Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Xarici səfərlərə dair məsələlər

  • Səfər
  • Kişi və qadın ünsiyyətinin hökmləri
  • Yeməklər və içkilər
  • Paklıq və napaklıq məsələləri
  • Namaz
  • Alğı-satqının hökmləri
  • Müxtəlif məsələlər
    Çap versiyası  ;  PDF
     
    Müxtəlif məsələlər

     

     
     
    Borc almaq və vermək
    160. Sual: Müsəlman şəxsin xristian və yəhudi dininə mənsub şəxslərdən, bəhai firqəsinin ardıcıllarından borc alması və ya onlara borc verməsi icazəlidirmi?
    Cavab: Azğın bəhai firqəsinin ardıcılları istisna olmaqla, digərlərindən borc almaq və ya onlara borc verməyin maneəsi yoxdur.
     
    Vəkalət
    161. Sual: Mən qeyri-müsəlman bir vəkili özümə vəkil tuta bilərəmmi?
    Cavab: Əgər məhkəmədə işinə baxılan tərəflərdən biri müsəlman şəxs, digəri qeyri-müsəlman şəxs olarsa, müsəlman şəxs öz haqqının müdafiə olunması və alınması üçün qeyri-müsəlman bir vəkili özünə vəkil tuta bilər. Amma əgər tərəflərdən hər ikisi müsəlman olarsa, müsəlman şəxs başqa bir müsəlmanın əleyhinə çıxış etməsi üçün qeyri-müsəlman vəkili özünə vəkil tuta bilməz.
     
    Müvəqqəti izdivac
    162. Sual: İş ezamiyyətində olduğumuz yerlərdə müvəqqəti izdivac etməyin hökmü nədir?
    Cavab: Müxtəlif hallar mövcuddur və bu məsələnin hökmü aidiyyatı qanunlara tabedir.
     
    Qeyri-müsəlman şəxsə Quran və ya mübarək adları hədiyyə vermək
    163. Sual: Bəzi xarici səfərlərdə təbliğ məqsədilə qeyri-müsəlmanlara Quran hədiyyə verilir. Bunun iradı vardırmı?
    Cavab: Bu əməl haram deyildir. Amma əgər Qurana və mübarək adlara qarşı hörmətsizlik və ya onların napak olmasına səbəb olarsa, buna icazə verilmir.

     

    164. Sual: İranlılar bəzən başqa ölkələrin vətəndaşlarına üzərində İran İslam Respublikasının gerbi həkk olunmuş və ya Allahın adı yazılmış hədiyyələr verirlər. Nəzərə alsaq ki, onların bu mübarək kəlmələr ilə bədən təmasında olduğu ehtimal olunur, bu hədiyyələri verməyin hökmü nədir?
    Cavab: Əgər hörmətsizlik etmək sayılmazsa, bunun maneəsi yoxdur.
     
    Günah məclisində iştirak etmək
    165. Sual: Günah məclisində iştirak etməyin hökmü nədir?
    Cavab: Əgər günah məclisində iştirak etmək günah etməyə və ya günahı dəstəkləməyə səbəb olarsa, yaxud da “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək bu məclisi tərk etməyə və ya orada iştirak etməməyə bağlı olarsa, bu hallarda həmin məclisdə iştirak etmək olmaz. Şəxs o məclisdə iştirak etdiyi təqdirdə oranı tərk etməlidir.
     
    166. Sual: Bəzi xarici səfərlərdə təşkil edilən rəsmi qonaqlıqlarda xatirə fotoşəkli çəkilir və xarici ölkələrin qadınları əksər hallarda hicabsız olurlar. Belə olan halda bu fotoşəkli çəkdirmək şəriət baxımından icazəlidirmi?
    Cavab: Əgər günahı dəstəkləmək və yaymaq hesab olunmazsa, yaxud hansısa bir fəsadı olmazsa, yaxud da günah etmək qorxusu mövcud olmazsa, bu fotoşəkli çəkdirmək icazəlidir.
     
    167. Sual: Bəzi müsəlmanlar xristianların bayramlarını qeyd edirlər. Bunun iradı vardırmı?
    Cavab: İsa Məsihin (ə) milad bayramını qeyd etməyin iradı yoxdur, amma elə bir şəkildə qeyd edilməlidir ki, yanlış inancları və ənənələri yaymaq hesab olunmasın.
     
    168. Sual: Qeyri-müsəlman ölkələrində dövlət əmlakını və ya ayrı-ayrı fərdlərin əmlakını qorumaq vacibdirmi? Onların qanunlarının icazə verdiyi hallardan qeyri hallarda təhsil mərkəzlərinin imkanlarından istifadə etmək olarmı?
    Cavab: Əmlakın toxunulmazlığı və sahibinin icazəsi ilə əmlakdan istifadə etməyin vacibliyi baxımından müsəlman ilə qeyri-müsəlman arasında, yaxud şəxsi əmlak ilə dövlət əmlakı arasında fərq yoxdur. Həmçinin əmlakın qeyri-müsəlmanların ölkəsində və ya müsəlmanların ölkəsində olması, əmlak sahibinin qeyri-müsəlman və ya müsəlman olması arasında fərq yoxdur. Ümumiyyətlə, sahibinin icazəsi olmadan başqasının əmlakından istifadə etmək şəriət baxımından icazəli deyildir. İcazəsiz istifadə qəsb sayılır və haramdır. İstifadə edən şəxs istifadə etdiyi malı onun sahibinə borcludur.
     
    169. Sual: Bizim yaşadığımız yerdə bu fikir formalaşıb ki, öz müsəlman əhalisini incidən və onlara zülm edən, xüsusilə də Əhli-beyt (ə) ardıcıllarını təcrid edən qeyri-İslam dövlətinə kommunal xidmətlərin pulunu, o cümlədən su və işıq pulunu ödəmək vacib deyildir. Biz bu dövlətdə su və işıq pulunu ödəməyə bilərikmi?
    Cavab: Hər kim dövlətin təmin etdiyi sudan və işıqdan istifadə edirsə, onun pulunu ödəməlidir, baxmayaraq ki, dövlət İslam dövləti deyildir.
     
    170. Sual: Əmlakı toxunulmaz olan qeyri-müsəlmanın malını oğurlamağın hökmü nədir?
    Cavab: İcazə verilmir.
     
    Sirr açmaq
    171. Sual: İnsan öz sirrini və xüsusi işini insanlara açıb danışa bilərmi?
    Cavab: Əgər insanın öz şəxsi işini başqalarına açıb danışmasının hansısa bir şəkildə başqa bir şəxsə və ya şəxslərə də aidiyyatı olarsa, yaxud hansısa bir fəsadı olarsa, buna icazə verilmir.
     
    Qanun çərçivəsində insanların şəxsi işlərini araşdırmaq
    172. Sual: Biz çox əhəmiyyətli peşələrə kadrlar seçərkən onların şəxsi həyatı və işi barəsində araşdırma aparmaq məcburiyyətindəyik. Onların şəxsi keyfiyyətlərini, dinini, sosial rəftarlarını, hətta onun özünün və ya ailə üzvlərinin azğın firqələrə qoşulmadığını araşdırır, əldə etdiyimiz məlumatları yuxarı vəzifəli məsullara ötürürük. Bu işin və onlar barəsində danışdığımız söhbətlərin hökmü nədir?
    Cavab: Qanun çərçivəsində araşdırma aparmağın iradı yoxdur. Əks halda, buna icazə verilmir və haramdır.
     
    Xarici radioları dinləmək
    173. Sual: Yalanların və təxribatların aydınlaşması üçün xarici radioları dinləməyin iradı vardırmı? Qeyd edim ki, bu radioların əksəriyyətində Siz və ölkə Prezidenti açıq-aşkar təhqir edilirsiniz.
    Cavab: Əgər haqq yoldan azmağa səbəb olarsa və ya hansısa bir fəsadı olacağından qorxu yaranarsa, buna icazə verilmir.
     
    Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə vermək
    174. Sual: Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə verməyin hökmü nədir?
    Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
     
    Kitab-əhli olan kafirə və kitab-əhli olmayan kafirə sahiblənmək
    175. Sual: Müsəlman şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan kafir şəxsə – istər kişi olsun, istərsə də qadın olsun – kafirlərin ölkəsində və ya müsəlmanların ölkəsində sahiblənə bilərmi?
    Cavab: Buna icazə verilmir. Əgər kafirlər müsəlman torpaqlarına hücum etsələr və müsəlmanlar onları əsir götürsə, bu halda əsirlərin taleyi İslam hakiminin ixtiyarındadır. Müsəlmanlar əsirlərin taleyini təyin etmək hüququna malik deyildirlər.
     
    Müsəlman ölkəsində yaşayan kitab-əhli
    176. Sual: Müsəlman ölkəsində yaşayan kitab-əhli “əhli-zimmə” hökmündədirmi?
    Cavab: Onlar İslam dövlətinin qanunlarına tabe və dövlətin himayəsində olduqları, habelə onlara verilən amannaməyə zidd hərəkət etmədikləri təqdirdə, “muahid” hökmündədirlər.

     

700 /