Yüklə:
Xarici səfərlərə dair məsələlər
- Səfər
- Pasport və viza
Pasport və viza
Qadının hicabsız fotoşəkli
1. Sual: Mənim həyat yoldaşım təhsilini davam etdirmək üçün Fransanın universitetlərindən birinə qəbul olmuşdur. Fransa ölkəsinə gedə bilmək üçün biz bu ölkənin səfirliyindən viza almalıyıq. Fransa səfirliyinin viza üçün tələb etdiyi sənədlərdən biri də qadının baş örtüsüz fotoşəklidir. Nəzərə alsaq ki, bu fotoşəkli Fransa səfirliyinə vermədiyimiz təqdirdə bizə viza verilməyəcək və nəticədə, mənim həyat yoldaşım təhsilini davam etdirə bilməyəcəkdir, onun baş örtüsüz fotoşəkil çəkdirib Fransa səfirliyinə verməsinin şəri baxımdan iradı vardırmı?
Cavab: Suala əsasən, əgər fotoşəkli çəkən şəxs qadın və ya sizin həyat yoldaşınızın məhrəmlərindən biri olsa, bunun iradı yoxdur.
2. Sual: Bəzi ölkələrdə pasport və ya şəxsiyyət vəsiqəsi almaq üçün dövlət öz vətəndaşlarını hicabsız fotoşəkil çəkdirməyə məcbur edir. Parikdən istifadə etməyə və ya fotoşəklin qadın tərəfindən çəkilməsinə imkan verilmir. Suallarım bunlardır:
1) Belə bir vəziyyətdə əgər fotoşəklin qadın tərəfindən çəkilməsi mümkün olmazsa, mənim vəzifəm nədir?
2) Ölkədən çıxış-giriş zamanı bileti təsdiqləyən və ya pasportu yoxlayan hava limanı işçisi olan kişi mənim hicabsız fotoşəklimi görür. Burada mənim vəzifəm nədir?
3) Yuxarıdakı iki sualı nəzərə alaraq, əgər Allah evini və ya başqa ziyarətgahları ziyarət etmək istəsəm, bu səfərlərə çıxmağım haramdırmı?Xahiş edirəm ki, bu məsələ müxtəlif ölkələrdə yaşayan dindarların problemləri və bu ölkələrin sərt qanunları nəzərə alınaraq diqqətlə araşdırılsın və cavablandırılsın.
Cavab:
1-3) Əgər fotoşəkli qadın çəksə və ya pasport almaq istəyən qadının məhrəmi çəksə, bu fotoşəklin pasporta vurulmasının və zərurət halında naməhrəmin ona baxmasının – əlbəttə, əgər bu işin hansısa bir fəsadı olmazsa – iradı yoxdur. Bu pasport ilə ölkədən xaric olmağın, hətta həcc ziyarətinə və ya başqa ziyarətgahlara getməyin maneəsi yoxdur. - Qeyri-şəri və qeyri-qanuni səfər
Qeyri-şəri və qeyri-qanuni səfər
Sərhəddən qanunsuz şəkildə keçmək
3. Sual: Ərbəinə bir neçə gün qalmış ziyarətə getmək istəyənlərdən viza tələb olunmur. Viza almaq üçün maddi imkanı olmayan şəxs həmin günlərdə ziyarətə gedə bilərmi? Bu günlərdə ziyarətə gedən şəxsin səfərinin və ziyarətinin hökmü nədir?
Cavab: Həmin günlərdə İraq ölkəsinə vizasız daxil olmaq üçün rəsmi qadağa olmadığı təqdirdə, bunun iradı yoxdur.
Qeyri-qanuni səfər
4. Sual: Bəzi şəxslər xarici ölkələrin səfirliklərinin möhür və imzasını saxtalaşdırır və bu yolla ayrı-ayrı şəxslər üçün viza çıxararaq, qarşılığında pul alırlar. Hətta bəzən Məkkəyə getmək istəyənlər üçün vizanı saxtalaşdırırlar. Bu viza bəzən yaxşı işlər, bəzən də şəriətə zidd işlər üçün istifadə olunur. Bu məqamı da əlavə edək ki, bəzi hallarda saxta viza ilə sərhədi keçən şəxslər təhlükə ilə üzləşir və sərhəddə həbs olunurlar. Bu yolla qazanılan pul halaldır, yoxsa haramdır?
Cavab: Bu işə icazə verilmir və bu işin qarşılığında alınan pul haramdır.
Qaçaqmalçılıq
5. Sual:
1) Ölkənin limanlarından birindən qaçaq mal gətirmək məqsədilə səfər etmək günah səfəri hesab olunurmu?
2) Kişilərin istifadəsi üçün düzəldilən qızılların alğı-satqısı üçün səfər etmək günah səfəri hesab olunurmu?
3) Şəri hökmlər çərçivəsindən kənar bir şəkildə pul krediti götürmək üçün səfər etmək günah səfəri hesab olunurmu?Cavab:
1 və 3) Bu səfərlər günah səfəri hökmündədir.
2) Əgər bu qızıllar sırf kişilərin istifadəsi üçün olarsa, bu səfər günah səfəri hesab olunacaqdır.Səfərdə namazın vaxtında qılınmasına çətinlik yaratmaq
6. Sual: Mən xarici ölkəyə səfər edirəm. Avtobus sübh namazı üçün dayanmır. Mən oturacağımda əyləşən halda namaz qıla bilərəmmi? Yoxsa bu səfərə ümumiyyətlə getməməliyəm?
Cavab: Ümumiyyətlə, sərnişinlər namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə sürücüdən istəməlidirlər ki, namaz qılmaq üçün uyğun bir yerdə dayansın. Sürücü də sərnişinlərin istəyinə əməl etməlidir. Əgər hansısa bir səbəbə görə avtobusu dayandırmaq mümkün olmazsa, sərnişinlər namaz vaxtının keçəcəyindən qorxduqları təqdirdə namazı avtobusda qılmalı və imkan daxilində qiblə istiqamətinə, qiyam, rüku və səcdələrə riayət etməlidirlər. Bunu da qeyd edək ki, əgər səfərə getmək günah etməklə, məsələn, namazın şərtlərini tərk etmək kimi bir günah ilə yanaşı olarsa, zərurət olmadan bu səfərə getmək icazəli deyildir.
- Müsafir namazı
Müsafir namazı
7. Məsələ: Dördrəkətli namazlar səfərdə iki rəkət, yəni qəsr qılınır, əlbəttə, bu şərtlə ki, səfər edərkən qət edilən məsafə səkkiz fərsəxdən, təxminən 41 kilometrdən az olmamalıdır. Bu məsafə həm bir istiqamətdə (gediş istiqamətində), həm də gediş-qayıdış birlikdə hesablana bilər.[1]
Rahat və çətinliyi olmayan səfərlərdə müsafir namazı
8. Sual: Hazırkı dövrdə səfərlərin çox rahat həyata keçdiyini nəzərə alaraq, müsafir namazı yenə də qəsr qılınmalıdırmı?
Cavab: Bu hökm baxımından hazırkı dövr ilə keçmiş dövr arasında fərq qoyulmur.
Bir yerdə on gün qalmaq
9. Məsələ: Müəyyən bir yerdə ən azı on gün qalmaq niyyətində olan və ya orada ən azı on gün qalacağını bilən müsafir şəxs həmin yerdə namazlarını tam qılmalıdır.
10. Məsələ: Müəyyən bir yerdə on gün qalmaq niyyətində olan müsafir şəxs əgər həmin yerdə on gündən çox qalsa, orada qaldığı müddətdə namazlarını tam qılmalıdır və onun yenidən niyyət etməsinə ehtiyac yoxdur.
11. Məsələ: Müəyyən bir yerdə tərəddüdlə qalan, yəni orada qalacağı, yoxsa gedəcəyi məlum olmayan müsafir şəxs otuzuncu gündən sonra orada qaldığı müddətdə namazlarını tam qılmalıdır.
12. Məsələ: Ramazan ayında namazı qəsr qılan müsafir şəxs oruc tutmamalıdır. Amma əgər namazı tam qılırsa, məsələn, müəyyən bir yerdə on gün qalmağı qərara alıbsa və ya səfər etmək onun peşəsidirsə, oruc tutmalıdır.
İş səfəri
13. Məsələ: Peşəsi səfər etmək olan şəxslər, məsələn, pilot, gəmiçi və şəhərdən kənara səfər edən sürücülər, yaxud da işi səfərdə olan şəxslər, məsələn, təyyarənin, gəminin və qatarın işçiləri səfərdə namazı tam qılmalı, oruc da tutmalıdırlar.
Tərəxxüs həddi
14. Məsələ: Vətənindən yola düşən və şəri məsafəni qət etmək niyyətində olan müsafir şəxs müəyyən bir məsafəni qət etdikdən və öz vətənindən müəyyən bir həddə uzaqlaşdıqdan sonra namazını qəsr qıla bilər. Həmçinin səfərdən geri qayıdarkən həmin həddə çatdıqda namazını tam qılmalıdır. Bu hədd “tərəxxüs həddi” adlanır. Amma səfərdən geri qayıdarkən tərəxxüs həddi ilə şəhərin girəcəyi arasındakı məsafədə namazı həm qəsr, həm də tam qılması ehtiyat-müstəhəbə müvafiqdir. Tərəxxüs həddini təyin etməyin meyarı odur ki, səfərə yola düşən şəxs şəhərdə adi səslə və səsucaldansız deyilən azanın səsini eşitməyəcək bir məsafədə şəhərin sonuncu evlərindən uzaqlaşır, istər şəhərin divarlarını görsün, istərsə də görməsin.
Bir-birinə qovuşan şəhərlərdə tərəxxüs həddi
15. Sual: Almaniyada və Avropanın bir sıra ölkələrində bəzi şəhərlər arasındakı məsafə (şəhərin çıxışını və girişini göstərən lövhələrin qoyulduğu yerlər arasındakı məsafə) bəzən yüz metr belə olmur. Hətta iki şəhərin bəzi evləri və yolları bir-birinə tam birləşib. Bu şəhərlərdə tərəxxüs həddi necə təyin olunur?
Cavab: Bir şəhər digər şəhərə ürfə görə “bir şəhər” hesab olunan şəkildə birləşdiyi təqdirdə, bu iki şəhər “bir şəhərin iki məhəlləsi” hökmündə olur və bir şəhərdən digərinə getmək səfər etmək hesab olunmur. Buna görə də tərəxxüs həddinə ehtiyac qalmır.
Günah səfəri
16. Sual: Əgər bir şəxs getmək istədiyi səfərdə günah edəcəyini və haram əməl yerinə yetirəcəyini bilərsə, onun namazı qəsrdir, yoxsa tamdır?
Cavab: Əgər səfər və səfərin hədəfi günah olmasa, amma səfərdə haram bir əməl (məsələn, qeybət etmək və ya şərab içmək kimi haram əməl) yerinə yetirilsə, bu səfər “günah səfəri” hökmündə deyildir və namaz qəsrdir. Amma əgər haram əməl səfər boyunca (çox az bir vaxt istisna olmaqla) yerinə yetirilsə, belə ki, səfərin günah etməklə keçdiyi deyilsə, bu halda ehtiyata görə, namaz həm qəsr, həm də tam qılınmalıdır.
Səfərdə nafilələrin qılınması
17. Məsələ: Namazın qəsr qılındığı səfərdə zöhr və əsr namazlarının nafiləsini qılmaq (hətta savab ümidilə olsa belə) icazəli deyildir. Amma işa namazının nafiləsini (vuteyrə namazını) savab ümidilə qılmağın iradı yoxdur.
[1] Sual-cavab şəklində deyil, məsələ şəklində qeyd edilən şəri hökmlər “Namaz və oruc risaləsi”ndən əxz olunub.
- Səfərdə namaz vaxtlarının təyin edilməsi
Səfərdə namaz vaxtlarının təyin edilməsi
Təyyarədə şəri üfüqün təyin edilməsi
18. Sual: Mən illər sonra İrana səfər etmək niyyətindəyəm. Uçuş vaxtı günorta saat 5-dədir. Eniş vaxtı isə gecə saat 2-dədir. Namazı hansı məkanın şəri üfüqü ilə qılmalıyam? İranın, yoxsa başqa bir məkanın şəri üfüqü ilə qılmalıyam?
Cavab: Namaz qılmağa hazırlaşdığınız vaxt haradasınızsa, həmin məkanın şəri üfüqü ilə məğrib və işa namazlarını qılmalısınız, baxmayaraq ki, təyyarədəsiniz.
19. Sual:
1) Mən Tayland ölkəsinə səfər etmək niyyətindəyəm. Uçuş vaxtı gecə saat 11-dədir. Təyyarədə sübh namazımı hansı saatda və hansı şəkildə qılmalıyam?
2) Taylandda namaz vaxtlarını, xüsusilə də sübh namazının vaxtını necə təyin edə bilərəm?Cavab:
1) Əgər təyyarədə namazın şərtlərinə (o cümlədən bədənin hərəkətsizliyinə və qiblə istiqamətinə) riayət edərək namaz qılmaq mümkün olarsa, namaz vaxtının daxil olduğuna əmin olduqdan sonra (məsələn, havanın işıqlanmasını müşahidə edərək sübh namazının vaxtının daxil olduğuna əmin olaraq) namazı qılmalısınız. Əgər namazın şərtlərinə riayət etmək mümkün olmasa və uçuş başa çatanda namaz vaxtı başa çatmayacaqsa, namazı yubatmalı və uyğun bir yerdə namaz qılmalısınız. Amma əgər namaz vaxtı başa çatacaqdırsa, namazı təyyarədə qılmalı və mümkün qədər namazın şərtlərinə riayət etməlisiniz.
2) Orada olan şiə din alimlərindən və ya İran Mədəniyyət Mərkəzindən soruşa bilərsiniz.20. Sual: Əgər uçuş Yerin hərəkət istiqamətinin əks istiqamətində fasiləsiz olaraq 15 saatdan çox davam edərsə, belə ki, uçuş müddətində Yerin yalnız gündüz olan hissəsində olsaq, həmçinin (səfərin başlandığı yerin) sübh namazının vaxtı ilə (səfər edilən yerin və ya hazırda təyyarənin olduğu məkanın) şəri zöhr vaxtı arasındakı fasilə 12 saatdan çox olsa, zöhr namazını (sübh namazı ilə zöhr namazı arasındakı zaman fasiləsinin çox olduğunu nəzərə alaraq) hansı vaxtda qılmalıyıq?
Cavab: Olduğunuz yerdə – getdiyiniz şəhərdə və ya təyyarənin daxilində – zöhr namazının vaxtı daxil olduqda, namaz vaxtı başa çatmamış namazı qılmalısınız.
21. Sual: Təyyarə ilə olan uzunmüddətli səfərlərdə (belə ki, bəzən səfər on saatdan çox çəkir) namaz üçün vəzifəmiz nədir? Məsələn, mən zöhr vaxtı Amerikadan yola düşürəm və on saat sonra Avropaya çatıram, halbuki orada səhər saat 8-dir. Bu, namazın bir sutkası deməkdir. Mən indi hansı namazları hansı vaxtlarda qılmalıyam?
Cavab: Uçuş zamanı hansı namazın vaxtını müəyyən etmək mümkün olarsa, həmin namazı namazın şərtlərinə riayət edərək təyyarədə qılmalısınız.
Namaz vaxtı yenidən daxil olduğu zaman qılınan namazın təkrar qılınmasına ehtiyacın olmaması
22. Sual: Qitələrarası səfərlərdə təxminən 17 saat təyyarədə oluram. Səfər etdiyim yerə çatdığım zaman ya vaxtı hələ çatmayan bəzi namazlar indi qəza olmuşdur, ya da qıldığım bəzi namazların vaxtı yenidən daxil olmuşdur. Bu iki halda namazların hökmü nədir?
Cavab: Birinci halda – yəni səfərin başlandığı şəhərdə namaz vaxtının hələ daxil olmadığı halda – siz təyyarədə namaz vaxtı daxil olduqdan sonra namazı qılmalısınız. Əgər namazı qılmasanız, səfər etdiyiniz yerə çatdıqda bu namazın qəzasını qılmalısınız. İkinci halda – yəni səfərin başlandığı şəhərdə, məsələn, sübh namazını qıldığınız halda – səfər etdiyiniz yerə çatdıqda həmin günün sübh namazını qılmağa ehtiyac yoxdur.
23. Sual: Təyyarədə olarkən şəri zöhr vaxtı daxil olduqda zöhr və əsr namazları qılınır. Fərz edin ki, Dubaydan Braziliyaya səfər edilir və təyyarənin sürəti Yerin fırlanma sürətindən çoxdur. Uçuş bir müddət davam etdikdən sonra sərnişin yeni bir zöhr vaxtına daxil olur. Bu halda o, zöhr və əsr namazlarını yenidən qılmalıdırmı? Yoxsa qıldığı zöhr və əsr namazları kifayət edir?
Cavab: Əgər həmin günün zöhr vaxtıdırsa, namazı yenidən qılmağa ehtiyac yoxdur.
Gecə olmayan məntəqələrdə sübhü təyin etmək
24. Sual: Avropanın şimal məntəqələrində Günəş qürub etdikdən sonra da səma işıqlı olur, belə ki, “sadiq fəcr”in doğmasını təyin etmək mümkün deyildir. Əlbəttə, Günəş doğmamışdan bir saat yarım öncə səmanın işıqlılığı get-gedə artmağa başlayır. Bu müddətdə sübh namazını qılmaq olarmı?
Cavab: Səmanın işıqlılığı artmağa başladığı andan etibarən gecə başa çatır və sübh başlanır. Bu vaxt sübh namazının vaxtıdır. Amma əgər işıqlılığın artdığına şəkk olunarsa, namazı yubatmaq və sübh olduğuna yəqin etdikdə namazı qılmaq lazımdır.
- Səfərdə namaz məkanı
Səfərdə namaz məkanı
Təyyarədə qılınan namazın kifayət etməsi
25. Sual: Əgər uçuş müddətində namaz vaxtı daxil olsa, təyyarə eniş etdikdən sonra namaz vaxtının hələ başa çatmadığını nəzərə alaraq, təyyarədə qılınan namaz kifayət edirmi, yoxsa yenidən qılınmalıdır?
Cavab: Əgər təyyarədə namazın şərtlərinə, o cümlədən bədənin hərəkətsizliyinə və qiblə istiqamətinə riayət etmək mümkün olubsa, qılınan namazı yenidən qılmaq lazım deyildir. Əks halda, gözləmək və təyyarə eniş etdikdən sonra namazı bütün şərtlərinə riayət edərək qılmaq lazımdır.
Təyyarənin qadağan olunan məkanında namaz qılmağın hökmü
26. Sual: Əksər uçuşlarda namaz vaxtı, xüsusilə də sübh namazının vaxtı təyyarədə olduğumuz zaman daxil olur və başa çatır. Məsələn, əgər uçuş şərqdən qərbə doğru olarsa, təyyarənin Yerin hərəkətinin əks istiqamətində hərəkət etdiyini nəzərə alaraq, sübh azanı ilə Günəşin doğması arasında yalnız yarım saat vaxt olur. Məlum məsələdir ki, bu yarım saat ərzində yüz sərnişinin hamısı təyyarənin boş məkanlarında namaz qıla bilməyəcəklər. Digər tərəfdən təyyarələrin çoxunda, ümumiyyətlə, namaz qılmaq üçün yer təyin olunmayıbdır. Yəni təyyarə o qədər kiçikdir ki, təyyarənin salonunda boş yer, demək olar ki, yoxdur. Yaxud da boş məkanlar yalnız təyyarənin ekipajına aiddir və orada yemək hazırlayırlar. Bu halda ayaq üstə namaz qılmaq üçün yalnız iki məkan qalır. Biri, “təcili çıxış” qapısının qarşısındakı məkandır və bu məkanda, adətən, dayanmaq qadağandır. Digəri isə oturacaqların arasındakı dəhlizdir və bu da gediş-gəliş yoludur. Yəni əgər bir şəxs orada dayanıb ayaq üstə namaz qılmaq istəsə, yolu bağlayacaqdır. Odur ki, bu dəhlizdə namaz qılmaq düzgün deyildir. Belə bir şəraitdə təyyarənin ekipajı deyir ki, namazı yalnız öz oturacağınızda əyləşən halda qıla bilərsiniz. Mən də həmişə namazlarımı bu şəkildə qılıram. Amma bu dəfəki uçuşda xarici ölkə vətəndaşı olan bir qadın məndən səccadə aldı və qadağaya əhəmiyyət vermədən “təcili çıxış” qapısının qarşısında namaz qıldı. Əlbəttə, namazı çox müxtəsər və sürətlə qıldı. Həmin zaman kəsimində təyyarənin süqut etməsi və “təcili çıxış” qapısına ehtiyacın olması ehtimalı olduqca aşağı idi. Qadının bu əməli baş stüardessanın etirazına səbəb oldu. Namazdan sonra həm ona, həm də mənə bildirdi ki, təhlükəsizlik baxımından orada dayanmaq sərnişinlərə qadağandır. Sualım budur ki, stüardessanın icazə vermədiyi məkanda namaz qılmaq olarmı? Yəni bilmək istəyirəm ki, onun göstərişinə əhəmiyyət verməyib, namazı mümkün olan yerdə qılmaq lazımdırmı? Yoxsa onun göstərişinə müvafiq olaraq, namazı öz oturacağımda əşləşdiyim halda qılmalıyam? Əgər namazı əyləşdiyimiz halda qılsam, bu namazı yenidən, amma qəzasını uyğun bir yerdə (məsələn, təyyarənin eniş etdiyi hava limanında) qılmaq lazımdırmı? Yoxsa namaz vaxtında qıldığım bu namaz kifayət edir?
Cavab: Sualda qeyd edilənləri nəzərə alaraq, namazı təyyarədə tələb olunan qaydalara riayət edərək qılmaq lazımdır. Mümkün qədər qiyam, rüku, səcdə və qibləyə riayət olunmalıdır. Təyyarə hərəkət istiqamətini dəyişdikdə imkan daxilində qiblə istiqamətinə riayət etməlisiniz. Bədən hərəkətdə olduqda qiraət və zikri dayandırmaq lazımdır. Əgər qiblə istiqamətini, hətta başqalarından soruşmaqla olsa belə, təyin edə bilməsəniz, qiblə istiqaməti olduğuna güman etdiyiniz istiqamətə namazı qılın. Əgər qiblə istiqaməti barəsində şəkdə qalsanız və namaz vaxtı da geniş olsa, ehtiyat-vacibə görə, imkan daxilində namazı dörd istiqamətə qılın. Əgər namaz vaxtı geniş olmazsa, hansı istiqamətlərə namazı qılmağa vaxt çatırsa, namazı qılın və namaz düzgündür.
Səfərdə oruc tutmaq
27. Məsələ: Səfərdə müstəhəb oruc tutmağa icazə verilmir. Yalnız Mədinə şəhəri istisna təşkil edir, belə ki, müsafir şəxs istəyinin həyata keçməsi üçün orada üç gün müstəhəb oruc tuta bilər.
-
- Kişi və qadın ünsiyyətinin hökmləri
Kişi və qadın ünsiyyətinin hökmləri
Naməhrəmə baxmaq
28. Sual: Xarici ölkələrə səfərlərdə hicabsız qeyri-müsəlman qadınlara cinsi ləzzət hissi olmadan baxmaq haramdırmı?
Cavab: Qeyri-müsəlman qadınların bədəninin adətən örtmədikləri hissələrinə (məsələn, baş, üz, boyun, əllər və baldırlara) cinsi ləzzət hissi olmadan baxmağın iradı yoxdur. Bundan qeyri hissələrə baxmaq isə ehtiyata görə, icazəli deyildir. Amma cinsi ləzzət hissi ilə baxmaq birmənalı olaraq icazəli deyildir.
Naməhrəmin fotoşəklinə və videogörüntüsünə baxmaq
29. Sual: Bəzi gənclər pis görüntülərə baxır və müəyyən fikirlərlə özlərinə haqq qazandırmağa çalışırlar. Bu əməlin hökmü nədir? Əgər bu görüntülərə baxmaq insanın şəhvətini bir qədər sakitləşdirərsə və harama düşməyin qarşısını almaqda təsirli olarsa, bu əməlin hökmü nədir?
Cavab: Əgər şəxs bu görüntülərə cinsi ləzzət hissi ilə baxarsa və ya bu görüntülərə baxmağın şəhvətin həyəcanlanması ilə nəticələnəcəyini bilərsə, yaxud da günah və fəsad qorxusu mövcud olarsa, bu əməl haramdır. Bu görüntülərə baxmaqla insanın başqa bir harama düşməyəcəyini əsas gətirmək bu haramı icazəli etmir.
Xarici ölkələrin televiziya kanallarını izləmək
30. Sual: Qeyri-müsəlman ölkələrində televiziya kanallarını izləməyin hökmü nədir?
Cavab: Əgər pis görüntülər olmazsa, həmçinin hansısa bir fəsadı, günaha düşmək və ya əqidədən azmaq qorxusu mövcud olmazsa, bu kanalları izləməyin maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.
31. Sual: Xarici ölkələrin istehsal etdikləri cizgi filmlərini izləmək, onların nəşr etdikləri kitabları və romanları oxumaq (nəzərə alaq ki, onların əksəriyyətinin sujet xətti yanlış inanclardır, hətta bəzən şirkə qarışmış inanclardır) icazəlidirmi?
Cavab: Əqidədən azmaq qorxusu mövcud olduğu təqdirdə, buna icazə verilmir.
32. Sual: Mən idarə işçisiyəm. İş yerimdə internetdən ehtiyac miqdarında şəxsi istifadə edə bilərəmmi?
Cavab: Ümumi əmlakdan şəxsi istifadəyə icazə verilmir və istifadə etdiyi təqdirdə, şəxs borclu qalır. Yalnız şəri və qanuni baxımdan buna icazə verməyə səlahiyyəti çatan məsul şəxsin icazəsi ilə bunu etmək olar.
33. Sual: Səfər etdiyimiz xarici ölkənin internetindən istifadə etmək və onların televiziya kanallarını izləməyin hökmü nədir?
Cavab: Əgər haram bir işi özündə ehtiva etməzsə və hansısa bir fəsadı olmazsa, həmçinin qanunlara zidd olmazsa, bunun öz-özlüyündə iradı yoxdur.
Naməhrəm ilə ünsiyyətin hüdudları
34. Sual: İctimai yerlərdə müsəlman kişi və qadınların ünsiyyətinin hüdudlarını açıqlamanızı xahiş edirəm.
Cavab: Şəri vəzifə daşıyan hər bir qadın və kişiyə vacibdir ki, əks cins ilə ünsiyyətdə olarkən İslam şəriətinin qanun-qaydalarına dəqiqliklə riayət etsinlər, həmçinin günaha düşməyə və ya fitnə-fəsada səbəb olan işlərdən ciddi surətdə uzaq olsunlar.
Naməhrəm ilə xəlvət yerdə olmaq
35. Sual: Hansı halda naməhrəm kişi və qadın bir yerdə ola bilməzlər?
Cavab: Əgər naməhrəm kişi və qadın xəlvət bir yerdə olsalar, belə ki, orada heç kim olmasa və heç kim ora daxil ola bilməsə, harama düşəcəklərindən qorxduqları təqdirdə oranı tərk etməlidirlər.
36. Sual: İşlədiyimiz xarici ölkədə oranın vətəndaşı olan qadın ilə istehsal obyektlərinin, laboratoriyaların və ya xüsusi məkanların kənar şəxslərin girişi qadağan olan hissələrində işləməyin hökmü nədir?
Cavab: Əgər harama düşmək ehtimalı olarsa, buna icazə verilmir.
Eyni ayaqyolundan istifadə etmək
37. Sual: Bəzi idarələrdə və şirkətlərdə işçi kişi və qadınlar eyni ayaqyolundan istifadə edirlər. Bunun şəri hökmü nədir?
Cavab: Əgər günah etmək qorxusu mövcud olmasa və heç bir fəsadı da olmasa, bunun öz-özlüyündə maneəsi yoxdur.
Naməhrəmə əl verib görüşmək
38. Sual: Bəzi ölkələrdə kişinin qadına əl verib görüşməsi adi haldır, hətta bu tərzdə görüşməmək bir növ qarşı tərəfə hörmətsizlik hesab olunur. Xahiş edirəm, bu əməlin şəri hökmünü açıqlayardınız?
Cavab: Kişinin naməhrəm qadına əl verib görüşməsi haramdır. Əgər siz dini göstərişə əməl etdiyinizi açıqlayaraq bu işdən çəkinsəniz, hörmətsizlik hesab olunmayacaqdır. Müsəlman şəxs şəri vəzifələrə əməl etməyi digər işlərdən öndə tutmalıdır və hər bəhanə ilə vacib əməli tərk etməməli, haram əməli yerinə yetirməməlidir.
39. Sual: Əgər xarici ölkədə səfərdə olarkən istəmədən naməhrəm qadına əl verib görüşsək, bu əməlin hökmü nədir?
Cavab: Əgər bu əməli ixtiyari şəkildə yerinə yetirmisinizsə, haram iş görmüsünüz və buna görə tövbə etməlisiniz. Tövbə günaha görə peşman olmaq və bir daha bu əməli etməməyi ciddi şəkildə qərara almaqla gerçəkləşir.
Kişi-qadının birgə olduğu hovuz və saunadan istifadə etmək
40. Sual: Müsəlman şəxsin xarici ölkədə kişi-qadının birgə olduğu hovuz və hamamdan istifadə etməsinin hökmü nədir?
Cavab: İcazəli deyildir.
- Yeməklər və içkilər
- Paklıq və napaklıq məsələləri
Paklıq və napaklıq məsələləri
Qeyri-müsəlmanın yuduğu paltar
84. Sual: Xarici ölkələrdə camaşırxanaya və quru təmizləməyə verilən paltarların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, paltarların yuyulması və təmizlənməsi xidməti göstərən bu yerlərə xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını verirlər. Həmçinin bilirik ki, paltarların yuyulması üçün kimyəvi maddələrdən istifadə olunur.
Cavab: Əgər camaşırxanaya və quru təmizləməyə verilən paltar əvvəlcədən napak deyildisə, yuyulduqdan sonra da pakdır. Xristian və yəhudi dininə mənsub olan şəxslərin paltarları ilə təmasda olması paltarın napaklığına səbəb olmur.
85. Sual: Əgər bir paltarı kitab-əhli olmayan kafir şəxs yusa və Günəşin altında qurutsa, bu paltar pakdırmı?
Cavab: Kitab-əhli olmayan kafir napakdır və “keçici yaşlıq” vasitəsilə onun təmasda olduğu paltar napakdır.
86. Sual: Sahibi qeyri-müsəlman olan quru təmizləməyə verilən paltarın paklıq baxımından hökmü nədir? Qeyd edim ki, quru təmizləmədə sudan istifadə edilmir və xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını ora verirlər.
Cavab: Əgər siz quru təmizləməyə pak paltar versəniz, paltarı təhvil aldıqda da o, pakdır. Yalnız o halda paltar napak hesab olunur ki, paltarın napak bir şeylə “keçici yaşlıq” vasitəsilə təmasda olduğuna yəqinliyiniz olsun. Amma əgər quru təmizləməyə napak paltar versəniz, bu paltarın pak hesab olunması üçün onun lazımi şərtlər daxilində su ilə paklandığına yəqinliyiniz olmalıdır.
Paklıq məsələlərinə əhəmiyyət verməyən insanlarla ünsiyyət
87. Sual: Paklıq və napaklıq məsələlərinə riayət etməyən insanlarla ünsiyyətdə olmağın hökmü nədir?
Cavab: Ümumiyyətlə, bir şeyin napak olduğuna yəqinlik olmayanadək, bu şey pak hökmündədir.
Namaz qılmayan müsəlman şəxs ilə ünsiyyət
88. Sual: Biz bir neçə dost bir evi kirayə götürmüşük. Gördük ki, dostlardan biri namaz qılmır. Nə üçün namaz qılmadığını ondan soruşduqda dedi ki, Mütəal Allaha qəlbən inanır, amma namaz qılmır. Onunla bir yerdə yemək yediyimizi və daim ünsiyyətdə olduğumuzu nəzərə alaraq, biz onu napak hesab etməliyikmi?
Cavab: Namaz, oruc və şəriətin digər vacib ibadətlərini tərk etmək müsəlman şəxsin mürtəd olmasına səbəb olmur. Onun mürtəd olduğu, yəni dindən döndüyü dəqiqləşməyənədək, o da başqa müsəlmanlar hökmündədir və pakdır.
Xəstəxananın avadanlıqları
89. Sual: Mən cərrahiyyə əməliyyatı üçün xarici ölkənin xəstəxanalarından birinə getmək məcburiyyətində qaldım. Xəstəxananın çarpayısı napakdırmı? Xəstəxananın özünün paklıq və napaklıq baxımından hökmü nədir?
Cavab: Onların napak olduğuna yəqinlik olmayanadək, pak hökmündədirlər.
Ümumi nəqliyyat vasitələri
90. Sual: Mən qeyri-müsəlman bir ölkədə yaşayıram. Yağış yağarkən ümumi nəqliyyatdan istifadə edə bilərəmmi?
Cavab: Kitab-əhli olmayan ölkələrdə yağış yağarkən paltar və bədən islandığı təqdirdə, nəqliyyat vasitəsinin oturacağının napak olduğuna yəqinlik olmayanadək orada əyləşdikdə bədən və paltar napak olmur.
91. Sual: Həm müsəlmanların, həm də qeyri-müsəlmanların istifadə etdikləri avtomobil və qatarın oturacaqları pakdırmı? Belə ki, havanın yüksək temperaturu bədənin tərləməsinə və hətta yaşlığın bu oturacaqlara sirayət etməsinə səbəb olur.
Cavab: Kitab-əhli olan kafir pak hökmündədir. Hər bir halda, həm müsəlmanların, həm də kafirlərin istifadə etdikləri əşyaların napak olduğunu bilməyənədək, bu əşyalar pak hökmündədirlər.
Kitab-əhli ilə ünsiyyət
92. Sual: “Kitab-əhli” dedikdə, kimlər nəzərdə tutulur? Onlarla ünsiyyətin hüdudlarını müəyyən edən meyar nədir?
Cavab: “Kitab-əhli” dedikdə, ilahi dinlərdən birinə iman gətirən və ilahi peyğəmbərlərdən (ə) birinin ardıcılı olan şəxslər nəzərdə tutulur, məsələn, yəhudilər, xristianlar, zərdüştlər və sabiilər. İslam qanunları və əxlaqı çərçivəsində kitab-əhli ilə ünsiyyətdə olmağın iradı yoxdur.
Qonağın ev sahibinə napaklıq barədə məlumat verməsi
93. Sual: Əgər qonaq ev sahibinin əşyalarından birini napak etsə, bu barədə ev sahibinə məlumat verməlidirmi?
Cavab: Əgər qonaq bilsə ki, həmin əşya yemək yeyərkən və maye içərkən istifadə ediləcəkdir, bu halda ona bu barədə məlumat verməlidir. Həmçinin paklığın şərt olduğu hallarda (məsələn, qonaq “az su” ilə dəstəmaz almaq üçün istifadə edilən qabı napak etsə), ehtiyata görə, məlumat vermək vacibdir. Bundan qeyri hallarda məlumat vermək vacib deyildir.
Qeyri-müsəlmanın evində qalmaq
94. Sual: Bizim yaşadığımız məntəqədə əhalinin əksəriyyəti buddistdir. Əgər müsəlman bir şəxs onların hotelində qalsa və ya evini icarəyə götürsə, evin və onun daxilindəki əşyaların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, bu məntəqədəki evlərin əksəriyyəti taxtadan tikilib və yuyulmağa qabil deyildir.
Cavab: Əgər kitab-əhli olmayan kafirin yaş əl və bədən ilə sizin istifadə etmək istədiyiniz əşyalarla təmasda olduğuna yəqinliyiniz olmazsa, bu əşyalar pakdır. Amma əgər evin və ya əşyaların napak olduğuna yəqinliyiniz olsa, qapı və divarı, evin daxilindəki əşyaları – hansı ki, onlardan istifadə etmirsiniz – suya çəkmək vacib deyildir. Yalnız yemək və içmək, həmçinin namaz qılmaq üçün istifadə etdiyiniz əşyaları suya çəkməlisiniz.
95. Sual: Qeyri-müsəlmanların restoranlarındakı qab-qacaqdan, o cümlədən stəkan, qaşıq və bu kimi qablardan istifadə edə bilərəmmi?
Cavab: Restoranlarda olan qab-qacaqların, o cümlədən qaşıq-çəngəlin, boşqabların, stəkanların və başqa qabların napak olduğuna yəqinliyiniz olmadığı təqdirdə, onlar pakdırlar.
96. Sual: Əgər müsəlman bir şəxs həm müsəlmanların, həm də qeyri-müsəlmanların paltarlarını ütüləyirsə, bizim ona ütüləmək üçün verdiyimiz paltarların paklıq baxımından hökmü nədir?
Cavab: Bu paltarlar pakdır. Onların napak bir şeylə təmasda olduğuna əminliyiniz olduğu təqdirdə, onlar napak hesab olunur.
Pak bir əşyanın napak olması
97. Sual: Biz elə bir məntəqədə yaşayırıq ki, oranın əhalisi ya kafirdir və paklıq-napaklıq məsələlərini qəbul etmirlər, ya da müsəlmandır, amma paklıq-napaklıq məsələlərinə əhəmiyyət vermirlər və bu məsələlərə riayət etmirlər. Bu halda bizim vəzifəmiz nədir?
Cavab: Bir şeyin napak olduğuna yəqinliyiniz olmayanadək həmin şey pakdır.
Sidiyin xaric olduğu yeri paklamağın qaydası
98. Sual: Sidiyə çıxdıqdan sonra sidiyin xaric olduğu yer neçə dəfə yuyulduqda paklanır?
Cavab: Sidiyin xaric olduğu yer “kürr su” ilə bir dəfə yuyulduqda paklanır. “Az su” ilə isə ehtiyat-vacibə görə, iki dəfə yuyulduqda paklanır.
Nəcisin xaric olduğu yeri paklamağın qaydası
99. Sual: Nəcisin xaric olduğu yeri tualet salfeti ilə təmizləmək kifayət edirmi?
Cavab: Nəcisin xaric olduğu yeri iki şəkildə paklamaq olar. Birincisi odur ki, nəcis aradan gedənədək həmin yer su ilə yuyulur və nəcis aradan getdikdən sonra daha oranı suya çəkmək lazım deyildir. İkincisi odur ki, üç ədəd daş, parça, tualet salfeti və bu kimi şeylərlə nəcis həmin yerdən təmizlənir. Əgər üç daş, parça və s. ilə nəcisi təmizləyib aradan aparmaq mümkün olmazsa, əlavə daş, parça və s. istifadə olunur və nəcis tam təmizlənir. Üç ədəd daş, parça və s. əvəzinə bir daşın, parçanın və s.-nin üç yerindən istifadə etmək olar.
- Namaz
- Alğı-satqının hökmləri
Alğı-satqının hökmləri
Qida məhsullarının paklıq və napaklığını araşdırmaq
135. Sual: Qida məhsullarını alarkən qeyri-müsəlman satıcının və ya istehsalçının onlara toxunduğunu və ya bu məhsulların istehsalında spirtdən istifadə edildiyini araşdırmaq lazımdırmı?
Cavab: Soruşmaq və araşdırmaq lazım deyildir.
136. Sual: Əhalisinin böyük əksəriyyəti müsəlman olan müsəlman ölkəsində ətin halallığı barədə araşdırma aparmaq lazımdırmı?
Cavab: Əgər ət müsəlmanların bazarından əldə edilərsə, halaldır və araşdırma aparmaq lazım deyildir.
Müsəlmanların və qeyri-müsəlmanların bazarından alınan balıq
137. Sual: Əhli-sünnənin bazarından və ya başqa bazarlardan balıq almaq olarmı? Belə ki, balığın pulcuqlu olduğunu və ya şəri qaydada tutulduğunu bilmirik.
Cavab: Əgər balıq müsəlmanların bazarından alınarsa, iradı yoxdur. Amma əgər qeyri-müsəlmanların bazarından alınarsa, balığın sudan diri tutulduğunu və ya balıqçı toruna diri düşdüyünü bildiyiniz təqdirdə, balıq halaldır.
Yeyilməsi haram olan balığı qeyri-müsəlmana satmaq
138. Sual: Yeyilməsi haram olan dəniz heyvanlarını və ya yeyilməsi halal olan, amma suda ölən balığı dininə görə bu balığın yeyilməsini halal hesab edən şəxslərə satmaq olarmı?
Cavab: Bunun iradı yoxdur.
Alğı-satqıda qeyri-müsəlmana qarşı saxtakarlıq etmək
139. Sual: Alğı-satqıda qeyri-müsəlmana yalan danışmağın, onu aldatmağın və ona qarşı saxtakarlıq etməyin hökmü nədir?
Cavab: Qarşı tərəf qeyri-müsəlman olsa belə, yalan danışmağa, aldatmağa və saxtakarlığa icazə verilmir.
140. Sual: Kafirlərlə alğı-satqıda yalan danışmaq və saxtakarlıq etmək olarmı?
Cavab: İcazə verilmir.
Xarici ölkələrdən mal idxal etmək
141. Sual: Hazırkı dövrdə xarici ölkələrdən geyimlər idxal etmək, onların alğı-satqısı və istifadəsi şəhərlərdə geniş yayılmışdır. Qərb mədəniyyətinin İslam İnqilabına qarşı mədəni basqısını nəzərə alaraq, bu işin hökmü nədir?
Cavab: Əgər bu paltarları geyinmək iffətə və İslam əxlaqına zidd olarsa, yaxud İslam mədəniyyətinə düşmən olan qərb mədəniyyətini yaymaq hesab olunarsa, bu geyimlərin idxalı, alğı-satqısı və istifadəsi icazəli deyildir. Bunun qarşısının alınması üçün aidiyyatı qurumlara müraciət etmək lazımdır.
142. Sual: Dəridən hazırlanan malların, o cümlədən ayaqqabı, papaq və kəmərin alğı-satqısı və istifadəsinin hökmü nədir? Belə ki, onların yaş bədən və ya paltar ilə təmasda olacağı ehtimal olunur.
Cavab: Bu malların alğı-satqısının öz-özlüyündə maneəsi yoxdur. Amma paklıq baxımından məsələyə yanaşsaq, əgər bu mallar müsəlmanların bazarından və ya müsəlman ölkələrindən alınıbsa, yaxud müsəlman ölkələrin istehsalıdırsa, onlar pak hökmündədirlər və namazda da onları geyinməyin iradı yoxdur. Əks halda, əgər dərinin şəri kəsim olmayan heyvanın dərisi olduğuna yəqinliyiniz olarsa, bu halda həmin dəri napakdır. Amma əgər heyvanın şəri kəsim olub-olmadığını bilməsəniz, bu halda həmin dəri pakdır. Lakin bu dəridən olan geyimlə namaz qılmaq düzgün deyildir.
143. Sual: Əgər hansısa bir məhsulu ölkəyə daxil etmək qadağandırsa, onu rəsmi diplomat yükü daxilində (belə ki, rəsmi diplomatların yükü yoxlanışdan keçirilmir) ölkəyə daxil etmək icazəlidirmi?
Cavab: Ümumiyyətlə, bu kimi məsələlər aidiyyatı qanunlara tabedir və bu qanunları pozmağa icazə verilmir.
144. Sual: Qeyri-müsəlman ölkələrindən mal idxal etməyin hökmü nədir?
Cavab: Əgər qeyri-müsəlman ölkələrindən mal idxal etmək və onlardan istifadə etmək İslama və müsəlmanlara düşmən kəsilən kafir və istismarçı dövlətlərin güclənməsinə səbəb olarsa, yaxud müsəlmanların ölkələrinə hücum edə bilmələri üçün onların maddi gücünü artırarsa, müsəlmanlara bu malları almamaq və istifadə etməmək vacibdir.
Sionistlərə aid şirkətlərlə alğı-satqı
145. Sual: İsrail istehsalı olan məhsulları idxal etmək və onları yaymaq icazəlidirmi? Əgər bu iş məcburiyyətdən irəli gələrsə, bu halda bu məhsulların satışı icazəlidirmi?
Cavab: İslamın və müsəlmanların düşməni olan qəsbkar İsrail dövlətinin xeyrinə olan ticarətdən çəkinmək lazımdır. İstehsalından və satışından onların xeyir götürdükləri malları idxal etmək və yaymaq heç kimə icazəli deyildir. Həmçinin İslam və müsəlmanlar üçün yaratdığı fəsadları və onlara vurduğu ziyanları nəzərə alaraq, sözügedən malları almaq müsəlmanlara icazəli deyildir.
146. Sual: Müsəlman ölkələrində satılan İsrail məhsullarını müsəlmanlar ala bilərlərmi?
Cavab: Bütün müsəlmanlara vacibdir ki, istehsalından və satışından İslam və müsəlmanlara qarşı müharibə aparan sionistlərin gəlir götürdükləri malları almaqdan çəkinsinlər.
İş ezamiyyətlərində verilən hədiyyələr
147. Sual: Xarici ölkələrə iş ilə əlaqədar ezam olunan şəxslərə verilən hədiyyələrin hökmü nədir? Bu hədiyyələr həmin şəxslərə aiddir, yoxsa beytul-mala aiddir?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir. (Bir sıra xüsusi hədiyyələr beytul-mala aiddir.)
İslam Respublikasının amallarına qarşı hörmətsizlik sayılan ədəbiyyat
148. Sual: Haqq yoldan azdıran kitabların, o cümlədən “Şeytan ayələri” kitabının alğı-satqısının hökmü nədir?
Cavab: Haqq yoldan azdıran kitabların alğı-satqısı və saxlanılması icazəli deyildir. Buna yalnız o halda icazə verilir ki, həmin kitablardakı yanlış düşüncələri cavablandırmağa elmi gücü çatan şəxslərin bu kitablardan istifadə etməyə ehtiyacı vardır.
149. Sual: Müsəlmanlar və qeyri-müsəlmanların bir-birilərinə qan verib-alması icazəlidirmi?
Cavab: Bunun iradı yoxdur.
150. Sual: Qeyri-müsəlman ölkələrində qan bağışlamaq icazəlidirmi?
Cavab: Bəli, icazəlidir.
Valyuta alğı-satqısı
151. Sual: Qeyri-rəsmi bazarda valyuta dəyişmək icazəlidirmi?
Cavab: Bu iş qanunlara müvafiq şəkildə görülməlidir. Qanunları pozmağa icazə verilmir.
152. Sual: Bəzi şəxslər xaricə səfər etməyən şəxslərin pasportu ilə valyuta alır və onu qara bazarda satırlar. Bu işin iradı vardırmı?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir.
153. Sual: İran İslam Respublikasının hazırkı iqtisadi durumunu nəzərə alaraq, xarici ölkədən İrana səfər edən şəxslərdən valyuta almağın hökmü nədir?
Cavab: Valyuta alğı-satqısı İslam dövlətinin qanunlarına müvafiq şəkildə yerinə yetirilməlidir.
154. Sual: Xarici ölkədə yaşayan, amma ailəsi və ya işi İranda olan iranlı və ya qeyri-iranlı şəxslər İranda bu ölkənin valyutasını verib, xarici ölkədə oranın valyutasını ala bilərlərmi?
Cavab: Əvvəlki sualın cavabı bu sualın da cavabıdır.
155. Sual: Bir şəxsin xarici ölkədə valyutası var və o, bu valyutanın qarşılığında ölkədən pul və ya mal xaric etməyib. O, bu valyuta ilə İranda olan bir evi alğı-satqı edə bilərmi?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir.
156. Sual: Valyuta mübadiləsi və alğı-satqısı işi barəsində sizin rəyiniz nədir?
Cavab: Əgər aidiyyatı qanunlara müvafiq olarsa, bu işin öz-özlüyündə maneəsi yoxdur.
Qaçaq malın satışı və İslam dövlətinin qanunlarını pozmaq
157. Sual: Bəziləri deyirlər ki, alğı-satqısı qeyri-qanuni elan olunan qaçaq mallar silah, narkotika və bu kimi mallardır. Amma parça, paltar və bu kimi qaçaq malların alğı-satqısının iradı yoxdur. Xahiş edirəm, bu məsələ barəsində fikrinizi bildirərdiniz.
Cavab: Qaçaq malların satışı İslam dövlətinin qanunlarına müvafiq şəkildə olmalıdır. Əgər dövlət buna maneəçilik yaratmırsa və bu mallar bazarda satılırsa, iradı yoxdur.
158. Sual: İslam dövlətinin qanunlarına zidd olan şəkildə xaricdən ölkəyə valyuta daxil edən şəxslər şəri baxımdan bu pulun sahibi olurlarmı, yoxsa yalnız haram iş görürlər?
Cavab: Bu iş İslam dövlətinin qanunlarına müvafiq şəkildə yerinə yetirilməlidir.
159. Sual: Mən iş üçün xarici ölkələrdən birinə getdim və bir müddət işlədikdən sonra qazandığım pulu qeyri-qanuni şəkildə İran puluna çevirdim. (Belə ki, rəsmi qiymət ilə qara bazar qiyməti arasında bir neçə dəfə fərq var idi.) Mən bu pul ilə ev aldım. Xahiş edirəm ki, bu pulların haram, yoxsa halal olduğunu bildirəsiniz. Bu evdə namaz qılmaq düzgündür, yoxsa düzgün deyildir?
Cavab: İslam dövlətinin qanunlarını pozmağa icazə verilmir. Amma həmin evdə namaz qılmaq düzgündür.
- Müxtəlif məsələlər
Müxtəlif məsələlər
Borc almaq və vermək
160. Sual: Müsəlman şəxsin xristian və yəhudi dininə mənsub şəxslərdən, bəhai firqəsinin ardıcıllarından borc alması və ya onlara borc verməsi icazəlidirmi?
Cavab: Azğın bəhai firqəsinin ardıcılları istisna olmaqla, digərlərindən borc almaq və ya onlara borc verməyin maneəsi yoxdur.
Vəkalət
161. Sual: Mən qeyri-müsəlman bir vəkili özümə vəkil tuta bilərəmmi?
Cavab: Əgər məhkəmədə işinə baxılan tərəflərdən biri müsəlman şəxs, digəri qeyri-müsəlman şəxs olarsa, müsəlman şəxs öz haqqının müdafiə olunması və alınması üçün qeyri-müsəlman bir vəkili özünə vəkil tuta bilər. Amma əgər tərəflərdən hər ikisi müsəlman olarsa, müsəlman şəxs başqa bir müsəlmanın əleyhinə çıxış etməsi üçün qeyri-müsəlman vəkili özünə vəkil tuta bilməz.
Müvəqqəti izdivac
162. Sual: İş ezamiyyətində olduğumuz yerlərdə müvəqqəti izdivac etməyin hökmü nədir?
Cavab: Müxtəlif hallar mövcuddur və bu məsələnin hökmü aidiyyatı qanunlara tabedir.
Qeyri-müsəlman şəxsə Quran və ya mübarək adları hədiyyə vermək
163. Sual: Bəzi xarici səfərlərdə təbliğ məqsədilə qeyri-müsəlmanlara Quran hədiyyə verilir. Bunun iradı vardırmı?
Cavab: Bu əməl haram deyildir. Amma əgər Qurana və mübarək adlara qarşı hörmətsizlik və ya onların napak olmasına səbəb olarsa, buna icazə verilmir.
164. Sual: İranlılar bəzən başqa ölkələrin vətəndaşlarına üzərində İran İslam Respublikasının gerbi həkk olunmuş və ya Allahın adı yazılmış hədiyyələr verirlər. Nəzərə alsaq ki, onların bu mübarək kəlmələr ilə bədən təmasında olduğu ehtimal olunur, bu hədiyyələri verməyin hökmü nədir?
Cavab: Əgər hörmətsizlik etmək sayılmazsa, bunun maneəsi yoxdur.
Günah məclisində iştirak etmək
165. Sual: Günah məclisində iştirak etməyin hökmü nədir?
Cavab: Əgər günah məclisində iştirak etmək günah etməyə və ya günahı dəstəkləməyə səbəb olarsa, yaxud da “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək bu məclisi tərk etməyə və ya orada iştirak etməməyə bağlı olarsa, bu hallarda həmin məclisdə iştirak etmək olmaz. Şəxs o məclisdə iştirak etdiyi təqdirdə oranı tərk etməlidir.
166. Sual: Bəzi xarici səfərlərdə təşkil edilən rəsmi qonaqlıqlarda xatirə fotoşəkli çəkilir və xarici ölkələrin qadınları əksər hallarda hicabsız olurlar. Belə olan halda bu fotoşəkli çəkdirmək şəriət baxımından icazəlidirmi?
Cavab: Əgər günahı dəstəkləmək və yaymaq hesab olunmazsa, yaxud hansısa bir fəsadı olmazsa, yaxud da günah etmək qorxusu mövcud olmazsa, bu fotoşəkli çəkdirmək icazəlidir.
167. Sual: Bəzi müsəlmanlar xristianların bayramlarını qeyd edirlər. Bunun iradı vardırmı?
Cavab: İsa Məsihin (ə) milad bayramını qeyd etməyin iradı yoxdur, amma elə bir şəkildə qeyd edilməlidir ki, yanlış inancları və ənənələri yaymaq hesab olunmasın.
168. Sual: Qeyri-müsəlman ölkələrində dövlət əmlakını və ya ayrı-ayrı fərdlərin əmlakını qorumaq vacibdirmi? Onların qanunlarının icazə verdiyi hallardan qeyri hallarda təhsil mərkəzlərinin imkanlarından istifadə etmək olarmı?
Cavab: Əmlakın toxunulmazlığı və sahibinin icazəsi ilə əmlakdan istifadə etməyin vacibliyi baxımından müsəlman ilə qeyri-müsəlman arasında, yaxud şəxsi əmlak ilə dövlət əmlakı arasında fərq yoxdur. Həmçinin əmlakın qeyri-müsəlmanların ölkəsində və ya müsəlmanların ölkəsində olması, əmlak sahibinin qeyri-müsəlman və ya müsəlman olması arasında fərq yoxdur. Ümumiyyətlə, sahibinin icazəsi olmadan başqasının əmlakından istifadə etmək şəriət baxımından icazəli deyildir. İcazəsiz istifadə qəsb sayılır və haramdır. İstifadə edən şəxs istifadə etdiyi malı onun sahibinə borcludur.
169. Sual: Bizim yaşadığımız yerdə bu fikir formalaşıb ki, öz müsəlman əhalisini incidən və onlara zülm edən, xüsusilə də Əhli-beyt (ə) ardıcıllarını təcrid edən qeyri-İslam dövlətinə kommunal xidmətlərin pulunu, o cümlədən su və işıq pulunu ödəmək vacib deyildir. Biz bu dövlətdə su və işıq pulunu ödəməyə bilərikmi?
Cavab: Hər kim dövlətin təmin etdiyi sudan və işıqdan istifadə edirsə, onun pulunu ödəməlidir, baxmayaraq ki, dövlət İslam dövləti deyildir.
170. Sual: Əmlakı toxunulmaz olan qeyri-müsəlmanın malını oğurlamağın hökmü nədir?
Cavab: İcazə verilmir.
Sirr açmaq
171. Sual: İnsan öz sirrini və xüsusi işini insanlara açıb danışa bilərmi?
Cavab: Əgər insanın öz şəxsi işini başqalarına açıb danışmasının hansısa bir şəkildə başqa bir şəxsə və ya şəxslərə də aidiyyatı olarsa, yaxud hansısa bir fəsadı olarsa, buna icazə verilmir.
Qanun çərçivəsində insanların şəxsi işlərini araşdırmaq
172. Sual: Biz çox əhəmiyyətli peşələrə kadrlar seçərkən onların şəxsi həyatı və işi barəsində araşdırma aparmaq məcburiyyətindəyik. Onların şəxsi keyfiyyətlərini, dinini, sosial rəftarlarını, hətta onun özünün və ya ailə üzvlərinin azğın firqələrə qoşulmadığını araşdırır, əldə etdiyimiz məlumatları yuxarı vəzifəli məsullara ötürürük. Bu işin və onlar barəsində danışdığımız söhbətlərin hökmü nədir?
Cavab: Qanun çərçivəsində araşdırma aparmağın iradı yoxdur. Əks halda, buna icazə verilmir və haramdır.
Xarici radioları dinləmək
173. Sual: Yalanların və təxribatların aydınlaşması üçün xarici radioları dinləməyin iradı vardırmı? Qeyd edim ki, bu radioların əksəriyyətində Siz və ölkə Prezidenti açıq-aşkar təhqir edilirsiniz.
Cavab: Əgər haqq yoldan azmağa səbəb olarsa və ya hansısa bir fəsadı olacağından qorxu yaranarsa, buna icazə verilmir.
Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə vermək
174. Sual: Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə verməyin hökmü nədir?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
Kitab-əhli olan kafirə və kitab-əhli olmayan kafirə sahiblənmək
175. Sual: Müsəlman şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan kafir şəxsə – istər kişi olsun, istərsə də qadın olsun – kafirlərin ölkəsində və ya müsəlmanların ölkəsində sahiblənə bilərmi?
Cavab: Buna icazə verilmir. Əgər kafirlər müsəlman torpaqlarına hücum etsələr və müsəlmanlar onları əsir götürsə, bu halda əsirlərin taleyi İslam hakiminin ixtiyarındadır. Müsəlmanlar əsirlərin taleyini təyin etmək hüququna malik deyildirlər.
Müsəlman ölkəsində yaşayan kitab-əhli
176. Sual: Müsəlman ölkəsində yaşayan kitab-əhli “əhli-zimmə” hökmündədirmi?
Cavab: Onlar İslam dövlətinin qanunlarına tabe və dövlətin himayəsində olduqları, habelə onlara verilən amannaməyə zidd hərəkət etmədikləri təqdirdə, “muahid” hökmündədirlər.