İctimai azadlıq
Mehriban və bağışlayan Allahın adı ilə
Mənim üçün bu gün çox əlamətdar bir gündür. Əlbəttə ki, əvvəllər ‒ prezident olduğum dövrdə mən bu universitetdə dəfələrlə olmuşam. Lakin, zənnimcə, bugünkü görüş özünün bəzi xüsusiyyətlərinə görə mənim zehnimdə daha da unudulmaz və xoş təəssüratlarla dolu olan bir görüş kimi qalacaq. İki-üç ay bundan əvvəl sizin belə bir görüş keçirmək istədiyinizi mənə xəbər verdilər. Çox güman ki, universitetinizin rektoru görüşün tarixini dəqiqləşdirmək üçün mənim ismarış göndərəcəyimi, yaxud dostların mənimlə görüşüb vədələşəcəyini gözləyirdi. Mən elə həmin vaxtdan sizinlə görüşə gəlməyi, bu universitetin bir neçə illik fəaliyyətinin məhsulunu öz gözlərimlə görməyi qərara aldım.
Bu universitetin bünövrəsi böyük ümidlərlə qoyulmuşdur. Şübhəsiz ki, ölkədəki ali təhsil ocaqlarının hamısının İslam İnqilabının, mövcud dövlət quruluşunun, eləcə də ölkədə elm və mədəniyyət cərəyanının inkişaf etməsində fövqəl dərəcədə böyük rolu var. Lakin bu universitet inqilabın təsis etdiyi bir universitetdir. Onun təsis olunmasında məqsəd İslam İnqilabının əli ilə ölkənin bütün ali təhsil müəssisələri üçün elmi kadrların və müəllimlərin yetişdirilməsi idi. Hal-hazırda ‒ Allaha şükürlər olsun ki, ölkədəki ali təhsil ocaqlarında İslam İnqilabının yetişdirməsi olan imanlı gənclərin çox olduğu bir dövrdə bu sözlər bəziləri üçün o qədər də böyük əhəmiyyət kəsb etməyə bilər. Lakin 60-cı illərin əvvəlində bu sözlər həddindən artıq önəmli idi.
O zaman bəzi ali məktəb müəllimləri inqilabla həmkarlıq etməmək üçün universitetlərdə işləməməyi üstün tutur, bəziləri ölkədən xaricə gedir, bəziləri isə tələbələrin dəfələrlə bizə şikayət etdiyi kimi, gördükləri işə qətiyyən can yandırmırdılar. Əlbəttə ki, imanla və pak niyyətlə ali təhsil ocaqlarında xidmət edənlər də az deyildi. Belə bir dövrdə ölkədəki universitetlərin fəaliyyətini genişləndirmək üçün vahid bir strategiyaya ehtiyac var idi. Həmin vahid strategiya isə bu universitetin yaradılması oldu. Allaha şükürlər olsun ki, bu gün mən bu universitetin kişili-qadınlı minlərlə məzunu və yetişdirməsi olduğunun şahidiyəm. Bu isə bizim üçün çox əhəmiyyətli bir fakt, unudulmaz və şirin xatirə, əsaslı təcrübədir.
Əziz bacı və qardaşlarım! Mən bu mövzuda bircə cümləni də sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün ali təhsil ocaqlarındakı ziyalı gənc nəsil xüsusi məsuliyyət daşıyır. Bu gün sizin ölkəniz, sizin inqilabınız və sizin iftixar doğuran, İslami əsaslara söykənən dövlət quruluşunuz elə bir həssas dövrünü yaşayır ki, rəy və analitik düşüncə sahibi olan bütün insanlar bu quruluşun, onun ideologiyalarının daha da məhsuldar olması üçün idarəedici orqanlarla səylərini cəmləşdirməli və həmkarlıq etməlidirlər. Biz çox çətin mərhələləri artıq arxada qoymuşuq. Müharibənin getdiyi dövrdə də, həmçinin müharibədən sonrakı mərhələdə də çoxlu problemlərlə və çətinliklərlə üzləşmişik.
Artıq bu gün elə bir dövr gəlib çatmışdır ki, biz bilik və elm sahəsində yüksək intellekt, gərgin əmək nümayiş etdirməklə ölkəmizin uzunmüddətli diktatura ağalığı dövründə düçar olduğu geriliyi aradan qaldırmalıyıq. O dövrdə istedadların çiçəklənməsinə heç vəchlə imkan verilmir, bu millətin həqiqi simasının ortaya çıxması üçün şərait yaradılmırdı. Müxtəlif sənaye məhsullarını ölkəyə idxal etməklə həm Qərbin elm və sənayesinin inkişafına nail olur, həm də ölkəni Qərbdən asılı vəziyyətdə saxlayırdılar. Habelə, mədəni-intellektual məhsullar da ölkəyə xaricdən gətirilirdi. Onların ilk növbədə həyata keçirdikləri plan bu ölkənin savadlı təbəqəsində öz varlığına, öz mədəniyyətinə, öz adət-ənənəsinə, öz biliyinə, İran xalqında olan parlaq və tükənməz istedada inam hissini boğmaq oldu. Bu özünəgüvənc hissinin yoxluğu uzun illər boyu öz acı nəticələrini verdi. Həmin məfkurənin ‒ iranlının təhqiri ideyasının bu ölkəyə gətirildiyi və xalqın seçilmiş təbəqəsinin varlığının dərinliklərinə qədər nüfuz etdiyi gündən Qərbin bu planın ilk nübarını daddığı günə qədər, əlbəttə ki, uzun illər ötdü. Lakin son nəticədə onlar istədiklərinə nail oldular və bunun bariz nümunəsi ölkəmizdə müşahidə etdiyiniz həmin bu gerilikdir. Bu qədər insan potensialına, bu qədər maddi resurslara, malik olduğumuz əlverişli coğrafi mövqeyimizə, parlaq tarixi keçmişimizə və nəhəng elmi-mədəni irsimizə rəğmən bizim hazırkı vəziyyətimiz lazımi səviyyədən kifayət qədər aşağıdır. Elm və texnika meydanında müxtəlif elmi nailiyyətlər əldə etməli olduğumuz bir vaxtda biz çox geridə qalmışıq.
Ölkəmizin tarixini, coğrafiyasını, ədəbiyyatını başqa xalqlar bizim özümüzdən daha çox tədqiq etmişlər. Hələ ki, İran xalqının parlaq istedadı mövcud geriliyin əmələ gətirdiyi boşluğu doldurmağa müvəffəq olmamışdır. Şübhəsiz ki, İslam İnqilabının qələbə çaldığı gündən indiyə qədər inanılmaz bir dönüş, möcüzə baş vermişdir ki, məhz həmin möcüzə sayəsində xalqımızın psixologiyasında “özünəinam” hissi formalaşmışdır. Xalqın təhtəlşüurunda yerləşdirilmiş əvvəlki həqarət və cılızlıq hissi isə artıq yoxa çıxmışdır. Lakin irəlidə görüləsi işlər hələ çoxdur.
İslam İnqilabının ilk illərində, xüsusilə də 8 illik məcburi müharibə dövründə problemlərimiz həddən artıq çox idi. Bu gün sizin öhdənizə düşən ən mühüm vəzifə budur ki, çalışıb-vuruşasınız və bütün səylərinizi cəmləşdirərək İslamın nüfuzunu qaldırmağa, İslam Respublikası olan İranın müstəqilliyini qoruyub-saxlamağa nail olasınız. Həmçinin ölkəmizin azadlığını və müstəqilliyini hər cəhətdən təmin edəsiniz. Əlbəttə ki, azad və müstəqil olmaq ölkənin xaricə çıxış sərhədlərini bağlamaq mənasına gəlmir. Şübhəsiz ki, bu ağlabatan iş deyil və heç kəs belə bir təkliflə çıxış etmir. Tarix boyu bəşər övladları bir-biri ilə əlaqələr yaratmış, bundan faydalanmışlar. Lakin iki bərabərhüquqlu, bərabərsəlahiyyətli və bərabərsəviyyəli varlığın özünün intelektual və maddi mülkiyyətini bir-biri ilə paylaşması, mübadilə etməsi birinin digərinin qapısında əl açıb təhqir olunaraq ondan pay gözləməsindən tamamilə fərqlidir. Ölkəmizdə həmin bu hal inqilabdan əvvəlki dövrə qədər bu və ya digər dərəcədə müşahidə olunub.
Sizlər ölkəmizi inkişaf baxımından tələb olunan səviyyəyə çatdırmalısınız. Bu, ölkənin savadlı, ziyalı gənc nəslinin üzərinə düşən böyük bir məsuliyyətdir. Zənnimcə, bu baxımdan sizlərin ‒ bu universitetdə təhsil alan bacı və qardaşlarımızın çiyinlərinə düşən yük daha ağırdır. İnşallah, gələcəkdə siz öhdənizə düşən vəzifəni yerinə yetirməkdə günü-gündən daha artıq müvəffəqiyyət qazanacaqsınız.
Bu gün mənim məqsədim, əlbəttə ki, sizinlə görüşmək və ünsiyyətdə olmaq idi. Bugünkü görüşümüzdə mən hökmən konkret bir mövzu barədə söhbət etmək niyyətində deyildim. Sizin suallarınızı dinləyib cavablandırmaq və sizlərlə ünsiyyətdə olmaq mənim üçün çox xoş olardı. Lakin müəyyən məqamlar vardır ki, ölkənin hazırkı vəziyyətində onları sizin üçün şərh etməyin faydalı ola biləcəyini düşündüm. İndi həmin mövzularda apardığım qeydlər əsasında qısaca icmal şəklində sizinlə söhbət etmək istəyirəm.
“Azadlıq” məsələsi ilə bağlı iki mühüm məqamı qeyd etmək yerinə düşər. Hal-hazırda “azadlıq” mövzusunun ölkə mətbuatında, analitik düşüncə və rəy sahibi olan şəxslər arasında geniş yayılması təqdirəlayiq bir faktdır. İslam İnqilabının ortaya qoyduğu əsas və prinsipial məsələlərin müzakirə obyektinə çevrilməsi, ayrı-ayrı şəxslərin həmin məsələlər barədə öz rəyini bildirməsi bizim üçün daim gözlənilən bir şey olmuşdur. Digər müxtəlif məsələlər ətrafında da bu cür təhlillər az-çox aparılmışdır. Hal-hazırda da bu məsələ gündəmdədir. Mən də mətbuatda yazılanları, səslənən müxtəlif fikirləri mümkün qədər izləməyə çalışır, özlüyümdə onları araşdırır və hətta bəzən onlardan istifadə də edirəm. Ortaya qoyulan rəylər və fikirlər çoxcəhətlidir, yəni hamı eyni istiqamətdə düşünüb yazmır. Bir-birinə müxalif olan tərəflərin hər ikisinin sözündə düzgün və haqlı olduğu məqamlar müşahidə olunur. Polemikaların davam etdirilməsi müsbət bir haldır. Mən istərdim ki, bizim analitiklərimiz prinsipial məsələləri mətbuat tribunasında şərh və təhlil etməyə təşviq olunsunlar, mətbuatımızı məhdud əhatəli mövzuların çərçivəsindən çıxararaq düşündürücü və istiqamətləndirici mövzulara doğru yönəltsinlər. Biz daim tövsiyə edirik ki, İslam İnqilabının cəmiyyətimizə gətirdiyi mədəniyyəti möhkəmləndirmək lazımdır. Bunun əsasında isə həmin məsələlər durur.
Mənim “azadlıq” məsələsi barədə qeyd etmək istədiyim iki əsas məqamdan biri budur ki, biz digər bir şüarımız olan “istiqlal” şüarını həyata keçirməliyik. Başqa sözlə desək, müstəqil surətdə düşünməliyik, şüurumuzu hər cür təqlidçilikdən və asılılıqdan qorumalıyıq. İnkişafımızın əsasında duran bu məqamda başqalarını təqlid edib hadisələrə yalnız Qərbin təfəkkür tərzini bizə təlqin edən prizmalardan baxsaq, böyük bir səhvə yol vermiş olarıq və gələcəkdə bunun acı nəticələri ilə üzləşərik.
Əvvəldə qeyd etdim ki, “azadlıq” mövzusu Qurani-Kərimdə və məsum imamlarımızın (ə) kəlamlarında dəfələrlə və təkidlə toxunulan bir mövzudur. Şübhəsiz ki, biz “mütləq azadlıq” barədə danışmırıq. Dünyanın heç bir yerində “mütləq azadlıq” ideyasının tərəfdarı yoxdur. Mənim fikrimcə, dünyada “mütləq azadlıq” ideyasının carçısı olan bir şəxs belə tapılmaz. Bizim məqsədimiz İslam dinində, xüsusilə də İslam irfanının ən ali mərhələlərində şərh edilən “mənəvi azadlıq” anlayışı da deyil. Bu, bizim söhbətimizin mövzusu deyil. “Mənəvi azadlıq” mənəviyyata etiqadı olan bütün insanların qəbul etdiyi bir məfhumdur. Onu nə rədd etmək, nə də məcburi surətdə kiməsə qəbul etdirmək qeyri-mümkündür. Bizim burada bəhs etdiyimiz “azadlıq” məhz “ictimai azadlıq”dır. Biz bir insanın real hüquqları olan fikir, söz, seçim və digər bu kimi azadlıqlarından danışırıq. Həmin bu mövzu İslam dininin müqəddəs kitabında, İslam Peyğəmbərinin (s) və məsum imamların (ə) ənənəsində və buyurduqları kəlamlarda yüksək qiymətləndirilmiş, təqdirə layiq görülmüşdür.
الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالإنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأغْلالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ أُولَئِكَ هُمُ الْمُفْلِحُونَ
“O kəslər ki əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)”. (“Əraf” surəsi, ayə 157)
Allah-Taala bu ayədə buyurur ki, Peyğəmbərə (s) xas olan xüsusiyyətlərdən biri də insanları onların azadlığını məhdudlaşdıran buxovlardan, إِصْر [əsr], yəni “əsarət zəncirləri”ndən, yəni məcburi surətdə onların üzərinə qoyulmuş öhdəçiliklərdən azad etməkdir. Bu, çox maraqlı və geniş bir anlayışdır. O dövrdə cəmiyyətə hakim olan dini və ümumilikdə sosial mühiti nəzərə alsaq, görərik ki, həmin “əsarət zəncirləri”, insanların zorla boynuna qoyulmuş müxtəlif öhdəliklər, sazişlər bir sıra batil, xurafat mahiyyətli inanclardan, mütləqiyyət, eyni zamanda qaydaları təhrif edərək xalqın avamlığından istifadə edən şəxslər tərəfindən insanlara yük edilmiş yanlış sosial qanunlardan qaynaqlanır. Hamıya məlumdur ki, elə ayədə keçən الأغْلال [əğlal] sözünün mənası da “buxovlar” və “zəncirlər” deməkdir.
Əmirəl-möminin Əli (ə) haqqında olan “Ədalətin səsi” adlı məşhur kitabın müəllifi Corc Cordaq həmin əsərdə Həzrət Əlinin (ə) və ikinci xəlifə Ömərin dediyi iki cümlə arasında müqayisə aparır. Xəlifə Ömərin hakimiyyəti dövründə bir gün vilayət hakimlərindən bir neçəsi onun hüzurunda durmuşdular. Həmin şəxslərdən şikayət daxil olduğuna görə xəlifə onlara qarşı çox qəzəbli idi. O, üzünü həmin valilərə tutaraq belə bir yaddaqalan cümlə deyir:
استعبدتم النّاس و قد خلقهم الله احرارا؟
“Siz insanları qul etmisiniz, halbuki, Allah onları azad yaratmışdır”.
Həzrət Əli (ə) isə başqa bir cümlə deyir ki, həmin fikir “Nəhcül-Bəlağə”də də öz əksini tapmışdır. Əli (ə) buyurmuşdur:
لاتکن عبد غيرک وقد خلقک الله حراً
“Özündən başqasına qul olub, ona boyun əymə. Allah səni azad xəlq etmişdir”.
Corc Cordaq həmin cümlələri bir-biri ilə müqayisə edir və Əmirəl-mömininin (ə) dediyi fikri Ömərin dediyindən qat-qat üstün hesab edir. Çünki Ömər sözünü elə şəxslərə deyirdi ki, onlar azadlıq və hürriyyətə heç bir zəmanət vermirdilər, onların özləri Ömərin:
استعبدتم النّاس
“İnsanları özünüzə qul etmisiniz, indi isə onları azad buraxın”
– deyə irad tutduğu kəslər idilər. Burada biz xəlifə Ömərin konkret müraciət tərzini, danışıq metodunu müşahidə edirik. Digər bir metod isə budur ki, Əmirəl-möminin (ə) həmin insanların özlərinə müraciət edir və əslində, dediyi sözün icrasına zəmanəti elə sözün öz həqiqi mənasında qoyur:
الله حراً لاتکن عبد غيرک وقد خلقک
“Özündən başqasına qul olma, Tanrı səni azad yaratmışdır”.
Bu kəlamların hər ikisində “azadlıq” məfhumuna xas olan iki xüsusiyyətə rast gəlinir. Şübhəsiz ki, Həzrət Əlinin (ə) kəlamı daşıdığı mənanın icrasına zəmanət verdiyi üçün daha üstündür. Qeyd etdiyim xüsusiyyətlərdən biri budur ki, “azadlıq” insan fitrətinin bir parçasıdır (الله حراً وقد خلقک ). Mən bu gün Qərb təfəkkür tərzi ilə İslami təfəkkür tərzini müqayisə edib “azadlıq” məfhumunun insan təbiətinə, insan fitrətinə xas bir cəhət olduğunu qeyd etmək istəyirəm.
Əlbəttə ki, bu gün həmin mövzuda tam təfsilatı ilə danışmaq fikrində deyiləm. “Azadlıq” məfhumu barədə qeyd olunası bir çox vacib məqamlar da vardır ki, Allahın köməkliyi ilə mən başqa bir vaxt, başqa bir görüşümüzdə, İnşallah, bu mövzuda daha ətraflı danışaram. İndi isə iki mühüm nöqtəni qeyd etmək istəyirəm ki, bunlardan biri elə həmin “azadlıq” mövzusu barədə azad və müstəqil surətdə düşünmək, fikir yürütməkdir.
Baxın, müasir dünyanın siyasi terminologiyasında işləndiyi mənada “ictimai azadlıq” prinsipinin kökləri müqəddəs Qurani-Kərimə gedib çıxır və XVIII əsr Avropa liberalizmi dövrünə qayıdıb Kantın, Jan Stüart Milin və yaxud başqalarının bu barədə irəli sürdüyü fikirləri araşdırmağa heç bir lüzum yoxdur. Bizim öz sözümüz və öz məntiqimiz var. Mən qətiyyətlə deyərdim ki, yuxarıda adlarını çəkdiyim insanların dedikləri fikirlər müəyyən dəlillərə əsasən bu mövzuda bizə bələdçilik edə bilməz. Bilin ki, “azadlıq” kateqoriyası birmənalı şəkildə İslam dininə məxsusdur! Əlbəttə ki, zənnimcə, “azadlıq” məfhumunun İslam dininə, müsəlman ümmətinə aid edilməsinin, özümüzünküləşdirilməsinin əleyhinə çıxan və bu işdə bir-biri ilə həmkarlıq edən iki insan qrupu mövcuddur:
Bunlardan biri daim sonuncu iki-üç yüzillik ərzində Qərb fəlsəfəsində “azadlıq” kateqoriyası haqqında irəli sürülən fikirləri misal gətirən, “Filankəs bu cür demişdir”, yaxud “Filankəs bu cür yazmışdır” – deyə təkrar edən şəxslərdir. Şübhəsiz ki, konkret filosofların və fəlsəfi cərəyanların adını çəkib onlardan nümunə gətirən insanlar nəcib və alicənab insanlardır. Lakin mətbuatda çıxış edən bəzi “filosoflar” da var ki, Jan Stüart Milin, yaxud başqa bir fransız, alman və ya amerikalı filosofun irəli sürdüyü fikri yazır, əsil müəllifin adını isə qeyd etmir, bununla da başqalarının dediyi sözləri öz adlarına çıxarırlar! Belələri fırıldaqçılıq və plagiatla məşğul olmaqla yanaşı, həm də “azadlıq” məfhumunun, “ictimai azadlıq” kateqoriyasının Qərbə məxsus bir prinsip – Qərbin bizə olan bir “hədiyyəsi” fikrini formalaşdırırlar!
Həmin insanlara özləri də bilmədən dəstək olan digər qrup insanlar isə “azadlıq” məfhumunun adı çəkilən kimi qorxu və dəhşət hissi keçirməyə başlayan, “Amandır, din əldən getdi!” – deyə fəryad edən kəslərdir. Xeyr! Əsla belə deyil! Din azadlığın ən böyük elçisi və müjdəçisidir! Din nə üçün əldən getməlidir ki?! Sağlam və məntiqli azadlıq dinin bir xalqa və cəmiyyətə verdiyi ən böyük töhfədir. Azadlığın bərəkəti sayəsində düşünən beyinlər inkişaf edir, istedadlar çiçəklənir. İstibdad isə istedadın əleyhinədir! Zülmün, istibdadın olduğu hər bir yerdə istedadlar qol-qanad aça bilməz. Halbuki, İslam dini insanların daha da canlanması, ruhlanması və inkişaf etməsini istəyir. Nəhəng təbii resurslar kimi nəhəng insan potensialı da üzə çıxarılaraq aşkar edilməli, dünyanı abadlaşdırmalıdır. Məgər azadlıq olmadan bu mümkündürmü? Yalnız əmr və qadağalarla bu, mümkün ola bilərmi? Elə buna görə də “azadlığın” din üçün təhlükə törətdiyini düşünənlər yanlış fikirdədir. Beləliklə, bu iki qrup ‒ “qərbmeyillilər” və “azadlıqdan çəkinənlər” (onları şərti olaraq belə adlandıraq) əslində, özləri də bilmədən “azadlıq” məfhumunun İslamın əhatə etdiyi kateqoriyalar sırasından tamamilə uzaqlaşdırılmasında əlbir olurlar. Halbuki, bu həqiqətə uyğun deyil və “azadlıq” İslam dininə tam aidiyyatı olan bir məfhumdur.
Qeyd edim ki, İslamda deyilən mənada azadlığa, yəni “ictimai azadlığa” Qərb mütəfəkkirlərinin yazılarındakından daha çox üstünlük verilir. Şübhəsiz ki, liberalizm tərəfdarı olan mütəfəkkirlərin də bu mövzuda bir çox traktatları vardır. Renesans dövründən sonra Fransada, Avropada, ardınca isə bütün dünyada liberalizm cərəyanı yayıldı və Fransa İnqilabı ilə nəticələndi. Daha sonra isə liberalizmdən təhrif olunmuş formada Amerikanın istiqlal uğrunda müharibələrində istifadə olundu və “ABŞ Xartiyası” meydana gəldi. Əlbəttə, bütün bu mövzulara ətraflı nəzər salmaq üçün daha artıq zaman tələb olunur. İndiyə qədər, xüsusən də son zamanlarda liberalistlər onlarla əsərlər və traktatlar yazmışlar. Son dövrdə, belə demək mümkündürsə, amerikalı nəzəriyyəçilər, ideoloqlar, yaxud “qabaqcıllar” bu mövzu ətrafında periodik olaraq yazırlar.
Nəzərinizə çatdırım ki, bu mütəfəkkirlərin xeyli hissəsi hətta amerikalı olmasalar belə, ABŞ-ın xüsusi təyinatlı mexanizmlərinin sifarişi ilə bu istiqamətdə yazır, xüsusilə də liberalizm mövzusunda olan mətləblərə toxunurlar. Belə əsərlər Avstriyada, Almaniyada, yaxud Fransada yazıla bilər. Lakin bu əsərlərin hamısı məhz Nyu-Yorkda çap olunur! Onların sifarişçisi isə ABŞ-dır! Həmin əsərlərin qələmə alınması faktı da elə ABŞ-ın qarşıya qoyduğu məqsədlərdən qaynaqlanır, bunun özü isə ayrıca danışılmalı olan əhatəli bir mövzudur. Bütün bu deyilənlərə, müxtəlif fikirlərin irəli sürülməsinə baxmayaraq İslam dininin “azadlıq” məfhumuna yanaşması ən qabaqcıl yanaşmadır.
Qərb mütəfəkkirləri “azadlıq” məfhumunun fəlsəfi məfhum kimi şərh etməkdə çətinliklərlə üzləşirlər. Bəs azadlığın fəlsəfəsi nədir? İnsan nəyə görə azad olmalıdır? Bütün bu suallara verilən cavablar mütləq fəlsəfi dəlillərə, fəlsəfi dünyagörüşünə söykənməlidir. Yuxarıdakı suallara cavab olaraq cürbəcür fikirlər: azadlığın cəmiyyət və fərd üçün faydalı olması, azadlıqdan ictimai və fərdi miqyasda həzzalma, ən uzağı isə azadlığın sivil hüquqlardan biri olduğu deyilmişdir. Bütün bunlar yanlış təsəvvürlərdir və bu fikirləri səsləndirənlər böyük səhvə yol vermişlər.
Son illərdə liberalizm mövzusunda nəşr edilmiş yazılara baxsanız, “azadlıq” məfhumu barədə orta əsrlərdə aparılan müzakirələrə bənzər vaxt itkisi tələb edən nə qədər boş və faydasız yazıların, əsassız fikirlərin olduğunu görərsiniz. Biri fikir yürüdür, başqa birisi isə ona cavab yazır, birinci bir daha ikincinin fikrinə öz iradını bildirir. Bəli, bu, üçüncü dünya ölkələrinin ziyalıları üçün heç də pis bir məşğuliyyət deyil! Biri bu nəzəriyyəyə, o biri isə başqa bir nəzəriyyəyə tərəfdar çıxa! Biri müəyyən bir dəlili qəbul edə, digəri onun dəlilinə şərh yaza! Başqa birisi isə həmin nəzəriyyəni öz adından başqasına təqdim edə!
Bütün bu polemikalardan hasil ola biləcək ən maksimal nəticə budur: azadlığın fəlsəfəsi və mənşəyi onun insanın hüquqlarından biri olmasıdır. İslam dini isə bundan daha üstün bir fikir irəli sürür. İslam ‒ az öncə qeyd etdiyim hədisdən anlaşıldığı kimi ‒ azadlığı insan fitrətində, insan təbiətinin yaradılış nizamında qoyulmuş bir anlayış hesab edir. Bəli, azadlığın insanın hüquqlarından biri olduğu doğrudur. Lakin azadlıq insanın yaşamaq, var olmaq kimi daha üstün imtiyazlı hüquqlarından biridir. Belə ki, insanın yaşamaq hüququnu onun məskunlaşmaq, səs vermək hüququ ilə eyni sırada qoymaq əsla mümkün deyil. Yaşamaq haqqı sadalanan həmin hüquqlardan daha önəmlidir, onlar üçün bir növ zəmin rolunu oynayır. İnsanın azadlıq hüququ da bax, bu cürdür! Bu, İslam dininin “azadlıq” məfhumuna baxış prizmasıdır.
Şübhəsiz ki, burada da bir sıra istisnalar mövcuddur. Konkret hallarda insan yaşamaq hüququ kimi azadlıq hüququndan da məhrum edilə bilər. Məsələn, insan bir kəsi qətlə yetirdikdə ondan analoji surətdə qisas alına bilər, yaxud biri fəsad törədirsə, cəzasını alır. Lakin bunlar müstəsna hallardır. Bu, İslamın konkret problemə baxışıdır. Buna görə də “ictimai azadlıq” ideologiyasının “Qərbin töhfəsi” bizə olduğunu düşünmək, bu mövzuda maraqlı və diqqətəlayiq bir söz söyləmək istədikdə isə hökmən yabançı birinin yazdığı əsərdən nümunə gətirməyə çalışmaq, öz ağlına görə düşünüb yazan qərbli bir müəllifin adını çəkmək yanlışdır. Xeyr! Müstəqil surətdə düşünmək, fikir yürütmək lazımdır! Öz mənbələrimizə, İslami mənbələrə müraciət etmək gərəkdir. İnsan başqalarının irəli sürdüyü fikirlərdən kor-koranə təqlid üçün deyil, zehnini açmaq, özünə qaranlıq qalmış məqamları aydınlaşdırmaq üçün istifadə etməlidir. Təqlidçilik insana və cəmiyyətə böyük ziyanlar vura bilər.
Bu günümüzdə mən mətbuat və ideologiya meydanında aparılan polemikalarda – ilk öncə qeyd etdim ki, onların mövcud olması faktını təqdirəlayiq hesab edirəm – çoxlarının bu mühüm məqama diqqət yetirmədiyini görürəm. Mən sizlər üçün İslam məntiqində “azadlıq” məfhumunun kəsb etdiyi mahiyyəti Qərb məntiqindəki mənadan fərqləndirən bir neçə ən başlıca cəhəti qeyd edəcəyəm. Əlbəttə, az öncə qeyd etdim ki, liberalizm Qərb ideoloji məktəblərinin irəli sürdüyü müxtəlif nəzəriyyə və tendensiyalardan biridir və həmin cərəyanlardan bəzilərinin müəyyən cəhətlərə görə digərlərindən bir qədər fərqlənməsi mümkündür. Lakin ümumi müddəalar bunlardır:
Qərb liberalizm məktəbi insanın azadlığını “din” və “Tanrı” adlanan həqiqətlərlə əlaqələndirmir və buna görə də “azadlığı” heç bir zaman insana Tanrı tərəfindən bəxş edilmiş bir başlanğıc hesab etmir. Liberalistlərdən heç biri azadlığın insana Tanrı tərəfindən əta edildiyini demir və bu məfhumun mənşəyi barədə verilən suallara fəlsəfi, rasional bir cavab axtarıb-tapmağa çalışırlar. Onlar bu problemlə bağlı müxtəlif fikirlər irəli sürmüş, müxtəlif şərhlər yazmışlar.
***
İslam dinində azadlıq ilahi bir başlanğıc hesab edilir. Bunun özü ən ümdə fərqli xüsusiyyətdir və digər fərqli cəhətlərdən bir çoxunun mənşəyidir. İslam məntiqinə görə azadlığa qarşı çıxmaq ilahi, müqəddəs bir gerçəkliyə qarşı çıxmaq deməkdir, yəni belə bir fakt qarşı tərəfin üzərinə din, Tanrı qarşısında cavabdehlik qoyur. Qərbdə isə belə bir əqidə yoxdur, yəni bu məsələyə Qərb liberializm ideologiyası nöqteyi-nəzərindən yanaşsaq, görərik ki, dünyada ictimai azadlıq uğrunda aparılan mübarizələrin heç bir məntiqi izahı yoxdur. Məsələn, bir çox hallarda onlar ictimai azadlığın mənşəyindən, zəruriyyətindən danışdıqda onun “toplum üçün” və ya “əksəriyyət üçün xeyirli olması”nı dəlil gətirirlər. İctimai azadlığın “kökü” də elə budur. Sual oluna bilər: “Nə üçün mən toplumun, başqalarının xeyri naminə döyüşə gedib məhv olmalıyam?” Bu ki tamamilə məntiqsiz bir fikirdir. Əlbəttə, bir anlıq, ötəri emosiyalar çoxlarını döyüş meydanlarına çəkib aparır. Lakin bu cür ideologiyaların bayrağı altında səfərbər olub mübarizəyə qalxmış insanlar (əgər, həqiqətən də, onları mübarizəyə təhrik edən amil həmin ideologiyadırsa) mübarizə meydanının emosional atmosferindən kənarlaşan kimi gördüyü iş barədə şəkkə düşüb öz-özünə sual verəcək: “Mən nəyə görə güllə qabağına getməliyəm ki?!”
İslam təfəkküründə isə məsələnin qoyuluşu tamamilə başqa cürdür. Burada “azadlıq uğrunda mübarizə” insanın öhdəsinə düşən və onun üçün cavabdehlik daşıdığı bir vəzifədir. Çünki bu, “İlahi bir başlanğıc” naminə aparılan mübarizədir. Necə ki, insan bir kəsin canına qəsd olunduğunun şahidi olarsa, ona yardım etməyə borcludur. Bu, dini etiqaddan qaynaqlanan elə bir vəzifə borcudur ki, insan onu yerinə yetirməsə, günah etmiş olacaqdır. Azadlıq məsələsində də problemin qoyuluşu məhz bu cürdür. Azadlıq naminə mübarizəyə getmək vacibdir, çünki bu, insanın dini vəzifəsidir.
Bu ən ümdə fərqli xüsusiyyətin bünövrəsi üzərində digər fərqli cəhətlər durur. Onlardan biri budur ki, Qərb liberalist məktəbində əxlaqi dəyərlər və gerçəkliklər nisbi anlayış olduğundan “azadlıq” qeyri-məhdud bir məfhumdur. Niyə? Çünki siz bir sıra əxlaqi dəyərlərə etiqad bəsləyirsinizsə, bu, o demək deyil ki, həmin dəyərlərə məhəl qoymayan bir kəsi buna görə məzəmmət etməyə haqqınız çatır. Belə ki, o, sizdən fərqli olaraq bu dəyərlərə ehtiram bəsləməyə bilər. Buna görə də Qərbdə azadlıq üçün mənəvi-əxlaqi baxımdan heç bir hədd qoyulmur. Onların məntiqinə görə azadlıq məhdudlaşdırılması qeyri-mümkün olan bir anlayışdır. Çünki onlar üçün sabit, dəyişməz bir gerçəklik mövcud deyil. Onların fikrincə, əxlaqi dəyərlər və həqiqətlər nisbi xarakter daşıyır.
İslamda isə “azadlıq”la bağlı məntiqi dəyərləndirmə tamamilə fərqlidir. İslamda konkret və sabit dəyərlər vardır. İslamda gerçəklik vardır. İslamda, sözün həqiqi mənasında, yüksək dəyərlər üçün başlanğıc rolu oynamağa qadir olan mükəmməl bir gerçəkliyə doğru can atma vardır. Buna səbəbdən də azadlığın həmin dəyərlərlə məhdudlaşdırılması mümkündür. Həmin dəyərlərin hansı meyarlara əsasən təyin və qəbul edilməsi isə tamamilə başqa bir söhbətin mövzusudur. Ola bilər ki, bu dəyərlərin dərk edilməsində bəziləri düzgün, digərləri isə yanlış yollara istiqamətləndirilsinlər. Söhbətimizin əsas mövzusu bu deyil. Hər halda demək istədiyimiz budur ki, “azadlıq” məhz gerçəkliklə və konkret dəyərlərlə məhdudlaşdırılır.
İslamda bu qədər dəyər verilən “ictimai azadlıq” prinsipi də bir xalqın mənəvi dəyərlərini, yaxud maddi nailiyyətlərini korlamağa, aradan aparmağa xidmət edərsə, ziyanlı hesab edilir. Elə insan həyatının özü kimi. Quranda belə buyurulur:
من قتل نفساً بغير نفس او فساد في الارض فکانّما قتل النّاس جميعاً
“... Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur...” (“Maidə” surəsi, ayə 32)
Quran məntiqinə görə bir insanı qətlə yetirmək bütün bəşəriyyəti məhv etməyə bərabərdir. Çox maraqlı və diqqətəlayiq bir məntiqdir: əlini bir insanın qanına bulayan şəxs sanki bütün insanlığı qətlə yetirmiş kimidir. Belə ki, onun tutduğu bu iş, əslində, insan şəxsiyyətinin, bəşəri başlanğıcın hüdudlarına təcavüz etmək anlamındadır. Lakin burada da müstəsna bir hal mövcuddur:
بغير نفس او فساد في الارض
“yer üzündə fitnə-fəsad törətməmiş”
Yəni şəxsiyyətinin hüdudlarına bu şəkildə təcavüz edilən şəxsin özü kiminsə canına qəsd etmiş, yaxud fəsad törətmiş olsun. Diqqət edin: konkret, sabit dəyərlər və həqiqətlər insanın yaşamaq hüququnu məhdudlaşdırdığı kimi azadlığı da məhdudlaşdırır.
Digər bir fərqli cəhət budur ki, Qərbdə azadlığın həddini və meyarını maddi maraqlar təyin edir. Belə ki, Qərb dövlətləri əvvəlcə fərdi və ictimai azadlıq üçün konkret hüdudlar müəyyənləşdirir, daha sonra isə özlərinin nəhəng nüfuzu və elmi cəhətdən müstəmləkəçilik ağalığı kimi maddi maraqları təhlükə altında qaldıqda isə azadlığı hər vəchlə məhdudlaşdırırlar. Azadlıq maariflənmə və biliklərə yiyələnmə baxımından insanın ən müstəqim hüquqlarındandır. Hər bir insanın öyrənmək, bilik əldə etmək hüququ var. Lakin insanların bu hüququ Qərb dünyasının aparıcı universitetlərində məhdudlaşdırılır! Yüksək səviyyəli elm və texnologiya, onların öz təbirincə desək, HIGH TEC başqalarına ötürülmür! Texnoloji nailiyyətlərin konkret ölkələrə ötürülməsi qadağandır. Nə üçün?! Çünki bu nailiyyətlərin və biliklərin ötürülməsi o ölkələrin nəhəng dövlətlərin monopoliyasından çıxmasına səbəb olar, həmin maddi nüfuz və inhisar itirilə bilər. Bax, burada azadlığın qarşısına sədd çəkilir, yəni ali təhsil ocağında çalışan müəllimin, fərz edək ki, üçüncü dünya ölkəsindən olan bir şəxsə ‒ iranlı tələbəyə, yaxud çinli tədqiqatçıya konkret elm sahəsinin konkret bir bölməsini öyrətməyə hüququ çatmır!
İnformasiyanın ötürülməsində də vəziyyət eynilə bu cürdür. Hal-hazırda bütün dünya informasiyanın əldə olunması və ötürülməsində azadlıq əldə etmək uğrunda çalışıb-vuruşur. Qərbdə insanın hüquq və azadlıqlarının genişləndirilməsinin ən gurultulu şüarlarından biri budur: “Qoy insanlar baş verən hadisələrdən xəbərdar olsunlar! Qoy hamı məlumatlı olsun!” Lakin buna baxmayaraq Buş administrasiyası dövründə Amerikanın İraqa hücumu zamanı bir həftə, ya bir qədər də artıq müddət ərzində bütün informasiya agentlikləri rəsmi surətdə senzuranın nəzarəti altında idi. Hətta onlar fəxrlə belə deyirdilər ki, heç bir müxbirin ABŞ-ın İraqa hücumunu işıqlandırmaq üçün bircə fotoşəkil və ya bircə məlumat belə olsun, əldə edib yayımlamasına icazə verilmir. Hücumun baş tutduğunu hamı çox yaxşı bilirdi. Amerikalılar özləri bu barədə məlumat yaymışdılar. Lakin hadisənin təfsilatı barədə heç kəs heç nə bilmirdi. Çünki ABŞ informasiyanın ötürülməsinin onun hərbi təhlükəsizliyinə zərər vura biləcəyini elan etmişdi. Baxın, hərbi təhlükəsizlik mənafeyi ‒ yəni maddi bir sədd, maddi bir məhdudiyyət azadlığın qarşısını kəsdi.
ABŞ hökumətinin bünövrəsinin möhkəmləndirilməsi də insan azadlığının qarşısında sədd rolunu oynaya biləcək digər bir amildir. Təxminən dörd-beş il bundan əvvəl xüsusi dini sektanın üzvləri olan bir qrup insan o dövrdə Amerikada hakimiyyətdə olan Klinton administrasiyasına qarşı çıxış etmişdilər. Dövri mətbuatı izləyənlər bu barədə yazılan xəbərləri, yəqin ki, oxumuş olarlar. Şübhəsiz ki, mən baş vermiş olayla əlaqədar olan məlumatları tam təfsilatı ilə əldə etmişdim. Lakin ölkəmizdəki bütün qəzetlər də bu barədə yazılar dərc etmişdilər. ABŞ hökuməti həmin insanlara qarşı müxtəlif inzibati və təhlükəsizlik tədbirləri görsələr də, bunun heç bir faydası olmadı. Nəticə etibarilə həmin qrupun toplandığı ev mühasirəyə alındı, onlara odlu silahlardan atəş açıldı və təxminən 80 nəfər gülləbaran edildi! O zaman baş vermiş bu olayın fotoşəkilləri bütün dünyaya yayımlanmış və hamı bu hadisədən xəbər tutmuşdu. İçərisində qadınların və uşaqların da olduğu həmin 80 nəfərdən, böyük ehtimalla heç biri hərbçi olmamışdır. Baxın, insanların yaşamaq hüququ, əqidə və siyasi mübarizə azadlığı bu həddə qədər məhdudlaşdırıla bilir! Buna əsaslanaraq demək olar ki, Qərbin maddi dünyasında belə azadlığın önünə çəkilən sədlər və sərhədlər mövcuddur. Lakin bütün bunlar maddi sədlər və sərhədlərdir.
Qərbdə əxlaqi dəyərlər azadlıq üçün heç bir maneə rolunu oynamır. Məsələn, ABŞ-da homoseksualistlərin hərəkatı ən geniş yayılmış hərəkatlardan biridir! Hətta bununla fəxr də edirlər! Küçələrdə etiraz aksiyaları təşkil olunur, jurnallarda belə insanların şəkilləri çap olunur. Habelə filan biznesmenin, filan siyasət adamının bu hərəkatın tərəfdarı olduğunu böyük qürur hissi ilə qeyd edirlər. Heç kəs bundan nə xəcalət çəkir, nə də deyilənləri təkzib edir. Bu azmış kimi, homoseksualistlər hərəkatına qarşı çıxan bəzi şəxslər bu hərəkətlərinə görə bəzi mətbuat orqanlarının və qəzetlərin şiddətli hücumuna məruz qalırlar. Başqa sözlə desək, Qərbdə əxlaqi dəyərlər heç bir halda azadlıq üçün sədd və sərhədi təyin etmirlər.
Avropa ölkələrində bariz şəkildə müşahidə olunan digər bir faktı da nümunə gətirmək olar. Misal üçün: faşizm hərəkatının təbliğatı istiqamətində söz azadlığı məhdudlaşdırılır. Bu, şübhəsiz ki, hökumətin maddi maraqlarını əks etdirən bir amildir. Lakin çılpaqlığın təbliğatı istiqamətində (bəli, bu da bir hərəkatdır) söz azadlığı isə məhdudlaşdırılmır! Buradan belə bir nəticəyə gəlmək olar ki, Qərb liberalizminin bütün fəlsəfəsinə, fəlsəfi başlanğıcına və fəlsəfi baxış prizmasına baxmayaraq Qərbdə fərdi və ictimai azadlığı məhdudlaşdıran amillər əxlaqi amillər deyil, yalnız və yalnız maddi amillərdir. İslamda isə fərdi və ictimai azadlıq üçün maddi sərhədlərdən əlavə, əxlaqi baxımdan da məhdudiyyətlər mövcuddur. Şübhəsiz ki, kimsə ölkənin mənafeyinin ziddinə olan bir iş görsə, onun azadlığının məhdudlaşdırılması mümkündür. Lakin bununla yanaşı mənəvi-əxlaqi sərhədlər də mövcuddur. Kimsə azğınlıq, pozğunluq əqidəsi ilə yaşayırsa, eybi yoxdur. Burada “eybi yoxdur” ifadəsini bu anlamda işlədirik ki, onun əqidəsi Allah-Taalanın və mömin bəndələrin qarşısında eyibli olsa da, dövlət ona qarşı heç bir məsuliyyət daşımır. Azğın əqidəli insanlar müsəlman, yəhudi, xristian və digər dinlərə etiqad bəsləyən cəmiyyətlərdə də var və hal-hazırda bizim ölkəmizdə də onlara rast gəlmək mümkündür, hətta İslamın yayıldığı ilk dövrlərdə də belələri olub. Bu hər kəsin öz işi və fərdi seçimidir. Amma əgər azğın, fəsadlı əqidədə olan şəxslər mənəvi-psixoloji cəhətdən tam formalaşmamış, özünü müdafiə etmək iqtidarında olmayan insanların beyninə və hisslərinə təsir göstərmək, onları da yolundan azdırmaq fikrinə düşsələr, bu halda onların qarşısına sədd çəkiləcək, azadlıqları məhdudlaşdırılacaq. İslam nöqteyi-nəzərindən problemin qoyuluşu, bax bu cürdür. Yaxud, misal üçün, azğın insanlar öz fitnə-fəsadlarını genişləndirmək, siyasi, cinsi, ideoloji baxımdan təxribat xarakterli fəaliyyət göstərmək və ya bir qədər əvvəl qeyd etdiyim orda-burda rast gəlinən “həvəskar filosoflar” ali təhsilin gənclər üçün heç də xeyirli bir iş olmadığı barədə məqalələr yazmaq, habelə bu əsassız iddialarını müəyyən dəlillərlə sübut etmək fikrinə düşsələr, şübhəsiz, böyük ehtimalla, yüzdə doxsan faiz uğursuzluqla üzləşəcəklər. Lakin onların bu təbliğatının yüzdə on faiz tənbəl gənclərin zehnində təsir buraxa biləcəyi də mümkündür. Kimlərinsə yalan və mənfi təbliğatla insanları elm öyrənməkdən çəkindirməsinə qətiyyən icazə vermək olmaz.
Azadlıq – yalan danışmaq deyil! Azadlıq – yalandan cürbəcür şaiyələr yaymaq deyil! Mənim üçün ən ağrılı məqam budur ki, nəyə görə azadlıqla bağlı məsələlərdə İslam mənbələrinə, İslami bəhslərə müraciət olunmur? Qurani-Kərimdə “Əhzab” surəsinin 60-cı ayəsində buyurulur:
لئن لم ينته المنافقون و الذين في قلوبهم مرض والمرجفون في المدينة لنغرينک بهم
“Əgər münafiqlər, qəlblərində mərəz (ziyankarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şaiyələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.
Ayədən göründüyü kimi, (مرجفون) “mərcəfun”un – “yalan şaiyələr yayanlar”ın adı “münafiqlər” və “qəlblərində azğınlıq, pozğunluq mərəzi (xəstəlik) olanlar”dan ibarət digər iki dəstə ilə yanaşı çəkilir. “Münafiqlər” bir, “qəlblərində mərəz olanlar” isə digər dəstədir. Onlarla eyni sırada (مرجفون) “mərcəfun” dəstəsinə aid olanların adı çəkilir. “Mərcəfun” (مرجفون) daim camaatı qorxu və təşvişə salmağa çalışan insanlardır.
Təsəvvür edin: İslam cəmiyyəti yenicə qurulmuşdur, dörd bir yandan düşmən təhlükəsi var, Peyğəmbərin (s) və Qurani-Kərimin təbliğatı nəticəsində səfərbərliyə nail olunmuşdur, həm ölkəni, həm də insanların, geniş xalq kütləsinin mənafeyinə əsaslanan bu əzəmətli quruluşu müdafiə etmək üçün hamının mənəvi-psixoloji cəhətdən hazırlıqlı olması vacibdir. Belə bir məqamda bir qrup insan cüzam xəstəliyi kimi camaatın canına düşərək onların mübarizə və müdafiə əhval-ruhiyyəsini zəiflədir. Bax, bunlar Quranda مرجفون “mərcəfun” adlandırılan şəxslərdir. Quran buyurur: “Əgər mərcəfunlar ‒ yəni daim camaatı qorxudub təşvişə salan, pessimizmə düçar edən və insanları irəliyə doğru addım atmaqdan çəkindirənlər öz əməllərinə son qoymasalar, “لنغرينک بهم”, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”. Bu, konkret situasiyada azadlığın qarşısına çəkilən səddir. Deməli, İslam məntiqində “azadlıq” anlayışının fərqli xüsusiyyətlərindən biri budur ki, mənəvi-əxlaqi dəyərlər onu məhdudlaşdıra bilər.
Qərb liberalist təfəkkürünün digər fərqli cəhəti isə azadlığın mükəlləfiyyət və məsuliyyətlərlə bir araya sığmamasıdır. Qərb liberalizminə görə “azadlıq” dedikdə bütün mükəlləfiyyətlərdən, hətta insanın öhdəsinə düşən məsuliyyətdən də azad olmaq başa düşülür. İslam dinində isə “mükəlləfiyyət” adlı sikkənin o biri üzü elə “azadlıq”dır. Əslində, insanlar müəyyən mükəlləfiyyətlər daşıdıqları üçün azaddırlar. Əgər insanın öhdəsində həmin mükəlləfiyyətlər olmasaydı, azadlığa heç bir lüzum qalmazdı və insan mələk kimi olardı. Mövlana Cəlaləddin Rumi bunu öz kəlamında aşağıdakı kimi ifadə edir: “Hədisdə deyilir ki, Uca Yaradan məxluqları üç qisimdə xəlq etmişdir. Onlardan bir qisminin xisləti başdan-başa elm, müdriklik və alicənablıqdır. Bunlar gecə-gündüz Yaradana səcdə edən mələklərdir.
Bəşər övladının təbiətində isə müxtəlif ziddiyyətli instinktlər, meyillər mövcuddur və hər bir insanın öhdəsinə düşən vəzifə bütün bunların içərisindən keçib kamala, mükəmməlliyə doğru irəliləməkdir. Kamal yolunu qət etmək üçün ona azadlıq verilmişdir. Burada “azadlıq” bəşəri bir dəyər kimi təkamülə xidmət edir. Baxmayaraq ki, elə insan həyatının özünün də məqsədi təkamüldür, kamala yetişməkdir. Quranda belə buyurulur:
و ما خلقت الجنّ و الانس الاّ ليعبدون
“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”.(“Zariyat” surəsi, ayə 56)
Yaradan insanları və cinləri übudiyyət (Ona ibadət və xalis bəndəlik) məqamına yetişmək üçün xəlq etmişdir. Bu isə həddən artıq ali bir məqamdır. Gerçəkdən azadlıq da həyat kimidir. Azadlıq da ibadət və xalis bəndəlik məqamına çatmağa xidmət edən bir müqəddimədir.
Qərbdə məsuliyyət və mükəlləfiyyətləri inkar etməkdə o qədər “irəli getmişlər” ki, nəinki dini əqidədən qaynaqlanan mükəlləfiyyətləri, hətta dinə heç bir aidiyyatı olmayan, mahiyyətində insanın üzərinə düşən məsuliyyət və öhdəçilikləri, vacib və haramları, “etməli” və “etməməli” anlayışlarını ehtiva edən hər bir ideologiyanı inkar edirlər! Son illərdə Amerikanın həmin liberalmeyilli yazıçıları, həmçinin özlərini onlara bənzətməyə çalışan digər yazarlar (bir sıra ölkələrdə, o cümlədən elə bizim öz ölkəmizdə də, təəssüflər olsun ki, belə insanların sözünü peyğəmbər kəlamı kimi ali hesab edənlər var) öz əsərlərində belə bir fikri qeyd edirlər ki, Qərbin “azadlıq” anlayışı “etməli və etməməli” kateqoriyalarına, konkret icazə və qadağalara, ideoloji əsaslara müxalifdir! İslam dini isə bu fikrə tamamilə əks olan cəbhədə durur. İslam “azadlığı” insanın öhdəsinə düşən “məsuliyyət və mükəlləfiyyətlərlə” paralel cərgədə götürür. “Azadlıq” İslami nöqteyi-nəzərdən insanın həmin “öhdəçilik və mükəlləfiyyətləri” düzgün yerinə yetirə bilməsi, böyük işlər görməsi, möhtəşəm seçimlər etməsi və təkamülə yetişməsi üçün lazımi şərait yaratmalıdır.
Buna görə də mənim bu mövzu ətrafında yazan və çıxış edən şəxslərə ilk tövsiyəm budur: Gəlin, “azadlıq” məfhumunun dərk edilməsində müstəqil olaq, müstəqil fikir yürüdək, hər cür təqliddən və asılılıqdan uzaq olaq! İkinci tövsiyəm isə budur ki, “azadlıq”dan sui-istifadə edilməsin! Bəziləri dəfələrlə və israrla belə bir fikri səsləndirirlər: “yenicə əldə edilmiş söz və mətbuat azadlığı...” Zənnimcə, bu, həqiqətə heç də uyğun deyil və yabançı radiostansiyalardan sızdırılmış bir fikirdir. Şübhəsiz ki, hal-hazırda yazarlar qəzet və jurnallarda bəzi mətləblərə toxunur, bəzən də öz tənqidi münasibətlərini kəskin çıxışlarla ifadə edirlər. Həmin insanlardan bəziləri belə çıxışları əvvəllər də etmiş, bəziləri isə etməmişlər. Keçmiş illər ərzində biz ölkə mətbuatında həmin dövrdə hakimiyyətdə olmuş dövlət başçısına, müxtəlif səlahiyyətli şəxslərə, hətta bəzən İslam İnqilabının təməl prinsiplərinə qarşı fikirlərin yer almasının dəfələrlə şahidi olmuşuq. Həmin yazıların müəlliflərinə heç kəs təzyiq göstərməmişdir. Mənim zehnimdə bununla əlaqədar konkret faktlar da var. Əgər vaxtımız imkan versəydi, mən onlardan sizə bəzi nümunələr gətirmək istərdim.
Altı-yeddi il bundan öncə mən “mədəni hücum” mövzusu ilə əlaqədar çıxış etmişdim. O zaman həmin mövzu geniş səs-küyə səbəb olmuş və bəziləri bu məsələyə öz şəxsi fikirlərini də bildirmişdilər. Ola bilsin ki, sizlərdən də bəziləriniz xatırlayasınız. O dövrdə İran İslam Respublikasının televiziya kanalında bu mövzu ilə əlaqədar üç-dörd nəfərin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdu. Proqramda iştirak edən qonaqlardan biri mənim irəli sürdüyüm fikirlə razılaşaraq onu müdafiə edir, digərləri isə tamamilə əks mövqedə duraraq həmin fikri rədd edir və deyirdilər: “Xeyr! Əsla belə deyil! Bütün bunlar cəfəngiyatdır və həqiqətə uyğun deyil!” Məgər bu, heç kəsin öz şəxsi münasibətini bildirdiyinə görə hücumlara məruz qalmadığını göstərən əsaslı sübut deyilmi?
Bəli, bəzi insanların əlləri çirkin əməllərə bulaşmış olduğundan meydana atılıb söz deməkdən çəkinirdilər. Hətta onlar öz fikirlərini bildirmək, bu gün danışdıqları sözləri o zaman demək niyyətində olsaydılar belə, heç kəsin onlarla işi olmazdı. Lakin o insanların özləri öz qaranlıq keçmişləri ucbatından xoflanırdılar. Onların hələ keçmişdən bəri öz qəlblərində İslam İnqilabına, imam Xomeyniyə (r.ə) və onun təbliğ etdiyi İslam təfəkkürünə qarşı ədavət və kin-küdurət bəslədiyi bəlli olmuşdu. Bu səbəbdən də onlar özlərində meydana atılmağa cürət tapmırdılar. Ölkədə keçirilən sonuncu prezident seçkilərindən sonra seçki ilə əlaqədar aparılmış yanlış təhlil və şərhlər həmin insanları ürəkləndirdi! İrəli sürülmüş analitik şərhlərin yanlış cəhəti isə bu idi ki, onlar 30 milyonluq xalqın mövcud quruluşun əleyhinə səs verdiyini düşünmüşdülər. Onlar çıxardıqları bu səhv nəticədən xoşhal və məmnun idilər. Halbuki, 30 milyon insan yekdilliklə səs verərək mövcud quruluşu dəstəklədiyini sübut etmişdi. İslam Respublikasının dövlət quruluşu üçün fərəhləndirici bir faktdır ki, İslam İnqilabının qələbəsindən 18 il sonra xalqın səsvermə hüququ olan 32 milyon nümayəndəsindən 30 milyon nəfəri ‒ demək olar ki, yüzdə doxsan faizi ölkədə baş tutan seçkidə hamılıqla iştirak etdi. Həmin bədxahlar isə bu quruluşun ən güclü cəhətini zəiflik və çatışmazlıq amili kimi qələmə vermişdilər! Şübhəsiz ki, əvvəlcə seçkinin elə ilk günlərində yabançı radio kanallar dayanmadan aləmə car çəkirdilər ki: “Bəli, 30 milyon insan mövcud quruluşdan narazı olduğunu bildirib!” Bu yolla onlar ölkədə düz yoldan sapınaraq səhvə və yanlışlığa doğru yönəlməyə meyilli olan insanlara istiqamət vermək məqsədi güdürdülər! Onların istədiyi bu idi ki, quruluşun ən güclü nöqtəsini zəif nöqtə kimi təqdim etsinlər! Bu biçarələr isə ya bütün bunlara həqiqətən inanmış, ya da özlərini inandırmağa çalışmışdılar! Onlar belə düşünmüşdülər: “Bir halda ki, mövcud quruluşun əleyhinə 30 milyon insan çıxış edir, belə bir ölkədə biz nə üçün susub oturmalıyıq?! Elə isə biz də danışaq!” Onlar guya indi cürət tapıb danışmağa başlayıblar! Halbuki, heç bir fərqi yoxdur. O zaman da müxalif mövqedən çıxış etsəydilər, məntiqə tam uyğun olan hüdudları aşmış olacaq və qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunacaqdılar. Bu gün də eynilə həmin vəziyyətdir! Heç bir fərq yoxdur! Hal-hazırda da fitnə-fəsad törətmək, həqiqətə uyğun olmayan şayiələr yayaraq xalqı aldatmaq niyyətində olanlar eynilə həmin mənzərə ilə qarşılaşacaqlar! Bu baxımdan bu günümüzlə əvvəlki dövr arasında heç bir fərq yoxdur! Buna görə də “yenicə əldə edilmiş söz və mətbut azadlığı” ifadəsini addımbaşı təkrarlamaq lazım deyil. Mən məsul şəxslərdən bəzilərinin dəfələrlə mətbuat orqanlarına “Azadlıqdan sui-istifadə etməyin ki, azadlığın təməl prinsiplərinə ziyan dəyməsin!” – deyə müraciət etdiklərinin şahidi olmuşam. Bu sözlərin mənası nədir?! Azadlıqdan hər nə qədər çox istifadə olunsa, bir o qədər yaxşıdır. Bir şərtlə ki, hüdudlar və sərhədlər aşılmasın. İnsanlar Allahın onlara verdiyi bu hüquqdan nə qədər çox istifadə etsələr, İslami dövlət quruluşu qarşısına qoyduğu hədəf və məqsədlərə bir o qədər çatmış olar. Biz daim yazarlarımızdan gileylənmişik ki, niyə yazmırlar?! Nə üçün araşdırmalar aparmırlar?! Nəyə görə analitik şərhlər vermirlər?!
Sağlam, məntiqi hüdudlara və sərhədlərə riayət etmək vacibdir. Şübhəsiz ki, bunlar hər hansı bir hökumətin, yaxud dövlət aparatının öz mənafeyi xatirinə müəyyən etmək istədiyi hüdudlar deyil! Hazırda dünyada belə hökumətlər və dövlət quruluşları varsa da, (onların mövcudluğu labüddür) İslam Respublikasının dövlət quruluşu onlardan tamamilə fərqlənir. İslam Respublikasının təməli ədalətə dayanır, yəni misal üçün: əgər “Rəhbər” məqamı ədalətdən uzaqlaşmış olsa, öz-özlüyündə başqa heç bir amilə lüzum olmadan “Rəhbərlik”dən uzaqlaşmış, bu məqamı itirmiş sayılır. Belə bir quruluşun hakimiyyətdə olduğu ölkədə hüdudların hər hansı bir sinfin, partiyanın və ya hökumətin yürütdüyü siyasi kursun mənafeyinə xidmət edən meyarlarla müəyyənləşdirilməsinin heç bir mənası yoxdur. Burada təyin edilən hüdudlar İslam dininə aiddir və öz mənşəyini Qurani-Kərimdən, hədislərdən, düzgün qavranılmış dini hökmlərdən almışdır. Keçilməsi qadağan olunmuş bu hüdud və sərhədlər mötəbərdir. Onlara riayət etmək vacibdir. Əks təqdirdə aidiyyatı olan məsul şəxslər və səlahiyyətli orqanlar ‒ ədliyyə və dövlət orqanları, Rəhbərlik və İstiqamətləndirmə Nazirliyi tərəfindən lazımi ölçü götürülməlidirlər. Həmin orqanların öz vəzifələrini yerinə yetirməməsi isə günahdır, qanun pozuntusudur, vəzifə borcunu yerinə yetirməməkdir. Onlar da həmin sərhədlərə və hüdudlara riayət etməyə borcludurlar. Hər kəs üçün mövcud olan bütün bu hüdudların çərçivəsində isə – şübhəsiz ki, bu hüdudlar konkret müstəsna şərtlərlə müəyyən olunmuşdur – azadlığın, sözün həqiqi mənasında, gözəl və parlaq mahiyyətindən bəhrələnmək lazımdır. Sözsüz ki, mən bəzi məsuliyyətsiz fikirlərin təkrar-təkrar səsləndirilməsini təqdirəlayiq hesab etmirəm.
Fikrimi yekunlaşdıraraq qısaca demək istəyirəm ki, “azadlıq” anlayışı İslam dininə aid olan bir kateqoriyadır. “Azadlıq” məfhumunu İslam dininin predmetlərindən biri kimi nəzərdən keçirməli, habelə “azadlığın” da İslamda göstərilən hər hansı bir davranış qaydası, şəriətlə müəyyən edilmiş hər hansı başqa bir vəzifə kimi müsbət nəticələr verəcəyinə hamılıqla etiqad bəsləməliyik. Allaha çox şükürlər olsun ki, cəmiyyətimizdə bu nemət var və biz bu nemətin qədrini bilməli, bu imkandan maksimum dərəcədə bəhrələnməliyik. Ziyalılar, cəmiyyətdəki problemlərə özünün analitik baxışı olan insanlar bu istiqamətdə öz səylərini əsirgəməməlidirlər. Əlbəttə, konkret mövzular da vardır ki, mütəxəssislər tərəfindən xüsusilə təhsil ocaqlarında, universitetlərdə və mətbuat orqanlarında peşəkar səviyyədə şərh olunmalıdırlar. Bəzi mövzular isə şərh edilərək geniş surətdə ictimaiyyətin diqqətinə çatdırılmalı, cəmiyyətə təqdim olumalı və hamı onlardan istifadə edərək yararlanmalıdır.
Ümidvaram ki, İnşallah, Allah-Taalanın izni ilə ölkəmizdə İslami dövlət quruluşunun, bu böyük, əziz və xeyirxah millətin çiçəklənməsinə xidmət edəcək bütün müvəffəqiyyətlərin şahidi olacağıq. Sizlərin ‒ ali təhsil ocaqlarının tələbə və müəllim kollektivinin, xüsusilə də gələcəyimizin qurucusu və ümid yerimiz olan gənclərimizin həmin çiçəklənmə və müvəffəqiyyətlərin əldə edilməsində böyük rolu olacaqdır.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Pedoqoji Universitetinin məzunlarının buraxılış mərasimində etdiyi çıxışı (12.06.1377)