Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
    • 1. İLİN MƏİŞƏT XƏRCLƏRİNDƏN ARTIQ QALAN GƏLİR
      • BORC VERİLƏN PUL
        Çap versiyası  ;  PDF
         
        BORC VERİLƏN PUL

         

        Xüms ili başa çatdıqdan sonra geri alınan borc
        101. Əgər bir şəxsin borc verdiyi pul onun xüms ili başa çatdıqdan sonra (yəni növbəti xüms ilində) ona qaytarılsa, bu pul borcun qaytarıldığı ilin gəlirindəndir, yoxsa borc verdiyi ilin gəlirindən sayılır?
        Cavab: Bu pul borc verdiyi ilin gəlirindən sayılır. Ona görə də əgər borc verən şəxs öz xüms ilinin sonunadək borcunu geri ala bilsə, xüms ili başa çatdıqda pulun xümsünü verməlidir. Yox əgər ilin sonunadək borcunu geri ala bilməsə, pulu alan kimi onun xümsünü ödəməlidir.

         

        Ödənilməmiş borc
        102. Əgər bir şəxs pul borc alıb onu həmin ildə ödəyə bilməsə, bu pulun xümsünü vermək borc verənin öhdəsindədir, yoxsa borc alanın? 
        Cavab: Borc alan şəxsə borc pulun xümsünü vermək vacib olmur. Yalnız borc aldığı pulun o hissəsinin xümsünü vermək borc alan şəxsə vacib olur ki, həmin hissəni ilin gəlirindən borc verən şəxsə qaytarmış və borc aldığı pul da istifadəsiz qalmışdır, yaxud da onu sərmayə kimi istifadə etmişdir. Borc verən şəxsə gəlincə, əgər o, borc verdiyi pulu ilin iş gəlirindən və xümsünü ödəmədən veribsə, ilin sonunadək borcu geri ala bildiyi təqdirdə, xüms ili tamamlananda onun xümsünü verməlidir. Amma əgər ilin sonunadək borcunu geri ala bilməsə, hələlik onun xümsünü verməsi vacib deyildir, amma geri aldıqda onun xümsünü verməlidir.

         

        Banka qoyulan depozit
        103. Banka iki il müddətinə qərzül-həsənə şəklində qoyulan pula xüms düşürmü?
        Cavab: İş gəlirindən ehtiyatda yığılan pula yalnız bir dəfə xüms düşür. Pulun qərzül-həsənə şəklində banka qoyulması ona xüms düşməməsinə səbəb olmur. Həmçinin əgər borc verən şəxs xüms ilinin sonunadək borcu geri ala bilməsə, pulu geri almayanadək onun xümsünü ödəməsi vacib deyildir.

         

        Ortaq iş üçün borc
        104. Xüms ilim başa çatmamışdan öncə bir şəxsə müəyyən məbləğ pul borc verdim. O şəxs həmin pulla iş qurmaq və gəliri aramızda bərabər şəkildə bölmək istəyirdi. Nəzərə alsaq ki, mən bu pulun xümsünü verməmişəm və hal-hazırda da pul mənim əlimdə deyildir, sizin bu barədə nəzəriniz nədir? 
        Cavab: Əgər siz həmin pulu borc vermisinizsə, xüms ilinin sonunadək onu geri ala bilmədiyiniz təqdirdə onun xümsünü vermək hələlik sizə vacib deyil, borcu geri aldığınız zaman vacib olacaqdır. Amma bilməlisiniz ki, borc alan şəxsin işinin gəlirində sizin haqqınız və payınız yoxdur. Əgər ondan nə isə tələb etsəniz, sələm və haramdır. Yox əgər həmin pulu müzaribə sərmayəsi ünvanında ona vermisinizsə, müqaviləyə əsasən, iş gəlirində şəriksiniz və sərmayə sayılan bu pulun hamısının xümsünü verməlisiniz.

         

        105. Əgər bir şəxs xüms ili başa çatmamışdan öncə öz gəlirindən müəyyən məbləğ pulu borc versə və yeni xüms ilindən bir neçə ay keçdikdən sonra onu geri alsa, bu pulun hökmü nədir?
        Cavab: Borc pulu borclu şəxsdən geri aldıqdan sonra onun xümsünü verməlidir. 

         

        106. Mən bir şəxsə müəyyən məbləğ pul borc vermişəm və həmin şəxs borcunu mənim növbəti xüms ilimdə geri qaytarmalıdır. Sizin nəzərinizə əsasən, mən borc verdiyim pulu geri aldıqdan sonra onun xümsünü verməliyəm. Amma borclu şəxs razılaşma yolu ilə pulun yerinə mənə maşın verdi. Bu halda həmin pulun xümsü necə ödənilməlidir? Görəsən, dərhal ödəməliyəm, yoxsa başqa bir zamanda?
        Cavab: Xüms düşən məbləğin xümsünü dərhal ödəməlisiniz.

         

        107. İki həftədən sonra mənim xüms ilim başa çatır. Hal-hazırda müəyyən məbləğ pulum var və xüms ilim tamamlananda onun xümsünü ödəməliyəm. Digər tərəfdən isə həmin pula tanışlardan biri üçün zəruri olan bir mal almalıyam və o da pulu mənim növbəti xüms ilimdə mənə qaytaracaqdır. Növbəti xüms ilimdə geri alacağım pula xüms düşürmü?
        Cavab: Suala əsasən, pulu geri aldığınız zaman onun xümsünü verməlisiniz.
         
        Bankda dondurulan pul
        108. Bir şəxs bankdan pul krediti götürür, bank da krediti verdikdən sonra həmin şəxsin bank hesabında olan müəyyən məbləğ depoziti dondurur. Belə ki, kredit tam ödəndikdən sonra, yəni təxminən bir il neçə ay sonra depoziti ona qaytaracaqdır. Bu pula xüms düşürmü?
        Cavab: Əgər dondurulan məbləğ həmin şəxsin il ərzindəki gəlirindən olsa, xüms ili başa çatdıqda ona xüms düşür və əldə edilməsi mümkün olduğu vaxt onun xümsü verilməlidir.

         

        Evin girov pulu
        109. Kirayəçinin girov (önödəmə) ünvanında ev sahibinə verdiyi pulun xümsü kirayəçinin öhdəsinədir, yoxsa ev sahibinin?
        Cavab: Əgər bu pul icarəçinin iş gəlirindən olsa, pulunu ev sahibindən geri aldıqdan sonra onun xümsünü verməlidir. İcarəçidən pulu borc ünvanında alan ev sahibinin öhdəsinə isə heç nə düşmür. 

         

        110. Adətən, evi icarəyə götürməkdən ötrü qabaqcadan müəyyən məbləğ pul verilir. Əgər həmin pul iş gəlirindən olub bir neçə il ev sahibində qalsa, onu geri aldıqdan sonra xümsü dərhal verilməlidirmi? Əgər şəxs həmin pul ilə başqa evi icarəyə götürsə, hökm necə olacaqdır?
        Cavab: Pulu geri aldıqdan sonra onun xümsünü dərhal ödənməlidir. Amma əgər icarə üçün həmin pula ehtiyacı varsa, (xüms səlahiyyətlisi və ya onun vəkilindən) icazə almaq şərtilə ehtiyacı aradan qalxdıqdan sonra xümsünü ödəyə bilər.
         
        “Qərzül-həsənə” büdcəsinin sərmayəsi
        111. Bir neçə şəxs “qərzül-həsənə” büdcəsi yaratmaq qərarına gəliblər, belə ki, ehtiyacları olduqda bir-birilərinə borc verə bilsinlər. Hər bir üzv büdcə təşkil olunduğu zaman ilk ödədiyi məbləğdən əlavə, sərmayənin artması üçün hər ay müəyyən məbləğ pul ödəməlidir. Hər bir üzv öz xümsünü hansı şəkildə ödəyəcəkdir? Əgər büdcədəki pul daim borc ünvanında üzvlərin əlində olsa, onun xümsü necə ödənilməlidir?
        Cavab: Əgər üzvlər büdcəyə qoyduqları pulu xüms ili tamamlanmış iş gəlirindən veriblərsə, onun xümsünü ödəməlidirlər. Amma əgər xüms ili ərzində veriblərsə, ilin sonunadək onu geri ala bildikləri təqdirdə, il tamamlananda onun xümsünü verməlidirlər. Əks halda, pul büdcədə olduğu müddətdə onun xümsünü ödəmələri vacib deyildir, amma geri almaq mümkün olduqda xümsünü dərhal verməlidirlər. 
         
        112. “Qərzül-həsənə” büdcəsi müstəqil hüquqi şəxsdirmi? Əgər belədirsə, ondan əldə edilən gəlirə xüms düşürmü? Yox əgər belə deyilsə, onun xümsü necə ödənilməlidir?
        Cavab: Əgər büdcədəki pul üzvlərin şəxsi əmlakıdırsa, büdcədən əldə edilən gəlir hər bir üzvün pulu nisbətində onun şəxsi əmlakı olacaqdır və hər bir üzv öz xüms ilinin sonunadək onu xərcləmədiyi təqdirdə xümsünü verməlidir. Amma əgər büdcədəki pul şəxs və ya şəxslərin əmlakı olmasa, əksinə, ümumi vəqf və ya bu qəbildən olan bir əmlak olsa, büdcədən əldə edilən gəlirin xümsü yoxdur.

         

        113. On mömin şəxs bu razılığa gəliblər ki, onların hər biri hər ay, məsələn, iyirmi manat versin və hər ay püşk atmaqla onlardan biri yığılan pulu götürüb şəxsi xərclərinə sərf etsin. Beləliklə, on iki aydan sonra növbə sonuncu şəxsə çatacaq və o, on iki ay ərzində verdiyi pulu, yəni iki yüz qırx manatı götürəcəkdir. Bu pula xüms düşürmü, yoxsa ilin xərclərindən sayılır? Əgər şəxsin xüms ili varsa və aldığı pulun müəyyən məbləği xüms ili başa çatdıqda istifadəsiz qalarsa, xümsü ödəməkdən azad olmaq üçün həmin məbləğə ayrıca xüms ili təyin edə bilərmi?
        Cavab: Əgər bu şəxslərin verdikləri pul onların il ərzindəki gəlirindən olsa, həmin ilin xərclərinə sərf etməkdən ötrü hər bir şəxsin öz növbəsində götürdüyü pulun bir hissəsi borc, bir hissəsi isə həmin ilin gəlirindən verdiyi məbləğ olduğu təqdirdə, xümsü yoxdur. Amma əgər ötən ilin gəlirindən olsa, ötən ilin gəlirindən olan pulun xümsünü verməlidir. Əgər hər iki ilin gəlirindən olsa, hər ilin gəlirinin öz hökmü var. Belə ki, əgər şəxsin öz növbəsində götürdüyü pulun cari ilin gəlirindən ödədiyi hissəsi həmin ilin xərclərindən artıq qalsa, artıq qalan məbləğin xümsünü ödəməkdən azad olmaq üçün ayrıca xüms ili təyin edə bilməz. Əksinə, ilin bütün gəlirləri üçün bir xüms ili təyin etməli və gəlirin həmin ilin xərclərindən artıq qalan məbləğinin xümsünü verməlidir.
         
        Sərqofli (1)
        114. Mağazanın sərqoflisi ünvanında alınan pulun xümsü – belə ki, bu məbləğ məhkəmə tərəfindən təyin edilmişdir – dərhal ödənilməlidir, yoxsa xüms ilinin sonunadək, yaxud növbəti ilə kimi gözləmək olar?
        Cavab: Əgər sözügedən məbləği almaq şəri baxımdan halal olsa, onu aldığı ilin gəlirdən sayılır və ilin sonunadək xərclənmədiyi təqdirdə xümsü var.
         

         (1) “Sərqofli” dedikdə, icarəçi şəxsin əmlak sahibinə ödədiyi və icarədə ona üstünlük qazandıran pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi şəxs əmlakın icarəsində başqalarından önəmli haqqa malik olur. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir termindən istifadə olunur və sərqofli aşağıdakı şərtlər altında düzgün sayılır:
        Sərqoflinin miqdarı məlum olmalıdır. Tərəflər razılıqla müamiləni (sövdələşmə) yerinə yetirməlidir. Onlar həddi-büluğa çatmış, ağıllı və yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər. Sərqofli verən icarəçi şəxs icarəyə götürdüyü obyektdə nüfuza sahib olur. Obyektin sahibi sərqoflini kimə veribsə, həmin şəxsin icazəsi olmadan öz əmlakına bir sahib kimi müdaxilə edə bilməz.
    • 2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
    • 3. HARAMA QARIŞMIŞ HALAL MAL
    • 4. MƏDƏN
    • 5. TAPILAN XƏZİNƏ
    • İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /