Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
      • Təvafın şərtləri
        Çap versiyası  ;  PDF
         
        Təvafın şərtləri

         

        Məsələ 276. Təvafın düzgün olmasının şərtləri aşağıdakılardır:
        1- Niyyət;
        2- Təharət – qüsllü və dəstəmazlı olmaq;
        3- Bədənin və paltarın pak olması;
        4- Sünnət;
        5- Övrətin örtülü olması;
        6- Təvaf paltarının qəsbi olmaması;
        7- Muvalat.
         
        Birinci şərt: Niyyət
        Məsələ 277. Niyyət – umrənin və ya həccin təvafının “qurbətən iləllah” niyyətilə yerinə yetirilməsidir. Deməli, əgər təvaf, hətta onun bəzi dövrələri, niyyətsiz yerinə yetirilsə, kifayət etmir.
        Məsələ 278. Niyyətdə qəsdi-qurbətin və Mütəal Allah üçün ixlasın olması şərtdir. Deməli, təvaf Allahın əmrinə itaət niyyətilə yerinə yetirilməlidir. Əgər riya məqsədilə yerinə yetirilsə, günahdır və təvaf düzgün deyildir.
        Məsələ 279. Təvafın niyyətində mufrədə umrənin, yoxsa təməttu umrəsinin təvafı olduğu, yaxud da həccətul-islamın, yoxsa nəzir və ya müstəhəb həccin təvafı olduğu müəyyən edilməlidir. Əgər bir şəxs başqasının naibi ünvanında təvafı yerinə yetirirsə, bu da niyyətdə müəyyən edilməlidir.
        Məsələ 280. Təvafın niyyətini dilə gətirmək və ya ürəkdən keçirmək lazım deyildir. Əksinə, təvafı yerinə yetirmək niyyətində olmaq kifayət edir.
        Məsələ 281. Təvaf edərkən daim xüşu və hüzuri-qəlb halında olmaq, Allahı zikr etmək və hədislərdə buyurulan duaları oxumaq tövsiyə olunur.
         
        İkinci şərt: Təharət – qüsllü və dəstəmazlı olmaq
        Məsələ 282. Vacib təvafların hamısında təvaf edən şəxs cənabətdən, heyzdən və nifasdan pak olmalıdır. Həmçinin dəstəmazlı olmalıdır.
        Diqqət: “Vacib təvaf” dedikdə, umrənin və ya həccin əməllərinin tərkib hissəsi olan təvaf nəzərdə tutulur. Deməli, müstəhəb həccin və umrənin təvafı da “vacib təvaf” hesab olunur.
        Məsələ 283. Əgər qüslü və ya dəstəmazı olmayan bir şəxs vacib təvafı yerinə yetirsə, onun təvafı düzgün deyildir. O, təvafı yenidən yerinə yetirməli və təvaf namazını yenidən qılmalıdır, baxmayaraq ki, bu hal məlumatsızlıq və ya unutqanlıq üzündən baş vermişdir, yaxud da umrənin və ya həccin əməlləri başa çatdıqdan sonra təharətsiz olduğunu başa düşmüşdür.
        Məsələ 284. Müstəhəb təvafda dəstəmazlı olmaq şərt deyildir, amma təvaf namazı qılmaq üçün dəstəmazlı olmaq lazımdır. Lakin cənabətli şəxsin, heyzli və ya nifaslı qadının Məscidul-hərama daxil olması haram olmaqla yanaşı, onun təvafı da ehtiyat-vacibə görə, düzgün deyildir.
        Diqqət: “Müstəhəb təvaf” umrənin və ya həccin əməllərinin tərkib hissəsi deyildir və ayrıca olaraq yerinə yetirilir. Müstəhəb təvafı insan həm özü üçün, həm də başqasının naibi olaraq yerinə yetirə bilər. Bu əməl Məkkə şəhərinin müstəhəb əməllərindəndir. İnsanın bacardığı qədər təvaf etməsi müstəhəbdir və böyük savabı vardır.
        Məsələ 285. Əgər təvaf edərkən dəstəmaz pozularsa, iki hal yaranır:
        1- Təvafın dördüncü dövrəsinin yarısı başa çatmamışdan qabaq, yəni Kəbənin üçüncü rüknünün üzbəüzünə çatmamışdan qabaq dəstəmaz pozulduğu təqdirdə, təvafı kəsmək və dəstəmaz alıb yenidən təvaf etmək lazımdır.
        2- Təvafın dördüncü dövrəsinin yarısı başa çatdıqdan sonra dəstəmaz pozulduğu təqdirdə, təvafı kəsmək və dəstəmaz aldıqdan sonra həmin yerdən təvafı davam etdirmək lazımdır, bu şərtlə ki, “ürfi muvalat” pozulmamalıdır. Amma əgər “ürfi muvalat” pozularsa, dəstəmaz aldıqdan sonra ehtiyata görə, əvvəlki təvafı tamamlamaq niyyətilə onu başa çatdırmaq və yenidən bir tam təvaf da yerinə yetirmək lazımdır. Yaxud bu şəxs həm yarımçıq təvafı başa çatdırmağı, həm də yenidən təvaf etməyi ümumi niyyət edərək, bir tam təvaf edə bilər. Yaxud da əvvəlki yarımçıq təvafı ümumiyyətlə boşlaya və dəstəmaz aldıqdan sonra yenidən təvaf etməyə başlaya bilər.
        Məsələ 286. Əgər təvaf edərkən qüsl pozularsa, dərhal Məscidul-həramdan xaric olmaq lazımdır. Əgər qüsl təvafın dördüncü dövrəsinin yarısı başa çatmamışdan qabaq pozulubsa, təvaf pozulmuşdur və qüsl etdikdən sonra yenidən təvaf etmək lazımdır. Amma əgər qüsl təvafın dördüncü dövrəsinin yarısı başa çatdıqdan sonra pozulubsa, qüsl etdikdən sonra təvafı həmin yerdən davam etdirib tamamlamaq lazımdır, amma bu şərtlə ki, “ürfi muvalat” pozulmamalıdır. Əgər “ürfi muvalat” pozularsa, ehtiyata görə, yarımçıq təvafı başa çatdırmaq və yenidən təvaf etmək lazımdır. Yaxud bu şəxs həm yarımçıq təvafı başa çatdırmağı, həm də yenidən təvaf etməyi ümumi niyyət edərək, bir tam təvaf edə bilər. Yaxud da əvvəlki yarımçıq təvafı ümumiyyətlə boşlaya və qüsl etdikdən sonra yenidən təvaf etməyə başlaya bilər.
        Məsələ 287. Dəstəmaz almaq və qüsl etməkdə üzrlü olan şəxs dəstəmaz və qüsl əvəzinə təyəmmüm etməlidir.
        Məsələ 288. Əgər bir şəxs müəyyən üzrə görə dəstəmaz ala bilmirsə və ya ona vacib olan qüslü edə bilmirsə, təvafın vaxtı başa çatmamışdan qabaq üzrünün aradan qalxacağını bildiyi (məsələn, xəstəliyinin sağalacağını bildiyi) təqdirdə, o, üzrü aradan qalxanadək gözləməli və üzrü aradan qalxdıqdan sonra dəstəmaz almalı və ya qüsl etməlidir. Amma əgər təvafın vaxtı başa çatmamışdan qabaq üzrünün aradan qalxacağını ümid edərsə, ehtiyata görə, vaxt daralanadək və ya üzrünün aradan qalxacağına ümidini itirənədək gözləməli və bu zaman təyəmmüm edərək təvafı yerinə yetirməlidir.
        Məsələ 289. Vəzifəsi təyəmmüm etmək və ya cəbirə dəstəmazı almaq olan şəxs əgər hökmü bilmədiyinə görə təvafı təharətsiz yerinə yetirsə və təvaf namazını təharətsiz qılsa, imkan daxilində onları özü yenidən yerinə yetirməlidir. İmkan olmadığı təqdirdə isə bunun üçün naib tutmalıdır.
        Məsələ 290. Əgər qadın “mufrədə umrə” üçün ehram bağladıqdan sonra heyz olsa, qüsl etmək və mufrədə umrənin əməllərini yerinə yetirmək üçün heyzdən paklanmağı gözləmək mümkün olmadığı təqdirdə, o, təvaf və təvaf namazı üçün naib tutmalıdır. Amma “səy” və “təqsir”i özü yerinə yetirməlidir. O, bu əməlləri yerinə yetirdikdən sonra ehramdan xaric olur. Əgər qadın heyzli halda “mufrədə umrə” üçün ehram bağlasa, hökm eynidir. Amma əgər qadın heyzli halda “təməttu umrəsi” üçün ehram bağlasa və ya “təməttu umrəsi” üçün ehram bağladıqdan sonra heyz olsa, umrənin təvafını yerinə yetirmək və təvaf namazını qılmaq üçün heyzdən paklanmağı gözləmək mümkün olmadığı təqdirdə, bu qadının hökmü fərqlidir və əvvəldə[1] qeyd olunubdur.
        Məsələ 291. Umrənin əməllərində yalnız təvafı yerinə yetirmək və təvaf namazını qılmaq üçün dəstəmazlı olmaq vacibdir. Umrənin digər əməllərini yerinə yetirmək üçün dəstəmazlı olmaq vacib deyildir, baxmayaraq ki, bütün əməlləri yerinə yetirərkən dəstəmazlı olmaq daha yaxşıdır.
        Məsələ 292. Əgər bir şəxs təharətli olub-olmadığına şəkk etsə, müxtəlif surətlərdə onun vəzifəsi aşağıdakı qaydadadır:
        1- Əgər təvafa başlamamışdan qabaq dəstəmazlı olub-olmadığına şəkk edərsə, dəstəmaz almalıdır.
        2- Əgər əvvəlcədən onun boynunda vacib qüsl olubsa və təvafa başlamamışdan qabaq qüsl edib-etmədiyinə şəkk edərsə, qüsl etməlidir.
        3- Əgər əvvəlcədən dəstəmazı olubsa və dəstəmazının pozulub-pozulmadığına şəkk edərsə, dəstəmaz almaq lazım deyildir.
        4- Əgər əvvəlcədən cənabətdən pak olubsa və cənabətli olub-olmadığına şəkk edərsə, yaxud qadın heyz olub-olmadığına şəkk edərsə, qüsl etmək vacib deyildir.
        5- Əgər bir şəxs təvafı yerinə yetirdikdən sonra, lakin təvaf namazını qılmamışdan qabaq təharətli olub-olmadığına şəkk edərsə, təvaf barəsində o öz şəkkinə etina etməməli, təvaf namazı üçün isə təharət almalıdır.
        6- Əgər bir şəxs təvafı təharətli halda yerinə yetirməyə başlasa, amma təvaf əsnasında dəstəmazının pozulub-pozulmadığına şəkk etsə, o öz şəkkinə etina etməməli və təharətli olduğunu qəbul etməlidir.
        7- Əgər bir şəxs təvaf etdiyi əsnada təvafa başlayarkən dəstəmazlı olub-olmadığına şəkk etsə, təvafdan qabaq dəstəmazlı olduğunu bildiyi təqdirdə, dəstəmazlı olduğunu qəbul etməli və şəkkinə etina etməməlidir. Onun təvafı düzgündür. Amma əgər təvafdan qabaq dəstəmazlı olmayıbdırsa və ya dəstəmazlı olub-olmadığına şəkk edirsə, dəstəmaz alıb təvafı yenidən yerinə yetirməlidir.
        8- Əgər əvvəlcədən onun boynunda vacib qüsl olubsa və təvaf etdiyi əsnada qüsl edib-etmədiyinə şəkk edərsə, dərhal Məscidul-həramdan xaric olmalıdır. Qüsl etdikdən sonra təvafı yenidən yerinə yetirməlidir.
         
        Üçüncü şərt: Bədənin və paltarın pak olması
        Məsələ 293. Təvaf edərkən bədəndə və paltarda qan olmamalıdır. Ehtiyat-vacibə görə, bədən və paltarda digər “nəcasətlər” də olmamalı, bədən və paltar pak olmalıdır. Amma corab, cib dəsmalı, üzük və bu kimi əşyaların pak olması şərt deyildir.
        Məsələ 294. Dirhəm ölçüsündən kiçik olan qan, həmçinin namazın pozulmasına səbəb olmayan kəsik və yara qanı təvafın da düzgünlüyünə xələl gətirmir.
        Məsələ 295. Əgər təvaf etmək istəyən şəxsin bədəni napak olsa və o, bədənini paklamaq üçün təvafı yubada bilsə, təvafı yubadıb bədənini paklamalıdır. Əlbəttə, təvaf üçün vaxt daralmayan müddətədək təvafı yubada bilər.
        Məsələ 296. Əgər təvaf edən şəxs bədəninin və ya paltarının pak olub-olmadığına şəkk edərsə, o, bu bədən və ya paltarla təvaf edə bilər və təvafı düzgündür. Amma əgər o, bədəninin və ya paltarının əvvəlcədən napak olduğunu bilirdisə, amma onu paklayıb-paklamadığına şəkk edirsə, bu bədən və ya paltarla təvaf edə bilməz.
        Məsələ 297. Əgər bir şəxs təvaf etdikdən sonra bədəninin və ya paltarının napak olduğunu başa düşərsə, onun təvafı düzgündür.
        Məsələ 298. Əgər təvaf etdiyi əsnada bir şəxsin bədəni və ya paltarı napak olarsa, məsələn, izdiham nəticəsində ayağı kəsilib qanayarsa, təvafı kəsmədən onu paklaya bilmədiyi təqdirdə, təvafı kəsməli və bədənini və ya paltarını paklamalı, sonra dərhal geri qayıtmalıdır. Muvalat pozulmadığı təqdirdə, təvafı kəsdiyi yerdən təvafı davam etdirməlidir və onun təvafı düzgündür.
        Məsələ 299. Əgər bir şəxs təvaf edərkən bədənində və ya paltarında bir “nəcasət” görsə və onun təvafa başlamamışdan qabaq, yoxsa təvaf əsnasında yarandığını bilməsə, əvvəlki məsələdə qeyd edilən qaydada əməl etməlidir.
        Məsələ 300. Əgər bir şəxs təvaf edərkən bədəninin və ya paltarının napak olduğunu başa düşsə və onun təvafa başlamamışdan qabaq napak olduğunu yəqin bilsə, əvvəlki məsələdə (məsələ 298) qeyd edilən qaydada əməl etməlidir.
        Məsələ 301. Əgər bir şəxs bədəninin və ya paltarının napaklığını unutsa və təvaf əsnasında bunu xatırlasa, əvvəlki məsələdə (məsələ 298) qeyd edilən qaydada əməl etməlidir.
        Məsələ 302. Əgər bir şəxs bədəninin və ya paltarının napaklığını unutsa və bu vəziyyətdə təvaf etsə, təvaf etdikdən sonra bunu xatırlasa, onun təvafı düzgündür. Amma əgər təvaf namazını həmin napak bədən və ya paltarla qılıbdırsa, bədənini və ya paltarını pakladıqdan sonra namazı yenidən qılmalıdır. Bədənini və ya paltarını pakladıqdan sonra təvafı yenidən yerinə yetirməsi də ehtiyat-müstəhəbə müvafiqdir.
         
        Dödüncü şərt: Sünnət
        Məsələ 303. Sünnət edilmiş olmaq kişilərin təvafının düzgünlüyünün şərtidir. Bu şərt qadınlara aid deyildir. Deməli, sünnət olunmayan kişinin – istər həddi-büluğa çatmış olsun, istərsə də həddi-büluğa çatmamış olsun – təvafı düzgün deyildir.
         
        Beşinci şərt: Övrətin örtülü olması
        Məsələ 304. Ehtiyat-vacibə görə, təvafda övrətin örtülü olması şərtdir.
        Məsələ 305. Əgər qadın təvaf edərkən saçlarının bir hissəsini və ya bədəninin örtməli olduğu bir yerini örtməzsə, onun təvafı düzgündür, baxmayaraq ki, o, günah etmişdir.
         
        Altıncı şərt: Təvaf paltarının qəsbi olmaması
        Məsələ 306. Təvafın düzgün olmasının şərtlərindən biri təvaf paltarının qəsbi olmamasıdır. Deməli, əgər bir şəxs qəsbi paltarla təvaf edərsə, ehtiyat-vacibə görə, onun təvafı düzgün deyildir.
         
        Yeddinci şərt: Muvalat
        Məsələ 307. Ehtiyat-vacibə görə, təvafın hissələri arasında “ürfi muvalat” mövcud olmalıdır. Yəni təvafın dövrələri arasında o qədər fasilə olmamalıdır ki, onu vahid bir təvaf surətindən xaric etsin. Əlbəttə, əgər təvafın yarısı (üç dövrə yarım) yerinə yetirildikdən sonra namaz qılmaq və ya bu kimi işlər üçün təvaf yarıda kəsilərsə, bunun maneəsi yoxdur.
        Məsələ 308. Əgər bir şəxs təvafın yarısını yerinə yetirdikdən sonra vacib namazı qılmaqdan ötrü vacib təvafı kəsərsə, namazı qıldıqdan sonra təvafın davamını yerinə yetirməli və yeddi dövrəni tamamlamalıdır. Amma əgər təvafın yarısını yerinə yetirməmişdən qabaq belə edərsə, arada böyük fasilə yarandığı təqdirdə, ehtiyata görə, təvafı əvvəldən başlamalıdır. Yox əgər arada böyük fasilə yaranmazsa, ehtiyata riayət etməyin vacib olmaması uzaq ehtimal deyildir, baxmayaraq ki, hər halda ehtiyata riayət etmək bəyənilir. Bu məsələdə namazı camaatla, yoxsa fərdi qılmaq baxımından, habelə namaz vaxtının dar olub-olmaması baxımından fərq yoxdur.
        Məsələ 309. Müstəhəb təvafı, hətta vacib təvafı kəsməyə icazə verilir. Amma vacib təvafı “ürfi muvalat” pozulacaq ölçüdə kəsməmək ehtiyata müvafiqdir.
         

        [1] Məsələ 21
      • Təvafın vacib əməlləri
      • Təvaf namazı
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /