Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslami oyanışın getdikcə genişlənməsi İslam ümmətinə işıqlı sabahları müjdə verir

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

Həmd olsun aləmlərin Rəbbinə! Ağamız Məhəmməd-Mustafaya, onun pak Əhli-Beytinə və seçilmiş səhabələrinə Allahın salamı olsun!

Vəhdət və qürur rəmzi, təkallahlılıq və mənəviyyat simvolu olan Kəbə həcc mövsümündə dünyanın hər yerindən cəlil Allahın çağırışına cavab verib, “Ləbbeyk!” deyə-deyə İslamın beşiyi olan bu məkana tələsən həsrətli və ümidli qəlbləri qarşılayaraq ev sahibliyi edir. Hal-hazırda İslam ümməti dünyanın dörd bir yanından göndərdiyi, bu məkana gəlib toplaşmış nümayəndələrinin gözü ilə özünün nə qədər genişmiqyaslı və müxtəlif tərkibli olduğunun, təkallahlılıq əqidəsinə əsaslanan bu dinin ardıcıllarının qəlbinə nə qədər dərin imanın hakim kəsildiyinin kiçik bir mənzərəsini müşahidə edə, bu böyük və misilsiz sərvəti lazımınca dərk edə bilər.

Müasir dünyada islami oyanışın getdikcə genişlənməsi İslam ümmətinə işıqlı sabahları müjdə verən bir faktdır. Bu qüdrətli oyanışın 30 il öncə başlanğıc götürdüyü İslam İnqilabından və İslam Respublikası quruluşunun bərqərar edilməsindən bəri böyük ümmətimiz yoluna çıxan maneələri dəf edərək durmadan irəli getmiş, səngərləri fəth etmişdir. İmperializmin ədavət metodlarının getdikcə daha da dolaşıq xarakter almasının, İslama qarşı mübarizə yolunda göstərdiyi, böyük məsrəflər tələb edən səylərin səbəbi də məhz İslam ümmətinin bu tərəqqi və nailiyyətləridir. Düşmənin islamafobiyanı yaymaq məqsədilə apardığı geniş təbliğat, müsəlman məzhəbləri arasında ixtilaf salmaq və məzhəb təəssübkeşliyinə təkan vermək üçün göstərdiyi tələm-tələsik səylər, şiədən sünniyə və sünnidən şiəyə qarşı körüklədiyi yalançı ədavət, müsəlman dövlətləri arasında təfriqə salmaq, ixtilafları şiddətləndirmək və bunu sona çatmaq bilməyən bir düşmənçilik və qarşıdurmaya çevirmək cəhdləri, gənclər arasında əxlaqsızlığı və pozğunluğu yaymaq məqsədilə kəşfiyyat və casus təşkilatlarından istifadə olunması – bütün bunlar İslam ümmətinin mətin irəliləyişinə, oyanış, izzət və azadlığa doğru atdığı möhkəm addımlara qarşı çaşqınlıq və çarəsizlik içərisində verilən tələsik reaksiyalardır.

30 il əvvəlkindən fərqli olaraq, bu gün İsrail rejimi artıq məğlubedilməz bir əjdaha deyil; 20 il öncəkindən fərqli olaraq, Amerika və Qərb Yaxın Şərqdə qeyd-şərtsiz qərarlar qəbul edib siyasət aparmırlar; 10 il əvvəlkindən fərqli olaraq, nüvə texnologiyası və digər mürəkkəb texnologiyalar regionda yaşayan müsəlman xalqları üçün əlçatmaz və əfsanəvi hesab olunmur. Bu gün Fələstin xalqı müqavimət hərəkatının qəhrəmanıdır, Livan xalqı sionist rejiminin qondarma heybətini təkbaşına qıra, 33 gün davam etmiş müharibədən qalib çıxa bilmişdir; İran xalqı isə zirvələrə aparan hərəkatın bayraqdarı və avanqardıdır.

Özü-özünü “müsəlman regionunun komandanı” elan etmiş, sionist rejiminin əsl himayədarı olan imperialist Amerika bu gün Əfqanıstanda öz əli ilə yaratdığı bataqlıqda batır; bu ölkənin xalqına qarşı törətdiyi bütün cinayətlərə rəğmən, İraqda sıxışdırılmaq üzrədir; müsibətlə üzləşmiş Pakistanda həmişəkindən daha çox nifrət qazanmaqdadır. Bu gün 2 əsr boyunca müsəlman dövlətləri və xalqları üzərində zülmkarcasına hökmranlıq etmiş, onların sərvətlərini yağmalamış antiislam cəbhəsi öz nüfuzunun süquta doğru getdiyini, müsəlman xalqlarının ona qarşı cəsarətlə müqavimət göstərdiyini müşahidə edir.

Bunların tam əksinə olaraq, islami oyanış hərəkatı günü-gündən inkişaf etməkdə və dərinləşməkdədir. Bu ümid və müjdə verən faktlar biz müsəlman xalqlarını bir yandan arzu etdiyimiz gələcəyə doğru həmişəkindən daha qətiyyətlə can atmağa, digər tərəfdən isə, qazandığımız təcrübələri və aldığımız dərsləri unutmayaraq həmişəkindən daha ayıq-sayıq olmağa sövq etməlidir. Bu ümumi müraciət, şübhəsiz ki, din alimlərinin, siyasi liderlərin, ziyalıların və gənclərin öhdəsinə başqalarına nisbətən daha çox məsuliyyət qoyur və onlardan böyük səy və öncüllük tələb edir: Qurani-Kərim canlı və aydın bir təbirlə bizə müraciət edərək deyir:

کُنتُم خَیرَ اُمَّةٍ اُخرِجَت لِلنَّاسِ تَأمُرُونَ بِالمَعرُوفِ وَ تَنهَونَ عَنِ المُنکَرِ وَ تُؤمِنُونَ بِاللهِ


“Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işləri görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız” (“Ali-İmran”, 110)

Bu qürurverici müraciətdə deyilir ki, İslam ümməti bəşəriyyət üçün yaradılmışdır. Bu ümmətin ortaya çıxmasında məqsəd bəşəriyyətin nicatı və xeyridir. Onun öhdəsinə düşən böyük vəzifə isə yaxşılığa çağırmaq, pislikdən çəkindirmək və Allaha sonsuz iman bəsləməkdir.

Heç bir yaxşılıq xalqları imperializmin despot pəncəsindən xilas etməkdən daha üstün, heç bir pislik isə imperializmdən asılı olmaq və ona xidmət etməkdən daha çirkin ola bilməz. Bu gün Fələstin xalqına və Qəzzada mühasirə içərisində olan insanlara yardım etmək, Əfqanıstan, Pakistan, İraq və Kəşmir xalqlarına həmdərd və havadar olmaq, Amerika və İsrailin zorakılığına qarşı cihad edib müqavimət göstərmək, müsəlman birliyinə arxa olmaq, bu birliyə zərbə vuran murdar əllərlə və muzdur dillərlə mübarizə aparmaq, bütün müsəlman məmləkətlərinin gəncləri arasında oyanış və məsuliyyət hissini genişləndirmək İslam ümmətinin seçilən nümayəndələrinin öhdəsinə düşən böyük vəzifələrdir.

Həccin möhtəşəm mənzərəsi bizə bu vəzifələri yerinə yetirmək üçün münasib zəminləri göstərir və bizi daha artıq zəhmət və təşəbbüskarlığa çağırır.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Hüseyni Xamenei
1 zihiccə, 1431


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /