Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

“Birlik” İslam dünyasının olduqca ciddi ehtiyac duyduğu bir məsələdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc mərasiminin təşkilati işlərini həyata keçirəcək məsul şəxslərlə görüşündə bunları vurğuladı: “İranlı hacıların davranışı möhtəşəm və iftixar dolu bir vacib ibadət olan həcc mərasiminin bütün fərdi, mənəvi, ibadi, ictimai və siyasi aspektlərini özündə əks etdirməlidir”.

Bu gün səhər baş tutan görüşdə Ali Məqamlı Rəhbər sağlam və mükəmməl formada icra olunan həcc ziyarətini “İslam ümmətinin və bütün bəşərin bəhrələnə biləcəyi çağlayan bir çeşmə” adlandıraraq əlavə etdi: “İslam ümmətinin daxili problem və qayğılarını, habelə beynəlxalq ictimaiyyətdəki reallıqları nəzərə alsaq, deyə bilərik ki, həcc ziyarətinin düzgün və mükəmməl surətdə keçirilməsi hər zaman olduğundan daha əhəmiyyətli və vacibdir”.

İslam düşmənlərinin davamlı olaraq müsəlman xalqları arasında həqarət, parçalanma və pessimizm hissləri yaymağa cəhd göstərdiklərini xatırladan Ali Məqamlı Rəhbər dedi: “İslam ümmətinin həcc mərasimində möhtəşəm, düzgün, məsuliyyətli, birgə və həmrəy formada iştirakı izzət, qüdrət və optimizm hisslərini İslam dünyasına yenidən qaytara bilər”.

İslamın və haqq-ədalətin əleyhinə çıxan müxtəlif partiya və qrupların açıq-aydın ilahi din olan İslama qarşı mübarizəyə qalxdığını deyən Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Hazırkı vəziyyət Əhzab döyüşünün baş verdiyi şəraitə bənzəyir. İslam ümmətinin vəhdət və əzəmətinin həcc mərasimində təcəssüm olunması bir cəbhədə birləşmiş İslam düşmənlərinin mübarizə əhval-ruhiyyəsini heçə endirə bilər”.

Ali Məqamlı Rəhbər imperialistlərin İslam dünyasına təsir göstərə bilmək, müsəlmanların zəif cəhətlərini üzə çıxarmaq üçün durmadan və planlı şəkildə fəaliyyət göstərdiklərini xatırladaraq əlavə etdi: “Onlar böyük diqqətlə İslam ümməti içərisindəki ixtilaflı məsələləri şişirtməyə çalışırlar. Müsəlmanları bir yumruqda birləşdirən həcc mərasimi bütün bu səyləri nəticəsiz qoyacaq!”

“Birlik” İslam dünyasının olduqca ciddi ehtiyac duyduğu bir məsələdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalı və sionist ünsürlər pusquda duraraq gözləyirlər ki, müsəlman xalqları biri-birinə azacıq yaxınlaşdıqda “məzhəb, etnik mənsubiyyət, firqə təəssübkeşliyi və s. kimi cürbəcür bəhanələrlə aravuranlıq edib onları üz-üzə qoysunlar”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, imperialist blokunun İslama qarşı düşmənçiliyi artıq açıq-aşkar bir xarakter aldığına görə İslam dünyası ayıq-sayıq olmalıdır. Həzrət Ayətullah Xamenei belə bir xəbərdarlıq da etdi: “Müsəlman dövlətləri və xalqları düşmənlərin şeytani əməllərindən və təfriqəçi planlarından gözdə-qulaqda olmalıdırlar. Çünki əks halda, İslam dini imperialist düşmənlərdən zərbə ala bilər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şiə və sünnilər arasında “qərmətilik” və “nasibilik” kimi yanlış və ifratçı təmayüllərin güclənməsi də düşmənin İslam ümməti içərisinə təfriqə və ixtilaf salmaq məqsədilə gördüyü tədbirlərdəndir. O vurğuladı: “Müsəlman xalqları və dövlətləri İslam dünyasının bu gün qarşılıqlı anlaşmaya, həmdərd olmağa, əməkdaşlıq etməyə dərindən ehtiyac duyduğunu müdriklik və uzaqgörənliklə dərk etməli, birliyin şərtlərinə sadiq qalmalıdırlar”.

Həcc ziyarətinin İslam dünyasının mühüm problemləri, o cümlədən Fələstin problemi ilə bağlı müzakirələr aparıb ortaq məxrəcə gəlmək üçün böyük imkanlar yaratdığını deyən Həzrət Ayətullah Xamenei bunları əlavə etdi: “Sionizm hətta yəhudilərin özlərinin belə nifrət və etiraz bildirdikləri bir siyasi partiya olaraq, 60 ildən artıqdır ki, müsəlman Fələstin ölkəsini və müsəlmanların ilk qibləsini işğal edib və hər gün orada cinayətlər törədir. Buna baxmayaraq bu gün müsəlman dövlətlərin əksəriyyəti fələstinli müsəlmanların “Yardım!” və “Ədalət!” fəryadları qarşısında susurlar. Əzəmətli bir hərəkat olan həcc mərasimi bu ixtilaf və parçalanmanın kökünü axtarıb tapmaqda, müsəlmanları yekdilliklə Fələstin xalqının müdafiəsinə qaldırmaqda son dərəcə effektiv ola bilər”.

Məkkə və Mədinədə ibadət və ziyarətlərini yerinə yetirən iranlı zəvvarlara qarşı müəyyən təzyiqlər göstərilməsini tənqid edən Ali Məqamlı Rəhbər bunları əlavə etdi: “İranlı zəvvarlar tərəfdən də bəzi insanlar bu təzyiqlərə əks-reaksiya olaraq, yanlış işlər görürlər. Bu cür təzyiqlər və əks-reaksiyalar həccin fəlsəfəsinə, bu ziyarətdə təqdir olunan davranış tərzinə ziddir”.

Ali Məqamlı Rəhbər İrandan gedən zəvvarların bu gün həcc ziyarətini 30 il əvvəlkinə nisbətən daha dolğun və məhsuldar formada yerinə yetirdiklərini qeyd etməklə yanaşı bunu da əlavə etdi: “Bu dəyişikliklər kifayət deyil. Elə etmək lazımdır ki, hər bir iranlı hacının davranışı fərdi, ibadi, ictimai və siyasi baxımdan həcc ziyarəti üçün ən düzgün sayılan bir tərzdə olsun və özündə İslam ümmətinin birliyini və həmrəyliyini təcəssüm etdirsin”.

Həzrət Ayətullah Xamenei həccin ictimai-siyasi aspektlərindən biri kimi, dünya müsəlmanlarının Pakistanda sel faciəsini yaşamış insanlara yardım etməsinin vacib olduğunu qeyd edərək  dedi: “İran dövləti və xalqımız pakistanlı qonşularımıza müəyyən yardımlar ediblər və Allah-Taala onların bu addımının xeyirli mükafatını verəcək. Lakin göstərilən yardımlar kifayət deyil və iranlı zəvvarlar həcc ziyarətində sərf olunan lüzumsuz xərcləri azaltmaq hesabına Pakistanda seldən ziyan çəkmiş qardaş-bacılarının dərdinə şərik ola, sözləri və əməlləri ilə başqa ölkələrin hacılarını da məşəqqət içərisində olan bu insanlara yardımçı olmağa dəvət edə bilərlər”.

Çıxışının digər qismində həccin düzgün və mükəmməl formada icrası məqsədilə Həcc və Ziyarət Təşkilatı, habelə Vəli-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəliyinin rəsmiləri tərəfindən görülən tədbirlərin, hazırlanan proqramların “olduqca vacib və faydalı” olduğunu deyən Ali Məqamlı Rəhbər həcc ziyarətinin təşkilində məsuliyyət daşıyan insanlara bu proqramları yüksək səviyyədə həyata keçirməyi, mənfi və müsbət məqamları dəqiq müəyyənləşdirməklə gələcək layihə və proqramları daha da gücləndirməyi tövsiyə etdi.

Görüşün əvvəlində Vəli-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəsi və iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgəri həyata keçirilmiş proqram və layihələr haqda məlumat verərək dedi: “Vəli-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəliyinin həyata keçirdiyi layihə və tədbirlər sırasında zəvvarlar və karvanlara rəhbərlik edən ruhanilərlə maarifləndirmə işinin aparılmasını, həcc ziyarəti ilə onlayn tanışlıq proqramlarının sayının artırılmasını, bakalavr pilləsində “Həcdə təbliğat işinin aparılması” üzrə yeni ixtisas planının təsdiq olunmasını, digər ölkələrlə beynəlxalq əməkdaşlıqların genişləndirilməsini, tədqiqat işlərinə ciddi diqqət yetirilməsini, həcc ziyarəti ilə bağlı məlumatları əks etdirən geniş ensiklopediyanın tərtib edilməsini qeyd etmək olar”.

İslam Mədəniyyəti və İrşadı Naziri cənab Hüseyni isə belə bir bəyanatla çıxış etdi: “Möhtəşəm həcc mərasiminin keçirilməsi üçün bütün işlər yüksək səviyyədə görülüb. Məsul orqanlar tam əməkdaşlıq və həmrəylik şəraitində İbrahim (ə) həccinin yerinə yetirilməsinə hazırdırlar”.

Görüş əsnasında Həcc və Ziyarətlər Təşkilatının Sədri cənab Ləyali də dünya müsəlmanlarını bir yerə toplayan möhtəşəm bir konfrans olan həcc mərasiminin keçirilməsi üçün rəhbərlik etdiyi qurumla Vəli-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəliyi arasında müsbət əməkdaşlığın mövcud olduğunu dedi. O, əlavə etdi: “Müxtəlif qurumlarla əməkdaşlıq, israfçılığın qarşısının alınması, hacıların səfər ləvazimatlarını təmin etmək üçün daxili məhsullardan istifadə edilməsi, “Xalqın təklifi” layihəsinin nəticələrindən istifadə, karvanları müşayiət edən ruhanilərin fəaliyyətinə mütəmadi olaraq qiymət verilməsi Həcc və Ziyarətlər Təşkilatının fəaliyyət proqramında daim yer alan tədbirlər sırasındadır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /