Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış

بسم‌اللّه‌الرّحمن‌الرّحيم‌
الحمد للّه‌ ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطيبين الأطهرين المنتجبين سيّما بقيّةاللّه‌ فى الأرضين

Əziz qardaş və bacılarımın hamısına, ölkənin müxtəlif hökumət strukturlarında çalışan dəyərli və möhtərəm rəsmilərə “Xoş gəlmisiniz!” deyirəm; bizə təqdim etdiyi gözəl hesabata görə möhtərəm ölkə başçısına təşəkkür edirəm.

Sözə başlarkən mən ilk olaraq, bu günləri və gecələri qənimət bilməyinizi təkidlə tövsiyə edirəm.  Bizim bu saatlardan, bu günlərdən, bu bərəkət dolu gündüz və gecələrdən maksimum bəhrələnməyə ehtiyacımız var. Bunun üçün biz məna aləmi, qeyb aləmi  ilə mənəvi rabitəmizi gücləndirməli, aləmlərin Rəbbi qarşısında acizanə surətdə dua və yalvarış etməli, Əhli-Beyti (ə) – o mükərrəm xanədanı bütün işlərimizdə bizə rəhbər olaraq bağlayan bağları möhkəmləndirməliyik. Bu, mömin və çalışqan bir insanın Haqq yolunda görə biləcəyi bütün xeyir işlərin əsasıdır.

Bu saatlardan, bu fürsətdən istifadə etməsək, bir gün buna peşman olacaq, təəssüflənəcəyik.

و انذرهم يوم الحسرة اذ قضى الأمر و هم فى غفلة و هم لا يؤمنون

(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!

(“Məryəm” surəsi, ayə 39)

Bu fürsətlər qəflət və inamsızlıq arasında əldən gedir və hər saatımızın, hər dəqiqəmizin, hər hərəkətimizin, hər sözümüzün hesaba alınacağı, haqq-hesaba çəkiləcəyi gün bu qəflət peşmançılığımıza səbəb olacaq. O zaman vaxt da ötmüş olacaq.

اذ قضى الأمر

İş-işdən keçmiş olacaq. O gün ki, biz anlayacaq, dərk edəcəyik ...

Mərhum Mirzə Cavad Ağaye-Mələki “Moraqebat” kitabında Qədr gecəsinin saatları ilə bağlı bir cümlə yazır ki, mən onu özüm üçün ayrıca qeyd götürmüşəm. Əlbəttə, bu hər zamana aiddir, lakin o, məhz bu münasibətlə buyurur:

فاعلم يقينا انّك ان غفلت عن مثل هذه الكرامة و ضيّعتها باهمالك

Qəflətə düçar olsaq, bu fürsətləri zay etsək, əldən versək, gerisi budur:

و رأيت يوم القيامة ما نال منها المجتهدون

Bir vaxt Qiyamət günü çatanda, insanların əməlləri ortaya gələndə, əməllərimizin mələkuti surəti bizə göstəriləndə, baxıb görəcəksiniz ki, imkanınız olduğu halda etmədiyiniz bir əməli, insanlara xeyir verəcəyini bildiyiniz halda, dilə gətirib demədiyiniz sözü, haqqı olanların faydalana biləcəyi, amma atmadığınız bir addımı – bütün bu kiçik işləri kimlərsə edib. Kimlərsə çalışıb, cəhd göstərib və Uca Yaradan həmin gün onlara necə böyük savablar əta edir. Biz isə həmin gün savabdan məhrumuq. İnsan başqa birinin bu əməli yerinə yetirdiyini, bu xeyir işi gördüyünü, bu addımı atdığını, bu ibadi əməli yerinə yetirdiyini, hamının möhtac olduğu o gündə necə böyük nailiyyətlər əldə etdiyini görəndə – burada Ağaye-Məliki buyurur:

ابتليت بحسرة يوم الحسرة

– məhz onda peşmançılığa düçar olur. Hansı peşmançılığa? Deyir ki, kaş bu işi mən görmüş olaydım, bu addımı ataydım, bu sözü deyəydim, bu işi etməz, ya bu sözü dilimə gətirməzdim. Ardınca Ağaye-Məliki buyurur ki, “يوم الحسرة” -in – “peşmançılıq gününün” peşmançılığı adi peşmançılıqlar kimi deyil. Bu dünyada da insan bəzən ona xeyir gətirə biləcək bir işi görməyəndə sonradan peşmançılıq çəkir, təəssüflənir. Amma bu hara, o hara? Ağaye-Məliki buyurur:

الّتى تصغر عندها نار الجحيم و العذاب الأليم

Bu peşmançılıq o qədər güclü, o qədər kədərgətirəndir ki, onun qarşısında Cəhənnəm odu da kiçikdir. Belə desək, bu peşmançılıq əridilmiş qurğuşun kimi insanın içinə axır.

فتنادى فى ذلك اليوم مع الخاسرين النّادمين يا حسرتى على ما فرّطت فى جنب اللّه‌ 

– daha sonra: 

و لا ينفعك النّدم

Həmin gün artıq peşmançılığın da faydası yoxdur.

Bu gün siz həyat nemətindən faydalanırsınız, çoxlarınız gənclik nemətindən faydalanır, əlhəmdulillah, hamınız, yaxud əksəriyyətiniz yüksək fiziki və intellektual bacarığa maliksiniz, işləyə, bu xoş saatlardan – bu gecələrdən, dualardan, minacatlardan, gecə oyaq qalmalardan, nafilə namazlarından – bəhrələnə bilirsiniz. Bəzən kiçik bir işin elə böyük əcri olur ki, bu məstliyin içərisində, onu hər tərəfdən əhatə edən bu maddi çərçivələrin arasında insanın buna inanmağı gəlmir.

و هم لا يؤمنون

– amma var. Bəli, Ramazan ayı – bu, bir fürsətdir. Daha bir fürsət isə xidmət fürsətidir. Bu gün siz vəzifə məsuliyyəti daşıyırsınız, əlinizdə insanlara xidmət etmək fürsəti var. Rəhbər işçilərsiz, işləyə bilərsiniz. Bu fürsətdən maksimum dərəcədə istifadə etmək lazımdır. İxtiyarınızda olan saatlardan, anlardan, cürbəcür imkanlardan istifadə edin. İslam dövlətində, islami, ilahi qayda-qanunlarla idarə olunan ölkədə ölkənin inkişafına xidmət edəcək istənilən addımın maddi və mənəvi baxımdan əcrləri var. Elə əcrlər ki, insan Qiyamət günü onların kiməsə qismət olduğunu, özünün isə məhrum vəziyyətdə qaldığını görsə, az öncə qeyd etdiyim kimi, peşmançılıq çəkər. Mənim ilk olaraq, qeyd etmək istədiyim məqam bu idi və məncə, bugünkü söhbətimizin əsas və mühüm hissəsi də elə budur. Bu nəsihətlərə və tövsiyələrə əməl etməyə mənim özümün sizdən çox ehtiyacım var. İnşallah, Uca Yaradan hamımıza mənəvi dəstək versin.

Bu gün mənim deməyə hazırlaşdığım isə budur ki, İran xalqının inqilabı qoruyub saxlamaq, inqilabın keşiyində durmaq qabiliyyəti, demək olar, inqilabın özündən heç də az olmayan əzəmət və əhəmiyyətə malikdir. Bu 33 ildə İran xalqı bu möhtəşəm nailiyyəti yüksək səviyyədə qoruyub saxlamağı bacardı. Son il yarım ərzində regionda baş vermiş inqilablara baxın. Ümumilikdə nəzər salsanız,  bu inqilabların düzgün kurs üzrə gedib-getmədiyi haqda mühakimə yürüdə bilərsiniz. Düşmənlər, imperialistlər, konkret olaraq, İsrail, Amerika və Qərb dövlətləri bu inqilabları cilovlamaq, düzgün kursundan yayındırmaq üçün səy göstərməkdədirlər. Görün onlar necə əlləşib-vuruşurlar?!

Bu gərgin səyləri görəndə insan başa düşür ki, ölkəmizdə necə böyük bir iş görülüb – İslam İnqilabı amallara aparan düzgün kursla öz yoluna davam edib. Dəyər və amalların relsindən çıxmadan irəliyə doğru hərəkətini davam etdirib. Və bu, qarşıdurmaların, təhdidlərin durmadan artdığı bir şəraitdə baş verib. İlk gündən ölkəmizin və İslam İnqilabının üz-üzə qaldığı təhlükələr daim getdikcə daha mürəkkəb, dolaşıq xarakter alıb; terror da olub, etnik iğtişaşlar da olub, müharibə də olub, sanksiyalar da olub, blokada da olub. Biz irəli getdikcə onlar təhdidlərini daha da mürəkkəbləşdiriblər. Düşmənlərimiz və dövlətimizin müxalifləri isə bütün bunlara başçılıq ediblər. 1378-ci ilin tir ayında baş verənlər, 1388-ci il olayları bu ölkənin, bu inqilabın və bu xalqın üzləşdiyi cürbəcür təhdidlərdəndir. Xalqımız bütün bunları arxada qoydu və möhkəm addımlarla öz yoluna davam edir. Bunlar bizim bu gün və həmişə diqqətdə saxlamağa ehtiyac duyduğumuz, çətin yolları qət etməkdə, kəskin dönüşləri, dar keçidləri arxada qoymaqda bizə yardım edəcək məsələlərdir.

Bu 33 illik hərəkatda insanın müşahidə etdiyi, inqilabın bizə öyrətdiyi, dahi İmam Xomeyninin (r.ə) miras qoyduğu şey odur ki, İslamın bizə aşıladığı, təlim etdiyi böyük arzu və amallar bu illər ərzində diqqətdən kənar qalmayıb. Eyni zamanda cəmiyyətdə və dünyada mövcud olan reallıqlar da diqqətdə saxlanıb. İslam İnqilabının başlatdığı hərəkatın davam etməsinə kömək edən də bu olub – ideallar uğrunda vuruşma, ideallara can atma ilə reallığı düzgün qiymətləndirmənin kombinasiyası.

Bəziləri ağızlarına bir söz almışdılar; hey deyir, yazırdılar. İndi də kənar-bucaqda həmin fikri eşitmək olur ki, cəmiyyətin və dünyanın reallıqlarını nəzərə almaqla yüksək amallara can atmaq bir-biri ilə uyğun gəlmir. Bunu deyənlər ideallara can atma ilə xam xəyallara qapılmanı səhv salırlar. Bizim israrla üzərində durduğumuz və həyata keçirmək istədiyimiz şey budur ki, reallığı görmə, cəmiyyətdə və dünyada mövcud olan reallıqları müşahidə etmə ilə İran xalqının öz böyük arzu və amallarını izləməsi arasında heç bir ziddiyyət və uyğunsuzluq yoxdur. Biz amallara can atmanı reallığı görmə ilə, realistliklə uzlaşdıra bilsək, bunun praktikaya çevrilmiş forması gərgin zəhməti tədbir və müdrikliklə uzlaşdırmaq olacaq. Həm çalışıb-vuruşmalı, əziyyətə qatlaşmalıyıq, həm də bu cihad əzmli hərəkatımız hərtərəfli düşünülmüş bir məcrada getməlidir. Bunun üçün isə bütövlükdə xalqın, rəsmilərin gözüaçıq və məlumatlı olması, bütün sferalarda əl və dil birliyi tələb olunur.

Bəziləri belə bir fikir formalaşdırmağa çalışırlar ki, amallara can atmaq reallığı görməklə uyğun gəlmir. Biz bu fikri qəti şəkildə rədd edirik. Bizim amallarımızdan, xalqımızın tələblərindən bir çoxu cəmiyyətin reallıqları sırasına daxildir. Xalqımız milli qüruru olmasını istəyir, dindar, imanlı həyat tərzi keçirmək istəyir, ölkənin idarəçiliyində payı olmasını – yəni xalq hakimiyyəti istəyir, inkişaf etmək, siyasi və iqtisadi cəhətdən müstəqil olmaq istəyir. Bunlar xalqımızın ümumi istəkləridir. Bu istəklər cəmiyyətimizin reallıqlarıdır. Bu reallıqlar yüksək amallarla yüzdə yüz üst-üstə düşür. Bunlar intellektual, analitik məsələlər, fantaziyalar deyil; ideoloji bir şey deyil. Bunlar cəmiyyətdə mövcud olan reallıqlardır. Canlı və imanlı bir cəmiyyət bunların axtarışındadır – milli qürur istəyir, müstəqillik istəyir, inkişaf istəyir, beynəlxalq nüfuz istəyir. Bunlar xalqın istəkləridir. Bunlar yüksək amallarla üst-üstə düşür. Bu arzu və istəklər cəmiyyətin mütləq reallıqları sırasına daxildir. Odur ki reallıq amallara xidmət edə, onlarla eyni istiqamətə yönələ bilər. Bəli, reallığı diqqətə almadan, məntiqi və rasional icra mexanizmlərini nəzərdə tutmadan ideallar haqqında danışmaq xəyalpərvərlikdir. Bu halda ideallar şüar səviyyəsində qalacaq. Lakin ölkənin rəsmiləri amalları məntiqi surətdə və səbatla izləyirlərsə, xalq da onlarla əl-ələ veribsə, bu zaman cəmiyyətdəki reallıqlar amallarla uzlaşır. Bəli, bu, ölkənin inkişafı üçün başlıca əhəmiyyət daşıyan, əsas dayaq sayıla biləcək bir məsələdir.

Mən cəmiyyətimizin reallıqlarından bir qismini  qeyd etmək istəyirəm.  Elə reallıqlar var ki, əgər biz öz hesablamalarımızda onları nəzərə almasaq, heç şübhəsiz, yanlış mühakimə yürüdəcəyik. Yol seçimində də səhvə yol verəcəyik. Bu reallıqları görmək lazımdır. Əlbəttə ki, mənim qeyd edəcəyim reallıqlardan heç biri təhlil deyil. Hamısı gözümüz önündə olan reallıqdır. Əvvəlcə, bunu deyim: biz amallara doğru irəliləmək, eyni zamanda realist olmaq istəyiriksə – yəni reallıqları görmək, davranışlarımızı buna əsasən tənzimləmək istəyiriksə, burada qarşımıza çıxa və bizi büdrədə biləcək məqamlara qarşı diqqətli olmalıyıq. Bizi büdrədə biləcək məqamlar var. Bunlardan biri reallıqla bağlı fantaziyalar qurmaq – reallıq olmayan şeyləri reallıq zənn etməkdir. Ölkəmiz, xalqımız, inqilabımız əleyhinə bir cəbhə formalaşdırmış düşmənlər özlərindən reallıq qondarmağa, real olmayan şeyləri bizə açıq-aydın reallıq kimi qələmə verməyə çalışırlar. Halbuki reallıq başqadır. Diqqətli olmalıyıq ki, kimlərinsə özlərindən qondardığı, həqiqətə uyğun olmayan “reallıq”lara inanmayaq. Misal üçün, biz öz güc və bacarığımızı həqiqətdə olduğundan az, yaxud çox dəyərləndirsək, səhvə yol vermiş olarıq. Düşmənin gücünü də reallıqdakından az, yaxud çox zənn etsək, yanlış hesablamalar apararıq. Bu, düşmənin istifadə edərək bizə qarşı planlar qurduğu məqamlardandır. Özünüz baxın! Düşmənlərimizin həyata keçirdiyi genişmiqyaslı media təbliğatında ölkəmizin daxili, milli potensialını cılızlaşdırmağa, alçaltmağa səy göstərilir. Qarşılığında isə düşmənin güc və potensialı olduğundan artıq təqdim edilir. Bu, insanı çaşdıra biləcək məqamlardandır. Biz düşməni lazım olduğundan artıq qiymətləndirib, ondan daha çox qorxsaq, sözsüz ki, hesablamalarımızda səhvə yol verəcəyik. Yanlış yolla gedəcəyik. İnsanı büdrədə biləcək məqamlardan biri budur.

Reallığı görməkdə insanı çaşdıra, büdrədə biləcək məqamlardan daha biri isə bizim öz daxilimizlə bağlıdır. Bizi dünyaya bağlayan həvəs və maraqlar bəzən iflicedici olur. Onlar nələri isə reallıq kimi qəbul etməyimizə səbəb olur, halbuki həmin şeylər reallıq deyil; əslində, rahatlığı sevən, maddi dünyaya həvəskar olan nəfsimizin bizə zorla reallıq kimi qəbul etdirdikləridir.

İnsanı büdrədə biləcək məqamlardan biri də bahasını ödəmədən ideallara yetişməyin mümkün olduğunu güman etməkdir. İnqilabi mübarizə dövründə də görmüşük; elələri var idi ki, mübarizənin hədəflərini qəbul edirdilər, amma bu yolda bir addım atmaq, nəyi isə əldən vermək istəmirdilər. Belələri bu gün də var. Elə güman edirlər ki, qarşıya qoyulan hədəflərə heç nə ödəmədən, heç nəyi itirmədən çatmaq lazımdır. Odur ki iş gəlib nəyi isə əldən verməyə çatanda geri çəkilirlər. Bu geri çəkilmə əksər hallarda insanın öz hesablamalarında səhvə yol verməsinə, düşmən qarşısında tutmalı olduğu yolu tutmamasına səbəb olur.

Daha bir çaşdırıcı məqam odur ki, insan reallıqlardan bir qismini görə, bir qismini isə görməyə. Bu da səhvə yol açır. Hesablamalarda səhvə yol verilməsi ilə nəticələnir. Reallıqları paralel surətdə görmək və dəyərləndirmək lazımdır.

Mən burada o reallıqlarından yalnız bir neçəsini qeyd edirəm. Ölkədəki reallıqların hamısını bəyan etməyə iddialı deyiləm. Lakin bu, bir girişdir; cürbəcür reallıqlara gözümüzü aça bilər: Biz nə vəziyyətdəyik? Hansı mövqedəyik? Nəyimiz var, nəyimiz yoxdur? Mənim öz mühakiməmə əsasən, bu reallıqların nəzərə alınması çox ümidverici ola bilər. Reallıqları paralel surətdə nəzərdən keçirəndə bunu görürük; hiss edirik ki, İran xalqını uca amallara aparan yol açıqdır. Bu yolda maneələr, qarşıdurmalar var, amma yol açıqdır, döngə-dalanı yoxdur. İslam İnqilabına və İslam dövlətinə müxalif olan cəbhənin – düşmənlərimizin məqsədi xalqımızın yolunun çıxmaza dirəndiyi barədə fikir formalaşdırmaqdır. Özləri də deyirlər ki, müəyyən işləri görməkdə, təzyiq göstərməkdə, ölkəmizi blokada vəziyyətinə salmaqda, sanksiyalar tətbiq etməkdə məqsədləri İslam Respublikasının rəsmilərini hesablamalarını yenidən nəzərdən keçirməyə vadar etməkdir. Mən isə deyirəm: reallıqları nəzərə almağımız nəinki əvvəlki hesablamalarımıza yenidən baxmağımıza səbəb olmur, hətta bizi geridə qoyduğumuz yolun – İslam İnqilabının gözümüzün önündə keçdiyi yolun düzgünlüyünə daha da arxayın edir.

Ölkəmizdə mövcud olan və ötən illərə nisbətən bu gün daha çox üzümüzə vurulan reallıqlardan biri də sanksiya və təhdidlərdir. Ölkəmiz bir neçə imperialist qüvvə və dövlətlə güc sınağına girməyə məcbur olub. Daha öncə də dəfələrlə vurğuladığımız kimi, biz qarşımızda dünya ictimaiyyətini, dövlətləri, xalqları görmürük. Bizimlə qarşıdurmaya girənlər bir neçə dövlətdir, lakin ixtiyarlarında güclü media maşını  var. Amerika və Qərbin yalnız bir şeydə bizdən güclü olduqlarını insafla söyləməliyik ki, bu da onların media gücüdür – özləri demişkən, propaqanda mənasında təbliğat gücüdür. Bəli, biz bunu etiraf edirik ki, onların təbliğatı güclüdür, güclü media imkanları var, istədikləri mövzunu istədikləri kimi təqdim edə bilirlər. Bu gün onlar yüksək media və təbliğat imkanları vasitəsilə güclü təbliğat aparır, özlərini yalandan “dünya ictimaiyyəti” kimi təqdim edirlər. Reallıq isə budur ki, onlar bir neçə dövlətdirlər. Bir neçə dövlət dünya ictimaiyyəti demək deyil. Bu, bir reallıqdır.   

Biz bir neçə imperialist dövlətlə güc çəkişməsində üz-üzə qalmışıq. Onların arxasında zahirən çoxsaylı, lakin faktiki fəaliyyət göstərməyən bir havadarlar ordusu da var; onlar da bizim əleyhimizədir, lakin öz-özlüklərində bir heçdirlər, heç bir güc kəsb etmirlər. Amerika hökuməti onların üstündən əlini çəksə, sıfırdırlar; qlobal, beynəlxalq güc balansında hesaba alınmırlar. Lakin hazırda zahiri effektə malik olan bir havadarlar ordusu kimi Amerika, İsrail və dünya sionist şəbəkəsinin arxasında hərəkət edirlər. Bu, bir reallıqdır, gözlərimiz önündədir. Bu, inqilabın ilk illərindən etibarən formalaşmış bir şeydir. Özü də, az olmayıb, getdikcə artıb. Əlbəttə, bu reallığı şişirtmək üçün də əlbir olublar; bu da qeyd etdiyim azdırıcı məqamlardandır. Bu reallığı mümkün qədər şişirtməyə, daha kəskin, daha ağır, daha acı şəkildə təqdim etməyə çalışırlar. Biz bunu qəbul edirik ki, təzyiqlərlə, sanksiyalarla üz-üzə qalmışıq və bu addımların arxasında böyük dövlətlərin iqtisadi siyasi, təhlükəsizlik imkanları, xüsusilə media gücü durur. Bu, bir reallıqdır.

Bu reallıqla yanaşı baxılmalı olan digər bir reallıq da var: onlar məsələni belə qələmə verməyə çalışırlar ki, bu çəkişmə, misal üçün, nüvə silahı, yaxud insan haqlarının tapdalanması ucbatındandır. Bu, yalandır. Bu iddianın yalan olmağı bir reallıqdır. Bunu biz demirik. Bu gün dünyada elə bir insan yoxdur ki, Amerikanın insan haqlarını, xalqların hüquqlarını qorumaq niyyətində olduğuna, yaxud yüzlərlə azyaşlının qatili olan, soyqırımları törətmiş İsrailin dünya ölkələrində demokratiyanın təmin olunması üçün çalışdığına inansın. Bəşər hüquqlarını, xalqların və insanların haqqını qorumaq baxımından Amerika və İsrailin, bu gün İslam Respublikasının əleyhinə çıxan ölkələrin keçmişi çox qaradır. Fələstində 60 ildir davam edən soyqırımı bəşər hüquqlarının tapdanması deyilmi? Qəsbkar İsrail dövlətinə atom silahı vermək qlobal sülhə zərbə deyilmi? Bunlar bütün bu işlərə qol qoyduqları halda, qlobal sülhün müdafiəsində durduqlarını necə iddia edə bilərlər? Səddam kimi birinə kimyəvi silah vermək bəşər hüquqlarını pozmaq deyil? “Əbu-Qureyb”də, “Qvatanamo”da, İraq, Əfqanıstan və dünyanın başqa nöqtələrində amerikalıların, qərblilərin, ingilislərin əli ilə törədilənlər bəşər hüquqlarının müdafiəsi barədə iddialar irəli sürməyə yer qoyurmu? Odur ki onların: “İslam Respublikasının əleyhinə çıxmağımızın səbəbi bu ölkədə insan haqlarının pozulmasıdır” – deməyi yalandır. Atom silahı bəhanələri də yalandır. Onlar İslam Respublikasının atom silahı əldə etmək niyyətində olmadığını bilirlər. Əvvəllər biz bunu gümanla deyirdik, daha sonra beynəlxalq müzakirələrdə bu, bizə tam aydın oldu. Onlar buna inanıblar, qəbul ediblər, reallıq da elə budur. Buna baxmayaraq, yenə də atom silahı məsələsini ortaya atırlar. Deməli, bu təzyiqlərin, bu sanksiyaların, bu blokadaların, bu düşmənçilik və ədavətin atom silahı, nüvə imkanları ucbatından olduğu barədə iddialar yalandır. Bu iddiaların yalan olmağı özü də bir reallıqdır.

Reallıq budur ki, onların bizim əleyhimizə çıxmalarının səbəbi İslam İnqilabının özü, İslam dövlətinin qurulmasıdır. Onlar bu regionda arxayınca ağalıq edirdilər. İran kimi təbii sərvətlərlə, geniş imkanlarla dolu bir ölkə ovuclarının içində idi. Nə istəyirdilər, edirdilər. İstədikləri qərarları verirdilər. Məqsədlərini reallaşdırmaq üçün bu ölkənin imkanlarından istədikləri kimi istifadə edirdilər. İndi isə bundan məhrum olublar. Təkcə bu da deyil. İrandakı hərəkat bu iddianın, bu stimulun bütün İslam dünyasında oyanışına səbəb olub ki, bu gün bunun nişanələrini Şimali Afrikada, Orta Şərqdə, bütün ölkələrdə və xalqlarda müşahidə edirik. Onlar məhz bundan narahatdırlar.Əsas ocaq İslam Respublikasıdır. İslam Respublikasına zərbə endirib, bununla başqalarına ibrət dərsi vermək istəyirlər. Əsl motiv budur. Bu da bir reallıqdır.

Daha bir reallıq budur ki, bu gün İslam Respublikası üçün qəsdən yaradılan problemlər yeni deyil. Bu da təhlil deyil, reallıqdır. Bunu hər kəs görür, müşahidə edir. Vaxt var idi, Fars Körfəzindəki neft və qeyri-neft gəmilərimizi vururdular. Vaxt var idi, Xark neft terminalını bombalayırdılar. Bir vaxtlar bütün sənaye mərkəzlərimiz düşmənin bombardmanı altında idi. Bunlar bizim öz gözlərimizlə gördüyümüz şeylərdir. Biz bu günlərdən keçmişik; bunlar bizim üçün təzə şeylər deyil. Bu gün İslam Respublikasına yaxınlaşmağa cürət etmirlər – indi qeyd edəcəyəm; bu da reallıqlardan bir qismidir. Bir vaxtlar buna ürək edirdilər, gəlirdilər, zərbə endirirdilər, hücum edirdilər. Səddamın bizə qarşı apardığı müharibə bir dövlətin müharibəsi deyildi ki! Əleyhimizə gedən beynəlxalq müharibə idi. Odur ki bugünkü problemlər – təhdidlər, söz-söhbətlər, hesablamalar, özünü şişirtmələr – İslam Respublikası üçün yeni deyil. Bu da bir reallıq.

Başqa bir reallıq da budur ki, İslam Respublikası bütün bu çətinlikləri, ağır keçidləri arxada qoyub. Arxada qoymamışıqmı? Dayanıb qalmışıqmı? İslam Respublikasına zərbə vura biliblərmi? İslam Respublikasının ideallarına və prinsiplərinə xələl gətirə biliblərmi? Yox, edə bilməyiblər! Bu da bir reallıqdır. Bu reallıqlar daim bizim gözümüz önündə olmalıdır.

Digər bir reallıq odur ki, biz elə təhdidlər şəraitində inkişaf etmiş, irəliləmişik. Bu illər ərzində biz bütün sferalarda irəli getmişik.  Ən son və mürəkkəb elmi biliklər sahəsində inkişafa nail olmuşuq, ölkənin ehtiyac duyduğu texnologiya sahələrində inkişaf etmişik. Ölkəmiz dərman istehsalı, nəqliyyat, evlərin tikintisi, su, yol çəkilişi və s. sahələrdə diqqətəlayiq irəliləyişlər edib. Bu gün ölkə başçısı bəzi statistik rəqəmləri qeyd etdi, özünüz eşitdiniz. Bütün bu təzyiqlərə baxmayaraq, ölkəmiz illər boyu mütəmadi şəkildə irəliləyib. Mühüm, inhisarlaşdırılmış, konkret dövlətlərin əlində olan elm sahələrində – lazer və nano texnologiyaları, kök hüceyrələri və nüvə sənayesi sferalarında ölkəmiz dünya üzrə müəyyən yerlərə gəlib çatıb. Bunlar İslam dünyası üçün örnəkdir. Bu, bir reallıqdır. Biz yerimizdə saymamışıq, daim irəliləmişik. Mövcud bütün təhdidlərə – sanksiyalara, qeyri-sanksiyalara, siyasi və təhlükəsizlik xarakterli təhdidlərə və digər cürbəcür məsələlərə baxmayaraq, İslam Respublikası bu irəliləyişlərə nail olub. Bu da bir reallıqdır. Bu da təhlil deyil. Bu da hamımızın gözü önündə olan faktlardır. Siz – möhtərəm rəsmilər bunu sadə xalqın nümayəndələrindən daha yaxşı bilirsiniz.

Daha bir reallıq odur ki, ölkəmiz təhdid və maneələrlə mübarizədə ötən illərlə müqayisədə dəfələrlə qüvvətlənib. İlk günlə müqayisədə, bu gün biz təhdidlərlə qarşıdurmada xeyli güclüyük. Həm özünəinamımız artıb, həm Allaha təvəkkülümüz, əlhəmdulillah, az deyil, həm də göz önündə olan, var olan, duyulan güc və imkanlarımız keçmişdəkindən çoxdur. Böyük dövlətlər var qüvvələri ilə çalışırlar, lakin heç bir irəliləyişə nail ola bilmədiklərini özləri etiraf edirlər. Onlar istədiklərini həyata keçirə bilməyiblər.

Başqa bir reallıq budur ki, qarşımızdakı cəbhə bu illər ərzində zəifləyib. Yəni əgər Amerika və İsraili bu cəbhənin iki əsas sütunu, qalan Qərb dövlətlərini isə onların ardıcılları kimi götürsək, aydındır ki, bunlar zəifləyib. Bu gün İsrail 20-30 il əvvəlkindən dəfələrlə zəifdir. Şimali Afrikada baş verən hadisələrdən və Misir məsələsindən sonra sionist rejimi kəskin şəkildə zəifləyib. Həm daxildə problemləri var, həm də xaricdə saysız-hesabsız problemlərlə qarşı-qarşıyadır. Bugünkü Amerika da Reyqan dövründəki Amerika deyil. Bunlar qat-qat geriləyiblər. İraqda o vəziyyətə qaldılar; Əfqanıstanda vəziyyətləri günü-gündən pisləşir. Orta Şərq siyasətlərində uğursuzluğa düçar olublar. İsrailin əli ilə törətdikləri 33 günlük hərbi əməliyyatda bir milyondan artıq silahsız, müdafiəsiz insana qarı heç nə edə bilmədilər. Bunlar çox mühüm reallıqlardır. Bir sözlə, bunlar zəifləyiblər. 20-30 il əvvəlkinə nisbətən dəfələrlə zəifdirlər. Bu da bir reallıqdır.

Başqa bir reallıq isə budur ki, İslam Respublikasına qarşı çıxan ölkələr böhran içində çapalayırlar. Həmin bir neçə Qərb ölkəsi və yan-yörələrindəkilər böhran içərisindədirlər. Bu gün Avropada mövcud olan iqtisadi böhranla Avropa Birliyi ciddi təhlükə altındadır, avro ciddi təhlükə altındadır. Amerikanı da problemlər bir cür yaxalayıb – böyük büdcə kəsiri, iri həcmdə borclar, xalqın təzyiqləri, “Vol-Strit” etirazları, özləri demişkən, 99 faiz hərəkatı. Bunlar çox əhəmiyyətli hadisələrdir. Əlbəttə ki, Avropanın vəziyyəti Amerikanınkından pisdir. Neçə hökuməti süqut etdi. Hazırda da bir neçə Avropa ölkəsində qeyri-sabitlik hökm sürür.

Onların problemləri bizimkilərdən fərqlənir. Avropadakı iqtisadi problemlər və böhran bizim zaman-zaman üzləşdiyimiz iqtisadi problemlərdən fərqlidir. Bizim problemlərimiz zirvəyə doru irəliləyən alpinist qrupunun üzləşdiyi çətinliklərə bənzəyir. Çətin bir yoldur; əlbəttə ki, problemləri olacaq. Gah acıyır, gah susayır, gah da cürbəcür problem və maneələrlə qarşılaşırlar. Buna baxmayaraq, yuxarı çıxmağa davam edirlər. Bizim problemlərimiz bu qəbildəndir. Avropanın problemləri isə qar uçqununun altında qalan avtobusun problemlərinə bənzəyir. Onlar özləri də bilmədən bu problemlərin yaranması üçün illər boyu zəmin hazırlayıblar. Cəmiyyətlərindəki kəskin təbəqələşmə, maliyyə məsələlərində üstünlük təşkil edən sələmçilik mexanizmi, maliyyə maqnatlarının bu cür güclənməsi, pulpərəst, malpərəst sionistlərin təsiri altına düşmələri onları bu problemlərə düçar edib. Bu, qəfildən onların başına tökülən qar uçqunudur. Odur ki onların problemləri bizimkilərdən çox fərqlidir. Bu da bir reallıqdır.

Daha bir reallıq Şimali Afrikada və ümumilikdə, bu regionda gedən dəyişikliklərdir. Bu dəyişikliklər bəzi yerlərdə hakim rejimlərin əvəz olunması ilə nəticələndi, bəzi yerlərdə bu baş verməsə də, risk qrupundadırlar (bu mövzunu açmayacağam).

Daha bir reallıq isə İslam Respublikasının günü-gündən artan daxili güc və potensialıdır. Biz güclü bir dövlətik. Biz zəngin və bacarıqlı bir ölkəyik. Təbii resurslar baxımından dünya üzrə ön sıralardayıq. Bəzi resurslarda birinciyik. Neft və qazın tərkibi baxımından dünyada birinciyik. Neft və qaz ehtiyatlarımızın ümumi həcmi bu sərvətlərə malik olan ölkələrin hamısından çoxdur. Əsas təbii ehtiyatlar və filizlər baxımından ölkəmiz yüksək səviyyəli göstəricilərə malikdir. İnsan potensialına gəlincə, 75 milyonluq əhalimiz var. Əhali çox mühüm bir amildir.

Onu da deyim ki, ölkənin gənc, oxumuş, ali təhsilli ictimaiyyəti bu gün ölkənin inkişafında böyük əhəmiyyətə malik olan faktorlardan biridir. Təqdim olunan statistikalarda ali təhsilli, intellektual, enerji və optimizm dolu gənclərin rolunu görürsünüz. Biz demoqrafik kontrol siyasətinə yenidən baxmalıyıq. Bu siyasətin yürüdülməsi müəyyən etapda doğru idi; müəyyən hədəfləri də var idi. Mütəxəssislərin araşdırmaları nəticəsində məlum olur ki, 1371-ci ildə biz demoqrafik kontrol siyasəti ilə qarşıya qoyduğumuz hədəflərə çatmışıq. 1371-ci ildən bu tərəfə isə həmin siyasəti dəyişmək lazım idi. Səhv edib dəyişməmişik. Bu gün o səhvi düzəltməliyik. Ölkədə gənc nəslin sayca üstünlüyünün, gəncliyin gözəl görüntüsünün aradan getməsinə imkan vermək olmaz. Bu minvalla davam etsək, aradan gedəcək – mütəxəssislər dəqiq elmi araşdırmalar aparıblar. Bu, şişirtmə deyil. Elmi surətdə və dəqiqliklə tədqiq edilmiş bir məsələdir. Bu cür davam etsək, bir neçə il sonra gənc nəslimizin sayı azalacaq – belə ki bu gün əhalimizin əsas bazasını gənclər təşkil edir – və tədricən əhali arasında qocalma gedəcək. Bir müddət keçəndən sonra isə əhalinin sayı da azalacaq. Çünki əhalinin qocalması doğum göstəricisinin aşağı düşməsi ilə müşayiət olunur. Konkret bir dövr müəyyən edib və mənə məlumat veriblər ki, həmin dövrdə ölkəmizdə əhalinin sayı indikinə nisbətən az olacaq. Bunlar təhlükəli məsələlərdir. Rəsmilər buna ciddi yanaşmalı və lazımi tədbirlər görməlidirlər. Demoqrafik kontrol siyasətinə, hökmən, yenidən baxılmalı və düzgün istiqamətdə iş aparılmalıdır. Əhalinin artımı və s. kimi məsələlər əhəmiyyətli mövzulardır və ölkənin bütün rəsmiləri – nəinki təkcə hakimiyyət nümayəndələri – ruhanilər, təbliğat imkanı olan şəxslər cəmiyyətdə bu səpgidə mədəni iş aparmalı, mədəniyyət formalaşdırmalıdırlar. Ölkəni bu gün mövcud olan vəziyyətdən – bir uşaq, iki uşaq – çıxarmaq lazımdır. 150 milyon, 200 milyon rəqəmini ilk dəfə, çox doğru olaraq, İmam Xomeyni (r.ə) dilə gətirmişdi və biz bu rəqəmlərə çatmalıyıq.

Düşmən cəbhəsinin qarşısında nə vaxt üzüyumşaqlıq göstərib, hansısa izahlarla geri çəkilmişiksə, düşmən bizə qarşı daha da kobud, sərt mövqe tutub. Misal üçün, bir vaxtlar dedik ki, gəlin düşmənin bəhanəsini kəsək, bir vaxtlarsa: “Düşmənin bizə qarşı bədgümanlığına yer qoymayaq”, – deyə düşündük. Rəsmilərimizin nitqində Qərbə, Qərb mədəniyyətinə qarşı yaltaqlıq notları özünü büruzə verdiyi dövrdə onlar bizi “şər mehvəri” adlandırdılar! Bunu deyən kim idi? Özü şər mücəssəməsi olan bir şəxs – Amerikanın əvvəlki prezidenti, şər mücəssəməsi – müsəlman İranını şər mehvəri adlandırdı. Bu, nə vaxt olmuşdu? O vaxt ki, biz öz danışığımızda, çıxışlarımızda Qərbə, Amerikaya və s. qarşı yaltaq ifadələri təkrarlayırdıq. Bunlar belədirlər. Elə nüvə məsələsini götürək ... Biz onlarla razılaşıb geri çəkiləndə, onlar daha da irəli gəldilər (əlbəttə ki, bu, bizim üçün bir təcrübə idi, amma reallıqdır). O qədər irəli gəldilər ki, mən rəsmilərimizin bu gedişlə davam edəcəyi təqdirdə, özüm məsələyə müdaxilə etmək məcburiyyətində olacağımı hüseyniyədə dedim. Müdaxilə etdim də – buna məcbur olduq; bunlar bizim işimiz deyil. Geri çəkilmələr onları daha da cürətləndirir, tələblərini artırırdı. Nə vaxtsa rəsmilərimiz ölkədə 25 sentrifuqanın fəaliyyətinə icazə vermələrinə razı idilər, onlar: “Olmaz!” – dedilər. 5 sentrifuqaya razı olduq, yenə də dedilər: “Olmaz!” Rəsmilərimiz 3 sentrifuqa ilə kifayətlənəndə də “Yox!” dedilər. Bu gün isə – hesabatı eşitdiniz – 11 min sentrifuqamız var. Biz üzüyumşaqlıq göstərməkdə, geri çəkilməkdə davam etsəydik, bu gün nüvə sahəsindəki irəliləyişimizdən, ümumiyyətlə, əsər-əlamət olmazdı,  son bir neçə il ərzində ölkə elmində müşahidə etdiyimiz bu dinamikaya – bu elmi hərəkata, bu gənclərə, bu təşəbbüslərə, bu ixtiralara, müxtəlif sferalardakı nailiyyətlərə isə, sözsüz ki, zərbə dəyərdi. Çünki əvvəla, bunlardan hər birinə bir bəhanə gətirə bilərdilər. İkincisi isə nüvə tədqiqatları və nüvə sənayesi hər bir ölkənin inkişaf simvoludur. Bu da digər bir reallıqdır.

Daha bir reallıq isə odur ki, əgər ölkəmiz düşmənin təzyiqləri, o cümlədən sanksiyalar və s. qarşısında müdrik formada müqavimət göstərsə, nəinki təkcə bu silah kütləşəcək, artıq gələcəkdə də bu kimi şeylərin təkrarlanmasına imkan olmayacaq. Çünki bu, bir keçid mərhələsidir. Ölkəmiz bu mərhələdən keçib gedəcək. Bu gün onlar bizi hədələyirlər, əleyhimizə sanksiyalar tətbiq edirlər. Bu sanksiyalar Amerika və İsraildən başqa heç kimin xeyrinə deyil. Başqalarını zorla, təzyiq göstərməklə, üz vurmaq və s. ilə işə qoşurlar. Aydındır ki, zor, təzyiq, qorxub çəkinmək çox davam edə bilməz, bir müddət çəkər. 20 ölkəni neft sanksiyalarından və digər tədbirlərdən istisna etməyə məcbur olmaları buna bariz sübutdur. İstisna olunmayanların da bu işə meyli yoxdur; bizim istədiyimizdən də artıq, ya bəlkə elə bizim istədiyimiz qədər onlar da çarə axtarışındadırlar. Odur ki müqavimət göstərmək lazımdır. Bəli, bunlar maddi gerçəkliklərdir. Qeyd etdiyim məqamlardan heç biri təhlil deyil, təfəkkürün məhsulu deyil. Müşahidə etdiyimiz şeylərdir.

Əlbəttə, sadaladığım reallıqlarla yanaşı, bu reallıq da mövcuddur ki, biz hələ əməksevərlik, işgüzarlıq və s. baxımından özümüzü İslamda bəyənilən formaya sala bilməmişik. Biz az tənbəlliyimiz var və bu, bizə ölkədə diktaturanın, istibdadın ağalıq etdiyi dövrdən miras qalmış xüsusiyyətlərdəndir. Ölkədə diktatura hökm sürəndə xalq tənbəlləşir. İstedadlar iş və təcrübə meydanına girmir. Bizdə olan bu xüsusiyyət istibdad dövrünün mirasıdır. Tənbəlliyi bir kənara qoymalıyıq. Cəmiyyətimizdə bütün sferalar üçün lazımlı olan riskə hazırlıq yoxdur. Uca Yaradana təvəkkül, lazımi qədər ağıl və tədbirlə riskə hazır olmalıyıq. Bu, hamımızda olmalıdır.

Mənim dediyim Bədr və Xeybər şəraiti elə budur. Bədr və Xeybər şəraiti o deməkdir ki, qarşıda təhlükə var, təhdidlər var, qarşıdurma var, amma çıxılmaz situasiya deyil. Bədrdə imkanlar məhdud idi, buna baxmayaraq, qələbə qazanıldı. Qarşı tərəfin imkanları bir neçə qat artıq idi; hətta müəyyən baxımdan İslam cəbhəsinin imkanları ilə müqayisəedilməz səviyyədə idi. Xeybərdə də vəziyyət ağır idi. Bir müddət orda qaldılar. Düşmən şiddətli müqavimət göstərirdi, amma qələbə qazandılar. Qəsdən törədilən əngəllər, problemlər var, amma bunun müqabilində güc, bacarıq, istedad və potensial da var. Bədr və Xeybərdəki vəziyyətin mənası budur. Bu potensialı meydana çıxarsaq, zəif cəhətlərimizi azaltsaq, inkişaf edəcək, irəliləyişə nail olacağıq.

Artıq vaxtımız bitmək üzrədir və mən sözümün davamında bunu demək istəyirəm: əziz qardaş və bacılar! Möhtərəm rəsmilər! Biz ölkəmizin problemlərinə bu prizmadan yanaşmalıyıq. İdeallarımızı gözümüzün önünə gətirməliyik; stimulverici reallıqları gözümüzün önünə gətirməliyik. Mənfi reallıqlarla bağlı yanlışlığa düçar olmamalıyıq (əslində, bəzi hallarda bunlar kimlərinsə qəsdən özlərindən qondardığı, tərsinə qələmə verdiyi şeylərdir). Əlbəttə ki, düşmənin gücünü də lazımi qədər qiymətləndirməli, səhlənkarlıq və sadəlövhlük etməməliyik. Qarşımızda duran məsələ çox əsas və mühüm məsələdir. Siz mühüm bir riyazi məsələni həll etmək istəyən riyaziyyatçı kimi, bütün səylərinizi səfərbər edib bu məsələni çözün. Siz istedadlı bir riyaziyyatçısınız, bu da bir riyazi məsələdir – cürbəcür problemlərə bu cür yanaşmalısınız. Sevindirici haldır ki, insan müxtəlif hökumət strukturlarında bu ruhiyyənin olduğunu müşahidə edir. İqtisadiyyat məsələsinə bu gözlə baxmaq lazımdır.

“Müqavimət iqtisadiyyatı” məsələsini biz bir neçə il əvvəldən ortaya qoymuşuq. Prosesləri diqqətlə izləyən hər kəs düşmənin ölkəyə iqtisadi təzyiqlər göstərmək məqsədi güddüyünü təxmin edə bilərdi. Məlum idi, planları da onu göstərirdi ki, bunlar bütün səylərini ölkənin iqtisadiyyatı üzərində mərkəzləşdirmək niyyətindədirlər. Ölkəmizin iqtisadiyyatı onlar üçün mühüm bir məqamdır. Düşmənin hədəfi bu idi ki, bütün diqqəti ölkənin iqtisadiyyatına yönəltsin, milli inkişafa zərbə vursun, məşğulluğa zərbə vursun, təbii olaraq, milli rifah təhlükə altına salınsın, xalq problemlər içində çapalasın, sıxılsın, İslam dövlətindən uzaqlaşsın. İqtisadi təzyiqlər göstərməkdə düşmənin məqsədi budur və bu, hiss olunurdu. Bunu görmək çətin deyildi.

Mən 1386-cı ildə – il təhvil olan zaman müqəddəs İmam Rza (ə) hərəmində etdiyim çıxışda demişdim ki, bunlar iqtisadiyyat məsələsinin üstünə düşüblər. Sonrakı illərdə elan olunan şüarlar da iqtisadi məsələlərdə tam bir sistemin yaradılması üçün halqalar idi – yəni qənaətli istehlak, israfın qarşısının alınması, ikiqat zəhmət və təşəbbüs, iqtisadi cihad məsələləri və bu ilin şüarı: milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək məsələsi. Biz bunları keçici şüarlar kimi gündəmə gətirməmişdik. Bunlar ölkənin iqtisadiyyat sferasındakı hərəkatını idarə edəcək, tənzimləyəcək məsələlərdir; bizi irəli aparacaq məsələlər. Biz bu yolla getməliyik.

İqtisadiyyat məsələsi çox əhəmiyyətlidir – müqavimət iqtisadiyyatı çox əhəmiyyətlidir. Əlbəttə, müqavimət iqtisadiyyatının öz şərtləri, tələbləri var. İqtisadiyyatın xalqa həvalə edilməsi, yəni özəlləşdirmə müqavimət iqtisadiyyatının tələblərindən biridir. 44-cü maddənin elan olunmuş siyasətləri əsaslı bir dəyişiklik yarada bilər və bu işi həyata keçirmək lazımdır. Əlbəttə, müəyyən işlər görülüb, amma daha artıq səylər göstərilməlidir. Özəl sektoru gücləndirmək lazımdır; həm özəl müəssisələri iqtisadi fəaliyyətə təşviq etmək lazımdır, həm də ölkənin bank sistemi, hökumət strukturları, yardım edə biləcək bütün strukturlar – qanunverici və məhkəmə hakimiyyətləri – xalqın iqtisadiyyata qoşulmasına yardımçı olmalıdırlar. Müqavimət iqtisadiyyatının daha bir tələbi neftdən asılılığı azaltmaqdır. Bu asılılıq ötən yüzillikdən bizə qalan xoşagəlməz bir mirasdır. Biz bu gün əlimizdə olan fürsətdən istifadə edə bilsək və neft gəlirlərini gəlir gətirə biləcək digər iqtisadi fəaliyyətlərlə əvəz etməyə çalışsaq, iqtisadiyat sferasında ən böyük və mühüm hərəkatı reallaşdırmış olarıq. Bu gün intellektual sənaye bu boşluğu xeyli dərəcədə doldura biləcək məsələlərdən biridir. Bu boşluğu doldurmaq üçün ölkədə cürbəcür imkan və potensiallar mövcuddur. Biz  buna əzm etməliyik. Neftdən asılılığımızı mümkün qədər azaltmaq istiqamətində əlimizdən gələni etməliyik.

Müqavimət iqtisadiyyatının əsaslarından biri də istehlakın idarə edilməsi məsələsidir – yəni tarazlaşdırılmış istehlak, israfçılıqdan, lüzumsuz istehlakdan çəkinmək. Həm dövlət və qeyri-dövlət strukturları, həm də əhali, ailələr bu məsələyə diqqət yetirməlidirlər. Bu, doğrudan da, bir cihaddır. Bu gün israfdan çəkinmək, istehlakda balansı gözləmək, heç şübhəsiz, düşmənə qarşı cihad mahiyyətli bir davranışdır. Əminliklə iddia etmək olar ki, bu əməlin Allah yolunda cihad qədər əcri var.

İstehlakda tarazlığı gözləmək, istehlakı idarə etmək məsələsinin daha bir aspekti isə daxili məhsuldan istifadədir. Bütün dövlət orqanları – üçlü hakimiyyət qüvvələrinə aid olan strukturlar – bu məqama diqqətlə yanaşsınlar, İran istehsalı olmayan malların istehlakından qəti surətdə imtina etsinlər. Buna ciddi şəkildə əzm göstərsinlər. Əhali də tanınmış xarici markalardansa daxili istehsalın məhsullarına üstünlük versin. Bəziləri yalnız ad-san üçün, özünü göstərmək xətrinə xarici markaların arxasınca qaçırlar. Xarici məhsulların istehlakının qarşısını camaat özü almalıdır.

Məncə, “müqavimət iqtisadiyyatı” layihəsi öz nəticəsini göstərir. Misal üçün, benzin normasının müəyyən olunması məsələsi nəticə verir. Benzin üçün norma müəyyənləşdirilməsəydi, bu gün ölkəmizdə gündəlik benzin sərfi 100 milyon litri aşardı. Bunu kontrol altına ala bildilər və bu gün benzin sərfinin göstəricisi çox yaxşı bir həddədir. Hətta elə olmalıdır ki, xaricə heç bir ehtiyac olmasın (əlhəmdulillah, yoxdur da!). Benzin sanksiyasını planlarına salmışdılar. Müqavimət iqtisadiyyatı bu tədbirlərini də puça çıxardı. Və ölkənin ehtiyac duyduğu digər məsələlər ...

Subsidiyaların istiqamətləndirilməsi də milli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir – bunlar həm istehsalatı, məşğulluğu rövnəqləndirə, həm də rifahın yüksəlməsinə şərait yarada bilər; bunlar istehsalın inkişafına, iqtisadi inkişafa, ölkənin qüdrətlənməsinə səbəb olan amillərdir. İstehsalın inkişafı sayəsində bir ölkə gerçək iqtidar əldə edir və beynəlxalq arenada nüfuz qazanır. Bu işləri həyata keçirmək lazımdır.

Həmçinin vaxtdan, imkan və resurslardan maksimum istifadə məsələsi. Vaxtdan maksimum dərəcədə istifadə etmək lazımdır. Bir layihənin yekunlaşması uzun illər çəkərdi. Bu gün isə sevindirici haldır ki, az vaxt ərzində başa gəlir. Görürsən ki, 2 ilə, 17 aya bir zavod istifadəyə verilir. Bunu ölkədə daha da gücləndirmək lazımdır.

Konkret fəaliyyət proqramı əsasında hərəkət etmək başlıca məsələlərdən biridir. Gözlənilməz qərarların verilməsi, qanunda tez-tez dəyişikliklər edilməsi müqavimət iqtisadiyyatına, milli müqavimətə zərbə vuran məsələlərdəndir. Möhtərəm hökumət və parlament nümayəndələri buna da diqqət yetirməlidirlər. Ölkənin iqtisadi siyasətlərinin vaxtaşırı lüzumsuz dəyişikliklərə uğramasına imkan verilməməlidir.

Daha bir məsələ vəhdət və həmrəylik məsələsidir. Xoşbəxtlikdən, xalqımız vəhdətdədir. Bu, çox mühüm bir nailiyyətdir. Onu qorumaq lazımdır; itirilməsinə imkan verməməliyik. Rəsmilər arasında bəzən rast gəlinən ixtilaflar milli birliyə zərbə vurur (bəzən bu ixtilaflar media müstəvisinə də daşınır; yersiz, lüzumsuz, faydasız işlərdir). Bir qrup buna tərəfkeşlik edə, bir qrup onun tərəfini tuta ... Bir-birinin əleyhinə çıxmaq, qarşılıqlı ittihamlar səsləndirmək ... Bir qrup icraedici hakimiyyəti günahlandıra, qarşı tərəfdən başqa bir qrup qanunverici hakimiyyəti ittiham edə, bir qrup məhkəmə hakimiyyətini ittiham edə, günahı bir-birinin boynuna atalar – bunlar çox ziyanlı işlərdir. Möhtərəm dostlarımız, dəyərli rəsmilərimiz bilməlidirlər ki, problemləri hey onun-bunun üstünə atmaq camaat arasında da heç kimə nüfuz qazandırmayacaq. Düzdür, müəyyən problemlər var, həll olunmalıdır, biz də onları həll etmək iqtidarındayıq. Biz problemlərimizi həll etməkdə aciz deyilik. Qeyd etdiyim kimi, bunlar ölkəmizin bizə göstərdiyi reallıqlardır.

Ümidvarıq ki, Uca Yaradan, inşallah, bu ayın, bu saatların bərəkəti sayəsində əziz xalqımıza və rəsmilərimizə öz bərəkətlərini nazil edər. Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xətrinə, İran xalqına, camaatımıza, rəsmilərimizə bu ayın bərəkətlərindən mükəmməl surətdə bəhrələnməyi nəsib et! Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xətrinə, İran xalqını, İslam Respublikasını bütün müstəvilərdə düşmənlərinə qalib et! Pərvərdigara! Məhəmməd və Ale-Məhəmməd xətrinə, İslam Respublikasının, müqəddəs İslam dövlətinin və əziz İran xalqının bədxahlarını zəlil və məğlub et! Pərvərdigara! Qəlblərimizi qeyri-sağlam stimullardan, qeyri-sağlam duyğulardan pak və uzaq et! Pərvərdigara! Həzrət İmam Zamanın (ruhlarımız ona fəda olsun!) dualarını halımıza şamil et! Bizi o həzrətin dualarına layiq et! Pərvərdigara! Dediklərimizin, eşitdiklərimizin və əməllərimizin Sənin yolunda, Sənin üçün olmasını bizə nəsib et və Öz kərəminlə hamısını qəbul et!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!