Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
      • Altmış altıncı dərs: Xümsün mənası və vacibliyi
      • Altmış yeddinci dərs: Qazancın xümsü
      • Altmış səkkizinci dərs: Məunə
      • Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
      • Yetmişinci dərs: Məunəyə daxil olan xərclər
      • Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
      • Yetmiş ikinci dərs: Sərmayənin xümsü
      • Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar
        Çap versiyası  ;  PDF
         
        Yetmiş üçüncü dərs: Xüms düşən digər mallar

         

        Mədən
        Bir şəxs və ya şərikli şəkildə bir neçə şəxs tərəfindən mədəndən çıxarılan faydalı qazıntılara xüms düşür. Əlbəttə, bu şərtlə ki, ixrac və saflaşdırma işlərinin xərci çıxıldıqdan sonra şəxsin əldə etdiyi mal və ya şəriklərin hər birinə çatan pay 15 misqal qızıl[1] dəyərində olmalıdır. Əgər bundan az olarsa, ona xüms düşməyəcəkdir.
         
        Diqqət:
        • Mədənə aşağıdakı şərtlər daxilində xüms vacib olur:
        1- Bir şəxs və ya bir neçə şəxs şərikli şəkildə faydalı qazıntını mədəndən ixrac etməlidirlər;
        2- Onların hər birinə çatan mal nisab həddinə çatmalıdır, yəni 15 misqal qızıl dəyərində olmalıdır;
        3- İxrac etdikləri faydalı qazıntı onların şəxsi əmlakı olmalıdır.
        Dövlət tərəfindən mədənlərdən ixrac edilən faydalı qazıntılar bir və ya bir neçə şəxsin əmlakı olmadığına görə, ona xüms düşmür. Nəticədə, dövlət və hökumətə xüms vacib olmur.
         
        Dəfinə
        İnsanların şəxsi torpaq sahələrində tapdıqları dəfinə barəsində İslam hökumətinin qanunları əsasında hökm çıxarılır. Beləliklə, əgər bir nəfərin şəxsi evinin altında yüz il bundan əvvələ aid olan gümüş sikkələr tapılarsa, bu barədə İslam hökumətinin qanunlarına müraciət olunmalıdır.
         
        Haram mala qarışmış halal mal
        1. Əgər halal mal haram mala qarışarsa, məsələn, bir kisədə olan buğdanın bir miqdarı başqa şəxsə aid olarsa, halal malın sahibi olan şəxs həmin şəxsi tanımadığı və ona aid olan malın miqdarını bilmədiyi təqdirdə, bütün malın xümsünü verməlidir. Bu halda qalan mal ona halal olur.
        2. Əgər halal malın sahibi olan şəxs başqa şəxsə aid olan malın miqdarını dəqiq bilməsə də, ümumiyyətlə bilir ki, həmin malın miqdarı ümumi malın beşdə birindən çoxdur, bu halda o, ehtiyata görə, xümsdən əlavə, ümumi malın beşdə birindən çox olduğuna yəqinliyi olan miqdarı da şəri-hakimə verməlidir. Şəri-hakim bu malı həm xüms, həm də sədəqə sayılan yerlərə sərf etməlidir.
         
        Diqqət:
        • Xüms və zəkat verməyən, yaxud malı ribaya qarışan bir ailədə yaşayan şəxs istifadə etdiyi malda haramlığın olduğuna yəqin etməyənədək ondan istifadə edə bilər. (Bəli, o, yəqin bilir ki, onun ailəsi xüms və zəkat vermir, yaxud ailənin malı ribaya qarışıbdır. Amma bu o demək deyildir ki, onun istifadə etdiyi mal da haramdır.) Amma əgər istifadə etdiyi malın haramlığına yəqinliyi olsa, ondan istifadə edə bilməz. Yalnız o halda istifadə edə bilər ki, ailədən ayrılmaq və onlarla əlaqəni kəsmək onun üçün əziyyətli və olduqca çətin olacaqdır. Bu halda ailənin harama qarışmış malından istifadə etməsinin maneəsi yoxdur, amma istifadə etdiyi malda mövcud olan başqalarının malına zamindir (bunu onlara borcludur).
         
        Dalğıclıq vasitəsilə dənizin dibindən çıxarılan cəvahirat
        1. Əgər insan dənizin dibinə enib mirvari, mərcan və bu kimi cəvahirləri dənizdən çıxarsa, onları çıxarmağın xərclərini çıxdıqdan sonra 18 qızıl noxud və ya daha çox dəyərində cəvahir qaldığı təqdirdə, onun xümsünü verməlidir.
        2. Əvvəlki məsələdə dənizdən çıxarılan cəvahirin yalnız bir növ, yoxsa bir neçə növ cəvahir olmasının fərqi yoxdur. Həmçinin onların bir dəfəyə və ya az zaman fasiləsi ilə bir neçə dəfəyə dənizin dibindən çıxarılmasının fərqi yoxdur. Ehtiyat-vacibə görə, böyük çaylar, məsələn, Nil, Fərat və Karun çayları dəniz hökmündədir.
        3. Əgər insan dənizin dibinə enmədən müəyyən bir vasitə ilə cəvahiri dənizdən çıxarsa, onu çıxarmağın xərclərini çıxdıqdan sonra 18 qızıl noxud və ya daha çox dəyərində cəvahir qaldığı təqdirdə, ehtiyat-vacibə görə, onun xümsünü verməlidir.
        4. Əgər cəvahir öz-özünə sudan xaric olsa və insan onu suyun üzündən və ya dənizin sahilindən götürsə, ona xüms düşmür. Amma əgər bu iş onun işi olsa, əldə etdiyi cəvahir onun iş gəliri hesab olunur və bu məsələnin hökmü bir qədər irəlidə açıqlanacaqdır.
         
        Xümsün istifadəsi
        1. Xüms verməli olan şəxs xümsü “müsəlmanların vəliyyi-əmri”nə təhvil verməlidir və bu hökm baxımından “İmam (ə) payı” ilə “seyid payı” arasında fərq yoxdur.
        2. Əgər hörmətli mərcəyi-təqlidlərin müqəllidləri xümsün ödənilməsində özlərinin mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə əməl etsələr, borcdan çıxmışdırlar.
        3. Xümsü təhvil almaqda “müsəlmanların vəliyyi-əmri”nin vəkili olan şəxsə xümsü ödəmək olar. Amma əgər onun vəkilliyi dəqiq deyildirsə, xümsü ona verməyə icazə verilmir. Xüms ona verildiyi təqdirdə, mükəlləfin borcdan çıxdığına əminlik hasil olmur.
        4. Xümsün (istər İmam (ə) payı, istərsə də seyid payının) hansısa bir işə sərf edilməsi üçün “müsəlmanların vəliyyi-əmri”nin və ya bu işdə onun nümayəndəsinin icazəsi olmalıdır.
         
        Diqqət:
        • Dəqiqləşən xüms bağışlana bilməz.
        • Əgər bir şəxs “xüms işləri məsulu” tərəfindən xümsü təhvil almağa icazəli olduğunu iddia edən şəxsin icazəsinə şəkk edərsə, o, ədəb qaydalarına müvafiq bir şəkildə həmin şəxsdən yazılı icazənaməni göstərməsini, yaxud da üzərində xüms işləri məsulunun möhürü olan qəbzi tələb edə bilər. Əgər həmin şəxs xüms işləri məsulunun icazəsinə müvafiq şəkildə əməl edirsə, etibarlı hesab olunur.
         
        Bu şərtlərə malik olan şəxslərə “seyid payı” verilir
        Aşağıdakı şərtlərə malik olan şəxslərə “xüms işləri məsulu”nun və ya onun vəkilinin icazəsi ilə “seyid payı” verilə bilər:
        1- Seyid olmalıdır;
        2- İmanı olmalıdır (on iki imam şiəsi olmalıdır);
        3- Fəqir olmalıdır;
        4- Vacibun-nəfəqə olmamalıdır;
        5- Xümsü günah işlərə sərf etməməlidir.
         
        Birinci şərt: Seyid olmalıdır
        1. “Seyid payı”nı ata tərəfdən nəsli Həzrət Peyğəmbərin (s) cəddi Cənab Haşimə (ə) çatan şəxslər ala bilərlər. Beləliklə, Ələvi (nəsli Əli ibn Əbu Talibə (ə) çatan), Əqili (nəsli Əqil ibn Əbu Talibə çatan) və Abbasi (nəsli Abbas ibn Əbu Talibə çatan) seyidlərin hamısı “Haşimi seyidləri” sayılır. Onlar Haşimi seyidlərinə aid olan məziyyətlərdən faydalana bilərlər.
        2. Ata tərəfdən nəsli Abbas ibn Əli ibn Əbu Talibə (ə) çatan seyidlər də Ələvi seyidlər hesab olunurlar.
        3. Baxmayaraq ki, ana tərəfdən nəsli Həzrət Peyğəmbərə (s) çatan şəxslər də Peyğəmbər övladı hesab olunurlar, lakin seyidliyin şəri hökmlərinin şamil olması üçün ata nəsli meyar götürülür.
        4. Əgər bir şəxs “mən seyidəm” desə, ona xüms vermək olmaz. Yalnız o halda ona xüms vermək olar ki, iki ədalətli şəxs onun seyid olduğunu təsdiqləsinlər, yaxud da hansısa bir yol ilə onun seyid olduğuna dair insanda yəqinlik və ya əminlik yaransın.
         
        Üçüncü şərt: Fəqir olmalıdır
        1. Əgər əmək fəaliyyəti ilə məşğul olan və qazanc əldə edən seyidlərin qazancı onların yaşayışı üçün normal şəkildə və onların ürfi şəninə uyğun səviyyədə kifayət edirsə, onlar xüms ala bilməzlər.
        2. Əgər seyid ailəsində ata ailə üzvlərinin dolanışıq xərclərini verməkdə səhlənkarlıq göstərirsə və onlar atadan dolanışıq xərclərini ala bilmirlərsə, onlara “seyid payı”ndan dolanışıq xərcləri miqdarında verilə bilər.
        3. Əgər ehtiyaclı seyidlərin yemək və geyimdən əlavə, durumlarına uyğun olan başqa bir şeyə ehtiyacları olsa, bu ehtiyacı təmin edən miqdarda onlara “seyid payı”ndan vermək olar.
        4. Əgər bir seyidə qadının əri fəqir olduğuna görə onun dolanışıq xərclərini verə bilmirsə və qadının özü də şəri baxımdan fəqir hesab olunursa, bu qadın ehtiyaclarını təmin edəcək miqdarda “seyid payı” ala və onu özünə, övladlarına, hətta ərinə (əri seyid olmasa belə) xərcləyə bilər.
         
        Dördüncü şərt: Vacibun-nəfəqə olmamalıdır
        Vacibun-nəfəqə olan şəxsə[2] xüms vermək olmaz. Məsələn, fəqir ata-anasına maddi köməklik göstərmək imkanı olan bir şəxs öz xümsünü ata-anasına verə bilməz.
         
        Beşinci şərt: Xümsü günah işlərə sərf etməməlidir
        Ədalətli şəxs olmayan seyidə xüms vermək olar. Amma xümsü günah işlərə sərf edən seyidə xüms vermək olmaz. Hətta əgər ona xüms vermək onun günah etməsinə kömək etmək olarsa, ona xüms verilməməlidir, baxmayaraq ki, aldığı xümsü günah işlərə sərf etməyəcəkdir.
         
        Xümsün müxtəlif məsələləri
        1. Xüms verməyən bir şəxsin yeməyindən yemək olar və xüms vermək mal sahibinin öhdəsindədir.
        2. Əgər ailə başçısı öz əmlakının xümsünü vermirsə, o, günah edir, amma ailə üzvlərinin onun malından istifadə etmələrinin maneəsi yoxdur.
        3. Əgər malına xüms düşən, amma xümsü verməyən şəxs bir alğı-satqı həyata keçirsə, bu alğı-satqı düzgündür və satdığı mal başqasının mülkiyyətinə keçir. Amma bu şəxs xümsü borcludur və onu verməlidir.
        4. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmaq əgər onların dini göstərişlərə qarşı məsuliyyətsizliyini dəstəkləmək olmazsa, onlarla ünsiyyətin maneəsi yoxdur. Amma əgər onlarla əlaqəni kəsmək onların dini göstərişlərə əhəmiyyət vermələrinə səbəb olarsa, bu halda onlarla əlaqəni kəsmək lazımdır.
        5. Əgər bir şəxs həcc ziyarətinə getmək üçün müəyyən məbləğ pulu “Həcc işləri idarəsi”nin bank hesab nömrəsinə köçürsə, amma ziyarətə getməmişdən qabaq dünyasını dəyişsə, onun ziyarət qəbzi bugünkü qiyməti ilə onun irsi hesab olunur. Əgər mərhumun boynunda vacib həcc ziyarəti yoxdursa, həmçinin onun əvəzinə həcc ziyarəti yerinə yetirilməsini vəsiyyət etməyibdirsə, bu qəbz ilə onun əvəzindən həcc ziyarəti yerinə yetirmək vacib deyildir. Əgər ziyarət qəbzi üçün ödənilmiş pul xüms düşən pul idisə, bu pulun xümsünü və qəbzin qiymət fərqinin xümsünü vermək vacibdir.
         
        Suallar:
        1- Mədənin nisab həddi nə qədərdir?
        2- Əgər bir şəxsin ailəsi xüms və zəkat vermirsə, həmçinin onların malı ribaya qarışıbsa, bu şəxsin vəzifəsi nədir?
        3- Bəzi şəxslər seyidlərin işıq, su və qaz pulu kimi kommunal xərclərini ödəyirlər. Onların ödədikləri bu məbləği xümsdən hesab etmək olarmı?
        4- Əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə edən seyidlərə xüms vermək olarmı?
        5- Ələvi seyidlərindən olan bir qadın Ələvi seyid olmayan bir kişi ilə ailə qurmuş və övladları vardır. Əgər onun əri fəqirdirsə, bu qadına “seyid payı” vermək olarmı? Bu qadın aldığı payı övladlarına və ərinə xərcləyə bilərmi?
         

        [1] 69,12 qram qızıla bərabərdir.
        [2] Yəni insanın xüms vermək istədiyi şəxsin dolanışıq xərcləri, əslində, onun öhdəsindədir. Müt.
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /