Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- Həccin dəyəri və əhəmiyyəti
Həccin dəyəri və əhəmiyyəti
Həcc – müqəddəs İslam şəriətində xüsusi ayinlərin məcmusudur. Həcc ziyarəti İslam dininin təməl sütunlarından sayılır. Hədislərin birində İmam Baqir (ə) buyurub:
بُنِیَ الْاِسلَامُ عَلَیٰ خَمْسٍ، عَلَی الصَّلَاةِ وَ الزَّکَاةِ وَ الصَّوْمِ وَ الْحَجِّ وَ الْوِلَایَةِ.
“İslam beş sütun üstündə qurulub: Namaz, zəkat, oruc, həcc və vəlilik.”[1]
İstər vacib həccin, istərsə də müstəhəb həccin böyük dəyəri və çoxlu mükafatı vardır. Həccin dəyəri barəsində Həzrət Peyğəmbərdən (s) və onun pak Əhli-beytindən (ə) çoxsayda hədis nəql olunubdur. İmam Sadiq (ə) buyurub:
اَلْحَاجُّ وَ الْمُعْتَمَرُ وَفْدُ اللهِ، إِنْ سَأَلُوهُ أَعْطَاهُمْ، وَ إِنْ دَعُوهُ اَجَابَهُمْ، وَ إِنْ شَفَعُوا شَفَّعَهُمْ، وَ إِنْ سَکَتُوا اِبْتَدَأَهُمْ، وَ یُعَوِّضُونَ بِالدِّرْهَمِ أَلْفَ أَلْفَ دِرْهَمٍ.
“Həcc və umrə yerinə yetirənlər Allah yoluna çıxan müsafirlərdir. Əgər onlar Allahdan bir şey istəsələr, Allah bu şeyi onlara əta edər. Əgər onlar Allahı çağırsalar, Allah onlara cavab verər. Əgər onlar şəfaət etsələr, Allah onların şəfaətini qəbul edər. Onlar sakit olduqda, Allah onlarla (ünsiyyətə) başlayar. Onlar (həcc səfərində xərclədikləri) hər dirhəmin əvəzində min-min dirhəm geri alarlar.”[2]
- Həcci tərk etməyin hökmü
Həcci tərk etməyin hökmü
Məsələ 1. Həcc – dinin zəruri göstərişlərindən hesab olunur. Həccin vacibliyi “Kitab”a və “sünnə”yə söykənən çoxsayda dəlillər ilə sübuta yetmişdir. Əgər həccin şərtlərinə malik olan və onun vacibliyini bilən bir şəxs həcci tərk edərsə, böyük günah etmişdir. Mütəal Allah Qurani-Kərimdə buyurur:
وَلِلهِ عَلَی النَّاسِ حِجُّ الْبَیْتِ مَنِ اسْتَطَاعَ إِلَیْهِ سَبِیلًا وَ مَنْ کَفَرَ فَإِنَّ اللهَ غَنِیٌّ عَنِ الْعَالَمِینَ.
“Allaha xatir o evin (Kəbənin) həccini yerinə yetirmək insanların – (əlbəttə) həccin yoluna qüvvəsi çatan insanların – üzərinə vəzifə qoyulubdur. Hər kim küfr etsə (həcci yerinə yetirməsə), heç şübhəsiz, Allah aləmlərdən ehtiyacsızdır.”[1]
İmam Sadiq (ə) buyurub:
مَنْ مَاتَ وَ لَمْ یَحُجَّ حَجَّةَ الْاِسْلَامِ وَ لَمْ یَمْنَعْهُ مِنْ ذٰلِکَ حَاجَةٌ تَجْحِفُ بِهِ أَوْ مَرَضٌ لَا یَطِیقُ فِیهِ الْحَجَّ أَوْ سُلْطَانٌ یَمْنَعُهُ، فَلْیَمُتْ یَهُودِیًّا أَوْ نَصْرَانِیًّا.
“Hər kim həccətul-islamı yerinə yetirmədən ölsə, halbuki həcci yerinə yetirməsinə maneə yaradan qaçılmaz bir ehtiyacı olmasa, yaxud ağır bir xəstəliyi olmasa, yaxud da onun qarşısını kəsən bir hökmdar olmasa, onda o, yəhudi və ya məsihi kimi ölər.”[2]
- Həcc və umrənin qisimləri
- Təməttu həcci
Təməttu həcci
Məsələ 12. Təməttu həcci iki əməldən təşkil olunur: təməttu umrəsi və təməttu həcci. Təməttu umrəsi təməttu həccindən qabaq yerinə yetirilir. Onların hər birinin özünəməxsus əməlləri vardır və bu əməllər sonrakı iki məsələdə qeyd olunubdur.
Məsələ 13. Təməttu umrəsinin əməlləri aşağıdakılardır:
1- “Miqat”ların birində ehram bağlamaq;
2- Kəbəni təvaf etmək;
3- Təvaf namazı qılmaq;
4- Səfa və Mərvə arasında “səy etmək”;
5- Təqsir etmək (saçın və ya dırnağın bir qədərini qısaltmaq).
Məsələ 14. Təməttu həccinin əməlləri aşağıdakılardır:
1- Məkkə şəhərində ehram bağlamaq;
2- Zil-hiccə ayının 9-cu günü zöhrdən etibarən şəri qürubadək Ərəfatda vuquf etmək;
3- Zil-hiccə ayının 10-cu gecəsi Günəş doğanadək Məş`ərul-həramda vuquf etmək;
4- Qurban bayramı günü (zil-hiccə ayının 10-cu günü) “cəməreyi-əqəbə”yə xırda daş atmaq (rəmy);
5- Qurban kəsmək;
6- Başı qırxmaq və ya təqsir etmək;
7- Həcc təvafını etmək;
8- Təvaf namazını qılmaq;
9- Səfa və Mərvə arasında səy etmək;
10- Nisa təvafını etmək;
11- Nisa təvafının namazını qılmaq;
12- On birinci gecə Minada gecələmək (beytutə);
13- On birinci gün üç sütuna xırda daş atmaq;
14- On ikinci gecə Minada gecələmək;
15- On ikinci gün üç sütuna xırda daş atmaq.
- İfrad həcci və mufrədə umrə
İfrad həcci və mufrədə umrə
Məsələ 15. İfrad həcci təməttu həcci kimi yerinə yetirilir. Yalnız bu fərq vardır ki, təməttu həccində qurban kəsmək vacibdir, amma ifrad həccində müstəhəbdir.
Məsələ 16. Mufrədə umrə də təməttu umrəsi kimi yerinə yetirilir. Amma onlar arasındakı fərqlər aşağıdakılardır:
1- Təməttu umrəsində insan hökmən təqsir etməlidir, amma mufrədə umrədə başı qırxmaq ilə təqsir etmək arasında seçim edə bilər. Əlbəttə, bu hökm kişilərə aiddir. Qadınlar istər mufrədə umrədə, istərsə də təməttu umrəsində yalnız təqsir etməlidirlər.
2- Təməttu umrəsində Nisa təvafı və bu təvafın namazı vacib deyildir. Baxmayaraq ki, təqsir etməmişdən qabaq bu iki əməli qəsdi-rəca ilə yerinə yetirmək ehtiyata müvafiqdir. Amma mufrədə umrədə Nisa təvafını etmək və bu təvafın namazını qılmaq vacibdir.
3- Təməttu umrəsi həcc aylarının birində, yəni şəvval və ya zil-qə`də və ya zil-hiccə aylarında yerinə yetirilməlidir. Amma mufrədə umrəni ilin istənilən günü yerinə yetirmək düzgündür.
4- Təməttu umrəsinin miqatı beş miqatdan biridir və bunun izahı irəlidə veriləcəkdir. Amma mufrədə umrənin miqatı Məkkə şəhəri daxilində olan şəxs üçün “ədnəl-hill”dir (hərəmin xaricindən hərəmə ən yaxın olan yerdir). Əlbəttə, mufrədə umrə üçün beş miqatdan birində də ehram bağlamağa icazə verilir. Məkkə şəhərindən kənarda olan şəxs isə mufrədə umrə yerinə yetirmək istədikdə, bunun üçün beş miqatdan birində ehram bağlamalıdır.
- Qiran həcci
Qiran həcci
Məsələ 17. Qiran həcci ifrad həcci kimi yerinə yetirilir. Amma onların arasındakı fərqlərdən biri budur ki, qiran həccində ehram halında qurbanlıq heyvan “muhrim şəxs”in (ehramda olan insanın) yanında olmalıdır. Deməli, qurban kəsmək ona vacibdir. Digər bir fərq budur ki, qiran həccində ehram bağlamaq həm “ləbbeyk” demək ilə baş tutur, həm də “iş`ar” və ya “təqlid”[1] ilə baş tutur. Amma ifrad həccində yalnız “ləbbeyk” demək ilə baş tutur.
- Təməttu həccinin ümumi hökmləri
Təməttu həccinin ümumi hökmləri
Məsələ 18. Təməttu həccinin düzgün olmasının şərtləri aşağıdakılardan ibarətdir:
1- Niyyət etmək: Yəni şəxs təməttu umrəsi üçün ehram bağlayarkən təməttu həccini də yerinə yetirmək niyyətində olmalıdır, əks halda, onun həcci düzgün deyildir;
2- Umrə və həccin məcmusu “həcc ayları”nda yerinə yetirilməlidir;
3- Umrə və həcc eyni ildə yerinə yetirilməlidir;
4- Umrə və həcc bir şəxs üçün və bir nəfər tərəfindən yerinə yetirilməlidir. Deməli, əgər bir şəxs iki nəfəri əcir etsə ki, onlardan biri mərhum şəxsin əvəzinə təməttu umrəsini, digəri isə təməttu həccini yerinə yetirsin, bu, kifayət etmir.
Məsələ 19. Şəri vəzifəsi “təməttu həcci”ni yerinə yetirmək olan bir şəxs ixtiyari şəkildə və bilərəkdən təməttu həccini ifrad və ya qiran həccinə çevirə bilməz.
Məsələ 20. Şəri vəzifəsi “təməttu həcci”ni yerinə yetirmək olan bir şəxs əgər vaxtın darlığına görə umrəni başa çatdıra və həccə çata bilməyəcəyini bilsə, o, təməttu həccini ifrad həccinə çevirməlidir. Həccin əməllərini başa çatdırdıqdan sonra mufrədə umrə yerinə yetirməlidir.
Məsələ 21. Təməttu həccini yerinə yetirmək istəyən qadın əgər “miqat”a çatdıqda heyz olsa və ehtimal etsə ki, təməttu həccinin ehramını bağlamaq üçün vaxt daralmamışdan qabaq paklanacaq və qüsl etdikdən sonra təməttu umrəsinin əməllərini yerinə yetirə biləcəkdir, daha sonra həcc ehramı ilə Ərəfə gününün zöhr vaxtının əvvəlindən etibarən Ərəfatda vuquf edə biləcəkdir, bu qadın “miqat”da təməttu umrəsi üçün ehram bağlamalıdır. Bundan sonra əgər o, heyzdən paklansa və umrənin əməllərini yerinə yetirmək, habelə Ərəfatda “ixtiyari-vuquf” etmək üçün kifayət qədər vaxtı olsa, bu əməlləri yerinə yetirməlidir. Amma əgər təsadüfən heyzdən paklanmasa və ya Ərəfatda vuquf etmək vaxtı çatanadək umrənin əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmasa, o, həmin təməttu umrəsinin ehramı ilə təməttu umrəsini ifrad həccinə çevirməlidir. Daha sonra mufrədə umrə yerinə yetirməlidir. Onun bu əməli təməttu həcci üçün kifayət edir.
Amma əgər o, əmin olsa ki, həcc üçün ehram bağlamaq və Ərəfatda vuquf etməyin vaxtı çatanadək heyzdən paklanmayacaqdır, yaxud paklansa belə, Ərəfatda vuquf etməyin vaxtı çatanadək umrənin əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmayacaqdır, bu halda elə həmin “miqat”da “ma fiz-zimmə” niyyətilə və ya ifrad həcci niyyətilə ehram bağlamalıdır. Həccin əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməlidir. Onun bu əməli təməttu həcci üçün kifayət edəcəkdir.
Amma əgər o, “miqat”da ehram bağlayarkən pak vəziyyətdə olsa, lakin yol əsnasında və ya Məkkədə umrənin təvafını yerinə yetirməmişdən və təvaf namazını qılmamışdan qabaq, yaxud da təvaf əsnasında dördüncü dövrü başa çatdırmamışdan qabaq heyz olsa, beləliklə də umrənin əməllərini yerinə yetirmək və Ərəfatda “ixtiyari-vuquf”un vaxtı çatanadək paklanmasa, bu halda iki seçim edə bilər: Ya həmin təməttu ehramı ilə təməttu umrəsini ifrad həccinə çevirsin və ifrad həccinin əməllərini yerinə yetirdikdən sonra mufrədə umrəni yerinə yetirsin. Bu halda onun bu əməli təməttu həcci üçün kifayət edir. Ya da umrənin təvafını və təvaf namazını tərk edib, “səy”i və “təqsir”i yerinə yetirsin və umrə ehramından xaric olsun. Daha sonra həcc ehramı ilə “vuqufeyn”də qalsın və Minanın əməllərini yerinə yetirsin. Məkkəyə qayıtdıqda isə – həcc təvafını yerinə yetirməmişdən və təvaf namazını qılmamışdan, habelə “səy”i yerinə yetirməmişdən qabaq, yaxud da bunları yerinə yetirdikdən sonra – umrə təvafının qəzasını yerinə yetirsin və təvaf namazının qəzasını qılsın. Onun bu əməli də təməttu həcci üçün kifayət edir və onun öhdəsinə başqa bir vəzifə gəlmir.
Əgər o, təvaf əsnasında dördüncü dövrü başa çatdırdıqdan sonra heyz olsa, təvafın davamını və təvaf namazını tərk etməli və “səy”i və “təqsir”i yerinə yetirib, umrə ehramından xaric olmalıdır. Daha sonra “vuqufeyn”də qalmalı və Minanın əməllərini yerinə yetirməlidir. Məkkəyə qayıtdıqda isə təvafı yerinə yetirdikdən və təvaf namazını qıldıqdan, habelə “səy”i yerinə yetirdikdən sonra və ya bu əməlləri yerinə yetirməmişdən qabaq “umrə təvafı” və təvaf namazı üçün tədarük görməlidir[1]. Onun bu əməli təməttu həcci üçün kifayət edir və onun öhdəsinə başqa bir vəzifə gəlmir.
Məsələ 22. Həccin əməlləri və hökmləri kitabın üçüncü hissəsində bir neçə fəsildə açıqlanacaqdır.
-
-
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB