Yüklə:
ŞƏRİ SUALLARA CAVABLAR
- Təqlidin hökmləri
- Təharətin hökmləri
- Namazın hökmləri
- Orucun hökmləri
- Xümsün hökmləri
- Cihad
Cihad
Sual 1048: Məsum İmamın (ə) qeyb dövründə “ibtidai cihad”ın[1] hökmü nədir? Camiuş-şərait məbsutul-yəd[2] fəqih (yəni müsəlmanların vəliyyi-əmri) bu cihada hökm verə bilərmi?
Cavab: Ümumi mənafe tələb etdiyi təqdirdə müsəlmanların rəhbəri olan camiuş-şərait fəqihin ibtidai cihada hökm verməsinin icazəli olması uzaq ehtimal deyildir, əksinə, bu nəzər əqvadır[3].
Sual 1049: İslam üçün təhlükə yarandığını gördükdə valideynin icazəsi olmadan İslamın müdafiəsinə qalxmağın hökmü nədir?
Cavab: İslamın və müsəlmanların müdafiəsi vacibdir və valideynin icazəsinə bağlı deyildir. Amma buna baxmayaraq, bacardıqca valideynin razılığını almaq tövsiyə olunur.
Sual 1050: İslam ölkələrində yaşayan kitab-əhli “əhli-zimmə”[4] hökmündədirmi?
Cavab: Himayəsində yaşadıqları İslam dövlətinin qanunlarına tabe olduqları və əmniyyətə zidd olan işlər görmədikləri müddətə qədər onlar “müqavilə bağlayan şəxs” hökmündədirlər.
Sual 1051: Müsəlman bir şəxs kafir bir şəxsi – kafir şəxs istər kitab-əhli olsun, istər kitab-əhli olmasın, yaxud istər kişi olsun, istər qadın olsun - küfr ölkəsində və ya müsəlman ölkəsində öz mülkiyyətinə keçirə bilərmi?
Cavab: Bu işə icazə verilmir. Kafirlər İslam torpaqlarına hücum çəkdikdə və onlardan bir dəstəsi əsir düşdükdə, müharibə əsirlərinin taleyi İslam hakiminin əlindədir və müsəlman fərdlərin əsirlərin taleyini müəyyən etmək haqları yoxdur.
Sual 1052: Əgər xalis Məhəmmədi (s) İslamın qorunması günahsız insanın qanının tökülməsinə bağlıdırsa, bu işə icazə verilirmi?
Cavab: Günahsız insanın qanının tökülməsi şəriət baxımından haramdır və xalis Məhəmmədi (s) İslamın hökmlərinə ziddir. Odur ki, deyilən bu söz – yəni xalis Məhəmmədi (s) İslamın qorunmasının günahsız insanın qanının tökülməsinə bağlı olması – mənasız bir sözdür. Amma əgər bu sözdə mükəlləfin Allah yolunda cihada getməsi və İslamın müdafiəsinə qalxması, beləliklə, bu yolda öldürülməsi nəzərdə tutulursa, burada bir neçə surət mövcuddur. Əgər mükəlləf öz uzaqgörənliyi ilə İslam dininin təhlükədə olduğunu başa düşərsə, hətta bu yolda öldürülsə belə, İslamın müdafiəsi üçün qiyam etməlidir.
[1] İbtidai cihad – Məsum İmamın (ə) və ya onun naibinin göstərişi ilə düşmənə hücum tipli döyüşdür.
[2] İşi yerinə yetirməkdə iqtidar və ixtiyara malik olmaq.
[3] Fətva deməkdir.
[4] “Əhli-zimmə”, yaxud “zimmi-kafir” – İslam ölkələrində xüsusi şərtlərlə İslam hökumətinin pənahında yaşayan kitab-əhlinə deyilir.
- Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
- Haram qazanclar
- Şahmat və qumar alətləri
- Musiqi və ğina
Musiqi və ğina
Sual 1128: Halal musiqinin haram musiqidən ayırd etməyin meyarı nədir? Klassik musiqilər halaldırmı? Bu meyarı açıqlamağınızı xahiş edirəm.
Cavab: Ürfə görə eyş-işrət məclislərinə uyğun olub Allah yolundan azdıran hər bir musiqi haram musiqi hesab olunur. Bu baxımdan musiqinin klassik, yoxsa qeyri-klassik olmasının bir fərqi yoxdur. Məsələni müəyyən etmək isə mükəlləfin ürfi nəzərinə həvalə olunur. Əgər musiqi qeyd edilən xüsusiyyətlərə malik olmazsa, onu dinləməyin öz-özlüyündə maneəsi yoxdur.
Sual 1129: İslam Təbliğatı Təşkilatı və ya başqa bir islam təbliğatı müəssisəsi tərəfindən icazə verilən musiqi disklərini dinləməyin hökmü nədir? Musiqi alətlərində, məsələn, kaman, skripka və fleytada ifa etməyin hökmü nədir?
Cavab: Musiqi disklərini dinləməyin icazəli olub-olmadığını mükəlləfin özü müəyyən etməlidir. Əgər mükəlləf müəyyən etsə ki, bu disklərdə ğina və eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər, həmçinin yanlış məzmunlu musiqilər mövcud deyildir, onları dinləməsinin maneəsi yoxdur. Odur ki, İslam Təbliğatı Təşkilatı və ya başqa bir islami müəssisə tərəfindən musiqi disklərinin dinlənilməsinə icazə verilməsi, bu musiqiləri dinləməyin icazəli olması üçün öz-özlüyündə şəri dəlil deyildir.
Musiqi alətlərində eyş-işrət və günah məclislərinə uyğun olan haram musiqiləri ifa etməyə icazə verilmir. Amma musiqi alətlərindən məntiqi hədəflər üçün halal istifadənin maneəsi yoxdur. Məsələni müəyyən etmək isə mükəlləfin öz nəzərinə həvalə olunur.Sual 1130: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər dedikdə, hansı musiqilər nəzərdə tutulur? Belə musiqiləri müəyyən etməyin meyarı nədir?
Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər o musiqilərdir ki, malik olduğu bir sıra xüsusiyyətlərə görə insanı Mütəal Allahdan və müsbət əxlaqi kefiyyətlərdən uzaqlaşdırır, onu dinsizliyə və günaha sövq edir. Məsələni müəyyən edən mənbə isə ürfdür (camaatın nəzəridir).
Sual 1131: İfaçının şəxsiyyəti, musiqinin ifa edildiyi məkan və ya musiqinin ifa edilməsində məqsədin musiqinin hökmünə təsiri vardırmı?
Cavab: Haram musiqilər eyş-işrət və günah məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərdir. Bəzən ifaçının şəxsiyyəti, yaxud musiqi ilə oxunan sözlər, yaxud da musiqinin ifa edildiyi məkan və ya başqa şərtlər onun eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran haram bir musiqi adını almasında və ya başqa haram adlar almasında rol oynayır. Məsələn, qeyd edilən şərtlər nəticəsində musiqi hansısa fəsadlar yaradırsa, bu musiqi haram musiqiyə çevrilir.
Sual 1132: Musiqinin haram olmasının meyarı yalnız onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırmı? Yoxsa dinləyicini həyacana gətirməsi də musiqinin haramlığında rol oynayır? Əgər musiqi dinləyicinin kədərlənməsinə və ağlamasına səbəb olarsa, hökmü nədir? Qəzəlləri musiqilə oxumağın və dinləməyin hökmü nədir?
Cavab: Burada musiqinin ifa edilmə tərzi və bütün digər xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər musiqi öz mahiyyəti etibarilə eyş-işrət və günah məclislərinə uyğun olan bir musiqidirsə, haramdır. Bu musiqi istər dinləyicini həyəcanlandırsın və ya həyəcanlandırmasın, istər dinləyicidə kədər və digər hisslər yaratsın və ya yaratmasın. Əgər musiqi ilə oxunan qəzəllər ğina və eyş-işrət məclislərinə uyğun musiqi şəklini alarsa, onları oxumaq və dinləmək haramdır.
Sual 1133: Ğina nədir? Ğina təkcə insan səsinə şamil olur, yoxsa musiqi alətlərindən gələn sədalara da şamil olur?
Cavab: Ğina insan səsinə şamil olur və eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Bu tərzdə oxumaq və belə musiqini dinləmək haramdır.
Sual 1134: Toy məclislərində qadınların qab-qazan və ya musiqi aləti olmayan digər vasitələri çalmalarına icazə verilirmi? Əgər səs ətrafa yayılarsa və kişilər eşidərsə, hökmü nədir?
Cavab: Buna icazə verilməsi ifanın necəliyinə bağlıdır. Əgər ənənəvi toy məclislərində çalınan tərzdə çalınarsa və eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqi hesab olunmazsa, habelə fəsadı da olmazsa, maneəsi yoxdur.
Sual 1135: Toy məclislərində qadınların dəf çalmasının hökmü nədir?
Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri çalmaq üçün musiqi alətlərindən istifadə etməyə icazə verilmir.
Sual 1136: Evdə ğinaya qulaq asmaq olarmı? Əgər ğina bir şəxsə təsir etmirsə, bunun hökmü nədir?
Cavab: Ğinaya qulaq asmaq birmənalı olaraq haramdır, istər evdə tək halda qulaq asasan və ya başqa insanların əhatəsində qulaq asasan, yaxud istər ğina insana təsir etsin və ya təsir etməsin.
Sual 1137: Şəri vəzifə yaşına yeni çatan bəzi yeniyetmələr musiqinin ümumiyyətlə haram olduğuna, hətta islam dövlətinin radio və televiziyasından yayımlanan musiqilərin belə haram olduğuna fətva verən müctəhidlərə təqlid edirlər. Bu məsələnin hökmü nədir? Əgər vəliyyi-fəqih halal musiqiyə qulaq asmağa icazə verirsə, hökumət məsələlərində vəliyyi-fəqihin səlahiyyətini nəzərə alaraq, onun bu icazəsi musiqiyə qulaq asmağın icazəli olması üçün kifayət edirmi? Yoxsa bu yeniyetmələr təqlid etdikləri müctəhidin fətvasına əməl etməlidirlər?
Cavab: Musiqini dinləməyə icazə verilməsinə və ya icazə verilməməsinə dair fətva, hökumət məsələlərindən deyildir. Bu məsələ, şəri və fiqhi bir məsələdir və hər bir mükəlləf təqlid etdiyi müctəhidin fətvasına müvafiq əməl etməlidir. Amma əgər musiqi eyş-işrət və günah məclislərinə uyğun və Allah yolundan azdıran bir musiqi deyildirsə və fəsadı da yoxdursa, onun haram olması üçün bir dəlil mövcud deyildir.
Sual 1138: Musiqi və ğina dedikdə, nə nəzərdə tutulur?
Cavab: Ğina – eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Ğina günahdır, oxuyana və dinləyənə haramdır. Musiqi – musiqi alətlərinin ifasından yayılan sədalardır. Əgər musiqi eyş-işrət və günah məclislərinə uyğun bir şəkildə ifa edilərsə, həm musiqini ifa edənə, həm də dinləyənə haramdır. Amma əgər bu şəkildə olmazsa, öz-özlüyündə maneəsi yoxdur və buna icazə verilir.
Sual 1139: Mənim işlədiyim yerin sahibi həmişə ğina disklərinə qulaq asır. Mən də bunu eşitmək məcburiyyətindəyəm. Mən bu işdə işləyə bilərəm, yoxsa yox?
Cavab: Əgər disklərdə ğina və eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdirsə, bu disklərə qulaq asmaq olmaz. Amma əgər siz həmin yerdə işləmək məcburiyyətindəsinizsə, ora getməyiniz və orada işləməyinizin sizin üçün bir maneəsi yoxdur. Amma ğinaya qulaq asmamalısınız, baxmayaraq ki, qeyri-ixtiyari olaraq onu eşidirsiniz.
Sual 1140: İslam dövlətinin radio və televiziyasından yayımlanan musiqinin hökmü nədir? İmam Xomeyninin (r.ə) musiqini ümumiyyətlə halal elan etməsi barədə danışılanlar doğrudurmu?
Cavab: İmam Xomeyninin (r.ə) musiqini ümumiyyətlə halal elan etməsi barədə danışılanlar onun adından deyilən bir yalan və iftiradır. İmam Xomeyni (r.ə) günah məclislərinə uyğun olan musiqiləri haram bilirdi. Musiqi barəsindəki fikirayrılıqları məsələnin müəyyən edilməsindən qaynaqlanır. Çünki məsələni müəyyən etmək mükəlləfin öz nəzərinə həvalə olunur. Bəzən ifaçının nəzəri dinləyənin nəzəri ilə fərqli olur. Belə olduğu təqdirdə, əgər mükəlləfin nəzərinə görə bir musiqi eyş-işrət və günah məclislərinə uyğurdursa, onun bu musiqiyə qulaq asması haramdır. Şübhəli olan musiqilər isə halal hökmündədir. Musiqinin radio və televiziyadan yayımlanması onun icazəli və halal olması üçün öz-özlüyündə şəri dəlil hesab olunmur.
Sual 1141: Radio və televiziyadan yayımlanan bəzi musiqilər mənim nəzərimə görə eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdir. Mən bu musiqilərə qulaq asmaqdan çəkinməliyəm? Başqalarını da ona qulaq asmaqdan çəkindirməliyəmmi?
Cavab: Əgər siz həmin musiqiləri eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər hesab edirsinizsə, onlara qulaq asa bilməzsiniz. Amma “nəhy ənil-munkər” şəri vəzifəsi ünvanında başqalarını bu musiqilərə qulaq asmaqdan o halda çəkindirə bilərsiniz ki, onların da həmin musiqiləri haram musiqi bildikləri sizə aydın olsun.
Sual 1142: Qərb ölkələrinə aid olan ğina və haram musiqiləri dinləməyin və yaymağın hökmü nədir?
Cavab: Musiqinin hansı dildə və ya hansı ölkəyə aid olmasından asılı olmayaraq, ğinanın və eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərin dinlənilməsinə icazə verilmir. Buna görə də, ğina və haram musiqilər disklərinin alğı-satqısına, onları dinləməyə və yaymağa icazə verilmir.
Sual 1143: Kişi və ya qadının ğina tərzində oxumasının – istər disklərdə səsyazma şəklində olsun və ya səsyazma radiodan yayımlansın, yaxud da ğina istər musiqi ilə birgə olsun və ya olmasın – hökmü nədir?
Cavab: Ğina haramdır və ğina tərzində oxumağa və ona qulaq asmağa icazə verilmir, istər kişi oxusun və ya qadın oxusun, yaxud istər birbaşa yayımlansın və ya disklərdə səsyazma şəklində olsun, yaxud da istər musiqi alətlərinin ifası ilə birgə olsun və ya birgə olmasın.
Sual 1144: Müqəddəs bir məkanda, məsələn, məsciddə məntiqi və halal bir məqsəd üçün musiqi çalınmasının hökmü nədir?
Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri çalmağa birmənalı olaraq icazə verilmir, hətta məsciddən qeyri bir məkanda və məntiqi və halal bir məqsəd üçün olsa belə. Amma inqilab marşlarının və bu kimi musiqilərin müqəddəs məkanda və müəyyən münasibətlərlə əlaqədar çalınmasının maneəsi yoxdur. Bu şərtlə ki, həmin məkana qarşı hörmətsizlik olmasın və məscid kimi məkanlarda namaz qılanlar üçün maneəçilik yaratmasın.
Sual 1145: Musiqi alətində ifa etməyi öyrənmək, xüsusilə də, santur çalmağı öyrənmək olarmı? Başqalarını bu işə təşviq etməyin hökmü nədir?
Cavab: Haram olmayan musiqiləri musiqi alətlərində ifa etməyin, məsələn, inqilab marşları və ya dini musiqilər çalmağın, yaxud faydalı mədəni proqramları aparmaq üçün məntiqi və mübah məqsədlə musiqi alətlərində ifa etməyin maneəsi yoxdur. Bu şərtlə ki, başqa fəsadlara yol açmamalıdır. Həmçinin sözükeçən məqsədlə musiqi alətlərində ifa etməyi öyrənmək və öyrətməyin öz-özlüyündə maneəsi yoxdur. Amma musiqinin geniş yayılması islam hökumətinin müqəddəs amallarına uyğun deyildir.
Sual 1146: Bədii qiraət şəklində şeir deyən və ya bir mətn oxuyan qadını dinləməyin – dinləyici istər gənc olsun və ya gənc olmasın, yaxud istər kişi olsun və ya qadın olsun - hökmü nədir? Əgər qadın məhrəmlərdən olarsa, hökm nədir?
Cavab: Əgər qadın ğina tərzində oxuyarsa, yaxud dinləyici onun səsini “ləzzət” və “reybə” məqsədilə dinləyərsə, yaxud da bunun başqa bir fəsadı olarsa, onu dinləməyə icazə verilmir və yuxarıda qeyd edilən surətlər arasında fərq yoxdur.
Sual 1147: İranın mədəni irsi sayılan milli musiqilər haramdır, yoxsa haram deyildir?
Cavab: Ürfə görə eyş-işrət və günah məclislərinə uyğun olan musiqilər birmənalı olaraq haramdır və bu baxımdan musiqinin İran, yoxsa başqa bir ölkənin musiqisi olması, yaxud milli və ya qeyri-milli musiqi olmasının bir fərqi yoxdur.
Sual 1148: Bəzən ərəb ölkələrinin radiolarından bəzi musiqilər yayımlanır. Bir şəxs ərəb dilini dinləməyi sevdiyinə görə bu musiqiləri dinləyə bilərmi?
Cavab: Eyş-işrət və günah məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri dinləmək birmənalı olaraq haramdır və ərəb dilini dinləməyi sevmək bu musiqiləri dinləmək üçün şəri icazə hesab olunmur.
Sual 1149: Şeiri avazla, amma musiqi səslənmədən oxumaq və təkrarlamaq olarmı?
Cavab: Ğina, hətta musiqi alətinin müşayiəti ilə olmasa belə, haramdır. Ğina dedikdə, eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran bir tərzdə boğazlar edərək oxumaqdır. Amma şeiri sadəcə təkrarlamağın maneəsi yoxdur.
Sual 1150: Musiqi alətlərinin alğı-satqısının hökmü nədir? Onlardan hansı hüdudda istifadə etmək olar?
Cavab: Haram olan və haram olmayan musiqilərin ifası üçün müştərək şəkildə istifadə edilən musiqi alətlərinin alğı-satqısının maneəsi yoxdur.
Sual 1151: Quran və dua oxuyarkən, azan deyərkən ğinaya icazə verilirmi?
Cavab: Ğina – eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Ğina, hətta Quran və dua oxuyarkən, azan və mərsiyə deyərkən, birmənalı olaraq haramdır.
Sual 1152: Hazırkı dövrdə bəzi xəstəliklərin, o cümlədən, ruh düşgünlüyü, iztirab, cinsi problemlər və qadınların soyuqtəbiətliyinin müalicəsində musiqidən istifadə olunur. Bunun hökmü nədir?
Cavab: Əgər mütəxəssis və etibarlı həkimin nəzərinə görə xəstəliyin müalicəsi musiqidən istifadə etməyə bağlıdırsa, müalicə üçün tələb olunan həddə musiqidən istifadə etməyin maneəsi yoxdur.
Sual 1153: Əgər ğinaya qulaq asmaq insanın öz həyat yoldaşına meylinin artmasına səbəb olarsa, bunun hökmü nədir?
Cavab: İnsanın öz həyat yoldaşına meylinin artması ğinaya qulaq asmaq üçün şəri icazə hesab edilmir.
Sual 1154: Qadının qadınlar üçün konsert proqramı verməsinin – belə ki, ifaçılar da qadınlardır – hökmü nədir?
Cavab: Əgər konsertdə ğina və Allah yolundan azdıran və günah məclislərinə uyğun olan musiqilər olarsa, haramdır.
Sual 1155: Əgər musiqinin “haram musiqi” hesab olunması meyarı onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırsa, onda bəzi insanlarda, hətta müməyyiz olmayan uşaqlarda şadlıq hissi yaradan avazların və mahnıların hökmü nədir? Əgər qadın müğənnilərin ğina tərzində oxuduqları avazlar insanda şadlıq hissi yaratmazsa, onları dinləmək olarmı? Ümumi sərnişin marşurutlarının sürücüləri əksər hallarda belə musiqilər diski oxutdururlar. Bu marşurutlara minən sərnişinlərin vəzifəsi nədir?
Cavab: Əgər bir musiqi və ya boğazlarla yanaşı olan bir avaz məzmun və tərz, həmçinin musiqi alətini ifa edərkən ifaçının və ya oxuyarkən xanəndənin vəziyyəti baxımından ğina olarsa, yaxud eyş-işrət və günah məclislərinə uyğun olan bir musiqi olarsa, ona qulaq asmaq haramdır. Belə musiqi və ya avaz hətta insanı həyəcanlandırmasa belə, ona qulaq asmaq haramdır. Əgər ümumi sərnişin marşurutlarında və ya başqa nəqliyyat vasitələrində ğina və ya günah məclislərinə uyğun olan musiqi diskləri oxutdurularsa, sərnişinlər ona qulaq asmamalı və nəhy ənil-munkər etməlidirlər.
Sual 1156: Kişi öz zövcəsindən cinsi ləzzət almaq məqsədilə naməhrəm qadının ğinasına qulaq asa bilərmi? Qadın öz əri və ya kişi öz zövcəsi üçün ğina tərzində oxuya bilərmi? Bu söz doğrudurmu ki, şəriət sahibi ğinanı eyş-işrət və günah məclislərinə uyğun olduğuna və bu ikisinin bir-birindən ayrılmadığına görə haram buyurmuşdur? Başqa sözlə, ğinanın haram olması belə məclislərin haram olmasından qaynaqlan?
Cavab: Ğinaya qulaq asmaq birmənalı olaraq haramdır. Qeyd olunduğu kimi, ğina eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Hətta qadının öz əri üçün və ya kişinin öz zövcəsi üçün ğina tərzində oxuması haramdır. İnsanın öz həyat yoldaşından cinsi ləzzət almaq məqsədi, ğinanı icazəli etmir. Ğina və bu kimi işlərin haramlığı şəriətin göstərişidir və şiə fiqhinin dəyişməz hökmüdür. Ğinanın haramlığına fərzi meyarlar, psixoloji və ictimai təsirlər əsasında fətva verilməyibdir. Ğina haram hökmünü daşıdığı müddətədək haramdır və ondan çəkinmək birmənalı olaraq vacibdir.
Sual 1157: Müəllimlər universitetinin tələbələri ixtisas fənləri mərhələsində “inqilab mahnıları və melodiyaları” fənnində iştirak etməlidirlər. Onlar bəzi musiqi parçalarını öyrənir, müsiqilərlə ümumi şəkildə tanış olurlar. Bu musiqiləri əsasən sintizator vasitəsilə öyrənirlər. Əsas fənlərdən olan bu fənni öyrənməyin hökmü nədir? Sintizator almaq və ondan istifadə etməyin hökmü nədir? Xüsusilə də, verilən tapşırıqları kişilərin qarşısında icra etməkdə qadınların vəzifəsi nədir?
Cavab: İnqilab mahnılarının, dini proqramların, mədəni və tərbiyəvi fəaliyyətlərin icrası üçün musiqi alətlərindən istifadə etməyin öz-özlüyündə maneəsi yoxdur. Sözügedən işlər üçün musiqi alətlərini alıb-satmağın, musiqi öyrətmək və öyrənməyin də maneəsi yoxdur. Xanımlar vacib hicaba və şəri qaydalara riayət edərək bu dərsdə iştirak edə bilərlər.
Sual 1158: Bəzi mahnılar zahirdə inqilabi mahnılardır və ürf də onları inqilabi mahnılar hesab edir. Amma müğənninin məqsədinin inqilabi, yoxsa eyş-işrət mahnıları oxumaq olduğunu bilmirik. Müğənninin müsəlman olmadığını, amma oxuduğu mahnıların vətənpərvərlik, işğal əleyhinə mübarizə və müdafiə məzmunu daşıdığını nəzərə alaraq, bu mahnılara qulaq asmağın hökmü nədir?
Cavab: Əgər dinləyənin nəzərinə görə bu mahnılar ürfdə eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran mahnılar deyildirsə, onlara qulaq asmağın maneəsi yoxdur. Müğənninin məqsədinin və oxuduğu mahnının məzmununun bu xüsusda rolu yoxdur.
Sual 1159: Bir gənc bəzi idmanların beynəlxalq məşqçisi və hakimi peşəsi üzrə işləyir. Peşəsinin tələbinə görə, o, bəzən ğina və haram musiqi yayımlanan idman klublarına getmək məcburiyyətində qalır. Nəzərə alsaq ki, bu işin gəliri ilə o öz dolanışıq xərclərinin bir qismini təmin edir və onun yaşadığı yerdə iş yerləri azdır, o, belə idman klublarına gedə bilərmi?
Cavab: Onun bu peşə üzrə işləməsinin maneəsi yoxdur. Amma ğinaya və eyş-işrət musiqilərinə qulaq asması haramdır. Məcburiyyət hallarında ğina və haram musiqi məclisinə daxil olmaq olar, amma belə mahnılara və musiqilərə qulaq asmaqdan çəkinmək lazımdır. Qeyri-ixtiyari olaraq insanın belə musiqiləri eşitməsinin maneəsi yoxdur.
Sual 1160: Musiqiyə “qulaq asmaq” haramdır, yoxsa musiqini “eşitmək” də haramdır?
Cavab: Ğinanı və ya eyş-işrət musiqilərini eşitmək onlara qulaq asmaq hökmündə deyildir. Əlbəttə, bəzi hallarda onları eşitmək, ürfə görə elə onlara qulaq asmaq hesab olunur.
Sual 1161: Quranın qiraəti musiqi ilə müşayiət oluna bilərmi? Belə ki, bu musiqi adətən eyş-işrət məclislərində istifadə edilən musiqi alətlərindən qeyri alətlərdə ifa olunacaqdır?
Cavab: Qurani-Kərimi onun şəninə uyğun bir tərzdə gözəl səslə oxumağın maneəsi yoxdur, hətta bu, bəyənilən bir əməldir. Əlbəttə, bu şərtlə ki, haram ğina həddinə çatmamalıdır. Amma Quranın qiraətinin musiqi ilə müşayiət olunmasının şəri əsası yoxdur.
Sual 1162: Mövlud şənliklərində və başqa məclislərdə təbil çalmağın hökmü nədir?
Cavab: Musiqi və çalğı alətlərindən eyş-işrət və günah məclislərinə uyğun olan və Allah yolundan azdıran tərzdə istifadə etmək birmənalı olaraq haramdır.
Sual 1163: Məktəblərdə şagirdlərdən ibarət mahnı qruplarının musiqi alətlərindən istifadə etmələrinin hökmü nədir?
Cavab: Ürfə görə halal və haram məclislər üçün müştərək şəkildə istifadə oluna bilən musiqi alətlərindən eyş-işrət məclislərinə uyğun olmayan bir tərzdə və halal məqsədlər üçün istifadə etmək olar. Amma ürfə görə eyş-işrət məclislərinə xas olan musiqi alətlərindən istifadə etmək olmaz.
Sual 1164: Musiqi aləti olan santuru düzəltmək və bir peşə kimi bu yolla qazanc əldə etmək olarmı? Bu musiqi alətini düzəltmək sənətini genişləndirmək və təkmilləşdirmək, musiqiçiləri santur çalmağa təşviq etmək məqsədilə santur musiqi alətinin düzəldilməsinə maddi dəstək olmaq olarmı? Klassik musiqiləri yaymaq və yaşatmaq məqsədilə qədim İran milli musiqilərini öyrənmək və öyrətmək olarmı?
Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər həddinə çatmadığı təqdirdə, milli və ya inqilabi musiqiləri ifa etməyin, yaxud hər hansı bir halal və faydalı məqsəd üçün musiqi alətlərindən istifadə etməyin maneəsi yoxdur. Həmçinin sözügedən məqsədlər üçün musiqi öyrənmək və öyrətməyin, musiqi alətlərini düzəltməyin maneəsi yoxdur.
Sual 1165: Hansı musiqi alətləri eyş-işrət və günah məclislərinə uyğun musiqi alətləri hesab olunur və onlardan istifadə etməyə əsla icazə verilmir?
Cavab: Adətən eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərin – belə ki, bu musiqilər insanın düşüncə və əqidəsinin azmasına və ya günaha düşməsinə səbəb olur – ifası üçün istifadə olunan və heç bir halal istifadəsi olmayan musiqi alətləri nəzərdə tutulur.
Sual 1166: Haram musiqi disklərinin üzünü köçürmək müqabilində pul almaq olarmı?
Cavab: Dinlənilməsi haram olan musiqilər diskinin üzünü köçürmək və bunun müqabilində pul almaq olmaz.
- Rəqs
Rəqs
Sual 1167: Toy məclislərində milli-yerli rəqsləri oynamaq olarmı? Belə məclislərdə iştirak etməyin hökmü nədir?
Cavab: Ehtiyat-vacibə görə, kişinin rəqs etməsi haramdır. Qadının qadınların qabağında rəqs etməsinə gəlincə, əgər eyş-işrət məclisi adını kəsb edərsə – məsələn, qadın məclisi rəqs məclisinə çevrilərsə - məhəlli-işkaldır və bunu tərk etmək ehtiyat-vacibdir. Bundan qeyri halda, əgər şəhvəti təhrik edən bir tərzdə olarsa, yaxud fəsada səbəb olarsa, yaxud haram bir iş (məsələn, haram musiqi və mahnı) ilə yanaşı olarsa, yaxud məclisdə naməhrəm kişi olarsa, haramdır. Bu hökm baxımından toy məclisi ilə qeyri məclislər arasında fərq yoxdur. Əgər toy məclislərində iştirak etmək başqalarının haram işini dəstəkləmək hesab olunarsa, yaxud haram iş ilə yanaşı olarsa, buna icazə verilmir. Əks təqdirdə, maneəsi yoxdur.
Sual 1168: Qadınlar məclisində musiqi sədaları olmadan rəqs etmək haramdır, yoxsa halal? Haram olduğu təqdirdə, iştirakçıların məclisi tərk etmələri vacibdir?
Cavab: Əgər qadının qadınların qabağında rəqs etməsi eyş-işrət məclisi adını kəsb edərsə - məsələn, qadın məclisi rəqs məclisinə çevrilərsə - məhəlli-işkaldır və bunu tərk etmək ehtiyat-vacibdir. Bundan qeyri halda, əgər şəhvəti təhrik edən bir tərzdə olarsa, yaxud haram bir iş ilə yanaşı olarsa, yaxud fəsada səbəb olarsa, haramdır. Haram işə etiraz olaraq belə məclisi tərk etmək, “pis işdən çəkindirmək” hesab olunduğu təqdirdə, vacibdir.
Sual 1169: Kişinin kişilərin qabağında, yaxud qadının qadınların qabağında, yaxud da kişinin qadınların arasında və qadının kişilərin arasında milli-yerli rəqs etməsinin hökmü nədir?
Cavab: Ehtiyat-vacibə görə, kişinin rəqs etməsi haramdır. Qadının qadınların qabağında rəqs etməsinə gəlincə, əgər eyş-işrət məclisi adını kəsb edərsə – məsələn, qadın məclisi rəqs məclisinə çevrilərsə - məhəlli-işkaldır və bunu tərk etmək ehtiyat-vacibdir. Bundan qeyri halda, əgər şəhvəti təhrik edən bir tərzdə olarsa, yaxud fəsada səbəb olarsa, yaxud haram bir iş (məsələn, haram musiqi və mahnı) ilə yanaşı olarsa, yaxud məclisdə naməhrəm kişi olarsa, haramdır.
Sual 1170: Televizorda və ya başqa informasiya vasitələrində kişilərin qrup şəklində rəqsinə və ya azyaşlı qızların rəqsinə baxmağın hökmü nədir?
Cavab: Əgər buna baxmaq şəhvətin təhrik olmasına, yaxud günah işlədən şəxsin dəstəklənməsi və həddi aşmasına, yaxud da fəsada səbəb olarsa, baxmaq olmaz.
Sual 1171: Toy məclisində iştirakçıların rəqs edəcəkləri ehtimal verildiyi bir halda ictimai adət-ənənəyə hörmət məqsədilə belə toy məclisinə getməyin şəri baxımdan maneəsi varmı?
Cavab: Haram iş işlədən şəxsin dəstəklənməsi hesab olunmadığı və harama düşməyə səbəb olmadığı təqdirdə iştirakçıların rəqs edəcəkləri ehtimal verilən toy məclislərində iştirak etməyin öz-özlüyündə maneəsi yoxdur.
Sual 1172: Qadının öz əri üçün, yaxud kişinin öz həyat yoldaşı üçün rəqs etməsi haramdırmı?
Cavab: Əgər qadının öz əri üçün, yaxud kişinin öz həyat yoldaşı üçün rəqs etməsi harama düşməklə yanaşı olmazsa, maneəsi yoxdur.
Sual 1173: Ata və ana öz övladlarının toy məclisində rəqs edə bilərmi?
Cavab: Əgər haram rəqs növündən olarsa, hətta ata və ananın öz övladlarının toy məclisində bu tərzdə rəqs etmələri haramdır.
Sual 1174: Ərli bir qadın toy məclislərində ərinin xəbəri olmadan naməhrəmlərin qabağında rəqs etmişdir və bunu dəfələrlə təkrar etmişdir. Ərinin ona nəyh ənil-munkər və əmr bil-məruf etməsi təsir etmir. Vəzifə nədir?
Cavab: Qadının naməhrəmlərin qabağında rəqs etməsi birmənalı olaraq haramdır. Ərin icazəsi olmadan qadının evdən çıxması da öz-özlüyündə haramdır və bu, qadının naşizə hesab olunmasına, yəni nəfəqə[1] haqqından məhrum olmasına səbəb olur.
Sual 1175: Musiqi alətlərindən də istifadə edildiyi kənd toy məclislərində qadınların naməhrəm kişilərin qabağında rəqs etmələrinin hökmü nədir? Bizim onların qarşısında vəzifəmiz nədir?
Cavab: Qadının naməhrəm kişilərin qabağında rəqs etməsi, həmçinin fəsada və şəhvətin təhrik olmasına səbəb olan hər bir rəqs haramdır. Musiqi alətlərindən istifadə etmək və ona qulaq asmağa gəlincə, əgər eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran tərzdə olarsa, haramdır. Bu kimi hallarda mükəlləflərin vəzifəsi nəhy ənil-munkər etməkdir (pis işlərdən çəkindirməkdir).
Sual 1176: Müməyyiz uşağın – istər oğlan olsun, istər qız olsun – qadın və ya kişi məclisində rəqs etməsinin hökmü nədir?
Cavab: Həddi-büluğa çatmayan uşağın – istər oğlan olsun, istər qız olsun – şəri vəzifəsi yoxdur. Amma şəri vəzifəsi olan şəxslərin onu rəqs etməyə təşviq etmələri bəyənilmir.
Sual 1177: Rəqs təlim mərkəzləri yaratmağın hökmü nədir?
Cavab: Rəqs təlim mərkəzləri yaratmaq və rəqs etməyi yaymaq İslam hökumətinin hədəflərinə ziddir.
Sual 1178: Kişilərin onlara məhrəm qadınların və qadınların onlara məhrəm kişilərin – istər “səbəbi məhrəm”[2], istərsə “nəsəbi məhrəm”[3] olsunlar - qabağında rəqs etmələrinin hökmü nədir?
Cavab: Haram rəqs istər kişi, istər qadın üçün haramdır. Həmçinin məhrəmlərin və ya naməhrəmlərin qabağında haram rəqs etmək haramdır.
Sual 1179: Toy məclislərində əsa ilə döyüş tamaşası göstərmək olarmı? Əgər bununla yanaşı musiqi alətlərindən istifadə edilərsə, hökmü nədir?
Cavab: Əgər əyləncə-idman oyunu şəklində olarsa və insan həyatı üçün təhlükə qorxusu olmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur. Amma eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran bir tərzdə musiqi alətlərindən istifadə edilməsinə heç bir vəchlə icazə verilmir.
Sual 1180: “Yallı”nın hökmü nədir? (Yallı – milli bir rəqsdir ki, rəqs edənlər qollarını bir-birinə keçirir və yuxarı atlanmaqla və bədən hərəkətləri ilə ayaqlarını birgə şəkildə yerə döyəcləyirlər, beləcə, uca və ritmik səs yaranır.)
Cavab: Əgər ürfdə rəqs hesab olunarsa, rəqs hökmündədir.
[1] Nəfəqə - yemək, geyim, məskən, müalicə, məişət əşyaları və s. xərclərinin ehtiyac olan həddə təmin olunmasıdır.
[2] Səbəbi məhrəm – izdivac vasitəsilə məhrəm olan şəxsdir, məsələn, qayınata, qayınana, gəlin, yeznə.
[3] Nəsəbi məhrəm – qan qohumluğu və doğum vasitəsilə məhrəm olan şəxsdir, məsələn, bibi, xala, əmi, dayı.
- Əl çalmaq
Əl çalmaq
Sual 1181: Ancaq qadınların iştirak etdikləri mövlud və ya toy məclisi kimi şadyanalıq məclislərində qadınlar əl çala bilərlərmi? Cavab müsbət olduğu təqdirdə, əgər səs ətrafa yayılarsa və naməhrəmlər eşidərsə, hökmü nədir?
Cavab: Adi şəkildə əl çalmaq əgər fəsada səbəb olmazsa, maneəsi yoxdur, hətta naməhrəm onun səsini eşitsə belə.
Sual 1182: Məsum İmamların (ə) mövludu, vəhdət həftəsi və Məbəs bayramı münasibətilə təşkil edilən şadlıq məclislərində şadlanmaq, oxumaq və Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat deməklə əl çalmağın hökmü nədir? Əgər bu məclislər məscid, dövlət idarələri və müəssisələrinin namazxanası, hüseyniyyə kimi ibadət məkanlarında təşkil edilərsə, bunun hökmü nədir?
Cavab: Ümumiyyətlə, mövlud məclislərində, yaxud təşviq və dəstək məqsədilə, yaxud da bu kimi başqa məqsədlərlə adi şəkildə əl çalmağın maneəsi yoxdur. Amma yaxşı olar ki, dini məclislər, xüsusilə də, məscidlərdə, hüseyniyyələrdə və namazxanalarada təşkil edilən mərasimlər salavat və təkbir ilə zinətlənsin, beləcə, insan bunların savabına nail olsun.
- Naməhrəmin videogörüntüsü və fotoşəkli
Naməhrəmin videogörüntüsü və fotoşəkli
Sual 1183: Naməhrəm qadının hicabsız görüntüsünə baxmağın hökmü nədir? Televizorda görüntülənən qadının üzünə baxmağın hökmü nədir? Bu baxımdan müsəlman qadın ilə qeyri-müsəlman qadın arasında, həmçinin birbaşa yayım ilə birbaşa olmayan yayım arasında fərq vardırmı?
Cavab: Naməhrəm qadının görüntüsünə baxmaq naməhrəm qadının özünə baxmaq hökmündə deyildir. Beləliklə, əgər kişi naməhrəm qadının görüntüsünə ləzzət üzündən baxmazsa və günaha düşmək qorxusu mövcud olmazsa, həmçinin müsəlman qadının görüntüsü olduğu təqdirdə, bu görüntüyə baxmaq müsəlman qadının hörmətini sındırmaq hesab olunmazsa, ona baxmağın maneəsi yoxdur. Ehtiyat-vacibə görə, televizorda birbaşa yayımda görüntülənən naməhrəm qadına baxmaq olmaz. Amma əgər televizorda birbaşa olmayan yayımda görüntülənən naməhrəm qadına baxmağın günaha düşmək qorxusu mövcud olmazsa, ona baxmağın maneəsi yoxdur.
Sual 1184: Peyk antenaları vasitəsilə yayımlanan televiziya kanallarına baxmağın hökmü nədir? Əgər Fars körfəzi ölkələrinə qonşu olan rayonların sakinləri həmin ölkələrin televiziya kanallarını izləsələr, bunun hökmü nədir?
Cavab: Qərbin peyk vasitəsilə yayımlanan televiziya kanalları, həmçinin qonşu ölkələrin əksəriyyətinin televiziya kanalları azğın düşüncələri təlim və haqqı təhrif etdiyinə, fəsad və əxlaqsızlığı təbliğ etdiyinə görə, habelə, bu kanalları izləmək əksər hallarda azğınlığa, fəsada və haram işlərin yerinə yetirilməsinə səbəb olduğuna görə bu kanallara baxmaq olmaz.
Sual 1185: Radio və televiziyadan komediya proqramlarını dinləmək və ya izləməyin maneəsi varmı?
Cavab: Komediya proqramlarını və gülməli teatrları dinləmək və izləməyin maneəsi yoxdur, əlbəttə, bu şərtlə ki, mömin bir şəxsə qarşı hörmətsizlik olmamalıdır.
Sual 1186: Toy məclisində mənim bir neçə fotoşəklimi çəkdilər və mən bu fotoşəkillərdə kamil hicabda deyildim. İndi bu fotoşəkillər mənim dostlarımda və qohumlarımdadır. Bu fotoşəkilləri onlardan almaq mənə vacibdirmi?
Cavab: Əgər bu fotoşəkillərin başqalarında olmasının bir fəsadı yoxdursa, yaxud bu fotoşəkilləri başqalarından almağın sizə böyük çətinliyi və əziyyəti vardırsa, bu barədə sizin üzərinizə bir vəzifə düşmür.
Sual 1187: İmam Xomeyninin (r.ə) və şəhidlərin fotoşəklini öpməyin biz qadınlar üçün maneəsi vardırmı, nəzərə alaraq ki, onlar biz qadınlara naməhrəmdirlər?
Cavab: Ümumiyyətlə, insanın fotoşəkli onun özü hökmündə deyildir. Ona görə də günaha düşmək qorxusu mövcud olmadığı təqdirdə, ehtiram və sevgi göstərmək məqsədilə fotoşəkli öpməyin maneəsi yoxdur.
Sual 1188: Kinofilmlərdə və başqa videogörüntülərdə tanımadığımız qadınların çılpaq və yarıçılpaq görüntülərinə baxmaq olarmı?
Cavab: Naməhrəmin videogörüntüsünə və fotoşəklinə baxmaq, onun özünə baxmaq hökmündə deyildir. Beləliklə, əgər mükəlləf naməhrəmin videogörüntüsünə və fotoşəklinə şəhvət üzündən baxmazsa və harama düşmək qorxusu olmazsa, həmçinin fəsadı olmazsa, bunun şəri baxımdan maneəsi yoxdur. Amma nəzərə alsaq ki, çılpaq qadın görüntüsünə baxmaq şəhvəti təhrik edir və bu görüntülərə, adətən, şəhvət ilə baxılır, buna görə də, günah işlətmək üçün bir başlanğıc olur, bu baxımdan belə görüntülərə baxmaq haramdır.
Sual 1189: Qadın ərinin icazəsi olmadan toy məclislərində fotoşəkil çəkdirə bilərmi? Əgər çəkdirə bilərsə, kamil hicaba riayət etməlidirmi?
Cavab: Fotoşəkil çəkdirmək üçün ərin icazəsi lazım deyildir. Amma əgər qadın ehtimal versə ki, naməhrəm kişi onun fotoşəklini görə bilər və kamil hicaba riayət etməmək fəsadla nəticələnər, kamil hicaba riayət etmək vacibdir.
Sual 1190: Qadınlar kişilərin güləşini izləyə bilərmi?
Cavab: Əgər güləş meydanında iştirak edərək izləyərlərsə, yaxud ləzzət almaq məqsədilə izləyərlərsə, yaxud da günaha və fəsada düşmək qorxusu mövcud olarsa, buna icazə verilmir. Əgər televizayadan birbaşa yayımda izləyərlərsə, ehtiyata görə, icazə verilmir. Bundan qeyri hallarda isə, maneəsi yoxdur.
Sual 1191: Əgər toy məclisi gecəsi gəlin başına açıqrəngli və nazik örtük atarsa, naməhrəm kişi onun fotoşəklini çəkə bilərmi?
Cavab: Əgər bu iş naməhrəm qadına haram baxış ilə yanaşı olarsa, bu işi görmək olmaz. Əks təqdirdə, maneəsi yoxdur.
Sual 1192: Qadının öz məhrəmləri ilə hicabsız fotoşəklini çəkməyin hökmü nədir? Əgər ehtimal verilsə ki, fotoşəkillər çıxarılarkən naməhrəm bir kişi onları görəcəkdir, bunun hökmü nədir?
Cavab: Əgər bu qadına baxan və onun fotoşəklini çəkən fotoqraf bu qadının məhrəmlərindən olarsa, qadının fotoşəklini çəkməyin maneəsi yoxdur. Qadını tanımayan fotoqrafın bu fotoşəkilləri çıxarmasının da maneəsi yoxdur.
Sual 1193: Bəzi gənclər əxlaqa zidd görüntülərə baxır və bu işləri üçün əsassız üzrlər gətirirlər. Bunun hökmü nədir? Əgər bu görüntülərə baxmaq insanın şəhvətini müəyyən qədər sakitləşdirərsə və harama düşməyin qarşısının alınmasında təsirli olarsa, hökmü nədir?
Cavab: Əgər şəxs bu görüntülərə cinsi ləzzət almaq məqsədilə baxarsa, yaxud bu görüntülərə baxdıqda şəhvətinin təhrik olacağını bilərsə, yaxud günaha və fəsada düşmək qorxusu mövcud olarsa, bu təqdirdə bu görüntülərə baxmaq haramdır. Amma başqa bir harama düşməməsi üçün insanın bu görüntülərə baxması məsələsinə gəlincə, bu məsələ şəri baxımdan haram olan bir işi görməyi icazəli etmir.
Sual 1194: Musiqi çalınan və rəqs edilən şənlik məclislərində video çəkiliş etmək üçün iştirak etməyin hökmü nədir? Kişinin kişi məclislərindən və qadının qadın məclislərindən video çəkiliş etməsinin hökmü nədir? Toy məclisinin video çəkilişini kişi montajçının – istər toy sahibinin ailəsini tanıyan, istərsə də tanımayan bir montajçının – montaj etməsinin hökmü nədir? Həmçinin bu işi qadın montajçının etməsinin hökmü nədir? Bu video yazılarda musiqilərdən istifadə etmək olarmı?
Cavab: Ğinaya və ya haram musiqiyə qulaq asmaq, yaxud hansısa bir haram işi görmək ilə yanaşı olmadığı təqdirdə, şənlik məclislərində iştirak etməyin, həmçinin kişinin kişi məclislərindən və qadının qadın məclislərindən video çəkiliş etməsinin maneəsi yoxdur. Amma kişinin qadın məclislərindən və ya qadının kişi məclislərindən video çəkiliş etməsinə gəlincə, əgər günaha düşmək qorxusu olan baxış ilə yanaşı olarsa, yaxud hər hansı bir fəsadı olarsa, bu işə icazə verilmir. Həmçinin video yazılarda eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdən istifadə etmək haramdır.
Sual 1195: İslam hökuməti televiziyasından yayımlanan kinofilmləri (istər xarici, istər daxili kinofilmlər) və musiqiləri izləmək və dinləməyin hökmü nədir?
Cavab: Əgər dinləyici və ya izləyici müəyyən etsə ki, radio və televiziyadan yayımlanan musiqi eyş-işrət və günah məclislərinə uyğun musiqidir, yaxud televiziyada nümayiş etdirilən kinofilmi izləməyin fəsadı vardır, o, bu musiqini dinləyə və ya bu kinofilmi izləyə bilməz. Bu musiqi və ya kinofilmin radio və televiziyadan yayımlanması, onu dinləmək və ya izləməyin icazəli olmasına şəri dəlil hesab olunmur.
Sual 1196: Dövlət müəssisələrində divara vurmaq üçün Həzrət Peyğəmbər (s), Əmirəl-möminin Əli (ə) və İmam Hüseynə (ə) aid edilən təsvirləri almağın və satmağın hökmü nədir?
Cavab: Bu işin öz-özlüyündə şəri baxımdan maneəsi yoxdur, bu şərtlə ki, ürfə görə hörmətsizlik hesab olunan cəhətlərə şamil olmamalı və o həzrətlərin şəninə zidd olmamalıdır.
Sual 1197: Şəhvətin təhrik olunmasına səbəb olan əxlaqa zidd kitabları və şeirləri oxumağın hökmü nədir?
Cavab: Onlardan çəkinmək gərəkdir.
Sual 1198: Peyk antenaları vasitəsilə yayımlanan televiziya kanallarında bəzi ictimai proqramlar göstərilir ki, qərb cəmiyyətinin ictimai məsələlərini əks etdirir və azğın düşüncələri yaymaq, o cümlədən, kişi və qadın arasında məsafənin olmamasına təşviq etmək və qeyri-qanuni cinsi əlaqələri təbliğ etmək xarakteri daşıyır. Belə ki, bu proqramlar bəzi möminləri də öz təsiri altına almışdır. Təsir altına düşməsi ehtimal verilən şəxslərin bu proqramları izləməsinin hökmü nədir? Bu hökm, bu proqramları təhlil edib onların mənfi cəhətlərini aşkarlamaq və camaata bu proqramlara baxmamaq üçün öyüd-nəsihət etmək məqsədilə baxan şəxslər barəsində dəyişirmi?
Cavab: Əgər bu proqramlar cinsi ləzzət almaq məqsədilə izlənilərsə, yaxud təsir altına düşmək və fəsad qorxusu mövcud olarsa, onları izləmək olmaz. Amma bu proqramların təsiri altına və fəsada düşməyəcəyinə əmin olan səlahiyyətli şəxslərin bu proqramları təhlil etmək və camaatı onların təhlükələri və mənfi cəhətləri barədə məlumatlandırmaq məqsədilə onları izləməsinin maneəsi yoxdur. Əlbəttə, əgər bu zəmində müəyyən qanunlar mövcud olarsa, onlara riayət olunmalıdır.
Sual 1199: Bəzənmiş və başı-sinəsi açıq televiziya aparıcısının saçlarına baxmaq olarmı?
Cavab: Əgər ləzzət almaq məqsədilə olmazsa və harama, fəsada düşmək qorxusu mövcud olmazsa, habelə, birbaşa və canlı yayım olmazsa, maneəsi yoxdur.
Sual 1200: Ailəli şəxs şəhvəti təhrik edən filmləri izləyə bilərmi?
Cavab: Əgər bu filmləri şəhvətinin təhrik olunması məqsədilə izləyərsə, yaxud bu filmləri izləmək şəhvətin təhrik olunmansına səbəb olarsa, onları izləyə bilməz.
Sual 1201: Harama düşməyə səbəb olmadığı təqdirdə, evli kişinin hamilə qadın ilə düzgün qaydada cinsi əlaqədə olmağı təlim edən videoçarxları izləməsinin hökmü nədir?
Cavab: Bu videoçarxları izləmək hər zaman şəhvəti təhrik edən baxış ilə birgə olduğuna görə, onları izləmək olmaz.
Sual 1202: İcazəli olan kinofilmləri, dərgiləri, nəşriyyatları, audio diskləri müəyyən etmək məqsədilə Dini Maarif Nazirliyinin nəzarət məsullarının müxtəlif kinofilmləri, dərgiləri, nəşriyyatları və audio diskləri izləmələri və dinləmələrinin hökmü nədir?
Cavab: Qanuni vəzifələrini yerinə yetirərkən Dini Maarif Nazirliyinin nəzarət məsullarının bu materialları zəruri miqdarda izləmələri və dinləmələrinin maneəsi yoxdur. Amma ləzzət almaq niyyətindən və harama düşmək qorxusu olan baxışdan çəkinməlidirlər. Həmçinin nəzarət və araşdırma işinə təyin edilən şəxslər fikri və ruhi baxımdan müşavir məsulların nəzarəti altında olmalıdırlar.
Sual 1203: Azdırıcı səhnələrini kəsib montaj etdikdən sonra izləyicilər arasında yaymaqdan ötrü belə səhnələri olan kinofilmləri izləməyin hökmü nədir?
Cavab: Əgər bu kinofilmləri izləməkdə məqsəd, fəsad yaradan və azdırıcı səhnələri kəsib montaj etmək olarsa, onları izləməyin maneəsi yoxdur. Bu şərtlə ki, bu işi görən şəxs harama düşməkdən amanda olmalıdır.
Sual 1204: Ər və arvad evdə porno filmləri izləyə bilərlərmi? Beldən aşağı iflic olan şəxs şəhvətinin təhrik olunması və öz həyat yoldaşı ilə cinsi əlaqədə olmağa qabil olması məqsədilə belə filmləri izləyə bilərmi?
Cavab: Porno filmləri vasitəsilə şəhvətin təhrik edilməsinə icazə verilmir.
Sual 1205: Fəsadı olmadığı təqdirdə, İslam dövlətinin qanunlarına görə qadağan olunmuş filmləri və görüntüləri gizli şəkildə izləməyin hökmü nədir? Gənc ər və arvad üçün bunun hökmü nədir?
Cavab: Əgər qadağan olunmuş filmlər və görüntülərdirsə, onları izləməyin maneəsi vardır.
Sual 1206: İslam hökümətinin ali dəyərlərinə və Ali Dini Liderə hörmətsizliyi ehtiva edən videoçarxları izləməyin hökmü nədir?
Cavab: Onları izləməkdən çəkinmək lazımdır.
Sual 1207: İslam inqilabından sonra İranda istehsal olunan bəzi kinofilmlərdə aktrisalar naqis hicabdadırlar və bunun bəzən mənfi təsirləri olur. Belə kinofilmləri izləməyin hökmü nədir?
Cavab: Əgər izləyici bu kinofilmləri ləzzət almaq niyyətilə və ya harama düşmək qorxusu olan baxış ilə izləməzsə, həmçinin fəsadın yaranmasına səbəb olmazsa, onları izləməyin öz-özlüyündə maneəsi yoxdur. Amma kinematoqraflar İslamın dəyərli təlimlərinə zidd olan kinofilmləri istehsal etməkdən çəkinməlidirlər.
Sual 1208: Dini Maarif Nazirliyinin təsdiqlədiyi kinofilmləri yaymağın hökmü nədir? Həmçinin Dini Maarif Nazirliyinin təsdiqlədiyi audio diskləri universitetlərdə yaymağın hökmü nədir?
Cavab: Əgər mükəlləfin nəzərincə həmin kinofilmlər və ya audio disklər ürfə görə ğinanı, yaxud eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri ehtiva edirsə, mükəlləf onları yaya, həmçinin izləyə və dinləyə bilməz. Əgər məsələnin təyin edilməsində mükəlləfin nəzəri bəzi aidiyyatı qurumların təsdiqi ilə ziddiyyət təşkil edirsə, bu qurumların təsdiqi sözügedən məsələnin mükəlləf üçün icazəli olmasına şəri dəlil hesab olunmayacaq.
Sual 1209: Naməhrəm qadınların şəkli dərc olunan və geyim seçmək üçün istifadə edilən qadın geyimləri dərgilərini alıb-satmağın və saxlamağın hökmü nədir?
Cavab: Bu dərgilərdə sırf naməhrəm qadınların şəklinin dərc olunması, onları alıb-satmağa və geyim seçmək üçün onlardan istifadə etməyə maneə yaratmır. Əlbəttə, bu şərtlə ki, həmin şəkillər fəsada səbəb olacaq bir tərzdə olmamalıdır.
Sual 1210: Videokamera almaq və satmaq olarmı?
Cavab: Haram işlərdə istifadə etmək məqsədilə olmadığı təqdirdə videokamera almağın və satmağın maneəsi yoxdur.
Sual 1211: Əxlaqa zidd filmlərin disklərini, həmçinin video aparatı (DVD) alıb-satmağın və icarəyə verməyin hökmü nədir?
Cavab: Əgər filmlər şəhvəti təkrik edən və azğınlıq və fəsada səbəb olan əxlaqa zidd səhnələrə şamil olarsa, yaxud ğinaya və ya eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərə şamil olarsa, onları hazırlamaq, alıb-satmaq və icarəyə vermək olmaz. Həmçinin bu kimi filmləri izələmək və musiqiləri dinləmək üçün video aparatını (DVD) icarəyə verməyə icazə verilmir.
Sual 1212: Xarici radioların xəbərlərini və elmi-mədəni proqramlarını dinləmək olarmı?
Cavab: Azğınlığa və fəsada səbəb olmadığı təqdirdə, dinləmək olar.
- Peyk antena
Peyk antena
Sual 1213: Peykdən yayımlanan televiziya kanallarını tutmaq üçün qəbuledici peyk antenasını almaq, saxlamaq və istifadə etmək olarmı? Əgər bu antena havayı olaraq əldə edilərsə, hökmü nədir?
Cavab: Qəbuledici peyk antenası televiziya kanallarını tutmaq və həm halal, həm də haram proqramları izləmək üçün bir vasitə olduğuna görə “müştərək alət” hökmünü daşıyır. Odur ki, haram işlərə istifadə məqsədilə onu almaq, satmaq və saxlamaq haramdır. Halal işlərə istifadə məqsədilə isə, icazə verilir. Amma bu antena ona sahib olan şəxs üçün haram televiziya proqramlarını izləməyə əlverişli şərait yaratdığına və bəzən də başqa fəsadlara zəmin yaratdığına görə, onu almaq və saxlamağa icazə verilmir. Yalnız ondan haram işlərə istifadə etməyəcəyinə və evdə bu antenanın quraşdırılması fəsada zəmin yaratmayacağına əmin olan bir şəxs onu ala və saxlaya bilər. Lakin əgər bu zəmində qanun mövcuddursa, ona riayət olunmalıdır.
Sual 1214: İran İslam Respublikasından xaricdə yaşayan şəxslər İran İslam Respublikasının peykdən yayımlanan televiziya kanallarını tutmaq məqsədilə qəbuledici peyk antenasını ala və ya sata bilərlərmi?
Cavab: Baxmayaraq ki, sözügedən antena “müştərək alət” hökmünü daşıyır və ondan halal işlərə istifadə etmək mümkündür, amma əksər hallarda ondan haram işlərə istifadə edildiyinə görə və bundan əlavə, evdə bu antenanı quraşdırmaq digər fəsadlara zəmin yaratdığına görə, onu almağa və evdə onu quraşdırmağa icazə verilmir. Yalnız ondan haram işlərə istifadə etməyəcəyinə və evdə bu antenanın quraşdırılması fəsada zəmin yaratmayacağına əmin olan bir şəxs onu ala və saxlaya bilər.
Sual 1215: Əgər qəbuledici peyk antenası İran İslam Respublikasının televiziya kanallarından əlavə, ərəb ölkələrinin və Fars körfəzi ölkələrinin xəbər kanallarını və faydalı proqramları yayımlayan bəzi kanallarını, həmçinin qərb ölkələrinin bütün televiziya kanallarını və fəsad yayan kanallarını da tutursa, bunun hökmü nədir?
Cavab: Televiziya kanallarını tutmaq üçün bu antenadan istifadə etməyə hansı meyar ilə icazə verildiyi bir qədər əvvəldə açıqlandı və bu xüsusda qərb ölkələri ilə başqa ölkələrin televiziya kanalları arasında fərq yoxdur.
Sual 1216: Qərb ölkələrinin, yaxud Fars körfəzi ölkələrinin, yaxud da başqa ölkələrin peykdən yayımlanan televiziya kanallarında elmi, dini və ya başqa proqramları izləmək üçün peyk antenalarından istifadə etməyin hökmü nədir?
Cavab: Elmi, dini və ya başqa proqramları izləmək və dinləmək üçün bu antenadan istifadə etməyin öz-özlüyündə bir maneəsi olmasa da, amma qərb ölkələrinin və əksər qonşu ölkələrin peykdən yayımlanan televiziya kanallarındakı proqramlar əksər hallarda azğın düşüncələri təlim, haqqı təhrif və eyş-işrəti təbliğ etdiklərinə görə, hətta bu kanallarda elmi və ya dini proqramları izləmək fəsada və harama düşməyə səbəb olduğuna görə həmin proqramları izləmək üçün sözügedən antenalardan istifadə etmək şəri baxımdan haramdır. Əlbəttə, əgər sırf faydalı elmi və ya dini proqramlar olarsa və onları izləmək hansısa bir fəsada və ya harama düşməyə səbəb olmazsa, bu proqramları izləməyə icazə verilir. Lakin əgər bu zəmində qanun mövcuddursa, ona riayət olunmalıdır.
Sual 1217: Mənim peşəm radio və televiziya kanallarını tutan qəbuledici cihazları təmir etməkdir. Son zamanlar peyk antenalarının hissələrini quraşdırmaq və onları təmir etmək üçün mənə müraciət olunur. Bu xüsusda mənim vəzifəm nədir? Bu antenaların hissələrini alıb-satmağın hökmü nədir?
Cavab: Əgər bu antenadan haram işlər üçün istifadə ediləcəksə - adətən, haram işlər üçün istifadə edilir – və yaxud siz bu antenanı quraşdırmaq istəyən şəxsin ondan haram işlər üçün istifadə edəcəyini bilsəniz, onu alıb-satmaq, hissələrini quraşdırmaq və təmir etmək olmaz.
- Teatr və kinofilm
Teatr və kinofilm
Sual 1218: Lazım gələrsə, din alimlərinin və qazilərin geyimlərindən kinofilmlərdə istifadə etmək olarmı? Din alimlərinin və İslam dininin hörmətini gözləmək, ədəbsizlik və hörmətsizlik etməmək şərtilə keçmiş və ya müasir din alimləri barəsində dini və irfani məzmunda kinofilmlər çəkmək olarmı, yoxsa yox? Qeyd etməliyik ki, məqsəd, İslam dininin açıqladığı uca və dərin dəyərləri tanıtdırmaq, irfanın mənasını və müsəlman ümmətinin üstünlüyü sayılan xalis mədəniyyəti bəyan etmək, həmçinin düşmənin rüsvayçı mədəniyyəti qarşısında dayanmaqdır. Bunu da qeyd etməliyik ki, bütün bu deyilənləri kinofilm qəlibində bəyan etməyin daha çox cəzbediciliyi və təsiri, xüsusilə də, gənc nəslin üzərində böyük təsiri vardır.
Cavab: Kİnofilmin maarifləndirmə və təbliğat vasitəsi olduğunu nəzərə alaraq, gənclərin və başqalarının maariflənməsi və məlumatlanması, habelə, İslam mədəniyyətinin təbliği üçün yararlı ola biləcək hər bir şeyin görüntülənməsi və təqdim olunmasının maneəsi yoxdur. Din alimlərinin şəxsiyyətinin və onların özünəməxsus həyat tərzinin, həmçinin digər alimlərin və böyük şəxsiyyətlərin, onların həyat tərzinin tanıtdırılması bunlardan biridir. Amma onların hörmətini və xüsusi həyatlarına aid məqamları gözləmək vacibdir. Həmçinin bu vasitədən İslama zidd olan bilgilərin yayılması üçün istifadə olunmamalıdır.
Sual 1219: Biz həmişəyaşar Kərbəla hadisəsini və İmam Hüseynin (ə) uğrunda şəhid olduğu böyük hədəfləri əks etdirən tarixi bir kinofilm çəkmək istəyirik. Qeyd etməliyik ki, İmam Hüseyn (ə) bu kinofilmdə adi şəkildə göstərilməyəcək, əksinə, çəkilişdə, işıqlandırmada və montajda nur əhatəsində göstəriləcəkdir. Belə bir kinofilmi çəkmək və İmam Hüseyni (ə) bu şəkildə göstərmək olarmı?
Cavab: Əgər kinofilm mötəbər mənbələrə istinadən çəkilərsə, habelə, mövzunun müqəddəsliyi, İmam Hüseynin (ə) və onun səhabələrinin, əziz Əhli-beytinin (Salam olsun onlara!) uca məqamı qorunaraq çəkilərsə, maneəsi yoxdur. Amma mövzunun müqəddəsliyinin və Seyyidüş-şühədanın (ə) və onun səhabələrinin hörmətinin layiqincə qorunması olduqca çətin bir iş olduğuna görə, bu zəmində ehtiyat etmək gərəkdir.
Sual 1220: Teatr nümayiş etdirərkən və ya kinofilmə çəkilərkən kişilərin qadın geyimi və ya qadınların kişi geyimi geyinmələrinin hökmü nədir? Kişilərin qadın səsini və ya qadınların kişi səsini yamsılamalarının hökmü nədir?
Cavab: Rol oynayarkən və bir şəxsin obrazını yaradarkən əks cinsin geyimini geyinmək və səsini yamsılamaq əgər fəsada səbəb olmazsa, bu işin icazəli olması uzaq ehtimal deyildir.
Sual 1221: Kişilərin də seyr etdikləri teatr tamaşalarında qadın aktrisaların müxtəlif növ kremlərdən və kosmetik vasitələrdən istifadə etmələrinin hökmü nədir?
Cavab: Əgər onları qadınlar və ya onlara məhrəm olan kişilər makiyaj edərsə, yaxud özləri özlərini makiyaj edərlərsə, həmçinin bu iş fəsada səbəb olmazsa, maneəsi yoxdur. Əks təqdirdə, buna icazə verilmir. Əlbəttə, makiyajlı üz naməhrəmdən örtünməlidir.
- Rəssamlıq və heykəltəraşlıq
Rəssamlıq və heykəltəraşlıq
Sual 1222: Gəlincik və heykəl düzəltmək, canlı varlıqların – istər bitkilərin, istər heyvanların, istərsə də insanların – rəsmini və üz cizgilərini çəkməyin hökmü nədir? Onları almaq, satmaq, saxlamaq və sərgilərdə sərgiləməyin hökmü nədir?
Cavab: Heykəl düzəltməyin, rəsm çəkməyin, hətta canlı varlıqların üz cizgilərini çəkməyin maneəsi yoxdur. Həmçinin rəsm tabloları və heykəlləri almaq, satmaq və saxlamaq olar. Onları sərgilərdə sərgiləməyin də maneəsi yoxdur.
Sual 1223: Yeni tədris metodunda “özünə güvənmə” adlı dərs saatı mövcuddur və bu dərsdə oyuncaq, heykəl düzəltmək də tələb olunur. Bəzi müəllimlər əl işi ünvanında şagirdlərə it, dovşan və bu kimi heyvanların parçadan və ya başqa materialdan oyuncağını və heykəlini düzəltməyi tapşırırlar. Bu əşyaları düzəltməyin hökmü nədir? Müəllimlərin şagirdlərə bu tapşırığı vermələrinin hökmü nədir? Bu heyvanların tam heykəlini düzəltmək ilə yarımçıq heykəlini düzəltmək hökmdə təsir qoyurmu?
Cavab: Heykəl düzəltməyin və heykəl düzəltməyə dair tapşırıq verməyin maneəsi yoxdur.
Sual 1224: Uşaqların və yeniyetmələrin “Quran hekayələri”ni təsvir etmələri və rəsmini çəkmələrinin hökmü nədir? Məsələn, uşaqlara “Əshabi-fil”, yaxud Musa peyğəmbər (ə) üçün çayın yarılması, yaxud da başqa hekayələrin rəsmini çəkmək tapşırılır.
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur, amma həqiqətə müvafiq olmalıdır. Həqiqəti olmayan məsələlərdən və ya hörmətsizlik sayılan işlərdən çəkinmək lazımdır.
Sual 1225: Canlı varlıqların – istər insanların, istər qeyri insanların – müəyyən dəzgahlar vasitəsilə heykəlini və ya oyuncağını düzəltmək olarmı?
Cavab: Maneəsi yoxdur.
Sual 1226: Heykəl şəklində dekorativ əşyalar düzəltməyin hökmü nədir? Heykəllərin düzəldildiyi materiallar “haram” hökmünə təsir edirmi?
Cavab: Heykəl düzəltməyin maneəsi yoxdur və heykəllərin düzəldiyi materiallar arasında da fərq yoxdur.
Sual 1227: Gəlinciyin hissələrini, məsələn, əlini, ayağını və başını bərpa etməyə heykəl düzəltməyin haramlığı hökmü şamil olurmu? Buna “heykəl düzəltmək” deyilirmi?
Cavab: Gəlinciyin hissələrini düzəltmək və ya onları bərpa etmək “heykəl düzəltmək” hesab olunmur. Ümumiyyətlə, heykəl düzəltməyin maneəsi yoxdur.
Sual 1228: Bəziləri bədənə xal döydürməyə adi baxırlar və bu yolla bədənlərinə silinməyən şəkillər çəkdirirlər. Bunun hökmü nədir? Bu, dəstəmaz və qüslün düzgünlüyünə xələl gətirirmi?
Cavab: Bədənə xal döydürmək haram deyildir və dərinin altında qalan izlər dəstəmaz suyunun bədənə çatmasına maneə deyildir. Döymə xal ilə alınan dəstəmaz və edilən qüsl düzgündür.
Sual 1229: Bir ər və arvad tanınmış rəssamdırlar və onların işi rəsm tablolarını bərpa etməkdir. Bu tabloların əksəriyyətində xristian cəmiyyəti əks olunubdur və onların bəzisində xaç şəkli, Xanım Məryəmin (s.ə) və İsa peyğəmbərin (ə) rəsmi mövcuddur. Çox qədim olduqlarına görə və ya başqa səbəblərə görə müəyyən hissəsi aradan gedən bu tabloları bərpa etmək üçün bəzi müəssisələr və şirkətlər, yaxud kilsə tərəfindən bəzi şəxslər onlara müraciət edirlər. Nəzərə alsaq ki, tabloların əksəriyyəti belədir və tabloları bərpa etmək dolanışıqlarını təmin etmək üçün onların yeganə peşəsidir, habelə, onlar müqəddəs İslam dininin təlimlərinə əməl edirlər, belə tabloları bərpa edə və bu işdən aldıqarı zəhmət haqqıdan istifadə edə bilərlərmi?
Cavab: Rəsm tablolarını bərpa etməyin, hətta xristian cəmiyyəti, yaxud İsa peyğəmbərin (ə) və Xanım Məryəmin (s.ə) rəsmini əks etdirən tablolar olsa belə, öz-özlüyündə maneəsi yoxdur. Bu işin qarşılığında zəhmət haqqı almağın da maneəsi yoxdur. Həmçinin bu işi bir peşə kimi seçmək və dolanışığı təmin etməyin maneəsi yoxdur. Əlbəttə, bu iş səhv yolu və azğınlığı yaymaq olmamalı, yaxud başqa fəsadlara səbəb olmamalıdır.
- Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
Sual 1230: Fokus öyrənmək, öyrətmək və izləməyin, cəldlik ilə yanaşı olan oyunları oynamağın hökmü nədir?
Cavab: Sehrin növlərindən sayılan fokusu öyrənmək və öyrətmək haramdır. Amma sürətli hərəkət və cəldlik ilə yanaşı olan və sehrin növlərindən sayılmayan oyunların maneəsi yoxdur.
Sual 1231: Rəml atmağı, münəccimlik etməyi, qeybdən xəbər verən digər elmləri öyrənmək olarmı?
Cavab: Hal-hazırda bu elmlərdən insanlar arasında mövcud olan bilgilər əksər hallarda qeybi bilmək və qeybi məsələləri yəqinliklə xəbər verməkdə etimad ediləcək həddə deyildir. Amma rəml atmaq kimi elmləri düzgün şəkildə öyrənməyin maneəsi yoxdur, bu şərtlə ki, fəsada səbəb olmamalıdır.
Sual 1232: Sehr öyrənmək və onu yerinə yetirmək olarmı? Ruhları, mələkləri və cinləri çağırmaq olarmı?
Cavab: Sehr elmi və onu öyrənmək haramdır. Əlbəttə, məntiqi və şəri bir məqsədlə olduqda, istisna təşkil edir. Ruhları, mələkləri və cinləri çağırmağa gəlincə isə bu, yerinə, vasitələrinə və məqsədinə görə müxtəlif hökmlər daşıyır.
Sual 1233: Ruhları və cinləri ram edərək xəstəliyi müalicə edən şəxslərə möminlərin müraciət etmələrinin hökmü nədir? Qeyd etməliyik ki, bu şəxslərin ancaq xeyir iş gördüklərinə yəqinlik vardır.
Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, bu iş şəri baxımdan halal olan yollarla görülməlidir.
Sual 1234: Xırda daşlar vasitəsilə fala baxmaq və bu yolla gəlir əldə etmək olarmı?
Cavab: Yalan xəbərlər verməyə icazə verilmir.
- Hipnotizm
Hipnotizm
Sual 1235: Hipnoz etmək olarmı?
Cavab: Əgər məntiqi bir məqsədlə olarsa və hipnoz edilən şəxsin buna razılığı olarsa, həmçinin haram bir işlə yanaşı olmazsa, maneəsi yoxdur.
Sual 1236: Bəzi şəxslər müalicə məqsədilə deyil, insan ruhunun qüdrətini nümayiş etdirmək məqsədilə hipnoz edirlər. Bu işə icazə verilirmi? Bu sahədə təcrübəsi olan, amma mütəxəssis olmayan şəxslər bu işi görə bilərlərmi?
Cavab: Ümumiyyətlə, halal və məntiqi məqsədlə hipnotizmi öyrənmək və ondan istifadə etməyin maneəsi yoxdur. Bu şərtlə ki, süni yuxuya getmək istəyən şəxsin buna razılığı olmalıdır və hipnozun onun üçün etina olunacaq bir zərəri də olmamalıdır.
- Bəxt oyunları (lotoreya)
Bəxt oyunları (lotoreya)
Sual 1237: Lotoreya biletlərini almaq və satmağın və uduşa düşən hədiyyənin hökmü nədir?
Cavab: Lotoreya biletlərinin alğı-satqısı ehtiyat-vacibə görə, haramdır. Hədiyyəni udan şəxs onun maliki olmur və hədiyyəni almağa haqqı yoxdur.
Sual 1238: “Firavan həyat müjdəsi” adı ilə camaat arasında yayılan biletləri almaq və bu biletlərə aid püşkatmada iştirak etməyin hökmü nədir?
Cavab: Xeyriyyə işlərinə camaatdan yardım yığmaq məqsədi dayışan biletləri paylamağın və yardım edənləri püşkatma ilə təşviq etmək və həvəsləndirməyin şəri qadağası yoxdur. Həmçinin xeyriyyə işlərində iştirak etmək məqsədilə bu biletləri almaq üçün pul ödəməyin maneəsi yoxdur.
Sual 1239: Bir şəxs öz maşınını lotoreya oyununa qoymuşdur. Belə ki, oyun iştirakçısı müəyyən tarixdə püşk atılacaq bileti müəyyən qiymətə alır. Bir qrup insan püşkatmada iştirak edir və həmin günün axırında püşk atılır. Püşkdə kimin adı çıxırsa, həmin şəxs qalib olur və bahalı maşını təhvil alır. Püşkatma yolu ilə maşının bu şəkildə verilməsinə şəri baxımdan icazə verilirmi?
Cavab: Belə biletlərin alğı-satqısı ehtiyata görə, haramdır və hədiyyəni udan şəxs onun sahibi olmur. Suala əsasən, hədiyyəni udan şəxsin sözügedən maşının sahibi ola bilməsi üçün maşının sahibi “şəri əqdlər”dən biri, məsələn, alğı-satqı, hədiyyə, müsalihə əsasında onu udan şəxsin mülkiyyətinə keçirməlidir.
Sual 1240: Camaatın xeyriyyə işlərinə olan yardımlarını yığmaq məqsədi daşıyan biletləri satmaq olarmı? Belə ki, yardım yığılandan sonra püşk atılır və yığılan yardımın bir hissəsi hədiyyə ünvanında püşkdə adı çıxanlara verilir, qalan hissəsi isə ümumi xeyri olan işlərə sərf edilir.
Cavab: Bu işi “alğı-satqı” adlandırmaq düzgün deyildir. Amma bu biletləri camaat arasında yaymaq və xeyriyyə işləri üçün yardım yığmağın maneəsi yoxdur. Püşkdə adı çıxanlara hədiyyələrin veriləcəyi vədi ilə camaatı yardım etməyə təşviq etmək də olar. Bu şərtlə ki, camaat bu biletləri xeyriyyə işlərində iştirak etmək məqsədilə əldə etməlidirlər.
Sual 1241: Xüsusi bir şirkətin əmlakı olan lotoreya biletlərini almaq olarmı, belə ki, gəlirin yalnız iyirmi faizi qadın xeyriyyə müəssisələrinə veriləcəkdir?
Cavab: Lotoreya biletlərinin alğı-satqısı ehtiyat-vacibə görə, haramdır və bu biletlərin püşkatmasında adı çıxan şəxslər aldıqları pulun sahibi olmurlar.
- Rüşvət
- İdarə və ya şirkətin alış və satış işləri üzrə məsul şəxsi
İdarə və ya şirkətin alış və satış işləri üzrə məsul şəxsi
Sual 1251: Bəzi satıcılar idarə və ya şirkətin alış işləri üzrə məsul şəxsi ilə əlaqə yaratmaq məqsədilə satdıqları malın sabit qiymətinə heç nə əlavə etmədən ona müəyyən məbləğ pul verirlər. Bu pulun satıcı və alış işləri üzrə məsul şəxs ilə əlaqədar hökmü nədir?
Cavab: Satıcı bu pulu alış işləri üzrə məsul şəxsə verə bilməz və məsul şəxs də onu ala bilməz. Aldığı pulu işçisi olduğu idarəyə və ya şirkətə təhvil verməlidir.
Sual 1252: İdarəyə və ya şirkətə lazım olan əşyaları satış mərkəzlərindən almaq vəzifəsini daşıyan dövlət idarəsi və ya özəl şirkətin işçisi satıcı qarşısında şərt qoya bilərmi ki, alışdan əldə etdiyi gəlirin müəyyən faizini ona versin? O, bu pulu satıcıdan ala bilərmi? Əgər idarə və ya şirkət müdiri onun belə bir şərt qoymasına icazə verərsə, bunun hökmü nədir?
Cavab: Alış işləri üzrə məsul şəxsin və ya işçinin belə bir şərt qoyması düzgün deyildir və bu pulu satıcıdan ala bilməz. Belə bir şərtin qoyulmasına idarə və ya şirkət müdirinin də icazə verməyə haqqı yoxdur və onun bu xüsusda olan icazəsi etibarsızdır.
Sual 1253: İdarəyə və ya şirkətə lazım olan əşyaları almaq vəzifəsini daşıyan alış işləri üzrə məsul şəxs satıcıdan maddi köməklik almaq məqsədilə bazarda müəyyən qiyməti olan bir əşyanı ondan baha qiymətə ala bilərmi? Bu alış-veriş düzgündürmü? Buna görə satıcıdan maddi köməklik ala bilərmi?
Cavab: Əgər o, müəyyən bir əşyanı ədalətli bazar qiymətindən baha qiymətə alarsa, yaxud həmin əşyanı bazardan daha ucuz qiymətə ala bilərdisə, əşyanın baha qiymətə alınması ilə baş tutan alış-veriş “füzuli əqd”dir və onun düzgünlüyü aidiyyatı məsul şəxsin icazəsinə bağlıdır. Hər bir halda, alış-verişə görə satıcıdan özünə pul almağa haqqı yoxdur.
Sual 1254: Əgər idarənin alış işləri üzrə işçisi müxtəlif satış mərkəzlərinin olmasına baxmayaraq, öz tanışından mal alsa və onunla: “səndən mal aldığıma görə gəlirin müəyyən faizini mənə verəcəksən” deyə şərt kəssə, bu təqdirdə:
1) Bu şərtin hökmü nədir?
2) Əgər idarə müdirinin və ya idarənin səlahiyyətli məsul şəxsinin bu xüsusda icazəsi olarsa, bunun şəri hökmü nədir?
3) Əgər sözügedən mal satıcı tərəfindən adi bazar qiymətindən yuxarı qiymətə təklif olunarsa və müqavilə bağlanarsa, bunun hökmü nədir?
4) Bəzi satıcıların idarəyə lazım olan əşyaları almaq vəzifəsini daşıyan məsul şəxsə alış qəbzində qeyd edilən məbləğə aidiyyatı olmadan gəlirdən verdikləri faizin satıcı və məsul şəxs ilə əlaqədar hökmü nədir?
5) Əgər sözügedən şəxs idarə işçisi olmaqla yanaşı başqa bir şirkətin marketinqi olarsa və idarəyə lazım olan əşyaları almaqda həmin şirkət üçün marketinqlik edərsə, həmin şirkətdən gəlirin müəyyən faizini ala bilərmi?
6) Əgər bir şəxs yuxarıda qeyd edilən yollarla gəlir əldə edərsə, bu gəlir barəsində onun şəri vəzifəsi nədir?Cavab:
1) Bu şərtin şəri əsası yoxdur və yanlış və etibarsızdır.
2) İdarə müdirinin və ya idarənin səlahiyyətli məsul şəxsinin bu xüsusda icazəsinin şəri və qanuni surəti olmadığına görə etibarsızdır.
3) Əgər sözügedən mal ədalətli bazar qiymətindən yuxarı qiymətə olarsa, yaxud həmin malı bazardan daha ucuz qiymətə almaq mümkün olarsa, bu halda bağlanılan müqavilə etibarsızdır.
4) İcazə verilmir. Alış işləri üzrə məsul şəxs bu ünvanla aldığı hər bir şeyi işçisi olduğu idarəyə təhvil verməlidir.
5) Gəlirin faizini almağa haqqı yoxdur və aldığı hər hansı məbləği işçisi olduğu idarəyə təhvil verməlidir. Əgər bağladığı müqavilə idarənin xeyrinə zidd olarsa, müqavilə kökündən yanlış və etibarsızdır.
6) O, qeyri-şəri gəlirləri alış işləri üzrə işçisi olduğu idarəyə təhvil verməlidir.
-
- Tibbə aid məsələlər
- Elm öyrənmək və öyrətməyin qaydaları
Elm öyrənmək və öyrətməyin qaydaları
Sual 1319: Əgər insan ona lazım olan məsələləri öyrənməzsə, günah işlətmişdirmi və günahkar sayılırmı?
Cavab: Əgər bu məsələləri öyrənməmək vacib işin tərk edilməsi və ya haram işin yerinə yetirilməsi ilə nəticələnərsə, bu insan günahkardır.
Sual 1320: Dini elmlər tələbəsi birinci mərhələni başa vurduqdan sonra əgər müctəhidlik dərəcəsinə yüksələnə qədər dini təhsil almağa özünü qadir görərsə, dini təhsil almaq onun üçün “vacibi-eyni”[1] olurmu, yoxsa yox?
Cavab: Heç şübhəsiz, dini təhsil almaq və müctəhidlik dərəcəsinə yüksələnə qədər təhsili davam etdirmək öz-özlüyündə böyük fəzilət sayılır. Amma müctəhidlik dərəcəsinə yüksəlməyə tələbənin özünü qadir görməsi bu işin ona “vacibi-eyni” olmasına səbəb olmur.
Sual 1321: Üsuliddinə (dinin əqidə əsaslarına) yəqinlik əldə etməyin yolları hansılardır?
Cavab: Yəqinlik, adətən, əqli dəlillər vasitəsilə əldə olunur. Sadəcə, mükəlləflərin idrak dərəcələrinin müxtəlifliyinə görə əqli dəlillər də müxtəlif olur. Hər halda, əgər bir şəxs üçün yəqinlik başqa bir yolla hasil olarsa, bu yol kifayət edir.
Sual 1322: Elm öyrənməkdə süstlük və tənbəllik göstərmək və vaxtı tələf etməyin hökmü nədir? Bu iş haramdırmı?
Cavab: Vaxtı boş keçirib tələf etməyin maneəsi vardır. Əgər universitet tələbəsi tələbəlik imtiyazlarından istifadə edirsə, universitetin dərs proqramını yerinə yetirməlidir. Əks təqdirdə, həmin məziyyətlərdən, o cümlədən, tələbəlik təqaüdü, təhsil yardımı və bu kimi məziyyətlərdən istifadə etməsinə icazə verilmir.
Sual 1323: İqtisad universitetinin bəzi dərsləri əsnasında müəllim “sələmli borc”a aid məsələlər və ticarətdə, sənayedə və başqa sahələrdə riba (sələm) əldə edilməsi yollarının müqayisəsi barəsində bəhs edir. Bu dərsi tədris etmək və qarşılığında zəhmət haqqı almağın hökmü nədir?
Cavab: Sırf tədris etmək və sələmli borcun məsələlərini araşdırmaq haram deyildir.
Sual 1324: İslam Respublikasında məsuliyyətli mütəxəssislərin tədris üçün seçməli olduqları düzgün metod hansıdır? Hansı şəxslər idarələrdə strateji bilgilər və texnologiyaları mənimsəməyə layiqdir?
Cavab: Əgər məntiqi və şəri bir məqsəd daşıyarsa, həmçinin fəsada düşmək və fəsad yaratmaq qorxusu mövcud olmazsa, hər bir şəxs hər bir elmi öyrənə bilər. Amma tədris edilməsinə və öyrənilməsinə dair İslam dövlətinin müəyyən qayda-qanunlar qoyduğu elmlər və bilgilər istisna təşkil edir.
Sual 1325: Dini elmlər hövzələrində fəlsəfənin tədris edilməsi və öyrənilməsinə icazə verilirmi?
Cavab: Əgər bir şəxs əmin olsa ki, fəlsəfəni öyrənmək onun dini inanclarını sarsıtmayacaqdır, fəlsəfə öyrənməsinin maneəsi yoxdur. Bəzi hallarda hətta bu, vacibdir.
Sual 1326: Azdırıcı kitabları, məsələn, “Şeytan ayələri” kitabını alıb-satmağın hökmü nədir?
Cavab: Azdırıcı kitabları alıb-satmaq və saxlamaq olmaz. Yalnız bu kitablarda olan mətləblərin yanlışlığını isbatlamağa qadir olan şəxslər bu məqsədlə sözügedən kitabları əldə edə bilərlər.
Sual 1327: Tərbiyəvi faydası olduğu təqdirdə heyvanların və insanların həyatı barəsində xəyali hekayələri danışmağın və öyrətməyin hökmü nədir?
Cavab: Əgər hekayənin xəyali olduğu söhbətdən məlum olarsa, maneəsi yoxdur.
Sual 1328: Əgər universitet və ya instituta daxil olmaq orada təhsil alan örtüksüz qadınlarla ünsiyyətdə və eyni bir mühitdə olmağa səbəb olarsa, bunun hökmü nədir?
Cavab: Təhsil və tədris üçün təhsil ocaqlarına daxil olmağın maneəsi yoxdur, amma qadınlar və qızlar hicablarını qorumalı, kişilər də haram baxışdan, həmçinin fitnə-fəsad qorxusuna səbəb olacaq ünsiyyətdən çəkinməlidirlər.
Sual 1329: Qadın şəri hicaba və iffətə riayət edərək sürücülük təlimi mərkəzində kişi təlimçidən sürücülüyü öyrənə bilərmi?
Cavab: Əgər hicab və iffət qorunarsa və fəsada düşmək qorxusu olmazsa, qadının kişi təlimçidən sürücülüyü öyrənməsinin maneəsi yoxdur. Amma yaxşı olar ki, məhrəmlərindən biri qadınla birlikdə olsun. Və daha yaxşı olar ki, sürücülüyü qadın təlimçidən və ya öz məhrəmlərinin birindən öyrənsin.
Sual 1330: Orta məktəb və universitetlərdə təhsil alan gənc oğlanlar qızlarla ünsiyyətdə olur və sinif və ya qrup yoldaşı ünvanında onlarla dərs, yaxud başqa məsələlər barəsində söhbət edirlər. Bəzən də söhbət əsnasında zarafat edir və gülüşürlər. Söz yox ki, günaha düşmək qorxusu və ya şəhvani ləzzət məqsədi mövcud deyildir. Belə bir ünsiyyətə icazə verilirmi?
Cavab: Əgər hicaba riayət olunarsa və günaha düşmək qorxusu mövcud olmazsa, belə ki, fəsada düşməyəcəklərinə əmin olarlarsa, bu ünsiyyətin maneəsi yoxdur. Əks təqdirdə, icazə verilmir.
Sual 1331: Hazırkı dövrdə hansı elm sahələri İslam və müsəlmanlar üçün daha faydalıdır?
Cavab: Yaxşı olar ki, alimlər, universitet müəllimləri və tələbələri müsəlmanların ehtiyac duyduqları bütün faydalı elm sahələrinə əhəmiyyət versinlər və beləliklə, başqalarına, xüsusilə də, İslam və müsəlmanların düşmənlərinə möhtac olmasınlar. Ən faydalı elm sahələrini müəyyən etmək isə, mövcud şəraiti nəzərə alaraq aidiyyatı qurumların öhdəsinə düşür.
Sual 1332: Məlumatı artırmaq məqsədilə azdırıcı kitabları, habelə, başqa dinlərlə və onların etiqadları ilə tanış olmaq üçün onların kitablarını mütaliə etməyin hökmü nədir?
Cavab: Yalnız tanışlıq və məlumatı artırmaq məqsədinə görə bu kitabların mütaliəsinin icazəli olmasına hökm vermək çətindir. Amma bu kitablardakı yanlış mətləbləri ayırd etməyə qadir olan şəxslərin bu mətləblərin yanlışlığını isbatlamaq məqsədilə sözügedən kitabları mütaliə etmələrinə icazə verilir, bu şərtlə ki, haqq yoldan dönməyəcəklərinə əmin olmalıdırlar.
Sual 1333: Azğın etiqadların təsiri altına düşməyəcəklərini bildiyimiz təqdirdə övladlarımızı bəzi azğın etiqadların tədris edildiyi məktəblərə göndərməyimizin hökmü nədir?
Cavab: Əgər onların dini etiqadları barəsində bir qorxu mövcud olmazsa, həmçinin (onların belə məktəblərə getmələri) nahaqqı təbliğ etmək hesab olunmazsa və uşaqlar da yanlış və azdırıcı mətləbləri öyrənməkədən boyun qaçıra bilərlərsə, maneəsi yoxdur.
Sual 1334: Bir tələbə dörd ildir tibb universitetində təhsil alır, amma dini elmləri öyrənməyə çox böyük sevgisi vardır. Tibb sahəsi üzrə təhsilini davam etdirmək ona vacibdirmi? Yoxsa o, bu sahəni tərk edib dini elmlərin təhsilinə başlaya bilər?
Cavab: Tələbə öz təhsil sahəsini seçməkdə azaddır. Amma burada diqqətəlayiq bir məqama toxunmaq istərdim və o da bundan ibarətdir ki, əgər dini elmləri öyrənmək islam ictimaiyyətinə xidmət göstərmək bacarığı kəsb etməkdən ötrü əhəmiyyət daşıyırsa, müsəlmanlara tibbi xidmət göstərmək, onların xəstəliklərini müalicə etmək və həyatını xilas etmək məqsədilə tibb sahəsində təhsil almaq çox böyük əhəmiyyət daşıyır.
Sual 1335: Bir müəllim sinifdə bir şagirdi başqa şagirdlərin qarşısında möhkəm cəzalandırmışdır. Bu şagirdin eyni hərəkəti müəllimə qarşı etməyə haqqı varmı, yoxsa yoxdur?
Cavab: Müəllimə qarşı layiq olmayan bir tərzdə şagirdin onunla rəftar etməyə və ona cavab verməyə haqqı yoxdur. Şagird müəllimin hörmətini gözləməli və sinfin nəzmini qorumalıdır. O, hüquqi yollara müraciət edə bilər. Müəllim də şagirdlərin hörmətini onların sinif yoldaşları qarşısında gözləməli və islamın təlim-tədris qaydalarına riayət etməlidir.
[1] Vacibi-eyni – hər bir mükəlləfin şəxsən yerinə yetirməli olduğu vacib əməldir və başqaları bu əməli yerinə yetirməklə şəri vəzifə mükəlləfin boynundan götürülmür.
- Müəllif hüquqları
Müəllif hüquqları
Sual 1336: Xaricdən gətirilən və ya İslam Respublikası daxilində çap edilən kitab və məqalələrin onların naşirinin icazəsi olmadan yenidən çap edilməsinin hökmü nədir?
Cavab: İslam Respublikasından xaricdə çap edilən kitabların yenidən çap edilməsi və ya ofset üsulu ilə onların üzünün çıxarılması məsələsi, bu zəmində İslam Respublikası ilə həmin dövlətlər arasında bağlanılan müqavilələrə tabedir. Amma daxildə çap edilən kitablara gəlincə, əhvət budur ki, yeni çap növbəsi üçün onların naşirlərindən icazə almaqla müəllif hüququ qorunmalıdır.
Sual 1337: Müəlliflər, mütərcimlər və incəsənət əsərlərinin müəllifləri çəkdikləri zəhmət qarşılığında və ya bu iş üçün sərf etdikləri zəhmət, vaxt və maddi vəsait qarşılığında müəllif hüququ ünvanında müəyyən məbləğdə pul istəyə bilərlərmi?
Cavab: Onlar özlərinin elmi və ya incəsənət əsərinin birinci və ya orijinal nüsxəsini naşirə təhvil vermək qarşılığında naşirdən istənilən məbləğdə pul ala bilərlər.
Sual 1338: Əgər müəllif, ya mütərcim, ya incəsənət əsərinin müəllifi özlərinin əsərinin birinci çapı qarşılığında müəyyən məbləğdə pul alsalar, amma eyni zamanda növbəti çaplar üçün də müəllif hüququna sahib olduqlarını bildirsələr, növbəti çaplarda naşirdən öz haqlarını tələb edə bilərlərmi? Bu pulu almağın hökmü nədir?
Cavab: Əgər birinci nüsxənin təhvil verilməsi üçün bağlanılan müqavilə əsnasında növbəti çaplarda müəyyən məbləğdə pul alacağını şərt qoyarsa, yaxud bu məsələ qanunun tələbi olarsa, bu pulu almağın maneəsi yoxdur və naşirin şərtə əməl etməsi vacibdir.
Sual 1339: Əgər müəllif birinci çapa icazə verdiyi zaman növbəti çaplar barəsində söz açmazsa, naşir müəllifdən icazə almadan və ona pul vermədən həmin əsəri yenidən çap edə bilərmi?
Cavab: Əgər əsərin çap olunması barəsində onlar arasında bağlanılan müqavilə yalnız birinci çap barəsində olarsa, əhvət budur ki, müəllifin haqqı riayət olunmalı və növbəti çaplar üçün ondan icazə alınmalıdır.
Sual 1340: Əgər səfər, ölüm və ya bu kimi səbəblərdən müəllif qaib olarsa (ortadan yoxa çıxarsa), təkrar çap üçün kimdən icazə alınmalı və pulu kim təhvil almalıdır?
Cavab: Ehtiyata görə, bu barədə müəllifin vəkilinə və ya onun şəri qəyyumuna, müəllif öldüyü təqdirdə isə, onun varisinə müraciət olunmalıdır.
Sual 1341: Sahibinin icazəsi olmadan və kitabda “Çap hüququ müəllif üçün qorunur” cümləsi olduğu təqdirdə bu kitabı çap etmək olarmı?
Cavab: Əhvətə görə, təkrar çap üçün müəllifdən və naşirdən icazə alaraq onların hüququ qorunmalıdır. Qeyd etməliyik ki, bu barədə qanun mövcud olduğu təqdirdə, qanuna riayət olunmalıdır. Bu hökm, sonrakı məsələlərdə də riayət olunmalıdır.
Sual 1342: Bəzi Quran və dini musiqi disklərinin üstündə “Disklərin üzünün köçürülməsi hüququ qorunur” cümləsi yazılmışdır. Bu təqdirdə onların üzünü köçürmək və başqalarına vermək olarmı?
Cavab: Əhvətə görə, belə düsklərin üzünün köçürülməsi üçün onların həqiqi naşirindən icazə alınmalıdır.
Sual 1343: Kompyuter disklərinin üzünün köçürülməsinə icazə verilirmi? Əgər bu iş haramdırsa, bu hökm yalnız İranda yığılan disklərə aiddir, yoxsa xaricdə yığılan disklərə də aiddir? Qeyd etmək lazımdır ki, daxilindəki materialın əhəmiyyətinə görə bu disklərin bəziləri çox bahalıdır.
Cavab: Əhvətə görə, ölkə daxilində yığılan disklərin üzünün köçürülməsi barəsində onların həqiqi sahiblərindən icazə almaqla müəllif hüququ qorunmalıdır. Xaricdə yığılan disklərə gəlincə isə, bu məsələ mövcud müqaviləyə tabedir.
Sual 1344: Mağazaların və şirkətlərin ticari adları onların malikinə aiddirmi? Yəni başqaları öz mağaza və şirkətlərini bu adlarla adlandıra bilməzlərmi? Məsələn, bir şəxs mağazasını öz soyadı ilə adlandırmışdır. Elə isə, həmin ailənin digər bir üzvü öz mağazasını bu adla adlandıra bilərmi? Digər ailələrdən olan şəxslər öz mağazalarını bu adla adlandıra bilərlərmi?
Cavab: Əgər mağaza və şirkətlərin ticari adları ölkənin mövcud qanunları əsasında dövlət tərəfindən müəyyən bir şəxsə təqdim olunarsa – belə ki, həmin şəxs başqalarından qabaq bu xüsusda dövlət qurumlarına rəsmi müraciət etmişdir və bu ad dövlət sənədlərində onun adına qeydiyyata salınmışdır – bu təqdirdə həmin şəxsin icazəsi olmadan başqaları bu addan istifadə edə bilməzlər: istər həmin adın sahibinin ailəsənin digər üzvləri olsunlar, istər digər ailələrdən olsunlar. Amma əgər məsələ qeyd edilən şəkildə olmazsa, başqalarının bu adlardan istifadə etmələrinin maneəsi yoxdur.
Sual 1345: Bəzi şəxslər vərəqlərin və ya kitabların surətini çıxaran mağazalara müraciət edir və gətirdikləri materialın surətinin çıxarılmasını istəyirlər. Mömin şəxs olan mağaza sahibi bu kitabın, ya vərəqlərin, ya dərginin başqa möminlər üçün faydalı olduğunu görür. O, bu kitabın sahibinin icazəsi olmadan onun surətini çıxara bilərmi? Əgər kitabıın sahibinin bu işə razı olmadığını bilsə, hökmdə dəyişiklik yaranacaqdırmı?
Cavab: Əhvətə görə, mağaza sahibi bu vərəqlərin və ya kitabın sahibinin icazəsi olmadan onların surətini çıxarmamalıdır.
Sual 1346: Bəzi möminlər videodisklərin icarəyə verildiyi mağazadan videodisklər götürür və filmləri bəyəndikdə mağaza sahibindən icazə almadan bu disklərin üzünü köçürür, çoxaldırlar. Bu əməllərini isə, əksər din alimlərinin nəzərinə görə çap hüququnun qorunmasının vacib olmaması ilə əsaslandırırlar. Bu işə icazə verilirmi? İcazə verilmədiyi təqdirdə, əgər bir şəxs bu disklərin üzünü köçürsə və çoxaltsa, o, bu işi gördüyünü mağaza sahibinə deməlidirmi, yoxsa üzünü çıxardığı diskin daxilindəki videoyazıları silmək kifayət edir?
Cavab: Əhvətə görə, videodiskin sahibinin icazəsi olmadan onun üzü köçürülməməlidir. Amma əgər videodiskin sahibinin icazəsi olmadan bu işi görərsə, diskin daxilindəki videoyazıları silmək kifayət edir.
- Qeyri-müsəlman ilə ticarət
Qeyri-müsəlman ilə ticarət
Sual 1347: İsrail istehsalı olan məhsulları idxal etmək və yaymaq olarmı? Əgər bu iş məcburiyyət üzündən görülərsə, bu məhsulları satmaq olarmı?
Cavab: İslamın və müsəlmanların düşməni hesab olunan qəsbkar İsrail rejiminin xeyrinə olan ticarətlərdən çəkinmək gərəkdir. İstehsalından və satışından onların gəlir əldə etdikləri məhsullarını idxal etmək və yaymaq heç kimə icazə verilmir. İslama və müsəlmanlara olan ziyan və təhlükələrinə görə müsəlmanların bu məhsulları almalarına icazə verilmir.
Sual 1348: İsrailə qarşı iqtisadi embarqonu ləğv edən bir ölkədə tacirlər İsrail istehsalı olan məhsulları idxal edə və yaya bilərlərmi?
Cavab: İstehsalından və satışından qəsbkar İsrail dövlətinin gəlir götürdüyü məhsulları idxal etmək və yaymaqdan çəkinmək vacibdir.
Sual 1349: Müsəlmanlar islam ölkələrində satılan İsrail istehsalı olan məhsulları ala bilərlərmi?
Cavab: Bütün müsəlmanlar İslam və müsəlmanlarla müharibədə olan sionizm rejiminin istehsal və satışından gəlir əldə etdiyi məhsulları almaqdan və istifadə etməkdən çəkinməlidirlər.
Sual 1350: İslam ölkələrində İsrailə səfərlər təşkil edən turizm şirkətləri açmaq olarmı? Müsəlmanlar bu şirkətlərdən bilet ala bilərlərmi?
Cavab: İslam və müsəlmanlara olan ziyanlarına görə, bu işə icazə verilmir. Həmçinin heç kimə icazə verilmir ki, müsəlmanların düşmən İsrail dövlətinin əleyhinə qoyduğu embarqonu pozan işləri yerinə yetirsin.
Sual 1351: Əgər ehtimal verilsə ki, yəhudi, ya Amerika, ya Kanada şirkətləri İsrail dövlətinin güclənməsinə xidmət göstərir, bu şirkətlərin istehsal etdiyi məhsulları almaq olarmı?
Cavab: Əgər bu şirkətlərin məhsullarını almaq və satmaq qəsbkar İsrail dövlətinin güclənməsinə səbəb olarsa, yaxud (əldə edilən gəlir) İslam və müsəlmanlarla düşmənçilik yolunda sərf edilərsə, bu məhsulları almaq və satmaq kimsəyə icazə verilmir. Əks təqdirdə, maneəsi yoxdur.
Sual 1352: Əgər İsrail istehsalı olan məhsullar islam ölkəsinə idxal edilərsə, tacirlər bu məhsullardan alıb camaata sata və onları yaya bilərlərmi?
Cavab: Bu işin ziyanı olduğuna görə tacirlərin bu işi görmələrinə icazə verilmir.
Sual 1353: Əgər İsrail istehsalı olan məhsullar bir islam ölkəsinin ümumi mağazalarında satılırsa və müsəlmanlar başqa ölkələrdən idxal edilən məhsullar arasından özlərinin ehtiyacı olan məhsulları ala bilərlərsə, onlar İsrail istehsalı olan məhsulları ala bilərlərmi?
Cavab: Bütün müsəlmanlar İslam və müsəlmanlarla müharibədə olan sionizm rejiminin istehsal və satışından gəlir əldə etdiyi məhsulları almaqdan və istifadə etməkdən çəkinməlidirlər.
Sual 1354: İsrail istehsalı olan məhsulların üzərindəki etiketdə məhsulun istehsal olunduğu yer dəyişdirilərək başqa ölkələrdən, məsələn, Türkiyə, Kipr və s. ölkələrdən yenidən ixrac olunur ki, müsəlman alıcılar bu məhsulların İsrailin deyil, başqa ölkələrin istehsalı olduğunu görsünlər. Çünki əgər müsəlmanlar bu məhsulların İsrailin istehsalı olduğunu görsələr, onları almaqdan imtina edəcəklər. Bunu bildikdə, müsəlmanların vəzifəsi nədir?
Cavab: Müsəlmanlar bu məhsulları almaqdan, yaymaqdan və istifadə etməkdən çəkinməlidirlər.
Sual 1355: Amerika istehsalı olan məhsulları almaq və satmağın hökmü nədir? Bu hökm Fransa və İngiltərə kimi bütün qərb ölkələrinə şamil olurmu? Bu hökm yalnız İranda icra olunmalıdırmı, yoxsa bütün ölkələrdə icra olunmalıdır?
Cavab: Əgər qeyri-islami ölkələrdən idxal edilən malları almaq və onlardan istifadə etmək İslam və müsəlmanlara düşmən olan kafir və istismarçı dövlətlərin güclənməsinə səbəb olarsa, yaxud müsəlman torpaqlarına və ya bütün dünyadakı müsəlmanlara hücum etmələri üçün onların iqtisadi gücünü artırarsa, müsəlmanlar bu malları almaqdan və istifadə etməkdən çəkinməlidirlər. Bu hökm baxımından İslam və müsəlmanlara düşmən olan kafir dövlətlər arasında, habelə, onların istehsal etdikləri mallar arasında fərq yoxdur. Bu hökm yalnız İran müsəlmanlarına aid deyildir.
Sual 1356: Əgər bir fabrik, zavod və istehsal müəssisəsinin gəliri kafir dövlətlərə çatırsa və bu, onların möhkəmlənməsinə və güclənməsinə səbəb olursa, bu müəssisələrdə işləyənlərin vəzifəsi nədir?
Cavab: Şəriət baxımından halal hesab olunan işlərdən qazanc əldə etməyin öz-özlüyündə maneəsi yoxdur, baxmayaraq ki, bu işdən hasil olan gəlir qeyri-islami dövlətlərə çatır. Amma əgər bu dövlət İslam və müsəlmanlara qarşı müharibədədirsə və müsəlmanların işinin səmərəsindən müharibədə istifadə edirsə, bu işlərdən qazanc əldə etməyin maneəsi vardır.
- Zalım dövlətdə hansısa bir peşədə işləmək
Zalım dövlətdə hansısa bir peşədə işləmək
Sual 1357: Qeyri-islami hökumətdə insan üzərinə düşən vəzifəni yerinə yetirə bilərmi?
Cavab: Bu, həmin vəzifənin öz-özlüyündə icazəli olmasına bağlıdır.
Sual 1358: Bir şəxs ərəb ölkələrinin birində yol polisi idarəsində işləyir. Onun vəzifəsi yol hərəkət qaydalarını pozan şəxslərin dosyesini imzalamaqdır və beləliklə, onlar məsuliyyətə cəlb olunaraq həbs olunurlar. Bu şəxs qanun pozuntusuna yol verən şəxslərin dosyesini imzaladıqda, onlar həbs olunurlar. O, bu işdə işləyə bilərmi? İşinin müqabilində dövlətdən aldığı əmək haqqının hökmü nədir?
Cavab: İctimaiyyətdə nizam-intizamın yaradılması məqsədilə qoyulan qanun-qaydalara riayət etmək hər bir halda vacibdir, baxmayaraq ki, bu qanun-qaydalar qeyri-islami dövlət tərəfindən qoyulmuşdur. Halal işin müqabilində əmək haqqı almağın maneəsi yoxdur.
Sual 1359: Müsəlman bir şəxs Amerika və ya Kanada vətəndaşlığını aldıqdan sonra oranın hərbi və ya polis qüvvələrində işləyə bilərmi? Yaxud İcra Hakimiyyəti və bu kimi dövlət idarələrində işləyə bilərmi?
Cavab: Əgər bu iş fəsadla nəticələnməzsə, yaxud haram işin yerinə yetirilməsi və ya vacib işin tərk edilməsi ilə yanaşı olmazsa, maneəsi yoxdur.
Sual 1360: Zalım dövlət başçısı tərəfindən təyin edilən hakimin (qazinin) mühakimə aparmaq və hökm çıxarmağa şəri səlahiyyəti çatırmı və ona itaət etmək vacibdirmi?
Cavab: Camiuş-şərait müctəhid olmayan bir şəxsin – başqa sözlə, hakim təyin edən səlahiyyətli şəxs tərəfindən təyin edilməyən bir şəxsin - camaatın mübahisəli məsələləri barəsində mühakimə aparmasına və hökm çıxarmasına icazə verilmir. Zərurət halı istisna olmaqla, camaatın ona müraciət etməsinə də icazə verilmir və onun çıxardığı hökm keçərli deyildir.
- Şöhrət geyimi və geyimin hökmləri
Şöhrət geyimi və geyimin hökmləri
Sual 1361: Şöhrət geyiminin meyarı nədir?
Cavab: Şöhrət geyimi o geyimdir ki, rənginə, ya tikiliş modelinə, ya qiymətli qədim geyim olduğuna, ya da başqa xüsusiyyətlərinə görə insanın onu geyinməsi münasib deyildir. Belə ki, əgər insan bu geyimi camaatın qarşısında geyinərsə, onların diqqətini özünə çəkəcək və barmaqla göstəriləcəkdir.
Sual 1362: Yol gedərkən qadınların ayaqqabısının yerə dəyməsi nəticəsində yaranan səsin hökmü nədir?
Cavab: Diqqəti çəkmədiyi və fəsada səbəb olmadığı təqdirdə, bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual 1363: Qızlar tünd göy rəngə yaxın bir rəngdə geyim geyinə bilərlərmi?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, başqalarının diqqətini çəkməməli və fəsada səbəb olmamalıdır.
Sual 1364: Toy və bu kimi məclislərdə qadınlar bədənin qabartılarını göstərən dar geyimlər və ya açıq geyimlər geyinə bilərlərmi?
Cavab: Əgər yad kişilər onları görməzsə və fəsada səbəb olmazsa, maneəsi yoxdur. Əks təqdirdə, icazə verilmir.
Sual 1365: Möminə qadın parıltılı qara ayaqqabı geyinə bilərmi?
Cavab: Maneəsi yoxdur. Amma əgər onun rəngi və modeli naməhrəmin diqqətini çəkərsə və ya onun barmaqla göstərilməsinə səbəb olarsa, maneəsi vardır.
Sual 1366: Qadınlar yalnız qara rəngli baş örtüyü, şalvar, köynək və s. geyinməlidirlərmi?
Cavab: Rəng və tikiliş modeli baxımından qadının geyiminin hökmü ayaqqabının hökmü ilə eynidir və bu hökm əvvəlki sualın cavabında açıqlandı.
Sual 1367: Qadın naməhrəm kişilərin diqqətini cəlb edən, yaxud şəhvəti təhrik edən bir tərzdə hicab örtə və geyim geyinə bilərmi? Məsələn, naməhrəmlərin diqqətini cəlb edən bir tərzdə çadra örtə bilərmi? Yaxud şəhvəti təhrik edən bir materialda və rəngdə corab geyinə bilərmi?
Cavab: Qadın rəng, yaxud model, yaxud da geyim tərzi baxımından naməhrəm kişilərin diqqətini cəlb edən, fəsada və harama düşməyə səbəb olan geyimləri geyinə bilməz.
Sual 1368: Kişilər qadınlara xas olan geyimləri, yaxud əksinə, qadınlar kişlərə xas olan geyimləri evdə və özünü əks cinsə oxşatmaq məqsədi olmadan geyinə bilərlərmi?
Cavab: Həmin geyimi özlərinə geyim olaraq qəbul etmədikləri təqdirdə maneəsi yoxdur.
Sual 1369: Kişilərin qadınlara aid alt paltarları satmalarının hökmü nədir?
Cavab: Əgər əxlaqi və ictimai fəsada səbəb olmazsa, maneəsi yoxdur.
Sual 1370: Nazik corabın toxunmasına, satılması və alınmasına şəri baxımdan icazə verilirmi?
Cavab: Əgər nazik corabın toxunması, satılmasına və alınması qadınların bu corabı naməhrəm kişilərin qarşısında geyinmələri məqsədilə olmazsa, maneəsi yoxdur.
Sual 1371: Subay şəxslər şəriət və əxlaq qaydalarına riayət edərək qadın geyimləri və kosmetik əşyalar satılan mağazalarda işləyə bilərlərmi?
Cavab: İşləmək və halal qazanc əldə etmək şəri baxımdan xüsusi bir dəstəyə aid deyildir, əksinə, hər kəs islam qayda-qanunlarına riayət edərək işləmək və halal qazanc əldə etmək hüququna malikdir. Amma əgər aidiyyatı qurumlar tərəfindən lisenziyaların verilməsi üçün bəzi peşələr barəsində ümumi məsləhətə görə müəyyən şərtlər qoyulubsa, bu şərtlərə riayət olunmalıdır.
Sual 1372: Kişilərin boyunbağı taxmasının hökmü nədir?
Cavab: Əgər boyunbağı qızıldan olarsa, kişilər onu taxa bilməzlər.
- Qərb mədəniyyətini təqlid etmək
- Casusluq, xəbərçilik, sirri ifşa etmək
Casusluq, xəbərçilik, sirri ifşa etmək
Sual 1388: İşçilərdən birinin dövlət əmlakını mənimsəməsi barəsində bir neçə yazılı məlumat daxil olmuşdu və bu ittiham barəsində araşdırma aparıldıqda bu məlumatlardan bəzisinin doğru olduğu aşkar oldu. Amma müttəhim şəxs sorğu-suala çəkilərkən bütün bu ittihamları inkar edir. Nəzərə alsaq ki, bu məlumatlar məhkəməyə göndərildiyi təqdirdə həmin şəxsin abır-heysiyyəti gedəcəkdir, bu məlumatları məhkəməyə göndərmək olar, yoxsa yox? Əgər olmazsa, bu məsələni bilən şəxslərin vəzifəsi nədir?
Cavab: Əgər beytul-malı və dövlət əmlakını qorumaq vəzifəsini daşıyan şəxs işçilərdən birinin və ya başqa birisinin dövlət əmlakını mənimsədiyindən xəbər tutsa, haqqın bərqərar olunması üçün bu barədə olan məlumatlarını aidiyyatı qurumlara təqdim etməkdə şəri və qanuni baxımdan məsuliyyət daşıyır. Müttəhimin abır-heysiyyətinin aradan gedəcəyindən qorxmaq, beytul-malın qorunmasında səhlənkarlıq göstərməyə qanuni əsas hesab olunmur. Başqa şəxslər də öz məlumatlarını dəlil-sübutlarla aidiyyatı qurumlara təqdim etməlidirlər ki, araşdırma aparıldıqdan və məsələ sübuta yetdikdən sonra lazımi ölçü götürülsün.
Sual 1389: Bildiyiniz kimi, bəzi mətbuatlar oğruların, dələduzların, idarələrdə rüşvət alanların, əxlaqsızlıq edənlərin, gecə yığıncaqları təşkil edən dəstələrin tutulduqları barədə xəbərlər dərc edirlər. Bu kimi xəbərləri dərc etmək bir növ pis əməli yaymaq hesab olunmurmu?
Cavab: Baş verən hadisələri mətbuatda dərc etmək pis əməli yaymaq hesab olunmur.
Sual 1390: Hansısa bir təhsil ocağının tələbələri müşahidə etdikləri pis əməllər barəsində tərbiyə işləri üzrə məsul şəxslərə məlumat verə bilərlərmi ki, bu əməllərin qarşısı alınsın?
Cavab: Əgər bu məlumatlar aşkarda yerinə yetirilən əməllər barəsində olarsa və casusluq və qeybət hesab olunmazsa, bu barədə məlumat verməyin maneəsi yoxdur. Hətta əgər “pis işlərdən çəkindirməy”in müqəddiməsindən hesab olunarsa, bu işi etmək vacibdir.
Sual 1391: Bəzi idarə məsullarının haqsızlıqlarını və xəyanətlərini camaata açıb demək olarmı?
Cavab: Haqsızlığın baş verdiyini araşdırdıqdan və buna əmin olduqdan sonra bu barədə araşdırma aparmaları üçün aidiyyatı qurumlara məlumat verməyin maneəsi yoxdur. Hətta əgər “pis işlərdən çəkindirməy”in müqəddiməsindən hesab olunarsa, bu işi etmək vacibdir. Amma bunu camaata açıb deməyin bir əsası yoxdur, əksinə, əgər fitnə-fəsada və İslam dövlətinin zəifləməsinə səbəb olarsa, bu işi görmək haramdır.
Sual 1392: Möminlərin əmlakı barəsində araşdırma aparmaq və bu barədə zalım dövlətə məlumat verməyin hökmü nədir? Xüsusilə də, əgər bu iş möminlərin incidilməsi və onlara ziyan dəyməsinə səbəb olarsa?
Cavab: Bu kimi işlər şəriət baxımından haramdır. Əgər möminlərə dəyən ziyan onlardan zalım məsullara xəbərçiliyə görə olarsa, xəbərçilik edən şəxs həmin ziyana zamindir (onun boynundadır).
Sual 1393: Əgər mömin bir şəxsin haram iş gördüyü və ya vacib işi tərk etdiyi müşahidə edilərsə, “yaxşı işlərə dəvət” və “pis işlərdən çəkindirmə” məqsədilə onun şəxsi və ya qeyri-şəxsi işləri barəsində araşdırma aparmaq olarmı? Camaatın yanlış işlərini aşkarlamaqda bir vəzifə daşımayan, amma bu xüsusda araşdırma aparan şəxslərin hökmü nədir?
Cavab: Rəsmi müfəttişlərin idarə işçilərinin işi barəsində qanun çərçivəsində rəsmi araşdırma aparmalarının maneəsi yoxdur. Amma başqalarının işləri barəsində, yaxud işçilərin rəftarları və əməlləri barəsində onların sirlərini aşkarlamaq məqsədilə qanun çərçivəsindən kənar olaraq araşdırma aparmağa, hətta rəsmi müfəttişlərə belə, icazə verilmir.
Sual 1394: Şəxsi sirləri və xüsusi məsələləri başqalarına açıb danışmaq olarmı?
Cavab: Şəxsi və xüsusi məsələləri başqalarına açıb danışmaq əgər hansısa bir şəkildə müəyyən şəxslərə də aid olarsa, yaxud fəsada yol açarsa, buna icazə verilmir.
Sual 1395: Psixoloqlar əksər hallarda xəstəliyin səbəbini və onun müalicə yollarını tapmaq üçün xəstədən şəxsi və ailə məsələləri barəsində suallar soruşurlar. Xəstə bu suallara cavab verə bilərmi?
Cavab: Əgər bu suallara cavab vermək fəsada yol açmazsa və başqa bir şəxsə qarşı hörmətsizlik və onun qeybətini etmək sayılmazsa, maneəsi yoxdur.
Sual 1396: Bəzən təhlükəsizlik məmurları fəsad mərkəzlərini və terrorçu qrupları aşkarlamaq üçün bəzi mərkəzlərə daxil olmağı və bəzi qrupların daxilinə nüfuz etməyi zəruri hesab edirlər. Necə ki, kəşfiyyat və araşdırma üsulları da bunu tələb edir. Bu işin şəriət baxımından hökmü nədir?
Cavab: Əgər aidiyyatı qurumun məsullarının icazəsi ilə olarsa və rəsmi qanunlara riayət edilərsə, habelə, günaha və harama yol verilməzsə, maneəsi yoxdur. Məsullar da onların işinə bu baxımdan tam nəzarət etməlidirlər.
Sual 1397: Bəzi şəxslər başqalarına İslam Respublikasında mövcud olan nöqsanlardan və çatışmazlıqlardan söz açırlar. Bu söhbətlərə qulaq asmağın hökmü nədir?
Cavab: Aydın məsələdir ki, küfrün və dünya istismarçılarının qarşısında dayanan İslam Respublikasının simasını korlayan hər bir əməl İslamın və müsəlmanların xeyrinə deyildir. Buna görə də, əgər belə söhbətlər İslam Respublikasının zəifləməsinə səbəb olarsa, belə söhbətləri etməyə icazə verilmir.
- Tütün məmulatları və narkotik maddələrin istifadəsi
Tütün məmulatları və narkotik maddələrin istifadəsi
Sual 1398: Dövlət idarələrində və ümumi məkanlarda tütün məmulatlarından istifadə etməyin hökmü nədir?
Cavab: Əgər idarələrin daxili qanunlarına və ümumi məkanların qaydalarına zidd olarsa, yaxud başqalarının narahatlığına və ya onlara ziyan dəyməsinə səbəb olarsa, buna icazə verilmir.
Sual 1399: Mənim qardaşım narkotika istifadəçisidir, həmçinin narkotik maddələrin qaçaqmalçılığını da edir. Onun bu əməlinin qarşısı alınsın deyə, aidiyyatı təşkilatlara onun barəsində məlumat vermək mənə vacibdirmi?
Cavab: Sizə “pis işlərdən çəkindirmək” vacibdir. Narkotiki tərk etməsi üçün siz ona kömək etməlisiniz. Həmçinin onu narkotik maddələrin qaçaqmalçılığından, satmaqdan və yaymaqdan çəkindirməlisiniz. Əgər onun əməlləri barəsində aidiyyatı təşkilatlara məlumat vermək bu istiqamətdə ona kömək edəcəksə, yaxud “pis işlərdən çəkindirmə”nin müqəddiməsi hesab olunarsa, onun barəsində məlumat verməyiniz vacibdir.
Sual 1400: Burunotundan istifadə etmək olarmı? Bunun aludəçisi olmağın hökmü nədir?
Cavab: Əgər ciddi ziyanı olarsa, ondan istifadə etmək və aludəçisi olmaq olmaz.
Sual 1401: Tənbəki ticarətinin və istifadəsinin hökmü nədir?
Cavab: Tənbəki ticarətinin və istifadəsinin öz-özlüyündə maneəsi yoxdur. Amma əgər insana ciddi ziyanı olarsa, onun ticarətinə və istifadəsinə icazə verilmir.
Sual 1402: Həşiş pakdırmı? Ondan istifadə etmək haramdırmı?
Cavab: Həşiş pakdır, amma ondan istifadə etmək haramdır.
Sual 1403: Narkotik maddələrdən, məsələn, həşiş, tiryək, heroin, morfin və marixuanadan yemək, içmək, çəkmək, iynə vurmaq, şam qoymaq şəklində istifadə etməyin hökmü nədir? Narkotik maddələrin ticarəti vasitəsilə qazanc əldə etmək və ya ondan başqa yollarla, məsələn, daşınması, saxlanılması və yayılması vasitəsilə qazanc əldə etməyin hökmü nədir?
Cavab: Narkotik maddələrdən istifadə etməyin çox böyük fərdi və ictimai ziyanları olduğuna görə, onlardan istifadə etmək haramdır. Bu səbəbdən də onların daşınması, saxlanılması, ticarəti və s. yollar vasitəsilə qazanc əldə etmək də haramdır.
Sual 1404: Xəstəliyin müalicəsi üçün narkotik maddələrdən istifadə etməyə icazə verilirmi? Əgər icazə verilirsə, ümumi şəkildə icazə verilir, yoxsa yalnız o halda icazə verilir ki, xəstəliyin müalicəsi narkotikdən istifadəyə bağlıdır?
Cavab: Əgər xəstəliyin müalicəsi hansısa bir şəkildə narkotik maddədən istifadəyə bağlı olarsa və bunu etibarlı bir həkim təyin edərsə, ondan istifadə etməyin maneəsi yoxdur.
Sual 1405: Tiryək, heroin, morfin, həşiş və kakainin alındığı xaşxaş, hind şahdənəsi, koyha və bu kimi başqa bitkiləri əkib becərməyin hökmü nədir?
Cavab: Bu növ bitkilərin əkilib becərilməsi İslam Respublikasının qanunlarına zidd olduğuna görə, onların əkilib becərilməsinə icazə verilmir.
Sual 1406: Narkotik maddələrin hazırlanmasının – istər təbii maddələrdən alınan morfin, heroin, həşiş və marixuana kimi narkotiklər olsun, istərsə də kimyəvi maddələrdən alınan narkotik vasitələr olsun – hökmü nədir?
Cavab: Narkotik maddələrin hazırlanmasına icazə verilmir.
Sual 1407: Üzərinə şərabın bəzi növlərinin səpildiyi tənbəkidən istifadə etmək olarmı? Onun tüstüsünü iyləyib ciyərə çəkmək olarmı?
Cavab: Əgər ürfdə belə tənbəkidən istifadə etmək şərabdan istifadə etmək hesab olunmazsa, həmçinin məstliyə və insana ciddi ziyanın dəyməsinə səbəb olmazsa, ondan istifadə etməyin maneəsi yoxdur. Baxmayaraq ki, ondan istifadə etməmək əhvətə müvafiqdir.
Sual 1408: Tütün məmulatlarından istifadə etməyə başlamaq haramdırmı? Əgər narkotik aludəçisi olan şəxs tütündən istifadəni bir neçə həftəlik və ya daha çox müddətə tərk edərsə, yenidən tütündən istifadə etməsi haramdırmı?
Cavab: Tütün məmulatlarından istifadənin zərərinin dərəcələrinə görə şəri hökm də dəyişir. Ümumiyyətlə, əgər tütündən insan orqanizminə ciddi ziyan dəyəcək bir həddə istifadə edilərsə, ondan istifadə etməyə icazə verilmir. Əgər insan bilsə ki, tütündən istifadə etməyə başlayarsa sözügedən həddə çatacaqdır, ondan istifadə etməsinə icazə verilmir.
Sual 1409: Əgər bir malın haram olduğu məlumdursa - məsələn, narkotik maddələrin ticarətindən əldə edilən mal – onun hökmü nədir? Əgər bu malın sahibini tanımırıqsa, bu, “sahibi bilinməyən mal” hökmündədirmi? Əgər belədirsə, bu maldan şəri-hakimin və ya onun ümumi vəkilinin icazəsi ilə istifadə etmək olarmı?
Cavab: Əgər bir şəxs əldə etdiyi malın haram olduğunu bilsə, bu təqdirdə əgər onun şəri sahibini, hətta onlardan bir neçəsini tanıyırsa, həmin malı onlara qaytarması vacibdir. Əgər tanımırsa, həmin malı onun şəri sahibi tərəfindən fəqirlərə sədəqə verməlidir. Əgər haram mal halal mala qarışarsa və haram malın miqdarı və onun şəri sahibi bilinməzsə, bu malın xümsü xüms işlərini idarə edən şəxsə verilməlidir.
- Saqqalı qırxmaq
Saqqalı qırxmaq
Sual 1410: “Alt çənə” dedikdə, nə nəzərdə tutulur, belə ki, alt çənənin üz tükünü saxlamaq vacibdir? Yanaqlar da bura daxildirmi?
Cavab: Meyar, ürfdə “saqqal saxlayıbdır” deyilməsidir.
Sual 1411: Saqqalın uzunluğu və qısalığı nə qədər olmalıdır?
Cavab: Bunun müəyyən bir ölçüsü yoxdur. Meyar budur ki, ürfdə ona saqqal deyilsin. Saqqalın əlin enindən uzun olması isə məkruhdur.
Sual 1412: Bığı uzatmağın və saqqalı qısaltmağın hökmü nədir?
Cavab: Bunun öz-özlüyündə maneəsi yoxdur.
Sual 1413: Bəzi kişilər çənənin tükünü saxlayır və üzün qalan hissəsinin tükünü qırxırlar. Bunun hökmü nədir?
Cavab: Saqqalın bir hissəsini qırxmaq, bütün saqqalı qırxmaq hökmündədir.
Sual 1414: Saqqalı qırxmaq fasiqlik hesab olunurmu?
Cavab: Ehtiyata görə, saqqalı qırxmaq haramdır. Əhvətə görə, fasiqliyin ehkamı və nəticələri ona aid olur.
Sual 1415: Bığı qırxmağın hökmü nədir? Bığı çox uzatmaq olarmı?
Cavab: Bığı qırxmağın, yaxud bığ saxlamağın və onu uzatmağın öz-özlüyündə maneəsi yoxdur. Əlbəttə, əgər yemək yeyərkən və su içərkən yemək və suya dəyəcək qədər uzadılarsa, bığı bu qədər uzatmaq məkruhdur.
Sual 1416: Əgər incəsənət adamı peşəsinin tələbinə görə saqqalını ülgüclə və ya üzqırxan maşınla qırxarsa, bunun hökmü nədir?
Cavab: Əgər saqqalı qırxmaq adlanarsa, ehtiyata görə, bu iş haramdır. Amma əgər onun işi İslam ictimaiyyətinin zəruri ehtiyacı hesab olunarsa, həmin zərurət miqdarında saqqalı qırxmağın maneəsi yoxdur.
Sual 1417: Mən İran İslam Respublikasına bağlı olan şirkətlərin birində ümumi əlaqələr şöbəsinin məsulu olduğuma görə, qonaqlara taraş vasitələri alıb vermək məcburiyyətindəyəm. Mənim vəzifəm nədir?
Cavab: Zərurət halı istisna olmaqla, ehtiyata görə, üzü qırxmaq üçün olan vasitələri alıb başqalarına vermək olmaz.
Sual 1418: Əgər saqqal saxlamaq insana qarşı hörmətsizlik olunmasına səbəb olarsa, saqqalı qırxmağın hökmü nədir?
Cavab: Dininə əhəmiyyət verən müsəlman şəxsin saqqal saxlaması başıaşağılıq deyildir. Saqqal saxlamağın zərəri və ya böyük çətinliyi olduğu hallar istisna olmaqla, ehtiyata görə, saqqalı qırxmaq olmaz.
Sual 1419: Əgər saqqal saxlamaq insanın öz şəri hədəflərinə çatmasına mane olarsa, saqqalı qırxmaq olarmı?
Cavab: Allahın hökmünə əməl etmək mükəlləflərə vacibdir. Yalnız böyük çətinlik və ya ciddi ziyanın mövcud olduğu hallar istisnadır.
Sual 1420: Əsasən saqqalı qırxmaq üçün istifadə edilən, amma bəzən saqqaldan qeyri tükləri təmizləmək üçün istifadə edilən taraş kremini istehsal etmək və alıb-satmaq olarmı?
Cavab: Əgər sözügedən kremin saqqalı qırxmaqdan əlavə başqa halal xeyirləri olarsa, bu məqsədlə onu istehsal etməyin və satmağın maneəsi yoxdur.
Siual 1421: “Saqqalı qırxmaq haramdır” dedikdə, üzün tükünün tam çıxması və sonra qırxılması nəzərdə tutulur? Yoxsa bu hökm üzün tükünün bir hissəsinin çıxması və qırxılmasına da şamildir?
Cavab: Ümumiyyətlə, üzün tükünün “saqqalı qırxmaq” adlanan miqdarda qırxılması, ehtiyata görə, haramdır. Amma belə adlanmadığı miqdarda qırxılmasının maneəsi yoxdur.
Sual 1422: Saç ustasının saqqalı qırxmaq müqabilində aldığı zəhmət haqqı haramdırmı? Haram olduğu təqdirdə, əgər bu pul halal mala qarışarsa, xüms verərkən bu malın xümsü iki dəfə verilməlidirmi?
Cavab: Ehtiyata görə, saqqalı qırxmaq müqabilində zəhmət haqqı almaq haramdır. Amma harama qarışmış mala gəlincə, əgər haram malın miqdarını bilərsə və onun sahibini tanıyarsa, həmin malı onun sahibinə qaytarması, yaxud onun razılığını əldə etməsi vacibdir. Yox əgər onun sahibini hətta məhdud sayda belə tanımazsa, həmin malı fəqirə sədəqə verməsi vacibdir. Əgər haram malın miqdarını bilməzsə, amma onun sahibini tanıyarsa, onun sahibinin razılığını hansısa bir şəkildə əldə etməsi vacibdir. Yox əgər haram malın miqdarını bilməzsə və onun sahibini də tanımazsa, mal haramdan təmizlənsin deyə harama qarışmış malının xümsünü verməsi vacibdir. Xümsü verdikdən sonra yerdə qalan mal əgər ilin dolanışıq xərclərindən əlavə qalarsa, qazancın xümsünü vermək ünvanında bu malın xümsünü verməsi vacibdir.
Sual 1423: Bəzi müştərilər taraş maşınını təmir etdirməkdən ötrü bəzən mənə müraciət edirlər. Şəriət baxımından saqqal qırxmağın haram olduğunu nəzərə alaraq, mən bu maşını təmir edə bilərəmmi?
Cavab: Sözügedən maşının saqqalı qırxmaqdan əlavə başqa istifadələrinin olduğunu nəzərə alaraq, saqqalın qırxılması məqsədilə olmadığı təqdirdə onu təmir etmək və bunun müqabilində zəhmət haqqı almağın maneəsi yoxdur.
Sual 1424: Yanaqdakı tükü sap və ya tükçəkən ilə təmizləmək haramdırmı?
Cavab: Yanaqdakı tükü, hətta qırxmaqla olsa belə, təmizləmək haram deyildir.
- Günah məclisində iştirak etmək
Günah məclisində iştirak etmək
Sual 1425: Bəzi vaxtlar xarici ölkələrdə universitet müəllimləri və ya universitetlər tərəfindən ümumi bayram yığıncağı təşkil olunur və bu yığıncaqda spirtli içkilərin olacağı əvvəlcədən məlumdur. Bu bayram yığıncağında iştirak etmək istəyən tələbələrin şəri vəzifəsi nədir?
Cavab: Şərab içilən məclisdə iştirak etmək heç kimə icazə verilmir. Siz bu yığıncaqlarda iştirak etməyin və qoy, onlar bilsinlər ki, siz müsəlman olduğunuza görə şərab içilən məclisdə iştirak etmir və şərab içmirsiniz.
Sual 1426: Toy məclisində iştirak etməyin hökmü nədir? Əgər toy məclisində rəqs edərlərsə, bu məclisdə iştirak etmək “bir dəstənin əməlinə qatılan onlardan sayılır” adını daşıyırmı və buna görə də, bu məclisi tərk etmək vacibdirmi? Yoxsa ki, rəqs etmədən və başqa işləri görmədən həmin məclisdə iştirak etməyin maneəsi yoxdur?
Cavab: Əgər məclis eyş-işrət, haram və günah məclisi adını daşıyacaq bir şəkildə olmazsa və orada iştirak etməyin fəsadı olmazsa, bu məclisdə iştirak etmək və əyləşməyin maneəsi yoxdur, bu şərtlə ki, ürfdə şəriətin icazə vermədiyi bir əməli dəstəkləmək hesab olunmamalıdır.
Sual 1427:
1) Kişilərin və qadınların musiqi ifa etdikləri, rəqs etdikləri, amma ayrı olduqları şənlik məclislərində iştirak etməyin hökmü nədir?
2) Çalğı çalınan və rəqs edilən toylarda iştirak etmək olarmı?
3) Rəqs edilən bir məclisdə “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək vacibdirmi? Çünki “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirməy”in məclisdə iştirak edənlərə bir təsiri olmayacağı məlumdur?
4) Qadın və kişinin bir yerdə rəqs etməsinin hökmü nədir?Cavab: Ümumiyyətlə, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə olsun, əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olarsa, yaxud haram bir əməl ilə yanaşı olarsa, yaxud haram bir iş görmək lazım gələrsə, yaxud da naməhrəm qadın və kişi birlikdə rəqs edərsə, buna icazə verilmir.
Günah məclisində iştirak etmək əgər eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərə qulaq asmaq kimi haram bir işi görməyə səbəb olarsa, yaxud bu məclisdə iştirak etmək günahı dəstəkləmək hesab olunarsa, belə məclisdə iştirak etməyə icazə verilmir. “Yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirməy”in təsirinin olmayacağı ehtimal edildikdə isə, bu şəri vəzifə mükəlləfin boynundan götürülür.Sual 1428: Əgər naməhrəm bir kişi toy məclisinə daxil olsa və orada hicabsız qadın olsa, kişi də “pis işlərdən çəkindirmə”nin qadına təsir qoymayacağını bilsə, o, məclisi tərk etməlidirmi?
Cavab: Əgər etiraz ünvanında günah məclisini tərk etmək “pis işlərdən çəkindirmə”nin nümunəsi olarsa, məclisi tərk etmək vacibdir.
Sual 1429: Ğina musiqi diskləri dinlənilən məclislərdə iştirak etmək olarmı? Əgər şəxs musiqinin ğina olduğuna şəkk etsə, diskin oxutdurulmasının qarşısını ala bilməyəcəyini nəzərə alaraq, hökm nədir?
Cavab: Əgər ğinanın və ya eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərin səsləndirildiyi məclisdə iştirak etmək onlara qulaq asmaqla, yaxud bu musiqiləri dəstəkləməklə nəticələnərsə, belə məclislərdə iştirak etmək olmaz. Amma əgər şəxs musiqinin sözügedən musiqi növlərindən olduğuna şəkk edərsə, belə məclisdə iştirak etmək və bu musiqilərə qulaq asmağın öz-özlüyündə maneəsi yoxdur.
Sual 1430: Əgər şəxs müəyyən məclislərdə bəzən yaxşı olmayan sözlər eşidərsə, məsələn, din adamlarına və ya İslam dövləti məsullarına və ya möminlərə iftira atılarsa, bu məclislərdə iştirak etməyin hökmü nədir?
Cavab: Əgər bu məclislərdə iştirak etmək qeybətə qulaq asmaq kimi haram bir işi görməyə səbəb olmazsa, həmçinin pis işin dəstəklənməsi və yayılmasına səbəb olmazsa, bu məclislərədə iştirak etməyin öz-özlüyündə maneəsi yoxdur. Amma şərait mövcud olduğu təqdirdə “pis işlərdən çəkindirmə” vəzifəsini yerinə yetirmək vacibdir.
Sual 1431: Bəzi qeyri-islami ölkələrdə təşkil edilən iclaslarda və yığıncaqlarda adəti üzrə xidmət ünvanında iştirakçılara spirtli içkilər təklif edilir. Bu iclaslarda və yığıncaqlarda iştirak etmək olarmı?
Cavab: Şərab içilən məclisdə iştirak etmək olmaz. İştirak etmək məcburiyyətində qaldıqda, zərurət miqdarında iştirak etməklə kifayətlənmək vacibdir.
- Dua yazmaq və istixarə etmək
Dua yazmaq və istixarə etmək
Sual 1432: Dua yazmaq qarşılığında pul vermək və almaq olarmı?
Cavab: Dini mənbələrdə gələn duaları yazmaq qarşılığında zəhmət haqqı olaraq pul vermək və almağın maneəsi yoxdur.
Sual 1433: Əgər dua yazan şəxs yazdığı duaların qədim kitablarda qeyd edildiyini iddia edirsə, bu duaların hökmü nədir? Bu dualar şəri baxımdan mötəbərdirmi? Bu dualardan istifadə etməyin hökmü nədir?
Cavab: Əgər dualar Məsum İmamlardan (ə) nəql olunarsa, yaxud onların məzmunu haqq və düzgün məzmun olarsa, bu dualardan təbərrük ünvanında istifadə etməyin maneəsi yoxdur. Həmçinin şübhəli duaların Məsumdan (ə) olduğuna ümid edərək, onlardan təbərrük ünvanında istifadə etməyin maneəsi yoxdur.
Sual 1434: İstixarəyə əməl etmək vacibdirmi?
Cavab: İstixarəyə əməl etmək şəri baxımdan vacib deyildir, amma istixarənin əksinə əməl etməmək yaxşıdır.
Sual 1435: “Xeyir işlərdə istixarəyə ehtiyac yoxdur” deyildiyinə görə, görəsən, xeyir işləri yerinə yetirməyin qaydası barəsində və ya bu işləri yerinə yetirərkən təxmin edilməyən və qarşıya çıxa biləcək çətinliklər barəsində istixarə etmək olarmı? İstixarə qeybi bilmək üçün bir yol hesab olunurmu, yoxsa qeybdən yalnız Allah xəbərdardır?
Cavab: İstixarə mübah işlərdə qərarsızlığı və tərəddüdü aradan qaldırmaqdan ötrüdür: istər işin özündə tərəddüd mövcud olsun, istərsə işi yerinə yetirməyin qaydası barəsində tərəddüd mövcud olsun. Buna görə də, əgər xeyir iş barəsində qərarsızlıq və tərəddüd mövcud olmazsa, istixarəyə lüzum yoxdur. Həmçinin istixarə şəxsin və ya işin gələcəyindən xəbərdar olmaqdan ötrü deyildir.
Sual 1436: Talaq almaq və ya almamaq kimi işlər barəsində Quran ilə istixarə etdirmək düzgündürmü? Əgər bir şəxs istixarə etdirsə, amma istixarəyə əməl etməsə, bunun hökmü nədir?
Cavab: Quran və ya təsbeh ilə istixarə etdirmək xüsusi işlərə aid deyildir, əksinə, hər bir mübah iş barəsində insanın tərəddüdü olduqda və bir qərara gələ bilmədikdə istixarə edə bilər. İstixarəyə əməl etmək şəri baxımdan vacib deyildir, baxmayaraq ki, istixarənin əksinə əməl etməmək yaxşıdır.
Sual 1437: İzdivac kimi taleyüklü işlərdə təsbeh və ya Quran ilə istixarə etmək olarmı?
Cavab: İnsan hansısa bir iş barəsində bir qərar vermək istədikdə, yaxşı olar ki, ilk öncə düşünüb daşınsın, yaxud təcrübəli və etibarlı insanlarla məsləhətləşsin. Əgər bundan sonra onun qərarsızlığı və tərəddüdü aradan getməzsə, istixarə edə bilər.
Sual 1438: Bir iş üçün neçə dəfə istixarə etmək düzgündür?
Cavab: İstixarə qərarsızlığı aradan qaldırmaqdan ötrü olduğuna görə, birinci istixarə ilə qərarsızlıq aradan qalxdıqda yenidən istixarə etməyin mənası yoxdur. Amma əgər məsələ dəyişərsə, yenidən istixarə etmək olar.
Sual 1439: Bəzən İmam Rzanın (ə) möcüzələrini ehtiva edən yazıların ziyarətgahlarda və məscidlərdə ziyarət kitablarının arasına qoyularaq insanlar arasında yayıldığını görürük. Bunları yazıb yayan şəxs aşağıda qeyd edir ki, kim bu möcüzələri oxusa, hacətinə çatması üçün onu müəyyən sayda yazıb camaat arasında paylamalıdır. Bu söz düzgündürmü? Kim bu yazıları oxusa, bunları yazıb yayan şəxsin istəyinə əməl etməlidirmi?
Cavab: Bu işlərin düzgünlüyü barəsində şəri baxımdan bir dəlil mövcud deyildir. Bu yazıları oxuyan şəxs də bunları yazıb yayan şəxsin istəyinə əməl etmək vəzifəsini daşımır.
- Dini ayinlərin və mərasimlərin qorunması
- İhtikar və israf
İhtikar[1] və israf
Sual 1468: Hansı məhsulları ihtikar etmək şəri baxımdan haramdır? Sizin nəzərinizə görə, möhtəkirləri[2] maddi cərimə etmək olarmı?
Cavab: Hədislərə istinadən və məşhur nəzərə görə, yalnız dörd qida məhsulunu (arpa, buğda, kişmiş, xurma), həmçinin heyvan və bitki mənşəli yağları ihtikar etmək haramdır, belə ki, cəmiyyətin müxtəlif təbəqələrinin bunlara ehtiyacı vardır. Amma ümumi məsləhət tələb etdiyi təqdirdə İslam hökuməti camaatın ehtiyacı olan başqa malların ehtikar edilməsinin də qarşısını almaq hüququ daşıyır. Həmçinin şəri-hakim münasib bildiyi təqdirdə, möhtəkiri maddi cərimə etməyin maneəsi yoxdur.
Sual 1469: Deyilir ki, otağı ehtiyacdan artıq miqdarda işıqlandırmaq üçün işıq enerjisindən istifadə etmək israf sayılır. Bu söz düzgündürmü?
Cavab: Heç şübhəsiz, ehtiyacdan artıq miqdarda hər bir şeydən, o cümlədən, işıq enerjisindən və lampa işığından istifadə etmək israf sayılır. Düzgün olan söz, Həzrət Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: “لا سَرَفَ فی خیر”. Yəni: “Xeyir işdə israf yoxdur”.
- Alğı-satqı və sövdələşmənin hökmləri
- Ribanın (sələm) hökmləri
Ribanın (sələm) hökmləri
Sual 1619: Bir sürücü yük maşını almaq istəyir. O, yük maşını almaq üçün lazım olan pulu başqa bir şəxsdən alır və bu şəxsin vəkili ünvanında yük maşınını onun üçün alır. Sonra isə pulun sahibi yük maşınını kreditlə bu sürücüyə satır. Bu sövdələşmənin hökmü nədir?
Cavab: Əgər sürücü bu sövdələşməni pulun sahibinin vəkili ünvanında yerinə yetirərsə, sonra pulun sahibi bu yük maşınını sürücünün özünə kreditlə satarsa, belə olduğu təqdirdə, əgər onların məqsədi ribadan qaçmaq üçün hiylə işlətmək olmazsa və hər iki sövdələşmədə məqsəd ciddi şəkildə alıb-satmaq olarsa, bu sövdələşmənin maneəsi yoxdur.
Sual 1620: “Borc sələmi” nədir? Banka depozit qoyanların gəlir ünvanında bankdan aldıqları faiz “sələm” hesab olunurmu?
Cavab: Borc sələmi - borc alan şəxsin borc verən şəxsə borc məbləğindən əlavə verdiyi puldur. Amma banka depozit qoyulan və bankın da pul sahibinin vəkili ünvanında bu pulu şəri baxımdan düzgün olan əqdlərin birində işlətməsindən əldə edilən gəlir sələm deyildir və maneəsi yoxdur.
Sual 1621: “Sələmli sövdələşmə”nin meyarı nədir? Bu soz: “Sələm ancaq borcda olur, başqa işlərdə olmur” – düzgün sözdürmü?
Cavab: Sələm sövdələşmədə də ola bilər, necə ki, borcda olur. Sələmli sövdələşmə odur ki, ölçü qabı və ya tərəzi ilə ölçülüb-çəkilən bir mal onunla eyni cinsdən olan mala satılır, amma qarşılığında artıq ölçüdə və ya çəkidə mal alınır.
Sual 1622: Bilirik ki, əgər bir şəxs şiddətli aclığa görə ölüm təhlükəsi ilə üz-üzə qalarsa və həyatını xilas etmək üçün yeməyə ölü heyvan ətindən (leş) başqa bir şey mövcud olmazsa, məcburiyyət qarşısında qaldığına görə ölü heyvan ətindən yeyə bilər. Belə isə, əgər bir şəxsin işləməyə qüvvəsi yoxdursa, amma az miqdarda sərmayəsi varsa və o, bu sərmayəni sələmli sövdələşməyə qoyub onun gəliri ilə dolanışığını təmin etmək məcburiyyətindədirsə, məcburiyyət qarşısında qaldığına görə sələm yeyə bilərmi?
Cavab: Sələm almaq haramdır və sələm almağı məcburiyyət qarşısında qalaraq ölü heyvan əti yeməklə müqayisə etmək düzgün müqayisə deyildir. Çünki ölü heyvan əti yemək məcburiyyəti qarşısında qalan şəxsin həmin anda canını xilas etmək üçün başqa bir şeyə əli çatmır. Amma işləməyə qüvvəsi olmayan, amma sərmayəsi olan bir şəxs öz sərmayəsini şəri baxımdan halal olan əqdlərin birində - məsələn, müzaribə əqdində - dövriyyəyə buraxa bilər.
Sual 1623: Bəzən poçt markaları ticarət sövdələşmələrində öz qiymətindən artıq qiymətə satılır. Məsələn, qiyməti iyirmi riyal olan bir marka iyirmi beş riyala satılır. Bu sövdələşmə düzgündürmü?
Cavab: Maneəsi yoxdur və artıq alınan bu məbləğ sələm hesab olunmur. Çünki sələmli sövdələşmə odur ki, ölçü qabı və ya tərəzi ilə ölçülüb-çəkilən eyni cinsdən olan iki mal bir-biri ilə dəyişdirilir və biri digərindən çox olur. Belə bir sövdələşmə düzgün deyildir.
Sual 1624: Riba bütün fiziki və hüquqi şəxslər üçün eyni dərəcədə haramdırmı, yoxsa bəzi xüsusi hallar istisna təşkil edir?
Cavab: Riba ümumiyyətlə haramdır. Yalnız ata ilə övlad və ər ilə arvad arasındakı riba, həmçinin müsəlmanın zimmi-kafir olmayan bir kafirdən aldığı riba haram deyildir.
Sual 1625: Əgər sövdələşmədə malın qiyməti müəyyən edilərsə və sövdələşmə bu qiymət əsasında baş tutarsa, amma sövdələşmənin tərəfləri razılığa gələrsə ki, malın pulu müddətli pul çeki şəklində (yəni bir neçə müddət sonra çekdə qeyd edilən məbləğ nağd pul şəklində alına bilər) ödənildiyi təqdirdə alıcı müəyyən edilən qiymətdən əlavə bir məbləğ də satıcıya ödəyəcəkdir, onlar belə bir razılığa gələ bilərmi və bu əlavə məbləği almaq olarmı?
Cavab: Əgər sövdələşmə müəyyən və bəlli bir qiymət əsasında baş tutarsa və əlavə məbləğ əsas məbləğin ödənişinin gecikdirilməsinə görə tələb olunarsa, bu, ribadır və şəri baxımdan haramdır. Əlavə məbləğin ödənilməsi barədə sövdələşmənin tərəflərinin razılığa gəlmələri, bu pulun halal olmasına səbəb olmur.
Sual 1626: Əgər bir şəxsin müəyyən məbləğ pula ehtiyacı olsa və ona borc (sələmsiz borc) verən bir şəxs tapa bilməsə, o, bu məbləği əldə etməkdən ötrü belə bir yoldan istifadə edə bilərmi: bir malı nisyə şəklində onun həqiqi qiymətindən baha qiymətə alır, sonra elə həmin sövdələşmə məclisində bu malı satıcının özünə daha ucuz qiymətə satır? Məsələn, bir kiloqram zəfəranı müəyyən qiymətə bir illik müddətə nisyə şəklində alır və elə həmin məclisdə bu zəfəranı nağd şəkildə satıcının özünə alış qiymətinin üçdə ikisi qiymətinə satır.
Cavab: Bu sövdələşmə, həqiqətdə, borc sələmindən qaçmaq üçün bir növ hiylə olduğuna görə, şəri baxımdan haramdır və düzgün deyildir.
Sual 1627: Mən gəlir əldə etmək, eyni zamanda ribadan qaçmaq məqsədilə belə bir sövdələşməni etdim: Bir evi beş yüz min tümənə aldım, halbuki, evin dəyəri bundan çox idi. Sövdələşmə əqdi əsnasında şərt qoydum ki, beş aya qədər satıcının sövdələşməni pozmaq haqqı vardır, amma sövdələşməni pozduğu təqdirdə aldığı məbləği (evin pulunu) geri qaytaracaqdır. Sövdələşmə başa çatdıqdan sonra həmin evi satıcının özünə ayda on beş min tümənə icarəyə verdim. İndi sövdələşmədən dörd ay keçmişdir və mən İmam Xomeyninin (r.ə) fətvasını eşitmişəm ki, ribadan qaçmaq üçün hiylə işlətməyə icazə verilmir. Sizin nəzərinizə görə, bu məsələnin hökmü nədir?
Cavab: Əgər bu sövdələşmə ciddi məqsədlə olmayıbsa, əksinə, formal və zahiri olubsa, başqa sözlə, satıcının borc alması və alıcının gəlir əldə etməsindən ötrü olubsa, belə sövdələşmə borc sələmindən qaçmaq üçün hiylədir. Bu isə, şəri baxımdan haramdır və düzgün deyildir. Bu kimi sövdələşmələrdə alıcı yalnız evin qiyməti ünvanında satıcıya verdiyi əsas məbləği geri ala bilər.
Sual 1628: Ribadan qaçmaq məqsədilə mala nəyisə əlavə etməyin hökmü nədir?
Cavab: Bu iş sələmli borcu izacəli etmir və mala nəyisə əlavə etməklə sələmli borc halal olmur.
Sual 1629: İşçi əmək fəaliyyəti göstərdiyi müddət ərzində öz aylıq maaşından yaşlılıq dövrü üçün pensiya fonduna köçürür və pensiyaya çıxdıqdan sonra həmin pulu dövlətin əlavə etdiyi müəyyən məbləğ ilə birlikdə pensiya ünvanında alır. Bunu almağın maneəsi vardırmı, yoxsa yox?
Cavab: Pensiya almağın maneəsi yoxdur və işçinin aylıq maaşından çıxılan pulun üzərinə dövlətin əlavə etdiyi məbləğ pensiyaçının pulunun gəliri deyildir və riba hesab olunmur.
Sual 1630: Bəzi banklar rəsmi sənədi olan evin təmiri üçün “cualə”[1] ünvanında borc verirlər, belə ki, borc alan şəxs borcu bir neçə faiz əlavə məbləğlə birlikdə müəyyən müddət ərzində kredit şəklində ödəyəcəkdir. Şəri baxımdan bu şəkildə borc almağa icazə verilirmi?
Cavab: Əgər bu pul evin təmiri üçün borc ünvanında evin sahibinin ixtiyarına verilərsə, onun “cualə” olması məna kəsb etmir və borcda əlavə məbləğin verilməsini şərt qoymağa da icazə verilmir, baxmayaraq ki, borcun özü hər bir halda düzgündür. Amma evin sahibinin evi təmir etməkdə bank üçün “cu`l” (əvəz) qərar verməsinin maneəsi yoxdur. Bu təqdirdə, “cu`l” (əvəz) bankın evin təmiri üçün sərf etdiyi məbləğə aid deyildir, əksinə, evin təmiri qarşılığında bankın kredit şəklində tələb etdiyi ümumi məbləğə aiddir.
Sual 1631: Malı nisyə şəklində onun nağd qiymətindən baha qiymətə almaq olarmı? Bu sövdələşmə riba hesab olunurmu?
Cavab: Malı nisyə şəklində onun nağd qiymətindən baha qiymətə satıb-almağın maneəsi yoxdur. Nağd və nisyə qiymətlər arasındakı fərq riba hesab olunmur.
Sual 1632: Bir şəxs öz evini “şərt sövdələşməsi” şəklində satmışdır. Amma (sövdələşməni pozmaq üçün) müəyyən edilən vaxt çatanadək evin pulunu alıcıya geri qaytara bilməmişdir. Satıcının sövdələşməni poza bilməsi üçün üçüncü bir şəxs evin pulunu alıcıya vermişdir, amma bu şərtlə ki, verdiyi məbləğdən əlavə, zəhmət haqqı ünvanında müəyyən məbləğ də alacaqdır. Bu məsələnin şəri hökmü nədir?
Cavab: Əgər üçüncü şəxs evin pulunu qaytarmaq və sövdələşməni pozmaqda satıcı tərəfindən vəkil olarsa, belə ki, əvvəlcə evin pulu məbləğində olan pulu satıcıya borc verərsə, sonra satıcının vəkili olaraq bu pulu alıcıya verib sövdələşməni pozarsa, onun bu işinin və vəkillik haqqı almasının maneəsi yoxdur. Amma əgər alıcıya verdiyi pulu satıcıya borc ünvanında vermiş olarsa, satıcıdan yalnız onun tərəfindən evin pulu ünvanında ödədiyi məbləği tələb edə bilər.
[1] Cualə - bir öhdəlikdir və burada şəxs elan edir ki, kim onun üçün müəyyən bir işi görərsə, müəyyən məbləğdə zəhmət haqqı alacaqdır. Məsələn, elan edir ki, kim mənim itən əşyamı taparsa, ona filan məbləğdə pul verəcəyəm.
- Şuf`ə haqqı
Şuf`ə haqqı[1]
Sual 1633: Əgər vəqfi şey iki şəxsə aid olarsa və vəqfi malın satışı icazəli olduğu təqdirdə bu şəxslərdən biri öz payını üçüncü bir şəxsə satarsa, bu halda şuf`ə haqqı yaranırmı? Həmçinin əgər iki şəxs bir mülkü və ya vəqfi bir şeyi icarəyə götürərsə, sonra onlardan biri öz haqqını sülh və ya icarə vasitəsilə üçüncü şəxsə verərsə, icarəyə verilən şey barəsində şuf`ə haqqı yaranırmı?
Cavab: Şuf`ə haqqı yalnız o halda yaranır ki, iki şəxs bir şeyin şərikli sahibidir və şəriklərdən biri öz haqqını üçüncü bir şəxsə satır. Buna görə də, iki şəxsə aid olan vəqfi bir şeyə gəlincə, onun satışı icazəli olduğu təqdirdə əgər şəriklərdən biri öz payını başqa bir şəxsə satarsa, şuf`ə haqqı yaranmır. Həmçinin iki şəxsin icarəyə götürdüyü bir şeyə gəlincə, əgər bu şəxslərdən biri öz haqqını başqa bir şəxsə verərsə, şuf`ə haqqı yaranmır.
Sual 1634: “Şuf`ə haqqı” barəsində fiqh kitablarında və Mülki Məcəllədə verilən açıqlamalardan aydın olur ki, iki şərikdən biri öz payını üçüncü bir şəxsə satdıqda digər şərik üçün şuf`ə haqqı yaranır. Bu əsasla, əgər iki şərikdən biri alıcını digər şərikin payını almağa təşviq edərsə, yaxud digər şərikin payını aldığı təqdirdə öz şuf`ə haqqından istifadə etməyəcəyini açıq şəkildə söyləyərsə, bu əməl şuf`ə haqqının aradan qalxması hesab olunurmu?
Cavab: İki şərikdən birinin alıcını digər şərikin payını almağa sadəcə təşviq etməsi, onun şuf`ə haqqı ilə ziddiyyət təşkil etmir. Hətta əgər o, alıcıya vəd etsə ki, alıcı ilə digər şərik arasında sövdələşmə baş tutduğu təqdirdə o öz şuf`ə haqqından istifadə etməyəcəkdir, bu da, sövdələşmə baş tutduqdan sonra onun şuf`ə haqqının aradan qalxmasına səbəb olmayacaqdır.
Sual 1635: İki şərikdən biri öz payını satmamışdan qabaq digər şərikin şuf`ə haqqının aradan qalxması düzgündürmü, yoxsa yox? Çünki hələ digər şərik üçün şuf`ə haqqı yaranmamışdır.
Cavab: İki şərikdən biri öz payını üçüncü bir şəxsə satmaq nəticəsində digər şərik üçün şuf`ə haqqı yaranmamışdan qabaq şuf`ə haqqının aradan qalxması düzgün deyildir. Amma iki şərikdən biri “lazım əqd” əsnasında öhdəsinə götürə bilər ki, digər şərik öz payını başqa bir şəxsə satdığı təqdirdə öz şuf`ə haqqından istifadə etməyəcəkdir.
Sual 1636: İkimərtəbəli bir ev iki qardaşın şərikli mülküdür. Bir şəxs bu evin bir mərtəbəsini icarəyə götürmüşdür. Bu qardaşların isə bu şəxsə borcu vardır. Bu şəxs verdiyi borcu təkidlə tələb etsə də, qardaşlar iki ildir onun borcunu verməkdən boyun qaçırırlar, belə ki, şəri baxımdan bu şəxs üçün “təqas haqqı”nın[2] yaranmasına gətirib çıxarmışdır. Evin qiyməti isə onun verdiyi borcun məbləğindən çoxdur. Əgər o, verdiyi borc məbləğində bu evə “təqas” ünvanında sahiblənərsə və bu evdə o qardaşlarla şərik olarsa, evin qalan hissəsində onun şuf`ə haqqı vardırmı, yoxsa yox?
Cavab: Sualda qeyd edilənləri nəzərə alaraq, burada şuf`ə haqqı yaranmır. Çünki şuf`ə haqqı o şərik üçün yaranır ki, onun şəriki öz payını üçüncü şəxsə satmışdır və şəriklik sövdələşmə baş tutmamışdan qabaq mövcud imiş. Şuf`ə haqqı iki şərikdən birinin payını almaq, yaxud “təqas haqqı” nəticəsində o paya sabiblənmək vasitəsilə başqası ilə şərik olan şəxs üçün yaranmır. Bundan əlavə, iki şərikdən biri öz payını satdıqda şuf`ə haqqı o halda yaranır ki, həmin mülk yalnız iki şəxsin şərikli mülkü olsun, ikidən artıq deyil.
Sual 1637: Bir mülk iki şəxs arasında şəriklidir və onlardan hər biri mülkün yarısının sahibidir. Mülkün rəsmi sənədi də onların hər ikisinin adınadır. Özlərinin dəst-xətti ilə yazdıqları bölgüyə aid adi sənəddə sözügedən mülk onlar arasında müəyyən sərhədlərlə iki hissəyə bölünmüşdür. Bölgü aparıldıqdan sonra əgər iki şərikdən biri öz payını üçüncü bir şəxsə satarsa, mülkün rəsmi sənədi onların hər ikisinin adına olduğuna görə digər şərik üçün şuf`ə haqqı yaranırmı?
Cavab: Əgər satılan hissə sövdələşmə zamanı digər şərikin hissəsindən müəyyən sərhədlərlə ayrılıbdırsa, hissələrin bir-birinin kənarında yerləşməsi, yaxud öncəki şəriklik, yaxud mülkün rəsmi sənədinin onların hər ikisinin adına olması şuf`ə haqqının yaranmasına səbəb olmur.
[1] Şuf`ə haqqı - iki şərikdən biri şərikli maldan öz payını digər şərikin razılığı olmadan üçüncü bir şəxsə satdığı təqdirdə, digər şərik üçün müamiləni pozmaq haqqının yaranmasına deyilir.
[2] Təqas haqqı – başqasının haqqını mənimsəyən və onu verməkdən boyun qaçıran bir şəxsin malından və ya pulundan bu haqqın götürülməsinə deyilir.
- İcarə
- Zaminlik
Zaminlik
Sual 1682: Bank hesabında vəsaiti olmayan bir şəxs başqa bir şəxsə zaminlik vəsiqəsi ünvanında pul çeki yaza bilərmi?
Cavab: Bu kimi məsələlərdə İslam hökumətinin qanunları əsas götürülür.
Sual 1683: Bir şəxs mənə müəyyən məbləğ pul borclu idi və borcunu verməkdə səhlənkarlıq edirdi. Nəhayət, onun qohumlarından biri mənə borcun məbləği qeyd edilən müddətli pul çeki verdi ki, borcunu qaytarmaqda o şəxsə möhlət verim. Beləcə, pul çeki verən şəxs zamin oldu ki, əgər borcu olan şəxs çekdə qeyd edilən tarixə qədər borcunu qaytarmazsa, onun özü borcu qaytaracaqdır. Daha sonra borcu olan şəxs qaçıb gizləndi və mən hələ də onu tapa bilmirəm. Mən zamin olan şəxsdən borcumu bütünlüklə ala bilərəmmi?
Cavab: Əgər o, şəri baxımdan düzgün şəkildə zamin olubdursa, qeyd edilən tarix çatdıqda siz öz borcunuzu ondan tələb edə və borcunuzu bütünlüklə ondan ala bilərsiniz.
- Girov
Girov
Sual 1684: Bir şəxs bankdan götürdüyü pul borcunun qarşılığında öz evini banka girov qoymuşdur. Amma borcunu verib qurtarmamış vəfat etmiş və onun azyaşlı varisləri də qalan borcu ödəyə bilməmişlər. Nəticədə, bank sözügedən evi müsadirə etmişdir, halbuki, o evin qiyməti borcun məbləğindən neçə dəfə çox idi. Artıq olan bu məbləğin hökmü nədir? Məruhumun azyaşlı varisləri və onların haqqı barəsində hökm nədir?
Cavab: Əgər girov qoyulan şeydən öz borcunu əldə etmək üçün girov götürən şəxsin bu şeyi satmaq icazəsi vardırsa, həmin şeyi mümkün olan ən yüksək qiymətə satmalıdır. Bu şeyi borcun məbləğindən artıq qiymətə satdığı təqdirdə, borc verdiyi məbləği götürdükdən sonra qalan pulu bu şeyin şəri sahibinə qaytarmalıdır. Buna görə də, sualda qeyd edilənləri nəzərə alaraq, pulun artıq qalanı mərhumun varislərinə çatır.
Sual 1685: Bir şəxs müəyyən məbləğ pulu müəyyən müddətə borc götürüb, borca görə öz mülkünü borc verən şəxsin yanında girov qoya və sonra bu evi ondan müəyyən məbləğə və müəyyən müddətə icarəyə götürə bilərmi?
Cavab: Mülk sahibinin öz mülkünü icarəyə götürməsi məsələsində mövcud olan iraddan əlavə, bu kimi sövdələşmələr sələmli borc almaq üçün işlədilən hiylələrdir. Buna görə də, şəri baxımdan haramdır və düzgün deyildir.
Sual 1686: Bir şəxs başqa bir şəxsdən aldığı borcun qarşılığında öz torpaq sahəsini onun yanında girov qoymuşdur. Bu sövdələşmənin üstündən qırx ildən çox vaxt keçmiş, nəhayət, həm girov qoyan şəxs, həm də girov götürən şəxs vəfat etmişlər. Girov qoyan şəxsin varisləri o vəfat etdikdən sonra girov götürən şəxsin varislərindən həmin torpaq sahəsini dəfələrlə tələb etmişlər. Amma onlar bu tələbi qəbul etməyib, torpaq sahəsinin atadan onlara irs çatdığını iddia etmişlər. Girov qoyan şəxsin varisləri bu torpaq sahəsini onlardan geri ala bilərmi?
Cavab: Əgər sübuta yetsə ki, girov götürən şəxs verdiyi borcu əldə etmək üçün bu torpaq sahəsinə sahiblənə bilərmiş və bu torpaq sahəsinin də qiyməti onun verdiyi borc məbləğində və ya daha az məbləğdə olarsa, habelə, bu torpaq sahəsi o vəfat edənədək onun ixtiyarında olarsa, göründüyü qədər onun mülküdür. O vəfat etdikdə isə, onun mirası və varislərinə çatan irs sayılır. Əks təqdirdə, bu torpaq sahəsi girov qoyan şəxsin varislərinə irs çatır və onlar bu torpaq sahəsini girov götürən şəxsin varislərindən tələb edə bilərlər. Girov qoyan şəxsin varisləri də onun borcunu onun öz mirasından girov götürən şəxsin varislərinə ödəməlidirlər.
Sual 1687: Bir evi icarəyə götürən bir şəxs başqa bir şəxsə borclu olduğuna görə bu evi onun yanında girov qoya bilərmi? Yoxsa girovun düzgün olmasında girov qoyulan şeyin girov qoyan şəxsin əmlakı olması şərtdir?
Cavab: Evin sahibinin izni və icazəsi ilə olarsa, maneəsi yoxdur.
Sual 1688: Mən bir şəxsə borclu olduğum üçün öz evimi onun yanında bir il müddətinə girov qoydum və bu barədə müqavilə də yazdıq. Amma müqavilədən kənar olaraq, mən ona vəd etdim ki, ev üç il müddətində onun ixtiyarında olacaqdır. Girovun müddəti barəsində müqavilədə yazılanlar mötəbər sayılır, yoxsa adi bir təklif olaraq mənim ona etdiyim vəd? Girov düzgün olmadığı təqdirdə, girov qoyan şəxsin və girov götürən şəxsin vəzifəsi nədir?
Cavab: Girovun müddəti barəsində müqavilədə yazılanlar, yaxud edilən vəd, yaxud da bu kimi məsələlər meyar götürülmür, əksinə, borc müqaviləsinin özü meyar götürülür. Beləliklə, əgər borcun müəyyən müddətdən sonra qaytarılması şərt qoyulubsa, həmin tarix çatdıqda müqavilə pozulur. Əks təqdirdə, həmin şey girov olaraq qalır və borc qaytarılmayanadək və ya borc verən şəxs öz haqqından keçməyənədək bu şey girovluqdan azad olmur. Sözügedən ev girovluqdan azad olduğu, yaxud girov əqdinin kökdən yanlış olduğu məlum olduğu təqdirdə, girov qoyan şəxs girov qoyduğu şeyi girov götürən şəxsdən tələb edə bilər. Girov götürən şəxsin də həmin şeyi geri qaytarmaqdan imtina etmək və düzgün olan girovun hökmlərini onun barəsində icra etmək haqqı yoxdur.
Sual 1689: Atam təxminən iki il və ya iki ildən bir qədər çox öncə bir neçə qızıl sikkəni bir şəxsdən aldığı borcun qarşılığında ona girov verdi. Ölümündən bir neçə gün əvvəl isə həmin şəxsə bu qızıl sikkələri satmasına icazə verdi, amma onu bu məsələdən xəbərdar edə bilmədi. Atam vəfat etdikdən sonra mən atamın borcu məbləğində pul borc götürüb həmin şəxsə verdim. Məqsədim isə, atamın borcunu ödəmək və onu borcdan çıxarmaq deyildi, əksinə, girov qoyulan qızıl sikkələri ondan alıb başqa bir şəxsin yanında girov qoymaq idi. Amma həmin şəxs qızıl sikkələri mənə təhvil vermək üçün digər varislərin də razılığını şərt qoydu, varislərdən bəziləri isə bu işə icazə vermədi. Beləliklə, mən girov qoyulan qızıl sikkələri təhvil almaq üçün həmin şəxsə müraciət etdim, amma o, qızıl sikkələri verdiyi borcun qarşılığında özünə götürdüyünü iddia edib onları təhvil verməkdən boyun qaçırdı. Bu məsələnin şəri baxımdan hokmü nədir? Verdiyi borcu geri aldıqdan sonra girov götürən şəxs girov qoyulan şeyi geri qaytarmaqdan boyun qaçıra bilərmi? Nəzərə alsaq ki, mən atamın borcunu vermək vəzifəsini daşımırdım və həmin şəxsə verdiyim pul atamın borcu ünvanında deyildi, o, verdiyi borcun qarşılığında bu pulu özünə götürüb, qaytarmaya bilərmi? O, girov qoyulan şeyi geri qaytarmaq üçün digər varislərin razlığını şərt qoya bilərmi?
Cavab: Əgər sözügedən pulu o şəxsə verməkdə məqsəd mərhumun borcunu ödəmək olubdursa, mərhum borcdan çıxmış sayılır, girov qoyulan şey də girovluqdan azad olur və o şəxsin əlində əmanətə çevrilir. Amma həmin şey bütün varislərə aid olduğuna görə, digər varislərin razılığı olmadan varislərdən bəzilərinə verməməlidir. Yox əgər sözügedən pulun mərhumun borcunu ödəmək məqsədilə verildiyi dəqiqləşməzsə, xüsusilə də, əgər girov götürən şəxs bunu iqrar etməzsə, verdiyi borcun qarşılığında bu pulu özünə götürə bilməz. Əksinə, bu pulu ona verən şəxsə - xüsusilə də, əgər pulu geri istəyirsə - geri qaytarmalıdır. Qızıl sikkələr də girov ünvanında onun yanında qalır və varislər mərhumun borcunu ödəyib onu azad etməlidirlər, yaxud da girov götürən şəxsə qızıl sikkələri satmasına və əldə edilən puldan verdiyi borcu götürməsinə icazə verməlidirlər.
Sual 1690: Bir şəxs girov qoyduğu şeyi girovdan azad etməmiş onu öz borcu qarşılığında başqa bir şəxsin yanında girov qoya bilərmi?
Cavab: Əgər girov qoyan şəxs onu birinci girovdan azad etməmiş ikinci girova qoyarsa, birinci girov götürən şəxsin icazəsi olmadan bu iş “füzuli”dir (icazəsiz müqavilə hökmündədir) və (bu işin düzgünlüyü) birinci girov götürən şəxsin icazəsinə bağlıdır.
Sual 1691: Bir şəxs başqa bir şəxsdən müəyyən məbləğ borc almaqdan ötrü öz torpaq sahəsini onun yanında girov qoyur. Amma girov götürən şəxs həmin məbləğdə pulu olmadığını bildirib, pulun əvəzində on baş qoyun verir. İndi hər iki tərəf girovu azad etmək və öz mallarını geri götürmək niyyətindədirlər. Amma girov götürən şəxs təkid edir ki, verdiyi qoyunlar ona qaytarılmalıdır. Şəri baxımdan onun belə bir haqqı vardırmı?
Cavab: Girov borcun qarşılığında olmalıdır, nəinki borc sonradan verilməlidir. Sualda qeyd olunanlara əsasən, torpaq sahəsi və qoyunlar onların sahiblərinə qaytarılmalıdır.
- Şəriklik
Şəriklik
Sual 1692: Mən bir şirkət sahibi ilə şirkətin sərmayəsində şərik oldum. Belə ki, o, sərmayəni işlətməkdə mənim tərəfimdən vəkil idi və hər ay səhmlərin gəlirindən beş min tümən mənə verməli idi. Bir il ötdükdən sonra həmin əmlakın və onun gəlirinin əvəzində ondan bir torpaq sahəsi aldım. Bu torpaq sahəsinin hökmü nədir?
Cavab: Sualda qeyd olunanlara əsasən, şirkətin sərmayəsində şərik olduğunuza və şirkət sahibinin də bu sərmayədən istifadə etmək icazəsi olduğuna görə şəri baxımdan halal olan yolla gəlir əldə edildiyi təqdirdə onu almağın maneəsi yoxdur.
Sual 1693: Bir neçə şəxs bir şeyi şərikli şəkildə almışlar, bu şərtlə ki, öz aralarında püşk atacaqlar və püşkdə kimin adı çıxarsa bu şey onun olacaqdır. Bu işin hökmü nədir?
Cavab: Əgər püşk atmaqda onların məqsədi bu olsa ki, şərikli malda olan paylarını püşkdə adı çıxan şəxsə razılıqla hədiyyə edəcəkdirlər, bu işin maneəsi yoxdur. Amma əgər onların məqsədi bu olsa ki, şərikli mal püşk vasitəsilə püşkdə adı çıxan şəxsin əmlakı olacaqdır, bu iş şəri baxımdan düzgün deyildir. Həmçinin əgər onların əsas məqsədi udub-uduzmaq olarsa, bu da düzgün deyildir.
Sual 1694: İki şəxs bir torpaq sahəsi almış və iyirmi ildir bu torpaq sahəsində şərikli şəkildə əkinçiliklə məşğuldurlar. Hal-hazırda onlardan biri öz payını başqasına satmaq istəyir. Onun belə bir haqqı vardırmı, yoxsa yalnız şərikinin onu almaq haqqı vardır? Əgər bu şəxs öz payını digər şərikinə satmaq istəmirsə, şərikinin etiraz etməyə haqqı vardırmı?
Cavab: Bir şərikin digər şəriki öz payını ona satmağa məcbur etməyə haqqı yoxdur. Əgər şəriki öz payını başqasına satarsa, etiraz etmək haqqı da yoxdur. Amma alğı-satqı baş tutduqdan sonra əgər bu xüsusda “şuf`ə haqqı”nın bütün şərtləri mövcud olarsa, “şuf`ə haqqı”ndan istifadə edə bilər.
Sual 1695: İstehsal və ya ticarət şirkətlərinin, yaxud bankların satışa çıxardıqları səhmləri almağın və satmağın hökmü nədir? Belə ki, bir şəxs bu səhmlərdən birini alır və birja bazarında satışa çıxarır, nəticədə, onun qiyməti alış qiymətindən yuxarı və ya aşağı olur. Bildiyimiz kimi, sərmayə deyil, səhmin özü alğı-satqıya çıxarılır. Həmçinin əgər sözügedən şirkətlərin sələmli fəaliyyətləri olarsa, yaxud bu barədə tərəddüdümüz olarsa, məsələnin hökmü nədir?
Cavab: Əgər fabrik, zavod, şirkət və bankın səhmlərinin əmlak dəyəri bu səhmlərin özünün etibarlılığı nəticəsində olarsa və səlahiyyətli bir şəxs tərəfindən onlara etibarlılıq verilərsə, onları almağın və satmağın maneəsi yoxdur. Həmçinin əgər fabrik, zavod, şirkət və bankın səhmlərinin əmlak dəyəri onların öz qiymətinə əsasən və ya onların sərmayəsinə əsasən olarsa – nəzərə alsaq ki, hər bir səhm bu qiymətin və ya sərmayənin bir hissəsi deməkdir – səhmlərin alğı-satqısının maneəsi yoxdur. Bu şərtlə ki, hər səhmin qiyməti məlum olmalıdır, həmçinin şirkətin fəaliyyəti, fabrik, zavod və ya bankın gördüyü iş şəri baxımdan halal olmalıdır.
Sual 1696: Biz üç nəfər toyuqların kəsilməsi sexində və bu sexə aid olan mülkdə şərikik. Anlaşmadığımıza görə şərikliyə son qoymaq və ayrılmaq qərarına gəldik. Buna görə də, sexi və ona aid olan mülkü şəriklər arasında hərraca çıxardıq və bizlərdən biri hərracı qazandı. Amma o vaxtdan indiyədək bizə bir pul verməmişdir. Bu sövdələşmə etibardan düşürmü?
Cavab: Hərracın elan edilməsi və şəriklərdən birinin və ya başqa bir şəxsin daha çox qiymət təklif etməsi, sövdələşmənin gerçəkləşməsi və mülkiyyətin həmin şəxsə keçməsi üçün yetərli deyildir. Səhmlərin sövdələşməsi şəri baxımdan düzgün şəkildə gerçəkləşməyənə qədər şəriklik öz yerində qalır. Amma əgər sövdələşmə düzgün şəkildə baş tutarsa, alıcının pulu ödəməsini gecikdirməsi sövdələşmənin pozulmasına səbəb olmur.
Sual 1697: Biz bir şirkət yaradıb onu rəsmi qeydiyyatdan keçirdikdən sonra mən digər şəriklərin razılığı ilə öz hissəmi başqa bir şəxsə satdım. Bu şəxs də pulu bir neçə pul çeki şəklində ödədi. Amma bu şəxsin bank hesabında kifayət qədər vəsait olmadığına görə mən ona müraciət etdim, o da pul çeklərini məndən geri alıb mənim şirkətdən olan hissəmi özümə qaytardı. Amma sözügedən hissənin rəsmi sənədi onun adında qaldı. Sonra mənə məlum oldu ki, bu şəxs sözügedən hissəni başqa bir şəxsə satmışdır. Onun bu sövdələşməsi düzgündürmü? Yoxsa mənim öz hissəmi tələb etməyə haqqım vardır?
Cavab: Əgər o, sizinlə olan sövdələşməni pozduqdan sonra həmin hissəni başqasına satmışdırsa, bu sövdələşmə füzulidir və (onun düzgünlüyü) sizin icazənizə bağlıdır. Amma əgər sizinlə olan sövdələşməni pozmamışdan qabaq həmin hissəni üçüncü bir şəxsə satmışdırsa, sövdələşmə düzgündür.
Sual 1698: Bir ev iki qardaşa atadan irs çatmışdır. Qardaşlardan biri evi bölüb və ya evdən olan payını satıb öz qardaşından ayrılmaq istəyir. Amma qardaşı onun bütün təkliflərini rədd edir, belə ki, nə evin bölünməsinə razıdır, nə qardaşının payını almağa və ya öz payını ona satmağa razıdır. Nəticədə, bu qardaş işi məhkəməyə verir və məhkəmə də bu işə baxılması üçün ev barəsində məhkəmə mütəxəssisinin araşdırma aparmasını tələb edir. Məhkəmə mütəxəssisi də bildirir ki, ev bölünməyə qabil deyildir və şərikliyə son qoymaq üçün onlardan biri öz payını başqa bir şəxsə satmalıdır, yaxud ev bütünlüklə üçüncü bir şəxsə satılmalı və evin pulu bu iki şərikə verilməlidir. Bu sövdələşmə düzgündürmü və qardaşlardan hər biri öz payını evin pulundan götürə bilərlərmi?
Cavab: Maneəsi yoxdur.
Sual 1699: Şəriklərdən biri bir mülkü şirkətin pulu ilə almış və onu öz həyat yoldaşının adına rəsmi qeydiyyata salmışdır. Bu alış bütün şəriklərə aiddirmi və mülk bütün şəriklərin əmlakı hesab olunurmu? Sözügedən mülkü bütün şəriklərin adına rəsmi qeydiyyata salmaq - hətta əgər əri bu işi görməsinə icazə verməsə belə - bu şəxsin həyat yoldaşına şəri baxımdan vacibdirmi?
Cavab: Əgər bu şəxs sözügedən mülkü “boynuna götürdüyü ümumi bir qiymətə” özü və ya həyat yoldaşı üçün alarsa, sonra mülkün pulunu şirkətin əmlakından verərsə, bu mülk ona və ya onun həyat yoldaşına aiddir. Amma digər şəriklərin əmlakı miqdarında onlara borcludur. Yox əgər sözügedən mülkü şirkətin əmlakı ilə alarsa, şəriklərin payı nisbətində sövdələşmə füzulidir və (sövdələşmənin düzgünlüyü) onların icazəsinə bağlıdır.
Sual 1700: Varislərdən bəziləri və ya onların vəkili digər varislərin razılığı olmadan müşa şəklində olan şərikli mülkdən istifadə edə və ya onu alıb-sata bilərlərmi?
Cavab: Heç bir şərik digər şəriklərin icazəsi və razılığı olmadan müştərək mülkdən istifadə edə bilməz. Həmçinin heç bir şərikin digər şəriklərin icazəsi və razılğı olmadan müştərək mülkü alıb-satması düzgün deyildir.
Sual 1701: Əgər şəriklərdən bəziləri müşa şəklində olan şərikli mülkü satarlarsa, yaxud başqa bir şəxs müşa şəklində olan şərikli mülkü satarsa və şəriklərdən bəziləri bu satışa icazə verərlərsə, digər şəriklərin icazəsi olmadan bu sövdələşmə onların hamısı tərəfindən düzgün sayılırmı? Yoxsa onların tərəfindən sövdələşmənin düzgün sayılması onların hamısının razılığına bağlıdır? Əgər şəriklərin hamısının razılığı şərtdirsə, şərikliyin bir ticarət şirkətində və ya bir sosial şirkətdə olması arasında fərq vardırmı? Bu mənada ki, ikincisində şəriklərin hamısının razılığı şərt hesab olunsun, amma birincisində şərt hesab olunmasın?
Cavab: Sövdələşmə yalnız öz hissəsini satan şəxsin hissəsi nisbətində düzgündür. Sövdələşmənin hər bir şərikin hissəsində düzgün olması onların razılığına bağlıdır. Bu baxımdan şirkətin hansı qisimdən olmasının bir fərqi yoxdur.
Sual 1702: Bir şəxs bankdan müəyyən məbləğdə pul borc götürmüşdür, bu əsasla ki, evin tikintisində bank onunla şərik olacaqdır. Ev tikilib qurtardıqdan sonra evi bankda təbii fəlakətlər qarşısında sığortalamışdır. Hal-hazırda yağış sularının və ya çirkab sular quyusunun evin divarlarına nüfuz etməsi nəticəsində evin bir hissəsi xarab olmuşdur və onun təmiri üçün müəyyən məbləğ pul xərclənməlidir. Amma bank bu zəmində heç bir məsuliyyəti qəbul etmir, sığorta şirkəti də bu ziyanın ödənilməsini müqavilə çərçivəsindən xaric hesab edir. Bu zəmində kim məsuliyyət daşıyır və dəyən ziyana kim zamindir?
Cavab: Sığorta şirkəti sığorta müqaviləsinin qaydalarından xaric ziyanlara zamin deyildir. Evin təmiri və başqasının zamin olmadığı ziyanların ödənilməsi evin sahibinin öhdəsindədir. Əgər bankın evdə sosial şərikliyi olarsa, bank öz hissəsi nisbətində ziyanın xərclərini ödəməlidir. Amma əgər ziyanın ödənilməsi xüsusi bir şəxsə aid olarsa, bu hal istisnadır.
Sual 1703: Üç nəfər şərikli şəkildə bir neçə ticarət obyekti almışlar ki, bu obyektlərdə birlikdə ticarətlə məşğul olsunlar. Amma şəriklərdən biri digər iki şərikə bu obyektlərdən istifadə etməyə, hətta oranı icarəyə vermək və ya satmağa razılıq vermir. Sual budur:
1) Şəriklərdən biri digər iki şərikin icazəsi olmadan öz payını sata və ya icarəyə verə bilərmi?
2) O, digər iki şərikin icazəsi olmadan həmin obyektlərdə işlə məşğul ola bilərmi?
3) O, bu obyektlərdən birini özünə götürüb, qalan obyektləri digər iki şərikinə verə bilərmi?Cavab:
1) Şəriklərdən hər biri müşa şəklində olan payını digər şəriklərin icazəsi olmadan sata bilər.
2) Şəriklərdən heç biri digər şəriklərin icazəsi olmadan şərikli maldan istifadə edə bilməz.
3) Şəriklərdən heç biri birtərəfli olaraq və digər şəriklərin razılığı olmadan öz payını şərikli maldan ayıra bilməz.Sual 1704: Bir məntəqənin əhalisindən bir dəstəsi ağac əkilmiş bir sahədə hüseyniyyə tikmək fikrindədirlər. Amma sözügedən sahədə payı olan əhalinin bir qismi bu işə razı deyildir. Bu məntəqədə hüseyniyyə tikməyin hökmü nədir? Əgər ehtimal olunsa ki, bu torpaq sahəsi ənfaldandır və ya şəhərin ümumi məkanlarındandır, məsələnin hökmü nədir?
Cavab: Əgər torpaq sahəsi əhalinin müşa şəklində olan şərikli mülkü olarsa, oradan istifadə etmək şəriklərin hamısının razılığına bağlıdır. Amma əgər bu torpaq sahəsi ənfaldan və ya şəhərin ümumi məkanlarından olarsa, onun ixtiyarı İslam Dövlətinin əlindədir və dövlətin icazəsi olmadan oradan istifadə etmək olmaz.
Sual 1705: Əgər varislərdən biri müştərək bağdan olan payının satılmasına razı deyildirsə, digər şəriklər və ya dövlət müəssisələrindən biri onu bu işə vadar edə bilərmi?
Cavab: Əgər şəriklərin payının bölünməsi və ayrılması mümkün olarsa, şəriklərdən heç biri və ya başqa şəxslər şəriklərdən birini öz payını satmağa vadar edə bilməz. Bu kimi hallarda hər bir şərik yalnız digər şəriklərdən onun payını ayırmalarını istəyə bilər. Amma əgər ağacları olan bağın bölünməsi və ayrılması barəsində İslam hökuməti tərəfindən müəyyən qanunlar qoyulubdursa, bu təqdirdə həmin qanunlara riayət etmək vacibdir. Yox əgər müşa şəklində olan şərikli mülkün ayrılması və bölünməsi mümkün olmazsa, şəriklərdən hər biri şəri-hakimə müraciət edə bilər və şəri-hakim də digər şəriki öz payını satmağa və ya onun payını almağa vadar edə bilər.
Sual 1706: Dörd qardaş sahib olduqları şərikli mal ilə dolanışıqlarını təmin edərək birlikdə yaşayırlar. Bir neçə il sonra qardaşlardan ikisi izdivac edir. Bu iki qardaşın hər biri öz azyaşlı qardaşlarından birini himayə etməyi və onların ailə qurmalarına imkan yaratmağı öz öhdəsinə götürür. Amma onlar öz öhdəliklərinə əməl etmədiklərinə görə, iki azyaşlı qardaş öz mallarını onlardan ayırmağı qərara alır və şərikli malın bölünməsini istəyir. Şərikli mal onlar arasında şəriət baxımından hansı şəkildə bölünməlidir?
Cavab: Əgər bir şəxs şərikli maldan şəxsi istifadə edərsə, digər şəriklərinə o miqdarda borclu sayılır ki, bu şəriklər özlərinin payı nisbətində şərikli maldan onun xərclədiyi miqdarda şəxsi istifadə etməyibdirlər. Buna görə də, digər şəriklərin haqqı vardır ki, şəxsi istifadə etdiyi malın əvəzini öz malından verməsini ondan tələb etsinlər və qalan şərikli malı da bərabər şəkildə öz aralarında bölsünlər. Yaxud da ilk öncə şərikli maldan istifadə etməyən və ya başqaları ilə müqayisədə az istifadə edən şəxslərin hamısına, şərikli maldan istifadə baxımından hamının bərabərləşəcəyi miqdarda versinlər, sonra isə qalan şərikli malı öz aralarında bərabər şəkildə bölsünlər.
Sual 1707: Çay istehsalı və istehlakına nəzarət qurumu bölgələrdə çay satışı ilə məşğul olan tacirləri qurumla əməkdaşlıq etməyə və qurumun üzvü olmağa məcbur edir. Sözügedən qurum çay satışı ilə məşğul olan tacirləri qurumla əməkdaşlıq etməyə məcbur edə bilərmi? Bu məcburi əməkdaşlıq düzgündürmü?
Cavab: Əgər sözügedən qurum bölgələrdə çay satışı ilə məşğul olan tacirlərə şərait yaradırsa və bölgənin satış mərkəzlərinə paylamaq üçün onlara çay verirsə, bir sözlə, onlara bu kimi xidmətlər göstərirsə, bunun qarşılığında da qurumla əməkdaşlıq etməyi və yalnız onlarla sövdələşmə etməyi şərt qoyursa, bu şərtin və belə əməkdaşlığın maneəsi yoxdur.
Sual 1708: Şirkətin müdiri və ya məsul işçisi səhmdarlardan icazə almadan şirkətin gəlirini xeyriyyə işlərinə xərcləyə bilərmi?
Cavab: Şərikli malın gəlirindən hər bir şərikin payına düşən hissənin ixtiyarı və bu gəliri hansı məqsəd üçün istifadə etməsi, hər bir şərikin öz əlindədir. Nəticədə, əgər başqa bir şəxs vəkil təyin edilmədən və ya ona icazə verilmədən həmin gəliri xərcləyərsə - bu məbləği xeyriyyə işlərinə xərcləmiş olsa belə - bu məbləğə zamindir.
Sual 1709: Üç nəfər bir ticarət obyektində şərikdirlər. Belə ki, birinci şərik sərmayənin yarısını, digər iki şərikin hər biri isə sərmayənin dörddə birini vermişlər. Şərtə görə, əldə edilən gəlir onların arasında bərabər şəkildə bölünəcəkdir. Amma ikinci və üçüncü şərik ticarət obyektində daha aktiv və davamlı şəkildə işləyirlər, halbuki, birinci şərik orada daha az işləyir. Bu şəriklik sözügedən şərt ilə düzgündürmü?
Cavab: Şəriklik müqaviləsində şəriklərin bərabər miqdarda sərmayə qoymaları şərt deyildir. Əldə edilən gəlirin şəriklər arasında bərabər şəkildə bölünməsinin də maneəsi yoxdur, baxmayaraq ki, onların qoyduqları sərmayənin miqdarı müxtəlifdir. Amma ticarət obyektində işləməyə gəlincə, əgər şəriklik müqaviləsində bu barədə bir şey qeyd edilməyibdirsə, şəriklərin hər biri gördükləri iş miqdarında ücrətül-misl almaq haqqına malikdir.
Sual 1710: Bir şirkət dövlət sektoru və özəl sektor tərəfindən yaradılmışdır və səhmdarların nümayəndələri bu şirkətin fəaliyyətinə nəzarət edirlər. Şirkətin idarə heyəti və işçiləri şirkətin nəqliyyat vasitələrindən öz şəxsi işləri üçün məqbul bir şəkildə istifadə edə bilərlərmi?
Cavab: Şirkətin nəqliyyat vasitələrindən və digər əmlakından şirkətə aid olmayan işlər üçün istifadə etmək səhmdarların və ya onların nümayəndələrinin bu xüsusda icazəsinə bağlıdır.
Sual 1711: Şirkətin nizamnaməsinə əsasən, ixtilaflı məsələlərin həlli üçün mühakimə heyəti yaradılmalıdır. Amma sözügedən heyət şirkət üzvləri tərəfindən yaradılmayanadək öz vəzifəsini yerinə yetirməyə qadir deyildir. Hal-hazırda səhmdarların və şəriklərin 51%-i öz haqlarından keçdiklərinə görə sözügedən heyəti yaratmırlar. Öz haqlarından keçənlər digər səhmdarların haqlarını qorumaq üçün bu heyətin yaradılmasında iştirak etməlidirlərmi?
Cavab: Əgər şirkət üzvləri şirkətin daxili nizamnaməsinə görə, tələb olunduğu zaman mühakimə heyəti yaradacaqlarını öhdələrinə götürüblərsə, öz öhdəliklərinə əməl etməlidirlər. Şirkət üzvlərinin bəzilərinin öz haqlarından keçmələri, mühakimə heyətinin yaradılmasında onların öz öhdəliklərinə əməl etməkdən boyun qaçırmalarını icazəli etmir.
Sual 1712: İki nəfər müştərək sərmayə ilə və sərquflisi də müştərək olan bir obyektdə ticarətlə məşğuldurlar. İlin sonunda gəliri və ziyanı hesablayıb, öz aralarında bölüşdürürlər. Son vaxtlar onlardan biri gündəlik işini buraxıb öz sərmayəsini geri götürmüşdür, halbuki, digər şərik həmin obyektdə ticarəti davam etdirir. İndi isə, işi buraxan şərik iddia edir ki, şərikinin etdiyi bəzi alış-verişlərə o da şərikdir. Bu məsələnin hökmü nədir?
Cavab: Mülkdə və ya ticarət obyektinin sərquflisində şərik olmaq ticarətdə və ticarətdən əldə edilən gəlirdə şərik olmaq üçün yetərli deyildir. Burada meyar, ticarət sərmayəsində şərik olmaqdır. Buna görə də, əgər iki şərik müştərək sərmayədə olan paylarını düzgün şəkildə bölüşdürdükdən və onlardan biri öz payını geri götürdükdən sonra digər şərik həmin obyektdə öz ticarətini davam etdirərsə, öz sərmayəsini geri götürən şəxsin digər şəxsin ticarətində heç bir haqqı yoxdur. O, yalnız bu obyektdə olan payının nisbətində icarə pulu və ya ücrətül-misl tələb edə bilər. Yox əgər müştərək sərmayə bölünməmişdən qabaq o, bu obyektdə ticarətini davam etdirərsə, digər şərikin sərmayədə olan şərikliyi nisbətində öz şərikinin ticarətində haqqı vardır.
Sual 1713: Bacımın öz əmlakını İslama və haqq məzhəbə zidd olan azğın düşüncələrin yayılması yolunda sərf edə biləcəyini nəzərə alaraq, bacımın öz əmlakından istifadəsinin və şirkətdən öz payını götürməsinin qarşısını almaq mənə vacibdirmi?
Cavab: Şəriklərdən birinin şirkətdən ayrılmasının qarşısına almağa heç bir şərikin haqqı yoxdur. Həmçinin şəriklərdən birinin öz əmlakını götürüb onu pis yolda və günah işlərə xərcləyəcəyi qorxusu olduğuna görə, digər şəriklər onun öz əmlakını götürməsinə mane ola bilməzlər. Şəriklər onun bu istəyini (əmlakını geri götürmək istəyini) təmin etməlidirlər. Amma bu şəxsin öz əmlakını haram işlərə sərf etməsi haramdır. Həmçinin onu pis işlərdən çəkindirmək başqalarına vacibdir.
Sual 1714: Bizim kəndimizdə sahəsi on hektara çatan bir su çalahovuzu vardır və əkinçilərin ata-babalarının mülkü olmuşdur. Hər il qışda ora su yığılır və əkin sahələrinin, bağların suvarılması üçün ondan istifadə olunur. Hal-hazırda dövlət bu çalahovuzun ortasından keçən geniş bir yol tikir və onun yalnız beş hektarı olduğu kimi qalmışdır. Çalahovuzun qalan bu hissəsi İcra Hakimiyyətinin mülkü, yoxsa əkinçilərin mülkü hesab olunur?
Cavab: Əgər çalahovuz əkinçilərin ata-babalarının mülkü olubdursa və əkinçilərə irs çatıbdırsa, onun qalan hissəsi əkinçilərin mülkü hesab olunur və İcra Hakimiyyətinin onda bir haqqı yoxdur. Amma əgər dövlətin bu zəmində müəyyən qanunları olarsa, bu hal istisnadır.
- Hədiyyə
Hədiyyə
Sual 1715: Həddi-büluğa çatmayan yetim uşağa verilən hədiyyədən istifadə etmək olarmı?
Cavab: Onun şəri qəyyumunun icazəsinə bağlıdır.
Sual 1716: İki qardaş bir torpaq sahəsində şərikdirlər. Qardaşlardan biri öz hissəsini böyük qardaşının oğluna “əvəzli hədiyyə” (هبة معوضة) şəklində bağışlamış və ona təhvil vermişdir. Hədiyyə verən şəxs vəfat etdikdən sonra onun övladları bu torpaq sahəsindən həmin hissənin onlara irs çatdığını iddia edə bilərlərmi?
Cavab: Əgər sübuta yetsə ki, vəfat edən qardaş bu torpaq sahəsində olan hissəsini həyatda ikən öz qardaşı oğluna bağışlamış və ona təhvil verərək onun ixtiyarında qoymuşdur, o vəfat etdikdən sonra onun varislərinin bu torpaq sahəsində heç bir haqları yoxdur.
Sual 1717: Bir şəxs atasının torpaq sahəsində atası üçün ev tikmişdir. Atası həyatda ikən onun icazəsi ilə evin ikinci mərtəbəsini də özü üçün tikmişdir. Nəzərə alsaq ki, atası vəfat etdikdən bir neçə il sonra bu şəxs də vəfat etmişdir və evin ikinci mərtəbəsinin hədiyyə olduğuna və ya hansı şəkildə istifadə ediləcəyinə dəlalət edən bir vəsiyyət, yaxud bir sənəd mövcud deyildir, ikinci mərtəbə bu şəxsin mülkü hesab olunurmu və o vəfat etdikdən sonra varislərinə çatırmı?
Cavab: Əgər övlad ikinci mərtəbənin tikintisinin xərcini çəkibdirsə və atası həyatda ikən heç bir ixtilaf olmadan evin ikinci mərtəbəsi onun ixtiyarında olubdursa, şəri baxımdan onun mülkü olduğuna hökm verilir. O vəfat etdikdən sonra onun irsi sayılır və varislərinə çatır.
Sual 1718: Mənin on bir yaşım olanda atam öz evlərindən birini rəsmi şəkildə mənim adıma keçirdi. Həmçinin bir torpaq sahəsini və bir evin yarısını qardaşımın adına, evin digər yarısını isə anamın adına keçirdi. Atam vəfat etdikdən sonra digər varislər iddia etdilər ki, atamın mənim adıma keçirdiyi ev şəri baxımdan mənim mülküm deyildir. Onlar iddia etdilər ki, atam evin müsadirə olunmasının qarşısını almaqdan ötrü o evi mənim adıma keçirmişdir. Eyni zamanda isə etiraf edirlər ki, qardaşımın və anamın adına keçirdiyi əmlak qardaşımın və anamın mülküdür. Atamın vəsiyyət etmədiyini və bu məsələyə bir şahidin olmadığını nəzərə alsaq, məsələnin hökmü nədir?
Cavab: Əgər ata həyatda ikən öz əmlakından bəzi varislərinə hədiyyə verərsə və hədiyyəni onlara təhvil verərsə, eləcə də, bu məsələnin təsdiqlənməsi üçün hədiyyə etdiyi mülkün rəsmi sənədini onların adına keçirərsə, bu mülk onların mülküdür və digər varsilərin onlara maneəçilik törətmək haqqı yoxdur. Amma əgər digər varislər etibarlı bir yol ilə sübuta yetirsələr ki, ata həmin mülkü həmin varisə bağışlamamışdır və rəsmi sənədi onun adına keçirməsi formal xarakter daşıyırmış, sözügedən mülk həmin varisin mülkü olmayacaqdır.
Sual 1719: Ərim evi tikərkən mən ona kömək edirdim və bu, evin tikintisinə çəkilən xərclərin azalmasına və evin tikintisinin tamamlanmasına səbəb oldu. Ərim dəfələrlə demişdi ki, mən bu evdə onunla şərikəm və evin tikintisi başa çatdıqdan sonra evin üçdə birini mənim adıma keçirəcəkdir. Amma o, bu işi görməmişdən qabaq vəfat etdi və indi mənim əlimdə iddiamı sübuta yetirən bir sənəd və vəsiyyət yoxdur. Bu məsələnin hökmü nədir?
Cavab: Evin tikintisinə kömək etməyiniz, yaxud sizi evə şərik edəcəyinə ərinizin vəd verməsi evin mülkiyyətində şərik olmağınıza səbəb olmur. Buna görə də, əriniz həyatda ikən evin bir hissəsini sizə bağışladığı mötəbər bir yolla sübut olmayanadək, sizə çatan irs payından başqa bu evdə bir haqqınız yoxdur.
Sual 1720: Ərim ağıl sağlamlığına malik olduğu bir vəziyyətdə bankın məsul işçisini çağırtdırdı və bank hesabındakı pulunu mənə bağışladı. Bank hesabından pul götürmək haqqının mənə aid olduğuna dair sənədi də imzaladı. Bu hadisəyə xəstəxananın müdiri və bankın məsul işçisi şahid oldular. Buna görə də, bank mənə pul çeki kitabçası verdi və ay ərzində mən bank hesabından müəyyən məbləğ pul götürdüm. Bir ay yarım keçdikdən sonra ərimin oğlu onu banka apardı və şüurunu itirmiş vəziyyətdə olan ərimdən bankda: “Bu əmlak sənin həyat yoldaşına aiddirmi?” deyə soruşurlar. O, başı ilə müsbət cavab verir. Yenidən ondan soruşurlar ki: “Bu əmlak sənin övladlarına aiddirmi?” O, yenə də başı ilə müsbət cavab verir. Bu əmlak mənə aiddir, yoxsa ərimin övladlarının əmlakıdır?
Cavab: Hədiyyə məsələsində “təhvil almaq və sahiblənmək”, mülkiyyətin hasil olmasının şərti olduğuna görə sənədin imzalanması və bank hesabındakı depozit pulu götürə bilmək üçün pul çeki kitabçası almaq kifayət etmir. Odur ki, sənədin imzalanması və pul çeki kitabçası almaq sözügedən hədiyyənin düzgün olduğuna hökm verməyə səbəb olmur. Beləliklə, ərinizin icazəsi ilə və əriniz ağıl sağlamlığına malik olduğu bir vəziyyətdə bank hesabından götürdüyünüz pul sizin əmlakınızdır. Ərinizin əmlakından bank hesabında qalan vəsait isə, o vəfat etdikdən sonra onun irsi sayılır və varislərinə aiddir. Ağıl sağlamlığına malik olmadığı vəziyyətdə onun iqrar etdiyi söz əsas götürülmür. Əgər bu zəmində qanun mövcuddursa, qanuna riayət olunmalıdır.
Sual 1721: Ana həyatda ikən onun istifadə etməsi üçün övladlarının ona aldıqları əşyalar ananın şəxsi əmlakı hesab olunurmu? Belə ki, ana vəfat etdikdən sonra onun irsi sayılırmı?
Cavab: Əgər övladlar sözügedən əşyaları anaya bağışlayıb onun ixtiyarında qoyubdurlarsa, ananın şəxsi əmlakı sayılır və ana vəfat etdikdən sonra onun irsi sayılır.
Sual 1722: Ərin öz həyat yoldaşı üçün aldığı qızıl zinət əşyaları ərin əmlakı sayılırmı və ər vəfat etdikdən sonra onun irsindən hesab olunurmu? Yəni bu zinət əşyaları varislər arasında bölünür və zövcəyə də öz payı çatırmı? Yoxsa bu zinət əşyaları zövcənin əmlakı hesab olunur?
Cavab: Əgər qızıl zinət əşyaları zövcənin ixtiyarında və istifadəsində olarsa, belə ki, bu əşyalardan bir malik kimi istifadə edərsə, bu qızıl zinət əşyalarının qadının əmlakı olduğuna hökm verilir. Amma əgər bunun əksi sübuta yetərsə, qadının əmlakı hesab olunmayacaqdır.
Sual 1723: Ərlə arvadın ailə həyatı boyunca onlara verilən hədiyyələr ərin əmlakıdır, yoxsa qadının əmlakıdır, yoxsa hər ikisinin əmlakıdır?
Cavab: Hədiyyənin kişilərə və ya qadınlara xas olması, yaxud hər ikisinin və ya onlardan birinin istifadə etməsinə qabil olması baxımından məsələ müxtəlif şəkillər alır. Zahirən onlardan birinə hədiyyə verilən şey onun əmlakı hesab olunur, amma onların hər ikisinə müştərək şəkildə hədiyyə verilən şey onların müştərək əmlakı hesab olunur.
Sual 1724: Əgər kişi öz həyat yoldaşına talaq verərsə, qadın izdivac zamanı ailəsinin ona verdiyi əşyaları (məsələn, xalça, yataq, geyim və s.) kişidən geri istəyə bilərmi?
Cavab: Əgər bu əşyalar qadının öz ailəsindən aldığı əşyalardırsa, yaxud qadının özü üçün aldığı şəxsi əşyalardırsa, yaxud qadına hədiyyə verilibdirsə, qadının əmlakıdır və bu əşyalar mövcud olduğu təqdirdə qadın onları ərindən geri istəyə bilər. Amma əgər bu əşyaları qadının ailəsi və ya qohumları ailənin kürəkəni olan kişiyə hədiyyə veribdirlərsə, qadın bu əşyaları kişidən geri istəyə bilməz. Əksinə, bu kimi əşyaların ixtiyarı onları kişiyə hədiyyə verən şəxslərin əlindədir. Belə ki, əgər bu əşyalar mövcud olarsa və kişi də onların qan qohumlarından olmazsa, hədiyyə verən şəxs hədiyyəni geri ala bilər.
Sual 1725: Mən həyat yoldaşıma talaq verdikdən sonra qızıl zinət əşyalarını və ailə həyatı boyunca öz pulumla alıb ona verdiyim əşyaları ondan geri aldım. İndi mən bu əşyalardan istifadə edə bilərəmmi?
Cavab: Əgər bu əşyaları müvəqqəti olaraq və onlardan istifadə etməsi üçün həyat yoldaşınıza vermisinizsə, yaxud əgər bu əşyaları ona hədiyyə vermisinizsə və bu əşyalar da olduğu kimi həyat yoldaşınızın əlindədir və həyat yoldaşınız da sizin qan qohumlarınızdan deyildirsə, hədiyyə əqdini poza və hədiyyə verdiyiniz əşyaları geri ala bilərsiniz. Buna görə də, ondan geri aldığınız əşyalardan istifadə edə bilərsiniz. Əks təqdirdə, bu əşyaları geri ala və onlardan istifadə edə bilməzsiniz.
Sual 1726: Atam mənə bir torpaq sahəsi bağışladı və onun sənədini rəsmi şəkildə mənim adıma keçirdi. Amma bir ildən sonra bu işinə peşman oldu. Mən bu torpaq sahəsindən istifadə edə bilərəmmi?
Cavab: Əgər siz torpaq sahəsini təhvil aldıqdan və ona sahibləndikdən sonra atanız verdiyi hədiyyəyə görə peşman olarsa və onu geri almaq istəyərsə, hədiyyəni geri alması düzgün deyildir. Torpaq sahəsi şəri baxımdan sizin əmlakınızdır. Amma əgər siz torpaq sahəsini təhvil almamışdan qabaq atanız verdiyi hədiyyəyə görə peşman olarsa və onu geri almaq istəyərsə, bu istəyini bildirdikdən sonra daha həmin torpaq sahəsində sizin heç bir haqqınız yoxdur. Hədiyyədə əsas götürülən “təhvil alma”nın gerçəkləşməsi üçün torpaq sahəsinin sənədinin sizin adınıza keçirilməsi kifayət etmir.
Sual 1727: Mən bir torpaq sahəsini bir şəxsə bağışladım və o da bu torpaq sahəsinin bir hissəsində yaşayış evi tikdi. Mən bağışladığım bu torpaq sahəsinin özünü və ya onun pulunu həmin şəxsdən tələb edə bilərəmmi? Bu torpaq sahəsinin yaşayış evi tikilməyən hissəsini ondan geri ala bilərəmmi?
Cavab: Həmin şəxs torpaq sahəsini sizin icazənizlə götürdükdən və orada ev tikərək ondan istifadə etdikdən sonra daha sizin hədiyyə əqdini pozmağa və torpaq sahəsinin özünü, yaxud pulunu geri almağa haqqınız yoxdur. Əgər torpaq sahəsi elə bir ölçüdə olsa ki, onun bir hissəsində ev tikmək həmin məntəqənin əhalisinin nəzərində torpaq sahəsinin hamısından istifadə etmək sayılırsa, bu torpaq sahəsinin heç bir hissəsini ondan geri almağa haqqınız yoxdur.
Sual 1728: İnsan öz əmlakının hamısını övladlarından birinə hədiyyə verə və digər övladlarını bu əmlakdan məhrum edə bilərmi?
Cavab: Əgər bu iş övladlar arasında fitnə və ixtilafın yaranmasına səbəb olmazsa, bu işi görə bilər.
Sual 1729: Bir şəxs öz evini “əvəzli hədiyyə” şəklində rəsmi sənədlə beş nəfərə hədiyyə edir ki, evin yerində hüseyniyyə tiksinlər. Bu şərtlə ki, hüseyniyyəni tikdikdən sonra onu on il müddətinə “həbs”[1] etsinlər, sonra əgər istəsələr, vəqf edə bilərlər. Beləliklə, onlar camaatın köməkliyi ilə hüseyniyyəni tikdilər və on il müddətinə həbs edilən hüseyniyyənin idarəçilik və nəzarət işlərini, həmçinin sözügedən müddət başa çatdıqdan sonra vəfq əqdinin şərtlərinə aid məsələləri, vəqf qəyyumu və nəzarətçisini təyin etməyi öz öhdələrinə götürdülər. Onlar bu barədə bir sənəd də tənzimlədilər. Əgər bu hüseyniyyəni vəqf etmək fikrində olsalar, vəqf qəyyumu və nəzarətçisini seçmək barəsində onların nəzərinə tabe olmaq vacibdirmi? Bu şərtlərə tabe olmamağın şəri baxımdan iradı vardırmı? Əgər həmin beş nəfərdən biri hüseyniyyənin vəqf edilməsinə qarşı çıxarsa, məsələnin hökmü nədir?
Cavab: Hədiyyə verən şəxsin “əvəzli hədiyyə” əqdi əsnasında onların qarşısında qoyduğu şərtlərə müvafiq əməl etmələri vacibdir. Əgər hədiyyə verən şəxsin həbs və ya vəqf barəsində qoyduğu şərtlərə zidd əməl etsələr, hədiyyə verən şəxs və ya onun varisi “əvəzli hədiyyə”ni pozmaq haqqına malik olacaqdır. Amma bu beş nəfərin həbs edilən hüseyniyyənin idarəçilik və nəzarət işləri, həmçinin vəqf, vəqf qəyyumu və nəzarətçisi barəsində qeyd etdikləri şərtlərə gəlincə, əgər hədiyyə əqdində hədiyyə verən şəxsin bu şərtlərə razılığı olarsa - belə ki, bu işlərin ixtiyarını onlara həvalə etmiş olarsa - bu şərtlərə tabe olmaq və əməl etmək vacibdir. Əgər onlardan bəziləri hüseyniyyəni vəqf etməkdən imtina edərlərsə, halbuki, hədiyyə verən şəxsin fikri vəfq barəsində onların birlikdə qərara gəlmələri olarsa, digərlərinin həmin hüseyniyyəni vəqf etməyə haqları yoxdur.
Sual 1730: Bir şəxs evinin üçdə birini öz həyat yoldaşına bağışlamışdır. Bundan bir il sonra isə evin hamısını on beş il müddətinə icarəyə vermiş, sonra da vəfat etmişdir. Bu şəxsin övladı yoxdur. Evin üçdə birini bağışladıqdan sonra evi icarəyə verdiyinə görə, bu hədiyyə düzgün sayılırmı? Əgər bu şəxsin borcu olarsa, borc evin hamısından çıxılmalıdır, yoxsa evin üçdə ikisindən çıxılmalı, sonra qalan irs varislər arasında bölüşdürülməlidir? İcarənin müddəti başa çatanadək borc verən şəxslərin gözləmələri vacibdirmi?
Cavab: Əgər hədiyyə verən şəxs evi icarəyə verməmişdən qabaq evin öz həyat yoldaşına bağışladığı hissəsini ona təhvil vermişdirsə - hətta evin hamısını təhvil vermək əsnasında olsa belə - və həyat yoldaşı onun qan qohumlarındandırsa, yaxud hədiyyə “əvəzli hədiyyə”dirsə, hədiyyə həmin hissə barəsində düzgündür və qüvvədədir. Evin icarəsi isə yalnız evin qalan hissəsi barəsində düzgündür. Bundan qeyri halda, evin üçdə biri hədiyyə verildikdən sonra evin hamısı icarəyə verildiyinə görə, bu hədiyyə düzgün deyildir. Əlbəttə, evin icarəyə verilməsi hədiyyəni geri almaq məqsədi daşıdığı təqdirdə, hədiyyə verildikdən sonra evin icarəyə verilməsi düzgün hesab olunur. Mərhumun borcu isə, vəfat etdiyi gün malik olduğu əmlakından çıxılmalıdır. Həyatda ikən müəyyən müddətə icarəyə verdiyi əmlakın mənfəəti icarə müddəti ərzində icarəçi şəxsə aiddir, amma həmin əmlakın özü mərhumun irsindən hesab olunur. Mərhumun borcu bu əşyadan çıxılır və qalanı varislərə irs olaraq çatır. Amma icarə müddəti başa çatanadək onların həmin şeydən istifadə etməyə haqları yoxdur.
Sual 1731: Bir şəxs öz vəsiyyətnaməsində yazmışdır ki, onun daşınmaz əmlakının hamısı övladlarından birinə aiddir. Bu şərtlə ki, o, həyatda olduğu müddətdə övladı bu əmlakın qarşılığında hər il müəyyən miqdar düyü ona və ailəsinə verməlidir. Bir ildən sonra isə bu şəxs sözügedən əmlakın hamısını həmin övladına bağışlayır. Bu vəsiyyət hədiyyədən qabaq olduğuna görə yenə də qüvvədədirmi? Beləliklə də, vəsiyyət həmin əmlakın üçdə biri barəsində düzgün hesab olunur və əmlakın qalan hissəsi mərhumun bütün varislərinə irs çatır? Yoxsa hədiyyə vəsiyyətdən sonra olduğuna görə vəsiyyət pozulmuş olur? (Qeyd etməliyik ki, sözügedən əmlak hədiyyə verilən şəxsin ixtiyarında və istifadəsindədir.)
Cavab: Əgər vəsiyyətdən sonra olan bu hədiyyə gerçəkləşmişdirsə, yəni hədiyyə verən şəxs həyatda ikən qarşı tərəf hədiyyə verilən əmlakı təhvil almış və onun icazəsi ilə bu mala sahiblənmişdirsə, hədiyyədən qabaq olan vəsiyyət pozulmuş olur. Çünki hədiyyə vəsiyyətdən dönmək hesab olunur. Beləliklə, hədiyyə verilən əmlak həmin övladın əmlakıdır və digər varislərin bu əmlakda haqları yoxdur. Əks təqdirdə, vəsiyyət edən şəxsin öz vəsiyyətindən döndüyü dəqiqləşməyənədək, vəsiyyət qüvvədədir.
Sual 1732: Əgər varislərdən biri ata irsindən olan payını iki qardaşına bağışlamışdırsa, bir neçə ildən sonra onu geri istəyə bilərmi? Əgər qardaşları onun payını geri qaytarmaqdan imtina etsələr, məsələnin hökmü nədir?
Cavab: Əgər qarşı tərəf hədiyyəni təhvil aldıqdan və hədiyyə gerçəkləşdikdən sonra o, hədiyyəni geri almaq istəyərsə, belə bir haqqı yoxdur. Amma əgər hədiyyə təhvil alınmamışdan qabaq öz fikrindən dönərsə, bu, düzgündür və maneəsi yoxdur.
Sual 1733: Qardaşlarımdan biri irsdən olan payını razılıqla mənə bağışladı, amma bir müddətdən sonra irs varislər arasında bölünməmişdən qabaq hədiyyəni geri götürdü. Məsələnin hökmü nədir?
Cavab: Əgər irsdən olan payını sizə təhvil verməmişdən qabaq hədiyyəni geri götürərsə, bu, düzgündür və onun sizə verdiyi əmlakda sizin heç bir haqqınız yoxdur. Amma əgər siz bu əmlakı təhvil aldıqdan sonra hədiyyəni geri götürərsə, bunun heç bir təsiri yoxdur və sizə bağışladığı əmlakda onun heç bir haqqı yoxdur.
Sual 1734: Bir qadın öz əkin sahəsini bir şəxsə bağışlayır ki, ölümündən sonra bu şəxs onun əvəzindən həcc ziyarətini yerinə yetirsin. Çünki qadın həcc ziyarətinin ona vacib olduğunu düşünür. Amma qadının qohumları bu işə razı olmurlar. Daha sonra qadın həmin əkin sahəsini nəvələrindən birinə bağışlayır və bundan bir həftə sonra vəfat edir. Belə isə, birinci hədiyyə düzgün hesab olunur, yoxsa ikinci hədiyyə? Hədiyyə verilən birinci şəxsin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirmək barəsində vəzifəsi nədir?
Cavab: Əgər birinci şəxs qadının (hədiyyə verən şəxsin) qan qohumlarından olarsa və hədiyyə verilən şeyi onun icazəsi ilə təhvil alarsa, birinci hədiyyə düzgündür və buna əməl etmək lazımdır. Həmin şəxsin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirməsi də vacibdir. Bu halda ikinci hədiyyə füzulidir və (onun düzgünlüyü) hədiyyə verilən birinci şəxsin icazəsinə bağlıdır. Amma əgər birinci şəxs qadının qan qohumlarından olmazsa, yaxud bu şəxs hədiyyə verilən şeyi təhvil almamış olarsa, ikinci hədiyyə düzgündür və bu, birinci hədiyyədən dönmək hesab olunur. Beləliklə də, birinci hədiyyə pozulmuş olur və birinci şəxsin əkin sahəsində heç bir haqqı yoxdur. Həmçinin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirməsi də vacib deyildir.
Sual 1735: “Haqq-hüquq” gerçəkləşməmişdən qabaq hədiyyə verilə bilərmi? Əgər qadın gələcəkdə malik olacağı maddi hüququnu əqd zamanı ərinə bağışlayarsa, bu, düzgündürmü?
Cavab: Bu kimi hədiyyələrin düzgünlüyündə irad, hətta qadağa mövcuddur. Beləliklə, əgər qadının gələcəkdə malik olacağı hüququnu bağışlaması sülhə və ya haqq gerçəkləşdikdən sonra onun aradan qalxması şərtinə qayıdarsa, bunun maneəsi yoxdur. Əks təqdirdə isə heç bir faydası və təsiri yoxdur.
Sual 1736: Kafirlərdən hədiyyə almağın və ya onlara hədiyyə verməyin hökmü nədir?
Cavab: Öz-özlüyündə maneəsi yoxdur.
Sual 1737: Bir şəxs həyatda ikən öz əmlakının hamısını nəvəsinə bağışlamışdır. Bu hədiyyə onun bütün əmlakı barəsində, hətta ölümündən sonra onun kəfəni, dəfni və başqa işlər üçün çəkiləcək xərclər barəsində də qüvvədədirmi?
Cavab: Əgər hədiyyə verilən əmlak hədiyyə verən şəxs həyatda ikən və onun izni ilə təhvil alınarsa, təhvil alınan əmlakın hamısı barəsində hədiyyə hökmü qüvvədədir.
Sual 1738: Müharibə əlillərinə və yaralılarına verilən pul hədiyyə hesab olunurmu?
Cavab: Bəli, hədiyyə hesab olunur. Amma əgər onların gördükləri işin müqabilində verilərsə, işin ücrəti hesab olunacaqdır.
Sual 1739: Şəhid ailəsinə verilən pul-mal onun varislərinin əmlakıdır, yoxsa onların zamininin və ya başçısının?
Cavab: Bu, hədiyyə verən şəxsin niyyətinə bağlıdır.
Sual 1740: Bəzi daxili və ya xarici şirkətlər, yaxud fiziki və ya hüquqi şəxslər alğı-satqı həyata keçirərkən və ya ticari müqavilələr bağlayarkən vəkillərə və ya vasitəçilərə hədiyyələr verirlər. Halbuki, hədiyyə alan tərəfin hədiyyə verən tərəfin xeyrinə iş görməsi, yaxud onun xeyrinə qərarlar qəbul etməsi ehtimalı mövcuddur. Şəri baxımdan bu hədiyyələri almaq olarmı?
Cavab: Alğı-satqıda və ticari müqavilədə vəkil və ya hansısa vasitəçi şəxs alğı-satqı müqabilində qarşı tərəfdən hədiyyə almamalıdır.
Sual 1741: Əgər şirkətlər və ya şəxslər tərəfindən verilən hədiyyələr beytülmaldan onlara verilən hədiyyənin müqabilində olarsa, bu hədiyyələrin hökmü nədir?
Cavab: Əgər beytülmaldan verilən hədiyyənin əvəzi olaraq verilərsə, bu hədiyyələr beytülmala verilməlidir.
Sual 1742: Əgər hədiyyə onu alan şəxsə təsir qoyarsa və bəyənilməyən əlaqələrin və ya əmniyyət baxımından şübhəli olan əlaqələrin yaranmasına səbəb olarsa, bu hədiyyəni almaq və ondan istifadə etmək olarmı?
Cavab: Bu hədiyyəni almaq olmaz, əksinə, onu qəbul etməkdən çəkinmək vacibdir.
Sual 1743: Əgər ehtimal verilsə ki, hədiyyə onu verən şəxsin xeyrinə təbliğat aparmağa təşviq məqsədilə verilir, bu hədiyyəni almaq və ondan istifadə etmək olarmı?
Cavab: Əgər bu təbliğata şəriət və qanun baxımından icazə verilirsə, maneəsi yoxdur və bu təbliğat müqabilində hədiyyə qəbul etməyin qadağası yoxdur. Söz yox ki, idarələrdə bu məsələ idarənin qanunlarına bağlıdır.
Sual 1744: Əgər hədiyyə hansısa işlərin görülməsi üçün məsul işçinin razılığını əldə etməkdən, yaxud bu işlərin görülməsinə göz yummasını, görməzdən gəlməsini və buna qarşı çıxmamasını əldə etməkdən ötrü verilirsə, belə hədiyyəni qəbul etməyin hökmü nədir?
Cavab: Belə hədiyyələri qəbul etməyin maneəsi vardır, hətta onları qəbul etmək qadağandır. Ümumiyyətlə, əgər hədiyyə şəriətə və qanuna zidd olan bir məqsədə nail olmaqdan ötrü verilirsə, yaxud məsul bir işçini razılıq verməyə haqqı çatmadığı bir işə razılıq verməyə sövq etmək məqsədilə verilirsə, belə hədiyyəni qəbul etmək olmaz. Əksinə, belə hədiyyəni qəbul etməkdən imtina etmək vacibdir, məsullara da bunun qarşısını almaq vacibdir.
Sual 1745: Baba (atanın atası) həyatda ikən özünün bütün əmlakını və ya əmlakının bir hissəsini dünyasını dəyişmiş övladının həyat yoldaşına və onun övladlarına bağışlaya bilərmi? Onun qızlarının bu işə etiraz etməyə haqları vardırmı?
Cavab: Həyatda ikən istədiyini öz nəvələrinə və ya oğlunun həyat yoldaşına bağışlamaq haqqı vardır. Qızlarının isə onun bu işinə etiraz etməyə haqları yoxdur.
Sual 1746: Bir şəxsin nə övladı, nə ata-anası, nə də ki bacı-qardaşı vardır. O öz əmlakını həyat yoldaşına və ya onun qohumlarına bağışlamaq istəyir. Şəri baxımdan onun bu işi görməsinə icazə verilirmi? Bu işin müəyyən bir həddi vardırmı, yoxsa o, bütün əmlakını bağışlaya bilər?
Cavab: Həyatda ikən insanın öz əmlakının hamısını və ya bir hissəsini istədiyi şəxsə - istər onun varisi olsun, istərsə də qeyri-varisi olsun – bağışlamasının maneəsi yoxdur.
Sual 1747: Şəhid övladıma yas və xatirə məclisi təşkil etməkdən ötrü şəhid fondu mənə müəyyən qədər pul və ərzaq verdi. Bunları almağın mənim üçün axirət haqq-hesabı vardırmı? Bu, şəhidin savabının azalmasına səbəb olurmu?
Cavab: Əziz şəhid ailələrinin bu yardımları almalarının heç bir maneəsi yoxdur, həmçinin şəhidin və onun ailəsinin savabına heç bir təsiri yoxdur.
Sual 1748: Hotelin mühafizəçiləri və işçiləri onlara verilən bəxşişlərin bir yerə yığılması və sonra onların arasında bərabər şəkildə bölüşdürülməsi üçün müştərək bir büdcə təşkil etmişlər. Amma nisbətən yüksək vəzifəsi olan işçilər və müdir müavinləri daha artıq pay tələb edirlər. Bu isə, büdcəyə üvz olan işçilərin arasında hər zaman ixtilaf və çəkişmənin yaranmasına səbəb olur. Bu məsələnin hökmü nədir?
Cavab: Bu, bəxşişi verən şəxsin niyyətinə bağlıdır. Beləliklə, onun müəyyən bir şəxsə verdiyi bəxşiş həmin şəxsə aiddir, hamıya verdiyi bəxşiş isə onların arasında bərabər şəkildə bölüşdürülməlidir.
Sual 1749: Azyaşlı uşaqlara hədiyyə verilən pul ya əşya - məsələn, bayramlıq – azyaşlı uşağın əmlakı hesab olunurmu, yoxsa onun ata və anasının əmlakıdır?
Cavab: Əgər uşağın atası onun başçısı olaraq bu pulu, ya əşyanı təhvil alıbdırsa, azyaşlı uşağın əmlakı hesab olunur.
Sual 1750: Bir ananın iki qızı vardır. O öz əmlakını, yəni sahib olduğu bir əkin sahəsini nəvələrindən birinə (qızlarından birinin oğluna) hədiyyə vermək istəyir. Belə olduğu halda, onun ikinci qızı irsdən məhrum olacaqdır. Ananın bu hədiyyəsi düzgündürmü? Yoxsa ananın digər qızı ana vəfat etdikdən sonra həmin əkin sahəsindən özünə pay tələb edə bilər?
Cavab: Əgər ana həyatda ikən öz mülkünü nəvəsinə bağışlayarsa və ona təhvil verərsə, bu halda mülk nəvənin olacaqdır və heç kimin də etiraz etmək haqqı yoxdur. Amma əgər vəsiyyət etsə ki, o vəfat etdikdən sonra mülkü nəvəsinə verilsin, onun vəsiyyəti irsin üçdə biri barəsində keçərlidir, irsin qalan hissəsində isə varislərin icazəsinə bağlıdır.
Sual 1751: Bir şəxs öz əkin sahəsinin bir hissəsini qardaşı oğluna bağışlayır, bu şərtlə ki, qardaşı oğlu özünün iki qızlığını onun iki oğluna ərə versin. Amma qardaşı oğlu qızlıqlarından birini onun oğullarından birinə ərə verir, amma ikinci qızlığını onun oğluna ərə verməkdən imtina edir. Bu hədiyyə sözügedən şərtlə düzgündürmü və ona müvafiq əməl olunmalıdırmı, yoxsa düzgün deyildir və ona əhəmiyyət verilmir?
Cavab: Bu hədiyyə düzgündür və ona müvafiq əməl olunmalıdır, amma bu şərt düzgün deyildir. Çünki atalıq öz qızlıqlarının başçısı hesab olunmur. Əgər bu qızların atası və ya babası (atanın atası) yoxdursa, onların izdivacı yalnız özlərinin razılığına bağlıdır.
Bəli, əgər sözügedən şərtdə qardaşı oğlunun öz qızlıqları ilə söhbət aparıb, qızları onun oğulları ilə izdivac etmələrinə razı salması nəzərdə tutulubsa, bu şərt düzgündür və ona əməl etmək vacibdir. Əgər qardaşı oğlu bu şərtə əməl etməsə, hədiyyə edən şəxs hədiyyəni pozmaq ixtiyarına malikdir.Sual 1752: Mən sahib olduğum yaşayış evini azyaşlı qızımın adına keçirdim. Amma qızımın anasını boşadıqdan sonra verdiyim hədiyyədən döndüm və qızım on səkkiz yaşına çatmamışdan qabaq həmin evi ikinci həyat yoldaşımdan dünyaya gələn oğlumun adına keçirdim. Bu məsələnin hökmü nədir?
Cavab: Əgər bu mülkü öz qızınıza həqiqətən bağışlamısınızsa və qızınızın başçısı olaraq bu hədiyyəni almısınızsa, bu hədiyyə əqdinə müvafiq əməl olunmalıdır və onu pozmaq olmaz. Amma əgər həqiqi hədiyyə gerçəkləşməyibdirsə və yalnız evin sənədini qızınızın adına keçirmisinizsə, bu, hədiyyənin gerçəkləşməsi və mülkiyyətin hasil olması üçün kifayət etmir. Buna görə də, həmin ev sizin mülkünüzdür və ixtiyarı öz əlinizdədir.
Sual 1753: Mən ağır bir xəstəliyə tutulduğum vaxt bütün əmlakımı övladlarımın arasında bölüşdürdüm və bu barədə onlar üçün sənəd də tənzimlədim. Amma sağaldıqdan sonra övladlarımdan əmlakımın bir hissəsini mənə qaytarmalarını istədim. Onlar isə bu işi görməkdən imtina etdilər. Bu məsələnin hökmü nədir?
Cavab: Ancaq sənəd tənzimləmək övladlar üçün mülkiyyətin hasil olmasına kifayət etmir. Beləliklə, əgər öz əmlakınızı onlara bağışlamısınızsa və təhvil vermisinizsə, belə ki, bu əmlak onların ixtiyarına keçibdirsə və bir sahib kimi ondan istifadə edirlərsə, bu əmlakı geri götürməyə haqqınız yoxdur. Amma əgər ümumiyyətlə, hədiyyə gerçəkləşməyibdirsə, yaxud hədiyyə təhvil alınmayıbdırsa, bu əmlak sizin mülkiyyətinizdə qalmışdır və onun ixtiyarı öz əlinizdədir.
Sual 1754: Bir şəxs öz vəsiyyətnaməsində qeyd etmişdir ki, evində olan hər şeyi öz həyat yoldaşına bağışlayır. Evdə bu şəxsin əlyazması olan bir kitab da vardır. Onun həyat yoldaşı bu kitabın sahibi olmaqdan əlavə, bu kitabdan qaynaqlanan hüquqların, məsələn, kitabın nəşr edilməsi və yayılması hüququnun da sahibidirmi? Yoxsa başqa varislərin də bu hüquqlarda payı vardır?
Cavab: Kitabın nəşr edilməsi və yayılması hüququ onun mülkiyyətinə tabedir. Buna görə də, əgər müəllif həyatda ikən öz kitabını bir şəxsə hədiyyə veribdirsə və hədiyyəni təhvil veribdirsə, yaxud kitabın ona çatmasını vəsiyyət edibdirsə, müəllif vəfat etdikdən sonra kitab həmin şəxsə aid olacaqdır və kitabın bütün imtiyazları, hüquqları da ona aid olacaqdır.
Sual 1755: Bəzi idarələr və müəssisələr müxtəlif münasibətlərlə öz işçilərinə hədiyyələr verirlər ki, bunun hansı əsasla olması məlum deyildir. İşçilər bu hədiyyəni ala və ondan istifadə edə bilərlərmi?
Cavab: Əgər hədiyyə verən tərəf dövlət qanunlarına müvafiq olaraq hədiyyə vermək səlahiyyətinə və ixtiyarına malikdirsə, dövlət əmlakından hədiyyə verməsinin maneəsi yoxdur. Əgər hədiyyə alan tərəf hədiyyə verən tərəfin belə bir səlahiyyətə və ixtiyara malik olduğuna dair ciddi bir ehtimal versə, hədiyyəni ondan almasının maneəsi yoxdur.
Sual 1756: Hədiyyə verən şəxsdən hədiyyəni təhvil almaq barəsində “hədiyyəni ondan almaq” kifayət edirmi? Yoxsa bundan əlavə, hədiyyəni - xüsusilə də, avtombil, ev, torpaq sahəsi və bu kimi mal-mülkü - hədiyyə alan şəxsin adına rəsmi sənədlə keçirməlidir?
Cavab: “Hədiyyənin təhvil alınması” dedikdə, müqavilə yazmaq və onu imzalamaq nəzərdə tutulmur. Əksinə, həmin əşyanın xaricdə həmin şəxsin ixtiyarında və istifadəsində olması nəzərdə tutulur. Bu, hədiyyənin gerçəkləşməsi və mülkiyyətin hasil olması üçün kifayət edir. Hədiyyə verilən əşyaların arasında isə heç bir fərq yoxdur.
Sual 1757: Bir şəxs bir əşyanı izdivac və ya ad günü və ya başqa işlərə görə başqa bir şəxsə hədiyyə vermişdir. Üç və ya dörd il keçdikdən sonra o, bu əşyanı geri almaq istəyir. Hədiyyə alan şəxsə bu hədiyyəni geri qaytarmaq vacibdirmi? Əgər bir şəxs əzadarlıq məclislərinin və ya İmamların (ə) mövlud bayramlarının keçirilməsi üçün pul verərsə, sonradan bu pulu geri istəmək haqqı vardırmı?
Cavab: Əgər həmin hədiyyə həmin şəxsin əlində olduğu kimi qalıbdırsa, hədiyyə verən şəxs onu geri istəyə və ala bilər, bu şərtlə ki, hədiyyə alan şəxs onun qan qohumlarından olmamalı və hədiyyə də “əvəzli hədiyyə” olmamalıdır. Amma əgər hədiyyə aradan gedibdirsə və ya dəyişibdirsə, onu geri istəmək və ya onun əvəzini istəmək haqqı yoxdur. Həmçinin Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq niyyətilə verdiyi pulu geri almaq haqqı yoxdur.
[1] Həbs – vəqfə oxşar bir əqddir, amma vəqf ilə fəqrli cəhətləri vardır. Məsələn, burada əmlak həbs edən şəxsin mülkiyyətindən xaric olmur. Həqiqətdə, həbs, bir növ müəyyən şərtlər altında başqasının əmlakından istifadə etmək haqqını yaradır.
- Borc
Borc
Sual 1758: Zavodlardan birinin sahibi xammal almaq üçün məndən müəyyən məbləğ pul borc aldı və bir müddətdən sonra borcunu müəyyən qədər artıq məbləğlə birlikdə mənə qaytardı. O, bu artıq məbləği özünün tam razılıığı ilə, habelə, öncədən heç bir şərt qoyulmadan və mənim də heç bir təvəqqem olmadan mənə verdi. Mən bu artıq məbləği ondan ala bilərəmmi?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, borcda artıq məbləğin verilməsi şərt qoyulmadığına və borc alan şəxs bu məbləği özünün razılığı ilə verdiyinə görə, onu alıb istifadə etməyinizin maneəsi yoxdur.
Sual 1759: Əgər borc alan şəxs borcunu verməkdən boyun qaçırarsa və bu səbəbdən də borc verən şəxs onun verdiyi pul çekini nağd pula çevirmək üçün məhkəməyə şikayət edərsə, nəticədə, borc alan şəxs borc aldığı məbləğdən əlavə, məhkəmə hökmünün icrası rüsumunu dövlətə ödəməli olarsa, bu rüsum şəri baxımdan borc verən şəxsin öhdəsindədirmi?
Cavab: Əgər borcunu verməkdə səhlənkarlıq edən şəxsdən məhkəmə hökmünün icrası rüsumunu dövlətə ödəmək tələb olunarsa, bu xüsusuda borc verən şəxsin öhdəsinə heç nə düşmür.
Sual 1760: Qardaşım mənə müəyyən məbləğ pul borclu idi. Mən ev alanda o, evimə bir xalça gətirdi və mən bunun hədiyyə olduğunu düşündüm. Amma sonra ondan borcumu istəyəndə, o, xalçanı borcunun əvəzində verdiyini söylədi. Onun bu barədə mənə heç nə söyləmədiyini nəzərə alaraq, xalçanı mənə olan borcun əvəzində verməsi düzgündürmü? Əgər mən xalçanı onun borcunun əvəzində qəbul etməsəm, xalçanı ona geri qaytarmalıyam? Pulun dəyəri və alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə mən borcun məbləğindən artıq məbləği ondan tələb edə bilərəmmi? Çünki o vaxt bu pulun dəyəri və alıcılıq qabiliyyəti indikindən daha çox idi.
Cavab: Borc verən şəxsin razılığı olmadan, borc verilən şeylə eynicinsli olmayan bir şeyi – o cümlədən, xalçanı – borcun əvəzi olaraq vermək kifayət etmir. Əgər siz bu xalçanın borcun əvəzi olmasına razı olmasanız, xalçanı qardaşınıza geri qaytarmalısınız. Çünki belə olduğu təqdirdə, bu xalça hələ də onun mülkiyyətindədir. Pulun dəyəri aşağı düşdüyü təqdirdə isə, siz borc verdiyiniz məbləğdən əlavə, inflyasiya miqdarını da tələb edə bilərsiniz.
Sual 1761: Borcu haram mal ilə qaytarmağın hökmü nədir?
Cavab: Başqasının malı ilə borcu qaytardıqda borclu şəxs borcdan çıxmır.
Sual 1762: Bir qadın almaq istədiyi evin qiymətinin üçdə biri məbləğində pul borc alır. Bu qadın ilə borc verən şəxs razılığa gəlirlər ki, qadının maddi durumu düzəldiyi zaman o, borcu qaytaracaqdır. Həmin vaxt qadının oğlu borca bərabər məbləğin qeyd olunduğu pul çekini zəmanət ünvanında borc verən şəxsə verir. İndi həmin vaxtdan dörd il keçmişdir və həm borc alan şəxs, həm də borc verən şəxs vəfat etmişlər. Onların varisləri isə bu məsələni həll etmək istəyirlər. Qadının varisləri borc pul ilə alınan evin üçdə bir hissəsini borc verən şəxsin varislərinə verməlidirlərmi? Yoxsa pul çekində qeyd edilən məbləği onlara vermələri kifayət edir?
Cavab: Borc verən şəxsin varislərinin evdən bir şey tələb etməyə haqları yoxdur. Onların yalnız ev almaq üçün qadının borc aldığı məbləği (inflyasiya miqdarını da hesablayaraq) tələb etmək haqları vardır. Əlbəttə, bu şərtlə ki, qadın borcun ödənməsinə kifayət edəcək qədər pul irs qoymuş olsun.
Sual 1763: Mən bir şəxsdən müəyyən məbləğ pul borc aldım və bir müddətdən sonra həmin şəxs yoxa çıxdı. Mən indi onu tapa bilmirəm. Ona olan borcuma görə mənim vəzifəm nədir?
Cavab: Siz onu gözləməli və borcunuzu qaytarmaq üçün onu arayıb axtarmalısınız, beləliklə, borcu ya onun özünə, ya da onun varislərinə qaytarmalısınız. Onu tapa biləcəyinizdən ümidinizi üzdüyünüz təqdirdə, borc barəsində şəri-hakimə müraciət edə bilərsiniz, yaxud da borc sahibi tərəfindən həmin pulu sədəqə verə bilərsiniz.
Sual 1764: Borc verən şəxs borc verdiyini isbatlamaq və pulunu geri ala bilmək üçün çəkdiyi məhkəmə xərclərini borc alan şəxsdən tələb edə bilərmi?
Cavab: Borc verən şəxsin çəkdiyi məhkəmə xərcləri borc alan şəxsin öhdəsində deyildir. Hər bir halda, bu kimi məsələlərdə İslam Hökumətinin qanunlarına müvafiq əməl olunmalıdır.
Sual 1765: Əgər borclu şəxs öz borcunu vermirsə və borcunu verməkdə səhlənkarlıq göstərirsə, borc verən şəxs verdiyi borcu onun malından götürə bilərmi? Məsələn, öz haqqını gizli şəkildə və ya başqa bir yolla onun malından götürə bilərmi?
Cavab: Əgər borc alan şəxs öz borcunu inkar edərsə, yaxud heç bir üzrü olmadan borcunu verməkdə səhlənkarlıq göstərərsə, borc verən şəxs onun malından borcu götürə bilər. Amma əgər bu şəxs özünü borclu bilmirsə, yaxud onun boynunda borc verən şəxsin haqqı olub-olmadığını həqiqətən bilmirsə, bu halda borc verən şəxsin onun malından borcu götürməsi iradlıdır, hətta buna icazə verilmir.
Sual 1766: Mərhumun borcu “həqqünnas” (insanlara olan borc) sayılırmı və mərhumun varislərinə bu borcu onun irsindən vermək vacibdirmi?
Cavab: Borc istər fiziki şəxsə olsun, istər hüquqi şəxsə olsun, “həqqünnas”dır və varislərin mərhumun borcunu onun irsindən borc sahibinə və ya borc sahibinin varislərinə ödəmələri vacibdir. Mərhumun borcunu ödəməyənədək onun irsindən istifadə etmək haqları yoxdur.
Sual 1767: Bir şəxsin bir torpaq sahəsi vardır, amma bu torpaq sahəsində tikilmiş ev başqa bir şəxsə aiddir. Torpaq sahəsinin sahibinin isə iki nəfərə borcu vardır. Borc sahibləri öz haqlarını almaq üçün torpaq sahəsini və orada tikilmiş evi müsadirə edə bilərlərmi? Yoxsa onlar yalnız torpaq sahəsini müsadirə edə bilərlər?
Cavab: Onlar borclu şəxsin əmlakı olmayan şeyin müsadirə edilməsini tələb edə bilməzlər.
Sual 1768: Borclu şəxsin özünün və ailəsinin yaşayış üçün ehtiyacları olan ev, əmlakın müsadirəsindən kənarda qalırmı?
Cavab: Yaşayışının davam etməsi üçün borclu şəxsin ehtiyacı olan hər hansı bir şey, məsələn, ev və ev əşyaları, avtomobil, telefon, ümumiyyətlə, onun durumuna uyğun məişət ehtiyaclarından olan digər şeylər əmlakın müsadirəsi və satışa çıxarılması hökmündən kənarda qalır.
Sual 1769: Bir tacir borcu çoxaldığına görə iflasa uğramışdır və onun bir evdən başqa heç nəyi qalmamışdır. O, bu evi satışa qoymuşdur, halbuki, evin pulu onun borcunun yalnız yarısını ödəyir. Buna görə də, o, borcunun qalan hissəsini qaytara bilməyəcəkdir. Belə olduğu təqdirdə, borc sahibləri onu bu evi satmağa məcbur edə bilərlərmi? Yoxsa borcunu tədricən qaytarması üçün ona möhlət verməlidirlər?
Cavab: Əgər sözügedən ev onun və ailəsinin yaşadığı ev olmazsa, borcunu qaytarması üçün onu bu evi satmağa məcbur etməyin maneəsi yoxdur, baxmayaraq ki, evin pulu borcunun hamısını qaytarmasına yetməyəcəkdir. Evin qiyməti məbləğində borc sahiblərinin ona möhlət vermələri vacib deyildir. Amma borcunun qalan hissəsinə gəlincə, onu qaytarmaq imkanına malik olanadək borc sahibləri gözləməlidirlər.
Sual 1770: Əgər bir dövlət müəssisəsi başqa bir dövlət müəssisəsindən pul borc alarsa, bu borcu qaytarması vacibdirmi?
Cavab: Borcu qaytarmağın vacibliyi baxımından digər borcların hökmünü daşıyır.
Sual 1771: Əgər borclu şəxs xahiş etmədən bir şəxs onun borcunu qaytararsa, bu şəxsin verdiyi pulun əvəzini ona qaytarmaq borclu şəxsə vacibdirmi?
Cavab: Əgər borclu şəxs xahiş etmədən bir şəxs onun borcunu qaytararsa, verdiyi pulun əvəzini borclu şəxsdən tələb etmək haqqı yoxdur. Həmçinin borclu şəxsə də bu şəxsin verdiyi pulun əvəzini ona qaytarmaq vacib deyildir.
Sual 1772: Əgər borc alan şəxs borcu qaytarmağı təyin edilmiş vaxtdan gecikdirərsə, borc verən şəxs borc məbləğindən artıq məbləğ tələb edə bilərmi?
Cavab: Borc verən şəxs borc məbləğindən əlavə, inflyasiya miqdarını da tələb edə bilər.
Sual 1773: Atam formal bir sövdələşmə (alğı-satqı) əsnasında bir şəxsə müəyyən məbləğ pul verdi. Əslində, bu pul, borc idi. Borclu şəxs isə, pulun gəliri ünvanında hər ay müəyyən məbləğ pul verirdi. Borc sahibi (yəni atam) vəfat etdikdən sonra borclu şəxs həmin məbləğ pulu gəlir ünvanında verməyə davam etdi və bir müddətdən sonra o da vəfat etdi. Pulun gəliri ünvanında verilmiş pullar sələm (riba) sayılırmı və borc sahibinin varisləri bunu borclu şəxsin varislərinə qaytarmalıdırlarmı?
Cavab: Nəzərə alsaq ki, bu pul, əslində, o şəxsə borc verilibdir, əgər pulun gəliri ünvanında verilən məbləğ inflyasiya miqdarında olarsa, bunun maneəsi yoxdur. Əks halda, inflyasiya miqdarından artıq olan və pulun gəliri ünvanında ödənilən məbləğ riba sayılır və şəriət baxımından haramdır. Artıq məbləğ – inflyasiya miqdarı da hesablanaraq – borc verən şəxsin irsindən götürülüb, borc alan şəxsə və ya onun varislərinə qaytarılmalıdır.
Sual 1774: Bir şəxs öz pulunu başqa bir şəxsə əmanət verə və hər ay pulun gəlirini ala bilərmi?
Cavab: Əgər şəriət baxımından düzgün olan əqdlərdən biri əsasında istifadə etsin deyə bir şəxs öz pulunu başqa bir şəxsə əmanət verərsə, bunun maneəsi yoxdur və pulun istifadəsindən əldə edilən gəlirin də maneəsi yoxdur. Amma əgər pul borc verilərsə, borcun özü düzgün olsa da, borcda gəlirin verilməsinin şərt qoyulması şəri baxımdan düzgün deyildir. Pulun gəliri ünvanında borclu şəxsdən alınan pul sələm sayılır və haramdır.
Sual 1775: Bir şəxs bir ticarət işi görmək üçün müəyyən məbləğ pul borc aldı. Əgər o, bu işdən gəlir əldə edərsə, bu gəlirdən müəyyən məbləği borc verən şəxsə verə bilərmi? Borc verən şəxs bunu tələb edə bilərmi?
Cavab: Borc alan şəxsin borc pul ilə ticarət edərək əldə etdiyi gəlirdə borc verən şəxsin heç bir haqqı yoxdur və o, bu gəlirdən heç nə tələb edə bilməz. Amma əgər borc alan şəxsin özü öncədən heç bir razılaşma olmadan borc məbləğindən artıq məbləği borc verən şəxsə vermək və ona yaxşılıq etmək istəsə, bunun maneəsi yoxdur, hətta bu iş müstəhəbdir.
Sual 1776: Bir şəxs bir malı üç ay müddətinə nisyə olaraq almışdır. Amma təyin edilən vaxt çatdıqda o, satıcıdan vaxtın üç ay da uzadılmasını xahiş edir, bu şərtlə ki, malın pulundan artıq məbləği ona ödəyəcəkdir. Onlar bu işi görə bilərlərmi?
Cavab: Bu artıq məbləğ sələm sayılır və haramdır.
Sual 1777: Zeyd Ömərdən sələmli borc alır. Üçüncü bir şəxs borc müqaviləsini və borcun şərtlərini onlar üçün yazır. Dördüncü şəxs isə mühasibatçıdır və o, müqavilə sənədlərini rəsmiləşdirir. Mühasibatçı da sələmli borcun həyata keçməsində şərikdirmi? Onun işi və bu işin qarşılığında ücrət alması haramdırmı? Beşinci şəxs müfəttişdir və aparılan hesabatları yoxlayır. Başqa sözlə, o, heç nə qeydə almır, yalnız sələmli sövdələşmələrin hesabatında yanlışlığın olub-olmadığını yoxlayır, sonra nəticə barəsində mühasibatçıya məlumat verir. Onun da işi haramdırmı?
Cavab: Sələmli əqddə (mümailədə), yaxud sələmli borcun həyata keçməsində, yaxud da borc alan şəxsdən sələmin alınmasında iştirakı olan hər bir iş şəriət baxımından haramdır və bu işi görən şəxsə ücrət düşmür.
Sual 1778: Müsəlmanların çoxu sərmayəyə malik olmadıqlarına görə kafirlərdən sərmayə almaq məcburiyyətində qalırlar və bu da onlara sələm verməyi labüd edir. Kafirlərdən sələmli borc almağın və ya qeyri-müsəlman dövlət tabeliyində olan bankdan borc götürməyin hökmü nədir?
Cavab: Sələmli borc “təklifi hökm”[1] baxımından birmənalı olaraq - hətta müsəlman şəxs onu qeyri-müsəlmandan alsa belə - haramdır. Amma əgər bir şəxs belə bir borcu alarsa, borcun özü düzgündür.
Sual 1779: Bir şəxs müəyyən müddətə müəyyən məbləğ pul borc götürür, bu şərtlə ki, borc verən şəxsin səfər xərclərini, məsələn, həcc ziyarətinin xərclərini çəkəcəkdir. Onlar bu işi görə bilərlərmi?
Cavab: Borc əqdində (müqaviləsində) borc verən şəxsin səfər xərclərinin və bu kimi xərclərin çəkilməsinin şərt qoyulması, əslində, elə borc verilən pulun gəlirini almaq deməkdir. Bu isə, şəriət baxımından haramdır və düzgün deyildir. Amma borcun özü düzgündür.
Sual 1780: Qərzul-həsənə müəssisələri borc verərkən şərt qoyurlar ki, əgər borc götürən şəxs iki və ya bir neçə kredit ödənişini təyin edilən vaxtdan gecikdirərsə, müəssisə borcun hamısını bir yerdə almaq hüququna malik olacaqdır. Bu şərtlə borc verməyə icazə verilirmi?
Cavab: Maneəsi yoxdur.
Sual 1781: Bir kooperativ şirkətin üzvləri sərmayə ünvanında şirkətə müəyyən məbləğ pul ödəyirlər və şirkət də kömək məqsədilə onlara faizsiz və ücrətsiz borc (pul krediti) verir. Şirkət üvzlərinin sileyi-rəhim və yardımlaşma məqsədilə etdikləri bu işin hökmü nədir?
Cavab: Yardımlaşmanın və möminlərə borc verilməsini təmin etməkdə iştitak etməyin - hətta sualda qeyd edilən şəkildə olsa belə - icazəli və üstün bir əməl olmasında şübhə yoxdur. Amma əgər şirkətə ödənilən pul borc ünvanında olub, borc üçün bu şərt qoyulsa ki, şirkət gələcəkdə onlara pul krediti verəcəkdir, bu işə şəriət baxımından icazə verilmir. Bamayaraq ki, borcun özü “vəz`i hökm”[2] baxımından düzgündür.
Sual 1782: Bəzi qərzul-həsənə müəssisələri camaatın onlara əmanət ünvanında verdikləri pullarla mülk və ya başqa şeylər alırlar. Bu alğı-satqının hökmü nədir? Nəzərə alsaq ki, əmanət qoyanların bəziləri bu işlərin görülməsinə razı deyildirlər, müəssisənin məsulu bu pullardan – məsələn, alğı-satqı etməklə - istifadə edə bilərmi? Bu işə şəriət baxımından icazə verilirmi?
Cavab: Əgər camaat pulu qərzul-həsənə müəssisəsinə əmanət ünvanında və bu məqsədlə versə ki, müəssisə bu pulu uyğun gördüyü fərdlərə borc versin, bu halda bu pullardan mülk və ya başqa şeyin alınması “füzuli sövdələşmə”dir və sövdələşmənin düzgünlüyü pul sahiblərinin icazəsinə bağlıdır. Amma əgər camaat pulu müəssisəyə borc verərsə və məsullar onlara verilən səlahiyyətlər əsasında mülk və ya başqa şeylər alarsa, bunun maneəsi yoxdur.
Sual 1783: Bəzi şəxslər başqalarından müəyyən məbləğ pul alır və bunun müqabilində hər ay onlara gəlir ünvanında müəyyən məbləğ pul ödəyirlər. Halbuki, bu işi “şəri müqavilələr”dən birinin adı altında görmürlər, sadəcə iki tərəfin razılığı əsasında görürlər. Bu işin hökmü nədir?
Cavab: Bu kimi işlər “sələmli borc” hesab olunur və borcda gəlir şərtinin qoyulması düzgün deyildir. Artıq alınan məbləğ, “riba” (sələm) hesab olunur və şəriət baxımından haramdır, onu almaq olmaz.
Sual 1784: Əgər qərzul-həsənə büdcəsindən borc götürən şəxs borcu qaytararkən öz istəyi ilə və onun qarşısında heç bir şərt qoyulmadan borc məbləğindən bir qədər artıq məbləğ verərsə, ondan bu artıq məbləği almaq və abadlıq işlərinə sərf etmək olarmı?
Cavab: Əgər borc götürən şəxs bu artıq məbləği razılıqla və borcu qaytararkən görülən müstəhəb bir əməl ünvanında verərsə, bu məbləği ondan almağın maneəsi yoxdur. Amma müəssisə məsullarının bu pulu abadlıq işlərinə və ya başqa işlərə sərf etmələrinə gəlincə, bu məsələ onların bu barədə olan səlahiyyətlərinə bağlıdır.
Sual 1785: Qərzul-həsənə müəssisəsinin işçisi bir şəxsdən borc aldığı pul ilə bir bina alır və bir aydan sonra həmin şəxsin borcunu camaatın müəssisəyə qoyduğu əmanət pul ilə onların razılığı olmadan ona qaytarır. Onun etdiyi bu müamailə şəriət baxımından düzgündürmü? Bu binanın sahibi kimdir?
Cavab: Əgər müəssisə işçisi malik olduğu səlahiyyətlər çərçivəsində müəssisəyə borc verilən pul ilə müəssisə üçün bina alarsa, bunun maneəsi yoxdur. Alınan bina müəssisənin və müəssisənin sərmayəsinin sahiblərinin əmlakıdır. Amma pul sahiblərinin razılığı olmadan borcun qaytarılması üçün istifadə edilən pullar inflyasiya miqarı da hesablanaraq pul sahiblərinə qaytarılmalıdır.
Sual 1786: Bankdan borc (pul krediti) götürərkən banka ücrət ödəməyin hökmü nədir?
Cavab: Əgər bu pul borc vermək işinin ücrəti ünvanında ödənilərsə, məsələn, sənədləşdirmə işinə, həmçinin işıq pulu və bu kimi xərclərə görə ödənilərsə və borcun gəliri hesab olunmazsa, onu verməyin və almağın, həmçinin borcu almağın maneəsi yoxdur.
Sual 1787: Bir müəssisə öz üzvlərinə borc (pul krediti) verir. Amma borc vermək üçün şərt qoyur ki, borc götürmək istəyən şəxs müəyyən məbləğ pulu üç və ya altı ay müddətinə müəssisəyə verməlidir və bu müddət keçdikdən sonra verdiyi pulun iki misli qədər ona pul borc veriləcəkdir. O, borcunu tam qaytardıqdan sonra isə öncədən verdiyi pul ona geri qaytarılacaqdır. Bu işin hökmü nədir?
Cavab: Əgər həmin pul müəssisəyə müəyyən müddətə borc olaraq verilsə, bu şərtlə ki, müəssisə də sözükeçən müddət keçdikdən sonra həmin şəxsə borc verəcəkdir, yaxud müəssisə bu şərtlə borc versə ki, həmin şəxs öncədən müəyyən məbləğ pul büdcəyə qoymuş olmalıdır, bu şərt sələm hökmündədir, şəriət baxımından haramdır və düzgün deyildir. Amma borcun özü hər iki tərəf üçün düzgündür.
Sual 1788: Qərzul-həsənə büdcələri borc vermək üçün müəyyən məsələləri şərt qoyurlar, o cümlədən, borc götürən şəxs büdcənin üzvü olmalıdır, büdcəyə əmanət pul qoymalıdır, büdcənin yerləşdiyi məntəqənin sakini olmalıdır və s. Bu şərtlər sələm hökmündədirmi?
Cavab: Qərzul-həsənə büdcəsinin üzvü olmaq, yaxud büdcənin yerləşdiyi məntəqənin sakini olmaq, ümumiyyətlə, borcun məhdud sayda şəxslərə verilməsinə səbəb olan başqa şərtlərin maneəsi yoxdur. Qərzul-həsənə büdcəsinə əmanət pul qoymaq məsələsinə gəlincə, əgər bu, borcun yalnız büdcənin üzvlərinə verilməsi məsələsinə qayıdarsa, maneəsi yoxdur. Yox əgər gələcəkdə büdcədən borc götürməyin öncədən büdcəyə müəyyən məbləğ pul qoymaq şərtinə qayıdarsa, bu şərt borcda gəlir hökmündədir və düzgün deyildir.
Sual 1789: Bank sövdələşmələrində ribadan uzaq olmaq üçün bir yol mövcuddurmu?
Cavab: Həll yolu, “şəri əqdlər”dən (şəri müqavilələrdən) istifadə etmək və onların bütün şərtlərinə riayət etməkdir.
Sual 1790: Bankın öz müştərilərinə konkret bir iş üçün verdiyi borc pulu (pul kreditini) başqa bir iş üçün istifadə etmək olarmı?
Cavab: Əgər bankın öz müştərilərinə verdiyi pul həqiqətən borc olarsa və konkret bir iş üçün istifadə edilməsini şərt qoyarsa, bu şərtə zidd əməl etməyə icazə verilmir. Həmçinin əgər müştərinin bankdan götürdüyü borc pul müzaribə və ya şəriklik və ya bu kimi işlərin sərmayəsi olarsa, müştərinin bu pulu bankın verdiyi işdən qeyri bir iş üçün xərcləməyə haqqı yoxdur.
Sual 1791: Bir müharibə əlili pul krediti götürmək üçün banka müraciət edir və özünün əlillik kitabçasını banka təqdim edir. O, əlillik dərəcəsinə görə müharibə əlillərinə verilən xüsusi güzəştli pul kreditindən yararlanmaq istəyir. Amma o özünün əlillik dərəcəsinin bu kitabçada qeyd ediləndən daha az olduğunu hesab edir və elə güman edir ki, mütəxəssis həkimlər onun barəsində səhvə yol veriblər. Bu şəxs həkimlərin onun barəsindəki rəyi əsasında bankın sözügedən güzəştli kreditindən yararlana bilərmi?
Cavab: Əgər mütəxəssis həkimlər tibbi müayinə əsasında bu şəxsin əlillik dərəcəsini təyin edibdirlərsə və qanun baxımından da güzəştli kreditin verilməsində bank üçün həkimlərin rəyi meyar götürülürsə, həkimlərin onun üçün təyin etdikləri əlillik dərəcəsinin məziyyətlərindən istifadə etməsinin maneəsi yoxdur. Baxmayaraq ki, öz nəzərinə görə onun əlillik dərəcəsi həkimlərin təyin etdiyindən azdır.
[1] Təklifi hökm – vasitə olmadan mükəlləfin əməlinə aid edilir və mükəlləfin vəzifəsini həmin əməli yerinə yetirmək və ya yerinə yetirməmək baxımından müəyyənləşdirir. Məsələn, “vacib” və ya “haram” hökmü kimi: namaz vacibdir, zülm etmək haramdır, sələmli borc almaq haramdır.
[2] Vəz`i hökm – vasitə ilə mükəlləfin əməlinə aid edilir. Məsələn, şəxslərə və ya əşyalara aid edilən “evlidir”, “pakdır və ya napakdır”, “düzgündür və ya düzgün deyildir” hökmləri kimi.
- Sülh (Razılaşma)
Sülh[1] (Razılaşma)
Sual 1792: Bir şəxs bütün əmlakını, o cümlədən, evini, maşınını, ev əşyalarını öz həyat yoldaşına sülh etmişdir (yəni əmlakının öz həyat yoldaşının mülkiyyətinə keçməsinə razılaşmışdır). Həmçinin həyat yoldaşını öz azyaşlı övladlarının qəyyumu təyin etmişdir. Belə olduğu təqdirdə, bu şəxsin ölümündən sonra ata-ananın onun irsindən pay tələb etməyə haqqı vardırmı?
Cavab: Əgər sübuta yetsə ki, bu şəxs həyatda ikən bütün əmlakını öz həyat yoldaşına və ya başqa bir şəxsə sülh etmişdir, belə ki, öldüyü günədək özü üçün (öz mülkiyyətində) bir şey saxlamamışdır, ata-anaya və ya başqa varislərə irs çatması məsələsinə yer qalmır. Buna görə də, bu şəxs həyatda ikən onun həyat yoldaşının mülkiyyətinə keçən əmlakından ata-ananın və ya başqa varislərin pay tələb etmək haqları yoxdur.
Sual 1793: Bir şəxs əmlakının bir hissəsini öz övladına sülh edir. Amma bir neçə il keçdikdən sonra bunu həmin övladına satır. Hal-hazırda isə bu şəxsin varisləri həkimin yazılı rəyi əsasında iddia edirlər ki, onların atası evi satmamışdan bir müddət qabaq ağlını itiribmiş. Sülh edilən malı sülh edilən tərəfin özünə satmaq sülhdən dönmək hesab olunurmu və sövdələşmənin düzgünlüyünə hökm edilirmi? Əgər sülh öz düzgünlüyündə qalıbdırsa, bu, sülh edilən malın üçdə biri barəsində düzgündür, yoxsa onun hamısı barəsində?
Cavab: Əvvəlki sülh düzgündür və keçərlidir. Sülh edən şəxsin müqaviləni pozmaq haqqına malik olduğu sübuta yetməyənədək, bu sülhə əməl olunmalıdır. Buna görə də, sülh edən şəxsin sülh edilən malı sonradan satması - hətta onu satdığı vaxt ağıl sağlamlığına malik olsa belə - düzgün deyildir. Baş tutan və düzgünlüyünə hökm edilən sülh, sülh edilən malın hamısı barəsində qüvvədədir.
Sual 1794: Bir şəxs özünün bütün əmlakını, hətta alacaqlarını və tibbi sığorta müəssisəsindəki haqqını öz həyat yoldaşına sülh etmişdir. Amma sözükeçən müəssisə bildirmişdir ki, qanun baxımından bu müəssisədə olan haqqını başqasına sülh etməyə onun haqqı yoxdur. Buna görə də, onunla bu barədə razılaşmamışdır. Sülh edən şəxs də bu məsələni etiraf edir, həmçinin deyir ki, başqalarına olan borcunu qaytarmaqdan boyun qaçırmaq məqsədilə belə bir iş görmüşdür. Bu sülhün hökmü nədir?
Cavab: Başqasının malı barəsində və ya başqalarının haqqının aid olduğu mal barəsində edilən sülh “füzuli əqd”dir və onun düzgünlüyü mal, ya haqq sahibinin icazəsinə bağlıdır. Əgər sülh edən şəxs tamamilə özünə aid olan mal barəsində sülh edərsə, amma məqsədi başqalarına olan borcunu qaytarmaqdan boyun qaçırmaq olarsa - xüsusilə də, əgər hazırkı əmlakından başqa bir əmlak əldə edə biləcəyinə və borclarını bu əmlakdan qaytara biləcəyinə ümidi yoxdursa - bu sülhün düzgünlüyü və keçərliliyi məhəlli-işkaldır (yəni düzgün deyildir).
Sual 1795: Sülh əqdi sənədində qeyd edilibdir ki, ata öz əmlakını bir hissəsini övladına sülh etmiş və ona təhvil vermişdir. Bu sənəd şəriət və qanun baxımından etibarlı sayılırmı?
Cavab: Sülh əqdi sənədində qeyd edilənlərin doğru olduğuna yəqinlik hasil olmayanadək mövcud sənəd sülh əqdinin baş tutduğuna və əqdin şərtlərinə şəri dəlil-sübut hesab olunmur. Bəli, əgər mal sahibinin sülh etdiyi dəqiqləşdikdən sonra bu sülhün şəriət baxımından düzgün şəkildə baş tutduğuna dair şübhə mövcud olarsa, sülh əqdi şəriət baxımından düzgün hesab olunur və bu mal sülh edilən tərəfə aid olacaqdır.
Sual 1796: Mən izdivac edəndə qayınatam - yəni ərimin atası - müəyyən məbləğ pulun qarşılığında bir torpaq sahəsini mənə sülh etdi və onu mənə təhvil verdi. Bu barədə bir neçə şahidin qarşısında müqavilə də tənzimlədi. Amma indi bu sülhün formal olduğunu iddia edir. Bu məsələnin hökmü nədir?
Cavab: Bu sülh şəriət baxımından düzgündür və iddaçı şəxs sülhün formal olduğunu sübuta yetirməyənədək bu iddianın heç bir təsiri yoxdur.
Sual 1797: Atam həyatda ikən bütün daşınmaz və qeyri-daşınmaz əmlakını mənə sülh etdi. Bu şərtlə ki, o, vəfat etdikdən sonra mən bacılarımın hər birinə müəyyən məbləğ pul verməli idim. Bacılarım da buna razı oldular və vəsiyyət sənədini imzaladılar. Atam vəfat etdikdən sonra mən onların haqqını verdim və əmlakın qalan hissəsini özümə götürdüm. Mən bu əmlakdan istifadə edə bilərəmmi? Əgər bacılarım buna (mənim bu əmlakdan istifadə etməyimə) razı olmasalar, məsələnin hökmü nədir?
Cavab: Bu sülhün maneəsi yoxdur və sualda qeyd edilənlərə əsasən, sülh edilən mal sizə aiddir, başqa varislərin narazılığının heç bir təsiri yoxdur.
Sual 1798: Əgər bir şəxs yanında olan övladlarının razılığı olmadan və yanında olmayan övladlarından da xəbərsiz olaraq öz əmlakını oğullarından birinə sülh edərsə, bu sülh düzgündürmü?
Cavab: Mal sahibi həyatda ikən öz əmlakını varislərindən birinə sülh etməsi digər varislərin icazəsinə bağlı deyildir və digər varislərin buna etiraz etməyə haqqı yoxdur. Bəli, əgər bu iş övladlar arasında fitnə və ixtilafın düşməsinə səbəb olarsa, bu sülhə icazə verilmir.
Sual 1799: Əgər bir şəxs bir malı başqa bir şəxsə bu şərtlə sülh etsə ki, yalnız həmin şəxs (yəni sülh edilən tərəf) ondan istifadə edə bilər, həmin şəxs sülh edən şəxsin razılığı olmadan bu malı eyni məqsədlə istifadə etməsi üçün üçüncü bir şəxsə verə bilərmi? Yaxud sülh edən şəxsin razılığı olmadan, bu maldan istifadə etməkdə başqa bir şəxsi özünə şərik edə bilərmi? Əgər bu iş düzgündürsə, sülh edən şəxs bu sülhdən dönə bilərmi?
Cavab: Sülh edilən tərəf sülh əqdində öhdəsinə götürdüyü şərtləri poza bilməz. Bu şərtləri pozduğu təqdirdə sülh edən şəxs sülh əqdini poza bilər.
Sual 1800: Sülh əqdi baş tutduqdan sonra sülh edən şəxs bu əqddən dönə bilərmi və sülh edilən tərəfə bildirmədən həmin malı başqa bir şəxsə sülh edə bilərmi?
Cavab: Əgər sülh düzgün şəkildə baş tutarsa, sülh edən şəxs ona əməl etməlidir. Sülh edən şəxs özünə əqdi pozmaq haqqı təyin etməyənədək, sülhdən dönmək haqqı yoxdur. Buna görə də, əgər həmin malı başqa bir şəxsə sülh edərsə, bu sülh “füzuli”dir və onun düzgünlüyü sülh edilən birinci şəxsin icazəsinə bağlıdır.
Sual 1801: Anadan qalan irs onun oğulları və qızları arasında bölüşdürülmüşdür. Bu məsələ özünün qanuni mərhələlərini keçmiş, irsin bölüşdürüldüyünə dair rəsmi sənəd imzalanmışdır. Varislərin hər biri öz payını aldıqdan və bu məsələnin üstündən xeyli vaxt keçdikdən sonra mərhumənin qızlarından biri iddia edir ki, anası həyatda ikən özünün bütün əmlakını ona sülh etmişdir. Bu barədə adi (qeyri-rəsmi) sənəd mövcuddur ki, yalnız qızın özü və onun əri bu sənədi imzalamışlar. Həmçinin bu sənəddə ananın da barmaq imzası vardır. İndi bu qız irsin hamısını tələb edir. Vəzifə nədir?
Cavab: Həyatda ikən ananın öz əmlakını bu qızına sülh etdiyi sübuta yetməyənədək, iddia etdiyi şey (irsin hamısı) barəsində qızın heç bir haqqı yoxdur. Sülh əqdi sənədinin həqiqətə uyğun olduğu sübuta yetməyənədək, bu sənədin heç bir etibarı yoxdur.
Sual 1802: Bir ata bütün əmlakını öz övladlarına sülh etmişdir. Bu şərtlə ki, həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı olacaqdır. Bu deyilənləri nəzərə alaraq, aşağıdakı məsələlərin hökmü nədir?
a) Bu sülh sözügedən şərtlə düzgündürmü və keçərlidirmi?
b) Bu sülh düzgün və keçərli olduğu təqdirdə, sülh edən şəxs ondan dönə bilərmi? Sülh edən şəxs ondan dönə bildiyi təqdirdə, əgər sülh etdikdən sonra bu əmlakın bir hissəsini satarsa, onun bu əməli sülhdən dönmək hesab olunurumu? Bu əməl sülhdən dönmək hesab olunduğu təqdirdə, sülhdən bütünlüklə dönmək deməkdir, yoxsa satılan mal barəsində sülhdən dönməkdir?
c) Əqddə qeyd edilən “həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı” cümləsi, sülh edən şəxsin əqdi pozmaq haqqına malik olması mənasını bildirirmi? Yoxsa bu əmlakı başqasına verə bilmək haqqına malik olması mənasını bildirir? Yaxud da həyatda olduğu müddətdə bu əmlakdan sadəcə istifadə etmək haqqına malik olması mənasını bildirir?Cavab:
a) Bu sülh sözügedən şərtlə düzgündür və keçərlidir.
b) Sülh əqdi “lazım əqd”dir. Nəticədə, sülh edən şəxsin əqdi pozmaq haqqı olmayanadək, onun bu əqdi pozması düzgün deyildir. Deməli, əgər o, sözügedən əmlakı sülh etdikdən sonra əqdi pozmaq haqqına malik olmadığı bir halda əmlakın bir hissəsini sülh edilən tərəflərdən birinə satarsa, alıcının payı barəsində sövdələşmə düzgün deyildir. Sülh edilən digər təfələrin payı barəsində isə sövdələşmə “füzuli”dir və sövdələşmənin düzgünlüyü onların icazəsinə bağlıdır.
c) “Həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı” cümləsi sülh edən şəxsin əmlakdan sadəcə istifadə etmək haqqına malik olması mənasını bildirir. Bu cümlə, sülh edən şəxsin nə əqdi pozmaq haqqına malik olması, nə də bu əmlakın başqasına verə bilmək haqqına malik olması mənasını bildirir.[1] Sülh – şəri əqdlərdən (müqavilə) biridir və burada əqdin hər iki tərəfi mal-mülkə sahiblənmə, borcun bağışlanması, haqqın ortadan qalxması və s. bu kimi məsələlərdə öz razılıqlarını elan edirlər.
- Vəkillik və həvalə etmək
- Sədəqə
Sədəqə
Sual 1820: İmam Xomeyni adına yardım komitəsi sədəqə və yardımların yığılması və bunların yoxsullara, haqq sahiblərinə çatdırılması üçün evlərdə, küçələrdə, şəhər və kəndlərin ümumi məkanlarında sədəqə qutuları qoymuşdur. Komitə işçilərinin aidiyyatı qurumdan aldıqları aylıq əmək haqqından və mükafatlardan əlavə, onlara bu qutulardan götürülən pulların müəyyən faizi mükafat ünvanında verilə bilərmi? Komitə işçisi olmayan, amma qutulardan pulların toplanmasında iştirak edən fərdlərə bu pullardan müəyyən məbləğ verilə bilərmi?
Cavab: Aidiyyatı qurumdan aldıqları aylıq əmək haqqıdan əlavə, sədəqə qutularından götürülən pullardan mükafat ünvanında komitə işçilərinə müəyyən məbləğ pul verilməsinin maneəsi vardır. Hətta pul sahiblərinin bu işə razı olduqları dəqiqləşməyənədək, buna icazə verilmir. Komitənin işçisi olmayan, amma qutulardan pulların toplanmasında kömək göstərən fərdlərə bu pullardan ücrət ünvanında verilməsinin isə maneəsi yoxdur. Bu şərtlə ki, sədəqələrin toplanması və onların haqq sahiblərinə çatdırılmasında bu fərdlərin köməyinə ehtiyac olmalıdır və pul sahiblərinin buna razı olduqları zahirən aydın olmalıdır. Əks halda, bu pulların fəqirlərə xərclənməsindən qeyri işlərə sərf edilməsi iradsız deyildir.
Sual 1821: Evin qapısını döyüb dilənən, yaxud küçələrdə oturub dilənən dilənçilərə sədəqə vermək olarmı? Yoxsa sədəqəni yetimlərə və miskinlərə vermək daha yaxşıdır? Yaxud da sədəqəni sədəqə qutularına atıb yardım komitəsinin ixtiyarında qoymaq daha yaxşıdır?
Cavab: Müstəhəb sədəqəni iffətli və dindar yoxsula vermək daha yaxşıdır. Həmçinin sədəqəni yardım komitəsinin ixtiyarında qoymağın – hətta onu sədəqə qutularına atmaqla olsa belə - maneəsi yoxdur. Amma vacib sədəqəni şəxsin özü, yaxud vəkili sədəqə düşən yoxsullara verməlidir. Əgər şəxs bilsə ki, yardım komitəsinin məsulları sədəqə qutularının pullarını toplayıb sədəqə düşən fəqirlərə verirlər, bu sədəqəni sədəqə qutularına atmasının maneəsi yoxdur.
Sual 1822: Öz dolanışıqlarını dilənərək təmin edən və İslam cəmiyyətinin simasını korlayan dilənçilərin qarşısında insanın vəzifəsi nədir? Xüsusilə də, dövlət onları cəmiyyətdən yığışdırmağa çalışır? Bu dilənçilərə yardım etməyə icazə verilirmi?
Cavab: Sədəqəni dindar və iffətli yoxsullara verməyə çalışın.
Sual 1823: Mən məscidin xadimiyəm və ramazan ayında işlərim çoxalır. Buna görə də, bəzi xeyriyyəçi şəxslər mənə yardım ünvanında pul verirlər. Mən bu pulu ala bilərəmmi?
Cavab: Onların sizə verdikləri pul sizə etdikləri yardımdır. Buna görə də, bu pul sizə halaldır və onu almağınızın maneəsi yoxdur.
- Ariyə və əmanət
Ariyə[1] və əmanət[2]
Sual 1824: Zavodda baş verən yanğın nəticəsində orada olan hər şey, o cümlədən, xammal, dəzgahlar, materiallar və bəzi fərdlərin orada əmanət qoyduqları mallar yanmışdır. Bunlara zavodun sahibi zamindir, yoxsa zavodu idarə etmək məsuliyyətini daşıyan şəxs?
Cavab: Əgər yanğına heç kim səbəbkar olmayıbdırsa və zavoda əmanət qoyulan malların qorunmasında heç kim səhlənkarlıq göstərməyibdirsə, bunlara kimsə zamin deyildir.
Sual 1825: Bir şəxs özünün yazılı vəsiyyətnaməsini başqa bir şəxsə əmanət vermişdir ki, ölümündən sonra bu vəsiyyətnaməni onun böyük övladına versin. Amma bu şəxs vəsiyyətnaməni onun övladına verməkdən boyun qaçırır. Onun bu işi əmanətə xəyanət sayılırmı?
Cavab: Əmanət verən şəxsin təyin etdiyi şəxsə əmanəti qaytarmaqdan boyun qaçırmaq bir növ xəyanət hesab olunur.
Sual 1826: Hərbi xidmət müddətində şəxsi istifadə üçün hərbi hissədən müəyyən əşyalar təhvil almışdım, amma hərbi xidmət müddəti başa çatdıqdan sonra onları hərbi hissəyə təhvil vermədim. İndi bu əşyalara görə mənim vəzifəm nədir? Onların pulunu Mərkəzi Bankın ümumi hesabına köçürmək kifayət edirmi?
Cavab: Əgər hərbi hissədən aldığınız əşyalar “ariyə” ünvanında olubdursa, bu əşyalar qaldığı təqdirdə onların özünü hərbi hissəyə qaytarmalısınız. Amma əgər bu əşyaları qorumaqda səhlənkarlıq göstərdiyinizə görə - hətta onları geri qaytarmağı yubatdığınıza görə - bu əşyalar aradan gedibdirsə, onların oxşarını və ya pulunu hərbi hissəyə verməlisiniz. Əks təqdirdə, sizin öhdənizə heç nə düşmür.
Sual 1827: Etibarlı bir şəxsə başqa bir şəhərə aparması üçün müəyyən məbləğ pul verdilər. Amma pullar yolda oğurlandı. Bu şəxs bu pullara zamindirmi?
Cavab: Pulları qorumaqda onun səhlənkarlıq göstərdiyi sübuta yetməyənədək, o, bu pullara zamin deyildir.
Sual 1828: Məscidin təmirinə lazım olan materialları almaq üçün məscidin idarə heyəti mənə məhəllə sakinlərinin məscidə bağışladıqları puldan müəyyən məbləğ pul verdi. Amma bu pul mənim şəxsi əşyalarımla birlikdə yolda itdi. Mənim vəzifəm nədir?
Cavab: Əgər bu pulu qoruyub saxlamaqda səhlənkarlıq etməmisinizsə, pula zamin deyilsiniz.
- Vəsiyyət
Vəsiyyət
Sual 1829: Bəzi şəhidlər vəsiyyət etmişlər ki, onların irsinin üçdə biri müqəddəs müdafiə cəbhələrinə yardım üçün xərclənsin. Hal-hazırda ölkə müharibə şəraitində olmadığına görə, bu vəsiyyətə əməl etmək mümkün deyildir. Bu vəsiyyətlərin hökmü nədir?
Cavab: Əgər vəsiyyətə əməl etmək mümkün deyildirsə, irsin üçdə bir hissəsi də varislərə çatır. Əhvət budur ki, bu mal varislərin icazəsi ilə xeyriyyə işlərinə xərclənsin.
Sual 1830: Qardaşım vəsiyyət etmişdir ki, irsinin üçdə biri xüsusi bir şəhərin müharibə didərginlərinə xərclənsin. Amma hal-hazırda həmin şəhərdə heç bir müharibə didərgini yoxdur. Vəzifə nədir?
Cavab: Əgər “müharibə didərginləri” dedikdə, qardaşınızın hal-hazırda həmin şəhərdə yaşayanları nəzərdə tutduğu məlum olsa, hal-hazırda onlar müharibə didərgini olmadıqlarına görə, bu mal qardaşınızın varislərinə çatır. Bundan qeyri halda, bu pul həmin şəhərdə yaşamış müharibə didərginlərinə verilməlidir, baxmayaraq ki, hal-hazırda oradan köçüb getmişlər.
Sual 1831: İnsan öz irsinin yarısının onun yas məclisinə xərclənməsini vəsiyyət edə bilərmi? Yoxsa bu miqdarı müəyyən etməyə icazə verilmir? Çünki İslam dini bu iş üçün xüsusi hüdud müəyyən etmişdir?
Cavab: İnsanın öz irsindən onun yas məclisi üçün xərclənməsini vəsiyyət etməsinin maneəsi yoxdur və bunun şəriət baxımından xüsusi bir hüdudu da yoxdur. Amma mərhumun vəsiyyəti yalnız onun irsinin üçdə biri barəsində keçərlidir və irsin üçdə birindən çoxunun xərclənməsi varislərin icazəsinə bağlıdır.
Sual 1832: Vəsiyyət etmək vacibdirmi? Yəni insan əgər vəsiyyət etməzsə, günah işlətmişdirmi?
Cavab: Əgər insanın yanında başqalarının əmanəti vardırsa, həmçinin boynunda “həqqünnas” və “həqqüllah” vardırsa və həyatda ikən bu borcları ödəyə bilməyibdirsə, bunlar barəsində vəsiyyət etməsi vacibdir. Əks təqdirdə, vəsiyyət etmək vacib deyildir.
Sual 1833: Bir kişi əmlakının üçdə birindən azını öz həyat yoldaşına vəsiyyət edir və böyük oğlunu özünə vəsi[1] təyin edir. Amma digər varislər bu vəsiyyətə etiraz edirlər. Bu halda vəsinin vəzifəsi nədir?
Cavab: Əgər irsinin üçdə birini və ya bundan azını vəsiyət edibdirsə, digər varislərin etirazının heç bir əsası yoxdur. Əksinə, vəsiyyətə əməl etmələri vacibdir.
Sual 1834: Əgər varislər vəsiyyəti ümumiyyətlə inkar etsələr, vəzifə nədir?
Cavab: Vəsiyyətin mövcud olduğunu iddia edən şəxs bu iddianı şəri yollarla sübuta yetirməldir. Vəsiyyətin mövcud olduğu sübuta yetdiyi təqdirdə, əgər irsin üçdə birinə və ya bundan azına vəsiyyət edilibsə, ona əməl etmək vacibdir. Varislərin inkar və etirazının heç bir təsiri yoxdur.
Sual 1835: Bir şəxs bir neçə etibarlı şəxsin, o cümlədən, oğullarından birinin qarşısında vəsiyyət etmişdir ki, xüms, zəkat və kəffarə kimi boynunda olan şəri haqların ödənilməsi, həmçinin namaz, oruc və həcc kimi boynunda olan vacib ibadətlərin yerinə yetirilməsi üçün əmlakının bir hissəsi onun irsindən çıxılsın. Amma varislərdən bəziləri bu məsələni inkar edir və atalarının əmlakından heç nə çıxılmadan əmlakın varislər arasında bölüşdürülməsini tələb edirlər. Bu barədə vəzifə nədir?
Cavab: Vəsiyyətin mövcud olduğu şəri dəlillərlə və ya varislərin iqrarı ilə sübuta yetdikdən sonra vəsiyyət edilən əmlak irsin üçdə birindən çox olmadığı təqdirdə, varislərin bu əmlakın onlar arasında bölüşdürülməsini tələb etmək haqları yoxdur. Əksinə, onlar bu əmlakı mərhumun vəsiyyət etdiyi şəri haqlara və vacib ibadətlərə sərf edib, vəsiyyətə əməl etməlidirlər. Hətta əgər şəri yollarla və ya varislərin etirafı ilə sübuta yetsə ki, mərhum camaata borclu imiş, yaxud xüms, zəkat və kəffarə kimi şəri haqlar, yaxud da maddi-mənəvi ibadət olan həcc kimi bir ibadət onun boynunda var imiş, hətta mərhum bu borclar barəsində vəsiyyət etməsə belə, varislər mərhumun irsindən onun bütün borclarını qaytarmalıdırlar. Bundan sonra qalan irs onların arasında bölüşdürülməlidir.
Sual 1836: Bir əkin sahəsinə sahib olan şəxs bu əkin sahəsinin məscidin təmirinə sərf edilməsini vəsiyyət etmişdir. Amma onun varisləri bu əkin sahəsini satıbdırlar. Mərhumun vəsiyyəti keçərlidirmi? Varislərin bu əmlakı satmaq haqları vardırmı?
Cavab: Əgər vəsiyyətin məzmunu əkin sahəsinin satılıb məscidin təmirinə sərf edilməsi olarsa, əkin sahəsinin qiyməti irsin üçdə birindən çox olmadığı təqdirdə vəsiyyət keçərlidir və onun satılmasının maneəsi yoxdur. Amma əgər vəsiyyət edən şəxs əkin sahəsindən əldə edilən gəlirlərin məscidin təmirinə sərf edilməsini nəzərdə tutubdursa, varislərin bu əkin sahəsini satmaq haqları yoxdur.
Sual 1837: Bir şəxs vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən biri boynunda olan namaz və orucun yerinə yetirilməsinə, həmçinin xeyriyyə işlərinə sərf edilsin. Bu torpaq sahəsini satmaq olarmı? Yoxsa vəqf hesab olunur?
Cavab: Əgər dəlil və əlamətlərdən onun məqsədinin bu torpaq sahəsinin olduğu kimi qalması və torpaq sahəsinin gəlirlərinin ona sərf edilməsi olduğu başa düşülməzsə, əksinə, torpaq sahəsinin ona sərf edilməsini vəsiyyət etdiyi məlum olarsa, bu vəsiyyət vəqf hökmündə deyildir. Buna görə də, əgər torpaq sahəsinin qiyməti irsin üçdə birindən çox olmazsa, onu satıb pulunun mərhumun vəsiyyətinə sərf edilməsinin maneəsi yoxdur.
Sual 1838: Ölümündən sonra onun özünə sərf edilsin deyə, insan öz əmlakından müəyyən qədərini irsin üçdə biri ünvanında kənara qoya, yaxud bir şəxsin yanında əmanət qoya bilərmi?
Cavab: Bu işin maneəsi yoxdur, bu şərtlə ki, ölümündən sonra həmin malın iki misli qədər onun varisləri üçün qalmış olmalıdır.
Sual 1839: Bir şəxs öz atasına vəsiyyət etmişdir ki, boynunda olan bir neçə ay qəza namazı və orucun yerinə yetirlməsi üçün əcir tutsun. Hal-hazırda isə bu şəxs itkin düşmüşdür. Onun qəza namazı və orucunun yerinə yetirilməsi üçün əcir tutmaq ataya vacibdirmi?
Cavab: Vəsiyyət edən şəxsin öldüyü şəri dəlil və ya vəsinin əldə etdiyi məlumat vasitəsilə sübuta yetməyənədək, onun qəza namazı və orucunun yerinə yetirilməsi üçün atanın əcir tutması düzgün deyildir.
Sual 1840: Atam öz torpaq sahəsinin üçdə birini məscidin tikilməsinə vəsiyyət etmişdir. Amma bu torpaq sahəsinin yaxınlığında iki məscidin olduğunu və əhalinin məktəb tikilməsinə böyük ehtiyacı olduğunu nəzərə alaraq, həmin torpaq sahəsində məscidin əvəzinə məktəb tikmək olarmı?
Cavab: Vəsiyyəti dəyişdirib məscid əvəzinə məktəb tikmək olmaz. Amma əgər məscidin məhz həmin torpaq sahəsində tikilməsi nəzərdə tutlmayıbdırsa, həmin torpaq sahəsini satıb, onun pulunu məscidə ehtiyac duyulan başqa bir yerdə məscid tikintisinə sərf etməyin maneəsi yoxdur.
Sual 1841: Bir şəxs vəsiyyət edə bilərmi ki, ölümündən sonra onun cəsədi tibb universiteti tələbələrinin ixtiyarında qoyulsun və cəsədin yarılması və tədris-təlim üçün istifadə edilsin? Yoxsa bu iş müsəlmanın cəsədinin müslə edilməsinə[2] səbəb olması baxımından haramdır?
Cavab: Bizim fikrimizcə, “müslə”nin və onun kimi işlərin haramlığı dəlilləri başqa bir məsələdən qaynaqlanır. Bu, sualda qeyd edilən məsələyə şamil olmur, çünki cəsədin bu kimi məqsədlərlə yarılmasında mühüm fayda mövcuddur. Əgər müsəlmanın cəsədinə ehtiram göstərilməsi şərti gerçəkləşərsə - belə ki, bu şərt bu kimi məsələlərdə qaçılmazdır – zahirən cəsədin yarılmasının maneəsi olmayacaqdır.
Sual 1842: Əgər bir şəxs ölümündən sonra bəzi əzalarının xəstəxanaya və ya bir şəxsə hədiyyə edilməsini vəsiyyət etsə, bu vəsiyyət düzgündürmü və onu yerinə yetirmək vacibdirmi?
Cavab: Hansı əzaları cənazədən ayırmaq ölüyə hörmətsizlik hesab olunmursa, həmin əzalar barəsində edilən vəsiyyətin düzgün və keçərli olması da uzaq ehtimal deyildir. Bu vəsiyyəti yerinə yetirməyin maneəsi yoxdur.
Sual 1843: Əgər vəsiyyət edən şəxs həyatda ikən varislər ona irsin üçdə birindən çoxu barəsində vəsiyyət etməsinə icazə versələr, bu, vəsiyyətin keçərli olmasına kifayət edirmi? Əgər kifayət edirsə, vəsiyyət edən şəxs vəfat etdikdən sonra varislər verdikləri icazədən dönə bilərlərmi?
Cavab: Vəsiyyət edən şəxs həyatda ikən varislərin ona irsin üçdə birindən çoxu barəsində vəsiyyət etməsinə icazə vermələri, vəsiyyətin keçərli və düzgün olmasına kifayət edir. Vəsiyyət edən şəxs vəfat etdikdən sonra varislərin verdikləri icazədən dönmək haqları yoxdur. Həmçinin verdikləri icazədən dönmələrinin təsiri də yoxdur.
Sual 1844: Bir şəhid qəza namazları və orucları barəsində vəsiyyət etmişdir, amma ondan irs qalmamışdır. Yaxud da ondan qalan irs təkcə bir ev və evdə olan əşyalardır ki, bunları satmaq onun azyaşlı övladlarının sıxıntıya düşmələrinə səbəb olacaqdır. Bu vəsiyyətlə əlaqədar onun varislərinin vəzifəsi nədir?
Cavab: Əgər bu şəhiddən irs qalmayıbdırsa, onun vəsiyyətinə əməl etmək vacib deyildir. Amma onun böyük oğluna vacibdir ki, şəri vəzifə yaşına çatdıqda atasının qəza namazlarını və oruclarını yerinə yetirsin. Yox əgər ondan irs qalıbdırsa, irsin üçdə birinin onun vəsiyyətinə sərf edilməsi vacibdir. Varislərin ehtiyaclı və azyaşlı olmaları vəsiyyətə əməl etməmək üçün şəri üzr hesab olunmur.
Sual 1845: Vəsiyyət edilən zaman “vəsiyyət olunan şəxs”in (موصی له) həyatda olması əmlak barəsindəki vəsiyyətin düzgün və keçərli olmasında şərtdirmi?
Cavab: Əmlak barəsindəki vəsiyyətdə vəsiyyət edilən zaman “vəsiyyət olunan şəxs”in (موصی له) həyatda olması şərtdir, hətta ana bətnində döl şəklində olsa belə, yaxud ruh verilməmiş döl şəklində olsa belə, bu şərtlə ki, uşaq dünyaya diri gəlməlidir.
Sual 1846: Bir şəxs yazılı vəsiyyətnaməsində özünə vəsi təyin etməklə yanaşı, başqa bir şəxsi də ona nəzarətçi təyin etmişdir. Amma nəzarətçi şəxsin səlahiyyətlərini qeyd etməmişdir. Yəni məlum deyildir ki, nəzarətçi şəxsin işi yalnız vəsiyyətə zidd əməl etməsin deyə, vəsinin işlərinə nəzarət etməkdir? Yoxsa vəsinin işləri barəsində fikir bildirməlidir və vəsi onun nəzəri əsasında işləri görməlidir? Bu halda, nəzarətçi şəxsin hansı səlahiyyətləri vardır?
Cavab: Vəsiyyətin qeyd-şərtsiz olduğunu nəzərə alaraq, vəsinin öz işləri barəsində nəzarətçi şəxs ilə məsləhətləşməsi vacib deyildir, baxmayaraq ki, onunla məsləhətləşməsi əhvətə müvafiqdir. Nəzarətçi şəxsin vəzifəsi, yalnız vəsinin işlərinə nəzarət etməkdir.
Sual 1847: Bir şəxs böyük oğlunu özünə vəsi, məni də ona nəzarətçi təyin etmişdir. Bu şəxs dünyasını dəyişir, ardınca da oğlu dünyasını dəyişir. Mən bu şəxsin vəsiyyətinin yerinə yetirilməsində məsuliyyət daşıyan tək şəxsəm. Amma indiki durumuma görə onun vəsiyyət etdiyi işləri yerinə yetirmək mənim üçün çətindir. Görəsən, vəsiyyəti dəyişdirmək və irsin üçdə birindən əldə edilən gəlirləri xeyriyyə işlərinə sərf etməsi, himayəsində olan ehtiyaclı fərdlərə xərcləməsi üçün səhiyyə idarəsinə vermək olarmı?
Cavab: Nəzarətçi şəxs mərhumun vəsiyyətlərini - hətta vəsi dünyasını dəyişsə belə - müstəqil şəkildə yerinə yetirə bilməz. Amma əgər vəsiyyət edən şəxs vəsi dünyasını dəyişdiyi təqdirdə nəzarətçini vəsi təyin etdiyini qeyd edərsə, bu hal istisnadır. Əks təqdirdə, vəsi dünyasını dəyişdikdən sonra nəzarətçi şəxs şəri-hakimə müraciət etməlidir ki, şəri-hakim vəsinin yerinə başqa bir şəxsi təyin etsin. Hər bir halda, mərhumun vəsiyyətini dəyişdirməyə icazə verilmir.
Sual 1848: Əgər bir şəxs əmlakının müəyyən hissəsinin Nəcəfdə Quran tilavətinə sərf edilməsini vəsiyyət etsə, yaxud bu iş üçün müəyyən miqdar malı vəqf etsə, amma vəsiyə və ya vəqf qəyyumuna Quran tilavətinə əcir tutmaqdan ötrü bu pulu Nəcəfə göndərmək mümkün olmazsa, onun bu barədə vəzifəsi nədir?
Cavab: Əgər bu pulu Nəcəfdə Quran tilavətinə – hətta gələcəkdə olsa belə - sərf etmək mümkün olarsa, vəsiyyətə əməl etmək vacibdir.
Sual 1849: Anam dünyasını dəyişməmişdən qabaq vəsiyyət etdi ki, onun qızıllarını cümə gecələri xeyriyyə işlərinə xərcləyim. İndiyə qədər mən onun vəsiyyətini yerinə yetirmişəm. Amma əhalisinin böyük ehtimalla müsəlman olmadığı xarici ölkələrə səfər etdiyim zaman mənim vəzifəm nədir?
Cavab: Ananızın bu malın hər kəsə - istər müsəlmanlara, istərsə də qeyri-müsəlmanlara – xərclənməsini nəzərdə tutduğu dəqiqləşməyənədək, bu malın ancaq müsəlmanlara aid xeyriyyə işlərinə sərf edilməsi vacibdir. Hətta bu malı müsəlman ölkəsində etibarlı bir şəxsə vermək olar ki, onu müsəlmanlara xərcləsin.
Sual 1850: Bir şəxs vəsiyyət etmişdir ki, onun torpaq sahələrinin bir hissəsi satılıb, pulu əzadarlıq məclislərinə və xeyriyyə işlərinə xərclənsin. Amma bu torpaq sahəsinin varislərdən qeyrisinə satılması varislər üçün çətinliklərin yaranmasına səbəb olacaqdır, çünki bu torpaq sahəsini digər torpaq sahələrindən ayırmaq böyük çətinliklər yaradacaqdır. Varislər bu torpaq sahəsini özləri üçün kredit şəklində ala bilərlərmi? Belə ki, hər il pulun bir hissəsini ödəsinlər və vəsinin və nəzarətçi şəxsin nəzarəti altında vəsiyyət edilən işə sərf edilsin?
Cavab: Varislərin bu torpaq sahəsini özləri üçün almalarının maneəsi yoxdur. Həmçinin vəsiyyət edən şəxsin bu torpaq sahəsinin nağd satılmasını və pulun elə birinci il vəsiyyət edilən işə sərf edilməsini nəzərdə tutduğu dəqiqləşməyənədək, bu torpaq sahəsini kredit şəklində ədalətli qiymətə almalarının da maneəsi yoxdur. Bu şərtlə ki, vəsi və nəzarətçi şəxs bu işi məsləhətə uyğun görməlidirlər. Kreditlər də elə bir şəkildə olmalıdır ki, vəsiyyətə qarşı səhlənkarlıq göstərilməsi və onun yerinə yetirilməməsi ilə nəticələnməməlidir.
Sual 1851: Ölümlə nəticələnən bir xəstəliyə tutulan şəxs iki şəxsə - vəsi və vəsinin naibi ünvanında vəsiyyət edir. Amma sonra fikrindən dönür və vəsiyyətini ləğv edir, bu barədə vəsiyə və vəsinin naibinə də məlumat verir. O, başqa bir vəsiyyətnamə yazır və onun yanında olmayan qohumlarından birini özünə vəsi təyin edir. Birinci vəsiyyət ləğv edildikdən və dəyişdirildikdən sonra yenə də etibarlı sayılırmı? Əgər ikinci vəsiyyət düzgündürsə və qayib olan şəxs vəsidirsə, vəsilikdən kənarlaşdırılan birinci vəsi və onun naibi mərhumun ləğv etdiyi vəsiyyətə əsaslanıb onu yerinə yetirdikləri təqdirdə onların maldan istifadəsi qəsbkarlıq sayılırmı və maldan xərclədiklərini ikinci vəsiyə qaytarmalıdırlarmı?
Cavab: Əgər vəsiyyət edən şəxs sağ ikən birinci vəsiyyətini ləğv etsə və birinci vəsini kənarlaşdırsa, vəsilikdən kənarlaşdırıldığını bildikdən sonra onun həmin vəsiyyətə əsaslanmağa və əməl etməyə haqqı yoxdur. Vəsiyyət edilən maldan istifadə etməsi “füzuli”dir və vəsinin icazəsinə bağlıdır. Beləliklə, əgər vəsi buna icazə verməzsə, kənarlaşdırılmış vəsi istifadə etdiyi mala zamindir.
Sual 1852: Bir şəxs vəsiyyət etmişdir ki, onun mülklərindən biri övladlarından birinə verilsin. Amma iki ildən sonra vəsiyyətini bütünlüklə dəyişmişdir. Bu şəxsin öz vəsiyyətini dəyişdirməsi şəriət baxımından düzgündürmü? Əgər bu şəxs xəstədirsə və qulluq və qayğıya ehtiyacı vardırsa, bu işi görmək yalnız onun vəsisinin, yəni böyük oğlunun üzərinə düşürmü? Yoxsa onun bütün övladları bu barədə bərabər şəkildə məsuliyyət daşıyırlar?
Cavab: Vəsiyyət edən şəxs həyatda olduğu və ağıl sağlamlığına malik olduğu halda vəsiyyətini dəyişdirməsinin şəriət baxımından maneəsi yoxdur. Şəriət baxımından düzgün və etirbarlı sayılan vəsiyyət, sonrakı vəsiyyətdir. Əgər xəstə şəxs öz pulu ilə özünə qulluqçu tutmaq iqtidarında deyildirsə, atalarına qulluq etmək imkanına malik olan övladlar ona qulluq etməkdə bərabər şəkildə məsuliyyət daşıyırlar. Bu barədə vəsi təklikdə məsuliyyət daşımır.
Sual 1853: Bir ata əmlakının üçdə birini özünə vəsiyyət etmiş və məni özünə vəsi təyin etmişdir. İrs bölüşdürülərkən onun üçdə biri kənara qoyuldu. Onun vəsiyyətini yerinə yetirmək üçün kənara qoyulan bu maldan müəyyən qədərini sata bilərəmmi?
Cavab: Əgər əmlakının üçdə birini onun vəsiyyətinin yerinə yetirilməsinə sərf edilməsini vəsiyyət edibdirsə, irsin üçdə birini irsdən ayırdıqdan sonra onu satmağın və vəsiyyətnamədə qeyd edilən işlərə sərf etməyin maneəsi yoxdur. Amma əgər irsin üçdə birinin gəlirlərini onun vəsiyyətinin yerinə yetirilməsinə sərf edilməsini vəsiyyət edibdirsə, bu halda həmin malın özünü satmağa icazə verilmir; hətta vəsiyyət edilən işlərin yerinə yetirilməsinə sərf edilməsi üçün olsa belə.
Sual 1854: Əgər vəsiyyət edən şəxs vəsini və vəsiyə nəzarət edən şəxsi təyin etsə, amma onların vəzifə və səlahiyyətlərini qeyd etməsə, həmçinin əmlakının üçdə birindən istifadə edilməsini qeyd etməsə, bu halda vəsinin vəzifəsi nədir? O, vəsiyyət edən şəxsin irsinin üçdə birini ayıra və xeyriyyə işlərinə sərf edə bilərmi? Vəsiyyət etmək və vəsi təyin etmək irsin üçdə birinin vəsiyyət edən şəxsin özünə sərf edilməsi haqqını qazanmasına kifayət edirmi? Beləliklə də, irsin üçdə birini ayırmaq və onu vəsiyyət edən şəxsə sərf etmək vəsiyə vacib olurmu?
Cavab: Əgər əlamətlər və dəlillər, yaxud məntəqənin xüsusi ürfü vasitəsilə vəsiyyət edən şəxsin nəyi nəzərdə tutduğu başa düşülərsə, bu halda vəsi vəsiyyətin nədən ibarət olduğuna və vəsiyyət edən şəxsin nəyi nəzərdə tutduğuna dair bu yolla əldə etdiyi qənaətinə əməl etməlidir. Bundan qeyri halda, nəyin vəsiyyət edildiyi qaranlıq qaldığı və qeyd edilmədiyi üçün vəsiyyət etibarsızdır.
Sual 1855: Bir şəxs belə vəsiyyət etmişdir: “Bütün tikilmiş və tikilməmiş parçalar və bundan qeyri şeylər həyat yoldaşıma çatsın”. Vəsiyyətdə qeyd edilən “bundan qeyri şeylər” ifadəsində mərhumun daşınan əmlakı nəzərdə tutulurmu? Yoxsa parça və paltardan dəyəri az olan əşyalar, məsələn, ayaqqabı və bu kimi əşyalar nəzərdə tutulur?
Cavab: Vəsiyyətdə qeyd edilən “bundan qeyri şeylər” ifadəsində nəyin nəzərdə tutulduğu məlum olmayanadək və vəsiyyət edən şəxsin bu ifadədə nəyi nəzərdə tutduğu kənar amillər vasitəsilə başa düşülməyənədək, vəsiyyətdəki bu ifadə qaranlıq qaldığına görə icra edilməyə qabil deyildir. Bu ifadəni sualda qeyd edilən ehtimallardan birinə tətbiq etmək varislərin razılığına bağlıdır.
Sual 1856: Bir qadın vəsiyyət edir ki, irsinin üçdə biri ilə onun üçün səkkiz il qəza namazı qılınsın, qalan məbləğ də rəddi-məzalimə, xümsə və xeyriyyə işlərinə sərf edilsin. Amma bu vəsiyyətin yerinə yetirilməsi müqəddəs müdafiə illərinə təsadüf edir ki, bu illərdə cəbhəyə yardım göstərmək daha zəruri idi. Vəsi də əmin idi ki, bu qadının boynunda hətta bir qəza namazı belə yoxdur. Bununla belə, o, bir şəxsi əcir tutur və qadın üçün iki il qəza namazı qıldırır. İrsin üçdə birinin müəyyən hissəsini isə cəbhəyə yardım göstərir, qalan məbləği də xümsün və rəddi-məzalimin ödənilməsinə sərf edir. Vəsiyyətə əməl etmək baxımından vəsinin öhdəsində bir vəzifə qalmışdırmı?
Cavab: Vəsiyyətə olduğu kimi əməl etmək vacibdir, yəni mərhum necə vəsiyyət edibdirsə, elə də əməl olunmalıdır. Vəsi vəsiyyəti, hətta vəsiyyət edilən işlərin bəzisini tərk edə bilməz. Buna görə də, əgər bu malın müəyyən hissəsini vəsiyyət edilən işlərdən qeyri bir işə sərf edibdirsə, həmin mala zamindir.
Sual 1857: Bir şəxs iki nəfərə vəsiyyət edir ki, ölümündən sonra vəsiyyətnamədə qeyd edilənləri yerinə yetirsinlər. Vəsiyyətnamənin üçüncü bəndində qeyd edilmişdir ki, bütün irs – mərhumun daşınan və daşınmaz əmlakı, nağd pulu və camaatdan alacaqları – bir yerə yığılsın və onun borcu verilsin, sonra irsin üçdə biri ayrılsın və vəsiyyətnamənin dördüncü, beşinci və altıncı bənlərinə müvafiq şəkildə xərclənsin. On yeddi il keçdikdən sonra isə irsin üçdə birindən artıq qalan məbləğ yoxsul varislərə xərclənsin. Amma bu iki vəsi bu şəxsin vəfat etdiyi vaxtdan sözükeçən müddət başa çatanadək irsin üçdə birini ayırmağa müvəffəq ola bilməmişlər və vəsiyyətnamədə qeyd edilən bəndlərə əməl etmək onlar üçün mümkün olmamışdır. Varislər də iddia edirlər ki, vəsiyyətnamə sözükeçən müddət başa çatdıqdan sonra öz etibarını itirir və bu iki vəsinin mərhumun irsinə müdaxilə etmək haqqı yoxdur. Bu məsələnin hökmü nədir? Bu iki vəsinin vəzifəsi nədir?
Cavab: Vəsiyyət və vəsilik, vəsiyyətin icrasının gecikdirilməsi səbəbilə öz etibarını itirmir. Əksinə, bu iki vəsiyə vəsiyyətə əməl etmək - hətta bu iş uzun müddət çəksə belə - vacibdir. Əgər onların vəsiliyi üçün müəyyən bir müddət təyin edilməyibdirsə, vəsiyyətin icrasında varislərin onlara mane olmaq haqları yoxdur.
Sual 1858: Mərhumun irsi varislər arasında bölüşdürüldükdən və mülkiyyət sənədi onların adına keçdikdən altı il sonra varislərdən biri iddia edir ki, mərhum şifahi şəkildə ona vəsiyyət etmişdir ki, evin bir hissəsi onun oğullarından birinə verilsin. Bir neçə qadın da bu məsələyə şahidlik edirlər. Sözükeçən müddət keçdikdən sonra onun iddiası qəbul edilirmi?
Cavab: Zamanın keçməsi və irsin bölüşdürülməsinin qanuni mərhələlərinin başa çatması vəsiyyətin icrası üçün maneə hesab olunmur, bu şərtlə ki, qaldırılan iddia şəri dəlillə sübuta yetməlidir. Beləliklə, əgər iddiaçı şəxs öz iddiasını şəri dəlillə sübuta yetirərsə, bütün varislərə ona müvafiq əməl etmək vacibdir. Bundan qeyri halda, hər kim onun iddiasının düzgünlüyünü etiraf edirsə, bu iddiaya müvafiq əməl etməlidir və irsdən olan payı qədər onu yerinə yetirməlidir.
Sual 1859: Bir şəxs iki nəfərə vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən birini satıb onun tərəfindən həcc ziyarətini yerinə yetirsinlər. Bu şəxs öz vəsiyyətnaməsində bu iki nəfərdən birini vəsi, digərini isə ona nəzarətçi təyin etmişdir. Amma üçüncü bir şəxs iddia edir ki, o, vəsidən və nəzarətçi şəxsdən icazə almadan mərhumun tərəfindən həcc ziyarətini yerinə yetirmişdir. Hal-hazırda vəsi dünyasını dəyişmişdir və təkcə nəzarətçi şəxs həyatdadır. Nəzarətçi şəxs o torpaq sahəsinin pulu ilə mərhumun tərəfindən yenidən həcc ziyarətini yerinə yetirməlidirmi? Yoxsa torpaq sahəsinin pulunu mərhumun tərəfindən həcc ziyarətini yerinə yetirdiyini iddia edən şəxsə ücrət ünvanında verməlidir? Yoxsa bu xüsusda onun öhdəsinə heç nə düşmür?
Cavab: Əgər mərhumun boynunda həcc ziyarəti vardırsa və onun tərəfindən həcc ziyarətinin yerinə yetirilməsini vəsiyyət edərək borcdan çıxmaq istəmişdirsə, sözükeçən üçüncü şəxs də mərhumun tərəfindən həcc ziyarətini yerinə yetiribdirsə, bu, onun üçün kifayət edir. Amma sözükeçən üçüncü şəxsin kimsədən ücrət tələb etməyə haqqı yoxdur. Bundan qeyri halda, vəsi və nəzarətçi şəxs mərhumun vəsiyyətinə əməl etməli və torpaq sahəsinin pulu ilə onun tərəfindən həcc ziyarətini yerinə yetirməlidirlər. Əgər vəsi vəsiyyətə əməl etməmiş dünyasını dəyişərsə, nəzarətçi şəxs vəsiyyətə əməl etmək üçün şəri-hakimə müraciət etməlidir.
Sual 1860: Varislər vəsini vadar edə bilərlərmi ki, mərhum tərəfindən namaz və orucun qəzasının yerinə yetirilməsi üçün müəyyən məbləğ pul versin? Vəsinin bu barədə vəzifəsi nədir?
Cavab: Mərhumun vəsiyyətlərinə əməl etmək vəsinin vəzifəsidir və bu iş onun öhdəsindədir. O özünün məsləhət gördüyü kimi vəsiyyətə əməl etməlidir. Varislərin bu işə müdaxilə etmək haqları yoxdur.
Sual 1861: Neft anbarları bombardman edilərkən şəxs şəhid olur və vəsiyyətnaməsi onun üstündə olur. Buna görə də, vəsiyyətnamə həmin hadisədə yanır, yaxud itir və kimsə onun məzmunundan xəbərdar deyildir. Hal-hazırda bu şəxsin vəsisi bilmir ki, vəsi təkcə onun özüdür, yoxsa başqa bir vəsi də vardır? Onun vəzifəsi nədir?
Cavab: Vəsiyyətin mövcud olduğu sübuta yetdikdən sonra o, vəsiyyətdə dəyişdirilmədiyinə əmin olduğu işlərə əməl etməlidir. Başqa bir vəsinin olması ehtimalına etina etməməlidir.
Sual 1862: İnsan öz varislərindən qeyri bir şəxsi özünə vəsi seçə bilərmi? Onun bu işinə qarşı çıxmağa kiminsə haqqı vardırmı?
Cavab: Vəsiliyə layiq bildiyi şəxslər arasından özünə vəsi seçmək insanın öz rəyinə bağlıdır. İnsanın öz varislərindən qeyri bir şəxsi özünə vəsi seçməsinin maneəsi yoxdur və varislərin ona etiraz etmək haqları yoxdur.
Sual 1863: Varislərdən bəziləri digər varislərlə məsləhətləşmədən, yaxud vəsidən razılıq almadan mərhumun əmlakından qonaqlıq ünvanında onun üçün xərcləyə bilərlərmi?
Cavab: Əgər bu işi görməkdə onların məqsədi vəsiyyətə əməl etməkdirsə, bu işi görmək vəsinin öhdəsindədir və vəsinin razılığı olmadan, onların özbaşına bu işi görmək haqları yoxdur. Yox əgər onların məqsədi mərhumun irsindən varislərə düşən payın hesabından xərcləməkdirsə, bu işi görmək digər varislərin icazəsinə bağlıdır. Əgər digər varislər razı olmasalar, onların payı nisbətində bu iş qəsb hökmünü daşıyır.
Sual 1864: Bir şəxs vəsiyyətnaməsində qeyd etmişdir ki, filankəs onun birinci vəsisi, Zeyd onun ikinci vəsisi və Əmr onun üçüncü vəsisidir. Bu üç nəfər birlikdə onun vəsisidir, yoxsa təkcə birinci şəxs onun vəsisidir?
Cavab: Bu məsələ vəsiyyət edən şəxsin nəzərinə bağlıdır. Belə ki, bu üç nəfərin birlikdə, yoxsa ardıcıllıqla vəsi olmalarını nəzərdə tutduğu mövcud dəlillər və əlamətlərdən əldə edilməyənədək, bu üç nəfər vəsiyyətə birlikdə əməl etmək barəsində razılığa gəlməlidirlər.
Sual 1865: Əgər bir şəxs üç nəfəri birlikdə özünə vəsi təyin etsə, amma onlar vəsiyyətə əməl etməyin üslubu barəsində razılığa gəlməsələr, onlar arasındakı ixtilaf necə aradan qaldırılmalıdır?
Cavab: Bir neçə nəfər vəsi olduğu halda, əgər vəsiyyətə əməl etməyin üslubu barəsində onlar arasında ixtilaf yaranarsa, şəri-hakimə müraciət etməlidirlər.
Sual 1866: Mən atamın böyük oğluyam və şəriətə görə, atamın qəza namaz və oruclarını yerinə yetirməliyəm. Əgər atamın boynunda bir neçə il qəza namazı və orucu olarsa, amma o, onun üçün təkcə bir il qəza namazı və orucu yerinə yetirilməsini vəsiyyət edərsə, mənim vəzifəm nədir?
Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun qəza namaz və orucları irsinin üçdə biri ilə yerinə yetirilsin, irsin üçdə biri ilə bu işi görmək üçün bir şəxsi əcir tutmaq olar. Əgər onun boynunda vəsiyyət etdiyindən daha çox qəza namazı və orucu olarsa, bunları yerinə yetirmək sizə vacibdir və bu iş üçün siz öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.
Sual 1867: Bir şəxs böyük oğluna vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən müəyyən birini satsın və əldə edilən pul ilə onun tərəfindən həcc ziyarətini yerinə yetirsin. Böyük oğlu da atası üçün bu işi görəcəyini öhdəsinə götürmüşdür. Amma “Həcc və Ziyarətlər İdarəsi”ndən həcc ziyarətinə vaxtında icazə ala bilmədiyinə görə ziyarət xərcləri artmışdır. Belə ki, bu torpaq sahəsinin pulu həcc ziyarətini yerinə yetirmək üçün daha kifayət etmir. Buna görə də, böyük oğulun şəxsən özünün həcc ziyarətinə getməsi qeyri-mümkün olmuşdur və o da, atasının tərəfindən həcc ziyarətini yerinə yetirməsi üçün naib tutmaq məcburiyyətində qalmışdır. Amma torpaq sahəsinin satışından əldə edilən pul naiblik ücrəti üçün də kifayət etmir. Atanın vəsiyyətinə əməl etməkdə digər varislərin böyük oğul ilə həmkarlıq etmələri vacibdirmi? Yoxsa bu işi yerinə yetirmək təkcə böyük oğulun vəzifəsidir? Çünki atasının tərəfindən həcc ziyarətini o yerinə yetirməli idi?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, həcc ziyarətinin xərclərindən hansısa məbləği ödəmək digər varislərə vacib deyildir. Amma əgər vəsiyyət edən şəxsin boynunda həcc ziyarəti vardırsa və onun tərəfindən həcc ziyarətinin yerinə yetirilməsi üçün müəyyən etdiyi torpaq sahəsinin pulu “niyabəti həcc”in xərcləri üçün – hətta “miqat”dan olsa belə - kifayət etmirsə, “miqati həcc”in xərcləri irsin özündən müəyyən məbləğ götürülərək tamamlanmalıdır.
Sual 1868: Əgər “şəri haqlar” (xüms, zəkat və s.) ünvanında mərhumun müəyyən məbləğ pul ödədiyini göstərən qəbz mövcuddursa, yaxud bir neçə şəxs mərhumun hər zaman şəri haqları ödədiyinə şahidlik edirlərsə, mərhumun şəri haqlarını irsdən ödəmək varislərə vacibdirmi?
Cavab: “Şəri haqlar” ünvanında mərhumun müəyyən məbləğ pul ödədiyini göstərən qəbzin mövcudluğu, yaxud mərhumun hər zaman şəri haqları ödədiyinə şahidlərin şahidlik etmələri onun bu haqları ödəyib borcdan çıxdığına, həmçinin onun malına şəri haqların aid olmadığına dair şəri dəlil hesab olunmur. Beləliklə, əgər o, həyatda ikən və ya öz vəsiyyətnaməsində şəri haqlar ünvanında müəyyən məbləğ borclu olduğunu və ya onun əmlakında müəyyən məbləğ şəri haqların olduğunu etiraf edibdirsə, yaxud da varislər buna əmindirlərsə, mərhumun iqrar etdiyi məbləği və ya özlərinin əmin olduqları məbləği mərhumun irsindən ödəmələri varislərə vacibdir. Bundan qeyri halda, varislərə heç nə vacib olmur.
Sual 1869: Bir şəxs irsinin üçdə birini özünə vəsiyyət etmiş və vəsiyyətnaməsinin haşiyəsində qeyd etmişdir ki, bağda olan ev irsin üçdə birini təmin etməyə sərf edilsin. Dünyasını dəyişdikdən iyirmi il sonra vəsi bu evi satsın və əldə edilən pulu onun üçün sərf etsin. İrsin üçdə biri irsin hamısından – ev və digər mal-mülk də daxil olmaqla – hesablanmalıdırmı? Belə ki, əgər evin qiyməti irsin üçdə birindən az olarsa, mərhumun digər mal-mülkündən götürülərək tamamlanmalıdırmı? Yoxsa irsin üçdə biri elə evin özüdür və irsin üçdə biri ünvanında digər mal-mülk varislərdən alınmayacaqdır?
Cavab: Əgər bu şəxs vəsiyyət etməklə və ya vəsiyyətnaməsinin hasiyəşində qeyd etməklə təkcə sözügedən evi irsin üçdə biri ünvanında özü üçün təyin etmək istəyibdirsə və mərhumun bocları irsdən ödənildikdən sonra bu evin qiyməti irsin üçdə birindən çox deyildirsə, bu halda təkcə bu ev irsin üçdə biridir və mərhuma aiddir. Eləcə də, əgər irsin üçdə birini özünə vəsiyyət etdikdən sonra onun məqsədi irsin üçdə birini təmin etmək üçün sözügedən evi təyin etmək olubdursa və onun borcları ödənildikdən sonra bu evin qiyməti irsin üçdə biri qədər olarsa, hökm eynidir. Bundan qeyri halda, irsin üçdə birinin tamamlanması üçün irsin müəyyən hissəsi evə əlavə olunmalıdır.
Sual 1870: İrsin bölüşdürülməsindən iyirmi il, mərhumun qızının isə öz irs payını satmasından dörd il keçdikdən sonra ana bir vəsiyyətnamə ortaya çıxarır ki, bu vəsiyyətnaməyə əsasən ərin bütün əmlakı onun həyat yoldaşına aid imiş. Ana həmçinin etitaf edir ki, bu vəsiyyətnamə əri öldüyü vaxtdan onda imiş, amma indiyədək bu barədə heç kimə heç nə deməyibdir. Belə bir vəsiyyətnamə ortaya çıxdığına görə irsin bölüşdürülməsinin və mərhumun qızının öz irs payını satmasının düzgün olmadığına hökm verilirmi? Əgər buna hökm verilirsə, qız ilə ana arasında olan ixtilafa görə alıcının qızdan aldığı rəsmi mülkiyyət sənədinin ləğv olunması düzgündürmü?
Cavab: Sözügedən vəsiyyət düzgün olsa və mötəbər dəlillə sübuta yetsə belə, nəzərə alsaq ki, əri vəfat etdiyi vaxtdan irs bölüşdürüldüyü vaxtadək ana bu vəsiyyətdən xəbərdar imiş və qızına irsdən pay verildikdə, həmçinin qızı bu payı başqasına satdıqda vəsiyyətnamə ananın əlində imiş, lakin eyni zamanda vəsiyyət barəsində sükut etmiş və vəsiyyətnaməni üzə çıxara bildiyi bir halda qızına irsdən pay verilərkən etiraz etməmişdir, həmçinin qızı öz irs payını satdıqda buna etiraz etməmişdir, elə isə, bütün bunlar ananın qızına irsdən pay çatmasına və qızının öz payını başqasına satmasına razı olması hesab olunur. Bundan sonra ananın irsdən qızına verdiyi payı tələb etməyə haqqı yoxdur. Həmçinin alıcıdan nəyisə tələb etməyə haqqı yoxdur. Qızının etdiyi alğı-satqı düzgündür və satılan mal da alıcının əmlakıdır.
Sual 1871: Bir şəhid öz atasına vəsiyyət etmişdir ki, əgər onun evini satmadan onun borclarını qaytara bilməyəcəkdirsə, evi satsın və əldə edilən pul ilə onun borclarını qaytarsın. Həmçinin vəsiyyət etmişdir ki, pulun müəyyən məbləği xeyriyyə işlərinə xərclənsin, torpağın pulu dayısına verilsin, anası həcc ziyarətinə göndərilsin, onun tərəfindən bir neçə il qəza namazı və orucu yerinə yetirilsin. Sonra şəhidin qardaşı şəhidin həyat yoldaşı ilə izdivac edir. Sözügedən evin bir hissəsini şəhidin həyat yoldaşının aldığını bildiyi halda onun evində məskunlaşır. O, evin təmiri üçün müəyyən məbləğ xərc çəkir və bir qızıl sikkə də evin təmirinə sərf etmək üçün şəhidin övladından alır. Şəhidin qardaşının şəhidin evindən və övladının əmlakından istifadə etməsinin hökmü nədir? Şəhidin övladını böyütdüyünü və onun dolanışıq xərclərini çəkdiyini nəzərə alaraq, şəhid övladına verilən aylıq müavinətdən istifadə etməsinin hökmü nədir?
Cavab: Şəhidin bütün əmlakı hesablanmalı və onun bütün maddi borcları bu əmlakdan verildikdən sonra qalan əmlakın üçdə biri onun vəsiyyətlərinin icrası üçün – məsələn, onun tərəfindən qəza namazı və orucu yerinə yetirilməsi, anaya həcc ziyarəti xərclərinin verilməsi və s. – sərf edilməlidir. Sonra irsin üçdə ikisi, eləcə də, irsin üçdə birindən artıq qalan məbləğ şəhidin varisləri arasında – yəni atası, anası, övladı və həyat yoldaşı arasında – Kitab və sünnəyə əsasən bölüşdürülməlidir. Şəhidin əmlakından, o cümlədən, evindən və əşyalarından yalnız varislərin və azyaşlı uşağın şəri başçısının icazəsi ilə istifadə etmək olar. Azyaşlı uşağın şəri başçısından icazə almadan şəhidin qardaşının evdə apardığı təmir işlərinin xərcini uşağın əmlakından götürməyə haqqı yoxdur. Həmçinin şəhid övladının əmlakı olan qızıl sikkəni və ona verilən aylıq müavinəti evin təmirinə və öz xərclərinə sərf edə bilməz. Hətta uşağın şəri başçısının icazəsi olmadan bunları uşağın özünə belə xərcləyə bilməz. Əgər xərcləyərsə, bu mala zamindir və onu uşağa qaytarmalıdır. Evin alınması da varislərin və azyaşlı uşağın şəri başçısının icazəsi ilə olmalıdır.
Sual 1872: Bir şəxs öz vəsiyyətnaməsində belə yazmışdır: “Onun bütün əmlakı, yəni üç hektar meyvə bağı bu şəkildə müsalihə edilmişdir (razılaşdırılmışdır): Bağın iki hektarı o, vəfat edikdən sonra övladlarına verilsin, üçüncü hektar isə onun vəsiyyətlərinin yerinə yetirilməsinə sərf edilsin.” Amma bu şəxs vəfat etdikdən sonra məlum olur ki, onun bağının ümumi sahəsi iki hektardan azdır.
Birinci sual budur ki, bu şəxsin vəsiyyətnamədə qeyd etdiyi məsələ malın onun yazdığı şəkildə müsalihə edilməsi hesab olunurmu? Yoxsa o, vəfat etdikdən sonra əmlakı barəsindəki vəsiyyət hesab olunur?Cavab: Bu şəxs həyatda ikən onun iştirakı ilə müsalihənin düzgün şəri qaydada reallaşdığı dəqiqləşməyənədək, yəni müsalihə edən şəxs həyatda ikən müsalihə edilən şəxsin müsalihəni qəbul etməsi dəqiqləşməyənədək, bu şəxsin qeyd etdiyi məsələ vəsiyyət olaraq qəbul edilir. Beləliklə, meyvə bağının onun övladlarına və özünə aid olması barəsində etdiyi vəsiyyət, irsin üçdə biri barəsində keçərli olacaq. İrsin üçdə ikisi barəsində isə varislərin icazəsi lazımdır. Varislər icazə vermədikləri təqdirdə irsin üçdə ikisi onlara çatır.
Sual 1873: Bir şəxs bütün əmlakını oğlunun adına keçirmişdir. Amma bu şərtlə ki, ata vəfat etdikdən sonra oğul irs payı əvəzinə müəyyən məbləğ nağd pulu bacıların hər birinə verməlidir. Ata vəfat etdiyi vaxt bacılardan biri həmin şəhərdə olmadığına görə haqqını ala bilmir. Həmin şəhərə gəldikdə, o öz haqqını qardaşından istəyir. Amma qardaşı ona heç nə vermir. Hal-hazırda bu hadisədən bir neçə il keçmiş və pulun dəyəri olduqca aşağı düşmüşdür, qardaş isə həmin pulu bacısına vermək istədiyini bildirir. Bacı bu pulu o vaxtkı dəyəri nisbətində istəyir, qardaş da bu məbləği verməkdən imtina edərək bacını sələm tələb etməkdə ittiham edir. Bu məsələnin hökmü nədir?
Cavab: Əgər atanın öz əmlakını oğuluna verməsi və qız övladlarına müəyyən məbləğ pul verilməsini vəsiyyət etməsi düzgün şəri qaydada həyata keçibdirsə, bacıların yalnız vəsiyyət edilən pulu almaq haqqı vardır. Amma əgər pulun dəyəri atanın vəfat etdiyi vaxt ilə müqayisədə aşağı düşübdürsə, pulun dəyərinin fərqi də hesablanmalıdır. Bu isə, sələm hökmündə deyildir.
Sual 1874: Atam və anam həyatda ikən övladlarının qarşısında bir əkin sahəsini əmlaklarının üçdə biri ünvnında təyin etdilər ki, vəfat etdikdən sonra onların kəfən-dəfn işlərinə, qəza namaz və orucun yerinə yetirilməsinə və bu kimi başqa işlərə sərf edilsin. Bu barədə mənə - ailənin tək oğluna vəsiyyət etdilər. Nəzərə alsaq ki, onlar vəfat edəndə nağd pulları yox idi və bu işlərin xərcini mən öz pulumla ödəmişəm, xərclədiyim məbləği irsin üçdə birindən götürə bilərəmmi?
Cavab: Əgər məqsədiniz mərhumun vəsiyyətini yerinə yetirmək və sonra xərclədiyiniz pulu irsin üçdə birindən götürmək olubdursa, xərclədiyiniz pulu mərhumun irsinin üçdə birindən götürə bilərsiniz. Bundan qeyri halda, icazə verilmir.
Sual 1875: Bir kişi vəsiyyət etmişdir ki, əgər o, vəfat etdikdən sonra onun həyat yoldaşı izdivac etməzsə, yaşadığı evin üçdə biri ona verilsin. Nəzərə alsaq ki, vəfat iddəsi başa çatdıqdan sonra qadın izdivac etməmişdir və gələcəkdə izdivac etmək fikrində olduğuna dəlalət edən bir nişanə mövcud deyildir, mərhumun vəsiyyətinə əməl etmək barəsində vəsinin və digər varislərin vəzifəsi nədir?
Cavab: Onlar vəsiyyət edilən mülkü hal-hazırda qadına verməlidirilər, amma bu mülk qadının izdivac etməyəcəyi şərtilə ona verilir. Beləliklə, əgər qadın bundan sonra izdivac edərsə, varislərin mülkü geri almaq haqları vardır.
Sual 1876: Atamın irsi ona öz atasından irs qalmışdır və bu əmlakda biz nənəmiz və əmimiz ilə şərikik. Belə ki, onlara da babamızdan irs qalmışdır. Biz bu irsi bölüşdürmək istədikdə, nənəm və əmim babamın yazdığı və otuz il öncəyə aid vəsiyyətnaməni göstərdilər. Babam bu vəsiyyətnamədə irsdən nənəmə və əmimə çatan paydan əlavə, onlara müəyyən məbləğdə nağd pul da vəsiyyət etmişdir. Onlar sözügedən məbləği bugünkü dəyəri ilə hesabladılar və nəticədə, vəsiyyət edilən məbləğin bir neçə misli qədər pulu müştərək əmlakdan özlərinə götürdülər. Onların bu işi şəriət baxımından düzgündürmü?
Cavab: Suala əsasən, pulun dəyərdən düşməsi və inflyasiya miqdarı hesablanmalıdır.
Sual 1877: Bir şəhid vəsiyyət etmişdir ki, evi üçün aldığı xalçanı Kərbəlada İmam Hüseynin (ə) hərəminə hədiyyə etsinlər. Hal-hazırda əgər bu xalçanı evdə saxlamaq istəsək, xalçanın tələf olacağından qorxuruq. Xəsarət və ziyanın qarşısını almaqdan ötrü bu xalçanı məhəllənin məscidində və ya hüseyniyyəsində istifadə edə bilərikmi?
Cavab: Əgər vəsiyyətə əməl etmək mümkün olanadək xalçanı qorumaq onu müvəqqəti olaraq məsciddə və ya hüseyniyyədə istifadə etməyə bağlıdırsa, bunun maneəsi yoxdur.
Sual 1878: Bir şəxs vəsiyyət etmişdir ki, bir sıra əmlakının gəlirlərindən müəyyən hissəsi məscidə, hüseyniyyəyə, dini məclislərə, xeyriyyə işlərinə və s. sərf edilsin. Amma onun bu və digər əmlakı qəsb edilmişdir və onu qəsbkar şəxsin əlindən azad etmək üçün xərc tələb olunur. Bu xərcləri vəsiyyət edilən mülkdən götürmək olarmı? Mülkü qəsbdən azad etməyin mümkünlüyü, vəsiyyətin düzgün olması üçün kifayət edirmi?
Cavab: Əmlakı qəsbkar şəxsin əlindən azad etməyin xərclərini vəsiyyət edilən mülkün gəlirlərindən götürməyin maneəsi yoxdur. Mülk barəsindəki vəsiyyətin düzgünlüyü üçün bu mülkün vəsiyyət edilən yerə istifadə edilməyə qabil olması kifayət edir: hətta onu qəsbkar şəxsin əlindən azad etdikdən sonra olsa belə və bu iş üçün xərc tələb olunsa belə.
Sual 1879: Bir şəxs bütün daşınmayan və daşınmaz əmlakını oğluna vəsiyyət etmişdir və bu vəsiyyəti ilə altı qızını irsdən məhrum etmişdir. Bu vəsiyyət keçərlidirmi? Əgər keçərli deyildirsə, bu əmlak altı qız və bir oğul arasında necə bölüşdürüləcəkdir?
Cavab: Bu vəsiyyət ümumilikdə düzgündür, amma təkcə irsin üçdə biri barəsində keçərlidir. İrsin qalanı barəsində isə, bütün varislərin icazəsinə bağlıdır. Beləliklə, əgər qızlar buna icazə verməsələr, onların hər biri irsin üçdə ikisindən öz paylarını götürəcəklər. Nəticədə, atanın irsi iyirmi dörd hissəyə ayrılacaqdır və irsin oğula vəsiyyət edilən üçdə bir hissəsi, iyirmi dördün səkkiz hissəsi olacaqdır. İrsin üçdə ikisindən oğula çatan pay, iyirmi dördün dörd hissəsi olacaqdır. Qızların hər birinin payı isə, iyirmi dördün iki hissəsi olacaqdır. Başqa sözlə desək, irsin yarısı oğula aid olacaq və digər yarısı altı qız arasında bölüşdürüləcəkdir.
- Qəsb
Qəsb
Sual 1880: Bir şəxs bir torpaq sahəsini azyaşlı övladının adına almış və sövdələşmənin adi sənədini övladının adına bu şəkildə tənzimləmişdir: “Satıcı filankəs, alıcı isə onun filan övladıdır”. Onun bu övladı büluğ yaşına çatanda bu torpaq sahəsini başqa bir şəxsə satır. Amma atanın varisləri bu torpaq sahəsinin atadan onlara irs çatdığını iddia edərək torpaq sahəsinə sahiblənirlər, halbuki, sövdələşmənin adi sənədində atanın adı qeyd edilməmişdir. Belə olduğu təqdirdə varislər ikinci alıcı üçün maneəçilik yarada bilərlərmi?
Cavab: Alğı-satqı müqaviləsində azyaşlı övladın adının alıcı ünvanında qeyd olunması, onun bu torpaq sahəsinin sahibi olduğuna əsas götürülmür. Buna görə də, əgər atanın bu torpaq sahəsini öz pulu ilə alıb övladına bağışladığı və ya sülh etdiyi sübuta yetsə, bu torpaq sahəsi bu övlada aid olacaqdır. Əgər o, büluğ yaşına çatdıqdan sonra bu torpaq sahəsini düzgün şəri qaydada başqa bir alıcıya satarsa, kimsənin maneəçilik yaratmağa və torpaq sahəsini onun əlindən almağa haqqı yoxdur.
Sual 1881: Mən bir neçə alıcı və satıcının alıb-satdığı bir torpaq sahəsini aldım və orada ev tikdim. Hal-hazırda isə bir şəxs iddia edir ki, bu torpaq sahəsi onun mülküdür və torpaq sahəsi İslam İnqilabından qabaq onun adına rəsmi şəkildə sənədləşdirilibdir. Buna görə də, bu şəxs məndən və bir neçə qonşumdan məhkəməyə şikayət etmişdir. Onun iddiasını nəzərə alaraq, mənim bu torpaq sahəsindən istifadə etməyim qəsb hesab olunurmu?
Cavab: Torpaq sahəsinin əvvəlki istifadəçidən (ذُو الْیَد – zul-yəd) alınması şəriət baxımından zahirən düzgündür və torpaq sahəsi alıcının mülküdür. Beləliklə, öncədən bu torpaq sahəsinin sahibi olduğunu iddia edən şəxs öz şəri sahibliyini məhkəmədə sübuta yerirməyənədək, indiki istifadəçiyə maneəçilik yaratmağa haqqı yoxdur.
Sual 1882: Bir torpaq sahəsi adi sənəddə atanın adınadır və bir müddətdən sonra rəsmi sənəddə onun azyaşlı övladının adına keçmişdir. Amma bu torpaq sahəsi hələ də atanın ixtiyarındadır. Hal-hazırda büluğ yaşına çatan övlad torpaq sahəsinin rəsmi sənədinin onun adına olduğunu əsas götürərək, bu torpaq sahəsinin onun mülkü olduğunu iddia edir. Amma atası deyir ki, torpaq sahəsini öz pulu ilə özü üçün alıbdır və sadəcə az vergi verməkdən ötrü torpaq sahəsini övladının adına keçirmişdir. Əgər övlad atanın razılığı olmadan bu torpaq sahəsindən istifadə edərsə, qəsbkar hesab olunurmu?
Cavab: Əgər ata torpaq sahəsini öz pulu ilə alıbdırsa və övladı büluğ yaşına çatanadək və ondan sonra da bu torpaq sahəsindən istifadə edirsə, övlad atanın bu torpaq sahəsini ona bağışladığını və sahibliyi ona ötürdüyünü sübuta yetirməyənədək, torpaq sahəsinin rəsmi sənədinin onun adına olduğunu əsas götürüb, atasının ondan istifadə etməsinə və sahibliyinə mane olmağa haqqı yoxdur.
Sual 1883: Bir şəxs əlli il öncə bir torpaq sahəsi almışdır. Mülkiyyət sənədində hündür bir dağın adı bu torpaq sahəsinin hüdudu ünvanında qeyd edilmişdir. Hal-hazırda bu şəxs mülkiyyət sənədində bu dağın adının qeyd edildiyinə əsaslanaraq, milyonlarla kvadrat metr ümumi torpaqların, habelə, alınan torpaq sahəsi ilə bu dağ arasındakı ərazidə tikilən onlarla qədim evin mülkiyyət iddiasını edir. Həmçinin iddia edir ki, həmin ərazinin əhalisinin bu torpaqlarda və evlərdə qıldıqları namaz qəsb səbəbilə düzgün deyildir. Qeyd etməliyik ki, bu şəxs əvvəllər bu torpaqlardan və oradakı qədim evlərdən əsla istifadə etməmişdir. Bu torpaqların yüz illər öncəki durumunu aydınlaşdıran sübut-sənəd də mövcud deyildir. Deyilənləri nəzərə alaraq, məsələnin hökmü nədir?
Cavab: Əgər alınan torpaq sahəsi ilə mülkiyyət sənədində qeyd edilən dağ arasındakı ərazi istifadə edilməyən torpaqlar olub müəyyən bir şəxsin mülkiyyətində olmayıbdırsa, yaxud əvvəlki istifadəçilərin ixtiyarında olub indiki istifadəçilərin ixtiyarına onlardan keçibdirsə, bu təqdirdə şəriət baxımından hər bir kəs öz ixtiyarında olan və bir ixtiyar sahibi kimi istifadə etdiyi torpaq sahəsinin və ya evin sahibi hesab olunur. Mülkiyyət iddiası edən şəxs öz iddiasını şəri yollarla məhkəmədə sübuta yetirməyənədək, onların bu torpaq sahələrindən istifadə etmələri mübah və halaldır.
Sual 1884: Şəri-hakimin hökmü əsasında müsadirə edilən torpaq sahəsində onun əvvəlki sahibinin razılığı olmadan məscid tikmək olarmı? Bu kimi məscidlərdə namaz qılmaq və digər dini ayinlər təşkil etmək olarmı?
Cavab: Əgər sözügedən torpaq sahəsi şəri-hakimin hökmü əsasında və ya İslam dövlətinin qüvvədə olan qanunu əsasında onun əvvəlki sahibinin əlindən alınıbdırsa, yaxud torpaq sahəsinin sahibi olduğunu iddia edən şəxsin iddiası sübuta yetməyibdirsə, bu torpaq sahəsindən istifadə etmək mülkiyyət iddiası edən şəxsin və ya onun əvvəlki sahibinin icazəsinə bağlı deyildir. Beləliklə, bu torpaq sahəsində məscid tikməyin və bu məsciddə namaz qılmaq və dini ayinlər təşkil etməyin maneəsi yoxdur.
Sual 1885: Bir torpaq sahəsi nəsildən-nəsilə irs yolu ilə ötürülərək varislərə çatmışdır. Sonra bir qəsbkar şəxs onu qəsb edib öz mülkiyyətinə keçirmişdir. İslam İnqilabı qələbə çaldıqdan və İslam hökuməti qurulduqdan sonra bu torpaq sahəsi qəsbkar şəxsdən geri alınmışdır. Şəri baxımdan bu torpaq sahəsinin mülkiyyəti varislərə çatırmı, yoxsa varislər onu dövlətdən almaqda digərlərindən öndə olmaq haqqına malikdirlər?
Cavab: Varislərin əvvəllər bu torpaq sahəsindən irs yolu ilə istifadə etmələri, mülkiyyətin onlara aid olmasını və ya bu torpaq sahəsini almaqda digərlərindən öndə olmaq haqqına malik olmalarını zəruri etmir. Amma bunun əksi (yəni mülkiyyətin onlara aid olmadığı) sübuta yetməyənədək, mülkiyyət üçün şəri əlamət hesab olunur. Buna görə də, əgər varislərin bu torpaq sahəsinin sahibi olmadıqları sübuta yetərsə, yaxud başqalarının bu torpaq sahəsinin sahibi olduqları sübuta yetərsə, varislərin bu torpaq sahəsini və ya onun əvəzini tələb etmək haqları yoxdur. Bundan qeyri halda, “zul-yəd” olmaları (yəni irs yolu ilə torpaq sahəsindən istifadə etmələri) səbəbilə torpaq sahəsinin özünü və ya onun əvəzini tələb etmək haqları vardır.
- Həcr və büluğun nişanələri
Həcr[1] və büluğun nişanələri
Sual 1886: Atanın bir qızı və büluğa çatmış səfeh bir oğlu var və onlar atanın himayəsindədirlər. Ata dünyasının dəyişdikdən sonra bacı öz səfeh qardaşına başçı ünvanında qardaşının əmlakından istifadə edə bilərmi?
Cavab: Bacı və qardaş öz səfeh qardaşlarına başçı ola bilməzlər. Əgər onların ata tərəfdən olan babası yoxdursa, yaxud ata səfeh oğluna başçılıq etməyi kimsəyə vəsiyyət etməyibdirsə, səfeh oğula və onun əmlakına başçılıq etmək şəri-hakimin öhdəsindədir.
Sual 1887: Oğlan və qızların büluğ yaşı üçün şəmsi təqvim meyar götürülür, yoxsa qəməri təqvim?
Cavab: Qəməri təqvim meyar götürülür.
Sual 1888: Bir şəxsin şəri vəzifə yaşına çatıb-çatmadığını müəyyən etmək üçün qəməri təqvim (ay təvvimi) əsasında onun doğum tarixini – il və ayı - necə əldə etmək olar?
Cavab: Əgər onun doğum tarixi şəmsi təqvim (günəş təqvimi) əsasında məlum olarsa, qəməri təqvim ilə şəmsi təqvim arasındakı fərqi hesablayaraq bunu müəyyən etmək olar.
Sual 1889: Əgər oğlan uşağı on beş yaşından qabaq möhətlim olarsa (yuxuda ondan məni xaric olarsa), onun büluğa çatdığına hökm verilirmi?
Cavab: Möhtəlim olması səbəbilə onun büluğa çatdığına hökm verilir. Çünki möhtəlim olmaq şəriət baxımından büluğun nişanələrindəndir.
Sual 1890: Əgər on faiz ehtimal versək ki, (şəri vəzifə yaşından qeyri) büluğun digər iki əlaməti daha tez zahir olubdur, hökm nədir?
Cavab: Bu iki əlamətin daha tez zahir olduğunu sadəcə ehtimal vermək, uşağın büluğa çatdığına hökm vermək üçün kifayət etmir.
Sual 1891: Cinsi əlaqədə olmaq büluğun əlamətlərindən hesab olunurmu və bu işi görməklə şəri vəzifələr insana vacib olurmu? Əgər bir şəxs məsələni bilməzsə və illər keçərsə, cənabət qüslü etmək ona vacib olurmu? Əgər namaz və oruc kimi təharətin şərt olduğu ibadətləri cənabət qüslünü etmədən yerinə yetiribdirsə, bu ibadətlər pozulubdurmu və onların qəzasını yerinə yetirmək vacibdirmi?
Cavab: Məni xaric olmadan sadəcə cinsi əlaqədə olmaq büluğun əlamətlərindən deyildir. Amma bu iş cənabətə səbəb olur və büluğ yaşına çatdıqda cənabət qüslü etməsi vacibdir. Büluğun əlamətlərindən biri insanda zahir olmayanadək, şəriət baxımından onun büluğa çatdığına hökm verilmir və şəri vəzifələri yerinə yetirmək onun öhdəsinə düşmür. Əgər bir şəxs uşaqlıqda cinsi əlaqədə olmaq səbəbilə cənabətli olarsa və büluğ yaşına çatdıqdan sonra cənabət qüslü etmədən namaz qılıb oruc tutarsa, namazlarını yenidən qılması vacibdir. Amma cənabətli olduğunu bilməyibdirsə, orucların qəzasını tutmaq vacib deyildir.
Sual 1892: Bizim müəssisənin bir qrup qız və oğlan şagirdləri doğum tarixlərinə əsasən büluğ yaşına çatıbdırlar. Onlarda yaddaşsızlıq və yaddaş zəifliyi müşahidə edildiyinə görə, dərrakə və yaddaşlarının yoxlanılması üçün tibbi müayinə aparıldı. Müayinənin nəticəsinə görə onlar öz yaşıdları ilə müqayisədə bir il və ya daha çox əqli geriliyə düçar idilər. Amma onların bəzilərini dəli hesab etmək olmaz, çünki ictimai və dini məsələləri dərk edə biləcək bir səviyyədədirlər. Bu müəssisənin diaqnozu həkimlərin diaqnozu kimi əsas götürülürmü və həmin şagirdlər üçün meyardırmı?
Cavab: Şəri vəzifələrin insana vacib olması meyarı, onun şəri baxımdan büluğa çatması və ürfdə ağıllı hesab olunmasıdır. Amma dərrakənin dərəcələri əsas götürülmür və bu baxımdan təsiri yoxdur.
Sual 1893: Bəzi şəriət hökmlərində müməyyiz uşaq barəsində belə qeyd olunur: “Yaxşını pisdən ayırd edə bilən uşaq”. “Yaxşı” və “pis” dedikdə, nə nəzərdə tutulur? Müməyyizlik yaşı hansı yaşdır?
Cavab: “Yaxşı” və “pis” dedikdə, ürfün “yaxşı” və “pis” hesab etdiyi işlər nəzərdə tutulur. Bu xüsusda, uşağın yaşadığı mühitin şəraiti və yaşadığı yerin adət-ənənələri nəzərə alınmalıdır. Müməyyizlik yaşı isə, insanların dərrakə və istedadının fərqliliyinə görə müxtəlifdir.
Sual 1894: Doqquz yaşı tamam olmamışdan qabaq qız uşağının heyzin əlamətlərinə malik olan qan görməsi büluğun əlamətlərindəndirmi?
Cavab: Bu qan qızın şəri büluğa çatması əlaməti sayılmır və heyz hökmündə deyildir, baxmayaraq ki, heyzin əlamətlərinə malikdir.
Sual 1895: Müəyyən səbəbə görə məhkəmənin qərarı ilə şəxsi əmlakından istifadə etməsinə qadağa qoyulan bir şəxs əgər dünyasını dəyişməmişdən qabaq öz əmlakından müəyyən bir hissəni qardaşı oğlunun xidmətlərini mükafatlandırmaq ünvanında ona verərsə və qardaşı oğlu da həmin malı əmisi vəfat etdikdən sonra onun kəfən-dəfn və başqa işlərinə sərf edərsə, məhkəmə həmin malı ondan tələb edə bilərmi?
Cavab: Əgər bu şəxsin öz qardaşı oğluna verdiyi malın istifadəsinə qadağa qoyulubdursa, yaxud bu mal başqasının əmlakıdırsa, şəriət baxımından bu malı ona verməyə haqqı yoxdur və qardaşı oğlu da bu maldan istifadə edə bilməz. Məhkəmə bu malı onun qardaşı oğlundan tələb edə bilər. Əks təqdirdə, kimsənin bu malı ondan almağa haqqı yoxdur.
- Müzaribə
Müzaribə[1]
Sual 1896: Qızıl və gümüşdən qeyri bir şeylə müzaribə etmək olarmı?
Cavab: Hazırkı dövrdə geniş istifadə edilən kağız pul ilə müzaribə etməyin maneəsi yoxdur. Amma mal və əmtəə ilə müzaribə etmək düzgün deyildir.
Sual 1897: İstehsal, paylama, xidmət və ticarət işlərində müzaribə əqdindən istifadə etmək düzgündürmü? Hazırkı dövrdə qeyri-ticari işlərdə müzaribə ünvanında tanınan əqdlər şəri baxımdan düzgündürmü, yoxsa düzgün deyildir?
Cavab: Müzaribə yalnız sərmayənin alğı-satqıdan ibarət olan ticarətdə istifadə edilməsinə aiddir. Sərmayədən müzaribə ünvanında istehsal, paylama, xidmət və bu kimi sahələrdə istifadə edilməsi düzgün deyildir. Amma bu işləri başqa şəri əqdlər ünvanında, məsələn, cualə, sülh və s. ünvanında yerinə yetirməyin maneəsi yoxdur.
Sual 1898: Mən bir dostumdan müzaribə ünvanında müəyyən məbləğ pul aldım, bu şərtlə ki, bir müddətdən sonra həmin məbləğ pulu əlavə məbləğ ilə birlikdə ona qaytaracağam. Mən bu pulun bir hissəsini pula ehtiyacı olan dostlarımdan birinə verdim və onunla razılığa gəldik ki, pulun gəlirinin üçdə birini o verəcəkdir. Bu iş düzgündürmü?
Cavab: Aldığı pulu bir müddətdən sonra əlavə məbləğ ilə birlikdə qaytarmaq şərtilə başqa bir şəxsdən pul almaq müzaribə əqdi deyildir. Əksinə, bu, haram olan sələmli borcdur. Amma bu pulu müzaribə ünvanında almaq həmin şəxsdən borc almaq hesab olunmur və pul da “iş görən şəxs”in əmlakı olmur. Əksinə, bu pul, pul sahibinin mülkiyyətində qalır və “iş görən şəxs”in bu pul ilə yalnız ticarət etməyə haqqı vardır. Onların hər ikisi razılaşdıqları şəkildə bu pulun gəlirində şərikdirlər. Pul sahibinin icazəsi olmadan “iş görən şəxs”in bu pulun bir hissəsini başqa bir şəxsə borc və ya müzarivə ünvanında verməyə haqqı yoxdur.
Sual 1899: Müzaribə ünvanında pul verən və müqaviləyə əsasən hər ay hər yüz min tümən qarşılığında təxminən dörd-beş min tümən gəlir alan şəxsdən müzaribə adı ilə pul borc almağın hökmü nədir?
Cavab: Qeyd edilən şəkildə pul borc almaq müzaribə deyildir, əksinə, sələmli borcdur və “təklifi hökm” baxımından haramdır. Adın formal şəkildə dəyişdirilməsi ilə bu borc halal olmur, baxmayaraq ki, borcun özü düzgündür və borc alan şəxs pulun sahibi olur.
Sual 1900: Bir şəxs başqa bir şəxsə ticarət etməsi üçün müəyyən məbləğ pul verir, bu şərtlə ki, pulun gəliri ünvanında hər ay ona müəyyən məbləğ pul verəcəkdir və ziyanın hamısı da onun öz öhdəsində olacaqdır. Bu müqavilə düzgündürmü?
Cavab: Əgər onlar müqavilə bağlasalar ki, iş görən şəxs bu pul ilə düzgün şəri qaydada müzaribə edəcək və pulun gəlirindən hər ay təxmini bir məbləğ pul sahibinə verəcəkdir, həmçinin sərmayə ziyana uğradığı təqdirdə iş görən şəxs buna zamin olacaqdır, belə bir müqavilə düzgündür.
Sual 1901: Mən bir şəxsə nəqliyyat vasitələri alıb ölkəyə idxal etmək və satmaq üçün müəyyən məbləğ pul verdim. Bu şərtlə ki, nəqliyyat vasitələrinin satışından əldə edilən gəlir bizim aramızda bərabər şəkildə bölünəcəkdir. O da bir müddət keçdikdən sonra müəyyən məbləğ pulu mənə verib dedi: “Bu, gəlirdən sizin payınızdır”. Mən bu pulu götürə bilərəmmi?
Cavab: Əgər sərmayəni müzaribə ünvanında ona vermisinizsə, o da bu sərmayə ilə nəqliyyat vasitələri alıb satıbdırsa və gəlirdən sizin payınızı veribdirsə, bu gəlir sizə halaldır.
Sual 1902: Bir şəxs başqa bir şəxsə ticarət etməsi üçün müəyyən məbləğ pul vermişdir və hər ay ondan təxmini olaraq müəyyən məbləğ pul alır. İlin axırında onlar xeyri və ziyanı hesablayırlar. Əgər pul sahibi və həmin şəxs xeyir-ziyanı razılıqla bir-birilərinə bağışlasalar, onların bu işi düzgündürmü?
Cavab: Əgər pul sahibi bu pulu həmin şəxsə düzgün şəkildə müzaribə etməsi üçün veribdirsə, pul sahibinin pulun gəlirindən hər ay müəyyən məbləği təxmini olaraq iş görən şəxsdən almasının maneəsi yoxdur. Həmçinin onların hər birinin digərindən şəriət baxımından almağa haqqı olan şey barəsində müsalihə etmələrinin maneəsi yoxdur. Amma əgər bu pul borc ünvanında verilsə və şərt qoyulsa ki, borc alan şəxs pulun gəliri ünvanında hər ay müəyyən məbləğ pul borc verən şəxsə verəcəkdir, sonra ilin axırında onların hər birinin digərindən şəriət baxımından almağa haqqı olan şey barəsində müsalihə etsələr, bu, sələmli borc olub “təklifi hökm” baxımından haramdır və borc əsnasında qoyulan şərt də düzgün deyildir. Baxmayaraq ki, borcun özü düzgündür. Bu iş, xeyir və ziyanı razılıqla bir-birilərinə bağışlamaları səbəbilə halal olmur. Buna görə də, borc verən şəxs pulun gəlirini ala bilməz, həmçinin heç bir ziyana da zamin deyildir.
Sual 1903: Bir şəxs başqa bir şəxsdən müzaribə ünvanında müəyyən məbləğ pul almışdır, bu şərtlə ki, gəlirin üçdə ikisi onun özünün və üçdə biri sərmayə sahibinin olacaqdır. Bu pul ilə mal alıb öz şəhərinə yollayır, amma mal yolda oğurlanır. Ziyan kimin öhdəsindədir?
Cavab: Sərmayənin və ya ticarət malının hamısının və ya bir hisssinin oğurlanması əgər iş görən şəxsin və ya başqa bir şəxsin səhlənkalığından irəli gəlməzsə, ziyan sərmayə sahibinin öhdəsindədir və gəlir vasitəsilə aradan qaldırılacaqdır. Amma əgər sərmayə sahibinin ziyanının iş görən şəxsin öhdəsində olduğunu şərt qoyularsa, ziyan iş görən şəxsin öhdəsindədir.
Sual 1904: Ticarət məqsədilə bir şəxsdən pul almaq və ya bir şəxsə pul vermək olarmı? Bu şərtlə ki, ticarətdən əldə edilən gəlir riba hesab olunmadan onların ikisi arasında razılıqla bölüşdürülsün?
Cavab: Əgər ticarət üçün alınan və ya verilən pul borc ünvanında olarsa, əldə edilən gəlirin hamısı borc alan şəxsə aiddir. Həmçinin pulun tələf olması və ya ziyanı onun öhdəsindədir. Pulun sahibinin yalnız pulun əvəzini ondan almağa haqqı vardır, pulun gəlirini ala bilməz. Yox əgər müzaribə ünvanında olarsa, müzaribənin nəticələrinə nail olmaq üçün onlar arasında düzgün şəkildə müzaribə əqdi bağlanmalıdır. Həmçinin müzaribə əqdinin şəriət baxımından düzgün olması üçün gərəkli olan şərtlərə riayət olunmalıdır. O cümlədən, gəlirdən onların hər birinin payı faiz və kəsr şəklində müəyyən edilməlidir (məsələn, birinə gəlirin 25%-i və digərinə 75%-i, yaxud birinə gəlirin ¼-i və digərinə ¾-i). Əks təqdirdə, pul və bu pul ilə ticarətdən əldə edilən gəlirin hamısı pulun sahibinə aid olacaq və iş görən şəxs yalnız işinin ücrətül-mislini almaq haqqına malik olacaqdır.
Sual 1905: Nəzərə alsaq ki, bankların bağladıqları müqavilələr həqiqi müzaribə deyildir – çünki bank heç bir ziyanı öz öhdəsinə götürmür - əmanətçilərin hər ay əmanət qoyduqları pulun gəliri ünvanında bankdan aldıqları pul halaldırmı?
Cavab: Bankın heç bir ziyanı öz öhdəsinə götürməməsi müzaribə əqdinin düzgün olmamasına səbəb olmur. Həmçinin müzaribə əqdinin formal olmasına da dəlalət etmir. Çünki şəriət baxımından heç bir maneəsi yoxdur ki, sərmayə sahibi və ya onun vəkili müzaribə əqdi əsnasında “iş görən şəxs”in “sərmayə sahibi”nin ziyanlarına zamin olmasını şərt qoysunlar. Buna görə də, əmanətçilərin vəkili ünvanında bankın yerinə yetirdiyi müzaribənin formal olduğu və müəyyən səbəbə görə düzgün olmadığı dəqiqləşməyənədək bu müzaribə düzgün hesab olunur. Bu müzaribədən əldə edilən gəlirdən sərmayə sahiblərinə verilən pul onlara halaldır.
Sual 1906: Mən bir zərgərə ticarətdə istifadə etməsi üçün müəyyən məbləğ pul verdim. Onun həmişə gəlir əldə etdiyini və ziyan etmədiyini nəzərə alaraq, əldə etdiyi gəlirdən hər ay müəyyən məbləği ondan istəyə bilərəmmi? Əgər bunun maneəsi vardırsa, sözügedən məbləğin əvəzinə müəyyən qədər cəvahirat ala bilərəmmi? Əgər sözügedən məbləğ bizim aramızda vasitəçi şəxs tərəfindən verilərsə, maneə aradan qalxarmı? Əgər (ticarətdə istifadə etməsi üçün) ona pul verdiyimə görə mənə müəyyən məbləği hədiyyə verərsə, bunun da maneəsi vardırmı?
Cavab: Müzaribədə sərmayə sahibinin və iş görən şəxsin gəlirdən olan paylarının kəsr şəklində müəyyən edilməsi - məsələn, üçdə bir, dörddə bir, yarıbayarı və s. - şərtdir. Beləliklə, sərmayə sahibinə aylıq gəlir ünvanında konkret bir məbləğ müəyyən edildiyi təqdirdə müzaribə düzgün deyildir: müəyyən edilən aylıq gəlir istər nağd pul şəklində olsun, istər mal şəklində olsun, istərsə də cəvahirat şəklində olsun; həmçinin istər sərmayə sahibi bunu özü birbaşa alsın, istər başqa bir şəxs alıb ona versin; həmçinin fərqi yoxdur ki, bunu gəlirdən olan payı ünvanında alsın və ya iş görən şəxs sərmayə sahibinin pulu ilə ticarət etdiyinə görə hədiyyə ünvanında ona versin. Bəli, onlar şərt kəsə bilərlər ki, gəlir əldə edildiyi təqdirdə sərmayə sahibi hər ay gəlirdən müəyyən məbləği təxmini olaraq götürsün və müzaribə əqdi başa çatdıqda haqq-hesab aparılsın.
Sual 1907: Bir şəxs ticarət etmək üçün bir neçə nəfərdən müzaribə ünvanında müəyyən məbləğ pul almışdır. Bu şərtlə ki, əldə edilən gəlir onunla pul sahibləri arasında onların pulu nisbətində bölüşdürüləcəkdir. Bu işin hökmü nədir?
Cavab: Əgər ticarət etmək üçün pul sahiblərinin icazəsi ilə pulları üst-üstə qoyarsa, maneəsi yoxdur.
Sual 1908: Lazım əqd əsnasında şərt qoyula bilərmi ki, “iş görən şəxs” hər ay müəyyən məbləği “sərmayə sahibi”nə gəlirdən olan payı qarşılığında versin və sərmayə sahibinin payından əskik və ya artıq gələn məbləğ barəsində müsalihə etsinlər? Başqa sözlə, lazım əqd əsnasında müzaribənin hökmlərinə zidd olan bir şərti qoymaları düzgündürmü?
Cavab: Əgər sözügedən şərt “müsalihə” olarsa, yəni gəlir əldə edildiyi təqdirdə sərmayə sahibi gəlirdən kəsr şəklində müəyyən edilən payı qarşılığında iş görən şəxsin hər ay ona verdiyi məbləğə razılaşarsa, bunun maneəsi yoxdur. Amma əgər sözügedən şərt, sərmayə sahibinin gəlirdən olan payının iş görən şəxsin hər ay ona vermək istədiyi məbləğdə müəyyən edilməsi olarsa, bu şərt müzaribə əqdinin tələblərinə zidd olduğuna görə düzgün deyildir.
Sual 1909: Bir tacir bir şəxsdən müzaribə sərmayəsi ünvanında müəyyən məbləğ pul aldı, bu şərtlə ki, bu pul ilə etdiyi ticarətdən əldə edilən gəlirin müəyyən faizini pulun sahibinə verəcəkdir. Ticarət etmək üçün o, bu pul ilə öz sərmayəsini üst-üstə qoydu. Onların hər ikisi əvvəlcədən bilirdilər ki, bu pulun aylıq gəlirinin miqdarını müəyyən etmək çətindir. Buna görə də, müsalihə etməyi qərara aldılar. Belə olduğu təqdirdə, müzaribə əqdi şəriət baxımından düzgündürmü?
Cavab: Müzaribə sərmayəsi ünvanında verilən pulun aylıq gəlirinin miqdarını müəyyən etməyin mümkün olmaması müzaribə əqdinin düzgün olmasına xələl gətirmir, bu şərtlə ki, müzaribə əqdinin düzgün olmasının digər şərtlərinə də riayət olunmalıdır. Beləliklə, əgər müzaribə əqdinin şəri şərtlərinə riayət edərək müzaribə əqdi bağlasalar, sonra əldə edilən gəlirin bölüşdürülməsi barəsində müsalihə etməyi qərara alsalar – belə ki, gəlir əldə edildikdən sonra pulun sahibi gəlirdən olan payı qarşlığında müəyyən məbləği almağa razılaşarsa – bunun maneəsi yoxdur.
Sual 1910: Bir şəxs başqa bir şəxsə müzaribə sərmayəsi ünvanında müəyyən məbləğ pulu bu şərtlə vermişdir ki, üçüncü bir şəxs həmin pula zamin dayanmalıdır. Bu halda əgər iş görən şəxs həmin pulu götürüb aradan çıxarsa, sərmayə sahibinin verdiyi pulu geri almaq üçün zamin dayanan şəxsə müraciət etməyə haqqı vardırmı?
Cavab: Müzaribə sərmayəsi ünvanında verilən pula sualda qeyd edilən şəkildə zamin dayanılmasını şərt qoymağın maneəsi yoxdur. Beləliklə, əgər iş görən şəxs müzaribə sərmayəsi ünvanında aldığı pulu götürüb aradan çıxarsa, yaxud səhlənkarlıq ucbatından pulu tələf edərsə, pulun əvəzini almaq üçün sərmayə sahibinin zaminə müraciət etməyə haqqı vardır.
Sual 1911: Əgər “iş görən şəxs” müzaribə sərmayə ünvanında bir neçə şəxsdən aldığı pulun bir hissəsini pul sahiblərinin icazəsi olmadan başqa bir şəxsə borc verərsə - istər sərmayənin məcmusundan versin, istərsə də müəyyən bir şəxsin pulundan versin – bu şəxslərin müzaribə sərmayəsi ünvanında “iş görən şəxs”ə verdikləri pul barəsində onun əli “xəyanətkar əl” sayılırmı?
Cavab: Pul sahiblərinin icazəsi olmadan başqa bir şəxsə borc verdiyi məbləğ barəsində onun “əmanətdar əl”i “xəyanətkar əl”ə çevrilir və buna görə də, həmin pula zamindir. Amma səhlənkarlığa yol verməyənədək qalan məbləğ barəsində onun əli əmanətdar əldir.
[1] Müzaribə - sərmayə sahibi olan şəxs ilə iş görən şəxs arasında bağlanan bir müqavilədir ki, bu müqavilə əsasında iş görən şəxs sərmayə sahibinin sərmayəsi ilə ticarət edəcəyini və ticarətdən əldə edilən gəlirin müəyyən nisbətdə onların ikisi arasında bölüşdürüləcəyini öhdəsinə götürür.
- Bankın hökmləri
- Sığorta
Sığorta
Sual 1952: Ömür sığortasının hökmü nədir?
Cavab: Şəriət baxımından maneəsi yoxdur.
Sual 1953: Tibbi soğorta kitabçasının sahibinin ailə üzvlərindən olmayan bir şəxs bu sığorta kitabçasından istifadə edə bilərmi? Bir şəxs öz tibbi sığorta kitabçasını istifadə etmələri üçün başqa şəxslərə verə bilərmi?
Cavab: Tibbi sığorta kitabçasından yalnız o şəxs istifadə edə bilər ki, sığota şirkəti ona tibbi xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Başqa şəxslərin bu tibbi sığorta kitabçasından istifadə etmələri zaminliyə səbəb olur.
Sual 1954: Sığorta şirkəti sığortalanan şəxs ilə bağladığı ömür sığortası müqaviləsində öz öhdəsinə götürmüşdür ki, sığortalanan şəxs vəfat etdikdən sonra müəyyən məbləğ pulu onun müəyyən etdiyi şəxslərə ödəyəcəkdir. Əgər sığortalanan şəxsin borcu olarsa və onun əmlakı borcunu ödəməyə kifayət etməzsə, borc sahibləri öz pullarını sığorta şirkətinin ödəyəcəyi puldan götürmək haqqına malikdirlərmi?
Cavab: Bu məsələ tərəflərin müqavilədə əldə etdikləri razılığa bağlıdır. Əgər onlar bu razılığa gəliblərsə ki, sığorta şirkəti müəyyən məbləğ pulu sığortalanan şəxs vəfat etdikdən sonra onun müəyyən etdiyi şəxsə və ya şəxslərə verməlidir, bu təqdirdə şirkətin ödəyəcəyi pul mərhumun irsi hökmündə deyildir, əksinə, bu pul onun müəyyən etdiyi şəxslərə aiddir.
- Dövlət qanunları
- Vəqf
- Qəbiristanlığın hökmləri
Qəbiristanlığın hökmləri
Sual 2101: Müsəlmanların ümumi qəbiristanlığını şəxsi mülkiyyətə keçirməyin və orada şəxsi evlər tikib şəxsi mülk olaraq rəsmi qeydiyyatdan keçirməyin hökmü nədir? Müsəlmanların ümumi qəbiristanlığı vəqfi əmlak hesab olunurmu? Oradan şəxsi istifadə etmək qəsb sayılırmı? Oradan istifadə edənlər istifadə etdiklərinin “ücrətül-misl”ini ödəməlidirlərmi? Oradan şəxsi istifadə etmək “ücrətül-misl”ə zaminliyə səbəb olduğu təqdirdə, bu pul hansı məqsədə sərf edilməlidir? Orada tikilən evlərin hökmü nədir?
Cavab: Müsəlmanların ümumi qəbiristanlığını şəxsi mülk olaraq rəsmi qeydiyyatdan keçirmək mülkiyyətə şəri dəlil deyildir və əmlakın qəsb edildiyinə dəlil hesab olunmur. Eləcə də, ölülərin ümumi qəbiristanlıqda dəfn edilməsi oranın vəqfi olduğuna şəri dəlil deyildir. Əgər qəbiristanlıq, ürfə görə, əhalinin öz ölülərini dəfn etmələrindən və ya başqa işlər üçün istifadə etmələrindən ötrü şəhərin ərazisindən sayılarsa, yaxud müsəlmanların ölülərinin dəfni üçün vəqf edildiyinə dair şəri dəlil mövcud olarsa, hal-hazırda oradan şəxsi istifadə edənlərin bu işi qəsb sayılır və haramdır. Onlar qəbiristanlığın torpağından çıxmalı, orada tikdikləri evləri və ya başqa tikililəri uçurtmalı, qəbiristanlığı əvvəlki vəziyyətinə qaytarmalıdırlar. Amma oradan şəxsi istifadənin “ücrətül-misl”ə zaminliyə səbəb olması sübuta yetməmişdir.
Sual 2102: Bir qəbiristanlıqdakı qəbirlərin ömrü təxminən otuz beş il olar və Şəhər İcra Hakimiyyəti orada ümumi park salmışdır. Əvvəlki hökumətin dövründə oranın bəzi yerlərində müəyyən tikililər tikilmişdir. Aidiyyatı qurum ehtiyac duyulan tikililəri yenidən bu yerdə tikə bilərmi?
Cavab: Əgər qəbiristanlığın torpağı müsəlmanların ölülərinin dəfni üçün vəqf edilibdirsə, yaxud orada tikili tikmək qəbirlərin açılmasına və ya alimlərin, salehlərin, möminlərin qəbirlərinə hörmətsizliyə səbəb olarsa, yaxud da bu torpaq ümumi məkanlardan və əhalisinin istifadəsi üçün şəhərin ehtiyacı olduğu torpaqlardan olarsa, aidiyyatı qurumun orada tikililər tikməsinə, həmçinin oradan şəxsi istifadəyə və vəqfin dəyişdirilməsinə icazə verilmir. Bundan qeyri halda, bu işin öz-özlüyündə maneəsi yoxdur. Amma bu barədə olan qanunlara riayət olunmalıdır.
Sual 2103: Bir torpaq sahəsi ölülərin dəfni üçün vəqf edilmişdir və bu yerin ortasında bir imamzadənin (ə) ziyarətgahı vardır. Axır zamanlarda bir neçə şəhidin cənazəsi də bu qəbiristanlıqda dəfn edilmişdir. Gənclərin idman oyunları üçün uyğun bir məkanın olmadığını nəzərə alaraq, islam qaydalarına riayət edərək qəbiristanlığın daxilində oyun oynamağa icazə verilirmi?
Cavab: Qəbiristanlığın idman oyunları məkanına çevrilməsinə və vəqfi torpaqdan vəqfin məqsədindən qeyri bir məqsədə istifadə edilməsinə icazə verilmir. Həmçinin müsəlmanların və əziz şəhidlərin qəbirlərinə hörmətsizlik etməyə də icazə verilmir.
Sual 2104: İmamzadənin (ə) zəvvarları öz minik vasitələrini qədim bir qəbiristanlığın daxilində - belə ki, bu qəbiristanlığın ömründən təxminən yüz il ötür – saxlaya bilərlərmi? Hamı bilir ki, əvvəllər kəndin və başqa yerlərin əhalisi öz ölülərini bu qəbiristanlıqda dəfn etmiş, amma hal-hazırda onlar öz ölülərini başqa bir məkanda dəfn edirlər?
Cavab: Əgər bu iş ürfə görə qəbirlərə və müsəlmanlara qarşı hörmətsizlik sayılmazsa, həmçinin imamzadənin (ə) zəvvarları üçün maneəçilik yaratmazsa, bu işin maneəsi yoxdur.
Sual 2105: Bəzi şəxslər ümumi qəbiristanlıqlarda bəzi qəbirlərin kənarında ölülərin dəfn edilməsinə mane olurlar. Burada ölüləri dəfn etmək üçün şəri bir maneə mövcuddurmu? Bu şəxslərin belə bir iş görməyə haqları vardırmı?
Cavab: Əgər qəbiristanlıq vəqfi olarsa, yaxud burada öz ölüsünü dəfn etmək hər bir şəxs üçün mübah olarsa, ümumi qəbiristanlıqda öz ölüsünün qəbri ətrafında ərazi tutmağa və orada möminlərin ölülərinin dəfn edilməsinə mane olmağa kimsənin haqqı yoxdur.
Sual 2106: Yeri tam dolmuş bir qəbiristanlığın kənarında bir torpaq sahəsi vardır ki, Şəhər İcra Hakimiyyəti bu torpaq sahəsini onun sahibindən müsadirə etmişdir. Bu torpaq sahəsi hal-hazırda başqa bir şəxsə verilmişdir. İndiki sahibindən icazə alaraq, oradan ölülərin dəfni üçün istifadə etmək olarmı?
Cavab: Əgər bu torpaq sahəsinin indiki sahibi onun şəri sahibi sayılırsa, onun razılığı və icazəsi ilə oradan istifadə etməyin maneəsi yoxdur.
Sual 2107: Bir şəxs bir torpaq sahəsini ölülərin dəfni üçün vəqf etmiş və oranı müsəlmanların ümumi qəbiristanlığı etmişdir. Oranın idarə heyəti öz ölüsünü dəfn edən şəxslərdən pul ala bilərmi?
Cavab: Ümumi vəqfi qəbiristanlıqda ölülərin dəfn edilməsi qarşılığında onların pul almağa haqları yoxdur. Amma əgər qəbiristanlığa, yaxud öz ölüsünü dəfn edən şəxslərə başqa xidmətlər göstərərlərsə, bu xidmətlərin qarşılığında ücrət ünvanında müəyyən məbləğ pul almalarının maneəsi yoxdur.
Sual 2108: Biz kəndlərin birində rabitə qovşağı tikmək istəyirik və buna görə də kəndin əhalisindən bizə bir torpaq sahəsi vermələrini istəmişik. Rabitə qovşağı tikmək üçün kəndin mərkəzində torpaq sahəsi olmadığına görə, biz bu qovşağı qədim bir qəbiristanlığın istifadə edilməyən hissəsində tikə bilərikmi?
Cavab: Əgər müsəlmanların ümumi qəbiristanlığı ölülərin dəfni üçün vəqf edilibdirsə, yaxud orada rabitə qovşağının tikilməsi qəbirlərin açılmasına və ya müsəlmanların qəbirlərinə hörmətsizliyə səbəb olacaqsa, bu işə icazə verilmir. Bundan qeyri halda, bu işin maneəsi yoxdur.
Sual 2109: Biz qərara almışıq ki, kənddə dəfn olunan şəhidlərin qəbirləri kənarında kəndin başqa məntəqələrdə dəfn olunan digər şəhidlərinin xatirəsi ünvanında daşlar qoyaq və bu yer gələcəkdə onların məzarı olsun. Bu işə icazə verilirmi?
Cavab: Əziz şəhidlərin adına və xatirəsinə simvolik tikililərin tikilməsinin maneəsi yoxdur. Amma əgər həmin məkan ölülərin dəfni üçün vəqf edilibdirsə, ölülərini dəfn etməkdə başqaları üçün maneəçilik yaratmağa icazə verilmir.
Sual 2110: Biz bir qəbiristanlığın kənarında yerləşən çöllük yerin bir hissəsində tibb mərkəzi tikmək istəyirik. Amma əhalinin bəzisi iddia edir ki, bu məkan qəbiristanlığın ərazisidir. Sözügedən məkanın qəbiristanlığın ərazisi olub-olmadığını müəyyən etməkdə məsullar çətinliyə düşüblər. Həmin məntəqənin bəzi yaşlıları şahidlik edirlər ki, qəbirlərin olduğu iddia edilən həmin məkanda heç bir qəbir olmamışdır. Amma hər iki dəstə şahidlik edir ki, tibb mərkəzinin tikilməsi üçün nəzərdə tutulan məkanın ətrafında qəbirlər mövcuddur. Bizim vəzifəmiz nədir?
Cavab: Həmin məkanın müsəlmanların ölülərinin dəfni üçün vəqf edildiyi və müxtəlif münasibətlərlə əlaqədar əhalinin ehtiyac duyduğu ümumi məkanlardan olduğu dəqiqləşmədiyi, həmçinin həmin məkanda tibb mərkəzinin tikilməsi qəbirlərin açılmasına və möminlərin qəbirlərinə hörmətsizliyə səbəb olmayacağı təqdirdə, həmin məkanda tibb məntəqəsinin tikilməsinin maneəsi yoxdur. Bundan qeyri halda, bu işə icazə verilmir.
Sual 2111: Vəqf növü və şərtləri dəqiqliklə məlum olmayan geniş bir qəbiristanlığın hələ heç bir ölü dəfn edilməyən hissəsi ümumi mənafeyi olan işlərə – məsələn, məscid və ya məntəqənin uşaqları üçün tibb mərkəzinin tikintisinə – icarəyə verilə bilərmi? Bu şərtlə ki, icarə pulu qəbiristanlığın öz xeyrinə istifadə ediləcəkdir? (Qeyd etməliyik ki, xidmət mərkəzlərinin tikintisi üçün bu məntəqədə boş torpağın olmadığına görə, bu işə ehtiyac vardır.)
Cavab: Əgər torpaq yalnız ölülərin dəfni üçün “intifa vəqfi” şəklində vəqf edilibdirsə, oranı icarəyə verməyə və məscid, tibb mərkəzi və s. tikintisi üçün oradan istifadə etməyə icazə verilmir. Amma əgər dəlillər və əlamətlər vasitəsilə həmin torpağın ölülərin dəfni üçün vəqf edildiyi sübuta yetməzsə, həmçinin bu torpaq ölülərin dəfni və ya başqa işlər üçün məntəqə əhalisinin ehtiyac duyduğu ümumi məkanlardan olmazsa, orada qəbir olmazsa və müəyyən bir sahibi də olmazsa, bu təqdirdə məntəqənin əhalisinin ümumi mənafeyinə olan işlər üçün oradan istifadə etməyin maneəsi yoxdur.
Sual 2112: Energetika Nazirliyi bir neçə su səddinin və elektrik stansiyasının tikintisini planlaşdırmışdır. Bunlardan biri Su Elekrtik Stansiyasının tikintisi üçün Karun çayı üzərində səddin tikintisidir. Layihənin ilkin təsisatları yaradılmış, xərclər təmin edilmişdir. Amma layihənin icra edildiyi məntəqənin mərkəzində bir köhnə qəbiristanlıq vardır. Bu qəbiristanlıqda nisbətən köhnə qəbirlər, eləcə də, yeni qəbirlər vardır. Layihənin icrası isə bu qəbirlərin dağıdılmasına bağlıdır. Bu məsələnin hökmü nədir?
Cavab: Köhnə qəbirlərin – belə ki, bu qəbirlərdəki cəsədlər artıq torpağa qarışmışdır – dağıdılmasının maneəsi yoxdur. Amma köhnə olmayan qəbirlərin dağıdılmasına və açılmasına, hələ torpağa qarışmamış cəsədlərin üzə çıxarılmasına icazə verilmir. Əlbəttə, əgər həmin məntəqədə elektrik istehsalı layihələrinin icra edilməsinin iqtisadi və ictimai zərurəti olarsa, belə ki, bu layihələrin icra edilməsindən başqa bir həll yolu mövcud olmazsa və bu layihənin başqa məntəqədə icra edilməsi, yaxud qəbiristanlıqdan keçməməsi olduqca çətin bir iş olarsa, bu məkanda səddin tikintisinin maneəsi yoxdur. Amma torpağa qarışmayan qəbirlərin qəbirlər açılmadan başqa yerə köçürülməsi - hətta qəbirin ətrafındakı torpaqları qazıb, qəbir açılmadan bu torpaqları başqa yerə aparmaqla olsa belə - vacibdir. Əgər iş əsnasında bir cəsəd üzə çıxarsa, onun başqa bir yerdə dəfn edilməsi vacibdir.
Sual 2113: Bir qəbiristanlığın kənarında yeləşən bir torpaq sahəsində qəbirlərdən heç bir əsər-əlamət yoxdur və oranın köhnə qəbiristanlıq olduğu ehtimal olunur. Bu torpaq sahəsindən istifadə etməyə və ictimai fəaliyyətlər üçün orada bunalar tikməyə icazə verilirmi?
Cavab: Əgər bu torpağın ölülərin dəfni üçün vəqf edilən ümumi qəbiristanlığın ərazisi olduğu dəqiqləşərsə, yaxud ürfə görə oranın ərazisi hesab olunarsa, qəbiristanlıq hökmündədir və oradan istifadə etməyə icazə verilmir.
Sual 2114: Həyatda ikən insanın özü üçün şəxsi mülk məqsədilə qəbir almasına icazə verilirmi?
Cavab: Əgər qəbirin yeri başqa bir şəxsin şəri mülkü olarsa, oranı almağın maneəsi yoxdur. Amma əgər möminlərin ölülərinin dəfni üçün vəqf edilən torpağın ərazisi olarsa, insanın oranı alıb özü üçün saxlaması düzgün deyildir, çünki istər-istəməz ölülərin dəfni üçün başqalarının oradan istifadə etmələrinin qarşısı alınır.
Sual 2115: Əgər prospektlərin birində piyada səkisinin yaradılması, iyirmi il öncə ümumi yolun kənarındakı qəbiristanlıqda dəfn edilən bir neçə möminin qəbrinin dağıdılmasına bağlı olarsa, bu işə icazə verilirmi?
Cavab: Əgər həmin qəbiristanlıq vəqfi olmazsa, müsəlmanların qəbirlərinin açılmasına və onlara hörmətsizlik edilməsinə səbəb olmadığı təqdirdə qəbirlərin yerini piyada səkisinə çevirməyin maneəsi yoxdur.
Sual 2116: Şəhərin mərkəzində istifadə edilməyən bir qəbiristanlıq vardır ki, onun vəqfi olduğu da məlum deyildir. Orada məscid tikmək olarmı?
Cavab: Əgər həmin qəbiristanlıq vəqfi torpaq və ya şəxsi mülk deyildirsə, həmçinin müxtəlif münasibətlərlə əhalinin ehtiyac duyduğu və istifadə etdiyi ümumi məkanlardan deyildirsə, orada məscid tikintisi müsəlmanların qəbirlərinin açılmasına və onlara qarşı hörmətsizliyə səbəb olmayacaqdırsa, orada məscid tikilməsinin maneəsi yoxdur.
Sual 2117: Bir torpaq sahəsi təxminən yüz il öncədən indiyədək ümumi qəbiristanlıqdır. Bir neçə il öncə qazıntı zamanı orada bir neçə qəbir müşahidə edilmişdir. Qazıntı işləri aparıldıqdan və torpaqlar daşındıqdan sonra bəzi qəbirlər üzə çıxmış, qəbirlərdə sümüklər görünmüşdür. Şəhər İcra Hakimiyyəti bu torpağı sata bilərmi?
Cavab: Əgər həmin qəbiristanlıq vəqfi olarsa, onun alğı-satqısına icazə verilmir. Hər bir halda, əgər qazıntı işləri qəbirlərin açılmasına səbəb olarsa, bu iş də haramdır.
Sual 2118: Təhsil Nazirliyi əhalinin razılığını almadan nisbətən qədim bir qəbiristanlığın bir hissəsini məktəb tikintisi üçün mənimsəmiş və orada məktəb tikdirmişdir. Şagirdlər orada namaz qılırlar. Bu işin hökmü nədir?
Cavab: Əgər məktəbin tikildiyi torpaq sahəsinin ölülərin dəfni üçün vəqf edildiyinə dair mötəbər bir dəlil mövcud olmazsa, həmçinin bu məkan ölülərin dəfni və ya başqa işlər üçün şəhər əhalisinin ehtiyac duyduğu ümumi məkanlardan olmazsa, habelə, şəxsi mülk də olmazsa, qanunlara riayət edərək orada məktəb tikməyin və həmin məktəbdə namaz qılmağın maneəsi yoxdur.