkdən səsli ağlamaq namazı pozur. Amma Allah qorxusundan ağlamaq və ya axirət işləri üçün ağlamağın iradı yoxdur, hətta ən yaxşı əməllərdən hesab olunur.
      Məsələ 337. Namazın surətini aradan aparan işləri görmək, məsələn, əl çalmaq və ya atılıb-düşmək, istər bilərəkdən olsun, istərsə də səhvən olsun, namazı pozur.
      Məsələ 338. Əgər bir şəxs namaz əsnasında başqa bir şəxsə hansısa məsələni anlatmaq üçün və ya onun sualına cavab olaraq əlini, ya gözlərini və ya qaşlarını cüzi miqdarda hərəkət etdirsə, bu hərəkət bədənin hərəkətsizliyinə xələl gətirmədiyi və ya namazın surətini aradan aparmadığı təqdirdə, namaz pozulmur.
      Məsələ 339. Namazda gözləri yummağın maneəsi yoxdur və namazı pozmur, baxmayaraq ki, rükudan qeyri halda gözləri yummaq məkruhdur.
      Məsələ 340. Qunutdan sonra əlləri üzə çəkmək məkruhdur, amma bu iş namazı pozmur.
      Məsələ 341. Namazda yemək və içmək, istər az olsun, istərsə də çox olsun, namazı pozur. Amma ağızda qalan yemək qırıntılarını udmaq, yaxud ağızda qalan cüzi miqdarda qənd və şəkəri sovurmaq namazı pozmur. Həmçinin namazda səhvən və ya unutqanlıq üzündən nə isə yemək və içmək namazın surətini aradan aparmadığı təqdirdə namazı pozmur.
      Məsələ 342. Əgər bir şəxs namazın hansısa bir rüknünü bilərəkdən və ya səhvən azaldıb-artırsa, yaxud namazın qeyri-rükn olan vacib bir əməlini bilərəkdən azaldıb-artırsa, onun namazı pozulur.
      Məsələ 343. “Həmd”dən sonra “Amin” ifadəsini deməyə icazə verilmir və bu ifadəni demək namazı pozur. Amma əgər təqiyyə məqsədilə deyilərsə, iradı yoxdur. Əlləri bədənin önündə bir-birinin üstünə qoyub bağlamağa gəlincə, əgər bu əməl namazın tərkib hissəsi niyyətilə yerinə yetirilərsə, namazı pozur. Ehtiyat-vacibə görə, hətta bu niyyət olmadan belə, bu əməl yerinə yetirilməsin.
      Məsələ 344. Üzrsüz yerə vacib namazı kəsmək olmaz.
      Məsələ 345. Əgər qorunması vacib olan canı və ya malı qorumaq namazı kəsmədən mümkün olmazsa, namazı kəsmək lazımdır. Ümumiyyətlə, canı və ya malı hədələyən ciddi təhlükələrin qarşısını almaq üçün namazı pozmağa icazə verilir.
       

      [1] Bu barədə “Namazın şəkləri” başlığı altında danışılacaq.
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /