Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
      • Təvafın şərtləri
      • Təvafın vacib əməlləri
        Çap versiyası  ;  PDF
         
        Təvafın vacib əməlləri

         

        Məsələ 310. Təvafın vacib əməlləri yeddi əməldir:
        1- Təvafı Həcərul-əsvəddən[1] başlamaq;
        2- Təvafın hər dövrəsini Həcərul-əsvəddə bitirmək;
        3- Sol tərəfdən təvaf etmək;
        4- Hicri-İsmailin[2] xaricindən təvaf etmək;
        5- Kəbə evinin və şazrəvanın[3] xaricindən təvaf etmək;
        6- Məşhur rəyə əsasən, təvafın Kəbə evi ilə İbrahim məqamı arasında olması;
        7- Təvafın yeddi dövrə olması.
        Məsələ 311. Təvafa Həcərul-əsvəddən başlamaq vacibdir, belə ki, təvaf Həcərul-əsvədin qarşısından başlanmalıdır. Amma Həcərul-əsvədin başlanğıcından təvafa başlamaq və bütün bədənin Həcərul-əsvədin bütün hissələrinin qarşısından keçməsi şərt deyildir. Əksinə, əgər ürfə görə “Həcərul-əsvədin başlanğıcından təvafa başlanıldı” deyilərsə, bu, kifayət edir. Deməli, Həcərul-əsvədin hər hansı bir hissəsinin qarşısından təvafa başlamaq olar. Amma hansı hissədən təvafa başlanılıbsa, həmin hissədə də təvafı başa çatdırmaq lazımdır. Məsələn, əgər Həcərul-əsvədin ortasından təvafa başlanılıbsa, həmin yerdə də təvafı bitirmək lazımdır. Əlbəttə, Həcərul-əsvədin qarşısından təvafa başlamaq niyyətilə ehtiyat ünvanında bir qədər irəlidən təvaf yoluna daxil olmağın maneəsi yoxdur.
        Məsələ 312. Təvafın hər dövrəsinin sonunda Həcərul-əsvədin qarşısında dayanmaq və sonra növbəti dövrəyə başlamaq vacib deyildir. Əksinə, yeddi dövrəni dayanmadan yerinə yetirmək və yeddinci dövrəni təvafa başladığı nöqtədə başa çatdırmaq kifayət edir. Əlbəttə, təvafa başlanıldığı nöqtədə onun başa çatdırıldığına yəqin etmək üçün ehtiyat ünvanında bu miqdardan bir qədər artığını yerinə yetirmək olar.
        Məsələ 313. Vasvasılıq hesab olunan dəqiqlikdən çəkinərək, təvaf edən bütün müsəlmanlar kimi Həcərul-əsvədin qarşısından təvafa başlamaq lazımdır və hər dövrənin sonunda Həcərul-əsvədin qarşısında dayanmaq vacib deyildir.
        Məsələ 314. Sol tərəfdən təvaf etmək vacibdir, belə ki, təvaf zamanı Kəbə evi insanın sol tərəfində olmalıdır. Bu, hərəkətin istiqamətini təyin etmək deməkdir.
        Məsələ 315. Kəbənin sol tərəfdə olması dəqiq elmi hesablama ilə deyil, ürf ilə ölçülür. Deməli, əgər Hicri-İsmaildən və Kəbənin dörd tinindən keçərkən bir qədər yayınma baş verərsə, təvaf düzgündür. Bu zaman Kəbənin sol tərəfdə olması üçün çiyinləri əyməyə ehtiyac yoxdur.
        Məsələ 316. Əgər bir şəxs təvaf yolunun bir hissəsini adi hala zidd şəkildə qət edərsə, məsələn, təvaf əsnasında Kəbə evini öpməkdən ötrü üzünü Kəbəyə tərəf çevirərsə, yaxud izdiham nəticəsində istəmədən üzünü və ya arxasını Kəbəyə tərəf çevirərsə, yaxud da Kəbə onun sağ tərəfində qalarsa, bu şəxsin təvafı düzgün deyildir. Bu şəkildə qət etdiyi yolu yenidən getməlidir.
        Məsələ 317. Hicri-İsmailin xaricindən təvaf etmək lazımdır, belə ki, təvaf zamanı Hicri-İsmail təvafın dairəsi daxilində yerləşməlidir.
        Məsələ 318. Əgər bir şəxs Hicri-İsmailin daxilindən təvaf edərsə və ya Hicri-İsmailin divarının üstü ilə hərəkət edərsə, onun təvafı düzgün deyildir və təvafı yenidən yerinə yetirməlidir. Əgər təvafın dövrələrinin birində Hiri-İsmailin daxilindən keçərsə, yalnız həmin dövrə düzgün deyildir.
        Məsələ 319. Əgər bir şəxs bilərəkdən Hicri-İsmailin daxilindən təvaf edərsə, təvafı bilərəkdən tərk edən şəxs kimidir. Əgər səhvən Hicri-İsmailin daxilindən təvaf edərsə, təvafı səhvən tərk edən şəxs kimidir. Bunların hökmü isə açıqlanacaqdır.
        Məsələ 320. Kəbə evinin və şazrəvanın (Kəbə evinin divarlarının təməli) xaricindən təvaf etmək vacibdir.
        Məsələ 321. Təvaf zamanı Hicri-İsmailin divarı və Kəbə evinin üstünə əli qoymağın maneəsi yoxdur.
        Məsələ 322. Məşhur rəyə əsasən, təvaf Kəbə evi ilə İbrahim məqamı arasında olmalı və digər tərəflərdə də bu fasilə qorunmalıdır. Amma əqvaya görə, bu fasilədə təvaf etmək şərt deyildir. Təvaf edən şəxs bu fasilədən xaricdə və Məscidul-həramın başqa yerlərində təvaf edə bilər, xüsusilə də böyük izdiham bu fasilədə təvaf etməyə mane olduğu hallarda Məscidul-həramın başqa yerlərində təvaf etmək olar. Əlbəttə, izdiham olmadığı zaman sözügedən fasilədə təvaf etmək daha yaxşıdır.
        Məsələ 323. Məscidul-həramın döşəməsi ilə Kəbə evinin hündürlüyü arasındakı fəzada “Kəbənin ətrafına təvaf edir” adlanacaq bir şəkildə təvaf etməyin düzgün olması uzaq ehtimal deyildir, baxmayaraq ki, bu, ehtiyata ziddir.
        Məsələ 324. Əgər bir şəxs hansısa bir səbəbə görə Məscidul-həramın həyətində təvaf edə bilməsə və ikinci mərtəbədə təvaf etmək məcburiyyətində qalsa, ehtiyat-vacibə görə, onun özü ikinci mərtəbədə təvaf etməli, həmçinin onun üçün Məscidul-həramın həyətində təvaf etməsi üçün naib tutmalıdır. Təvaf namazını da onun özü ikinci mərtəbədə qılmalı, naib şəxs də Məscidul-həramın həyətində qılmalıdır. Amma əgər onun özü Məscidul-həramın həyətində təvaf namazını qıla bilərsə, özü namazı qılmalıdır və bu namaz kifayət edir.
        Məsələ 325. Yeddi dövrə təvaf etmək vacibdir.
         
        Təvafı tərk etməyin və təvafda şəkk etməyin hökmləri
        Məsələ 326. Təvaf umrənin vacib əməllərindən biridir. Əgər fürsət başa çatanadək bilərəkdən tərk edilərsə, umrə düzgün deyildir və burada məsələnin hökmünü bilib-bilməməyin fərqi yoxdur.
        Məsələ 327. Məkkəyə daxil olan kimi təvafı yerinə yetirmək vacib deyildir. Belə ki, Ərəfatda “ixtiyari vuquf”un vaxtı daralmayanadək təvafı yerinə yetirməyi yubatmaq olar. (Ərəfatda “ixtiyari vuquf”un vaxtı zil-hiccənin 9-cu gününün zöhr vaxtından şəri qürubadəkdir.) Yəni elə etmək lazımdır ki, təvafı və ondan sonrakı əməlləri yerinə yetirdikdən, həcc üçün ehram bağladıqdan sonra Ərəfatda öz vaxtında vuquf edə biləsən.
        Məsələ 328. Əgər bir şəxsin umrəsi pozularsa – əvvəldə qeyd edilən bir sıra hallarda olduğu kimi, həmçinin bir qədər irəlidə açıqlanacaq bir sıra hallarda – ehtiyata görə, o, təməttu həccini ifrad həccinə çevirməli və bundan sonra mufrədə umrə yerinə yetirməlidir. Sonrakı ildə isə təməttu umrəsi və həccini – əgər əvvəlki ildə ona həcc vacib idisə – yerinə yetirməlidir.
        Məsələ 329. Əgər bir şəxs təvafı yerinə yetirməyi unutsa və vaxt başa çatmamışdan qabaq bunu xatırlasa, o, təvafı yerinə yetirməli və təvaf namazını qılmalı, sonra “səy”i yerinə yetirməlidir.
        Məsələ 330. Əgər bir şəxs təvafı yerinə yetirməyi unutsa və vaxt başa çatdıqdan sonra bunu xatırlasa, mümkün olan ilk fürsətdə təvafın qəzasını yerinə yetirməli və təvaf namazını qılmalıdır. Amma əgər bu şəxs öz vətəninə qayıtdıqdan sonra təvaf etmədiyini xatırlasa, əziyyət və çətinlik olmadan geri qayıda biləcəyi təqdirdə, geri qayıdıb təvafı yerinə yetirməlidir. Əks təqdirdə, naib tutmalıdır. Amma təvafın qəzasını yerinə yetirdikdən və təvaf namazını qıldıqdan sonra “səy”i yerinə yetirmək vacib deyildir.
        Məsələ 331. Əgər bir şəxs bilərəkdən və ya unutqanlıq üzündən təvafı tərk edərsə və yerinə yetirməzsə, həmçinin əgər bir şəxs səhvən təvafın bir hissəsini yerinə yetirməzsə, onun özü və ya tutduğu naib təvafı yerinə yetirməyənədək, halal olması təvafın yerinə yetirilməsinə bağlı olan işlər ona halal deyildir.
        Məsələ 332. Əgər bir şəxs xəstəliklə və ya qüvvəsizliklə və ya bu kimi başqa səbəblərlə əlaqədar olaraq, hətta başqalarının köməkliyi ilə belə, vaxt başa çatmamışdan qabaq təvaf edə bilməzsə, imkan olduğu təqdirdə, onu daşıyaraq təvaf etdirmək lazımdır. Bu iş mümkün olmadığı təqdirdə isə naib tutmaq lazımdır.
        Məsələ 333. Əgər bir şəxs təvaf etdikdən və geri qayıtdıqdan sonra, yəni təvaf məkanından xaric olduqdan sonra təvafın dövrələrinin sayı barəsində şəkk edərsə, o öz şəkkinə etina etməməlidir, əksinə, təvafının düzgün olduğunu qəbul etməlidir. Amma əgər təvaf etdiyi əsnada yerinə yetirdiyi dövrələrin sayında şəkk edərsə və yeddinci dövrədə olduğunu, yoxsa bundan daha az dövrə etdiyini bilməzsə, onun təvafı düzgün deyildir və təvafı yenidən yerinə yetirməlidir.
         

        [1] Həcərul-əsvəd – “Qara daş” deməkdir.
        [2] Hicri-İsmail – Kəbə evi ilə yarım dairə şəklində olan divar arasında yerləşən sahədir və eni təxminən on metrdir.
        [3] Şazrəvan – “Kəbə evinin divarlarının təməli” deməkdir.
      • Təvaf namazı
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /