Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- BİRİNCİ FƏSİL: EHRAM
BİRİNCİ FƏSİL: EHRAM
Məsələ 374. Həccin vacib əməllərindən birincisi ehramdır. Həccin ehramı qayda, şərtlər, haramlar, hökmlər və kəffarələr baxımından eynilə umrə ehramı kimidir və bu ikisinin yalnız niyyəti fərqlidir. Belə ki, burada həccin əməllərini yerinə yetirmək niyyətilə ehram bağlamaq lazımdır. Umrənin ehramında qeyd edilən bütün məsələlər həccin ehramında da mövcuddur. Ehram niyyət ilə başlanır. İnsan niyyət etdiyi və “ləbbeyk” dediyi zaman ehram bağlamış olur. Əlbəttə, həccin ehramının özünəxas hökmləri də vardır ki, qarşıdakı məsələlərdə açıqlanacaqdır.
Məsələ 375. Təməttu həccinin ehramının miqatı Məkkə şəhəridir. Təməttu həcci üçün Məscidul-həramda ehram bağlamaq daha yaxşıdır. Amma Məkkənin istənilən yerində, hətta şəhərin yeni salınan məntəqələrində ehram bağlamaq düzgündür. Şəhərin qədim məntəqələrində ehram bağlamaq isə ehtiyata müvafiqdir. Əgər hansısa bir məkanın Məkkə şəhərinin ərazisi olub-olmadığına şəkk edilərsə, bu məkanda ehram bağlamaq düzgün deyildir.
Məsələ 376. Elə bir vaxtda ehram bağlamaq lazımdır ki, Ərəfatda “ixtiyari-vuquf”u yerinə yetirmək mümkün olsun. Ehram bağlamaq üçün ən yaxşı vaxt “tərviyə günü” (zil-hiccənin səkkizinci günü) şəri zöhr vaxtıdır. Amma bu vaxtdan da qabaq ehram bağlamaq olar. Xüsusilə də izdihama görə narahatçılıq keçirən yaşlı və xəstə şəxslər, həmçinin əvvəldə qeyd olunduğu kimi[1], umrəni yerinə yetirdikdən sonra Məkkədən xaric olmaq məcburiyyətində olan şəxslər sözügedən vaxtdan qabaq ehram bağlaya bilərlər.
Məsələ 377. Əgər bir şəxs ehram bağlamağı unudub Minaya və Ərəfata getsə, Məkkəyə qayıdıb orada ehram bağlamalıdır. Əgər vaxt dar olduğuna və ya başqa bir üzrə görə belə edə bilməsə, ehram bağlamadığını xatırladığı məkanda ehram bağlamalıdır. Onun həcci düzgündür. Məsələni bilməyən şəxsin hökmü də belədir.
Məsələ 378. Əgər bir şəxs ehram bağlamağı unutsa və həccin əməllərini yerinə yetirsə, onun həcci düzgündür. Məsələni bilməyən şəxsin hökmü də belədir. Ehtiyat-müstəhəbə görə, bu şəxs məsələni bilmədiyinə və ya unutduğuna görə sonrakı ildə həcci yenidən yerinə yetirsin.
Məsələ 379. Əgər bir şəxs bilərəkdən ehramı tərk etsə və ehram bağlamasa, Ərəfat və Məş`ərdə vuqufu əldən verdiyi təqdirdə, onun həcci düzgün deyildir.
Məsələ 380. Ərəfat və Məş`ərdə vuquf etməmişdən qabaq Məkkənin əməllərini yerinə yetirmək icazəsinə malik olan şəxslər bu əməlləri ehram halında yerinə yetirməlidirlər. Əgər ehramsız yerinə yetirsələr, ehram bağlayıb yenidən yerinə yetirməlidirlər.
- İKİNCİ FƏSİL: ƏRƏFATDA VUQUF ETMƏK
İKİNCİ FƏSİL: ƏRƏFATDA VUQUF ETMƏK
Məsələ 381. Həccin vacib əməllərindən ikincisi Ərəfatda vuquf etməkdir. Ərəfat Məkkə yaxınlığında yerləşən məşhur məkandır. Ərəfatın sərhədləri Urənə, Səviyyə və Nəmirədən Zi-məcazadək, həmçinin iki “mə`zəm”dən[1] “vuquf məkanı”nın axırınadəkdir. Adı çəkilən məkanlar Ərəfatın xaricində qalır.
Məsələ 382. Ərəfatda vuquf etmək ibadətdir və buna görə də niyyət etmək lazımdır. Niyyətin şərtləri ehramın niyyətində açıqlandı.
Məsələ 383. “Vuquf etmək” dedikdə, Ərəfatda olmaq nəzərdə tutulur, istər minikdə olasan, istərsə də piyada olasan, yaxud istər uzanasan, istərsə də ayaq üstə olasan.
Məsələ 384. Ehtiyata görə, zil-hiccənin doqquzuncu günü şəri zöhrün başlandığı andan etibarən şəri qürubadək (yəni məğrib namazının vaxtınadək) Ərəfatda olmaq lazımdır. Baxmayaraq ki, müqəddimə xarakterli işlər də daxil olmaqla, zöhr və əsr namazlarını (bir-birinin ardınca) qılmaq ölçüsündə şəri zöhrdən vaxt keçənədək vuqufa yubanmağın icazəli olması uzaq ehtimal deyildir.
Məsələ 385. Yuxarıda qeyd edilən vuquf, Ərəfə günü şəri zöhrdən məğrib namazının vaxtınadək vacibdir. Amma vuqufun “rükn” hesab olunan miqdarı “vuquf” adlanan – hətta bir-iki dəqiqə olsa belə – miqdardır. Beləliklə, əgər bir şəxs bilərəkdən və ya qeyri-ixtiyari olaraq bu vuqufu yerinə yetirməsə, onun həcci düzgün deyildir.
Məsələ 386. Şəri qürubdan qabaq Ərəfatı tərk etmək haramdır. Əgər bir şəxs bilərəkdən qürubdan qabaq Ərəfatı tərk etsə və ya Ərəfatın ərazisindən kənara çıxıb geri qayıtmasa, günah etmişdir və bir dəvə kəffarə verməlidir, amma onun həcci düzgündür. Əgər onun qurban kəsməyə maddi imkanı yoxdursa, on səkkiz gün oruc tutmalıdır. Ehtiyata görə, kəffarə qurbanlığını Qurban bayramı günü Minada kəsməlidir, baxmayaraq ki, kəffarə qurbanlığını Minada kəsməyin vacib olmaması uzaq ehtimal deyildir. Əgər bu şəxs şəri qürubdan qabaq Ərəfata geri qayıdarsa, ona kəffarə vacib olmur.
Məsələ 387. Əgər bir şəxs unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə qürubdan qabaq Ərəfatı tərk edərsə, vuqufun vaxtı başa çatmamışdan qabaq bunu xatırladığı təqdirdə, Ərəfata geri qayıtmalıdır. Əgər geri qayıtmazsa, günah etmişdir, amma ona kəffarə vacib olmur. Vuqufun vaxtı başa çatdıqdan sonra bunu xatırladığı təqdirdə isə ona heç bir əməl vacib olmur.
[1] Ərəfat və Məş`ərul-həram arasında yerləşən keçiddir və Ərəfatın sərhədidir, amma Ərəfatın ərazisinə daxil deyildir.
- ÜÇÜNCÜ FƏSİL: MƏŞ`ƏRUL-HƏRAMDA VUQUF ETMƏK
ÜÇÜNCÜ FƏSİL: MƏŞ`ƏRUL-HƏRAMDA VUQUF ETMƏK
Məsələ 388. Həccin üçüncü vacib əməli Məş`ərul-həramda (Muzdələfədə) vuquf etməkdir. Yəni həcc əməllərini yerinə yetirən şəxs Ərəfatdan çıxıb Məş`ərul-hərama tərəf köç etməli və bu tanınmış məkanda qalmalıdır.
Məsələ 389. Məş`ərul-həramda vuquf etmək ibadətdir və buna görə də niyyət etmək lazımdır. Niyyətin şərtləri ehramın niyyətində açıqlandı.
Məsələ 390. Məş`ərul-həramda vacib vuqufun vaxtı Qurban bayramı günü fəcr doğandan (sübh namazının vaxtı daxil olandan) Günəş doğanadəkdir. Ehtiyata görə, Ərəfatdan köç edib Məş`ərul-hərama daxil olduqda vuquf etmək üçün niyyət etmək lazımdır.
Məsələ 391. Fəcr doğandan Günəş doğanadək Məş`ərul-həramda qalmaq vacibdir. Amma “rükn” hesab olunan miqdar “vuquf” adlanan – hətta bir-iki dəqiqə olsa belə – miqdardır. Deməli, əgər bir şəxs yalnız bu miqdarda vuquf etsə və qalan miqdarı bilərəkdən orada qalmasa, onun həcci düzgündür, baxmayaraq ki, haram iş etmişdir. Amma əgər bir şəxs ixtiyari şəkildə bu miqdarda belə Məş`ərul-həramda qalmasa, onun həcci düzgün deyildir.
Məsələ 392. İzdihamdan təlaşlanmaq və ya xəstəlik kimi bir üzrü olan qadınlar, qüvvəsiz insanlar, uşaqlar və yaşlılar, həmçinin bu şəxslərə yardım və xidmət göstərən şəxslər Qurban bayramının gecəsi Məş`ərul-həramda bir qədər qaldıqdan sonra Minaya köç edə bilərlər.
Qeyd: İki vuqufdan biri (Ərəfatda və Məş`ərul-həramda vuquf etməkdən biri) və ya onların hər ikisi ixtiyari şəkildə, yoxsa məcburiyyət üzündən, yaxud da bilərəkdən, yoxsa səhvən, yoxsa unutqanlıq üzündən tərk edildikdə, həccin düzgün olub-olmaması baxımından hökmləri fərqlidir. Bu məsələlər daha geniş fiqh kitablarında açıqlanıbdır.
- DÖRDÜNCÜ FƏSİL: RƏMYİ-CƏMƏRƏ
DÖRDÜNCÜ FƏSİL: RƏMYİ-CƏMƏRƏ
Məsələ 393. Həccin dördüncü vacib əməli və Minanın əməllərindən birincisi “rəmy”dir, yəni daş atmaqdır. Zil-hiccənin 10-cu günü “cəməreyi-əqəbə”yə (böyük sütuna) daş atılmalıdır.
Məsələ 394. Rəmyin şərtləri aşağıdakılardan ibarətdir:
1- Niyyət etmək: Niyyətin şərtləri ehramın niyyətində açıqlandı;
2- Daşların “xırda daş” olması;
3- Günəş doğandan qürub edənədək rəmy etmək (qadir olan şəxs üçün);
4- Daşların sütuna dəyməsi: Deməli, əgər daş sütuna dəyməsə və ya dəydiyi güman olunsa, kifayət etmir və başqa bir daş onun əvəzinə atılmalıdır. Daşların sütuna dəymədən sütunun ətrafındakı dairəyə düşməsi kifayət etmir;
5- Yeddi daş atılmalıdır;
6- Daşlar biri-digərinin ardınca atılmalıdır: Deməli, əgər daşların hamısı birdəfəyə atılsa – istər onların hamısı sütuna dəysin, istərsə də bəzisi dəyməsin – bu, yalnız bir dəfə hesab olunur.
Məsələ 395. Son vaxtlar Məkkə və Məş`ər istiqamətlərindən sütunun eninin artırıldığını nəzərə alaraq (belə görünür ki, qədim sütun hazırkı sütunun ortasında yerləşir), əgər kimsə qədim sütunun yerini təyin edə və ora daş ata bilirsə, o yerə daş atmalıdır. Amma əgər qədim sütunun yerini təyin etmək və ya ora daş atmaq olduqca çətindirsə, hazırkı sütunun hansı yerinə daş atılsa, kifayət edir.
Məsələ 396. Zahirə görə, yuxarı mərtəbədə (sütunlar körpüsündə) dayanıb rəmyi yerinə yetirmək olar, baxmayaraq ki, əvvəlki yerində rəmyi yerinə yetirmək ehtiyata müvafiqdir.
Məsələ 397. Rəmy üçün seçilən daşlar aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1- Hərəmin ərazisindən götürülməlidir: Deməli, əgər hərəmin ərazisi xaricindən götürülərsə, kifayət etmir;
2- İstifadə edilməmiş olmalıdır: Yəni əvvəllər, hətta keçmiş illərdə belə, kimsə bu daş ilə düzgün rəmy yerinə yetirməmiş olmalıdır;
3- Mübah olmalıdır: Deməli, qəsbi daş ilə və ya başqa bir şəxsin yığdığı daş ilə onun icazəsi olmadan rəmy yerinə yetirmək düzgün deyildir. Amma rəmy üçün istifadə edilən daşların pak olması şərt deyildir.
Məsələ 398. Qurban bayramı gecəsi Məş`ərdən Minaya getmələrinə icazə verilən qadınlar və qüvvəsiz insanlar Qurban bayramı günü sütuna daş atmağa aciz qalacaqları təqdirdə, rəmyi gecə vaxtı yerinə yetirə bilərlər. Ümumiyyətlə, bütün qadınlar rəmyi gecə vaxtı yerinə yetirə bilərlər. Amma bu şərtlə ki, rəmyi özlərinin həcci üçün – hətta niyabi-həcc olsa belə – yerinə yetirməlidirlər. Lakin əgər qadın başqa bir şəxsin əvəzinə rəmy etmək istəsə, ehtiyat-vacibə görə, gecə vaxtı rəmy etməsi düzgün deyildir, baxmayaraq ki, gündüz vaxtı rəmy etməyə acizdir. Amma qadınlara və qüvvəsiz insanlara yol yoldaşlığı edən, xidmət göstərən şəxslərə gəlincə, əgər onlar da gündüz vaxtı rəmy etməkdə üzrlüdürlərsə, gecə vaxtı “cəməreyi-əqəbə”ni rəmy edə bilərlər. Əks halda, gündüz vaxtı rəmyi yerinə yetirməlidirlər.
Məsələ 399. Qurban bayramı gecəsi rəmy etmələrinə icazə verilən qadınlar istisna olmaqla, Qurban bayramı günü rəmyi yerinə yetirməyə aciz olan şəxslər bayram gecəsi və ya bayramdan sonrakı gecə rəmyi yerinə yetirə bilərlər. Həmçinin zil-hiccənin on birinci və on ikinci günü gündüz vaxtı rəmyi yerinə yetirməkdə üzrlü olan şəxslər əvvəlki və ya sonrakı gecə rəmyi yerinə yetirə bilərlər.
- BEŞİNCİ FƏSİL: QURBAN KƏSMƏK
BEŞİNCİ FƏSİL: QURBAN KƏSMƏK
Məsələ 400. Həccin beşinci vacib əməli və Minanın əməllərindən ikincisi qurban kəsməkdir.
Məsələ 401. Təməttu həcci yerinə yetirən şəxs bu üç növ dördayaqlıdan birini – dəvə, inək və qoyun-keçidən birini qurban kəsməlidir. Qurbanlıq heyvanın erkək və ya dişi olmasının fərqi yoxdur. Qurbanlıq heyvan dəvə olsa, daha yaxşıdır. Amma qeyd edilən bu dördayaqlılardan qeyri bir heyvanı qurban kəsmək kifayət etmir.
Məsələ 402. Qurban kəsmək ibadətdir və bunun üçün niyyət etmək lazımdır. Niyyətin şərtləri ehramın niyyətində açıqlandı.
Məsələ 403. Qurbanlıq heyvan aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1- Ehtiyat-vacibə görə, heyvanın yaşı onun növünə görə belə olmalıdır: dəvə altı yaşa keçməlidir, inək və keçi üç yaşa keçməlidir, qoyun iki yaşa keçməlidir. Bu yaş həddi qurbanlıq heyvanın ən aşağı yaş həddidir. Amma yuxarı yaş həddi üçün müəyyən bir hədd qoyulmayıbdır. Beləliklə, əgər qurbanlıq heyvanın yaşı ən aşağı yaş həddindən yuxarı olarsa, kifayət edir, amma bu şərtlə ki, heyvan çox qoca olmamalıdır;
2- Qurbanlıq heyvan sağlam olmalıdır;
3- Arıq olmamalıdır;
4- Qurbanlıq heyvanın bütün əzaları öz üstündə olmalıdır. Deməli, naqis heyvanı, məsələn, axtalanmış və ya xayası çıxarılmış heyvanı qurban kəsmək kifayət etmir. Amma əgər heyvanın xayası əzilsə və axtalanmasa, onu qurban kəsmək kifayət edir. Həmçinin quyruğu kəsilmiş, kor, çolaq, qulağı kəsilmiş, buynuzunun daxili hissəsi sınmış və ya sadalanan bu nöqsanlardan biri ilə dünyaya gələn heyvanı qurban kəsmək kifayət etmir. Beləliklə, əgər bir heyvan öz növünün digər nümayəndələrində mövcud olan hansısa bir əzaya sahib olmasa və bu əzanın olmaması naqislik sayılsa, bu heyvanı qurban kəsmək kifayət etmir. Amma əgər heyvanın buynuzunun xarici hissəsi sınmış olsa, yaxud qulağı yarılmış və ya deşilmiş olsa, onu qurban kəsməyin maneəsi yoxdur.
Məsələ 404. Əgər bir heyvanın sağlam olduğunu bilib qurban kəssələr, amma sonradan onun xəstə və ya naqis olduğu məlum olsa, maddi imkan olduğu təqdirdə, başqa bir heyvan qurban kəsilməlidir.
Məsələ 405. Ehtiyat-vacibə görə, cəməreyi-əqəbəni rəmy etdikdən sonra qurban kəsmək lazımdır.
Məsələ 406. Ehtiyata görə, həcc əməllərini yerinə yetirən şəxs qurban kəsməyi ixtiyari şəkildə Qurban bayramından sonrakı günə saxlamamalıdır. Əgər bir şəxs bilərəkdən, ya səhvən, ya məlumatsızlıq üzündən və ya başqa bir üzr və səbəblə əlaqədar qurban kəsməyi yubatsa, ehtiyat-vacibə görə, imkan daxilində “təşriq günləri”ndə, imkan olmadığı təqdirdə isə zil-hiccə ayının digər günlərində qurbanı kəsməlidir. Zahirə əsasən, qurbanı gündüz, yoxsa gecə vaxtı kəsməsinin fərqi yoxdur.
Məsələ 407. Qurbanın kəsildiyi məkan Minadır. Əgər Minada qurban kəsilməsinin qarşısı alınsa, hal-hazırda təyin edilən məkanda qurban kəsməyin maneəsi yoxdur.
Məsələ 408. Ehtiyat-vacibə görə, qurban kəsmək üçün naib olan şəxs on iki imam şiəsi olmalıdır. Amma əgər niyyəti insanın özü etsə və yalnız heyvanı kəsmək üçün naib tutsa, bu halda heyvanı kəsən şəxsin şiə olmasının şərt olmaması uzaq ehtimal deyildir.
Məsələ 409. Qurbanı həcc əməllərini yerinə yetirən şəxsin özü və ya onun vəkalət verdiyi şəxs kəsməlidir. Amma əgər başqa bir şəxs vəkalət almadan onun üçün qurban kəssə, bu qurbanlığın düzgünlüyü məhəlli-işkaldır. Ehtiyata görə, bu qurbanlıqla kifayətlənmək olmaz.
Məsələ 410. Qurban kəsmək üçün istifadə edilən alət dəmirdən olmalıdır. Paslanma əleyhinə maddə ilə qarışığı olan polad (stall) da dəmir hökmündədir. Amma əgər bir alətin dəmirdən olması barədə şəkk yaranarsa, onun dəmirdən olduğu dəqiqləşməyənədək bu alətlə qurban kəsmək kifayət etmir.
- ALTINCI FƏSİL: TƏQSİR VƏ YA HƏLQ
ALTINCI FƏSİL: TƏQSİR VƏ YA HƏLQ
Məsələ 411. Həccin altıncı vacib əməli və Minanın əməllərindən üçüncüsü təqsir (saçı və ya dırnağı qısaltmaq) və ya həlqdir (başı qırxmaqdır).
Məsələ 412. Qurban kəsdikdən sonra başı qırxmaq, yaxud saçı və ya dırnağı qısaltmaq vacibdir. Qadınlar hökmən təqsir etməlidirlər və onların həlq etmələri kifayət etmir. Ehtiyata görə, qadınlar təqsir edərkən həm saçlarını, həm də dırnaqlarını (yəni onların hər ikisini) qısaltsınlar. Amma kişilər iki əməldən birini – həlqi və ya təqsiri seçə bilərlər və başı qırxmaq zəruri deyildir. Lakin əgər kişi ilk dəfə həcci yerinə yetirirsə, ehtiyat-vacibə görə, həlq etməlidir.
Məsələ 413. Həlq və təqsir etmək ibadətdir, buna görə də qəsdi-qürbət və xalis niyyətlə, riyasız şəkildə yerinə yetirilməlidir. Əgər belə bir niyyət olmadan həlq və ya təqsir yerinə yetirilərsə, kifayət etmir və halal olması həlqə və ya təqsirə bağlı olan işlər insana halal olmur.
Məsələ 414. Əgər bir şəxs üçün həlq və ya təqsiri başqası yerinə yetirirsə, niyyəti şəxsin özü etməlidir.
Məsələ 415. Ehtiyat-vacibə görə, vacib həlq və ya təqsir Qurban bayramı günü yerinə yetirilməlidir. Əgər bir şəxs bu hökmə əməl etməzsə, on birinci gecə və ya bundan sonra həlq və ya təqsiri yerinə yetirməlidir. Bu, kifayət edir.
Məsələ 416. Qurban bayramı günü hər hansı bir səbəbə görə qurban kəsə bilməyən şəxsin həlq və ya təqsiri də təxirə salması lazım deyildir. Əksinə, ehtiyat-vacibə görə, Qurban bayramı günü həlq və ya təqsir etmək vacibdir. Amma bu halda (yəni qurban kəsmək təxirə düşdüyü halda) həcc təvafını yerinə yetirməyin və Məkkənin digər beş əməlini yerinə yetirməyin düzgünlüyü məhəlli-işkaldır. Bu əməlləri yerinə yetirmək üçün qurbanın kəsilməsini gözləmək lazımdır.
Məsələ 417. Həlq və ya təqsir Minada yerinə yetirilməlidir. Bu əməli ixtiyari şəkildə Minadan qeyri bir məkanda yerinə yetirmək olmaz.
Məsələ 418. Əgər bir şəxs bilərəkdən, ya unutqanlıq üzündən, ya da məsələni bilmədiyinə görə Minadan qeyri bir məkanda həlq və ya təqsiri yerinə yetirsə, yaxud həlq və ya təqsir etmədən Minadan xaric olub digər əməlləri yerinə yetirsə, həlq və ya təqsir etmək üçün Minaya qayıtmalı və yerinə yetirdiyi digər əməlləri də yenidən yerinə yetirməlidir.
Məsələ 419. Qurban bayramı günü əvvəlcə cəməreyi-əqəbəni rəmy etmək, sonra bayram günü qurban kəsmək imkanı olduğu təqdirdə qurban kəsmək, daha sonra həlq və ya təqsir etmək lazımdır. Əgər bir şəxs qeyd edilən ardıcıllığa bilərəkdən riayət etməsə, günah etmişdir, amma zahirə əsasən, bu əməlləri yuxarıdakı ardıcıllıqla təkrar etmək ona vacib olmur, baxmayaraq ki, imkan olduğu təqdirdə bu əməlləri təkrar etmək ehtiyata müvafiqdir. Məsələni bilmədiyinə görə və ya unutqanlıq üzündən sözügedən ardıcıllığa riayət etməyən şəxsin də hökmü eynidir.
Məsələ 420. Əgər bir şəxs Qurban bayramı günü Minada qurban kəsə bilməsə, amma hazırkı dövrdə Minadan xaricdə qurban kəsmək üçün ayrılan qurbangahda Qurban bayramı günü qurban kəsmək onun üçün mümkün olsa, ehtiyata görə, o, əvvəlcə qurban kəsməli, daha sonra həlq və ya təqsir etməlidir. Əgər bunu da etmək onun üçün mümkün olmasa, ehtiyat-vacibə görə, Qurban bayramı günü həlq və ya təqsiri yerinə yetirməlidir. Həlq və ya təqsiri yerinə yetirdikdən sonra o, ehramdan xaric olur. Amma Məkkənin beş əməlini qurban kəsdikdən sonra yerinə yetirməlidir. Əks halda, həmin əməllərin düzgünlüyü məhəlli-işkaldır.
Məsələ 421. Həlq və ya təqsir etdikdən sonra həcc üçün ehram bağlamaq vasitəsilə insana haram olan işlərin hamısı – qadın və xoş qoxu istisna olmaqla – insana halal olur.
- YEDDİNCİ FƏSİL: MƏKKƏNİN ƏMƏLLƏRİ
YEDDİNCİ FƏSİL: MƏKKƏNİN ƏMƏLLƏRİ
Məsələ 422. Qurban bayramı günü Minada yerinə yetirilən əməllərdən sonra Məkkənin vacib əməlləri yerinə yetirilir. Bu əməllər aşağıdakılardan ibarətdir:
Həcc təvafı (başqa bir adı “ziyarət təvafı”dır) və bu təvafın namazı, Səfa və Mərvə arasında səy etmək, Nisa təvafı və bu təvafın namazı.
Məsələ 423. Qurban bayramı gününün əməllərini yerinə yetirdikdən sonra həmin gün Minadan Məkkəyə geri qayıdıb, həccin digər əməllərini yerinə yetirməyə – yəni iki təvaf yerinə yetirmək və bu təvafların namazını qılmaq, səyi yerinə yetirməyə – icazə verilir, hətta belə etmək müstəhəbdir. Bu əməlləri “təşriq günləri”nin axırıncı gününədək, hətta zil-hiccə ayının axırınadək yubatmağa icazə verilir.
Məsələ 424. Bu təvafın və təvaf namazının, həmçinin Səfa və Mərvə arasında səyin qaydası eynilə umrənin təvafı, təvaf namazı və səyi kimidir, təkcə niyyətləri fərqlidir. Burada həcc niyyəti edilməlidir.
Məsələ 425. Yuxarıdakı əməlləri Ərəfat və Məş`ərdə vuquf etməmişdən, həmçinin Minanın əməllərini yerinə yetirməmişdən qabaq ixtiyari şəkildə yerinə yetirməyə icazə verilmir. Amma üç qrup insan istisna təşkil edir:
1- Minadan Məkkəyə geri qayıtdıqdan sonra heyz və ya nifas olacağından, buna görə də təvaf edə və təvaf namazını qıla bilməyəcəyi və pak olanadək də gözləyə bilməyəcəyindən qorxan qadınlar;
2- Minadan Məkkəyə geri qayıtdıqdan sonra izdiham səbəbilə təvaf etmək və təvaf namazı qılmaqda, yaxud ümumiyyətlə Məkkəyə geri qayıtmaqda aciz olan kişi və qadınlar;
3- Minadan Məkkəyə geri qayıtdıqdan sonra izdiham və ya izdihamdan qorxu səbəbilə təvaf etmək və təvaf namazı qılmaqda aciz olan xəstələr.
Məsələ 426. Əgər yuxarıda qeyd edilən üç qrup insan əvvəlcədən təvafları yerinə yetirib təvaf namazlarını qılsalar və səyi yerinə yetirsələr, amma sonradan onların üzrü aradan qalxsa, həmin əməlləri yenidən yerinə yetirmək onlara vacib olmur, baxmayaraq ki, həmin əməlləri yenidən yerinə yetirmək ehtiyata müvafiqdir.
Məsələ 427. Müəyyən üzrə görə (məsələn, yuxarıda qeyd edilən şəxslər kimi) Məkkənin əməllərini əvvəlcədən yerinə yetirən şəxsə qadın və xoş qoxu halal olmur. Yalnız həlq və ya təqsir etdikdən sonra “ehram bağlayan şəxsə haram olan işlər” bu şəxsə halal olur.
Məsələ 428. Nisa təvafı və bu təvafın namazı vacibdir, amma həccin rüknü deyildir. Odur ki, əgər bir şəxs bilərəkdən bu iki əməli yerinə yetirməsə, həcci düzgündür, amma qadın ona halal olmayacaqdır.
Məsələ 429. Nisa təvafı təkcə kişilərə aid deyildir, əksinə, qadınlara da vacibdir. Deməli, əgər kişi Nisa təvafını yerinə yetirməsə, qadın ona halal olmur və əgər qadın Nisa təvafını yerinə yetirməsə, kişi ona halal olmur.
Məsələ 430. “Səy”i həccin təvafından və təvaf namazından qabaq ixtiyari şəkildə yerinə yetirməyə icazə verilmir. Həmçinin “Nisa təvafı”nı həccin təvafından və təvaf namazından və səydən qabaq ixtiyari şəkildə yerinə yetirməyə icazə verilmir. Əgər bir şəxs bu ardıcıllığa riayət etməsə, əməlləri yenidən yerinə yetirməlidir.
Məsələ 431. Əgər bir şəxs səhvən və ya bilərəkdən Nisa təvafını yerinə yetirməsə və öz vətəninə geri qayıtsa, çətinlik və əziyyət çəkmədən Məkkəyə geri qayıda biləcəyi təqdirdə, geri qayıtmalıdır. Əks halda, naib tutmalıdır. Onun özü və ya naibi təvafı yerinə yetirməyənədək qadın ona halal olmayacaqdır.
Məsələ 432. Həcc üçün ehram bağladıqdan sonra umrə ehramında ikən haram olan işlər insana haram olur. Bu işlər tədricən və üç mərhələdə halala çevrilir:
1- Həlq və ya təqsir etdikdən sonra qadın və xoş qoxu istisna olmaqla, sözügedən haram işlər, hətta ov etmək belə, halal olur. Amma hərəm ərazisində ov etmək hər zaman haramdır.
2- Səyi yerinə yetirdikdən sonra xoş qoxu halal olur.
3- Nisa təvafı və bu təvafın namazından sonra qadın halal olur. - SƏKKİZİNCİ FƏSİL: MİNADA BEYTUTƏ
SƏKKİZİNCİ FƏSİL: MİNADA BEYTUTƏ
Məsələ 433. Həccin on ikinci vacib əməli və Minanın dördüncü əməli “beytutə”dir.
Məsələ 434. Zil-hiccənin 11-ci və 12-ci gecələri Minada beytutə etmək, yəni gecələmək vacibdir. Beləliklə, Qurban bayramı günü iki təvafı yerinə yetirmək və bu təvafların namazını qılmaq, həmçinin səyi yerinə yetirmək üçün Minadan Məkkəyə gedən şəxs beytutə üçün Minaya geri qayıtmalıdır.
Məsələ 435. Qeyd edilən gecələrdə Minada beytutə etmək aşağıdakı şəxslərə vacib deyildir:
1- Xəstələr və onlara xidmət göstərən şəxslər, ümumiyyətlə müəyyən üzrə görə beytutə etməkdə çətinlik çəkən şəxslər;
2- Malının və yol azuqəsinin Məkkədə itməsindən və ya oğurlanmasından qorxan şəxslər;
3- Bu iki gecəni sübhədək Məkkədə ibadətlə keçirən və ibadətdən qeyri bir iş görməyən və yalnız zəruri iş üçün, məsələn, ehtiyac miqdarında yemək və içmək, yaxud ayaqyoluna getmək və dəstəmaz almaq üçün ibadətdən ayrılan şəxslər.
Məsələ 436. Minada beytutə etmək ibadətdir və bunun üçün niyyət etmək lazımdır. Niyyətin qaydası əvvəldə açıqlanıbdır.
Məsələ 437. Günəş qürub etdikdən etibarən gecə yarısınadək Minada gecələmək “beytutə” üçün kifayət edir. Əgər bir şəxs heç bir üzrü olmadan gecənin birinci yarısını və ya onun bir hissəsini beytutə etməzsə, gecənin ikinci yarısını beytutə etməlidir. Əlbəttə, gecənin ikinci yarısında ixtiyari şəkildə beytutə etməyin icazəli olması uzaq ehtimal deyildir.
Məsələ 438. Minada vacib beytutəni tərk edən və gecəni Məkkədə də ibadətlə məşğul olmayan şəxs hər gecə üçün bir qoyun kəffarə verməlidir. Ehtiyata görə, bu hökm baxımından üzrlü şəxs ilə üzrü olmayan şəxs arasında, yaxud məsələni bilməyən şəxs ilə məsələni unudan şəxs arasında fərq yoxdur.
Məsələ 439. Zil-hiccənin 12-ci günü Minadan xaric olmağa icazəsi olan şəxs şəri zöhrdən sonra Minadan xaric olmalıdır. O, şəri zöhrdən qabaq Minadan xaric ola bilməz.
- DOQQUZUNCU FƏSİL: ÜÇ SÜTUNU DAŞLAMAQ
DOQQUZUNCU FƏSİL: ÜÇ SÜTUNU DAŞLAMAQ
Məsələ 440: Həccin on üçüncü vacib əməli və Minanın beşinci əməli üç sütunu daşlamaqdır. Bu rəmyin qaydası və şərtləri eynilə Qurban bayramı günü cəməreyi-əqəbəni daşlamaq kimidir.
Məsələ 441. Beytutənin vacib olduğu gecədən sonra gələn gündüzdə üç sütunu – cəməreyi-ula, cəməreyi-vusta və cəməreyi-əqəbəni – rəmy etmək, yəni daşlamaq lazımdır.
Məsələ 442. Rəmy etməyin müddəti Günəş doğandan qürub edənədəkdir. Beləliklə, ixtiyari şəkildə gecə vaxtı rəmy etmək olmaz. Amma rəmyi gündüz vaxtı yerinə yetirməkdə üzrü olan şəxslər, məsələn, çoban və ya can, mal və heysiyyət təhlükəsindən qorxan şəxslər bu hökmdən istisnadır. Həmçinin gündüz vaxtı izdiham nəticəsində rəmy etməkdə çətinlik çəkəcəklərindən qorxan qadınlar, yaşlılar və uşaqlar da gecə vaxtı rəmy edə bilərlər.
Məsələ 443. Gündüz vaxtı rəmy etməkdə üzrü olan, amma gecə vaxtı rəmyi yerinə yetirə bilən şəxs bu iş üçün özünə naib tuta bilməz. Əksinə, onun özü əvvəlki və ya sonrakı gecədə rəmy etməlidir. Amma gecə vaxtı belə rəmyi yerinə yetirməkdə üzrü olan şəxs (məsələn, xəstə insan) özünə naib tuta bilər. Lakin əgər bu şəxs özünə naib tutarkən üzrünün aradan qalxacağına ümidi olarsa, ehtiyat-vacibə görə, üzrü aradan qalxdığı təqdirdə gecə vaxtı özü də rəmyi təkrar yerinə yetirməlidir.
Məsələ 444. Rəmyi yerinə yetirməkdə üzrü olan şəxs əgər özünə naib tutsa və onun naibi rəmyi yerinə yetirsə, daha sonra rəmyin müddəti keçməmişdən qabaq bu şəxsin üzrü aradan qalxsa, bu şəxs özünə naib tutarkən üzrünün aradan qalxacağına ümidi olmadığı və naibi də onun yerinə rəmy etdiyi təqdirdə, bu rəmy kifayət edir. Rəmyi yenidən yerinə yetirməsinə ehtiyac yoxdur. Amma əgər üzrünün aradan qalxacağına ümidi vardısa, baxmayaraq ki, üzr ortaya çıxdığı zaman naib tutmaq icazəlidir, amma ehtiyat-vacibə görə, üzrü aradan qalxdıqdan sonra onun özü rəmyi təkrar yerinə yetirməlidir.
Məsələ 445. Üç sütunu daşlamaq vacibdir, amma həccin rüknü deyildir.
Məsələ 446. Rəmyi yerinə yetirərkən ardıcıllığa riayət etmək lazımdır. Yəni əvvəlcə cəməreyi-ula, sonra cəməreyi-vusta, daha sonra cəməreyi-əqəbəni daşlamaq lazımdır. Hər sütuna da bir qədər əvvəldə açıqlanan xüsusiyyətlərə malik yeddi xırda daş atılmalıdır.
Məsələ 447. Əgər bir şəxs üç sütunu daşlamağı unutsa və Minadan xaric olsa, “təşriq günləri”ndə bunu xatırladığı təqdirdə, imkan daxilində onun özü Minaya geri qayıdıb rəmyi yerinə yetirməlidir. Əks halda, özünə naib tutmalıdır. Amma əgər “təşriq günləri”ndən sonra bunu xatırlasa, yaxud bilərəkdən rəmyi “təşriq günləri”ndən sonrayadək təxirə salsa, ehtiyat-vacibə görə, onun özü və ya naibi Minaya qayıtmalı və rəmyi yerinə yetirməlidir. Sonrakı il isə onun qəzasını yerinə yetirməli və ya bu iş üçün özünə naib tutmalıdır. Əgər bir şəxs üç sütunu daşlamağı unudub Məkkədən xaric olsa, ehtiyat-vacibə görə, sonrakı il onun qəzasını yerinə yetirməli və ya bu iş üçün özünə naib tutmalıdır.
Məsələ 448. Sütunları istənilən istiqamətdən daşlamaq olar. Cəməreyi-ula və cəməreyi-vustanı daşlayarkən üzü qibləyə olmaq, yaxud cəməreyi-əqəbəni daşlayarkən arxası qibləyə olmaq şərt deyildir.
-
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB