Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Nouşəhrdə Silahlı Qüvvələrin ölkənin şimal regionundakı birləşmələri və onların ailə üzvləri ilə keçirilən görüşdə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizinlə - əziz qardaş və bacılarımla bir yerdə olan hər bir insanda böyük işlərə hazırlıq hissi oyanar. Silahlı Qüvvələrin sıralarında xidmət edən gənclərdən, zəhmətkeş hərbçi kadrlardan, onların həyat yoldaşları və övladlarından ibarət bu toplum İran xalqının elə bir seçmə nümunəsidir ki, duyğularında, qəlbində və fikirlərində ülvi amallar ehtizaz edir. Çox xoşbəxtəm ki, bu gecə Allah-Taala məni sizinlə bir yerdə olmağa müvəffəq etdi. Uca Yaradandan sizin hamınız üçün rəhmət, bərəkət və can sağlığı diləyirəm.

Əziz gənclərimizin, akademiyanın tələbələrinin nümayiş etdirdiyi proqram çox gözəl idi – Qurani-Kərimin ümidverici ayələri, hər bir çətinliklə paralel bir qurtuluşun, rahatlığın olması fikri ... Bu, bütün cəmiyyətlər üçün böyük və qurucu bir ideyadır; bu barədə qısaca danışacağam.

Əsas demək istədiyim isə budur ki, sizin hər biriniz İran xalqının ictimai hərəkatının ön sıralarında yer almısınız – ailələr bir cür, hərbçilər də bir ayrı cür. Əsas məsələ budur ki, ölkəmiz, xalqımız başqa xalqlardan daha öncə nail olduğu islami oyanışın bərəkəti ilə qürurverici, xeyir aqibətli bir yolda irəliləməkdədir. Bunu inkar edən hər bir şəxs göz önündə olan açıq-aşkar reallığı inkar etmiş olur.

Biz istedadlı insanları, başucalığı gətirən tarixi keçmişi, zəngin təbii sərvətləri olduğuna baxmayaraq, dünyada geri qalmış, qlobal arenada baş verən proseslərə heç bir təsir göstərə bilməyən, əksinə, özü müdaxiləçi qüvvələrin iradəsinə tabe olan bir xalq idik. Silahlı Qüvvələrimiz, elmimiz, sosial məsələlərimiz, siyasətçilərimiz, hakim dairələrimiz uzun illər boyu bu xalqa düşmən olan, onun amallarına kin bəsləyən müdaxiləçi dövlətlərin təsiri altında, acınacaqlı bir vəziyyətdə olub. Əlbəttə, tarix boyunca, xüsusilə də son dövrlərdə müəyyən qığılcımlar görünür, şölələr işarırdı, amma atmosfer o qədər ağır idi ki, bu qığılcımlar xalq üçün yolu aydınlada bilmirdi. Nəhayət, İslam İnqilabı meydana gəldi, islami mübarizələr başladı. İnqilabi mübarizənin getdiyi dövr çətin bir dövr idi. Bu mübarizənin qələbə ilə nəticələnmə şansını bəziləri sıfıra bərabər, bəziləri sıfırdan azacıq yuxarı hesab edirdilər; o qədər də ümid yox idi. Lakin dövrümüzə görə müstəsna bir fitrətə, şəxsiyyətə malik olan dahi imamımız bu yolu davam etdirməyi bacardı. Onun ilıq nəfəsi, hikməti, ixlas və dindarlığı, Allaha olan inamı sayəsində, bu yol davam etdirildi. Həmin yolda olan insanlar yüz dəfələrlə tərəddüd keçirir, qətiyyətsizlik hiss edirdilər, lakin o müqəddəs insanın ilıq nəfəsi onlara dəyən kimi, hər şey yenidən çiçəklənirdi. Ona Allah kömək edirdi. Varlığında, şəxsiyyətində hazır zəmin var idi, Allah da ona mükafatını verir, istiqamətləndirir, nə etmək lazım olduğunu ilham edir, əlindən tutub kömək edirdi. Beləliklə, o, İslam İnqilabı mərhələsinə qədər gəldi və bütün dünyanın inamsızlığına rəğmən, bu inqilab qələbə çaldı.

Bu gün İslam dünyasının bir sıra ölkələrində islami oyanış özünü büruzə verir. Çox da mübarək bir hadisədir və biz lap başlanğıcdan onu alqışlamışıq; lakin fərqli cəhətlər çoxdur. Bizim inqilabımız, xalqımızın ümummilli hərəkatı gedən zaman ölkənin istənilən yerində, yəqin ki, elə bir kənd, kiçik şəhər tapmaq olmazdı ki, orada bu müqəddəs şölənin bir işartısı diqqəti özünə cəlb etməsin. Hər yerdə, ölkənin dörd bir yanında bütün qəlblərə və zehinlərə yalnız bir şüar, bir tələb, bir əzm hakim kəsilmişdi. Camaat, sözün əsl mənasında, bu ağır yükü öz cismi, ruhu, qəlbi ilə qaldırdı. İnsanlar sinələrini qabağa verib, küçələrdə tağutla mübarizəyə çıxdılar. Dünyanın heç yerində belə bir şeyə rast gəlinməmişdi.

Dünyanın tanınmış liderlərindən biri – adını çəkmək istəmirəm – İrana gəlmişdi. Mən İslam İnqilabının necə qələbə çaldığını ona izah etdim; nə hərbi çevriliş olmuş, nə gənc zabitlər o zamanlar dünyada geniş yayılmış formada despot rejimi devirmək üçün işə müdaxilə etmişdilər, nə siyasi partiyalar bir iş görmüşdülər nə də görə bilirdilər, yaxud görmüşdülər, nə də elitanın mühüm bir rolu var idi. Həlledici rol xalq kütlələrinə aid idi; özü də silahla yox. Bu gün görürsünüz ki, bəzi ölkələrdə xalq kütlələri işlərini irəli aparmaq üçün silaha əl atırlar. İran xalqının əlində silah yox idi. Əli yalın, quruca canı ilə meydanlara çıxmışdı. Ürəyini, qəlbini, qanını götürüb çıxmışdı. İman olmadan isə bu mümkün deyil; dərin bir iman olmadan bu mümkün deyil. O dərin iman xalq arasında yayıldı, camaat meydanlara çıxdı, qan qılınca qalib gəldi. Bu, hər yer üçün xarakterikdir; hər yerdə belədir. Dünyanın istənilən yerində xalq fədakarlığa hazır olsa, canından keçib meydanlara gəlsə, heç bir güclü dövlət ona müqavimət göstərməyə qadir olmaz. Xalq ortalığa çıxsa, qan həmişə qılınca qalib gələr. Mən həmin afrikalı lider üçün İslam İnqilabının qələbəsini şərh edəndə bu, onun üçün çox maraqlı, yeni bir şey oldu. O gedəndən az müddət sonra gördüm ki, ölkəsində eyni xalq hərəkatına başlanıb. Hiss etdim ki, dahi imamımızın, İran xalqının davranışlarından ilham alıb. Qələbə də çaldı; dünyaya xəbiscəsinə ağalıq edən böyük və zorakı dövlətlərdən birinə qalib gələ, ölkəsini xilas edə bildi.

İran xalqının vəziyyəti belə idi; hamı meydanlara çıxdı. Elə buna görə də ölkəmizin rəsmiləri ilk gündən böyük dövlətlərin sözünü, tələbini qəbul etmək məcburiyyətini hiss etmədilər. Özünüz görürsünüz ki, yenicə inqilab etmiş ölkələr Amerikanın, Qərbin təzyiqləri ilə qarşılaşır, rəsmiləri hansısa mövqeyi tutmağa vadar edilir. Elə bilməyin ki, İranda bunlar olmayıb. Yox, burda da olub. Burada da həmin təzyiqlər olub, amma heç kəs onlara məhəl qoymayıb, ehtiyac duymayıb. Ölkəmizin rəsmiləri xalqın iradəsinə, imanına arxalanmışdılar. Arxayın idilər ki, bu meydan qəlbi əzm və iradə dolu, mükəmməl şüurlu insanlarla doludur. Bu olduğu üçün başqa heç nəyə ehtiyac yox idi. Bu günə qədər də elədir. Bu gün də, Allahın yardımı ilə, İslam Respublikası özünü heç bir super-dövlətin sözünü, heç bir müdaxiləçi və imperialist dövlətin istəyini qəbul etməyə məcbur hiss etmir. Xeyrinə olan şeyi qəbul edir, ona əməl edir, mənafeyinə uyğun gəlməyəni isə dünyanın bütün güclü dövlətləri əsəbiləşsələr, qəzəblənsələr belə, bir kənara qoyur. Siyasəti budur. Və bu xalqın imanına arxalanmaq sayəsində mümkün olur ...(1)

İnqilabın qələbə çaldığı ilk gündən bu günə qədər onun amalları xalqımız üçün daha da aydınlaşıb. O zamanlar “İslam Respublikası”, “islami tərəqqi” deyirdik. İllər ötdükcə tədricən bu sözlərin mənası bizə aydın oldu. İndi bilirik ki, İslam Respublikası nədir, İslama əsaslanan xalq hakimiyyəti nədir, hökumətin xalqın verdiyi səslərə söykənməyi nədir, xalqın seçimi, xalqın istəyi nə deməkdir. Bilirik ki, vaxtı ilə dediyimiz müstəqillik, azadlıq, İslam Respublikası nədir. O zaman bu sözlər hələ tam aydın olmayan formada - bir şüar kimi irəli sürülürdü. Vaxt keçdikcə xalqımız, ziyalılarımız, siyasətçilərimiz, gənclərimiz üçün müstəqilliyin müxtəlif aspektləri daha da aydınlaşıb. Müstəqilliyin nə olduğunu, hansı təhlükələrlə üzləşə biləcəyini, bizə hansı üstünlükləri qazandırdığını, hansı yolla əldə olunduğunu, təhlükələrdən necə keçmək lazım olduğunu bilirik, bu sahədə inkişaf etmişik. Ən əsası da elə bu inkişafdır. İnkişafın əlamətləri açıq-aydın ortadadır – İslam Respublikası rejiminin kök atıb möhkəmlənməsində, güclənməsindədir. Torpağa sağlam, qalıcı bir ağac əkmisinizsə, 50 ildən sonra da onun köklərini və gövdəsini yoxlasanız, əsla çürümə olmadığını görəcəksiniz. Bəzi ağaclar sağlam, qol-budaqlı, canlı olduqlarına baxmayaraq, 10, 20, 30 ildən artıq yaşamır, quruyurlar. Quruyandan sonra isə onları yıxmaq üçün kiminsə zəhmət çəkməyinə ehtiyac yoxdur; güclü bir külək əsən kimi yıxılırlar, ortadan qırılırlar. Həyat gücü, yaşama qabiliyyəti olan elə ağaclar da var ki, aradan 200, 300 il keçsə də, yarpaqlanmağa başladığı ilk günlə müqayisədə daha qollu-budaqlı, yamyaşıl olur. Baharda elə canlanır ki, başqa ağaclara da təsir göstərir.

تؤتى اكلها كلّ حين باذن ربّها

“O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər.” (“İbrahim” surəsi, ayə 25)

Dövlətin əldə etdiyi nailiyyətlərdən biri də budur ki, zaman keçdikcə kökləri daha möhkəmlənə, qol-budağı genişlənə, gövdəsi daha da güclənə. Bu gün İslam Respublikası 80, 81, 82-ci illərlə müqayisədə daha da möhkəmlənib. O zaman düşmənlərimiz dövlətimizi devirə biləcəklərinə daha çox güman edirdilər. Bu gün isə ümidləri dəfələrlə zəifləyib və bir çox hallarda məyusluğa çevrilib. Bu, dövlətimizin möhkəmləndiyini göstərir ...(2)

Bu gücün, bu möhkəmliyin nədən qaynaqlandığı isə başqa bir söhbətin mövzusudur. Günü-gündən artan bu güc, köklərin durmadan möhkəmlənməsi nəyin nəticəsidir? Dərin imanın? Dərin dini biliklərin? İmanın qəlblərə dərindən nüfuz etməsinin? Sağlam şüarların? Dövlətimizin əsasını qoymuş o böyük, sözün əsl mənasında, dahi insanın – İmam Xomeyninin (r.ə) ilıq nəfəsinin? Nəyin? Əlbəttə ki, bunlar çox mühüm mövzulardır. Teoloji mərkəzlərimizdə və universitetlərimizdə gənclərimiz, elm xadimlərimiz bu haqda danışıblar, danışırlar, bundan sonra da danışmalıdırlar. Lakin mənim bu mövzu ilə işim yoxdur. Ortada olan bu inkişafdır, irəliləyişdir. İnkişafa nail olunub – əsas budur. Xırdalıqlara da varsanız, yenə bu inkişafın nişanələrini görəcəksiniz. Misal üçün, elmdə inkişaf etmişik, elmə əsaslanan texnologiyada inkişaf etmişik. Götürək elə Dənizçilik Akademiyasını... 20, 24-25 il əvvəl mən gəlib buranı görmüşdüm (əlbəttə ki, ondan sonra da dəfələrlə gəlmişəm). Bu akademiyanın o vaxtını da görmüşəm, bu gününü də görürəm – müqayisə etmək mümkün deyil. Yüksələn stimullar ardınca yüksələn elmi nailiyyətləri gətirir və bu, insanı, doğrudan da, son dərəcə sevindirən heyrətamiz təzahürlərdən biridir – gözüaçıq, məlumatlı olan insanı heyrətləndirir. Bu, hər yerdə belədir: ölkəmizin universitetlərində, elmi-tədqiqat mərkəzlərində, bir vaxtlar olmayan, sonradan əmələ gəlmiş elmi mərkəzlərdə bu var. Elm adamlarımız elmi nailiyyətlərimizə optimizmlə yanaşırlar. Əvvəlki nəsillərin alimləri (biz onlara çox böyük ehtiramla yanaşır, elm yolunda zəhmət çəkmiş hər kəsi yüksək dəyərləndiririk) başqa bir dövrün adamı olduqlarına görə gənc nəslin nüvə sənayesi sahəsində nailiyyətlər qazanacağına inanmırdılar. Mən daha öncə də bunu bir neçə dəfə demişəm. Həmin nailiyyətlər əldə olunanda mənim şəxsən tanıdığım bir neçə görkəmli elm adamı – həm elmi cəhətdən, həm də saf niyyət baxımından yüksək səviyyədə olan, dürüst niyyətli insanlar – mənə məktub yazmışdılar ki, cənab, inanmayın ha, inanmayın! Bu dedikləri ola bilməz, olmayıb. Son bir neçə ildə ölkədə yeni elmi hərəkatın göstəriciləri olan nüvə və kök hüceyrələri sahəsində əldə olunmuş uğurlara inanmırdılar. Lakin bu olmuşdu, var idi. Zaman keçdikcə bu nailiyyətlərin reallaşdığı daha da aydın oldu. Yəni ölkəmiz elə bir elmi hərəkata imza atdı ki, əvvəlki nəslin alimləri – dediyim kimi, həm elmi cəhətdən yüksək səviyyədə olduqlarına, həm də saf niyyətlərinə, xeyirxahlıqlarına heç bir şübhə etmədiyimiz insanlar üçün bu, inanılmaz idi. Və mən bu gün sizə söyləyirəm ki, bizim gənclərimiz elm sahəsində elə işlər görür, elə elmi ixtiralar edir, elmi nailiyyətlər qazanırlar ki, ola bilsin, orta nəslin bəzi nümayəndələri üçün bunlar inanılmazdır. Hərçənd indi hər kəs elm sahəsində qazandığımız uğurlara artıq yavaş-yavaş inanmağa başlayıb.

Qlobal mərkəzlər elan edir ki, İranın elmi inkişafı dünya elminin orta inkişaf tempi ilə müqayisədə 11, bəzi statistikalara görə isə 13 dəfə sürətlidir. Əlbəttə, bu, o demək deyil ki, biz elmi cəhətdən dünyanın bütün mərkəzlərindən irəlidəyik. Xeyr, bizim geri olduğumuz məqamlar çox, inkişaf tempimiz isə sürətlidir. İnkişafımızı eyni templə davam etdirsək, gələcək illərdə: 10 il, 15 il sonra, ola bilsin, elm və texnologiyanın bütün sferalarında dünyanın birinciləri sırasında yer alaq. İndi isə hələ bu mümkün deyil. Hələ yolun ortasındayıq, irəliyə doğru gedirik. Elm sahəsi barədə bu qədər.

Eynilə həmin vəziyyət siyasətə, beynəlxalq fəaliyyətə, ictimai qurumlara da aiddir. Müxtəlif sferalarda müxtəlif səviyyəli nailiyyətlərimiz var. Bəzi sahələrdə bu nailiyyətlər daha qabarıq, bəzilərində isə daha zəifdir. Ölkəmiz inkişaf etməkdədir və bu proses davam etdirilməlidir. Mənim sözüm budur: İslam bayrağı altında irəliləyərək amallarına yaxınlaşan bu ölkənin – yeni İranın quruculuğunda payı olan hər kəsin varlığı dəyərlidir. Rolu daha effektiv olan, təhlükə ilə daha çox müşayiət olunan, yaxud avanqardların sırasında daxil olan hər kəsin bu qürur və başucalığı gətirən nailiyyətlərdə payı daha artıqdır. Özü də biz heç vaxt yorulub usanmamalıyıq! Quranın bu ayəsini, yəqin ki, eşitmisiniz:

فاذا فرغت فانصب

“ (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (namaz qıl, dua et)! (Axirət üçün çalış-vuruş!)” (“İnşirah” surəsi, ayə 7)

İşdən azad olan kimi, yəni işin qurtaran kimi, təzədən qalx - yəni sonrakı işə başla; dayanmaq yoxdur.

فاذا فرغت فانصب. و الى ربّك فارغب

“(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (namaz qıl, dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)” (“İnşirah” surəsi, ayə 7-8)

İslamın qəbul olunmuş, elan olunmuş ideallarına doğru istənilən yaxşı hərəkətinizlə bir addım atsanız, bu, Allaha can atmaqdır. Əlbəttə ki, mənəviyyat, qəlbin Uca Yaradanla rabitəsi əsas rol oynayır. Bunu hamı bilməlidir.

Bəli, gəlib çatdıq ailələrə. Döyüşçülərimizin – istər Orduda, istər Keşikçi Korpusda, istər Bəsic sıralarında, istər Polis Qüvvələrində xidmət edən insanların, istərsə də Müdafiə Nazirliyinin əməkdaşlarının – möhtərəm Ordu komandirinin adlarını qeyd etdiyi şəxslərin – ailə üzvləri və həyat yoldaşları kimə kömək etdiklərini, kiminlə çiyin-çiyinə yaşadıqlarını bilməlidirlər. Sizin həyat ortaqlarınız bu uca və əzəmətli binanın qurulmasında həssas rol ifa edən şəxslərdəndirlər. Bəli, Silahlı Qüvvələr məhz budur. Əmirülmöminin Əlinin (ə) təbiri ilə desək:

حصون الرعيّة

– camaatı, xalqı qoruyan səddirlər, ölkənin mənəvi səddidirlər. Müstəqil, intellektli, təşəbbüskar, cəsur, fədakar silahlı qüvvələrinin olması – bu döyüşçülər silahlarından atəş açmadan belə – bir ölkəyə təhlükəsizlik qazandırır, düşmənləri yerinə oturdur. Silahlı Qüvvələr bu qədər əhəmiyyətlidir. Siz isə onların həyat yoldaşlarısınız. Möhtərəm komandan mənim bir fikrimi səsləndirdi (özüm də indiyə qədər, bəlkə, 10 dəfə, ya daha da çox təkrar etmişəm): siz kişilərin ümumi, böyük mücahidə meydanında əldə edə bildiyiniz savabın yarısı həyat ortağınız, ömür-gün yoldaşınız olan bu xanımlara düşür. Meydana – cihad və ya əmək, zəhmət meydanına atılan bir şəxsin həyat yoldaşı onu dəstəkləməsə – ah-uf edib şikayətlənsə, ərini narahat etsə, belə həyat ona çətin gəlsə – bir sözlə, əri ilə çiyin-çiyinə durmağa hazır olmasa, həmin adam o meydanda heç nəyə nail ola bilməz. Əgər siz yaxşı işləyə bilirsinizsə, bu, yaxşı və mehriban həyat yoldaşlarınızın varlığının bərəkətindən irəli gəlir. Bunu, ilk növbədə, xanımlar özləri dəqiq bilməlidir. İlk növbədə, siz özünüz zəhmət çəkən, savabının yarısı da sizə nəsib olan bir kişinin həyat yoldaşı olmağın qədrini bilin! Sizin ərləriniz İslam Respublikası adlı uca bir binanın, yeni bir hökumət rejimi olan, inşallah, gələcəkdə yeni İslam sivilizasiyası üçün zəmin olacaq İslam dövlətinin qurulmasında rol oynayır – bunun qədrini bilin! Həyat yoldaşlarınızın şəxsiyyətini bu cür dəyərləndirin! Eynilə övladlar da! Silahlı Qüvvələrdə xidmət edən insanların övladları ataları ilə qürur duymalı, fəxr etməlidirlər.

Bu məqamda mən əziz şəhidlərimizin ailələrini salamlamağı, onlara öz ehtiramımı ifadə etməyi, şəhidlərimizin ruhuna salavat göndərməyi lazım bilirəm – bütün varlığını, fiziki vücudunu, yəni əsl sərmayəsini Allah yolunda meydana gətirmiş, Allah yolunda xərclənmək üçün ortaya qoymuş şəhidlərimizin. Uca Yaradan da bunu onlardan qəbul edib. Çoxları Allah yolunda xərclənmək üçün gediblər, amma qəbul olunmayıblar. Müxtəlif səbəblərdən: bəzilərini Allah-Taala layiq bilməyib, bəzilərini isə başqa mühüm işləri və vəzifələri yerinə yetirmələri üçün qoruyub saxlayıb. Layiqli olanların, gedib bu yolda şəhid olanların dəyəri isə son dərəcə yüksəkdir; son dərəcə. Şəhidlər, doğrudan da, cəmiyyəti, gələcəyi, tarixi aydınladan parlaq nurlardır. Ailələri də səbir edib – onların cihad həvəsinə, təhlükəli meydanlara can atmalarına səbir edib. Dildə demək asandır: qadın ərinin ölüm təhlükəsi saçan bir meydana yollandığını görür və buna dözür. O meydana gedən kişinin əməli nə qədər dəyərlidirsə, buna səbir edən o qadının da əməli bir o qədər dəyərlidir. Daha sonra əri şəhid olanda buna da dözür, səbir edir. Sizə deyim ki, əgər şəhid ailələrinin səbri olmasaydı, şəhidlik məsələsi cəmiyyətimizdə bu qədər yüksək ruh və canlanma ilə qarşılanmaz, dəyərləndirilməzdi. Bu gün cəmiyyətimizdə şəhadətə belə yüksək dəyər verilirsə, bu, məhz şəhid ailələrinin səbrinin boynumuzda olan böyük minnətidir. Hər halda, onlara salamımı və dərin ehtiramımı çatdırıram! Həm onların, həm də siz hərbçilərin övladları qürur duymalı, atalarının bu yolda olması ilə fəxr etməlidirlər.

Sizə onu da deyim ki, qarşıda bizi aydın üfüqlər gözləyir. Əlbəttə, hansısa imperialist dövlətin hansısa satqın telekanalından bu həqiqətləri gəlib bizə bəyan etməsini gözləmək yersizdir. Xeyr, onlar vəziyyəti son dərəcə pis imiş kimi qələmə verirlər. Onlar bilirlər ki, bu milləti durdurmağın yollarından biri də ondan ümidini almaqdır. Buna görə də hey ölkəmizə qara yaxır, vəziyyəti pessimist çalarlarda təqdim edirlər...(3) (Allah sizi qorusun! İcazə verin, davam edim!) Şər və fəsad üçlüyünün adlarını da elə özünüz çəkdiniz. Mən deməmiş, siz dediniz. Xəbis Amerika, İsrail və İngiltərə. Onlar, doğrudan da, belədirlər də! Onların təbliğat orqanları İran xalqının şüuruna təsir göstərmək, bir müddət əvvəl qeyd etdiyim kimi, xalqı və intellektual elitanı mühakimələrini dəyişməyə məcbur etmək üçün gecə-gündüz çalışır. Əlhəmdulillah, nə qədər səy göstərsələr də, xeyri yoxdur. Qarşıda bizi işıqlı bir gələcək gözləyir; gözəl üfüqlər gözləyir. Amma bu, o demək deyil ki, biz başımızın altına yumşaq bir yastıq qoyub rahat mürgüləməliyik. Xeyr, işləmək, çalışmaq lazımdır. Zəhmətkeşliyin, çalışqanlığın vaxtı, müddəti, qurtaracağı, yorulub təqaüdə çıxmağı yoxdur. İnsan həyatının bütün mərhələlərində çalışmaq, iş görmək üçün fürsət var. Bu fürsəti tapıb üzə çıxarmalı, çalışmağa əzm göstərməli, ciddi şəkildə hərəkət etməliyik.

قوّ على خدمتك جوارحى و اشدد على العزيمة جوانحى

Əmirülmöminin Əli (ə) “Kumeyl” duasında Uca Yaradandan istəyir (bununla bizə də Allaha bu şəkildə dua etməyi öyrədir) ki, Pərvərdigara! Lazımi xidmətləri yerinə yetirmək üçün əl-ayağımıza, cismimizə, bədənimizə güc-qüvvət ver! Əzmimizi möhkəmləndir! Ardınca deyir:

و هب لى الجدّ فى خشيتك

– Allahın qarşısında tamamilə ciddi şəkildə təslim olub, itaət edək, əməllərimizi ölçüb-biçək. Uca Yaradanın varlığını, hər zaman bizi gördüyünü, əməllərimizin şahidi olduğunu bilək. Və bu, bizdə ciddi bir hiss olsun. Dildə deyib dərinliyinə varmadığımız bir söz olmasın.

و الدّوام فى الاتّصال بخدمتك

Xidməti də qırıq-qırıq, fasilə ilə etməyək. Davamlı olaraq xidmət yolunu tutaq. İnşallah, gənclərimiz – bu akademiyada təhsil alan tələbələr və başqa gənclər, əziz bəsicilərimiz, mömin, fədakar cavanlarımız, müxtəlif ali təhsil müəssisələrində oxuyan tələbə oğlan və qızlar, dini təhsil alan dəyərli gənclərimiz, xalqın müxtəlif təbəqələrini təmsil edən cavanlarımız da daxil olmaqla bütün gənclərimiz öz davranışları ilə, gördükləri işlərlə, səyləri ilə biz yaşlılara da güc və ruh yüksəkliyi bəxş edəcək, necə hərəkət etmək lazım olduğunu öyrədəcəklər.

Pərvərdigara! Bu gün burada yığışanlara Öz rəhmət və bərəkətini nazil et! İran xalqına Öz rəhmət və bərəkətini nazil et! Dünyanın hər yerində müsəlman xalqlarını düşmənləri üzərində qalib et! Öz lütf və mərhəmətinlə hamımıza axirət və dünya səadəti nəsib et!

Həzrət Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et! O böyük insanın dualarına layiq olmağı bizə nəsib et! Dahi İmam Xomeyninin (r.ə) və əziz şəhidlərimizin pak ruhlarını Qiyamət günü məhşərə Öz övliyalarınla gətir!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
_________________________________
(1) Təkbir 
(2) Təkbir 
(3) «Amerikaya ölüm, İsrailə ölüm, İngiltərəyə ölüm!”, “Damarlarımızdakı qan rəhbərimizə hədiyədir!” şüarları səslənir.