Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- MÜQƏDDİMƏ
- BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
- İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
- BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
- İKİNCİ FƏSİL: EHRAM
- 1- Ehramın vacib əməlləri
- 1. Niyyət
1. Niyyət
Məsələ 126. Niyyətin qaydası və şərtləri aşağıdakı şəkildədir:
a) Həcc və ya umrənin əməllərini yerinə yetirmək niyyətində olmaq.
Beləliklə, təməttu umrəsi üçün ehram bağlamaq istəyən şəxs ehram bağladığı zaman onu yerinə yetirmək niyyətində olmalıdır.
b) Mütəal Allaha xalisanə itaət etmək niyyətində olmaq.
Çünki umrə və həcc, onların bütün əməlləri və ayinləri ibadətdir və Mütəal Allaha yaxınlaşmaq niyyətilə yerinə yetirilməlidir.
c) Ehram bağlamaq istəyən şəxs ehram bağlayarkən öz niyyətini müəyyən etməlidir, yəni həcc, yoxsa umrə yerinə yetirmək istədiyini müəyyən etməlidir. Həmçinin təməttu həcci, yoxsa ifrad və ya qiran həcci olduğunu, yaxud həcci özü üçün, yoxsa başqasının naibi olaraq yerinə yetirdiyini, yaxud da həccətul-islam, yoxsa nəzir və ya müstəhəb həcc olduğunu müəyyən etməlidir.
Məsələ 127. Niyyətdə umrə və ya həccin əməllərini və ayinlərini təfsilatilə zehndən keçirmək lazım deyildir. Əksinə, ümumi şəkildə zehndən keçirmək kifayət edir. Belə ki, ümumi şəkildə həcc və ya umrənin vacib əməllərini yerinə yetirmək niyyətində olmaq, sonra onları tədricən yerinə yetirmək kifayət edir.
Məsələ 128. Ehram bağlayan şəxsin “muhrim şəxs”ə (ehramda olan insana) haram edilən işləri tərk etmək niyyətində olması vacib deyildir. Əksinə, bu haramlardan bəzilərini yerinə yetirmək niyyətində olmaq ehramın düzgünlüyünə xələl gətirmir. Amma əgər o, umrəni və ya həcci pozan əməlləri, məsələn, bəzi hallarda qadınla cinsi əlaqədə olmaq kimi bir haramı (bu məsələ irəlidə izah olunacaqdır) yerinə yetirmək niyyətində olsa, bu halda niyyət düzgün deyildir. Çünki bu əməlləri yerinə yetirmək həcc əməllərini yerinə yetirmək niyyətilə bir yerə cəm olmur, əksinə, ehram niyyəti ilə ziddiyyət təşkil edir.
Məsələ 129. Əgər bir şəxs məsələni bilmədiyinə görə və ya diqqətsizlik üzündən umrə niyyəti əvəzinə həcc niyyəti etsə, onun ehramı düzgündür. Məsələn, əgər təməttu umrəsinin ehramının niyyətində: “Təməttu həcci üçün ehram bağlayıram, qurbətən iləllah” – desə, amma başqalarının yerinə yetirdikləri əməlləri yerinə yetirmək niyyətində olsa və bu əməllərin həcc əməlləri olduğunu düşünsə, onun ehramı düzgündür.
Məsələ 130. Niyyəti dilə gətirmək və ya zehndən keçirmək şərt deyildir. Əksinə, əməli yerinə yetirmək niyyətində olmaq kifayət edir.
Məsələ 131. Niyyət ehram bağlamaqla birgə olmalıdır. Deməli, əvvəlki niyyət kifayət etmir. Amma əgər əvvəlki niyyət ehram bağlanılan anadək davam edərsə, kifayət edir.
