Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin həcc təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Tanrıdan acizanə surətdə diləyirəm ki, həcc ziyarətinə gedənlərin, Allahın əziz evinə qonaq olanların həcci Uca Yaradanın dərgahında qəbul olunsun, Allah-Taalanın razılığına, müsəlman toplumlarına sonsuz ilahi bərəkətlərin nazil olmasına yol açsın. Həcc mərasiminin və digər ziyarətlərin təşkilinə cavabdeh olan rəsmilərə – həm Məkkədəki nümayəndəliyimizin, həm Həcc və Ziyarətlər Təşkilatının rəhbər kadrlarına, həmçinin onlarla əməkdaşlıq edən, işin özündə və əlaqəli sferalarda iştirak edən qurumların rəsmilərinə səmimi təşəkkür etməli, bu zəhmətkeş insanların hər birinə Allahdan əcr diləməliyik.

İstər cənab Qazi Əsgərinin, istərsə də Həcc və Ziyarətlər Təşkilatının möhtərəm sədrinin qeyd etdiyi məqamlar, həyata keçirilmiş tədbirlərin və planlaşdırılan işlərin hamısı gözəl və lazımlıdır. Bu canıyanan rəhbər işçilərin arzuladığı bütün işləri tam diqqətlə həyata keçirmək lazımdır ki, həcci zahiri forma və məna, məzmun baxımından Uca Yaradanın bizdən istədiyi şəklə yaxınlaşdıra bilək; bu böyük vacib əməli, şəriətin bu həlledici fərizəsini – İslamın başqa heç bir fərizəsində rast gəlinməyən xüsusiyyətləri özündə əks etdirən, bütün ümməti, dünyanı əhatə edən bu fərizəni – Uca Yaradanın iradə etdiyi, bizdən və sizdən istədiyi formada yerinə yetirə bilək, inşallah.

Bəli, mövqelər fərqli olur. Bu il həcc ziyarəti xüsusi bir mövqeyə malikdir. Sonuncu peyğəmbərin (s) əzəmətinin dostların, eləcə də düşmənlərin gözündə təzahür edib aşkara çıxması builki həccin xüsusiyyətlərindən biridir. Amerikada düşmənlərin günahkar əllərinin o əzəmətli şəxsiyyətin müqəddəs dərgahını təhqir etməsi olayının iki tərəfi, iki üzü var. Bu hadisə bir tərəfdən düşmənlərin, imperialistlərin və onlardan asılı ünsürlərin rəhmət, izzət, kəramət peyğəmbərinə (s) – bəşər tarixi boyunca, bütün varlıq aləmində ən ali və dəyərli humanist keyfiyyətlərin daşıyıcısına nə qədər dərin kin və qəzəb bəslədiklərini göstərir; onların peyğəmbərə nə qədər dərindən düşmən olduqlarını ortaya qoyur: bir tərəfdən o cür təhqirlərə yol verirlər, bir tərəfdən də siyasətçiləri bu məsələdə düşmən mövqeyindən heç nə ilə fərqlənməyən bir mövqedən çıxış edir. Bu, olayın bir üzüdür; İslam cəmiyyəti üçün çox faydalı olmuş bir üzü. İnandırmağın ən çətin olduğu insanlar və toplumlar anladılar ki, bu gün qarşı-qarşıya duran, əslində, kimlərdir. Haqq və batil cəbhələri arasında gedən dava nəyin üstədir. Məlum oldu ki, dava elə İslamın özünün, Xatəmül-Ənbiyanın (s) varlığının üstündədir. Bu, düşmənin əli ilə törədilsə də, İslam dünyasının xeyrinə işləyən bir hadisə idi. Çünki İslam dünyası düşməni tanıdı, düşmənçiliyin səbəbini bildi, haqq və batil arasındakı ixtilafın nə üstə olduğunu anladı. Bu gün dava bunların ətrafında gedir. Dünya imperialistlərinin müsəlman xalqları əleyhinə qoşub-quraşdırdıqları, danışdıqları qalan bütün sözlər yalandır, bəhanədir. İşin mahiyyətinin nə olduğu aydınlaşdı. Bu, olayın bir üzüdür.

Olayın ikinci tərəfi isə müsəlmanların verdiyi reaksiyadır, möhtəşəm bir hərəkata başlamasıdır. Görün bu gün İslam dünyasında nələr baş verir. Müsəlman xalqları necə emosionallıq, hərəkətlilik nümayiş etdirirlər. Əksəriyyəti də heç filmi görməyiblər. Sadəcə, belə bir təhqirə yol verildiyini eşidiblər; və görün İslam dünyası necə qaynayıb coşur? Müsəlman ölkələri, müsəlman xalqları heç kimin təklifi, təhriki olmadan meydanlara axışır, peyğəmbərlərinə olan sevgi və bağlılıqlarını bütün varlıqları ilə, qəlblərinin dərinliyindən dünyaya hayqırırlar. Bu, çox dəyərlidir. Qəribə bir mənzərə yaranıb. Qərb ölkələrinin özündə – nəhəng bütlərin, imperialistlərin, hegemon tağutların İslamın və İslam ümmətinin əleyhinə daim planlar qurduğu yerlərdə, Avropada, Amerikada, cürbəcür qeyri-müsəlman ölkələrində müsəlmanlar, bəzən də elə qeyri-müsəlmanlar meydanlara çıxdılar. Bu da olayın başqa bir üzüdür. Bu, çox mühüm bir hadisədir. Bu hadisə İslam dünyasının hərəkətə gəlmək qabiliyyətini göstərdi.

Daha öncə mən qeyd etmişdim ki, müsəlman xalqlarının kəsişmə nöqtəsi Peyğəmbərin (s) mübarək vücududur. Yəni bütün müsəlmanları, müxtəlif firqələri, cərəyanları, məzhəbləri və əqidələri birləşdirən, görüşdürən, hamısının bir həqiqəti etiraf etdiyi məqam Xatəmül-Ənbiyanın müqəddəs vücududur. Artıq burada sünni, yaxud şiə, mötədil, liberal və ya ekstremist olmağın, hansı firqəyə qulluq etməyin anlamı qalmır. Bu mərkəzə, bu mehvərə, bu ilahi və islami əqidə qütbünə münasibətdə hamı cani-dildən birləşərək həmrəy olur. Bu gün İslam dünyasında bunu müşahidə etmək mümkündür. Bunun qiymətini bilmək lazımdır.

Həcc mərasimindəki “müşriklərə etiraz” məsələsi məhz burada özünü doğruldur. Həcc ziyarəti bütün İslam dünyasından müsəlmanların bir məkana toplaşdığı bir yerdir. Müxtəlif mədəniyyətlər, müxtəlif irqlər, dillər, İmam Hüseynin (ə) mübarək “Ərəfə” duasında buyurduğu kimi, cürbəcür dillərdə, ləhcələrdə, səs tonlarında danışan insanlar oraya toplaşır, orada birləşir. Fiziki, maddi təzahürü həcc zəvvarlarının böyük kütlələrində görünən bu vəhdəti dərinləşdirmək lazımdır. Hamı hiss etməlidir ki, bir təhlükə ilə, bir düşmənlə qarşı-qarşıyadır. Hamı bu düşmənə varlığının dərinliyindən etiraz ifadə etməlidir. Həcdəki “müşriklərə etiraz”ın mənası burada aşkara çıxır.

Peyğəmbəri-Əkrəmin müqəddəs vücudunun məqamı biz insanların öz qüsurlu, aciz dillərimizlə, kor zehinlərimizlə təsvir edə biləcəyimiz bir şey deyil. Biz yalnız məhəbbət bəsləyirik, ixlas və təslimçilik nümayiş etdiririk. Əlimizdən bundan artıq bir iş gəlmir. 

Peyğəmbər elə bir insandır ki, Allah-Taala onun haqqında buyurur: 

انّ اللّه و ملائكته يصلّون على النّبىّ

“Həqiqətən, Allah və Onun Mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər)”. (“Əhzab” surəsi, ayə 56)

Onu Pərvərdigarın müqəddəs zatı salamlayır, Uca Yaradanın mələkləri salamlayır. Biz kimik ki, onun məqamını dərk edə bilək? Buna baxmayaraq, onu sevirik, ona məhəbbət bəsləyirik, buyurduqlarının üstündə möhkəm dururuq. Biz bunu – peyğəmbərimizin dediklərinin üstündə möhkəm durmağı – bir prinsip kimi qorumalıyıq. Onun dediyi isə tövhiddir, İslamın, Quranın dedikləridir. Həcdə bunu təzahür etdirmək lazımdır.

Düşmənin qurduğu böyük məkrlərdən biri də bu əzəmətli, sıx şəkildə bağlı meydana ixtilaf salmaqdır (əlbəttə ki, bu olayda, əlhəmdulillah, böyük bir qismi puça çıxdı, amma yenə də hamımız diqqətli olmalıyıq). Biz əsas prinsiplərdə, İslamın ən başlıca məsələlərində bir nöqtədə cəmləşmişik. Onlar isə nəzəri, ideoloji və əməli cəhətdən aramızda olan bəzi fərqliliklərdən istifadə edərək bizi bir-birimizlə üz-üzə qoymağa çalışırlar. Düzdür, İslam firqələri, İslam məzhəbləri arasında cürbəcür məsələlərlə bağlı ixtilaf vardır. Lakin gəlin deyək: İslama düşmən olan, peyğəmbərimizin müqəddəs vücuduna belə nalayiq davranışları rəva bilən sizlərin qarşınızda biz hamımız birik, tərəfdaşıq. Dinin düşmənləri, imperialistlər, antiislam cəbhəsini idarə edənlər bilsinlər ki, İslam ümməti onlara qarşı bir yumruqda birləşib, müttəfiqdir. İxtilaf yaratmaq gümanını özlərindən uzaqlaşdırsınlar. Aramıza ixtilaf sala biləcəklərindən ümidlərini üzsünlər. Dini təbliğ edən ruhanilərimizin, camaatımızın, rəhbər işçilərimizin, cürbəcür məzhəblərimizin ardıcıllarının, sünnimizin, şiəmizin – hamımızın diqqəti buna yönəlməlidir. Ehtiyatlı olmalıyıq; imkan verməməliyik ki, düşmən aramıza ixtilaf salmaqla – qəzəbimizi, aqressiyamızı özümüzə qarşı yönəltməklə, öz içimizdə istifadə etməklə – canını İslam ümmətinin qəzəbi ilə mübarizədən qurtarsın. Əks təqdirdə, böyük bir səhvə yol vermiş olacağıq. Bu, həcc mərasimi, özəlliklə də builki həclə bağlı mühüm bir məqamdır.

Dəfələrlə vurğulanmış bir məqam da var ki, onu bir daha qeyd etmək yerinə düşər: həcc mərasimi şəriətin siyasi və ictimai baxımdan böyük əhəmiyyət daşıyan vacib əməllərindən biridir, müsəlmanların vəhdətini, bir araya gəlişini təzahür etdirir, müşriklərə etiraz məqsədi daşıyır – bunlara heç bir şəkk-şübhə yoxdur. Lakin bütün bunlarla yanaşı, həcc mərasimi mənəviyyatla, emosiyalarla dolu bir yığıncaqdır; bunu unutmaq olmaz. Həcc mərasimi əvvəlindən – ümrə üçün miqatda ihram bağladığınız andan sonuncu ayinlərinə qədər Allahın zikri ilə dolub-daşır; bunu yadda saxlamalıyıq. Uca Yaradanın zikri bizi saflaşdırır, təmizləyir, qəlbimizdəki hisi-pası götürür, bizi qəflətdən oyadır, canımızda dünyaya olan sevgini, maddi bər-bəzək, pul, mənsəb, cinsi və qeyri-cinsi şəhvətlər uğrunda döyüşmək həvəsini zəiflədir. Bizim buna bu gün və həmişə ehtiyacımız var. Yolu düzgün qət edə bilmək, Haqqın göstərdiyi doğru yoldan sapınmamaq üçün insan qəlbində daim Allahı xatırlamağa ehtiyac duyur. Bu baxımdan həcc ən yaxşı fürsətlərdən biridir; müəyyən cəhətdən misilsiz bir fürsətdir. Mən xahiş edirəm ki, hər bir ayini, hər bir əməli yerinə yetirərkən, lap başlanğıcda – “Ləbbeyk!” dediyiniz zaman nə etdiyinizə, kiminlə danışdığınıza diqqət yetirin. Təvafda, səydə, miqatda, vuquf nöqtələrində, həccin hər bir əməlində kimə müraciət etdiyimizi, kiminlə həmsöhbət olduğumuzu, kimin uğrunda çalışdığımızı bilməliyik. Bu fikri, bu zikri, bu acizanə təslimçiliyi, dua və yalvarışı bir an belə olsun özümüzdən uzaqlaşdırmamalıyıq. Bu, əhəmiyyətli məsələlərdən biridir. Möhtərəm ruhanilərimiz, xüsusilə də karvan rəhbərləri, zəvvarlarla ünsiyyətdə olan şəxslər bu məqama diqqət yetirməlidirlər. Sonuncu məqam isə budur ki, bu mühüm mərkəzdə İslam dünyasındakı müsəlman qardaşlarla əlaqələri bərpa etmək lazımdır. Burada dövlətlərarası əlaqələrdən söhbət getmir. Dövlətlərarası əlaqələr rəsmi xarakter daşıyır, dildə olur, başqa məsələlər üçündür. İslam ümmətinin üzvləri arasındakı əlaqələr isə qəlblərin əlaqəsi, qəlblərin bağlılığıdır. Buna müxtəlif xalqların nümayəndələrinin biri-birləri ilə əlaqəyə girməsi, münasibət qurması sayəsində nail olmaq mümkündür. Başqa ölkələrdən gəlmiş müsəlman qardaşlarla görüşəndə dil bilənlər söhbət edə, sevgilərini, xoş münasibətlərini dillə ifadə edə, müştərək məqamları vurğulaya bilərlər. Dil bilməyənlər isə əməlləri ilə: yer verməklə, mehribanlıq, nəvaziş göstərməklə, bəzi çətinliklərə, kobud davranışlara dözümlü yanaşmaqla. Ola bilsin, kimsə sizi itələyə – siz qarşılığında gülümsəyin. Çalışın ki, müsəlman qardaşlarınızla əməllərinizlə əlaqəyə girəsiniz, xoş münasibət qurasınız. Bunu təkcə İrana, İran xalqına nüfuz və hörmət qazandırmaq üçün etməyin! Əlbəttə ki, bu da öz növbəsində çox əhəmiyyətlidir; bir xalqın öz böyüklüyünü, dəyərini, islam əxlaqına, humanizm prinsiplərinə bağlılığını nümayiş etdirməsi nə qədər gözəldir?! Bunu öz müsəlman qardaşınızla aranızda mənəvi bağlar yaratmaq üçün edin! Hansı irqə, hansı məzhəbə mənsub olduğundan, hansı dildə danışdığından asılı olmayaraq, müsəlmandır. Sizin kimi onu da ora Kəbəyə olan eşqi, Peyğəmbərə olan sevgisi gətirib. O da eyni yolu gedir, o da Uca Yaradanla söhbət edir. Sizi birləşdirən bu məqamı əlinizdən gəldiyi qədər bir-birinə nümayiş etdirin. Qoy qarşınızdakı insan bu ortaq məqamın mövcud olduğunu dərk etsin. Dünyanın o biri başında bir müsəlman başqa ölkələrdə, başqa xalqlar içərisində qardaşları olduğunu hiss edəndə mənən güclənir, özünəinamı artır. Xəbis imperialist əllərin müsəlmanlara zorla yük etdiyi zəiflik duyğusundan qurtulur. Bu psixoloji vəziyyəti möhkəmləndirmək lazımdır.

Uca Yaradana dualar edirik ki, ölkəmizdən gedən hacılara, eləcə də İslam dünyasının bütün hacılarına Öz bərəkətlərini nazil etsin. İnşallah, sizin hamınız Həzrət Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs dualarına layiq olarsınız. Və inşallah, hamımız övliyaların, şəhidlərin, dahi İmam Xomeyninin (r.ə) pak ruhlarından yardım alaraq aləmlərin rəbbinin razı qaldığı yolda irəliləyərik.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!