“Xüms” sözünün leksik mənası “beşdə bir” deməkdir. İslam şəriətində isə şəxsi əmlaka aid olan vacib əməllərdən biridir. Belə ki, müəyyən şərtlərə malik olan bir mükəlləf şəxsi əmlakının beşdə birini xüsusi qaydalara müvafiq şəkildə verməlidir.
Diqqət:
• İslam hökumətinin müəyyən qanunlara əsasən qoyduğu vergiləri ödəmək vacibdir və ödənilən vergilər ödəniş ilinin məişət ehtiyaclarından hesab olunur, amma bu vergilər xüms hesab olunmur. İl ərzində əldə edilən gəlirdən artıq qaldığı təqdirdə, artıq qalan məbləğin xümsü ayrıca olaraq verilməlidir.
Xümsün vacibliyi
Xümsün vacibliyi İslam dininin danılmaz göstərişlərindəndir.
Diqqət:
• Maddi imkansızlıq və ya xüms verməyin cətinliyi mükəlləfin üzərindən şəri vəzifənin götürülməsinə səbəb olmur. Odur ki, xüms verməli olan, amma indiyədək xüms verməyən və hal-hazırda da onu verməyə imkanı olmayan və ya xüms verməkdə çətinlik çəkən şəxslər xüms borcunu verməyə imkan yarandıqda onu verməlidirlər. Bu şəxslər xüms borcunu xüms işləri məsulu və ya onun vəkilinin dəstgərdanı[1] ilə öz imkanları daxilində müddət və məbləğ baxımından tədricən verə bilərlər.
• Xümsü ödəməyi gecikdirmək və sonrakı xüms ilinə saxlamağa icazə verilmir, baxmayaraq ki, nə zaman ödənilərsə, borc verilmiş olur. Pulun dəyəri düşdüyü təqdirdə isə ehtiyat-vacibə görə, şəri-hakim ilə müsalihə olunmalıdır (yəni razılaşma əldə olunmalıdır).
• Əgər şəri büluğa çatmayan uşağın əmlakına xüms düşərsə (məsələn, mədəndən çıxarılan mal olarsa və ya halal mala haram qarışarsa), bu əmlakın xümsünü vermək uşağın şəri başçısına vacibdir. Amma uşağın əmlakı ilə ticarətdən əldə edilən qazancın və ya uşağın özünün əmək fəaliyyəti ilə əldə etdiyi qazancın xümsünü vermək onun şəri başçısına vacib deyildir. Ehtiyata (ehtiyat-vacibə) görə, əldə edilən qazanc xərclənmədiyi və qaldığı təqdirdə, uşaq şəri vəzifə yaşına çatdıqdan sonra onun xümsünü vermək uşağın özünə vacib olur.
• Xüms vermək “şəxslər”ə vacib olur və dövlətlərə, müəssisələrə, banklara və s. bu kimi təşkilatlara xüms vermək vacib olmur. Beləliklə, əgər hansısa bir müəssisə gəlir əldə edərsə, bu gəlirdən illik xərcləri çıxıb yerdə qalan hissənin xümsünü vermək vacib deyildir. Bəli, əgər bu müəssisənin əmlakı ayrı-ayrı şəxslərin əmlakı olarsa, gəlirin xümsü verilməlidir.
Xüms düşən mallar
Yeddi mala xüms düşür:
1- Qazanc (əmək fəaliyyəti ilə əldə edilən gəlir);
2- Mədən;
3- Dəfinə;
4- Haram mala qarışmış halal mal;
5- Dalğıclıq vasitəsilə dənizin dibindən çıxarılan cəvahirat;
6- Döyüş qəniməti;
7- Zimmi-kafirin müsəlmandan aldığı torpaq sahəsi.
Xüms verilmədikdə ortaya çıxan çətinliklər
1. Şəri üzr olmadan xümsü verməmək haramdır.
2. Əgər dünyasını dəyişən bir şəxs onun əmlakından müəyyən məbləğin xüms verilməsini vəsiyyət edibsə və ya varislər mərhumun müəyyən məbləğdə xüms borcu olduğunu bilirlərsə, mərhumun vəsiyyətinə əməl olunmayanadək və ya onun xüms borcu irsdən verilməyənədək varislər irsdən istifadə edə bilməzlər. Amma əgər varislər mərhumun xüms borcunu verməkdə və səhlənkarlıq etmədən vəsiyyətə əməl etməkdə qətiyyətli olsalar, irsdən istifadə edə bilərlər.
Suallar:
1- İslam hökumətinin təyin etdiyi vergiləri ödəmək xümsü əvəz edirmi?
2- Əgər bir şəxsə xüms vermək vacib olubsa, lakin indiyədək onu verməyibsə və hal-hazırda da onu verməyə imkanı yoxdursa və ya xümsü vermək ona çətindirsə, onun şəri vəzifəsi nədir?
3- Xüms hansı mallara düşür?
4- Əgər bir şəxs bir neçə il öz illik qazancını hesablamazsa və beləliklə, onun əmlakı nağd pul olub sərmayəsi çoxalarsa, bundan sonra əvvəlki sərmayəsindən qeyri əmlakının xümsünü verərsə, bu işin maneəsi varmı?
[1] Dəstgərdan – fiqh termini olub, xüms və ya zəkatı mal sahibindən almaq və yenidən ona qaytarmaq mənasını bildirir. Müt.
Lazımi şərtlərə malik olan şəxs öz iş gəlirindən artıq qalan və məişət ehtiyaclarına sərf edilməyən məbləğin xümsünü verməlidir.
Qazancın mənası
Burada “qazanc” dedikdə, əmək fəaliyyəti nəticəsində əldə edilən və “qazanc” adlanan pul-mal nəzərdə tutulur.
Qazancın növləri
Qazancın növləri aşağıdakılardır:
1- Əkinçilikdən əldə edilən qazanc;
2- Ticarətdən əldə edilən qazanc;
3- Əmlakın icarəyə verilməsi ilə əldə edilən qazanc, məsələn, ev, avtomobil, dəmiryonma dəzgahı, corabtoxuma maşını və bu kimi əmlakın icarəyə verilməsi ilə əldə edilən qazanc;
4- Xidmət və zəhmət haqqı olaraq alınan məbləğ, məsələn, müəllimin, mühəndisin, fəhlənin və digər peşə sahiblərinin gördükləri iş müqabilində aldıqları zəhmət haqqı.
Qazanc sayılmayan mallar
1. İrs
1. İrsə və onun satışından əldə edilən pula, hətta onun qiyməti artsa belə, xüms düşmür. Amma əgər irsi sərmayə olaraq (satmaq məqsədilə) saxlasalar, bu halda ehtiyat-vacibə görə, satış zamanı artan qiymət ilin gəliri hesab olunur və inflyasiya miqdarını çıxdıqdan sonra bu məbləğ xüms ilinin sonunadək qaldığı təqdirdə, onun xümsü verilməlidir.
2. Azyaşlı övladlara çatan irsə xüms düşmür. Amma əgər irsdən gəlir əldə edilərsə, uşaqlar şəri vəzifə yaşına çatanadək bu gəlir onların mülkiyyətində qaldığı təqdirdə, ehtiyata görə, onların hər biri şəri vəzifə yaşına çatdıqdan sonra bu gəlirin xümsünü verməlidirlər.
2. Mehriyyə
Mehriyyəyə xüms düşmür. Mehriyyə istər müddətli olsun, istərsə də müddətsiz olsun, yaxud istər nağd pul şəklində olsun, istərsə də mal şəklində olsun, bu hökm dəyişmir və ona xüms düşmür.
3. Bəxşiş və hədiyyə
1. Hədiyyə verilən pul, mal və mülkün xümsünü vermək vacib deyildir, baxmayaraq ki, illik xərclərdən artıq qaldığı təqdirdə, onun xümsünü vermək ehtiyat-müstəhəbə müvafiqdir.
2. Bir şeyin “bəxşiş” və “hədiyyə” adlanması onu verən şəxsin niyyətinə bağlıdır. Beləliklə, insana atası, qardaşı və ya hansısa bir qohumu tərəfindən verilən dolanışıq xərci, bəxşiş və hədiyyə niyyətilə verildiyi təqdirdə, bəxşiş və hədiyyə hesab olunur.
3. İnsana ata, ana və ya başqaları tərəfindən hədiyyə verilən əşyalara xüms düşmür, baxmayaraq ki, onun bu əşyalara ehtiyacı yoxdur və ya ürf baxımından onun şəninə (mövqeyinə) uyğun deyildir. Bəli, əgər bu əşyaları hədiyyə vermək ata və ananın şəninə uyğun olmazsa, bu, onların məişət ehtiyaclarından hesab olunmur və bu əşyaların xümsünü verməlidirlər.
4. Ata öz qızına cehiz ünvanında bir mənzil bağışlayır. Əgər qızına belə bir hədiyyəni bağışlamaq ürfə görə atanın şəninə uyğun olarsa və bu hədiyyəni xüms ili ərzində bağışlayarsa, onun xümsünü vermək vacib deyildir.
