Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Tehran ostanının teoloji mərkəzlərində təhsil alan tələbələrlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّةالله فی الارضین

Bugünkü görüşümüzə çox sevindim. Dini təhsil alan tələbələrlə ünsiyyətdə olmaq, söhbət etmək mənim üçün həmişə olduqca xoş və zövqvericidir, amma bundan əlavə, bu gün bu görüşdə toxunulan məsələlər – istər bayaq dostlarımızın etdiyi çıxışlar olsun, istər kağızda qeyd olunub mənə çatdırılan məsələlər (yeri gəlmişkən, o qeydləri götürdüm və inşallah, imkan tapıb daha sonra bir qədər də dəqiqliklə nəzərdən keçirəcəyəm), istərsə də əziz qardaşlarımızdan bir neçəsinin ayağa qalxaraq etiraz, yaxud tələb şəklində səsləndirdiyi fikirlər – hamısı çox gözəl və mənim üçün sevindirici idi. 

Mən sizə – dini təhsil alan gənc tələbələrə baxanda imamət və vilayət bağının körpə fidanlarını görürəm. Allaha şükürlər olsun ki, bu fidanlar artıq qəddini dikəldib baş qaldırmaqdadır. Bəziləri artıq bəhərini verib, bəzilərinə baxanda isə bəhər verəcəyinə tam arxayın olursan; ümumilikdə bu görüşdən, burada edilən söhbətlərdən bu nəticəyə gəlmək olur.

وَ مَثَلُهُم فِی‌ الاِنجیلِ‌ کَزَرعٍ اَخرَجَ شَطئَه‌و فَئازَرَه‌و فَاستَغلَظَ فَاستَو‌ عَلیٰ سوقِهٖ یُعجِبُ الزُّرّاعَ لِیَغیظَ بِهِمُ الکُفّار

“İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür”. (“Fəth” surəsi, 29-cu ayədən)

Bu sonuncu nüans çox önəmlidir. Sizin öz ayaqlarınız üzərində durmağınız, qəddinizi dikəltməyiniz, mənən dolğunlaşmağınız, cürbəcür bacarıqlarınız əkinçiləri, nə vaxtsa bu toxumları əkib, qulluq edib becərmiş insanları da heyrətləndirir, bu inkişafı, bu yeni fikirləri, bu optimist simaları gördükləri zaman onlar özləri də heyrətə gəlirlər, bundan daha önəmli olan isə

لِیَغیظَ بِهِمُ الکُفّار

– düşmənləriniz qəzəblənir; və bu, elə belə də olmalıdır. Əgər biz davranışlarımızın dinə, İslama, Quranın hakimiyyətinə düşmən olan qüvvələri qəzəbləndirmədiyini, düşmənlərin bizim varlığımızdan narahat olmadığını görürüksə, faydalı olduğumuza şübhə ilə yanaşmalıyıq. Əmirəl-möminin, onun o qətiyyəti, o davranışı və sair varsa, Müaviyə, Əmr İbn As və başqa onlar kimiləri də onun varlığından qeyzlənməlidir; siz də o yolla gedirsiniz; لِیَغیظَ بِهِمُ‌ الکُفّار.

Allaha şükürlər olsun ki, bu gün teoloji sferada görkəmli simaların yetişdiyini müşahidə etmək mümkündür. Mən bayaq sizin toxunduğunuz məqamları diqqətlə dinlədim; əlbəttə ki, gərək deyilənləri bir daha nəzərdən keçirəm, baxam və Allahın köməyi ilə, üzərində düşünəm, lakin elə eşitdiyim qədəri də mənim üçün olduqca sevindirici və ümidverici idi; çox yaxşı idi.

Mən qısaca olaraq 2-3 məqamı qeyd etmək istəyirəm; əlbəttə, burada sizinlə söhbət etmək üçün özümdə bəzi qeydlər götürmüşəm – inşallah, vaxtımız olsa, onlardan bəzilərinə də toxunarıq – lakin əsasən, qısaca da olsa, bu 2-3 mövzu ətrafında danışacağam. Əvvəla, dərs oxumağa ciddi yanaşın. Sizin bu danışdıqlarınız, qeyd etdiyiniz o diqqətəlayiq məqamlar, gözəl ifadə tərziniz o demək deyil ki, siz dərslərinizi yaxşı oxumusunuz. Bütün bunlar sizin yaxşı düşüncə və danışıq qabiliyyətinizdən irəli gəlir. Bəs dərslərinizi də yaxşı oxumusunuzmu? Bu çıxışlardan sizin yaxşı dərs oxuyub-oxumadığınızı anlamaq olmur. Dərslərinizə yaxşı hazırlaşmalısınız.

Bir vaxtlar mən Məşhəddə “Risael” və “Məkasib” kitablarını tədris edirdim; vaxtaşırı bizi aparıb həbs edirdilər, şagirdlərimiz pərən-pərən düşürdü; həbsxanadan çıxıb yenidən dərsə başlayırdıq, şagirdlərimiz yenə də yığışıb gəlirdilər. Bizdəki mübarizə şövqünü və vəziyyətimizi – o dövrdə şah rejimi tərəfindən üzləşdiyimiz o sərt təzyiqləri görəndə bəzən onlarda öyrəndikləri dərsə qarşı tərəddüd yaranırdı. Şeyxin (2) “Məkasib”, yaxud “Kifayə” kitabında buyurduqlarının xırdalıqlarını onlar üçün ətraflı izah edəndə tərəddüd içində olduqlarını görürdüm. Mən onlara həmişə bunu deyirdim: mənim əziz balalarım! Bilin ki, əgər dərs oxumasanız, effektiv fəaliyyət göstərə bilməyəcəksiniz. Deyirdim ki, mayasız xəmirdən ancaq fətir olar; dərs oxumalısınız.

Əgər fikirlərinizin, təkliflərinizin, psixologiyanızda, əlhəmdulillah ki, var olan o qabarıq cəhətlərin cəmiyyətə təsir göstərməyini istəyirsinizsə, savadlı olmalısınız, dərs oxumalısınız, mükəmməl ruhani təhsil almalısınız. Dərsə ciddi yanaşın; heç də deməyin ki, əşi, dünya texnoloji nailiyyətlərlə idarə olunur, bizsə oturub, tutalım, Molla Abdullahın şərhlərini və ya misal üçün, Müzəffərin “Məntiq”ini oxuyuruq! Yox, Müzəffərin o “Məntiq”ini oxumalısınız, ərəb dilinin qrammatikasına giriş olan o kitabları oxumalısınız, o fiqh və üsuli-din kitablarını oxumalısınız ki, bir ruhani kimi təsiriniz olsun; az sonra “ruhani” deyəndə nə başa düşüldüyü barədə də danışacağam. Dərs oxumaq lazımdır. O zaman ruhanilərimiz arasında elə insanlar var idi ki, mübarizədə heç bir əyər-əskikləri yox idi, amma elmi cəhətdən lazımi səviyyədə deyildilər; belələri bu mübarizənin irəliləməsinə, yaxud bu möhtəşəm hərəkatın yaranmasına diqqətəlayiq təsir göstərə bilmədilər. Mübarizədə uğur qazananlar İmam Xomeyni kimi elmi cəhətdən mükəmməl səviyyədə olanlar oldu. Dərs oxuyun! Mənim sizə birinci tövsiyəm budur; dərsə ciddi yanaşın. 

İkinci məqam budur ki, sizin teoloji təhsilə müəyyən iradlarınız, tənqidləriniz var; indi istər Tehran Teoloji Mərkəzi olsun, istərsə də ümumilikdə teoloji təhsil sistemi. Lap yaxşı! Arzuladığınız və dediyinizə görə, bu gün mövcud olmayan o teoloji təhsil sistemini siz özünüz yaradın. Teoloji sfera sizin istək və arzunuz əsasında formalaşır. Doğrudur, sizin əlinizdə idarəetmə imkanları və maliyyə resursları yoxdur ki, hansısa qərarı qəbul edən kimi, dərhal həyata keçirə biləsiniz, lakin dəyərli arzuların reallaşması sırf rəhbər postda oturmaq və əlində maliyyə imkanları olmaqla başa gəlmir; hətta bəzən bu imkanlar mövcud olduğu halda, mümkün olmur; bunun üçün başqa bir şey lazımdır. Həmin o şey sizdə var: stimul, istək, qətiyyət, arzuladığına can atmaq; bunlar lazımdır. Və mübarizə aparmaq lazımdır; mübarizəsiz heç nə əldə olunmur; sizin arzuladığınız o teoloji təhsil sistemini də mübarizə ilə əldə etmək lazımdır. Əlbəttə, burada “mübarizə” deyəndə mən “Yaşasın!”, “Məhv olsun!” deməyi, siyasi mübarizəni nəzərdə tutmuram. “Mübarizə” deyəndə mən əlindən gəldiyi qədər çalışıb səy göstərməyi, düşünüb yeni fikirlər irəli sürməyi, birlikdə ortaya hansısa ideyalar qoymağı, mütəşəkkil fəaliyyəti nəzərdə tuturam. Odur ki dediyiniz o teoloji təhsili də siz yaratmalısınız. Əlbəttə ki, bizim vəzifəmiz sizə kömək etməkdir; teoloji mərkəzlərin rəhbərliyi işləri asanlaşdırmaqla sizə yardımçı olmalıdır, lakin gələcəkdə qurulub yaradılmalı olanın ağır məsuliyyət yükünü siz özünüz öz çiyinlərinizdə hiss etməlisiniz. Bu işləri məhz siz görməlisiniz; indi ola bilsin ki, iş görmək üçün sizin növbəniz 5 ilə, 10 ilə, 15 ilə gəlib çatacaq. Hər halda, bu olacaq və lazımi addımları atıb bu işi görməyə qadir olan məhz sizsiniz. Bu da bir məqam. 

Dostlarımızdan biri teoloji mərkəz barədə danışarkən: “Biz teoloji mərkəzə gəlmişdik ki, elə olsun, belə olsun...” – dedi. Mən bu ifadə ilə razı deyiləm; “gəlmişdik” deməyin, “gəlmişik” deyin. “Gəlmişdik” nə deməkdir? Deyin: “Biz gəlmişik ki, filan, filan işləri görək”; qoy varlığınızın, iştirakınızın davam etdiyi səsləndirdiyiniz fikirlərdə, ifadələrinizdə də əks olunsun. Qoy söz və ifadələrinizdə bu yola çıxmış qətiyyətli, dönməz bir yürüşçü, marafonçu kimi böyük, qırılmaz bir əzm müşahidə olunsun; bunu dildə də bu cür deyin; deyin: “Biz gəlmişik ki, belə olsun”; bəli, olmalıdır və olacaq da; siz qəti qərar versəniz, işin üstündə dursanız, ortaya ətraflı düşünülmüş fikirlər qoysanız, hökmən olacaq. Əlbəttə, onu da bilməlisiniz ki, hər bir işin düşünülmə, araşdırılma, layihə hazırlanma mərhələsi ilə həyata keçirilmə mərhələsi arasında müəyyən fasilə olur; tam mənası ilə lazımlı və hiss olunacaq qədər sürən bir fasilə. Bizim danışdıqlarımızın çoxu söz və cümlələrin qəlibində dilə gətirdiyimiz arzularımızdır; o arzunu həyata keçirmək istəyəndə isə bir xeyli çalışıb-vuruşmaq lazım gəlir. Gəlin bu ikisini səhv salmayaq: iş görməklə, reallıqlar meydanı ilə düşüncə, araşdırma, zehni təsəvvür meydanı arasında açıq-aydın bir məsafə var. Reallaşma məqamı çatanda bir çox işlər heç də asanlıqla irəliləmir. Müqəddəs Müdafiə dövründə bizim üzləşdiyimiz çətinliklərdən biri də elə bu idi. O dövrdə mən prezident idim; bizim idarədə hərbi toplantılar keçirilirdi; gəlirdilər, o hərbi xəritələri masanın üzərinə sərib deyirdilər ki, tutalım, buradan hərəkətə keçib ora çatmaq istəyirik; məsələn, filan qədər canlı qüvvə, yaxud bu kimi başqa şeylər lazımdır. Vaxt keçdikcə hərbi sahədə vəzifə postu tutmuş dostlarımızdan bəziləri baxırdılar ki, buradan ora qədər qısa bir xətt keçir, ona görə də tez razılaşıb söz verir, qərar qəbul edirdilər. Halbuki “buradan ora”nın reallığı, misal üçün, bir “Ramazan” əməliyyatı deməkdir; həyata keçirmək başqadır; əməl meydanı düşünmək, ideya irəli sürmək və sair bu kimi meydanlardan fərqlənir. Qeyd etmək istədiyim məqamlardan biri də bu idi. 

Digər bir məqam budur ki, bizim dediklərimiz bəzən ruhanilərimizə, yəni ölkəmizin “ruhani” adlandırdığımız elmi-dini ictimaiyyətinə aid olur ki, o da sıravi tələbəsindən tutmuş təqlid mərcəsinə qədər geniş bir əhatə dairəsinə malikdir; ruhanilərimizdən olan müəyyən gözləntiləri dilə gətirib deyirik; bəzən bizim yanaşmamız bu cür olur. Bəzən isə yox, bizim sözlərimiz ruhanilərimizə yox, teoloji mərkəzlərimizə ünvanlanır; teoloji mərkəzlər ruhanilərin tərbiyə olunduğu, tələbələrin elmi, mənəvi və ideoloji cəhətdən yetişdirildiyi bir məkandır; bu, bir başqadır. Bəzən də bizim teoloji mərkəzlərə xitabən söylədiklərimiz təkcə teoloji mərkəzlərlə yox, ümumilikdə ruhanilərlə bağlı məsələlər olur; bu fərqə diqqət yetirin. Elə gözləntilər var ki, onlar bütövlükdə ruhani ictimaiyyətinə aiddir; mərcə təqlidlər, müdərrislər, yaxud hansısa qurumda rəhbər vəzifədə çalışan ruhanilər və sair də daxil olmaqla; bəzən isə yox, teoloji mərkəzlərlə bağlı istək və gözləntilərimizi ifadə edirik. Bu tip görüşlərdə daha çox bu ikinci ön plana keçir; hərçənd birinci də çox önəmlidir, o barədə də deyiləsi sözlərimiz var. 

Dostlar! Düşünürəm ki, sizin toxunduğunuz mövzular çox gözəl idi. Dostlarımız əsas əhəmiyyət daşıyan məsələləri qaldırdılar. Bu məqamlara diqqət yetirilməsi mənim, həqiqətən də, çox xoşuma gəldi və Allaha şükürlər edirəm ki, əlhəmdulillah, bizim dini təhsil alan tələbələrimiz, gənc ruhanilərimiz ölkə və cəmiyyətin həyatındakı bu cür önəmli məsələlərlə yaxından maraqlanır, onlar ətrafında düşünür, müzakirələr aparır. İntəhası bir şeyi qeyd edim ki, inqilab hələ davam edir. Bəzilərinin “İnqilab bir hadisə idi, oldu, qurtardı; normal həyata qayıtmaq lazımdır” kimi fikirlərlə, bu səpkili yazılarla cəmiyyətdə bu cür fikir formalaşdırmağa çalışması inqilaba xəyanətdir. İnqilab sona çatmayacaq. O gün mən hökumət rəsmiləri ilə görüşümüzdə (3) də dedim ki, inqilab keçmişdəki qayda-qanunları yerlə yeksan edərək cəmiyyətdə yeni qayda-qanunlar yaradır. Bu yeni qaydaların qorunub saxlanması inqilabın davam etməsi deməkdir; özü də bu heç də asan deyil, bunlar çox çətin işlərdir. İnqilabın özünə bütün varlığı ilə müxalif olan, işini pozmağa çalışan güclər onun cəmiyyətdə bərqərar etdiyi qayda-qanunların davam etdirilməsinə də qarşı çıxacaq, düşmənçilik edəcəklər; gördüyünüz kimi, edirlər də. Deməli, vaxtı ilə inqilab qələbəyə yetişmək üçün lazımi mübarizəni necə aparırdısa, bu gün də bizim inqilabın qayda-qanunlarını möhkəm surətdə bərqərar etmək üçün o şəkildə mübarizə aparmağımız lazımdır; cəmiyyətin islami bir cəmiyyət olması üçün inqilabı ən başda nəzərdə tutulan nəticəyə çatdırmalıyıq. 

Bizdə islami cəmiyyət yoxdur; bizdə heç islami dövlət də yoxdur! Bayaq sadaladığımız o bir neçə mərhələ arasında biz hələ İslam dövlətində qalmışıq. İslam dövlətindən sonra növbə İslam cəmiyyətinə gələcək; önümüzdə bu mərhələlər var. Biz bir İslam İnqilabı – yəni bir inqilabi hərəkat ərsəyə gətirməyə müvəffəq olmuşuq; daha sonra bu hərəkatın təməli üzərində İslam dininə əsaslanan bir dövlət quruluşu formalaşdıra bilmişik; lap yaxşı, bu yerə qədər uğurla gəlmişik, çox da önəmlidir; lakin bundan sonra İslam dövlətinin yaradılması gəlir; yəni ölkə üçün İslam dininə uyğun bir idarəetmə sistemi qurulmalıdır. Bax bu məsələdə bizim məqsədə çatmağımıza hələ çox var. Əlbəttə, bunları deməklə mən kiməsə pessimist hisslər aşılamaq istəmirəm; əsla. Biz irəli getməkdəyik; əleyhimizə həyata keçirilən bütün fəaliyyətlərə, bütün pozucu cəhdlərə, kimlərinsə ağız büzməyinə baxmayaraq, hərəkət etməkdəyik, irəli gedirik, heç şübhəsiz, irəliləyişimiz var; buna bir çox sübutlar gətirmək olar, lakin hələ işimiz var, görüləsi işlər var; sözün əsl mənasında bir İslam dövləti yaratmağımıza hələ çox var. İslam dövləti yaranandan sonra isə növbə İslam cəmiyyəti yaratmağa gələcək. Odur ki, əzizlərim, mübarizə aparmaq lazımdır. 

İnqilabdan əvvəl də elə adamlar var idi ki, mübarizəyə rəğbət bəsləyirdilər, amma özləri heç bir şəkildə mübarizə aparmırdılar; əsla bir şey etmir, mübarizə meydanına qətiyyən yaxın gəlmirdilər, amma ona rəğbətlə yanaşırdılar, fəal mübarizə aparan şəxsləri sevirdilər. Elələri var idi ki, mübarizlərdən acıqları gəlirdi, elələri də var idi ki, mübarizlərlə düşmənçilik, düşmənlə əməkdaşlıq edirdilər; bu, öz yerində, amma yaxşı adamların içində mübarizlərə rəğbətlə yanaşan, lakin özü mübarizəyə qoşulmayan, heç bir iş görməyən insanlar heç də az deyildi. Düşmən cəbhəsinin zəiflədiyi, şah diktaturasının üzü süquta doğru getdiyi aydın olduğu gün, təbii ki, o nəhəng kütlə meydana daxil olaraq işi biryolluq bitirdi, amma mübarizənin çətin günlərində meydanda olan, mübarizə aparan, çalışıb-vuruşan yalnız bir qrup adam idi. Bu gün də belədir; eynilə o zaman mübarizəyə ehtiyac olduğu, bir kənarda oturub mübarizləri sevmək kifayət etmədiyi kimi, bu gün də fəal mübarizə aparmaq lazımdır. Oturub mübarizləri tərifləmək kifayət etmir; mübarizəyə qoşulmaq lazımdır. Əlbəttə ki, bu günün mübarizəsi o vaxtkı mübarizədən əsaslı surətdə fərqlənir, amma mübarizə mübarizədir; çalışıb-vuruşmaqdır, çətinliklərə sinə gərməkdir. Bu mübarizənin yolunu tapmalısınız. 

İrəli sürülən təkliflərlə də bağlı bir neçə cümlə deyim; bayaq xanımlardan və cənablardan bir neçəsi bəzi təkliflər etdi; inşallah, gərək baxaq, həmin təkliflər rəhbər vəzifələrdə çalışan möhtərəm qardaşlarımıza təqdim olunsun; inşallah, araşdırsınlar, baxaq görək reallaşdıra bilərik, ya yox. Demək istədiyim budur ki, real təkliflər irəli sürmək lazımdır. Hansısa təklifi etmək istəyəndə baxın görün onun reallaşması nə dərəcədə mümkündür; mövcud vəziyyətə uyğun proqramlar irəli sürün. Bu yerdə yenə də srağagün hökumət rəsmiləri ilə görüşümüzdə (4) söylədiyim bir fikrə toxunmaq istəyirəm; belə ki onlarla olan görüşlərimizdə “proqram” sözü tez-tez işlənir: filan proqram, filan proqram. Mən onlara söylədim ki, proqram hazırlamaq yalnız qarşıya hansısa hədəflər qoymaq deyil; hədəfləri müəyyən etmək fəaliyyət proqramı qurmaq demək deyil. Proqram hazırlarmaq məqsədə doğru yol çəkmək deməkdir; proqram budur, bax buna “proqram” deyirlər. Əgər siz yol çəkmək istədiyiniz zaman məhəllin xüsusiyyətlərini nəzərə almasınız, bu xüsusiyyətlərlə üzləşməyə hazır olmasanız, əngəllərlə çox tez üzləşəcəksiniz. Məsələn, bir yoxuşa çatıb, “Olmadı”, – deyəcəksiniz; əvvəldən fikirləşməli idiniz ki, bu yolda yoxuşlar var, daş-kəsəkli yoxuşlar var, bu yoldan çay keçir, körpü lazım olacaq və sair; əvvəldən bunları nəzərə alıb işinizi planlaşdırmamısınızsa, əlinizdəki planı məhəllin mövcud vəziyyətinə uyğun tərtib etməmisinizsə, təbii ki, çətinliklərlə üzləşəcəksiniz, işiniz dayanacaq. Hər bir plan və ya proqramı mövcud vəziyyətə uyğun şəkildə qurmaq lazımdır; real olan, həyata keçirilməsi mümkün olan proqramlar ortaya qoyulmalıdır.

Yaxşı, vaxt da keçir, mən 2-3 məqama da toxunmaq istəyirəm. Biri budur ki, ümumlikdə ruhani ictimaiyyəti (siz gənc ruhanilər də o ictimaiyyətin həyata keçirdiyi hərəkatın dinamik və effektiv bir hissəsisiniz) peyğəmbərlərin işini davam etdirir. Ruhanilərin fəaliyyətinə bu gözlə baxmaq lazımdır. Sizin aldığınız təhsil, gələcəyiniz üçün qurduğunuz planlar bu yanaşmaya əsaslanmalıdır; siz peyğəmbərlərin davamçılarısınız. Mübarək “Əraf” surəsində peyğəmbərlərin gördüyü iş barədə belə buyurulur:

وَ اِلیٰ عادٍ اَخاهُم هودًا قالَ‌ یٰقَومِ‌ اعبُدُوا اللَهَ‌ ما لَکُم مِن اِلٰهٍ غَیرُه‌

“Ad tayfasına da qardaşları Hudu (peyğəmbər gönərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur”. (“Əraf” surəsi, 65-ci ayədən)

Məsələ tövhid məsələsidir. Peyğəmbərlərin bütün fəaliyyəti tövhid üçündür; peyğəmbərlərin dəvətinin əsasını tövhidə dəvət təşkil edir. Tövhidə dəvət təkcə insanlarda Allahın tək və yeganə olduğuna, iki, yaxud üç dənə olmadığına, bütlərin və ya bu qondarma tanrıların heç bir ilahi dəyəri olmadığına inam yaratmaq deyil; tövhid təkcə bu deyil; tövhid əqidəsi insanın bütün həyatını quran bir dünyagörüşünün əsasını, təməlini təşkil edir. Tövhidə inam təkallahlı bir cəmiyyət yaratmaq deməkdir; tövhid əsasında formalaşan və idarə olunan bir cəmiyyət; tövhid əqidəsi budur; əgər bu olmasaydı, peyğəmbərlərə qarşı düşmənçiliklər də olmazdı.

وَ کَذٰلِکَ جَعَلنا لِکُلِّ نَبِیٍّ عَدُوًّا شَیٰطینَ‌ الاِنسِ‌ وَ الجِنِّ‌ یوحی بَعضُهُم اِلیٰ‌ بَعضٍ زُخرُفَ القَولِ غُرورًا

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (bir-birini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

Bu düşmənçiliklər ona görədir ki, peyğəmbərlər gəlib, yaşadıqları cəmiyyətdə mövcud olan qayda-qanunlara etiraz etmiş və onları dəyişdirmək, bəşəriyyətin yaşam tərzinə yeni bir forma, yeni bir quruluş vermək üçün çalışmışlar. Həmin yaşam tərzi bayaq qardaşlarımızdan birinin tilavət etdiyi o şərif ayədə haqqında söz açılan o gözəl həyatdır:

یٰاَیُّهَا الَّذینَ ءامَنُوا استَجیبوا لِلَّهِ وَ لِلرَّسولِ اِذا دَعاکُم لِما یُحییکُم

“Ey iman gətirənlər! Peyğəmbər sizi sizi dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayədən)

مَن عَمِلَ صٰلِحًا مِن ذَکَرٍ اَو اُنثیٰ‌ وَ هُوَ مُؤمِنٌ فَلَنُحیِیَنَّهو حَیوٰ‌ةً طَیِّبَة‌

“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik”. (“Nəhl” surəsi, 97-ci ayədən)

Əsl həyat gözəl həyatdır. Yəni bu zahiri həyatın fövqündə duran başqa bir şey də var ki, ona “gözəl həyat” deyilir. Bəs o nədir? O, imanla yaşanan həyatdır. Yaşamaq üçün, havaya, suya, qidaya, elmə, texnologiyaya – hər şeyə ehtiyac var; yaşamaq üçün bütün bunlar lazımdır, lakin imansız yaşanan həyat həyat deyil; ölümdür. Quran bunu həyat hesab etmir. Həyat o zaman həyat olur ki, insanın gördüyü bütün işlər, yaşamının bütün amilləri imanla müşayiət olunsun; nurlansın; bu, zülmətlər içində bir nurun parlamasına bənzəyir. Ruhanilərin də missiyası bundan ibarətdir. Siz bəşər cəmiyyətinə həyat bəxş etmək istəyirsiniz. Təbii ki, burada da həm peyğəmbərlərin üzləşdiyi çətinliklər var, həm onların həyata keçirdiyi missiyanın icrası var, həm də peyğəmbərlərin qazanmış olduğu uğurların qazanılması; belə ki peyğəmbərlər öz işlərində, öz missiyalarının icrasında uğur əldə ediblər. Bütün peyğəmbərlərin, hətta şəhid olmuş, öz qövmü tərəfindən rədd edilmiş peyğəmbərlərin belə, çağırışı əvvəl-axır eşidilib, dediklərinə əməl olunub. Baxın, Həzrət Nuhun, Həzrət Hudun və öz dövründə kifayət qədər çox düşməni olmuş digər peyğəmbərlərin bu gün dünyada saysız-hesabsız sevənləri, maraq göstərənləri, ardıcılları var. Deməli, bu mesaj, bu missiya qalıcı olmuş, qələbə çalmışdır. Nə vaxtsa inkar olunsa belə, tədricən yer üzünə silsilə ilə gəlmiş peyğəmbərlərin fəaliyyəti sayəsində qələbə çalmışdır. Odur ki siz də peyğəmbərlərin missiyasını yerinə yetirdiyinizə görə həm cəmiyyətə çatdırdığınız mesajlar öz yerini alacaq və heç şübhəsiz, geniş surətdə yayılacaq, həm də ilahi inayət sizə nəsib olacaq; yəni Allah-taala da sizə öz yardımını göstərəcək: 

اِنّا لَنَنصُرُ رُسُلَنا وَ الَّذینَ آمَنوا فِی الحَیوٰةِ الدُّنیا

“Şübhəsiz ki, Biz öz peyğəmbərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (Qiyamət günündə) yardım edəcəyik!” (“Qafir” surəsi, 51-ci ayədən)

Allah-taala sizə kömək edəcək – bu, bir yana – həmçinin, şübhə yox ki, peyğəmbərlər kimi sizin də düşmənləriniz, müxalifləriniz olacaq. Eyni vəziyyətdir; ona görə də özünüzü buna hazırlamalısınız. Hamınız gəncsiniz, bundan sonra yaşamaq, işləmək, çalışmaq üçün irəlidə, inşallah, 60-70 il vaxtınız var. Özünüzü qarşıdakı 50, 60, 70 ildə işləyib zəhmət çəkməyə hazırlayın və bilin ki, sizin çalışmağınız sayəsində bu yolun sonunda dünya, heç şübhəsiz, tamam dəyişib, arzulanan səmtə istiqamətlənəcək; hökmən belə olacaq.

Mən burada bir məqamı da qeyd götürmüşəm ki, unutmayıb sizə deyim: hazırkı dövr teoloji mərkəzlər və ruhani ictimaiyyətimiz üçün əvvəlki dövrlərdən fərqli olan müəyyən xüsusiyyətlərə, spesifik cəhətlərə malikdir ki, bu cəhətlər də ruhanilərin xeyrinədir, onların uğur qazanmasına xidmət edir. Həmin cəhətlərdən biri İslam hökumətinin təşkil olunmasıdır; İslam hökumətinin təşkil olunması cəmiyyətdə islami atmosferin hakim olması deməkdir. O demək deyil ki, əleyhdarlar yoxdur; əleyhdarlar var, həmişə olub, bundan sonra da olacaq, amma cəmiyyətdə hökm sürən əsas siyasi-ideoloji tendensiyanın mahiyyətini İslam dini təşkil edir. Biz siz yaşda olanda ölkədə əsasən İslama zidd bir siyasi-ideoloji cərəyan hökm sürürdü; İslamdan uzaq yox, məhz İslama zidd. Mən Məşhəddə dini təhsil alırdım, eyni zamanda həm teoloji mərkəzdə dərs deyir, həm də universitet tələbələri üçün toplantılar keçirirdim. Məscid tələbələrlə dolu olurdu, onlara təfsirdən danışırdım. Dostlardan biri ilə (Allah ona rəhmət etsin!) Tehrana gəlmək istəyirdik, dəmir yolu vağzalında qatarın yola düşməsini gözləyərkən gəzişirdik. Vağzalda bizim kimi qatarı gözləyən gənclər orada-burada mənə məsxərə edirdilər. Mənimlə birlikdə olan o yoldaş universitet tələbəsi idi, amma onların hərəkətlərinə görə xəcalət çəkirdi. Mənə məsxərə edən o adamla nə düşmənçiliyimiz var idi, nə keçmişdə aramızda bir xoşagəlməz hadisə olmuşdu, nə mən ona bir pislik etmişdim, nə onun, yəqin ki, doğru-dürüst bir savadı var idi, amma buna baxmayaraq, belə bir iş tuturdu. Ruhanilər – yəni ciddi bir işlə məşğul olan, həm təhsil alan, həm dərs deyən gənc bir tələbə səbəbsiz-filansız məsxərə edilməli idi. Ölkədə belə bir atmosfer hökm sürürdü. Hələ Məşhəd İslamın mərkəzi olduğuna baxmayaraq, bu cür idi, Tehranda vəziyyət daha betər idi. Tehranda da dəfələrlə həm mən özüm, həm də bir çox başqa ruhanilər bu cür münasibətlə üzləşmişdik. Bu gün isə elə deyil; o demək deyil ki, bu gün ruhanilərə, dini təhsil alan, başına əmmamə qoyan tələbələrə məsxərə edən, düşmən münasibət bəsləyən, onların əleyhinə olan insanlar yoxdur; belələri bu gün də var, həmişə də olacaq – peyğəmbərlərə də məsxərə edənlər olub – lakin bu gün cəmiyyətdə siyasi-ideoloji baxımdan dinə əsaslanan bir cərəyan hökm sürməkdədir. Bu, bir cəhət; bu cəhət sizin xeyrinizədir; bundan bacardığınız qədər istifadə edin. 

Hazırkı dövrün digər bir üstün cəhəti isə budur ki, müasir dövrdə bütün dünyada ideoloji baxımdan bir boşluq hiss olunur, yeni bir fikrə, yeni bir ideyaya güclü ehtiyac var; bu, bütün dünyada belədir. Ölkələr, düşünən beyinlər, gənclər arasında müxtəlif adlı ideologiyalara qarşı – istər bu, solçu ideologiyalar olsun, istərsə də sağçı – bir küskünlük, pessimizm getdikcə artır. İdeoloji cəhətdən boşluq müşahidə olunur, yeni söz üçün yer açılmışdır. İslam Respublikasının həm insan, həm cəmiyyət, həm də siyasət mövzusunda dünyaya deyiləsi yeni sözləri var; İslamın yeni sözləri var. Əgər biz özümüzün bu yeni sözünü, yeni ideyalarını dünyada yaya, xalqların qulağına çatdıra bilsək, onları qəbul edib alqışlayanlar çox olacaq. Bu, müasir dövrə xas olan xüsusiyyətlərdən biridir. Vaxtikən belə deyildi; “vaxtikən” deyəndə mən 100 il öncəsini yox, elə öz gənclik dövrümü nəzərdə tuturam. Misal üçün, əksər ölkələrdə gənclər arasında marksizm geniş yayılmışdı; təkcə Amerikada və bəzi Avropa ölkələrində bir o qədər də kəskin şəkildə rəvac tapmamışdı, amma əksər ölkələrdə marksizmin cazibəsi güclü idi. Xüsusilə də iqtisadiyyat sahəsində sosialist ideyalar insanları kütləvi surətdə özünə cəlb edirdi; hətta müsəlman ölkələrində belə. Elə bizim öz ölkəmizdə, dini cərəyanı dəstəkləyən məşhur insanlar arasında (hansıların ki indi adlarını çəksəm, tanıyacaqsınız; yəni onları hamınız tanıyırsınız) “sosializm” nəzəriyyəsini açıq-aşkar müdafiə edən, İslam dinindəki iqtisadi görüşləri sosializmlə uyğunlaşdırmağın, yaxud onları cəmiyyətə sosializmə aid termin və ifadələrlə təqdim etməyin tərəfdarı olanlar var idi. Onlardan bəziləri ilə ara-sıra söhbətlərimiz, debatlarımız, müzakirələrimiz olurdu. Bu gün isə elə deyil; bu gün sosializm iflasa uğrayıb və “elmi sosializm” adlandırılan nəzəriyyənin kökündən yanlış olduğu, demək olar ki, hamıya sübut olunub. Marksist təfəkkür tamamilə bir kənara atılıb; liberalizm – Qərb dünyasının fərd və cəmiyyət baxımından izah etdiyi mənada liberalizm qəbul edilmir. Ortada bir ideoloji boşluq yaranıb; yəni hər kəsdə bir ümidsizlik, çaşqınlıq və çarəsizlik hiss olunur. Bu gün İslamın sözünün yeri görünür. İslam dininin insanla, onun qət edə biləcəyi ən ülvi yol və sonda yetişə biləcəyi ən yüksək məqamla – Uca Yaradana doğru səfərlə bağlı təlimləri çox önəmli nəzəri görüşlərdir; eləcə də İslamın ölkələrin və cəmiyyətlərin siyasi idarəetmə quruluşu, yəni dinə əsaslanan xalq hakimiyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı görüşləri. Bütün bunlar olduqca cəlbedici ideyalardır və özəlliklə əgər dünya ölkələrindəki gənc nəsillərin qulağına çatdırılsa, geniş surətdə qəbul edilib alqışlanacaq. Keçmişdə müşahidə olunmayan, bu günə xas özəlliklərdən biri də budur.

Müasir dövrün digər bir üstün cəhəti geniş kütləyə müraciət etmək üçün texnoloji baxımdan əlverişli vasitələrin mövcud olmasıdır. Götürək elə interneti; bayaq bir qardaşımız bu barədə çox yaxşı və ətraflı danışdı; o, bir cümlə işlətdi, təsadüfən bu fikir daha öncə mənim də ağlıma gəlmişdi; qardaşımız internet barədə belə bir fikir səsləndirdi ki, “adı virtual məkandır, halbuki əslində realdır”; yəni bu ortam insanların əksəriyyətinin həyatında var. Bax elə o internet məkanı sizin öz mesajlarınızı dünyanın ən ucqar nöqtələrinə, hər kəsin qulağına çatdıra bilməyiniz üçün əlverişli bir imkan, çox effektiv bir vasitədir. Keçmişdə belə bir imkan yox idi, bu gün isə var. Müasir dövrün üstünlüklərindən biri də budur.

Bu günün üstünlüklərindən biri də çoxlu sayda sualların yaranmasıdır; sual çox bərəkətli bir şeydir. Keçmişdə insanlarda bu qədər sual yaranmırdı, ortaya bu qədər sual çıxmırdı. Şübhə və sualların həmişə düşmən tərəfindən ortaya atıldığını düşünməyimiz yanlışdır; doğrudur, bəzən hansısa sual və şübhələri ortaya atan düşmən olur, lakin sual və şübhələr insanın yaradıcı şüurunun məhsuludur. Bu gün ölkəmizin təhsil alan, elm öyrənən, mübahisə və müzakirələr aparmağı sevən gənc ictimaiyyəti – ali məktəb tələbələri və sair – hamısı daim ortaya yeni-yeni suallar qoyur; bunda heç bir problem də yoxdur. Siz özünüz də eləsiniz; siz də gəncsiniz, yaradıcı düşüncəyə sahibsiniz; bu düşüncə həm ortaya müəyyən suallar çıxara, həm də onlara cavab tapa, o sualların cavabını irəli sürə bilər.

Əlbəttə ki, sual verməklə qalmayın! Mənim sizə tövsiyəm budur. Sual verməklə qalmayın; o suallara cavab axtarın. Bütün sualların cavabı var; sadəcə olaraq, beyin işlətmək, düşünüb, çalışıb, uyğun cavabı tapmaq lazımdır. Əlbəttə ki, suallara cavab axtararkən də səhlənkarılq etmək, səthi düşünmək olmaz. Yəni hər cavab hər suala uyğun olmur; cavablar məntiqli, tutarlı və düzgün olmalıdır.

Bu günün üstünlüklərindən biri sualların çoxluğudur; suallar çoxdur. Suallar çox olduqda ortaya çıxan məsələlər beyin işlətmək, elmin hüdudlarını aşmaq üçün geniş meydan açır; dəyərli əsərlər də məhz o zaman ərsəyə gəlir. İllər öncə təəssübkeş bir misirli yazıçı şiəliyin əleyhinə “Fəcrül-İslam” adlı bir kitab yazmşdı; o kitabda şiəliyin əleyhinə, həqiqətən də, ədalətsiz fikirlər irəli sürülürdü. Əlbəttə, sonradan o kitabın davamı olaraq, “Zəhyül-İslam”, “Zöhrül-İslam”, “Əsrül-İslam” və sair bu adda kitablar da yazdı. 40-cı illərin sonları, 50-ci illərin əvvəllərində mən o kitabların hamısını oxumuşdum. Həmin o “Fəcrül-İslam” kitabı bizim görkəmli din alimlərimizdən bir neçəsinin çox dəyərli əsərlər yazmağına səbəb oldu. Onlardan biri də “Əz-zürriyyə” əsəridir; Şeyx Ağa Bozorg Tehraninin “Əz-zürriyyəsi”. Həmin dəyərli əsərlərdən biri də mərhum Sədrin “Təəsisüş-şiətül-fununul-İslam” əsəridir. Bütün bunlar “Fəcrül-İslam”a cavab olaraq yazılmışdı. Yanılmıramsa, Əhməd Əmin Misrinin “Fəcrül-İslam” kitabına qarşılıq olaraq yazılmış həmin görkəmli əsərlərdən biri də mərhum Seyid Mohsen Əminin din alimlərinin bioqrafiyasından bəhs edən “Əyanuş-şiə” kitabıdır. Yəni ortaya bir məsələ çıxmışdı və ona cavab olaraq bir neçə önəmli iş həyata keçirildi; halbuki əgər o sual olmasaydı, bu dəyərli işlər reallaşmayacaqdı. Bu da bir məqam. Odur ki müasir dövrün üstünlükləri çoxdur; belə bir dövrdə yaşadığınıza və üstünlüklərindən yararlana bildiyinizə görə Allaha şükür edin.

Və son olaraq mən sizə təqvalı olmağı, günahdan çəkinməyi və ibadəti tövsiyə edirəm. Mənim əzizlərim! Bilin ki, bu yolda təqvalı olmaq lazımdır. Bilin ki, ən yaxşı təbliğ sizin carçısı olduğunuz o ideya və amalları öz şəxsi nümunənizdə, əməllərinizdə nümayiş etdirərək həyata keçirdiyiniz təbliğ, ətrafınızdakılara bu yolla göstərdiyiniz təsirdir:

مَن نَصَبَ نَفسَهُ لِلنّاسِ اِماماً فَلیَبدَأ بِتَعلِیمِ نَفسِهِ قَبلَ تَعلیمِ غَیرِه

“Özünü başçı və rəhbər kimi görmək istəyən şəxs başqalarından əvvəl özünü ədəbləndirməlidir”.(5)

Əvvəlcə öz üzərimizdə işləməliyik. Keçmişdə bəzi mədrəsə müdirlərinin sübh vaxtı gedib tələbələrdən hansının gecə namazı qılıb-qılmadığını yoxlamaları, yəni tələbələrin gecə namazlarından mümkün qədər məhrum qalmamağına çalışmaları barədə danışılan əhvalatlar çox mənalıdır. Əlbəttə ki, o vaxt bu daha asan idi; indiki dövrdə bu televiziya kanalları, seriallar və sairlə bu işlər daha çətin olub; amma siz nə qədər çətin olsa da, bunu etməlisiniz. Əziz gənclər, özünüz üçün Allahın yolunu, təvəssül və dua yolunu, Həzrət Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs dualarından bəhrələnməyin yolunu açın; imamlardan (ə) nəql edilmiş təsirli dualardan istifadə etməyə çalışın. Rəvayətlərdə həqiqətən səhih sənədlərlə nəql olunmuş bəzi dualar var ki, insan onlara nəzər salanda, onları oxuyanda böyük zövq alır. “Səhifeyi-Səccadiyyə”dəki duaların özü olsun; hamısı bu qəbildəndir. Bu qapını üzünüzə həmişə açıq saxlayın; günahdan çəkinmək ən əsas məsələdir. Biz cavan olanda seyri-süluk mərhələlərini qət edən ariflərin bizə – onlara mənən bağlı olan, yanlarına gedib-gələn gənclərə birinci tövsiyəsi bu olurdu; “Çalışın günahdan çəkinin” – deyirdilər. Şərif dualardan olan “Əbu Həmzə” duasında oxuyuruq:

(6) فَرِّق بَینی وَ بَینَ ذَنبِیَ المانِعِ لی مِن لُزومِ طَاعَتِک‌

Yəni insan hər hansı bir günaha batanda həmin günah onun Allaha itaətdən də soyumasına səbəb olur; Allaha itaət etməyi də özü üçün lazımlı bilmir, mənəvi uğurlardan məhrum olur; bunu həmişə nəzərə alın. Vaxtın başlanğıcında, fikrini cəmləyərək, diqqətlə qılınan namaz, Quran tilavəti, dua və ziyarətlərlə yaxından ünsiyyət – bütün bunlar siz gənclər, mənim əziz qardaş və bacılarım üçün lazım olan şeylərdir; bunlara daim önəm verməlisiniz. Bax o zaman yaxşı dərs oxumağınızın və inşallah ki, riayət edəcəyiniz təqva və pərhizkarlığın, habelə sahib olduğunuz və bu gün mənim müşahidə etdiyim bu fəal, işlək düşüncənin bərəkəti sayəsində, ölkəmizin “ruhanilər” adlanan elmi-dini ictimaiyyətinin sabahı bu günündən qat-qat yaxşı olacaq, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Görüşün əvvəlində teoloji mərkəzlərin tələbələrindən bir neçəsi çıxış etmişlər.
(2) Şeyx Mürtəza Ənsari 
(3) Ölkə prezidenti və nazirlərlə keçirilən görüş (04.06.1396)
(4) Ölkə prezidenti və nazirlərlə keçirilən görüş (04.06.1396)
(5) Nəhcül-Bəlağə, 71-ci hikmət 
(6) Misbahül-mütəhəccid, c.2, səh. 592