Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
- İstitaət
İstitaət
Sual 1. Bir şəxs xüms və zəkat büdcəsindən müavinət alıb dolanışığına sərf edir. Əgər bu müavinətdən həccin xərclərini təmin edəcək miqdarda artıq qalarsa, həccin digər şərtləri də mövcud olduğu təqdirdə, bu şəxs mustəti olurmu?
Cavab: Əgər şəri baxımdan bu müavinəti almaq haqqına malik olubsa və müavinətdən artıq qalan miqdar da həccin xərclərini ödəyirsə, habelə həccin digər şərtləri də mövcuddursa, bu halda bu şəxs mustəti olur.
Sual 2. Məlum olduğu kimi, həccə getmək istəyən şəxslər həkim müayinəsindən keçməlidirlər və bu ziyarətə fiziki qüvvəsi çatmayan şəxslərə həkim müsbət rəy vermir. Əgər bu şəxslər üçün indiyədək yol açıq olmayıbdırsa və indi də tibbi müayinədən müsbət rəy almayıblarsa, hələ də şəri baxımdan mustəti sayılırlarmı? Yoxsa tibbi müayinədən müsbət rəy almadıqlarına görə, ümumiyyətlə, mustəti olmayıblar?
Cavab: Suala əsasən, onlar mustəti olmayıblar.
Sual 3. Qadının mehriyyəsi “müddətli”dir, yəni kişinin mehriyyəni ödəməyə maddi imkanı olduğu zaman onu qadına ödəməlidir. Amma qadın hələ mehriyyəsini tələb etməmişdir və ona ehtiyacı da yoxdur. Bu halda müddətli mehriyyəni ödəmək vacib həcci yerinə yetirməkdən öndə dayanır?
Cavab: Əgər qadın mehriyyəni tələb etmirsə, onu ödəmək vacib olmur. Suala əsasən, həcci yerinə yetirmək mehriyyəni ödəməkdən öndə dayanır.
Sual 4. Əgər bir şəxs həcc ziyarəti üçün aylarca pul yığsa, mustəti olurmu? Belə ki, o, bundan qeyri bir yol ilə mustəti ola bilməyəcəyini bilir.
Cavab: Pul yığmaq vasitəsilə istitaət yaratmaq vacib deyildir. Amma əgər bir şəxs həccətul-islamın xərclərini ödəyəcək məbləğdə pul yığsa və mustəti olsa, ona həccətul-islamı yerinə yetirmək vacib olur. Həmçinin həccətul-islamı yerinə yetirmək istəyən şəxs şəri baxımdan halal olan yol ilə qazanc əldə edə bilər.
Sual 5. Ata və ananın görüşünə getmək ictimai, ya şəri və ya şəxsi bir zərurət hesab olunurmu? Əgər hesab olunursa, mustəti şəxs həcci təxirə salıb, pulunu bu işə sərf edə bilərmi? (Nəzərə alsaq ki, ata və ananın görüşünə getmək üçün səfər etmək və ya bu kimi işlər görmək lazımdır.)
Cavab: Mustəti şəxs həcci yerinə yetirməlidir və o özünü hansısa bir iş ilə, hətta sileyi-rəhm[1] ilə istitaətdən xaric edə bilməz. Qeyd edək ki, sileyi-rəhm yalnız görüşmək deyildir və məktublaşmaq, telefon əlaqəsi saxlamaq da olar. Amma əgər başqa şəhərdə yaşayan valideynin görüşünə getmək valideynin və ya şəxsin öz vəziyyətinə görə ona vacib sayılarsa, belə ki, onun ürfi ehtiyacı hesab olunarsa, digər tərəfdən valideynin görüşünə getmək və həcc ziyarəti üçün kifayət qədər maddi imkanı olmazsa, bu halda o, mustəti deyildir.
Sual 6. Əgər körpəsinə süd verən bir qadın mustəti olsa, amma onun həccə getməsinin südəmər körpəsi üçün zərəri olsa, bu qadın həccə getməyə bilərmi?
Cavab: Əgər zərər elə bir şəkildə olsa ki, süd verən qadın hökmən körpənin yanında qalmalıdır və ya süd verən qadın həccə getdiyi təqdirdə əziyyətə və böyük çətinliyə düşəcəkdir, bu halda ona həccə getmək vacib olmur.
Sual 7. Bir qadının qızıl zinət əşyaları vardır və bəzənmək üçün onlardan istifadə edir. Əgər o, bu qızıl zinət əşyalarını satarsa, həcc üçün mustəti ola bilər. Qeyd edək ki, onun bundan başqa bir malı yoxdur. Bu qadın mustəti olmaq üçün qızıl zinət əşyalarını satmalıdırmı, yoxsa mustəti olmaq üçün zinət əşyalarını satmağa ehtiyac yoxdur?
Cavab: Əgər qadının bu zinət əşyalarına ehtiyacı olarsa və zinət əşyaları onun şənindən artıq olmazsa, bu qızıl zinət əşyalarına sahib olduğuna görə o, mustəti olmur. Onları həcc səfərinin xərcləri üçün satması vacib deyildir.
Sual 8. Əgər qadın həcci yerinə yetirmək üçün mustəti olsa, amma əri ona həccə getməyə icazə verməsə, qadın nə etməlidir?
Cavab: Vacib həcci yerinə yetirmək üçün ərin icazəsi şərt deyildir. Amma əgər qadın ərindən icazə almadan həccə getdiyi təqdirdə əziyyətə və böyük çətinliyə düşəcəkdirsə, bu halda qadın mustəti deyildir və ona həcc vacib olmur.
Sual 9. Ərim izdivac əqdi zamanı mənə söz verdi ki, məni həccə aparacaqdır. Bu halda həcc mənə vacib olubdurmu və mənim boynumdadırmı?
Cavab: Bu vədə ilə həcc sizə vacib olmur.
Sual 10. İnsan həcc üçün mustəti ola bilməkdən ötrü məişət xərclərini sıxışdıra bilərmi?
Cavab: Bu işə icazə verilir, amma vacib deyildir. Həmçinin şəxs bu işi yalnız özü barəsində edə bilər, amma dolanışıq xərclərini verməli olduğu ailəsini adi həddən artıq sıxıntıda saxlamasına icazə verilmir.
Sual 11. Mən keçmişdə dini hökmlərə lazımınca əhəmiyyət vermirdim. O vaxtlar həccə getmək üçün kifayət qədər pulum var idi (yəni mustəti idim). Amma müəyyən səbəblərə görə o zaman həccə getmədim. Hal-hazırda mənim vəzifəm nədir? Qeyd etməliyəm ki, hal-hazırda həccə getmək üçün mənim kifayət qədər pulum yoxdur. Digər tərəfdən də həccə getmək üçün iki yol mövcuddur. Biri budur ki, həccə getmək üçün ad yazdırıb növbəyə dayanmalısan. İkincisi budur ki, daha böyük məbləğ xərcləyib həccə getməlisən. Həccə getmək üçün ad yazdırıb növbəyə dayanmaq kifayət edirmi?
Cavab: Əgər keçmişdə istitaətin bütün şəri şərtlərinə malik olmusunuzsa, sizin boynunuza həcc gəlmişdir və mümkün olan hər hansı bir şəri yolla, əlbəttə, çətinliyə və əziyyətə düşməmək şərtilə, həcci yerinə yetirməlisiniz. Amma əgər keçmişdə istitaətin bütün şəri şərtlərinə malik olmamısınızsa, bu halda sizə həcc vacib olmayıbdır.
Sual 12. Yenilikcə Həcc və Ziyarət İdarəsi və İran Milli Bankı arasında əldə olunan razılığa görə, təməttu həccinə getmək istəyənlər İran Milli Bankına müraciət edib öz adlarına hesab açdırır və bir milyon tümən pulu “müzaribə müqaviləsi”[2] şəklində öz hesablarına qoyub qəbz alırlar. Şəxs həccə gedənədək bu pul onun şəxsi hesabında qalır və yazılı müqavilə əsasında hər ilin axırında hesab sahibinə müəyyən faiz müzaribə gəliri ödənilir. Həcc və Ziyarət İdarəsi daha tez ad yazdıranlara birincilik haqqı verir və təxminən üç il sonra növbənin çatdığı onlara xəbər verilir. Onlar da həcc ziyarətinə getmək istədiklərini bildirdikdən sonra ziyarətə göndərilirlər. Bu vaxt bank hesabına müzaribə müqaviləsi ilə pul qoyan şəxs həmin pulu bankdan götürür və lazım olan əlavə məbləğ ilə birlikdə Həcc və Ziyarət İdarəsinin hesabına köçürdükdən sonra həcc ziyarətinə göndərilir. Sizdən xahiş edirəm, açıqlayasınız ki, sözügedən müqavilənin yazılı surətdə olduğunu və pulun sahibi ilə bank arasında şifahi danışığın aparılmadığını nəzərə alaraq, pul sahibinin müzaribə gəliri ünvanında aldığı gəlirin hökmü nədir?
Cavab: Yuxarıda qeyd edildiyi qaydada yazılı müqavilə surətində olan bank əməliyyatları iradsızdır və müzaribə müqaviləsindən əldə edilən gəlir bank hesabına pul qoyan şəxsə halaldır. Əgər hesaba qoyulan pul xümsü verilməmiş iş gəlirindən olarsa, xümsü vardır. Əgər müzaribə müqaviləsindən əldə edilən gəliri həcc ziyarətinə gedəcəyi ildən qabaq götürmək mümkün olmazsa, bu gəlir onu bankdan götürdüyü ilin gəlirindən hesab olunacaqdır. Belə ki, əgər həmin il həcc ziyarətinə xərclənərsə, xümsü yoxdur.
Sual 13. Varislərdən biri digər varislərdən icazə alıb mərhumun qəbzi ilə həccə gedə bilərmi? Digər varislərdən icazə almaq “vacib müqəddimə” ünvanında (məsələn, ziyarətə ad yazdırmaq, bilet almaq və s. işlər kimi) vacibdirmi, yoxsa vacib deyildir? Əgər varislər icazə verməsələr, amma bu şəxs mərhumun qəbzi ilə həccə getsə və həccin digər şərtlərinə də malik olsa, onun həcci düzgündürmü? Bu həcc həccətul-islam üçün kifayət edirmi, yoxsa kifayət etmir?
Cavab: Mərhumun qəbzindən istifadə etmək üçün varislərdən icazə almaq lazımdır. Əgər bu şəxs varislərin icazəsi olmadan mərhumun qəbzindən istifadə edərsə, miqatdan sonra istitaət qəbz tərəfindən olduğu təqdirdə, onun həcci həccətul-islam sayılmır. Amma əgər miqatdan sonra onun özü həccin xərclərini ödəyərsə, həmçinin həccin digər şərtlərinə də malik olarsa, onun həcci həccətul-islam üçün kifayət edir.
Sual 14. Bir şəxs həcc ziyarəti üçün qeydiyyatdan keçib qəbz almış və vəsiyyət etmişdir ki, o, dünyadan köçdükdən sonra oğlu həmin qəbz ilə Məkkəyə gedib atasının yerinə həcci yerinə yetirsin. Ata dünyadan köçdükdən sonra oğul maddi baxımdan mustəti olmuşdur, amma ona həccə getmək üçün yol atasının qəbzi ilə açıqdır. O, atasının qəbzindən istifadə edərək miqata çatdığı zaman atasının yerinə həcci yerinə yetirməlidir, yoxsa onun özü mustəti olur və özü üçün həcci yerinə yetirməlidir?
Cavab: Suala əsasən, oğula həccə getmək üçün yol vəsiyyət olunan qəbz ilə açıq olduğuna görə, habelə atanın vəsiyyəti miqati-həcdən əlavə çıxan xərclər üçün irsin üçdə birindən çox olmadığına və ya varislər buna icazə verdiklərinə görə, oğul atanın yerinə həcci yerinə yetirməlidir.
Sual 15. Əvvəlki məsələni nəzərə alaraq, əgər ata vəsiyyət etməyibsə, amma varislər atanın yerinə həcci yerinə yetirməsi üçün həcc qəbzini maddi baxımdan mustəti olan övladlarından birinə versələr, bu övlad qəbzdən istifadə edərək miqata çatdığı zaman atanın yerinə həcci yerinə yetirməlidir, yoxsa onun özü mustəti olur və özü üçün həcci yerinə yetirməlidir?
Cavab: Bu halda da “niyabi həcc” öndə dayanır.
Sual 16. Əvvəlki iki məsələni nəzərə alaraq, əgər bu övladın vəzifəsi atanın yerinə həcci yerinə yetirmək olduğu halda, o, özü üçün həcci yerinə yetirərsə, bu həcc həccətul-islam üçün kifayət edirmi?
Cavab: Bu həccin həccətul-islam üçün kifayət etməsi məhəlli-işkaldır.
Sual 17. Bir şəxsin atası dünyasını dəyişmişdir, amma atası həyatda ikən həcc üçün mustəti olmuşdur. Övlad atanın həcc qəbzi ilə Məkkəyə yola düşmüşdür, amma miqata çatdığı zaman onun özü də mustətidir. O, nə etməlidir? Qeyd edək ki, nə bir vəsiyyət mövcuddur, nə də ki, ondan “niyabi-həcc” yerinə yetirməsi istənilibdir, məsələn, onun özü tək varisdir. Həmçinin onun həccə getməsi üçün yol yalnız bu şəkildə açıqdır.
Cavab: Suala əsasən, o, özü üçün həcci yerinə yetirməli və atası üçün naib tutmalıdır.
[1] Qohumlarla əlaqə saxlamaq
[2] Müzaribə - sərmayə sahibi olan şəxs ilə iş görən şəxs arasında bağlanan bir müqavilədir ki, bu müqavilə əsasında iş görən şəxs sərmayə sahibinin sərmayəsi ilə ticarət edəcəyini və ticarətdən əldə edilən gəlirin müəyyən nisbətdə onların ikisi arasında bölüşdürüləcəyini öhdəsinə götürür.
- Niyabi həcc
Niyabi həcc
Sual 18. Bir şəxs həccin bəzi əməllərini yerinə yetirməkdə, məsələn, təvaf etmək, ya sütunu daşlamaq və ya qurban kəsməkdə acizdir və bunun üçün başqa bir şəxsi naib tutur. Naib olan şəxs ehram bağlamalıdırmı? Bu halda ehram bağlamaq naibliyin əməllərindən biridirmi və ya naibliyin şərtidirmi?
Cavab: Sözügedən əməlləri yerinə yetirmək üçün naib olarkən ehram bağlamaq nə naibliyin əməllərindən biridir, nə də naibliyin şərtidir.
Sual 19. Bir şəxs miqatda ehram bağlayarkən müəyyən şəxslər tərəfindən naib olduğunu niyyət edir, amma əməlləri yerinə yetirərkən başqa şəxslər tərəfindən niyyət edir, yaxud daha az və ya daha çox şəxslər tərəfindən niyyət edir. Bu şəxsin hökmü nədir? Əgər o, bunu bilmədən və ya bilərəkdən etsə, hökm nədir?
Cavab: Naib şəxs ehram bağlayarkən niyyət etdiyi şəkildə niyabi əməlləri yerinə yetirməlidir.
Sual 20. Umrənin və ya həccin əməlləri, yaxud təvaf üçün əcir olan şəxs başqa bir şəxsin naibi olub, onun üçün Quran oxuya bilərmi? Bunun qarşılığında ücrət alıb-almaması hökmə təsir qoyurmu?
Cavab: Maneəsi yoxdur.
Sual 21. Əgər naib şəxs qəsdən gündüz vaxtı rəmyi yerinə yetirməsə, onun naibliyinin hökmü nədir? Əgər o, Minaya geri qayıda biləcəyini düşünüb Məkkəyə gəlsə və on ikinci gün rəmyi yerinə yetirmək üçün Minaya gedə bilməsə, onun naibliyinin hökmü nədir və nə etməlidir?
Cavab: Rəmyi-cəmərə həccin əməllərindəndir. Əgər naib şəxs onu düzgün şəkildə yerinə yetirməsə, xüsusilə də “təşriq günləri”ndə səhvini düzəldərək onu yenidən yerinə yetirməsə, onun naibliyinin düzgünlüyü məhəlli-işkaldır.
Sual 22. Əgər naib şəxs həcc əməllərini yerinə yetirdiyi əsnada naibliyi edilən şəxsin üzrü aradan qalxarsa, naib şəxsin yerinə yetirdiyi həcc naibliyi edilən şəxsin boynunda olan həcc üçün kifayət edirmi? Bu halda naibliyi edilən şəxsin kamil həcc imkanına malik olub-olmamasının bir fərqi vardırmı?
Cavab: Bu halda naib şəxsin yerinə yetirdiyi həcc naibliyi edilən şəxsin boynunda olan həcc üçün kifayət etmir.
Sual 23. Əgər əcirlik “mütləq” olsa və əcir şəxs ehram bağladıqdan və hərəmə daxil olduqdan sonra vəfat etsə, ona ücrətin hamısı düşürmü, yoxsa ücrət hissələrə bölünməlidir?
Cavab: Əgər əcirlik “naibliyi edilən şəxs”in öhdəsindən vəzifənin götürülməsi üçün olsa – belə ki, həcc üçün əcirlik elə bu mənanı kəsb edir – əcir şəxsə ücrətin hamısı düşür.
Sual 24. Naib şəxs müəyyən zaman kəsimində öhdəsinə götürdüyü əməlləri yerinə yetirmək imkanına malik idi, amma vaxtın genişliyini nəzərə alıb bu əməlləri yerinə yetirmir. Əgər indi əməlləri yerinə yetirmək qeyri-mümkün olsa, onun naib olaraq öhdəsinə götürdüyü əməllərin hökmü nədir? Məsələn, o, on ikinci gün zöhrdən qabaq sütunları daşlaya bilərdi, amma bu işi yubadır və zöhrdən sonra da izdihama görə, yaxud xəstəliklə əlaqədar, yaxud da başqa bir səbəbə görə bu əməli yerinə yetirə bilmir. Yaxud Məkkənin əməllərini bir neçə gün təxirə salır, amma sonra xəstəliklə əlaqədar və ya başqa bir səbəbə görə bu əməlləri yerinə yetirə bilmir. Onun naib olaraq öhdəsinə götürdüyü əməllərin hökmü nədir?
Cavab: Əgər əcirlik məhz həmin il üçün nəzərdə tutulubsa, ehtiyat-vacibə görə, əcirlik müqaviləsi pozulur. Böyük ehtiyata görə, o, yerinə yetirə bilmədiyi əməllər üçün naib tutmalı və ücrət barəsində əcir tutduğu şəxs ilə müsalihə etməlidir (razılığa gəlməlidirlər). Amma əgər əcirlik müəyyən bir il üçün nəzərdə tutulmayıbsa, ehtiyat-vacibə görə, o, niyabi-həcci sonrakı ildə yerinə yetirməlidir.
Sual 25. Naib şəxs təməttu həcci üçün əcir olduğunu bilir, amma həccətul-islam, yoxsa nəzir həcci, yoxsa müstəhəb həcc üçün naib olduğunu bilmir. Əgər o, “naibliyini etdiyim şəxsin təməttu həccini yerinə yetirirəm” və ya “əcir olduğum həcci yerinə yetirirəm” deyə niyyət etsə, bu niyyət kifayət edirmi və düzgündürmü? Yoxsa kifayət etmir və düzgün deyildir?
Cavab: Naib olduğu həcci ümumi şəkildə niyyət etməsi kifayət edir.
Sual 26. Həkim müayinəsindən mənfi rəy alan şəxs həyatda ikən başqa bir şəxsi özünə naib tutub həccə göndərə bilərmi?
Cavab: Naiblik bu hala aid olmur.
- İfrad həcci və mufrədə umrə
İfrad həcci və mufrədə umrə
Sual 27. Əgər bir şəxs Məkkəyə daxil olmaq üçün “qəməri ayları”ndan birinin axırıncı günündə ehram bağlasa, amma mufrədə umrənin qalan əməllərini sonrakı ayın birinci gecəsi və ya gündüzü, yaxud da başqa günlərində yerinə yetirsə, bu umrə əvvəlki qəməri ayı, yoxsa yeni qəməri ayı üçün hesablanacaqdır? Əgər bu şəxs yeni qəməri ayının axırınadək Məkkədən xaric olub, yenidən Məkkəyə daxil olsa, ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilərmi, yoxsa daxil ola bilməz? Əvvəlki və ya sonrakı ayın rəcəb ayı, yaxud da başqa qəməri aylar olmasının bir fərqi vardırmı?
Cavab: Bir şəxs umrənin əməllərini hansı ayda yerinə yetiribdirsə, həmin ay ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilər. Deməli, əgər bu şəxs qəməri ayının axırıncı günü ehram bağlasa, amma təvafı və umrənin digər əməllərini sonrakı ayda yerinə yetirsə, umrə yeni ay üçün hesablanacaqdır. Əgər o, həmin ay ərzində Məkkədən xaric olsa, ehram bağlamadan yenidən Məkkəyə daxil ola bilər. Amma rəcəb ayı istisna təşkil edir. Belə ki, hədislərin zahirinə əsasən, əgər bir şəxs rəcəb ayının axırıncı günü ehram bağlasa, onun umrəsi “rəcəbiyyə umrəsi” hesab olunur. Beləliklə, ehtiyat-vacibə görə, əgər bu şəxs şaban ayı ərzində Məkkədən xaric olsa, Məkkəyə daxil olmaq üçün ehram bağlamalıdır. Bu ehtiyata başqa aylarda da riayət etmək yaxşıdır.
Sual 28. Əgər bir şəxs həcc aylarından birində, məsələn, şəvval ayında öz təməttu umrəsini yerinə yetirsə, amma sonrakı ay Məkkədən xaric olsa, təməttu umrəsini yenidən yerinə yetirməlidir. Bu hökmü nəzərə alaraq, aşağıdakı suallar qarşıya çıxır:
1- Əgər bu şəxs təməttu umrəsini yenidən yerinə yetirsə, əvvəlki umrə mufrədə umrəyə çevrilirmi və onu tamamlamaq üçün “nisa təvafı”nı yerinə yetirmək lazımdırmı?
2- Əgər bu şəxs təməttu umrəsini yenidən yerinə yetirməsə, əvvəlki təməttu umrəsi düzgün hesab olunmurmu və o, təməttu həcci yerinə yetirə bilməzmi?
3- Yeni təməttu umrəsi üçün ehramının miqatı da beş miqatdan biridirmi? Yoxsa “Ədnəl-hill”də ehram bağlamaq olar?
Cavab:
1) Əvvəlki umrənin mufrədə umrəyə çevrilməsi sübuta yetməyibdir, odur ki, Nisa təvafını yerinə yetirməyin şəri əsası yoxdur. Amma onu yerinə yetirmək ehtiyata (ehtiyat-müstəhəbə) müvafiqdir.
2) Əvvəlki umrə təməttu həcci üçün lazımi təməttu umrəsi hesab olunmur, odur ki, təməttu həcci düzgün deyildir.
3) Belə görünür ki, bu şəxs beş miqatdan birində ehram bağlamalıdır.Sual 29. Bir şəxs şəvval və ya zil-qədə ayında təməttu umrəsini yerinə yetirir və Mədinəyə qayıdır, sonrakı ayda yenidən Məkkəyə gəlir. O, Şəcərə məscidində hansı niyyətlə ehram bağlamalıdır? Mufrədə umrə, yoxsa təməttu umrəsi, yoxsa boynunda olan umrə niyyətilə?
Cavab: Suala əsasən, o, miqatda təməttu umrəsi üçün ehram bağlamalıdır və onun həccinin təməttu umrəsi elə bu umrə olacaqdır.
Sual 30. Bir şəxs bir aydan çox müddətdə Məkkədə qalıbdır və onun əvvəlki umrəsindən bu qədər vaxt ötübdür. O, bir işlə əlaqədar Ciddə şəhərinə gedir və geri qayıdarkən ehram bağlamadan Məkkəyə daxil olur. Onun vəzifəsi nədir?
Cavab: Hal-hazırda onun üzərinə xüsusi bir vəzifə gəlmir. Amma əgər o, bilərəkdən ehram bağlamadan Məkkəyə daxil olubsa, haram iş görmüşdür və tövbə etməlidir.
Sual 31. Bir şəxsin həcci düzgün olmayıbdır və o, həccin qəzasını yerinə yetirməkdən ötrü sonrakı il Məkkəyə gəlmişdir. Bu şəxsin boynunda həcc olduğu halda, o, mufrədə umrə yerinə yetirə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Sual 32. Bir qadın heyzdir və bilir ki, heyz ilə əlaqədar olaraq mufrədə umrənin əməllərini yerinə yetirə bilməyəcək və əməlləri yerinə yetirmək mümkün olanadək yol yoldaşları onu gözləməyəcəkdir. Bilir ki, təvaf və təvaf namazı üçün naib tutmaq məcburiyyətində qalacaq və yalnız səy və təqsiri özü yerinə yetirə biləcəkdir. Bu qadın mufrədə umrə üçün ehram bağlaya bilərmi?
Cavab: Onun mufrədə umrə üçün ehram bağlamasının maneəsi yoxdur. Bu halda o, təvaf və təvaf namazı üçün naib tutmalıdır.
Sual 33. Əgər bir qadın miqatda heyz halında olsa və təməttu umrəsini öz vaxtında yerinə yetirə bilməyəcəyinə yəqinliyi olsa, hansı niyyətlə ehram bağlamalıdır?
Cavab: O, ifrad həcci niyyətilə ehram bağlaya bilər. Həmçinin “ma fiz-zimmə” niyyətilə ehram bağlaya bilər. Amma birinci halda əgər gözlənilən vaxtdan daha tez heyzdən paklansa, təməttu umrəsi üçün yenidən ehram bağlamalıdır. İkinci halda isə əgər gözlənilən vaxtdan daha tez heyzdən paklanmasa, onun ehramı həcc üçün olacaqdır. Amma əgər gözlənilən vaxtdan daha tez heyzdən paklansa, həmin ehramla təməttu umrəsini yerinə yetirə bilər.
Sual 34. Vacib və ya müstəhəb ifrad həcci yerinə yetirən və bundan qabaq dəfələrlə umrə yerinə yetirən şəxs bu ifrad həcci üçün daha bir umrə yerinə yetirməlidirmi?
Cavab: Ona umrə yerinə yetirmək vacib deyildir. Amma onun həcci təməttu həccindən ifrad həccinə çevrildiyi təqdirdə, umrə yerinə yetirmək ona vacib olur.
- Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
Məkkədən xaric olmaq və Məkkəyə daxil olmaq
Məsələ 35. Məkkə şəhərindən və Minadan xaric olub, məsələn, Ciddəyə, Mədinəyə və ya Taifə getməyin aşağıdakı hallarda hökmü nədir?
1- Qurban bayramı gününün əməllərini yerinə yetirdikdən sonra, amma Məkkənin əməllərini yerinə yetirməmişdən qabaq;
2- On birinci gün sütunları daşladıqdan sonra;
3- On birinci gecə və ya on ikinci gecənin birinci yarısını Minada gecələdikdən sonra;
4- Təşriq günlərinin əməllərini yerinə yetirdikdən sonra, amma Məkkənin əməllərini yerinə yetirməmişdən qabaq.Cavab: Qeyd edilən bütün hallarda Məkkə şəhərindən və Minadan xaric olmağın maneəsi yoxdur. Amma şəxs oradan elə bir şəkildə xaric olmalıdır ki, qalan əməlləri öz vaxtında yerinə yetirə bilsin.
Sual 36. Əgər bir şəxs qəməri aylarının birində mufrədə umrə yerinə yetirsə və həmin aydan sonrakı qəməri ayında Məkkə şəhərindən xaric olsa, amma hərəmin ərazisindən xaric olmasa (məsələn, Minaya getsə), o, yenidən ehram bağlamadan Məkkə şəhərinə daxil ola bilərmi?
Yuxarıdakı sualı nəzərə alaraq, əgər o, yalnız Ərəfatadək getsə, Məkkə şəhərinə daxil olması üçün yenidən mufrədə umrə yerinə yetirməsi vacibdirmi?Cavab: Məkkə şəhərindən xaric olmaq meyar götürülür, baxmayaraq ki, şəxs hərəmin ərazisindən xaric olmamışdır. Beləliklə, əgər o, Məkkə şəhərindən kənarda olan hansısa bir məkana getsə, həmin ay umrə yerinə yetirmədiyi təqdirdə, Məkkəyə daxil olmaq üçün ehram bağlamalıdır. “Məkkə şəhəri” dedikdə isə hazırkı şəhər – genişlənən yeni əraziləri ilə birlikdə – nəzərdə tutulur.
Sual 37. Bəzi sürücülər Məkkənin yollarının izdihamından qurtulmaq üçün Minaya və Məş`ərul-hərama getmək üçün yeni salınan yollardan və tunellərdən Məkkə şəhərinin daxili yolları ünvanında istifadə edirlər. Məkkənin daxilindəki bir məhəllədən başqa bir məhəlləyə getmək üçün Minadan keçən yolları seçirlər. Bu iş Məkkədən xaric olmaq sayılırmı?
Cavab: Zahirə görə, Məkkədən xaric olmaq qadağası bu hallara şamil olmur. Hər halda, bu iş umrənin və həccin düzgünlüyünə xələl gətirmir.
Sual 38. Bir şəxs hərbiçidir. Bəzən fövqəladə hallar zamanı, məsələn, hansısa bir hadisə baş verdiyi zaman qaçılmaz əmrləri icra etmək üçün Məkkəyə daxil olmalıdır. O, Məkkəyə daxil olmamışdan qabaq umrəni yerinə yetirə bilmir və vaxtın darlığına görə ehram halında Məkkəyə daxil ola bilmir. Bu hallarda o, ehram bağlamadan Məkkəyə daxil olduğuna görə günah etmişdirmi və kəffarə verməlidirmi?
Cavab: Suala əsasən, bu hallarda Məkkəyə ehramsız daxil olmağa icazə verilir və bu işin kəffarəsi yoxdur.
Sual 39. Əgər bir şəxs zil-qədə ayında mufrədə umrəni yerinə yetirmək üçün Məkkəyə daxil olsa və zil-hiccə ayında yenidən Məkkəyə daxil olmaq istəsə, halbuki umrəni yerinə yetirdiyi vaxtdan on gün keçməmiş olsa, o, yenidən ehram bağlamalıdırmı? Yoxsa ehram bağlamadan Məkkəyə daxil ola bilər?
Cavab: Umrəni yerinə yetirdiyi aydan sonrakı ayda yenidən Məkkəyə daxil olmaq istədiyini nəzərə alaraq, o, yenidən ehram bağlamalıdır.
Sual 40. Bir şəxsin iş yeri Məkkədədir, amma özü Ciddə şəhərində yaşayır. İstirahət və tətil günləri istisna olmaqla, o, hər gün Məkkəyə gedir. Yaxud həftənin yarısını Məkkəyə gedir, yəni üç gün Məkkəyə gedir və dörd gün Ciddədə qalır. Əgər umrəni yerinə yetirdiyi ay başa çatsa, yenidən umrə yerinə yetirməlidirmi?
Cavab: Suala əsasən, umrəni yenidən yerinə yetirmək vacib deyildir.
Sual 41. Əvvəlki sualı nəzərə alaraq, əgər umrə başa çatsa və o, Məkkədə olsa, umrəni təkrar yerinə yetirməlidirmi? Əgər təkrar yerinə yetirməlidirsə, umrəyə haradan başlamalıdır? Hərəmin ərazisindən, yoxsa Tən`im məscidindən?
Cavab: Məkkədə olduğu müddətdə umrəni təkrar yerinə yetirməsi vacib deyildir. Əgər umrəni təkrar yerinə yetirmək istəsə, ehram bağlamaq üçün hərəmin ərazisindən kənarda olan ən yaxın məkana, məsələn, Tən`im məscidinə getməlidir.
Sual 42. Bir şəxs taksi sürücüsüdür və sərnişinlər ondan Məkkəyə getməyi istəyirlər. O, bundan qabaq umrə yerinə yetirməmişdir. O, ehram halında Məkkəyə daxil olmalıdırmı? Bu kimi hallarda ehramsız Məkkəyə daxil olmağın hökmü nədir?
Cavab: Suala əsasən, o, Məkkəyə daxil olmaq üçün ehram bağlamalı və mufrədə umrəni yerinə yetirməlidir. Əgər ehram bağlamadan Məkkəyə daxil olsa, günah etmişdir, amma onun boynuna kəffarə gəlmir.
Sual 43. İfrad həcci üçün ehram bağlayan şəxs həccin təvafını və səyi yerinə yetirdikdən sonra öz ixtiyarı ilə Məkkədən Ciddəyə gedə və oradan da birbaşa Ərəfatda hacılara qoşula bilərmi?
Cavab: İfrad həccinin ehramını bağladıqdan sonra Ciddəyə və ya başqa bir yerə getməyin – istər həccin təvafını yerinə yetirdikdən və təvaf namazını qıldıqdan qabaq, yaxud bundan sonra – maneəsi yoxdur, amma bu şərtlə ki, Ərəfat və Məş`ərin vuqufuna çata bilsin.
Sual 44. Bəzi şəxslər (məsələn, dəstə rəhbərləri) təməttu umrəsini yerinə yetirdikdən sonra və təməttu həcci üçün ehram bağlamamışdan qabaq Ərəfatdakı çadırlara baş çəkmək, habelə Taif və Ciddədən gələn zəvvarları qarşılamaq və yerləşdirmək üçün Məkkədən xaric olurlar. Onlar əmindirlər ki, Məkkədə ehram bağlamaq və Ərəfatda ixtiyari vuqufu yerinə yetirmək üçün kifayət edəcək bir zamanda Məkkəyə qayıdacaqdırlar. Bu halda onlar Məkkədən xaric ola bilərlərmi?
Cavab: Həmin il həccin əldən çıxacağından qorxmayan şəxs təməttu umrəsini yerinə yetirdikdən sonra öz ixtiyarı ilə Məkkədən xaric ola bilər. Əgər Məkkədən xaric olsa və təməttu umrəsini yerinə yetirdiyi ay Məkkəyə daxil olsa, onun əməli düzgündür və üzərinə heç bir vəzifə gəlmir.
- Miqatlar
Miqatlar
Sual 45. Bir şəxs Məkkə şəhərindədir və təməttu umrəsini yerinə yetirmək istəyir, amma miqata getməkdə üzrlüdür. Ədnəl-hill onun ehramı üçün kifayət edirmi?
Cavab: O, ədnəl-hildə ehram bağlasın.
Sual 46. İstər təməttu umrəsi olsun, istərsə də mufrədə umrə olsun, miqatda ehram bağlamadan oradan ötüb keçən şəxsin vəzifəsi nədir? Əgər həmin miqatdan sonra daha bir miqat mövcud olarsa, hökm nədir?
Cavab: Əgər vaxt dar olmazsa, istər qarşıda başqa bir miqat mövcud olsun, istərsə də mövcud olmasın, bu şəxs ötüb keçdiyi miqata geri qayıtmalı və orada ehram bağlamalıdır.
Sual 47. Məkkə şəhərindən 16 fərsəxdən az olan bir məsafədə yaşayan şəxs öz evində ehram bağlamalıdır, yoxsa öz şəhərinin istənilən yerində ehram bağlaya bilər?
Cavab: O öz şəhərinin istənilən yerində ehram bağlaya bilər. Amma öz evində ehram bağlaması daha yaxşıdır və ehtiyata müvafiqdir.
Sual 48. Bir qadın istihazəli olduğunu düşünüb miqatda ehram bağlamış və istihazəli qadının vəzifələrinə əməl edərək təməttu umrəsini yerinə yetirmişdir. Amma təməttu umrəsinin əməllərini yerinə yetirdikdən sonra istihazəli deyil, əslində, heyz olduğunu başa düşmüşdür. Onun umrə və həcc əməlləri barəsində vəzifəsi nədir?
Cavab: Əgər umrənin əməllərini yenidən yerinə yetirib həcc üçün ehram bağlaya bilməzsə, miqatda ehram bağlamamışdan qabaq heyz olduğu təqdirdə, onun həcci ifrad həccinə çevrilir. Buna görə də, o, həcc əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməlidir. Amma miqatda ehram bağladıqdan sonra heyz olduğu təqdirdə, onun təməttu umrəsi düzgündür və təkcə təvaf və təvaf namazı düzgün deyildir. Buna görə də, Ərəfat, Məş`ərul-həram və Minadan qayıtdıqdan və əməlləri yerinə yetirdikdən sonra umrənin təvafını və təvaf namazını yenidən yerinə yetirməlidir.
Sual 49. İnsan miqatdan qabaq ehram bağlayacağını ixtiyari şəkildə nəzir edə və öz nəzirinə əməl etmək üçün miqatdan qabaq ehram bağlaya bilərmi? Halbuki belə bir nəziri edərkən hərəkət halında tavan altında olacağını bilir. Məsələn, o öz şəhərində ehram bağlayacağını nəzir edir və sonra təyyarəyə minir.
Cavab: Miqatdan qabaq ehram bağlamağı nəzir etmək və bu nəzirə əməl etmək üçün miqatdan qabaq ehram bağlamaq düzgündür. Amma gündüz vaxtı tavan altında olmaq haramdır. Hər məsələnin öz hökmü vardır.
Sual 50. Mədinədə və ya onun ətrafında yaşayan bir şəxs umrə yerinə yetirmək istədikdə Məkkə yolunda Ciddəyə gedə və oradan hərəkət edərək hərəmin hüdudlarına ən yaxın olan bir məkanda, məsələn, Tən`im məscidində ehram bağlaya bilərmi?
Cavab: Əgər o, Mədinədən xaric olarkən umrə yerinə yetirmək niyyətində olarsa, Şəcərə məscidində ehram bağlamalıdır və ehram bağlamadan miqatdan ötüb keçə bilməz, baxmayaraq ki, Məkkə yolunda əvvəlcə Ciddəyə getmək istəyir. Əgər o, Ciddəyə getmək məqsədilə miqatda ehram bağlamadan Mədinədən xaric olsa və Ciddədə ikən umrə yerinə yetirməyi qərara alsa, umrənin ehramını bağlamaq üçün miqatlardan birinə getməlidir. Onun Ciddədə və ya Ədnəl-hildə ehram bağlaması kifayət etmir.
Sual 51. Mədinədən Məkkəyə getmək üçün iki yol vardır. Onlardan biri Cuhfədən keçir və bu yolda miqatın paraleli olan məkanın olduğu təsbit edilmişdir. Digəri isə avtobandır və bu yol da Cuhfədən keçir, amma yüz kilometrdən çox uzaqdadır, həmçinin yol düz və birbaşa istiqamətdə deyildir. Bu yolda da miqatın paraleli olan məkan mövcuddurmu?
Cavab: Məkkəyə tərəf hərəkət edən şəxs üçün “miqatın paralelində olmaq” dedikdə, elə bir məkana çatmaq nəzərdə tutulur ki, həmin məkanda miqat bu şəxsin sol və ya sağ tərəfində yerləşsin. Buna görə də, yuxarıda qeyd edilən iki yolda miqatın paraleli olan məkan bir-birindən fərqli deyildir.
Sual 52. Əvvəlki sualı nəzərə alaraq, əgər ikinci yolda miqatın paraleli olan məkan mövcud olmazsa, bu yol ilə hərəkət edən şəxs hərəmin hüdudlarına ən yaxın olan bir məkana gedə və orada umrə və ya həcc üçün ehram bağlaya bilərmi?
Cavab: O, miqatda və ya miqatın paraleli olan məkanda ehram bağlamadan oradan keçib gedə bilməz.
Sual 53. Əgər bir şəxs özünə və ya ailəsinə görə miqatda ehram bağlamaqdan qorxursa, o, miqatdan ötüb keçə və hərəmin hüdudlarına ən yaxın olan bir məkanda ehram bağlaya bilərmi?
Cavab: Əgər o, miqatda ehram bağlamaqda üzrlüdürsə, amma miqatdan ötüb keçdikdən sonra bu üzr aradan qalxarsa, imkan olduğu təqdirdə, ehram bağlamaq üçün miqata qayıtması vacibdir. Bundan qeyri halda, əgər onun yolunun üstündə başqa bir miqat yoxdursa və miqatların birinə getmək imkanı da yoxdursa, hazırda olduğu yerdə ehram bağlamalıdır.
Sual 54. Şəcərə məscidinin həyəti ehram bağlamaq baxımından məscid hökmündədirmi? Yoxsa “məscid” dedikdə, yalnız namaz qılınan məkan nəzərdə tutulur? Heyzli qadın Şəcərə məscidinin həyətində və məscidin sağ və ya sol tərəfi ilə paralel olan məkanda ehram bağlaya bilərmi? Şəcərə məscidinin arxa tərəfindəki həyətdə ehram bağlamağın hökmü nədir?
Cavab: Şəcərə məscidinin miqatı yalnız məscidin daxilidir və məscidin son vaxtlar genişlənən hissəsinə də şamil olur. Şəri üzrü olan qadın Şəcərə məscidinin həyətində ehram bağlaya bilməz. O, məscidin bir qapısından daxil olub, digər qapısından xaric olmaq şərtilə məscidin daxilindən keçərkən ehram bağlamalıdır. Yaxud nəzir etmək vasitəsilə məscidə çatmamışdan qabaq ehram bağlamalıdır. Yaxud da Cuhfə miqatının paralelində və ya Cuhfə miqatının özündə ehram bağlamalıdır.
-