5. Şəhid fondu tərəfindən şəhid ailələrinə verilən hədiyyələrə xüms düşmür. Amma əgər bu hədiyyələrdən əldə edilən qazanc ilin məişət ehtiyaclarından artıq qalarsa, bu məbləğin xümsünü vermək vacibdir. Həmçinin şəhid fondu tərəfindən şəhidlərin övladlarına verilən hədiyyələrə xüms düşmür. Amma əgər bu hədiyyələrdən əldə edilən qazancdan uşaqlar şəri həddi-büluğa çatanadək onların mülkiyyətində qalarsa, ehtiyata görə, onların hər biri şəri vəzifə yaşına çatdıqdan sonra bu qazancın xümsünü verməlidirlər.
6. Xüms verməkdən yayınmaq niyyətilə formal olaraq verilən hədiyyəyə xüms düşür. Beləliklə, əgər xüms ili başa çatmamışdan qabaq ər və arvad illik qazanclarına xüms düşməsin deyə, onu formal olaraq bir-birilərinə hədiyyə versələr, bir-birilərinə hədiyyə verdikləri pulun-malın xümsünü verməlidirlər. (Bu iş nəticəsində vacib xüms onların üzərindən götürülmür.)
7. Satılan bəxşiş və hədiyyənin puluna, hətta onun qiyməti artsa belə, xüms düşmür. Amma əgər onu sərmayə olaraq (satmaq məqsədilə) saxlasalar, bu halda ehtiyat-vacibə görə, satış zamanı artan qiymət ilin gəliri hesab olunur və inflyasiya miqdarını çıxdıqdan sonra bu məbləğ xüms ilinin sonunadək qaldığı təqdirdə, onun xümsü verilməlidir.
8. İşçilərə verilən bayramlığa (yəni bayram günlərində dövlət tərəfindən bayramlıq ünvanında verilən nağd pul və ya ərzağa), hətta onlardan xüms ilinin sonunadək qalsa belə, xüms düşmür.
9. Əgər ərzaq malları ucuz qiymətə işçilərə verilərsə və qiymət fərqi dövlət tərəfindən ödənilərsə, bu ərzaqdan xüms ilinin sonunda qalan miqdar dövlətin köməklik olaraq verdiyi miqdarda olduğu təqdirdə, ona xüms düşməyəcəkdir. Amma əgər dövlətin verdiyi köməklikdən çox olarsa, artıq miqdara günün məzənnəsi ilə xüms düşür.
4. Həvəsləndirici hədiyyə
Bankların və bu kimi müəssisələrin şəxslərə verdiyi həvəsləndirici hədiyyələrə xüms düşmür.
5. Vəqf
Vəqf olunan məkan və əşyalara – istər “ümumi vəqf” olsun, istərsə də “xüsusi vəqf” olsun[1] – xüms düşmür. Onun artımına[2] da xüms düşmür, amma əgər iktisabi şəkildə olarsa, xüms düşəcəkdir.
6. Xüms və zəkat
Dini elmlər hövzəsində təhsil alan tələbələrə mərcəyi-təqlidlərin xüms və zəkatdan verdikləri təqaüdə xüms düşmür.
7. Qazanc üçün çəkilən xərclər
Ticarət işlərində və ya digər işlərdə qazanc əldə etmək üçün ilin gəlirindən çəkilən xərclər, o cümlədən anbar xərcləri, malın yüklənməsi və daşınması xərcləri və s. həmin ilin gəlirindən çıxılır və ona xüms düşmür.
8. Xümsü verilmiş mal
Bir dəfə xümsü verilən mala yenidən xüms düşmür. Odur ki, əgər sonrakı ildə həmin mal istifadə olunmazsa və qalarsa, ikinci dəfə onun xümsü verilmir.
9. Sığorta
1. Sığortalanan şəxsə həyat sığortası və ya bədən üzvünün itirilməsinə görə sığorta ünvanında verilən pul “gəlir” hesab olunur. Odur ki, əgər bu pul illik xərclərdən artıq qalarsa, onun xümsü verilməlidir. Amma sığortalanan şəxsin ölümündən sonra onun ailəsinə verilən pul bir növ onlara yardım sayılır və iş gəliri hesab olunmur, odur ki, ona xüms düşmür.
2. Şəxsi gəlirdən müalicə və dərmanlar üçün çəkilən xərclər sonradan sığorta şirkəti tərəfindən qaytarıldıqda, bu pul “yeni gəlir” hesab edilmir, əksinə, şəxsi gəlirin geri qayıtmasıdır. Bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir. Amma əgər bu pul xüms ili başa çatdıqdan sonra geri qaytarılarsa, onun xümsü dərhal verilməlidir.
3. Avtonəqliyyat vasitələrinin sığortası, yanğın sığortası, əkinçilik məhsullarının sığortası və s. bu kimi sığortalarda dəyən ziyanı qarşılamaqdan ötrü sığorta şirkətlərinin sığorta olunan şəxsə ödədikləri pul iş gəlirindən sayılır. Odur ki, əgər bu pul xüms ilinin sonunadək məişət xərclərinə sərf edilməzsə, onun xümsünü vermək vacibdir.
4. Müəssisə rəhbərliyi ilə sığorta şirkəti arasında, yaxud bir şəxs (müavinəti alan şəxsdən qeyri bir hüquqi və ya fiziki şəxs) ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasında ödənilən işsizlik sığortası puluna və bu kimi müavinətlərə xüms düşmür, çünki bu pul onu alan şəxsə hədiyyə sayılır. Amma əgər müavinəti alan şəxs ilə sığorta şirkəti arasında bağlanan müqavilə əsasında, yaxud müəssisə rəhbərliyi ilə müavinəti alan şəxs arasında olan şərt əsasında müavinət ödənilərsə, bu pula xüms düşür.
5. Avtomobil qəzası hadisəsində xəsarət vuran şəxsin və ya xəsarət vuran şəxs tərəfindən sığorta şirkətinin xəsarət alan şəxsə ödədiyi pul iş gəliri sayılmır və ona xüms düşmür.
10. Təhsil xərclərinə göstərilən maddi köməklik
Təhsil nazirliyi tərəfindən təhsil xərclərinin qarşılanması üçün tələbələrə göstərilən maddi köməkliyə xüms düşmür. Amma təhsil aldığı illərdə elə oxuduğu təhsil müəssisəsində işə götürülən tələbələrin aldığı əmək haqqına xüms düşür.
11. Borc
Borc alınan pula xüms düşmür. Amma borcun xüms ilinin sonunadək il ərzindəki gəlirdən ödənilən, eyni zamanda borc alan şəxsin əlində qalan və ya sərmayə edilən hissəsi istisna təşkil edir və onun xümsü verilməlidir. Beləliklə, əgər bir şəxs müəyyən məbləğ borc alarsa və xüms ili başa çatmamışdan qabaq onu qaytara bilməzsə, bu pulun xümsünü verməsi vacib deyildir. Amma əgər öz illik qazancından bu borcun müəyyən hissəsini aybaay ödəyərsə və xüms ili çatdıqda borc götürdüyü pul olduğu kimi onun əlində qalarsa, ödədiyi məbləğ miqdarında borc pulun xümsünü verməlidir.
Suallar:
1- Xüms mövzusunda “qazanc” dedikdə, nə nəzərdə tutulur?
2- İrsin xümsünün şəri hökmünü açıqlayın.
3- Hədiyyəyə və bayramlığa xüms düşürmü?
4- Ər və arvad mallarına xüms düşməsin deyə, xüms ili başa çatmamışdan qabaq öz illik qazanclarını bir-birilərinə hədiyyə verirlər. Bu işi gördükdə, onların qazanclarına xüms düşmür?
5- Bankların və bu kimi müəssisələrin şəxslərə verdiyi həvəsləndirici hədiyyələrə xüms düşürmü?
6- Sığorta şirkətlərinin dəyən ziyanın aradan qaldırılması üçün sığortalanmış şəxslərə müqavilə əsasında verdikləri pula xüms düşürmü?
[1] Əgər bir məkandan və ya əşyadan faydalanmaq haqqı müəyyən şəxslər üçün, məsələn, övladlar üçün təyin olunarsa, buna “xüsusi vəqf” deyilir. Amma əgər hamı üçün təyin olunarsa, buna “ümumi vəqf” deyilir.
[2] Artım iki cür ola bilər: 1- “Birləşik artım”, məsələn, qoyunun kökəlməsi. 2- “Ayrı olan artım”, məsələn, qoyundan doğulan quzular.
Qeyd olunduğu kimi, qazancın xümsü hesablanarkən “məunə” qazancdan çıxılır və ona xüms düşmür.
Məunə nədir?
Xüms mövzusunda “məunə” dedikdə, (qazanc üçün çəkilən xərclər deyil) insanın özünün və himayəsində olan ailəsinin məişət ehtiyacları, məsələn, yemək-içmək, geyim, ev, ev əşyaları, minik vasitəsi, kitab, normal sayılan səfərlər, sədəqə, hədiyyə, nəzir, kəffarə, qonaqlıq və s. üçün çəkdiyi illik xərclər nəzərdə tutulur.
Məunənin şərtləri
Məunənin şərtləri aşağıdakılardır:
1- Ehtiyac;
2- İllik xərclər;
3- İllik xərclərin həmin ilin qazancından çıxılması;
4- Xərclərin insanın vəziyyətinə uyğun olması;
5- Xərclənmiş məbləğin məunə hesab olunması.
1- Ehtiyac
Hər növ xərc “məunə” hesab olunmur. Məunə – dünya və axirət işlərini həll etməkdən ötrü ehtiyac duyulan xərclərə şamil olur. Odur ki, ehtiyac duyulmayan əşya və məhsullara çəkilən xərclər məunə hesab olunmur. O cümlədən haram sayılan malların, məsələn, qızıl kişi üzüyü, haram musiqi alətləri və qumar vasitələrinin alınması üçün çəkilən xərclər məunə hesab olunmur.
2- İllik xərclər
“Məunə” dedikdə, insanın gündəlik və ya aylıq xərcləri deyil, illik xərcləri nəzərdə tutulur. Odur ki, qazancdan illik məişət ehtiyaclarına çəkilən xərclərdən artıq qalan məbləğin xümsü hesablanır.
3- İllik xərclərin həmin ilin qazancından çıxılması
Məunə – il ərzində həmin ilin qazancından çıxılaraq məişət ehtiyaclarına sərf edilən xərclərdir. Başqa sözlə, cari ilin xərcləri əvvəlki və ya sonrakı illərin qazancından çıxılmamalıdır. Deməli, əgər insan hansısa bir ildə qazanc əldə edə bilməyibdirsə, həmin ilin məunəsini əvvəlki və ya sonrakı illərin qazancından çıxa bilməz.
4- Xərclərin insanın vəziyyətinə uyğun olması
Məunə – insanın öz vəziyyətinə görə normal sayılan xərclərdir. Beləliklə, bu xərclər bir tərəfdən yalnız zəruri vasitələrə və ilkin ehtiyaclara şamil olmur. Digər tərəfdən də bədxərcliyə, israfçılığa, insanın öz vəziyyətindən artıq olan xərclərə (məsələn, şan-şöhrət məqsədi daşıyan qonaqlıqlar, cehizlik, toy və yas məclislərinə) şamil olmur.
5- Xərclənmiş məbləğin məunə hesab olunması
“Məunə” dedikdə, insanın özü və himayəsində olan ailəsi üçün çəkdiyi xərclər – bu xərclər istər az olsun, istərsə də çox olsun – nəzərdə tutulur. Çəkilməyən xərclər isə məunə hesab olunmur, baxmayaraq ki, əgər insan bu xərcləri çəksəydi, onun ürfi və ictimai vəziyyətindən artıq olan xərclər hesab olunmayacaqdı. Beləliklə, simiclik edən və özünün və ailəsinin vəziyyətinə uyğun olan xərcləri çəkməyən bir şəxs xərcləyə biləcəyi, amma xərcləmədiyi məbləği məunə hesab edə bilməz.
Diqqət:
• Kişinin öz həyat yoldaşına aldığı qızıl zinət əşyaları əgər normal miqdarda olarsa və kişinin şəninə uyğun olarsa, məunədən hesab olunur və onlara xüms düşmür.
• Əgər bir şəxs il ərzindəki gəliri ilə övladlarının gələcəyi üçün, məsələn, bir ev alarsa, evin alınmasına çəkilən xərc onun ürfi şəninə uyğun olduğu təqdirdə, ona xüms düşməyəcəkdir.
• Əgər bir şəxs baha qiymətə bir mülk alsa və onun təmiri üçün də böyük məbləğdə pul xərcləsə, daha sonra bu mülkü öz həddi-büluğa çatmayan övladına bağışlayıb rəsmi şəkildə onun adına keçirsə, mülkün alınması və təmiri üçün çəkdiyi xərc ilin qazancından olduğu və onu həmin ildə övladına bağışladığı, habelə bu bəxşiş onun ürfi şəninə uyğun olduğu təqdirdə, ona xüms düşməyəcəkdir. Əks təqdirdə, onun xümsünü verməlidir.
• İnsanın xeyriyyəçiliyə, məsələn, məktəb tikintisinə, seldən zərər çəkənlərə və s. xərclədiyi pul, bu pulu bağışladığı ilin xərclərindən hesab olunur və ona xüms düşmür.
Ehtiyacdan xaric olan məunə
“Ehtiyacdan xaric olan məunə” dedikdə, bu misalı göstərmək olar ki, bir şəxs yaşamaq üçün bir ev tikir və ya alır, amma sonra dövlət balansında olan bir evə köçür və daha bu evə ehtiyacı olmur. Bu halda:
1- Əgər bu şəxs bu evi il ərzindəki gəlir ilə, yaxud xüms düşməyən və ya xümsü verilmiş pul ilə alıbdırsa, ona xüms düşməyəcəkdir.
2- Əgər bu şəxs bu evi xüms düşən, amma xümsü verilməyən gəlir ilə alıbdırsa, bu evin alınmasına xərclədiyi pulun xümsünü inflyasiya miqdarını da hesablayaraq verməlidir.
Məunənin satışından əldə edilən pul
“Ehtiyacdan xaric olan məunə” barəsində qeyd edilənlər “məunənin satışı”na da aiddir. Beləliklə, ev, avtomobil və s. bu kimi insanın özünün və ailəsinin ehtiyacı olan vasitələr əgər il ərzindəki qazanc, yaxud xümsü verilmiş pul və ya xüms düşməyən pul (irs qalan, hədiyyə verilən pul) ilə alınarsa, amma sonralar zərurət yarandığına görə, ya daha yaxşı bir mala çevirmək məqsədilə, ya da bu kimi başqa məqsədlərlə satılarsa, onun satış puluna, həmçinin qiymət artımı nəticəsində əldə edilən gəlirə xüms düşməyəcəkdir. Bəli, əgər sözügedən vasitələr xüms düşən, amma xümsü verilməyən gəlir ilə alınıbdırsa, onun alınmasına xərclənən pulun xümsü inflyasiya miqdarı da hesablanaraq – hətta onlar satılmasa belə – verilməlidir.
Diqqət:
Öz minik vasitəsini satan şəxs:
1- Əgər bu minik vasitəsi məunə olubdursa (yəni şəxsi istifadə və məişət ehtiyaclarını təmin etmək üçün olubdursa, habelə bu şəxsin ürfi şəninə uyğun olubdursa), onun satış pulu “məunənin satışından əldə edilən pul” hökmündədir.
2- Əgər bu minik vasitəsi iş vasitəsi olubdursa, xüms ilinin sonunda onun qiymətinə xüms düşür. Qiymət artımına gəlincə, inflyasiya miqdarı çıxıldıqdan sonra bu məbləğ satış ilinin gəliri hesab olunur.
Suallar:
1- Məunə nədir?
2- Məunənin şərtləri hansılardır?
3- Kişinin öz həyat yoldaşı üçün aldığı qızıl zinət əşyalarına xüms düşürmü?
4- Ehtiyacdan xaric olan məunənin şəri hökmü nədir?
5- Əgər bir şəxs evini satsa və bu pulu banka depozit qoyub gəlirindən istifadə etmək istəsə, xüms ili çatdıqda bu pulun şəri hökmü nədir? Əgər bu pulu ev almaq üçün saxlasa, bu halda onun şəri hökmü nədir?
6- Əgər məişət ehtiyacı sayılan vasitələr, məsələn, avtomobil, xalça və s. xümsü verilməyən pul ilə alınıbdırsa, bu vasitələr satıldığı halda onun satışından əldə edilən pulun xümsü dərhal verilməlidirmi?
Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
Altmış doqquzuncu dərs: Məunəyə daxil olmayan xərclər
Məunəyə daxil olmayan xərclər
1. Sərmayə
1. İş gəliri (istər əmək haqqı olsun, istər ticarət gəliri olsun və s.) sərmayə edildikdə, bu sərmayəyə xüms düşür. Beləliklə, bir şəxs öz iş gəlirini başqa bir şəxsə müzaribə sərmayəsi verdikdə, bu sərmayənin xümsünü verməlidir. Həmçinin sərmayə ilə ticarətdən əldə edilən gəlir məişət ehtiyaclarına sərf edildiyi təqdirdə ona xüms düşməyəcək, amma illik xərclərdən artıq qalan məbləğinə xüms düşəcəkdir.
Diqqət:
• Bir şəxs bir neçə mərtəbəli ev tikdirir və ya alır ki, onun bəzi mərtəbələrini icarəyə versin və aldığı icarə pulunu öz məişət xərclərinə sərf etsin. Bu halda o, icarəyə vermək istədiyi mənzillərin nisbətində evin xümsünü verməlidir. (Çünki bu mənzillər sərmayə sayılır.)
• Şərikli sərmayə:
1- Hər bir şərik öz payının xümsünü verməlidir. Məsələn, şərikli şəkildə özəl tədris mərkəzi inşa etdirən şəxslər sərmayə ünvanında bu işə qoyduqları pulun xümsünü özləri verməlidirlər. Həmçinin xüms ilinin sonunda şərikli sərmayə ilə əldə edilən qazancdan onlara düşən payın xümsünü – əlbəttə, bu gəlir məunədən artıq qaldığı təqdirdə – verməlidirlər.
2- Hər bir şərikin öz payı nisbətində şərikli sərmayənin və bu sərmayə ilə əldə edilən qazancın xümsünü vermək onun öz şəri vəzifəsidir.
3- Hər bir şərik sərmayədən öz payının xümsünü verdikdən sonra daha ümumi şərikli sərmayəyə ikinci dəfə xüms düşmür.
• Qərzul-həsənə büdcəsi:
1- Əgər qərzul-həsənə büdcəsinin səhmdarları büdcə təşkil edildiyi zaman ödədikləri puldan əlavə, büdcənin balansının artması üçün hər ay müəyyən məbləğ pul ödəməlidirlərsə, onların hər biri bu pulu özlərinin xüms ili başa çatdıqdan sonra iş gəlirlərindən və ya maaşlarından ödədikləri təqdirdə, bu pulun xümsünü verməlidirlər. Amma əgər bu pulu xüms ili ərzində veriblərsə, xüms ilinin sonunda bu pulu geri almaq mümkün olduğu təqdirdə, xüms ilinin sonunda bu pulun xümsünü verməlidirlər. Bundan qeyri halda, nə vaxt bu pulu geri alsalar, o vaxt onun xümsünü verməlidirlər.
2- Əgər qərzul-həsənə büdcəsinin sərmayəsi şərikli şəkildə bir neçə şəxsin şəxsi əmlakı olarsa, bu sərmayədən əldə edilən gəlir hər bir şərikin payı nisbətində onun şəxsi əmlakı olacaqdır. Bu gəlir onun məunəsindən artıq qaldığı təqdirdə, bu gəlirin xümsünü verməlidir. Amma əgər qərzul-həsənə büdcəsinin sərmayəsi bir və ya bir neçə şəxsin şəxsi əmlakı olmazsa, məsələn, ümumi vəqf malı və ya bu kimi bir mal olarsa, bu sərmayədən əldə edilən gəlirə xüms düşməyəcəkdir.
2.İş məkanı və iş alətləri, o cümlədən ticarət obyekti, əkin sahəsi, yükdaşıma və ya sərnişindaşıma üçün nəqliyyat vasitəsi “iş sərmayəsi” hesab olunur və cari xüms ilinin sonunda onun qiymətinə xüms düşür. Onun xümsünü verməyə maddi imkanı olmayan şəxs xüms işləri məsulunun və ya onun vəkilinin dəstgərdanı ilə xümsü tədricən verə bilər.
3. İş məkanının “sərqufli”si sərmayə hesab olunur. Əgər bu sərmayə il ərzindəki gəlirdən olarsa, ona xüms düşür. Cari xüms ilinin sonunda onun qiymətinin xümsü verilməlidir.
2. Sərmayənin artımı
1. Əgər qiymət artımı inflyasiyadan qaynaqlanarsa, yəni pul dəyərdən düşərsə və bütün mallar daha çox pul ilə alınıb-satılarsa, bu qiymət artımı “malın dəyərinin artması” hesab olunmur və artan qiymətə xüms düşmür.
2. Əgər xümsü verilmiş bir ticarət malının qiyməti artsa və onu satmaq imkanı da mövcud olsa, xüms ilinin sonunda artan qiymətin xümsü – inflyasiya miqdarı çıxıldıqdan sonra – verilməlidir. Amma əgər xüms ilinin sonunadək bu malın müştərisi olmazsa və satılmazsa, hal-hazırda onun artan qiymətinin xümsünü vermək vacib deyildir. Qiymət artımı malın satışının mümkün olduğu ilin gəliri hesab olunur.
3. Əgər bir mal xümsü verilmiş pul ilə satış məqsədilə alınarsa və sonra da satılarsa, malın alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən inflyasiya miqdarı çıxıldıqdan sonra qalan məbləğ iş qazancı hesab olunur. Bu qazancın ilin məunəsindən artıq qalan hissəsinə xüms düşür.
4. Əgər bir şəxs il ərzindəki gəliri ilə satmaq məqsədi olmadan, məsələn, bir mülk və ya qızıl sikkə alsa, xüms ilinin sonunda onun dəyəri əsasında xümsünü verməlidir. Amma mal satılmayanadək onun qiymət artımının xümsü yoxdur. Satıldıqdan sonra isə qiymət artımı – inflyasiya miqdarı çıxıldıqdan sonra – satış ilinin gəliri sayılır.
3. Ehtiyat pul
1. İş gəlirindən ehtiyatda yığılan pula xüms ilinin sonunda xüms düşür. Əlbəttə, əgər bir şəxsin xüms ili başa çatsa, amma onun məişət ehtiyacı olan müəyyən bir əşyanı almağa ehtiyacı olsa, bu halda əgər xümsün verilməsi elə bir müddətədək yubadılsa ki, ehtiyatda yığılan pulu həmin əşyanı almağa sərf etmək, ürfə görə, onu ilin məunəsinə sərf etmək sayılsa, bu pulun xümsünü verməmişdən qabaq həmin əşyanı almağa, sonra isə qalan pulun xümsünü verməyə icazə verilir.
2. İş gəlirindən ehtiyatda yığılan pula bir dəfə xüms düşür. Amma pulu banka qərzul-həsənə ünvanında depozit qoymaq ona xüms düşməməsinə səbəb olmur.
4. Borc verilən pul
1. Əgər bir şəxs malın nisyə satışından əldə edəcəyi gəliri xüms ilinin sonunda ala bilərsə, xüms ilinin sonunda bu gəlirin xümsünü verməlidir. Əks halda, bu gəlir onu aldığı ilin gəlirindən hesab olunacaqdır.
2. Əgər bir şəxs il ərzindəki gəliri ilə mal alıb, sonra onu nisyə şəklində satıbdırsa, malın pulunu aldığı vaxt nisyə satışın gəlirinin xümsünü dərhal verməlidir.
3. Əgər gecikdirilən maaşı və əlavə iş saatlarının zəhmət haqqını xüms ilinin sonunda almaq mümkün olmazsa, bu pul hansı ildə alınsa, həmin ilin gəlirindən hesab olunacaqdır. Əgər bu pul həmin il məunəyə sərf edilərsə, ona xüms düşməyəcəkdir. Amma əgər xüms ilinin sonunda onu almaq mümkün olarsa, onun xümsünü vermək vacibdir, baxmayaraq ki, şəxs onu hələ almayıbdır.
4. Əgər pensiya pulu və ya istifadə edilməyən məzuniyyət üçün verilən pul xüms ilinin sonunadək xərclənməzsə, onun xümsü verilməlidir.
5. Əgər bir şəxs il ərzindəki gəlirindən müəyyən məbləğ pulu başqa bir şəxsə borc versə, xüms ilinin sonunadək borcunu ala biləcəyi təqdirdə, xüms ilinin sonunda bu pulun xümsünü verməlidir. Amma əgər xüms ilinin sonunadək borcunu ala bilməzsə, onu aldığı vaxt dərhal xümsünü verməlidir.
5. Qızıl sikkə
Əgər qızıl sikkə iş qazancı hesab olunarsa, xümsün vacibliyi baxımından başqa qazanclar hökmündədir.
6. Kəfən
Kəfən alıb onu bir neçə il evində saxlayan şəxs kəfənin alış qiymətinin xümsünü cari xüms ilinin sonunda verməlidir. Pulun dəyərdən düşməsi nəticəsində yaranan qiymət artımı barəsində isə şəri-hakimlə müsalihə etməlidir.
Suallar:
1- Əgər bir şəxsin şəriklərinin xüms ili yoxdursa və xüms vermirlərsə, bu şəxsin şəri vəzifəsi nədir?
2- Qərzul-həsənə büdcəsinin sərmayəsinə xüms düşürmü? Bu sərmayədən əldə edilən gəlirə xüms düşürmü?
3- İş vasitələrinə və alətlərinə xüms düşürmü?
4- Ev almaq və ya ehtiyac duyulan digər məişət əşyalarını almaq üçün aybaay yığılan pula xüms düşürmü?
5- Əgər işçi cari ildə alacağı aylıq əmək haqqını sonrakı xüms ilində alarsa, onun xümsünü verməlidirmi?
6- Əgər bir şəxs xüms ili başa çatmamışdan qabaq öz qazancından müəyyən məbləği borc versə və yeni xüms ilindən bir neçə ay keçdikdən sonra borcunu geri alsa, bu məbləğin hökmü nədir?
1. İstifadəsi zamanı aradan gedən və aradan getməyən mallar
Gündəlik məişət ehtiyacı olaraq istifadə edilən qənd, şəkər tozu, düyü, yağ və s. bu kimi “istifadəsi zamanı aradan gedən mallar” əgər il ərzində istifadə etmək məqsədilə illik qazancdan alınarsa və istifadə olunarsa, məunə hesab olunurvə onlara xüms düşmür. Amma bu malların xüms ilinin sonunadək istifadə olunmayan miqdarı məunə hesab olunmur. Əgər satılıb-alınmağa qabil olarsa, onların xümsü verilməlidir. “İstifadəsi zamanı aradan getməyən mallar”, məsələn, yaşayış evi, ev əşyaları, şəxsi avtomobil, qadının qızıl zinət əşyaları və s. bu kimi əşyalar əgər məişət ehtiyacı ünvanında illik qazancdan alınarsa və istifadə olunarsa, məunə hesab olunur və onlara xüms düşmür.
Diqqət:
• “İstifadəsi zamanı aradan getməyən mallar”a xüms düşməməsinin meyarı, insanın öz ürfi şəninə uyğun bir şəkildə bu mallara ehtiyacının olmasıdır, hətta ola bilər ki, il ərzində onlardan istifadə etməmişdir. Beləliklə, əgər xalça və ya qab-qacaq təsadüfən il ərzində istifadə olunmazsa, lakin qonaq qarşılamaq üçün onlara ehtiyac vardırsa, onlara xüms düşmür. Amma “istifadəsi zamanı aradan gedən mallar”a xüms düşməməsinin meyarı, onlardan istifadə etməkdir. Beləliklə, xüms ilinin sonunadək bu malların istifadə olunmayan və qalan miqdarına xüms düşür.
• Əgər bir neçə cilddən ibarət kitabın (məsələn, “Vəsailuş-şiə” kitabının) bütün cildlərinə ehtiyac varsa və ya ehtiyac olan cild təklikdə satılmadığı üçün bütün cildləri almaq lazımdırsa, bu halda onlara xüms düşmür. Əks təqdirdə, hal-hazırda ehtiyac duyulmayan cildlərin xümsü verilməlidir. Kitabın hər cildindən bir neçə səhifəni oxumaq onlara xümsün düşməməsi üçün kifayət etmir.
• Ehtiyac sayılan yaşayış evi “məunə” hesab olunur. Beləliklə, əgər üçmərtəbəli yaşayış evinin bir mərtəbəsində ev sahibinin özü və digər iki mərtəbəsində onun övladları yaşayırsa, bu evə xüms düşmür.
• Şəxsi istifadə və məişət ehtiyaclarını təmin etmək ücün illik qazancdan alınan avtomobil insanın ürfi şəninə uyğun olan ehtiyaclardan olduğu təqdirdə, “məunə” hesab olunur və ona xüms düşmür. Amma əgər iş fəaliyyətilə məşğul olmaq və qazanc əldə etmək üçün alınarsa (məsələn, taksi, yük maşını, avtobus və s.), bu, “iş vasitəsi və aləti” hökmündədir və ona xüms düşür.
• İllik qazancdan alınan və xüms ilinin sonunadək xarab olmadan qalan dərmanlar əgər ehtiyac duyulan zaman istifadə etmək üçün alınarsa və həqiqətən də ehtiyac zamanı istifadə olunarsa, “məunə” hesab olunur və onlara xüms düşmür.
2. Qazancdan tədricən alınan yaşayış tələbatları
Əgər bir şəxsin müəyyən məişət ehtiyaclarını, o cümlədən yaşayış evi, ev əşyaları, cehizlik və bu kimi əşyaları ehtiyac yarandığı zaman birdəfəyə almağa imkanı yoxdursa və buna görə də o, bu əşyaları bir neçə ilin qazancından tədricən alıb, ehtiyac yaranan zamana saxlamalıdırsa, onun hər il öz ürfi şəninə uyğun aldığı miqdar “məunə”dir və ona xüms düşmür.
Müxtəlif məsələlər:
1. Əgər bir məntəqənin adət-ənənəsinə görə oğlan evi (bəy evi) ev əşyalarını almalıdırsa və onlar bu əşyaları illər ərzində tədricən alıb yığırlarsa, gələcək ailə həyatı üçün ev əşyalarını almaq ürfə görə məunə hesab olunduğu təqdirdə, bu əşyalara xüms düşmür.
2. Bir şəxsin yaşayış evi yoxdur, amma torpaq sahəsi vardır və bu torpaq sahəsinin alındığı xüms ili başa çatıbdır. Əgər o, bu torpaq sahəsini ehtiyacı olan evi tikmək məqsədilə il ərzindəki qazanc ilə alıbdırsa, ona xüms düşmür. Hətta əgər o, bu torpaq sahəsini satıb, onun puluna başqa bir ev alarsa, yenə də bu pula xüms düşmür. Amma əgər bu torpaq sahəsini illik qazanc ilə alsa da, aldığı vaxt məqsədi onu satmaq və pulu ilə ev tikmək və ya bu pulu ev tikmək məqsədilə saxlamaq olubdursa, ehtiyata görə, bu torpaq sahəsinin xümsünü verməlidir.
3. Yaşayış evini tikmək üçün ehtiyac olan torpaq sahəsinə xümsün düşməməsində torpaq sahəsinin bir və ya bir neçə sahə olması, yaxud bir və ya bir neçə ev olması arasında fərq yoxdur. Bu məsələdə meyar, şəxsin ürfi şəninə uyğun olaraq bu evə “ehtiyac”ının olması, həmçinin maddi imkanına görə bu evi tədricən tikməsidir.
4. Şəxsi yaşayış evi olmayan bir şəxs illik qazancından torpaq sahəsi alıb, orada ev tikməyi nəzərdə tutubdur. Əgər o, evi tikməyə başlasa, lakin evin tikintisi tamamlanmamışdan qabaq xüms ili başa çatsa, tikinti materiallarına xərclədiyi məbləğə xüms düşmür.
5. Əgər bir şəxs ehtiyacı olan, həmçinin onun şəninə uyğun olan evi alsa, bu ev onun məunəsi sayılır və ona xüms düşmür, baxmayaraq ki, hələ bu evə köçə bilməmişdir və ya bir neçə müddətdən sonra orada yaşamaq fikrindən daşınmışdır.
3. Qaytarılmamış borc
1. Əgər bir şəxsin illik qazancından artıq qalsa, hətta az olsa belə, bu məbləğin xümsünü verməlidir, baxmayaraq ki, onun məunə üçün aldığı borc və ya kreditləri vardır. Amma əgər o, borcunu həmin ilin gəlirindən xüms ilinin sonunadək və ya il tamamlanandan bir qədər sonra qaytararsa, ürfə görə həmin ilin gəlirini elə həmin ilin xərclərinə sərf etmək sayıldığı təqdirdə, bu məbləğə xüms düşməyəcəkdir.
2. Əgər bir şəxs yeni xüms ilində qazanc əldə etməmişdən qabaq məişət ehtiyacları üçün borc alsa və ya xüms düşməyən pulu (məsələn, irs qalan pulu) xərcləsə, ehtiyat-vacibə görə, bu məbləği yeni xüms ilində əldə etdiyi qazancdan çıxa bilməz və onun xümsünü verməlidir.
3. Əgər bir şəxs yeni xüms ilində qazanc əldə etdikdən sonra xüms düşməyən pulu məişət ehtiyaclarına sərf etsə, bu məbləği yeni xüms ilində əldə etdiyi qazancdan çıxa bilər.
4. İllik qazancı borca sərf etməyə, hətta borc qeyri-məunə üçün olsa belə, icazə verilir. Amma əgər borc xüms ilinin sonunadək qaytarılmazsa, bu məbləğ borc alınan ilin qazancından çıxılmır və qazancdan artıq qalan məbləğin xümsü verilməlidir. Lakin məunə üçün olan və mövcud qazancdan sonra alınan borc isə – istər borc almaq şəklində olsun, istər alış zamanı ödənişi öhdəyə götürərək yaranan borc şəklində olsun və s. – istisna təşkil edir.
4. İcarədə verilən girov pul
1. Əgər icarəçinin icarə verən şəxsə girov ünvanında verdiyi pul icarəçinin illik iş qazancından olarsa, icarəçinin xüms ili başa çatdıqda bu pula xüms düşür. O, nə zaman bu pulu geri ala bilsə, xümsünü verməlidir. Amma əgər icarəçinin ev icarəyə götürmək üçün bu pula ehtiyacı olarsa, ehtiyacı aradan qalxanadək xümsün ödənişini yubada bilər.
2. Həcc və ya ümrə ziyarətinə getmək üçün növbəyə dayanan şəxslər banka müəyyən məbləğdə pul depozit qoyurlar ki, növbələri çatdığı zaman bu pulu və onun faizini götürüb həccə və ya ümrəyə getsinlər. Əgər onlar depozit qoyduqları ildə həccə və ya ümrəyə getsələr, bu pula xüms düşmür. Yox əgər onların növbəsi özlərinin xüms ili başa çatdıqdan sonra çatsa, depozit qoyulan məbləğ il ərzindəki gəlirdən olduğu təqdirdə, ona xüms düşür. Amma pulun üzərinə gələn faizə gəlincə, əgər ziyarətə getməmişdən qabaq onu almaq mümkün deyildirsə, bu məbləğ hansı ildə alınarsa, həmin ilin qazancı hesab olunacaqdır. Əgər həmin ildə xərclənərsə, ona xüms düşmür.
Suallar:
1- Məunəyə xüms düşməməsinin meyarı il ərzində ondan “istifadə olunması”dır, yoxsa il ərzində ona “ehtiyac”ın olması kifayət edir, baxmayaraq ki, il ərzində ondan istifadə olunmamışdır?
2- Əgər illik qazancdan alınan dərmanlar xüms ilinin sonunadək xarab olmadan qalarsa, onlara xüms düşürmü?
3- Yaşayış üçün şəxsi evi olmayan bir şəxs özünə ev tikdirmək üçün torpaq sahəsi alır, lakin ev tikdirmək üçün kifayət qədər pulu olmadığına görə onun xüms ili başa çatır. O, bu torpaq sahəsini də satmamışdır. Bu torpaq sahəsinə xüms düşürmü?
4- Əgər işçinin qazancından onun illik xərclərindən artıq qalsa, nağd və ya kredit borcları olduğu təqdirdə, artıq qalan qazanca xüms düşürmü?
5- Əgər icarəçinin icarə girovu ünvanında verdiyi pul onun illik qazancından olsa və bu pul icarə verən şəxsdə bir neçə il qalsa, bu pulu geri aldıqdan sonra onun xümsü dərhal verilməlidirmi? Əgər şəxs bu pul ilə başqa bir evi icarəyə götürmək istəsə, nə etməlidir?
6- Həcc ziyarətinə ad yazdırmaq və növbə tutmaq üçün ödənilən və ödəniş tarixindən bir neçə il keçən pula xüms düşürmü?
Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
Yetmiş birinci dərs: Qazancın xümsünün hesablanması və ödənilməsi
Qazancın xümsünün hesablanması və ödənilməsi
1. Qazanca nə zaman xüms düşür?
1. Qazanc əldə edildiyi zaman artıq ona xüms düşür, amma xümsün ödənilməsinə bir il möhlət verilir. Odur ki, mal sahibi il tamamlanmamışdan qabaq da öz xümsünü verə bilər.
2. Xüms ilini tezləşdirməyə icazə verilir, belə ki, nəzərdə tutulan tarixədək qazancın xümsü hesablanır və ödənilir. Bundan sonra isə xüms ili həmin tarixdən etibarən başlanır. Amma xüms ilini gecikdirməyə icazə verilmir.
Diqqət:
• Əgər bir şəxs il ərzindəki qazancı ilə satmaq niyyəti olmadan bir mülk və ya qızıl sikkə alsa, ilin sonunda onun qiyməti əsasında xümsünü verməlidir. Bu mülk və ya qızıl sikkə satılmayanadək onun qiymət artımına xüms düşmür. Amma satıldığı zaman qiymət artımından inflyasiya miqdarı çıxıldıqdan sonra qalan məbləğ satış ilinin qazancı hesab olunur. Lakin əgər bu şəxs həmin mülkü və ya qızıl sikkəni satmaq niyyətilə alıbdırsa, cari xüms ilinin sonunda onun qiymətinə xüms düşür. Əgər sonrakı illərdə onların qiyməti artarsa və onları satmaq da mümkün olarsa, artan qiymətdən inflyasiya miqdarını çıxdıqdan sonra qalan məbləğin xümsü verilməlidir, baxmayaraq ki, onları satmayıbdır.
2. Qazanc üçün çəkilən xərclərin çıxılması
İş görmək və qazanc əldə etmək üçün illik gəlirdən çəkilən xərclər, o cümlədən yükün daşınması xərcləri, mala dəyən ziyan, dükanın kirayə pulu, fəhlənin və dəllalın zəhmət haqqısı, vergilər və s. həmin ilin qazancından çıxılır və ona xüms düşmür.
3. Məunəyə “qazancın xümsü”nün düşməməsi
Məunəyə qazancın xümsü düşmür, yəni il ərzində əldə edilən qazancdan məişət ehtiyacları üçün çəkilən xərclərə xüms düşmür. Yalnız ilin sonunda qazancdan artıq qalan məbləğə xüms düşür və onun hesabı aparılmalıdır.
4. İlin məunəsinin həmin ilin qazancından çıxılması
Hər ilin məunəsi həmin ilin qazancından çıxılır, əvvəlki və sonrakı illərin qazancından çıxılmır. Odur ki, əgər bir şəxs hansısa bir ildə qazanc əldə edə bilməsə, həmin ilin məunəsini əvvəlki və ya sonrakı illərin qazancından çıxa bilməz.
5. Xümsü verilən pul ilə xümsü verilməyən pulun bir-birinə qarışması və onun məunəyə sərf edilməsi
Əgər xümsü verilən pul ilə xümsü verilməyən pul bir-birinə qarışsa, məsələn, hər iki pul eyni bir bank hesabına qoyulsa və şəxs hansı puldan istifadə etdiyini nəzərdə tutmadan bu bank hesabından pul götürsə və ya xümsü verilən puldan istifadə etdiyini nəzərdə tutaraq bu hesabdan pul götürsə və məunəyə sərf etsə, bank hesabında xümsü verilən pul məbləğində və ya daha az pul qaldığı təqdirdə, bu məbləğə xüms düşməyəcəkdir.
6. İllik qazancın hesablanması
Az olsa belə, öz qazancı olan şəxslərin – istər subay olsunlar, istərsə də ailəli olsunlar – xüms ili olmalıdır və onlar öz illik qazanclarını hesablamalıdırlar. Beləliklə, əgər ilin sonunda qazancdan artıq qalarsa, bu məbləğin xümsünü verməlidirlər. Qeyd edək ki, xüms ilinin sonunda illik qazancın hesablanması “müstəqil vacib əməl” deyildir. Bu, xümsün hesablanması üçün bir yoldur. Belə ki, əgər bir şəxs onun əmlakına xüms düşdüyünü bilsə, amma onun miqdarını bilməsə, bu halda illik qazancın hesabatını aparmalıdır. Amma əgər qazancdan heç nə qalmasa və hamısı məunəyə sərf edilsə, bu şəxsə xüms vacib olmur və buna görə də illik qazancın hesabatını aparmaq da vacib olmur.
Diqqət:
• Öz aylıq əmək haqqını müştərək şəkildə məişət xərclərinə sərf edən ər və arvadın ayrı-ayrılıqda öz qazancı etibarilə xüms ili olmalıdır. Onların hər biri xüms ilinin sonunda öz əmək haqqından və illik qazancından artıq qalan məbləğin xümsünü verməlidirlər. Həmçinin əgər evdar bir qadının ərinin xüms ili vardırsa və həmin tarixdə o öz qazancının xümsünü verirsə, eyni zamanda bu qadının da bəzən müəyyən qazancı olursa, bu qadın ilk qazancı əldə etdiyi tarixi öz xüms ilinin başlanğıcı etməlidir. İl ərzində öz qazancından şəxsi xərclərə, məsələn, ziyarətə getmək, hədiyyə vermək və s. bu kimi işlərə sərf etdiyi pula xüms düşmür. Amma xüms ilinin sonunda illik qazancının məunədən artıq qalan məbləğinin xümsünü verməlidir. Qeyd edək ki, ər və arvad bir-birinin icazəsi ilə biri digərinin xümsünü hesablayıb verə bilər.
• Mükəlləf xümsün şəri hökmlərini bildiyi təqdirdə, öz əmlakının xümsünü özü hesablaya və xümsü ayırıb xüms işləri məsuluna və ya onun vəkilinə verə bilər.
7. Xüms ilinin başlanğıcının təyin olunması
Xüms ilinin başlanğıcı mükəlləf tərəfindən təyin olunmur, əksinə, bu, illik qazancın əldə edilməsi ilə təyin olunur. Beləliklə, fəhlə və işçinin xüms ilinin başlanğıcı ilk qazanclarını əldə etdikləri və ya əldə etmək imkanı olduğu gündür. Tacirlərin və dükan sahiblərinin xüms ilinin başlanğıcı alış-verişə başladıqları gün, əkinçilərin xüms ilinin başlanğıcı isə ilk məhsulu yığdıqları gündür.
Diqqət:
• Yuxarıda qeyd olunduğu kimi, fəhlə, işçi və s. bu kimi əmək haqqı alan şəxslərin xüms ilinin başlanğıcı işə başladıqları gün deyil, ilk əmək və ya zəhmət haqqı aldıqları və ya ala biləcəkləri gündür.
8. Xüms ilini şəmsi və ya qəməri ili ilə hesablamaq seçimi
Mükəlləf xüms ilini şəmsi və ya qəməri ili ilə hesablamaqda seçim edə bilər.
Suallar:
1- Xüms ilini (xüms tarixini) geriyə və ya qabağa çəkmək olarmı?
2- Bir şəxsin mülkü vardır və ona xüms düşür. O bu mülkün xümsünü illik qazancından verə bilərmi? Bu halda o, illik qazancın da xümsünü verməlidirmi?
3- Xüms ilinin sonunda bir şəxsin qazancından min manat pulu artıq qalır və o, bu pulun xümsünü verir. Gələn il isə onun min beş yüz manat pulu artıq qalır. İndi bu şəxs beş yüz manatın xümsünü verməlidir, yoxsa min beş yüz manatın xümsünü?
4- Ata və anası ilə birgə yaşayan subay şəxslərə xüms vermək vacibdirmi?
5- Mükəlləf öz əmlakının xümsünü özü hesablaya və xümsü ayırıb xüms işləri məsuluna və ya onun vəkilinə verə bilərmi?
6- Xüms vermək üçün xüms ilinin başlanğıcı necə təyin olunur?
Sərmayənin xümsünü ilk dəfə hesablamaq üçün mövcud olan bütün malları və nağd pulu xüms ilinin sonunda hesablayıb qiyməti çıxarmaq və bu məbləğin xümsünü vermək lazımdır. Növbəti ildə isə mövcud olan sərmayəni əvvəlki ildə xümsü verilən əsas sərmayə ilə müqayisə etmək lazımdır. Əgər inflyasiya miqdarından əlavə, əsas sərmayədə artım olarsa, artan məbləğ qazanc hesab olunur və ona xüms düşür. Amma əgər əsas sərmayədə artım olmazsa, deməli, qazanc olmamışdır və xüms vermək vacib olmur. Məsələn, bir şəxsin sərmayəsi doxsan səkkiz baş qoyun və müəyyən məbləğ nağd pul idi və o, bu malın xümsünü vermişdir. Əgər xüms ilinin sonunda mövcud qoyunların qiyməti ilə nağd pul birlikdə əvvəlki ildə xümsünü verdiyi doxsan səkkiz baş qoyunun qiyməti və nağd puldan çox olarsa, artan məbləğdən inflyasiya miqdarı çıxıldıqdan sonra qalan məbləğə xüms düşür.
Diqqət:
• Sərmayənin xümsü hesablanarkən malların (yəni nağd pul şəklində olmayan sərmayənin) qiyməti mümkün olan hansısa bir şəkildə, hətta təxmini olsa da, çıxarılmalıdır. Bu işin çətin olduğunu əsas götürüb, onu yerinə yetirməməyə icazə verilmir.
• Əgər bir şəxs bir neçə sahədə iş görür və qazanc əldə edirsə, məsələn, həm obyekt icarəyə verib icarə pulu alır, həm ticarət edir, həm də əkinçilik işi ilə məşğuldursa, bu işlərin sərmayəsini və gəlirini-çıxarını ayrıca hesabladığı təqdirdə, xüms ilinin sonunda hər sahədən əldə etdiyi qazancı hesablamalı və onun xümsünü verməlidir. Əgər o, bir sahədə gördüyü işdə ziyana düşsə, başqa sahədə gördüyü işin qazancından bu ziyanı çıxa bilməz. Amma əgər müxtəlif sahələrdə gördüyü işlərin sərmayəsini və gəlirini-çıxarını vahid büdcə olaraq hesablayırsa, bu sahələrin qazancını ümumilikdə hesablamalı və sərmayədə artan məbləğin xümsünü verməlidir.
• Əgər xüms ilinin əvvəlində sərmayənin bir hissəsi aradan getsə, amma qalan sərmayədən müəyyən məbləğ qazanc əldə edilsə və bu qazanc şəxsin illik xərclərindən artıq qalsa, sərmayədən aradan gedən məbləği ilin sonunda artıq qalan məbləğdən götürmək olar.
• Əgər bir şəxsin sərmayəsi deyil, başqa bir malı aradan getsə, o, aradan gedən malın qiymətini sərmayədən əldə etdiyi qazancdan çıxa bilməz. Amma əgər onun həmin ildə bu mala ehtiyacı olsa, il ərzində iş qazancı ilə onu ala bilər.
Qazancın xümsünün düzgün hesablanmasında şəkk etmək
Ötən illərin qazancının xümsünü düzgün hesabladığına şəkk edən bir şəxs öz şəkkinə etina etməməlidir və ona yenidən xüms vermək vacib olmur. Amma əgər onun qazanc barəsində şəkki olsa, belə ki, mövcud qazancın xümsü verilmiş ötən illərin qazancı olduğuna, yoxsa bu ilin qazancı olduğuna və xümsünün verilmədiyinə şəkk etsə, bu halda ehtiyata görə, onun xümsünü verməlidir. Lakin əgər aydın olsa ki, həmin qazancın xümsünü vermişdir, ona xüms düşməyəcəkdir.
Xümsün verilməsində şəkk etmək
Əgər bir şəxs hansısa bir şeyin xümsünü verib-vermədiyinə dair şəkk etsə, bu şey “xüms düşən bir mal” olduğu təqdirdə, onun xümsünü verdiyinə əmin olmalıdır.
Müsalihə (razılaşma)
Əgər bir şəxs qazancına xüms düşüb-düşmədiyini bilməsə, məsələn, yaşadığı evi iş qazancı ilə aldığına əmin olsa, amma bu qazancı il əsnasında ev almaq üçün sərf etdiyini, yoxsa il başa çatdıqdan sonra və qazancın xümsünü verməmişdən qabaq sərf etdiyini bilməsə, ehtiyat-vacibə görə, xüms işləri məsulu və ya onun vəkili ilə müsalihə etməlidir.
Diqqət:
• Əgər qazanca və ya mala xüms düşdüyü məlumdursa, bu halda müsalihəyə yer qalmır. Müsalihə şəkk zamanı baş tuta bilər.
Əgər bir şəxs xüms verməlidirsə, amma maddi imkanı çatmadığına görə hal-hazırda onu verə bilmirsə, o, boynunda olan xüms borcunu xüms işləri məsulu və ya onun vəkili ilə dəstgərdan edə bilər. Sonralar zaman və miqdar baxımından imkanı çatdıqca onu tədricən verməlidir.
Diqqət:
• Əgər bir şəxs xüms düşməyən bir malından xüms versə, onun xüms verdiyi məbləğ şəri qaydada sərf olunduğu təqdirdə, onu hal-hazırda malına düşən xümsün yerinə hesab edə bilməz. Bəli, əgər onun xüms verdiyi pul və ya mal sərf olunmayıbsa, onu geri istəyə bilər.
Suallar:
1- Sərmayənin xümsünün hesablanması və verilməsi qaydasını izah edin.
2- Ötən illərin malına düşən xümsü düzgün hesabladığına dair şəkk edən bir şəxsin vəzifəsi nədir?
3- Müsalihə hansı halda baş tuta bilər?
4- Dəstgərdan nə zaman edilir?
5- Əgər bir şəxs xüms düşməyən malından xüms versə, bu məbləği hal-hazırda onun malına düşən xümsün yerinə hesab edə bilərmi?
[1] Dəstgərdan – fiqh termini olub, xüms və ya zəkatı mal sahibindən almaq və yenidən ona qaytarmaq mənasını bildirir. Müt.
Bir şəxs və ya şərikli şəkildə bir neçə şəxs tərəfindən mədəndən çıxarılan faydalı qazıntılara xüms düşür. Əlbəttə, bu şərtlə ki, ixrac və saflaşdırma işlərinin xərci çıxıldıqdan sonra şəxsin əldə etdiyi mal və ya şəriklərin hər birinə çatan pay 15 misqal qızıl[1] dəyərində olmalıdır. Əgər bundan az olarsa, ona xüms düşməyəcəkdir.
Diqqət:
• Mədənə aşağıdakı şərtlər daxilində xüms vacib olur:
1- Bir şəxs və ya bir neçə şəxs şərikli şəkildə faydalı qazıntını mədəndən ixrac etməlidirlər;
2- Onların hər birinə çatan mal nisab həddinə çatmalıdır, yəni 15 misqal qızıl dəyərində olmalıdır;
3- İxrac etdikləri faydalı qazıntı onların şəxsi əmlakı olmalıdır.
Dövlət tərəfindən mədənlərdən ixrac edilən faydalı qazıntılar bir və ya bir neçə şəxsin əmlakı olmadığına görə, ona xüms düşmür. Nəticədə, dövlət və hökumətə xüms vacib olmur.
Dəfinə
İnsanların şəxsi torpaq sahələrində tapdıqları dəfinə barəsində İslam hökumətinin qanunları əsasında hökm çıxarılır. Beləliklə, əgər bir nəfərin şəxsi evinin altında yüz il bundan əvvələ aid olan gümüş sikkələr tapılarsa, bu barədə İslam hökumətinin qanunlarına müraciət olunmalıdır.
Haram mala qarışmış halal mal
1. Əgər halal mal haram mala qarışarsa, məsələn, bir kisədə olan buğdanın bir miqdarı başqa şəxsə aid olarsa, halal malın sahibi olan şəxs həmin şəxsi tanımadığı və ona aid olan malın miqdarını bilmədiyi təqdirdə, bütün malın xümsünü verməlidir. Bu halda qalan mal ona halal olur.
2. Əgər halal malın sahibi olan şəxs başqa şəxsə aid olan malın miqdarını dəqiq bilməsə də, ümumiyyətlə bilir ki, həmin malın miqdarı ümumi malın beşdə birindən çoxdur, bu halda o, ehtiyata görə, xümsdən əlavə, ümumi malın beşdə birindən çox olduğuna yəqinliyi olan miqdarı da şəri-hakimə verməlidir. Şəri-hakim bu malı həm xüms, həm də sədəqə sayılan yerlərə sərf etməlidir.
Diqqət:
• Xüms və zəkat verməyən, yaxud malı ribaya qarışan bir ailədə yaşayan şəxs istifadə etdiyi malda haramlığın olduğuna yəqin etməyənədək ondan istifadə edə bilər. (Bəli, o, yəqin bilir ki, onun ailəsi xüms və zəkat vermir, yaxud ailənin malı ribaya qarışıbdır. Amma bu o demək deyildir ki, onun istifadə etdiyi mal da haramdır.) Amma əgər istifadə etdiyi malın haramlığına yəqinliyi olsa, ondan istifadə edə bilməz. Yalnız o halda istifadə edə bilər ki, ailədən ayrılmaq və onlarla əlaqəni kəsmək onun üçün əziyyətli və olduqca çətin olacaqdır. Bu halda ailənin harama qarışmış malından istifadə etməsinin maneəsi yoxdur, amma istifadə etdiyi malda mövcud olan başqalarının malına zamindir (bunu onlara borcludur).
Dalğıclıq vasitəsilə dənizin dibindən çıxarılan cəvahirat
1. Əgər insan dənizin dibinə enib mirvari, mərcan və bu kimi cəvahirləri dənizdən çıxarsa, onları çıxarmağın xərclərini çıxdıqdan sonra 18 qızıl noxud və ya daha çox dəyərində cəvahir qaldığı təqdirdə, onun xümsünü verməlidir.
2. Əvvəlki məsələdə dənizdən çıxarılan cəvahirin yalnız bir növ, yoxsa bir neçə növ cəvahir olmasının fərqi yoxdur. Həmçinin onların bir dəfəyə və ya az zaman fasiləsi ilə bir neçə dəfəyə dənizin dibindən çıxarılmasının fərqi yoxdur. Ehtiyat-vacibə görə, böyük çaylar, məsələn, Nil, Fərat və Karun çayları dəniz hökmündədir.
3. Əgər insan dənizin dibinə enmədən müəyyən bir vasitə ilə cəvahiri dənizdən çıxarsa, onu çıxarmağın xərclərini çıxdıqdan sonra 18 qızıl noxud və ya daha çox dəyərində cəvahir qaldığı təqdirdə, ehtiyat-vacibə görə, onun xümsünü verməlidir.
4. Əgər cəvahir öz-özünə sudan xaric olsa və insan onu suyun üzündən və ya dənizin sahilindən götürsə, ona xüms düşmür. Amma əgər bu iş onun işi olsa, əldə etdiyi cəvahir onun iş gəliri hesab olunur və bu məsələnin hökmü bir qədər irəlidə açıqlanacaqdır.
Xümsün istifadəsi
1. Xüms verməli olan şəxs xümsü “müsəlmanların vəliyyi-əmri”nə təhvil verməlidir və bu hökm baxımından “İmam (ə) payı” ilə “seyid payı” arasında fərq yoxdur.
2. Əgər hörmətli mərcəyi-təqlidlərin müqəllidləri xümsün ödənilməsində özlərinin mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə əməl etsələr, borcdan çıxmışdırlar.
3. Xümsü təhvil almaqda “müsəlmanların vəliyyi-əmri”nin vəkili olan şəxsə xümsü ödəmək olar. Amma əgər onun vəkilliyi dəqiq deyildirsə, xümsü ona verməyə icazə verilmir. Xüms ona verildiyi təqdirdə, mükəlləfin borcdan çıxdığına əminlik hasil olmur.
4. Xümsün (istər İmam (ə) payı, istərsə də seyid payının) hansısa bir işə sərf edilməsi üçün “müsəlmanların vəliyyi-əmri”nin və ya bu işdə onun nümayəndəsinin icazəsi olmalıdır.
Diqqət:
• Dəqiqləşən xüms bağışlana bilməz.
• Əgər bir şəxs “xüms işləri məsulu” tərəfindən xümsü təhvil almağa icazəli olduğunu iddia edən şəxsin icazəsinə şəkk edərsə, o, ədəb qaydalarına müvafiq bir şəkildə həmin şəxsdən yazılı icazənaməni göstərməsini, yaxud da üzərində xüms işləri məsulunun möhürü olan qəbzi tələb edə bilər. Əgər həmin şəxs xüms işləri məsulunun icazəsinə müvafiq şəkildə əməl edirsə, etibarlı hesab olunur.
Bu şərtlərə malik olan şəxslərə “seyid payı” verilir
Aşağıdakı şərtlərə malik olan şəxslərə “xüms işləri məsulu”nun və ya onun vəkilinin icazəsi ilə “seyid payı” verilə bilər:
1- Seyid olmalıdır;
2- İmanı olmalıdır (on iki imam şiəsi olmalıdır);
3- Fəqir olmalıdır;
4- Vacibun-nəfəqə olmamalıdır;
5- Xümsü günah işlərə sərf etməməlidir.
Birinci şərt: Seyid olmalıdır
1. “Seyid payı”nı ata tərəfdən nəsli Həzrət Peyğəmbərin (s) cəddi Cənab Haşimə (ə) çatan şəxslər ala bilərlər. Beləliklə, Ələvi (nəsli Əli ibn Əbu Talibə (ə) çatan), Əqili (nəsli Əqil ibn Əbu Talibə çatan) və Abbasi (nəsli Abbas ibn Əbu Talibə çatan) seyidlərin hamısı “Haşimi seyidləri” sayılır. Onlar Haşimi seyidlərinə aid olan məziyyətlərdən faydalana bilərlər.
2. Ata tərəfdən nəsli Abbas ibn Əli ibn Əbu Talibə (ə) çatan seyidlər də Ələvi seyidlər hesab olunurlar.
3. Baxmayaraq ki, ana tərəfdən nəsli Həzrət Peyğəmbərə (s) çatan şəxslər də Peyğəmbər övladı hesab olunurlar, lakin seyidliyin şəri hökmlərinin şamil olması üçün ata nəsli meyar götürülür.
4. Əgər bir şəxs “mən seyidəm” desə, ona xüms vermək olmaz. Yalnız o halda ona xüms vermək olar ki, iki ədalətli şəxs onun seyid olduğunu təsdiqləsinlər, yaxud da hansısa bir yol ilə onun seyid olduğuna dair insanda yəqinlik və ya əminlik yaransın.
Üçüncü şərt: Fəqir olmalıdır
1. Əgər əmək fəaliyyəti ilə məşğul olan və qazanc əldə edən seyidlərin qazancı onların yaşayışı üçün normal şəkildə və onların ürfi şəninə uyğun səviyyədə kifayət edirsə, onlar xüms ala bilməzlər.
2. Əgər seyid ailəsində ata ailə üzvlərinin dolanışıq xərclərini verməkdə səhlənkarlıq göstərirsə və onlar atadan dolanışıq xərclərini ala bilmirlərsə, onlara “seyid payı”ndan dolanışıq xərcləri miqdarında verilə bilər.
3. Əgər ehtiyaclı seyidlərin yemək və geyimdən əlavə, durumlarına uyğun olan başqa bir şeyə ehtiyacları olsa, bu ehtiyacı təmin edən miqdarda onlara “seyid payı”ndan vermək olar.
4. Əgər bir seyidə qadının əri fəqir olduğuna görə onun dolanışıq xərclərini verə bilmirsə və qadının özü də şəri baxımdan fəqir hesab olunursa, bu qadın ehtiyaclarını təmin edəcək miqdarda “seyid payı” ala və onu özünə, övladlarına, hətta ərinə (əri seyid olmasa belə) xərcləyə bilər.
Dördüncü şərt: Vacibun-nəfəqə olmamalıdır
Vacibun-nəfəqə olan şəxsə[2] xüms vermək olmaz. Məsələn, fəqir ata-anasına maddi köməklik göstərmək imkanı olan bir şəxs öz xümsünü ata-anasına verə bilməz.
Beşinci şərt: Xümsü günah işlərə sərf etməməlidir
Ədalətli şəxs olmayan seyidə xüms vermək olar. Amma xümsü günah işlərə sərf edən seyidə xüms vermək olmaz. Hətta əgər ona xüms vermək onun günah etməsinə kömək etmək olarsa, ona xüms verilməməlidir, baxmayaraq ki, aldığı xümsü günah işlərə sərf etməyəcəkdir.
Xümsün müxtəlif məsələləri
1. Xüms verməyən bir şəxsin yeməyindən yemək olar və xüms vermək mal sahibinin öhdəsindədir.
2. Əgər ailə başçısı öz əmlakının xümsünü vermirsə, o, günah edir, amma ailə üzvlərinin onun malından istifadə etmələrinin maneəsi yoxdur.
3. Əgər malına xüms düşən, amma xümsü verməyən şəxs bir alğı-satqı həyata keçirsə, bu alğı-satqı düzgündür və satdığı mal başqasının mülkiyyətinə keçir. Amma bu şəxs xümsü borcludur və onu verməlidir.
4. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmaq əgər onların dini göstərişlərə qarşı məsuliyyətsizliyini dəstəkləmək olmazsa, onlarla ünsiyyətin maneəsi yoxdur. Amma əgər onlarla əlaqəni kəsmək onların dini göstərişlərə əhəmiyyət vermələrinə səbəb olarsa, bu halda onlarla əlaqəni kəsmək lazımdır.
5.Əgər bir şəxs həcc ziyarətinə getmək üçün müəyyən məbləğ pulu “Həcc işləri idarəsi”nin bank hesab nömrəsinə köçürsə, amma ziyarətə getməmişdən qabaq dünyasını dəyişsə, onun ziyarət qəbzi bugünkü qiyməti ilə onun irsi hesab olunur. Əgər mərhumun boynunda vacib həcc ziyarəti yoxdursa, həmçinin onun əvəzinə həcc ziyarəti yerinə yetirilməsini vəsiyyət etməyibdirsə, bu qəbz ilə onun əvəzindən həcc ziyarəti yerinə yetirmək vacib deyildir. Əgər ziyarət qəbzi üçün ödənilmiş pul xüms düşən pul idisə, bu pulun xümsünü və qəbzin qiymət fərqinin xümsünü vermək vacibdir.
Suallar:
1- Mədənin nisab həddi nə qədərdir?
2- Əgər bir şəxsin ailəsi xüms və zəkat vermirsə, həmçinin onların malı ribaya qarışıbsa, bu şəxsin vəzifəsi nədir?
3- Bəzi şəxslər seyidlərin işıq, su və qaz pulu kimi kommunal xərclərini ödəyirlər. Onların ödədikləri bu məbləği xümsdən hesab etmək olarmı?
4- Əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə edən seyidlərə xüms vermək olarmı?
5- Ələvi seyidlərindən olan bir qadın Ələvi seyid olmayan bir kişi ilə ailə qurmuş və övladları vardır. Əgər onun əri fəqirdirsə, bu qadına “seyid payı” vermək olarmı? Bu qadın aldığı payı övladlarına və ərinə xərcləyə bilərmi?