Yüklə:
Xarici səfərlərə dair məsələlər
- Səfər
- Kişi və qadın ünsiyyətinin hökmləri
- Yeməklər və içkilər
- “Halal” nişanı olan məkanların yeməklərindən istifadə etmək
- Fabrikat qidalar
Fabrikat qidalar
Qablaşdırılmış qidalardan istifadə etmək
42. Sual: Biz Amerikada universitetdə oxuyuruq. Qarşımıza paklıq-napaklıq məsələlərinə dair suallar çıxır. Xahiş edirik, bizi məlumatlandırasınız. Konservləşdirilmiş və ya qablaşdırılmış qidaları, məsələn, lobya və balıq konservləri, yaxud tomat pastası, yaxud da çörək, kərə yağı, pendir və bu kimi qidaları istifadə etməkdən imtina etməliyikmi? Çünki lobya konservinin hazırlandığı fabrikdə işlədiyimiz zaman özümüz müşahidə etmişik ki, qeyri-müsəlman şəxslərin əli onlara dəyir.
Cavab: Ümumiyyətlə, qidaların – istər qablaşdırılmış olsun, istərsə də açıq şəkildə olsun – napaklığı dəqiqləşməyənədək pak və halaldır, onlardan istifadə etmək icazəlidir. Amma əgər bu qidalarda əti halal heyvanın hissələrindən olsa, yalnız həmin heyvanın şəri kəsim olduğu sübuta yetdiyi təqdirdə bu qidalardan istifadə etmək olar.
Qablaşdırılmış toyuqlardan istifadə etmək
43. Sual: Şəri kəsim olduğunu bilmədiyimiz qablaşdırılmış toyuğu yemək iradlıdırmı?
Cavab: Əgər müsəlmanların bazarından əldə edilərsə, ondan istifadə etməyin iradı yoxdur.
Pendir mayası ilə hazırlanan pendirlər
44. Sual: Xarici ölkələrin istehsalı olan pendirlərdə pendir mayası istifadə olunur. Bu maya heyvanların mədəsindən əldə edilir. Mən əvvəllər xaricdə yaşadığım illərdə bu pendirləri yemirdim. Amma ötən il İrana gəldiyim zaman camaatın xaricdən idxal edilən pendirlərdən istifadə etdiklərini gördüm. Bu pendirləri yemək icazəlidirmi?
Cavab: Əgər pendir mayasının əti haram olan heyvandan əldə edildiyi və “nəcasət” ilə təmasda olduğu məlum olmasa, bu mayadan istifadə edilərək hazırlanan pendiri yeməyin iradı yoxdur.
45. Sual: Deyirlər ki, bəzi hallarda əti halal olan, amma şəri kəsim olmayan heyvanın ətini “Bismillah” deyib, yemək olar. Bu söz doğrudurmu?
Cavab: Şəri kəsim olmayan heyvanın ətini yemək haramdır və “Bismillah” demək bu ətin halallaşmasına səbəb olmur.
Zürafənin ətini yeməyin hökmü
46. Sual: Zürafə otyeyən, gövşəyən heyvandır və inək kimi cütdırnaqlıdır. Zürafə əti halal heyvandırmı?
Cavab: Zürafənin ətinin haram olmasına dair sübut yoxdur.
47. Sual: Əgər yeməyin içərisinə həşərat düşərsə, bu yeməyi yemək iradlıdırmı?
Cavab: Həşəratı yeməkdən götürüb, o yeməyi yeməyin iradı yoxdur.
Qeyri-müsəlman şəxsin kəsdiyi heyvan
48. Sual: Əgər müsəlman olmayan şəxs şəri kəsimin şərtlərinə riayət edərək heyvanı kəsərsə, bu heyvanın ətini yemək olarmı?
Cavab: Qeyri-müsəlmanın kəsdiyi heyvanın əti halal deyildir, baxmayaraq ki, o, şəri kəsimin digər şərtlərinə riayət etmişdir.
Əhli-sünnənin kəsdiyi heyvan
49. Sual: Bəzi əhli-sünnə alimləri şəri kəsimdə üzü qibləyə olmağı şərt bilmirlər. Şiələr üçün əhli-sünnənin kəsdiyi heyvanın əti halal hesab olunurmu?
Cavab: Suala əsasən, əhli-sünnənin kəsiminin iradı yoxdur və halal hökmündədir.
Dəniz məhsulları
50. Sual: Mənim işlədiyim şirkətin Çin və Cənubi Koreya ölkələri ilə sıx əlaqələri vardır, buna görə də mən daim bu ölkələrə səfər edirəm. Bu ölkələrdə ən sağlam yeməklərin balıq, xərçəng, ahtapot və ilbizdən hazırlanan yeməklər olduğunu, digər tərəfdən islami yeməklərin hazırlandığı məkanların olmadığı və ya olsa da, yeməklərin çox baha olduğunu nəzərə alaraq, xahiş edirəm, mənə yol göstərəsiniz. Bu dəniz məhsullarından hazırlanan yeməkləri yemək icazəlidirmi?
Cavab: Xərçəng, ahtapot və ilbizin yeyilməsi haramdır. Dəniz heyvanlarından yalnız pulcuqlu balıq və krevetkanın yeyilməsi halaldır, bu şərtlə ki, onların diri tutulduğunu və sudan çıxarıldıqdan sonra öldüyünü, yaxud da tora diri düşüb sonra öldüyünü biləsiniz.
Tanınmayan dəniz heyvanlarının yeyilməsi
51. Sual: Qəribə görünüşü olan və hansı növ heyvan olduğu bilinməyən dəniz heyvanlarının yeyilməsi halaldırmı?
Cavab: Dəniz heyvanlarından yalnız pulcuqlu balıq və krevetkanın yeyilməsi halaldır.
Qeyri-müsəlmanın tutduğu balığı yeməyin hökmü
52. Sual: Qeyri-müsəlman ölkəsində tutulan və ya qeyri-müsəlmanların bazarında satılan balıqlar halaldırmı?
Cavab: Əgər pulcuqlu balığın sudan diri tutulduğunu, yaxud da tora diri düşüb sonra öldüyünü bilsəniz, bu halda halaldır.
Diri balığı yemək
53. Sual: Diri balığı yemək olarmı?
Cavab: Əgər halal balıq olarsa, onu diri halda yeməyin iradı yoxdur.
İlanbalığı
54. Sual: İlanbalığının yeyilməsi halaldırmı?
Cavab: Halal deyildir.
Xərçəng, qurbağa və balinanın yeyilməsi
55. Sual: Xərçəng, qurbağa və balinanın yeyilməsi halaldırmı?
Cavab: Halal deyildir.
Tərkibində dəniz heyvanlarından olan dərmanlar
56. Sual: Bəzi həblərin tərkibində dəniz süngəri istifadə olunur. Bu həbləri istifadə etmək icazəlidirmi?
Cavab: Ümumiyyətlə, dəniz heyvanlarından yalnız pulcuqlu balıq və krevetka halaldır, bundan qeyri heyvanların yeyilməsi halal deyildir. Əgər mütəxəssis və etibarlı həkimin sözlərinə görə müalicə yalnız bu həblərin istifadəsindən asılı olarsa, bu həblərdən zəruri miqdarda istifadə etməyin iradı yoxdur.
57. Sual:
1) Qeyri-müsəlman ölkələrində istehsal olunan bəzi qidaların qablaşdırmasının üstündə belə yazılır: “Bu məhsulun tərkibində sərtdərili heyvanların izləri ola bilər”. Bu cümlədən belə başa düşülür ki, bəzi qida məhsullarının tərkibində bu heyvanların hissələrindən çox az miqdarda mövcud ola bilər, yaxud da ümumiyyətlə, mövcud olmaya bilər. Nəzərə alsaq ki, sərtdərili heyvanların əksəriyyəti yeyilməsi haram heyvanlardır, hansısa bir qida məhsulunun tərkibində bu heyvanların hissələrindən olub-olmadığına şəkk etdiyimiz təqdirdə, bu məhsuldan istifadə etmək iradlıdırmı?
2) Əti haram dəniz heyvanlarının kürüsünü yeməyin hökmü nədir?Cavab:
1) Hansısa bir qida məhsulunda yeyilməsi haram heyvanın hissələrindən istifadə edildiyinə yəqinliyiniz olmadığı təqdirdə, ondan istifadə etməyinizin iradı yoxdur.
2) Onu yemək icazəli deyildir.Dəniz bitkiləri
58. Sual: Dəniz bitkilərindən istifadə etmək icazəlidirmi?
Cavab: İradı yoxdur.
Dəniz sədəfi və ondan hazırlanan məhsullar
59. Sual: Dəniz sədəfinin yeyilməsi halaldırmı?
Cavab: Halal deyildir.
Balıq sendviçi və balıq konservi
60. Sual:
1) Qeyri-islami restoranlarda və ya qeyri-müsəlmanın verdiyi qonaqlıqda balıqdan hazırlanan yeməkləri yemək olarmı? Belə ki, balığın sudan diri tutulduğunu, yoxsa ölü çıxarıldığını bilmirik.
2) Qeyri-müsəlmanların bəzi böyük və çoxsayda filialı olan kafelərində pulcuqlu balığın ətindən hazırlanan sendviçlər satılır, amma biz bu balığın sudan çıxarıldıqdan sonra can verdiyini yəqinliklə bilmirik. Bu balığın ətindən yemək olarmı? Qeyd edək ki, bu balıqlar, adətən, dənizdən sənaye balıq ovu şəklində tutulur, yaxud balıqbecərmə hovuzlarından tutulur və onların sudan çıxarıldıqdan sonra can verməsi ehtimalı daha yuxarıdır. Amma bunu yəqinliklə bilmirik. Satıcı da qeyri-müsəlmandır.
3) Qeyri-müsəlman ölkələrində satılan tuna balığının konservlərindən istifadə etmək olarmı?
4) Qeyri-müsəlmanlara aid olan mağaza və restoranlarda aşpazların və xidmət göstərənlərin hamısının qeyri-müsəlman olduğunu nəzərə alaraq, oranın qeyri-ət yeməklərindən, məsələn, tərəvəz yeməklərindən, düyü yeməyindən və s.-dən yemək olarmı?Cavab:
1-4) Ümumiyyətlə, ət yeməklərində istifadə olunan ətin – istər dəniz heyvanlarının, istərsə də quruda yaşayan heyvanların əti olsun – şəri kəsim olduğu dəqiqləşməyənədək, onlardan istifadə etmək icazəli deyildir. Qeyri-ət yeməklərinin isə napaklığına və haramlığına yəqinlik olmayanadək, onlardan istifadə etməyin iradı yoxdur.Sədəfin və xərçəngin qaynadılaraq suyundan istifadə edilməsi
61. Sual: Əgər yeyilməsi haram olan, amma eyni zamanda pak olan şeyi, məsələn, sədəf və xərçəngi suda qaynadıb sonra onun özünü atmaq və suyunu içmək olarmı?
Cavab: Bir şeyin suda qaynadılaraq alınan bulyonu, elə həmin şey hökmündədir. Suala əsasən, bu bulyonu içmək haramdır.
Haram ətin qızardıldığı yağda qızardılan balıq
62. Sual: Mən Kanadada yaşayıram. Restoranların (məsələn, Mc.Donald`s restoranının) menyusunda balıq yeməkləri də vardır. Balıq, bildiyimiz qədər, haram deyildir. Amma balıq halal olmayan ətlərin (məsələn, şəri kəsim olmayan ətin) qızardıldığı yağda qızardıla bilər. Bilmək istəyirdim ki, bu balığı yemək halaldır, yoxsa yox?
Cavab: Əgər balığın diri tutulduğuna yəqinliyiniz vardırsa, onu qeyri-müsəlman şəxs tutmuş olsa belə, bu balığı yeməyin iradı yoxdur. Əks halda, onu yemək haramdır. Həmçinin halal balığın napak bir ətin (sıçrayan qanı olan və şəri kəsim olmayan heyvanın ətinin) qızardıldığı yağda qızardıldığını yəqinliklə bilsəniz, bu balıq napak olur və onu yemək haramdır. Amma buna şəkk etdiyiniz təqdirdə, balıq pakdır və onu yeməyin iradı yoxdur.
Dərmanın və ya qida məhsulunun tərkibində spirtin olması
63. Sual: Müəyyən müddət saxlanılması və təzə qalması üçün tərkibində içməyə qabil olmayan spirtin mövcud olduğu dərmanları və ya qida məhsullarını istifadə etmək icazəlidirmi?
Cavab: Əgər onların tərkibinə vurulan spirtin məstedici içki növündən olması məlum olmazsa, onlardan istifadə etməyin iradı yoxdur. Amma əgər bu spirtin məstedici içki növündən olduğunu bilsəniz, dərman və ya qida məhsulu məstedici olduğu təqdirdə, ondan istifadə etmək haramdır. Məstedici olmadığı təqdirdə, onlardan istifadə etmək ehtiyata görə, icazəli deyildir. Yalnız o halda icazəlidir ki, müalicə zəruridir və halal olan başqa bir müalicə yolu da yoxdur. Bu halda da onlardan istifadə etdikdən sonra, ehtiyat-vacibə görə, əl, ağız və dərmanın təmasda olduğu yerlər suya çəkilib paklanmalıdır.
Qida yağları
64. Sual: Qeyri-müsəlman ölkələrində istehsal edilən bəzi yağların xammalı məlum deyildir. (Bu xammal ya şəri kəsim olduğuna dair məlumatımız olmayan heyvanlardan, ya da əti halal heyvanların südündən alınır.) Bu yağların paklıq və halallıq baxımından şəri hökmü nədir?
Cavab: Əgər qida yağları halal və haram olmaqla iki qismə ayrılarsa və siz də istifadə etmək istədiyiniz yağın hansı qisimdən olduğunu bilməsəniz, bu yağı istifadə etməyinizin iradı yoxdur.
- Hazır yeməklərin təqdim olunduğu restoranlar
-
- Paklıq və napaklıq məsələləri
- Namaz
- Alğı-satqının hökmləri
- Müxtəlif məsələlər