Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
        Çap versiyası  ;  PDF
         
        Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi

         

        1. Kəffarənin vacib olduğu hallar
        1. Əgər bir şəxs mübarək Ramazan ayında bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzrü olmadan orucu pozan işlərdən birini yerinə yetirsə, orucun qəzasından əlavə, ona kəffarə də vacib olur. O, orucu pozan bir işi yerinə yetirərkən, istər kəffarənin vacib olacağını bilsin, istərsə də bilməsin, hökm dəyişmir.
         
        Diqqət:
        • Əgər bir şəxs şəri hökmü bilmədiyinə görə orucu pozan bir iş görsə, məsələn, başı bütünlüklə suya salmağın orucu pozduğunu bilməsə və başını bütünlüklə suya salsa, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır. Amma ona kəffarə vermək vacib olmur.
        • Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və onu görsə, orucun qəzasından əlavə, ehtiyat-vacibə görə, kəffarə də verməlidir.
        • Əgər hansısa bir səbəbə görə orucu pozmaq bir şəxsə icazəli və ya vacib olsa, məsələn, onu orucu pozan bir işi görməyə məcbur etsələr və ya suda boğulan bir nəfəri xilas etmək üçün suya atılsa, bu halda ona kəffarə vacib olmur, amma həmin günün orucunun qəzasını tutmalıdır.
         
        2. Əgər oruc tutan şəxsin daxilindən (mədəsindən və ya qida borusundan) bir şey onun ağzına gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun həm qəzasını tutmalı, həm də kəffarə verməlidir.
        3. Əgər Ramazan ayında sözünə etibar edilməyən bir şəxs şəri məğrib olduğunu desə və oruc tutan şəxs onun sözünə əsasən iftar etsə, sonra isə məğrib olmadığını başa düşsə, ona orucun qəzası və kəffarəsi vacib olur.
        4. Cinsi əlaqədə hər iki tərəfin orucu pozulur və onların hər ikisinə orucun qəzası və kəffarəsi vacib olur.
         
        2. Kəffarənin miqdarı və onu ödəməyin qaydası
        1. Müqəddəs İslam şəriətində mübarək Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi aşağıdakı üç işdən biridir:
        1- Bir qul azad etmək;
        2- İki ay oruc tutmaq;
        3- Altmış fəqirə yemək vermək.
         
        Diqqət:
        • Hazırkı dövrdə qul olmadığına görə, şəri vəzifə daşıyan şəxs digər iki kəffarədən birini verməlidir.
        • Əgər bir şəxs Ramazan ayında haram cinsi əlaqə və ya haram yemək-içmək ilə orucunu pozarsa, üç kəffarədən birini verməsi kifayət edir. Baxmayaraq ki, hər üç kəffarəni verməsi (bir qul azad etmək[1], altmış gün oruc tutmaq, altmış fəqirə yemək vermək) ehtiyat-müstəhəbə müvafiqdir.
        • Əgər bir şəxs orucu bilərəkdən pozmağın kəffarəsi olaraq qeyd edilən işlərin heç birini yerinə yetirə bilmirsə, imkanı çatdığı qədər fəqirə yemək versin və ehtiyata görə, Allahdan bağışlanma da diləsin. Əgər fəqirə heç bir vəchlə yemək verməyə maddi imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni dili və qəlbi ilə desin: “Əstəğfirullahə” (Allahdan bağışlanma diləyirəm).
        • Oruc tutmağa və fəqirə yemək verməyə qadir olmadığına görə şəri vəzifəsi Allahdan bağışlanma diləmək olan bir şəxs əgər sonralar oruc tutmağa və ya fəqirə yemək verməyə qadir olsa, bu işi görməsi vacib deyildir, amma bu işi görmək ehtiyat-müstəhəbə müvafiqdir.
         
        2. Ramazan ayının orucunun iki ay kəffarə orucunu tutmaq istəyən şəxs tam bir ayı və ikinci aydan ən azı bir günü ara vermədən oruc tutmalıdır. İkinci ayın orucunu fasilələrlə tutmağın maneəsi yoxdur.
        3. Altmış gün oruc tutmaq istəyən şəxs əgər həmin müddətdə müəyyən bir üzrə görə, məsələn, xəstəliklə və ya heyz ilə əlaqədar oruc tuta bilməsə, üzrü aradan qalxdıqdan sonra orucu davam etdirə bilər və yenidən başdan başlamaq lazım deyildir.
        4. Altmış fəqirə yemək vermək iki şəkildə yerinə yetirilə bilər:
        Birincisi, hazır yemək verib, onları doyuzdurmaq;
        İkincisi, hər bir fəqirə 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan vermək.
        5. Orucu bilərəkdən pozmağın kəffarəsi olaraq altmış fəqirə (əvvəlki məsələdə qeyd edilən şəkildə) yemək vermək istəyən şəxsin əgər altmış fəqirə əli çatırsa, iki və ya daha çox fəqirin payını bir fəqirə verə bilməz. Əksinə, altmış fəqirin hər birinə ona düşən pay miqdarında yemək verməlidir. Amma fəqir bir şəxsin ailə üzvlərinin payını ona həvalə edə bilər ki, aparıb ailə üzvlərinə çatdırsın.
         
        Diqqət:
        • Fəqir şəxsin uşaq və ya böyük, yaxud kişi və ya qadın olmasının bir fərqi yoxdur.
         
        3. Kəffarənin şəri hökmləri
        1. Əgər oruc tutan şəxs gün ərzində orucu pozan bir işi bir dəfədən çox yerinə yetirsə, ona yalnız bir kəffarə vacib olur. Amma əgər cinsi əlaqə və ya istimna ilə orucu pozarsa, ehtiyat-vacibə görə, cinsi əlaqənin və ya istimnanın sayı qədər kəffarə verməlidir.
        2. Əgər bir şəxs orucunu bilərəkdən pozsa, orucunu pozduqdan sonra səfərə getsə belə, kəffarə onun boynundan götürülmür. Beləliklə, əgər bir şəxs cənabətli halda yuxudan oyansa və boynuna cənabət qüslü gəldiyini bilsə, amma sübh namazının vaxtı daxil olanadək qüsl və ya təyəmmüm etməsə, eyni zamanda orucdan yayınmaq niyyətilə sübh namazı daxil olduqdan sonra səfərə getməyi qərara alsa və qərara aldığı kimi səfərə getsə, kəffarə onun boynundan götürülmür. Yəni səfərə getməyi gecə vaxtı qərara almaq və gündüz vaxtı da səfərə getmək, kəffa­rənin onun boynundan götürülməsi üçün kifayət etmir.
        3. Əgər bir şəxsə kəffarə vacib olubsa, onu dərhal yerinə yetirməsi vacib deyildir. Amma kəffarəni verməyi o qədər yubatmamalıdır ki, vacib əməli yerinə yetirməkdə səhlənkarlıq hesab olunsun.
        4. Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə heç nə əlavə olunmur.
        5. Orucun qəzasını və kəffarəsini yerinə yetirməkdə xüsusi bir ardıcıllıq gözlənilmir, yəni hansını istəsən, birinci yerinə yetirə bilərsən.
         
        Suallar:
        1- Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və onu yerinə yetirsə, yalnız orucun qəzasını tutmalıdır, yoxsa kəffarə verməlidir?
        2- Əgər Ramazan ayında oruc olan bir kişi öz zövcəsi ilə cinsi əlaqədə olsa və qadın da bu işə razı olsa, onların hökmü nədir?
        3- Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsini açıqlayın.
        4- Əgər bir şəxs orucunu haram cinsi əlaqə, ya istimna və ya haram bir şeyi yemək-içməklə pozsa, onun hökmü nədir?
        5- Əgər oruc tutan şəxs gün ərzində bir dəfədən çox orucu pozan bir işi yerinə yetirsə, onun şəri vəzifəsi nədir?
        6- Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə bir şey əlavə olunurmu?
         

        [1] Əlbəttə, hazırkı dövrdə qul azad etmək məsələsi ortadan qalxmışdır.
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /