Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
    • İstitaət
      Çap versiyası  ;  PDF
       
       
       
      İstitaət
      Sual 1. Bir şəxs xüms və zəkat büdcəsindən müavinət alıb dolanışığına sərf edir. Əgər bu müavinətdən həccin xərclərini təmin edəcək miqdarda artıq qalarsa, həccin digər şərtləri də mövcud olduğu təqdirdə, bu şəxs mustəti olurmu?
      Cavab: Əgər şəri baxımdan bu müavinəti almaq haqqına malik olubsa və müavinətdən artıq qalan miqdar da həccin xərclərini ödəyirsə, habelə həccin digər şərtləri də mövcuddursa, bu halda bu şəxs mustəti olur.

       

      Sual 2. Məlum olduğu kimi, həccə getmək istəyən şəxslər həkim müayinəsindən keçməlidirlər və bu ziyarətə fiziki qüvvəsi çatmayan şəxslərə həkim müsbət rəy vermir. Əgər bu şəxslər üçün indiyədək yol açıq olmayıbdırsa və indi də tibbi müayinədən müsbət rəy almayıblarsa, hələ də şəri baxımdan mustəti sayılırlarmı? Yoxsa tibbi müayinədən müsbət rəy almadıqlarına görə, ümumiyyətlə, mustəti olmayıblar?
      Cavab: Suala əsasən, onlar mustəti olmayıblar.

       

      Sual 3. Qadının mehriyyəsi “müddətli”dir, yəni kişinin mehriyyəni ödəməyə maddi imkanı olduğu zaman onu qadına ödəməlidir. Amma qadın hələ mehriyyəsini tələb etməmişdir və ona ehtiyacı da yoxdur. Bu halda müddətli mehriyyəni ödəmək vacib həcci yerinə yetirməkdən öndə dayanır?
      Cavab: Əgər qadın mehriyyəni tələb etmirsə, onu ödəmək vacib olmur. Suala əsasən, həcci yerinə yetirmək mehriyyəni ödəməkdən öndə dayanır.

       

      Sual 4. Əgər bir şəxs həcc ziyarəti üçün aylarca pul yığsa, mustəti olurmu? Belə ki, o, bundan qeyri bir yol ilə mustəti ola bilməyəcəyini bilir.
      Cavab: Pul yığmaq vasitəsilə istitaət yaratmaq vacib deyildir. Amma əgər bir şəxs həccətul-islamın xərclərini ödəyəcək məbləğdə pul yığsa və mustəti olsa, ona həccətul-islamı yerinə yetirmək vacib olur. Həmçinin həccətul-islamı yerinə yetirmək istəyən şəxs şəri baxımdan halal olan yol ilə qazanc əldə edə bilər.

       

      Sual 5. Ata və ananın görüşünə getmək ictimai, ya şəri və ya şəxsi bir zərurət hesab olunurmu? Əgər hesab olunursa, mustəti şəxs həcci təxirə salıb, pulunu bu işə sərf edə bilərmi? (Nəzərə alsaq ki, ata və ananın görüşünə getmək üçün səfər etmək və ya bu kimi işlər görmək lazımdır.)
      Cavab: Mustəti şəxs həcci yerinə yetirməlidir və o özünü hansısa bir iş ilə, hətta sileyi-rəhm[1] ilə istitaətdən xaric edə bilməz. Qeyd edək ki, sileyi-rəhm yalnız görüşmək deyildir və məktublaşmaq, telefon əlaqəsi saxlamaq da olar. Amma əgər başqa şəhərdə yaşayan valideynin görüşünə getmək valideynin və ya şəxsin öz vəziyyətinə görə ona vacib sayılarsa, belə ki, onun ürfi ehtiyacı hesab olunarsa, digər tərəfdən valideynin görüşünə getmək və həcc ziyarəti üçün kifayət qədər maddi imkanı olmazsa, bu halda o, mustəti deyildir.

       

      Sual 6. Əgər körpəsinə süd verən bir qadın mustəti olsa, amma onun həccə getməsinin südəmər körpəsi üçün zərəri olsa, bu qadın həccə getməyə bilərmi?
      Cavab: Əgər zərər elə bir şəkildə olsa ki, süd verən qadın hökmən körpənin yanında qalmalıdır və ya süd verən qadın həccə getdiyi təqdirdə əziyyətə və böyük çətinliyə düşəcəkdir, bu halda ona həccə getmək vacib olmur.

       

      Sual 7. Bir qadının qızıl zinət əşyaları vardır və bəzənmək üçün onlardan istifadə edir. Əgər o, bu qızıl zinət əşyalarını satarsa, həcc üçün mustəti ola bilər. Qeyd edək ki, onun bundan başqa bir malı yoxdur. Bu qadın mustəti olmaq üçün qızıl zinət əşyalarını satmalıdırmı, yoxsa mustəti olmaq üçün zinət əşyalarını satmağa ehtiyac yoxdur?
      Cavab: Əgər qadının bu zinət əşyalarına ehtiyacı olarsa və zinət əşyaları onun şənindən artıq olmazsa, bu qızıl zinət əşyalarına sahib olduğuna görə o, mustəti olmur. Onları həcc səfərinin xərcləri üçün satması vacib deyildir.

       

      Sual 8. Əgər qadın həcci yerinə yetirmək üçün mustəti olsa, amma əri ona həccə getməyə icazə verməsə, qadın nə etməlidir?
      Cavab: Vacib həcci yerinə yetirmək üçün ərin icazəsi şərt deyildir. Amma əgər qadın ərindən icazə almadan həccə getdiyi təqdirdə əziyyətə və böyük çətinliyə düşəcəkdirsə, bu halda qadın mustəti deyildir və ona həcc vacib olmur.

       

      Sual 9. Ərim izdivac əqdi zamanı mənə söz verdi ki, məni həccə aparacaqdır. Bu halda həcc mənə vacib olubdurmu və mənim boynumdadırmı?
      Cavab: Bu vədə ilə həcc sizə vacib olmur.

       

      Sual 10. İnsan həcc üçün mustəti ola bilməkdən ötrü məişət xərclərini sıxışdıra bilərmi?
      Cavab: Bu işə icazə verilir, amma vacib deyildir. Həmçinin şəxs bu işi yalnız özü barəsində edə bilər, amma dolanışıq xərclərini verməli olduğu ailəsini adi həddən artıq sıxıntıda saxlamasına icazə verilmir.

       

      Sual 11. Mən keçmişdə dini hökmlərə lazımınca əhəmiyyət vermirdim. O vaxtlar həccə getmək üçün kifayət qədər pulum var idi (yəni mustəti idim). Amma müəyyən səbəblərə görə o zaman həccə getmədim. Hal-hazırda mənim vəzifəm nədir? Qeyd etməliyəm ki, hal-hazırda həccə getmək üçün mənim kifayət qədər pulum yoxdur. Digər tərəfdən də həccə getmək üçün iki yol mövcuddur. Biri budur ki, həccə getmək üçün ad yazdırıb növbəyə dayanmalısan. İkincisi budur ki, daha böyük məbləğ xərcləyib həccə getməlisən. Həccə getmək üçün ad yazdırıb növbəyə dayanmaq kifayət edirmi?
      Cavab: Əgər keçmişdə istitaətin bütün şəri şərtlərinə malik olmusunuzsa, sizin boynunuza həcc gəlmişdir və mümkün olan hər hansı bir şəri yolla, əlbəttə, çətinliyə və əziyyətə düşməmək şərtilə, həcci yerinə yetirməlisiniz. Amma əgər keçmişdə istitaətin bütün şəri şərtlərinə malik olmamısınızsa, bu halda sizə həcc vacib olmayıbdır.

       

      Sual 12. Yenilikcə Həcc və Ziyarət İdarəsi və İran Milli Bankı arasında əldə olunan razılığa görə, təməttu həccinə getmək istəyənlər İran Milli Bankına müraciət edib öz adlarına hesab açdırır və bir milyon tümən pulu “müzaribə müqaviləsi”[2] şəklində öz hesablarına qoyub qəbz alırlar. Şəxs həccə gedənədək bu pul onun şəxsi hesabında qalır və yazılı müqavilə əsasında hər ilin axırında hesab sahibinə müəyyən faiz müzaribə gəliri ödənilir. Həcc və Ziyarət İdarəsi daha tez ad yazdıranlara birincilik haqqı verir və təxminən üç il sonra növbənin çatdığı onlara xəbər verilir. Onlar da həcc ziyarətinə getmək istədiklərini bildirdikdən sonra ziyarətə göndərilirlər. Bu vaxt bank hesabına müzaribə müqaviləsi ilə pul qoyan şəxs həmin pulu bankdan götürür və lazım olan əlavə məbləğ ilə birlikdə Həcc və Ziyarət İdarəsinin hesabına köçürdükdən sonra həcc ziyarətinə göndərilir. Sizdən xahiş edirəm, açıqlayasınız ki, sözügedən müqavilənin yazılı surətdə olduğunu və pulun sahibi ilə bank arasında şifahi danışığın aparılmadığını nəzərə alaraq, pul sahibinin müzaribə gəliri ünvanında aldığı gəlirin hökmü nədir?
      Cavab: Yuxarıda qeyd edildiyi qaydada yazılı müqavilə surətində olan bank əməliyyatları iradsızdır və müzaribə müqaviləsindən əldə edilən gəlir bank hesabına pul qoyan şəxsə halaldır. Əgər hesaba qoyulan pul xümsü verilməmiş iş gəlirindən olarsa, xümsü vardır. Əgər müzaribə müqaviləsindən əldə edilən gəliri həcc ziyarətinə gedəcəyi ildən qabaq götürmək mümkün olmazsa, bu gəlir onu bankdan götürdüyü ilin gəlirindən hesab olunacaqdır. Belə ki, əgər həmin il həcc ziyarətinə xərclənərsə, xümsü yoxdur.

       

      Sual 13. Varislərdən biri digər varislərdən icazə alıb mərhumun qəbzi ilə həccə gedə bilərmi? Digər varislərdən icazə almaq “vacib müqəddimə” ünvanında (məsələn, ziyarətə ad yazdırmaq, bilet almaq və s. işlər kimi) vacibdirmi, yoxsa vacib deyildir? Əgər varislər icazə verməsələr, amma bu şəxs mərhumun qəbzi ilə həccə getsə və həccin digər şərtlərinə də malik olsa, onun həcci düzgündürmü? Bu həcc həccətul-islam üçün kifayət edirmi, yoxsa kifayət etmir?
      Cavab: Mərhumun qəbzindən istifadə etmək üçün varislərdən icazə almaq lazımdır. Əgər bu şəxs varislərin icazəsi olmadan mərhumun qəbzindən istifadə edərsə, miqatdan sonra istitaət qəbz tərəfindən olduğu təqdirdə, onun həcci həccətul-islam sayılmır. Amma əgər miqatdan sonra onun özü həccin xərclərini ödəyərsə, həmçinin həccin digər şərtlərinə də malik olarsa, onun həcci həccətul-islam üçün kifayət edir.

       

      Sual 14. Bir şəxs həcc ziyarəti üçün qeydiyyatdan keçib qəbz almış və vəsiyyət etmişdir ki, o, dünyadan köçdükdən sonra oğlu həmin qəbz ilə Məkkəyə gedib atasının yerinə həcci yerinə yetirsin. Ata dünyadan köçdükdən sonra oğul maddi baxımdan mustəti olmuşdur, amma ona həccə getmək üçün yol atasının qəbzi ilə açıqdır. O, atasının qəbzindən istifadə edərək miqata çatdığı zaman atasının yerinə həcci yerinə yetirməlidir, yoxsa onun özü mustəti olur və özü üçün həcci yerinə yetirməlidir?
      Cavab: Suala əsasən, oğula həccə getmək üçün yol vəsiyyət olunan qəbz ilə açıq olduğuna görə, habelə atanın vəsiyyəti miqati-həcdən əlavə çıxan xərclər üçün irsin üçdə birindən çox olmadığına və ya varislər buna icazə verdiklərinə görə, oğul atanın yerinə həcci yerinə yetirməlidir.

       

      Sual 15. Əvvəlki məsələni nəzərə alaraq, əgər ata vəsiyyət etməyibsə, amma varislər atanın yerinə həcci yerinə yetirməsi üçün həcc qəbzini maddi baxımdan mustəti olan övladlarından birinə versələr, bu övlad qəbzdən istifadə edərək miqata çatdığı zaman atanın yerinə həcci yerinə yetirməlidir, yoxsa onun özü mustəti olur və özü üçün həcci yerinə yetirməlidir?
      Cavab: Bu halda da “niyabi həcc” öndə dayanır.

       

      Sual 16. Əvvəlki iki məsələni nəzərə alaraq, əgər bu övladın vəzifəsi atanın yerinə həcci yerinə yetirmək olduğu halda, o, özü üçün həcci yerinə yetirərsə, bu həcc həccətul-islam üçün kifayət edirmi?
      Cavab: Bu həccin həccətul-islam üçün kifayət etməsi məhəlli-işkaldır.

       

      Sual 17. Bir şəxsin atası dünyasını dəyişmişdir, amma atası həyatda ikən həcc üçün mustəti olmuşdur. Övlad atanın həcc qəbzi ilə Məkkəyə yola düşmüşdür, amma miqata çatdığı zaman onun özü də mustətidir. O, nə etməlidir? Qeyd edək ki, nə bir vəsiyyət mövcuddur, nə də ki, ondan “niyabi-həcc” yerinə yetirməsi istənilibdir, məsələn, onun özü tək varisdir. Həmçinin onun həccə getməsi üçün yol yalnız bu şəkildə açıqdır.
      Cavab: Suala əsasən, o, özü üçün həcci yerinə yetirməli və atası üçün naib tutmalıdır.
       

      [1] Qohumlarla əlaqə saxlamaq
      [2] Müzaribə - sərmayə sahibi olan şəxs ilə iş görən şəxs arasında bağlanan bir müqavilədir ki, bu müqavilə əsasında iş görən şəxs sərmayə sahibinin sərmayəsi ilə ticarət edəcəyini və ticarətdən əldə edilən gəlirin müəyyən nisbətdə onların ikisi arasında bölüşdürüləcəyini öhdəsinə götürür.
    • Niyabi həcc
    • İfrad həcci və mufrədə umrə
    • Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
    • Miqatlar
700 /