Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

Xarici səfərlərə dair məsələlər

  • Səfər
  • Kişi və qadın ünsiyyətinin hökmləri
  • Yeməklər və içkilər
    • “Halal” nişanı olan məkanların yeməklərindən istifadə etmək
    • Fabrikat qidalar
    • Hazır yeməklərin təqdim olunduğu restoranlar
      Çap versiyası  ;  PDF
       
      Hazır yeməklərin təqdim olunduğu restoranlar
       
      Müsəlman şəxsin restoranının yeməyindən istifadə etmək
      65. Sual: Əgər qeyri-müsəlman bir ölkəyə etdiyim səfərdə sahibi müsəlman olan bir restoran qarşıma çıxsa, bu restoranın yeməkləri barəsində araşdırma aparmalıyammı? Qeyd edim ki, restoran müsəlmanların məskunlaşdığı məhəllədə yerləşir.
      Cavab: Restoranın ət yeməkləri üçün qeyd edək ki, əgər restoranın müsəlman sahibi hazırladığı ət yeməklərini halal bilirsə və bu yeməklərlə halal yemək kimi davranırsa, onları yemək icazəlidir. Əks halda, yeməkdə istifadə edilən ətin halallığı sübuta yetməyənədək, bu yeməkdən istifadə etmək icazəli deyildir. Qeyri-ət yeməklərinin isə napaklığına və haramlığına yəqinlik olmayanadək, onları yeməyin iradı yoxdur.
       
      Paklığa əhəmiyyət verməyən müsəlman restoranının yeməkləri
      66. Sual: Bəzi müştəriləri qeyri-müsəlman olan və eyni şəkildə xidmət göstərilən müsəlman restoranında yemək yeməyin və çay içməyin hökmü nədir? Qeyd edim ki, restoran sahibi və işçiləri paklıq-napaklıq məsələlərinə əhəmiyyət vermirlər.
      Cavab: Əgər yediyiniz yeməyin və ya istifadə etdiyiniz qabların napak olduğuna yəqinliyiniz yoxdursa, onlardan istifadə etməyinizin iradı yoxdur.
       
      Kitab-əhlinin restoranının yeməklərindən istifadə etmək
      67. Sual: Xarici ölkələrdə aşpazı və işçiləri xristian olan restoranlarda qeyri-ət yeməkləri, məsələn, tərəvəz yeməkləri və yumurta yeyə bilərikmi?
      Cavab: Kitab-əhli napak hesab edilmir, odur ki, halal bir yeməyin napak olduğuna yəqinliyiniz olmadığı təqdirdə, onu yeməyinizin iradı yoxdur.
       
      Qonaqlara xidmət göstərən şəxsin təqdim etdiyi yemək
      68. Sual: Əgər mən qeyri-müsəlman ölkəsinə ezamiyyətə göndərilsəm və orada bizə xidmət göstərən şəxs ətin şəri kəsim olduğunu və ya müsəlmanların bazarından alındığını söyləsə, aşağıdakı iki halda mənim vəzifəm nədir?
      1- Bu şəxsin sözünə etibar etdiyim təqdirdə, ət yeməklərindən istifadə edə bilərəmmi?
      2- Əgər onun sözünə şəkk etsəm, yenə də bu yeməklərdən istifadə edə bilərəmmi?
      Cavab: Əgər ətin şəri kəsim olduğuna və ya müsəlmanların bazarından alındığına əminliyiniz olarsa, həmin yeməklərdən istifadə etməyinizin iradı yoxdur. Əks halda, buna icazə verilmir.
       
      Qeyri-müsəlmanların istehsal etdikləri ərzaqlar
      69. Sual: Qeyri-müsəlmanların istehsal etdikləri qeyri-ət ərzaqlarından istifadə etmək olarmı?
      Cavab: Əgər qənd, şəkər tozu, peçenye, şokolad, saqqız və s. bu kimi ərzaqların istehsalı zamanı qeyri-müsəlmanın onlarla əl təması olarsa, amma yaş əl ilə təmasda olduğuna və napaklığın sirayət etdiyinə yəqinliyiniz olmazsa, bu ərzaqlar pakdır və onları yeməyin iradı yoxdur.
       
      70. Sual: Mən qeyri-müsəlman ölkəsində yaşayıram və burada qeyri-müsəlmanlarla ünsiyyətdə olmaq, onlarla alış-veriş etmək qaçılmazdır. Onların istehsal etdikləri ərzaqlardan, əlbəttə, haram olmayan (məsələn, qeyri-şəri kəsim heyvanın ətindən olmayan), amma qeyri-müsəlman şəxslərin yaş əl ilə təmasda olduqları ərzaqlardan istifadə etməyin hökmü nədir?
      Cavab: Kitab-əhli olmayan kafirin bu ərzaqlarla yaş əl ilə təmasda olduğuna yəqinliyiniz olmadığı təqdirdə, onlardan istifadə etməyinizin iradı yoxdur.
       
      71. Sual: Dini məlum olmayan və işləmək üçün başqa bir ölkədən müsəlman ölkəsinə gələn şəxs ərzaq mağazası açmışdır. Mal satarkən onun bədəni ərzaqlarla təmasda olur. Qeyd edim ki, onun bədənində “keçici yaşlıq” olur. Dini barəsində ondan soruşmaq lazımdırmı?
      Cavab: Dini barəsində ondan soruşmaq vacib deyildir və ərzaqlar pakdır.
       
      Rəsmi və ya qeyri-rəsmi iclaslarda masalara spirtli içkilərin qoyulması
      72. Sual: Bəzi rəsmi iclaslarda açılan ümumi masaya və ya bəzi iştirakçıların – belə ki, onlar adətən qeyri-müsəlman olurlar – masasına spirtli içkilər qoyulur. Bu iclaclarda iştirak etmək üçün ezam olunan heyət də bəzən bu masaların başında əyləşmək məcburiyyətində qalır. Bu halda ezam olunan heyətin vəzifəsi nədir? Məlum məsələdir ki, onlar spirtli içkilərdən istifadə etmirlər. Bir daha vurğulayıram ki, iclas rəsmi iş iclasıdır (qonaqlıq deyildir) və ezam olunan heyətin bu iclası tərk etməsi ezamiyyətin hədəfinə ziddir.
      Cavab: Spirtli içkilərin içildiyi məclisdə iştirak etməyə icazə verilmir. Məcbur qaldıqda, zərurət miqdarı ilə kifayətlənmək lazımdır.
       
      Donuz ətinin yeyildiyi süfrədə əyləşmək
      73. Sual: Donuz ətinin yeyildiyi süfrədə əyləşib yemək yeməyin hökmü nədir?
      Cavab: Əgər sizin yediyiniz yemək halal və pak ərzaqlardan hazırlanıbsa, həmçinin napak bir şeylə təmasda olmayıbsa, bu süfrədə əyləşməyinizin maneəsi yoxdur.
       
      Kənd pendiri
      74. Sual: Xarici ölkələrdə səfərdə olarkən kənd pendiri yeməyin hökmü nədir?
      Cavab: Əgər bu pendirin napak və haram olduğuna yəqinliyiniz olmazsa, pak və halal hökmündədir.
       
      Spirtlər
      75. Sual: Ağ və sarı spirti içmək icazəlidirmi?
      Cavab: İcazəli deyildir.
       
      Spirtsiz içkilər
      76. Sual: Qeyri-müsəlman ölkələrində spirtsiz içkilərin hökmü nədir?
      Cavab: Bu içkilərin napaklığına yəqinliyiniz olmadığı təqdirdə, onlar pak və halaldır.
       
      Tərkibində spirt olan qidalar
      77. Sual: Xarici ölkələrdə bəzi qidaların (şokoladların və müxtəlif növ içkilərin) tərkibində 3-5 faizli spirt olur. Bu qidalardan istifadə etməyin hökmü nədir?
      Cavab: Əgər bu qidaların tərkibindəki spirt məstedici içki növündən olsa, onlardan istifadə etmək haramdır və ehtiyat-vacibə görə, onlar napakdır. Amma əgər bu spirtin məstedici olduğuna şəkkiniz olarsa, bu qidalar pak və halaldır.
       
      Xarici ölkələrin istehsalı olan içkilər
      78. Sual: Xarici ölkələrin istehsalı olan içkiləri içmək olarmı?
      Cavab: Pak və halal olan, eyni zamanda kafirin bədəni ilə və ya başqa bir “nəcasət” ilə təmasda olduğu məlum olmayan içkiləri içməyin maneəsi yoxdur.
       
      79. Sual: Xarici istehsal olan və spirtsiz, yaxud əksər hallarda tərkibində olduqca az miqdarda (məsələn, 0,10%) spirt olan arpa suyunun hökmü nədir? Əgər spirtin miqdarı bundan da az olsa, bu halda hökm nədir? Qeyd edim ki, bu içkinin məstedici olmadığı tamamilə məlumdur. Həmçinin bu arpa suyunun tərkibindəki spirt kənardan ona əlavə olunmur, əksinə, istehsal prosesi zamanı öz-özünə yaranır. Daha sonra bu spirt preslənmə nəticəsində ondan xaric olunur və onun tərkibində çox az faiz spirt qalır.
      Cavab: Əgər arpa suyunun istehsal prosesinin heç bir mərhələsində bu içki “məstedici içki” həddinə çatmırsa və ya bu həddə çatdığı dəqiq deyildirsə, bu içki halal hökmündədir və onu içməyin iradı yoxdur.
       
      Narkotik maddələr və siqaret
      80. Sual: Siqaret çəkməyin hökmü nədir?
      Cavab: Əgər siqaret çəkməyin ciddi ziyanı olarsa və ya başqalarının əziyyət çəkməsinə səbəb olarsa, buna icazə verilmir.
       
      81. Sual: Həşiş, tiryək, heroin, morfi, marixuana və s. narkotik maddələri çəkmək, içmək, yemək, damara vurmaq və şam şəklində istifadə etməyin hökmü nədir?
      Cavab: Narkotik maddələrdən istifadənin ziyanlarını, o cümlədən ciddi fərdi və ictimai ziyanlarını nəzərə alaraq, onlardan istifadə etmək haramdır.
       
      Əti halal və haram heyvanlar
      82. Sual: Quruda yaşayan heyvanlardan hansının yeyilməsi halal və hansının yeyilməsi haramdır?
      Cavab: Quruda yaşayan heyvanlar iki dəstəyə ayrılır: Ev heyvanları və çöl heyvanları.
      1) Ev heyvanlarından olan qoyun, inək və dəvənin əti halaldır. At, qatır və uzunqulağın əti məkruhdur. At ətinin məkruhluğu digərləri ilə müqayisədə daha azdır. Amma bundan qeyri ev heyvanlarının, məsələn, it və pişiyin əti haramdır.
      2) Çöl heyvanlarından olan ceyran, öküz, dağkeçisi, çöleşşəyi və maralın əti halaldır. Yırtıcılıq xüsusiyyətinə malik olub caynağı və qüvvətli kəsici dişi olan yırtıcı çöl heyvanlarının, məsələn, şir, bəbir və canavarın əti, həmçinin zəif kəsici dişi olan yırtıcı çöl heyvanlarının, məsələn, tülkü, kaftar və çaqqalın əti haramdır.
      Dovşanın əti də haramdır, baxmayaraq ki, yırtıcı deyildir. Həmçinin bütün sürünənlər, gəmiricilər və həşəratlar haramdır, o cümlədən ilan, siçan, kərtənkələ, qurbağa, kirpi, tarakan, cırcırama, qara böcək, birə, bit və s. haramdır. Həmçinin məsx olunmuş heyvanların əti, o cümlədən fil, meymun və ayının əti haramdır.
       
      Quşlar
      83. Sual: Əti halal və əti haram quşları ayırd etməyin meyarı nədir?
      Cavab: Ümumiyyətlə, bu iki xüsusiyyətə malik olan quşun, istər dəniz quşları olsun, istərsə də quruda yaşayan quşlar olsun, əti halaldır:
      1- Uçarkən daha çox qanad çalan, yəni ov edən quşlar kimi uçarkən daha çox süzməyən quşların əti halaldır. Amma uçarkən daha çox süzən quşların, məsələn, qartalın əti haramdır.
      2- Çinədanı, ya pətənəyi və ya ayağının arxasında tikanaoxşar çıxıntısı olan quşların əti halaldır. Amma əgər bir quşun bu üç üzvdən heç biri olmazsa, onun əti haramdır.

       

  • Paklıq və napaklıq məsələləri
  • Namaz
  • Alğı-satqının hökmləri
  • Müxtəlif məsələlər
700 /