Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
    • İstitaət
    • Niyabi həcc
    • İfrad həcci və mufrədə umrə
    • Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
      Çap versiyası  ;  PDF
       
      Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
       
      Məsələ 35. Məkkə şəhərindən və Minadan xaric olub, məsələn, Ciddəyə, Mədinəyə və ya Taifə getməyin aşağıdakı hallarda hökmü nədir?
      1- Qurban bayramı gününün əməllərini yerinə yetirdikdən sonra, amma Məkkənin əməllərini yerinə yetirməmişdən qabaq;
      2- On birinci gün sütunları daşladıqdan sonra;
      3- On birinci gecə və ya on ikinci gecənin birinci yarısını Minada gecələdikdən sonra;
      4- Təşriq günlərinin əməllərini yerinə yetirdikdən sonra, amma Məkkənin əməllərini yerinə yetirməmişdən qabaq.
      Cavab: Qeyd edilən bütün hallarda Məkkə şəhərindən və Minadan xaric olmağın maneəsi yoxdur. Amma şəxs oradan elə bir şəkildə xaric olmalıdır ki, qalan əməlləri öz vaxtında yerinə yetirə bilsin.

       

      Sual 36. Əgər bir şəxs qəməri aylarının birində mufrədə umrə yerinə yetirsə və həmin aydan sonrakı qəməri ayında Məkkə şəhərindən xaric olsa, amma hərəmin ərazisindən xaric olmasa (məsələn, Minaya getsə), o, yenidən ehram bağlamadan Məkkə şəhərinə daxil ola bilərmi?
      Yuxarıdakı sualı nəzərə alaraq, əgər o, yalnız Ərəfatadək getsə, Məkkə şəhərinə daxil olması üçün yenidən mufrədə umrə yerinə yetirməsi vacibdirmi?
      Cavab: Məkkə şəhərindən xaric olmaq meyar götürülür, baxmayaraq ki, şəxs hərəmin ərazisindən xaric olmamışdır. Beləliklə, əgər o, Məkkə şəhərindən kənarda olan hansısa bir məkana getsə, həmin ay umrə yerinə yetirmədiyi təqdirdə, Məkkəyə daxil olmaq üçün ehram bağlamalıdır. “Məkkə şəhəri” dedikdə isə hazırkı şəhər – genişlənən yeni əraziləri ilə birlikdə – nəzərdə tutulur.

       

      Sual 37. Bəzi sürücülər Məkkənin yollarının izdihamından qurtulmaq üçün Minaya və Məş`ərul-hərama getmək üçün yeni salınan yollardan və tunellərdən Məkkə şəhərinin daxili yolları ünvanında istifadə edirlər. Məkkənin daxilindəki bir məhəllədən başqa bir məhəlləyə getmək üçün Minadan keçən yolları seçirlər. Bu iş Məkkədən xaric olmaq sayılırmı?
      Cavab: Zahirə görə, Məkkədən xaric olmaq qadağası bu hallara şamil olmur. Hər halda, bu iş umrənin və həccin düzgünlüyünə xələl gətirmir.

       

      Sual 38. Bir şəxs hərbiçidir. Bəzən fövqəladə hallar zamanı, məsələn, hansısa bir hadisə baş verdiyi zaman qaçılmaz əmrləri icra etmək üçün Məkkəyə daxil olmalıdır. O, Məkkəyə daxil olmamışdan qabaq umrəni yerinə yetirə bilmir və vaxtın darlığına görə ehram halında Məkkəyə daxil ola bilmir. Bu hallarda o, ehram bağlamadan Məkkəyə daxil olduğuna görə günah etmişdirmi və kəffarə verməlidirmi?
      Cavab: Suala əsasən, bu hallarda Məkkəyə ehramsız daxil olmağa icazə verilir və bu işin kəffarəsi yoxdur.

       

      Sual 39. Əgər bir şəxs zil-qədə ayında mufrədə umrəni yerinə yetirmək üçün Məkkəyə daxil olsa və zil-hiccə ayında yenidən Məkkəyə daxil olmaq istəsə, halbuki umrəni yerinə yetirdiyi vaxtdan on gün keçməmiş olsa, o, yenidən ehram bağlamalıdırmı? Yoxsa ehram bağlamadan Məkkəyə daxil ola bilər?
      Cavab: Umrəni yerinə yetirdiyi aydan sonrakı ayda yenidən Məkkəyə daxil olmaq istədiyini nəzərə alaraq, o, yenidən ehram bağlamalıdır.

       

      Sual 40. Bir şəxsin iş yeri Məkkədədir, amma özü Ciddə şəhərində yaşayır. İstirahət və tətil günləri istisna olmaqla, o, hər gün Məkkəyə gedir. Yaxud həftənin yarısını Məkkəyə gedir, yəni üç gün Məkkəyə gedir və dörd gün Ciddədə qalır. Əgər umrəni yerinə yetirdiyi ay başa çatsa, yenidən umrə yerinə yetirməlidirmi?
      Cavab: Suala əsasən, umrəni yenidən yerinə yetirmək vacib deyildir.

       

      Sual 41. Əvvəlki sualı nəzərə alaraq, əgər umrə başa çatsa və o, Məkkədə olsa, umrəni təkrar yerinə yetirməlidirmi? Əgər təkrar yerinə yetirməlidirsə, umrəyə haradan başlamalıdır? Hərəmin ərazisindən, yoxsa Tən`im məscidindən?
      Cavab: Məkkədə olduğu müddətdə umrəni təkrar yerinə yetirməsi vacib deyildir. Əgər umrəni təkrar yerinə yetirmək istəsə, ehram bağlamaq üçün hərəmin ərazisindən kənarda olan ən yaxın məkana, məsələn, Tən`im məscidinə getməlidir.

       

      Sual 42. Bir şəxs taksi sürücüsüdür və sərnişinlər ondan Məkkəyə getməyi istəyirlər. O, bundan qabaq umrə yerinə yetirməmişdir. O, ehram halında Məkkəyə daxil olmalıdırmı? Bu kimi hallarda ehramsız Məkkəyə daxil olmağın hökmü nədir?
      Cavab: Suala əsasən, o, Məkkəyə daxil olmaq üçün ehram bağlamalı və mufrədə umrəni yerinə yetirməlidir. Əgər ehram bağlamadan Məkkəyə daxil olsa, günah etmişdir, amma onun boynuna kəffarə gəlmir.

       

      Sual 43. İfrad həcci üçün ehram bağlayan şəxs həccin təvafını və səyi yerinə yetirdikdən sonra öz ixtiyarı ilə Məkkədən Ciddəyə gedə və oradan da birbaşa Ərəfatda hacılara qoşula bilərmi?
      Cavab: İfrad həccinin ehramını bağladıqdan sonra Ciddəyə və ya başqa bir yerə getməyin – istər həccin təvafını yerinə yetirdikdən və təvaf namazını qıldıqdan qabaq, yaxud bundan sonra – maneəsi yoxdur, amma bu şərtlə ki, Ərəfat və Məş`ərin vuqufuna çata bilsin.
       
      Sual 44. Bəzi şəxslər (məsələn, dəstə rəhbərləri) təməttu umrəsini yerinə yetirdikdən sonra və təməttu həcci üçün ehram bağlamamışdan qabaq Ərəfatdakı çadırlara baş çəkmək, habelə Taif və Ciddədən gələn zəvvarları qarşılamaq və yerləşdirmək üçün Məkkədən xaric olurlar. Onlar əmindirlər ki, Məkkədə ehram bağlamaq və Ərəfatda ixtiyari vuqufu yerinə yetirmək üçün kifayət edəcək bir zamanda Məkkəyə qayıdacaqdırlar. Bu halda onlar Məkkədən xaric ola bilərlərmi?
      Cavab: Həmin il həccin əldən çıxacağından qorxmayan şəxs təməttu umrəsini yerinə yetirdikdən sonra öz ixtiyarı ilə Məkkədən xaric ola bilər. Əgər Məkkədən xaric olsa və təməttu umrəsini yerinə yetirdiyi ay Məkkəyə daxil olsa, onun əməli düzgündür və üzərinə heç bir vəzifə gəlmir.

       

    • Miqatlar
700 /