Yüklə:
Rəhbərin çağırışı
- İmam Xomeyni (r.ə)
- Həcc
- Fələstin
- İctimai azadlıq
- Qadınlar
- İslam dövlətinin xüsusiyyətləri
- Əməlisaleh
- Vicdanlı təbliğat
Vicdanlı təbliğat
Möhtərəm namizədlər özlərinin seçki platformasını təqdim edərkən vicdanlı olmalıdırlar. Onlar təsdiq və inkar edərkən haqqı, düzgünlüyü rəhbər tutmalıdırlar. Bəzən insan eşitdiyi sözlərin prezidentliyə namizədliyini irəli sürmüş, yaxud belə bir məsuliyyəti boynuna götürməyə meyilli olan bir şəxsin ağzından haqlı, düzgün olaraq çıxdığına heç cür inana bilmir. Bəzən insan qəribə sözlər, inanılmaz ittihamlar eşidir. Belə sözlər camaatı narahat etməklə yanaşı, heç kəsi inandırmır və xalqın onları deyən şəxsə qarşı meyillənməsinə də səbəb olmur! Möhtərəm namizədlər diqqətli olmalıdırlar ki, ictimaiyyətin təfəkkürünə mənfi təsir göstərməsinlər. Ona-buna bu qədər yalanlar isnad etmək reallıqdan uzaq olmaqla yanaşı, həm də insanların təfəkkürünə təxribatçı təsir göstərir. Bütün bunlar reallığın tam əksinədir. Mən özüm ölkədəki vəziyyət barədə həmin cənablardan daha çox və daha yaxşı xəbərdar olduğuma görə bilirəm ki, onların ölkədəki ümumi və iqtisadi vəziyyət barədə tənqid adı altında söylədiklərinin əksəriyyəti həqiqətdən tamamilə uzaqdır. Onlar yanılırlar! İnşallah ki, bu, bir yanlışlıqdır! Ümidvarıq ki, Uca Yaradan bu xalqın taleyinə mükəmməl xeyir, salamatlıq və abadlıq yazmış olsun!
Sənəndəcin “Azadlıq” meydanında Kürdüstan vilayətinin əhalisindən ibarət böyük bir izdihamın qarşısında söylənən bəyanat (22.02. 1388)
- Həqiqi kimlik və əsl ləyaqət
Həqiqi kimlik və əsl ləyaqət
Titullar, adlar, yüksək məqamlar, vəzifə kürsüləri insanın kimliyini müəyyənləşdirmir. Sözün əsl mənasında “həqiqi kimlik və əsl ləyaqət” tamamilə başqa bir şeydir. Eynilə hədis və rəvayətlərdə buyurulduğu kimi:
اشراف امّتى حملة القران و اصحاب اللّيل
“Ən şərəfli, ən ləyaqətli olmaq” anlayışı maddi əsaslar üzərində dayanan quruluşlarda bir, İslam dövlətində isə başqa bir məna kəsb edir. Ən şərəfli, ən ləyaqətli o kəslərdir ki, “əshabul-leyl”dirlər (gecə əhli) ‒ yəni Allah naminə gecələr namaza durur, yaxud gecə vaxtı xalq üçün çətin işlər görürlər. Yaxud ən şərəfli insanlar o kəslərdir ki, Qurani-Kərimin daşıyıcısıdırlar, Quranla ünsiyyətdədirlər, Quranın nuru, Quranın bələdçiliyi ilə hərəkət edirlər. İslam məntiqində, İslamın dəyərlər sistemində “ən şərəfli, ən ləyaqətli” şəxslər pulu, sərvəti, ictimai mövqeyi olanlar deyil.
Ölkə prezidenti və hökumət nümayəndələri ilə görüş (02.06. 1387)
- Xalqa xidmət işində ciddilik və məsuliyyət
- Xalqa xidmət işində ciddilik və məsuliyyət
Xalqa xidmət işində ciddilik və məsuliyyət
Dövlətin xüsusiyyətlərindən biri budur ki, dövlət, həqiqətən də, iş görən bir dövlət olmalıdır. Hərəkət edən, təşəbbüs göstərən bir dövlət olmalıdır. Dövlətin öz işində tükənməz enerjiyə, optimist yanaşmaya malik olması diqqətalayiq bir faktdır. İnsanların yaşadıqları dövlətdə dinamikliyin, optimist əhval-ruhiyyənin, aktiv fəaliyyətin, qətiyyətli addımların varlığını hiss etməsi, yəni bütün bunların tənəzzül edib azalmağa doğru getmədiyinin şahidi olması olduqca dəyərli bir faktdır. İnsanlar yaşadıqları dövlətdə xalqa xidmət işində ciddiyyət və məsuliyyətin olduğunu hiss etməlidirlər. Müxtəlif şəhərlərə səfərlər etmək, kiçik şəhərlərdə olmaq, ölkənin bütün bölgələrini qarış-qarış dolanmaq, ölkənin heç bir məntəqəsinin mütəxəssislərin diqqətindən kənarda qalmaması ‒ bütün bunlar olduqca dəyərli göstəricilərdir. Bu, ən birinci üstün cəhətdir. Bu cəhətin müşahidə olunduğu hər bir toplumda insanlar bu dəyərli xüsusiyyətə qədirbilənliklə yanaşmalı, ona lazımi əhəmiyyət verib uca tutmalı, habelə Allah-Taalanın Uca Yaradanın da belə bir xüsusiyyətə malik olan cəmiyyətə kömək edib savab nəsib edəcəyinə ümidvar və əmin olmalıdırlar.
- Yorulmaq bilmədən xidmət göstərmək
Yorulmaq bilmədən xidmət göstərmək
Dövlət bütün dövrlərdə xalqa məxsusdur. Xalqın arzu və istəklərinin, mövqeyinin göstəricisidir. Hakimiyyətin meyarı yorulmaq bilmədən xalqın xidmətində durmaq, bütün güc və bacarığını ortaya qoymaq, eyni zamanda İslam İnqilabının yüksək amallarının dolğun çalarlarla qabardılmasından ibarətdir. Bunlar bu dövlətin göstəriciləri və meyarlarıdır. Bu dövlətin məramı İslam İnqilabının, əzəmətli imam Xomeyninin (r.ə) irəli sürdüyü şüarlara arxalanaraq bütün gücünü və bacarığını ortaya qoymaqdır! Bütün varlığı ilə çalışmaq, ciddi səy göstərməkdir! İnsanların yaşamındakı düyünləri açmaqdır! Gələcək inkişaf üçün ölkədəki infrastrukturları mümkün qədər tez, yaxşı və hərtərəfli hazırlamaq, həmçinin beynəlxalq arenada milli müstəqilliyə, İran xalqının qürur və heysiyyətinə arxalanmaqdır!
İmam Rzanın (ə) pak hərəmində söylənilmiş bəyanat (01.01.1385)
-
- Şüar və deviz
Şüar və deviz
Dövlətin rəhbər tutduğu şüarlar və devizlər imam Xomeyninin (r.ə) və İslam İnqilabının irəli sürdüyü şüar və devizlərlə üst-üstə düşür. Bu, olduqca dəyərli bir faktdır. Heç kəs bunu göz ardına ala bilməz. İnqilaba qəlbən bağlı olan hər bir kəs bunun qədir-qiymətini bilir. Ölkənin inkişaf və yüksəlişinin İslam İnqilabının bələdçiliyi və inqilabın istiqamətləndirməsi ilə reallaşacağına inananlar bunun qədrini bilməlidirlər. Bu dövlətdə ədalətsevərlik prinsipi irəli çəkilərək qabardılmışdır. “Ədalət” şüarı tam ciddi surətdə hökumət nümayəndələrinin, vəzifəli şəxslərin əhval-ruhiyyəsinə, dövlətin həyata keçirdiyi proqramların mahiyyətinə sirayət etdi.
Ölkə prezidenti və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- Antiimperializm
Antiimperializm
İslam İnqilabının baxış prizmasında özünəməxsus mənası olan “antiimperializm” bu dövlətdə konkretləşdi və individuallıq kəsb etdi. “Antimperializm”in mənası dünya dövlətləri ilə düşmənçilik etmək yox, imperialistlərə, müstəmləkəçilərə qarşı çıxmaqdır. İmperializm hansı dövlətdən, hansı quruluşdan başlanğıc götürməsindən asılı olmayaraq bəşəriyyət üçün bir bəladır. Əlbəttə, bu günümüzdə ABŞ və sionizm imperializmin məskənidir. Lakin dünyanın istənilən yerində başqalarının üzərində hegemonluq iddiası edən hər hansı dövlət, yaxud toplum bəşər cəmiyyətini, insanlığın həyat sistemini böyük bir bəlaya məruz qoymaqdadır. Belə bir situasiyaya qarşı çıxış etmək isə İslam dinində bəyənilən, qəbul olunan bir davranışdır. Xoşbəxtlikdən, bunun özü də bu quruluşun qabarıq olan səciyyəvi xüsusiyyətlərindən biridir.
Ölkə prezidenti və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Milli şərəf və heysiyyəti uca tutmaq
- Düşmənlərin zorakılığı və yersiz tələbkarlığı qarşısında müqavimət göstərmək
Düşmənlərin zorakılığı və yersiz tələbkarlığı qarşısında müqavimət göstərmək
Milli qürurun qorunması prinsipinin özünü büruzə verdiyi məqamlardan biri də atom enerjisi məsələsidir. Atom enerjisi ilə əlaqədar ortalığa çıxmış problem yalnız bundan ibarət deyildi ki, biz həmin texnologiyaya malik olmaq istəyir, başqaları isə buna qarşı çıxırdılar. Bu problemin mahiyyətinin yalnız bir hissəsidir. Problemin digər hissəsi isə bu idi ki, müxtəlif həyasız, təcavüzkar, hegemon və “qoluzorlu” dövlətlər, habelə onların cılız, heç bir qədir-qiyməti olmayan əlaltıları bu işdə zorla öz dediklərini İran xalqına qəbul etdirmək niyyətində idilər. Bəli, İran xalqı, sizin dövlətiniz, şəxsən ölkə prezidentinin özü bu zorakılığın, başqalarının öz iradəsini İran xalqına yeritməsinin və yersiz tələbkarlığın qarşısında qətiyyətlə müqavimət göstərdi. Uca Yaradan da bu işdə irəliləmək üçün sizə kömək oldu. Bunlar bu dövlətin rəhbər tutduğu ümumi devizlərin mənim üçün əhəmiyyətli olan aspektləri və elementləridir.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Sekularizm təmayüllərinin nüfuzunun qarşısını almaq
Sekularizm təmayüllərinin nüfuzunun qarşısını almaq
Bir vaxtlar, təəssüf ki, ölkədə rəhbər vəzifə tutanların əhval-ruhiyyəsinə sirayət etməkdə olan sekularizm təmayüllərinin qarşısı artıq alınmışdır. Dinə, İslama, Qurana əsaslanaraq təşəkkül tapmış və elə həmin səbəbdən də ölkədə milyonların dəstəyini qazanmış inqilabi dövlət quruluşu uğrunda bu xalq can qoyur, cavanlarını təhlükəli meydanlara yola salaraq ölümün ağuşuna atır, elə bu vaxt isə belə bir dövlətin məsul şəxsləri sekularizm anlayışlarından dəm vururlar?! Belə bir məsəl var: “Oturduğun budağı kəsmə”. Yəni bu, birinin öz oturduğu tikilinin bünövrəsini külünglə dağıtmasına bənzəyir. Bu, olduqca təhlükəli bir hal idi. Yaxşı ki, Allaha çox şükürlər olsun, bu cür təmayüllərin qarşısı alındı.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Dəyişikliklər etmək əzmi
Dəyişikliklər etmək əzmi
Dəyişikliklər etmək əzmi; bu, dövlətin mənəvi əhval-ruhiyyəsində dəyişikliklər etməkdə cürətli olmaq və qətiyyətli addımlar atmaq əzmindən ibarətdir. Mən atılan bu addımlardan hamısının yüz faiz düzgün olduğunu demək istəmirəm. Xeyr! Müəyyən məqamlarda yanlışlıqlara yol verilməsi mümkündür. Lakin insanın çətinliklər qarşısında cəsarət hissinə malik olmasının, problemləri aradan qaldırmaq üçün konkret addımlar atmaq qərarına gələ bilməsinin özü də olduqca dəyərli bir amildir ki, xoşbəxtlikdən, bu dövlətdə var.
Fəsada, şərə qarşı çıxmaq cürəti; fəsadla mübarizə aparmaq olduqca çətin bir işdir. Bir zaman mən belə fikir söyləmişdim ki, bu yeddibaşlı fəsad əjdahasını belə asanlıqla qılıncdan keçirmək mümkün olmayacaq. Çox çətin bir işdir! Desəm ki, hazırda o şər əjdaha artıq qılıncdan keçirilib, xeyr, belə deyil! İndi də onun axırına çıxmaq mümkün olmayıb. Lakin artıq onunla mübarizə aparmaq əzmi vardır. Toplumu təşkil edən elementlərin özləri şər və fəsada bulaşmış olmasalar, təbii ki, onlarda cəsarət hissi, mübarizə əzmi daha da çox olar. Bundan əvvəlki toplumların əksəriyyəti də, həqiqətən, saf olmuşlar, yəni fəsada və şərə bulaşmamışlar. İntəhası, şərlə, fəsadla mübarizə aparmaq əzmi çox yüksək, imtiyazlı bir xüsusiyyətdir və həmin xüsusiyyət də sizdə var.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Dünya arenasındakı hegemon qüvvələrə qarşı mübarizədə hücuma keçmək əzmi
Dünya arenasındakı hegemon qüvvələrə qarşı mübarizədə hücuma keçmək əzmi
Dünyadakı “qoluzorlular”la mübarizədə hücum əzmi; ola bilər ki, dünyada hegemonluq edənlər bizi hansısa bir işi görməkdə günahlandırsınlar, biz də öz növbəmizdə and-aman edib bunu təkzib edək. Lakin bəzən həmin hegemon qüvvələrin bizim üstümüzə zorakı şəkildə hücumlar etdiyinin də şahidi ola bilərik. Belə bir situasiyada ən yaxşı müdafiə tədbiri hücuma keçməkdir. Beynəlxalq arenadakı “qoluzorlular”ın saysız-hesabsız zəif nöqtələri var: onlar çoxlu cinayətlər, fitnə-fəsad törədir, insan haqlarını tapdalayır, xalqların hüquqlarına təcavüz edir, insanları ayaqları altına salıb əzir ‒ bir sözlə, bütün çirkin işləri görürlər. Axı belələrinin hamıdan nə isə bir umacağı var! Biz heç də beynəlxalq siyasi hücumların qarşısında cavab axtarmalı deyilik. Bir vaxt ‒ əvvəlki illərdə mənə tez-tez belə bir sual verirdilər: “Siz filan sözün cavabında nə deyə bilərsiniz?” Mən deyirdim: “Biz heç bir sözü cavablandırmaq niyyətində deyilik. Biz konkret məsələlərdə iddialıyıq və öz iddiamızı irəli sürürük. Qadınlarla bağlı məsələdə iddialıyıq; insan haqları məsələsində iddialıyıq; təməl insan hüquqları məsələsində iddialıyıq. Biz bütün bu məsələlərlə bağlı öz fikrimizi, öz mövqeyimizi iddia edirik. Biz cavabdeh qismində çıxış etmirik. Nə üçün onlar suallar verərək kimi isə həmin sualları cavablandırmaq məcburiyyəti qarşısında qoymalıdırlar? Onların suallar verərək öz iddialarını irəli sürməsi yersizdir. Məhz belə bir əhval-ruhiyyədə olmaq çox yaxşıdır. İnqilabi əhval-ruhiyyə məhz budur! Həqiqəti aşkara çıxarıb aydınlaşdıran da, bax budur!”
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Xalqa yaxın olmaq əhval-ruhiyyəsi
Xalqa yaxın olmaq əhval-ruhiyyəsi
Dövlətin xalqa, torpağa bağlılıq əhval-ruhiyyəsində olması da çox dəyərli bir amildir. Bunun qədrini bilin! Sizin malik olduğunuz imtiyaz zahiri şəxsiyyətinizdən, görkəminizdən və qiyafənizdən asılı deyil. Sizin imtiyazınız budur ki, özünüzü xalqla eyni səviyyədə tutasınız, camaatın arasında onlar kimi olasınız, xalqla əlaqə saxlayıb ünsiyyət qurasınız, onların dərdini eşidəsiniz. Bu, böyük bir imtiyazdır... Onu qoruyub saxlayın!
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Sadə həyat tərzi keçirmək
- Qanunlara riayət etmək
Qanunlara riayət etmək
Qanunlara riayət etmək də meyarlardan biridir. Qanunlara böyük əhəmiyyət verin! Qanun konstitusiyaya müvafiq surətdə hazırlandıqdan sonra təsdiq olunaraq qüvvəyə minir. Məclis, dövlət, yaxud başqaları tərəfindən görülən konkret tədbirlər ‒ Məclisdə irəli sürülən və ya dövlətin təqdim etdiyi layihələr, yaxud müxtəlif sahələrdə çıxarılan qərarlar nəticəsində həmin qanunda dəyişikliklər edilə bilər. Qanun nöqsanlı, zəif, yaxud yanlışdırsa, başqa bir qanunla əvəz oluna bilər. Lakin o vaxta qədər ki, qanun qanun kimi qüvvədədir, ona əməl olunması və əhəmiyyət verilməsi vacibdir. Mən bunu təkidlə vurğulayıram. Müxtəlif sferalarda da vəziyyət eynilə bu cürdür. Mümkündür ki, siz hansısa bir məsələyə hüquqi cəhətdən düzgün etaplarla baxılmadığını, yaxud bu işin İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığını düşünəsiniz. Məclis tərəfindən konstitusiyaya müvafiq surətdə qəbul olunmuş qanun dövlətə təqdim olunandan sonra İcra Hakimiyyəti onu qanun kimi tanımalıdır. Deməli, əgər qanunda hər hansı zəif məqamlar, yaxud digər bir çatışmazlıq varsa, bunu aradan qaldırmaq üçün istər Məclisin özündə, istərsə də Nəzarət Şurasında və bu qəbildən olan instansiyalarda digər amillər mövcuddur. Qanuna lazımi səviyyədə əhəmiyyət verin!
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02. 06. 1387)
- Tabeçiliyində olan kollektivə nəzarət
Tabeçiliyində olan kollektivə nəzarət
Tabeçiliyində olan kollektivə nəzarət etmək də olduqca mühümdür. Mən təkid və israrla qeyd etmək istəyirəm ki, sizlər, əziz dostlar ‒ öhdəsinə böyük məsuliyyət düşən yüksək rəhbər işçilər rəhbərlik etdiyiniz orqanlarda çalışan kollektivə nəzarət işinə olduqca böyük əhəmiyyət verəsiniz. Sizin öz səlahiyyət dairənizdəki kollektivin işinə olan daim diqqətli, tələbkar, tükü-tükdən seçən nəzarətiniz görülən işin düzgün istiqamətdə getməsinə və inkişafa zəmanət verə bilər. Siz öz işinizdə azacıq səhlənkarlıq göstərib, hansısa sahəni diqqətdən kənarda saxlasanız, həmin sahədə intizamsızlıq, özbaşınalıq əmələ gələ bilər. İnsanların çalışdığı kollektiv avtomatik çalışan hansısa bir dəzgah deyil ki, bircə düyməyə basmaqla öz-özünə işə başlasın. İnsan kollektivi dürüst və yanlış olan müxtəlif niyyətlərin, fikirlərin, rəylərin, zövqlərin və nəfsani istəklərin toplumudur. Beləliklə, siz düşünüb-daşınaraq nəyi isə qərara aldıqda və öz rəhbərlik etdiyiniz orqanda həmin qərarı icra etmək fikrinə gəldikdə, ola bilər ki, sizin qərarınızın qarşısında hansısa məqamda həmin növbənöv istək, fikir, zövq və niyyətlərdən ibarət olan maneələr əngəl olsun. Bu eynilə qarşısına böyük bir daş çıxan axar suya bənzəyir. Zəif bir su şırımı kiçik bir daşla da üzləşdikdə geri qayıdır. Beləliklə, işinizdə qarşılaşdığınız həmin maneəni aradan qaldırmalısınız. Bu isə yalnız ciddi nəzarətlə mümkündür. Nəzarət olduqca mühümdür.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- Digər hakimiyyət orqanları ilə əməkdaşlıq
Digər hakimiyyət orqanları ilə əməkdaşlıq
Tövsiyələrimdən biri də digər iki hakimiyyət orqanı ilə əməkdaşlıq etməkdir. Məclis və Məhkəmə Hakimiyyəti ilə əməkdaşlıq etmək lazımlı bir işdir. Bunu hökmən nəzərdən qaçırmamaq lazımdır. Əlbəttə, bu yolda xoşagəlməzliklər və problemlər ola bilər. Lakin bunların hamısına dözmək lazımdır. Bu, daha yaxşıdır.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- Hakimiyyət nümayəndələrinin görkəmli şəxslər və ziyalılarla həmkarlıq etməsi
Hakimiyyət nümayəndələrinin görkəmli şəxslər və ziyalılarla həmkarlıq etməsi
Əhəmiyyətli olan digər bir məsələ hökumət nümayəndələrinin görkəmli şəxslər və ziyalılarla – hətta müxalif cinahda və mövqedə olsalar belə – qarşılıqlı əməkdaşlıq etməsidir. Onlarla da əməkdaşlıq etmək vacibdir. Cəmiyyətdəki görkəmli şəxsiyyətləri qətiyyən diqqətdən kənarda saxlamaq olmaz. Mən bu fikirdəyəm ki, imam Əli (ə) da buyurduğu kimi, görkəmli şəxsiyyətlərlə adi camaatın istəkləri ziddiyyətli olduqda adi camaatın fikrini əsas götürmək lazımdır. Bu məsələyə Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı məşhur məktubundakı məşhur fərmanında rast gəlinir. Lakin həmişə bu cür olmur. Bəzən qabaqcıl, görkəmli şəxslər elə islahatçı fikirlər irəli sürürlər ki, onlardan mütləq istifadə olunmalıdır. Yəni necə deyərlər: “El bir olsa, dağ oynadar yerindən”. Həqiqətdə də, elə bu cürdür. Bütün mövcud qüvvələrdən, ideyalardan və səylərdən səmərəli istifadə olunmalıdır.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- Mədəniyyətə diqqət göstərmək
Mədəniyyətə diqqət göstərmək
Daha bir önəmli və olduqca mühüm olan məsələ məhz mədəniyyət məsələsidir. Razıyam, şübhəsiz ki, müəyyən işlər görülmüşdür. Verilən hesabatlarda buna işarə olundu. Mən özüm də bu sahədə görülən bir çox tədbirlərdən şəxsən xəbərdaram. Lakin buna baxmayaraq mədəniyyət mühüm bir problem olaraq qalır. Dəfələrlə qeyd etdiyimiz kimi, bu, insanın tənəffüs etdiyi havaya bənzəyir. Böyüklər, kiçiklər, aşağı, yaxud yuxarı ‒ müxtəlif təbəqələrin nümayəndələri, vəzifəli, yaxud vəzifəsi olmayan şəxslər ‒ hamı eyni hava ilə nəfəs alır. Bu havanı, bu atmosferi hər cür çirkinliklərdən təmizləməyə çalışın ki, hamı sağlam atmosferdə tənəffüs edə bilsin.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- Tənqidlərə qarşı diqqətli olmaq
Tənqidlərə qarşı diqqətli olmaq
Tənqidlərə qarşı da diqqətli olun. “Tənqid” anlayışı “təxribat” anlayışından tamamilə fərqlidir. Təəssüflər olsun ki, çoxları təxribat aparmaqla məşğul olur, adını isə “tənqid” qoyurlar. Həqiqi tənqid budur ki, kimsə xeyirxah məqsədlə görülən bir işin müsbət tərəflərinə diqqət yetirir və nöqsanlı tərəflərini də qeyd edir. Belə şəxslərin sözünü canla-başla eşitməyə çalışın. Demirəm ki, onların bütün dediklərini qəbul etməlisiniz. Ola bilər ki, tənqidçi səhvə yol vermiş olsun. Lakin sizi tənqid edənləri dinləyin ki, onların, həqiqətən də, haqlı olduğu məqamlar diqqətinizdən yayınmasın. Bütün bunlar mənim əvvəllər də dəfələrlə qeyd etdiyim məsələlərdir. Bu gün də mən onları təkidlə nəzərinizə çatdırıram. Bunlardan bəzilərinə kifayət qədər diqqət yetirilib, bəzilərinə də daha artıq diqqət yetirilməsi olduqca vacibdır.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
- “Tərəqqi və ədalət” şüarı
“Tərəqqi və ədalət” şüarı
Qarşıdan gələn onillik bizim üçün “tərəqqi və ədalət” onilliyidir. Bu iki şüar gələcək onilliyin şüarlarıdır: tərəqqi və ədalət. Bu, o demək deyil ki, indiyə qədər biz inkişaf etməmişik, yaxud indiyə kimi ədalətə tamamilə etinasız yanaşılmışdır. Xeyr! Bizim əsl məramımız budur ki, bu onillikdə sıçrayışlı, hərtərəfli bir tərəqqi, geniş, çoxcəhətli bir ədalət meydana gəlsin. Xoşbəxtlikdən, bunun üçün artıq lazımi zəmin hazırlanmışdır. Bu onillikdə ölkədə məsul vəzifələrdə çalışanların devizi mütləq “tərəqqi və yüksəliş” olmalıdır, “tərəqqi və ədalət” olmalıdır.
Şübhəsiz, aydındır ki, mənəviyyat və rasional yanaşma olmadan ədalətin gerçəkləşməsi qeyri-mümkündür. Mən bunu əvvəllər də qeyd etmişəm. Mənəviyyatın olmadığı yerdə ədalət riyakarlığa (gözdən pərdə asmağa) çevrilir. Məntiqi yanaşma olmadan ədalət qətiyyən gerçəkləşə bilməz və həqiqi ədalətin yerini insanın ədalət hesab etdiyi yanlış bir şey tutar. Buna görə də mənəviyyat və məntiqi yanaşma ədalətin gerçəkləşməsi üçün zəruri şərtdir.
Lakin ədalətin olmadığı yerdə tərəqqi və yüksəlişin heç bir mənası yoxdur. Tərəqqi olmadan isə ədalət özünün həqiqi mənasını kəsb edə bilməz. Həm tərəqqi, həm də ədalətin olması olduqca vacibdir. Əgəs özünüz başqalarına nümunə olmaq, bu ölkənin də müsəlman ölkələri üçün nümunə olmasını istəyirsinizsə, sizin əsl deviziniz, hamının uğrunda çalışdığı ali hədəf məhz bu olmalıdır.
Ölkə başçısı və hökumət nümayəndələri ilə görüş (02.06.1387)
Ədalətə söykənmək hər bir İlahi işin ən əsas və fundamental prinsipi, bütün peyğəmbərlərin, tarix boyu gəlib-getmiş bütün əzəmətli, saleh insanların öz missiyasını davam etdirməsinin zəruri amilidir. Əlbəttə, ədalətin düşmənləri çox olur. Çörəyi ədalətsizlikdən çıxanların hamısı ədalətə düşmən kəsilmişlər. İstər milli, istərsə də beynəlxalq arenada qarnını quldurluq və zorakılıqla doyuranlar ədalətə müxalifdirlər. Ədalət İslam İnqilabının, İslam Respublikası dövlət quruluşunun əsas şüarı və ən böyük hədəfi olmuşdur, hal-hazırda da belədir!Bəziləri “hiddət, hirslilik, qeyzlilik” damğası vuraraq ədaləti ittiham etmək istəyirlər. Ədalət hiddət və qeyzlilik yox, haqqı tələb etməkdir. Xalqın nümayəndələrinin hüquqlarına diqqət yönəltməkdir. Ayrı-seçkiliyin qarşısını almaqdır. Məzlumların hüquqlarına təcavüzün yaranmasına mane olmaqdır. Hər hansı bir ölkədə bir çox insanlar tapılar ki, əgər hüquq-mühafizə orqanları onların imdadına çatmasa, cürbəcür çaxnaşma dalğaları arasında ayaqlar altında tapdanıb qalarlar. “Ədalət” prinsipi üzərində qurulmuş bir dövlətin vəzifəsi yoxsul təbəqəyə xüsusi diqqət göstərməkdir. Ədaləti hiddət və qeyzlə eyniləşdirmək, rasional intellektual metodların əleyhinə olan bir prinsip kimi qavramaq lazım deyil. Rasional metodlardan, məqsədəuyğun tədbirlərdən istifadə etməklə cəmiyyətdə ədaləti bərqərar etmək mümkündür.
Ölkə prezidentinin inauqurasiya mərasimi (12.05.1384)
Dövlətin şüarlarından biri ədalətdir. Şübhəsiz ki, ədalət İslam İnqilabının mehvəri idi. Buna heç bir şəkk-şübhə yoxdur. Heç bir dövlət hakimiyyətə gələn kimi açıq-aşkar “Mən ədalətlə rəftar etmək fikrində deyiləm” – deyə elan etmir. Lakin mən onlara yeni bir iş gördükləri üçün öz təşəkkürümü bidirməliyəm. Onlar “ədalətsevərlik” prinsipini bir şüar kimi ortaya qoydular. Bu, həddən artıq böyük bir iş idi. O, öz seçki kampaniyalarını həyata keçirdikdə mən öz ailə üzvlərimə deyirdim ki, səs toplamasa belə “ədalət” şüarını irəli sürməsi ilə İslam İnqilabı üçün böyük xidmət göstərmiş oldu. O, heç bir vəchlə “ədalət” prinsipinə, “ədalət” şüarına etinasızlığın cəmiyyətdə adi bir hala çevrilməsinə imkan vermədi. Bu şüar irəli sürüldü və zehinləri özünə cəlb etdi. Xoşbəxtlikdən, xalq da bunu anladı, bəyəndi, sevdi və səs verdi. Bu, çox mühüm bir işdir. Buna görə də bu dövlətin təməlində “ədalət” prinsipinin durması olduqca böyük bir məna kəsb edən önəmli bir faktdır. Bu şüarın dövlətin hərəkət strategiyası kimi irəli sürülməsi yeni bir işdir. Bunun özü bir dəyişiklikdir. Bu şüara lazımi əhəmiyyət verərək daim ona sədaqətli olun!
Ölkə prezidenti və nazirlərlə görüş (08.06.1384)
- Prinsipial dövlət
- Çoxsaylı problemləri olan ucqar məntəqələrə yardım
- İslami dəyərlərə qəlbən bağlı olmaq
İslami dəyərlərə qəlbən bağlı olmaq
Xoşbəxtlikdən, hakimiyyətdə də xalqyönlü və dini dəyərlərə qiymət verən bir dövlət aparatıdır. Şəxsən respublika prezidenti xalqa yaxın davranış və xarakteri, sadə, dəb-dəbəsiz həyat tərzi, İslami dəyərlərə mükəmməl bağlılığı, cəsarət və özünəinamla iş başındadır. Ayrı-ayrı hökumət nümayəndələri və ölkə prezidentinin özü “xalqa xidmət” şüarını rəhbər tutaraq gərgin fəaliyyət göstərməkdədirlər, həm ölkə, həm də beynəlxalq miqyasda qətiyyətli addımlar atmaqda təşəbbüsü öz əllərinə almışlar. Bu gün beynəlxalq arenadakı vəziyyət artıq başqa cürdür və ölkəmizin rəsmiləri beynəlxalq siyasətçilərin, siyasi ssenaristlərin sözlərinin arxasınca qaçmaq məcburiyyətində deyillər. Xeyr! Qətiyyətli addımlar atmaq üçün təşəbbüs artıq bizim ölkə rəsmilərimizin öz əlindədir. Hökumət nümayəndələrinin özünəinamının, imanının və Allaha arxalanmasının özünəməxsus təsiri var və bu gün, Allaha şükürlər olsun ki, bu, bizim ölkəmizdə müşahidə olunur. Respublika prezidenti işgüzar, təşəbbüskar, xalqa ləyaqətlə xidmət edən, qətiyyətli addımlar atmağı bacaran, yorulmaq bilməyən bir insandır. Məhz bu, ölkəmizin gələcək perspektivlərini daha da artırır. Bu gün ölkəmizdəki siyasi vəziyyət bu cürdür: mövcud dövlət quruluşu sabit, xalqımız imanlıdır, gənclərimiz ölkədədi ictimai-siyasi vəziyyətlə yaxından maraqlanır, hadisələrdə böyük enerji və həyəcanla yaxından iştirak edirlər. Həmçinin hakimiyyət nümayəndələri və məsul şəxslər də öz işinə can yandıraraq böyük maraq göstərirlər, cəsarətlidirlər və qətiyyətli addımlar atmaq iqtidarındadırlar. Dövlətin müxtəlif meyarları sırasında hər yerdə inkişaf və yüksəlişin müşahidə olunması da nəzərdə tutulur.
Gərmsar əhalisi ilə görüşdə söylənilmiş bəyanat(21.08.1385) - Sözün əsl mənasında gərgin əmək və səy göstərmək
Sözün əsl mənasında gərgin əmək və səy göstərmək
Hakimiyyət nümayəndələri, sözün həqiqi mənasında, gecə-gündüz fədakarlıqla səy göstərir, müxtəlif proqramlar hazırlayır, daim lazımi tədbirlər görərək dövlətin və xalqın amalları uğrunda çalışırlar. Belə bir neməti tanımaq və qədrini bilmək lazımdır!
Xubriqan Məclisinin IV etapında xalqın seçilmiş nümayəndələri ilə görüş (03.12.1385)
- Dini rəhbər tutaraq mövqe seçmək və inqilabi dəyərləri uca tutmaq
Dini rəhbər tutaraq mövqe seçmək və inqilabi dəyərləri uca tutmaq
Mən dövləti dəstəkləyirəm. Mən xalqın seçərək hakimiyyətə gətirdiyi bütün hökumətləri dəstəkləmişəm, bundan sonra da bu cür olacaq! Bu hökuməti də xüsusilə dəstəkləyir və müdafiə edirəm. Bu, heç də boş-boşuna, səbəbsiz və əsassız deyil. Əvvəla, İslam Respublikası quruluşunda və ölkəmizin siyasi quruluşunda dövlətin mövqeyi olduqca mühümdür. İkincisi, məsuliyyətin böyük bir qismi məhz dövlətin öhdəsinə düşür. Daha sonra isə dövlətin bu şəkildə dini rəhbər tutaraq mövqe seçməsi, İslami və İnqilabi dəyərləri bu qədər uca tutması olduqca qiymətlidir. İşgüzarlıq, zəhmətkeşlik, xalqla yaxından əlaqə yaratmaq, vilayətlərə səfərlərin təşkil olunması, ədaləti və xalqın maraqlarını əsas götürmək ‒ bütün bunlar çox dəyərlidir və mən bu faktorların qədrini yaxşı bilirəm. Mən məhz bu amillərə görə dövləti dəstəkləyirəm.
İmam Rzanın (ə) pak hərəminin zəvvarları və yaxınlıqda yaşayan əhali ilə izdihamlı görüş (01.01.1386)
- Ən çox sevilən dövlət
Ən çox sevilən dövlət
Mən ABŞ rəsmilərinə, bu gün Amerikanın administrasiyasını öz əlinə almış və dünyaya ağalıq iddiası edən o komandaya üzümü tutaraq bir-iki söz demək istəyirəm. Kaş ki, onlar məni eşidə, dediklərim barədə düşünə və dərk edəydilər! Mən onlara müraciət edərək belə deyirəm: “Siz özünüzü bizim dövlətimizlə müqayisə edin! Öz ölkə prezidentinizlə bizim prezidentimiz arasında müqayisə aparın! Sizin dövlət administrasiyanız hal-hazırda Birləşmiş Ştatların tarixində ölkədə ən çox nifrət qazanmış bir administrasiyadır. Bu fakt elə ABŞ-ın özündə aparılan sosial sorğular nəticəsində bütün dünyaya elan olunub. Bu gün ABŞ-da hakimiyyətdə olan dövlət administrasiyası xalqın gözündə Birləşmiş Ştatların tarixində hakimiyyətdə olmuş bütün digər hökumətlər içərisində ən mənfur sayılan bir administrasiyadır. Siz bu faktı bizim dövlətimizlə müqayisə edin! Bu gün bizim dövlətimiz isə məşrutə (konstitusiyalı dövlət quruluşu) dövründən sonra bu günə qədər 100 il müddətində ən çox sevilən dövlət administrasiyalarından biridir”.
Həzrət imam Xomeyninin (r.ə) vəfatının 17-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdəki bəyanat (14.03.1385)
- İqtisadi sferada müsbət istiqamətli işlərin görülməsi
İqtisadi sferada müsbət istiqamətli işlərin görülməsi
Digər bir mühüm məqam isə iqtisadi sferada görülmüş müsbət istiqamətli işlərdir. İqtisadi istiqamətlərin tədbirlərin mahiyyətini və faydalarını camaat üçün düzgün formada aydınlaşdırın ki, həmin işlərin, həqiqətən də, görüldüyü məlum olsun. Əlbəttə, biz dəfələrlə qeyd etmişik ki, kamera arxasına, mikrofonların önünə keçərək çıxış etmək kifayət deyil. Konkret məsələlərin şərh edilməsi üçün onların xalqa planlı şəkildə və mütəxəssis təqdimatında çatdırılmasına böyük ehtiyac var.
Ölkə prezidenti və hökumət nümayəndələri ilə görüş (06.06.1385)
-