Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Xarici səfərlərə dair məsələlər

  • Səfər
  • Kişi və qadın ünsiyyətinin hökmləri
  • Yeməklər və içkilər
  • Paklıq və napaklıq məsələləri
    Çap versiyası  ;  PDF

     

    Paklıq və napaklıq məsələləri

     

    Qeyri-müsəlmanın yuduğu paltar
    84. Sual: Xarici ölkələrdə camaşırxanaya və quru təmizləməyə verilən paltarların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, paltarların yuyulması və təmizlənməsi xidməti göstərən bu yerlərə xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını verirlər. Həmçinin bilirik ki, paltarların yuyulması üçün kimyəvi maddələrdən istifadə olunur.
    Cavab: Əgər camaşırxanaya və quru təmizləməyə verilən paltar əvvəlcədən napak deyildisə, yuyulduqdan sonra da pakdır. Xristian və yəhudi dininə mənsub olan şəxslərin paltarları ilə təmasda olması paltarın napaklığına səbəb olmur.
     
    85. Sual: Əgər bir paltarı kitab-əhli olmayan kafir şəxs yusa və Günəşin altında qurutsa, bu paltar pakdırmı?
    Cavab: Kitab-əhli olmayan kafir napakdır və “keçici yaşlıq” vasitəsilə onun təmasda olduğu paltar napakdır.
     
    86. Sual: Sahibi qeyri-müsəlman olan quru təmizləməyə verilən paltarın paklıq baxımından hökmü nədir? Qeyd edim ki, quru təmizləmədə sudan istifadə edilmir və xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını ora verirlər.
    Cavab: Əgər siz quru təmizləməyə pak paltar versəniz, paltarı təhvil aldıqda da o, pakdır. Yalnız o halda paltar napak hesab olunur ki, paltarın napak bir şeylə “keçici yaşlıq” vasitəsilə təmasda olduğuna yəqinliyiniz olsun. Amma əgər quru təmizləməyə napak paltar versəniz, bu paltarın pak hesab olunması üçün onun lazımi şərtlər daxilində su ilə paklandığına yəqinliyiniz olmalıdır.
     
    Paklıq məsələlərinə əhəmiyyət verməyən insanlarla ünsiyyət
    87. Sual: Paklıq və napaklıq məsələlərinə riayət etməyən insanlarla ünsiyyətdə olmağın hökmü nədir?
    Cavab: Ümumiyyətlə, bir şeyin napak olduğuna yəqinlik olmayanadək, bu şey pak hökmündədir.
     
    Namaz qılmayan müsəlman şəxs ilə ünsiyyət
    88. Sual: Biz bir neçə dost bir evi kirayə götürmüşük. Gördük ki, dostlardan biri namaz qılmır. Nə üçün namaz qılmadığını ondan soruşduqda dedi ki, Mütəal Allaha qəlbən inanır, amma namaz qılmır. Onunla bir yerdə yemək yediyimizi və daim ünsiyyətdə olduğumuzu nəzərə alaraq, biz onu napak hesab etməliyikmi?
    Cavab: Namaz, oruc və şəriətin digər vacib ibadətlərini tərk etmək müsəlman şəxsin mürtəd olmasına səbəb olmur. Onun mürtəd olduğu, yəni dindən döndüyü dəqiqləşməyənədək, o da başqa müsəlmanlar hökmündədir və pakdır.
     
    Xəstəxananın avadanlıqları
    89. Sual: Mən cərrahiyyə əməliyyatı üçün xarici ölkənin xəstəxanalarından birinə getmək məcburiyyətində qaldım. Xəstəxananın çarpayısı napakdırmı? Xəstəxananın özünün paklıq və napaklıq baxımından hökmü nədir?
    Cavab: Onların napak olduğuna yəqinlik olmayanadək, pak hökmündədirlər.
     
    Ümumi nəqliyyat vasitələri
    90. Sual: Mən qeyri-müsəlman bir ölkədə yaşayıram. Yağış yağarkən ümumi nəqliyyatdan istifadə edə bilərəmmi?
    Cavab: Kitab-əhli olmayan ölkələrdə yağış yağarkən paltar və bədən islandığı təqdirdə, nəqliyyat vasitəsinin oturacağının napak olduğuna yəqinlik olmayanadək orada əyləşdikdə bədən və paltar napak olmur.
     
    91. Sual: Həm müsəlmanların, həm də qeyri-müsəlmanların istifadə etdikləri avtomobil və qatarın oturacaqları pakdırmı? Belə ki, havanın yüksək temperaturu bədənin tərləməsinə və hətta yaşlığın bu oturacaqlara sirayət etməsinə səbəb olur.
    Cavab: Kitab-əhli olan kafir pak hökmündədir. Hər bir halda, həm müsəlmanların, həm də kafirlərin istifadə etdikləri əşyaların napak olduğunu bilməyənədək, bu əşyalar pak hökmündədirlər.
     
    Kitab-əhli ilə ünsiyyət
    92. Sual: “Kitab-əhli” dedikdə, kimlər nəzərdə tutulur? Onlarla ünsiyyətin hüdudlarını müəyyən edən meyar nədir?
    Cavab: “Kitab-əhli” dedikdə, ilahi dinlərdən birinə iman gətirən və ilahi peyğəmbərlərdən (ə) birinin ardıcılı olan şəxslər nəzərdə tutulur, məsələn, yəhudilər, xristianlar, zərdüştlər və sabiilər. İslam qanunları və əxlaqı çərçivəsində kitab-əhli ilə ünsiyyətdə olmağın iradı yoxdur.
     
    Qonağın ev sahibinə napaklıq barədə məlumat verməsi
    93. Sual: Əgər qonaq ev sahibinin əşyalarından birini napak etsə, bu barədə ev sahibinə məlumat verməlidirmi?
    Cavab: Əgər qonaq bilsə ki, həmin əşya yemək yeyərkən və maye içərkən istifadə ediləcəkdir, bu halda ona bu barədə məlumat verməlidir. Həmçinin paklığın şərt olduğu hallarda (məsələn, qonaq “az su” ilə dəstəmaz almaq üçün istifadə edilən qabı napak etsə), ehtiyata görə, məlumat vermək vacibdir. Bundan qeyri hallarda məlumat vermək vacib deyildir.
     
    Qeyri-müsəlmanın evində qalmaq
    94. Sual: Bizim yaşadığımız məntəqədə əhalinin əksəriyyəti buddistdir. Əgər müsəlman bir şəxs onların hotelində qalsa və ya evini icarəyə götürsə, evin və onun daxilindəki əşyaların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, bu məntəqədəki evlərin əksəriyyəti taxtadan tikilib və yuyulmağa qabil deyildir.
    Cavab: Əgər kitab-əhli olmayan kafirin yaş əl və bədən ilə sizin istifadə etmək istədiyiniz əşyalarla təmasda olduğuna yəqinliyiniz olmazsa, bu əşyalar pakdır. Amma əgər evin və ya əşyaların napak olduğuna yəqinliyiniz olsa, qapı və divarı, evin daxilindəki əşyaları – hansı ki, onlardan istifadə etmirsiniz – suya çəkmək vacib deyildir. Yalnız yemək və içmək, həmçinin namaz qılmaq üçün istifadə etdiyiniz əşyaları suya çəkməlisiniz.
     
    95. Sual: Qeyri-müsəlmanların restoranlarındakı qab-qacaqdan, o cümlədən stəkan, qaşıq və bu kimi qablardan istifadə edə bilərəmmi?
    Cavab: Restoranlarda olan qab-qacaqların, o cümlədən qaşıq-çəngəlin, boşqabların, stəkanların və başqa qabların napak olduğuna yəqinliyiniz olmadığı təqdirdə, onlar pakdırlar.
     
    96. Sual: Əgər müsəlman bir şəxs həm müsəlmanların, həm də qeyri-müsəlmanların paltarlarını ütüləyirsə, bizim ona ütüləmək üçün verdiyimiz paltarların paklıq baxımından hökmü nədir?
    Cavab: Bu paltarlar pakdır. Onların napak bir şeylə təmasda olduğuna əminliyiniz olduğu təqdirdə, onlar napak hesab olunur.
     
    Pak bir əşyanın napak olması
    97. Sual: Biz elə bir məntəqədə yaşayırıq ki, oranın əhalisi ya kafirdir və paklıq-napaklıq məsələlərini qəbul etmirlər, ya da müsəlmandır, amma paklıq-napaklıq məsələlərinə əhəmiyyət vermirlər və bu məsələlərə riayət etmirlər. Bu halda bizim vəzifəmiz nədir?
    Cavab: Bir şeyin napak olduğuna yəqinliyiniz olmayanadək həmin şey pakdır.
     
    Sidiyin xaric olduğu yeri paklamağın qaydası
    98. Sual: Sidiyə çıxdıqdan sonra sidiyin xaric olduğu yer neçə dəfə yuyulduqda paklanır?
    Cavab: Sidiyin xaric olduğu yer “kürr su” ilə bir dəfə yuyulduqda paklanır. “Az su” ilə isə ehtiyat-vacibə görə, iki dəfə yuyulduqda paklanır.
     
    Nəcisin xaric olduğu yeri paklamağın qaydası
    99. Sual: Nəcisin xaric olduğu yeri tualet salfeti ilə təmizləmək kifayət edirmi?
    Cavab: Nəcisin xaric olduğu yeri iki şəkildə paklamaq olar. Birincisi odur ki, nəcis aradan gedənədək həmin yer su ilə yuyulur və nəcis aradan getdikdən sonra daha oranı suya çəkmək lazım deyildir. İkincisi odur ki, üç ədəd daş, parça, tualet salfeti və bu kimi şeylərlə nəcis həmin yerdən təmizlənir. Əgər üç daş, parça və s. ilə nəcisi təmizləyib aradan aparmaq mümkün olmazsa, əlavə daş, parça və s. istifadə olunur və nəcis tam təmizlənir. Üç ədəd daş, parça və s. əvəzinə bir daşın, parçanın və s.-nin üç yerindən istifadə etmək olar.

     

  • Namaz
  • Alğı-satqının hökmləri
  • Müxtəlif məsələlər
700 /