Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- Həccin dəyəri və əhəmiyyəti
- Həcci tərk etməyin hökmü
- Həcc və umrənin qisimləri
- Təməttu həcci
- İfrad həcci və mufrədə umrə
- Qiran həcci
- Təməttu həccinin ümumi hökmləri
Təməttu həccinin ümumi hökmləri
Məsələ 18. Təməttu həccinin düzgün olmasının şərtləri aşağıdakılardan ibarətdir:
1- Niyyət etmək: Yəni şəxs təməttu umrəsi üçün ehram bağlayarkən təməttu həccini də yerinə yetirmək niyyətində olmalıdır, əks halda, onun həcci düzgün deyildir;
2- Umrə və həccin məcmusu “həcc ayları”nda yerinə yetirilməlidir;
3- Umrə və həcc eyni ildə yerinə yetirilməlidir;
4- Umrə və həcc bir şəxs üçün və bir nəfər tərəfindən yerinə yetirilməlidir. Deməli, əgər bir şəxs iki nəfəri əcir etsə ki, onlardan biri mərhum şəxsin əvəzinə təməttu umrəsini, digəri isə təməttu həccini yerinə yetirsin, bu, kifayət etmir.
Məsələ 19. Şəri vəzifəsi “təməttu həcci”ni yerinə yetirmək olan bir şəxs ixtiyari şəkildə və bilərəkdən təməttu həccini ifrad və ya qiran həccinə çevirə bilməz.
Məsələ 20. Şəri vəzifəsi “təməttu həcci”ni yerinə yetirmək olan bir şəxs əgər vaxtın darlığına görə umrəni başa çatdıra və həccə çata bilməyəcəyini bilsə, o, təməttu həccini ifrad həccinə çevirməlidir. Həccin əməllərini başa çatdırdıqdan sonra mufrədə umrə yerinə yetirməlidir.
Məsələ 21. Təməttu həccini yerinə yetirmək istəyən qadın əgər “miqat”a çatdıqda heyz olsa və ehtimal etsə ki, təməttu həccinin ehramını bağlamaq üçün vaxt daralmamışdan qabaq paklanacaq və qüsl etdikdən sonra təməttu umrəsinin əməllərini yerinə yetirə biləcəkdir, daha sonra həcc ehramı ilə Ərəfə gününün zöhr vaxtının əvvəlindən etibarən Ərəfatda vuquf edə biləcəkdir, bu qadın “miqat”da təməttu umrəsi üçün ehram bağlamalıdır. Bundan sonra əgər o, heyzdən paklansa və umrənin əməllərini yerinə yetirmək, habelə Ərəfatda “ixtiyari-vuquf” etmək üçün kifayət qədər vaxtı olsa, bu əməlləri yerinə yetirməlidir. Amma əgər təsadüfən heyzdən paklanmasa və ya Ərəfatda vuquf etmək vaxtı çatanadək umrənin əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmasa, o, həmin təməttu umrəsinin ehramı ilə təməttu umrəsini ifrad həccinə çevirməlidir. Daha sonra mufrədə umrə yerinə yetirməlidir. Onun bu əməli təməttu həcci üçün kifayət edir.
Amma əgər o, əmin olsa ki, həcc üçün ehram bağlamaq və Ərəfatda vuquf etməyin vaxtı çatanadək heyzdən paklanmayacaqdır, yaxud paklansa belə, Ərəfatda vuquf etməyin vaxtı çatanadək umrənin əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmayacaqdır, bu halda elə həmin “miqat”da “ma fiz-zimmə” niyyətilə və ya ifrad həcci niyyətilə ehram bağlamalıdır. Həccin əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməlidir. Onun bu əməli təməttu həcci üçün kifayət edəcəkdir.
Amma əgər o, “miqat”da ehram bağlayarkən pak vəziyyətdə olsa, lakin yol əsnasında və ya Məkkədə umrənin təvafını yerinə yetirməmişdən və təvaf namazını qılmamışdan qabaq, yaxud da təvaf əsnasında dördüncü dövrü başa çatdırmamışdan qabaq heyz olsa, beləliklə də umrənin əməllərini yerinə yetirmək və Ərəfatda “ixtiyari-vuquf”un vaxtı çatanadək paklanmasa, bu halda iki seçim edə bilər: Ya həmin təməttu ehramı ilə təməttu umrəsini ifrad həccinə çevirsin və ifrad həccinin əməllərini yerinə yetirdikdən sonra mufrədə umrəni yerinə yetirsin. Bu halda onun bu əməli təməttu həcci üçün kifayət edir. Ya da umrənin təvafını və təvaf namazını tərk edib, “səy”i və “təqsir”i yerinə yetirsin və umrə ehramından xaric olsun. Daha sonra həcc ehramı ilə “vuqufeyn”də qalsın və Minanın əməllərini yerinə yetirsin. Məkkəyə qayıtdıqda isə – həcc təvafını yerinə yetirməmişdən və təvaf namazını qılmamışdan, habelə “səy”i yerinə yetirməmişdən qabaq, yaxud da bunları yerinə yetirdikdən sonra – umrə təvafının qəzasını yerinə yetirsin və təvaf namazının qəzasını qılsın. Onun bu əməli də təməttu həcci üçün kifayət edir və onun öhdəsinə başqa bir vəzifə gəlmir.
Əgər o, təvaf əsnasında dördüncü dövrü başa çatdırdıqdan sonra heyz olsa, təvafın davamını və təvaf namazını tərk etməli və “səy”i və “təqsir”i yerinə yetirib, umrə ehramından xaric olmalıdır. Daha sonra “vuqufeyn”də qalmalı və Minanın əməllərini yerinə yetirməlidir. Məkkəyə qayıtdıqda isə təvafı yerinə yetirdikdən və təvaf namazını qıldıqdan, habelə “səy”i yerinə yetirdikdən sonra və ya bu əməlləri yerinə yetirməmişdən qabaq “umrə təvafı” və təvaf namazı üçün tədarük görməlidir[1]. Onun bu əməli təməttu həcci üçün kifayət edir və onun öhdəsinə başqa bir vəzifə gəlmir.
Məsələ 22. Həccin əməlləri və hökmləri kitabın üçüncü hissəsində bir neçə fəsildə açıqlanacaqdır.
-
-
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB