Ali Məqamlı Rəhbərin möhtəşəm həcc toplumuna müraciəti
– Mehriban və bağışlayan Allahın adı ilə!
Vəhy diyarı mömin insanları növbəti dəfə özünün hər il təşkil etdiyi izdihamlı ziyafətdə bir araya gətirmişdir. Hal-hazırda Yer kürəsinin dörd bir yanından axışıb gəlmiş, qəlbi həsrətlə çırpınan insanlar İslamın və Quranın beşiyi olan bu məkanda xüsusi ayinləri yerinə yetirməklə məşğuldurlar. Həmin ayinlər haqqında dərindən düşündükdə onların mahiyyətində İslamın və Qurani-Kərimin bəşəriyyətə təlim etdiyi əbədi bir dərsi müşahidə etmək olar. Bu dini ayinlərin özləri də həmin əbədi dərsin reallığa çevrilməsi və səmərəli nəticələr verməsi üçün son dərəcə əhəmiyyətli addımlardır.
Bu böyük dərsin məqsədi insanın əbədi səadəti və başıucalığı, onun təlim metodu isə əməlisaleh insanların və əməlisaleh cəmiyyətin yetişdirilməsidir. Elə insanlar ki, onlar qəlblərində və əməllərində vahid Allaha pərəstiş edir, mənəviyyatlarını şirkdən, əxlaqi çirkinliklərdən və yanlış meyillərdən təmizləyirlər. Elə bir cəmiyyət ki, onun strukturunda ədalət, azadlıq, iman, optimizm – biz sözlə, bütün həyat və inkişaf amilləri qüvvədədir.
İslam dinində yerinə yetirilməsi vacib olan həcc ziyarəti həmin fərdi və ictimai tərbiyələndirməyə nail olmaq üçün zəruri olan əsas elementləri özündə birləşdirir. Həccə gələn zəvvar ehram bağlayıb, özünün individual xüsusiyyətlərini, nəfsinin bir sıra ləzzət və istəklərini tərk etdiyi andan başlayaraq təktanrılılıq əqidəsinin simvolu olan Kəbəni təvaf etdiyi, fədakar, bütləri qırıb məhv edən İbrahimin (ə) məqamında namaz qıldığı, iki dağın arasında tələsik yürümə əməlini yerinə yetirdiyi, Ərəfatın qoynunda müxtəlif irqlərdən olan möminlərlə birgə düşərgə salıb dayandığı, Məşərül-Həramda – o izdihamlı toplumun içərisində hər bir qəlbin Uca Yaradanla baş-başa qalıb, ünsiyyət etdiyi məkanda gecəni zikr və dua ilə keçirdiyi, daha sonra isə Minada şeytana simvolik daşatma əməlini, dərin bir məna daşıyan qurbankəsmə, yoxsulları və yoldan keçən müsafirləri doyurma ayinini yerinə yetirdiyi ana qədər sadalanan bütün bu əməllərin hər biri başdan axıra qədər ibrət dərsi, təcrübə və xatırlatmadır.
Mükəmməl bir proqram şəklində yerinə yetirilən həcc ziyarətində insan bir yandan ixlası (pak və xalis niyyət), qəlbini saflaşdırmağı, maddi aləmin cazibəsindən xilas olmağı, paralel olaraq isə səy, çalışqanlıq və dözümlülüyü, ətraf aləmdən mənəvi baxımdan təcrid olunaraq xəlvətdə öz Tanrısı ilə baş-başa ünsiyyət qurmağı, bununla yanaşı isə özünü Allah bəndələri ilə vəhdətdə və həmrəy hiss etməyi, qəlbin və ruhun zinətləndirilməsinə məşğul olmaqla yanaşı, İslam ümmətinin möhtəşəm selinin müşahidəsinə heyran qalıb riqqətə gəlməyi, Haqq-Taalanın hüzurunda müti şəkildə durmaqla bərabər batil və haqq olmayanın müqabilində cəsarət və mətinlik göstərməyi – bir sözlə, bir yandan axirət həvəsi ilə pərvazlanmağı, digər yandan isə dünya həyatını gözəlləşdirmək naminə böyük əzm nümayiş etdirməyi bir ana xətt üzrə, bir-biri ilə vəhdətdə və sıx bağlılıqda öyrənir, məşq edir:
آتِنا فِي الدُّنْيا حَسَنَةً وَ فِي الآْخِرَةِ حَسَنَةً وَ قِنا عَذابَ النَّار وَ مِنْهُمْ مَنْ يَقُولُ رَبَّنا
«Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” – deyirlər». (“Bəqərə” surəsi, ayə 201)
Beləliklə, Kəbeyi-şərif, həcc ziyarəti zamanı yerinə yetirilən simvolik ayinlər bəşər cəmiyyətlərinin formalaşmasının, yüksəlişinin qaynağıdır və tamamilə insanların xeyri, faydası üçündür.
الْحَرامَ قِياماً لِلنَّاس جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ
“Allah Kəbəni – o möhtərəm və təhlükəsiz evi insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi”. (“Maidə” surəsi, ayə 97)
اللَّهِ فِي أَيَّامٍ مَعْلُوماتٍ ليَشْهَدُوا مَنافِعَ لَهُمْ وَ يَذْكُرُوا اسْمَ
“Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə Allahın onların ruzisi etmiş olduğu heyvanlar üzərində Onun adını çəksinlər”. (“Həcc” surəsi, ayə 28)
İstənilən dövlətdən, istənilən irqdən olan müsəlmanlar bu gün bu əzəmətli, vacib dini ayinin qədrini həmişəkindən daha artıq bilməli və ondan bəhrələnməlidirlər. Çünki bu gün önünə nəzər salan müsəlman ümməti həmişəkindən daha geniş və işıqlı üfüqləri müşahidə edir və artıq bu gün İslam dininin müsəlman fərdlər, ümumilikdə bütün müsəlman cəmiyyəti üçün təyin etdiyi hədəflərə yetişməyə ümid həmişə olduğundan daha çoxdur. Əgər ötən iki yüzillik ərzində İslam ümməti Qərbin maddi sivilizasiyası və onun hər iki – həm sağ, həm də sol yönümlü ateist məktəbləri qarşısında əzilərək geri çəkilməyə məcbur olurdularsa, hicrətin XV yüzilliyində Qərbin elə həmin siyasi və iqtisadi ideoloji məktəbləri zəifləmiş, məğlubiyyətə uğramış, pərən-pərən düşərək geri çəkilməyə düçar olmuşlar. Müsəlmanların oyanışı, öz həqiqi kimliyini yenidən dərk etməsi, təkallahlılıq əqidəsinin, ədalət və mənəviyyat prinsipləri əsasında formalaşmış məntiqin geniş vüsət alması nəticəsində İslam dini özünün yeni bir çiçəklənmə, izzət və ehtiram dövrünə başlamışdır.
Yaxın keçmişdə pessimizmə qapanıb, Qərb sivilizasiyasının hücumları qarşısında nəinki İslam dininin və müsəlman ümmətinin, hətta dini dəyərlərin və mənəvi-əxlaqi prinsiplərin də əldən getdiyini düşünənlər artıq bu gün İslam dininin başını dik tutduğunun, Quran və İslama yeni həyat bəxş edildiyinin, bunun müqabilində isə həmin bədxah hücumçuların get-gedə zəifləyərək sıralarını tərk etdiyinin öz gözləri ilə şahidi olurlar. Bu, zaman qəlblərində və dillərində təsdiq edirlər.
Mən tam əminliklə deyirəm: Bu hələ başlanğıcdır. İrəlidə İlahi vədələr tamamilə gerçəkliyə çevriləcək, yəni haqq batil üzərində qəti qələbə çalacaq, Qurana itaət edən ümmət yenidən formalaşacaq və İslam dini yeni intibah dövrünə qədəm qoyacaq:
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الأرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لا يُشْرِكُونَ بِي شَيْئًا وَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ فَأُولَئِكَ
هُمُ الْفَاسِقُونَ
“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi Yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın öz bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”
(“Nur” surəsi, ayə 55)Xilaf çıxılması mümkün olmayan bu İlahi vədənin – bu vədi verənin ona xilaf çıxması qeyri-mümkündür və onun – ilk və ən mühüm mərhələdə əlaməti İranda İslam İnqilabının qələbəsi, əzəmətli İslam dövlətinin qurulmasıdır. Bu hadisə İranı müsəlman sivilizasiyası, İslam hakimiyyəti ideyaları üçün möhkəm, dağılmaz bir bünövrəyə çevirdi. Materializmin, sağ və sol təmayüllü siyasi, ideoloji anti-İslam cərəyanlarının çaxnaşdığı bir dövrdə belə bir ecazkar hadisənin baş verməsi, daha sonra isə onun dörd bir yandan üstünə tökülüşən siyasi, hərbi, iqtisadi, təbliğat zərbələrinin qarşısında davam gətirərək möhkəm durması İslam dünyasında yeni bir ümid, qəlblərdə isə həyəcan və təlatüm yaratdı. Zaman ötdükcə o müqavimət Allahın iradəsi və dəstəyi ilə daha da gücləndi, qəlblərdəki o ümid isə daha da dərinə kök saldı. Həmin olaydan sonra ötən üç onillik ərzində Orta Şərq, Asiya və Afrikanın müsəlman ölkələri İslamın, müsəlmanların qələbəsi uğrunda mübarizə meydanına çevrilmişlər: Fələstində müsəlmanların müqavimət hərəkatı; müsəlman Fələstin dövlətinin ayağa qalxması; Livanda Hizbullahın tarixi qələbəsi, qəsbkar və qaniçən sionist rejiminə qarşı müsəlmanların qətiyyətli müqaviməti; İraqda baş verən olaylar, allahsız Səddam diktaturasının xarabalıqları üzərində demokratik müsəlman dövlətinin qurulması; Əfqanıstanda işğalçı kommunistlərin və onların əli ilə taxta çıxarılmış rejimin rüsvayçı surətdə süqut etməsi; ABŞ-ın Orta Şərqi tutmaq məqsədini güdən bütün müstəmləkəçi planlarının puç edilməsi; qəsbkar sionist rejiminin daxilində əlacsız çaşqınlıq və dağınıqlıq; regionun bir sıra, yaxud demək olar ki, bütün ölkələrində xüsusilə də gənclər və ziyalılar arasında İslama sayğı və sevgi dalğasının yayılması; mövcud iqtisadi blokada və sanksiyalara baxmayaraq İİR-nın heyranedici elmi-texniki tərəqqisi; ABŞ-da müharibəpərəstlərin siyasi və iqtisadi arenada süqutu; Qərb ölkələrinin bir çoxunda yaşayan müsəlman azlıqların öz həqiqi kimliyini və individuallığını dərk etməyə başlaması – əslində, bütün bunlar və buna bənzər olaylar bu əsrdə, yəni hicri tarixi ilə XV əsrdə İslamın öz düşmənlərinə qarşı mübarizədə açıq-aşkar qələbəsinin və yüksəlişinin bariz göstəricilərindəndir.
Qardaşlar və bacılar! Bütün bu qələbələrin hamısı bilavasitə cihad və ixlasın məhsuludur. Tanrının səsi Onun bəndələrinin dilindən eşidiləndə, haqq naminə, Allah yolunda çalışıb-vuruşanların qüvvəsi və əzmi meydana çıxanda, müsəlmanlar Tanrı ilə bağladıqları əhd-peymana əməl etməyə başlayanda qadir Allah da öz vədlərini gerçəkləşdirdi və tarixin axarı dəyişdi:
أَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُم
“Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir)” . (“Bəqərə” surəsi, ayə 40)
إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَ يُثَبِّتْ أَقْدامَكُم
“Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd” surəsi, ayə 7)
إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الأشْهَادُ
“Şübhəsiz ki, Biz öz peyğəmbərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (Qiyamət günündə) yardım edəcəyik!” (“Ğafir” surəsi, ayə 51)
وَ لَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيز
“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!” (“Həcc” surəsi, ayə 40)
Bu, hələ yolun başlanğıcıdır. Müsəlman xalqlarını irəlidə hələ çox çətin sınaqlar gözləməkdədir. Həmin sınaqlardan yalnız və yalnız iman və ixlas, ümid və cihad, uzaqgörənlik və səbirlə çıxmaq mümkündür. Məyusluq və pessimizmlə, etinasızlıq və iradəsizliklə, səbirsizlik və tələskənliklə, Allah-Taalanın verdiyi vədlərə inamsızlıqla bu yol heç vaxt qət oluna bilməz.
Zərbə almış düşmən bütün güc və potensialını meydana çıxarmış və bundan sonra da çıxaracaqdır. Ayıq-sayıq, müdrik və şücaətli olmaq, həmçinin fürsəti əldən verməmək lazımdır. Ancaq belə olan surətdə düşmənin bütün cidd-cəhdləri boşa çıxacaq. Bu 30 il ərzində də düşmən, yəni başlıca olaraq ABŞ və sionizm özlərinin bütün qüvvə və potensialı ilə meydanda olmuş, lakin onların bütün səyləri müvəffəqiyyətsizliyə uğramışdır. Gələcəkdə də eynilə bu cür olacaq. İnşallah ki, düşmənin hiddəti əksər hallarda onun zəif və çarəsiz situasiyada olmasının açıq-aşkar əlamətidir. Fələstinə, xüsusən də Qəzzaya diqqət yetirin! Düşmənin Qəzzada törətdiyi əməllərin bütün bəşərin çəkdiyi zülmlər tarixində misli-bərabərinə çox az təsadüf etmək olar. Bu amansız və qəddar əməllər düşmənin əliyalın surətdə qəsbkar rejimə və onun himayədarına ‒ yəni ABŞ dövlətinə qarşı mübarizə aparan, onların HƏMAS hökumətindən üz çevirmək tələbini ayaqlar altına atan mübariz kişilərin, qadınların və uşaqların güclü iradəsinə qalib gəlməkdə özünü necə də aciz hiss etməsinin aşkar əlamətidir. O böyük və mübariz millətə Allahın salamı olsun! Qəzza əhalisi və HƏMAS hökuməti Qurani-Kərimin bu əbədi ayələrinin kəsb etdiyi mənanı tamamən aydınlaşdırdılar:
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الأمْوَالِ وَالأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ
الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
أُولَئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَأُولَئِكَ هُمُ الْمُهْتَدُونَ
لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأمُورِ
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Muhəmməd (s)! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq” – deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır”. (“Bəqərə” surəsi, ayə 155, 156, 157)
“Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbir və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir”. (“Ali-İmran” surəsi, ayə 186)
Haqq və batilin bir-biri ilə mübarizə apardığı bu meydanda son qələbə yalnız və yalnız haqqa aid olacaq! Məzlum və səbirli Fələstin xalqı, nəhayət ki, düşmənə qalib gələcək!
وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
“Allah daim güclüdür, qüdrətli qalibdir”. (“Əhzab” surəsi, ayə 25)
Elə bu gün də fələstinlilərin müqavimətini qırmaqda aciz qalmaqdan əlavə, siyasi arenada ABŞ-ın və Avropanın bir çox hökumətlərinin azadlıq, demokratiya, insan haqları barədə irəli sürdükləri şüarların və iddiaların yalandan ibarət olan gerçək iç üzünün açılması həmin dövlətlərin beynəlxalq aləmdəki simasına bu tezliklə əsla təmizlənə bilməyəcək rüsvayçı bir ləkə vurmuşdur. Həyasız sionist rejimi həmişəkindən daha da üzüqaradır. Həmçinin bəzi ərəb dövlətləri də bu qəribə imtahanda özlərinin olan-qalan nüfuzlarını da itirməkdədirlər.
وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ
“Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlaq”. (“Şuəra” surəsi, ayə 227)
Salam olsun əməlisaleh bəndələrə!
Seyid Əli Hüseyni Xamenei 7 dekabr, 2008-ci il