Yüklə:
Xarici səfərlərə dair məsələlər
- Səfər
- Kişi və qadın ünsiyyətinin hökmləri
Kişi və qadın ünsiyyətinin hökmləri
Naməhrəmə baxmaq
28. Sual: Xarici ölkələrə səfərlərdə hicabsız qeyri-müsəlman qadınlara cinsi ləzzət hissi olmadan baxmaq haramdırmı?
Cavab: Qeyri-müsəlman qadınların bədəninin adətən örtmədikləri hissələrinə (məsələn, baş, üz, boyun, əllər və baldırlara) cinsi ləzzət hissi olmadan baxmağın iradı yoxdur. Bundan qeyri hissələrə baxmaq isə ehtiyata görə, icazəli deyildir. Amma cinsi ləzzət hissi ilə baxmaq birmənalı olaraq icazəli deyildir.
Naməhrəmin fotoşəklinə və videogörüntüsünə baxmaq
29. Sual: Bəzi gənclər pis görüntülərə baxır və müəyyən fikirlərlə özlərinə haqq qazandırmağa çalışırlar. Bu əməlin hökmü nədir? Əgər bu görüntülərə baxmaq insanın şəhvətini bir qədər sakitləşdirərsə və harama düşməyin qarşısını almaqda təsirli olarsa, bu əməlin hökmü nədir?
Cavab: Əgər şəxs bu görüntülərə cinsi ləzzət hissi ilə baxarsa və ya bu görüntülərə baxmağın şəhvətin həyəcanlanması ilə nəticələnəcəyini bilərsə, yaxud da günah və fəsad qorxusu mövcud olarsa, bu əməl haramdır. Bu görüntülərə baxmaqla insanın başqa bir harama düşməyəcəyini əsas gətirmək bu haramı icazəli etmir.
Xarici ölkələrin televiziya kanallarını izləmək
30. Sual: Qeyri-müsəlman ölkələrində televiziya kanallarını izləməyin hökmü nədir?
Cavab: Əgər pis görüntülər olmazsa, həmçinin hansısa bir fəsadı, günaha düşmək və ya əqidədən azmaq qorxusu mövcud olmazsa, bu kanalları izləməyin maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.
31. Sual: Xarici ölkələrin istehsal etdikləri cizgi filmlərini izləmək, onların nəşr etdikləri kitabları və romanları oxumaq (nəzərə alaq ki, onların əksəriyyətinin sujet xətti yanlış inanclardır, hətta bəzən şirkə qarışmış inanclardır) icazəlidirmi?
Cavab: Əqidədən azmaq qorxusu mövcud olduğu təqdirdə, buna icazə verilmir.
32. Sual: Mən idarə işçisiyəm. İş yerimdə internetdən ehtiyac miqdarında şəxsi istifadə edə bilərəmmi?
Cavab: Ümumi əmlakdan şəxsi istifadəyə icazə verilmir və istifadə etdiyi təqdirdə, şəxs borclu qalır. Yalnız şəri və qanuni baxımdan buna icazə verməyə səlahiyyəti çatan məsul şəxsin icazəsi ilə bunu etmək olar.
33. Sual: Səfər etdiyimiz xarici ölkənin internetindən istifadə etmək və onların televiziya kanallarını izləməyin hökmü nədir?
Cavab: Əgər haram bir işi özündə ehtiva etməzsə və hansısa bir fəsadı olmazsa, həmçinin qanunlara zidd olmazsa, bunun öz-özlüyündə iradı yoxdur.
Naməhrəm ilə ünsiyyətin hüdudları
34. Sual: İctimai yerlərdə müsəlman kişi və qadınların ünsiyyətinin hüdudlarını açıqlamanızı xahiş edirəm.
Cavab: Şəri vəzifə daşıyan hər bir qadın və kişiyə vacibdir ki, əks cins ilə ünsiyyətdə olarkən İslam şəriətinin qanun-qaydalarına dəqiqliklə riayət etsinlər, həmçinin günaha düşməyə və ya fitnə-fəsada səbəb olan işlərdən ciddi surətdə uzaq olsunlar.
Naməhrəm ilə xəlvət yerdə olmaq
35. Sual: Hansı halda naməhrəm kişi və qadın bir yerdə ola bilməzlər?
Cavab: Əgər naməhrəm kişi və qadın xəlvət bir yerdə olsalar, belə ki, orada heç kim olmasa və heç kim ora daxil ola bilməsə, harama düşəcəklərindən qorxduqları təqdirdə oranı tərk etməlidirlər.
36. Sual: İşlədiyimiz xarici ölkədə oranın vətəndaşı olan qadın ilə istehsal obyektlərinin, laboratoriyaların və ya xüsusi məkanların kənar şəxslərin girişi qadağan olan hissələrində işləməyin hökmü nədir?
Cavab: Əgər harama düşmək ehtimalı olarsa, buna icazə verilmir.
Eyni ayaqyolundan istifadə etmək
37. Sual: Bəzi idarələrdə və şirkətlərdə işçi kişi və qadınlar eyni ayaqyolundan istifadə edirlər. Bunun şəri hökmü nədir?
Cavab: Əgər günah etmək qorxusu mövcud olmasa və heç bir fəsadı da olmasa, bunun öz-özlüyündə maneəsi yoxdur.
Naməhrəmə əl verib görüşmək
38. Sual: Bəzi ölkələrdə kişinin qadına əl verib görüşməsi adi haldır, hətta bu tərzdə görüşməmək bir növ qarşı tərəfə hörmətsizlik hesab olunur. Xahiş edirəm, bu əməlin şəri hökmünü açıqlayardınız?
Cavab: Kişinin naməhrəm qadına əl verib görüşməsi haramdır. Əgər siz dini göstərişə əməl etdiyinizi açıqlayaraq bu işdən çəkinsəniz, hörmətsizlik hesab olunmayacaqdır. Müsəlman şəxs şəri vəzifələrə əməl etməyi digər işlərdən öndə tutmalıdır və hər bəhanə ilə vacib əməli tərk etməməli, haram əməli yerinə yetirməməlidir.
39. Sual: Əgər xarici ölkədə səfərdə olarkən istəmədən naməhrəm qadına əl verib görüşsək, bu əməlin hökmü nədir?
Cavab: Əgər bu əməli ixtiyari şəkildə yerinə yetirmisinizsə, haram iş görmüsünüz və buna görə tövbə etməlisiniz. Tövbə günaha görə peşman olmaq və bir daha bu əməli etməməyi ciddi şəkildə qərara almaqla gerçəkləşir.
Kişi-qadının birgə olduğu hovuz və saunadan istifadə etmək
40. Sual: Müsəlman şəxsin xarici ölkədə kişi-qadının birgə olduğu hovuz və hamamdan istifadə etməsinin hökmü nədir?
Cavab: İcazəli deyildir.
- Yeməklər və içkilər
- Paklıq və napaklıq məsələləri
Paklıq və napaklıq məsələləri
Qeyri-müsəlmanın yuduğu paltar
84. Sual: Xarici ölkələrdə camaşırxanaya və quru təmizləməyə verilən paltarların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, paltarların yuyulması və təmizlənməsi xidməti göstərən bu yerlərə xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını verirlər. Həmçinin bilirik ki, paltarların yuyulması üçün kimyəvi maddələrdən istifadə olunur.
Cavab: Əgər camaşırxanaya və quru təmizləməyə verilən paltar əvvəlcədən napak deyildisə, yuyulduqdan sonra da pakdır. Xristian və yəhudi dininə mənsub olan şəxslərin paltarları ilə təmasda olması paltarın napaklığına səbəb olmur.
85. Sual: Əgər bir paltarı kitab-əhli olmayan kafir şəxs yusa və Günəşin altında qurutsa, bu paltar pakdırmı?
Cavab: Kitab-əhli olmayan kafir napakdır və “keçici yaşlıq” vasitəsilə onun təmasda olduğu paltar napakdır.
86. Sual: Sahibi qeyri-müsəlman olan quru təmizləməyə verilən paltarın paklıq baxımından hökmü nədir? Qeyd edim ki, quru təmizləmədə sudan istifadə edilmir və xristian və yəhudi dininə mənsub olan şəxslər də öz paltarlarını ora verirlər.
Cavab: Əgər siz quru təmizləməyə pak paltar versəniz, paltarı təhvil aldıqda da o, pakdır. Yalnız o halda paltar napak hesab olunur ki, paltarın napak bir şeylə “keçici yaşlıq” vasitəsilə təmasda olduğuna yəqinliyiniz olsun. Amma əgər quru təmizləməyə napak paltar versəniz, bu paltarın pak hesab olunması üçün onun lazımi şərtlər daxilində su ilə paklandığına yəqinliyiniz olmalıdır.
Paklıq məsələlərinə əhəmiyyət verməyən insanlarla ünsiyyət
87. Sual: Paklıq və napaklıq məsələlərinə riayət etməyən insanlarla ünsiyyətdə olmağın hökmü nədir?
Cavab: Ümumiyyətlə, bir şeyin napak olduğuna yəqinlik olmayanadək, bu şey pak hökmündədir.
Namaz qılmayan müsəlman şəxs ilə ünsiyyət
88. Sual: Biz bir neçə dost bir evi kirayə götürmüşük. Gördük ki, dostlardan biri namaz qılmır. Nə üçün namaz qılmadığını ondan soruşduqda dedi ki, Mütəal Allaha qəlbən inanır, amma namaz qılmır. Onunla bir yerdə yemək yediyimizi və daim ünsiyyətdə olduğumuzu nəzərə alaraq, biz onu napak hesab etməliyikmi?
Cavab: Namaz, oruc və şəriətin digər vacib ibadətlərini tərk etmək müsəlman şəxsin mürtəd olmasına səbəb olmur. Onun mürtəd olduğu, yəni dindən döndüyü dəqiqləşməyənədək, o da başqa müsəlmanlar hökmündədir və pakdır.
Xəstəxananın avadanlıqları
89. Sual: Mən cərrahiyyə əməliyyatı üçün xarici ölkənin xəstəxanalarından birinə getmək məcburiyyətində qaldım. Xəstəxananın çarpayısı napakdırmı? Xəstəxananın özünün paklıq və napaklıq baxımından hökmü nədir?
Cavab: Onların napak olduğuna yəqinlik olmayanadək, pak hökmündədirlər.
Ümumi nəqliyyat vasitələri
90. Sual: Mən qeyri-müsəlman bir ölkədə yaşayıram. Yağış yağarkən ümumi nəqliyyatdan istifadə edə bilərəmmi?
Cavab: Kitab-əhli olmayan ölkələrdə yağış yağarkən paltar və bədən islandığı təqdirdə, nəqliyyat vasitəsinin oturacağının napak olduğuna yəqinlik olmayanadək orada əyləşdikdə bədən və paltar napak olmur.
91. Sual: Həm müsəlmanların, həm də qeyri-müsəlmanların istifadə etdikləri avtomobil və qatarın oturacaqları pakdırmı? Belə ki, havanın yüksək temperaturu bədənin tərləməsinə və hətta yaşlığın bu oturacaqlara sirayət etməsinə səbəb olur.
Cavab: Kitab-əhli olan kafir pak hökmündədir. Hər bir halda, həm müsəlmanların, həm də kafirlərin istifadə etdikləri əşyaların napak olduğunu bilməyənədək, bu əşyalar pak hökmündədirlər.
Kitab-əhli ilə ünsiyyət
92. Sual: “Kitab-əhli” dedikdə, kimlər nəzərdə tutulur? Onlarla ünsiyyətin hüdudlarını müəyyən edən meyar nədir?
Cavab: “Kitab-əhli” dedikdə, ilahi dinlərdən birinə iman gətirən və ilahi peyğəmbərlərdən (ə) birinin ardıcılı olan şəxslər nəzərdə tutulur, məsələn, yəhudilər, xristianlar, zərdüştlər və sabiilər. İslam qanunları və əxlaqı çərçivəsində kitab-əhli ilə ünsiyyətdə olmağın iradı yoxdur.
Qonağın ev sahibinə napaklıq barədə məlumat verməsi
93. Sual: Əgər qonaq ev sahibinin əşyalarından birini napak etsə, bu barədə ev sahibinə məlumat verməlidirmi?
Cavab: Əgər qonaq bilsə ki, həmin əşya yemək yeyərkən və maye içərkən istifadə ediləcəkdir, bu halda ona bu barədə məlumat verməlidir. Həmçinin paklığın şərt olduğu hallarda (məsələn, qonaq “az su” ilə dəstəmaz almaq üçün istifadə edilən qabı napak etsə), ehtiyata görə, məlumat vermək vacibdir. Bundan qeyri hallarda məlumat vermək vacib deyildir.
Qeyri-müsəlmanın evində qalmaq
94. Sual: Bizim yaşadığımız məntəqədə əhalinin əksəriyyəti buddistdir. Əgər müsəlman bir şəxs onların hotelində qalsa və ya evini icarəyə götürsə, evin və onun daxilindəki əşyaların paklıq baxımından hökmü nədir? Qeyd edək ki, bu məntəqədəki evlərin əksəriyyəti taxtadan tikilib və yuyulmağa qabil deyildir.
Cavab: Əgər kitab-əhli olmayan kafirin yaş əl və bədən ilə sizin istifadə etmək istədiyiniz əşyalarla təmasda olduğuna yəqinliyiniz olmazsa, bu əşyalar pakdır. Amma əgər evin və ya əşyaların napak olduğuna yəqinliyiniz olsa, qapı və divarı, evin daxilindəki əşyaları – hansı ki, onlardan istifadə etmirsiniz – suya çəkmək vacib deyildir. Yalnız yemək və içmək, həmçinin namaz qılmaq üçün istifadə etdiyiniz əşyaları suya çəkməlisiniz.
95. Sual: Qeyri-müsəlmanların restoranlarındakı qab-qacaqdan, o cümlədən stəkan, qaşıq və bu kimi qablardan istifadə edə bilərəmmi?
Cavab: Restoranlarda olan qab-qacaqların, o cümlədən qaşıq-çəngəlin, boşqabların, stəkanların və başqa qabların napak olduğuna yəqinliyiniz olmadığı təqdirdə, onlar pakdırlar.
96. Sual: Əgər müsəlman bir şəxs həm müsəlmanların, həm də qeyri-müsəlmanların paltarlarını ütüləyirsə, bizim ona ütüləmək üçün verdiyimiz paltarların paklıq baxımından hökmü nədir?
Cavab: Bu paltarlar pakdır. Onların napak bir şeylə təmasda olduğuna əminliyiniz olduğu təqdirdə, onlar napak hesab olunur.
Pak bir əşyanın napak olması
97. Sual: Biz elə bir məntəqədə yaşayırıq ki, oranın əhalisi ya kafirdir və paklıq-napaklıq məsələlərini qəbul etmirlər, ya da müsəlmandır, amma paklıq-napaklıq məsələlərinə əhəmiyyət vermirlər və bu məsələlərə riayət etmirlər. Bu halda bizim vəzifəmiz nədir?
Cavab: Bir şeyin napak olduğuna yəqinliyiniz olmayanadək həmin şey pakdır.
Sidiyin xaric olduğu yeri paklamağın qaydası
98. Sual: Sidiyə çıxdıqdan sonra sidiyin xaric olduğu yer neçə dəfə yuyulduqda paklanır?
Cavab: Sidiyin xaric olduğu yer “kürr su” ilə bir dəfə yuyulduqda paklanır. “Az su” ilə isə ehtiyat-vacibə görə, iki dəfə yuyulduqda paklanır.
Nəcisin xaric olduğu yeri paklamağın qaydası
99. Sual: Nəcisin xaric olduğu yeri tualet salfeti ilə təmizləmək kifayət edirmi?
Cavab: Nəcisin xaric olduğu yeri iki şəkildə paklamaq olar. Birincisi odur ki, nəcis aradan gedənədək həmin yer su ilə yuyulur və nəcis aradan getdikdən sonra daha oranı suya çəkmək lazım deyildir. İkincisi odur ki, üç ədəd daş, parça, tualet salfeti və bu kimi şeylərlə nəcis həmin yerdən təmizlənir. Əgər üç daş, parça və s. ilə nəcisi təmizləyib aradan aparmaq mümkün olmazsa, əlavə daş, parça və s. istifadə olunur və nəcis tam təmizlənir. Üç ədəd daş, parça və s. əvəzinə bir daşın, parçanın və s.-nin üç yerindən istifadə etmək olar.
- Namaz
- Namazın hökmləri və şərtləri
Namazın hökmləri və şərtləri
100. Sual: Namaza səhlənkar yanaşan və ya namazı bilərəkdən qılmayan şəxsin hökmü nədir?
Cavab: Gündəlik beş namaz İslam şəriətinin çox mühüm vacib əməllərindəndir, hətta dinin sütunudur. Namazı bilərəkdən qılmamaq və ya namaza səhlənkar yanaşmaq şəri baxımdan haramdır və buna görə insanı cəza gözləyir.
101. Sual: Qeyri-müsəlman ölkələrinə olan bəzi iş ezamiyyətlərində müəyyən səbəblərə görə, məsələn, iş və ya təhlükəsizliyə görə namaz qılmaq imkanı olmur. Bu halda ezam olunan şəxslərin vəzifəsi nədir?
Cavab: Namaz heç bir halda insanın üzərindən götürülmür. Ezamiyyət elə bir şəkildə təşkil olunmalıdır ki, namazı adi qaydada qılmaq mümkün olsun. Əgər namazı adi qaydada qılmaq mümkün olmazsa, mümkün olan şəkildə qılmaq lazımdır.
- Namazların vaxtı
Namazların vaxtı
102. Sual: İran İslam Respublikasının xarici ölkələrdə yerləşən səfirlikləri və konsulluqlarında ölkələrin paytaxtları və böyük şəhərlərinin namaz vaxtlarını əks etdirən cədvəllər təqdim olunur. Bu cədvəllərə nə qədər etibar etmək olar?
Cavab: Namaz vaxtının daxil olduğuna insanın özünün əminliyi olmalıdır. Əgər bir şəxsdə bu cədvəl əsasında namazın vaxtının daxil olduğuna dair əminlik yaranmazsa, o, namaz vaxtının daxil olduğuna yəqin edənədək gözləməlidir.
103. Sual: Əgər xarici ölkələrə səfər zamanı namazın vaxtının nə zaman daxil olduğunu bilməsək, nə etməliyik?
Cavab: Namazın şəri vaxtının daxil olduğuna yəqin edənədək gözləməlisiniz.
- Qiblənin hökmləri
Qiblənin hökmləri
104. Məsələ: Namaz qılan şəxsin qiblə istiqaməti barəsində yəqinliyi və ya əminliyi olmalıdır. Bu yəqinlik və ya əminlik düzgün və etibarlı qiblənüma vasitəsilə, yaxud Günəşin və ulduzların işıq saçması yolu ilə (əlbəttə, bu yoldan istifadə edən şəxsin bu barədə məlumatı və bacarığı olmalıdır), yaxud da başqa yollar vasitəsilə yarana bilər. Əgər bir şəxs qiblənin hansı istiqamətdə olduğuna əmin ola bilməsə, böyük ehtimal etdiyi istiqamətə namaz qılmalıdır. Məsələn, məscidlərin mehrabına əsaslanaraq yaranan ehtimala müvafiq əməl edə bilər.
105. Məsələ: Əgər bir şəxs qiblə istiqamətini araşdırdıqdan sonra yenə də qiblə istiqamətini səhv təyin edərsə, qiblədən sağ və ya sol tərəfə yayınma doxsan dərəcədən az olduğu təqdirdə, bu şəxsin namazı düzgündür. Əgər o, namaz əsnasında bu səhvi başa düşərsə, namazın qalan hissəsini qiblə istiqamətinə qılmalıdır. Bu hökm baxımından namaz vaxtının geniş olub-olmamasının bir fərqi yoxdur.
106. Sual: Əgər bir şəxs elə bir şəraitdə olsa ki, qiblə istiqamətini ümumiyyətlə bilməsə və heç bir tərəf barəsində də ehtimalı olmasa, namaz qılmaq üçün bu şəxs nə etməlidir? O, hansı istiqamətə namaz qılmalıdır?
Cavab: Ehtiyat-vacibə görə, o, dörd istiqamətə namaz qılmalıdır. Əgər dörd namaz qılmaq üçün kifayət qədər vaxt olmazsa, hansı sayda namaz qılmaq üçün vaxt vardırsa, o sayda namaz qılmalıdır.
107. Sual: Təyyarədə hansı istiqamətə namaz qılmalıyıq?
Cavab: Əgər qiblə istiqamətini, hətta təyyarə işçilərindən soruşaraq belə, təyin edə bilməsəniz və təyyarə eniş edənədək namazı yubatdığınız təqdirdə namaz qəza olacaqdırsa, qiblə olduğunu ehtimal etdiyiniz istiqamətə namazı qılın. Amma əgər qiblə istiqaməti barəsində şəkkiniz olsa və namaz vaxtı da geniş olsa, ehtiyat-vacibə görə, dörd istiqamətə namazı qılmalısınız. Namaz vaxtı dar olduğu təqdirdə isə hansı sayda namaz qılmaq imkanı vardırsa, o sayda namaz qılın.
108. Sual: Əgər təyyarədə bədən hərəkətsiz vəziyyətdə namaz qılmaq mümkün olsa, həmçinin namazın digər şərtlərinə, məsələn, qiyama, rükuya və səcdələrə riayət etmək mümkün olsa, amma qiblə istiqamətini təyin etmək mümkün olmasa, təyyarədə namaz qılmaq olarmı? Bu halda insanın vəzifəsi nədir?
Cavab: Əvvəlki sualın cavabına müvafiq şəkildə əməl edilməlidir.
109. Sual: Bildiyimiz kimi, ayaqyolunda bədənin qabaq hissəsi, yəni sinə və qarın nahiyəsi, yaxud bədənin arxa hissəsi qiblə tərəfə olmamalıdır. Xarici ölkələrdə bəzi hotellər, restoranlar və başqa məkanlarda ayaqyolunun inşasında bu məsələyə riayət olunmadığını nəzərə alaraq, bizim vəzifəmiz nədir?
Cavab: Əgər şəxs qiblə istiqamətini bilirsə, bu məsələyə riayət etməlidir.
110. Sual: Qatarın ayaqyolunda qiblə istiqamətinə riayət etmək çətindir, çünki qatar hərəkət istiqamətini dəyişir. Bu halda insan ayaqyoluna gedərkən qiblə istiqamətini təyin etməlidirmi?
Cavab: Bəli, qiblə istiqamətini təyin etmək lazımdır. Əgər qiblə istiqamətini təyin etmək mümkün olmasa və ayaqyoluna getməmək insan üçün çətinlik yaratsa, o, ayaqyoluna gedə bilər. Amma əgər hansısa bir istiqamətin qiblə olduğunu ehtimal edərsə, bu ehtimala müvafiq şəkildə əməl etməlidir.
111. Sual: Əgər ayaqyolunun istiqaməti qiblə istiqamətindən yalnız 20-22 dərəcə fərq etsə və bunu ayaqyolundan bir müddət istifadə etdikdən sonra başa düşsək, ayaqyolunun çanağının istiqamətini dəyişməliyikmi?
Cavab: Əgər qiblənin sağ və ya sol tərəflərinə yönəlmə “qiblədən yayınma” adlanacaq dərəcədə olarsa, bu, kifayət edir və iradı yoxdur.
Qiblə istiqamətini təyin etməyin çətin olduğu məkan
112. Sual: Əgər Kəbə evinin Yer kürəsindəki müqabil nöqtəsi təyin olunsa, belə ki, Kəbənin üstündən şaquli şəkildə çəkilən xəyali xətt Yer kürəsinin mərkəzindən keçərək digər tərəfdən çıxsa, bu nöqtədə qiblə istiqamətinə necə riayət olunmalıdır?
Cavab: Üzü qibləyə dayanmağın meyarı, insanın Yer kürəsinin səthində üzü Kəbəyə tərəf (Məkkədə yerləşən Allah evinə tərəf) dayanmasıdır. Beləliklə, əgər insanın sakini olduğu məntəqənin dörd bir tərəfindən xəyali düz xətlər Yer kürəsinin səthi ilə Məkkəyə tərəf çəkilərsə və uzunluq baxımından bu xətlər bir-birinə bərabər olarsa, insan qiblə üçün istədiyi tərəfə dayana və namaz qıla bilər. Amma əgər bu xətlərin uzunluğu bəzi istiqamətlərdə az və daha qısa olarsa, belə ki, bu xətlərin uzunluqları arasındakı fərq, ürfdə “üzü qibləyə” adlanmaq baxımından ixtilafa səbəb olarsa, insana daha qısa istiqaməti seçmək vacibdir.
- Namaz məkanı
Namaz məkanı
Namaz məkanının paklığı
113. Sual: Əgər bir şəxsin namaz qıldığı məkan pak olmasa, amma səcdə yeri pak olsa, namaz düzgündürmü?
Cavab: Əgər namaz qıldığı məkanın napaklığı onun paltarına və ya bədəninə sirayət etməsə, bunun iradı yoxdur.
Nəqliyyat vasitələrində namaz qılmaq
114. Sual: Qatarda, təyyarədə və gəmidə namaz qılmağın qaydasını açıqlamanızı xahiş edirəm.
Cavab: Namaz məkanı hərəkətsiz olduğu və qibləyə riayət edildiyi təqdirdə, sözügedən nəqliyyat vasitələrində namaz qılmağın iradı yoxdur. Amma nəqliyyat vasitəsinin hərəkət istiqamətinin dəyişməsi nəticəsində qiblə istiqaməti dəyişildiyi zaman vacib namazlarda imkan daxilində çevrilərək qiblə istiqamətini qorumaq lazımdır. Əlbəttə, çevrilərkən ayə və zikrləri deməyi dayandırmaq lazımdır. Amma əgər namaz vaxtı dar olarsa, namaz məkanı hərəkətsiz olmasa belə, namazı öz vaxtında qılmaq lazımdır.
115. Sual: Qayıqla iş səfərinə ezam olunan şəxslər namaz vaxtı dar olduğuna görə namazı qayıqda qılmaq məcburiyyətində qaldıqda, namazı necə qılmalıdırlar?
Cavab: Əvvəlki sualın cavabında açıqlanan qaydada namazı qılmalıdırlar.
Namaz məkanının qəsbi olmaması
116. Məsələ: Namaz məkanı qəsbi olmamalıdır. Amma əgər bir şəxs namaz qıldığı zaman həmin yerin qəsbi olduğunu bilməsə və ya bunu unutsa, namazdan sonra həmin yerin qəsbi olduğunu xatırlasa belə, onun namazı düzgündür.
117. Məsələ: Əgər bir şəxs qəsbi məkanda namaz qılmaq məcburiyyətində qalsa, bunun iradı yoxdur.
- Məscid
Məscid
Məsciddə namaz qılmaq
118. Sual: Qeyri-müsəlmanların tikdirdiyi məsciddə namaz qılmaq icazəlidirmi?
Cavab: İradı yoxdur.
Qeyri-müsəlmanların məscidə göstərdiyi ianə
119. Sual: Əgər qeyri-müsəlman şəxs məscidin inşasına könüllü olaraq maddi köməklik göstərsə və ya başqa bir şəkildə köməklik göstərsə, onu qəbul etmək olarmı?
Cavab: İradı yoxdur.
Yəhudi və xristian məbədləri
120. Sual: Yəhudilərin və xristianların icazəsi olmadan onların məbədlərində namaz qılmaq olarmı?
Cavab: Sinaqoq və kilsədə namaz qılmağın iradı yoxdur. Bunun üçün yəhudilərin və xristianların icazəsi şərt deyildir.
121. Sual: Yəhudilərin və xristianların məbədlərini napak etməyin hökmü nədir?
Cavab: Ehtiyat-vacibə görə, yəhudilərin və xristianların məbədlərini napak etməkdən çəkinmək lazımdır.
- Namaz paltarı
Namaz paltarı
Qızıldan istifadə etmək
122. Məsələ: Kişinin qızıldan toxunan parçadan paltar geyinməsi və ya qızıl işləməsi olan paltar geyinməsi haramdır və onun bu paltarda qıldığı namaz düzgün deyildir. Amma qadının istər namazda, istərsə də qeyri-namazda belə paltar geyinməsinin iradı yoxdur.
123. Məsələ: Kişinin qızıl boyunbağı, üzük və qol saatı taxması, hətta az bir müddət (məsələn, toy günü) taxsa belə, haramdır. Həmçinin bəzənmək məqsədilə taxmasa və başqalarından gizlətsə belə, haramdır. Ehtiyat-vacibə görə, kişinin bu qızıl zinət əşyaları ilə namaz qılması da düzgün deyildir.
Kişilərin qızıl medal taxması
124. Sual: Kişilərin qızıl medal taxmasının hökmü nədir?
Cavab: Medalın bağı qızıldan olmadığı təqdirdə, kişinin onu taxması icazəlidir və bu, “qızıldan istifadə etmək” adlanmır.
- Namazın vacib əməlləri
Namazın vacib əməlləri
Səcdə
125. Sual: Mərmər döşənən yerin üzərinə səcdə etməyin hökmü nədir?
Cavab: Mərmər daşın üzərinə səcdə etməyin iradı yoxdur.
- Camaat namazı
Camaat namazı
126. Məsələ: Məmum namazın hərəkətlərini imam-camaatla eyni vaxtda və ya imam-camaatdan bir qədər sonra yerinə yetirməlidir. Əgər o, bilərəkdən imam-camaatdan qabağa keçərsə və ya namazın hərəkətlərini imam-camaatdan çox gec olaraq (yəni imam-camaata tabe olmaq hesab olunmayacaq bir şəkildə) yerinə yetirərsə, onun namazı tək halda qılınan namaz olacaqdır.
127. Sual: Məmumun imam-camaata tabe olmamasının hökmü nədir?
Cavab: Bu iş haram deyildir, amma bu halda məmumun camaat namazı pozulur və o, namazını fərdi şəkildə davam etdirməlidir.
Camaat namazı təşkil edildiyi zaman fərdi namaz qılmaq
128. Sual: Bəzi şəxslər camaat namazı təşkil olunmasına rəğmən fərdi şəkildə namaz qılırlar. Bu əməlin hökmü nədir?
Cavab: Əgər bu əməl camaat namazını zəiflətmək və ya imam-camaata qarşı hörmətsizlik hesab olunarsa, buna icazə verilmir.
- Cümə namazı
Cümə namazı
Müsafir şəxsin cümə namazında iştirak etməsi
129. Sual: Əgər mən səfərdə olsam və cümə namazında iştirak etmək istəsəm, namazımın hökmü nədir? Cümə namazı qıla bilərəm, yoxsa zöhr namazını qılmalıyam?
Cavab: Müsafir olsanız belə, cümə namazı ilə zöhr namazı arasında seçim edə bilərsiniz və cümə namazı zöhr namazını əvəz edir.
- Qəza namazı
Qəza namazı
130. Məsələ: Vacib namazı öz vaxtında qılmadıqda, onun qəzasını qılmaq lazımdır.
Səfərdə qəza namazı qılmaq
131. Məsələ: Səfərdə oruc tutmaq, hətta qəza orucu tutmaq belə, olmaz. Amma səfərdə qəza namazı qılmaq olar.
132. Məsələ: Əgər bir şəxs öz vətənində qəza etdiyi namazları səfərdə qılmaq istəsə, zöhr, əsr və işa namazlarının qəzasını dörd rəkət olaraq qılmalıdır.
Səfərdə qəza olan namaz
133. Məsələ: Namazı qəsr qılmalı olan müsafir şəxs əgər zöhr, əsr və ya işa namazlarını qəza etsə, onların qəzasını – hətta qeyri-səfərdə qılsa belə – qəsr olaraq qılmalıdır.
Qəza namazının vaxtı
134. Məsələ: Qəza namazının xüsusi bir vaxtı yoxdur. Məsələn, sübh namazının qəzasını gündüz və ya gecənin istənilən vaxtında qılmaq olar.
-
- Alğı-satqının hökmləri
Alğı-satqının hökmləri
Qida məhsullarının paklıq və napaklığını araşdırmaq
135. Sual: Qida məhsullarını alarkən qeyri-müsəlman satıcının və ya istehsalçının onlara toxunduğunu və ya bu məhsulların istehsalında spirtdən istifadə edildiyini araşdırmaq lazımdırmı?
Cavab: Soruşmaq və araşdırmaq lazım deyildir.
136. Sual: Əhalisinin böyük əksəriyyəti müsəlman olan müsəlman ölkəsində ətin halallığı barədə araşdırma aparmaq lazımdırmı?
Cavab: Əgər ət müsəlmanların bazarından əldə edilərsə, halaldır və araşdırma aparmaq lazım deyildir.
Müsəlmanların və qeyri-müsəlmanların bazarından alınan balıq
137. Sual: Əhli-sünnənin bazarından və ya başqa bazarlardan balıq almaq olarmı? Belə ki, balığın pulcuqlu olduğunu və ya şəri qaydada tutulduğunu bilmirik.
Cavab: Əgər balıq müsəlmanların bazarından alınarsa, iradı yoxdur. Amma əgər qeyri-müsəlmanların bazarından alınarsa, balığın sudan diri tutulduğunu və ya balıqçı toruna diri düşdüyünü bildiyiniz təqdirdə, balıq halaldır.
Yeyilməsi haram olan balığı qeyri-müsəlmana satmaq
138. Sual: Yeyilməsi haram olan dəniz heyvanlarını və ya yeyilməsi halal olan, amma suda ölən balığı dininə görə bu balığın yeyilməsini halal hesab edən şəxslərə satmaq olarmı?
Cavab: Bunun iradı yoxdur.
Alğı-satqıda qeyri-müsəlmana qarşı saxtakarlıq etmək
139. Sual: Alğı-satqıda qeyri-müsəlmana yalan danışmağın, onu aldatmağın və ona qarşı saxtakarlıq etməyin hökmü nədir?
Cavab: Qarşı tərəf qeyri-müsəlman olsa belə, yalan danışmağa, aldatmağa və saxtakarlığa icazə verilmir.
140. Sual: Kafirlərlə alğı-satqıda yalan danışmaq və saxtakarlıq etmək olarmı?
Cavab: İcazə verilmir.
Xarici ölkələrdən mal idxal etmək
141. Sual: Hazırkı dövrdə xarici ölkələrdən geyimlər idxal etmək, onların alğı-satqısı və istifadəsi şəhərlərdə geniş yayılmışdır. Qərb mədəniyyətinin İslam İnqilabına qarşı mədəni basqısını nəzərə alaraq, bu işin hökmü nədir?
Cavab: Əgər bu paltarları geyinmək iffətə və İslam əxlaqına zidd olarsa, yaxud İslam mədəniyyətinə düşmən olan qərb mədəniyyətini yaymaq hesab olunarsa, bu geyimlərin idxalı, alğı-satqısı və istifadəsi icazəli deyildir. Bunun qarşısının alınması üçün aidiyyatı qurumlara müraciət etmək lazımdır.
142. Sual: Dəridən hazırlanan malların, o cümlədən ayaqqabı, papaq və kəmərin alğı-satqısı və istifadəsinin hökmü nədir? Belə ki, onların yaş bədən və ya paltar ilə təmasda olacağı ehtimal olunur.
Cavab: Bu malların alğı-satqısının öz-özlüyündə maneəsi yoxdur. Amma paklıq baxımından məsələyə yanaşsaq, əgər bu mallar müsəlmanların bazarından və ya müsəlman ölkələrindən alınıbsa, yaxud müsəlman ölkələrin istehsalıdırsa, onlar pak hökmündədirlər və namazda da onları geyinməyin iradı yoxdur. Əks halda, əgər dərinin şəri kəsim olmayan heyvanın dərisi olduğuna yəqinliyiniz olarsa, bu halda həmin dəri napakdır. Amma əgər heyvanın şəri kəsim olub-olmadığını bilməsəniz, bu halda həmin dəri pakdır. Lakin bu dəridən olan geyimlə namaz qılmaq düzgün deyildir.
143. Sual: Əgər hansısa bir məhsulu ölkəyə daxil etmək qadağandırsa, onu rəsmi diplomat yükü daxilində (belə ki, rəsmi diplomatların yükü yoxlanışdan keçirilmir) ölkəyə daxil etmək icazəlidirmi?
Cavab: Ümumiyyətlə, bu kimi məsələlər aidiyyatı qanunlara tabedir və bu qanunları pozmağa icazə verilmir.
144. Sual: Qeyri-müsəlman ölkələrindən mal idxal etməyin hökmü nədir?
Cavab: Əgər qeyri-müsəlman ölkələrindən mal idxal etmək və onlardan istifadə etmək İslama və müsəlmanlara düşmən kəsilən kafir və istismarçı dövlətlərin güclənməsinə səbəb olarsa, yaxud müsəlmanların ölkələrinə hücum edə bilmələri üçün onların maddi gücünü artırarsa, müsəlmanlara bu malları almamaq və istifadə etməmək vacibdir.
Sionistlərə aid şirkətlərlə alğı-satqı
145. Sual: İsrail istehsalı olan məhsulları idxal etmək və onları yaymaq icazəlidirmi? Əgər bu iş məcburiyyətdən irəli gələrsə, bu halda bu məhsulların satışı icazəlidirmi?
Cavab: İslamın və müsəlmanların düşməni olan qəsbkar İsrail dövlətinin xeyrinə olan ticarətdən çəkinmək lazımdır. İstehsalından və satışından onların xeyir götürdükləri malları idxal etmək və yaymaq heç kimə icazəli deyildir. Həmçinin İslam və müsəlmanlar üçün yaratdığı fəsadları və onlara vurduğu ziyanları nəzərə alaraq, sözügedən malları almaq müsəlmanlara icazəli deyildir.
146. Sual: Müsəlman ölkələrində satılan İsrail məhsullarını müsəlmanlar ala bilərlərmi?
Cavab: Bütün müsəlmanlara vacibdir ki, istehsalından və satışından İslam və müsəlmanlara qarşı müharibə aparan sionistlərin gəlir götürdükləri malları almaqdan çəkinsinlər.
İş ezamiyyətlərində verilən hədiyyələr
147. Sual: Xarici ölkələrə iş ilə əlaqədar ezam olunan şəxslərə verilən hədiyyələrin hökmü nədir? Bu hədiyyələr həmin şəxslərə aiddir, yoxsa beytul-mala aiddir?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir. (Bir sıra xüsusi hədiyyələr beytul-mala aiddir.)
İslam Respublikasının amallarına qarşı hörmətsizlik sayılan ədəbiyyat
148. Sual: Haqq yoldan azdıran kitabların, o cümlədən “Şeytan ayələri” kitabının alğı-satqısının hökmü nədir?
Cavab: Haqq yoldan azdıran kitabların alğı-satqısı və saxlanılması icazəli deyildir. Buna yalnız o halda icazə verilir ki, həmin kitablardakı yanlış düşüncələri cavablandırmağa elmi gücü çatan şəxslərin bu kitablardan istifadə etməyə ehtiyacı vardır.
149. Sual: Müsəlmanlar və qeyri-müsəlmanların bir-birilərinə qan verib-alması icazəlidirmi?
Cavab: Bunun iradı yoxdur.
150. Sual: Qeyri-müsəlman ölkələrində qan bağışlamaq icazəlidirmi?
Cavab: Bəli, icazəlidir.
Valyuta alğı-satqısı
151. Sual: Qeyri-rəsmi bazarda valyuta dəyişmək icazəlidirmi?
Cavab: Bu iş qanunlara müvafiq şəkildə görülməlidir. Qanunları pozmağa icazə verilmir.
152. Sual: Bəzi şəxslər xaricə səfər etməyən şəxslərin pasportu ilə valyuta alır və onu qara bazarda satırlar. Bu işin iradı vardırmı?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir.
153. Sual: İran İslam Respublikasının hazırkı iqtisadi durumunu nəzərə alaraq, xarici ölkədən İrana səfər edən şəxslərdən valyuta almağın hökmü nədir?
Cavab: Valyuta alğı-satqısı İslam dövlətinin qanunlarına müvafiq şəkildə yerinə yetirilməlidir.
154. Sual: Xarici ölkədə yaşayan, amma ailəsi və ya işi İranda olan iranlı və ya qeyri-iranlı şəxslər İranda bu ölkənin valyutasını verib, xarici ölkədə oranın valyutasını ala bilərlərmi?
Cavab: Əvvəlki sualın cavabı bu sualın da cavabıdır.
155. Sual: Bir şəxsin xarici ölkədə valyutası var və o, bu valyutanın qarşılığında ölkədən pul və ya mal xaric etməyib. O, bu valyuta ilə İranda olan bir evi alğı-satqı edə bilərmi?
Cavab: Bu məsələ aidiyyatı qanunlara tabedir.
156. Sual: Valyuta mübadiləsi və alğı-satqısı işi barəsində sizin rəyiniz nədir?
Cavab: Əgər aidiyyatı qanunlara müvafiq olarsa, bu işin öz-özlüyündə maneəsi yoxdur.
Qaçaq malın satışı və İslam dövlətinin qanunlarını pozmaq
157. Sual: Bəziləri deyirlər ki, alğı-satqısı qeyri-qanuni elan olunan qaçaq mallar silah, narkotika və bu kimi mallardır. Amma parça, paltar və bu kimi qaçaq malların alğı-satqısının iradı yoxdur. Xahiş edirəm, bu məsələ barəsində fikrinizi bildirərdiniz.
Cavab: Qaçaq malların satışı İslam dövlətinin qanunlarına müvafiq şəkildə olmalıdır. Əgər dövlət buna maneəçilik yaratmırsa və bu mallar bazarda satılırsa, iradı yoxdur.
158. Sual: İslam dövlətinin qanunlarına zidd olan şəkildə xaricdən ölkəyə valyuta daxil edən şəxslər şəri baxımdan bu pulun sahibi olurlarmı, yoxsa yalnız haram iş görürlər?
Cavab: Bu iş İslam dövlətinin qanunlarına müvafiq şəkildə yerinə yetirilməlidir.
159. Sual: Mən iş üçün xarici ölkələrdən birinə getdim və bir müddət işlədikdən sonra qazandığım pulu qeyri-qanuni şəkildə İran puluna çevirdim. (Belə ki, rəsmi qiymət ilə qara bazar qiyməti arasında bir neçə dəfə fərq var idi.) Mən bu pul ilə ev aldım. Xahiş edirəm ki, bu pulların haram, yoxsa halal olduğunu bildirəsiniz. Bu evdə namaz qılmaq düzgündür, yoxsa düzgün deyildir?
Cavab: İslam dövlətinin qanunlarını pozmağa icazə verilmir. Amma həmin evdə namaz qılmaq düzgündür.
- Müxtəlif məsələlər
Müxtəlif məsələlər
Borc almaq və vermək
160. Sual: Müsəlman şəxsin xristian və yəhudi dininə mənsub şəxslərdən, bəhai firqəsinin ardıcıllarından borc alması və ya onlara borc verməsi icazəlidirmi?
Cavab: Azğın bəhai firqəsinin ardıcılları istisna olmaqla, digərlərindən borc almaq və ya onlara borc verməyin maneəsi yoxdur.
Vəkalət
161. Sual: Mən qeyri-müsəlman bir vəkili özümə vəkil tuta bilərəmmi?
Cavab: Əgər məhkəmədə işinə baxılan tərəflərdən biri müsəlman şəxs, digəri qeyri-müsəlman şəxs olarsa, müsəlman şəxs öz haqqının müdafiə olunması və alınması üçün qeyri-müsəlman bir vəkili özünə vəkil tuta bilər. Amma əgər tərəflərdən hər ikisi müsəlman olarsa, müsəlman şəxs başqa bir müsəlmanın əleyhinə çıxış etməsi üçün qeyri-müsəlman vəkili özünə vəkil tuta bilməz.
Müvəqqəti izdivac
162. Sual: İş ezamiyyətində olduğumuz yerlərdə müvəqqəti izdivac etməyin hökmü nədir?
Cavab: Müxtəlif hallar mövcuddur və bu məsələnin hökmü aidiyyatı qanunlara tabedir.
Qeyri-müsəlman şəxsə Quran və ya mübarək adları hədiyyə vermək
163. Sual: Bəzi xarici səfərlərdə təbliğ məqsədilə qeyri-müsəlmanlara Quran hədiyyə verilir. Bunun iradı vardırmı?
Cavab: Bu əməl haram deyildir. Amma əgər Qurana və mübarək adlara qarşı hörmətsizlik və ya onların napak olmasına səbəb olarsa, buna icazə verilmir.
164. Sual: İranlılar bəzən başqa ölkələrin vətəndaşlarına üzərində İran İslam Respublikasının gerbi həkk olunmuş və ya Allahın adı yazılmış hədiyyələr verirlər. Nəzərə alsaq ki, onların bu mübarək kəlmələr ilə bədən təmasında olduğu ehtimal olunur, bu hədiyyələri verməyin hökmü nədir?
Cavab: Əgər hörmətsizlik etmək sayılmazsa, bunun maneəsi yoxdur.
Günah məclisində iştirak etmək
165. Sual: Günah məclisində iştirak etməyin hökmü nədir?
Cavab: Əgər günah məclisində iştirak etmək günah etməyə və ya günahı dəstəkləməyə səbəb olarsa, yaxud da “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək bu məclisi tərk etməyə və ya orada iştirak etməməyə bağlı olarsa, bu hallarda həmin məclisdə iştirak etmək olmaz. Şəxs o məclisdə iştirak etdiyi təqdirdə oranı tərk etməlidir.
166. Sual: Bəzi xarici səfərlərdə təşkil edilən rəsmi qonaqlıqlarda xatirə fotoşəkli çəkilir və xarici ölkələrin qadınları əksər hallarda hicabsız olurlar. Belə olan halda bu fotoşəkli çəkdirmək şəriət baxımından icazəlidirmi?
Cavab: Əgər günahı dəstəkləmək və yaymaq hesab olunmazsa, yaxud hansısa bir fəsadı olmazsa, yaxud da günah etmək qorxusu mövcud olmazsa, bu fotoşəkli çəkdirmək icazəlidir.
167. Sual: Bəzi müsəlmanlar xristianların bayramlarını qeyd edirlər. Bunun iradı vardırmı?
Cavab: İsa Məsihin (ə) milad bayramını qeyd etməyin iradı yoxdur, amma elə bir şəkildə qeyd edilməlidir ki, yanlış inancları və ənənələri yaymaq hesab olunmasın.
168. Sual: Qeyri-müsəlman ölkələrində dövlət əmlakını və ya ayrı-ayrı fərdlərin əmlakını qorumaq vacibdirmi? Onların qanunlarının icazə verdiyi hallardan qeyri hallarda təhsil mərkəzlərinin imkanlarından istifadə etmək olarmı?
Cavab: Əmlakın toxunulmazlığı və sahibinin icazəsi ilə əmlakdan istifadə etməyin vacibliyi baxımından müsəlman ilə qeyri-müsəlman arasında, yaxud şəxsi əmlak ilə dövlət əmlakı arasında fərq yoxdur. Həmçinin əmlakın qeyri-müsəlmanların ölkəsində və ya müsəlmanların ölkəsində olması, əmlak sahibinin qeyri-müsəlman və ya müsəlman olması arasında fərq yoxdur. Ümumiyyətlə, sahibinin icazəsi olmadan başqasının əmlakından istifadə etmək şəriət baxımından icazəli deyildir. İcazəsiz istifadə qəsb sayılır və haramdır. İstifadə edən şəxs istifadə etdiyi malı onun sahibinə borcludur.
169. Sual: Bizim yaşadığımız yerdə bu fikir formalaşıb ki, öz müsəlman əhalisini incidən və onlara zülm edən, xüsusilə də Əhli-beyt (ə) ardıcıllarını təcrid edən qeyri-İslam dövlətinə kommunal xidmətlərin pulunu, o cümlədən su və işıq pulunu ödəmək vacib deyildir. Biz bu dövlətdə su və işıq pulunu ödəməyə bilərikmi?
Cavab: Hər kim dövlətin təmin etdiyi sudan və işıqdan istifadə edirsə, onun pulunu ödəməlidir, baxmayaraq ki, dövlət İslam dövləti deyildir.
170. Sual: Əmlakı toxunulmaz olan qeyri-müsəlmanın malını oğurlamağın hökmü nədir?
Cavab: İcazə verilmir.
Sirr açmaq
171. Sual: İnsan öz sirrini və xüsusi işini insanlara açıb danışa bilərmi?
Cavab: Əgər insanın öz şəxsi işini başqalarına açıb danışmasının hansısa bir şəkildə başqa bir şəxsə və ya şəxslərə də aidiyyatı olarsa, yaxud hansısa bir fəsadı olarsa, buna icazə verilmir.
Qanun çərçivəsində insanların şəxsi işlərini araşdırmaq
172. Sual: Biz çox əhəmiyyətli peşələrə kadrlar seçərkən onların şəxsi həyatı və işi barəsində araşdırma aparmaq məcburiyyətindəyik. Onların şəxsi keyfiyyətlərini, dinini, sosial rəftarlarını, hətta onun özünün və ya ailə üzvlərinin azğın firqələrə qoşulmadığını araşdırır, əldə etdiyimiz məlumatları yuxarı vəzifəli məsullara ötürürük. Bu işin və onlar barəsində danışdığımız söhbətlərin hökmü nədir?
Cavab: Qanun çərçivəsində araşdırma aparmağın iradı yoxdur. Əks halda, buna icazə verilmir və haramdır.
Xarici radioları dinləmək
173. Sual: Yalanların və təxribatların aydınlaşması üçün xarici radioları dinləməyin iradı vardırmı? Qeyd edim ki, bu radioların əksəriyyətində Siz və ölkə Prezidenti açıq-aşkar təhqir edilirsiniz.
Cavab: Əgər haqq yoldan azmağa səbəb olarsa və ya hansısa bir fəsadı olacağından qorxu yaranarsa, buna icazə verilmir.
Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə vermək
174. Sual: Qeyri-müsəlmandan hədiyyə almaq və ona hədiyyə verməyin hökmü nədir?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
Kitab-əhli olan kafirə və kitab-əhli olmayan kafirə sahiblənmək
175. Sual: Müsəlman şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan kafir şəxsə – istər kişi olsun, istərsə də qadın olsun – kafirlərin ölkəsində və ya müsəlmanların ölkəsində sahiblənə bilərmi?
Cavab: Buna icazə verilmir. Əgər kafirlər müsəlman torpaqlarına hücum etsələr və müsəlmanlar onları əsir götürsə, bu halda əsirlərin taleyi İslam hakiminin ixtiyarındadır. Müsəlmanlar əsirlərin taleyini təyin etmək hüququna malik deyildirlər.
Müsəlman ölkəsində yaşayan kitab-əhli
176. Sual: Müsəlman ölkəsində yaşayan kitab-əhli “əhli-zimmə” hökmündədirmi?
Cavab: Onlar İslam dövlətinin qanunlarına tabe və dövlətin himayəsində olduqları, habelə onlara verilən amannaməyə zidd hərəkət etmədikləri təqdirdə, “muahid” hökmündədirlər.