NAMAZ VƏ ORUC RİSALƏSİ
- NAMAZ
- ORUC
- Orucu vacib edən şərtlər
Orucu vacib edən şərtlər
Məsələ 787. Orucu vacib edən şərtlər aşağıdakılardır:
1- Şəri həddi-büluğa çatmaq; 2- Ağıllı olmaq; 3- Oruc tutmağa qadir olmaq; 4- Huşsuz vəziyyətdə olmamaq; 5- Səfərdə olmamaq; 6- Qadının heyzli və nifaslı olmaması; 7- Orucun ziyanlı olmaması; 8- Orucun əziyyətli olmaması.
Məsələ 788. Oruc tutmaq yuxarıdakı şərtlərə malik olan şəxslərə vacib olur. Deməli, həddi-büluğa çatmayan uşağa, dəli insana, huşunu itirən şəxsə, oruc tutmağa qüvvəsi çatmayan insana, səfərdə olan şəxsə, heyzli və nifaslı qadına, oruc tutmağın ona ziyanı və ya əziyyəti (çox böyük çətinliyi) olan şəxsə oruc tutmaq vacib deyildir.
Məsələ 789. Əgər uşaq Ramazan ayında sübh azanından qabaq həddi-büluğa çatsa, həmin günün orucunu tutmalıdır. Amma əgər sübh azanından sonra həddi-büluğa çatsa, həmin günün orucu ona vacib olmur.
Məsələ 790. Şəri büluğ yaşına yeni çatan qızlara[1] oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
Məsələ 791. Heyzli və ya nifaslı qadının orucu düzgün deyildir. Hətta əgər bir qadın şəri məğribə bir neçə dəqiqə qalarkən heyz olsa və ya uşaq dünyaya gətirsə, onun orucu pozulur. Həmçinin əgər bir qadın sübh namazının vaxtı daxil olduqdan bir neçə dəqiqə sonra heyzdən və ya nifasdan paklanarsa, həmin günün orucu düzgün deyildir.
Məsələ 792. Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi ehtimal etsə (yəni orucun ona ziyanı olacağından qorxsa), oruc tutmaq ona vacib olmur. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur. Əgər bu şəxs oruc tutsa, orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
Məsələ 793. Əgər bir şəxs orucun ona ziyanı olmadığını bilib oruc tutsa, amma məğribdən sonra orucun ona ziyanı olduğunu başa düşsə, onun orucu düzgün deyildir və orucun qəzasını tutmalıdır.
Məsələ 794. İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır.
Məsələ 795. Əgər xəstə bir insan Ramazan ayında gündüz vaxtı sağalsa, həmin gün oruc niyyəti edib oruc tutması lazım deyildir. Amma əgər zöhrdən qabaq sağalarsa və bu vaxtadək orucu pozan bir iş görməyibdirsə, niyyət edib oruc tutması ehtiyat-müstəhəbə müvafiqdir. Ramazan ayından sonra isə bu orucun qəzasını tutmalıdır.
Məsələ 796. Müstəhəb oruc o halda düzgündür ki, insanın boynunda Ramazan ayının qəza orucu, həmçinin ehtiyat-vacibə görə, başqa bir vacib oruc olmamalıdır.
Məsələ 797. Əgər boynunda qəza orucu olan bir şəxs bilməsə ki, qəza orucu olan şəxsin müstəhəb oruc tutması düzgün deyildir və bu səbəbdən müstəhəb oruc tutsa, onun orucu düzgün deyildir. Tutduğu oruc qəza orucunun yerinə belə hesab olunmur.
Məsələ 798. Əgər bir şəxs boynunda qəza orucunun olub-olmadığını bilməsə və bu səbəbdən üzərinə düşən vəzifə (həm qəza, həm də müstəhəb oruc) niyyətilə oruc tutsa, amma əslində, onun boynunda qəza orucu olsa, tutduğu oruc qəza orucu hesab edilir.
Məsələ 799. Əgər bir şəxsin boynunda Ramazan ayının qəza orucu olsa, amma o, bunu unutsa və müstəhəb oruc tutsa, gündüz ərzində bunu xatırladığı təqdirdə, onun müstəhəb orucu pozulur. Əlbəttə, əgər zöhrdən qabaq bunu xatırlasa, Ramazan ayının qəza orucunun niyyətini edə bilər. Amma əgər zöhrdən sonra xatırlasa, qəza orucunun niyyətini etməsi düzgün deyildir.
[1] Məşhur rəyə görə, qızlarda şəri büluğ yaşı qəməri təqvimi ilə doqquz yaşın tamamlanmasıdır (miladi təqvim ilə 8 il 8 ay 23 gün edir).
- Orucun vacib əməlləri
- 1- Niyyət
- 2- Orucu pozan işləri yerinə yetirməmək
- 1- Yemək və içmək
1- Yemək və içmək
Məsələ 818. Əgər oruc tutan şəxs bilərəkdən və şüurlu şəkildə bir şey yesə və ya içsə, onun orucu pozulur. Onun yeyib-içdiyi şey istər adi qidalardan biri olsun, istərsə də qeyri-qida (məsələn, kağız, parça və bu kimi bir şey) olsun, yaxud da istər çox olsun, istərsə də az olsun (məsələn, bir damcı su və ya bir çörək qırıntısı), bunun fərqi yoxdur.
Məsələ 819. Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə, onun orucu – istər vacib oruc olsun, istərsə də müstəhəb oruc olsun – pozulmur.
Məsələ 820. Əgər oruc tutan şəxs dişinin arasında qalan yemək qırıntısını bilərəkdən udsa, onun orucu pozulur. Amma əgər dişinin arasında yemək qırıntısı qaldığını bilməsə və ya onu bilərəkdən udmasa, orucu pozulmur.
Məsələ 821. Ağız suyunu udmaq orucu pozmur.
Məsələ 822. Əgər baş və sinədən gələn bəlğəm ağız boşluğuna daxil olmayıbsa, onu udmaq orucu pozmur. Amma əgər ağız boşluğuna daxil olubsa, ehtiyat-vacibə görə, onu udmaq olmaz.
Məsələ 823. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qidalandırıcı və qüvvətləndirici əzələ iynələrindən, damara vurulan iynələrdən, həmçinin hər növ sistemdən istifadə etməməlidir. Amma qidalandırıcı və qüvvətləndirici olmayan əzələ iynələrindən, məsələn, antibiotiklərdən, ağrıkəsicilərdən, keyidicilərdən, həmçinin yaranın üstünə qoyulan dərmanlardan istifadə edə bilər.
Məsələ 824. Ehtiyat-vacibə görə, oruc tutan şəxs hər növ tütün məhsulunun tüstüsündən, həmçinin burun yolu ilə və ya dilin altına qoymaqla istifadə edilən narkotik maddələrdən çəkinməlidir.
Məsələ 825. Əgər xəstəliyin müalicəsi üçün dərman içmək və ya bu kimi bir işi görmək zəruri olarsa, dərman içməyin və s. maneəsi yoxdur. Amma oruc pozulur və sonradan onun qəzasını tutmaq lazımdır.
Məsələ 826. Əgər dil altına qoyulan dərmanlardan istifadə edərkən ağız suyu dərmanla qarışarsa, bu ağız suyunu tüpükdükdə oruc düzgündür.
Məsələ 827. Əgər oruc tutmaq niyyətində olan şəxs yemək yediyi zaman sübh namazının vaxtının daxil olduğunu başa düşsə, ağzındakı yeməyi çıxarmalıdır. Əgər onu bilərəkdən udsa, orucu pozulur.
Məsələ 828. Ağız daxilinin qanaması orucu pozmur. Amma qanın boğaza çatmasının qarşısını almaq lazımdır.
Məsələ 829. Əgər damaq və ya dişdən gələn qan ağız suyuna qarışıb tamamilə aradan getsə, ağız suyu pak hökmündədir və onu udmaq orucu pozmur. Həmçinin əgər ağız suyunda qanın olduğuna şəkk olunarsa, onu udmağın maneəsi yoxdur və oruc düzgündür.
Məsələ 830. Uşaq üçün yeməyi ağızda çeynəmək, yeməyin dadına baxmaq və bu kimi işlər – belə ki, bu hallarda yemək adətən boğaza çatmır – orucu pozmur. Hətta əgər yemək qeyri-ixtiyari olaraq boğaza çatsa və boğazdan keçsə, yenə də oruc pozulmur. Amma əgər şəxs yeməyin boğaza çatacağını əvvəlcədən bilərsə, yemək boğazdan keçdiyi halda oruc pozulur.
Məsələ 831. Halsızlıq və zəifliyə görə orucu pozmağa icazə verilmir. Amma əgər halsızlıq və zəiflik elə bir həddə olsa ki, adətən ona dözmək olmur, bu halda orucu pozmağa icazə verilir. Sonradan isə orucun qəzasını tutmaq lazımdır.
- 2- Cinsi əlaqədə olmaq
2- Cinsi əlaqədə olmaq
Məsələ 832. Cinsi əlaqədə olmaq, hətta məni xaric olmasa belə, orucu pozur.
Məsələ 833. Əgər oruc tutan şəxs oruc olduğunu unudarsa və cinsi əlaqədə olarsa, onun orucu pozulmur. Amma bunu xatırladığı an dərhal cinsi əlaqəni kəsməlidir. Əks halda, orucu pozulur.
- 3- İstimna (masturbasiya)
3- İstimna (masturbasiya)
Məsələ 834. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına səbəb olan bir işi bilərəkdən görsə, orucu pozulur.
Məsələ 835. Əgər oruc tutan şəxs özündən məni xaric etmək məqsədilə bir iş görsə, məni xaric olmadığı təqdirdə, ehtiyat-vacibə görə, orucunu tamamlamalı və sonradan orucun qəzasını tutmalıdır.
Məsələ 836. Əgər oruc tutan şəxsdən yuxuda ikən və ya oyaqlıqda qeyri-ixtiyari olaraq məni xaric olsa, onun orucu pozulmur.
Məsələ 837. Gündüz vaxtı möhtəlim olmaq[1] orucu pozmur. Əgər oruc tutan şəxs bilsə ki, yatdığı təqdirdə möhtəlim olacaqdır, o, yata bilər.
Məsələ 838. Əgər oruc tutan şəxs məni xaric olmaqda ikən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
Məsələ 839. Əgər oruc tutan şəxs Ramazan ayının gündüzündə və ya oruc tutduğu digər günlərdə yuxuda ikən cənabətli olsa, ayıldıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
- 4- Sübh azanınadək cənabət, heyz və ya nifas qüslünü etməmək
4- Sübh azanınadək cənabət, heyz və ya nifas qüslünü etməmək
Məsələ 840. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa, sübh namazının vaxtı daxil olmamışdan qabaq (yəni fəcr doğanadək) qüsl etməlidir. Əgər o, fəcr doğanadək bilərəkdən qüsl etməsə, orucu düzgün deyildir. Amma məğribədək orucu pozan işləri yerinə yetirməməlidir.
Məsələ 841. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və qeyri-ixtiyari olaraq sübh namazının vaxtı daxil olanadək qüsl etməsə, məsələn, yuxuda ikən cənabətli olsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan ayılsa, onun orucu düzgündür.
Məsələ 842. Əgər qəza orucu tutmaq istəyən şəxs bilərəkdən sübh azanının vaxtı daxil olanadək cənabət qüslü etməsə, orucu düzgün deyildir. Əgər səhvən qüsl etməsə, ehtiyata görə, orucu düzgün deyildir.
Məsələ 843. Ramazan ayının gecəsində cənabətli olan bir şəxs bilir ki, yatdığı təqdirdə sübh azanından qabaq oyanacaqdır. Amma o, oyandıqdan sonra qüsl etmək istəmir və ya qüsl edib-etməyəcəyinə tərəddüd edir. Əgər bu şəxs yatsa və yuxudan oyanmasa, orucu düzgün deyildir.
Məsələ 844. Əgər oyaqlıqda cənabətli olan və ya yuxuda ikən cənabətli olduqdan sonra oyanan bir şəxs bilsə ki, yatdığı təqdirdə sübh azanınadək qüsl üçün oyana bilməyəcəkdir, o, qüsl etmədən yata bilməz. Əgər yatsa və sübh azanınadək qüsl edə bilməsə, orucu düzgün deyildir. Amma əgər sübh azanınadək qüsl üçün oyanacağını ehtimal etsə və qüsl etmək niyyətində də olsa, lakin oyana bilməsə, orucu düzgündür. Amma əgər o, oyandıqdan sonra yenidən yatsa və sübh azanınadək oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 845. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unutsa və sübh namazının vaxtı daxil olduğu zaman o, cənabətli halda olsa, həmin gün onun orucu düzgündür. Amma əgər bu unutqanlıq bir neçə gün davam etsə, bu günlərin orucunun qəzasını tutmalıdır. Namazlar isə istənilən halda düzgün deyildir.
Məsələ 846. Əgər bir şəxs cənabətli halda qalmağın orucu pozub-pozmadığına şəkk etsə və cənabətli halda oruc tutsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir[1] və orucun qəzasını da tutmalıdır. Amma cənabətli halda qalmağın orucu pozmadığına yəqinliyi olsa və buna görə də oruc tutsa, orucu düzgündür. Baxmayaraq ki, ehtiyat üzrə orucun qəzasını tutmaq yaxşı olar.
Məsələ 847. Ramazan ayının gecəsində qüsl etməli olan şəxs əgər vaxt dar olduğuna və ya suyun ona ziyanı olduğuna və ya bu kimi başqa səbəblərə görə qüsl edə bilməsə, fəcr doğanadək qüsl əvəzinə təyəmmüm etməlidir.
Məsələ 848. Əgər Ramazan ayının gecəsində qüsl və təyəmmüm etmək üçün vaxt olmadığı bir halda oruc tutan şəxs özünü cənabətli etsə, onun orucu düzgün deyildir. Ona orucun həm qəzası, həm də orucu bilərəkdən açmağın kəffarəsi vacib olur. Amma əgər yalnız təyəmmüm etmək üçün vaxt olarsa və bu şəxs cənabətli olduqdan sonra fəcr doğanadək təyəmmüm edərsə, orucu düzgündür.
Məsələ 849. Vəzifəsi təyəmmüm etmək olan bir şəxs mübarək Ramazan ayının gecələrində cənabətə səbəb olan işi görə bilər. Amma bu şərtlə ki, cənabətli olduqdan sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ 850. Əgər qadın heyz və ya nifas qanından paklanarsa, sübh namazının vaxtı daxil olanadək qüsl etməlidir. Əgər o, bilərəkdən qüsl etməzsə, orucu düzgün deyildir.
Məsələ 851. Əgər qadın oruc ikən heyz olsa və ya uşağı doğulsa, orucu pozulur.
Məsələ 852. Əgər qadın sübh azanından sonra heyz və ya nifas qanından paklansa, həmin gün oruc tuta bilməz.
Məsələ 853. Əgər qadın heyz və ya nifas qüslünü etməyi unutsa və bunu sonradan xatırlasa, bu müddət ərzində tutduğu oruclar – istər Ramazan ayının orucu olsun, istərsə də başqa oruclar olsun – düzgündür.
[1] Orucun “ehtiyat-vacibə görə” düzgün olmadığı hallarda mükəlləf orucu tutmalı və sonradan onun qəzasını da yerinə yetirməlidir.
- 5- Maye bir şey ilə imalə etmək
5- Maye bir şey ilə imalə etmək
Məsələ 854. Maye bir şeylə imalə etmək, hətta çarəsizlik üzündən və müalicə üçün olsa belə, orucu pozur. Amma bərk şamlardan istifadə etməyin maneəsi yoxdur və orucu pozmur.
- 6- Qusmaq
6- Qusmaq
Məsələ 855. Əgər oruc tutan şəxs bilərəkdən qussa, orucu pozulur. Baxmayaraq ki, xəstəliklə əlaqədar olaraq və ya başqa bir səbəbə görə qusmaq məcburiyyətində olmuşdur. Amma əgər səhvən və ya qeyri-ixtiyari olaraq qussa, orucu pozulmur.
Məsələ 856. Əgər gəyirərkən oruc tutan şəxsin ağzına bir şey gəlsə, onu ağzından çıxarmalıdır. Amma əgər onu qeyri-ixtiyari olaraq udsa, orucu düzgündür.
- 7- Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək
7- Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək
Məsələ 857. Mütəal Allahın, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) adından yalan demək – hətta insan sonradan tövbə etsə və onların adından yalan dediyini etiraf etsə belə – ehtiyat-vacibə görə, orucu pozur.
Məsələ 858. Əgər insan kitablarda yazılan hədislərin yalan olduğunu bilməsə və onları nəql etsə, iradı yoxdur. Amma hədisləri həmin kitablara istinadən nəql etməsi ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 859. Əgər bir şəxs bir sözün düzgün olduğunu bilib, onu Mütəal Allahın, ya Həzrət Peyğəmbərin (s) və ya Məsum İmamların (ə) adından desə, amma sonradan bu sözün səhv olduğunu başa düşsə, orucu pozulmur.
Məsələ 860. Əgər oruc tutan şəxs bilsə ki, Mütəal Allahın və Həzrət Peyğəmbərin (s) adından yalan demək orucu pozur, amma buna baxmayaraq, yalan söz olduğunu bildiyi bir sözü onların adından desə, sonradan isə bu sözün düzgün olduğu məlum olsa, ehtiyata görə, bu şəxs orucunu tamamlamalı və sonradan orucun qəzasını tutmalıdır.
Məsələ 861. Əgər oruc tutan şəxsdən soruşsalar ki, “Həzrət Peyğəmbər (s) belə bir söz buyurmuşdurmu?” və o, bilərəkdən həqiqətə zidd olan cavab versə, ehtiyata görə, onun orucu pozulur.
- 8- Qatı tozu boğaza çatdırmaq
8- Qatı tozu boğaza çatdırmaq
Məsələ 862. Ehtiyat-vacibə görə, oruc tutan şəxs qatı tozu (məsələn, torpaqlı yeri süpürərkən qalxan tozu), həmçinin siqaretin və digər tütün məhsullarının tüstüsünü udmamalıdır. Əgər onları udarsa, ehtiyata görə, orucu pozulur.
Məsələ 863. Oruc tutan şəxs təngnəfəsliyə qarşı aerozol şəklində olan dərmandan istifadə edə bilər və onun orucu pozulmur.
Məsələ 864. Ağız və ya buruna daxil olan toz və tüstü boğaza çatmadığı təqdirdə, oruc pozulmur.
Məsələ 865. Əgər güclü külək qalxdığına görə havaya qatı toz-torpaq qalxsa və şəxs oruc olduğunu bildiyi halda özünü qorumasa, buna görə də toz-torpaq onun boğazına çatsa, ehtiyat-vacibə görə, onun orucu pozulur.
Məsələ 866. Əgər bir şəxs oruc olduğunu unutsa və toz-torpaq və ya bu kimi bir şey onun boğazına çatsa, orucu pozulmur. Həmçinin əgər toz-torpaq qeyri-ixtiyari olaraq insanın boğazına çatsa, orucu düzgündür.
- 9- Başı bütünlüklə suya salmaq
9- Başı bütünlüklə suya salmaq
Məsələ 867. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, ehtiyat-vacibə görə, onun orucu pozulur və həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 868. Əvvəlki məsələni nəzərə alaraq, başı bütünlüklə suya salarkən bədənin də suda olmasının, yaxud təkcə başı suya salmağın fərqi yoxdur və hökm eynidir.
Məsələ 869. Əgər bir şəxs başının yarısını suya salsa və çıxarsa, sonra başın digər yarısını suya salsa, onun orucu pozulmur.
Məsələ 870. Əgər oruc tutan şəxs bilərəkdən başını bütünlüklə suya salsa, amma saçların bir hissəsi sudan xaricdə olsa, ehtiyat-vacibə görə, orucu pozulur.
Məsələ 871. Əgər oruc tutan şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.
Məsələ 872. Əgər oruc tutan şəxs qeyri-ixtiyari olaraq suya düşsə və onun başı bütünlüklə suya daxil olsa, yaxud onun başını məcburi şəkildə suya salsalar, orucu pozulmur. Amma o, başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını suya salsa, orucu pozulmur. Amma oruc olduğunu xatırladığı an başını sudan dərhal çıxarmalıdır.
Məsələ 873. Başa su tökmək və ya hamamda duşun altında dayanmaq orucu pozmur.
- Orucu pozan işlərin bir sıra hökmləri
Orucu pozan işlərin bir sıra hökmləri
Məsələ 874. Orucu pozan işlər (yemək, içmək və s.) bilərəkdən və ixtiyari şəkildə yerinə yetirildikdə oruc pozulur. Amma əgər bilərəkdən olmasa, məsələn, oruc tutan şəxsin ayağı sürüşüb dənizə düşsə və suda batsa, yaxud oruc olduğunu unudaraq yemək yesə, yaxud da onun boğazına zorla bir şey töksələr, orucu pozulmur.
Məsələ 875. Əgər oruc tutan şəxs orucu pozan bir işi səhvən yerinə yetirsə, sonra orucunun pozulduğunu düşünüb, yenidən bu işi bilərəkdən yerinə yetirsə, onun orucu pozulur.
Məsələ 876. Əgər oruc tutan şəxsi məcbur etsələr ki, orucu pozan bir işi yerinə yetirsin, məsələn, ona: “Əgər yemək yeməsən, sənin canına və ya malına ziyan vuracağıq” – desələr, o da ziyanı dəf etmək üçün özü yemək yesə, orucu pozulur.
Məsələ 877. Əgər oruc tutan şəxs orucu pozan bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, məsələn, ağzına aldığı suyu udub-udmadığına şəkk etsə, onun orucu düzgündür.
-
-
- Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər
Məsələ 878. Oruc tutan şəxsə aşağıdakı işlər məkruhdur:
1- Halsızlığa səbəb olan hər bir iş (məsələn, qan vermək, hamama getmək və s.);
2- Ətirli bitkiləri qoxulamaq (ətir vurmaq məkruh deyildir);
3- Əynində olan paltarı islatmaq;
4- Rütubətli misvak çubuğu ilə dişləri təmizləmək;
5- Diş çəkdirmək, ümumiyyətlə, ağızdan qan gəlməsinə səbəb olan bir işi görmək;
6- Yeməyi dadmaq və bu kimi işləri görmək;
7- Boğaza çatmamaq şərtilə, buruna dərman tökmək;
8- Qoxusu və ya dadı boğaza çatdığı təqdirdə, gözə dərman tökmək və sürmə çəkmək;
9- Qadının suda əyləşməsi;
10- Həyat yoldaşına toxunmaq və şəhvətin oyanmasına səbəb olan hər hansı bir işi görmək;
11- Ağıza su alıb, ağızı yaxalamaq.
- Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
Məsələ 879. Əgər bir şəxs mübarək Ramazan ayında orucu pozan işləri[1] bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzr olmadan yerinə yetirsə, oruc pozulur və orucun qəzasından əlavə, ona orucu bilərəkdən pozmağın kəffarəsi də vacib olur. Bu şəxs istər orucun kəffarəsinin ona vacib olacağını bilsin, istərsə də bilməsin, fərqi yoxdur və kəffarə ona vacib olur.
Məsələ 880. Əgər bir şəxs şəri hökmü bilmədiyinə görə orucu pozan bir iş görsə, məsələn, dərman içməyin də başqa şeyləri yemək kimi orucu pozduğunu bilməsə və Ramazan ayında oruc olduğu halda dərman içsə, onun orucu pozulur. O, orucun qəzasını tutmalıdır, amma kəffarə vacib olmur.
Məsələ 881. Əgər bir şəxs müəyyən bir işin haram olduğunu bilsə, amma bu işin orucu pozduğunu bilməsə və bu işi görsə, orucun qəzasından əlavə, ehtiyat-vacibə görə, ona orucun kəffarəsi də vacib olur.
Məsələ 882. Əgər oruc tutan şəxsin daxilindən onun ağzına bir şey gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun qəzası və kəffarəsi bu şəxsə vacib olur.
Məsələ 883. Əgər bir şəxs müəyyən gündə oruc tutmağı nəzir etsə, amma həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu pozsa, kəffarə verməlidir[2].
Məsələ 884. Əgər Ramazan ayında sözünə etibar edilməyən bir şəxs şəri məğrib olduğunu desə və oruc tutan şəxs onun sözünə əsasən iftar etsə, sonra isə məğrib olmadığını başa düşsə, ona orucun qəzası və kəffarəsi vacib olur.
Məsələ 885. Əgər bir şəxs orucunu bilərəkdən pozsa, həmin gün səfərə getsə belə, kəffarə onun öhdəsindən götürülmür.
Məsələ 886. Cinsi əlaqədə hər iki tərəfin orucu pozulur və onların hər ikisinə orucun qəzası və kəffarəsi vacib olur.
- Orucu bilərəkdən pozmağın kəffarəsi
Orucu bilərəkdən pozmağın kəffarəsi
Məsələ 887. Müqəddəs İslam şəriətində mübarək Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi aşağıdakı üç işdən biridir:
1- Bir qul azad etmək;
2- İki ay oruc tutmaq;
3- Altımış fəqirə yemək vermək.
Hazırkı dövrdə qul olmadığına görə, şəri vəzifə daşıyan şəxs digər iki işdən birini yerinə yetirməlidir.
Məsələ 888. Ramazan ayının orucunun iki ay kəffarə orucunu tutmaq istəyən şəxs tam bir ayı və ikinci aydan ən azı bir günü ara vermədən oruc tutmalıdır. İkinci ayın orucunu fasilələrlə tutmağın maneəsi yoxdur.
Məsələ 889. Ara vermədən oruc tutmalı olan şəxs əgər həmin müddətdə heç bir üzr olmadan bir gün oruc tutmasa, yaxud oruc tutmağa elə bir vaxt başlasa ki, həmin müddətdə oruc tutmağın haram olduğu bir gün (məsələn, Qurban bayramı) və ya oruc tutmağın vacib olduğu bir gün (məsələn, günü müəyyən olan nəzir orucu) vardır, oruc tutduğu günlər sayılmır və yenidən başdan oruc tutmağa başlamalıdır.
Məsələ 890. Altmış gün oruc tutmaq istəyən şəxs əgər həmin müddətdə müəyyən bir üzrə görə, məsələn, xəstəliklə və ya heyz ilə əlaqədar oruc tuta bilməsə, üzrü aradan qalxdıqdan sonra orucu davam etdirə bilər və yenidən başdan başlamaq lazım deyildir.
Məsələ 891. Fəqirə yemək vermək iki şəkildə yerinə yetirilə bilər:
1- Hazır yemək verib, onları doyuzdurmaq;
2- Hər bir fəqirə 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan vermək.Məsələ 892. Fəqir – o şəxsdir ki, özünün və ailəsinin illik xərcini təmin edə bilmir və qazanc da əldə edə bilmir.
Məsələ 893. Əgər bir şəxs orucu bilərəkdən pozmağın kəffarəsi olaraq qeyd edilən işlərin heç birini yerinə yetirə bilmirsə, imkanı çatdığı qədər fəqirə yemək versin və ehtiyata görə, Allahdan bağışlanma da diləsin. Əgər fəqirə heç bir vəchlə yemək verməyə maddi imkanı yoxdursa, Allahdan bağışlanma diləməsi kifayət edir. Yəni dili və qəlbi ilə desin: “Əstəğfirullahə” (Allahdan bağışlanma diləyirəm).
Məsələ 894. Oruc tutmağa və fəqirə yemək verməyə qadir olmadığına görə şəri vəzifəsi Allahdan bağışlanma diləmək olan bir şəxs əgər sonralar oruc tutmağa və ya fəqirlərə yemək verməyə qadir olsa, bu işi görmək ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 895. Orucu bilərəkdən pozmağın kəffarəsi olaraq altmış fəqirə yemək vermək istəyən şəxsin əgər altmış fəqirə əli çatırsa, iki və ya daha çox fəqirin payını bir fəqirə verə bilməz. Əksinə, altmış fəqirin hər birinə ona düşən pay miqdarında yemək verməlidir. Amma fəqir bir şəxsin ailə üzvlərinin payını ona həvalə edə bilər ki, aparıb ailə üzvlərinə çatdırsın. Fəqir şəxsin uşaq və ya böyük, yaxud kişi və ya qadın olmasının bir fərqi yoxdur.
Məsələ 896. Əgər oruc tutan şəxs gün ərzində orucu pozan bir işi bir dəfədən çox yerinə yetirsə, ona yalnız bir kəffarə vacib olur. Amma əgər cinsi əlaqə və ya istimna ilə orucu pozarsa, ehtiyat-vacibə görə, cinsi əlaqənin və ya istimnanın sayı qədər kəffarə verməlidir.
Məsələ 897. Əgər bir şəxs Ramazan ayında haram cinsi əlaqə və ya haram yemək-içmək ilə orucunu pozarsa, üç kəffarədən birini verməsi kifayət edir. Baxmayaraq ki, hər üç kəffarəni verməsi (bir qul azad etmək, altmış gün oruc tutmaq, altmış fəqirə yemək vermək) ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 898. Əgər bir şəxsə kəffarə vacib olubsa, onu dərhal yerinə yetirməsi vacib deyildir. Amma kəffarəni verməyi o qədər yubatmamalıdır ki, vacib əməli yerinə yetirməkdə səhlənkarlıq hesab olunsun.
Məsələ 899. Əgər bir neçə il keçsə və şəxs vacib kəffarəni verməsə, kəffarənin üstünə heç nə əlavə olunmur.
Məsələ 900. Orucun qəzasını və kəffarəsini yerinə yetirməkdə xüsusi bir ardıcıllıq gözlənilmir, yəni hansını istəsən, birinci yerinə yetirə bilərsən.
- Yalnız orucun qəzasının vacib olduğu hallar
Yalnız orucun qəzasının vacib olduğu hallar
Məsələ 901. Əgər bir şəxs Ramazan ayında oruc niyyəti etməsə, yaxud riya ilə oruc tutsa, yaxud da oruc tutmamaq niyyətində olsa, amma orucu pozan işlərdən heç birini yerinə yetirməsə, həmin günün orucunun qəzasını tutmalıdır, kəffarə isə vacib olmur.
Məsələ 902. Əgər bir şəxs Ramazan ayının gecəsində cənabətli olsa və 844-cü məsələdə açıqlandığı şəkildə sübh azanınadək ikinci yuxudan oyanmasa, ona yalnız orucun qəzası vacib olur. Amma məğribədək orucu pozan işləri yerinə yetirməməlidir.
Məsələ 903. Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü etməyi unutsa və cənabətli halda bir neçə gün oruc tutsa, ona yalnız həmin günlərin orucunun qəzası vacibdir.
Məsələ 904. Əgər bir şəxs Ramazan ayının sübh çağında fəcrin doğduğuna hələ yəqin etməyibdirsə, orucu pozan işləri yerinə yetirə bilər.
Məsələ 905. Əgər bir şəxs Ramazan ayının sübh çağında fəcrin doğub-doğmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonradan həmin vaxt fəcrin doğduğu məlum olsa, həmin günün orucunun qəzasını tutmalıdır. Amma əgər araşdırma apardıqdan və fəcrin doğmadığını bildikdən sonra orucu pozan bir iş görsə, sonradan isə həmin vaxt fəcrin doğduğu məlum olsa, ona həmin günün orucunun qəzası vacib olmur.
Məsələ 906. Ramazan ayında şəri məğribin olduğuna yəqinlik olmayanadək orucu açmaq olmaz.
Məsələ 907. Əgər bir şəxs Ramazan ayında havanın qaranlığına görə məğrib vaxtı olduğuna yəqin etsə və ya sözü şəri dəlil olan şəxslər məğrib olduğunu desələr və o da iftar etsə, amma sonradan həmin vaxt məğrib olmadığı məlum olsa, həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 908. Əgər bir şəxs səma buludlu olduğuna görə məğrib olduğunu güman etsə və buna görə də iftar etsə, amma sonradan həmin vaxt məğrib olmadığı məlum olsa, ona həmin günün orucunun qəzası vacib olmur.
Məsələ 909. Əgər hansısa bir səbəbə görə orucu pozmaq icazəli və ya vacib olsa, məsələn, bir şəxsi orucu pozan bir işi görməyə vadar etsələr, yaxud suda boğulan bir insanı xilas etmək üçün suya atılmaq lazım gəlsə, bu halda yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur.
Məsələ 910. Əgər oruc tutan şəxs dəstəmaz alarkən suyun boğazdan keçməyəcəyinə əmin olduğu bir halda ağzını yaxalasa (belə ki, dəstəmaz alarkən ağıza bir qədər su alıb ağızı yaxalamaq müstəhəbdir) və su qeyri-ixtiyari olaraq boğazdan keçsə, bu iş vacib namazı qılmaq üçün alınan dəstəmazda yerinə yetirildiyi təqdirdə, oruc düzgündür. Amma əgər vacib olmayan namazı qılmaq üçün alınan dəstəmazda yerinə yetirilərsə və ya dəstəmazdan qeyri bir yerdə yerinə yetirilərsə (məsələn, sərinlənmək üçün və s.) və su qeyri-ixtiyari boğazdan keçərsə, ehtiyata görə, həmin günün orucunun qəzası tutulmalıdır.
Məsələ 911. Əgər oruc tutan şəxs bilsə ki, ağzını yaxaladığı təqdirdə su qeyri-ixtiyari olaraq və ya unutqanlıq nəticəsində boğazdan keçəcəkdir, o, ağzını yaxalamamalıdır.
- Orucun qəzasının hökmləri
Orucun qəzasının hökmləri
Məsələ 912. Əgər bir şəxs bir neçə gün huşsuz vəziyyətdə olsa və vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzasını tutmaq lazım deyildir.
Məsələ 913. Əgər bir şəxs məst olduğuna görə vacib orucu tuta bilməyibdirsə, məsələn, oruc niyyəti etməyibdirsə, gün ərzində orucu pozan işləri yerinə yetirməsə belə, onun orucu düzgün deyildir və həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 914. Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst olubsa və bütün gün və ya günün bir hissəsini məst vəziyyətdə olubsa – xüsusilə də ağılın aradan getdiyi bərk məstlik vəziyyətində olduğu hallarda – ehtiyat-vacibə görə, həmin günün orucunun qəzasını tutmalıdır.
Məsələ 915. Əvvəlki iki məsələdə bunun bir fərqi yoxdur ki, məstedici maddəni qəbul etmək onun üçün haram imiş, yaxud da xəstəliklə əlaqədar və ya qəbul etdiyi maddənin məstedici olduğunu bilmədiyinə görə onu qəbul etmək haram deyilmiş.
Məsələ 916. Ramazan ayında qadın heyzli və ya nifaslı günlərində tutmadığı orucun qəzasını Ramazan ayından sonra tutmalıdır.
Məsələ 917. Əgər Ramazan ayında bir şəxs xəstəliklə əlaqədar olaraq, yaxud qadın heyzli və ya nifaslı günlərində oruc tutmazsa və Ramazan ayı başa çatmamışdan qabaq o, dünyasını dəyişərsə, tutmadığı orucların qəzasını onun əvəzindən tutmaq lazım deyildir.
Məsələ 918. Əgər Ramazan ayında bir şəxs müəyyən üzrə görə bir neçə gün oruc tutmasa və günlərin sayını dəqiq bilməsə, üzrün hansı tarixdən etibarən başlandığını bilmədiyi təqdirdə (məsələn, bir şəxs Ramazan ayının 25-i, yoxsa 26-sı səfərə getdiyini bilmir və buna görə də altı gün, yoxsa beş gün qəza orucu tutmalı olduğunu müəyyənləşdirə bilmir), bu halda o, sayın azını götürüb, həmin sayda qəza orucu tuta bilər. Amma əgər üzrün hansı tarixdən etibarən başlandığını bilirsə, məsələn, Ramazan ayının 5-i səfərə getdiyini bilir, lakin ayın 10-u, yoxsa 11-i gecə qayıtdığını bilmir və buna görə də beş gün, yoxsa altı gün qəza orucu tutacağını müəyyənləşdirə bilmirsə, bu halda ehtiyat-vacibə görə, sayın çoxunu götürməli və həmin sayda qəza orucu tutmalıdır.
Məsələ 919. Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, düzgündür. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.
Məsələ 920. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutubsa və qəza orucu üçün vaxt dar deyildirsə, bu şəxs zöhrdən qabaq orucunu poza bilər. Amma əgər vaxt dardırsa, yəni qarşıda gələn Ramazan ayınadək qəza oruclarının sayı qədər gün qalıbdırsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq orucunu pozmasın.
Məsələ 921. Əgər Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhrdən sonra orucunu bilərəkdən pozsa, on fəqirə yemək verməlidir. Əgər buna maddi imkanı yoxdursa, üç gün oruc tutmalıdır.
Məsələ 922. Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının orucunun qəzası vardırsa və o, niyyətində hansı ayın qəzasını tutduğunu müəyyən etməzsə, tutduğu oruc birinci olan Ramazan ayının qəza orucu hesab olunacaqdır.
Məsələ 923. Əgər bir şəxs müəyyən bir üzrə görə (məsələn, xəstəliklə əlaqədar və ya səfərə getdiyi üçün) oruc tutmayıbdırsa, gələn ilin Ramazan ayınadək onun üzrü aradan qalxdığı təqdirdə, orucun qəzasını tutmalıdır.
Məsələ 924. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməyibdirsə, onun xəstəliyi gələn Ramazan ayınadək davam etdiyi təqdirdə, orucların qəzası onun boynundan götürülür. Amma hər gün üçün bir müdd təam fəqirə verməlidir.
Məsələ 925. Əgər bir şəxs xəstəliklə əlaqədar olaraq Ramazan ayında oruc tuta bilməsə və Ramazan ayından sonra xəstəliyi sağalsa, amma fasiləsiz olaraq başqa bir üzr ortaya çıxsa və gələn ilin Ramazan ayınadək orucların qəzasını tuta bilməsə, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır. Həmçinin əgər xəstəlikdən qeyri bir üzrə görə Ramazan ayında oruc tuta bilməsə və Ramazan ayından sonra üzrü aradan qalxsa, amma gələn ilin Ramazan ayınadək xəstəliklə əlaqədar olaraq orucların qəzasını tuta bilməsə, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır.
Məsələ 926. Əgər bir şəxs səfər ilə əlaqədar olaraq Ramazan ayının orucunu tuta bilməsə və gələn ilin Ramazan ayınadək səfər vəziyyətində olsa, ötən ilin Ramazan ayının orucunun qəzası onun boynundan götürülmür. O, bu qəza oruclarını sonrakı illərdə tutmalıdır. Təxir kəffarəsi vermək isə ehtiyat-müstəhəbə müvafiqdir.
Məsələ 927. Əgər bir şəxs fiziki gücü çatmadığına görə Ramazan ayında oruc tutmağa, həmçinin gələn ilin Ramazan ayınadək orucların qəzasını tutmağa qadir deyildirsə, orucların qəzası onun boynundan götürülmür. Orucların qəzasını tutmağa qadir olduğu zaman onları tutmalıdır. Həmçinin əgər bir şəxs bir neçə il oruc tutmayıbsa və tövbə edib, orucların qəzasını tutmağı qərara alıbdırsa, tutmadığı bütün orucların qəzasını tutmalıdır. Əgər bu orucları tutmazsa, onun boynundan götürülmür və boynunda qalır.
- Təxir kəffarəsi
Təxir kəffarəsi[1]
Məsələ 928. Əgər bir şəxs Ramazan ayında müəyyən bir şəri üzrə görə oruc tutmasa və Ramazan ayından sonra onun üzrü aradan qalxsa, amma buna baxmayaraq, o, orucun qəzasını tutmasa və gələn ilin Ramazan ayı gəlib çatsa, orucun qəzasından əlavə, hər gün üçün bir müdd təam fəqirə verməlidir.
Məsələ 929. Əgər bir şəxs Ramazan ayının orucunu bilərəkdən tutmasa və heç bir şəri üzrü olmadan orucun qəzasını da gələn Ramazan ayınadək tutmasa, orucun qəzası və orucu bilərəkdən iftar etməyin kəffarəsindən əlavə, hər gün üçün təxir kəffarəsi (yəni bir müdd təam) fəqirə verməlidir.
Məsələ 930. Təxir kəffarəsi bir müdd təamdır, yəni 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardır və fəqirə verilməlidir.
Məsələ 931. Əgər bir şəxs Ramazan ayının orucunun qəzasını bir neçə il təxirə salsa və tutmasa, orucun qəzasından əlavə təkcə bir müdd təam fəqirə verəcək və orucun qəzasını bir neçə il təxirə saldığına görə onun boynuna başqa bir kəffarə gəlmir.
Məsələ 932. Hər gün üçün bir müdd təam kəffarə verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.
Məsələ 933. Əgər bir şəxs gələn ilin Ramazan ayınadək ötən ilin Ramazan ayının orucunun qəzasını tutmalı olduğunu bilməsə, təxir kəffarəsi onun boynundan götürülmür.
[1] Təxir kəffarəsi – Ramazan ayının qəza orucu gələn ilin Ramazan ayınadək yerinə yetirilmədiyi təqdirdə vacib olan kəffarədir.
- Ata və ananın qəza orucunun hökmləri
Ata və ananın qəza orucunun hökmləri
Məsələ 934. Əgər ata və ehtiyat-vacibə görə, ana öz oruclarını səfərdən qeyri bir şəri üzrə görə tutmasalar və orucun qəzasını tuta bilmələrinə rəğmən orucun qəzasını da tutmasalar, onlar dünyadan köçdükdən sonra böyük oğul, ya özü onların qəza oruclarını tutmalı, ya da əcir tutaraq onların qəza oruclarını tutdurmalıdır. Amma səfər ilə əlaqədar olaraq tutmadıqları oruclara gəlincə, onları tutmaq böyük oğula vacibdir, baxmayaraq ki, valideynlərin bu orucları tutmağa fürsəti və imkanı olmamışdır.
Məsələ 935. Ata və ananın bilərəkdən tutmadıqları orucların qəzası, ehtiyat-vacibə görə, böyük oğula vacibdir.
- Müsafir orucunun hökmləri
- Orucun vacib olmadığı şəxslər
Orucun vacib olmadığı şəxslər
Məsələ 954. Doğumu yaxınlaşan hamilə qadın əgər orucun onun bətnindəki körpəyə və ya onun özünə ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. Birinci surətdə (yəni orucun onun bətnindəki körpəyə ziyanı olacağından qorxduğu təqdirdə) hər gün üçün bir müdd təam, yəni 750 qram buğda, arpa və s. bu kimi ərzaqlar fidyə ünvanında fəqirə verməlidir. Ramazan ayından sonra da bu orucun qəzasını tutmalıdır. İkinci surətdə (yəni orucun onun özünə ziyanı olacağından qorxduğu təqdirdə) tutmadığı orucların qəzasını tutmalı və ehtiyata görə, fidyə də verməlidir. Doğumu yaxın olmayan hamilə qadının isə fidyə verməsi ehtiyat-vacibdir.
Məsələ 955. Əgər südverən qadın (istər körpənin doğma anası olsun, istərsə də dayəsi olsun, dayə istər ücrət ilə süd versin, istərsə də ücrətsiz süd versin) südün azalacağından və ya quruyacağından qorxduğu üçün orucun uşağa ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. O, hər gün üçün fidyə verməli və sonradan orucun qəzasını tutmalıdır. Amma əgər orucun qadının özünə ziyanı olsa, ehtiyata görə, fidyə vacib olur.
Məsələ 956. Yuxarıdakı iki məsələni nəzərə alaraq, əgər bu qadın gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmasa, səhlənkarlıq etdiyi təqdirdə, orucun qəzasından əlavə, təxir kəffarəsi də verməlidir. Amma əgər hansısa bir üzrə görə orucun qəzasını tuta bilməyibsə, təxir kəffarəsi vacib olmur. Əgər bu üzr orucun onun övladına ziyanı olacağı qorxusu olsa, orucların qəzasını nə zaman tuta bilsə, tutmalıdır. Yox əgər bu üzr orucun onun özünə ziyanı olacağı qorxusu olsa, orucun qəzası onun boynundan götürülür. O, hər gün üçün fidyə verməlidir.
Məsələ 957. Qadının fidyə və ya kəffarəsi qadının öz öhdəsindədir və bunu ödəmək onun ərinə vacib deyildir, baxmayaraq ki, qadın hamiləliklə əlaqədar və ya süd verdiyinə görə oruc tutmamışdır. Həmçinin övladın kəffarəsi və ya fidyəsi atanın öhdəsində deyildir. Amma ər öz zövcəsinin və ya ata öz övladının yerinə onun fidyəsini və ya kəffarəsini ödəyə bilər.
Məsələ 958. Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam fəqirə verməlidirlər. Əgər oruc tutmağa əsla qadir deyillərsə, ehtiyata görə, fidyə verməlidirlər. Amma hər iki halda əgər Ramazan ayından sonra oruc tutmağa qadir olsalar, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsunlar.
Məsələ 959. Əgər bir şəxs xəstəliyi ilə əlaqədar tez-tez su içmək istəyirsə və susuzluğa əsla dözə bilmirsə, yaxud susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətlidirsə, ona oruc tutmaq vacib olmur. Amma ikinci surətdə (yəni susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətli olduğu təqdirdə) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-vacibə görə, birinci surtədə də (yəni susuzluğa əsla dözə bilmədiyi təqdirdə) bu fidyəni verməlidir. Əgər o, Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsun.
Məsələ 960. Fidyənin miqdarı təxir kəffarəsinin miqdarındadır, yəni 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan biri ola bilər və fəqirə verilməlidir.
- Ayın əvvəlinin sübuta yetməsi yolları
Ayın əvvəlinin sübuta yetməsi yolları
Məsələ 961. Ayın əvvəli beş yol ilə sübuta yetir:
1- İnsanın özü ayın hilalını görür;
2- İki ədalətli şəxs ayın hilalını gördüklərinə şahidlik edir, amma bu şərtlə ki, çoxsayda insan ayın göründüyünü inkar etməməli və o iki ədalətli şəxsin səhv etdiyinə güman artmamalıdır;
3- Bilik və ya əminliyə səbəb olan məşhur xəbər;
4- Əvvəlki ayın başlanmasından otuz günün keçməsi;
5- Şəri-hakimin hökmü.Məsələ 962. Əsr çağı ayın hilalını görmək qəməri ayın çıxdığını sübuta yetirir və ayın hilalı göründükdən sonra həmin gecə ayın birinci gecəsidir.
Məsələ 963. Ayın hilalını istər hansısa bir vasitə ilə görsünlər, istərsə də heç bir vasitə olmadan və adi göz ilə görsünlər, fərqi yoxdur. Yəni əgər ayın hilalını heç bir vasitə olmadan və adi göz ilə görsələr, ayın əvvəli olduğu sübuta yetir. Həmçinin əgər eynəklə, yaxud binokl ilə, yaxud teleskop ilə görsələr, yenə də ayın əvvəli olduğu sübuta yetir. Amma işığın əks olunmasının kompyuterdə qeydə alınması və bu yolla ayın hilalının şəklini görmək məsələsinə gəlincə, bunun “görmək” adlanması məlum olmadığına görə, iradlıdır.
Məsələ 964. Sırf hilalın kiçik və aşağıda olması, ya böyük və yuxarıda olması, ya da enli və ya nazik olması və s. həmin gecənin birinci və ya ikinci gecə olmasına şəri dəlil deyildir. Amma əgər mükəlləf hilalın bu xüsusiyyətlərindən hansısa bir nəticəyə gələrsə və onda yəqinlik yaranarsa, bu barədə öz yəqinliyinə müvafiq əməl etməlidir.
Məsələ 965. Ayın əvvəli olduğu təqvimlər vasitəsilə və ya astroloqların elmi hesablamaları ilə sübuta yetmir. Amma əgər onların sözlərindən insanda yəqinlik yaranarsa, bu yəqinliyə müvafiq əməl etmək olar.
Məsələ 966. Əgər bir şəhərdə ayın əvvəli olduğu sübuta yetsə, bu, həmin şəhərlə eyni üfüqdə olan digər şəhərlər üçün kifayət edir. “Üfüqün eyni olması” dedikdə, hilalı görməyin mümkün olub-olmaması baxımından bir regionun başqa bir regionla eyni olması nəzərdə tutulur.
Məsələ 967. Əgər şəri-hakim şəxsən ayın hilalını görsə, amma hilalın göründüyünə dair hökm verməsə, sırf şəri-hakimin ayın hilalını görməsi başqalarının ona tabe olmaları üçün kifayət etmir. Amma əgər bu yolla insanda ayın hilalının göründüyünə dair əminlik yaranarsa, bu əminliyə müvafiq əməl etmək olar.
Məsələ 968. Əgər şəri-hakim hökm versə ki, sabahısı gün ayın birinci günüdür və bu hökm bütün ölkəyə şamil olsa, onun hökmü şəri baxımdan bu ölkənin bütün şəhərləri üçün qüvvədədir.
Məsələ 969. Əgər qeyri-islami və zalım bir dövlət ayın hilalının göründüyünü elan etsə və bu elan ayın əvvəli olduğuna dair insanda yəqinlik və ya əminlik yaratsa, kifayət edir.
Məsələ 970. Əgər bir şəhərdə ayın hilalını görməsələr, amma radio və televiziya vasitəsilə hilalın göründüyü xəbər verilsə, bu xəbər insanda hilalın göründüyünə dair yəqinlik və ya əminlik yaratdığı təqdirdə, kifayət edir və araşdırma aparmağa da ehtiyac yoxdur.
Məsələ 971. Əgər Ramazan ayının əvvəli olduğu sübuta yetməzsə, oruc tutmaq vacib deyildir. Amma əgər sonradan ayın əvvəli olduğu məlum olarsa, həmin günün orucunun qəzasını tutmaq lazımdır.
Məsələ 972. Əgər şəvval ayının əvvəli olduğu ayı görmək, hətta qonşu və üfüqü eyni olan şəhərlərdə ayı görmək yolu ilə, yaxud iki ədalətli şəxsin şəhadəti yolu ilə, yaxud da şəri-hakimin hökmü əsasında sübuta yetməzsə, həmin günü oruc tutmaq lazımdır.
Məsələ 973. Əgər mükəlləf Ramazan ayının axırı, yoxsa şəvval ayının əvvəli olduğuna şəkk etsə, həmin gün oruc tutmalıdır. Amma əgər gün əsnasında şəvval ayının əvvəli olduğu sübuta yetsə, orucunu açmalıdır. Hətta məğribə çox az vaxt qalsa belə, orucunu açmalıdır.
- Orucun qisimləri
Orucun qisimləri
Məsələ 974. Oruc dörd qisimdir: vacib, haram, müstəhəb və məkruh.
Məsələ 975. Vacib oruclar aşağıdakılardan ibarətdir:
1- Mübarək Ramazan ayının orucu;
2- Qəza orucu;
3- Kəffarə orucu;
4- Etikafın üçüncü gününün orucu;
5- Təməttu həccində qurbanlığın əvəzinə tutulan oruc[1];
6- Nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc[2];
7- Atanın və ehtiyat-vacibə görə, ananın böyük oğula vacib olan qəza orucları.Məsələ 976. Haram oruclardan bəziləri aşağıdakılardır:
1- Fitr bayramı gününün orucu;
2- Qurban bayramı gününün orucu;
3- Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğunu bilmədiyi halda mükəlləfin Ramazan ayının orucu niyyətilə oruc tutması;
4- Ərin haqqı tapdalandığı təqdirdə qadının müstəhəb oruc tutması;
5- Orucun insana ziyanı olduğu halda onun oruc tutması;
6- Səfərdə olan şəxsin oruc tutması (əlbəttə, istisna təşkil edən hallar xaricdir).Məsələ 977. İlin bütün günlərində (orucun haram və məkruh olduğu günlər istisna olmaqla) oruc tutmaq müstəhəbdir. Amma bəzi günlərdə oruc tutmağın müstəhəbliyi təkid edilib, o cümlədən:
1- Hər ayın birinci və axırıncı cümə axşamı günü, həmçinin hər ayın ikinci ongünlüyünün birinci çərşənbəsində oruc tutmaq;
2- Hər ayın on üçüncü, on dördüncü və on beşinci günləri (əyyamul-bəyz) oruc tutmaq;
3- Rəcəb və şaban aylarını oruc tutmaq (bütün ayı və ya ayın bəzi günlərini, hətta bir gün olsa belə, oruc tutmaq);
4- Həzrət Peyğəmbərin (s) mövludu günü (17 rəbiul-əvvəl) oruc tutmaq;
5- Məbəs günü (27 rəcəb) oruc tutmaq;
6- Ğədir-xum günü (18 zilhiccə) oruc tutmaq;
7- Dəhvul-ərz (25 zilqədə) oruc tutmaq.Məsələ 978. Məkruh oruclar aşağıdakılardır:
1- Ev sahibinin icazəsi olmadan və ya ev sahibi qadağan etdiyi halda qonağın oruc tutması;
2- Ərəfə günü oruc tutmaq insanda halsızlıq yaradacağı və ərəfə gününün əməllərini yerinə yetirməyə mane olacağı təqdirdə, həmin gün oruc tutmaq.[1] Əgər bir şəxsin həcc ziyarətində qurbanlıq kəsməyə maddi imkanı olmasa və borc da ala bilməsə, qurbanlığın əvəzinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində tutmalıdır.
[2] Əslində, vacib olan əməl nəzir, əhd və anda əməl etməkdir. Yəni burada müstəhəb oruc vacib oruca çevrilmir.
- Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
Məsələ 979. Əgər bir şəxs müstəhəb oruc tutubsa, orucu başa çatdırması vacib deyildir və istədiyi vaxt orucunu aça bilər. Hətta əgər mömin bir şəxs onu yeməyə dəvət etsə, onun dəvətini qəbul edib, orucu açması şəri baxımdan bəyənilir.
Məsələ 980. Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməmişdən qabaq məğrib namazını qılsın. Amma əgər kimsə onu süfrə başında gözləyirsə, yaxud özü çox ac olduğuna görə namazı hüzuri-qəlb ilə qıla bilməyəcəkdirsə, yaxşı olar ki, o, əvvəlcə iftar etsin. İmkan daxilində də namazı fəzilətli vaxtında qılsın.
Məsələ 981. Ramazan ayının hörmətini saxlamaq üçün bu şəxslərin orucu pozan işlərdən çəkinmələri müstəhəbdir, baxmayaraq ki, onlar oruc deyildirlər:
1- Yolda ikən orucu pozan bir iş görən və zöhrdən qabaq öz vətəninə və ya on gün qalmaq istədiyi yerə çatan müsafir şəxs;
2- Zöhrdən sonra öz vətəninə və ya on gün qalmaq istədiyi yerə çatan müsafir şəxs;
3- Orucu pozan bir iş görən və zöhrdən qabaq sağalan xəstə insan;
4- Zöhrdən sonra sağalan xəstə insan;
5- Gün əsnasında heyz və ya nifas qanından paklanan qadın;
6- Ramazan ayının gündüzündə kafirlikdən dönüb müsəlmanlığı qəbul edən şəxs;
7- Ramazan ayının gündüzündə şəri büluğa çatan uşaq. - Etikaf
-