- 2. “Ləbbeyk” demək
2. “Ləbbeyk” demək
Məsələ 132. Ehramda “təlbiyə”, eynilə namazda “təkbirətul-ehram” kimidir. İnsan təlbiyəni dediyi zaman ehrama daxil olur və təməttu umrəsinin əməllərini yerinə yetirməyə başlayır. Əslində, təlbiyə insanları həccə dəvət edən mehriban Rəbbin dəvətini qəbul etmək deməkdir. Odur ki, təlbiyənin zikrini tam xüzu və xüşu ilə demək tövsiyə olunur.
Məsələ 133. Təlbiyə, əsəhhə əsasən, aşağıdakı cümlələrdən ibarətdir:
لَبَّیْکَ اللَّهُمَّ لَبَّیْکَ، لَبَّیْکَ لَا شَرِیکَ لَکَ لَبَّیْکَ.
[Ləbbəykə Əllãhummə ləbbəykə, ləbbəykə lə̃ şəri͠kə ləkə ləbbəykə.]
Əgər bir şəxs bu cümlələri desə, onun ehramı düzgündür. Amma bu dörd ləbbeykdən sonra aşağıdakı cümlələri demək ehtiyat-müstəhəbə müvafiqdir:
إِنَّ الْحَمْدَ وَ النِّعْمَةَ لَکَ وَ الْمُلْکَ، لَا شَرِیکَ لَکَ لَبَّیْکَ.
[İnnəl-həmdə vən-ni`mətə ləkə vəl-mulkə, lə̃ şəri͠kə ləkə ləbbəykə.]
Əgər bir şəxs daha çox ehtiyata riayət etmək istəsə, qeyd edilən cümlələrdən sonra bunu da desin:
لَبَّیْکَ اللَّهُمَّ لَبَّیْکَ، إِنَّ الْحَمْدَ وَ النِّعْمَةَ لَکَ وَ الْمُلْکَ، لَا شَرِیکَ لَکَ لَبَّیْکَ.
[Ləbbəykə Əllãhummə ləbbəykə. İnnəl-həmdə vən-ni`mətə ləkə vəl-mulkə, lə̃ şəri͠kə ləkə ləbbəykə.]
Mötəbər hədislərdə buyurulan aşağıdakı cümlələri isə demək müstəhəbdir:
لَبَّیْکَ ذَا الْمَعَارِجِ لَبَّیْکَ، لَبَّیْکَ دَاعِیًا إِلَیٰ دَارِ السَّلَامِ لَبَّیْکَ، لَبَّیْکَ غَفَّارَ الذُّنُوبِ لَبَّیْکَ، لَبَّیْکَ أَهْلَ التَّلْبِیَةِ لَبَّیْکَ، لَبَّیْکَ ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ لَبَّیْکَ، لَبَّیْکَ تُبْدِئُ وَ الْمَعَادُ إِلَیْکَ لَبَّیْکَ، لَبَّیْکَ تَسْتَغْنِی وَ یُفْتَقَرُ إِلَیْکَ لَبَّیْکَ، لَبَّیْکَ مَرْهُوبًا وَ مَرْغُوبًا إِلَیْکَ لَبَّیْکَ، لَبَّیْکَ إِلٰهَ الْحَقِّ لَبَّیْکَ، لَبَّیْکَ ذَا النِّعْمَاءِ وَ الْفَضْلِ الْحَسَنِ الْجَمِیلِ لَبَّیْکَ، لَبَّیْکَ کَشَّافَ الْکُرَبِ الْعِظَامِ لَبَّیْکَ، لَبَّیْکَ عَبْدُکَ وَ ابْنُ عَبْدَیْکَ لَبَّیْکَ، لَبَّیْکَ یَا کَرِیمُ لَبَّیْکَ.
[Ləbbəykə zəl-məãrici ləbbəykə. Ləbbəykə dãiyən ilã dãris-səlãmi ləbbəykə. Ləbbəykə ğəffãrəz-zunũbi ləbbəykə. Ləbbəykə əhlət-təlbiyəti ləbbəykə. Ləbbəykə zəl-cəlãli vəl-ikrãmi ləbbəykə. Ləbbəykə tubdiu vəl-məãdu iləykə ləbbəykə. Ləbbəykə təstəğni və yuftəqəru iləykə ləbbəykə. Ləbbəykə mərhubən və mərğubən iləykə ləbbəykə. Ləbbəykə ilãhəl-həqqi ləbbəykə. Ləbbəykə zən-ni`mãi vəl-fəzlil-həsənil-cəmi͠li ləbbəykə. Ləbbəykə kəşşãfəl-kurəbil-izãmi ləbbəykə. Ləbbəykə əbdukə vəbnu-əbdəykə ləbbəykə. Ləbbəykə yã Kəri͠mu ləbbəykə.]
Məsələ 134. Təlbiyəni bir dəfə demək vacibdir, başqa sözlə, bir dəfə demək vacib miqdardır. Amma təlbiyəni bacardığın qədər təkrar etmək müstəhəbdir.
Məsələ 135. Təlbiyənin vacib miqdarını düzgün və səhvsiz tələffüz etmək vacibdir. Əgər bir şəxs təlbiyəni düzgün şəkildə öyrənə bilməsinə rəğmən, yaxud da təlbiyəni demək istədiyi zaman başqa bir şəxsin ona təlqin edə bilməsinə rəğmən təlbiyəni səhv desə, bu təlbiyə kifayət etmir. Amma əgər bir şəxs təlbiyəni öyrənə bilmirsə, hətta vaxtın darlığına görə onu öyrənə bilmirsə, yaxud da başqa bir şəxsin təlqin etməsilə belə təlbiyəni düzgün tələffüz edə bilmirsə, o, təlbiyəni bacardığı şəkildə desin. Bu halda ehtiyat odur ki, təlbiyəni özü deməklə yanaşı, bu iş üçün naib də tutsun.
Məsələ 136. Əgər bir şəxs təlbiyəni bilərəkdən deməsə, miqatda ehram bağlamağı bilərəkdən tərk edən şəxs hökmündədir.
Məsələ 137. Əgər bir şəxs təlbiyəni bilərəkdən düzgün şəkildə deməsə və heç bir üzrü də olmasa, təlbiyəni bilərəkdən tərk edən şəxs hökmündədir.
Məsələ 138. Təməttu umrəsi üçün ehram bağlayan şəxs Məkkə şəhərinin evlərini, hətta şəhərin ətrafında yeni tikilən və hal-hazırda Məkkə şəhərinin ərazisindən sayılan evləri müşahidə etdikdə, təlbiyə deməyi dayandırmalıdır. Həcc üçün ehram bağlayan şəxs isə Ərəfə günü zöhr vaxtından etibarən təlbiyə deməyi dayandırmalıdır.
Məsələ 139. Təməttu həcci, təməttu umrəsi, ifrad həcci və mufrədə umrədə ehram bağlamaq yalnız “ləbbeyk” deməklə gerçəkləşir. Amma qiran həccində ehram bağlamaq həm “ləbbeyk” deməklə, həm də “iş`ar” və “təqlid” ilə gerçəkləşir. “İş`ar” dəvəyə aiddir, amma “təqlid” bütün növ qurbanlıqlara aiddir.
Məsələ 140. “İş`ar” dəvənin hörgüclərini çərtib qana bulaşdırmaqdan ibarətdir, belə ki, həmin dəvənin qurbanlıq olduğu bilinsin. “Təqlid” isə odur ki, həcc yerinə yetirən şəxs tərliyə bənzər ayaqqabını və ya bir ipi heyvanın boynundan asır və bununla həmin heyvanın qurbanlıq olduğunu bildirir.
- 3. Ehramın iki hissədən ibarət paltarını geyinmək
3. Ehramın iki hissədən ibarət paltarını geyinmək
Məsələ 141. Ehramın iki hissədən ibarət paltarının biri “fitə”dir və beldən bağlanmalıdır. Digəri isə “əba”dır və çiyinlərdən atılmalıdır. Ehram bağlayan şəxsə haram olan bütün paltarlar çıxarıldıqdan sonra bu paltarı geyinmək lazımdır.
Məsələ 142. Ehtiyat-vacibə görə, sözügedən bu paltarı ehram niyyəti etməmişdən və təlbiyəni deməmişdən qabaq geyinmək lazımdır.
Məsələ 143. Fitənin göbəkdən dizlərədək olan hissəni örtməsi vacib deyildir. Əksinə, onun fitə adlanması və normal şəkildə olması kifayət edir.
Məsələ 144. Fitəni boyundan düyünləmək olmaz. Amma fitəni sancaq və ya bu kimi bir vasitə ilə bağlamağın, yaxud onun bir tərəfi ilə digər tərəfini düyünləyərək bağlamağın maneəsi yoxdur, bu şərtlə ki, “fitə” adı qorunub saxlanmalıdır. Həmçinin əbanın bir tərəfi ilə digər tərəfini düyünləyərək bağlamağın, yaxud sancaq və bu kimi bir vasitə ilə bağlamağın, yaxud xırda daş vasitəsilə düyünləyib bağlamağın, yaxud da adi bir şəkildə iplə bağlamağın maneəsi yoxdur, bu şərtlə ki, “əba” adı qorunub saxlanmalıdır.
Məsələ 145. Ehtiyat-vacibə görə, ehram paltarını geyinərkən “Allaha yaxınlaşmaq” niyyəti etmək lazımdır.
Məsələ 146. Ehram paltarı “namaz paltarı”nın şərtlərinə malik olmalıdır. Deməli, ipək parçadan olan, yaxud əti haram olan heyvanın və ya şəri kəsim olmayan heyvanın hissələrindən olan, yaxud da napaklığı namazda güzəşt edilməyən paltar ilə ehram bağlamaq kifayət etmir.
Məsələ 147. Fitə nazik və bədəni göstərən parçadan olmamalıdır. Amma əbanın nazik və bədəni göstərən parçadan olmasının iradı yoxdur, bu şərtlə ki, əba adlanmalıdır.
Məsələ 148. Ehramın iki hissədən ibarət paltarını geyinmək kişilərə vacibdir. Qadınlar isə əyinlərində olan istənilən paltar ilə – istər həmin paltar tikişli olsun, istərsə də tikişli olmasın – ehram bağlaya bilərlər. Amma namaz paltarının şərtlərinə riayət olunmalıdır.
Məsələ 149. Qadının ehram paltarı xalis ipəkdən olmamalıdır.
Məsələ 150. Ehram paltarının pambıq, yun və bu kimi materiallardan toxunan parça olması vacib deyildir. Əgər ehram paltarı dəridən, neylondan və polimerdən olsa və “paltar” adlansa, habelə onu geyinmək adi hesab olunsa, kifayət edir. Həmçinin əgər nimdaş olsa da, “paltar” adlansa və onu geyinmək adi hesab olunsa, onu geyinməyin maneəsi yoxdur.
Məsələ 151. Əgər bir şəxs ehram bağlayarkən bilərəkdən əynində olan tikişli paltarı çıxarmasa, onun ehramının düzgünlüyü iradsız deyildir. Ehtiyat-vacibə görə, tikişli paltarı çıxardıqdan sonra niyyəti və təlbiyəni yenidən yerinə yetirməlidir.
Məsələ 152. Əgər ehramda olan şəxs soyuq hava şəraiti ilə əlaqədar olaraq və ya bu kimi səbəblərə görə tikişli paltar geyinmək məcburiyyətində qalsa, o, köynək kimi adi geyimlərdən istifadə edə bilər. Amma həmin geyimi əyninə geyinməməlidir, əksinə, onun yuxarı tərəfini aşağıya çevirərək və ya astarını üzünə çevirərək üstünə atmalıdır.
Məsələ 153. Ehramda olan şəxs hamamlanmaq, qüsl etmək və ya ehram paltarını başqa bir paltarla dəyişmək məqsədilə ehram paltarını əynindən çıxara bilər.
Məsələ 154. Ehramda olan şəxs soyuqdan qorunmaq və ya bu kimi səbəblərə görə ikidən çox paltar geyinə bilər, yəni çiyinlərinə iki və ya daha çox paltar ata bilər, yaxud belinə bağlaya bilər.
Məsələ 155. Əgər ehram paltarı napak olsa, ehtiyat-vacibə görə, onu paklamaq və ya dəyişmək lazımdır.
Məsələ 156. Dəstəmazlı və ya qüsllü olmaq ehramın düzgün olmasının şərti deyildir. Odur ki, insan cənabətli və ya heyzli halda ehram bağlaya bilər. Əlbəttə, ehram bağlamamışdan qabaq qüsl etmək təkid olunan müstəhəb əməldir. Bu müstəhəb qüsl “ehram qüslü” adlanır. Ehtiyata görə, bu qüsl tərk edilməsin.
-
- 2- Ehramın müstəhəb əməlləri
2- Ehramın müstəhəb əməlləri
Məsələ 157. Ehram bağlamamışdan qabaq bədənin pak olması, bədənin artıq tüklərinin təmizlənməsi və dırnaqların tutulması müstəhəbdir. Dişləri fırçalamaq da müstəhəbdir.
Həmçinin ehram bağlamamışdan qabaq “miqat”da və ya “miqat”a çatmamışdan qabaq (məsələn, Mədinədə) qüsl etmək müstəhəbdir. Qeyd olunduğu kimi, bu qüslü tərk etməmək ehtiyata müvafiqdir.[1]
Zöhr namazını və ya hər hansı bir vacib namazı qıldıqdan sonra, yaxud da iki rəkət müstəhəb namaz qılıb, ehram bağlamaq müstəhəbdir. Bəzi hədislərdə qeyd olunub ki, (ehram bağlamamışdan qabaq) altı rəkət müstəhəb namaz qılınır və bu namazın böyük fəziləti vardır.
Həmçinin həcc yerinə yetirmək istəyən şəxs üçün zil-qədə ayının əvvəlindən saç və saqqalını qısaltmamaq müstəhəbdir.
- 3- Ehramın məkruh əməlləri
3- Ehramın məkruh əməlləri
Məsələ 158. Ehram paltarının qara rəngli, çirkli və zolaqlı olması məkruhdur. Ehram paltarının ağ rəngli olması daha yaxşıdır.
Ehram halında sarı rəngli balışda və ya yataqda yatmaq məkruhdur.
Əgər ehram bağlayanadək xınanın rəngi qalacaqdırsa, ehram bağlamamışdan qabaq xınadan istifadə etmək məkruhdur.
Ehram halında olan şəxsin onu səsləyən şəxsin cavabında “ləbbeyk” ifadəsini deməsi məkruhdur.
Ehram halında hamama getmək, bədəni kisələmək və bu kimi işləri görmək məkruhdur.
- 4- Ehramın haram əməlləri
-
- ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
- DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
- BEŞİNCİ FƏSİL: TƏQSİR
BEŞİNCİ FƏSİL: TƏQSİR
Məsələ 362. Umrənin beşinci vacib əməli təqsirdir.
Məsələ 363. Səyi yerinə yetirdikdən sonra “təqsir etmək” vacibdir. Yəni saçların, saqqalın və ya bığın tükündən bir qədər qısaltmaq, yaxud da əl və ya ayaq dırnaqlarından bir qədər qısaltmaq lazımdır.
Məsələ 364. Umrənin başqa əməlləri kimi, təqsir etmək də ibadətdir və bunun üçün ehramın niyyətində qeyd edildiyi qaydada niyyət etmək lazımdır.
Məsələ 365. Təməttu umrəsinin ehramından xaric olmaq üçün “həlq etmək” (yəni başı qırxdırmaq) kifayət etmir. Təməttu umrəsinin ehramından xaric olmaq üçün hökmən təqsir etmək lazımdır. Əgər bir şəxs təqsir etməmişdən qabaq bilərəkdən və məsələni bildiyi halda başını qırxdırarsa, ehramdan xaric olmaq üçün bu əməlin kifayət etməməsindən əlavə, bir qoyun da kəffarə verməlidir. Amma mufrədə umrə üçün ehram bağlayan şəxs təqsir və həlq arasında seçim edib, onlardan birini yerinə yetirə bilər.
Məsələ 366. Təməttu umrəsinin ehramından xaric olmaq üçün tükü qoparmaq kifayət etmir. Əksinə, deyilən qaydada təqsir etmək lazımdır. Əgər bir şəxs təqsir etmək əvəzinə bilərəkdən və məsələni bildiyi halda öz tükünü qopararsa, ehramdan xaric olmaq üçün bu əməlin kifayət etməməsindən əlavə, tükü qoparmağın kəffarəsini də verməlidir.
Məsələ 367. Əgər bir şəxs məsələni bilmədiyinə görə təqsir etmək əvəzinə öz tükünü qoparsa, daha sonra həcci yerinə yetirsə, onun umrəsi düzgün deyildir. Yerinə yetirdiyi həcc isə “ifrad həcci” olacaqdır. Bu halda əgər onun boynunda vacib həcc var idisə, ehtiyat-vacibə görə, həcc əməllərini yerinə yetirdikdən sonra mufrədə umrə yerinə yetirməli və sonrakı ildə təməttu umrəsi və həccini yenidən yerinə yetirməlidir.
Məsələni bilmədiyinə görə təqsir əvəzinə həlq edən, sonra həcci yerinə yetirən şəxsin hökmü də belədir.
Məsələ 368. Səyi yerinə yetirdikdən sonra dərhal təqsir etmək vacib deyildir.
Məsələ 369. Əgər bir şəxs bilərəkdən və ya məsələni bilmədiyinə görə təqsir etməsə və təqsir etmədən həcc üçün ehram bağlasa, əqvaya görə, onun umrəsi düzgün deyildir və onun həcci “ifrad həcci”nə çevrilir. Ehtiyat-vacibə görə, həcci yerinə yetirdikdən sonra “mufrədə umrə” yerinə yetirməlidir. Əgər onun həcci vacib həcc idisə, sonrakı ildə umrə və həcci yerinə yetirməlidir.
Məsələ 370. Əgər bir şəxs səhvən təqsir etməsə və həcc üçün ehram bağlasa, onun ehramı düzgündür, həmçinin umrəsi və həcci də düzgündür. Ona kəffarə vacib olmur, amma bir qoyun kəffarə verməsi müstəhəbdir. Hətta kəffarəni tərk etməməsi ehtiyata müvafiqdir.
Məsələ 371. Təqsir etdikdən və təməttu umrəsinin ehramından xaric olduqdan sonra ehramda olan şəxsə haram olan bütün işlər, hətta qadın da insana halal olur.
Məsələ 372. Təməttu umrəsində “nisa təvafı” vacib deyildir, baxmayaraq ki, təqsirdən qabaq savab ümidilə nisa təvafını yerinə yetirmək və təvaf namazını qılmaq ehtiyata müvafiqdir. Amma əgər bir şəxs mufrədə umrə niyyətilə ehram bağlayıbsa, təqsir və ya həlq etdikdən sonra qadın o halda ona halal olur ki, nisa təvafını yerinə yetirsin və təvaf namazını qılsın. Bu təvafın və təvaf namazının qaydası bir qədər əvvəldə açıqlanan umrə təvafı və təvaf namazı kimidir.
Məsələ 373. Zahirə əsasən, hər mufrədə umrə və hər həcc üçün ayrıca olaraq bir nisa təvafı yerinə yetirmək lazımdır. Məsələn, əgər bir şəxs iki mufrədə umrə və ya bir həcc və bir mufrədə umrə yerinə yetirirsə, qadının ona halal olması üçün bir nisa təvafının kifayət etməsi uzaq ehtimal olmasa da, amma əməllərin başa çatması üçün hər iki umrə və ya bir həcc və bir umrə üçün ayrıca olaraq bir nisa təvafı yerinə yetirməlidir.
-
- ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
- HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB