Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
        Çap versiyası  ;  PDF
         
        Altmış birinci dərs: Orucu pozan işlər (2)

         

        6- Başı bütünlüklə suya salmaq
        1. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, ehtiyat-vacibə görə, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır.
        2. Əvvəlki məsələni nəzərə alaraq, başı bütünlüklə suya salarkən bədənin də suda olmasının, yaxud bədənin sudan kənarda olmasının və təkcə başı suya salmağın fərqi yoxdur və hökm eynidir.
        3. Əgər oruc tutan şəxs başının yarısını suya salsa və çıxarsa, sonra başın digər yarısını suya salsa, onun orucu pozulmur.
        4. Əgər oruc tutan şəxs başını bütünlüklə suya salsa, amma saçlarının bir hissəsi sudan xaricdə olsa, ehtiyat-vacibə görə, orucu pozulur.
        5. Əgər oruc tutan şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.
        6. Əgər oruc tutan şəxs qeyri-ixtiyari olaraq suya düşsə və onun başı bütünlüklə suya daxil olsa, orucu pozulmur. Amma o, başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını suya salsa, orucu pozulmur. Amma oruc olduğunu xatırladığı an başını sudan dərhal çıxarmalıdır.
        7. Əgər oruc tutan şəxs xüsusi bir paltar geyinsə (məsələn, dalğıcların geyimi) və bu geyimlə suya daxil olduqda bədəni əsla islanmasa, bu geyim onun başına tam yapışdığı təqdirdə, onun orucunun düzgünlüyü məhəlli-işkaldır. Ehtiyat-vacibə görə, orucun qəzasını tutmalıdır.
        8. Başa su tökmək və ya hamamda duşun altında dayanmaq orucu pozmur.
         
        7- Sübh azanınadək cənabətli, heyzli və nifaslı qalmaq
        1. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa, sübh namazının vaxtı daxil olmamışdan qabaq (yəni sadiq fəcr doğanadək) qüsl etməlidir. Əgər o, sadiq fəcr doğanadək bilərəkdən qüsl etməsə, orucu düzgün deyildir. Bu hökm Ramazan ayının orucunun qəzasına da aiddir. Amma Ramazan ayında bu şəxs məğribədək orucu pozan işləri yerinə yetirməməlidir.
         
        Diqqət:
        • Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və qeyri-ixtiyari olaraq sübh namazının vaxtı daxil olanadək qüsl etməsə, məsələn, yuxuda ikən cənabətli olsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan ayılsa, onun orucu düzgündür. Amma qəza orucu tutmaq istəyən şəxs əgər səhvən sübh azanının vaxtı daxil olanadək cənabət qüslü etməsə, ehtiyata görə, orucu düzgün deyildir.
         
        2. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unutsa və sübh namazının vaxtı daxil olduğu zaman o, cənabətli halda olsa, həmin gün onun orucu düzgündür. Amma əgər bu unutqanlıq bir neçə gün davam etsə, bu günlərin orucunun qəzasını tutmalıdır. Namazlar isə istənilən halda düzgün deyildir.
        3. Əgər bir şəxs cənabətli halda qalmağın orucu pozub-pozmadığına şəkk etsə və cənabətli halda oruc tutsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir[1] və orucun qəzasını da tutmalıdır. Amma əgər cənabətli halda qalmağın orucu pozmadığına yəqinliyi olsa və buna görə də oruc tutsa, orucu düzgündür. Baxmayaraq ki, ehtiyata əsasən orucun qəzasını tutmaq yaxşı olar.
        4. Əgər bir şəxs mübarək Ramazan ayında napak su ilə qüsl etsə və bir neçə gündən sonra o suyun napak olduğunu bilsə, tutduğu oruclar düzgündür.
        5. Ramazan ayının gecəsində qüsl etməli olan şəxs əgər vaxt dar olduğuna və ya suyun ona ziyanı olduğuna və ya bu kimi başqa səbəblərə görə qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm etməlidir.
         
        Diqqət:
        • Vəzifəsi təyəmmüm etmək olan bir şəxs mübarək Ramazan ayının gecələrində cənabətə səbəb olan işi görə bilər. Amma bu şərtlə ki, cənabətli olduqdan sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olmalıdır.
        • Əgər bir şəxs sübh azanından qabaq boynunda olan cənabət qüslünu versə və ya qüsl əvəzinə təyəmmüm etsə, sübh azanın­dan sonra ondan qeyri-ixtiyari məni xaric olsa belə, onun orucu düzgündür.
         
        6. Əgər bir şəxs sübh azanından qabaq yatsa və yuxuda ikən cənabətli olsa və sübh azanından sonra yuxudan oyansa, yaxud sübh azanından sonra yatsa və yuxuda ikən cənabətli olsa, cənabətli olmaq həmin günün orucuna xələl gətirmir. Əlbəttə, o, namaz üçün qüsl etməlidir və namaz vaxtınadək qüsl etməyi təxirə sala bilər.
         
        Diqqət:
        • Əgər oruc tutan şəxs Ramazan ayının və ya oruc tutduğu başqa günlərin gündüz vaxtı yatsa və yuxuda ikən cənabətli olsa, yuxudan oyandıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
         
        7. Əgər oyaqlıqda cənabətli olan bir şəxs və ya yuxuda ikən cənabətli olduqdan sonra oyanan bir şəxs bilsə ki, yatdığı təqdirdə sübh azanınadək qüsl üçün oyana bilməyəcəkdir, o, qüsl etmədən yata bilməz. Əgər yatsa və sübh azanınadək qüsl edə bilməsə, orucu düzgün deyildir. Amma əgər sübh azanınadək qüsl üçün oyanacağını ehtimal etsə və qüsl etmək niyyətində də olsa, lakin oyana bilməsə, orucu düzgündür. Amma əgər o, oyandıqdan sonra yenidən yatsa və sübh azanınadək oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
         
        Diqqət:
        • Əgər bir şəxs Ramazan ayının gecəsində sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu başa düşməyib yenidən yatsa, amma sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucu düzgündür. Həmçinin əgər bir şəxs sübh azanından qabaq möhtəlim olub-olmadığına şəkk etsə və özündə möhtəlim olmağın bir əlamətini müşahidə etməsə, buna görə də öz şəkkinə etina etməyib yenidən yatsa, amma sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucu düzgündür.
         
        8. Heyz və ya nifas qanından paklanan və qüsl etməli olan qadın əgər Ramazan ayında sübh azanınadək qüsl etməsə, onun orucu düzgün deyildir.
        9. Əgər oruc olan qadın gündüz ərzində heyz və ya nifas qanı görsə, hətta şəri məğribə az qalsa belə, onun orucu pozulur.
         
        Diqqət:
        • “Vaxtı müəyyən olan nəzir orucu”nu tutan qadın əgər heyz olsa, onun orucu pozulur və paklandıqdan sonra orucun qəzasını tutmalıdır.
         
        8- Maye ilə imalə etmək
        1. Maye bir şeylə imalə etmək, hətta çarəsizlik üzündən və müalicə üçün olsa belə, orucu pozur.
        2. Oruc tutanda bərk şamlardan istifadə etməyin maneəsi yoxdur və orucu pozmur.
         
        9- Bilərəkdən qusmaq
        1. Əgər oruc tutan şəxs bilərəkdən qussa, orucu pozulur. Baxmayaraq ki, xəstəliklə əlaqədar olaraq və ya başqa bir səbəbə görə qusmaq məcburiyyətində olmuşdur. Amma əgər səhvən və ya qeyri-ixtiyari olaraq qussa, orucu pozulmur.
        2. Əgər gəyirərkən oruc tutan şəxsin ağzına bir şey gəlsə, onu ağzından çıxarmalıdır. Amma əgər onu qeyri-ixtiyari olaraq udsa, orucu düzgündür.
         
        Orucu pozan işlər barəsində bir neçə şəri məsələ:
        • Əgər oruc tutan şəxs bilərəkdən və ixtiyari olaraq orucu pozan işlərdən birini görsə, orucu pozulur. Amma əgər bilərəkdən etməsə, məsələn, ayağı sürüşüb çaya düşsə və başı bütünlüklə suya daxil olsa, yaxud oruc olduğunu unudub yemək yesə, yaxud da zorla onun boğazına yemək-içmək töksələr, orucu pozulmur.
        • Əgər oruc tutan şəxsi orucunu pozmağa məcbur etsələr (məsələn, onu hədələsələr ki, yemək yeməyəcəyi təqdirdə onun canına və ya malına zərər yetirəcəklər və o da bu zərərin qarşısını almaq üçün özü yemək yesə), onun orucu pozulur.
        • Əgər oruc tutan şəxs orucu pozan işlərdən birini səhvən yerinə yetirsə, daha sonra orucunun pozulduğunu düşünüb orucu pozan bir işi yenidən yerinə yetirsə, onun orucu pozulur.
        • Əgər oruc tutan şəxs orucu pozan bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, məsələn, ağzına daxil olan qatı tozu udub-udmadığına və ya ağzına aldığı suyu ağzından xaric edib-etmədiyinə şəkk etsə, onun orucu düzgündür.
         
        Suallar:
        1- Əgər oruc tutan şəxs dalğıcların geyimi kimi su keçirməyən bir paltar geyinsə və bu geyimlə suya daxil olsa, onun orucunun hökmü nədir?
        2- Duş altında və ya bir qab ilə su tökərək başı yumaq orucu pozurmu?
        3- Günəş doğduqdan sonra cənabət qüslü edib, qəza orucu və ya müstəhəb oruc tutmaq olarmı?
        4- Əgər bir şəxs Ramazan ayının orucunda və ya başqa oruclarda boynunda cənabət qüslü olduğunu gecədən sübh azanınadək unutsa və gündüz ərzində bunu xatırlasa, onun orucunun hökmü nədir?
        5- Əgər bir şəxs Ramazan ayının gecəsində sübh azanından qabaq oyansa və möhtəlim olduğunu görsə və qüsl etmək üçün oyanacağını ehtimal edib yenidən yatsa, amma sübh namazının vaxtı daxil olduqdan sonra oyansa, onun orucunun hökmü nədir?
        6- Əgər oruc tutan şəxs gəyirərkən ağzına bir şey gəlsə, nə etməlidir?
         

        [1] Orucun “ehtiyat-vacibə görə” düzgün olmadığı hallarda mükəlləf orucu tutmalı və sonradan onun qəzasını da tutmalıdır.
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /