Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
    • İstitaət
    • Niyabi həcc
    • İfrad həcci və mufrədə umrə
    • Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
    • Miqatlar
      Çap versiyası  ;  PDF
       
      Miqatlar
       
      Sual 45. Bir şəxs Məkkə şəhərindədir və təməttu umrəsini yerinə yetirmək istəyir, amma miqata getməkdə üzrlüdür. Ədnəl-hill onun ehramı üçün kifayət edirmi?
      Cavab: O, ədnəl-hildə ehram bağlasın.
       
      Sual 46. İstər təməttu umrəsi olsun, istərsə də mufrədə umrə olsun, miqatda ehram bağlamadan oradan ötüb keçən şəxsin vəzifəsi nədir? Əgər həmin miqatdan sonra daha bir miqat mövcud olarsa, hökm nədir?
      Cavab: Əgər vaxt dar olmazsa, istər qarşıda başqa bir miqat mövcud olsun, istərsə də mövcud olmasın, bu şəxs ötüb keçdiyi miqata geri qayıtmalı və orada ehram bağlamalıdır.
       
      Sual 47. Məkkə şəhərindən 16 fərsəxdən az olan bir məsafədə yaşayan şəxs öz evində ehram bağlamalıdır, yoxsa öz şəhərinin istənilən yerində ehram bağlaya bilər?
      Cavab: O öz şəhərinin istənilən yerində ehram bağlaya bilər. Amma öz evində ehram bağlaması daha yaxşıdır və ehtiyata müvafiqdir.
       
      Sual 48. Bir qadın istihazəli olduğunu düşünüb miqatda ehram bağlamış və istihazəli qadının vəzifələrinə əməl edərək təməttu umrəsini yerinə yetirmişdir. Amma təməttu umrəsinin əməllərini yerinə yetirdikdən sonra istihazəli deyil, əslində, heyz olduğunu başa düşmüşdür. Onun umrə və həcc əməlləri barəsində vəzifəsi nədir?
      Cavab: Əgər umrənin əməllərini yenidən yerinə yetirib həcc üçün ehram bağlaya bilməzsə, miqatda ehram bağlamamışdan qabaq heyz olduğu təqdirdə, onun həcci ifrad həccinə çevrilir. Buna görə də, o, həcc əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməlidir. Amma miqatda ehram bağladıqdan sonra heyz olduğu təqdirdə, onun təməttu umrəsi düzgündür və təkcə təvaf və təvaf namazı düzgün deyildir. Buna görə də, Ərəfat, Məş`ərul-həram və Minadan qayıtdıqdan və əməlləri yerinə yetirdikdən sonra umrənin təvafını və təvaf namazını yenidən yerinə yetirməlidir.
       
      Sual 49. İnsan miqatdan qabaq ehram bağlayacağını ixtiyari şəkildə nəzir edə və öz nəzirinə əməl etmək üçün miqatdan qabaq ehram bağlaya bilərmi? Halbuki belə bir nəziri edərkən hərəkət halında tavan altında olacağını bilir. Məsələn, o öz şəhərində ehram bağlayacağını nəzir edir və sonra təyyarəyə minir.
      Cavab: Miqatdan qabaq ehram bağlamağı nəzir etmək və bu nəzirə əməl etmək üçün miqatdan qabaq ehram bağlamaq düzgündür. Amma gündüz vaxtı tavan altında olmaq haramdır. Hər məsələnin öz hökmü vardır.
       
      Sual 50. Mədinədə və ya onun ətrafında yaşayan bir şəxs umrə yerinə yetirmək istədikdə Məkkə yolunda Ciddəyə gedə və oradan hərəkət edərək hərəmin hüdudlarına ən yaxın olan bir məkanda, məsələn, Tən`im məscidində ehram bağlaya bilərmi?
      Cavab: Əgər o, Mədinədən xaric olarkən umrə yerinə yetirmək niyyətində olarsa, Şəcərə məscidində ehram bağlamalıdır və ehram bağlamadan miqatdan ötüb keçə bilməz, baxmayaraq ki, Məkkə yolunda əvvəlcə Ciddəyə getmək istəyir. Əgər o, Ciddəyə getmək məqsədilə miqatda ehram bağlamadan Mədinədən xaric olsa və Ciddədə ikən umrə yerinə yetirməyi qərara alsa, umrənin ehramını bağlamaq üçün miqatlardan birinə getməlidir. Onun Ciddədə və ya Ədnəl-hildə ehram bağlaması kifayət etmir.
       
      Sual 51. Mədinədən Məkkəyə getmək üçün iki yol vardır. Onlardan biri Cuhfədən keçir və bu yolda miqatın paraleli olan məkanın olduğu təsbit edilmişdir. Digəri isə avtobandır və bu yol da Cuhfədən keçir, amma yüz kilometrdən çox uzaqdadır, həmçinin yol düz və birbaşa istiqamətdə deyildir. Bu yolda da miqatın paraleli olan məkan mövcuddurmu?
      Cavab: Məkkəyə tərəf hərəkət edən şəxs üçün “miqatın paralelində olmaq” dedikdə, elə bir məkana çatmaq nəzərdə tutulur ki, həmin məkanda miqat bu şəxsin sol və ya sağ tərəfində yerləşsin. Buna görə də, yuxarıda qeyd edilən iki yolda miqatın paraleli olan məkan bir-birindən fərqli deyildir.
       
      Sual 52. Əvvəlki sualı nəzərə alaraq, əgər ikinci yolda miqatın paraleli olan məkan mövcud olmazsa, bu yol ilə hərəkət edən şəxs hərəmin hüdudlarına ən yaxın olan bir məkana gedə və orada umrə və ya həcc üçün ehram bağlaya bilərmi?
      Cavab: O, miqatda və ya miqatın paraleli olan məkanda ehram bağlamadan oradan keçib gedə bilməz.
       
      Sual 53. Əgər bir şəxs özünə və ya ailəsinə görə miqatda ehram bağlamaqdan qorxursa, o, miqatdan ötüb keçə və hərəmin hüdudlarına ən yaxın olan bir məkanda ehram bağlaya bilərmi?
      Cavab: Əgər o, miqatda ehram bağlamaqda üzrlüdürsə, amma miqatdan ötüb keçdikdən sonra bu üzr aradan qalxarsa, imkan olduğu təqdirdə, ehram bağlamaq üçün miqata qayıtması vacibdir. Bundan qeyri halda, əgər onun yolunun üstündə başqa bir miqat yoxdursa və miqatların birinə getmək imkanı da yoxdursa, hazırda olduğu yerdə ehram bağlamalıdır.
       
      Sual 54. Şəcərə məscidinin həyəti ehram bağlamaq baxımından məscid hökmündədirmi? Yoxsa “məscid” dedikdə, yalnız namaz qılınan məkan nəzərdə tutulur? Heyzli qadın Şəcərə məscidinin həyətində və məscidin sağ və ya sol tərəfi ilə paralel olan məkanda ehram bağlaya bilərmi? Şəcərə məscidinin arxa tərəfindəki həyətdə ehram bağlamağın hökmü nədir?
      Cavab: Şəcərə məscidinin miqatı yalnız məscidin daxilidir və məscidin son vaxtlar genişlənən hissəsinə də şamil olur. Şəri üzrü olan qadın Şəcərə məscidinin həyətində ehram bağlaya bilməz. O, məscidin bir qapısından daxil olub, digər qapısından xaric olmaq şərtilə məscidin daxilindən keçərkən ehram bağlamalıdır. Yaxud nəzir etmək vasitəsilə məscidə çatmamışdan qabaq ehram bağlamalıdır. Yaxud da Cuhfə miqatının paralelində və ya Cuhfə miqatının özündə ehram bağlamalıdır.

       

700 /