Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
    Çap versiyası  ;  PDF
     
    Şəriklik

     

    Sual 1692: Mən bir şirkət sahibi ilə şirkətin sərmayəsində şərik oldum. Belə ki, o, sərmayəni işlətməkdə mənim tərəfimdən vəkil idi və hər ay səhmlərin gəlirindən beş min tümən mənə verməli idi. Bir il ötdükdən sonra həmin əmlakın və onun gəlirinin əvəzində ondan bir torpaq sahəsi aldım. Bu torpaq sahəsinin hökmü nədir?
    Cavab: Sualda qeyd olunanlara əsasən, şirkətin sərmayəsində şərik olduğunuza və şirkət sahibinin də bu sərmayədən istifadə etmək icazəsi olduğuna görə şəri baxımdan halal olan yolla gəlir əldə edildiyi təqdirdə onu almağın maneəsi yoxdur.

     

    Sual 1693: Bir neçə şəxs bir şeyi şərikli şəkildə almışlar, bu şərtlə ki, öz aralarında püşk atacaqlar və püşkdə kimin adı çıxarsa bu şey onun olacaqdır. Bu işin hökmü nədir?
    Cavab: Əgər püşk atmaqda onların məqsədi bu olsa ki, şərikli malda olan paylarını püşkdə adı çıxan şəxsə razılıqla hədiyyə edəcəkdirlər, bu işin maneəsi yoxdur. Amma əgər onların məqsədi bu olsa ki, şərikli mal püşk vasitəsilə püşkdə adı çıxan şəxsin əmlakı olacaqdır, bu iş şəri baxımdan düzgün deyildir. Həmçinin əgər onların əsas məqsədi udub-uduzmaq olarsa, bu da düzgün deyildir.

     

    Sual 1694: İki şəxs bir torpaq sahəsi almış və iyirmi ildir bu torpaq sahəsində şərikli şəkildə əkinçiliklə məşğuldurlar. Hal-hazırda onlardan biri öz payını başqasına satmaq istəyir. Onun belə bir haqqı vardırmı, yoxsa yalnız şərikinin onu almaq haqqı vardır? Əgər bu şəxs öz payını digər şərikinə satmaq istəmirsə, şərikinin etiraz etməyə haqqı vardırmı?
    Cavab: Bir şərikin digər şəriki öz payını ona satmağa məcbur etməyə haqqı yoxdur. Əgər şəriki öz payını başqasına satarsa, etiraz etmək haqqı da yoxdur. Amma alğı-satqı baş tutduqdan sonra əgər bu xüsusda “şuf`ə haqqı”nın bütün şərtləri mövcud olarsa, “şuf`ə haqqı”ndan istifadə edə bilər.

     

    Sual 1695: İstehsal və ya ticarət şirkətlərinin, yaxud bankların satışa çıxardıqları səhmləri almağın və satmağın hökmü nədir? Belə ki, bir şəxs bu səhmlərdən birini alır və birja bazarında satışa çıxarır, nəticədə, onun qiyməti alış qiymətindən yuxarı və ya aşağı olur. Bildiyimiz kimi, sərmayə deyil, səhmin özü alğı-satqıya çıxarılır. Həmçinin əgər sözügedən şirkətlərin sələmli fəaliyyətləri olarsa, yaxud bu barədə tərəddüdümüz olarsa, məsələnin hökmü nədir?
    Cavab: Əgər fabrik, zavod, şirkət və bankın səhmlərinin əmlak dəyəri bu səhmlərin özünün etibarlılığı nəticəsində olarsa və səlahiyyətli bir şəxs tərəfindən onlara etibarlılıq verilərsə, onları almağın və satmağın maneəsi yoxdur. Həmçinin əgər fabrik, zavod, şirkət və bankın səhmlərinin əmlak dəyəri onların öz qiymətinə əsasən və ya onların sərmayəsinə əsasən olarsa – nəzərə alsaq ki, hər bir səhm bu qiymətin və ya sərmayənin bir hissəsi deməkdir – səhmlərin alğı-satqısının maneəsi yoxdur. Bu şərtlə ki, hər səhmin qiyməti məlum olmalıdır, həmçinin şirkətin fəaliyyəti, fabrik, zavod və ya bankın gördüyü iş şəri baxımdan halal olmalıdır.

     

    Sual 1696: Biz üç nəfər toyuqların kəsilməsi sexində və bu sexə aid olan mülkdə şərikik. Anlaşmadığımıza görə şərikliyə son qoymaq və ayrılmaq qərarına gəldik. Buna görə də, sexi və ona aid olan mülkü şəriklər arasında hərraca çıxardıq və bizlərdən biri hərracı qazandı. Amma o vaxtdan indiyədək bizə bir pul verməmişdir. Bu sövdələşmə etibardan düşürmü?
    Cavab: Hərracın elan edilməsi və şəriklərdən birinin və ya başqa bir şəxsin daha çox qiymət təklif etməsi, sövdələşmənin gerçəkləşməsi və mülkiyyətin həmin şəxsə keçməsi üçün yetərli deyildir. Səhmlərin sövdələşməsi şəri baxımdan düzgün şəkildə gerçəkləşməyənə qədər şəriklik öz yerində qalır. Amma əgər sövdələşmə düzgün şəkildə baş tutarsa, alıcının pulu ödəməsini gecikdirməsi sövdələşmənin pozulmasına səbəb olmur.

     

    Sual 1697: Biz bir şirkət yaradıb onu rəsmi qeydiyyatdan keçirdikdən sonra mən digər şəriklərin razılığı ilə öz hissəmi başqa bir şəxsə satdım. Bu şəxs də pulu bir neçə pul çeki şəklində ödədi. Amma bu şəxsin bank hesabında kifayət qədər vəsait olmadığına görə mən ona müraciət etdim, o da pul çeklərini məndən geri alıb mənim şirkətdən olan hissəmi özümə qaytardı. Amma sözügedən hissənin rəsmi sənədi onun adında qaldı. Sonra mənə məlum oldu ki, bu şəxs sözügedən hissəni başqa bir şəxsə satmışdır. Onun bu sövdələşməsi düzgündürmü? Yoxsa mənim öz hissəmi tələb etməyə haqqım vardır?
    Cavab: Əgər o, sizinlə olan sövdələşməni pozduqdan sonra həmin hissəni başqasına satmışdırsa, bu sövdələşmə füzulidir və (onun düzgünlüyü) sizin icazənizə bağlıdır. Amma əgər sizinlə olan sövdələşməni pozmamışdan qabaq həmin hissəni üçüncü bir şəxsə satmışdırsa, sövdələşmə düzgündür.

     

    Sual 1698: Bir ev iki qardaşa atadan irs çatmışdır. Qardaşlardan biri evi bölüb və ya evdən olan payını satıb öz qardaşından ayrılmaq istəyir. Amma qardaşı onun bütün təkliflərini rədd edir, belə ki, nə evin bölünməsinə razıdır, nə qardaşının payını almağa və ya öz payını ona satmağa razıdır. Nəticədə, bu qardaş işi məhkəməyə verir və məhkəmə də bu işə baxılması üçün ev barəsində məhkəmə mütəxəssisinin araşdırma aparmasını tələb edir. Məhkəmə mütəxəssisi də bildirir ki, ev bölünməyə qabil deyildir və şərikliyə son qoymaq üçün onlardan biri öz payını başqa bir şəxsə satmalıdır, yaxud ev bütünlüklə üçüncü bir şəxsə satılmalı və evin pulu bu iki şərikə verilməlidir. Bu sövdələşmə düzgündürmü və qardaşlardan hər biri öz payını evin pulundan götürə bilərlərmi?
    Cavab: Maneəsi yoxdur.

     

    Sual 1699: Şəriklərdən biri bir mülkü şirkətin pulu ilə almış və onu öz həyat yoldaşının adına rəsmi qeydiyyata salmışdır. Bu alış bütün şəriklərə aiddirmi və mülk bütün şəriklərin əmlakı hesab olunurmu? Sözügedən mülkü bütün şəriklərin adına rəsmi qeydiyyata salmaq - hətta əgər əri bu işi görməsinə icazə verməsə belə - bu şəxsin həyat yoldaşına şəri baxımdan vacibdirmi?
    Cavab: Əgər bu şəxs sözügedən mülkü “boynuna götürdüyü ümumi bir qiymətə” özü və ya həyat yoldaşı üçün alarsa, sonra mülkün pulunu şirkətin əmlakından verərsə, bu mülk ona və ya onun həyat yoldaşına aiddir. Amma digər şəriklərin əmlakı miqdarında onlara borcludur. Yox əgər sözügedən mülkü şirkətin əmlakı ilə alarsa, şəriklərin payı nisbətində sövdələşmə füzulidir və (sövdələşmənin düzgünlüyü) onların icazəsinə bağlıdır.

     

    Sual 1700: Varislərdən bəziləri və ya onların vəkili digər varislərin razılığı olmadan müşa şəklində olan şərikli mülkdən istifadə edə və ya onu alıb-sata bilərlərmi?
    Cavab: Heç bir şərik digər şəriklərin icazəsi və razılığı olmadan müştərək mülkdən istifadə edə bilməz. Həmçinin heç bir şərikin digər şəriklərin icazəsi və razılğı olmadan müştərək mülkü alıb-satması düzgün deyildir.

     

    Sual 1701: Əgər şəriklərdən bəziləri müşa şəklində olan şərikli mülkü satarlarsa, yaxud başqa bir şəxs müşa şəklində olan şərikli mülkü satarsa və şəriklərdən bəziləri bu satışa icazə verərlərsə, digər şəriklərin icazəsi olmadan bu sövdələşmə onların hamısı tərəfindən düzgün sayılırmı? Yoxsa onların tərəfindən sövdələşmənin düzgün sayılması onların hamısının razılığına bağlıdır? Əgər şəriklərin hamısının razılığı şərtdirsə, şərikliyin bir ticarət şirkətində və ya bir sosial şirkətdə olması arasında fərq vardırmı? Bu mənada ki, ikincisində şəriklərin hamısının razılığı şərt hesab olunsun, amma birincisində şərt hesab olunmasın?
    Cavab: Sövdələşmə yalnız öz hissəsini satan şəxsin hissəsi nisbətində düzgündür. Sövdələşmənin hər bir şərikin hissəsində düzgün olması onların razılığına bağlıdır. Bu baxımdan şirkətin hansı qisimdən olmasının bir fərqi yoxdur.

     

    Sual 1702: Bir şəxs bankdan müəyyən məbləğdə pul borc götürmüşdür, bu əsasla ki, evin tikintisində bank onunla şərik olacaqdır. Ev tikilib qurtardıqdan sonra evi bankda təbii fəlakətlər qarşısında sığortalamışdır. Hal-hazırda yağış sularının və ya çirkab sular quyusunun evin divarlarına nüfuz etməsi nəticəsində evin bir hissəsi xarab olmuşdur və onun təmiri üçün müəyyən məbləğ pul xərclənməlidir. Amma bank bu zəmində heç bir məsuliyyəti qəbul etmir, sığorta şirkəti də bu ziyanın ödənilməsini müqavilə çərçivəsindən xaric hesab edir. Bu zəmində kim məsuliyyət daşıyır və dəyən ziyana kim zamindir?
    Cavab: Sığorta şirkəti sığorta müqaviləsinin qaydalarından xaric ziyanlara zamin deyildir. Evin təmiri və başqasının zamin olmadığı ziyanların ödənilməsi evin sahibinin öhdəsindədir. Əgər bankın evdə sosial şərikliyi olarsa, bank öz hissəsi nisbətində ziyanın xərclərini ödəməlidir. Amma əgər ziyanın ödənilməsi xüsusi bir şəxsə aid olarsa, bu hal istisnadır.

     

    Sual 1703: Üç nəfər şərikli şəkildə bir neçə ticarət obyekti almışlar ki, bu obyektlərdə birlikdə ticarətlə məşğul olsunlar. Amma şəriklərdən biri digər iki şərikə bu obyektlərdən istifadə etməyə, hətta oranı icarəyə vermək və ya satmağa razılıq vermir. Sual budur:
    1) Şəriklərdən biri digər iki şərikin icazəsi olmadan öz payını sata və ya icarəyə verə bilərmi?
    2) O, digər iki şərikin icazəsi olmadan həmin obyektlərdə işlə məşğul ola bilərmi?
    3) O, bu obyektlərdən birini özünə götürüb, qalan obyektləri digər iki şərikinə verə bilərmi?
    Cavab:
    1) Şəriklərdən hər biri müşa şəklində olan payını digər şəriklərin icazəsi olmadan sata bilər.
    2) Şəriklərdən heç biri digər şəriklərin icazəsi olmadan şərikli maldan istifadə edə bilməz.
    3) Şəriklərdən heç biri birtərəfli olaraq və digər şəriklərin razılığı olmadan öz payını şərikli maldan ayıra bilməz.

     

    Sual 1704: Bir məntəqənin əhalisindən bir dəstəsi ağac əkilmiş bir sahədə hüseyniyyə tikmək fikrindədirlər. Amma sözügedən sahədə payı olan əhalinin bir qismi bu işə razı deyildir. Bu məntəqədə hüseyniyyə tikməyin hökmü nədir? Əgər ehtimal olunsa ki, bu torpaq sahəsi ənfaldandır və ya şəhərin ümumi məkanlarındandır, məsələnin hökmü nədir?
    Cavab: Əgər torpaq sahəsi əhalinin müşa şəklində olan şərikli mülkü olarsa, oradan istifadə etmək şəriklərin hamısının razılığına bağlıdır. Amma əgər bu torpaq sahəsi ənfaldan və ya şəhərin ümumi məkanlarından olarsa, onun ixtiyarı İslam Dövlətinin əlindədir və dövlətin icazəsi olmadan oradan istifadə etmək olmaz.

     

    Sual 1705: Əgər varislərdən biri müştərək bağdan olan payının satılmasına razı deyildirsə, digər şəriklər və ya dövlət müəssisələrindən biri onu bu işə vadar edə bilərmi?
    Cavab: Əgər şəriklərin payının bölünməsi və ayrılması mümkün olarsa, şəriklərdən heç biri və ya başqa şəxslər şəriklərdən birini öz payını satmağa vadar edə bilməz. Bu kimi hallarda hər bir şərik yalnız digər şəriklərdən onun payını ayırmalarını istəyə bilər. Amma əgər ağacları olan bağın bölünməsi və ayrılması barəsində İslam hökuməti tərəfindən müəyyən qanunlar qoyulubdursa, bu təqdirdə həmin qanunlara riayət etmək vacibdir. Yox əgər müşa şəklində olan şərikli mülkün ayrılması və bölünməsi mümkün olmazsa, şəriklərdən hər biri şəri-hakimə müraciət edə bilər və şəri-hakim də digər şəriki öz payını satmağa və ya onun payını almağa vadar edə bilər.

     

    Sual 1706: Dörd qardaş sahib olduqları şərikli mal ilə dolanışıqlarını təmin edərək birlikdə yaşayırlar. Bir neçə il sonra qardaşlardan ikisi izdivac edir. Bu iki qardaşın hər biri öz azyaşlı qardaşlarından birini himayə etməyi və onların ailə qurmalarına imkan yaratmağı öz öhdəsinə götürür. Amma onlar öz öhdəliklərinə əməl etmədiklərinə görə, iki azyaşlı qardaş öz mallarını onlardan ayırmağı qərara alır və şərikli malın bölünməsini istəyir. Şərikli mal onlar arasında şəriət baxımından hansı şəkildə bölünməlidir?
    Cavab: Əgər bir şəxs şərikli maldan şəxsi istifadə edərsə, digər şəriklərinə o miqdarda borclu sayılır ki, bu şəriklər özlərinin payı nisbətində şərikli maldan onun xərclədiyi miqdarda şəxsi istifadə etməyibdirlər. Buna görə də, digər şəriklərin haqqı vardır ki, şəxsi istifadə etdiyi malın əvəzini öz malından verməsini ondan tələb etsinlər və qalan şərikli malı da bərabər şəkildə öz aralarında bölsünlər. Yaxud da ilk öncə şərikli maldan istifadə etməyən və ya başqaları ilə müqayisədə az istifadə edən şəxslərin hamısına, şərikli maldan istifadə baxımından hamının bərabərləşəcəyi miqdarda versinlər, sonra isə qalan şərikli malı öz aralarında bərabər şəkildə bölsünlər.

     

    Sual 1707: Çay istehsalı və istehlakına nəzarət qurumu bölgələrdə çay satışı ilə məşğul olan tacirləri qurumla əməkdaşlıq etməyə və qurumun üzvü olmağa məcbur edir. Sözügedən qurum çay satışı ilə məşğul olan tacirləri qurumla əməkdaşlıq etməyə məcbur edə bilərmi? Bu məcburi əməkdaşlıq düzgündürmü?
    Cavab: Əgər sözügedən qurum bölgələrdə çay satışı ilə məşğul olan tacirlərə şərait yaradırsa və bölgənin satış mərkəzlərinə paylamaq üçün onlara çay verirsə, bir sözlə, onlara bu kimi xidmətlər göstərirsə, bunun qarşılığında da qurumla əməkdaşlıq etməyi və yalnız onlarla sövdələşmə etməyi şərt qoyursa, bu şərtin və belə əməkdaşlığın maneəsi yoxdur.

     

    Sual 1708: Şirkətin müdiri və ya məsul işçisi səhmdarlardan icazə almadan şirkətin gəlirini xeyriyyə işlərinə xərcləyə bilərmi?
    Cavab: Şərikli malın gəlirindən hər bir şərikin payına düşən hissənin ixtiyarı və bu gəliri hansı məqsəd üçün istifadə etməsi, hər bir şərikin öz əlindədir. Nəticədə, əgər başqa bir şəxs vəkil təyin edilmədən və ya ona icazə verilmədən həmin gəliri xərcləyərsə - bu məbləği xeyriyyə işlərinə xərcləmiş olsa belə - bu məbləğə zamindir.

     

    Sual 1709: Üç nəfər bir ticarət obyektində şərikdirlər. Belə ki, birinci şərik sərmayənin yarısını, digər iki şərikin hər biri isə sərmayənin dörddə birini vermişlər. Şərtə görə, əldə edilən gəlir onların arasında bərabər şəkildə bölünəcəkdir. Amma ikinci və üçüncü şərik ticarət obyektində daha aktiv və davamlı şəkildə işləyirlər, halbuki, birinci şərik orada daha az işləyir. Bu şəriklik sözügedən şərt ilə düzgündürmü?
    Cavab: Şəriklik müqaviləsində şəriklərin bərabər miqdarda sərmayə qoymaları şərt deyildir. Əldə edilən gəlirin şəriklər arasında bərabər şəkildə bölünməsinin də maneəsi yoxdur, baxmayaraq ki, onların qoyduqları sərmayənin miqdarı müxtəlifdir. Amma ticarət obyektində işləməyə gəlincə, əgər şəriklik müqaviləsində bu barədə bir şey qeyd edilməyibdirsə, şəriklərin hər biri gördükləri iş miqdarında ücrətül-misl almaq haqqına malikdir.

     

    Sual 1710: Bir şirkət dövlət sektoru və özəl sektor tərəfindən yaradılmışdır və səhmdarların nümayəndələri bu şirkətin fəaliyyətinə nəzarət edirlər. Şirkətin idarə heyəti və işçiləri şirkətin nəqliyyat vasitələrindən öz şəxsi işləri üçün məqbul bir şəkildə istifadə edə bilərlərmi?
    Cavab: Şirkətin nəqliyyat vasitələrindən və digər əmlakından şirkətə aid olmayan işlər üçün istifadə etmək səhmdarların və ya onların nümayəndələrinin bu xüsusda icazəsinə bağlıdır.

     

    Sual 1711: Şirkətin nizamnaməsinə əsasən, ixtilaflı məsələlərin həlli üçün mühakimə heyəti yaradılmalıdır. Amma sözügedən heyət şirkət üzvləri tərəfindən yaradılmayanadək öz vəzifəsini yerinə yetirməyə qadir deyildir. Hal-hazırda səhmdarların və şəriklərin 51%-i öz haqlarından keçdiklərinə görə sözügedən heyəti yaratmırlar. Öz haqlarından keçənlər digər səhmdarların haqlarını qorumaq üçün bu heyətin yaradılmasında iştirak etməlidirlərmi?
    Cavab: Əgər şirkət üzvləri şirkətin daxili nizamnaməsinə görə, tələb olunduğu zaman mühakimə heyəti yaradacaqlarını öhdələrinə götürüblərsə, öz öhdəliklərinə əməl etməlidirlər. Şirkət üzvlərinin bəzilərinin öz haqlarından keçmələri, mühakimə heyətinin yaradılmasında onların öz öhdəliklərinə əməl etməkdən boyun qaçırmalarını icazəli etmir.

     

    Sual 1712: İki nəfər müştərək sərmayə ilə və sərquflisi də müştərək olan bir obyektdə ticarətlə məşğuldurlar. İlin sonunda gəliri və ziyanı hesablayıb, öz aralarında bölüşdürürlər. Son vaxtlar onlardan biri gündəlik işini buraxıb öz sərmayəsini geri götürmüşdür, halbuki, digər şərik həmin obyektdə ticarəti davam etdirir. İndi isə, işi buraxan şərik iddia edir ki, şərikinin etdiyi bəzi alış-verişlərə o da şərikdir. Bu məsələnin hökmü nədir?
    Cavab: Mülkdə və ya ticarət obyektinin sərquflisində şərik olmaq ticarətdə və ticarətdən əldə edilən gəlirdə şərik olmaq üçün yetərli deyildir. Burada meyar, ticarət sərmayəsində şərik olmaqdır. Buna görə də, əgər iki şərik müştərək sərmayədə olan paylarını düzgün şəkildə bölüşdürdükdən və onlardan biri öz payını geri götürdükdən sonra digər şərik həmin obyektdə öz ticarətini davam etdirərsə, öz sərmayəsini geri götürən şəxsin digər şəxsin ticarətində heç bir haqqı yoxdur. O, yalnız bu obyektdə olan payının nisbətində icarə pulu və ya ücrətül-misl tələb edə bilər. Yox əgər müştərək sərmayə bölünməmişdən qabaq o, bu obyektdə ticarətini davam etdirərsə, digər şərikin sərmayədə olan şərikliyi nisbətində öz şərikinin ticarətində haqqı vardır.

     

    Sual 1713: Bacımın öz əmlakını İslama və haqq məzhəbə zidd olan azğın düşüncələrin yayılması yolunda sərf edə biləcəyini nəzərə alaraq, bacımın öz əmlakından istifadəsinin və şirkətdən öz payını götürməsinin qarşısını almaq mənə vacibdirmi?
    Cavab: Şəriklərdən birinin şirkətdən ayrılmasının qarşısına almağa heç bir şərikin haqqı yoxdur. Həmçinin şəriklərdən birinin öz əmlakını götürüb onu pis yolda və günah işlərə xərcləyəcəyi qorxusu olduğuna görə, digər şəriklər onun öz əmlakını götürməsinə mane ola bilməzlər. Şəriklər onun bu istəyini (əmlakını geri götürmək istəyini) təmin etməlidirlər. Amma bu şəxsin öz əmlakını haram işlərə sərf etməsi haramdır. Həmçinin onu pis işlərdən çəkindirmək başqalarına vacibdir.

     

    Sual 1714: Bizim kəndimizdə sahəsi on hektara çatan bir su çalahovuzu vardır və əkinçilərin ata-babalarının mülkü olmuşdur. Hər il qışda ora su yığılır və əkin sahələrinin, bağların suvarılması üçün ondan istifadə olunur. Hal-hazırda dövlət bu çalahovuzun ortasından keçən geniş bir yol tikir və onun yalnız beş hektarı olduğu kimi qalmışdır. Çalahovuzun qalan bu hissəsi İcra Hakimiyyətinin mülkü, yoxsa əkinçilərin mülkü hesab olunur?
    Cavab: Əgər çalahovuz əkinçilərin ata-babalarının mülkü olubdursa və əkinçilərə irs çatıbdırsa, onun qalan hissəsi əkinçilərin mülkü hesab olunur və İcra Hakimiyyətinin onda bir haqqı yoxdur. Amma əgər dövlətin bu zəmində müəyyən qanunları olarsa, bu hal istisnadır.

     

  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /